İnsan yaşlaşdıqca zahiri görünüşü gündən-günə nurlanırsa, bu, insanın daxili aləminin zənginliyindən xəbər verir. Ətrafı işıqlandırır… Ovqatını təzələyir, sənə yeni ruh verir.
Millət, xalq insanı, seçilmişləri ilə tanınır İnsan özünü dərk edəndən, vətən məhfumunu anlamağa başlayandan könlündən, düşüncəsindən həmişə xüsusi bir istək keçir: “Özününküləri – öz millətinin nümayəndələrini ön sırada görmək”. Normal istəkdir. Tanıdıqlarını, görmək istədiklərini yüksək kürsülərdə görəndə, qazanılan titullar sırasında adını, mötəbər məclislərdə səsini eşidəndə ürəyin dağa dönür. Qürurlanırsan. Daxili bir rahatlıq tapırsan. Mövcud elmi nəzəriyyələrə ehkam kimi baxmayan, elm avtoritetləri qarşısında baş əyməyən, dünya elmi ictimaiyyəti tərəfindən qəbul və geniş istifadə olunan elmi nəzəriyyələri, o cümlədən “Sistemlərin dayanıqlıq nəzəriyyəsi”, “Ümumi qərar qəbuletmə nəzəriyyəsi” və “Yeni qeyri-müəyyən ədədlər hesabı” ilə millətə baş ucalığı gətirən, hamının uğurlarına sevinən, hamımızı ruhlandıran professor Rafiq Əliyev kimi. R.Əliyevin respublikamızda və xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində müstəsna rolu var. O, informatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəb yaradıb, Azərbaycanda, Rusiyada, Almaniyada, Türkiyədə, Kiprdə, İranda və başqa ölkələrdə 150-dən çox elmlər namizədi, 30-a yaxın elmlər doktoru hazırlayıb. Onun yetişdirdiyi alimlər bu gün dünyanın müxtəlif ölkələrində uğurla çalışırlar. Rafiq Əliyevin üstünlüklərindən və uğurlarından biri də dünyanın qəbul etdiyi RAFIQ ƏLIYEV MƏKTƏBİdir. Dünyanın aparıcı elm ocaqlarından, nüfuzlu (indeksli) jurnallarından səsi gələn yetirmələri hazırda onun yaratdığı məktəbin ənənələrini təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də davam etdirirlər. R.Əliyevin rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir dünyanın bir sıra ölkələrində “Qeyri-səlis sistemlərin tətbiqi”, 2000-ci ildən başlayaraq hər iki ildən bir həm Daşkənddə “Qeyri-səlis sistemlərin tətbiqi və Soft Computing”, həm də müxtəlif şərq ölkələrində “Sistem təhlilində, qərar qəbuletmə və idarəetmədə sözlə hesablama və Soft Computing” üzrə beynəlxalq elmi konfranslar keçirilir. O, Almaniya, İtaliya, İspaniya, Fransa, Türkiyə, Kipr və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfransların yaradıcısı və sədridir. Onun rəhbərliyi altında keçirilmiş belə konfransların sayı 30-dan çoxdur. O, bu konfransların birincisini hamımızın nağıllar, röyalar şəhəri olan doğma Təbrizdə keçirib. Bu da təsadüfü deyil. Rafiq müəllim o illəri belə xatırlayır: “Təbriz mənim yuxularımın şəhəri idi. Tanrı elə qismət elədi ki, 3 il Təbriz Universitetində çalışmalı oldum (1992-1994, ildə 3 dəfə 1 ay). Bu illər ərzində yeni ixtisaslar açdıq, elmlər doktorları hazırladıq, müasir elm sahələri üzrə ingilis dilində 3 kitab dərc etdirdik. Ancaq düşünürdüm ki, Təbrizin adını yüksəklərə qaldırmaq, yaşatmaq üçün bu azdır. Dostum, Təbriz Universitetinin rektoru, professor Hüseyn Pur Feyzi ilə dünyada Təbrizin adını yüksəltmək üçün ilk beynəlxalq elmi konfransı Təbriz Universitetində keçirməyi qərarlaşdırdıq. Bütün elmi, təşkilati işləri həyata keçirdik. Konfransa dünyanın müxtəlif ölkələrindən – Amerika, Almaniya, Rusiya, Türkiyə, Azərbaycan və s. ölkələrdən – 500-ə yaxın alim və mütəxəssislər gəlmişdilər. Konfransa bir neçə gün qalmış belə bir fikir irəli sürüldü ki, bu konfrans Tehranda keçirilsin. Mən qətiyyətlə bildirdim ki, bu elmi konfransın keçirilmə yeri Təbriz olmalıdır. Dünya Təbrizi qoy bir elmi mərkəz kimi də tanısın. Bu təkid nəticə verdi. Axı mən düşünürdüm ki, böyük Nizami demişkən;
Qüvvət elmdədir, başqa cür heç kəs Heç kəsə üstünlük eyləyə bilməz.
Konfrans çox uğurla keçdi. Bu Təbrizimizin uğuru idi”. Rafiq Əliyev haqqında açıqlama verən Lütfi Zadə görkəmli professorun “İnperfekt (qeyri-müəyyən) informasiya şəraitində yeni qərar qəbuletmə nəzəriyyəsi” işinə görə Nobel mükafatı ala biləcəyini deyib. (Yəni hər hansı bir həyatı məsələ ilə bağlı qərar qəbul edilən mühitdə qeyri-müəyyən şəraitdə informasiya tam, müəyyən olmadığı halda müvafiq, səmərəli, bütün cəhətlər nəzərə alınaraq qərar qəbul edilsin). Bütün bunları eşitdikcə qürur hissi keçirirsən. Rafiq müəllimin dünyanın aparıcı universitetlərində tədris olunan xeyli sayda kitabları var. 74 kitabı müəllifi olan Rafiq Əliyev kitabı qonorara, mükafata, təltifə görə yox, ancaq yeni ideyası olanda yazır. Bəşəriyyəti tərəqqiyə, inkişafa aparacaq, yeni nailiyyətlərin özülü qoyulacaq bu kitabların müəlifinin səninlə bir zamanda yaşamasının, sənin həmvətənin olmasının özü bir xoşbəxtlikdir. Nə mutlu bizlərə ki, Rafiq müəllimlə eyni zamanı və eyni məkanı bölüşürük. Biz çox zaman özümüzünkülərin – yanımızdakıların qədrini, dəyərini bilmirik. Onlar haqqında əcnəbilərin fikrini eşidəndən sonra qayıdıb ona yenidən baxmalı oluruq. Amma içimizdə hələ də tərəddüd qalır. İnana bilmirik ki, dahi deyilən adamlar bizimlə bir arada yaşaya bilərlər. Onlardan biri bizim tanıdıqlarımızdan biri ola bilər. Biz zamanında özümüzünküləri qiymətləndirmirik. Bizi daima artıq gec olan yoxluq silkələyir. Tərpədir… Rafiq müəllimin bütün məsələlərə yanaşması qlobaldır, fundamentaldır. Onun yanaşmasında məsələnin özündən çox onu yaradan səbəbləri – qaynaqları öyrənmək, onu törədənlərin nədənlərini açmaqdır. Hadisəni, situasiyanı, onu doğuran səbəbləri araşdıraraq nəticə çıxarmaqdır. Bu ən xırdadan tutmuş, ən böyük məsələlərə, hadisələrə zaman və məkan baxımını nəzərə almaqla elmi baxış etmək, əsaslanmış qərarlar qəbul etmək bacarığıdır. Bu fikirlərdə, yanaşmalarda dəqiq elm sahəsi ilə məşğul olan adamın baxışının, gəldiyi qənaətin olduğu açıq-aydın hiss olunur. Fərqlilik də elə bundadır. Rafiq müəllimin uğurlarının fövqündə insanın azadlığı, azad düşüncə sahibi olması dayanır. Daxili azadlığını həmişə qoruyan Rafiq müəllim hərəkətləri, davranışları ilə nümunədir. Bir də nəfsə qarşı olmağı. “İnsanı şəxsiyyət edən onun nəfsidir. Bütün məsələlərin kökündə nəfs dayanır. Nə qədər savadlı, yaradıcı insan olaraq, elmi dərəcən və ya hər hansı yüksək vəzifə sahibi olsan belə, onda şəxsiyyət olursan ki, nəfsinə hakim kəsilə bilirsən. Bu halda həm də şəxsiyyət kimi yaddaşlarda qalırsan. Bütün səhv addımlarına rəğmən, insan özünü necə təqdim etməsinə, onun hansı formada təqdim edilməsinə baxmayaraq, istənilən halda məhz nəfsinə hakim olanlar yaddaşlarda qalır, xatırlanır…”.
Həyat çətinliklərlə zənginləşir Zəhmət insanı ən uca zirvəyə qaldırır. İnsanı çətinliklər bərkidir. Püxtələşdirir. Bir də gendən gələn şeylər var. Sən onun daşıyıcısısan. Daşıyırsan və ötürürsən. Təmizlik, daxili saflıq, xarakter… Rafiq müəllim təmiz yaşamaqdan, öz zəhmətinin sayəsində qazanaraq dolanmaqdan söz düşəndə daima iki şeyi misal gətirir: “Atam Ağdamda idarə müdiri işləsə də, ailəmizi ancaq maaş ilə dolandırırdı. Bu pul ailənin yeməyinə və geyiminə çatırdı. Uşaqların kitab-dəftərinə pul qalmırdı. Uşaq vaxtı barama qurdu saxlayırdıq ki, il ərzində lazım olan kitab-dəftəri ala bilək. Bir dəfə tut ağacına çıxıb budağı qıranda dəhrə əlimdən çıxıb ayağıma dəydi. O iri göy yara yeri qıçımda indi də qalır. Hər dəfə onu görəndə o günləri xatırlayıram. Qıçımdakı o göyərti mənim “Həyat mayakımdır”. Moskvada aspiranturada oxuduğum illəri tez-tez xatırlayıram. Təzə evlənmişdik. Aldığım təqaüd ayın axırına çatmırdı. Aidə xanım utana-utana mağazadan bir alma, iki kartof alırdı. Amma mənə heç nə demirdi. Sonra müdafiə etdim. Maaşım artdı. Ev aldım. Mükafat aldım. Kitablarım çıxmağa başladı… İmkanlarım xeyli genişləndi. Amma o günləri heç vaxt unutmadım. Bir dəfə elmi rəhbərim bizi evinə qonaq çağırdı. Qış vaxtı idi. Aidə xanım nazik ayaqqabı geymişdi. Professor Petrov ayaqqabını görüb təəccübləndi ki, qarda belə ayaqqabımı geyərlər? Dinmədik. Deyə bilməzdik ki, elə olanı budur. Yəni biz bu əzablardan keçib gəlmişik”. Rafiq müəllim çox dözümlüdür. Ən ağır hadisələrə, situasiyalara müdrikcəsinə yanaşma var bu müdrik insanda. Yaxınlarını, doğmalarını belə əsəbləşdirən, özündən çıxaran insanlara, hadisələrə ötəri bir təbəssümlə yanaşır. Alim olmayıb özünü alim kimi (hətta dünya səviyyəli alim kimi) təqdim edənlərə də, danışıqlarında özü olmayanlara da, yalançı vətənpərvərlərə də. “O da elədi. Mən onu olduğu kimi qəbul edirəm”, – söyləyir. Emosiyasız. Sakitcə… Böyük olaraq. “Siz ona niyə elə reaksiya verirsiz. Hamı eyni cür olsa, dünya yeknəsək olar”, – deyərək. Onun təbəssümü qarşısında boşalırsan, yumşalırsan. Qeyri-ixtiyari sən də olanları elə o təbəssümlə də qarşılamalı olursan. Hər halda o anda… İlk baxışdan, danışıqdan, təmasdan sadə, sakit görünən, səsində, baxışında daima qəribə bir mülayimlik hiss olunan bu insanda işinə, yoluna, əqidəsinə qarşı inanılmaz bir prinsipiallıq var. Dönməzlik var. Və bir də xoşlamadığı, fikir və düşüncələri üst-üstə düşməyən insanların yaxşı işini görəndə, xoş xəbərini eşidəndə onları o məqam üçün qiymətləndirməsi və hadisəyə sevinməsi. Bəlkə də, budur insanların ona olan sevgisinin səbəbi. “Dünyanın tanınmış alimisiz, tez-tez elmi konfranslarda sədr, ya iştirakçı kimi iştirak etmək üçün ABŞ-a, Avropa ölkələrinə getməli olursunuz. Niyə gedib ABŞ-da, ya Avropa ölkələrinin birində yaşamırsız?”, – deyə soruşanlara, “mən indi işğalda olan Qarabağda doğulmuşam. Onu bu vəziyyətdə qoyub hara gedim?”, – cavabını verən Rafiq müəllim söhbətlərində, hətta elmi müsahibələrindəki pauzalarda da xəyalən o yerlərə gedir. O yerləri gəzib gəlir. Ağdamdakı evlərinin eyvanındakı mizin siyirtməsindəki yazılarında qalan uşaqlıq xatirələrini yada salır. Olanlardan-keçənlərdən danışır. O illərlə söhbət edirmiş kimi… Musiqini çox sevir. Bəlkə də, bu onun doğulub boya-başa çatdığı yerlə, məkanla – Qarabağla, Ağdamla bağlıdır. Klassik musiqini, muğamları, bəstəkar mahnılarını sevə-sevə dinləyir. Orta məktəbdə tar sinfinə getməsi ona musiqi ilə bağlı fikrini bildirmək imkanı verir. “Zəminxarə”yə qulaq asmaqdan doymur. İnsan kənara çıxdıqca Vətənini, yurdunu və millətini daha çox sevməyə başlayır. Yəqin məsafə sevgilə düz mütənasibdir. Dünyanın harasında olursa olsun, onun adının yanında Azərbaycanın, Ağdamın, doğulduğu Novruzlu kəndinin adının yazılması, səslənməsi və onunla bağlı, əsasən də, xarici dilli yazılarda bu adların olması ona xüsusi xoş bir əhval-ruhiyyə gətirir. Zövq verir. “Mən yurdumu, vətənimi, Azərbaycanımı dünyada tanıtmağa çalışıram”, – söyləyir. Fikirləri, düşüncələri, ideyaları ilə dünyanı gəzən, dünyanın elm nəhənglərini öz düşüncəsi, ideyaları ilə təəccübləndirən bu adamın məmləkətinə, millətinə xüsusi bir sevgisi var. Hər şeydə nəfsini saxlaya bilən Rafiq müəllim dostlara olan sevgi nəfsini saxlaya bilmir. Düşüncəsi, əqidəsi üst-üstə düşən insanları görəndə, “Bu gün mən daha çox qazandım, sizləri tanıdım. Dost qazandım”, – deyir. İnsanın yeni nailiyyətinə, uğuruna çox sevinir. Demokratik düşüncəli, daxilən azad insan görəndə, “hələ bu millət ölməyib, öləziyib”, – deyərək, daxilən bir rahatlıq tapır. Milləti, xalqı, dövləti tanıdan, ucaldan hər kəsin uğurunu öz uğuru sayır. Uğura sevinir. Nə yaxşı ki, sevə-sevə ömrünü həsr etdiyi elm sahəsi var. Ona, ölkəsinə, hamımıza uğur və sevinc gətirən elmi nailiyyətləri var. Gözəl övladları, nəvələri. Bir də dəyər verdiyi yaxşı dostları var. Rafiq müəllim ayrılıqdan ayrıla bilmir. Ayrılmaq istəmir. Qarabağ itkisindən sonra onun da içində bir həsrət, ayrılıq var. Yurd həsrəti. Yurd ayrılığı. Bu ayrılıqların üstünə bir əbədi ayrılıq da gəldi. Onu xatirələrin qoynuna alıb aparan, hər an yada salan, yadlaşmayan, onu tək buraxmayan həyat yoldaşı Aidə xanımın ayrılığı… Rafiq müəllim son vaxtlar bağ evinə ancaq dostları ilə gedir. Hər dəfə hamı oranı tərk edəndə bağı bir neçə dəfə təkcə addımlamağa başlayır. Hərdən əlini çənəsinə dayayaraq nələrəsə cavab verirmiş kimi dayanıb gözünü bir nöqtəyə zilləyir. Üzünün ifadəsi dəyişir. Baxışlar dəyişir… Sanki “Ayrılıq nə yaman çətin, ağır olurmuş”, – söyləyir özü-özünə. Heç kim onu o ovqatdan ayırmaq istəmir. Hamı bilir ki, o, indi tək deyil. (Əslində son vaxtlar həmişə belə olur.) Yanındakı xəyalıyla üstünü qum örtmüş köhnə addım izlərinin üzəri ilə qoşa addımlarla həyəti gəzməyə başlayır. Hərdən budağı yuxarı qaldırır ki, yanındakına toxunmasın. Əlini qolundan keçən əlin üstünə qoyub yanındakına nəsə pıçıldayır, nəyisə xatırladır. Ağacın yarpağını sığallayır, çiçəyini qoxlamaq üçün ona tərəf əyir. Uzaqlardakı, xatirələrdəki sevincli günləri, sanki təzədən yaşayır. Həyətin sonundakı hasara çatıb dayanır. Bir vaxtlar yaşıl, güllü-çiçəkli bağın nə tez solduğunu, saraldığını, sanki indi görür. İndi hiss edir. Geriyə dönüb ətrafa – saralan, quruyan güllərə, çiçəklərə baxır… O, olan hər yerlərdə ONU arayır. Sonda başını qaldırıb yoxluğu evin eyvanında axtarır. Səhərlər, axşamüstü o eyvandan bəslədiyi güllərə, çiçəklərə, ağaclara və ona baxan, ONA……. Üzünə qonmuş müvəqqəti təbəssüm sönür. Gözündəki sevinc yox olur. Dayanıb uzaqlara baxır. Həyət qapısı bağlanmamış bir də geri dönüb olanları yerinə qoyur. Xatirələri bir həftəlik könülsüz baş-başa buraxıb, sevinci yox olmuş, şənliyi sönmüş bağ evindən çıxır… Ən çox danışan sükutdur, deyirlər. Rafiq müəllimin sükutu adama hər şeyi deyir. Eşitmək istədiyini də, demək istədiyini də. Onunçün pauza fikirlə qərar arasındakı son aralıqdır. Qərarlaşma zamanıdır. Söhbət, danışıq əsnasında yaranan pauzadan sonra bilirsən ki, fikrin tam əhatəli yekunu veriləcək. “Rafiq Əliyev dünyanın ən görkəmli alimlərindən biridir. Hər bir ölkə istəyər ki, onun Rafiq Əliyev kimi alimi olsun”, – söyləyir, Böyük Lütfi Zadə. Rafiq müəllim həqiqətən xalq üçün, millət üçün lazım olan çox əziz bir varlıqdır. Töhfədir. Bu reallıqdır. Aristotel məntiqini qəbul etməyən, 0-la 1 arasında nə qədər rəqəmlərin, ağla qara arasında çoxlu sayda rənglərin, rəng birləşmələrin, kəskin fərqlər arasındakı keçidlərin olduğunu sübut edən, bunlarla bağlı yeni nəzəriyyələr yaradan adamın son vaxtlar ancaq qara geyinməsi də başa düşüləndir… Özü nefti sevməsə də, nədənsə Rafiq müəllimə kənardan baxanda o, mənə nefti xatırladır. Amma Azərbaycan neftini yox, Norveç neftini. (Onu neft buruqlarına bənzədirəm. Uzaqdan səmanın qoynunda görünən neft buruqlarına). Xalqın, insanların gələcəyinə yönələn, xeyir verən, hamının ola bilən və ondan hamıya pay düşəsi milli sərvətə. Rafiq müəllim işıqlı adamdır. Nurlu adamdır. Adam onunla söhbətdən doymur. Yeni enerji, güc, yaşamaq həvəsi alır. Hər dəfə ondan ayrılanda mənən doyduğunu hiss edirsən. Çox pozitivdir. Səmimiyyətiylə, qayğısıyla. Doğmalığıyla. Onda xüsusi bir cazibə var. Təmizlikdən, saflıqdan, səmimiyyətdən doğan cazibə. Heç bir umacağı olmayan bu adam insana sevgi, ümid və xoş ovqat bəxş edir. Rafiq müəllim söhbət əsnasında Əhməd Ağaoğlundan “Qarabağlılar yaman and içən olurlar” iqtibasını gətirir. “Sənin əziz canın üçün”, – deyib, sözünü davam etdirir. Bu, Rafiq müəllimin kimə nəyi isə inandırmaq fikrindən irəli gəlmir. Onsuz da hamı onun səmimiyyətinə, dürüstlüyünə qeyri-şərtsiz inanır. Hamı bilir ki, bu and, and içdiyi adamın ona əziz, doğma olduğunu bildirmək üçündür. Rafiq müəllim bunu o qədər səmimi və gözəl edir ki, hamının içindən Rafiq müəllimin onun canına and içməsi keçir. Mən bilirəm Rafiq müəllim ingilis dillilər üçün yazdığı kitabları ingiliscə, alman dillilər üçün almanca, rus dillilər üçün yazdığı kitabları rusca yazır. Görəsən Rafiq müəllim ingilis, alman, rus dillərində danışanda da ona Qarabağın danışıq şirinliyini qatırmı? Eynəyin arxasından gözlər eyni bir nöqtəyə dikiləndə düşünürsən ki, beyində hansısa bir hesablama, əməliyyat gedir. Çox dəqiq bir analiz aparılır. Bu proses bir müddət davam edir. Hansısa bir qənaətə gələnə qədər. Vaxt Rafiq müəllim üçün daha əhəmiyyətlidir, vacibdir deyib, növbəti görüşü, ünsiyyəti gözləməli olursan. Narahat etməkdən çəkinirsən. Hansısa ideyanın gecikməsindən ehtiyatlanırsan. Onunla zamanın necə keçdiyini duymursan. Çünki yorulmursan. Öyrənirsən. Saflaşırsan… Üzünə xoş təbəssüm qonur. İçinə rahatlıq gəlir. Ovqatın təzələnir. Təmizlənirsən. Durulursan. Ziyarətə getmiş kimi…
Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) təhsil alıb.
Müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycan Milli Ordusunda zabit kimi ön cəbhədə qulluq etməklə bərabər, həm də Milli Ordunun yaradılmasında iştirak edib. Ordu Birləşməsi Komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri fərmanlarla, gecə döyüşünün təşkilinə görə qol saatı, müxtəlif hədiyyələrlə təltif olunub.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Qapı”(2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013), “Su üzərində bahar” (2019), “Şəhid qardaşlar” kitablarının müəllifidir.
Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” kitabını tərtib edib.
“Qarabağ – Həsrətdən Zəfərə” kitabları nəşrə hazırlanır.
Çağdaş dünya ədəbiyyatını, xüsusi ilə polyak şairlərinin şeirlərini dilimizə tərcümə edib.
“Qəfil görüş” çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir.
Polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” kitabını hazırlayıb.
Çoxlu sayda kitabların redaktorudur.
Azərbaycan və İctimai Radiolarda Qarabağla bağlı esse və publisistik yazılarından ibarət kompozisiyalar hazırlanıb.
Beynəlxalq Rəsul Rza mükafatı laureatıdır (2006). (“Qarabağ Qazisi haqqında ballada” poemasına görə).
Prezident mükafatçısıdır (2011).
“Şopenin ürəyi” poemasına və dahi bəstəkar Frederik Şopenin 200 illik yubileyi ilə əlaqədar Şopenin Azərbaycanda təbliğinə görə Polşanın Mədəniyyət və Mədəni İrs naziri tərəfindən xüsusi Diploma layiq görülüb.
Ədəbiyyat üzrə Nobel Mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik tədbirində Azərbaycanı təmsil edib.
“Mədəniyyətlərin Dialoqu və İnteqrasiyası Mərkəzi” İB-nin sədridir.
“Ədəbi ovqat” dərgisinin təsisçisidir.
Şeirləri ingilis, polyak, italyan, alman, fransız, rus, ukrain, özbək dillərinə və Anadolu türkcəsinə çevrilib.
Bu gün Təranə MƏMMƏD öz “Sirr”ini oxucularla bölüşdü. İçərişəhər – Bookhouse & Cafedə gerçəkləşən görüş məkana, mən deyərdim ki, söhbətin predmetinə uyğun olaraq bir qədər fərqli formatda təşkil olunmuşdu. Əksəriyyəti adlı-sanlı qələm adamları olan qonaqların oxucu qismində iştirak etdiyi görüş geniş və əhatəli diskusiya şəklində əsl nümunəvi bir tədbir kimi yaddaşlara yazıldı. Tədbirdən fotolar:
Qаrа-qırmızı Хоcаlı (muğаm üstündə охunаn аğı) Qаr yаğаn göylərə qаn püskürürdü Müqəddəs tоrpаğın yаrаlаrındаn. Bu gecə heyrətdən dаğlаr dа dоnub, Dоnub heyrətindən qаrаlаn bulud. Bu gecə qаn yаğır аğ qаr üstünə. Bu gecə Хоcаlı аl-qаn rəngində, Bu çаylаr, meşələr аl qаn içində. Bu gecə аğаcın yаrpаğı biz-biz, Аğlаyır, sızlаyır qаr içində iz. * * * Evinə qаçаnlаr evindən qаçır, Özünə qаçаnlаr özündən qаçır, Аnаlаr sinəsin gülləyə аçır. Şахtаdа о bаyrаq körpə əlinin İçində dоn vurmuş bir ümid yаtır, İnləyən, bоğulаn bir ümid bаtır. Bir ümid çırpınır şəhid əlində. * * * Bu gecə göylərdən qаnlаr tökülür- Bizim üstünə qəzəb qаnlаrı, Bizim içinə əzаb qаnlаrı. Bu gün qаn içində üzür Хоcаlı, Dərdi süzgəcindən süzür Хоcаlı, İndi хəyаllаrdа gəzir Хоcаlı. Gəzir ölkə-ölkə, gəzir elbəel, Gəzir fəsil-fəsil, gəzir ilbəil. Sinədə, аlındа gəzir Хоcаlı, Hər kəsin cаnındа gəzir Хоcаlı, Yаrаlı Хоcаlı, əsir Хоcаlı. * * * Qаn, qаrın üstünə ХОCАLI yаzır. Bu gecə dərdlər də qаrа-qırmızı. * * * Хоcаlı Vətənin qаn yаrаsıdı, Хоsаlı Vətənin cаn yаrаsıdı. İnsаnlаr cаn verir, cаn gecəsində, İnsаnlаr cаn verir, qаn gecəsində. Bir оrdu yeriyir, bir şər оrdusu- Kimsəsiz, günаhsız insаn üstünə, Yenə qаn tökülür zаmаn üstünə. * * * Bu qаnlı gecədə yer-göy аlışır Bu qışın, sоyuğun sаzаqlаrındа. * * * Bəşərin sоnuncu fаciə günü Dünyаdа bir kimsə yаtа bildimi? Bu gecə dünyаnın sоn qəm gecəsi, Bu gecə dərdlərın ilk cəm gecəsi, Bəşərin sоnuncu mаtəm gecəsi, Bizi qаn içində bаtırıb gedir. * * * Gör neçə illərdi dоnub Хоcаlı. Bu yerin yаzınа hələ qаr yаğır, Bu хаlqın bаşınа hələ qаn yаğır. * * * Dоn vurmuş körpənin qаrlı izini Yаyın istisi də əridə bilmir. Хоcаlı hаrаyın, Хоcаlı səsin, Dünyаnın sükutu kiridə bilmir…
Xocalısız 30 il 44 günlük müharibədə işğal olunmuş ərazilərimizin əksər hissəsi Ordumuz – qəhrəman döyüşçülərimiz tərəfindən azad olundu. 28-30 il həsrətində olduğumuz torpaqlara, yurd yerlərimizə qovuşduq. Bu Qələbə torpaqlarımızla birlikdə qürurumuzu, şərəfimizi özümüzə qaytardı. Qarabağın çox yerləri işğaldan azad olundu. Bu illər ərzində xəyalı ilə yaşadığımız Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Xocavəndin bir hissəsi (Hadrut), Şuşa, Ağdam, Laçın, Kəlbəcər də… Bu sevinc ağrılarımızın böyük bir hissəsini unutdurdu. Lakin Xocalı ağrısı, Xocalı müsibəti hələ də içimizdə ağır yara kimi qaldı. İşğalda qalan, millətin, xalqın, vətəndaşın, dövlətin üstündəki qara ləkə, ən böyük faciəmiz olan Xocalı. Xocalı faciəsində 613 nəfər həlak oldu (bunlardan 63 uşaq, 70 qoca, 106 nəfər qadın idi), 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyindən xəbər olmadı, 487 nəfər yaralandı, 3 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideyndən məhrum olundu, 130 nəfər valideynlərindən birini itirdi.* Qarlı-şaxtalı fevral günündə yaralıları, şəhidləri, don vurmuş xocalıları meşədən, dağdan gətirənlər və o günlərin şahidləri olan başqa ağdamlılarla bərabər şəhidlərin yuyulub dəfnə hazırlandığı Ağdam məscidinin divarları da o ah-nalələri unutmayacaq. Bizə o ağrıları unutduracaq, təsəlli verəcək hadisə Xocalının düşmən işğalından azad olunması ilə olacaq. Torpağın üzündən qan ləkə, yad iz, muradlıq, çirkab təmizlənəcək. Ruhumuz kimi. Ermənilər tərəfindən darmadağın edilən, yerində indi ermənilər üşün hündür mərtəbəli binalar tikilən, İvanyan məntəqəsi adlandırılan Xocalı, bizim üçün təkcə vətən torpağı deyil, həm də qədim tarixi olan yaşayış məskənidir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. “Xocalı qəbiristanlığı”nda aşkar edilmiş miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən tikilmiş Əsgəran qalasını və onlarca başqa tarixi abidələri ilə… 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. Əsgəran sözünün mənası “Qədim Aran” deməkdir. Tarixi faktlar sübut edir ki, Xocalı ərazisi Azərbaycanın ən qədim diyarlarından biridir. Aparılan araşdırmalar göstərmişdir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti Xocalı toponomiyasında öz əksini tapmışdır. Ermənilər uşaqların, qocaların, qadınların başına dünyada görünməmiş vəhşiliklər gətirməklə bərabər tariximizi də yer üzündən sildilər. Müqəddəs məkanı nurdarladılar, erməniləşdirdilər. Bu tariximizin ən qara səhifələrindən biridir. İndi səni başqaları təmizləyir, Xocalı. Ermənilərə ev tikmək üçün. Məhz sən də… Sənsizlikdən 30 il keçdi. Hələ də sənə kənardan baxırıq. Ürəyimizin gözləriylə. Sənə getmək mənə, bizə qadağandı. Sənə qovuşmaq yasaq. Ağdamdan Şuşaya gedəndə xocalıları da özümüzlə götürməyi düşünürdük. İndi o yolla nə özümüz gedə bilirik, nə də sizi götürə bilirik. Arzularımız yarımçıq qaldı. … Xosalısız qaldıq. Bu gün də sənin işğal, faciə gününü qeyd edirik. Tariximizin çox qara günləri qızardı. Qızarmayan tarixlər içində 26 fevral günü də qaldı. Azərbaycanın müsübət günü – Xocalının işğalı. Ömrümüzün, həyatımızın, xalqımızın qara günü: 26 fevral 1992-ci il. Sinədə, аlındа gəzir Хоcаlı, Hər kəsin cаnındа gəzir Хоcаlı, Yаrаlı Хоcаlı, əsir Хоcаlı. … Dоn vurmuş körpənin qаrlı izini Yаyın istisi də əridə bilmir. Хоcаlı hаrаyın, Хоcаlı səsin, Dünyаnın sükutu kiridə bilmir…
* Bu qəbildən olan siyahıların dəqiqləşdirilməsi bütün itkinlərimiz haqqında tam dəqiq məlumat əldə etdikdən sonra başa çatacaq.
POETİK GECƏLƏRİN İŞIĞI Gecə. İnsan. Və Ay. İnsan tənhalığı, özünə hesabatı, sabahın xəyallar məkanı. Gecələr. Sən və səni tək buraxmayan, həmdəm Ay. Gecələr… Belə gözəllik qarşısında ancaq onu duyanlar dayana bilər. Qazi – şair Rəfail Tağızadə özü də, sözü də ülvi duyğularla dolu işıq selində çimir gecələr – dənizdə Ay çimən kimi. Şair gecələr işıqlı hiss və həyəcanını həzin və kövrək misralara çevirib sözsevərləri aydınlıqlara səsləyir. O, sözlə müalicə edən loğmandı, hətta göylərin dərdini də bilir: “şimşək göy üzünün kardioqramını çıxarır” qaranlığın qucağında: Göy üzü infarkt keçirib bu gecə, ağrıya-ağrıya pəncərəmi yuyur göz yaşlarıyla. Dünya laqeydlik buzunda üşüyürsə, bir şəfqətli nəfəsə möhtacdır. Gəl, yaxın dur, isidəcək, gecəni nəfəsimiz… Ay gecələr sevənlərin əhd-peymanının şahididir, saxta sevgiləri görəndə buludlardan üzünə rübənd çəkir, bəşəri zülmətə qərq edir, saf sevgilərin yolunu işıqlandırır. Günəşin kiçik bacısıdı Ay, gecənin – sevgilisi. Rəfail müəllimin Ayı şairanədi: Gecənin qaranlığı kölgən kimi sərinlik səpmək istədi od tutan bədənimə. Gecədə Ay da yox, baxıb oxşadım sənə… …Bu gecə qonaq Ay yox mənimlə söhbətləşə, bu lal-dinməz gecədə dərdlərimiz dərdləşə. Rəfail Tağızadənin payız ovqatı təbiətin özü kimi səmimidir, payızla gecələrin ülfətinin lirik tərənnümü bütün yaradıcılığının leytmotividir. Onun şeirlərindəki payız və gecə bir-birinə çox oxşayan iki kövrək sevgilidi, – hər ikisi duyğuludu, səxavətlidi, həsrətə, nisgilə bələnən körpə kimi kövrəkdi, hətta məğrur Qız qalası da: Bu payız gecəsində ağaclar sərxoş… …Dəniz şampan köpüklü, dalğalar vals gedir, gəmilər ləngər vurur. Bakının əlində gecəyə növbə çəkən Qız qalası dolu badə. Şairin bütün şeirlərində, poemalarında, publisistik yazılarında lirik ovqat dominantlıq edir, istər saf sevgini, istər Vətən, torpaq həsrətini, istərsə də onun söz kəhkəşanının əbədi və ədəbi “qəhrəman”ı qara zülflü, qara gözlü gecələri tərənnüm etsin. Bəsirət gözü həmişə açıq insan üçün işığın, yaxud qaranlığın fərqi yox, onlar həmişə görürlər. Rəfail müəllim, qaranlıqda işıq axtarır, tapır, onu poeziyaya çevirib bizə göndərir. O, həm də qazi – Vətən, torpaq, haqq-ədalət uğrunda döyüşən zabitdi (“qılıncla qələmi əldə tutmaq hər kəsə qismət olmur” – dünya şöhrətli professor Rafiq Əliyev), işıqla zülmətin əbədi savaşında işığın tərəfindədi: Eyvana çıxarsan tələm-tələsik: budur həmin səma, həmin göy üzü. Səni ulduz görər, Ay salamlayar bir ayrı baxışda, bir ayrı gözdə. Pəncərə önündən bir cüt göz baxar, o qəmli gözlərdən bir cüt yaş axar, evlərə bir həsrət daşıyar gecə, yenə öz ömrünü yaşayar gecə… Şairin həsrətində də, qəmli gözlərində də işıq gördüm. Belə olmasaydı gecə öz ömrünü yaşamazdı… Axı “şeir şairin daxili monoloqudur, yəni iç səsidir” (Adil Mirseyid). Şairin iç səslərindəki dörd mövzu bütün yaradıcılığı boyu daha prioritet, daha bəşəridi – Qarabağ, payız, gecə və dəniz. “Qərib şəhərdəki gecə” daha çox həsrətlidi, nisgillidi, “yad otaqlar, boz divarlar, günün boşluğunu çıxarır üzə”, doğma gecələrin nisgili isə doğmadı, işıqlıdı, sevgiylə, lirik pıçıltılarlarla ləbələb doludu, Vətən, yurd yerlərinin həsrətindəki ümid, inam şirindi. Qərib gecələrdə Gecədə darıxan bir qərib kimi qaçmaq istəyirsən özün-özündən, bir özgə otaqdan, özgə gecədən… “Gecələrin müqəddəs günahı”nı özü çəkən Rəfail müəllim “gecənin sevgi nəğməsini qızaran şəfəq dilində” zümzümə edir, qəlbləri coşduran ecazkar nəğmənin notlarını yerə göz qırpan ulduzlar, sinəsi dağlı Sarı Aydan süzülüb gələn işıq zolaqları ilə bizə göndərir – “gecənin yuxusunu qaçıran yağışın həzin-həzin, yumşaq dənələriylə”, şimşəyin işıq diliylə, ildırım hayqırtısıyla. Şair bir yağış tablosu yaradır sözlərin rəngiylə: Bu gecə qəriblərin yığıldığı otelin ən qəribiyəm… … səsini içinə almış otaqda çırpınır ürək, darıxan qapımı döyür musiqili külək, ovqatım dəyişir könlümün səsində, Şopenin həzin musiqisində. Çevirib üzünü, çevirib göyə ağacın torpaqdan küsən vaxtıdı, uzun gecələrdə tutub əl-ələ ulduzların yallı gedən vaxtıdı. Şimşək qapımı döyür sən gizlən içərimdə, içimə bir işıq sal, nur saçsın içərim də. Hər misra, hər bənd rəssamlara ideya, mövzu verəcək qədər mükəmməl söz etüdüdü, insanın içini və çölünü qaranlıqda da nura bələyir. Sözü ağırsanballı professor Cahangir Məmmədli Rəfail Tağızadə poeziyasını ustad meyarı ilə dəyərləndirir: “təbiət atributları – gecə də, gündüz də, ağaclar da, qar, yağış, tutqun hava – bunların hamısı şairin baxış bucağında, yaşadığımız dərdlərin ifadəsində bədii detallara çevrilir”. Gecənin ilıq nəfəsində, “ağaclar, binalar mürgüləyəndə, yollar, pilləkənlər növbətçi fanar işığında dincələndə” dəniz şirin yuxu görmüş körpə kimi dodaqaltı qımışanda: Tək bizim pəncərə evlərə növbə çəkir. Necə gözəl mənzərə: tək otağın işığı, qaranlıq sakit gecə… Saatsa öz öz işində… Əsrarəngiz və duyğulu gecə mənzərəsi. Həm də gecə serenadası… İnanmıram ki, Rəfail müəllim gecələr tənhadı. Ulduzlar, Ay, ilham pərisi, siyah hörüklü gecələri nurlandıran xəyallar onu heç vaxt tənha qoymaz. Ancaq nə səbəbdənsə bir ilahi gecədə şair tənha qalıb. Təkliyə dözməyib “sonuncu qatara pənah gətirir”. Uman yerdən küsərlər, tez gecə həmdəmlərini – ulduzları, Ayı, ilham pərisini, romantik xəyallarını haraylyır ki, tez gəlin, “məni öz qoynuna alıb itirir, bitirir bu gecə, məni bitirir, tənhalıq içində, təklik içində, vaqonla dolu adam içində darıxan” şair “uzun, incə bir yol” gedir, Aşıq Veysəl kimi: Ayı mürgüləyən, qaranlıq bitməyən bu zülmət gecədə, dəmir qollar arasında yırğalanıb gedirəm. Qatar onu “gecə xəyalları”nın qanadında uzaqlara aparır – poetik düşüncələr sehrinə. Sözdən lirik və poetik lövhələr yaratmağı ona heç vaxt xəyanət etməyəcək ürəyinə, təxəyyülünə, qələminə güvənənlər bacarar, həmin lövhənin işığı xəyalları, sözü ilə zülməti dəlib keçənləri tənhalıqdan qurtarar. Baxın, üç bənddə neçə gecə etüdü var? Göy üzü aram-aram ulduzları qoparır. Qolun boynuna salıb bulud Ayı aparır. Yenə dartaraq qaşını, əyib buludlu başını, tökür gözünün yaşını, bu gecə yaman ağlayır. Ay da yox, kiridə onu, dar olur sükutun donu. Göz yaşının yoxmu sonu? Bu gecə yaman ağlayır. Lirik gözəllik. Bu gecənin göz yaşları bulaq suyu kimi dupdurudur, qaranlıqlara meydan oxuya-oxuya bəyaz işıq gətirir – “Ağ yol” göstərir sevənlərə. Rəfail müəllim, doğrudan da “ömür səhnə deyil, gecə də pərdə”. Ancaq bu tamaşaya baxmamaq da olmur. Pərdəarxası oyunlar nədənsə bizi özünə çəkir həmişə. Örtülü pərdələr arxasında bəşər övladlarının işləkləri deyəsən, hələ çox davam edəcək, kədərimizi sevincimizlə, yalanı doğruyla, şübhəni inamla sevgili edəcək. Zaman çox qəddar rejissormuş, biz də bizə verilən mizanları məzlumcasına oynamağa məcbur edilən aktyorlarıq. “Gecənin sükutu”nu sözlə pozmağı bacarsaq da, “işıqları sönməyən o tənha evin pəncərəsini döyən bir göyərçini” içəri çağırmağa cürətimiz çatmır. Nə olsun ki, o göyərçinin “dimdiyində gətirdiyi məktubun hər sözündən” sevgi ətri gələcək. Bizim Vətənə, torpağa, yurda, doğmalara sevgimiz, düşmənə nifrətimiz də qıtlaşıb. Göyərçinlə görüşdən bizə ancaq gözlərimizin öpüşünün duzlu-məzəli tamı qalacaq. Pəncərələrin işıq buraxmamağından, gözümüzün işığa allergiyasından qorusun Tanrı bizi. Lal divarlar yaddaşına köçürər, pərdələrin izlədiyi görüşü. …Qoşa qol arasından ötür ömür qatarı… Biz də bu qatarın sərnişinləriyik. Bizə qalan əməllərimizlə işıqlandıracağımız gecələrdi, Günəşli gündüzlərdi, mərhəmətimizdi, sevgimizdi, bəşəriliyimizdi, mənəvi dəyərlərdi, bunlar zülmətin bağrını yarmağa bəs edər, əgər içimizdə varsa. Bir də yollar. Həsrətinə 30 il dözdüyümüz yerlərə bizi aparacaq yollar. Bəs o yerlərin gecələri, Ayı, ulduzları bizi doğması kimi qaşılayacaqmı, əzizi biləcəkmi? O həzin gecənin, 30 ilə yaxındı qızılgülləri açmayan həyətin, düşmən dadmasın deyə bar verməyən “9 qoz ağacı”nın, bizim gəlişimizdən heyrətlənib dikələrək baxan uçuq evin daşlarının sevincini görəcəyi günü Rəfail müəllim səbirsizliklə gözləyir. Mən də. Bu duyğuların, nisgillə vüsalın dadı bambaşqa olacaq. O “gecənin sükutu”nda qazi şairin fərəhinə, sevincinə şahid və şərik olmağı bilirsiniz necə gözləyirəm? Axı mən də orada olacağam… Biz sirli-sehirli, həsrətli, vüsallı gecələrə vurğunuq, zülmətə yox. “Gündüz görmədiklərimizi görmək üçün”… “Yoxluqda varlıq”, qaranlıqda işıq axtaranlar Tanrının ovqatının xoş çağında doğulanlardı… “Tənha gecə dərd əlindən qaralır”. Ömrün bir anını da tənha qalmayaq, ömrün bir anı tənha qalmasın… Gecənin pənahı işıqdı, bir də kövrək xatirələr. Xatirələrimizin işığı yanar olsun… “Gecələri sübhə daşıyaq”. İşıqlı əməllərimizlə doludursa, daşıyacağıq… Yanvar 2022.