Kateqoriya arxivləri: “NƏSİHƏTLƏR”

Nicat Ərtürkün “Ana həsrəti” kitabı haqqında – Dost sözü

DOXSAN ALTINCI YAZI

Ana həsrətinin poetik fəlsəfəsi
(Nicat Ərtürkün “Ana həsrəti” kitabı haqqında)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu yenicə işıq üzü görmüş “Ana həsrəti” adlı kitab haqqında olacaq.
Azərbaycan poeziyasında ana obrazı hər zaman müqəddəs, toxunulmaz və dərin mənəvi məna daşıyan bir zirvə kimi qəbul olunub. Bu zirvəyə qalxmaq isə yalnız səmimi hiss, daxili ağrı və poetik məsuliyyət tələb edir. Tanınmış şair Nicat Ərtürkün “Ana həsrəti” adlı şeirlər kitabı məhz bu mənəvi zirvəyə doğru atılmış səmimi və məsuliyyətli bir addımdır.
QISA ARAYIŞ
Nicat Ərtürk – Qasımzadə Nicat Ərrəhman oğlu 1982-ci ildə Naxçıvan MR-nın Sədərək rayonunun Sədərək kəndində anadan olub. İxtisasca ali təhsili iqtisadçıdır. Azərbaycan Yazıçılar Birliynin üzvü, ədəbiyyat sahəsində müvəffəqiyyətlərə görə təqdim edilən nüfuzlu “Qızıl qələm”, “Ziyadar” kimi mükafatların laureatıdır. “Səsləyir Zəngəzur, Qarabağ bizi” və “Zirvələrin fatehi” adlı kitabların müəllifidir. Haqqında söhbət açdığımız “Ana həsrəti” kitabı müəllifin oxucularla üçüncü görüşüdür. Kitabdakı nümunələr mövzusundan asılı olmayaraq bəzən həddindən artıq pafoslu görünsə də, əslində olduqca səmimi və fərdilikdən uzaq, ümumiləşdirilmiş problemlərin çözümü yolunda atılmış cəsarətli addımlar kimi qiymətləndirilməlidir.
Kitabın adından başlayaraq oxucu dərhal anlayır ki, burada söhbət sadəcə fərdi bir kədərdən deyil, ümumbəşəri bir duyğudan – ana həsrətindən, insan varlığının ən kövrək və ən saf nöqtəsindən gedir. “Ana həsrəti” həm konkret bir itkinin ağrısı, həm də insanın mənəvi dayağını itirməsinin fəlsəfi izahıdır.
Kitabda toplanmış şeirlərdə insan varlığının mənası, həyatın faniliyi, zamanın amansız axını və mənəvi dəyərlərin önəmi poetik düşüncə müstəvisində təqdim olunur. Şair şəxsi hiss və yaşantılarını ümumbəşəri ideyalar səviyyəsinə yüksəltməyi bacarır. Bu xüsusiyyət Nicat Ərtürkün poeziyasını sırf emosional ağrıdan çıxarıb dərin fəlsəfi qatlara daşıyır. Kitaba daxil edilmiş şeirlər içərisində ondan artıq nümunə adı və məzmunu ilə birbaşa anaya, ana həsrətinə bağlıdır. Bundan əlavə topludakı digər şeirlərin də böyük əksəriyyətinin ya məzmunu, ya da mətn daxilində bəzi fraqmentlər ana adı, ana həsrəti ilə dolayısıyla əlaqəlidir.
Ana obrazı şeirlərdə yalnız bir insan deyil, mərhəmətin, qayğının, ilkin saflığın və ruhun sığınacağı kimi təqdim olunur. Ana itkisi isə sadəcə fiziki ayrılıq deyil, insanın iç dünyasında yaranan böyük boşluq, mənəvi yetimlik hissidir.
“Ana həsrəti” kitabında dil sadə, anlaşıqlı, lakin dərin məna yüklüdür. Şair bəzəkli ifadələrdən daha çox, oxucunun qəlbinə toxunan səmimi sözlərə üstünlük verir. Bu sadəlik poeziyanın təsir gücünü azaltmır, əksinə, onu daha da gücləndirir.
Nicat Ərtürkün şeirlərində daxili ahəng, ritm və emosional tarazlıq diqqəti cəlb edir. Hər misra bir hissin, bir düşüncənin daşıyıcısıdır. Oxucu bu şeirləri oxuyarkən təkcə müəllifin ağrısını deyil, öz daxilində gizlənmiş ana həsrətini də kəşf edir.
Kitabın “Anamın əziz xatirəsinə ithaf edirəm” sözləri ilə başlaması bu poeziyanın ideya-mənəvi xəttini əvvəlcədən müəyyənləşdirir. Bu ithaf kitabı sadəcə bir şeir toplusu yox, ruhi etiraf, minnətdarlıq və sədaqət manifestinə çevirir. Oxucu anlayır ki, qarşısında duran misralar yazı masasında deyil, qəlbin ən dərin qatlarında doğulub.
“Ana həsrəti” müasir oxucu üçün təkcə poetik zövq mənbəyi deyil, həm də mənəvi düşüncə kitabıdır. Bu şeirlər insanı öz kökünə, dəyərlərinə, valideyn sevgisinin əvəzsizliyinə qaytarır. Sürətli və maddiləşmiş dünyada bu cür əsərlər oxucuya dayanmağı, düşünməyi və hiss etməyi xatırladır.
Ana həsrətinin poetik fəryadı, ümumiləşdirilmiş nisgil, milli kimlik məsələləri, əcdadlara ehtiram, özünü tanıma və təqdim etmə yuxarıda qeyd etdiyim kimi demək olar ki, topluda yer alan bütün nümunələrin məğzində dayansa da, söhbətimizi Nicat Ərtürkün “Ana həsrəti” kitabında (səhifə 53) yer almış eyni adlı şeirindən gətirəcəyim misallarla daha da zənginləşdirmək istəyirəm.
Ana obrazı Azərbaycan poeziyasının ən müqəddəs, ən kövrək və ən dərin qatlarından birini təşkil edir. Bu obraz təkcə doğmalıq, qayğı və mərhəmət deyil, eyni zamanda insanın daxili dünyasının dayağı, mənəvi sığınacağıdır. Məhz bu baxımdan Nicat Ərtürkün “Ana həsrəti” şeiri ana mövzusuna həsr olunmuş əsərləri (əsərlər) içərisində xüsusi emosional dərinliyi və səmimiyyəti ilə seçilir.
Şeirin ilk misralarından etibarən oxucu faciəli bir dönüş nöqtəsi ilə üz-üzə qalır:
Dəyişdi gözümdə, dəyişdi zaman,
Fırlandı başıma fırlandı dünyam.

Bu misralarda zaman artıq adi axarında deyil. Ana itkisi ilə birlikdə zaman anlayışı da mənasını itirir, dünya oxun ətrafında fırlanan ağır bir yükə çevrilir. Şair burada şəxsi ağrını ümumbəşəri hissə çevirir: ana yoxdursa, həyatın nizamı da pozulur.
Şeirin növbəti bəndlərində sevincin göz yaşına, evin işığının sönməsinə çevrilməsi təsvir olunur:
Xoş günlər bir anda kədər döndü,
Sevinc göz yaşlarım qəhərə döndü.

Ana evin ruhudur. Onun yoxluğu təkcə bir insanın itkisi deyil, bir ocağın sönməsi, bir ailənin mənəvi sütununun dağılmasıdır. Şair bu həqiqəti bədii dillə, lakin son dərəcə real duyğularla ifadə edir.
“Ana həsrəti” şeiri eyni zamanda insanın psixoloji sarsıntısının poetik gündəliyidir:
Bir əsər qalmadı səbri-dözümümdən.
Burada artıq təskinlik yoxdur. Şair etiraf edir ki, ana həsrəti qarşısında ən möhkəm iradə belə sarsılır. Bu etiraf şeiri daha da səmimi və inandırıcı edir.
Əsərin diqqətçəkən cəhətlərindən biri də taleyə və zamana yönəlmiş açıq etirazdır:
Etiraz edirəm sənsiz zamana,
İstədim ki, artıq zaman dayana.

Bu misralar insanın acı qarşısında acizliyini, eyni zamanda üsyankar ruhunu əks etdirir. Şair üçün zaman artıq şəfa verən deyil, əksinə, ağrını uzadan bir gücdür.
Şeirin hər bəndinin sonunda təkrarlanan:
Anama həsrət qaldığım günü
misrası bir növ şeirin ürək döyüntüsünə çevrilir. Bu təkrar oxucunun yaddaşına həkk olunur və ana itkisinin unutulmaz, dəyişməz bir həqiqət olduğunu vurğulayır.
Nicat Ərtürkün “Ana həsrəti” şeiri sadəcə bir şəxsi kədərin ifadəsi deyil. Bu əsər ana sevgisinin əvəzsizliyini, ana itkisi ilə insanın daxilində yaranan boşluğu, zamanla belə sağalmayan yaraları poetik dillə ortaya qoyur. Şeir oxucunu həm düşündürür, həm də öz ana xatirələri ilə üz-üzə qoyur.
Bu əsər bir daha sübut edir ki, ana həsrəti – zamanla keçməyən, sözlərlə təsəlli tapmayan, yalnız poeziyada nəfəs alan bir dərddir. Nicat Ərtürk bu dərdi səmimi, sadə və təsirli bir dildə ifadə edərək oxucunun qəlbinə yol tapmağı bacarmışdır.
Nicat Ərtürkün “Ana həsrəti” kitabı Azərbaycan poeziyasında ana mövzusuna həsr olunmuş səmimi, dərin və fəlsəfi kitablar arasında öz layiqli yerini tutmuşdur. Bu kitab oxucuya təkcə bir şairin daxili dünyasını deyil, hər bir insanın qəlbində gizlənən ana sevgisini və həsrətini göstərir.
“Ana həsrəti” – bir kitabdan daha çox, bir qəlbin səsi, bir ruhun etirafı və bir ömrün poetik xatirəsidir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
28.02 – 01.03.2026. Bakı.

Nicat Ərtürk təltif olunub – Təbrik – Fotolar 

Müəllif: Zaur USTAC

I>>ZAUR USTACIN YAZILARI

NİCAT ƏRTÜRKÜN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

RUHUMUZUN  AŞISI  “NƏSİHƏTLƏR” – ZAUR  USTAC

Zaur Ustac – şair, publisist.

RUHUMUZUN  AŞISI  “NƏSİHƏTLƏR” – ZAUR  USTAC

(Abbasquluağa Bakıxanov Qüdsinin  “Nəsihətlər”i  haqqında)

Salam olsun, çox  dəyərli oxucum! Bu  görüşə  görə  Böyük  Allaha  minnətdarlığım sonsuzdur!  Sizlərlə bu dəfə vacib bir məsələ barədə söhbət edəcəyik inşəAllah. Haqqında söhbət açacağım məsələ son illər onsuzda aktual olsa da, pandemiya səbəbindən təhsilin məlum məhdudiyyətli formada aparılması, ilkin dövrlərdə qəti evə qapanma tələbləri nəticəsində telefon, planşet, kompüter və s. internetə (olduqca müxtəlif saytlara) çıxışı olan vasitələrə aludəçiliyi olan uşaq, yeniyetmə və gəncləri limitsiz məlumatlar bazası olan bu sirli dünyaya daha da bağladı. Xoş o uşaq, yeniyetmə və gənclərin halına ki, bu fürsətdən müsbət tərəfə faydalana bilirlər. Ancaq həmişə belə olmur. Elə uşaq, yeniyetmə və gənclərimiz var ki, bu sirli dünyada doğru yol  tapmaqda çətinlik çəkir və bəzən hətta milli maraqlarımıza zidd olan istiqamət götürürlər. Bu hal çox vaxt gənc dostlarımızın təcrübəsizliyindən, əsl dünyadan, real həyatdan xəbərsizliyindən qaynaqlanır.

Xüsusi ilə son günlərdə hər çıxışda, hər görüşdə cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz  İlham Əliyevin  “Gənclər milli ruhda tərbiyə almalıdır!”, “Vətənpərvərlik hissləri ön planda olmalıdır!” kimi çağırışların fonunda ziyalılarımız, bu gün silahı əldə qələm olan yazarlar əllərindən gələni əsirgəməməlidirlər. Bu həqiqətən ciddi məsələdir. Vəziyyət o həddə çatıb ki, hətta rəzil düşmənin təəssübkeşliyini çəkən gənclərimiz peyda olub.  “Qloballaşma”, “kosmopolitizm”  kimi  bəzək-düzəkli  ibarələrlə beyinləri yuyulmuş hələlik kiçik qruplar şəkilində yeniyetmə-gənclər dəstələri formalaşmaqdadır. Bu hansı tərəfdən baxırsan, bax  mənfi haldır. Belə gənclər virtual dünyada hərəsi bir  cəngavər olsalar da, real həyatda tam əks keyfiyyətləri sərgiləyirlər. Belə kiçik qrupların gələcəkdə böyük manqurtlar ordusuna çevrilməməsi üçün cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin  “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına hər bir qələm adamı qoşulmalı, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.

Bu yöndə faydallı olmaq üçün  söhbətimizi dahi Azərbaycan mütəfəkkiri Abbasqulağa Bakıxanov Qüdsinin “Nəsihətlər” kitabı üzərində quracağıq. İlk öncə onu qeyd edim ki, böyük bir dünya olan bu kiçik həcmli kitabla mənim ilk tanışlığım ötən əsrin 80-ci illərinə təsadüf edir. 8-9 yaşım olanda uşaq kimi kiril əlifbası ilə nəsihətlərlə tanış olmuşam. Sonra təxminən 15-16 yaşlı yeniyetmə olanda əski əlifba ilə olan material kimi istifadə etdikdə hər nəsihəti həm kiril, həm də əski əlifba ilə dəfələrlə oxumuşam (kitabın formatı elədir ki, nəsihətlər paralel olaraq həm kiril, həm əski əlifba ilə verilib).  Son 1-2 ay ərzində isə Tuncayla (Tuncay Şəhrili) əski əlifba ilə olan material kimi istifadə etdiyimiz üçün yenə  hər nəsihəti həm kiril, həm də əski əlifba ilə dəfələrlə oxumuşuq. Müəllifin öz sözlərinə keçməzdən əvvəl bir daha onu xatırlatmaq istəyirəm ki, məsələ olduqca aktual, material, yəni Abbasquluağa Bakıxanov Qüdsinin “Nəsihətlər” kitabı olduqca qiymətli vasitədir. Bu kitab möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına tam cavab verir. Müəllifin öz qələmindən kitab haqqında qısa arayışa diqqət edək.

QISA ARAYIŞ

… Qüdsi təxəllüslü Abbasqulu ibn mərhum Mirzə Məhəmməd xan Bakui belə deyir:

-Elmlərdən xəbərdar olduğum zaman, mənə məlum oldu ki, uşaqlar bəzi kitabları öyrənmək istərkən, elə dolaşıq ibarələrə rast gəlirlər ki, hətta müəllimlərin özləri onları dərk elə bilmirlər.

  Bəzi kitablar isə o qədər uzun və pərakəndədir ki, onları anlamaq və mənimsəmək çox çətindir. Buna görə də “Uşaqlıqda öyrənilən elm daşda qazılmış şəkil kimdir” zərbül-məsəlin məzmunundan qəflət olunur. Əxlaq gözəlliyini  hər zamandan  artıq uşaq yaşlarında onlara öyrətmək lazımdır. Gözəl əxlaq təkrar olunduğu zaman adətə çevrilib insan təbiətinə daxil olaraq çətin anlaşılan elm və ədəb qaydaları onlara vərdiş olar. Beləliklə,  hicrətdən min iki yüz əlli iki il keçən bir zamanda nəsihətlər adı ilə aydın və sadə anlaşılan müxtərəs bir kitab yazdım…  Ümid edirəm ki, bu əsər uşaqlara faydalı olub onların tərbiyəsində getdikcə daha artıq təsir etsin.

Uşaqlara üz tutub belə nəsihət verirəm:

Ey mənim əzizim, sən insansan. Allah insanı dünyada hər şeydən yaxşı yaratmışıdır. Bu isə işi yaxşı bacarmaq səbəbindəndir .İnsanlar arasında da hər kəs çox biliki və işbilən olsa həmişə hörmətli olar. Deməli, gərək iş bilmək və yaxşılıq etmək o adamlardan öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli olmuşlar.

Belə adamların sözləri bizə nəsihətdir:

  1. Öz ata-ananı hamıdan artıq əziz tut və hər nə buyursalar əməl elə, onları heç vaxt incitmə … Sonra böyük qardaşına, bacı, əmi  və dayına da itaət elə!
  2. Hər kəs vəzifədə elmdə və yaşda səndən böyükdürsə ona hörmət elə, ta ki, səndən kiçiklər də sənə hörmət etsinlər.
  3. Dövlət başçılarına itaət eləməyi özünə vacb bil, əgər onlar olmasa, ölkədə nizam-intizam olmaz və adamlar biri birinin malına canına və namusuna qəsd edərlər.
  4. Hər ölkədə olsan o vilayətin qanununa zidd iş görmə ki, cəzaya düçar olmayasan.
  5. Xalqın xeyrinə olmayan bir işi eləmə və ya bir söz demə ki , sənə ondan zərər yetişər.
  6. Hər kəsə rast gələndə ona salam ver. Əgər o sənə bir söz söyləsə ədəblə dinlə və cavab ver ki, hamı səni sevsin.
  7. O adamlarla otur-dur ki, böyüklər onları yaxşı adam hesab edirlər, əclaf və hərzə danışanadamlardan kənar gəz ki, sən də onlar kimi olmayasan.

Və bu ardıcıllıqla nəsihətlər davam edir.  Cəmi 84 nəsihətdən ibarət olan bu kiçik həcmli kitab müasir uşaq, yeniyetmə, gəncin həyat kodeksinə çevrilərsə, onu ancaq uğur gözləyər! Gələcək şəxsiyyət kimi həyatda demək olar ki, heç bir çətinliyi olmaz! Bu nəsihətlər dahi söz adamı Abbasquluağa Bakıxanov Qüdsinin “Nəsihətlər”inin həmişə müasir və aktual olduğunu göstərməklə yanaşı, əsrlərin dəyişməsinə, vasitələrin yenilənməsinə rəğmən tərbiyədə olan problemlərin olduğu kimi qalması diqqət çəkən məqamlardan biridir. Övladının gələcəyini firavan görmək istəyən, vətənini, dövlətini sevən hər bir valideyn və gələcəkdə övlad sahibi olacaq hər bir gənc bu kitabla mütləq tanış olmalıdır. Bu qəti tələbin öz səbəbləri var. Səbəblər aşağıdakılardan ibarət ola bilər:

  1. Birinci əsas səbəb Abbasquluağa  Bakıxanov  Qüdsi sıradan bir adam deyildi. O  əsl dünyagörmüş ziyalı, ağayana əslzadə idi.
  2. O, bu nəsihətləri sadədən mürəkkəbə elə sıralayıb ki, ən müasir psixoloji və pedaqoji bütün tələblərə cavab verir.
  3. Dahi mütəfəkkir bu nəsihətləri tərtib edərkən özünün sahib olduğu bütün dini və dünyəvi bilklərin maksimum realizə imkanlarını nəzərə alaraq, tam praktik tövsiyələr hazırlayıb.
  4. Ən əsası yaşadığımız dövlətin başçısının, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına tam cavab verir.

Bu məqamda cəmi 84 nəsihətdən ibarət olan bu kitabdan  “Dövlət başçılarına itaət eləməyi özünə vacib bil, əgər onlar olmasa, ölkədə nizam-intizam olmaz və adamlar biri birinin malına canına və namusuna qəsd edərlər.” üçüncü  və  “Hər ölkədə olsan o vilayətin qanununa zidd iş görmə ki, cəzaya düçar olmayasan.”  dördüncü nəsihətləri xatırlatmaqla bu mövzuda olan birinci yazımı yekunlaşdırmaq istəyirəm. Dəyərli oxucum, bizim parlaq gələciyimiz, aydın sabahımız olan gənclər, bir məsələni unutmayaq ki, cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz  İlham Əliyevin  mövzu ilə əlaqəli bütün görüş və çıxışlarında dəfələrlə vurğuladığı  kimi  “Düşmənə nifrət hissi bizi qələbəyə apardı!”.  Bu qələbəni biz şəhidlərimizin (sizin yaşıdlarınızın) qanı, canı, yarımçıq qalmış həyatları hesabına əldə etmişik. Onlar bu dünyadan, öz arzularından ona görə vaz keçdilər ki, biz, siz daha firavan yaşayaq. Düşmən əsarətindən onların qurtardığı torpağı qoruyaq, inkişaf  etdirək, çiçəkləndirək. Burada “Dədə Qorqud” filmindən məşhur fraza – Dədə Qorqudun Torpağı qorumasanəkib-becərməyə dəyməzəkib-becərməyəcəksən – qorumağa dəyməz.” tövsiyəsi yada düşür. Bu torpağı qorumaq, əkib becərmək, onu qanı-canı bahasını yağı düşməndən alıb bizə ərmağan edən şəhidlərimizin ruhuna, qazi və döyüşçilərimizə hörmət etmək, ehtiram bəsləmək bizim başımızın borcudur. Bu belədir və nə qədər Azərbaycan var, belə də olacaqdır! Əksini düşünənlərin fikrinə hörmət edirəm, ancaq,  belələrinə aramızda yer yoxdur və heç vaxt olmayacaqdır!!!

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edir, həyatda uğurlarınız bol olsun  deyirəm. Hələlik. İnşəAllah bu mövzu davam edəcək. Yenidən  görüşmək ümidi ilə sizlərdən ayrılıram. Allah amanında.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru