Kateqoriya arxivləri: Təranə DƏMİR

Təranə Dəmirin yeni kitabı işıq üzü görüb

Tanınmış qələm adamı Təranə Dəmirin sayca doqquzuncu kitabı işıq üzü görüb. Özünün xüsusi ənənələri olan “Maarif” nəşriyyatında nəfis şəkildə tərtib olunaraq, nəşr olunmuş kitabın redaktoru Qulu Ağsəsdir.

Qısa arayış: Təranə Dəmir – Dəmirova Təranə Ağaqardaş qızı – 1970-ci il dekabrın 16-da Sabirabad rayonunun Kolanı kəndində anadan olub.
Kolanı kənd orta məktəbini medalla bitirib.
1988-1993-cü illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb.
AYB-nin və AJB-nin üzvüdür. 9 kitab müəllifidir.
Şeirləri lap gənc yaşlarından dərc olunur.
Dəfələrlə AzTv-nin müxtəlif proqramlarında qonaq olub.
İndi də müxtəlif mətbu orqanlarda dərc olunur.
Ailəlidir, iki övladı var.

Əlamətdar hadisə barədə sevincini Təranə xanım sosial şəbəkə hesabından: Təranə Dəmir – “Qulu Ağsəsin redaktorluğu ilə “Sərhədsiz sərhədlər ” işıq üzü gördü. “Maarif” nəşriyyatına və əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.– məzmunlu paylaşım edərək, öz izləyicilərilə bölüşüb.

YAZARLAR” olaraq, TƏRANƏ xanımı təbrik edir, qarışdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!


TƏRANƏ DƏMİRİN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR”JURNALININ MART – 2024 № 03 (39)-CU SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR”JURNALININ MART – 2024 N: 03 (39)-CU SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB: PDF: >>>>yazarlar-39

Görkəmli şair Ramiz İsmayılın  “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub.

>>>>BUDAQ TƏHMƏZ

>>>>>>ƏLİ BƏY AZƏRİ

>>>>>>RAMİZ İSMAYIL

Budaq Təhməzin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində  işıq üzü görmüş kitabın redaktoru və ön sözün müəllifi yazıçı, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəridir.

Rafiq Əliyev haqqında kitab – PDF:

rafiq-aliyev-su-kimi-sakit-ve-guclu-e-standart

Download

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə DƏMİR – Bir əl də tapılmadı…

Payız qadın

Ürəyi yaz həvəsli,

Saçları payız qadın.

Bəxti ana möhürlü,

Arzuları qız qadın…

Daşdan, kəsəkdən keçən

Qismət düşdü payına.

Tənhalığa tay oldu,

Tay olmadı tayına.

Yerdən, göydən qovuldu,

Suda batdı qisməti.

Min yerindən ovuldu,

Öz bəxtindən küsmədi.

Vurdular dağa, daşa,

İsmətini qorudu.

Şükür deyib Tanrıya

Qismətini qorudu.

Qəlbini qıfılladı,

Bağlandı ev-eşiyə.

Nökər oldu, qul oldu

Ər bildiyi kişiyə.

Ürəyi yaz həvəsli,

Saçları payız qadın.

Bəxti ana möhürlü,

Arzuları qız qadın…

Yolun ağı

Düşəsən yolun ağına,

Gedəsən özünə sarı.

Əyri-üyrü yol tutasan,

Gedəsən düzünə sarı.

Yorulub, dincin alasan,

Sonra təzədən gedəsən.

Bezəsən daşdan, kəsəkdən,

Yenə dözəsən, gedəsən.

Dırmaşasan, sürüşəsən,

Əlindən ətəyin tuta.

Çırpasan tozun-torpağın,

Burda da ölməyin tuta…

Yuxu

Yuxu yol gedir gözümdə,

Gedir yuxulu-yuxulu.

Küçələri, döngələri

Ötür yuxulu-yuxulu.

Hələ gecə təzə düşüb,

Hələ ki səhərə çox var.

Hələ bizim küçədəyəm,

O qamış çəpərə çox var.

Yuxu tökülür gözümdən,

Əl atıb tuta bilmirəm.

Tutub gecənin əlindən,

Səhərə çata bilmirəm.

Bu yuxu hələ dəyməyib,

Neynirəm bu kal yuxunu.

Göylərdən nağıl gözləyir,

Almanı ver, al yuxunu.

Ömrümdən yarımadım

Sürə-sürə bu ömrü

Gəlib çıxdım yarıya.

Nə verdim ki, ömrümə

Ömrüm məndən yarıya?

Daşdan-kəsəkdən keçdim,

Bərdən-bəzəkdən keçdim;

Min yol ələkdən keçdim

Bəxt araya-araya.

Doğradılar, kəsdilər,

Çeynədilər, əzdilər;

Barışdılar, küsdülər,

Kimlər girdi araya.

Bu savaş dən üstədi,

Bir verdim, min istədi;

Allahdan gün istədim

Döz zarıya-zarıya…

Sən bilməzsən…

Sən bilməzsən qış boranı necədi,

Sazaqlarda üşüməyin dadını –

Qar üstündə topal-topal iz qoyub,

Addım-addım tövşüməyin dadını.

Sən bilməzsən yorğan altda titrəyib

Xəyalların qollarını sarmağı –

Gecələrdən səhərlərə ip atıb,

Arzuları qovub, qovub yormağı.

Necə alım payızını bu qışa,

Heç olmasa, qış ümidin var hələ –

Küləklərim ümidini uçurar,

Bir fəsillik boş ümidin var hələ…

***

Bir əl də tapılmadı

Saçını sığallaya.

Sevincinə sevinə,

Qəmini qucaqlaya.

Bir yuva da olmadı,

Sığınıb ağlayasan.

Girəsən qucağına,

Qapını bağlayasan.

Bütün arzularının

Üstünə daş qoydular.

Dopdolu ürək verdin,

Aldılar boş qoydular.

Səsin gedib çatmadı,

Tanrı da uzaq oldu.

Düşdün ümidlərindən,

Ömrün baş-ayaq oldu.

MƏNBƏ:

Ədəbiyyat qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.12.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TƏRANƏ DƏMİRİN YENİ ŞEİRLƏRİ

UŞAQLIQ ŞƏKİLLƏRİMƏ

Hamı şəkillərdə köhnə   vaxtdadı, 
Hamı gözlərində gülüş dayanıb.
Hamı  məhəbbətlə sığallanıbdı,
Hamı yanağında öpüş dayanıb.

Nimdaş paltarında,  təzə  donunda
Necə bəxtəvərdi şəkil uşaqlar.
Elə bil tərtəmiz göz ekranıyla
Sevincin rəsmini çəkir uşaqlar.

Heç kimin dünyadan xəbəri yoxdu,
Xoşbəxtdi çərçivə içində hamı.
Keçmiş zamandadı burda hər nə var,
Burda salamlayır illər adamı.

Hələ sabahından xəbərsiz baxır
Şəkildən üzümə gülən uşaqlar.
Hamısı  bir boyda ,bir biçimdədi–
Qaraşın uşaqlar, kürən uşaqlar.

Hələ  günahsızdı, hələ  qınaqsız, 
Hələ  ürəyimiz girov düşməyib.
Hələ bant bağlayıb saçına qızlar,
Hələ ki, oğlanlar kişiləşməyib.

Hələ yol gedirik sabaha sarı,
Hələ ki, aldadır nağıllar bizi.
Hələ ki, şeytanlar, cinlər  yol  gəlir,
Hələ ki, axtarır  paxıllar bizi.

Başımız qarışıb   qovub tutmağa,
Yoruruq yolları, qayalıqları.
Hələ keçməmişik  həsrət  içindən,
Hələ dadmamışıq ayrılıqları.

Hamı şəkillərdə köhnə vaxtdadı,
Hamı gözlərində gülüş dayanıb.
Hamı sevgi ilə sığallanıbdı,
Hamı yanağında öpüş dayanıb.

BU KƏND QOCALIB

Biz kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz  mələk çağıydı.

Qayıdıb gələndə gördüm yaz hanı?
Bu kəndin çəməni , otu qocalıb.
Qocalıb böyürkən kollarınacan,
Pişiyi qocalıb, iti qocalıb.

Mənim gəlişimə sevinmədi heç,
 Yollar  tanımadı məni  deyəsən.
Yadından çıxmışam torpağın, daşın,
Dumanın, çiskinin , çənin deyəsən.

Suvağı tökülən köhnə evlərin 
Qapısı qocalıb, damı qocalıb.
Məni tanımadı təzə qonşular,
Məni tanıyanlar hamı qocalıb.

Üşüdüm buz kimi baxışın altda,
Yer tapa bilmədim özümə burda.
Düşdü baxışlarım fikir toruna,
Durdu xatirələr üzümə burda.

Bu kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz, mələk çağıydı.

BİZİMDİ

Bu günü təqvimdən oğurlamışıq,
Bu günəş bizimdi, bu səhər bizim.
Bu yol, bu ağaclar, bu daş, bu divar,
Bu küçə bizimdi, bu şəhər bizim.

Səni ovuduram baxışlarımla,
Həsrətin ağrısı canından çıxır.
Bu gün Yer də bizim, Göy də bizimdi,
Bu gün başımıza səadət yağır.

Bizi unutmayıb sahil deyəsən,
Bizi xatırlayır görüş yerimiz.
Bu gün od vurmuşuq xatirələrə,
Bu gün yandırmışıq ayrılığı biz.

Dalğalar sahilə çırpır özünü,
Bizi salamlayır dəniz beləcə.
…Hələ ki, sabaha bir ömür qalıb,
Gəl tut əllərimdən bu gündən keçək.

İNDİ BU PAYIZDAN …

İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də gəlişini  sevməyin gəlir.

Həsrət havası var çöldə, bayırda,
Boşalır buludlar, dolur buludlar.
Torpaq qol götürüb oynayan anda
Başının üstünü alır buludlar.

Neçə arzu yatır xəzəlin altda,
Üstünü, başını örtüb gedirik.
Hələ ki, gizlənib günəş buludda,
Küləkdən , yağışdan tutub gedirik.

İndi bu payızın sevdası ayrı, 
İndi bu payısın odu başqadı.
İndi bu payızın mayası ayrı,
İndi bu payızın dadı başqadı.

Küsübdü dərələr, dağlar adamdan,
Yamaclar qanrılıb üzünə baxmır.
Şair olduğun da çıxır yadından,
Qələm də, varaq da sözünə baxmır.

İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də  gəlişini  sevməyin gəlir.

ALDADIR SƏNİ

Bu dünyanın  sonu bəlli, 
Başı da aldadır səni.
Çiçəyi də, çəməni də,
Daşı da aldadır səni.

Özündən baş açmır özü,
Hər yan savaş, hər yan hüzün,
Başına dəysin dolusu , 
Boşu da aldadır səni.

Gələri var, gedəri var,
Ziyanı  var,  xətəri var, 
Qurunun nə xəbəri var-
Yaşı da aldadır səni.

Nəfəsi  də   borc ,sələmdi,
Alıb vermək dərd, ələmdi, 
Baharı ayrı aləmdi,
Qışı da aldadır səni.

QOCA

 Yol-yol, küçə- küçə sürünən qoca,
Əlin ətəyindən  uzun  ,gedirsən.
Bəlkə neçə- neçə günahlarından,
Bəlkə savabından küsüb gedirsən.

Ləpirin yollardan utanır, bəlkə
Yollar da utanır izindən sənin.
Elə töyşüyürsən, sanki bu dünya 
Asılıb  bu yorğun  dizindən sənin.

Köhnə papağın da başından  düşür,
Papaq  da   yekədi başından,  qoca.
Göy üzü qapısın açıb haçandı,
Səni kim alacaq qışından, qoca

Bu şəhər, bu küçə, bu it, bu pişik
Topal  yerişindən  tanıyır səni.
Bəlkə də yanından keçən cavanlar
Qəlbində o ki var qınayır səni.

Sökük çəkmələrin yorub yolları,
Bezibdi bu şəhər, bu küçə səndən.
Bu daşlar, divarlar, evlər, ağaclar
Şəkil çəkdirirlər gizlicə sənnən.

Daha arzular da yorğun düşüblər,
Əlindən  tutmağa  gücü qalmayıb.
Şəhərin başına dolanıb ömrün, 
Daha  aldanmağa  küçə qalmayıb.

Özün də bilmirsən nə istəyirsən,
Hayana sürüyür ürəyin səni?
Sağından, solundan gözəllər keçir,
Vurur saçlarının küləyi səni.

Şəhərin  səs-küylü  küçələrində 
Küləklə, yağışla  sevişən qoca.
Çəlik ayaqların sözünə baxmır,
Alçaqda, çökəkdə sürüşən qoca.

ADAM BU PAYIZDA ÖLƏ, İLAHİ.

Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə  torpaqlayalar.
Vaxt gələ ,  yerində  ağaclar bitə,
Sonra budaq -budaq yarpaqlayalar.

Təzədən doğasan bir ağac kimi,
Dünyanın səninlə işi olmaya.
Yanında hərlənə  qurdlar , köpəklər,
Sənə batırmağa dişi olmaya.

Sakitcə dolana dünya başına,
Sən də  ağac kimi  durub baxasan .
Heç kim tanımaya bu baxışları,
Yiyəsiz baxasan, qərib baxasan.

Başına  yığışa gəlib keçənlər,
Hamı kölgə uma ağac adamdan.
Təpədən dırnağa tərsiz, tumarsız,
Bu susuz  adamdan, bu ac adamdan.

Günəş  budağında  çiçək toxuya,
Əl atıb gülündən öpələr sənin.
Dadın çıxarasan bu azadlığın–
Bu dağlar, dərələr, təpələr sənin.

Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

QULU AĞSƏSİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmirin şeirləri

***
Başımıza nə gəldisə
Sənin üzündən gəldi.
Bu artığın, bu əksiyin,
Kəmin üzündən gəldi.

Külək kimi əsib coşdun,
Dəniz kimi aşıb daşdın,
Bilirsən ki, bu sel, daşqın
Nəmin üzündən gəldi.

Nə dedim nəhsə yozuldu,
Yaxşı da pisə yozuldu,
Yuxular tərsə yozuldu,
Sevda gözümdən gəldi.

Bir şirin sözə aldandın,
Od bildin, közə aldandın,
Qəlbə yox, gözə aldandın,
Fərman özündən gəldi.

***
Bu səhərdə başqa ruh var,
Bu səhər başqa səhərdi.
Torpağın üzü suludu,
Göyün üzü simuzərdi.

Çiçəklər də ayrı rəngdə,
Otlar da ayrı rəngdədi.
Arzular təzə tərdilər,
Ümidlərsə bələkdədi.

Günəş səma yuvasından
Gülümsəyir yerə sarı.
Bir birini qucaqlayır
Ağacların budaqları.

Çiçəklərin başı üstə
Bülbüllər nağıl danışır.
Dəniz sahilə tələsir,
Çaylarsa axır, danışır.

Dağılıbdı fikir, xəyal,
Dərd də, ələm də dağılıb.
Bu səhər başqa səhərdi,
Gözündə sevgi doğulub.

***
Axı bu köpəyin günahı nədi?
Gələn də, gedən də daş atıb keçir.
Kimin nə hirsi var, nə hikkəsi var
Bu itin üstünə boşaldıb keçir.

Dili yox dərdini açıb danışsın,
Hürür, səsinə də daş atırıq biz.
Bəlkə yaralıdı, elə bu daşla
Yenidən yarasın qanadırıq biz.

Küçədən keçənə, gəlib gedənə,
Sənə də, mənə də yalmanır bu it.
Durub köpək kimi yol qırağında
Uşağa, böyüyə yalvarır bu it.

Bu itin it dərdi, it azarı var,
Bilmir hara atsın dərdini yazıq.
Qupquru çörəklə, köhnə sümüklə
Öldürür gözünün qurdunu yazıq.

Nələr gizlədibdi baxışlarında,
İlahi, bu itin gözü danışır.
Yaralı quyruğu, kəsik qulağı,
Bulaşıq ayağı, dizi danışır.

Axı bu köpəyin günahı nədi?
Gələn də, gedən də daş atıb keçir.
Kimin nə hirsi var, nə hikkəsi var
Bu itin üstünə boşaldıb keçir.

***
Bir ümid çiçəkləyir başım üstə deyəsən,
Adını nə qoyum mən ilin, günün bu vaxtı?
Bilmirəm əllərindən tutummu, tutmayımmı,
Tutsam günahkar ollam, tutmasam da günahdı.

Payızın ortasında hardan çıxdı bu bahar,
Tanrımı lütf elədi, ya yarımçıq duyğular?
Bəlkə də irəlidə hələ neçə qınaq var,
Batsam günahkar ollam, batmasam da günahdı.

Min ulduzun birini seçib gəlib bu sevgi,
Arzunun qanadında uçub gəlib bu sevgi,
Tənhalığın içindən keçib gəlib bu sevgi,
Dadsam günahkar ollam, dadmasam da günahdı.

Bəlkə bu da sınaqdı, imtahandı, bilmirəm,
Ya xəzana, payıza bir üsyandı,bilmirəm,
Hansı hissdi, duyğudu, həyəcandı, bilmirəm,
Atsam günahkar ollam, atmasam da günahdı.

Necə götürüm indi bu eyhamı, minnəti?
Yüz cümlə ovudammaz bir ağrıyan həsrəti,
Hansı zülmətə satım bu boyda həqiqəti ?
Satsam günahkar ollam, satmasam da günahdı.

***
Tanıyırsan bu ağacı,
Bu dalanı, küçəni sən?
Bu küçədən keçəni sən?
Bu küçəni qucaqlayan gecəni sən?
Yadında qalıbmı görən
Göydən ulduz dərməyimiz,
Sonra da bu ulduzları
Ulduz-ulduz sevməyimiz?
Eh, hardan düşsün yadına,
Sən ki, keçməmisən burdan.
Bu küçə də, bu ağac da,
Bu gecə də sənə yaddı.
Özün özündən xəbərsiz
Ürəyimə
bir daş atdın,
Heç kəs çıxara bilmədi.
Çıxıb getdin elə sakit, elə səssiz,
Geri çağıra bilmədim.
Heç vaxt xəbərin olmadı
Bu gözəl, göyçək Fatmadan.
Olsaydı, sən də sevərdin,
Ya da, sevməzdin nə bilim.
Bilirsənmi nağıl adam,
Bu gün də sənin adına
Göy üzündən ulduz dərdim.

***
Bu zülmət gecədə, bu dar otaqda
Divar xatirədi, tavan xatirə.
Min ildi ruhumu ac buraxmısan,
Gözünü doyurmur yavan xatirə.

Görən nə saxlayır səndən bu gecə,
Böyründə, başında nə qalıb görən?
Gözlərim çırpınır fikir torunda,
Kirpiyim asılıb xatirələrdən.

Xəyallar gözümü yorur eləcə,
Yuxuma daş atıb qaçır xəyallar.
Gecə öz taxtında dincələ bilmir,
Qapısın bağlayır, açır xəyallar.

Pəncərə-pəncərə səhər açılır,
Pəncərə pəncərə bağlanır gecə.
Başımı qatıram sözlə, qələmlə,
Hər gün bir nağıla aldanır gecə.

Ayla danışıram, gecə boyunca
Göyün sinəsindən ulduz yığıram.
Bu təklik, tənhalıq vecimə deyil,
Səni unutmaqdan yaman qorxuram.

***
Səndən əvvəl mən kim idim, bilmirəm,
Səndən sonra “divanədi” – dedilər.
Ocaq bildim, hey dolandım başına,
“Bu da bu cür pərvanədi” – dedilər.

Təpə idin, dağ elədim səni mən,
Viranəydin, bağ elədim səni mən,
Məhəbbətlə ətirlədim səni mən,
“Başdan-başa sehranədi” – dedilər.

Gah enişdən, gah yoxuşdan keçirdin,
Gah tufandan,gah yağışdan keçirdin,
Neçə-neçə aldanışdan keçirdin,
“Ayrılmağa bəhanədi” – dedilər.

Dönə-dönə bağışladım, bilmədin,
Küsdüm, yenə bağışladım, bilmədin,
Səni mənə bağışladım, bilmədin,
Ünvanıma “mərdanədi” – dedilər.

Bircə ovuc külə döndün axırda,
Cadar-cadar çölə döndün axırda,
Doğmam idin, elə döndün ,axırda
“Sevgi yoxdu, əfsanədi” – dedilər.

Bir sevgini tutammadın ayaqda,
İtib batdın neçə-neçə günahda,
Misra-misra şeirləşdin varaqda,
“Bunun könlü qəmxanədi?” – dedilər.

Sənsizliyə alışmağa çalışdım,
Sənsizliklə barışmağa çalışdım,
Başım səni unutmağa qarışdı,
“Məhəbbətə biganədi” – dedilər.

***
İlahi, küsüb bu ağac,
Qanrılıb uzünə baxmır.
Əyilib qolu, budağı,
Deyəsən sözünə baxmır.

Dili-dodağı təpiyib,
Cayır-cayır yanır ağac.
Yarpaq-yarpaq xəzəlləşib,
Özündən utanır ağac.

Üzündəki qırışına,
Gözündəki yaşına bax.
Baharını yel aparıb,
Üstündəki qışına bax.

Yorulub əldən düşübdü,
Bir də çətin ki, dikələ.
Bu ağacın ömrü bitib
Yola tökülə-tökülə.

Ömrünü bu yola verib,
Bu yoldan keçənə ağac.
Küləyə, selə, yağışa,
Bu dumana, çənə ağac.

Görəsən haçan bitəcək
Vaxtı vədəsi ağacın?
Yolun umuduna qalıb
Quru kölgəsi ağacın.

***
Nə yaman uzaqdı ölüm,
Gedirəm, çata bilmirəm.
Əcəl oynayır mənimlə
Bəlkə də, ya da bilmirəm.

Boyuma biçən tapılmır,
Əynimə ölçən tapılmır,
Mən boyda kəfən tapılmır,
Göyü allada bilmirəm.

Gedirəm üzüyuxarı,
Hanı əvvəlin axırı?
….Hardasa ruhum çağırır,
Səsindən tuta bilmirəm.

Olum də bir ölüm imiş,
Gəlib getmək zülüm imiş,
Əynimdəki külüm imiş,
Üstümdən ata bilmirəm.

***
Yenə boğur arzuları gözündə,
Yenə batır min günaha bu payız.
Heç bilmirsən dərdi nədi, səri nə,
Fikrin salıb darıxmağa bu payız.

Hara baxsan susuzluqdu, quraqdı,
Hardan tutsan söz-söhbətdi, qınaqdı,
Gəlib gedən töhmətinə qonaqdı,
Söz də tapmır aldatmağa bu payız.

Çölü xəzan, içindəkin bilən yox,
Əl uzadıb göz yaşını silən yox,
Həsrətinə, hicranına gələn yox,
Yol da vermir qayıtmağa bu payız.

Əl eləyir bu qapıdan, o camdan,
Heç bilmirsən nə istəyir adamdan,
Ara-sıra ürəyinin adından
Pıçıldayır ağ varağa bu payız.

Gah odlayır, gah da tutur yağışa,
Çəkir səni bu enişə, yoxuşa,
Nə qoymur ki, başın eşqə qarışa,
Nə də qoymur unutmağa bu payız.

Günəşinin şəfəqləri ayazdı,
Təsəllisi, nəsihəti dayazdı,
Məhəbbəti ayrılığa boğazdı,
İnanma ki, vüsal doğa bu payız.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru