
Səadət QƏRİB – Rzayeva Səadət Arif qızı – Goranboy rayonunun Dəlməmmədli şəhərində 10 iyun 1970-ci ildə anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vuran Səadət xanım Gəncə şəhərində Qəmbər Hüseynli adına musiq məktəbində təhsilini davam etdirib. 2 kitab müəllifi, 2023-cü ildən AYB üzvüdür. Şeirləri Azərbaycan və Türkiyə saytlarında, qəzetlərdə, dərgilərdə mütəmadi olaraq dərc olunur. Şeirlərinə bəstələnmiş mahnılar Azərbaycanın titullu (Əməkdar, Xalq) artistlərinin repertuarına daxildir.Səadət QƏRİBin 3 -cü kitabı Türkiyədə çapa hazırlanır. Türkiyə şeir yarışması qalibi, “Ziyadar” mükafatı laureatıdır.
YAZARLAR cameəsi adından Səadət xanımı doğum günü münasibətilə təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Sevilən qızlar
Əlli üç yaşımla vidalaşıram.
Demək əlli üç il keçdi ömürdən.
Sevgidən yorulan ürəyimlə mən,
Qorxmuram nə yaşdan, nə də ölümdən.
İllər harayımda sükuta dönüb,
Sarsılmış xəyallar qınağındayam.
Görən yox içimdə böyük sevgini,
Bəlkə də Allahın sınağındayam.
Kədərli rəqəmlər yaman boylanır,
Fikirli-fikirli baxır gözümə.
Bilmirəm ağlayım, bilmirəm gülüm,
Həyat səhvlərimi vurur üzümə.
Pələngtək nərəsin çəkəndə ürək,
Qulağım kar olub onun səsindən.
Meydan oxuyanda duyğular hərdən,
Qurtula bilmədim eşq pəncəsindən.
İçimdə yaşayan ərköyün qızla,
Dil tapa bilmədim, dincliyin bitdi.
Bəzən də mənimlə ağladı zaman,
Gözümdə canlanan gəncliyim itdi.
Bu günsə bir başqa kövrək nəğməyəm,
Sözləri bəlkədən, kaşdan ibarət.
Bu nəğmə yarımçıq, kimsə anlamaz,
Nəğmənin xətası olub “nəqarət”.
Əlli üç qış-bahar,əlli üç payız ,
Hay vurdu, qıy vurdu, fələk önündə.
Hünərlə bu illər çıxdı döyüşdən,
Zəfəri yaşadı ,həyat eşqimdə.
Ürəyim sevgidən səksəkədədi,
Yenə də səngimir dəcəl arzular.
Gəncliyim ovcumdan uçub getsə də,
Heç zaman qocalmaq sevilən qızlar.
Gözəl deyilmiş
Uşaqkən, böyümək istədim hər gün,
Qəlbimdə min arzu, min dilək, ana.
Böyüdüm dərdim də böyüdü mənlə,
Heç gözəl deyilmiş böyümək ana.
Hər gün gözləyirdim doğum günümü,
Olmazdı kədərim, olmazdı qəmim.
Hopardı zehnimə o gözəl anlar,
Kiçik oyuncağı dünya bilərdim.
Kaş yenə oynayıb uşaq oynumu,
Dərdin atəşindən uzaq olaydım.
Qaçıb gizlənərdim qanlı fələkdən,
Dünyadan doyunca ləzzət alaydım.
Gülərüz qız idim,dərdsizdim, ana.
Bilməzdim xoşbextlik çox az sürəcək.
Vüsal dəryasında üzdüyüm zaman,
Mən hardan biləydim hicran gələcək.
Elə bilirdim ki,böyümək gözəl,
Bilməzdim nə imiş qəlb sarsıntısı.
Sanmışdım hər zaman sevinəcəyəm,
Nə qədər ağırmış dərd sıxıntısı.
Uşaqkən yaralar tez sağalardı,
Yeməzdi içindən yara heç kəsi.
Yaranın bircəcik məlhəmi vardı,
O da ana eşqi, ana sevgisi.
Üşaqkən böyümək istədim elə,
Qəlbimdə min arzu, min dilək ana.
Böyüdüm dərdim də böyüdü mənlə,
Heç gözəl deyilmiş böyümək ana.
Boş çərçivə
Gələndə özüylə nə gətirdisə
Gedəndə hər şeyi aldı əlimdən.
Qəlbimə çəkdiyim portretini,
Artıq çıxarmışam çərçivəsindən.
Silmişəm, adı yox xatirələrdə,
Çəkdiyim acilar gəlməz günaha,
Qəlbimdən asılmış boş çərcivəyə,
Yenidən şəklini qoymaram daha.
Bəlkə də eşqimin gözü tutulub,
Bəlkə də qocalıb, əsada gəzir,
Üz tutdum yalvardım, sordum Rəbbimə,
Dedi ruhun ölüb, burda nə gəzir?!
A bəxtim, burnumun ucu göynəyir,
Səni harda gəzim, harda axtarım,
Səni gəzmədiyim bircə yer qalıb,
Son evim, son yuvam , o son məzarim.
Ağlayan xatirələr
Qəlbim göylər kimi aydın olsa da,
Gecələr gecətək qaralmağım var.
Hər bahar ruhumda güllər açsa da,
Payızda yarpaqtək saralmağım var.
Dağların qarıtək soyuyub sinəm,
Donmuşam bir daha çətin isinəm .
Elə bil bulud da ,yağış da mənəm,
Çayların suyutək durulmağım var.
Həyatım küləyə,yelə bənzəyir,
Dağlardan kükrəyən selə bənzəyir,
Qönçəsi çatlamış gülə bənzəyir,
Taleyə, qədərə qırılmağım var.
Eşqim uca idi hər şeydən uca,
Sevgimi qorudum ömür boyunca.
Sarıla bilmədim ona doyunca,
Təkcə xatirəyə sarılmağım var.
Bilmirəm həyatda yoxam ya varam ,
Baxdıqca geriyə sızlayır yaram.
Özümü heç bir vaxt bağışlamaram ,
Ən çox da özümə daralmağım var.
Sən yalandan gülürsən
Haqsızlıq içrə sən ey, lal olub susan qadın,
Qərib tənhalığında öfkəsin qucan qadın,
Səbri dar ağac edib, özünü asan qadın,
Üzün pak, gözün gülür, hər an təbəssümlüsən,
And ola o Allaha, sən yalandan gülursən!
Günah mənimdir deyib, özünü qınayırsan,
Yaşadığın hər günü qürub Günəş sayırsan,
Təbəssümünlə bəlkə , hər kəsi sınayırsan,
Gecələr yatır, ölür, sübh səhər dirilirsən,
And ola o Allaha, sən yalandan gülürsən.
Yuvasında bir qərib qaranquşa bənzədin,
Baharın ortasinda soyuq qışa bənzədin,
Sərtləsdi əl-ayağın qaya, daşa bənzədin,
Kipriyin kölgəsində sığınıb, gizlənmisən,
And ola o Allaha sən yalandan gülürsən.
O nakam arzuları yada salırsan hərdən,
Qırılan ümidlərə düyün vurursan hərdən,
Ucurub xəyalları, gah da qurursan hərdən,
Sən cənnətin qızısan, buluddan süzülmüsən
And ola o Allaha sən yalandan gülursən!!!….
Susduğuna inandım
Qələmimin içinə
eşqdən mürəkkəb qoysam,
Seirlərim sevginin
rənginə bürünəcək.
Dərddən mürəkkəb qoysam ,
aglayacaq
şeirlər,
naley- fəryad edəcək,
qəm – qubar görünəcək…
Bu gün mürəkkəbim eşq,
eşqdən yenə yazıram.
Nəğmələrdə , şeirdə
sevgimi yaşayıram.
Buludlarla dolsam da,
Günəşlə ovunuram .
Cismən ayrı qalsam da ,
qəlbimdə qovuşuram.
Amma çoxdan eşqimin
qırılıbdır dizləri
Mən eşqimi böyütdüm ,
yazdığıma inandım.
Ən çox unutqan olan
unutmaram deyəndi-
Dediklərinə deyil ,
susduğuna inandım.
Nə biləydim
Nə biləydim, sevinc məndən qaçanda,
xəyallar da yarpaq-yarpaq solarmış,
Nə biləydim bulud kimi dolanda,
yağış mənim gözlərimdən axarmış.
Sevgi dolu , gülərüz bir qız idim,
Ürəyimdə kədər izi yox idi.
Göyüzündə parlayan ulduz idim,
Həyatımda xoşbəxt günlər çox idi.
İndi sənsiz,yaman səssiz olmuşam,
Susub duyğularım daha çağlamır.
Yerlə göyün arasında qalmışam,
Yaralarım nədən qabıq bağlamır?…
Nə biləydim , axı hardan biləydim,
Yarım qala bilər eşq hekayəmiz.
Hüznə ara verə bilsəydi qəlbim
Xatirənlə bəslənərdi sevgimiz.
Yanağıma barmaqların dəymədən,
Gözyaşımı qurutmaq çox çətindi.
Tanrı yazan yazını yaşamadan ,
Nə biləydim ayrılıq qismətimdi.
Əziz adamım
Nə gözəl söyləyib böyük Nizami:-
“Aldat sən özünü bir ümid ilə,
Yeməkdən yaxşıdır ümid min kərə!”
Mən də ümid ilə başladım günə..
Səni yaşadacam ürəyimdə mən,
Yiğilsa da ora dərd təpə-təpə.
Hər səhər “günaydın” pıçıldar dilim,
Xatirən üstünə gül səpə-səpə.
Ölümün ,əcəlin gücü yetməz ki,
Səni ürəyimdən çəkib almağa
İndi əlim sənə çatmasa da bil,
Səni bənzədirəm uca bir dağa.
Ümidlə yoluma davam edirəm
Qırılıb sınsa da qolum, qanadım.
Bir gün yenə sənə qovuşacağam
Hər yerdə sən varsan əziz adamım.
Yaman qəribsəmişəm
Elə darıxıram …
Sükutun yastığına
dayamışam başımı.
İntizar gözlərimdə
öldürmüşəm yuxumu..
Göylərin kölgəsində,
həsrətin qollarında ,
birgə çəkiləsi dərdimizi,sərimizi çəkirəm səndən xəbərsiz..
Haray edən ürəyimin də səsi batıb,
duyğularım susub, fikirlərim qarışıb, gözyaşlarım quruyub.
Günlər uzanıb gözümdə, saatlar durub sanki..
Nə gecə bitir, nə gündüz..
Solumu-sağımı bürüyüb sənli xatirələr..
Beynimdə dolanırsan…
Evimiz də darıxır sənsiz…
Çarəsizcə pıçıldayır dodaqlarım gəl deyə..
Gəl ,qıyma duyğularımın xiffət çəkməsinə..
Axı mən … yaşarkən….ölmədən ölmüşəm…
Mən sən gedəli bu dünyada yaman qəribsəmişəm..
Səni özündən çox sevənin varsa
Sevinc də də gözəldi, qəm də gözəldi,
Səninlə ağlayıb, gülənin varsa,
Buludtət çağlayıb yağmağa nə var
Əgər ki göz yaşın silənin varsa.
Bir könül ağrısın “dərməyə” nə var,
Dərdini gün üstə sərməyə nə var,
Bir canı yar üçün verməyə nə var,
Əgər ki qədrini bilənin varsa.
Ürək sirr otağı, alınmaz qala,
Həsrət sevənlərçün şirin bir bəla,
Həsrətin yanında vüsal da ola,
Hicran da gözəldi gələnin varsa.
Ömür keçməkəşli, dərdlər ocağı,
Ölüm də bir yandan açır qucağı,
Şirindir hər eşqin son ömür çağı,
Sevginə bir ağı deyənin varsa.
Ürək qidasıdır sevgi-məhəbbət,
Birazca nəvaziş, birazca şəfqət,
Bax, odur yaşamaq, odur səadət,
Səni özündən çox sevənin varsa!..
İstədim
Həsrətin bıçaqtək səbrim kəsəndə,
Zamanın dərisin soymaq istədim.
Mənə bic-bic baxan fələyin hərdən,
O bic gözlərini oymaq istədim.
Qəlbimin içində bərq vurub sancım,
Sürünüb ardımca kölgətək acım,
Bəzən də, bir başqa yananda canım,
Biryolluq dünyadan qaçmaq istədim.
Qaşların hey çatıb ağlama könlüm,
Bu zalım dünyada mən nələr gördüm.
Bəzən üsyan etdim, bəzən də küsdüm,
Ürək danışanda, susmaq istədim.
Hər kəs yazısıyla dünyaya gəlib,
Bir gözüm ağlayıb, bir gözüm gülüb,
Dəliqanlı qəlbim onu çox sevib,
Sevgim sevinəndə uçmaq istədim.
Haçansa bitəcək bu iztirablar,
Yenidən ruhumda olacaq bahar.
Yaxşı ki həsrətin ümid yolu var.
Ayaq səslərini duymaq istədim.
Ev tikir
Bir qadın var:- Gecələr,
Baxın gör nələr tikir.
Kərpic – kərpic əruzda,
Şeirdən evlər tikir…
Divarları misradan,
Pəncərəsi hecadan.
Həsrət qoxur bacadan,
Şeirdən evlər tikir…
Bənd – bənd artır arzusu,
Həcəs bəhri duyğusu.
Hər gün qaçır yuxusu,
Şeirdən evlər tikir…
Ruhu bayatı, ağı,
Solub bağçası, bağı,
Həsrət qoxur otağı,
Şeirdən evlər tikir…
Yasəmən, süsən qadın,
Hər şeyə dözən qadın,
Özündən küsən qadın,
Şeirdən evlər tikir….
Qaçmaq istəyirəm çox uzaqlara
Bəzən ətrafimda hər şey qaralir,
O zaman bilmirəm gedim mən hara.
O anda qəlbindən bir istək keçir
Qaçmaq istəyirəm çox uzaqlara.
Elə bir yerə ki, orda ümidin,
Qoynunda bir bağı, bir gölü ola,
Gölün qıragında kiçik bir koma,
Qapısı,bacasi lap uçuq ola.
Qaçmaq istəyirəm o yerlərə ki,
Orda gəncliyimi qoyub gəlmişəm.
Bu ömür təngnəfəs yanımdan keçib,
Mən onun səsini hiss etməmişəm.
İçimde hay- haray salan kelmələr
Qəlbimin içinde açıblar yara.
Ardımca “ getmə, qal” deyənim de yox,
Qaçmaq istəyirəm çox uzaqlara….
Ömür
Zaman axıb gedir, ömür tükənir,
Təqvimdən vərəqlər bir- bir tökülür.
Mənimlə ağlayır yenə də payız,
Ürəkdən ümidlər qopur, sökülür.
Nə zaman qəlbimə bahar gəldisə,
Tələsik özünü yetirdi payız.
Saralan duyğular xəzəl olduqca,
Leysan yağışları töküldü saysız.
Vüsalın yolları görünməz olub,
Fələk yollarıma çəkib sədləri.
Ürəyim bir köhnə məzarlıq olub,
Nə qədər arzumun var cəsədləri .
Kəfənsiz dəfn etdim xəyallarımı,
Sevgimin cücərən şirin çağında.
Hansı birisini söyləyim indi,
Hələ də qalmışam hicran dağında.
Bir yol sevinmədi pərişan könlüm,
Bir ürəkdolusu sözüm olsa da
Daha vüsalına gümanım yoxdur,
Sevdiyim adamda gözüm qalsa da…
İnsan ömür boyu yıxılıb qalxar
Bir gündə yaşarsan bəzən dörd fəsli,
Bir anda ömründə şimşəklər çaxar.
Bitməz ki həyatın fırtınaları,
İnsan neçə dəfə yıxılıb qalxar?
Susasa ürəyin zəmzəm suyuna,
Dumanlı bir hava çöksə ruhuna,
Hay verməzsə ümid, əğər hayına
İnsan neçə dəfə yıxılıb qalxar?
Fərq etməz ömrünün hansı yaşında,
Səbr bardağın hey ,dolub daşanda,
Çarəsiz olmağa məruz qalanda,
İnsan neçə dəfə yıxılıb qalxar?
Çiynindəki yükün ağır olduqda,
Haqsızlıq içində duyduqlarında,
Məcbur susduğunda, susduqlarında,
İnsan neçə dəfə yıxılıb qalxar?
Dünya boyda dərdi daşıyır insan,
Yıxılsa da qalxıb yaşayır insan,
Bəzən də yenidən başlayır insan,
İnsan ömür boyu yıxılıb qalxar.
Yanına çağır
Qayadan süzülən şəlalə kimi
Elə süzülürsən yanaqlarımda.
Gur -gur guruldayan şimşəklər kimi,
Səsin məskən salıb qulaqlarımda.
Bilmirəm nə edim darıxanda mən,
Çarəsiz gözlərim dikilir göyə.
Elə dolmuşam ki buludlar kimi
Ürəyim ayrılıb iki hissəyəə
Bağışla ,hələ də yaşayıram mən,
Kaş buna yaşamaq deyə bilsəydim.
Gücsüz görünməyə ixtiyarım yox,
Kaş yenə ürəkdən gülə bilsəydim.
Sən orda mənsizsən, mən burda sənsiz.
Belə ayrılıqlar ağırdan ağır.
Mən səni çağıra bilmirəm axı,
Nə olar sən məni yanına çağır.
Sığınmışam misralardakı sənə
(esse)
Bir səssizlik var bu qürbət şəhərdə,
Bəlkə də qəlbimin gurultulu səsindən qulaqlarım
duya bilmir şəhərin küylü səsini,
Bəlkə də qulağım kar olub səslərə…
Yaşamla ölüm arasındakı yolda yürüyərək
yaşamaq üçün çabalıyıram..
Hər günün sonunda hələ də nəfəs aldığım üçün şükür edirəm Tanrıma..
Canciyər olmuşam yalnızlığımla…
Görməməzlikdən gəlirəm bəzən qapanmayan yaralarımı…
Amma nə qədər bunu bacarıram deyə bilmərəm.
Çünki, boş qalan stulda yerini gördükcə acıların ən başına dönürəm…
Və o zaman ürəyimin hər küncü sızlayır…
Sənsizliyə öyrəşə bilmirəm…
Ömrümün çoxu sənin yanında keçib, necə alışım heç özüm də bilmirəm.
Tək bildiyim şey odur ki , ümidin ən soyuq, ən sərt fəslindəyəm…
Mən sənlə çox bütün idim, indi isə yarım qaldım…, çox azam, bəlkə də, bəlkə də heç yoxam…
Sığınmışam yarı yuxulu, yarı oyaq həsrətə..
Bir də yazdığım misralardakı “sənə”…
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru