Rəşad Məcid “Şuşa” şeiri. Təqdim edir: Nuray Şahsuvarlı.
ŞUŞA Min şəhər adı var dillər əzbəri, Adların ən üstün adıdı Şuşa. Musiqi notudur cüt hecasıyla: Şu-Şa Dilimin şəhdidir, dadıdı Şuşa. * * * Ciyərdə nəfəsdir, damarda qandır, Ruha qanad verən sirli məkandır, Bilib eşidəndir, güc artırandır, Qoşundur, əsgərdir, ordudur Şuşa. * * * Qoynuna hər gələn yüz xəyal eylər, Qıraqda qalanlar qeylü-qal eylər, Birini coşdurar, birin lal eylər, Tilsimdir, ovsundur, cadudur Şuşa. 2021
CIDIR DÜZÜ Dərədə möcüzə, dağda möcüzə, Torpağa bu qədər vurulmamışdım. Gözəllik önündə heç vaxt, heç vədə, Belə təzələnib durulmamışdım. * * * Dili tutulubmu torpağın, daşın, Görən niyə belə səssizdir bu yer. Haçansa Üzeyir ayağı dəyib, Yəqin ona görə əzizdi bu yer. * * * Sükuta bürünüb Cıdır düzümüz, Bülbülün səsinə dalandan bəri. Torpaq dərd əlindən qayalaşıbdı, Ellər Natəvansız qalandan bəri. * * * Göz dikib bu yerə yağılar yadlar, Su olub düzündə axa bilməyib. Nə qədər zirvələr fəth edib Qacar, Amma bu zirvəyə qalxa bilməyib. * * * Burda daşları da qoruyaq gəlin, Hansı bir daşdasa Vaqif qanı var. Bura yaddaşıdır obanın, elin, Burda hər bir nəslin öz ünvanı var. * * * Deyirəm, dünyada sevgi tapılmaz, Övladın torpağa sevgisi kimi. Bu yurd yaddaşımda qalacaq mənim, Tarixin möcüzə sərgisi kimi. 1979
ŞUŞA Min şəhər adı var dillər əzbəri, Adların ən üstün adıdı Şuşa. Musiqi notudur cüt hecasıyla: Şu-Şa Dilimin şəhdidir, dadıdı Şuşa. * * * Ciyərdə nəfəsdir, damarda qandır, Ruha qanad verən sirli məkandır, Bilib eşidəndir, güc artırandır, Qoşundur, əsgərdir, ordudur Şuşa. * * * Qoynuna hər gələn yüz xəyal eylər, Qıraqda qalanlar qeylü-qal eylər, Birini coşdurar, birin lal eylər, Tilsimdir, ovsundur, cadudur Şuşa. 2021
ANAR Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
Bu gün Xalq yazıçısı Anarın doğum günüdür! Doğum günü münasibəti ilə Anar müəllimi təbrik edir, uzun ömür, can sağlığı, fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Bu xoş gündə, “Şuşa ili”ndə sevimli yazarımızın Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad olunması münasibətiylə yazdığı “Yaşa, Şuşa!“ şeirini (525.az) oxucularımıza təqdim edirik:
YAŞA, ŞUŞA
Otuz illik həsrətimiz Qırx dörd gündə çatdı başa, Azad edildi Qarabağ Azad oldu gözəl Şuşa, Doğma vətənin qoynunda Şuşa, sonsuzadək yaşa!
Cıdır düzü, Qırx pilləkan, “Ərim gəldi” bir tamaşa, Natəvanlı, Üzeyirli, Nəvvablı, Bülbüllü Şuşa, Xarı-bülbül güllü Şuşa!
Düşmənə ismarış etdik: Dinc yolla rədd olub getsin. Çağırdıq sülhə, barışa. Hikkəsindən, lovğalıqdan Sözümüzü eşitmədi, İş qaldı hərbə, savaşa. Şəhid verdik, zəfər çaldıq, Sahib çıxdıq yurdumuzun torpağında hər qarışa, “Sən bu gün azadsan, Şuşa!”
Məscidlərin ucalıbdır Minarələr qoşa-qoşa, Öz dininlə, öz dilinlə, öz xalqınla azad yaşa.
Cıdır düzümüzdə yenə Köhlənlər çıxsın yarışa, Yenə muğamlar səslənsin hər tərəfdə, doğma Şuşa. Daşaltı da fərəhlənsin, axıb getsin köpüklənib sevincindən daşa-daşa, Canımızsan, gözümüzsən, özümüzsən, əziz Şuşa.
Pənahəli xan dövründən Düşmənlərin hər həmləsi, hər hiyləsi axırda çıxıbdır boşa, sən bunu bilirsən, Şuşa.
İbrahim xan nəslinin faciəli taleyini “Qarabağnamələr” diliylə bizə danışa-danışa günümüzə gəldin, Şuşa
Dolayları aşa-aşa, Bir gün sivri yamaclarla Qaya dırmaşa-dırmaşa, Düşmənlərlə əlbəyaxa, Mərdcə vuruşa-vuruşa, Ölüm-dirim məqamında bəxtlə dalaşa-dalaşa neçə əsgər qazi oldu, neçə cavan şəhid oldu qocalıb dolmadan yaşa Sənin yolunda şəhərim, Şəhərlər şəhəri Şuşa
Getsin o günlər gəlməsin, Yağı özün qalib bildi, Araq içib gəldi cuşa, Cıdır düzündə rəqs etdi Sevincindən coşa-coşa, Əl qol atdı çaşa-çaşa Boş-boşuna danışdı hey Dili topuq çala-çala, Dili dolaşa-dolaşa. Belə səfeh əbləhlərə Ürəyində güldün, Şuşa
Zəfər çalan ordumuz da, Haqlı vətən davasından Dəmir yumruqtək birləşib, Qalib çıxan yurdumuz da Layiqdir min-min alqışa. Mətanət qalası Şuşa, Həmişə, hər vaxt, hər zaman Qeyrətin qalası Şuşa
AĞ ADAM (Rəşad Məcidə) Tanrı mayasını tutubdu “ağ”la, Torpağı ağ, sümüyü ağ, sözü ağ. Sən bu hekayətə ya gül, ya ağla, Bu adamın əyrisi ağ, düzü ağ. * * * Ağoğlanda göz açıbdı dünyaya, Ağ doğulub, nur saçıbdı dünyaya, Ağ qalacaq, and icibdi dünyaya, Sözün tutub; alnı açıq, üzü ağ. * * * Ağdam adlı məmləkətin uşağı, Burda çözüb min-bir türlü tuşağı, Çox dinləyib “dastan” deyən “aşığı”; Hekayətin mini qara, yüzü ağ. * * * Ağcabədi, mədəniyyət beşiyi, Yurd yeridi, çəkilibdi keşiyi, Sadə olub daim evi, eşiyi, Məqamında kürsüsü ağ, mizi ağ. * * * Ustac deyir; tam arınıb bu adam, Ağayana, mərd tanınıb bu adam, Yaranandan ağ yaranıb bu adam, Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”. 10.03.2022. – Bakı.
MƏNİM ADIM İPƏKDİ Mənim adım İpəkdi, Dörd yaşım var, bilirəm. Babamla parka gedib Quşları yemləyirəm. * * * Mən şəkil də çəkirəm, Şahmat da oynayıram. Babam Rəşad Məcidi Mən şahmatda uduram. * * * Həkim olacağam mən Sağlam olsun uşaqlar. Müharibə olmasın Ağlamasın uşaqlar!
Bu gün Azərbaycan Yazıçılar Birliyində Mustafa Çəmənlinin Əbdürrəhim bəy Haqverdiyev – 150 yubiley tədbirləri çərçivəsində tərtib etdiyi “Əbədiyyət yolçusu” adlı yeni kitabın təqdimat mərasimi olub. Bu barədə tanınmış qəlaəm adamı, “525-ci qəzet”in baş redaktoru, AYB sədrinin müavini Rəşad Məcid öz sosial media hesabında paylaşm edib:
“Yazıçılar Birliyində Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyiylə bağlı yazıçı-publisist Mustafa Çəmənlinin tərtib etdiyi “Əbədiyyət yolçusu” kitabının təqdimatına yığışdıq.Hörmətli alimlərin , o cümlədən professor Vilayət Quliyevin çıxışları böyük maraqla qarşılandı. Vilayət müəllim Ə.Haqverdiyevin diplomatik fəaliyyətindən geniş söhbət açdı və onun o vaxtkı Dağlı respublikasında Azərbaycan nümayəndəsi kimi çalışdığı Buynaks ( keçmiş Teymurxanşura) şəhərindəki binada xatirə lövhəsinin açılması təklifini irəli sürdü. Gələcəkdə böyük yazıçının yubileyinin Qarabağda, Şuşada keçirilməsi arzularımızı da dilə gətirdik.” Mənbə: Rəşad Məcid
Biz də Yazarlar olaraq, görkəmli ədibimizi rəhmətlə anır, çox hörmətli yazarımız Mustafa Çəmənliyə yeni-yeni yaradıcılıq uğurları arzu edirik.