Kateqoriya arxivləri: Sonet çələngi

XUDAYAR DASTANI. ZAUR USTAC.

XUDAYAR DASTANI
(sonet çələngi)
I
Xudayar çağırdı anan adını,
Söylədi: -Bəxtinə Xuda yar olsun!
Qəlbində arzular yetsin murada
Ömrünün yolları növbahar olsun!

Ana laylasıyla yurdsevərliyi,
Hopdurdu qanına şirin bayatı.
Hələ beşikdəykən qığıltıların,
Kiminə “Cəngi”ydi, kimə “Heyratı”.

Bu ömür yolları fəsil-fəsildi,
İnsanlar dünyada nəsil-nəsildi,
Heç nə yayınmayır Tanrı gözündən

Anan sevgi ilə əl açdı göyə,
Qəlbinə məhəbbət ələnsin deyə,
Şəfqətlə əyilib öpdü üzündən.

II

Şəfqətlə əyilib öpdü üzündən,
Dedi: Oğul balam, tanı özünü.
Damarında axan qanınla qoru,
Anatək müqəddəs “vətən” sözünü.

Sənə qucaq açan bu qoca diyar,
Ulu babaların əmanətidir.
Mənim söylədiyim ana öyüdü,
Qoca nənələrin zəmanətidir.

İllər gəlib keçər bircə an kimi,
Qoru torpağını öz anan kimi,
Sadiqlik bu yurdun ərinə xasdı.

Bu torpaq böyüdür mərdi, qoçağı,
Ərən babaların qeyrət ocağı,
Səni məhəbbətlə bağrına basdı.

III

Səni məhəbbətlə bağrına basdı,
Arzu köynəyini geyinən yollar.
Elin yaddaşında dönür heykələ
Vətəni sənintək sevən oğullar.

Yurdunu canından çox sevdiyindən,
Özünə sərhədçi peşəsi seçdin.
Vətənin ən kiçik daşına belə
Ömürlük sədaqət andını içdin.

Vuruldun torpağın hər qarışına,
Döndün pərvanətək yurdun başına,
Adladın dağından, keçdin düzündən.

Döyüş yollarından xəbər alınca,
Anan dua etdi sənin dalınca ,
Oğul ətri gəldi kövrək sözündən.

IV

Oğul ətri gəldi kövrək sözündən,
Suyundan içdiyin ayna bulağın.
Yurdun sərhədləri qayıtsın deyə,
Qanlı döyüşlərdən gəldi sorağın.

Söylədin: Sərhəddə duran igidin,
Duruşu yad gözə sancılan oxdur.
Qeyrətli sərhədçi qəlbində təkcə,
Vətən sərhədinin sərhədi yoxdur!

Düşmən çəpəridir qamətin, görkün,
Törəsi əzəldən belədir türkün,
İradəsi dəmir, ürəyi kövrək.

Silahdı qüdrətin, qeyrətdi gücün,
Yurdun harayına yetişmək üçün,
Böyüdün həyatda ər oğlu ərtək.

V

Böyüdün həyatda ər oğlu ərtək,
Çəkdin keşiyini ana torpağın.
Hər səhər öpmüsən sərhəd boyunca,
Üzünü üçrəngli uca bayrağın.

Sərhədçi ömrünün hər məqamında ,
Yurdunu düşünür, vətəni anır.
Torpaq bədnəzərdən üşüyər deyə
Onun damarında qan alovlanır.

Silahdan çəkmədən öz əllərini,
Hər gün çiçəkləyən nəğmələrini,
Yazdın yaddaşlara qalsın yadigar.

Əzəli əbədi bir nəfəs kimi,
Canlı haray kimi, ulu səs kimi,
İstədin yurddaşın olsun bəxtiyar.

VI

İstədin yurddaşın olsun bəxtiyar,
Səsinlə dərələr, dağlar isindi
Otuz il möhnətdə qalan torpağın,
Köksündə üşüyən çağlar isindi

Oğul hünəriylə, ər qeyrətiylə,
Hər daşı, qayanı öpdü gözlərin.
Sevgiyə susamış torpağın üstə
Axdı nəğmə-nəğmə şirin sözlərin.

Həsrətin, möhnətin saçını yoldun,
Nəğmədən yonulmuş bir heykəl oldun,
Bu cavan ömürdə, bu cavan yaşda.

Sevgi çağlayırdı nəğmələrində,
Hər gün döyüşürdü nəğmələrin də ,
Qarabağ uğrunda gedən savaşda.

VII

Qarabağ uğurunda gedən savaşda
Şahadət bağından sən də gül dərdin.
Könüllər oxşayan nəğmələrini,
Döyüşçü dostların qəlbinə sərdin.,

Zamanın fövqündə dayandı andın,
Arzun nəğmələrə döndü çağladı.
Ucaltdın adını elin obanın,
Rəhmində yer verən Bərdə ağladı.

Vardın döyüşlərə cəsarətinlə,
Savaş meydanında dəyanətinlə
Amansız düşməni çox eylədin xar.

Ələndi üstünə mərmi yağışı
Pozuldu ömrünün gənclik naxişı,
Adını tarixə yazdın, Xudayar.

VIII

Adını tarixə yazdın, Xudayar,
Şirin təbəssümün ələmi sildi.
Dastana sığmayan oğul hünərin,
Düşmənə əbədi qənim kəsildi.

Qeyrət ətri hopmuş arzularını,
Vətənin boynuna taxdın, igidim.
Otuz il ucalan dərd hasarını,
Düşmənin başına yıxdın, igidim.

Açdın yaxasını xatirələrin
Dodaqda nəğməyə döndü hünərin,
Çəkildin bəxtinin lap güneyinə.

Ağdamın yurduna həsrət pələngi ,
Çağladı qanında qəfil bir “Cəngi”
Şəhidlik köynəyi geydin əyninə.

IX

Şəhidlik köynəyi geydin əyninə,
Qorxudan ölümün rəngi ağardı.
Tanrı mələkləri qondu səsinə,
Səni nəğmə-nəğmə çəkib apardı.

Yağıştək ələndi yağı gülləsi,
Sinəndə astaca çiçəklədi qan.
Səni qucaqladı Vətən torpağı,
Öpdü lalə-lalə yaralarından.

O hansı bağçadı gülü solmayan?
-Qisməti şəhidlik eşqi olmayan
Cənnət libasını çətin geyinə.

Əcəl öz əlində tutsa da fərman,
Ölüm qorxutmadı səni heç zaman,
Düşməni almadın heç vaxt eyninə.

X

Düşməni almadın heç vaxt eyninə,
Sərhədçi adını uca saxladın.
Nəğməyə döndərib vətən eşqini,
Sevgi dənizitək hər vaxt çağladın.

Söylədin, bu Vətən işığa bənzər,
Sərhədçi ürəyim pərvanəsidir .
Torpaq məhəbbəti yanar ocaqtək
Mənim taleyimi hər gün isidir.

Ümidlə yoğurdun yavan ömrünü,
Qoyub ayaq altda cavan ömrünü ,
Zəfər qalasını inamla hördün.

Açdı yaxasının hünər yolları,
Əridi fələyin şaxtası, qarı,
Qartaltək uçduğun zirvəyə döndün.

XI

Qartaltək uçduğun zirvəyə döndün,
Seyr etdin Vətənin sərhədlərini .
Üzü qələbəyə gedən yollara,
Səpdin nəğmə-nəğmə ümidlərini.

Vətən nəğməsinin ətri, qoxusu,
Hopdu qəribsəmiş yurdun daşına.
Zəngilan döyüşçü nəğməkarının,
Səsini yazıbdı yurd yaddaşına.

Bəxt yara alsa da öz sinəsindən,
Zəfər köynəyini geymiş səsindən,
Kədər çilikləndi, qəm qəlpələndi.

Yurd yeri sevgiylə çıxdı qarşına,
Doğma Qarabağın hər qarışına,
Səsindən qələbə ətri ələndi.

XII

Səsindən qələbə ətri ələndi,
Aldı qucağına Ağbənd kəndini.
Vətənin üçrəngli bayrağı ilə,
Səsin salamladı yurd sərhədini.

Sərhədçi oğlunun gözündən öpüb
Özündən-özünə döndü Zəngilan.
“Şəhidim, yurduna xoş gəldin”, – deyib,
Kövrələ-kövrələ dindi Zəngilan.

Dərdin dağlarında ulayan qurdun
Kənd-kənd, oba-oba dağılan yurdun
Üzünə- gözünə fərəh çiləndi.

Qeyrət aynasında özünü görüb ,
Üçrəngli bayrağın üzünü görüb,
Zəfər sevincinə torpaq bələndi.

XIII

Zəfər sevincinə torpaq bələndi ,
Ali Baş Komandan “Hücum!”- deyəndə .
Dəmir yumruğunu göyə qaldırıb,
“Müzəffər ordumdu–gücüm”- deyəndə.

Bu cavan ömrünə qıydığı üçün, .
Hələ də utanır ölüm qurşunu,
Şəhidim önündə farağat durub,
Fəxarətlə keçir Sərhəd qoşunu.

Payızda önündə diz çökdü yağı,
Sərib sinən üstə şanlı bayrağı
Ata ocağına şərəflə döndün.

Bu qısa ömürdə məhəbbət dolu,
Adın mübarəkdir, ey türkün oğlu
Vətəndə əbədi nəğməyə döndün.

XIV

Vətəndə əbədi nəğməyə döndün,
Xudayar, zəfərli çağın mübarək!
Payızda Vətənə bahar gətirdin ,
Şəhadət ətirli bağın mübarək!

Nəğmədən özünə bir xeymə qurdun,
İçində sevdalı ellər dincəlir.
Şuşa da, Laçın da azad olubdu,
Şəhidim, səsindən yurd ətri gəlir.

Arxada qalmasın gözün, Xudayar,
Sönməz ürəklərdə közün, Xudayar,
Yazıb yaddaşına zaman adını…

Haqqı var analar oğlunu öyə,
Xuda taleyinə yar olsun deyə,
Xudayar çağırdı anan adını.

XV
Xudayar çağırdı anan adını,
Şəfqətlə əyilib öpdü üzündən.
Səni məhəbbətlə bağrına basdı,
Oğul ətri gəldi kövrək sözündən.

Böyüdün həyatda ər oğlu ərtək,
İstədin yurddaşın olsun bəxtiyar.
Qarabağ uğrunda gedən savaşda,
Adını tarixə yazdın, Xudayar.

Şəhidlik köynəyi geydin əyninə,
Düşməni almadın heç vaxt eyninə,
Qartaltək uçduğun zirvəyə döndün.

Səsindən qələbə ətri ələndi,
Zəfər sevincinə torpaq bələndi,
Vətəndə əbədi nəğməyə döndün.

7-8.05.2022. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

Mustafa Müseyiboğlu adına kitabxana

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tənhalıq rəngləri – Balayar SADİQ

Tənhalıq rəngləri – Sonet çələngi.

I

Qəbrimin bir ömür uzaqlığında,

Tale yollarının alnı qırışıb.

Ümid nə vaxtdı ki, gözümə dəymir,

Görünür, hardasa başı qarışıb.

Ehtiyac şumlayır bəxt çöllərini,

Dövran da bir ucdan elə dərd əkir.

Varaqlar üzümə ağ olur daha,

Qələm də söz altdan çiynini çəkir.

Fələklər diksinir dərdə tabımdan,

Ömrümün-günümün bəxt kitabından,

Arzular cırılmış varaq kimidir.

Dəydi harayıma sükut qurşunu,

Qırılıb içimdə dözüm qoşunu,

Ümid qana batmış bayraq kimidir.

II

Ümid qana batmış bayraq kimidir,

Ürəyim ağrıyan yaralı əsgər.

Geri çəkilməyə yer qalmayıbdı,

Sonuncu misradı sonuncu səngər.

Tale göz yaşını sıxır ovcuna,

Halsız harayların köksü dağlanır.

Yuxusu qarışır xatirələrin,

Kədər dənizitək söz dalğalanır.

Acı əzabların gözləri gülür,

Dözüm kəlməsinin qəddi bükülür,

Ağrılar çay kimi kükrəyən yerdə.

Səbr səbr etməyin daşını atır,

Sükutdan sükutun qulağı batır,

Əcəl şahə qalxıb kişnəyən yerdə.

III

Əcəl şahə qalxıb kişnəyən yerdə

Ən uca dualar urvatdan düşər,

Əriyib tökülər yaddaş cığırı,

Son nəfəs qırılıb dodaqdan düşər.

Torpağın canında tərpənər bu dəm,

Hələ qazılmamış qəbrin ağrısı.

Bir alın yazısı çiliklənəcək,

Nə fərqi – gündüz, ya gecə yarısı?!

Öpər göz yaşları doğma üzləri,

Dərd çırpar qəbrinə nəmli sözləri:

“Burda sovxa qalan bu ad kimindir?”.

Taleyin yolları verib səs-səsə,

Əcəl qılıncını çəkib gəlirsə,

Cəsarət bir paslı yaraq kimidir.

IV

Cəsarət bir paslı yaraq kimidir,

Ürəkdə ağrının qaçır dodağı.

Üzür qərib-qərib qan yaddaşında,

Bir yarpaq bayatı, bir əlçim ağı.

Ya döşə altına, ya çək üstünə,

Bu misra yorğanın, döşəyin olsun.

Tanrıyçün dinlərin bir fərqi yoxdur,

Təki dərgahına baş əyən olsun.

Ömür bir çiçəkdir vaxtın əlində,

Taleyin köç etmiş binələrində,

Qaralmış ocaqdır olub-keçənlər.

Gözlər göz yaşına qonubdu orda,

Vaxtın ləpirləri donubdu orda,

Kimin yaddaşıdır o qarlı çöllər.

V

Kimin yaddaşıdır o qarlı çöllər,

Orda vaxt ağlayır, zaman hönkürür.

Açıb yaxasını ağrı yolları,

Dərd qəhqəhə çəkir, qəm-qüssə gülür.

Gəl soyun əynindən bu nimdaş ömrü,

Daha ümid yolu yamaq-yamaqdır.

Orda ki, arzular bələnib qana,

Orda yaşamaq da yaşamamaqdır.

Ora qəmin yurdu, dərdin vətəni,

Orda unudubdu Tanrı bəndəni,

Bəxt düşüb ömürdən aralı orda.

Arzu yollarına qəm, kədər qonub,

Orda ki, azadlıq edam olunub, –

Tarix sinəsindən yaralı orda.

VI

Tarix sinəsindən yaralı orda,

Orda azadlığın qanı göllənib.

Dil qıfıl altına düşüb nə vaxtdı,

Söz qara geyinib, səs güllələnib.

Götür bu misranı sanc öz yaxana,

Simurq lələyidir, gərəyin olar.

Allahın bayrağı altından keçir,

Özündən-özünə gedən bu yollar.

Kimin ağrısını kim xəbər alıb,

Nə qədər yaşamaq həvəsin qalıb,

Ovut içindəki xatirələri.

Dözüm göz yaşına baş qoyub yatır,

Ora nə ün yetir, nə də əl çatır,

Azadlıq ömrümün ən qərib yeri.

VII

Azadlıq ömrümün ən qərib yeri,

Ömrün o üzüdür, astarı deyil.

İlahi, verdiyin bu bəxtdir axı,

Qoca dilənçinin paltarı deyil.

Sınır, çiliklənir addım səslərim,

Yollar da canını tutub dişinə.

Maşallah, dərd bizi yaxşı yarıtdı,

Bəxtim, daha qalma, çıx get işinə.

Səbrində dəfn elə bu son döyüşü,

Kimin yaddaşından qırılıb, düşüb,

O yol can üstədir, qıvrılır orda.

Fələk sulamaqda dərd ağacını,

Sükut yolur orda, yolur saçını,

O kimin qəbridir, qaralır orda.

VIII

O kimin qəbridir, qaralır orda,

Tənhalıq yaylığın üstünə sərib.

Əl açıb göylərə bir məzar daşı,

Üstündə mamırtək sükut göyərib.

Danışma, içimdə dərd ləpələnir,

Diksinir qəlbimin ağrı dağları.

Köksümdə qıvrılır yetim bir haray,

Açılır yaxası ayrılıqların.

Ünvansız məktubdu tənhalar, təklər,

Dərdi yelpikləyir acı küləklər,

Can verir ocağım, qaralır közüm.

Bu son harayımdı, bu son ünümdü,

Bu gün əcəlimlə görüş günümdü,

Gəl, öpüm gözündən, qaratel sözüm.

IX

Gəl, öpüm gözündən, qaratel sözüm,

Nəfəsi tükənib son nəfəsimin.

Daha qapısını döymək vaxtıdı,

Səsimin içində qalan səsimin.

Üşüyər torpaqda tənha məzarım,

Üstünə nə oğul, nə qız gələcək.

Qərib küləklərin dodaqlarında,

Qəmli misralarım yalqız gələcək.

Ölüm qayasına çırp son harayı,

Bir də geri axmaz bu ömür çayı,

Daha nəyə gərək bu səbr, dözüm.

Mən bəxt didərgini, tale yorğunu,

Sındır gözlərimdə bu daş yuxunu, –

Yox səndən doğması, yox, canım-gözüm.

X

Yox səndən doğması, yox, canım-gözüm,

Kimə ismarlayım bu son nəğməni.

Gəl bük xatirəmi qara dəsmala,

Üstündə bir misra ağla sən məni.

Çırpıb qanadını uçdu günlərim,

İndi əllərimdə bir lələk qalıb.

Mən çıxıb gedirəm, özünü qoru,

Apara bilmədim, kor fələk qalıb.

Bu ömür olmadı, bir sürgün oldu,

Qara gecələr də qaragün oldu,

Axı nə yatdım ki, nə yuxu görüm.

Qəflə-qatarını çəkdim bu köçün,

Yaşayammadığım o günlər üçün,

Baş qoyum dizinə bir az hönkürüm.

XI

Baş qoyum dizinə bir az hönkürüm,

Analı günlərim ovutsun məni.

Bir ovuc laylanın qonağı olum,

Sonra lap Tanrı da unutsun məni.

Payız qoxusuna bələnib ömür,

Canımın yaşamaq iştahı küsüb.

Xatirə dərzləri tayalanıbdı,

Ağılar dil açıb, nəğmələr susub.

Çıxsın köynəyindən saz yavaş-yavaş,

Bu gün dərdlərimin toyudu, qardaş.

Niyə barmaqların üşüyür, ozan?

Mənim ocağımı əcəl qalayıb.

Alnıma yazmağa bir şey qalmayıb,

Çırpır qələmini yerə bəxt yazan.

XII

Çırpır qələmini yerə bəxt yazan,

Qaçırdıb bir ömrün qafiyəsini.

İkicə dərs aldım qoca dünyadan;

Yaşamaq dərsini, ölüm dərsini.

Qan-tər içindədi keçdiyim bu yol,

Mən yolu keçmədim, yol məni keçdi.

Ürəyim susuzdu səhralar kimi,

Gözüm, göz yaşımı sən niyə içdin.

Süzmüşəm ruhuma son həyəcanı,

Dərdimin toyundan gəlirəm, canım,

Soruşma sən belə harda “vurmusan”.

Yalandı, demə ki, üzünü gördü,

Mənim ki, bəxtimin gözləri kordu,

Gözümün önündə niyə durmusan?

XIII

Gözümün önündə niyə durmusan,

Gözlərim açıqdı, gəl, keç içəri.

Dayan, ayağından çırpsana, zalım,

Hara aparırsan bu küçələri.

Baxdıqca hey sənə gözlərim azır,

Qərib bir küçəsən bu əyin-başla.

Mənim incitdiyim sözlər qoy qalıb

Mənim incitdiyim sözü bağışla.

Bağışla vaxtımın vaxtsız qonağı,

Gözümdü ömrümün görüş otağı,

Üstünə tökülən yaşı sil görüm.

Haqqı yox incitsin daha kimsəni,

Qorxma, tənhalığı üşütməz səni,

Bir az taleyimə yaxın gəl görüm.

XIV

Bir az taleyimə yaxın gəl görüm,

Qoy həsrət yolları üşüsün bir az.

Oxşa saçlarını xatirələrin,

Səsimə, sözümə gün düşsün bir az.

Duz səp yarasına bu ömür-günün,

Bəxtin tamı-dadı çoxdan qaçıbdı.

Gör necə başını itirib dərdim,

Sənə dilənçitək ovcun açıbdı.

Kövrək xatirələr durub sıraya,

Səni and verirəm bu son misraya,

Enmə arzuların ucalığından.

Əlvida, son misra, sonuncu beyt.

Tənha yelkən kimi ağarır ümid,

Qəbrimin bir ömür uzaqlığında.

XV

Qəbrimin bir ömür uzaqlığında,

Ümid qana batmış bayraq kimidir.

Əcəl şahə qalxıb kişnəyən yerdə,

Cəsarət bir paslı yaraq kimidir.

Kimin yaddaşıdır o qarlı çöllər,

Tarix sinəsindən yaralı orda.

Azadlıq ömrümün ən qərib yeri, –

O kimin qəbridir qaralır orda.

Gəl öpüm gözündən, qaratel sözüm,

Yox səndən doğması, yox, canım-gözüm,

Baş qoyum dizinə bir az hönkürüm.

Çırpır qələmini yerə bəxt yazan,

Gözümün önündə niyə durmusan,

Bir az taleyimə yaxın gəl görüm.

1998

Müəllif: Balayar SADİQ

BALAYAR SADİQİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru