ƏGƏR GEDİRSƏNSƏ BU İZLƏRİ SƏN, ARXANDA BURAXMA, ÖZÜNLƏ APAR. BİR GÜN PEŞMAN OLUB DÖNMƏK İSTƏSƏN, MƏNDƏN BİR NİŞANƏ ÇƏTİN Kİ, QALAR!
O, xoş sözə, ilıq kəlməyə, belə desəm, sevgiyə möhtac olduğun bir vaxtda çıxmışdım qarşına.Rəsimdəki kövrək baxışlarından da hiss edirdim bunu. Həyat gözünü qorxutduğundan çox çəkingən və bir az da inamsız idi. Tanışlığımızın ilk vaxtlarında onun halına acıyır, hər addımına dəstək verməyə çalışırdım.Özü dilinə gətirmək istəməsə də, deyəsən hardasa səhv etmiş, ilk sevgisindən, özü demişkən, bəxtindən yarımamışdı. Mən təbiətən həssas qəlbli biri olduğumdan, onun həyata, insanlara inamını özünə qaytarmağa çalışırdım. Bir dəfə,- onda hələ bu qızın ən nisgilli vaxtları idi-ani olaraq onun incə səslə danışdığı sözə təskinlik verərək dedim:“Yüz fikir bir borcu ödəməz, yadınızda saxlayın ki, bu amansız talelərin mövcud olduğu həyatda siz nə birinci, nə də sonuncusunuz!” Əvvəlcə heç nə demədi, elə zənn etdim ki, dediklərimin mənasını anlamayıb. Üstünü vurmadım.Ancaq xeyli sükut edəndən sonra, titrək səsindən açıq-aşkar duyaraq hiss olunurdu ki bir necə damla gözlərindən yanağına yaş süzülür,kaş yaxın olub o yanaqdakı yaşı silə bilərdim ,deyə ona dahada yaxın olmaq ən böyük arzum idi. Və dedi “Düz deyirsiniz, bunu bilsəm də, özümlə bacara bilmirəm..” Günlər keçdikcə o, mənimçün hələ də sirr olaraq qalan, ancaq onun istəyi olmadan öyrənməyə cəhd etmədiyim zülmət keçmişindən qopmağı bacardı. Onun həyat eşqinin közərtilərini hiss etdikcə mən özüm də ruhən dinclik tapa bildim. Deyirlər sonun nə olacağını düşünüb, “plana” uyğun hərəkət edən adamdan heç vaxt qəhrəman olmur! Mən bu mənəvi köməyi ona insanlıq naminə etmişdim, özü də heç bir təmənna-filan güdmədən. İkimiz də ayrı ayrı yerlərdə yaşayırdıq, və uzaq olmağına baxmayaraq bir birimizlə hər zaman mesajlaşıb ,bir an belə ayrı qalmırdıq, Belə vaxtlarda əlaqə saxlayıb, elə məqamlar olurdu ki zəng edib beş-üç dəqiqə söhbət edib sağollaşırdıq. Yaman dillərə düşməmək üçün söhbətimiz çox çəkməsə də, hansı bir daxili duyğu isə gündən-günə bizi bir-birimizə yaxınlaşdırırdı. Son vaxtlar daha çox zəngləşib telefonla danışır, vaxtı birgə keçirdirdik. Tanışlığımızın ilk vaxtlarında məzlum bir varlıq kimi hesab edib, qayğısına qalmağı özümə savab bildiyim bu qız get-gedə məni özünə elə cəzb etmişdi ki, onsuz yaşamağı təsəvvür edə bilmirdim. Hiss edirdim ki, özü də mənə biganə deyil, danışarkən rəsmini göndər səni görüm,belə anlarda elə bi baxışlarından üstümə qığılcım yağırdı. Boynuma alıram ki, mən çox hissiyyatlı və kövrək qəlbli olduğumdan, ona dəlicəsinə vurulmuşdum. Xəyallarımda bu qızla bir damın altında yaşayır, dərdimi-sevincimi bölüşür, bir yerdə səyahətə çıxırdım. İstəyirdim ki, o mənim istəyimə qarşılıq versin, könlümün sevgi ucalığında dayanmaqla, ömrümün sonuna kimi gözlərimdən uzaqda dayanmasın. Bəlkə də səhv edirəm, o mənim istəyimə biganə qalmasa da, intizarıma son qoymağa tələsmirdi. Bir dəfə özümü cəmləyib, onu sevdiyimi və bu məsələdə ciddi addım atmağa hazır olduğumu söylədim. Oda mənə qarşılıq cavab verincə ,özümü dünyanın ən xoşbəxt insanı sandım. Və bu xoşbəxtlik bir neçə il beləcə sürdü, hər dəfə özümü onunla çox xoşbəxt sanırdım,və son zamanlar qısqanclıqdan aramızda dəfələrlə söz söhbət olurdu,hiss edirdim onun soyuqluğunu,və əvvəlki insandan heç bir əsər əlamət qalmadığını nəsə çox dəyişdiyini hiss edirdim,yorulmuşam,bezmişəm deyə çox vaxt məni yola verirdi. Bu soyuq kəlmələri onun dilindən eşidəndə çox üzüldüm,və bəzən bu soyuqluq məni çox düşündürdü, Əvvəlki insanı dəyişən nədir deyə ..? Ne bilə biləydim ki o,tapa bilmədiyini məndə axtardığı üçün yanımda imiş ,tapdığında isə əhdini unudub üz döndərəcəyini əsla belə düşünməzdim.Və onun bir yaxın adamına dediyi sözü eşidən də varımdan yox oldum az qala. Günlərlə özümə yer tapa bilməsəm də, sonda anladım ki, onun dedikləri günümüzün reallıqlarını əks etdirir. Bununla belə, ömrünün ən ağır çağlarında kölgəmə pənah gətirib, varlığıma sığınan bu qızı tanımağıma heç vaxt peşimançılıq hissi keçirmədim.Onunla yollarımız ayrılandan sonra bircə dəfə ürəyimdən keçənləri özümün eşidəcəyim tərzdə pıçıldadım: “HMMMM-LARLA BAŞLADIQ, NƏYSƏYLƏ BİTDİ.” Və ondan mənə qalsan saf baxışlı rəsimlər, və daima yaşadaçağım titrək səslər qaldı…
SAATIN ƏQRƏBLƏRİ… Saatın əqrəbləri firlandıqca səs edir, Günlər elə bir şeydi ömürdən ildən gedir, Boş sözlər nadan kimi, küləyə bənzər əsir, Yaşa doldum, hiss edib ümidlə geri baxdım- Fevralın otuzuna vədə verib vaxt aldım! * * * Yollar qırov bağlamış ümüdlərə qor düşmüş, Xəyallar pərən pərən arzular talan çökmüş, Doğurdanda adam tək yaşamaq böyük yükmüş, Gah gerəyə gahda ki, irəlliyə yön aldım- Fevralın otuzuna vədə verib vaxt aldım! * * * Enişidə dolandım, yoxuşuda keçmişəm, Zaman zaman dünyanın hər üzünü görmüşəm, Qəlbi nadan birinə verərkən səhv etmişəm, Çox təəssüf ki, bunu, sonunda gec anladım- Fevralın otuzuna vədə verib vaxt aldım- * * * Nə biləydim sonu yox dərk etmədim vaxtında, Dildə aciz qalibdı, danışarkən haqqında, Yuxuya dalmış idim, gördüm deyir son anda, Gözləyəcəm gələrsən, yubanmazsan həyatım- Fevralın otuzuna vədə verib vaxt aldım!
ÖZ CƏZANDIR ÇƏK, QADIN… Bu gun şəklinə baxıb Gördüm siyah tellərin Ağarıbdı qar kimi. Sən ki, belə deyildin, Bir vaxt göz oxşayırdın Hər addımda dil açan Çiçəkli bahar kimi. Bəs, niyə saçlarına Erkən dən düşdü sənin? Bəlkə bulanıq sular Bircə anda üstündən Adlayıb keçdi sənin? Bir nişanə qalmadı Əzəlki yerişindən. Bir vaxtlar məst olurdu Çoxları gülüşündən… Sən heç belə deyildin Əhdini tapdalayıb Baş götürüb gedəndə. Yəqin günahın kimi Qəlbini çəkib dara Saçlarındakı dən də… Söylə, niyə axı sən Eşqimi ağlar qoyub, Əsiri oldun yadın? Heç özüm də bilmirəm Necə əff edim səni, Öz cəzandır, çək, qadın!
SEVƏNLƏRİ VAR OLSUN… (“Sevgililər günü”nə) Gör necə də gözəlmiş Ömrün vüsal çağları. Sevgidir insanlığın Nur timsallı baharı. Tükənməyən arzular Məhəbbətdən güc alsın – Sevənləri var olsun! * * * İsinsin saf duyğular Körpə nəfəsi ilə. Vəcdə gəlsin ürəklər Gənclik həvəsi ilə. Saf eşqin təravəti Nə saralsın, nə solsun – Sevənləri var olsun! * * * Şən nəğmələr dolaşsın Hər yanı qarış-qarış. Qorxutmasın heç kimi Çovğun, şaxta, qarlı qış. Təkcə eşqin havası Həmişə qəlbə dolsun – Sevənləri var olsun! * * * Seymur mübarək deyir, Sevgililər gününə. Qoy, yamanlıq çıxmasın Qəlbən sevib-sevilən İnsanların önünə! Bu şeirim cavanlara Məndən nişanə qalsın – Sevənləri var olsun!
BU GÜN MƏNƏ TOXUNMAYIN İçimdə vulkan püskürür, Titrəyir sütünum-tağım. Üstümdən qarayel keçib, Üşüyür əlim-ayağım. Baxışlarım sanki donub – Quzeydəki qar kimiyəm! Bu gün mənə toxunmayın Simi qırıq tar kimiyəm! * * * İşığa həsrət qalmışam, Zülmət çökübdür üstümə. Bir namərdin gizli əli Yaman durubdu qəsdimə… Əlçatmayan, ünyetməyən – Bir uçuq divar kimiyəm. Bu gün mənə toxunmayın Simi qırıq tar kimiyəm! * * * Yollar üzümə bağlıdı, Yoxuşum yox, enişim yox. Məhbusam tənha adada, Doğma yurda dönüşüm yox! Əhədimi kəsib külək – Alışmayan qor kimiyəm. Bu gün mənə toxunmayın Simi qırıq tar kimiyəm! * * * Nə gücüm var, nə taqətim, Bozqurd kimi ac gəzirəm. Elə bil havalanmışam, Dərdimə əlac gəzirəm. Bu gün mənə toxunmayın – Simi qırıq tar kimiyəm. Bu gün mənə toxunmayın Simi qırıq tar kimiyəm!
ATA HƏSRƏTİ Ata, yoxluğuna necə tablaşım, Sənsiz qurumayıb hələ göz yaşım. Keçir dərd içində baharım-qışım, Heç vaxt qınamasın qoy, nadan mən – Ata həsrətidir, sızladan məni! * * * Elə bil fırlanır başıma dünya, Dönüb qar-sazaqlı qışıma dünya. Ta gəlmir nədənsə xoşuma dünya, Sıxır için-için ürək-can məni – Ata həsrətidir, sızladan məni! * * * Kaş, atam dirilib geriyə dönə, Sığınam Tanrının böyüklüyünə… Dikmişəm gözümü hər gələn günə, Nə eşq ovundurur, nə ad-san məni – Ata həsrətidir, sızladan məni! * * * Sanki suya həsrət bomboş səhrayam, İşığı qeyb olan ulduzam, ayam. Heyim qalmayıb ki, günləri sayam, Qoparıb kökümdən bir tufan məni – Ata həsrətidir, sızladan məni! * * * Dikəldə bilməyir Seymur qəddimi, Tapdamaq çətinmiş dərdin rəddini… Dinmədim, qəm-kədər aşdı həddini, Tutub elə bil ki, nahaqq qan məni – Ata həsrətidir sızladan məni!
MƏNİM ÖMÜR YOLUM (Öz doğum günümə yazdığım şeir) Boylanıb geriyə baxdım bir anlıq, Elə bil üstümü duman-çən aldı. Gözümün önündən keçdi cavanlıq, Ömrün bir ili də arxada qaldı. * * * Nə yaman tez ötdü aylar-fəsillər, Anlar tufan kimi, yel kimi keçdi. Durub arxasınca baxdığım illər, Qarşımdan bulanıq sel kimi keçdi. * * * Söykədim üzümü xatirələrə, Sevdalı çağlarım geriyə döndü. Zülmətdə qərq olan neçə bənd-bərə, Mənimlə birlikdə dil açdı, dindi. * * * Közərdim təzədən sönmüş ocaqtək, Nurlu sabahların seyrinə çıxdım. Yaratmaq eşqiylə çırpındı ürək, Keçilməz sədləri bir anda yıxdım… * * * Duruldum su kimi avazda-səsdə, Sanmayın ağlımı nəsə çaşdıdı. Bir il gəldisə də yaşımın üstə, Məni şeirlərim cavanlaşdıdı. 04.02.2022.
MƏNİ QƏRİBSƏSƏN ÜRƏYİNDƏ GƏZ Nə əlIərm çatır, nə səsim sənə, Tanışdır istəyim-həvəsim sənə. Bilirəm doğmadır nəfəsim sənə. Demirəm bir acı külək kimi əs – Qəriblik eşqimi sarsıda bilməz! * * * Keşkə xoş sorağın çataydı mənə, Çıxaydıq xəyalən çölə-çəmənə. Adını çəkirəm mən dönə-dönə, Hicranın yolunu saf eşqinlə kəs – Qəriblik eşqimi sarsıda bilməz! * * * Dönsəydin əzəlki görüş yerinə, Gül-çiçək səpərdim qədəmlərinə. Bəlkə getməyək bir də dərinə… Nisgili, kədəri gəl tapdala-əz – Qəriblik eşqimi sarsıda bilməz! * * * Seymur heç vaxt səni unudan deyil, Yalançı məhəbbət şərəf-şan deyil. Eşqimin möhləti bircə an deyil, Məni qəribsəsən ürəyində gəz – Qəriblik eşqimi sarsıda bilməz!
SƏNİ NECƏ TAPIM… (Dialoq) Oğlan Yatmışdım, telefonun zəngi oyatdı, Məst etdi, ay gözəl, xoş səsin məni. Avazın könlümə şirinlik qatdı, Yerimdən oynatdı həvəsin məni. Qız Səni soraqlayıb, aramasam da, Bənd oldum bir anda kəlmələrinə. Düşdüm elə bil ki qaynar bir oda, Danmıram, ürəkdən vuruldum sənə. Oğlan Dedim, bəs bəxtimdir üzümə gülən, Ürəyim köksümə sığmadı mənim. Sandım ki, səsindən nurdu süzülən, Dil açdı al-əlvan şehli çəmənim… Qız Sanki məhəbbətin düşdüm sehrinə, Adını soruşmaq çıxdı yadımdan. Şükr etdim Allahın böyüklüyünə, Qəlbimdə dağ kimi böyüdün hər an… Oğlan Dalğamı dəyişdi, telefonmu söndü, Elə bir andaca itirdim səni. Nömrən gizli imiş, neyləyim indi, Xəyalən könlümdə bitirdim səni…
XOCALIMIZ QƏM SELİNDƏ İSLANIR (Xocalı şəhidlərinin xatirəsinə) Göy üzünü qara bulud alıbdır, Dört tərəfi mənfur düşmən sarıbdır, Necə insan canlarından olubdur, Bu gün nisgil dolu qəlblər talanır- Xocalımız qəm selində islanır. * * * Qoca cavan baxmayaraq vurubdu, Körbə üzü, saralıbdı solubdu, Bu matəmə dünya şahid olubdu, Bu gün nisgil dolu qəlblər talanır- Xocalımız qəm selində islanır. * * * Yağı talan etdi Ana Vətənin Dağılmaz başından dumanı,çəni, Çağırır,Xocalı çağırır səni, Bu gün nisgil dolu qəlblər talanır, Xocalımız qəm selində islanır.
Bu gün “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, Samux rayonu üzrə bölgə təmsilçimiz, dəyərli söz adamı Seymur Sönməzin doğum günüdür! Ad günü münasibəti ilə qələmdaşımızı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Seymur müəllim! Şairin şad günü münasibəti ilə qələmə aldığı şeirini sizə təqdim edirik:
MƏNİM ÖMÜR YOLUM Boylanıb geriyə baxdım bir anlıq, Elə bil üstümü duman-çən aldı. Gözümün önündən keçdi cavanlıq, Ömrün bir ili də arxada qaldı. * * * Nə yaman tez ötdü aylar-fəsillər, Anlar tufan kimi, yel kimi keçdi. Durub arxasınca baxdığım illər, Qarşımdan bulanıq sel kimi keçdi. * * * Söykədim üzümü xatirələrə, Sevdalı çağlarım geriyə döndü. Zülmətdə qərq olan neçə bənd-bərə, Mənimlə birlikdə dil açdı, dindi. * * * Közərdim təzədən sönmüş ocaqtək, Nurlu sabahların seyrinə çıxdım. Yaratmaq eşqiylə çırpındı ürək, Keçilməz sədləri bir anda yıxdım… * * * Duruldum su kimi avazda-səsdə, Sanmayın ağlımı nəsə çaşdıdı. Bir il gəldisə də yaşımın üstə, Məni şeirlərim cavanlaşdıdı. 04.02.2022.
SEVGİSİZ YAŞASAM Yaxşılar fərqlənməz, pislər olmasa, Heç yağış yağarmı, bulud dolmasa? Əgər bu dünyada izim qalmasa, Yəqin ki, varlığım daşa dönərdi! * * * Axı, kim yamanlıq görüb dilimdən, Heç vaxt ayrılmaram doğma elimdən. Nə vaxtsa qələmim düşsə əlimdən, Hər kəlməm gözümdə yaşa dönərdi! * * * Tənhalıq adamın qəddini bükər, Dərd-qəm sınıq qəlbi min səmtə çəkər. Bircə an sevgisiz yaşasam əgər, Ömrüm bir şaxtalı qışa dönərdi!
SƏNDƏN XATİRƏDİR SƏNSİZLİK MƏNƏ Bilmirəm sən niyə xəbərsiz getdin, Qoydun ürəyimdə neçə iz,-getdin. Son dəfə üzümə baxmayıb,düz getdin, Döndünmü zülmətdə dumana-çənə – Səndən xatirədir sənsizlik mənə! * * * Əllərim arxanca uzalı qaldı, Həsrətim kölgənə qısılıb qaldı. Eşqim göz yaşımdan asılb qaldı, Ürəyim gör necə sızlayır yenə – Səndən xatirədir sənsizlik mənə! * * * Adını qəlbimdən de, necə silim, Keçir dərd içində hər ayım, ilim. Hələ də sabaha çatmayır əlim, Üzümü tutmuşam hər ötən günə – Səndən xatirədir sənsizlik mənə! * * * Elə zənn etmə ki, dönmüşəm yada, Ülvi bir sevgini vermərəm bada. Əllərim əlinə toxunmasa da, Adını anıram hey dönə-dönə – Səndən xatirədir sənsizlik mənə!
İNDİ MƏNSİZ NECƏSƏN… Bu ayrılıq ürəyinə yatdımı, Ahım-naləm görən sənə çatdımı? İşıq saçan bəxt ulduzun batdımı, Zülmətəmi çevrilmisən gecə sən – Söylə görüm, indi mənsiz necəsən? * * * Bilə-bilə saf eşqimi tapdadın, Gedib döndün girovuna sən yadın. De, başında çatladımı inadın, Bir vədələr sığınmışdın gücə sən – Söylə görüm indi mənsiz necəsən? * * * Bəxtinləmi de vermişdin səs-səsə, Mat qalmışdım belə gizli həvəsə… Bir ayağın qaçaq idi nədənsə, Barı qaçıb qoşuldunmu köçə sən – Söylə görüm, indi mənsiz necəsən? * * * Daha mənə deyiləsi sözün yox, Ürəyində bircə qalam közün yox. Danışmağa bəhanən yox, üzün yox, İstəmirəm ta qarşımdan keçəsən – Baxıb deyəm, indi mənsiz necəsən?
ƏHSƏN HÜNƏRİNİZƏ (Qazilərimizə həsr edirəm) Vətənin ən ağır günlərində siz, Şəhid olmağa da hazır idiniz. Düşmən çökən kimi qarşınızda diz, Nur saçdı odunuz-közünüz sizin! * * * Vətən dünya boyda ürəkdi-candı, Torpaq qorunanda yurddu-məkandı. Deyəndə, “Qarabağ Azərbaycandı”! Yayıldı hər yana sözünüz sizin! * * * Heç vaxt qeyb olmasın gözdə nurunuz, Zəfər sevinciniz bəhrə-barınız. Qoy, qaysaq bağlasın yaralarınız, Gülsün zaman-zaman üzünüz sizin! * * * Haqq yolunda hər əzaba dözdünüz, Yağıların bənd-bərəsin kəsdiniz. “Dəmir yumruq”la düşməni əzdiniz, Dil açdı hər yanda iziniz sizin!
20 YANVAR ŞƏHİDLƏRİ Qarlı-zülmət bir gecədə nur saçdılar, Yağılarla ərən kimi savaşdılar. Azadlığa gedən yoldan söz açdılar – 20 Yanvar şəhidləri! * * * Paytaxt Bakı dönəndə qan dənizinə, Bələd olduq imperiyanın iç üzünə. Çevrildilər bəxtimizin gündüzünə – 20 Yanvar şəhidləri! * * * Nalə qalxdı asimana, üzüldü can, Hər tərəfə yağış kimi çiləndi qan. Ulu xalqın yaddaşında təzə ünvan – 20 Yanvar şəhidləri! * * * Namərd düşmən düşsə də qara niyyətə, Məğlub oldu el gücünə, əzəmətə. Alnı açıq üz tutdu əbədiyyətə – 20 Yanvar şəhidləri! * * * Biz bu dərdi daşısaq da aya-ilə, Matəm rəngi ta yaraşmır qərənfilə. Nəğmə kimi düşübdülər dildən-dilə – 20 Yanvar şəhidləri!
DANIŞIR MƏNİMLƏ KÖHNƏ ŞƏKİLLƏR Nə gün-günə bənzər, nə də il-ilə, Hər çiskin çevrilmir yağışa, selə. Kövrək xatirələr gələndə dilə Elə bil geriyə qayıdır illər – Danışır mənimlə köhnə şəkillər! * * * Uşaqlıq çağımdan söz açır şəklim, Cavanlığım kimi nur saçır şəklim. Gah gözə görünür, gah qaçır şəklim, Yaxamdan yapışıb dartanda əllər – Danışır mənimlə köhnə şəkillər! * * * Hər biri saralıb solan varaqdı, Sükuta qərq olan səsdi-soraqdı. Piltəsi közərən şamdı-çıraqdı, Titrəyir yarpaqtək əsdikcə yellər – Danışır mənimlə köhnə şəkillər! * * * Yaddaşım çatsa da hərdən dadıma, Kim çəkibsə, düşmür adı yadıma. İsinəndə közərtimə-oduma, Qəlbimdə gizlicə titrəyir tellər – Danışır mənimlə köhnə şəkillər! * * * Seymuru sızladan alovdu-közdü, Üstünü qar örtmüş cığırdı-izdi. Dumanlı-çiskinli pərişan üzdü, Dəyişə bilməyir səmtini sellər – Danışır mənimlə köhnə şəkillər!
VƏFASIZ QIZLARI SEVMƏYƏ DƏYMƏZ Tərsinə fırlanır dünyanın oxu, Bir ümid dalınca yollanır çoxu. Atalar əzəldən deyibdir axı, Dönük üzlü bəxti ha axtar, ha gəz – Vəfasız qızları sevməyə dəyməz! * * * Bəzisi tez çıxır haqqın yolundan, Büdrəsən yapışmaz sənin qolundan. Yansan da xəbəri olmur halından, Halal süd əmmişə heç varmı əvəz – Vəfasız qızları sevməyə dəyməz! * * * Etdiyin səhvləri gəl, azca bələ, Kim bilir qabaqda nələr var hələ. Yüz yol öz-özünü danlasan belə, Gecikmiş etiraf solğun bir həvəs – Vəfasız qızları sevməyə dəyməz! * * * Adam var, astarı üzündən baha, Hər vaxt beləsindən uzaq qaç daha. Odunu-közünü saxla sabaha, Bil ki, ülvi sevgi qəddini əyməz – Vəfasız qızları sevməyə dəyməz! * * * Seymur az görməyib işin tərsini, Bir addım atanda düşün ger(i)sini. Nə vaxtsa həyatadan alsan dərsini, Baxıb görəcəksən ya gec, ya da tez – Vəfasız qızları sevməyə dəyməz!
DOĞMA YURDUM-MƏSKƏNİM Ana Vətən, şan-şöhrətin yayılıbdır hər yana, Əzəl gündən sığınmışam sənin doğma qoynuna. Qollarımı gеniş açıb qoy, sarılım boynuna, Sənsən mənim yer üzündə qanad açan yelkənim – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim! * * * Hər ürəkdə məhəbbətin, bir əbədi izin var, Odlu qəlbin, isti qoynun, al günəşli izin var. Varlığından soraq verən, neçə-neçə sözün var, Yenilməyən əzəmətim, varlığımsan sən mənim – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim! * * * Zaman-zaman gözlərini qamaşdırdın yadların, Tükənməyən xəzinədir, həm sərvətin, həm varın! Göz oxşayır qarlı qışın, gül-çiçəkli baharın, Həm yamyaşıl yarpağımsan, həm də göyərən dənim – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim! * * * Sabahından söhbət açır, dalğalanan bayrağın, Nə gözəldir ürək açan, qəlb oxşayan növrağın! Zəfərindən soraq verir xoş müjdəli hər çağın, Seymur deyir, qoy daşına-torpağına mən dönüm – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim!
Səma ilə ilk tanışlığı iki il əvvəl, sosial şəbəkədə olmuşdu. Əslində dostluq təklifini də qızın özü etmiş, “messenger”lə göndərdiyi bir neçə şəkil aralarında ilıq münasibətlər yaratmışdı. Hələ üzünü görməsə də ürəkdən vurulmuşdu qıza. Telefonla tez-tez danışırdılar. “Vatçap”da görüntülü danışıqlar davam etdikcə, ən gizli sirlərindən də halı olmuşdular… Səma Bakıya yaxın qəsəbələrdən birində yaşayırdı. İlk virtual tanışlıq zamanı dediyinə görə özəl ali məktəblərdən birində oxumuş, valideyinlərinin təhriki ilə yaxın qohumlarından birinin oğlu ilə nişanlanmış, toylarının üstündən heç bir il keçməmiş ayrılmışdılar. Səma özü imtina etmişdi bu evlilikdən. Günahı ərə getdiyi oğlanın özündən çox, onun valideyinlərinin ayağına “yazmışdı”. Qızın dediklərindən bilmişdi ki, gəlin köçdüyü ailənin imkanları geniş olsa da, buradan dava-dalaş əskik olmurdu. İki baldızından biri-böyüyü-iki il qabaq qonşu ölkələrdən birinə qaçıb getmiş, elə o vaxtdan da, ondan heç bir soraq gəlməmişdi. Qızların balacası isə orta məktəbi bitirən kimi ata-anasından xəlvət varlı bir kişi ilə bir müddət gizli yaşamış, ondan ayrılandan sonra isə, şəhərdəki gecə barlarının birində işə düzəlmişdi. Həmin qız da ata-ana tənbehindən bezərək, günlərin birində evi tərk edib harasa çıxıb getmişdi. Arabir anası ilə danışanda gürcüstan əsilli birisiylə ailə qurub, Rusiyada yaşadığını deyirdi. Səmanın əri də bu ailənin “zay” törəməsi idi. Narkaman dostları ilə gəzib dolaşır, evə qayıdanda da, hamının canını boğazına yığırdı… Səma bu müsibətə cəmisi on bir ay tab gətirə bilmişdi. Valideynlərinin etirazına baxmayaraq, ər evini tərk edərək geri qayıtmışdı. Atası bir müddət onunla küsülü qalsa da, axırda övladının taleyi ilə barışmalı olmuşdu. Əslində, anasına dediyi kəlmələr atasının qulağına çatandan sonra kişi vəziyyətin ciddi olduğunu, qızın evdən baş götürüb gedəcəyini anlayaraq güzəştə getmişdi. Ürəyində düşünmüşdü ki, onsuz da Səmanın dönük taleyinin səbəbkarı özüdür, sonrakı biyabırçılıqdansa, elə bəri başdan övladına arxa-dayaq olub, onun incik könlünü şad etməyə çalışmalıdır… Ailənin günü-güzəranı pis keçmirdi. Atası uzun müddət yaxın xaricdə hərbçi olduğundan yüksək pensiya alır, şəhərin ucqar yerlərindən birində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. On nəfərə yaxın işçisi var idi, həm ailəsini, həm də öz işçilərini dolandırmaq imkanında idi… Səma bir müddət evdə oturub, gücü çatdığı qədər anasına kömək edirdi. Günlərin birində işləmək arzusunda olduğunu evdəkilərə bildirəndə əvvəlcə atası bir az yumşaq şəkildə dedi: – A qızım, Allaha şükür, kasıb deyilik, ən yaxşı evlərdən birində yaşayırıq, Bağ evimiz, minik maşınımız da var. Sənin işləməyinə ehtiyac yoxdur axı! Səma həmin vaxt kipriklərindən süzülən göz yaşlarında boğula-boğula söyləmişdi: -Ata, onsuz da mənimki heç əzəldən gətirməyib. Evdə qalıb neyləməliyəm ki, Allaha şükür özün demişkən pula ehtiyacımız yoxdur, qardaşım və məndən böyük bacım ailə qurandan sonra köçüb Rusiyada yaşayırlar. Sənin oradakı keçmiş dostlarının köməyi ilə əlləri bir parça çörəyə çatıb. Burada qalıb işləməyimi istəmirsənsə, qoy gedib onlardan birinin yanında qalım. İnsafən bu dəfə anasıının özü də Səmanın tərəfini tutdu: -Qızım, atanın elə deməyinə baxma, sənsiz yaşaya bilməz, axı evdə səndən başqa kimimiz var ki? Allah qardaşının-bacının canlarını sağ eləsin, ayamda-sayamda bir dəfə üzlərini görürük. Sən də çıxıb gedəndən sonra bəs, biz kimin umuduna qalacağıq? -Yaxşı, qızım, bu dəfə çalışacağam ki, sən deyən olsun, ancaq mənə bir az möhlət ver. İndi hər adama etibar etmək olmur. Çalışacağam ki, sənə adımıza layiq bir iş tapım. Atası idi bu sözləri deyən… Aradan üç ay keçsə də iş barədə söhbət bir daha təzələnmədi. Səma bunu üzə vurmasa da, atasından hələ də cavab gözləyirdi. Evdə bekar oturmaqdan yorulmuşdu, Sosial şəbəkədə elə də çox dostu-tanışı yox idi. Əslində başı daşdan-daşa dəyəndən sonra hər adama inanmırdı. İlk evlilikdən sonra qəlbinin dərinliklərinə qədər gedib çıxan psixoloji zədə sağalmaq bilmir, onu haldan-hala salırdı. Yasinlə xəyali tanışlıqdan sonra əhvalında bir az müsbət əlamətlər hiss olunmaqda idi. Ər evində eşitmədiyi şirin kəlmələri onun dilindən eşitdikcə hiss edirdi ki, sevgi adlı bir dəfedilməz qüvvə onun cismində peyda olmaqdadır… Yasin ailənin ikinci övladı idi. Uşaq vaxtlarından atasız böyümüşdü. Ağır yol qəzası zamanı həlak olan atasının üzünü doyunca görə bilməsə də, həyatın sərt üzündən yetərincə halı idi. Böyük qardaşı dolanışıq dalınca xarici ölkələrdən birinə üz tutmuş, elə həmin yerdə də türk əsilli bir qızla ailə həyatı qurub yaşayırdı. Özünün deməsinə görə vəziyyəti yaxşı idi. Arabir anası ilə, bəzən də onun özü ilə danışırdı. Hələ geriyə qayıtmaq fikri yox idi. On üç yaşlı sonbeşik bacısı məktəbli idi. Şamaxının qədim məhəllələrinin birində babasından qalma bir evdə yaşayırdılar. Anası məktəblərdən birində xadimə, özü isə çörəkbişirmə sexində işləyirdi. Başqaları ilə müqaisədə dolanışıqları babat idi. Anasının son vaxtlar giley-güzarı dilindən əskik olmurdu: -Bilmirəm heç nəyi gözləyirsən, sənin tayların çoxdan oğul-uşaq sahibi olublar. Bəlkə, qız kimi evdə qarıyıb un çuvalına tay olmaq istəyirsən? Yaşın bu gün-sabah otuzu haqlayacaq. Sən doğrudanmı özümüzə bab bir qız tapa bilmirsən? Əgər belədirsə, mən “arşın malçının” sözü olmasın, çadramı başıma örtüb sənə qız axtarım? Yaxşı yadındadır, həmin vaxt Yasin anasını bağrına basandan sonra, onun vaxtsız ağarmış saçlarından öpərək demişdi: -Darıxma, ana, tezliklə səni sevindirəcəyəm. Ana isə köksünü dərindən ötürərək ona xeyir-dua verib pıçıldamışdı: -Ancaq ehtiyatlı ol, ha… İndiki qızların bəzilərinin dilləri ilə ürəkləri arasında böyük məsafə olur. Çalış ki, bəyəndiyin qız,-mənim gəlinim-halal süd əmənlərdən biri olsun… Səma ilə ilk dəfə “kukla teatrının” qarşısında görüşmüşdü. Köhnə dostlar kimi bulvarda əl-ələ tutub xeyli gəzişəndən sonra, “Mirvari” kafesində çay içmişdilər. Həmin gün ilk dəfə görüşərkən qızın dediyi sözləri sonralar dönə-dönə xatırlamışdı: “Yasin, könlümü sənə verirəm, başıma gələnlərdən halısan, etibarsızlığı özümdən yox, səndən gözləyəcəyəm!” Eşitdiyi kəlmələr onu ruhən silkələsə də, cavabı gecikməmişdir: “Sən nə danışırsan, Səma, mən sənin taleyindən yaxşı halıyam, bununla belə əhdimdən-ilqarımdan geri dönən deyiləm, İnşallah, özün də buna şahid olacaqsan!”… Növbəti görüşlər onların arasındakı sədləri büsbütün yox eləmişdi. Fürsət tapan kimi, xəlvəti bir yerə çəkilib bir-birlərinin boynuna sarılır, illər ayrısı kimi qucaqlaşırdılar. Bir-iki dəfə gözdən uzaq bir yerdə nahar da etmişdilər. Ad günü ərəfəsində görüşəndə Yasin qıza kiçik bir hədiyyə də almışdı. Bundan artığına onsuz da gücü çatmazdı… Günlər ötüb keçdikcə Yasin qıza elə bağlanmışdı ki, onsuz yaşayacağını heç təsəvvürünə də gətirmək istəmirdi. Ancaq qız nədənsə çox vaxt fikirli olur, Yasinin arzuladıqlarına rəğmən bəzən özünü qeyri-adi aparırdı. Səmanın laqeydliyini əvvəllər üzləşdiyi arzuolunmaz ailə həyatı ilə ilgili olduğunu düşünəndə ürəyində deyirdi: “Yəqin ki, keçirdiyi sarsıntının izləri hələ də qəlbindən silinməyib. Baxanda, yaxşı qıza oxşayır, çox yaraşıqlıdır, düşünürəm ki, hər şey axırda istədiyim kimi olacaqdır!” Yasin Şamaxı ilə Bakının arasını su yoluna döndərmişdi. Səmadan ötrü dəli-divanə idi. Xəyallarında yer alan arzuladığı xoş günlərini Səmasız təsəvvürünə gətirmirdi. Təkcə nigarançılığı anasının verəcəyi rəydən, sevdiyi qızın boşanmış birisi olduğunu biləndə deyəcəyi sözlərdən idi. Ancaq bununla belə, Səmaya bəslədiyi sevgisinin yolunu heç xətrini dünyalar qədər istədiyi anası da kəsməyə qadir deyildi. Bilirdi ki, ürəyində anası onunla razılaşmasa da, gec-tez onun xətrinə güzəştə gedəcəkdi. Səma ilə evlənəcəyini qət edəndən sonra, aldığı əməkhaqqınından toy xərci üçün vəsait də toplamışdı. Bu vəsait yetərincə olmasa da, böyük qardaşının toya gəlməsə də, pul göndərəcəyinə əmin idi. Elə də daşürəkli deyildi qardaşı… Səma ilə növbəti dəfə görüşəndə toylarından da söhbət açmışdı. Qızın razılığını alandan sonra elçi göndərmək fikrində idi. Nədənsə Səma bu dəfə onunla bir az soyuq görüşdü. Səbəbini soruşanda dedi ki, şəhərdəki uşaq baxçalarından birinə işə düzəlib. Bir az vaxt istədi ki, özünə gəlib görsün ki, əli işə yatırmı? Ayrılanda da onu bir az soyuq tərzdə yola saldı. Dənizlə Nargin adasına gedib geri qayıdan gəmi ilə yarımsaatlıq gəzintidən də boyun qaçırıb: “İncimə, Yasin,-dedi-işdən icazəsiz çıxmışam, tez qayıtmalıyam!..” Sonuncu dəfə görüş üçün paytaxta gələndə, dəfələrlə etdiyi telefon zənginə cavab almadı. Qızın iş yerinin harada olduğunu bilsəydi oraya gedərdi. Ancaq Səma işlədiyi baxçanın ünvanını ona bildirməkdən imtina eləmişdi… Ürəyini tuta-tuta çox məyus halda geri qayıtdı. Günün müxtəlif vaxtlarında etdiyi zənglərdən sonra ancaq mobil telefonundan eyni sözləri eşitdi: “Zəng etdiyiniz telefon nömrəsi ya söndürülmüş, ya da əhatə dairəsindən kənardadır!.” Az qala ürəyi partlamaq dərəcəsində idi. Yazdığı mesajlar da cavabsız qalmışdı. Nə edəcəyini bilmirdi. Ertəsi gün, Səmadan üzücü bir cavab gəldi: “Yasin, məndən incimə, artıq yolun sonuna gəlib çıxmışıq. Buradan o tərəfə səninlə birgə getmək fikrim yoxdur, səbəbini soruşsan da deməyəcəyəm!.. Yasini elə bil, qəfildən ildırım vurmuşdu. Əlləri əsir, dili söz tutmurdu. Səmaya sonuncu dəfə nəsə yazmaq istəyəndə, anladı ki, qız onu dostluqdan silmiş və telefon nömrəsini bloka atmışdı… Nə qədər fikirləşsə də, Səmanın gözlənilməz hərəkətinin yozumunu tapa bilmədi. Anasının sözləri yadına düşdü: “Ancaq ehtiyatlı ol, ha… İndiki qızların bəzilərinin dilləri ilə ürəkləri arasında böyük məsafə olur. Çalış ki, bəyəndiyin qız,- mənim gəlinim-halal süd əmənlərdən biri olsun!..” Qəlbinin bulud harayını pışıltıyla dilinə gətirdi: “Düz deyirmişsən, ana, mən Səmanın kimliyini öyrənmədən, ona könlümü verdim. Gərək onun ilk dəfə mənə dediyi: “Etibarsızlığı özümdən yox, səndən gözləyəcəyəm!” kəlmələrindən nəticə çıxaraydım. Heç demə bu kəlmələr müəmmalı məhəbbətin gizli kodları imiş! Sən etibarlı idinsə niyə belə etdin, Səma?..
Payizda taniş olmuşduq! O, rastıma elə bir məqamda çıxmışdı ki, xeyli vaxtdan bəri həyatıma rəng qatmaq gücündə olan birinin axtarışında idim. Tanış olandan sonra düşünürdüm ki, aramızdakı yollar uzaq olsa da, bizi qəlbən bir-birimizdən ayrı salmağa qadir deyildir. Sevdalı günlərimizin lap əvvəlində bu kəlmələri onun özünə də söyləmiş, o, mənə bunu əhdi-peyman kimi qəbul etdiyini bildirmişdi. Ancaq o vaxtlar hardan biləydim ki, bu sözləri onun qəlbi yox, dili-dilçəyi deyirmiş! İllərlə davam edən qarşılıqlı sevgimizdən son vaxtlar nədənsə ayrılıq qoxusu gəlməkdə idi. Nədənsə bizi birləşdirən yolların üstündən soyuq küləklərin əsib keçdiyini hiss etdikcə ürəyimdə gah özümü, gah da Jannanı qınayırdım… Günlərin birində qəlbimdən keçənləri Jannanın özünə də deyəndə, o, and-aman edərək, əvvəlki kimi sevgimizə sadiq olduğunu bildirdi və hətta, belə düşündüyüm üçün məni bir az qınadı da… Onun bu barədə nə deməsindən asılı olmayaraq ürəyim dərinliklərində “şübhə toxumları” günbəgün cücərib boy verməkdə idi. Əslində, Janna öz niyyətini dilinə gətirməsə də, onun sözlərinə artıq inanmırdım. Gündən-günə aramızdan soyuq küləklərin keçdiyini bütün varlığımla hiss etdikcə, Jannanın bəhanələri də artıb çoxalmaqda idi… Axırda ürəyimin diqtə etdiyini, Jannanın özü də təsdiq etməli oldu, özü də soyuq payız günlərinin birində! Onu qınasam da, acılamadım! Axı, o mənim sevdiyim idi! Ancaq bununla belə, birgə getdiyimiz yolun sonunda dedim ki: “Sənin haqqın yox idi, məhəbbəti oyun, mənisə oyuncaq hesab edəsən, yadında yaxşı saxla, günahların ömürün boyu səni tərk etməyəcək!… Bilmirəm, o dediklərimi anladımı? Təkcə bildiyim odur ki, o heç mənimlə sağollaşmadan öz yolu ilə çıxıb getdi. Mənsə özümü danladım və bu qənaətə gəldim ki, soyuq bir payız günündə rastıma çıxan bu qız, illər sonrası elə payızın dumanlı-çiskinli günlərinin birində də durna qatarına qoşulub, uzaqlara “uçub” getdi! Elə həmin gündən sonra kimsə “payız fəslini çox sevirəm”- deyəndə, yadıma özümün uğursuz məhəbbətim düşür! Bəlkə də mənim bəlalı sevgimin baiskarı payız oldu. Jannanın günahı ucbatından bu sevgi qaşqabaqlı payızın sınağından üzüağ, alnıaçıq çıxa bilmədi!.. Əslində üzünü qarlı-şaxtalı qışa tutan payız gündən-günə hərarəti azalan bir sevgiyə haradan “məlhəm” tapmalı, fikri-zikri indi də özgəsinin yanında olan bir qızı getdiyi yoldan necə qaytarmalı idi!.. Məni qınamayın, neyləyim, payızda sevib, elə payızda da itirdiyim dönük üzlü bir sevdaya görə, ilk vaxtlarda payızın əlvan çalarları kimi gözümə görünən və ürəyimə hökm edən bir qızı vaxtında tanıya bilmədiyimçün, hərdən payızla bərabər özümü də qınayıram! Niyə aldandım, niyə!!! Nədənsə hələ də bu sualın cavabını tapa bilməmişəm!..
SİNƏMİN AĞRIYIR SƏN OLAN YERİ Məni dərd içində qoyub getmisən, Sirrini hər yana yayıb getmisən. De, bəlkə kiməsə uyub getmisən? Mənim lal həsrətim dağdan da iri – Sinəmin ağrıyır sən olan yeri! * * * Səni səsləyirəm hər addımbaşı, Niyə ətəyindən tökmədin daşı? Hələ də qurumur gözümün yaşı, Bilmirəm ölüyəm, yoxsa ki, diri – Sinəmin ağrıyır sən olan yeri! * * * İndi üzü dönmüş bəxtə nə deyim, Bu eşqi de, necə vəsf edim, öyüm? Hardasa çatdımı sənə gileyim, Bildinmi, baş alıb gedəndən bəri – Sinəmin ağrıyır sən olan yeri! * * * Qaçdın gözlərimin yuxusu kimi, Qəfildən bulandın axar su kimi. Puç oldum bir ömrün arzusu kimi, Ötüb-keçən anlar dönərmi geri – Sinəmin ağrıyır sən olan yeri!
TOXUNMA DUYĞULARIMA Geç olar ox çıxıb,gedirsə yaydan, Yüz il ömür sürsə düzəlməz nadan, Qoy yatsın oyatma şirin yuxudan, Sən canın toxunma duyğularıma.! * * * Nə olsun əhdinı,andını danıb, Məndə qalaq-qalaq izləri qalıb, Könlumü qırdığın yadıma salıb, Sən canın toxunma duyğularıma.! * * * Dönük bir sevginin olmaz əlacı, Hər şirin vusalın,sonluğu acı, Tənəli baxışı atıb qıyğacı, Sən canın toxunma duyğularıma. * * * İndi yadlar kimi kənar olmuşuq, Nəmli kipriklərdən axar olmuşuq, Bəlkə lap əzəldən elə buymuşuq, Sən canın toxunma duyğularıma.
AĞLAMA DEDİYİM AĞLATDI MƏNİ Qürbət eldə sevdim, sirdaşım oldu, Həm çiçəkli yazım, həm qışım oldu. Bəs, niyə çevrilib göz yaşım oldu, Danıb öz əhdini, unutdu məni – Ağlama dediyim, ağlatdı məni! * * * Ərşə qalxan kimi naləm-harayım, Döndü qəm-kədərə hər günüm, ayım. Qəfil əldən getdi qismətim-payım, Bilmirəm heç niyə tez atdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Axırda bildim ki, yoxmuş vəfası, Gözümdə zülmətə döndü səfası. Dağdan da ağırmış demə cəfası, Vara-dövlətəmi o, satdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Bir vaxtlar gözünün sildim yaşını, Bahara çevirdim qarlı qışını. Bəs, niyə üstümə çəkib “qoşunu”, Aldada-aldada fırlatdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Seymurun qəlbini tutmadan dilə, Neçə arzusunu çevirdi külə. Niyyəti nəyimiş, bilmirəm hələ, Dilim gəlmir deyəm, yaşatdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Bir quru salamla xatirə oyat, Hərdən yoxuma gəl,başımı aldat, Demirəm bir yolluq qəlbindən sök ,at, Sən canın toxunma duyğularıma.
TALESİZ QADIN Halına ürəkdən yanıram sənin, Üstündən çəkilmir dumanın-çənin. Sığışmır qəlbinə dağ boyda qəmin, Döndünmü köləyə əlində yadın – Puç oldu hər anın, talesiz qadın?! * * * De, niyə bəxtindən yarımadın sən? Sevginlə bilikdə qarımadın sən. Bir körpə saçını daramadın sən, Qaldın arasında suyunan odun – Bağlandı hər yanın, talesiz qadın! * * * Zülmətdə qərq oldu arzun-diləyin, Nanə yarpağıtək əsdi ürəyin. Baş əydin hökmünə acı küləyin, Doyunca duymadın sevincin dadın – Sızladı hey canın, talesiz qadın! * * * Hər yetən gəc baxdı üzünə sənin, Elə hey qar yağdı izinə sənin. Dərd-qəm kölgə saldı gözünə sənin, Tənə yeri oldu tərsin-avandın – De, varmı ünvanın, talesiz qadın?!
ÜRƏK OĞRUSU Mən nankor sevgindən necə söz açım? Necə söhbət edim ürək dolusu.? Fikrinlə yaşarkən haraya qaçım? Söylə! Məni məndən edən ürək oğrusu.! * * * Nə unuda billəm, nədə ki, ata, Dolanıram dərdə mən bata-bata, Nə idi günahım axı dünyada? Söylə! Məni məndən edən ürək oğrusu.! * * * Əhdini danaraq andını pozan, Sözü söz eyləyib kəlməni yozan, Tərk edib getməyin bu qədər asan, Söylə ? Məni məndən edən ürək öğrusu .! * * * Sən getdin, sinəmdə sızladı qəlbim, Artdı yoxluğunda, çoxaldı dərdim Ömrümə bəs niyə gəlmişdin mənim? Söylə! Məni məndən edən ürək oğrusu! * * * Seymuru tərk etdin yol yarısında, İnləyir bitən bu eşqin yasında, Axtarım dünyanın bəs harasında? Söylə- Məni məndən edən ürək oğrusu.
GƏLMƏ Qara saçlarıma qarlar ələnmiş, Həyatın sınağı yaman çətinmiş, Qamətim bükülmüş,qəddim əyilmiş, Çarəsiz halımı biləndə gəlmə.! * * * Qaysaq bağlayıbdı qəlb mamırlanıb, Xəyalım yıxılıb,uçub talanıb, Gördüyün bənizdən əsər qalmaıb, Anam göz yaşımı siləndə gəlmə.! * * * Yazdım necə kərə cansız kağıza, Söz oldum dillərə,düşdüm ağıza, Bir zaman vurğundum, yaza,payıza, Ağac yarpaqların tökəndə gəlmə.! * * * Üstümə üstümə gəlir,zaman il, Silə bilirsənsə,gəl qəlbimdən sil, Mənim təbiətim dəyişkən deyil, Nadanlar halıma güləndə gəlmə. * * * Bu yolda nə çəkdi,nə çəkdi Seymur, Etmədi bir kərə,etmədi qürur, Gəlirsən indi gəl,son arzum budur, Gözlərim yumulub öləndə gəlmə.!