ACI SİRR
(Hekayə)
- A sənin ayıbını qara yer örtsün, a sənə gəlinlik qismət olmasın. Mən hansı günahın sahibiyəm ki, səni Allah mənə verdi bu yaşımda? Cavan vaxtımda gözüm qucağı qundaqlı gəlinlərdə qaldı, qurbanolduğum mənə gözünün ucuyla da baxmadı. Qocalan çağımda səni mənə verdi ki, məni el içində rüsvay edəsən? A səni oda düşüb yanasan balaa, sənə bala deməyə dilim gəlmir, sən bəla oldun başıma, bu ahıl yaşımda üzümü qazan qarasından betər elədin el içində…
Şəfiqə xalanın səsi həmişəki kimi həyəti başına götürmüşdü…
Qınamalı da deyildi, yazıq qadın yarı yaşında ana olmuşdu. Uşaq dünyaya gələndən bir neçə ay sonra yoldaşı qəzaya düşüb dünyasını dəyişmişdi. Zülüm-zillətlə, gözündən od götürə-götürə böyütmüşdü balasını.
Bala da nə bala, gözəl-göyçək, su sonası kimi bir qız, bir baxışla atlını atdan salırdı.
Yazıq Şəfiqə xala vaxtlı-vaxtında namazını qılan, orucunu tutan, sakit təbiətli bir qadın idi. Qızı Nübarsa tam əksinə bütün günü əlində bir telefon, ağzında saqqız, öz aləmində idi. Telefonuna gələn zənglərin ardı-arası kəsilmirdi. Dəfələrlə sübh namazı üçün oyanarkən qızı yatağında görməyib narahat olmuş, amma eyvana çıxarkən qarşılaşmış arxayın olaraq dəstəmaz almağa getmişdi. Qayıdıb namazını qılınca qız artıq şirin yuxuda olurdu. Çox deyirdi, öyüd-nəsihət verirdi, gah ağlayırdı, gah qışqırırdı, qızınsa heç nə vecinə deyildi…
Son günlər Nübarın əhvalındakı dəyişiklik Şəfiqə xalanın diqqətini çox çəkmişdi. Qızın rəngi avazıyır, alnına tər gəlirdi. Tez-tez hamama qaçırdı. Qadın pis şeylər düşünməyə belə qorxurdu, özünü qarğayırdı. Amma yox, deyəsən arvadın qorxduğu başına gəlirdi….
Bir gün sübh namazına qalxıb dəstəmaz alarkən, Nübarın evdən sürətlə çıxıb həyətə düşdüyünü gördü. Maraq qadını bürüdü, Nübar isə anasının eyvanda dəstəmaz aldığına fikir verməmişdi. Qadın asta-asta qızının arxasınca getdi, qızı ağacın altlnda dayanıb bir əlini ağacdan kömək kimi tutub ögüyürdü…Yazıq ananı elə bil tok vurdu, dizləri əsməyə başladı, ağzını açdı ki, qışqırsın, səsi çıxmadı. Beləcə bir neçə dəqiqə donub qaldı, özünə gəlmişdi ki, bu vaxt qızın kiməsə zəng edərək ağlaya-ağlaya kimləsə danışdığını eşitməli oldu.
Yazıq qadın yerindən tərpənə bilmirdi, ayrı vaxt namazını bir saniyə keçirmədiyi halda indi key kimi baxırdı…Hər şey məlum idi.
Qorxduğu oldu, ürəyinin odu ilə, gözünün yağı ilə böyütdüyü balası, ona xəyanət etmişdi. Qız hamilə idi.
Yazıq ana ayaqlarını sürüyə-sürüyə evə qayıtdı. Sübh namazını ötsə də, amma yenə canamazını salıb, üzü qibləyə dayandı. Allahdan bağışlanmağını dilədi, günahlarından keçməsini istədi. Ağlaya-ağlaya dualar etdi. Artıq qərarlı idi….
Hava tamam açılmışdı, qonşuların səsi gəlir, qoyun-quzu mələməsi, inəklərin böyürməsi eşidilirdi. Həyat yoldaşı dünyasını dəyişəndən sonra yaxın qonşuları, qonşuluğa sadiq olan Saleh kişi Şəfiqənin həyət-baca işlərində hərdən köməklik edərdi. Qadın yaşlanandan sonra isə, mal-qarasını naxıra ötürməyə kömək edərdi. Adı kimi özü də əməl-saleh adam idi. Bu gün də eyni vaxtda Saleh kişi Şəfiqə xalanın həyət qapısını döydü, amma cavab verən olmadığından qapını itələyib açmağa çalışdı. Qapı arxadan bağlanmadığı üçün rahat açıldı. Saleh kişi tövləyə tərəf bir neçə addım atmışdı ki, böyük bir alovun tövlə tərəfdən çıxıb ona sarı yüyürdüyünü gördü. Əvvəl çox qorxdu, özünü itirdi, nə baş verdiyini anlamaqda aciz qaldı.
Amma qeyri-ixtiyari hiss etdi ki, kimsə özünü yandırıb, ora bura boylandı özünü itirmişdi, bilmirdi nə etsin. Birdən gözü divarın dibindəki süpürkəyə sataşdı. Cəld qaçaraq süpürgəni götürüb alovu döyəcləməyə başladı, alovdan isə qışqırlq səsi artıq zəifləmişdi,süpürkə zərbəsindən yanan adam yerə yıxıldı. Süpürgənin alışdığını görən Saleh kişi əynindəki sırıqlısını çıxarıb alovun üstünə atdı. Qışqırıb adam çağıra bilmirdi, nitqi tutulmuşdu. Yanan adamın tükürpədici səsi ətrafa yayıldı. Küçə qapısı açıq olduğundan yoldan heyvanlarını örüşə aparan bir neçə adam səsə boylanaraq, bu dəhşətli mənzərıni görüb, köməyə yüyürdü. Güc-bəla alovu söndürə bildilər. Yananın kimliyini bilmək istədilərsə də əynində paltardan bir işarə qalmamışdı, qaralıb ətinə yapışmışdı. Yəqin ki, adam özünə od vurandan sonra peşman olmuş, əlləri ilə üzünü tutmuşdu. Saleh kişi yanan adamın kimliyini bilmək üçün, yanıb piyi tökülən əllərini zorla üzündən qoparanda gözləri hədəqəsindən çıxacaqdı az qala. Şəfiqə arvadın üzü salamat qaldığından tanınırdı. Şəfiqə aravad son dəfə böyümüş gözlərini Saleh kişinin üzünə zilləyərək baxdı, sanki gözləri ilə nəsə demək istəyirdi. Gözlərindən qaynayan yaş yanmış qulaqlarına tərəf süzüldü…
Nübar səhər ögüyəndən sonra rahatlaşıb möhkəm yuxuya getmişdi. Həyətdəki hay-küyü eşitsə də yuxu olduğunu zənn edirdi. Səslərin çoxaldığını görən qız yuxusunu zorla dağıtmağa çalışaraq yerindən qalxmağa məcbur oldu. Həyətə baxmaq üçün pəncərəyə yaxınlaşdı. Adamları görüb çaşqınlıqla eyvana çıxdı. Gözü anasını axtardı. Otaqlara baxıb anasını səslədi və bir anlıq anası ilə bir neçə ay əvvəl etdiyi söhbəti xatırladı….
- Qızım, Nübar, qonşular mənə söhbətarası atmacalı sözlər deyir. Mən də özümü bilməzliyə vururam. Bala, ağıllı-kamallı ol. O telfonla kimlə danışırsan, bir istədiyin varsa de , mən də bilim.
- Ee, ay arvad, yenə başladın? Paxıl qonşular sənin başını xarab edir, sən də hər sözə inanırsan.
Qızının son vaxtlar tərbiyyəsiz hərəkətləri, danışığı Şəfiqəni hövsələdən çıxarırdı. - Ay bala, ay qızım, mən səni bir qarnı ac, bir qarnı tox böyütdüm, amma namusla böyütdüm, təmiz adımın batmasına razı olmadım. Şükür indi təqaüd alıram, yaxşı dolanırıq. Bax, telefon deyə-deyə qalmışdın, onu da aldım…
Nübar anasının sözünü ağzında qoydu: - Yaxşı, yaxşı, başıma qaxınc eləmə. Anamsan də almaq borcundu.
Şəfiqə qızının üzünə matdım- matdım baxıb köks ötürdü. Bir qədər susduqdan sonra sonra titrək səslə: - Nübar, budu burda sənə deyirəm, məni hövsələdən çıxarma. Bir səhv hərəkətini görsəm, başımı aşağı edən bir iş tutsan, özümü asıb öldürərəm, yandıraram, amma adamlar içində gözü kölgəli yaşamaram. Bunu qulağında sırğa elə.
- Eeee, başımı xarab elədin, deyərək qız durub qapını çırpıb evdən çıxmışdı…
O gün, bu gün anasına qarşı soyuq davranırdı. İndi adamların təşvişlə ora-bura qaçdığlnı görəndə anasının özünə nəsə etdiyini düşündü. Evdən çıxıb dəli kimi adamların üstünə yüyürdü, qonşu Saleh kişi irəli keçib qızı qucaqlayıb başını sinəsinə saxaraq anasının yanmış halını görməsinə mane olmağa çalışdı.
Nübar Saleh kişinin əlindən çırpınıb çıxaraq irəli atıldı. Anasının üzünə qonşu qadın özünün baş örpəyini atmışdı deyə Nübar duruxdu, yerdə üzü örtülən adamın anası olduğuna inanmaq istəmədi, yaxınlaşıb örpəyin bir küncünü qaldırmışdı ki, dəli kimi qışqırıb, huşunu itirərək yerə yıxıldı… *
Nübar gözlərini açanda artıq gün əyilmişdi, əvvəl harda olduğunu ayrıd edə bilmədi. Qolunu tərpətmək istəyəndə sistem qoşulduğunu görüb, bir anlıq nə baş verdiyini xatırlamağa çalışdı. Ətrafa göz gəzdirdi, xəstəxanada olduğunu yəqin etmişdi ki, həkimin üzündə təbəssüm olduğu halda ona yaxınlaşdı: - Sən hamilə olduğunu bilirdinmi qızım? Təbrik edirəm səni. Altı həftəlik hamiləsən.
Nübar gözləri böyümüş halda ətrafa boylandı ki, görsün kimsə eşitmədi ki, həkimin bu sözünü. Həkimin gözündən qızın bu hərəkəti yayınmadı. Təbəssümünü üzündə dondurub sual dolu nəzərlərlə qızın üzünə baxdı: - Doktor, mən, mənim..
- Nə, nə olub?
- Mənim hamilə olduğumu ayrı kiməsə dedinzmi?
- Xeyir, səni xəstəxanaya gətirənin kim olduğunu bilən yoxdu. Mən indi sənin haqqında qeydlər yazmalıyam, – deyə, doktor əlindəki qeyd kitabçasını açdı.
- Yalvarıram doktor, hamilə olduğumu kimsə bilməsin, deyə alacalanmış gözlərlə həkimin üzünə baxdı. Elə bu vaxt palatanın qapısı döyüldü və Saleh kişi içəri girdi. Doktor Saleh kişinin salamını alıb, xəstəyə işarə ilə:
- Qızınızdır?
- Hə, hə, yox… necə deyim doktor, hə, demək olar ki, qızımdı. Nə lazımdısa mənə deyin…Saleh kişinin bu sözünü eşidən
Nübar ağlayaraq, onların söhbətini kəsdi: - Saleh əmi, mən yaxşıyam, evə getmək istəyirəm, axı anam…
Saleh kişi qızın ağladığını görüb, həkimə işarə ilə otaqdan çıxmalarını bildirdi…
Həkimlə Saleh kişinin nə danışdığını bilməsə də, artıq Nübarın evə getməyə icazə vermişdi həkim. Nübar başını qaldırıb Saleh kişinin üzünə baxa bilmirdi. Xəstəxanadan evə çatana kimi heç biri danışmadı…
Saleh kişi Nübargilin həyət qapısına çatıb maşını saxladı, düşüb qapını açıb qızın düşməsinə kömək etdi: - Qızım, indi gəlinə deyərəm gəlib sənə yemək hazırlayar.
Nübar cavab verməyib eyvana qalxdı. Sanki yuxuda idi, nə baş verdiyini anlamırdı, anasının indi hardansa çıxacağını gözləyirdi…
Şəfiqə xalanı dəfn etdikdən sonra hər kəs çəkilub getmişdi. Qız ora- bura boylandı, gözləri yaşla dolmuş halda anasını axtardı, evə keçdi. Gözləri canamaza sataşdı. Anası namazını qıldıqdan sonra səliqə ilə qatlayıb qoyduğu yerdə gördü. Yaxınlaşıb, canamazı götürüb üzünə-gözünə sürtərək hönkürdü: - Anaa, niyə belə etdin anaa, məni niyə tək buraxdıın, mən bu evdə təkbaşıma necə yaşayım anaa. Özünü yandıtmaqla, məni ömürlük yandırdın anaa, niyə bir söz demədin, kaş məni döyəydin, öldürəydin, amma özünə bu zülümü etməzdin anaamm…
…Anasının ölümünə özünün bais olduğunu bildiyindən, Nübar saçlarını yolur, dizləri üstə çöküb, yana-yana hönkürür, ağlayır, çırpınırdı. Qız əhvalının qarşışdığını görüb güclə ayağa qalxaraq su üçün mətbəxə keçdi. Hər tərəfdə anasının səliqəsini görüb yenidən hıçqırmağa başladı. Stula çökdü, üzünə soyuq tər gəldi. Elə bu zaman Saleh kişinin gəlini Əsmər qapıda göründü. İsti yemək gətirdiyini dedi, amma qızın halsız oluğunu görüb, tez stəkanda su gətirib qıza içirtdi, əlinə bir az töküb qızın üz-gözünə vurdu:
- Sakitləş Nübar, ölənlə ölmək olmur. Səbrli ol. Allah rəhmət eləsin Şəfiqə xalaya. Heç inanmağım gəlmir. Niyə belə oldu axı, yazıq arvadın başına gələn iş hər kəsə müəmma qallb.
Nübar nə deyəcəyini bilmir, gözlərindən yaş sel kimi gedirdi. Əsmərin üzünə baxa bilmir, bir yandan da gətirdiyi yeməyin qoxusu ürəyini bulandırırdı. Birdən əlini ağzına tutub hamama yüyürdü. Əsmərdə arxasınca çıxdı. Nübar sakitləşdikdən sonra Əsmər onu yatağına apardı. Fikirləşdi ki, qız acından bu vəziyyətə düşüb: - Nübar, belə olmaz, bax, acından nə hala düşmüsən ürəyin bulanır, bir tikə nəsə ye, üzülmüsən dünəndən bura..
Qız heç nə eşitmirmiş kimi gözlərini tavana zilləyib susurdu….
Beləcə günlər keçir, aylar ötürdü. Nübar anasından sonra həyətdən kənara çıxmamışdı. Getdikcə qarnı böyüyür, dəyişiklik hiss olunurdu. Bu sirri Saleh kişidən başqa kimsə bilmirdi. Yazıq kişi ha fikirləşir, nə edəcəyini bilmirdi, amma getdikcə məsələ ciddiləşirdi, nə qədər qohum-qonşular, elə Salehin öz ailəsi duyuq düşməyib, qızı rüsvayçılıqdan qurtarmalı idi.
Çox fikirləşdi, ağılına gələn yeganə insan Bakıda yaşayan əsgərlik dostu Xalid oldu. Onunla danışıb qızı bir neçə aylıq onun evində qalmağa razı salmalı idi. Ayrı cür mümkün deyildi. Bu barədə Nübarla ikilikdə danışmağı qərar verdi. Bu günə kimi qıza nəsə hiss etdirməmişdi ki, utanmasın. Təmiz qəlbli Saleh kişi Nübarda günah görmürdü, qızın saflığından aldandığını düşünürdü. Qızın başına bu pisliyi gətirənin kimliyinin bilmək istəyir, onu taparsa nə edəcəyini yaxşı bilirdi…
Axşam əl-ayaq yığışandan sonra Saleh kişi ilk dəfə olaraq Nübargilə keçdi. Qapıbir qonşu olsalar da Şəfiqənin ölümündən sonra o həyətə geçə bilmirdi. Şəfiqənin cəmi bir baş inəyi vardı, onu da Saleh kişi gətirib öz heyvanları ilə birlikdə baxırdı. Nə vaxtsa lazım olarsa satıb Nübar üçün xərclik edəcəkdi.
Nübar gecələri özü keçib onlarda qalır, gündüz isə öz evlərində tək-tənha günü axşam edirdi. Başını itirmiş, dəlilik həddinə çatmışdı…
Onu yoldan çıxaran, başına pislik açan oğlandan xəbər belə yox idi. Bədbəxt qız qorxusundan susurdu. Oğlanın onu axırıncı dəfə hədələyərək dediyi sözləri qulağından çəkilmirdi:-” Bir adama tək kəlmə belə desən, intim videolarını hər kəsə göstərəcəm”…
Qarnı böyüyürdü, beşinci aya keçmişdi hamiləliyi…
Saleh kişi neçə gündü götür-qoy edirdi, Şəfiqənin xətri onun üçün çox əziz idi. İndi də onun ruhu xətirinə Nübarı yalqız buraxmır, öz himayəsinə almışdı. Çünkü Nübar kimsəsiz idi. Şəfiqə yetim qız olmuşdu, bacısı, qardaşı yox idi. Həyat yoldaşı Feyruzun da heç kimi yox idi, hər ikisi uşaq evində böyümüş, bir birlərini sevib ailə qurmuşdular. Atalar deyib ki, “Yetimin ağzı aşa çatanda, başı daşa çatar”…
Feyruz 23 il övlad həsrəti ilə yaşadı, ata olmaq ümidini itirmiş, əlini tamam üzmüşdü. Amma yarı yaşını keçəndən sonra tapdığı körpəsinin üzünü doyunca görə bilmədi, qəza keçirib dünyasını dəyişdi. Şəfiqənin də qara günləri başladı. Yazıq qadın özü yetim olduğu kimi balasını da yetimliklə, zülümlə böyütmüşdü, xeyrini görməmiş bəlasını çəkdi…
Bütün bunları düşünən Saleh kişi, saatlarla beynində götür-qoy edirdi. Bu qızı rüsvayçılıqdan qurtarmaq lazım idi. Başa düşürdü ki, hər şey yetimliyin üzündən onun başına gəlib. Atası,qardaşı olsaydı, kimsə ona risk edib yaxın düşə bilməzdi….
…Nübarla Saleh kişi bir saata yaxın söhbət etdilər.Bu müddətdə qız bir dəfə də olsun, utandığından başını qaldırıb Saleh kişinin üzünə baxa bilmədi. Kişi bu sirri bildiyini indiyə kimi hiss etdirməməşdi qıza. İndi birdən-birə bu barədə söz açanda qız ildırım vurmuşa dönmüşdü…Rüsvayçılıqdan qurtarmaq üçün nə desə razı olacaqdı….
Qərara aldıqları kimi, kənd camaatı yuxudan oyanıb, mal-qaranı küçəyə çıxarmadan kənddən çıxmalı idilər. Nübar gecəni yata bilmədi, Sübhdən qalxıb həyətdə var-gəl edirdi. Sanki bir də bura qayıtmayacaq kimi həyət-bacaya göz dolusu baxır, hər tərəfdə anasını görür, yanağına süzülən göz yaşını uçaq kimi əlinin arxası ilə silirdi.
- Ana, bax, sənsiz təndirimizin şirəsi tökülüb, sən gedəni çörək qoxusu gəlmir həyətimizdən. Güllərimiz də açmadan solur ay ana, niyə belə elədin? Bağ-baxçamız sənin həsrətini çəkir ana, bax, çox sevdiyin alça ağacı quruyub. Canım anam, ağalar da sənsiz bar vermək istəmədi qurudu. Mənim üzümdən belə oldu hər şey, ana. Ruhun məni bağışlamayacaq bilirəm, bağışlaya bilsəydin məni bu durumda yalqız buraxmazdın. Mən neyniyim ana, mən başıma haranın külünü töküm anaa?…
Həyət qapısının ağzında maşın dayandı. Nübar gözlərinin yaşını silib, bir də həyətə göz gəzdirdi, başını çevirib yaşlı gözlərlə eyvana baxdı, sanki anası pilləkənin başında durub, onu nəzərləri ilə yola salırdı. Nübar qeyri-ixtiyari sağollaşırmış kimi əlini qaldırdı…
Yol uzandıqca uzanır, heç biri dinib-danışmırdı. Nübar bir kəlmə belə ağzını açıb nəsə soruşmamışdı Saleh kişidən. Hələ Bakıya çatmağa xeyli yol vardı. Saleh kişi maşının radionu açdı, əvvəl həzin bir musiqi yayıldı maşına. Onsuzda kövrək olan Nübarın gözlərinin yaşı yanaqlarını yuyurdu. Maşının güzgüsündən gözü Nübara sataşan Saleh kişi, qızın ağladığını görüb əvvəl radionu söndürmək istədi, nə fikirləşdisə dalğanı dəyişdi. Xəbərlər olan dalğada saxladı. Operativ Qərargahın verdiyi məlumatlar səslənirdi:
-Mingəçevir şəhərində bir qız özünü kürə ataraq intihara cəhd etmişdi.. Bakıda 17 yaşlı qız özünü yeddinci mərtəbədən atmış… Qax rayonunda bir gənc qız özünü ov tüfəngi ilə vurmuş yerindəcə keçinmişdi…
Nübarın gözləri parıldadı. Cəld telefonunu açıb kiməsə mesaj yazmağa başladı. Yenidən telefonu çantasına qoyub maşının pəncərəsindən boylanmağa başladı…
Saleh kişi güzgüdən qızın o tərəf, bu tərəfə həyacanla boylandığlnı görüb,yola çıxandan ilk dəfə ağzını açıb qızla kəlmə kəsdi: - Qızım, maşını saxlayımmı? Bir narahatçılığın varsa de, utanma bala, mən də sənin atan.
Nübar Saleh kişini həqiqətən atası qədər sevirdi, çünkü gözünü açandan anasına onu arxa, dayaq görmüşdü. İndi kişinin bu mehribançılığından çox kövrəldi. Onsuz da elə bir durumda idi ki, göz yaşları sözünə baxmır, bilaixtiyar süzülürdü. Saleh kişi qızdan səs çıxmadığını görüb maşını yolun kənarına verib saxladı.
Nübar maşının dayandığının fərqində deyildi sanki, yerindən tərpənmədi. Saleh kişi düşüb maşının qapısını açdı: - Qızım, düş bir az təmiz hava al, görürəm əhvalın qarışıb. Düş, bala, düş.
Nübarın nəsə qeyri-adi əhvalı kişini qorxuya saldı. Qızın rəngi birdən-birə kağız kimi ağarmışdı. Saleh kişi qızın qolundan tutub, maşından xeyli kənara çəkdi. Yol qaynayır, maşlnlar sürətlə şütüyürdü. Elə bil dünyanın bütün maşınları bu yoldan keçirdi. Nübar gözünü yola dikib key-key baxırdı, bir neçə dəqiqə lunatik adamlar kimi, donuq baxışla gözünü qırpmadan baxdı. Sonra gözlərini çevirib Saleh kişinin üzünə baxdı. Saleh kişi qızın gözlərinə ilk dəfə belə yaxından və diqqətlə baxırdı. Elə bil Şəfiqənin gözləri idi, çox kədərli və qınaqla baxırdı. Kişi üşənən kimi oldu. Elə bu anda gözlənilmədən, Nübar kişinin əllərindən tutdu. Qızın kiçik əllərinin bumbuz təmasından, tutrəməsindən Saleh kişi təşvişə düşdü. Ağzını açmaq istəyirdi ki, qız aman vermədi: - Saleh əmi, anamın məzarı üstünə gedib məni bağışlamasını istəyərsən ondan. Məni bağışlasın. Anama de ki, o məni də özü ilə bərabər yandırdı. Mən bu neçə ayı yaşamadım.
Saleh kişi nə deyəcəyini bilmirdi, gözləri yaşla dolmuşdu, özünü güclə ələ alaraq: - Qızım, bu ananın qədəri idi, o həyata əzab çəkmək üçün gəlmişdi, əzabla da köçdü.
Nübar onun əllərini üzünə dayayıb öpərək: - Saleh əmi, əgər bacarsan sən də məni bağışla. Əsmərə de ki, onu çox istəyirəm, o da məni bağışlasın. Bağışla, bağışla məni ana.. Anaaa…
Hayqıraraq özünü şoseyə atdı. Elə ani elə sürətlə oldu ki, Saleh kişi nə baş verdiyini anlaya bilmədi. Maşınların tükürpədici səsləri, qızın cəsədinin havadakı silueti, hər şey ani oldu….
*
Bu faciədən bir neçə ay keçmişdi. Saleh kişi heyvanları naxıra ötürdükdən sonra, evinə tərəf yox, qonşu həyətə keçdi. Bir qədər dayanıb həyətə göz gəzdirdi, cərgə ilə əkilmiş qızıl gül kollarına baxıb köks ötürdü. Şəfiqənin öz əlləri ilə əkib, becərdiyi güllərdən bir qədər dərib, üzü qəbristalığa tərəf yol aldı.
Məzarların arası ilə asta-asta addımlayıb, başa-başa vermiş qoşa qəbirlərin yanında dayandı. Qəbirlərin üstünü Şəfiqənin yüz dillə oxşayıb, sığal çəkə-çəkə sağdığı ala inəyin puluna qara mərmərlə götüzdürmüşdü. Gətirdiyi tər gülləri məzarların üstünə qoyub, kövrək halda: - Allah hər ikinizin günahını bağışlasın, ikiniz də bala üzündən bəlaya düşmüsüz,- deyəyək nəmlənmiş gözlərini sildi. Asta-asta keçib məzarların ayaq tərəfində oturdu. Çox narahat idi, əlini alnına dayayıb xeyli fikirə getdi. Nübarın başına bu oyunu açanın, Şəfiqənin belə bir faciə ilə ölməsinin günahkarını tapmaq lazım idi. O şərəfsiz kimdisə belə rahat gəzə bilməzdi. – Bəs görəsən o kimdir?
Həmin namərdin kim olduğunu tapmadıqca özünü də günahkar sayırdı.
Günortaya az qalırdı, Saleh kişi oturduğu yerdən durub üst-başını çırpıb təmizlədi. Asta-asta qəbristanlıqdan çıxdı. Yol boyu çox fikirləşdi, birdən yadına Nübarın əl çantasl düşdü. Yoldakı o dəhşətli hadisəni xatırladı. Nübarın yola düşərkən götürdüyü kiçik çemodanını və əl sumkasını Saleh kişi özü öz əlləri ilə gətirib Şəfiqənin otağına qoymuşdu. Otağın qapısını da bağlamışdı. Özündən qeyri kimsə o həyətə getmirdi. Həmişə boş qalmış həyəti, toz basmış ev-eşiyi görəndə bu barədə fikirləşirdi. Ağılına gələn o olmuşdu ki, kimsəsiz gənc bir ailəyə bağışlasın o evi…
Saleh kişi addımlarını yeyinlətməyə başladı. Fikiri qəti idi…
Üç aya yaxın idi ki, bu pilləkənləri çıxan yox idi. Nübarın dəfnindən çıxmışdılar ordan. Bu ana- balanın ölümü hamıya müəmmalı qalmışdı. Saleh kişi otağın qapısını açıb içəri keçdi. Evin işığını yandırıb xeyli ayaq üstə dayandı. Divardakı şəkildən Nübar şirin-şirin gülürdü. Gözünün qabağına Nübarın uşalığı, şıltaqlığı gəldi. Qulağına kiçik Nübarın səsi gəli:- Sayeh əmi, bax, anam məyə kukuya alıb…
Kövrəlmiş halda: - Ay namərd dünya, ay zalım fələk, – deyə pıçıldadı…
Gözü çarpayının üstünə qoyduğu çantaya sataşarkən nə üçün gəldiyini xatırladı. Ürəyi sızıldaya-sızıldaya irəliləyib çantanı götürdü. Fikirləşirdi ki, onun maraqlandığı məsələ baradə mütləq orda bir işarə olmalıdı. Əlləri əsə-əsə çantanı açıb içindən Nübara məxsus telefonu götürdü. Həmin gün, faciə baş verəndən sonra Saleh kişi Nübarın telefonunu ələ düşməsin deyə söndürüb öz cibinə qoymuşdu. Dəfndən sonra maşında qalan çemodanı və çantanı gətirib evə qoyarkən telefonu da çantaya qoymuşdu.
İndi ümidi bu telfona idi. Telefonu açmaq istəsə də açılmadı. Telefonun adapteri üçün çantaya yenidən baxmalı oldu….
Saleh kişi bayaqdan həyətdə gəzişir, telefonun enerji yığıb açılmağını gözləyirdi…
Nədənsə ayaqları sözünə baxmırdı, dizlərində taqət yox idi elə bil. Taxta məhəccərdən tutaraq eyvana qalxdı. Telefon xeyli enerji yığmışdı. İstəməsə belə yandırmalı oldu. Bir başa mesajları nəzərədən keçirməyə başladı. Bir tanış ad diqqətini çəkdi, əvvəl yanıldığını düşündü, təkrar-təkrar baxdı. Yenə gözlərinə inanmadı. Mesaja gələn şantaj xarakterli şəkillərə diqqətlə baxdı. Videonu açmışdı ki, tez dayandırmalı oldu. Gələn zənglərə baxdı, yanılmamışdı. Özü-özünə dəli kimi danışmağa başladı:
- Yox! Yox! Bu ola bilməz, bu səhvdi, bunu kimsə Valehin adından edib. Qətiyyən ola bilməz!
Alnına soyuq tər gəldi, nəfəs alması ağırlaşırdı getdikcə. Amma özünü ələ alıb, bu adamın kimliyini dəqiqləşdirməliydi. Gələn səslərə qulaq asdı, bu o idi…
Fikiri doqquz ay əvvələ getdi. Oğlu Valeh heç gözləmədiyi halda Rusiyaya getməli olduğunu deyib, yola çıxmağa hazırlaşdı. Bu qəfil gedişin səbəbini isə heç yoldaşı Əsmərə də demədi. Getdiyi gündən bu yana bir xəbər yox idi. İndi bildi ki, Nübarla əlaqəsi varmış, səndemə qızı hədələyib ki sussun…..
Valeh iki il idi ki, Əsmərlə ailə qurmuşdu. Gəlin gəldiyi gündən Nübarı özünə bacı bilmişdi.
Şəfiqə də Valehlə Əsməri öz övladları bilirdi. Nübara hər zaman Valeh sənin qardaşındı deyərdi. Hara getsə Nübarı Valehə tapşırar, gözü üstündə olmasını xahiş edərdi…..
Saleh kişinin içindən ah qarışıq fəryad qopdu, bircə kəlmə: - Ay nankor övlad! – deyə bildi.
Yerindən güclə qalxıb həyətə düşdü. Ağlr-ağır ayaqyoluna tərəf getdi. Telefonun arxasını açaraq əvvəl nömrəni çıxardıb sındırdı və telefonla birlikdə ayaqyoluna atdı. izin itdiyinə tam əmin olduqdan sonra özünü evlərinə çatdırmağa can atdı. Yeriməyə amanı yox idi, sanki sürünürdü. Dodaqaltı nəsə danışır, kimisə qınayır, qarğayırdı. Hərdən kövrəlir, öz-özünə “yazıq bala, körpə bala” deyir, yenə sifəti sərt ifadə alırdı. Bildiyi o idi ki, heç vaxt, heç kim bilməyəcəkdi ki, bir qızın xoşbəxtliyinə qənim kəsilən, bir ailənin faciəsinə səbəb olan o şərəfsiz insan Saleh kişinin oğlu Valeh idi. O Valeh ki, yoldaşı Əsmər Nübarın qayğısına bacı kimi qalırdı…
Saleh kişi içində nəyinsə qırıldığını hiss etdi. Əlini ürəyinin üstünə qoyub güclə ayaqlarını çəkərək həyət qapısına tərəf getdi. Qapıdan çıxarkən dönüb həyətə baxdı. Şəfiqəni qızı Nübarla birlikdə güllərin arasında dayanıb, gülə-gülə ona əl eləyən gördü. Üşəndi…
Səhər heyvanları naxıra ötürərkən, eşitdikləri xəbər kənd adamlarını çox məyus etdi.
Saleh kişi ürək tutmasından dünyasını dəyişmişdi…
Amma Saleh kişi oğlu Valehin bir neçə gün əvvəl, səfil bir görkəmdə, içkili halda yol keçərkən üstündən yük maşınının keçdiyindən xəbərsiz köçmüşdü dünyadan.
SON
Müəllif: Əfşan YUSİFQIZI
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru