
Əlvida və nida!
Bu həyatda ayrılıq hər şeydən möhtəşəmdir
Mən bundan zövq alıram, sanki işim, peşəmdir
İtirmək yazılıbdı sanki bəxtimə mənim
Həsrət, hicran, ayrılıq ömrümə olub qənim
İtirdim əzizimi, itirdim can dostumu
Ayrılıq doğmamdımı, yoxsa ki, dostumdumu?
Axı dost öz dostuna yaşatmaz bu acını
Həsrətin yollarında ağartmışam saçımı
Hicranın alovunda qovrulmuşam, bişmişəm
Ayrılıq acısını badə-badə içmişəm
Bu həyat, bu mən, bu siz, deyin neyləyim indi?
Həyat ağrı acıya dözüb tab edənindi
Ayrılığa həsr edib ömrümü verdim bada
Gedirəm ayrılıqla…eh..əlvida…və nida!
Göz yaşlarım
Səndən ayrılandan sonra
Təsəllim, həmdəmim oldu
Kədərim, dərdim, qəm- qüssəm
Hərdən də keyf dəmim oldu
Göz yaşlarım
Hər vaxt yetişdi dadıma
Bağrı çatladı düşmənin
Səndən sadiq oldu, inan
Heç tərk eyləmədi məni
Göz yaşlarım
Bulaq suyundan durudu
Dəniz suyu qədər duzlu
Sevgim kimi qaynar, isti
Qışın şaxtasl tək buzlu
Göz yaşlarım
Elə yara vurub getdin
Ürəyim oyma -oymadı
Bir an yaddan çıxarmağa
Unutmağa da qoymadı
Göz yaşlarım
Bir içim su qədərdi o
Hicran yandırsa içərəm
Sənin bütün səhvlərindən
İcazə versə keçərəm
Göz yaşlarım
Ürəyim başı odlandı
Dedim nə olar getmə, dur
Sevgimizin xatirinə
Ardınca səpdiyim sudur
Göz yaşlarım…
Göz yaşlarım…
Qalib olsun əzrayil
Bilirsənmi, sənsiz hər şey dəyişib
Yeməyin də dadı- duzu başqadı
Həyat sanki yaşanmayır, əzizim
O da elə gün ötürür, baş qatır
Darıxmağa axı nə ad qoyasan
Lap çıxarır çiləsindən insanı
Hərdən elə qəribsəyir ürəyim
Göz yaşlarım xatırladır leysanı
Oturmuşam, dərin fikrə gedərək
Xatirələr yenə sənə üz tutub
Çəkəmmirəm gözlərimi yolundan
Gözləyirəm, ölümünü unudub
Anlayıram, səni geri qaytarmaq
Mümkünsüzdür, bu, baş tutan iş deyil
Mən gələrəm görüşərik, eybi yox
Bu dəfə də qalib olsun əzrail
Qaranlıq
Sevmirəm gecənin qaranlığını
Qara buludlar da məni qorxudur
Elə düşünürəm ölmüş kimiyəm
Sanıram dünyanın dibi, sonudur
Amma bir tək bundan əminəm ki, mən
Qaranlıqdan doğar işıqlı səhər
Günəşli səhərin xətrinə çox vaxt
Qaranlığa dözmək olar birtəhər
Bilirəm, qaranlıq işıq doğacaq
Səbrlə gözlərəm gələn sabahı
Mənim ümidlərim gecə doğulur
Toxum qaranlıqda cücərir axı!
Adam
Deyirlər sevimli bəndələrini
Hərdənbir sınağa çəkər yaradan
Allahın sevimli bəndəsiyəmmi,
Nə qədər sınağa çəkilər adam?!
Hayana qaçsaq da bu tale bizim
Göz yaşı tökməkdən solub bənizim
Nə qədər yazsam da bitməz, əzizim
Dərdin pəncəsində tək gülər adam
Nə deyim, belədir dünya əzəldən
Yoxdu bir əyrisin tapan, düzəldən
Sonda heç seçilməz quru xəzəldən
Həyat ağacından tökülər adam.
Təəccüb
Qəribə talelər gördüm həyatda
Bu qədər təsirli gəlmədi mənə
Gördüyüm səhnənin mənzərəsini
Bilmirəm mən necə anladım sənə
Kor oğlan bir qıza gözəlsən dedi
İlahi, o bunu necə anladı?
Əsas qəribəsi burasıdır ki
Bu qız həm eşitmir, həm də ki, laldı
Kor oğlan kar qıza gözəlsən dedi
Qurudum yerimdə təəccübümdən
Oğlanın baxışı qızın üzündə
Bir-birin anlayır onlar dinmədən
Qız sakit, astaca gülümsəyərək
Baxırdı oğlanı duyurmuş kimi
Nə qədər saf idi, pak idi onlar
Sevgiydi onların könül hakimi
Sevginin gözüylə baxanda demək
Görmək də, duymaq da olurmuş asan
Yazıq o şəxsə ki, görür, eşidir
Yaşayır həyatı ancaq duymadan
Xəyalımın xəyalı
Saat əqrəbi kimi
Uzun bir dövrə vurub
Nələrdən adlayaraq
Gör nələri unudub
Yenə eyni məqamda
Yenə eyni məkanda
Səni salamlayaraq
Ürəyimdən, zehnimdən
Miyon danlaq alaraq
Səni anır xəyalım
Verdiyi sözü tutub
Olanlara göz yumub
Bağışlayır xəyalım
Xəyalım xəyalında
Yenə sənlə görüşür
Elə əvvəlki istək
Əvvəlki məhəbbətlə
Yenə səndən soruşur,
Döyərsənmi qapımı,
Gəlırsənmi evimə?
Sən gedəli qapımı
Küləklər döyür ancaq
Yoxdu bir isti nəfəs
Həyata tutunacaq
Evim haçan qızacaq?
Gəl qızınsın ürəyim
O isti nəfəsinə
Qulağımdan getməyən
Sözlərinə səsinə
Tamarzı qoyma məni
Daxilindən çürüyən
Məhv olan ağaclar tək içimdən oyma məni
Gəl, gözünü sevdiyim
Gəl, qurbanı olduğum
Söhbətini, sözünü
Gəl özünü sevdiyim
Bunlar hamsı xəyalmış
O boyda məhəbbətdən
Təkcə xəyallar qalmış
Təkcə..xəyallar qalmış…
Yazmaq istədiyim məktub
Salam, bivəfam, necəsən?
De, necədir orda halın?
Yaxşı keçirmi günlərin,
Gözəldirmi keyf- əhvalın?
Tənhalığın şaxtasında
Donmur ki ürəyin, gülüm?
Ötürmü şaqraq səsiylə
Qəfəsdə şeyda bülbülüm?
Məni yada salırsanmı,
Xatırlayırsan keçmişi?
Unutmamısan ki, hələ
Sevgimizə and içmişdik.
Biraz da mən danışım qoy,
Burda havalar sazaqdı
Fərq etməyir qış ilə yay
Günəş məndən çox uzaqdır
Mən anası ölmüş bil ki
Yaşamıram, gün biçirəm
Sən gedəli ac deyiləm
Dərs yeyirəm, qəm içirəm
Dayan, biraz da söyləyim
Boynu bükük sevgimizdən
Yaxın gəlmir bərk inciyib
Yamanca küsübdü bizdən
Aparsaydın onu da kaş
Olmazdı vallah qanadan
Bilmirsənmi, yetim qalar
Körpə, ay gülüm, anadan
Məni unutma, nəolar,
Hərdən yada sal yaz, gülüm
Ətrin hələ burnumdadı,
Ay mənim solmaz yaz gülüm
Unutsan da eşqimizə
Sevgimizə xatır yaz
Mürəkkəb bitsə yaramdan
Süzülən qana batır yaz
Bəsdi, daha sağollaşım
Nöqtə qoyum son sözümə
Dərdindən çaşıbdı başım
Çətin gələrəm özümə…
Müəllif: Nargilə Yusifqızı
Nargilə Yusifqızının digər yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında