SAZIM Dağı yerindən oynadıb, Sinəm üstə duran sazım, Meydanlarda at oynadıb, Toy məclislər quran sazım. * * * Yandırıbdi “Kərəmiylə” Qəm veiribdi “Dilqəmiylə”, “Koroğlunun cəngi”siylə, Qılınc-qalxan vuran sazım. * * * Məhəbbəti eldən aldın , Çox dövranlar yola saldın. Şahlar ilə qonaq qaldın, Namərdləri qıran sazım. * * * Dədə Oorqud yadigarı, Qoruyubsan düz ilqarı, Yol alıbsan bizə sarı, Əsrləri yoran sazım! * * * İlham verdin yenə mənə, Alqışladım dönə-dönə. Rahilə də olub sənə, Lap əzəldən heyran, sazım.
DAĞLARIN Qəlbimə hakimdi ruhuma qənim, Məni məndən alır, gülü dağlarin, Ürəyi coşdurur qəlbi coşdurur, Sinəsindən axan seli dağların. * * * Çoban tütəyidi ana laylası, Zirvəsində qarı olub aynası, Gözəlliyi bir bir deyib sayılası, Çeşməsi, bulağı ləli dağların. * * * Baharda al yaşıl dona bürünər, Ətəyində lalə nərgiz görünər, Zirvəsində sazaq, çiskin sürünər, Dumandan çəkilmiş tülü dağların. * * * Ayrılıq həsrəti nədir bilirəm, Vətən, həsrətindən hər an ölürəm, Qəm çəkir, ağlayıb hərdən gülürəm, Eyləyib məni də dəli dağların.
ELƏ BAĞLIYAM Şəhərdə olsam da nə vaxtdan bəri, Çəmənə bağlıyam, çölə bağlıyam, Sevdim çiçəkləri, sevdim gülləri, Çiçəyə bağlıyam, gülə bağlıyam. * * * Havasız şəhərdə gəzə bilmirəm, Əlimi dağlardan üzə bilmirəm, O təmiz havasız, dözə bilmirəm, Sonalar üzüşən gölə bağlıyam. * * * Vətəndən uzaqda həsrət dəmliyəm, Toydada, yasdada kədər qəmliyəm, Toxunmayın mənə zilli, bəmliyəm, Şırmayı saz üstə telə bağlıyam. * * * Rahilə, uzaqdan vətənə baxar, Coşqun çaylar kimi düzlərə axar, Sevgi çələngini telinə taxar, Harda yaşasamda elə bağlıyam.
ATA Dilimdə söhbətim, dilimdə sözüm, Aləmə nur saçan gözümsən, ata! Sənsənsəcdəgahım, dünya əvəzim, Ətirli baharım, yazımsan, ata! * * * Cavan köçdün, bu həyata dözmədin, Baxça saldın, bir doyunca gəzmədin. Dar günümdə əllərini üzmədin, Müqəddəs çörəyim, duzumsan, ata! * * * Verdiyin nəsihət çatır dadıma, Xatirən çox şeyi salır yadıma. Şəkərim deyərdin hər gün adıma, Sönməyən ocağım, közümsən, ata! * * * Xudam heç baxmadı cavan yaşına, Qurbanam çiçəkli məzar daşına. Oğlun, qızın hey and içir başına, Könlümdə susmayan sazımsan, ata!
ATA DEYİB KÖVRƏLTMƏYİN SİZ MƏNİ Ata dedin, alt-üst etdin binəmi, Fikrin dərdi çatdırmaqdı minəmi? Ah-nalənlə sən dağladın sinəmi, Ata deyib, kövrəltməyin siz məni. * * * Ata dedin, bağrım başı köz oldu, Dərdim artdı, bir idisə yüz oldu, Yoxluğuna inanmırdım, düz oldu, Ata deyib, kövrəltməyin siz məni. * * * Dərdim, qəmim karvan kimi düzülür, Göz yaşlarım, ürəyimə süzülür, Ata dedin, canım candan üzülür, Ata deyib, kövrəltməyin siz məni. * * * Ata mənim candan əziz canımdı, Ata mənim zülmət sökən danımdı. Ata mənim şöhrətimdi, şanımdı, Ata deyib, kövrəltməyin siz məni. * * * Canım ata, kaş olaydın yanımda, Dolanırsan, damarımda, qanımda, Unutmaram səni heç bir anımda . Ata deyib, kövrəltməyin siz məni.
AY ANA Qurban olum sənin qəmli gözünə, Bəstəm olan şirin-şirin sözünə, Darıxmışam, bir baş qoyum dizinə. Anaların anasısan, ay ana, Sonaların, sonasısan, ay ana ! * * * Sığal çəkim qoy dağılan telinə, Qulluq edim çiçəyinə, gülünə, Qurban olum o titrəyən əlinə… Anaların anasısan, ay ana, Sonaların sonasısan, ay ana! * * * Oğlun-qızın qoy həmişə şad olsun, Nəvələrin ömrə-günə dad olusn. Kədər sənə qoy həmişə yad oslun! Anaların anasısan, ay ana, Gözəlliyin sonasısan, ay ana!
KƏLAĞAYI Ulu nənələrdən yadıgar qalan, Kəlağayı gözəlin qeyrət örtüyü. Yaşmanıb gələrdi ağbirçək anam, Xanım anaların ısmət örtüyü. * * * İndi muzeylərdə tarixə dönüb, Günəşə tamarzı, kölgəyə enib, Elə bil nənəmin çırağı sönüb, Bir vaxtlar xalqımın şöhrət örtüyü. * * * O namus rəmzidir, həm də ki, qeyrət, Başı papaqlılar edibdir hörmət, Ortada olanda bitibdir söhbət, Heç zaman olmayıb qiybət ortüyü. * * * Rahilə, bu deyil adi bir geyim , Bu gözəl örtüyü nə qədər öyüm? İsmətdi, abırdı, qeyrətdi deyim Mərifət, ləyaqət, hörmət örtüyü.
GÖYÇƏDƏDİ Bülbül kimi qəfəsdəyəm, Mahnılarda xoş bəstəyəm, Uzaqdan gələn səsdəyəm, Xəyallarım Borçalıda, Yuxularım Göyçədədi. * * * Ellərdən ayrı nəsdəyəm, Dərdləri dəstə-dəstəyəm, Vətəndən uzaq xəstəyəm. Xəyallarım Borçalıda, Yuxularım Göyçədədi. * * * Dağlarının başı qarlı, Ocaqları sönük qorlu, Səmaları ahu-zarlı. Xəyallarım Borçalıda, Yuxularım Göyçədədi. * * * Turanım uzaq, aralı, Təbrizim bəxti qaralı, Göycəm də yaslı, yaralı. Xəyallarım Borçalıda, Yuxularım Göyçədədi.