Kateqoriya arxivləri: ŞƏHİD BARƏDƏ

İBRAHİM RÜSTƏMLİ – MƏKANSIZ MEDİA MƏKANI

İbrahim Rüstəmli – Əməkdar jurnalist.

MƏKANSIZ MEDİA MƏKANI
Aprel döyüşlərinin şəhid qəhrəmanlarına (3-cü) ithaf
Ölkədə baş verən ən adi siyasi-hərbi silkələnmələr informasiya cəbhəsinin immun sistemini bir qayda olaraq risk zonasında məhşər ayağına çəkir.
Əsl düşmənimiz – qabarmalardan sonrakı nişanələr, tərəddüd, güman, şübhə kimi xarakterizə oluna biləcək çatlar isə daha çox sərtliyi ilə yadda qalır və heç bir güzəşt tanımır: qüsurları islah etmək üçün lazım olan zaman, şans, macal anlayışları ən zəruri ehtiyac bazasında öz məğlubiyyətini hərəkət dinamikasını itirməklə ifadə edir! Çünki (arxa cəbhədə) həvəskarlara xas kobud səhvlərin qarşısında bəzən (ön cəbhədə) hətta ən müasir hərbi biliklərlə yüklənmiş, yüksək çinli peşəkar hərbçilər belə tab gətirmir:Analar oğul, xanımlar ər, övladlar ata, Vətən ƏSGƏR itirir!..
Tariximizin ən böyük faciəsilə taleyimizin ən böyük ironiyası arasındakı fərq zamanın yuvarlaq qanunlarına boyun əymir. Əsl vətənpərvərlər vətənpərvərlik haqqında danışanların çörək ağacına çevrilib. Daha yaddan çıxmış həqiqətləri ötəri həzzlərin dəbdəbəli saraylarında axtarmaq heç kimin ağlına gəlmir. Hər gün oğru pişik kimi sevinə-sevinə evimizə daşıdığımız bərəkətin mayası şəhid qanı ilə yoğrulub. Di gəl, tox gödənimiz yaddaş mərəzimizin ağrı-acısını axıradək yaşamağa macal vermir. Dağdan ağır dərdlərimizlə yarımçıq doğulmuş uşaq kimiyik! Yoxsa bunu bilməyə nə vardı! Məglubiyyətimizin əsl ünvanı zəbt olunmuş torpaqlarımız, o torpaqlarda gecə-gündüz kiprik qapamadan düşmənlə göz-gözə dayanan oğullarımız deyil! Özündə cəsarət tapıb çirkli əllərini çamura atanlar sinirləndiyimi düşünməsinlər. Onsuz da Azərbaycan əsgərini mənim qədər mənən tanıyan, onun qəhrəmanlığına şəxsən şahidlik edən çox az yaradıcı adam var. Bu düşərgədə keçirdiyim iyirmi ildən artıq zaman kəsimi həyatımın ən şərəfli səhifəsi, qürur mənbəyidi. Çünki biz heç vaxt cəbhədə uduzmamışıq! Bu gün də uduzmuruq!..
Məglubiyyətimizin əsl ünvanı başkəndimizdi, başkəndimiz!
Bu qəfil və qəti nidanı məqamgirlərin “yeminə” çevirməmək üçün dərhal sual verirəm (çünki həyat məni həmişə ehtiyatlı olmağa vadar edib): İnformasiya cəbhəsinə xərclənən milyonlarla vəsait dövlətin sığorta haqqını, görəsən, niyə ödəmir?!! Görəsən müqayisəyə gəlməyəcək diqqət və qayğının müqabilində niyə bu haqq ölkənin birinci şəxsinə, Ali Baş Komandanına qaytarılmır! Çünki o vəsait delitantlarin əlinə keçən kimi öz həqiqi missiyasına, təyinatına xəyanət edir, forma və məzmununu itirir, yolunu azır! Hər fürsətdə özünü gözə soxan “poçt göyərçinləri”nin, fəxri ad, mənzil, vəzifə davasına qalxan media “maqnat”larının qazanc mənbəyinə, ailə büdcəsinə çevrilir. Və nəhayət, ən qısa müddətdə qarşımızda əsl qatil obrazında zühur edir! Bu qatili biz öz ocağımızın başında, öz əlimizlə, öz Vətənimiz üçün böyüdürük.
Təəccüblənməyin…
Söhbət dövlətimizin, xalqımızın və ordumuzun informasiya təhlükəsizliyindən gedir, cənablar. İllərlə davam edən fasiləsiz təzyiq və təhdidləri ənənəvi güc mərkəzlərinə yönəltmək mərəzimizdən bəlkə əl çəkək!?; bəlkə daha çox ətrafımızdakılara şər-böhtan atmaqla yadda qalan həyat fəlsəfəmizi, yaşam tərzimizi, əxlaqımızı dəyişək!?; bəlkə ancaq yaxınlarımızı nəzərdə tutan əhatə dairəmizi genişləndirək!?; heç olmasa şəxsi ambisiyalarımızdan ötrü dəridən-qabıqdan çıxmağımızı vətənpərvərlik adlandırmayaq!..
Niyə başa düşmürsüz, daha hərbi libas geyinmək, hətta cəbhədə düşmənlə üz-üzə dayanmaq belə min illərlə tarixi olan bu ali insani dəyəri ifadə etməkdə yetərli deyil. İndi o, öz parametrlərini yuxusuz gecələrlə izlənən davamlı yaradıcılıq axtarışlarında, çevik düşüncə tərzində, fərqli görkəm və tərkibdə təqdim edir.
Başkənd düşünən başların, düşünən başlar isə informasiya cəbhəsinin paytaxtı olmalıdı! Reallıq hər gün yeni sürprizlərlə qarşımızı kəsir; öz həqiqi simasını, məqsəd və məramını yalançı cizgilərlə pərdələyir, diqqəti əsas hədəfdən ustalıqla yayındırır. Onun gücü məxfiliyindədi. Bu məxfilik reallığı döyüş səhnəsində daha çox amansızlığı və sərtliyilə yadda qalan bir düşmən obrazında formalaşdırır; inanılmaz ilğım effekti yaradır; görmək istədiklərimizlə gördüklərimiz arasındakı fərqi itirir. Reallıq hissini unuduruq. İnamla, fərəhlə addımladığımız yerdə, gözləmədiyimiz halda ayağımız qəfildən boşluğa düşür. Hər şey “bizə elə gəlirdi ki” adlı təhlükəli uçuruma yuvarlanır. Çünki həvəskar informasiya mühəndislərinin çiyni bu mürəkkəb konstruksiyalı müharibə səhnəsində məxfi kambinasiyalarla zəngin döyüş əməliyyatları üçün çox kövrəkdi, cənablar, çox kövrək…
Aprel döyüşləri Azərbaycan əsgərinin öz qanı ilə şəxsən möhürlədiyi və tarixin ixtiyarına buraxdığı çeşid-çeşid qəhrəmanlıq salnaməsinin nə birinci səhifəsidi, nə də sonuncusu. Tələsməyin! O hələ bundan sonra da ən ucqar vətəndaşımızı belə özünə tanıdacaq çox ilklərə imza atacaq. Yulğun çubuğu ilə gerizəkalıların toz basmış mənini qədimi xalça kimi çırpacaq! Unudulmuş təkrarsız naxışlarla yurd insanına yeni nəfəs, yeni obraz gətirəcək! Vətənini, dövlətini, xalqını öz polad çiyinlərində bütün dünyaya haqq etdiyi qələbənin əsl ünvanı kimi daşıyacaq!
Çünki cəmiyyətin ən aparıcı simasına çevrilməkdə israrlıdı. Bu günün teatr səhnəsində o, baş qəhrəman obrazının ən dolğun ifaçısı, təşəbbüsü öz əlində saxlayan ideal gücdü. Ancaq hər şeyi bu əsgərin üstünə atmaq, taleyüklü problemlərin həllində yalnız onu hədəf seçmək əxlaq deqradasiyası kimi anlaşılar. Çünki onun da bizdən umduğu, bizdən gözlədiyi ciddi nəsnələr var. O nəsnələrin ən ümdəsini arxa cəbhədə informasiya təhlükəsizliyi kimi xarakterizə etməkdə və qabartmaqda fayda görürəm.
Ölkə prezidenti, Ali Baş Komandanın orduya davamlı diqqət və qayğısı, müdafiə nazirinin ənənəvi səngər həyatı ilə müşayiət olunan fədakarlığı fonunda biz az qala foto-albom, nekroloq səviyyəsində, baş girləmək kimi anlaşılan media taqımımızla səhra çıxışındayıq. Bəri başdan xəbərdarlıq edirəm, bizə soyuq müharibənin daha dəhşətli uğursuzluğunu tanıdanlar məlumatla informasiya anlayışları arasındakı fərqi tanımayanlar olacaq. Belələrini zamanında informasiya mətbəxinə “qab-qacaq yumağa, çörək doğramağa” göndərməsək, sonradan onların cansız cəsədi də öz həqiqi simasını gizlədəcək, Azərbaycan əsgərinin qəhrəmanlığına şərik çıxacaq. Çünki döyüş meydanlarında qorxudan ürəyi partlayıb ölənlərin də nəşi qalır…
Müəllif: İbrahim Rüstəmli



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Лейла Алиева – Память о Захре…

Лейла АЛИЕВА – общественный деятель.

Память о Захре…
За что тебя, скажи, убили?
В 2 года! В чем твоя вина?
И унесут навек в могиле
Ту, кто недавно рождена!
Возможно, ты любила горы,
По травке бегала босой…
Кто стер с земли моей узоры,
Окутав сердце в дикий зной?
Скажи, купалась ли ты в море
И видела ль летящих птиц?
Кто внес к нам в дом такое горе
И слез несчитанных страниц?!_
Они стреляли темной силой
С усмешкой страшной на устах,
А ты во сне такой красивой
Ушла, прости меня, Аллах!
Сжимает боль так тяжко сердце,
И эту боль не исцелить!
За что убили вы младенца?
И как теперь вам с этим жить?
Прости, что я тебя не знала!
Прости, что плачет вся страна…
По жизни ты не зашагала,
И ангелом от нас ушла!
За что тебя, скажи, убили?
И как ответит тот злодей?
Цветы завянут на могиле…
Столь маленькой – ребенок в ней!


Автор: Лейлa АЛИЕВA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

LEYLA ƏLİYEVA – ZƏHRANIN XATİRƏSİNƏ

Leyla Əliyeva – ictimai xadim.

Zəhranın xatirəsinə…

Niyə öldürdülər, de, səni axı?
O körpə canına necə qıydılar?
İki yaşlı qızın nəymiş günahı –
Aparıb soyuq bir qəbrə qoydular!
Dağları, düzləri sevirdin yəqin,
Qaçırdın otluqda ayağıyalın…
Zərif izlərini kim sildi sənin –
O hansı cəlladdı, o hansı zalım?!_
Heç mavi dənizdə çimmişdinmi sən,
Durub baxmışdınmı uçan quşlara?
İndi hara qaçaq dərdin əlindən,
Kim bizi qərq etdi göz yaşlarına?
Cəllad gülüşüylə durub, yaxından
Tutdular gülləyə, qurşuna səni;
Sənsə köçüb getdin şirin yuxuda…
İlahi, sən özün bağışla məni!
Sıxır ürəyimi, sıxır bu ağrı –
Bu yara heç zaman sağalan deyil!
Nədən o körpəyə qıydınız axı?
Axı neyləmişdi sizə o tifil?
Bağışla məni ki, deyildik tanış!
İndi bütün ölkə yas tutub sənə…
Həyat yollarında addım atmamış
Uçdun mələk kimi uca göylərə!
Niyə öldürdülər, de, səni axı?
Nə cavab verəcək zalım, nə üzlə?
Solan çiçəklərin nədir günahı
O bircə qarışlıq məzarın üstdə…


Müəllif: Leyla ƏLİYEVA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

SONA ABBASƏLİQIZI – PƏNCƏLİ

Aprel şəhidi Pəncəli Teymurov.

PƏNCƏLİ

(Aprel Şəhidi Pəncəliyə İthaf edirəm)
Dünyaya gözünü açandan bəri,
Vətəni müqəddəs bir ana sandın.
Adını PƏNCƏLİ qoymuşdu atan,
Şəhidlik adını özün qazandın.
* * *
Göydə qanad açdın bir qartal kimi,
Gəldi zirvələrdən sorağın sənin.
Düşmənlə savaşa girdiyin anda,
Daim cürət olub silahın sənin.
* * *
Ərən babaların əmanəti tək,
Sən qaldın Həzinin şanlı yolunda.
Minlərlə ürəkdə heykəl ucalıb,
Sən kimi qeyrətli vətən oğluna.
* * *
Atıldın döyüşə bir pələng kimi,
Adın hünərinlə qolboyun oldu.
Pəncəli aslanım, Pəncəli oğlum,
Adın da şanın tək pəncəli yoldu.
* * *
Qəlbində əbədi Vətən sevgisi,
Çay kimi kükrəyir , bulaq tək daşır.
Bir ovuc qələbə sorağı kimi,
Şəhid Pəncəlinin ruhu danışır.
Müəllif: Sona ABBASƏLİQIZI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞƏHİD ANASI

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

CAN  AY  ANA…

(Polad Həşimovun Anasına)

Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular…
Bu baxışda min vaizin xütbəsi,
Al don geymiş qürub da var, dan da var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox… 
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti  dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda  susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
 “Ana” – deyə,  şirin-şirin gülən yox…

*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…

12.01.2021. – Bakı.

MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ:

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Раскрой свои обьятья – Заур Устадж

Прапорщик Сил специального назначения Панджали Нурмамед оглу Теймуров .

Раскрой свои обьятья

Перевод на русский язык:
Флора НАДЖИ

Раскрой свои обьятья, к тебе иду, Земля моя,
Ты знаешь ведь о том, что часто в дверь твою стучался,
И каждый раз, взяв в руки флаг, к тебе я собирался,
Теперь уже настало время, решенье принял я,
Теперь бесповоротно иду к тебе, ты жди меня.

* * *

Сколько раз я повторял, что жизнь отдам я за тебя,
И не важно, что со мной, пусть  минует тебя беда,
«Хороший командир защитит своё войско всегда»,
Капитан наш впереди, укрась его путь цветами,
Выходи нам навстречу, чтобы мы тебя обняли.

* * *

К смерти такой я готов, чтобы саваном стал мой флаг,
Я молился, чтоб сбылись мечты, не радовался враг,
Мольба моя услышана, любимая, слёз не лей,
Мать моя, ты тоже слёзы утри, меня не жалей,
Сын  землю защищает, пусть ценою жизни своей.
Автор:Устадж Заур (Zaur USTAC)

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA ABBASƏLİQIZI – ŞƏHİD UCALIĞI

Gizir Pəncəli Teymurov.

Şəhid ucalığı

(Şəhid Pəncəli Teymurova ithaf olunur.)

Hünəri kükrədi dağ çayı kimi,
Ruhunda tonqal tək alışdı “Cəngi”.
Üçrəngli bayrağı taxib köksünə,
Atıldı döyüşə yurdun pələngi.
* * *
Ellərin balası, torpağın oğlu,
Düşmənin önündə durdu dağ kimi.
Qeyrət dalğalandı onun qanında,
Ruhunu isidən bir bayraq kimi.
* * *
Daim uca tutdu Vətən andını,
Yurd üçün əbədi canından keçdi
Qeyrət bayrağını göyə qaldırıb,
Şəhadət camını sevinclə içdi.
* * *
Məhəbbət qoxulu arzularını,
Vətənin boynuna taxdı Şəhidim.
Düşmənin başına ölüm ələyib,
Hünərin əlini sıxdı Şəhidim.
Müəllif: Sona Abbasəliqızı

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – APREL ŞƏHİDLƏRİ HAQQINDA

Xüsusi Təyinatlı gizir Pəncəli Teymurov səmada…

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

MÜƏLLİFİN ÖZ DİLİNDƏN:


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA ABBASƏLİQIZI – SƏNGƏR

Sona Abbasəliqızı – şair, yazıçı.

SƏNGƏR

(Lələtəpə şəhidlərinin xatirəsinə)
Ana namusudur,bacı isməti.
Boynuna biçilib ərən xisləti
Bu ulu millətin uca qisməti,
Haqqın ən müqəddəs yeridir SƏNGƏR!
* * *
Ocagı alışıb Babək közündən,
Bir cınqı yayınmaz qırğı gözündən.
Vətən kəlməsindən,Vətən sözündən
Güc alan möcüzə,sehrdir SƏNGƏR!
* * *
Müqəddəs olçüdür,müqəddəs mizan,
Varlığı düşmənin varlığın pozan,
Vətəni şəfqətlə bağrına basan ,
Isti bir qucaqdır,mehrdir,SƏNGƏR!
* * *
Üçrəngli bayrağı dalğalandıran,
Düşmənin bağrını yaxıb-yandıran
Göyçəli Sonanı ilhamlandıran,
Bir döyüş himnidir,şeirdir SƏNGƏR!
Müəllif: Sona Abbasəliqızı


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İBRAHİM RÜSTƏMLİ – TƏKLƏNMİŞ QƏHRƏMANLIQ

İbrahim RÜSTƏMLİ – Əməkdar jurnalist.

TƏKLƏNMİŞ QƏHRƏMANLIQ
(Aprel şəhidlərinə ithaf olunmuş “APREL DÖYÜŞLƏRİ” yazımın ikinci hissəsi)
Mənim ölkəm informasiya silahı ilə soyuq davranmağın ən dəhşətli nəticələrini özündə əks etdirən ideal poliqondu. Reallıqdan kənar müstəvidə müharibə həqiqətlərinin bu sayaq aldadıcı manevrlərlə ciddi çaşqınlıq yaradacağını, hücum edən tərəflə müdafiə olunan tərəf arasındakı fərqi istədiyi kimi cızmaqla mükəmməl təsir vasitəsinə çevirəcəyini axı kim ağlına gətirərdi!..
Qəribədi, artıq uzun müddətdi eyni səhnədə oynanılan bu tamaşa nə süjet xəttində, nə də aparıcı obrazlarının taleyində önəmli rol oynayacaq yerdəyişmələrə məkan vermir; həm həqiqi qəhrəmanlarını bir ovuc təlxəyin ayağına gətirməklə alçaldır, təhqir edir, həm də öz elektoratını qoruyur, populyarlığını itirmir.
Hər anı ürəyimizdə ildırım kimi çaxan bu tamaşada yaddaşımıza, yaddaşımızla birgə mənəviyyatımıza təcavüz edəcək kifayət qədər ağır səhnələr yer alıb. Baxın, vaxtilə bir qoçaq ağdamlı balasının on qorxaq erməni dığasını şillə-təpiyinin altına salıb təkbaşına əzişdirdiyi yerdə indi fərqli hadisələr cərəyan edir: indi on erməni dığası illərin ağrısını on minlərlə qəhrəman ağdamlı balasının yurdunu xəritədən silməklə canından çıxarır…
Daha dayandığımız yerdə hər şeyi teleyin üstünə atmaq, Allahın ayağına yazmaq, bununla, ənənəvi güvənc mərkəzlərini, istinad nöqtələrini nüfuzdan salmaq da özünütəhqir kimi anlaşılır: Öz dərdimiz özümüzə bəsdisə, ilahidən gələn gücü bu sayaq ucuz tutmağın nə mənası!?. Onsuz da Kəlbəcərə görə bir maşın qulaq gətirmək, Şuşaya görə gicgahına güllə sıxmaq… sevdasına düşənlərin günahı bu zavallı xalqın çiynində əbədi yükdü. Mən hələ qisas məqsədilə öz dədə-babalarının görunu belə erməni tanklarının ağzına verməkdən çəkinməyənləri vəznə gətirmirəm; bu izahı mümkünsüz ifrat radikallığa, rədif tanımayan insansızlığa qafiyə tutmuram. Çünki tarixin yaddaşı bizim yaddaşımızdan itidi!..
Budur, çarpaz bucaqların diqtəsi əksər məqamlarda öldürücü xarakterilə meydan sulayır, hökmranlıq edir. O üzdən indiki məqamda özümüzü qəhrəman obrazında təqdim etmək niyyətimiz də müəyyən mənada utopiya adlı təhlükəli xəyal xəstəliyinin real nümunəsi kimi qarşılana bilər. Çünki müharibə mühafizəkar təbiətilə öz rasional qəlibində ağılın və məntiqin nişanələrindən kənarda olanlara status vermir, reallıq hissini itirənləri tanımır. Deməli, yağmalanmış bir yurdun əli silah tutan övladı üçün göstərə biləcəyi bütün qəhrəmanlıqlar ən yaxşı halda gələcək zamandan keçir.
Təəssüf, biz vaxtı qabaqlaya bilmədik. Bu, bizim ən böyük səhvimiz idi…
Yəni bütün bunları gələcək nəsillərin genetikasına ötürmək istəyim, əslində, vətəndaşlıq yanğısından qaynaqlanır. Ən böyük düşmənimiz vaxtdısa, ən böyük faciəmiz də ən böyük ideyalarımızın mifikləşdirdiyimiz ayrı-ayrı adamlara etibar edildiyi zamanlarda yaşandı. Ancaq nə qələbəmizin, nə də məğlubiyyətimizin hüdudları bu adamların məhdud auditoriyası çərçivəsində ifadə olunmadı. Bayraqdarların irili-xırdalı bütün günahları təməl prinsiplərinə görə sinəsini güllə qabağına verən bütöv bir nəslin ayağına yazıldı. Bu həm də mənim nəslimin faciəsi idi. Çünki o vaxtdan başqasının pal-paltarını, çəkməsini geyinmiş adam kimi yaşamağa məcbur olduq. Çünki biz öz ömrümüzü yaşamadıq! Üstəlik, hər dəfə məmur kabinetlərində “mən səni cəbhəyə göndərmişdim!!!” “mənə görə döyüşmüsən!!!” kimi axmaq iddialarla döyüldükcə, təhqir olunduqca, əzildikcə, dolaşıq düşmüş ümidlərimizin, ideallarımızın, mücadilə tariximizin düyünü də bərkidi!!!
O üzdən Birinci Qarabağ savaşının canlı iştirakçıları üçün səngərə gedən yolu yenidən açdığına görə şəxsən müdafiə naziri cənab Zakir Həsənova öz dərin minnətdarlığımı bildirirəm. Çünki bu, Azərbaycan unsanının qürurla, ləyaqətlə addımlaya biləcəyi yeganə baş yoldu. Və ən əsası, itirilmiş bir nəslin özünütəsdiqi üçün sonuncu şansdı…
(Bu gün adımı o veteranların siyahısında görmədiyimə görə məndən qisas aldıqlarını düşünənlər kökündən yanılırlar. Açığı, ömrügödək makakalar kimi ortalıqda meymunluq edənləri heç vaxt məhşər ayağına çəkmək fikrinə düşməmişəm. Bu makakaların süni maneələrlə aramızda çəkdikləri dekarativ Çin səddi heç bir-iki kəlməlik qısır çümləmə də tab gətirməz. Çünki bəzilərinin indi-indi ayaq açdığı səngərləri, daddığı barıt qoxusunu vaxtilə mən öz doğma oğlumla bölüşmüşəm. Həm də mənim səngərim mənim yazı masamdı, həm də mənim silahım mənim yazımdı…)
Öz içinə qısıla-qısıla kiçilən bu yaralı Vətən mənim səngərimdən daha böyük, daha qüdrətli, daha bütöv görünür həm də…
Buyurun, baxın! Mənim gördüklərimlə mənim görməli olduqlarım arasındakı fərqi sıfıra endirmək niyyətim bu gün ideoloji baxımdan qan düşmənçiliyinə qədər böyüyüb. Hətta doxsanıncı illərin əvvəllərində, birinci Qarabağ savaşının ilkin aktiv fazasında daha tez-tez üz tutduğum Ağdam elə ilk görüşümüzdəncə məni uşaqlıq xatirələrimin möcüzəli şəhəri kimi qarşılamadı.
Bir vaxtlar xidməti işlərilə bağlı tez-tez bu bölgəyə yollanan atam hər fürsət düşdükcə məni də tərkinə almaqla balaca oğlunun özündən yüz milyon dəfə böyük fantaziyası üçün ideal ünvan seçmişdi. Mənim atam uşaqların ürəyini oxumağı bacaran dahi idi. Bilirdi ki, böyüdüyü aran zonasını zəhərli ilanlarla bölüşən çarəsiz oğlundan ötrü bu yerlər unudulması mümkünsüz, sirli-sehrli bir məkana çevriləcək. Ancaq amansız illərin üstündən xətt çəkdiyi həqiqətlər mənə öz yoxluğunu çox-çox sonralar daddırdı. Nə Ağdam o uşağın tükənməz fantaziyasının vətəni statusunu qoruyub saxlaya bilmişdi, nə də mən o uşağın genetik kodunu. Aramızdakı ögeyliyə dünya sığardı: hətta ilk baxışdan özünü gözə soxan görüntülər – əynimdəki zabit mundiri, çiynimdəki leytenant ulduzu da bu ögeyliyi xarakterizə edə biləcək cəhətlərin sonuncuları sırasında boynunu büküb qalmışdı…
Mənim kimi birisinin genotipində qəflətən, ani sıçrayışla meydana gələn bu dəyişiklik xarici təsirlərin adi mutasiyası ola bilməzdi. Düzdü, atam məni yanına salıb tez-tez Qarabaga, hətta Qarabağdan da o yana aparmaqla çox böyük iş görmüşdü. Vətənimi tanımışdım. Ancaq bu tanışlıqda yurdumun qaysaqlanmayan yaralarını xatırladacaq heç ölüvay bir nişanə də yox idi. Xankəndində, Ağdamda, Basarkeçərdə, Cermukda, Göyçə gölündə… ermənilərlə birgə qurulan duz-çörək məclisləri bir qayda olaraq atamı İbadcan, qarşı tərəfi isə “axbercan” kimi yaddaşıma ötürürdü…
Mən öz valideynimin peşəkar ideoloq olmadığını gözəl bilirdim. Ancaq o da erməni xəyanətini özündə əks etdirən faciələrimiz haqqında nəsə bilməmiş deyildi. Di gəl, nədənsə atam bu xatirələrə iş-işdən keçəndən çox-çox sonra, Göyçədə, Zəngəzurda, Qarabağda… faciələrimiz yaşananda qapı açdı. Ancaq gec idi, çox gec!!!
Elə buna görə də onun oğlu birinci Qarabağ savaşının ilkin aktiv fazasında Ağdama hər şeydən əvvəl öz uşaqlıq xatirələrinin vətəni kimi, öz uşaqlıq xatirələrinin arxasınca yollanmışdı. Onu bu romantik görkəmdə kimə desən oxşatmaq olardı: məcara axtarışına çıxmış səyyaha da, bir əlində çiçək, bir əlində qələm tutmuş şairə də. Nə əynindəki zabit mundiri, nə də çiynindəki leytenant ulduzu o gənci uğrunda döyüşməli olduğu idealların müsəlləh əsgərinə çevirə bilməmişdi.
O günlərdə Ağdam Vəngi, Xankəndini… öz qəhrəman oğullarının qapazaltısına çevirməklə, bizi gələcəyin lənətindən qorumaqdan ötrü əlindən gələn hər şeyi etdi! Sinəsini güllə qabağına verdi! Aramızdakı uçurumu yaralı köksündən qaynayan laxta-laxta qanla doldurdu!!! Bizdən əvvəl necə idisə, bizdən sonra da elə qaldı, balalarının gözü qarşısında bütün əzablara sinə gərdi, ağrılarını yıxdı, amma özü yıxılmadı. O torpaqda Ağdam boyda ümid, Ağdam boyda inam, Ağdam boyda qəhrəmanlıq qaldı. Ayaq üstə… Çünki atalarımız informasiya məkanımızı bugünümüzün mücadiləsinə dəxli olmayan ötəri məişət söhbətlərilə doldurmaqla bizi cəbhəyə yalın əllə göndərmişdi. Biz silahsız döyüşürdük çünki. Bu, dövlətçilik tarixinin ən qatı cinayəti, insanlıq tarixinin ən böyük faciəsi, müharibə tarixinin ən şanlı səhifəsi idi…
Müəllif: İbrahim RÜSTƏMLİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru