Azərbaycan Yazıçılar Birliyində birliyin sədri, Xalq yazıçısı Anarın Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Aslan Cəfərov, Elmi işlər üzrə direktor müavini Günay Həsənova və İnformasiya və media ilə iş şöbəsinin müdiri Səadət Şəfiyeva ilə görüşü təşkil olunub. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədrinin baş müşaviri Rauf Aslanov, sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan və “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs iştirak ediblər.
Görüşdə müasir dövrdə kitabxanaların qarşısında duran vəzifələr, kitab və mütaliə mövzusuna innovativ yanaşma, kitabxanalarda elektron xidmətlərin göstərilməsi, elektron kataloq və kitabxana sistemlərinin təkmilləşdirilməsi, elektron dövrü mətbuat nəşrlərinin bazalarının yaradılmasının əhəmiyyəti müzakirə edilib.
Görüşdə Respublika Gənclər Kitabxanasının əsas fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, hazırladığı elektron məlumat bazaları haqqında məlumat verilib. Kitabxana əməkdaşlarının Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə elektron məlumat bazası yaratdıqları diqqətə çatdırılıb.
Görüşdə “Kitabxana elektron resursların saxlayıcısı və qoruyucusu kimi” layihəsi çərçivəsində Respublika Gənclər Kitabxanasının “Ədəbiyyat” qəzeti və “Ulduz” jurnalı ilə 2022-2023-cü illəri əhatə edən nömrələrinin rəqəmsal nüsxələrinin kitabxananın fonduna verilməsinə dair müqavilə imzalanıb. Dövrü mətbuat nəşrlərinin rəqəmsal nüsxələrinin heç bir ixtisara və dəyişikliyə yol verilmədən kitabxananın rəsmi saytında mühafizə olunmasının çox əhəmiyyətli olduğu və bu vasitə ilə internet istifadəçilərinin istənilən an istədikləri məqaləni və ya qəzetin hansısa nüsxəsini rahatlıqla əldə edə biləcəkləri vurğulanıb.
Bu gün Azərbaycan Yazıçılar Birliyində şair- jurnalist , Prezident mükafatçısı, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbudun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “100 ilin İmzası” kitabının təqdimat mərasimi olub.
Mərasimdə tarixçi – alim Cəbi Bəhramov , tarixçi politoloq Dünyamalı Pənahov, siyasi icmalçı İlyas Hüseynov, Sahibkar Qadınlar İctimai birliyinin sədri Zenfira Ağayeva,tanınmış sahibkar, xeyriyyəçi iş xanımı Xuraman Muradova, Ziyalı qadınlar İctimai Birliyinin sədri Zəhra Quliyeva ,Alban-udi dini icmasının rəhbəri Robert Mobili, /vetenim-azerbaycandir.az/-ın baş redaktoru Kamran Orucovvə bir çox ziyalılar, gənclər, jurnalistlər, ictimai xadimlər, QHT rəhbərlər iştirak edib.
“Yazarlar” jurnalının baş redaktoru, şair-publisistZaur Ustac “100 ilin İmzası”adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə Gülşən Behbuda yazarlar camesi adından hər müəllifə yalnız bir dəfə veilən “Ziyadar” mükafatını təqdim edib.
Sonda müəllif kitabları imzalayıb, xatirə şəkilləri çəkdirilib.
Qulu Ağsəs iri salonların şairi deyil, “tək”lərin şairidir. Deyək ki, beş – on nəfər adam. Bəlkə də əsl poeziya bu. Həmin beş – on nəfər adam da Qulunu böyük salonlara daşıyacaq nə vaxtsa, bəlkə bu gün, bəlkə də sabah… Qulu pıçıltı şairidir, hay-küy, pafosdan min ağac uzaqdı. Şeir bir nəfərə deyilir, o bir nəfər də on nəfərə, on nəfər də yüz nəfərə, yüz də minə, milyonlara. Qulu belə oxunur əslində. Oxunmağın ən gözəli belə olur. Onun şair, təfəkkür stixiyası bu.
Bunu ancaq sənə danışıram –
Bircə balama
Kasıb evində bağlanmış
Turşu bankasıdı atan.
Ağzı hərdən açılır-bayramdan bayrama.
Qulunun qələminin altından çox kağızlar sürü¬şüb. Qulu qol qoymayıb. Hər misranın arxasında dayanıb özünü gözləyib. Özünü görən kimi “salam” yazıb, özünü belə qarşılayıb, şeirlərini belə başlayıb Qulu. Qulu heç vaxt deməz ki, bu gecə təzə şeir yazmışam, deməz ki, romanı sabaha bitirirəm, deməz ki, bir mövzu məni yaman narahat edir. Deməz, deməz, deməz, yenə deməz! Elə onu deyər ki, dədə, dünən axşam Mənsum İbrahimovla, ya da Firuz Səxavətlə bir yerdə idik. Əlavə edər ki, dədə, Firuzun bir dostu var, o nə qədər danışır. Sonra deyər ki, dədə, jurnalımızın təzə sayı çap olunub, mətbəədədir hələ, rəngi quruyur.
Beləcə danışar Qulu, sanki söhbəti qəsdən yazdığı şeirlərdən yayındırar, hər danışdıqca əl atar balaca çantasına, bir siqaret qoyar damağına, hərdən əyilər adamın qulağına, nəsə deyər, guya sirr açır. Elə bir sirr açar ki, bütün televiziyalar üç aydır həmin sirr deyilən şeydən danışır. Nəyə görə belədir? Qulu üçün söz-söhbət köhnəlmir. Həmişə təzə qalır, həmişə sirr qalır. Yazmaq üçün əsas stimuldur bu. Hər şair üçün hər şey təzə-tər qala bilmir. Bu dünya Qulu üçün təptəzə, yepyenidir. Aşağıdakı şeirlərdə gizlənən sirr Qulunu təzə saxlayır. Həm şeirini, həm də özünü. Səhərin ertəsində bu qarışıqlığı yaşamaq elə şair olmaqdır.
Bu da axır…
bu da xilas…
Son gecə…
səhər ertə…
Qoşulub göyün quşuna
Üstündən saat ötər…
Və yaxud:
De görək, neynəyək,
neynəyək, de görək?! –
Nə ölək, nə olaq,
nə olaq, nə ölək…
Qulunun ironiyasının gözlərində yaş var. Zaman q¬arı¬şığı, fikir xətlərinin bir-birinə keçməsi, paralel¬lik¬dən yaranan asiossativ məqamlar, şeirin yarandığı vəziy¬yət – yer Qulunun şair səciyyəsini, daha doğ¬rusu, “kələfin ucunu” açır.
Hərdən
anamdan xəlvət
bir xeyir iş
görmək istəyirəm,
yığıb
bütün dul arvadları
ərə vermək istəyirəm.
Heç olmasa birini…
Özü də elə kişiyə ki,
sonra nə aldığını peşman eləsin,
nə də özünü.
Bəlkə də inanmazsız,
bircə onda
xatırlaya bilirəm
rəhmətlik atamın
heç vaxt görmədiyim üzünü…
Qulu getdiyi yerdə qəfil dayanar, balaca çantasını açar, bir siqaret qoyar damağına, sonra gedər. Bir şeyə məəttələm. O çanta elə tez açılır, siqaret elə tez tapılır, hər şey operativ, cəld, çevik, oğulsan çat, birini sən al qoy damağına. Quludan siqaret alıb çəkmək adama ləzzət eləyir, siqaret çəkən deyiləm, amma həmişə Quludan siqaret istəmək adama sevinc gətirir. Sən demə, Qulunun o böyük Allahdan umduğu böyük bir sevinc də varmış.
Sağ-salamat ölsəydim-
üst-başını
cığır basmış yol kimi…
Qəfil bir söz eşitsəydim-
dil açan lalın ilk dəfə
dediyi «sakit ol» kimi…
Kefim ala buludda kövrəlsəydim,
şimşək qurutsaydı gözüm suyunu.
Atamdan xeyir-dua almaq üçün
qiyamət gününə salsaydım toyumu…
Qulu şeirlərinə məğlub olan şairdir. Mətnin qələbəsi şairin məğlubiyyətindən başlayır. O qədər məğlub olub ki, məclisdə şeir oxumaq sevincindən uzaqdır. Hələ bir dəfə onun öz şeirləri haqqında danışdığını görmədim. Bir də görürsən yeni şeirlər çap olundu. Oxuyursan, oxuduğun anda Qulunu tapmaq istəyirsən. Düşünürəm ki, bu şeirlər Qulunun niyə dilini açdırmayıb, niyə dilləndirməyib. Daha bilmirik ki, bu şeirlər Qulunu qatlayıb dizinin altına alıb.
Süfrəmdə haram var –
dinmirəm,
İki ac balam var –
dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz qeyrətin?!»
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u… (Əlil arabası)
Mən olsam, şeirim çap olunmamış isti-isti bir neçə adama oxuyuram. Amma Qulu… Bəlkə Qulunu sakitləşdirən çantasıdır, ağzını açmaq, nəsə axtarmaq, bir siqaret damağına qoymaq, sonra səbrlə bağla¬maq… Belə şeylər bəzən içindəki gərginliyin ildırı¬m¬ötü¬rəni olur. Əldə çəlik də belədir. Damaqda qəlyan, siqaret və ya maşın açarını fırlatmaq insanın sinir sistemini tənzimləyir.
Balamın canına,
Atamın goruna,
İşğal gününə…
– gör, nəyə and içirəm:
– səni çox sevdiyimdən
Şeir yazmadım şəninə…
«Qarabağ şikəstəsi»
O günü Qulu deyir, yox, deməmişdən qabaq əlini ağzına tutur, xeyli gülür, bizi də güldürür, həmişə sözün gülüş tərəfindən tutur: Dədə, səhərdən maşını saxlamağa yer tapa bilmirəm… Biri də yapışıb ki, mənim şeirlərim “Ulduz”da nə vaxt çıxır?
Mənə elə gəlir ki, Qulunun göylərlə işi yoxdur, o nə deyirsə yerə deyir, yeriyə-yeriyə deyir və Qulunun göyü də elə yerdir (Sənsən hər yer). Onun indiyə kimi bir dəfə də olsun göyə baxmağını təsəvvür edə bilmirəm. Ona görə də Qulunu gözü həmişə ayağının alıtını yaxşı seçir. Hələ ayağının altında bir şey qalmayıb. Bir dəfə də olsun büdrəməyib.
Qulu şəhərdə elə gəzir, elə bil çöldə gəzir, nə maşın, nə adam, heç nə eyninə deyil, elə gedir, elə gedir elə bil yolu süzür. Kim qarşısına çıxırsa, hökmən salam- kəlamdan sonra dünən başına gələn bir əhvalatı üyüdəcək qulağına. Adam inana bilmir ki, Qulu şeiri uzun yaza bilər. Qısa və konkret. Aforizmli, zərb-məsəlli, bitkin, lakonik şeirlər yazır. Onun obazları şəkil kimidir. Aydın görünür. Mənə elə gəlir ki, obrazları qarabuğdayıdır.
Mən
Onun qucağını sevindirə bilmədim
O
Məni ata eləmədi
Tanrı gördü
Dinc bəndələrik
bizə baş “ağrısı” əta eləmədi.
Mən
Onu itiyim kimi sevdim
O
Məni tapdığı qədər .
Arabir fişəng atırıq
Aramızdakı sərhədə.
Mən
Onu atıb gedərəm
Zatım qırıqdı, bilir.
Başını qaldırıb soruşuram:
– Sən necə?
Gözünün yaşıyla
Eynəyimi silir…
Qulunun hadisələri nəzərdən keçirib sonra şeirlərində təqdim etdiyi həyat mətn kimi maraqlıdır. Deyim ki, Qulu bunun fərqindədir? Əsla yox. Heç vecinə deyil. Deyək ki, külək əsdiyinin fərqində olmadığı kimi. Qulu da belə.
Qulunun ədəbiyyata gəldiyi illər elə bir dövr idi ki, hələ bərkiməmiş yaradıcılıq, üslublar plastilin kimi hər tərəfə əyilirdi. Elə şair var ki, indiyə kimi beş-altı üslub dəyişib, yenə axırda gəlib Ramiz Rövşən kimi yazır. Özü də elə gözəl yazır ki, Ramiz Rövşən olmasaydı, bu zalım oğlu şair kimi çox sevilərdi. Həyat çoxunu belə bədbəxt elədi. Nə qədər Ramiz Rövşən havasına oynayan şair var. Belələrinin şeirinin qeydiyyatı yoxdur. Ramiz Rövşən üslubunun bir güncündə hələ ki, kirayə yaşayır.
Qulu müdrik adamdı. Əvvəla, təfəkküründən gələn şeir stixiyası, muğam intonasiyası onu büdrəməyə qoymadı. Bir də Qulu seçim edə bilən bir adamdı. Günlərin bir günü yolun ortasında dayandı, balaca çantasını açdı, damağına siqaret qoydu, o saat yolu sola buruldu. Qulu yolu sola dönərkən qarşısında bir şeir dayanmışdı. Bəlkə də onu düz yoldan bu şeir döndərib xilas eləmişdi.
…Bu qədər, balası.
Gecdir, uyu.
Gör göy üzü nə qədər qayğıkeşdir,
gecənin kürəyinə
ulduzdan piltə qoyur…
Çox təəssüflər olsun ki, bu gün ədəbi gündəmdə olanlar hələ ki, düz gedirlər. Dönmək-zad, filan yoxdur. Dayanmaqları da yoxdur. Ədəbiyyatda dayanmaq, əslində yazmaq deməkdir. Dönmək, burulmaq axtarış deməkdir. Amma çoxu… Heç bir yola-izə baxmadan gedirlər yox, e, qaçırlar. Qarşıda uçurum var amma. Qulu düz xətləri artıq qırmışdır. Hər qırılan xətdə cücərən mətnin işığında Qulu balaca çantasında nəsə axtarır. Qulunu çantasız və eynəksiz təsəvvür edə bilmirəm. Özü demiş, bəlkə də eynəklə doğulub. Çantanı da mən əlavə edirəm.
Qulu mənə “Fillər mənim dostumdur” filmindəki həkimi xatıladır. Qayğılı və eynəkli. Sahibinin uşağı xəstələnir, fil gəlir ki, həkimi aparsın, di gəl həkimi başa sala bilmir. Əlacsız qalan fil həkimin çantasını xortumuna alıb xəstənin yanına qaçır. Həkim də çantanın dalınca yüyürür. İndi Qulunun da balaca çantası var, asta-asta yeriyir, heç hara tələsmir. Hərdən götürüb qaçmaq istəyərəm onun çantasını. Aparıb qoymaq istəyirəm Ağdama.
Qulu Ağsəs (tam adı:Zeynalov Qulu Ağsəs oğlu) — Ulduz jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, Azərbaycanın əməkdar jurnalisti (2015).
HƏYATI Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub.
1993-cü ildə mükafat almışdır. “Avropa” qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.
27 mart 2014-cü ildə Ulduz jurnalının baş redaktoru təyin olunub. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.
YARADICILIĞI Əvvəllər Qulu Zeynalov, Qulu Baxış imzaları ilə yazmışdır. İlk şeirini 1978-ci ildə yazmışdır. 1980-ci ildə isə çap olunmuşdur. Lenin haqqında olan ilk şeiri “Azərbaycan pioneri” jurnalında çap olunub. Böyük ədəbiyyata 1990-cı ildə “Ulduz” jurnalında çap olunan şeirləri ilə gəlib. Şeirləri Türk, Rus, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilib.
“Sənsən hər yer”, “Külək poçtdu”, “Nabran novellası” və “Nöqtələr” kitablarının müəllifidir.
30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
KİTABLARI “Sənsən hər yer” “Külək poçtdu”, “Nabran novellası” “Nöqtələr”
“Şeirləri ilə ruhumuzu oxşayan, hisslərimizə toxunan Şair, insanlığı ilə ürəyimizə köçən, sevimli Adamdı Qulu Ağsəs. Bu gün onun günüdür. Nə yaxşı ki, dünyamıza gəlib, Sözümüzə gəlib. Təbrik edirəm. Çox yaşa, əzizim.” – Xanım İsmayılqızı
Bu gün gözəl insan, sevimli şair Qulu Ağsəsin doğum günüdür!!! Ad günü münasibəti ilə Qulu müəllimi təbrik edir, Uca Yaradandan sağlıqlı uzun bir ömür və bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun, Qulu müəllim!!!
1993-cü ildə mükafat almışdır. “Avropa” qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.
27 mart 2014-cü ildə “Ulduz” jurnalının baş redaktoru təyin olunub. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.
AĞAM!.. ADAM!.. AĞDAM!.. “Sən öl”ü, “sağ ol”u bəlli, yaranandan üzü bəri yasında Yasin oxunan, toyunda tüfəng atılan – şəhərim! Dünyanı bazara çıxaran, dünya bazarında satılan – şəhərim! Yuxarı başına keçən kafirə yuxarıdan aşağı baxan, Allahdan da çəkinməyən, bircə əsarətdən qorxan! Ağ alınlı qızılı atların vətəni, seyid cəddinə içilən andların vətəni! Sən dar gündə Şuşaya arxa, Xocalıya ümid oldun. Son nəfəsəcən döyüşdün, son nəfərəcən şəhid oldun… Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim! Şükür külünə, şükür qayıdış gününə! Sevincdən ağlımız çaşıb, yüz min dəliynən gəlirik. Bir “Uzundərə” havası çal, çıx Bərdə yoluna – Uzundərəynən gəlirik!.. 15.11.2020. Müəllif: Qulu AĞSƏS
AĞDAM Ağdam – sehirli bir səs, Ağdam – muğam məktəbi. Burda doğulanların Başqa cür olur təbi. * * * Qədirin, Səxavətin, O Arifin səsidir. Ağdam Şahmarın sözü, Familin nəfəsidir. * * * Xudu Məmmədov ondan Aldı könül odunu. Elmi, ədəbi ilə Hey ucaltdı adını. * * * Şahmalının şux səsi Yenə Ağdamı öyür. O şəhid xanəndənin Səsi də “Vətən” – deyir! * * * Səs qalası qalmadı Əlində yağıların. Var olsun Allahverdi, Şirintək oğulların! Müəllif: Mina RƏŞİD
Qələbə günlərində Ağdamlı dostum Afəridə xanımın arzusu ilə yazdığım şeiri diqqətinizə çatdırıram.
MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM! Qaçqın düşdqük, əzab çəkdik aramsız, Nə zalımmış bu erməni, bu qansız! Düz iyrimi yeddi ili Ağdamsız, Bu dünyaya sanki kordum Ağdamım, Mənim doğma, gözəl yurdum Ağdamım! * * * Ayrı düşdün bu illər ki, elindən, Düşməmisən bir ağdamlı dilindən. Aldı səni yağıların əlindən, Baş komandan, şanlı ordum, Ağdamım, Mənim doğma, gözəl yurdum, Ağdamım! * * * Ürəksizmiş harda olsa vətənsiz, Baş neyləsin, dil neyləsin bədənsiz? Anlamıram, bu illəri mən sənsiz, Necə dözdüm, necə durdum Ağdamım? Mənim doğma, gözəl yurdum, Ağdamım! * * * Şükür, dönüb qucağına gəlmişəm, Sevincimdən ağlamışam, gülmüşəm. Qiblə sanıb, səni Məkkə bilmişəm. Yenə səndə binə qurdum Ağdamım, Mənim doğma, gözəl yurdum, Ağdamım! * * * Uca olsun onun adı, həm şanı, Min yaşasın Ali Baş komandanı.—* O bəxş etdi bu payızda xoş anı, Bu həsrəti başa vurdum Ağdamım, Mənim doğma, gözəl yurdum, Ağdamım! Yaşa mənim əzəl yurdum Ağdamım!
2011-ci ildə yazdığım bu şeirin qəhrəmanlarının arzularının bir addımlığında ola biləcəyini təsəvvür belə edə bilməzdim. Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasının 20 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün, Gəncəyə getmişdik. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qatarla gəlməli olmuşdular. Onlar qaldığımız otelə çatanda Rəşadı heç vaxt görmədiyim ovqatda gördüm. Rəngi qaralmışdı. Hiss olunurdu ki, bütün gecəni yatmayıb. Mən adətən onun zarafatlarına alışmışam. Harda olursa, ora pozitiv enerji ötürür. Bu dəfə isə fərqli mənzərə ilə qarşılaşmışdım. Soruşdum ki, nə olub? Dedi, sonuncu dəfə qatarla 25 il öncə Ağdama getmişdim. İndi qatarla gəlmək məni o illərə apardı, yenidən o hisləri yaşadım. Bura çatana qədər əzab çəkdim. 25 ildir Ağdama gedə bilmirəm. Hər dəfə qatar görəndə bu hala düşürəm. Sonra da dedi ki, istəyirəm, sən bu barədə şeir yazasan. Qəribə də olsa, mən özümü Rəşad Məcidin yerinə qoydum və “Ağdam qatarı” (Kabus qatar) adlı şeir yazdım. Şeir populyarlaşdı, Rəşad şeiri oxuyandan sonra dedi ki, elə bil, qatarda mənimlə birlikdə olmusan. O hisləri olduğu kimi, ən xırda detallarına qədər yazmısan. Beləliklə, “Kabus qatar” şeiri belə yarandı və mən ilk dəfə idi ki, başqa bir adamın təəssuratlarını, yaşantılarını öz təəssuratlarım, yaşantım kimi qələmə alırdım. Özümü o qatarın içində hiss edirdim…
I hissə
Nisgil var gecənin qaranlığında, Sükuta bürünüb Bakı vağzalı… Gözlərim yol çəkir yol ayrıcında… İçim başdan-başa gözləmə zalı… * * * Uyuyur saçımda izi illərin – Bir kövrək baxışa, sığala möhtac. Dolaşıb kələfi xatirələrin – Üfiqlər dolanbac, yollar dolanbac… * * * Dünənə aparan yollar uzaqda, Qapısı bağlıdır hələ yolların… Dayanıb sakitcə dayanacaqda Yolunu pusuram ayrılıqların… * * * Sükuta bürünüb vağzal, Sükuta… Bir dil istəyirəm dindirə məni… Bir əl istəyirəm əlimdən tuta Ağdam qatarına mindirə məni… * * * …Saata baxıram: «Hələ vaxta var…», Bələdçi perronda kölgə tək susur… Gözümdə yol gəlir bir kabus-qatar İçimdə yol gəlir həsrət kabusu… * * * «Bələdçi, bələdçi! Niyə donmusan? Danış! Din! Cavab ver! Açılsın səsin! De, «qatar Ağdama gedir…» De, qardaş… De, «yanlış yazılıb «Gəncə» lövhəsi». * * * …Bələdçi biletə baxır sakitcə, …Bələdçi nə bilsin içimdə nə var? Lövhədə «Gəncə»di, biletdə «Gəncə», Gözümdə… «Ağdama gedir bu qatar». * * * …Bu qatar Gəncəyə gedir… Gəncəyə… Bəlkə də Ağdama gedib nə vaxtsa. Bəlkə bir iz tapdım, «təsəlli», – deyə Dəhlizə boylansam, kupeyə baxsam… * * * …Kupe də bənzəyir həmin kupeyə, Dəhliz də bənzəyir, pəncərələr də… Elə bu qatarla, elə bu yolla… Qaçmaq istəyərdim xatirələrdən. * * * Kupedə sükut var… Bu dəli sükut Bir yetim təsəlli yoğura bilmir… Kirpiyim altında titrəyən bulud Bir damla göz yaşı doğura bilmir. * * * Xatirə qoxuyur aldığım nəfəs… Hayqırır geri dön, geri dön, Rəşad! Mənə divan tutur içimdəki səs: “Bu qatar Ağdama getmir, en, Rəşad!”. * * * …Siqaret tüstüsü dolur gözümə Dumana bürünür xatirələrim. Hardasan, ey mənim itkin qatarım?! Hardasan, ey mənim qərib şəhərim?! * * * …Hər gecə Ağdama bir qatar gedir Ayrılıq daşıyır… Qayıtmır geri… Hər gecə Ağdamdan bir qatar gəlir – Didərgin ruhlardı sərnişinləri… Didərgin ruhlardı sərnişinləri…. Gəncə-Bakı, 2011.
II hissə Ümid var gecənin qaranlığında, İşıq var… Seçilmir gecə səhərdən. Tanrının ən gözəl çılçırağından Nur yağır… süslənir minarələr də… * * * Bu payız geriyə qayıdıb bahar – Qürub da görünür bizə dan kimi. Yurda addım-addım dönür dualar – Tanrı dərgahına qayıdan kimi… * * * Səhər də açılır azan səsiylə – Hopur yurd yerinə əsgər nəfəsi. Ağdama xalqımın iradəsiylə Dəmirdən yol çəkir əsgər çəkməsi… * * * Qarabağ… Qara bax Murov dağında… Elə bir zirvədə qar çiçəkləyir – Min şaxə ayrılır hər budağından Kəlbəcər yolunda nar çiçəkləyir. * * * İndi bütöv elim – bütöv taleyim, Dünyanın ən gözəl ölkəsindəyəm. Ən uca zirvəyə könül bağlayan Üçrəngli bayrağın kölgəsindəyəm. * * * Gəlir azan səsi minarələrdən, Kimsə ahəngini pozmasın, Vətən! Bayraq pıçıltısı, azan sədası Başımın üstündə… Susmasın, Vətən! * * * Sən bizi ümidsiz qoymadın, Allah, Bilirdik… Ayrılıq bitəcək bir gün. Didərgin ruhların keşik çəkdiyi Ağdama qatar da gedəcək bir gün…
“Sən öl”ü, “sağ ol”u bəlli, yaranandan üzü bəri yasında Yasin oxunan, toyunda tüfəng atılan – şəhərim! Dünyanı bazara çıxaran, dünya bazarında satılan – şəhərim! Yuxarı başına keçən kafirə yuxarıdan aşağı baxan, Allahdan da çəkinməyən, bircə əsarətdən qorxan! Ağ alınlı qızılı atların vətəni, seyid cəddinə içilən andların vətəni! Sən dar gündə Şuşaya arxa, Xocalıya ümid oldun. Son nəfəsəcən döyüşdün, son nəfərəcən şəhid oldun… Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim! Şükür külünə, şükür qayıdış gününə! Sevincdən ağlımız çaşıb, yüz min dəliynən gəlirik. Bir “Uzundərə” havası çal, çıx Bərdə yoluna – Uzundərəynən gəlirik!..