EŞQ KANIYAM MƏN Məcnunam, səhrada eşqə bəzəyəm, Təşnələr yatıran dolu kuzəyəm, Ondan ətirliyəm, ondan təzəyəm, Sevdiyim çiçəyin məkanıyam mən. * * * Könüldən kövrəyəm, qəlbdən naziyəm, Yada dəlisovam, həm də asiyəm, Andıma sadiqəm, eşqdə qaziyəm, Sevdiyim çiçəyin tikanıyam mən. * * * Butası çırtlayan bağam, alanam, Xudmani baxçayam, kiçik dalanam, Özüm həm satanam, həm də alanam, Sevdiyim çiçəyin dükanıyam mən. * * * Sevdanı səhraya Məcnun gətirib, Qəribə, Kərəmə vəhylə ötürüb. Cavanlar sevməyi məndən götürüb, Məhəbbət kanıyam, eşq kanıyam mən. 24. 07. 2023.
QƏZƏB TALAYIR Elə bir ruhdayam, elə təbdəyəm, Qəlbimin başını qisas yalayır. Vuruşu, savaşı, qanı hiss edən, İçimdə hayqıran qurdlar ulayır! * * * Girmiş torpağıma məramı bədlər, Qazdırır səngərlər, tikdirir sədlər, Zatıqırıqlara verincə vədlər, Təxribat törədir, nifaq sulayır. * * * Gətirib yurduma murdar, haramı, Bilmirəm qoruyur mənim haramı? İki əsrdir ki, basır yaramı, Axıdır, torpağım qana bulayır! * * * Guya ki, oxşardı, dini, soyları, Guya ki, yazıqdı bacı tayları, Qucaqda gətirib yaban “hay”ları, Qarabağda qara bağa calayır. * * * Otuz il gözləyən qocaman səbrin, Tutulsun kəfəni, qazılsın qəbri, Əsəblər tarımda, çəkəmmir cəbri, İntiqam mizrabı qisas qalayır! * * * Sevib bayrağımı, bir Allahımı, Piyada önünə atmam Şahımı, Canımı, cismimi, azad ruhumu, Kin, nifrət yandırır, qəzəb talayır! 19. 07. 2023.
ƏTA EDƏ Qapanıbdı dörd divara, Könül düşkün, ruh avara, Bircə çimdik sevinc üçün, Kim sulaya, kim suvara? * * * Məhkumluğun çatı ola, Azadlığın atı ola, Mahmızlayıb yetişəsən, Göyün yeddi qatı ola. * * * Ola ayın günü otuz, Bir yan baxça, bir yan hovuz, Unudasan dərdi, qəmi, Sevinəsən ulduz- ulduz! * * * Buludunu fata edə, Məhəbbəti buta edə, Tanrım ulu sevgisiylə, Əbədiyyət əta edə! 14. 07. 2023.
ÜRƏKDƏSƏN SƏN Sevdiyim ürəyin, sevdiyim qəlbin, Bəyənmək nə demək, ölürəm gülüm. Sevdiyim ilhamın, sevdiyim təbin, Bu eşqdən yaranmış, bilirəm gülüm. * * * Məhəbbət, sədaqət mayəsi Qeybin, Mən onu səninlə bölürəm, gülüm. İzdivac göylərdə kəsilən kəbin, Nə vaxtdır səninlə gəlirəm, gülüm. * * * Bəyənmək azdırsa, sevmək çox deyil, Sevgidən, sevdadan yüksəkdəsən sən. Goruslu qırağa salmazki mey( i)l, Əzəldən ruhunda, ürəkdəsən sən. 13. 07. 2022.
RUHUMUZ SƏNƏ ƏMANƏT İndi cismimizi zaman, Zamanı cismimiz qucaqlayıb. Necə də gözəldi bu ağuş, Sevinciylə, kədəriylə, Ruhumuz göylərdə… Qol- boyunuq, Yol gedirik, Yazısıyla, qədəriylə. Bəzən xoşbəxt, Bəzən bədbəxt, Yuxusuz gecəsi, Nurlu səhəriylə. Bir gün torpaq qucaqlayacaq, Ruhumuz göylərdən enməsin, Tanrım! Cismimiz torpaq, Ruhumuz zaman olsun! Xatırlansın zaman- zaman. Biz səndən bir şey ummadıq, Sənə şərik sanmadıq, Yaradılanıq, danmadıq, Çoxumuz röyadan oyanmadıq… Ruhumuz sənə əmanət, Tanrım! 12. 07. 2023.
HƏZİNLİK GƏLSİN Gecələr götürüb ayın nurunu, Silibdi günəşin üzdən ləkəsin. Gecənin günəşlə yoxdur sorunu, Günəş də gündüzə tökür hikkəsin! * * * Töyşüyür budaqda saralan yarpaq, Saplağı boynunda kəndir kimidi. Çırpınır küləklə burulan yarpaq, Atəşdən torpaq da təndir kimidi. * * * Hanı bu səmanın buludu hanı? Yetişsin geyinib qara çuxasın. Qovruldu çəmənin, çiçəyin canı, Açsın köynəyinin dolu yaxasın! * * * Yayılsın ətrafa torpağın ətri, Açıq pəncərədən sərinlik gəlsin. Dirilsin şeirimin yazılan sətri, Ruhuna Goruslu həzinlik gəlsin! 10. 07. 2023.