
Çörək tikələri
Ayçilin anası və atası bir müddətlik başqa şəhərə getmişdilər. Və qızlarını qohumlarıgilə qoymuşdular. Ayçil bütün yay tətilini onlarda keçirməli idi. Evin sahibəsi göygöz xala bir az qəribə idi, çox az danışırdı, danışanda da ancaq irad bildirirdi. Qadının özü kimi göygöz bir qızı da vardı. Ayçil nə qədər istəsə də, onunla dost olsun, söhbətləşsin, qız ona gözünün ucu ilə də baxmırdı, çənəsini yuxarı tutub gəzirdi. Bir dəfə Ayçil həyətdəki pişiyi mətbəxə gətirib incə barmaqlarıyla onun boynunu qıdıqlayanda göygöz qız qışqırıb anasını çağırmışdı. Ana da Ayçilə tez gedib çimməyi və bir daha pişiyə toxunmamağı əmr etmişdi. Qızcığazın almacıqları qızılgül kimi qızarmışdı.
Ayçil bu xalanı və onun qızını xoşlamırdı, hər gün Allaha yalvarırdı ki, valideynləri tez gəlsinlər. Ancaq xəbər çıxdı ki, böyük pandemiya dövrüdür və dünya öz sərhədlərini bağlayacaq. Heç kim ölkəni tərk edə, sərhədləri keçə bilməzmiş.
Bundan sonra qızcığazın qara günləri başladı. Əgər o, həyətdəki dibçəkləri sulayarkən sudan bir damcı yerə tökülsə, göygöz xala həmin gün yeməyi kəsirdi. Bəzən ana- bala səbəbsiz yerə ona otaqdan çıxmamağı əmr edir və cəzalı olduğunu deyirdilər. Qızcığaz isə onu nədə günahlandırdıqlarını anlamırdı. Tez – tez ana- bala qonşunu çağırıb mətbəxdə çay süfrəsi açır, deyib – gülürdülər. Ayçilin otağına isə yalnız çörək göndərirdilər. Ayçil yavan çörək yeməyə öyrəşmədiyindən eyvavına sallanan alma ağacının bərəkətli budağından alma dərib çörəklə yeyirdi. Ağacla dərtləşirdi, elə bilirdi ki, bu dünyada onu anlayan kəs yalnız bu ağacdır.
Yay qurtardı, payız başladı. Qızcığaz isə evi və ailəsi üçün çox darıxırdı, tez- tez valideynləri yuxusuna girirdilər. Bir dəfə o, qonaq otağının güzgülü bufetindən bir kitab götürdü, kitabda çoxlu şəkillər vardı. Hər gecə yatanda Ayçil şəkilli kitabı oxuyurdu, belə zamanlarda onun darıxmağı da keçib gedirdi. Ancaq bir səhər yerindən qalxanda gördü ki, kitab yoxdur.
Bağda şüyüdləri sulayanda göygöz qız ona yaxınlaşıb dedi:
-Mənim kitablarımı qarışdırma, icazə də almamısan götürəndə.
-Axı sən mənim əşyalarımı, istədiyin zaman götürürsən , – dedi Ayçil.
-Mənə olar, çünki sən bizim evdə qalırsan.
Ayçil küsdü, su şlanqını torpağa atıb , otağına qaçdı. Onları dinləyən Göygöz xala isə dodağının altından güldü.
Axşam Ayçil üzünü yastığa tutub o qədər ağlamışdı ki, yastığın ortasında gölməçə yaranmışdı. Onu heç axşam yeməyinə də çağırmamışdılar. Gecənin bir yarısı Ayçilin qulağına su şırıltısının səsi gəldi. O ayağa qalxıb aynabəndə yaxınlaşdı, alma ağacı almalarını tökmüşdü. Ağacın budaqları sınmışdı. Pəncərəyə düşən fənərlərin işıqları yanıb – sönürdü. Çöldən səs- küy gəlirdi. Sən demə, gecənin bir aləmi tökməyə başlayan güclü leysan və külək evin damını uçurmuşdu. Ayçil üşüyürdü, qumral saçları da yaş olmuşdu. Gecə otağına damdan yağış tökülübmüş, hər kəs həyətdəki mətbəxə gedibmiş. Ayçili isə oyandıran olmayıb. O, üşüyə- üşüyə islanmış gecə paltarında qapıya tərəf gəldi. Bu zaman yuxarıdan – aralanmış tirlərin arasından qızın başına iki siçan balası düşdü, o, bu balaları götürüb,-islanmısınız ki, indi sizi peçin yanına aparıb isidərəm , – dedi. Siçan balaları sevincdən ciyildədilər. Onların bədənlərinə yapışmış tükləri sobanın yanında yavaş- yavaş ipək kimi açılırdı.
Xala birdən bunu görüb qışqırdı:
-Sənə neçə kərə demişik, heyvanlara toxunma! Nə oynayırsan burada, hər yeri su basıb durub kömək etsənə.
-Xala mənim paltarım islanıb, mənə dəyişməyə paltar verərsiniz?
-İş görsən, quruyarsan. Canın möhkəmdir, sənə heç nə olmaz. Əlinə əsgi al və döşəməni qurut, sonra da yorğan- döşəyi çölə çıxart.
Ayçili ağlamaq tutdu, ancaq cavab qaytarmağın əbəs olduğunu bilirdi. Kaş anam tez gələrdi, məni evimizə aparardı, – ürəyi sızıldadı. Onun qəmlənməyinə siçanlar da pis oldular. Onlar qızın islanmış paltarından darta – darta onu çölə çıxarıb dedilər: “Mehriban qız, qarşıdakı dumanlı dağa qalx, orada bizim başçımız Qızıl siçan yaşayır, o səni arzuna çatdırar.
Ayçil qapıdan asılmış saçaqlı şalını çiyninə salıb arxaya baxmadan dağa doğru qaçdı, yamaca qalxanda yorulub bir kolun dibində oturdu, bu vaxt əlinə tikan batdı, çevriləndə gördü ki, ətraf çiyələk çəmənliyidir. Acmış qızcığaz o qədər dağ çiyələyi yedi ki, yanaqları çiyələyə döndü. Ayağa durmaq istəyəndə ciy – ciy səsi eşitdi.
-Ah , siçan balaları siz burda nə edirsiniz?
-Sənin ləpirlərini izlədik, fikirləşdik ki, birdən qarşına qonur ayı çıxar, qorxarsan. Gəl səni başçımızın yanına aparaq.
– Qız əllərilə üzünü tutub ağladı, axı siz mənim kimi işə yaramaz birinə niyə kömək edirsiniz?- dedi.
– Xeyirxah insan olduğundan özünün də xəbərin yoxdur, mehriban qız. Biz sənin gecələr ağlamağını taxtaları arasından eşidirdik, eyvanın məhəccərinə quşlar üçün qoyduğun çörək tikələrilə sayəndə biz də bütün qışı ac qalmadıq. Ancaq göygöz xala və qızının mərhəmətsiz olduğunu çoxdan bilirik. Başçımız Qızıl siçan onu heç sevmir.
– Niyə sevmir?
– Bir dəfə o qız dostlarıyla birgə başçının balasını tutmuşdu. Sonra da yavru siçanın balaca quyruğunu yandırmışdı. Anası gəlib onları qorxutmasaydı, yəqin ki, daha çox zülm görəcəkdi yavrusu. Gəl, çiyələk qız, səni aparaq onun yanına.
Ayçil Günəş kimi işıq saçırdı, çünki Qızıl siçan onu çox yaxşı qarşılamışdı. O keşikçi siçana əmr etdi ki, qızı qayığa mindirib yeraltı kəhrizlə anasının olduğu şəhərə aparsınlar. Ayçilin uçmağa qanadı yox idi indi. Ağlına gəlməzdi ki, hər axşam məhəccərin üstünə qoyduğu çörək tikələri bir gün onu arzusuna çatdıracaq.
Kasadakı dələ
Fıstıqları yeyə – yeyə nağıllarımı yazıram. Ağzım işləməyəndə beynim də çalışmır sanki. Dişlərim fıstıqları qırdıqca ağlıma maraqlı fikirlər gəlir. Amma dünən baş verən hadisə lap qəribə idi; yenə yanıma bir kasa fıstıq qoymuşdum. “Uçan dələ” adlı nağıl yazmağa başlamışdım. Nağılın ortasında əlimi kasaya atdım, ancaq ovcuma heç nə gəlmədi, oturduğum divandan boynumu ağ kasanın içinə salladım: “ bu nədir, kasa bomboşdur ki”… Bir az da onun içinə əyildim, yenə heç nə görmədim. Hirslənib hoppandım kasanın içinə. Gördüm ki, bir dələ fıstıqlarımı qoynuna və ovurdlarına yığıb meşəyə doğru qaçır. Mən də tənbəllik eləməyib götürüldüm dələnin dalınca. Bu dələ başına döndüyüm necə sürətli imiş, qaçmaqdan təngnəfəs olub lap əldən düşdüm. Dələ isə bir şam ağacının başına çıxıb, oradan qozları təpəmə atmağa başladı. Mən ona aşağıdan nə qədər barmaq silkələsəm də, xeyri olmadı. Başımı tutub qaçmağa başladım, bu dəfə isə dələ məni qovurdu, arxamca da qozalardan atırdı. Çayı keçdim, sal aşdım, körpü keçib , təpəyə dırmaşdım, gördüm yox e, bu dələ indi də yarasa kimi qollarını açıb, quyruğunu da paraşüt edib başımın üstü ilə uçur. Uzaqdan təpənin ətəyində bir koma gördüm, tez özümü ora yetirdim, içəri keçib qoz qabığından olan qapısını bağladım. Elə bu vaxt komanın yiyəsi küpəgirən :
-Xoş gəlmisən, evim – eşiyim, həmişə sən gələsən,- dedi.
Onun tülkü gözlərindən qığılcımlar saçılıb ürəyimi deşdi sanki. Qorxumdan çardaqdakı qış armudu kimi sapsarı saraldım.
Qarı məni birayaqlı kətildə oturdub,- indi sənə nahar verəcəyəm,- deyib, bir qab qovrulmuş fıstığı qabağıma qoydu. Fıstıq gözümdən düşdü. Ancaq qayıq kimi yellənən kətildə əllərim əsə-əsə qorxumdan bir ovuc fıstıq götürüb ağzıma atdım və qarıya təşəkkür edib, – nənə can, daha mən gedim,- demişdim ki, qarı cin atına mindi.
-Nənə sənin nənəndi, mənim kimi göyçək qıza nənə deyirsən?! İndi payını alarsan…
Mən kətildən yıxıldım. Küpəgirən necə sehr etdisə, birdən- birə bütün aləm qara örtüyə büründü. Durub qapını açıb çölə çıxmaq istəyəndə ayaqlarımın altındam alovlar püskürməyə başladı, anladım ki, buradan heç yerə qaça bilməyəcəm. Beləcə qarının istəklərini yerinə yetirməyə başladım; hər gün iki kisə fıstıq təmizləyirdim, o da aparıb bazarda satırdı.
Bir gün ona dedim:
-Ay qarı, ey, çaşdım, ay göyçək qız, bəs bu qədər fıstığı satıb pullarını nə edirsən, oğul- uşağın da yoxdur ki, sən ölüb gedəndən sonra ona qala.
Qarı burnunun ucundakı qoz boyda ziyili uzun əyri dırnağı ilə qaşıya- qaşıya gülməyə başladı.
-Ha, ha, ha! Ay, tutun mənim qarnımı, gülməkdən cırılacaq … bu zaman qarının paslanmış çəngəl kimi seyrək və upuzun dişləri görsəndi.
-Nəyə gülürsən, ay qarı?
-Doğrudan elə bilirsən, mən öləcəyəm, ay yazıçı? Mən səninçün nağıl – mağılam ki, axırda küpəgirənləri öldürəsiz, ha, ha! Sən hələ də anlamamısan ki, küpəgirənlər ölümsüz olur. Axmaq! Mən ancaq özüm istəyəndə ölə bilərəm.
Mənim lap qanım qaraldı, ancaq qəlbimin dərinliyində inanırdım ki, bir gün buradan çıxmağın yolunu tapacağam. Axı qəlbin dərinlikləri təmiz və güclü olur. Küpəgirən özünü ölümsüz göstərib məni ruhdan sala bilməzdi.
-Yaxşı, ay küpəgirən, ölmürsən, ölmə. Amma sən əvvəllər, deyəsən, küpəgirən olmamısan, yəqin ki, sənin də gözəl həyatın olub, qəşəng paltarların, çoxlu dostların olub.
Qarı elə ah çəkdi ki, tikan kimi dik duran saçları sallandı. O, xəyala daldı, ancaq birdən nəsə yadına düşdü və uçan tozsoranını götürüb dedi:
-Bura bax, sən öz şirin dilinlə məni yoldan çıxarıb sirr ala bilməzsən, bu saat səni toza çevirib sonra da tozsoranla sovuraram, və un kimi göyə səpələyərəm, bu dünyaya bir də milyon işıq ilindən sonra ya qayıdarsan, ya qayıtmazsan!
-Yaxşı da. Əsəbiləşmə, nə dedim axı. Torbaları ver, gedim meşədən fıstıq yığım.
Mən fikirli – fikirli qaranlıq cığırla gedirdim. Böyük bir fıstıq ağacına çatanda torbaları yerə qoydum ki, nəfəsimi dərəm. Bu zaman başıma bir qoza düşdü. Qozanı götürüb kənara atdım. Sonra biri də düşdü, başımı qaldırıb göyə baxanda dələni gördüm. -Ay səni mərdimazar , dələ! – deyib qışqırdım üstünə. Sənə görə fıstıq kasasının içinə düşdüm, indi bu dərin girdabdan neçə fəsildir ki, çıxammıram, ilin günün hansı vaxtıdır, onu da bilmirəm heç. Çıx get buradan.
Dələ isə aşağıya hoppanıb önlüyümdən tutub dartışdırmağa başladı.
-Yox, məni aldada bilməzsən, daha sənin dalınca qaçan deyiləm,- dedim,- allah bilir, indi məni hansı girdaba yuvarlayarsan.
Dələ nə qədər sağıma, soluma keçsə də, nə qədər ətəyimi dartışdırsa da, xeyri olmadı, kisələrimi fıstıqla doldurub çiynimdən aşırıb , komaya tələsdim.
Axşamlar kisələrinin üstündə yatırdım, qarı fıstıqları siçanlardan qoruyum deyə məni burada yatırdırdı. Gecənin bir vaxtı qarnımın altında nəsə tərpəndi, ayılıb kisənin ağzını açdım, dələni görüb məəttəl qaldım. İstədim ki, onu tutub, qarıya verəm. Ancaq qarının mərhəmətsiz olduğunu xatırlayıb dələyə sakitcə, – təbiətə qayıt,- dedim. Dələ bu dəfə kisənin üstündə oturub yetişmiş zeytun kimi qapqara, mənalı gözləri ilə mənə diqqətlə baxmağa başladı. Fikirləşdim ki, bu işin içində bir iş var, bu dələ bura qədər gəlibsə, mənə nəsə demək istəyir , onun sözünə qulaq asıb arxasınca düşdüm. Sən demə, bu heyvancıq komanın sirli yerlərini bilirmiş. O məni illərlə qalanmayan ocağın içindən keçirib düzənliyə çıxartdı. Biz təpəni aşıb çəhrayı rəngli bir gölə çatdıq. Dələ gölün içinə düşəndə, – boğularsan,- deyib mane olmaq istədim, lakin o, sözə baxmadı , gölün ortasında hoppanıb – düşməyə başladı. Sən demə, bu çəhrayı göl çox duzlu olduğundan burada batmırlarmış. Mən onun yanına getdim , bu zaman dələnin ayağının altında böyük bir duz parçası olduğunu gördüm. Dələ onu dartmağa başladı, onun işarəsini anlayıb böyük duz parçasını çiynimə aldım. Dələnin izi ilə səhərə yaxın komaya çatdım. Dələ onu küpəgirənin heç vaxt yanıb – alışmayan ocağına atmağımı işarə etdi. Mən də onun istəyini yerinə yetirdim. Dərindən nəfəs almışdım ki, koma dəyişilib mənim evim oldu. Qarı isə əvvəlcə bir damla suya çevrildi, sonra o sudan dalğa saçlı, gözəllikdə tayı- bərabəri olmayan bir qız yarandı. O mənə əlini uzadıb fıstıq təklif etdi. Mən də ona şeir qoşdum. Dələ də uçub getdi.
Şlyapalı dayanacaq
Günlərin bir günü, ayların şən ayı, illərin xoş ili, həftənin ilk səhəri İşığın nənəsi yuxudan ayılıb gördü ki, masanın üstündə yaşıl almalarla dolu meyvə qabına söykədilmiş bir məktub var. Nənə ipək şalını çiyninə salıb, eynəyini gözünə taxıb taxdı və məktubu oxumağa başladı…
“Nənəcan, sabahın xeyir!
Mən sənin nağıllarda danışdığın Xoşbəxtlər şəhərini axtarmağa gedirəm. Oranı tapan kimi qayıdacağam və səni də özümlə ora aparacağam. Mən qayıdanacan balkondakı pomidor şitillərimizə yaxşı bax. Öpüb bağrıma basıram səni”.
Nənə məktubu qatlayıb yastığının altında gizlətdi.
Boğçalı-axçalı İşıq hamar-nahamar yollarla xoşbəxtliyin izinə düşdü. O, çəhrayı şlyapası olan bir dayanacağa çatdı. Bir xeyli onun şlyapasına baxdı. Axı indiyənəcən belə bir dayanacaq görməmişdi. Dayanacaq bu təəccüblü baxışın sahibini çox gözlətməyib gülümsəyərək dedi:
- Mən insanları yağışdan və küləkdən qorumaq üçün bu şlyapanı taxıram. Adi bir dayanacaq olsam da, insanları məmnun etməkdən zövq alıram.
İşıq:
– Sən xeyirxah sayılırsan?
– Bilmirəm. Səncə?
– Mən də bilmirəm. Ancaq Xoşbəxtlər şəhərinə gedən avtobusun nə vaxt buradan keçdiyini desən, sənə minnətdar olaram.
– Hm, deməli, sən Xoşbəxtlər şəhərinə gedən avtobusu gözləyirsən… O, həmişə gec gəlir…
– Eybi yox, mən gözlərəm. Hava da yaman istidi.
İşıq boynundakı sarı gülləri olan bəyaz ləçəyini dayanacaqdakı skamyaya qoydu, oturanda isə onun ayaqları azca yerdən üzülmüşdü.
Dayanacaq dilləndi:
– Nə deyirəm ki, səbrin çatırsa, gözlə. Mən də tək darıxıram. Bura adamlar gec-gec gəlir. Gələndə də çox gözləməyə səbrləri çatmır və geri qayıdırlar. Ona görə də həmişə Xoşbəxtlər diyarına gedən avtobus bu dayanacaqdan adam yığmamış gedir.
– Mənsə gözləyəcəyəm, o gələnə kimi gözləyəcəyəm. Nənəmə də məktub qoyub gəlmişəm. Yəqin, indidən başlayıb mənim üçün darıxmağa.
– Hə, qocalar darıxan olur. Elə mən də qocalmışam. Şlyapam da daha dik durmur, sola əyilib. Elə bilirdim, daha bu dayanacağa heç kim gəlməz. Amma sən gəldin, mən yenə xoşbəxtəm.
İşıq gülümsədi, başını qaldırdı və doğrudan da, dayanacağın bir az sol tərəfə əyilmiş olduğunu gördü. Birdən yastıq kimi dolmuş boz buludlara gözü sataşdı.
– Buludlar üstümüzə gəlir ,- dedi,- İşıq.
– Hə, yaxşısı budur, gəl sol tərəfdə dayan, onda heç islanmayacaqsan, indi leysan tökəcək.
– Axı mən islanmaq istəyirəm, həyatımda heç vaxt yağışda islanmamışam.
Dayanacaq güldü, bu zaman onun şlyapasının ucları yuxarı qalxdı.Və buludlar düyü uzunluğundakı damlaları tökməyə başladı.
İşıq yerdə yaranmış gölməçədə ayaqlarını şappıldadır və suyu onsuz da divarlarından su süzülən dayanacağın içinə sıçradırdı. Yağış damcıları qızın saçlarında, çənəsində parıldayırdı. O, birdən əllərini qaldırıb dayanacağın ətrafında dövrə vurmağa başladı. O qədər dayanacağın başına fırlandı ki, axırda yorulub oturdu. Dayanacağın da başgicəllənməsi dayandı. Buludlar da ağarırdı yavaş-yavaş. Dayanacaq güllü ləçəyi ilə yanaqlarını silən qıza dedi:
– Nə oldu, necə idi yağışla güləşmək?
– Mən sevincliyəm, nə yaxşı ki, yağış var, bax, sən də tərtəmiz olmusan, şlyapan par-par parıldayır.
– Onda sən bir az da səbirli ol və diqqətlə göy üzünə bax, çünki indicə göyqurşağı çıxacaq.
– Mən heç görməmişəm onu. Nənəmin nağıllarından bilirəm ki, sehrli şamanın çıxdığı körpüdür o. Nənəm deyir ki, bir gün bütün uşaqlar göyqurşağından tutub göyün yeddinci qatına çıxa biləcəklər.
Dayanacaq:
- Əlbəttə… onu izləməyi qaçırmaq olmaz. Günəşin upuzun telləri su damlalarını yaracaq və biz möcüzəvi yeddi rəngə tamaşa edəcəyik.
Bu vaxt uzaqdakı yolayrıcında iki dairəvi işıq yanıb-söndü. Sonra bu dairələr böyüdü və sürətlə yaxınlaşdı. Xoşbəxtlər ölkəsinə gedən avtobus onlara tərəf gəlirdi. İşıq tərəddüd içində idi, o bilmirdi ki, göyqurşağını izləsin, yoxsa avtobusa minib xəyalının dalınca getsin. Sizcə, o, indi hansı qərarı versin, uşaqlar?
Dayanacaq isə lal olmuşdu, bayaqdan danışan dayanacaq indi İşığın nə hislər keçirdiyini duymurdu, elə bil. Bəlkə, elə bu soyuqqanlı xasiyyətinə görə illərlə burada beləcə dayanıb ötən zamanı təmkinlə izləyirdi. Bu vaxt göy əlvan rəngə çaldı. Qızın başının üstündə yeddi rəng bərq vurmağa başladı. İşıq ağzıaçıq bu gözəlliyi izləyirdi. Çox az davam edən bu möcüzə qurtaranda İşıq başını sola-sağa çevirdi və avtobusu görmədi. Axı o, avtobusu necə qaçıra bilərdi…
- Ey, hara getdi axı bu avtobus, indicə yaxınlaşırdı…
Dayanacaq dedi:
– Sən onu qaçırdın.
– Bəs niyə ona demədin ki, gözləsin? Bayaq demirdin ki, dostumsan?
– Axı sən onda heç vaxt görmədiyin göyqurşağını yenə görməyəcəkdin.
– Mən onu Xoşbəxtlər şəhərində də görə bilərdim… sən hər şeyi bilirdin, ancaq mənə kömək etmədin.
– Balaca, bəlkə də, o şəhərdə heç başını qaldırıb göydəki gözəllikləri görməyə imkanın olmayacaqdı. Ancaq sən yağışda çiməndə, göyqurşağını izləyəndə o qədər xoşbəxt görsənirdin ki, mən səni bu gözəlliklərdən ayırmaq istəmədim. Sən bura yenə gələcəksən və o zaman da qərarı özün verəcəksən. Sənin xoşbəxtliyinə heç kəs mane ola bilməz.
İşıq başını qaldırıb yenə səmaya baxdı və nənəsi üçün çox darıxdı. Dayanacaqla sağollaşıb yola düşdü. O, axşam pomidor ştillərini sulayanda nənəsinə həyəcanla öz hekayəsini – şlyapalı dayanacaqda başına gələnləri danışırdı.
Müəllif: Nurlana İŞIQ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru