Mənim kiçik nağılım Sən mənim kiçik nağılım Nənədən, babadan Dovşandan, ayıdan Qaçan qoğalım… Elə elə ki, axırda Sarı tülkü yeməsin Səni Sən mənim Qapı döyülən kimi Qapını açan Məngülümüm Bəzən canavarın qarnı kimi Dar olur həyat… Onda Ana keçi köməyə gəlir Sənə “can” deyib ana səsi Çıxaranlar Ətini, canını yeməyə gəlir… Sən mənim kiçik nağılım Yalan danışanda Burnu uzanan Pinokyom Oğul ən çox kimə Yalan danışar bilirəm… Amma Pinokyonu Balinanın qarnından Atası xilas eləmişdi… Bəs mən kiməm? Olsam olsam “Pinokyo” dakı Pəri olaram… Sadəcə yanlışlarını xatırladan Başqa nə gəlir ki əlimdən? Ya da Yunan əfsanəsindəki Günah keçisi… Mənim şirin nağılım Elə ki, sonda Göydən üç alma düşür Qoy biri Atanın biri Ananın Biri də sənin olsun… Çünki ömrün sonu Nağılların əvvəli kimi olur : “Biri var idi, biri yox idi…”
Sevdiyin olum Deyirlər ki, adamlar öləndə O dünyaya gedir, Ruh olur, pəri olur , Mən öləndə Kitab olmaq istəyirəm Çünki sən Kitabları çox sevirsən Elə zərif oxuyursan ki, Vərəqləri qat kəsmir Elə təmkinlə oxuyursan ki, Ürəyin heç hara tələsmir Mən öləndə Kitab olmaq istəyirəm Otağının bir küncündən Səssiz -səmirsiz Hava almaq üçün Eyvana çıxdığına Yatanda yorğanı qucaqlayıb Başının altına yığdığına Səhərlər deyinə-deyinə Oyanmağına tamaşa eləyim… İstəyirəm ki, mən öləndə Kitab olum … Əlinə alanda ovunduğun Sətirlərini oxuyanda Səsimi duyduğun… Kitabları çox sevirsən Bilirəm… Qoy, heç olmasa Öləndən sonra Sevdiyin olum…
Lozan xala kimi Bilmirəm fikir veribsən ya yox Beşiklərin yastığında Gecə-gündüz yatan Körpələrin başının izi qalar Bax eləcə izin qalıb köksümdə… İndi yanımda olsan Başını sinəmdəki O məchul boşluğa sıxıb Elə möhkəm Qucaqlayardım ki, Səni Sonra da çərpələng Qollarına bürünərdim Axşamın mehindən Səhərin şehindən Beləcə gizlənərdim Qollarının arasında… Nə qədər başımı qatsam da Hər kəslə danışıb Səsimi başıma atsam da Gecələr elə pis göynəyirsən ki, Ürəyimin yarasında Mopassanın “Bir yaz axşamında”kı Lozan xala kimi Elə kimsəsizəm ki… Bəzən divarın o tərəfindəki Həzin bir səs, xəfif bir gülüş Qanadar yaralarımı… Nə qədər uzağa qaçsam da Yenə elə həminkiyəm… Ruhuma hopmuş Qanıma qarışmış, zalım, Üz çevirib getsən də Yenə elə səninkiyəm…
SƏN Gözümü açanda Sən, Yumanda Sən… Arada qeybə çəkilib Məndən sevgi uman da Sən Sevilmək necə imiş Qollarında anladım Həsrətin acısını Gedib geri döndüyün Yollarında anladım Xəyal da Sən, arzu da Sən Güman da Sən… Ən dəyərsiz adamlara Yaş oduntək Yanan da Sən… Səni heç kim anlamaz Bilirəm ki, mənim kimi Ruhumda gizləmişəm Varlığını, könlünü Mən ən məhrəm Qəmim kimi… Ürəyinə qurban olum üzülmə Sənin daşın ağırdı… Yaxşı da Sən, yaman da Sən Ən dəyərsiz adamlara Saflığından yanan da Sən…
Yad olanım Bitib-tükənməyən Yollar kimisən Mənzilimə Gedib çata bilmirəm Kəfənə bükülmüş Qollar kimisən Köksünü Bağrıma basa bilmirəm Ehh mənim özgə olanım Yad olanım… Gecəmi gündüz eləyənim Məni görəndə şad olanım… Nə qədər uzandı Taleyin oyunu Vəzir də usandı Şah da yoruldu. Neçə fəsil keçdi Neçə il oldu Göydən gah od ələndi Gah yağış yağdı Gör neçə toz basmış Xatirələr var… Gör neçə arzular Sönüb kül oldu Tanrı nələr yazıb Daha bilmirəm İçimdə Qurumuş ağacın pöhrəsitək Yaşıllanan xəyalsan Amma daha Nə kötükdən ağac olar Nə də pöhrə bar verər… Mən hardan tapım ki, Həzrəti Yusifi Züleyxaya könül verə, Tac verə… Ehh mənim özgə olanım Yad olanım Ürəyi məndə olub Başqasına ad olanım Nə yaman uzandı Taleyin oyunu…
YORULDUM Yoruldum axı Çox yoruldum Səni qəlbimdə gəzdirməkdən Kürəklərim qırıldı Ayaqlarım süst düşdü Yoruldum axı Yeni doğan itin Canına daraşıb süd əmən Küçüklərə sakitcə baxdığı kimi Boylanıram sənli xatirələrə Yoruldum axı… Leysan yağışlardan sonra Palçıqdan gözü tutulmuş bulağın Aram – aram axdığı kimi… Darıxdım axı Elə darıxdım ki Saçlarının qoxusu gəlir burnuma Sahibsiz küçə pişiyi Pəncəsi açıq evlərdən gələn ətin qoxusunu duyduğu kimi… Oyandım axı Mən bu eşqdən alasərsəm, Hövlnak oyandım Bələkdəki çağanın şirin yuxudan Qəfil səksənib oyandığı kimi… Yoruldum axı Ürəyim yoruldu Ölüm döşəyində son nəfəsini Səssizcə gözləyən qocalar kimi… Səni çox sevdim axı Hisinə – pasına dözən, Atəşi çox sevən bacalar kimi…
Kirpi öpüşü Gəl, kirpi kimi öpüşək Göz- gözə, nəfəs-nəfəsə Sən yanımda olanda Gözlərimi yummayım Sənli dəqiqələr heyifdi axı… Gəl, kirpi kimi qucaqlaşaq “Tikanlarımız” incitsə də Vaz keçməyək bu sevdadan Bir gül üzək kolundan Tikanları mənim Ləçəkləri Sənin olsun Gəl, kirpi kimi küsək Sözümüz çəp gələndə Səssiz-səmirsiz… Yumarlanıb yuvamıza çəkilək Barışanda sincab kimi barışaq Saxladığı fındıqların Yerini unudan sincab kimi Niyə küsdüyümüzü xatırlamayaq Gəl, bu ömrü doğma kimi yaşayaq Nə qədər uzaqlarda olsaq da Bir-birimizi yadırğamayaq… Gəl, kirpi kimi öpüşək Göz-gözə nəfəs – nəfəsə… Hardan tapım Ürəyim darıxsa nə var idi ki O köhnə sirdaşımdı Dərdləşib bir təhər Yola gətirərdim İndi bilmirəm axı Darıxan əllərimə nə deyim ki Anlasın məni…
Hardan tapım Çərpələng qollarını Qucaqlasın məni Ürəyim darıxsa nə var idi ki Saçlarım darıxır Hardan alım Daraq barmaqlarını Ürəyim sızlasa nə var idi ki Boynum üşüyür Hardan tapım Ana südü kimi İlıq dodaqlarını… Yarasını sevərsən Bir gün birisi gələr ömrünə Yarasını sevərsən Ömrünün yarısı Su kimi axar ovuclarından
Yarısını sevərsən… Bir gün biri gələr ömrünə Sən onun gülüşlərini sevərsən Bəzən dünyanın ən mənasız sözlərini deyərsən təbəssümünü görmək üçün O isə göz yaşlarına aşiq olar əlindən gələni edər ağlayasan deyə Sən də onun gözləri Doyana kimi ağlayarsan Uşaqlıq yaraları Qaysaq bağlasın deyə Beləcə bir gün Biri gələr ömrünə Sən də onun yarasını sevərsən Nə qədər qəlbini qırsa da Sevməyə səbəb qalmasa belə Gözlərinin qarasını sevərsən…
Evcik – Evcik Mən evcik evcik Oynamaq istəmirəm, ana Oyuncaq beşikdə Gəlinciklər almayaydın kaşki Böyüyüb kimlərinsə əlində oyuncaq olduq Indi də xoşbəxtliklə Gizlənqaç oynayırıq Daha beşikdəki körpələr Doğrudan ağlayır Gah ağrıdan, gah acından Bu oyuncaq evdə “yad qızıyam” Ömrümə pay düşüb ən ucuzundan… Daha oyun oynamaq istəmirəm Bənövşə-bənövşə deyə deyə Bəndə düşən biz olduq Kaşki kitab olmağı Öyrədəydin, ana… Onda oyuncaq olmazdım Öz romanımı yazardım Ən başından Gül açardım kəlmə kimi Sətir kimi… Susmağı da öyrənərdim Yağmurlara sinə gərən Bir təmkinli çətir kimi… Kitab olmaq istəyirəm Oxumağı ən çox sevən Varaqlasın… Ən maraqlı səhifələri əlfəcinlə daraqlasın… Mən evcik evcik Oynamaq istəmirəm, ana Bu oyun bitmir ki, bitmir Gecələr gözümə yuxu da getmir…
Sənə… Mən sənə nə deyim axı Qırıb dağıtmağa Uşaqlıqdan alışmısan Əvvəlcə ananın qablarını Sonra Qəlbini qırmağı öyrənibsən Qonşuların pəncərələrinə də Daş atıbsan çox güman Beləcə daş-qalaq etməyi Dağıdıb tökməyi öyrənibsən Mən sənə nə deyim axı Elə bil heç böyüməmisən Maşa ilə döyülən uşaq Mən sənə nə deyim axı Elə darıxmışam ki Sığal – sığal, qucaq – qucaq…
UNUDACAM… Bir gün unudacam axı Səni Balaca uşaq sındırdığı oyuncağı Yatana kimi ağlasa da Oyananda unutduğu kimi… Bir gün unudacam axı Səni Yaşlı tənha qadının Sevimli itinin öldüyünü Yaddaşı pozulanda Unutduğu kimi… Bir gün unudacam axı Səni Gələn baharın keçən bahardakı Gülləri unutduğu kimi Təzə çiçəklər açacam Kəsilmiş ağacın Yeni pöhrəsi kimi… Yenə gülümsəyəcəm əməliyyat otağında Gözlərini yenidən açan Xəstənin çöhrəsi kimi… Sən ki, yaxşı bilirsən keçi inadımı Dəmir Ledi kimi susacam Nə vaxtsa çağırsan adımı. Dişlərim dodağımı kəssə də Saçlarımı isladan yağışa Yas tutub ağlamayacam Xatirələrim səni Qəlbimdən danacaq İçim özümü yandırsa da Çölüm səni yandıracaq Özgələr sən adlı yaramı Qısqanacaq… Bir gün unudacam axı Səni Yanımdan yel olub keçsən də Sən tərəfə baxmayacam Bir gün unudacam axı Səni əvvəl-axır unudacam…
“Xəyalın qarşımda canlandı, birdən Göyərçin əllərin yadıma düşdü.” M. Müşfiq
Siz insanlar adətən özünüzü düşünürsünüz, elə bilirsiniz ki, dünya sizin üçündür, təbiət ayaqlarınızın altına sərilmiş qırmızı xalçadır. Hər şey sizə tabedir, məsələn, siz istəsəniz bir ağacdan yelləncək asa bilərsiniz, kefinizə düşsə ondan qayıq, ev, qab-qacaq, at arabası düzəldərsiniz, onu doğrayıb ocağa odun edə bilərsiniz və ya kağız hazırlayarsınız. Siz istəsəniz heyvanları diri-diri bişirə bilərsiniz, qiymətli xəzlərindən və ya dişlərindən ötrü onları öldürə bilərsiniz. Sizin üçün yalnız öz duyğularınız var, heyvanların, bitkilərin, əşyaların, yağışın, buludun, qapı cəftəsinin, əyninizdəki paltarların nə hiss etdikləri sizin üçün maraqlı deyil. Yalnız içinizdən bəziləri daha həssas, daha anlayışlı olur, onlara da öz aranızda dəli deyib arxasınca danışırsınız. Hə, heç özümdən söz salmadım axı. Mən zərifliyi də, ömrü də Kəpənək qədər olan sadə bir kapron kalqotkayam. Bəli, düz eşitdiniz, kapron kalqotka. Ona görə də hekayəm kəpənək ömrü kimi qısadır. Sevdiyiniz üçün əlinizə alıb oxşamaq istədiyiniz kəpənəyin qanadlarını qırdığınız, incə naxışlarını sildiyiniz kimi biz kalqotkalarla da çox vaxt kobud davranırsınız. O qədər hövsələsiz, səliqəsiz qadınların dırnaqları arasında dəlik-deşik oluruq ki. Sonra da bizə deyinə-deyinə şəffaf rəngli dırnaq boyası çəkirsiniz, ya da zibilə atıb yenisini alırsınız, amma bir az ehtiyatlı, zərif olsanız aramızda bu qanqaraçılıq olmazdı. Bircə sahibəmi unuda bilmirəm. O xanım hər dəfə əllərinə krem çəkərdi, dırnaq uclarını xüsusi ilə yağlayardı ki, mənə zərər gəlməsin. Bəzi qadınlar kapron kalqotkaları ayaqlarındakı dəri qüsurlarını gizlətmək üçün, bəziləri cazibədar görünmək üçün istifadə edirlər, mənim sahibəm isə sadəcə üşüməmək üçün seçmişdi məni. O həmişə üşüyərdi, yay-qış əlləri, ayaqları soyuq olardı. Təkcə o gecə ikimiz də isinmişdik. Payızın əvvəlləri idi. O uzun-uzadı gəzintidən sonra evə ilk dəfə sevdiyi adamla qayıtmışdı. Onun əynində qara köynək və qara şalvar var idi. Amma həmişəki kimi yenə əynində kapron bir kalkotka vardı, bu dəfə onu soyuqdan qorumaq vəzifəsi mənim öhdəmə düşmüşdü. Onlar evə girər – girməz illərin həsrəti kimi ehtirasla öpüşməyə başladılar. Dodaqlarınının həniri canına yayıldıqca ayaqları titrəyir, soyuyurdu. Oğlan da çox yaraşıqlı idi, bir mahnıda deyildiyi kimi göyərçinə oxşayırdı əlləri. Ağ rəngli köynəyinin düymələri açıldıqca açıq şabalıdı rəngli tüklərinin altından sahildəki qumsalı xatırladan geniş sinəsi görünürdü. Sinəsindəki qıvırcıq tüklər qızın barmaqları arasında var-gəl etdikcə sahilə çırpılıb geri qayıdan kiçik dalğalara oxşayırdı. Mən isə öz canımın hayında idim, bu qarmaqarışıqlığın arasında başıma gələcəklərə tamaşa etməkdən başqa çarəm yox idi. Yəqin ki, bir azdan oğlanın ehtiraslı barmaqlarının qurbanı olacam deyə düşünürdüm. Sahibəm şalvarını soyunanda o yenidən qızı qucaqladı, ehmalca döşəməyə uzandırdı, ayaqlarını ovcuna alıb sinəsinə sıxdı. Mən də, qızın ayaqları da bu hənirtidən xoşhallanmışdıq, oğlanın ürəyinin döyüntüsünü saat əqrəbinin pıçıltısını eşidirmiş kimi hiss edirdik, sanki dünya qızın ayaqlarının altındaymış kimi, sanki isti yay axşamında sahildə gəzişirmişik kimi. Daha sonra o yaraşıqlı gənc məni toppuş göyərçin əlləri ilə çıxarıb kənara qoymuşdu. Onun əlləri sahibimin əlləri kimi zərif idi, ilahi, onların ruhları da əllərinin eynisi idi. İndiyə kimi heç bir ayaqqabı, heç bir corab, heç bir yorğan sahibəmin ayaqlarını belə isitməmişdi. Biz ilk dəfə idi ki, üşümürdük. Onun sinəsi yenidoğulan körpəni qollarına alan ana qucağı kimi doğma idi. Günəş torpağı isitdiyi kimi isitmişdi bizi. O gecəni nə Sahibəmin ayaqları, nə də mən heç vaxt unutmadıq və o gecə bir də heç vaxt təkrar olunmayacaqdı. O vaxtdan sonra günlər keçdikcə biz daha çox üşüməyə başladıq, sahibəm hər darıxanda ayaqlarını qucaqlayıb köksünə sıxardı, başını dizlərinə söykəyib aram – aram ağlayardı. Əlləri göyərçinə oxşayan oğlan deyəsən özü göyərçinə dönüb uçub uzaqlara getmişdi. Payızın sonları idi. Həmin gün səhər yağış yağırdı, sahibəm çox fikirli və kefsiz idi, köhnə ayaqqabısını geyinmişdi. O dalğınlıqla yeriyərkən ayağının altına baxmır, küçələrdəki kiçik yağış gölməçələrini ayaqlayıb keçdikcə ayaqqabısına su dolurdu, mən də, onun ayaqları da soyuqdan buz kəsmişdik, haraya getdiyindən xəbərsiz idim. Bir də gördüm ki, ətrafımızda bir neçə ağ xalatlı qadın var, ətrafa nəzər saldım, bura xəstəxana imiş. Bir nəfər tibb bacısı ona yaxınlaşdı, həkimin abort otağında onu gözlədiyini dedi, daha sonra onu boş bir palataya apardı, əlindəki qara rəngli torbanı verdi, şəxsi əşyalarını onun içinə yığmalı olduğunu söylədi, o biri əlində tutduğu xəstəxana paltarını çarpayının üstünə qoyub getdi. O həmişəki zərifliklə paltarlarını soyunmağa başladı, çarpayıda oturub kapron kalkotkasını çıxarmağa başlayanda üzərimə tökülən göz yaşları məni son dəfə isitdi, əlləri, ayaqları hər zamankından soyuq idi. Mən də çox üşüyürdüm, bir ikimiz də o göyərçin əllər üçün çox darıxmışdıq. Daha sonra o içinə paltar yığılmış torbanı palatadakı dolaba qoyub getdi. Mən bu dolabda neçə saat qaldığımı, bundan sonra daha nə qədər qalacağımı bilmirəm. Ancaq hiss eləyirəm ki, Sahibəmin ayaqları çox üşüyür, heyif ki, mən onu isidə bilmirəm.
Yine ilkbaharda Gönüller güler… Yine kıyılarda ayak izimiz… Garip gönüllerde sözümüz kalar, Yine mazilerde güneşleniriz … Bu eşsiz dünyada gözümüz kalar.
Yine gökyüzü bulut bulut, Tozpembe hayallerim umut umut Ya sev beni, ya da unut, sevgili…
Ne kaybettik, ne kazandık, Sevdanın savaşında? Sen benim göğsümdesin, Ben senin göz yaşında…
Yine gökyüzü bulut bulut, Tozpembe hayallerim umut umut Ya sev məni, ya da unut, sevgili…
YÜZÜ DAĞLARA DOĞRU
Yüzü dağlara doğru Uç benim garip turnam. Yüzü dağlara doğru Dua ederdi annem.
Annemin duasında Dağlar vardı, ben vardım. Annem vardı dünyada, Tanrım , çok bahtiyardım.
Hiç mi hiç erimezdi Bizim dağların karı. Annem dua edərdi Yüzü dağlara doğru.
Tutya toprağımızda Annelerin mezarı. Annem uyuyur şimdi Yüzü dağlara doğru
AY IŞIĞI
Ay saklanbaç oynuyor Bulutların ötesinde Ay yeniden doğuyor Gözlerimin gecesinde
Ay ışığı yansımış Tatlı uykularına. Ayın nuru bulaşmış Çiçek kokularına.
Seni çok sevdim, gülüm, Sırr gibi, günah gibi… Her zaman kalbimdesin Son nefes, son ah gibi…
Şair : Adil ŞİRİN Türkçeye aktaran : Turan NOVRUZLU
Kim idi onlar? – Uşaqlıq xatirələrimin ala-toranlığında var-gəl edirəm, təxminən 5-6 yaşlarımda idim. Bizim binanın qarşısındakı bina ilə üzbəüz tələbə yataqxanası var idi. Böyüklərdən eşitdiyim cümlələr hopub yaddaşıma : ” indi yataqxanaya qaçqınlar gəlib, ermənilər onların çoxunu öldürüb, çoxu yaralanıb, bəziləri də qaçıb gəlib, o binada qalırlar.” O erməni dedikləri kimlər idisə pis adam idilər, çünki adamları öldürüblər, bəziləri də evləri yanıb, qaçıb gəliblər, mən də qorxurdum adam öldürən ermənilərdən. O binada yaşayan adamlara da yazığım gəlirdi. O binada adam vəfat edəndə analar, nənələr daha çox ah-nalə ilə ağlayırdılar. O binadakı nənələr, xalalar çox kədərli görünürdülər. Danışıq tərzləri fərqli idi. O binada yaşayan əmilər, dayılar usta idilər, fəhlə idilər. Bizim məhlənin qarajlarının üstünü qırlayanda, ya da kiminsə evini təmir edəndə görürdüm onları. O binada yaşayanların əksəri Laçından, Xocalıdan gəlmişdi deyirdilər. Atamın qarajımızın təmirindən ötrü çağırdığı usta da laçınlı idi. O usta ailəsi ilə bizə bir neçə dəfə qonaq gəlmişdi. Bizim kimi adamlar idilər, bəs niyə onlara qaçqın deyirdilər, nə idi fərqimiz? Bu barədə çox düşünsəm də uşaq ağlı ilə heçkəsdən heçnə soruşmadım. Bir neçə dəfə biz də həmin ailənin yataqxanada qaldığı otağa qonaq getmişdik. Binanın içi fərqli idi, hətta blokun spesifik qoxusu var idi, şəraitsizlik, darısqallıq idi. Bu vəziyyətin içində yeganə xoş nəsnə nənələrin, xalaların Sənə olan isti, doğma münasibəti idi, Qazaxdakı nənəm, xalam, kəndçilərimiz kimi. Yəni bu xalalar bizim binaların xalalarından daha istiqanlı idilər. Amma bu binaların uşaqları adətən o binanın uşaqları ilə oynamırdılar. Qaçqın uşaqları özləri ayrıca dava-dava, gizlənqaç oynayardılar. Bəzən gizlənmək üçün onların məhləsinə qaçanda görünməz sərhədlə çizilmiş fərqli abu-hava görürdüm. O uşaqlar da bizi orda görəndə qəribə baxırdılar. Nimdaş əyinləri, köhnə-köşkül oyuncaqları ilə kədərli görünürdülər. Orta məktəbə gedib yuxarı siniflərdə oxumağa başlayanda Vətən, Qarabağ, Xocalı soyqırımı haqqında inşalar yazmağa başlayanda (mən inşalarımı özüm yazırdım, ondan – bundan köçürmürdüm, bir inşa üçün bir neçə kitab oxuyardım) , tədbirlərdə iştirakçı olanda saatlarla kitabxanadan seçdiyim kitabları oxuyur, onların içində olan Çingiz Mustafayevin çəkdiyi şəkillərə baxırdım. Bu görüntülər aylarla gözümün önündən getmirdi. Və beləliklə, mən qaçqın kimdir sualına cavab tapdım. Onlar bizim ürəyimizin yarası idilər, şəhid olmuş övladlarla, əsir düşmüş ana- bacılarla, ana bətnində ikən ermənilərin yarıb çıxardığı, yerinə pişik qoyduğu doğulmayan körpələrlə, qüruru sınmış atalar, oğullarla, bala dağı görən analarla, yetim qalan uşaqlarla birlikdə qəlbimizin ən dərin yarası, ruhumuzun sızıltısı idilər. Onlar əvvəl susqunluğum idilər, sonra yaram oldular, daha sonra şeirlərimə hopdular. Və şükürlər olsun ki, çox sevdiyim, pərəstiş etdiyim Ulu Öndər H. Əliyevin bünövrəsini qurduğu zəfərimizin sevincini Ali Baş Komandanımız və Şanlı Ordumuz bizə yaşatdılar. Bu gün Onlar qayıtdılar. Uşaqlıq xatirəmin nəm qoxulu yataqxana binası yox oldu, əvəzində güllü- çiçəkli Laçın dağları, gözəl şəlaləsi, axar suları var və o istiqanlı nənələr, xalalar, zəhmətkeş dayılar, əmilər, nimdaş geyimli, hürkmüş, utancaq, kədərli uşaqlar daha gözəl yerlərdə yaşayacaqlar. Bu gün laçınlıların qayıtması xəbərini oxuyanda Vətən müharibəsi dövründə olan bir xatirəmi xatırladım. Müharibəyə könüllü yollanan Emin Piri ilə telefon söhbətimi yəqin ki, ölənə kimi unutmaram. -Alo, salam. -Salam. -Şair necəsiz, hardasınız? – Xocalıdayam. -… (Və neçə saniyə çəkdiyinin fərqinə varmadığım susqunluq. ) Sonra nə dediyimi də tam olaraq xatırlamıram. Donmuşdum. Şair Emin Piri Xocalıdadı. Emin Piri ermənilərin yer üzündə görünməmiş vəhşiliklər törədib doğmalarımızı öldürdükləri, düz 10 il inşalarda yazdığım, anım günlərində hıçqırıqla bayatılar oxuduğum həmin Xocalıda idi. Qaçqınlar binasında yaşayan adamların elində, evlərində idi Emin Piri. Özü də O, “Xocalıdayam” sözünü elə sakit, təmkinli, həyəcansız, qorxusuz və inamlı demişdi ki, artıq içimdəki 5yaşlı qız qorxduğu ermənilərdən daha qorxmayacaqdı. O sözlə mən illərin uşaqlıq travmasından arınmışdım. O sözlə mən qələbənin gerçəkliyini tam dərk etmişdim. Və o gün şər qarışana kimi key- key hərlənib gecəni ağlamışdım. Mən o gün anladım ki, Emin Piri də mənim kimi məktəb illərinin Qarabağ acısını daşıyıb içində, onun müharibə şeirlərinin mayası o faciələrin tarixçəsindən cücərib. Daha sonra şeirlər hərbi mühazirələrə, qələmi də süngüyə çevrilib. O gün Emin Pirinin içindəki məktəbli oğlanı görmüşdüm. O məktəbli oğlan da ermənidən qorxan 5,6 yaşlı qızın sevindiyi kimi illərin acısından sonra sevinirdi. O məktəbli oğlan da mənim kimi və eləcə də qaçqın düşəndən sonra dünyaya gələn Qarabağlılar qədər qarabağlı, laçınlı qədər laçınlı, xocalıdan olan uşaqlar qədər xocalılı idi. 1992ci ilin Xocalısını Çingiz Mustafayevin sayəsində bütün gerçəkliyi ilə dərk eləmişəm. 2020nin Xocalısını isə dəyərli Emin Pirinin “Müharibə gündəliyi” sayəsində dərk eləmiş oldum. Emin Piri cəbhədə təkcə vuran əlimiz deyildi, o həm də düşünən beynimiz, tarix yazacaq müəllimimiz, o günləri ədəbiyyata çevirəcək qələmimiz idi. Onun sonunun əziz Ç. Mustafayev kimi olmasından çox qorxurdum, Tanrıya bütün oğullarımızı qoruması üçün dua edəndən sonra, həmişə ayrıca bir xahişim də olurdu ki, Emin qayıtsın, mütləq qayıtsın, qayıtsın ki, biz müharibəni onun sətirlərimdən olduğu kimi oxuyaq, biz zəfərimizi onun misralarından duyaq. Onun kimi vicdanlı insanın, çox savadlı və qeyri- adi yaddaşı olan tarix müəlliminin gələcək nəsillərə verəcəyi faydanı düşündükcə yoxluğu ehtimalını düşünmək bir ayrı dəhşət idi. O döndü və dünyanın bir çox dillərinə tərcümə olunmuş İkinci Vətən müharibəsi həqiqətlərindən bəhs edən “Müharibə gündəliyi” ni və müharibə şeirlərini yazdı. Mən zənnimdə yanılmamışdım. Müharibədə iştirak etmək, illərin kinini, ürəyimdəki Xocalı yanğısını söndürmək üçün səngərdə olmaq nəsibim olmamışdı, amma Müharibə gündəliyini oxuyanda zəfərin sevincini iliklərimə kimi duymuşdum. Bu gün də laçınlıların qayıtması xəbərini görüb dondum, uşaqlıq illərimə geri döndüm. Tanrı yar və yardımçımız olsun! Uca Tanrıdan əziz Şəhidlərimizə rəhmət, Ali Baş Komandanımıza, Qazilərimizə can sağlığı diləyirəm. Və haqqınızı halal edin, əziz Şəhid anaları deyirəm. Gözün aydın, Vətən, gözümüz aydın! Bir gün Laçında qonaq olmaq arzusuyla…
Ben zaten bilmezdim aşkın adını. Bu sırrı sen bana anlatmadın mı? Cihana sığmayan şair gönlümü Göğsümden çıkarıp oynatmadın mı?
Ben şarkı söylerdim menekşelerden İşim zevk almaktı şık güzellerden. Benden uzaklarda gezsen de bazen, Kalbimi kırmaya can atmadın mı?
Bin hicran gönlümü esir alanda Sen benim halime üzülmedin mi? Müşfik’in yüreği avuçlarında Tatlı rüyasını sen bölmedin mi?
SEVİYORUM
Seviyorum Menekşe gibi Boynunu bükmeni, O dalgın hallerini…
Seviyorum Benimle göz göze geldiğinde Şimşek bakışlarının fırtınasını. Seviyorum Yelpaze kipriklerinle Beni süzerek Bir mahir avcıdan korkmuş, ürkek Nazlı ceylan bakışlarını…
ONA
İsmiyle gönlümü avlamış biri, Melek değil, ama kanatları var. Siyah kaşlarının ızsızlığında Aşık güvercinler hep kanat çırpar Misafir eyledim gönül dalında, Hep şarkı söylerler onlar benimçin. Şimdi tüm kalbimle inanmışım ben, Ne kadar bahtiyar insanmışım ben. Çağlayan misali akan saçları İnce omuzlardan dökülü vermiş Bembeyaz teninin benzeri ancak Güneşten saklanmış kuzey karları. Aman, fırtınalar kopmasın artık Solmasın aşkımın gonca gülleri.
Şair : Mikayıl Müşfik Türkçeye aktaran : Turan Novruzlu
Budur: o yenə də arzuolunmaz bir vəziyyətə düşmüşdü. Min dəfə öz-özünə demişdi ki, daha avtobusa minəndə yox, düşəndə pul versin. Amma yenə də bacarmırdı. Bundan əvvəl dəfələrlə eyni vəziyyətə düşmüş, sürücü ilə tutaşmışdı. Ən yaxşısı, pulu gedəcəyi yerə çatanda avtobusdan düşməmiş vermək idi. Bir müddət elə bu cür də etmişdi. Amma bu dəfə, axırıncı dəfə… Dayanacaq tünlük idi. Bir neçə nəfərlə birlikdə qaçaraq tələsik avtobusa minmişdi. Ondan solda iki nəfər oturmuşdu. O sağdan birinci oturacaqda idi. Üstündəki ən xırda pul iki lirə yarımlıq idi. O biri sərnişinlər gedişhaqqını verəndə o da onlara baxıb iki lirə yarımlığı sürücüyə uzatmışdı. Sürücü pulu alıb, o biri sərnişinlərin iki lirə yarımlıqlarının, beş lirəliklərinin qalığını qaytarmışdı, onunkunu isə… Bu zaman ən sağdakı sərnişin düşüb, başqa biri minməsəydi sürücü yəqin ki, pulun qalığını verəcəkdi. Hər halda o sürücünün davranışından bu qənaətə gəldi. Amma sərnişin Cağaloğluda saxlayın deyəndə sürücünün başı sərnişinlə danışmağa qarışmış və iki lirə yarımlığın qalığını qaytarmağı unutmuşdu. İndi nə etməli idi? “Ay qardaş, iki lirə yarımlığın qalığını qaytarmaq yadınızdan çıxdı” desə sürücü bəlkə də “nə bilirsən ki, yadımdan çıxıb” deyə kobud cavab verə bilərdi. Elə etməsə belə, avtobusdakı sərnişinlərin ürəklərində “nə pulgir adammış” dedikləri baxışlarından oxunardı. Həm özü haqqında başqalarının bu cür düşünmələrini istəməz, həm də öz düşüncələrini kəc baxışlarla bildirənlərə nifrət edər, cin atına minərdi. Sağ tərəfdəki sərnişinə baxdı. İri burunlu, sallaq buxaqlı şişmanın biriydi. Necə deyərlər, nə ət idi, nə balıq. Belələri özündənrazı, yekəxana olurlar. Hər şeyə burunlarını soxurlar. Mübahisəyə can atırlar. Həqiqətən də, o sürücüyə “Ay qardaş, iki lirə yarımlığın qalığını verməyi yadınızdan çıxartdınız” desə bu iri burunlu, sallaq buxaqlı şişman o cür kəc baxışlarla baxacaqdı. “Gözünü zilləyib nə baxırsan?” deyə soruşsa “Baxmaq qadağandır?” deyə bir cavab verəcəyi gün kimi aydın idi. Həmin adamı yenidən süzdü. Sanki “Baxmaq qadağandır?” cavabını almış adam kimi əsəbləşdi, ürəyində “bəli” dedi. Sonra “yox canım?” cavabını alıbmış kimi daha da qəzəbləndi. Yenə ürəyində bu cür mübahisə etməyə başladı: -Canın yoxdursa necə yaşayırsan? -Paho, nə bayağı zarafatdır. Ay bala, zarafat etmək üçün ağıllı olmaq lazımdır. Sən isə… -Mən nə? -Əşi, axmağın birisən e. Elə bu arada ondan soldakı sərnişin də düşmək üçün sürücüyə səsləndi, avtobus dayandı və sərnişin düşdü. O isə həmin sərnişinin yerinə keçdi. İri burunlu, sallaq buxaqlı şişman da ortada oturdu, ən sağda isə yeni sərnişin əyləşdi. O da Cağaloğluya gedəsiydi. Təkliyi uzatdı. Sürücü əlli qəpiyi onun çiyninin üstündən ən sağdakı sərnişinə verdi. Belə görünürdü ki, sürücü onun iki lirə yarımlığını tamam unutmuşdu. Birdən sürücüyə demək istədi ki, mənim pulumun qalığını unutdunuz. Lakin sonra bu fikrindən daşındı. Sürücü bəlkə də belə cavab verərdi: “Nə pul? Pul zad nədir?” Qan beyninə sıçradı. Sürücüdən bu cavabı alıbmış kimi sinirləri gərildi. Ürəyində : -Avtobusa minəndə vermişdim axı. -Yadıma düşmür. -Necə yadına düşmür? Mən yalan deyirəm? -Məgər mən yalan deyirəm? Bu yollarda sənin kimilərini saçımın tükü sanı görmüşəm. Onda o dözə bilməz, dəli olardı. – Deməli məni onlara tay edirsən. Sürücü bəlkə də arxaya dönüb deyərdi: -Kimsən ki? Gədənin biri gədə. Dələduzların heç birisi dələduzluğunu boynuna almaz, üstəlik adamı borclu çıxararlar. -Yəni -Yəni deyil gicbəsər. Görəsən, sürücü ilə bu cür mübahisə etsələr axırı necə olardı. Polisəmi düşərdilər? Birdən gözü avtobusun salonundakı müşahidə güzgüsünə sataşdı. Deyəsən sürücü sərt adam idi. Üstəlik nazik bığı və üzünün soyuq ifadəsindən itsifət adama oxşayırdı. Əgər mübahisə etsələr sürücü avtobusu saxlayıb sükanın arxasından enər, onun yaxasına yapışar, bəlkə də bir kəllə, bir yumruq… Dərindən ah çəkdi, bu necə də arzuolunmaz idi. Əli-üzü qan içində, üst-başı toz-torpaq… Bu vəziyyətdə polis idarəsinə gedib sürücüdən şikayətçi olsa ondan sağda əyləşən sərnişinlər və hətta sürücünün yanındakılar da yəqin ki, sürücüyə tərəf çıxardılar. Onda sürücü polisə təhqir edildiyini deyər, mübahisəni özünə sərf etdiyi kimi anladar və sərnişinlər də onun tərəfini saxlayardılar. Həm iki lirə yarımlığın qalığı qalar, həm də sürücünü təhqir etdiyi üçün istintaqa cəlb oluna bilər, astarı üzündən baha başa gələrdi. Ona görə də fikrindən daşınmalı, hətta iki lirə yarımlığı dilinə belə gətirmədən sürücüyə yenə əlli qəpik verməli idi. Aydın idi ki, sürücü ondan aldığı iki lirə yarımlığı unutmuşdu. O şalvarının xırda pulları qoyduğu cibindən iki dənə sarı iyirmi beşlik çıxarıb ovcunda saxladı. Bir az sonra Cağaloğluya çatanda düşəcək, düşərkən də pulu verəcəkdi. Amma niyə? Nəyə görə əlli qəpiklik yolu üç yüz qəpiyə gəlməli idi. Bəyəm axmaq idi. Pulu yenidən cibinə qoyarkən fikrindən yenə dava-dalaş, polis idarəsi, sərnişinlərin şahidliyi keçdi. Elə buna görə də, pulu cibinə qoymaq fikrindən daşındı. Günahkar olsa da, olmasa da polisə düşsə təqsirli sayıla bilərdi, hələ üstəlik sürücünü təhqir etmək məsələsi də ortaya çıxanda nəinki üç lirə, Allah bilir neçə üç lirələr lazım olacaqdı. Gözü yenidən sürücünün güzgüdə əks olunan it sifətinə sataşdı. Ürəyində “Allah bəlanı versin, heyvan oğlu heyvan üzündən nə zibil olduğun görünür, haram xoşun olsun. Heç yeməyəsən, dərmana xərcləyəsən, həm də əgər uşağın varsa ən əziz uşağına dərman pulu verəsən” deyə qarğış etdi. O Cağaloğluya çatdıqları zaman sürücüyə səsləndi: -Mümkünsə münasib bir yerdə saxlayın. Sürücü cavabında dedi: -Oldu, qardaş! Sürücü avtobusu kənara çəkib saxladı, o ovcundakı əlli qəpiyi vermək istəyirdi ki, sürücü iki lirə yarımlığın qalığını uzatdı. -Buyurun, qardaş, iki lirənizi! O pulun qalığını götürdü, bir-birinə dolaşan ayaqları ilə sürətlə oradan uzaqlaşdı. Üzü qıpqırmızı alışıb yanır, özü-özündən utanırdı.
BRAYL ƏLİFBASI Səni sevmək Brayl əlifbasını öyrənmək kimidir… Napoleonun əsgərləritək qaranlığın səssizliyində pıçıltısız oxumaqdır səni sevmək. Sadəcə nöqtələrə toxunaraq xəritələri zehnimə köçürməkdi Səni sevmək… Əllərim gözlərini əzbərləyib, əlifbamın sual işarəsidir gözlərin. Ovuclarımın içi yanaqlarını qucaqlamağı sevir, dodaqlarım burnuna toxunanda əlifbamın nöqtəsini oxuyuram. Kəpənək çiçəyə toxunduğu tək nəfəsini qoxulayıram. Zərif qulaqlarını oxşayanda vergülü duyuram. Əlifbamın məchul X hərfi dodaqlarında gizlənib. Səni A-dan Z-yə sətir-sətir, misra-misra təkrarlayıram. Səni sevmək Brayl əlifbasını öyrənmək kimidir… Gecənin bir aləmi əlimdə vərəq Yorğun əsgər kimi yuxulayıram.
SƏN KİMSƏN? Sən kimsən? Bəlkə günəşin qürub çağı küləyin qucağında yatmağa hazırlaşan dənizin özüsən təlatümlü, köpüklü dalğalarınla… Mənsə qollarının arasında ayağı yerdən üzülmüş naşı üzgüçü… köksünə sığınıb sənə qərq olanda bir anlıq nəfəsim dayanır güclü bir dalğanın sahilə çırpılıb sonra yenidən dənizə qayıtması kimi… Sən kimsən? Bəlkə qayıqdakı balıqçı… Yox, səndə balıqçı ürəyi yoxdu axı toruna düşən balıqları kövrəlib dənizə qaytararsan bilirəm… qıymazsan çarəsiz balıqlara Sən kimsən? Bu qədər mərhəmətli, bu qədər həlim Sən kimsən? Nəfəsi eşq qoxuyan ruhu sevgi toxuyan baxışları körpə təbəssümü kimi sevimli və məsum Sən kimsən? Züleyxanın köləsi Yuzarsif yoxsa Erosun kölgəsi?
ZÜLMKAR Ağla gələn başa gələr deyirlər Ağlıma sən gəlirsən… Dərdlə dərman qoşa imiş deyirlər Zərdə qoşa gəlirsən… Gündüzlər xəyalıma gecələr yuxuma gəlirsən Gözüm tora dirənir, başucumda bir hörümcək yol qurur… Axşamın sərin mehində boynuma nəfəsin dəyir Bir də görürsən ki, durduğum yerdə qulağıma səsin gəlir Qatar-qatar xatirələr yoluma çıxır Bir də görürsən ki, yağışın hər damlası arı kimi sancmağa üstümə gəlir Həsrətin qor yükü bağrımı dəlir… Bir də görürsən ki, bir sincabın gözündən baxışların boylanır Sənə doğru getdiyim yollar Cırtdanın nağılındakı kimi haçalanır, qollanır… Səni necə sevdiyimi bilirsən Belə olmaz, zülmkar, Özün nə vaxt gəlirsən?
ƏZİZİM Deyirsən ki, yatammıram gecələr, bilirəm ki sıxır səni nə edimlər, necələr Həyatdı bu zaman keçər, sevinc qəmə güc gələr, yorğun ruhun bircə şirin yuxu ilə dincələr Eh… bu dünya belə gəlib beləcə də gedəcək, yaşa ömrü əvvəl- axır bitəcək. Hər açılan günəş üzlü sabahın haqqını ver gözlərinə gülümsə, gecələri qəti qara basmasın, yat yuxunu doyunca keşik çəksin mələklər… Ölüm səni qorxutmasın gecələr, gec ya da tez əcəl ömrə tən gələr Bir də gördün kəfən cismə gen gələr Həyatdı bu zaman keçər, görərsən ki, sevinc qəmə güc gələr, yorğun könlün bircə şirin yuxu ilə dincələr…
ŞƏKİLLİ KİTAB Şəkilli kitab kimisən Oxumaq olmur Tikanlı gül kimisən Qoxulamaq olmur Bürkülü yay kimisən Yuxulamaq olmur Nədi bu əlimdən Çəkdiyim zülüm Alovum sönübdü Sovrulur külüm…
ƏRİKLİ Uzaqlardan çox uzaqlardan dumanlı, yuxulu tarix boylanır… Azğın düşmən hiylə ilə talan etmiş obasını, elini. Alov tutmuş dağlarında durnaların telini. Bulandırmış Əriklinin çayını, duymamışlar harayını, hayını. Zəngəzurdan köç eyləmiş Laçına Əriklinin ərənləri, ərləri məskən salmış, oba qurmuş zəhmət ilə ömür sürmüş atı, öküzü arıq, itləri yallı ruhu gözəl adamlar… Çox görmüşlər bu hüzuru yağılar… yenə də hücum etmiş Can Laçına rus köpəyi dığalar yenə viran qalmış eli, obası Bakıya pənah gətirmişlər ərənlər zəhmətkeş arıların gözü tox olar amma bal arısının yuvasına baldan ötrü çomaq salan çox olar Və beləcə yara olmuş yar Laçın Bax, beləcə yetim qalmış Ərikli… İllər keçmiş zaman yetmiş qisasını yaman almış ərənlər əhsən demiş igidlərə görənlər Yenə qartal qanad çalır havada, yenə bülbül cəh cəh vurur yuvada Uzaqlardan çox uzaqlardan Ərik çiçəklərinin zərif qoxusu gəlir qələbədən xumarlanan könlümün xəyallarda dumanlanan beynimin Ərikli, çiçəkli yaylaq eşqilə həzin yuxusu gəlir…
QIZIM Qoxusu ətir nəfəsi meh göz yaşları şeh qızım Qolları çərpələng kiprikləri çətir qızım Apar məni uşaqlığıma bir az gizlənqaç bir az bənövşə-bənövşə, bir qucaq gülüş gətir qızım… Saçları kömür gözləri ömür qızım Bugünüm, sabahım sevgim, sınağım… körpə sonam, son nəfəsimdə anam qızım…
Şair, jurnalist, müəllim və 2-ci Vətən müharibəsi iştirakçısı Emin Piri, müasir Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən uğurlu imzalarındandır. Şairin yaradıcılığı haqqında ədəbiyyatçılar, tənqidçilər yetərincə dolğun fikir söyləmiş, məqalələr yazmışlar. Təkrarçılıq olmasın deyə onların toxunduqları mövzular haqda yazmamağa çalışdım. Bir oxucu kimi öz müşahidəmi, təəssüratımı qələmə almaq istədim.
Emin Pirini təxminən yeddi il əvvəl bir tədbirdə görmüşdüm. Sakit təbiətli, müşahidəçi, həyalı bir görkəmi var idi. Demək olar ki, heçnə danışmadı. (hərçənd ki, dostları onun çoxdanışan, ünsiyyətcil olduğunu deyirlər) Sonuncu dəfə isə təxminən bir ay əvvəl şairlə Sumqayıtda təşkil olunmuş tədbirdə görmüşdüm. Eyni susqunluq, eyni həyalı, təmkinli sima. Müəyyən qədər geniş sosial çevrəsi olan Emin Piri simasındakı saflığı necə qoruya bilmişdi? Axı peşələrin insanın xarakterinə və şəxsiyyətinə müəyyən qədər sirayət etdiyini bilirik. Kim idi, nə idi Emin Pirinin sirri?
Şairin qələmini “Mən qütb soyuğuyam” şeiri ilə sevmişəm.
“Məndən baş çıxara bilmir
Öz doğmaca anam belə
Sənə də qəribə gəlir
Nə təhər insanam belə”
Burada şair anasının onun haqqında olan təəssüratından söhbət açaraq şeirdə insan xislətinin dəyişməyəcəyini vurğulayır.
Daha sonra bir məktəblinin dilindən təbəqələşmənin ağrı – acısını söyləyən, ən böyük dəstəkçisinin anası olduğunu vurğulayan, sosial mesaj ötürən” Üç alma” şeirində şair yazır :
Kişilər ağlamaz deyən anam
yerimə özü ağlardı.
Nağıl söyləyərdi,
göydən üç alma
düşməzdi nağıllarda
deməzdi bunu anam –
birdən ürəyimiz alma
istəyər…
Şairin 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığı “Sən azadsan” şeirinin ilk misralarına baxaq (şair xatirələrindən birində cəbhəyə yollanmamışdan əvvəl anasının onun saçına xına qoyduğunu yazır, bu inancla ana oğlunun sağ salamat geri dönəcəyinə ümid edir) :
Saçımda anamın xınası,
yolların ayaqlarımçün duası,
gözlərimdə hələ bizim olmayan
uzaqlıq
deyir :
Sən azadsan
* * *
Günlərdir danışmırıq
bilirəm, narahatsan, ana.
Vətəni uğrunda ölümlə göz gözə, nəfəs nəfəsə dayanan şair, ölümdən qorxmur, özünü yox, anasını düşünür, onun nigarançılığına üzülür.
Bundan başqa “Mələklərə atılan mərmilər”, “Sağ qalan varmı?!. ” (maraqlıdır ki, şair burda ana obrazı olaraq əsgər anasını yox, əsgərin sevgilisinin anasını göstərir, əsgərə məktub yazan qızın anası öz balası üçün narahat olur, gecə niyə yatmadığının səbəbini soruşur. Atalar əbəs yerə deməyib ki, ağlarsa anam ağlar, gerisi yalan ağlar.), “Ayağım özümdən qeyrətli çıxdı”, “Atəşkəs”, “Allahın zarafatı” şeirlərinin hamısında ana obrazı var.
Şeirlərinin birində Allahı sevməyə qorxduğunu deyən şair digər bir şeirində Allahı Tanrıya əmanət edir. “Tanrı Səni qorusun, Allah! ” deyir. Burada İslam dinindən çox-çox əvvəl Türklərin sitayiş etdiyi Tanrıçılığın (Tengrinin) izlərini görürəm. Və nəzərə alsaq ki, qadın – ana İslamla müqayisədə Tengriçilikdə daha qutsaldır, yəni Tengridə matriarxal düşüncə tərzi, islamda isə patriarxal düşüncə ön plandadır. (bu islam hüququnun miras bölgüsündə daha aydın görünür)! Şairin anaya olan ülvi məhəbbətinin, sevgisinin Tanrıçılıqdan qaynaqlandığını düşünə bilərik.
Maraqlıdır ki, ata obrazına şairin yalnız bir şeirində və ilk, hələki həm də tək hekayəsi olan “Əyyaş ata” da rast gəlmişəm. “Dünyanın ən təmiz yalanı” şeirində şair deyir :
Yağma qar,
yağma
əlcəyim olmasa da
əllərim üşümür mənim
atamın
“daha yeddi yaşın var
böyük kişisən
heç kişi də əlcək taxar?!”
sözləri üşüdür məni.
(Burda yeddi rəqəmi də təsadüfi deyil, belə ki, psixoloqlar insanın formalaşmasının ilkin və əsas mərhələsini 0-7 yaş aralığında götürürlər. Və insan yeddisində nədirsə yetmişində də odur məsəli burdan qaynaqlanır.)
Sosial problemlərin ağuşunda çarəsiz qalan atanın məsum yalanı obrazın ruhunu üşüdür. O atasını anlayır, amma anası ilə dostlaşır. Çünki ana obrazı ona heç yalanın məsum olanını da danışmır, sadəcə dəstək olur, aralarında güvəndən, inamdan yaranan möhkəm bir bağ var. Və yenə əvvəl də qeyd etdiyim kimi “Əyyaş ata” hekayəsində daha bir ata obrazı var, əyyaş ata içki ala bilmək üçün qəhrəmanın anasını döyüb, zorla nişan üzüyünü əlindən alanda qadın qayıdır ki, “heç olmasa uşaqlara da nəsə al”, biz bu səhnədə də qadınlığını analığına, övladlarına qurban vermiş fədakar, cəfakeş ana obrazı görürük.
Şairin qadını qınaq obyektinə çevirməsini isə “Abort stolunda yalvaran körpə” şeirində görürük, şair burada qadını ana olmaq istəmədiyi üçün, bətnindəki körpəyə qıydığı üçün qınayır. Və bundan da bir daha aydın olur ki, şairin əsas obrazlarından biri fədakar, cəfakeş ana obrazıdır.
Daha maraqlı bir məqam da odur ki, səngərdə komandir Piriyevin hədəfi düşmən cəbhəsi, düşmən əsgəri olsa da, şair Emin Piri Allahla haqq hesab çəkir, (atalar yaxşı deyib ki, uman yerdən küsərlər) . Hərbi xidmətdə olduğu dövrdə canlı şahidi olduğu bir səhnəni qələmə aldığı “Sağ qalan varmı?!” şeirində fevral şaxtasında üşüyən güllə isinmək üçün əsgər sinəsi axtarır. 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığı “O na məktub” şeirində isə “ürəyi istidən sıxılan bir düşmən mərmisi mayorumuzun ürəyində sərinlədi ” deyir . Bu humanizm də onun şeirlərini bəşəriləşdirir.
Bu yaxınlarda şair sosial şəbəkələrdən birində uşaqlıq xatirələrindən birini paylaşaraq yazır : “Anam mənə toplama – çıxmanı fındıqla öyrətmişdi. Ən çox sevdiyim çıxma əməli idi. Məsələn, on fındıq qoyurdu, deyirdi birini ye, neçəsi qaldı? Mən də birini yeyirdim, qalanlarını sayırdım. Beləcə öyrənirdim. Anama deyirdim ki, üstəgəllərdən sual vermə, ancaq çıxmalardan soruş. Həyatda da çox şey belədir” yazır. Mən bu sətirləri oxuyanda həm də türkcədə oğlumun ev tapşırığını yazdırırdım. Tapşırıq Atatürk haqqında verilmiş mətnlə bağlı sualları cavablandırmaq idi. Mətndə yazılmışdı ki, balaca Mustafa (M. K. Atatürk nəzərdə tutulur) atasının ölümündən sonra anası və bacası ilə birgə dayısının fermasına köçür və orda tarlada gözətçi olur, təhsildən uzaq düşür, bu vəziyyətə anası Zübeydə xanımın ürəyi dözmür, Mustafanın təhsil alması üçün bütün çətinliklərə baxmayaraq Selanikə geri dönür və beləliklə M. K. Atatürk təhsilinə davam edir. Elə həmin məqamda mən Emin Pirinin təmkinli görkəminin, həyalı simasının sirrini çözmüş oldum. Bu sirr kim idi? Ana idi. Şairin ilk müəllimi olmuş anası idi. Bu sirr nə idi? Zamanında verilmiş doğru, düzgün tərbiyə, təhsil idi. Emin Piri – möhtəşəm bir ananın əsəridir. Vətən anadan başlayır deyirlər. Vətən, xalq öz qeyrətli, vicdanlı, mübariz oğullarını layiqli, gözəl analara, Zübeydə analara borcludur. Əllərinizdən öpürəm, gerçək analar, gözəl analar.