
Mənim sevgim
Mənim sevgim bir dəryadır,
Orda üzən batmaz heç vaxt.
Fırtınatək coşar, daşar,
Gəzdirər hey həsrətini ləpələrdə,
Sahillərə atmaz heç vaxt.
Döyünər o, eşq məkanı ürək kimi,
Öyünər o, dağdan aşan külək kimi,
Könüllərə işıq salar mələk kimi,
Gecələri, gündüzləri sevər daim,
Gözün yummaz, yatmaz heç vaxt.
Xəyalla yox, bu günlərlə yaşar, əlbət,
Hərdən küsüb taleyindən ağlar xəlvət,
Düşsə əgər candan ayrı, çəkər həsrət,
Yaşadığı əlvan dünya olsa dəhşət,
Dərdin elə satmaz heç vaxt.
İşıqdan da sürətlidir, ərşə uçar,
Günəşdən də şəfəqlidir, işıq saçar,
Haqq istəyər, ədalətə yollar açar,
Xeyirdən də xeyirhaqdır, şərdən qaçar,
İblis ona çatmaz heç vaxt.
İlkin mənbə: AXTARIRAM ALLAHI
Müəllif: Şəmil Sadiq