Kateqoriya arxivləri: www.USTAC.az

ÖLÜM SEVİNMƏSİN QOY

Füzuli Feyruz oğlu Əsgərli

UNUDULMAZ İNSAN, TANINAN ALİM

Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa babam haqqında yazı yazmaq barədə düşünüm. Hətta sağlığında belə. Amma indi – gözlənilmədən dünyasını dəyişdiyi bir vaxtda gedişi ilə hər birimizə yaşatdığı nədəndi bilmədim, bu yazı qələmə    alındı. Haradan, necə başlayacağımı bilmədiyim halda, sözlər özü gəlib məni tapdı. Hərçənd ki mən jurnalist, söz adamı deyiləm.

Özümü tanıyandan babam haqqında yalnız xoş sözlər eşitmişəm. Yaxından tanıyanlar onu həmişə “halal adam, “təmənnasız şəxs” kimi dəyərləndirir, “belə insanlara nadir hallarda rast gəlmək olur” kimi səmimi kəlmələrlə onun qəfil gedişinə təəssüflənirlər. Nənəm deyir ki, babamın təmiz adı, halal zəhməti ilə qazandığı çörək ailəmiz üçün həmişə qürur ünvanı olub. O, nəfsini məhz təmiz ada, halal zəhmətə qurban verən şəxslərdən olub. Çoxlarına nümunə ola biləcək insan kimi tanınıb. Həmişə haqqın, ədalətin tərəfində dayanıb, işini sevən, vicdanlı, dürüst, təmiz qəlbli və peşəsi ilə fəxr edən olub.

Yaşlılar, orta nəslin nümayəndələri, gənclər, xüsusilə tələbələri və müəllim yoldaşları haqqında birmənalı olaraq “xeyirxah insan”, “bütöv şəxsiyyət”, “istedadlı filoloq-alim”, “həqiqi ədəbiyyatşünas” kimi ifadələr işlədirlər. İctimai fəaliyyətində olduğu kimi, şəxsi həyatında da daim bu prinsipə sadiq qaldığını söyləyirlər.

Mən babamı nəvənin öz babasını sevə biləcəyindən daha çox sevirdim. Bizə gələndə içimdə qəribə sevinc hissi oyanırdı – onu anlaya bilmədiyim bir əhvalla qarşılayırdım. Babam da bizi çox istəyirdi. Hər dəfə bizləri elə ifadəsi mümkün olmayan sevinclə qarşılayırdı ki… Sanki hər gün getdiyimiz ev deyilmiş. Düzü, bir az da çəkinirdim ondan. Bilirdim ki, bəlağətli, pafoslu sözləri xoşlamır. Bəlkə də bu üzdən ona olan sevgimi qədərincə hiss etdirə bilməmişəm.

Babam səsimi çox bəyənirdi. Kiçik yaşlarımda ara-sıra zümzüməmə də qulaq asıb. Hətta bir dəfə mənə dedi ki, “iş yoldaşlarımı səsinə qulaq asdırdım, elə bildilər peşəkar mügənnidi oxuyan”. Həmişə də zarafatla deyərdi ki, “Sən bir çox indiki müğənnilərdən yaxşı oxuyursan. Ən yaxşı dinləyicin də mənəm”.

İndi babam yoxdur. Həyatımız büsbütün dəyişdi, həyatımızda çox şeylər yarımçıq qaldı.

Bu dünyada olmadığını bilirəm, bir daha qayıtmayacağını da bilirəm, amma yenə gözlərim qapıdadır. Axı biz heç sağollaşmadıq da…

Yanvarın 17-si – babamın dünyasını dəyişdiyi gün. Həmin gün nə baş verdiyini indi də dərk etməkdə çətinlik çəkirəm. Çünki hər şey gözlənilməz oldu, bircə anın içində. Yoxluğunda dərk etdim ki, indiyədək babamı ölümsüz hesab edirəmmiş. Bəlkə də bu səbəbdəndi indi onun yoxluğunu qəbul edə bilmirəm.

…Səninçün çox darıxıram, baba! Təsəllim səni hər gün yuxularımda görməyimdi. Çox xoşbəxtsən yuxularımda.

“Allah yaxşı insanları yanına tez alır”, deyirlər. Bundan da təsəlli tapıram. Əminəm ki, Allah səni cənnətlə müjdələyib. Sən əqidədə insanlar Yaradanın dərgahında ən yüksək məqama layiq görülür. Biz, altı nəvən də daxil olmaqla bütün ailəmiz səninlə qürur duyuruq. Qürurlanırıq ki, damarlarımızda belə bir şəxsin qanı qaynayır!

Görəsən, bundan sonradamı sənin sevdiyin mahnıları, amma bu dəfə sənsiz, zümzümə edə biləcəyəm?..

***

Haqqında yazılanlardan

Azərbaycan uşaq ədəbiyyatının tanınmış tədqiqatçılarından biri, filoloq alim, tərcümə nəzəriyyəçisi, tərcüməçi, fililogiya üzrə fəlsəfə doktoru, dosent F.Əsgərli çox şərəfli, özünəməxsus, heç kəsə bənzəməyən bir yaradıcılıq və ömür yolu keçib. Onun iri həcmli monoqrafiyaları, dərslik və dərs vəsaitləri (“Uşaq ədəbiyyatı”, “Azərbaycan uşaq ədəbiyyatı”, “Dünya uşaq ədəbiyyatı”), uşaq ədəbiyyatının müasir problemlərinə həsr etdiyi elmi-nəzəri məqalələr topluları (“Problemlər, düşüncələr”, “Müasir uşaq ədəbiyyatının inkişaf mərhələləri” və s.) Azərbaycan ədəbiyyatında özünəməxsus bir iz açıb. Bütün ömrünü uşaq ədəbiyyatının tədqiqinə və təbliğinə, bədii tərcüməyə, onun nəzəriyyəsinin öyrənilməsinə həsr edib.

Füzuli Feyruz oğlu Əsgərli 1945-ci il mart ayının 18-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra üç il ordu sıralarında xidmət keçib. Əmək fəaliyyətinə Bakı Şin zavodunda yığıcı, indiki Səttarxan adına zavodda tornaçı kimi başlayıb. 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun (indi ADPU) filologiya fakültəsinin əyani şöbəsinə daxil olub. Təhsildə və ictimai işlərdə fəallığı ilə diqqəti cəlb edib: qrup nümayəndəsi, komsomol komitəsinə büro üzvü seçilib. “Məşəl” tələbə teatrına bədii rəhbər seçilməsi onun bacarığının, istedadının yeni məziyyətlərini  üzə çıxarıb. Həvəskar tələbə-aktyorların iştirakı ilə N.Hikmətin “Unudulan adam”, A.Safronovun “Kişilərə inanmayın”, S.Rəhmanın “Toy”, “Xoşbəxtlər”, A.Məmmədovun “Həmyerlilər”, “Kişilər” və bir sıra başqa əsərləri müvəffəqiyyətlə tamaşaya qoyub. Tələbə teatrlarının respublika müsabiqəsində, radio və televiziya verilişlərində uğurla çıxış ediblər. Yeri gəlmişkən: Azərbaycan Respublikasının Xalq artisti Ramiz Novruz onun rəhbərlik etdiyi “Məşəl” tələbə teatrının yetirmələrindəndir. Bu gün onunla çiyin-çiyinə çalışan həmkarlarından Qüdrət Umudovla Kamil Bəşirov da həmin dərnəyin fəal üzvlərindən olublar. Teatr sahəsindəki uğurlarına görə “Bədii özfəaliyyətdəki uğurlarına görə” döş nişanı ilə təltif edilib.

1973-cü ildə ADPU-da işə qəbul edilən F.Əsgərli elmi-publisistik, teatr və bədii tərcümə ilə bağlı daha intensiv fəaliyyətə başlayıb. Maraqlı tərcümələr edir, qəzet və jurnallar üçün publisistik və elmi məqalələr yazır, Azərbaycan radiosu və televiziyası ilə müntəzəm yaradıcılıəq əlaqəsi saxlayırdı. Tərcüməçilik qabiliyyətini yüksək qiymətləndirən xalq yazıçısı İsmayıl Şıxlı ona tərcümənin nəzəri əsaslarını dərindən öyrənməyi, bu istiqamətdə dissertasiya yazmağı tövsiyə edib. Müəlliminin tövsiyəsi ilə “Rus uşaq nəsrinin Azərbaycan dilinə tərcüməsi problemləri. 1950-1980” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru (filologiya elmləri  namizədi) elmi dərəcəsini alıb. 1994-cü ildə ADPU-nun “Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasına dosent vəzifəsinə seçilib. 1991-1997-ci illərdə, eyni zamanda, filologiya fakültəsində dekan müavini kimi də çalışıb.

Onu da qeyd etmək yerinə düşər ki, təşkilatçılıq bacarığına, səmərəli fəaliyyətinə görə bir sıra mükafatlarla, fəxri fərmanlarla təltif olunan F.Əsgərli sovetlər dönəmində yeddi il ardıcıl olaraq institut və respublika üzrə tələbə inşaat dəstəsinin komandiri kimi SSRİ-nin bir sıra ucqar bölgələrində, o cümlədən Sibirdə olub.

F.Əsgərli uşaq ədəbiyyatının keşiyində dayanan əsgər kimi bu sahənin bütün incəliklərini tədqiq edib, məqalələr, dərsliklər, monoqrafiyalar yazıb, mühazirələr oxuyub, kurs işlərinə, buraxılış işlərinə rəhbərlik edib.

Çox zəhmətkeş alim olub. Daim axtarıb-arayıb, yorulmaq bilmədən yazıb-yaradıb. Bir çox elmi kitabların, 100-dən artıq elmi-nəzəri, publisistik məqalənin müəllifidir. Elmi araşdırma­larında görkəmli uşaq yazıçısı, filologiya üzrə elmlər doktoru, professor Zahid Xəlil yaradıcılığına daha çox üstünlük verib. Yazıçının yaradıcılığından bəhs edən bir neçə monoqrafiyanın, çox sayda tədqiqat xarakterli məqalənin müəllifidir. Z.Xəlil anadan olmasının 70 illik yubileyinə həsr etdiyi “Sehrli dünyanın memarı” adlı monoqrafiyasında sənətkarın poeziya, nəsr və dramaturji fəaliyyətini elmi-nəzəri aspektdə araşdırıb, tədqiqata cəlb etdiyi əsərlərin ideya-bədii və sənətkarlıq məziyyətlərinin açılmasına xüsusi diqqət yetirib. “Sənətkarın uşaq dünyası”, “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı”, “Ömrün sözü, sözün ömrü”, “Bədii tərcümə prinsipləri”, “Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları”, “Bədii təhlil və ədəbi tənqid” monoqrafiyalarının, “Ədəbi düşüncələr”, “Zahid Xəlilin sənət dünyası”, “Problemlər, düşüncələr…”, “70 ilin işığında” məqalələr toplusunun müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. “Ədəbiyyat qəzeti”, “Respublika”, “Azərbaycan müəllimi”, “Gənc müəllim”, “525-ci qəzet”, “Türküstan”, “Mədəniyyət”, “Azad Azərbaycan”, “Kaspi”, “Gəncənin səsi” və digər qəzetlərdə çap etdirdiyi elmi-publisistik məqalələri araşdırmaçı mütəxəssislər tərəfindən onun alimlik fəaliyyəti və əsərləri haqqında dəyərli fikirlər formalaşdırıb.

Tərcümə nəzəriyyəsində müəyyən dərəcədə boşluq hiss edən alim “Bədii tərcümə prinsipləri” (2009) monoqrafiyasında nöqsanlı uşaq nəsr əsərlərinin təshih olunmasını və yenidən tərcümə edilərək nəşrini tövsiyə edib. Adı çəkilən monoqrafiyada bədii tərcümədə daha zəruri olan obrazların mənəvi-psixoloji aləminin təcəssümü, bədii tərcümədə üslub orijinallığının və milli xüsusiyyətlərin saxlanılması, atalar sözləri, məsəllər və idiomlardan istifadə üsulları problemlərinin düzgün həlli yollarını göstərib. Qırx beş il tərcümə sənətinə sadiq qalan F.Əsgərli bir sıra dünya xalqları yazıçılarının əsərlərini dilimizə çevirərək Azərbaycan oxucularına ərməğan edib. Aleksey Tolstoy, Nikolay Nosov, Yan Larri, Konstantin Sergiyenko, Eduard Vilde, Anton Tammsaare, Paul Kuusberq, Andres Yaaksoo, Albertas Laurinçukas, Miroslav İrçan, Filip Mironov, Karlo Lorensini-Kollodi, Berdinəzər Xudaynəzərov, Kaldarbay Naymanbayev, Nodar Dumbadze, Anne Vestli, Luiza Oklott və digər qələm sahiblərinin əsərləri onun tərcüməsində çap olunub, Dövlət televiziya və radiosuna təqdim edilib.

***

…Ölüm qorxulu deyil, qorxulu olan onun vaxtından əvvəl gəlməsidir. Füzuli müəllimin dünyasını qəfil dəyişməsi bütün sevənlərini sarsıtdı. Yadigarı üş övladı, altı nəvəsi, bir nəticəsi, yetirmələri, kitabları oldu. Yaradıcı insanların həyatı ölümündən sonra başlayır.  Füzuli müəllim bizə uşaq ədəbiyyatı ilə bağlı xeyli sayda dərslik, metodik vəsait, monoqrafiyalar, çox sayda məqalələr, tərcümə əsərləri, eləcə də yolunu ləyaqətlə davam etdirən övladlar, nəvələr yadigar qoyub getdi.

Sözü kitablarda, özü  ürəyimizdə qalan sayılıb-seçilən babam, ruhun şad olsun!

Müəllif: Əhmədova Röya Rasim qızı 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tuncay ŞƏHRİLİ – XOCALI şeiri

XOCALI

XOCALI

Xocalı tarixin qanlı yarası,

Bu gecə insanı xar etdi insan.

Əməli ömürlük bir üz qarası,

Bu boyda dünyanı dar etdi insan.

*  *  *

Bütün olanları yazıbsa Allah,

O gecə qələmin doldurub qanla.

Dünyada ədalət olubsa hərgah,

O gecə insanlar öldürüb anla!!!  

24.02.2021. – Bakı

Müəllif: Tuncay ŞƏHRİLİ (MUSTAFAYEV)


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – İNCİ, QƏRƏNFİL…

“ŞƏHİDLƏR BAŞ TACIMIZ, HEÇ BİTMİR DƏRD, ACIMIZ… “- ZAUR USTAC

İNCİ,  QƏRƏNFİL…

(Qərənfilə yazığım gəlir…)

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil…

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap  məndən inci, qərənfil…

*        *        *

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmisən küçəyə, daşa…

Qaxınc  çiçəyisən, qaxınc çiçəyi,

Qaxanc  örf-adətə, öfkəyə, başa,

*        *        *

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan…

*        *        *

Ustac  tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına…

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına…

20.01.2018.  Bakı.

Müəllif: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə – Qara-qırmızı Xocalı

XOCALI SOYQIRIMI – 26 FEVRAL 1992-Cİ İL.

Qara-qırmızı Xocalı
Bu gecə qаn yаğır аğ qаr üstünə.
Bu gecə Хоcаlı аl-qаn rəngində,
Bu çаylаr, meşələr аl qаn içində.
Bu gecə аğаcın yаrpаğı biz-biz,
Аğlаyır, sızlаyır qаr içində iz.
Bu gecə insаnlаr evindən qаçır,
Аnаlаr sinəsin gülləyə аçır.
Şахtаdа о bаyrаq körpə əlinin
İçində dоn vurmuş bir ümid yаtır,
İnləyən, bоğulаn bir ümid bаtır.
Bir ümid çırpınır şəhid əlində.
Bir оrdu yeriyir, bir şər оrdusu-
Kimsəsiz, günаhsız insаn üstünə,
Yenə qаn tökülür zаmаn üstünə.
Bu qаnlı gecədə yer-göy аlışır
Bu qışın, sоyuğun sаzаqlаrındа.
Hələ də bu yerlər qаn içindədi,
Hələ də Хоcаlı qаn rəngindədi.
Bu uşаq qаnıdı, bu qоcа qаnı,
Bu dа qаr içində bir аnа qаnı.
Хоcаlı Vətənin qаn yаrаsıdı,
Хоcаlı Vətənin cаn yаrаsıdı.
Bəşərin sоnuncu fаciə günü
Dünyаdа bir kimsə yаtа bildimi?
Bu gecə dünyаnın sоn qəm gecəsi,
Bu gecə dərdlərın ilk cəm gecəsi,
Bəşərin sоnuncu mаtəm gecəsi,
Bizi qаn içində bаtırıb gedir.
Gör neçə illərdi dоnub Хоcаlı.
Bu yerin yаzınа hələ qаr yаğır,
Bu хаlqın bаşınа hələ qаn yаğır.
Dоn vurmuş körpənin qаrlı izini,
Yаyın istisi də əridə bilmir.
Хоcаlı dərdini, yurd harayını,
Dünyаnın sükutu kiridə bilmir.
Hələ хəyаllаrdа gəzir Хоcаlı.
Gəzir ölkə-ölkə, gəzir elbəel,
Gəzir fəsil-fəsil, gəzir ilbəil.
Sinədə, аlındа gəzir Хоcаlı,
Hər kəsin cаnındа gəzir Хоcаlı,
Yаrаlı Хоcаlı, əsir Хоcаlı.
Müəllif: Rəfail Tağızadə


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRANƏ ARİFQIZI – XOCALI HARAYI

XOCALI SOYQIRIMI

XOCALI HARAYI
Əzizinəm, göz, ağla,
Gəl, bu dərdə döz, ağla,
Bu görunməz vəhşətə,
Qələmim sın, söz, ağla!!!
* * *
Əzizim qisas günü,
Qız-gəlini as, günü.
Getdi namus, getdi ar,
Hardadı, qisas günü!!!
* * *
Eləmi, külə döndü,
Alış di, külə dön di,
Düşmən elə od vurdu,
Xocalı külə döndü!
* * *
Əzizim, halıma yan,
Deyərlər zalıma, yan!
Mən bu torpaqda yandım,
Sən gəl, Xocalıma yan!
* * *
Eləmi, ara bağlar,
Ağ günü qara bağlar,
Qisası alınmasa,
Xocalı yara bağlar!
* * *
Mən aşiq, ağladı yar,,
Yaramı bağladı yar,
Xocalının gününə
Mən öldüm, agladı yar.
* * *
Xocalını yaxdılar,
Yandırdılar, yaxdılar,
Körpəni şişə taxıb,
Gulə-gülə baxdılar…
* * *
Mən aşiq, daş oldu,gəl,
Bağrım badaş oldu,gəl,
Hardasan elim- günüm,
Xocalı daş oldu, gəl!
* * *
Əzizinəm, gec əydi,
Soruş, halın necəydi?
Xocalı dağılan ğün,
Belə qara gecəydı.
* * *
Xocalım,ay Xocalım,
Əl yalın, ayaq yalın,
Qisasin alınmayıb
Bu dərdilə qocalım?
* * *
Əzizinəm, elə sirr,
Bədən əsir, əl əsir,
Xocalı yanan gundən,
Namus əsir, el əsir!
* * *
Mən asiqəm, bu da, yaz,
Qollarımı buda, yaz,
Xocalının dərdini
Kağıza yox, uda yaz.
25.02.2019. – NAXÇIVAN
Müəllif: Təranə ARİFQIZI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CEYHUN FİKRƏT – VİCDAN ƏZABI

Ceyhun Fikrət, şair-publisist.

Yenə bu gecə sanki xəyal girdabına batmışdım. Nə fikirləşdiyimi, nə qərarda olduğumu bilmirdim. Çünki fikirləşdikcə fikirlərim parçalanır, ağlıma qəribə fikirlər gəlirdi. Axır ki, qərara gəldim və qərarım bu idi ki, onunla danışıb məsləhətləşməliyəm. Lakin içimdə olan fikirlər, sanki onu görməyəcəyimi, xəstəxanaya getməyimin faydasız olduğunu deyirdi. Mən onun həyatda dostu, bəlkə də sirdaşı idim. Amma onun mənim üçün kim olması, həmişə mənə maraqlı idi. Çünki ilk dəfə onu görəndə, bu şəxs mənə çox tanış gəlmişdi. Biz onunla o qədər səmimi danışmışdıq ki, elə bilirdim O, mənim ən doğma adamımdır. Bu qədər əzab-əziyyət çəkməsinə baxmayaraq həmişə nikbin idi. Ağciyərləri neçə illər idi ki, xəstə idi. Amma O, bu halına gorə Allaha şükür edir və sağalıb, Yeganəsinin yanına qayıdacağı günü gözləyirdi. O, mənə sevgi tarixçəsini, keşməkeşli həyatını danışanda, mənə çox qəribə gələrdi ki, görəsən bu insan o qədər əziyyətə necə dözüb. Bir dəfə yaxşı yadımdadır, ona sual etdim ki, necə olub sənin kimi gözəl əxlaqlı adam zindana düşüb? O, həyatını danışmağa başladı. Dedi: Bir gün xanımımla küçədə idim, iki nəfər xanımıma söz atdı və mübahisə dava oldu. Heç bilmədim bıçaq hardan çıxdı və birdə onda gördüm, bir nəfər yerə yıxılıb. Sonralar o adamın axırı necə oldu bilmədim, amma mən isə dəmir barmaqlıqlar arasında idim. Sonra isə zindan həyatı, həyatımı dəyişdı və cavan ömrüm bu hala düşdü deyərək üzümə baxdı. Hər dəfə suallar verib onun keçmişini soruşmağım məni ona dahada yaxın etmışdir. Bu gün isə onun bütün həyatı barədə öyrənəcəkdim. Hətta yoldaşının və qızının ünvanında axtarıb tapmaq niyyətində idim. Bu fikirlərlə xəstəxananın həyətində dayanmışdım və xəstəxana pilləkənlərinə doğru addımlamaq istəyirdim, amma içimdəki həyəcan, təlaş qəlbimi yaman bürümüşdür. Xəstəxananın 5-ci mərtəbəsinə çıxıb bir-bir xəstəxana otaqlarını saymağa başladım və budur Onun otağıdır. Dayandım, sanki qəlbimin dərinliyində bir səs mənə, getmə artıq gecdir deyirdi. Lakin qapını döyüb gözlədim. Buyurun kəlməsindən sonra otağın qapısını açıb içəri daxil oldum. Tanımadığım dünyaya düsmüşdüm, nə deyəcəyimi də sanki unutmuşdum. Özümü ələ alıb Elçin burda müalicə almırmı? məgər dedim. Otaqdakılar mənim təlaşımı gorüb, buyurun əyləşin indi gələr, deyərək mənə yer göstərdilər. Bu sözdən sonra özümə gəldim, mənə göstərilən yerdə əyləşdim. O,artıq sağdı düşündüm. Otaqda olan xəstələrlə söhbət eləməyə başladım. Mənim kim olduğumu, Elçini hardan tanıdığımı soruşur, hərdən də gözəl söhbətlər edirdilər. Xəstəxanadan gələn dərman qoxusu ilə bərabər, xəstələrin iztirablı baxışları dözülməz idi. Amma bəzən xəyal girdabına düşən fikirlərimi görən xəstələr, söhbətlərinə ara verərək mənim xəyal dünyamın qapısın açmaq istəmirdilər. Bir neçə saat keçməsinə baxmayaraq, hələ də ondan xəbər yox idi. Onun otaq yoldaşlarına nəzər salıb belə sual etdim. Bəs Elçin bu saata qədər harda qaldı ki gəlib çıxmadı? Otaqdakılardan biri diqqətlə üzümə baxıb dedi ki, qardas bağışla, sən elə vəziyyətdə içəri daxil oldun, elə pərişan idin ki, biz sənə əsil həqiqəti deyə bilmədik. O, gedib daha yoxdur deyərək, xəstə olan şəxs birdən hönkürdü. Yenə də heç nə başa düşə bilmədim, fikirləşdim ki, bəlkə onu dincəlmək üçün evə buraxıblar, amma oğlanın ağlamağı məni qəlbən sarsıtdı. İçimdəki şübhələr, hisslər yenə məni incitməyə başladı. Sanki kimsə mənə sən artıq gecikmisən, o qatar dünən gedib, sən isə sərnişin olaraq o qatara çata bilməmisən, aldığın bilet də əlində qalıb deyirdi. Oğlana yenə sual etdim ki, yəni dediyiniz şəxs evə buraxılıb, düzmü başa düsdüm? O, isə cavabında xeyr, O artıq bu dünyada yoxdur. Hər şey aydın oldu. Sanki içimdə hər şey qırıldı və necə olub ki, Elçin ölüb deyə bildim. Oğlan isə dünən olan hadisəni danışmağa başlayaraq dedi: hər kəs bu hadisəyə mat qalıb, Elçin səhər burda olan insanlarla sağollaşıb, halallaşıb və deyib ki, mən artıq burdan gedirəm. Sonra xəstəxananın həyətinə düşüb, həyətdəki oturacaqlardan birinə oturub və xəstəxanaya baxıb, elə həmin yerdə gözlərini yumub. Həyətdəki şəxslər qışqırıblar ki, burda cavan oğlan ölür, kömək edin! Amma artıq O, ölmüşdür. Deməli dünən səhər deyərək içimdən hıçqırtı qopdu. Mən dünən gələcəkdim, hiss etmişdim ki, nə isə olub, təəsüflər olsun ki, gələ bilmədim. Lakin hisslərimə heç vaxt inanmırdım, demə hisslərim məni bura gəlməyə məcbur edirmiş. Otaqdakı şəxslər mənim halımı görüb təəsüflə dedilər: O, sizi arzulayırdı, nə isə deyəcəkdir sizə, amma bu baş tutmadı və bu müəmmalı ölüm onun cavan həyatına son qoydu. Artıq orda qala bilməzdim, onlarla sağollaşıb xəstəxananın pilləkanları ilə aşağı düsdüm və dünən Elçinin son dəfə əyləşdiyi yerə baxdım. Xəstəxananın həyətindən çıxıb, küçə boyu getməyə başladım. İndi beynimdə iki fikir dolaşırdı. Görəsən Elçin mənə ölümündən qabaq nə deyəcəkdi və Onun Yeganəsi hal-hazırda hardadır?

Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mayıl DOSTU – XOCALI dərdi

Xocsalı soyqırımı – 26 fevral 1992 – ci il.

XOCALI DƏRDİNƏ
DƏRMAN GƏZİRƏM

Xocalım, qəlblərə dağın çat salıb,
İntizar gözlərin yollarda qalıb,
Səni çox zəhərli bir ilan çalıb,
İllərdir, dərdinə dərman gəzirəm.
***
O dəhşəti bircə-bircə görmüşəm,
Qəm meyvəsin elə onda dərmişəm,
Sünbüllü qəmimdən taya hörmüşəm,
Dərdimi döyməyə xırman gəzirəm.
***
Boynu bükük qalıb hər Qarabağlı,
Ədalət gəzirəm — qapılar bağlı,
Nə qədər qalacaq ürəyim dağlı?
Dağ üyüdən bir dəyirman gəzirəm.
***
Nə vaxtacan qanım yerdə qalacaq?
Analar nə qədər saçın yolacaq?
Allah, zəfər günüm haçan olacaq?
Qisasa çağıran fərman gəzirəm.
***
Söhbətlə əzabım deyil düzələn,
Qisasım təzələn, kinim təzələn!
Üzü Qarabağa səf-səf düzülən,
Xocalı ünvanlı karvan gəzirəm.
***
Deyə bilməmişəm hələ sözümü,
Qəm basıbdı yerə baxan gözümü,
Xəcalətli, hələ qara üzümü,
Gizlətməyə bir sıx orman gəzirəm.
***
Düşmən əlindədir o qeyrət Tacım,
Eşit, ay qardaşım, ay əziz bacım,
Qisasdır! Qisasdır, yalnız əlacım,
Qüdrətli bir təbib, loğman gəzirəm.
Qisası almağa meydan gəzirəm!
25 fevral 2016-cı il

Mayıl Dostu, şair, alim, pedaqoq.

Müəllif: Mayıl DOSTU

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QANINA QƏLTAN XOCALI – TAPDIQ ƏLİBƏYLİ

Xocalı qətliamı – 26 fevral 1992 -ci il.

QANINA QƏLTAN XOCALI

Dünya “zor dilində” danışır yenə,
Min il də, yüz il də əvvəl beləymiş…
Həqiqət gör necə düşüb düyünə,
Ədalət libasın şər geyinərmiş.

Sevgidən güc alıb qələmim, Allah,
Kini, ədavəti düşmən seçibdi.
Qanım qisas deyir, məndə yox günah,
Yağı öz boyuna ölüm biçibdir…

Zaman-zaman fürsət düşən kimi Azərbaycan torpaqlarına qəsd etdi məkrli erməni. Biz də bu məkrin burulğanında unutqan olduq…biganə olduq… 1992-ci il fevralın iyirmi beşindən iyimi altısına keçən gecə…düşmən növbəti qəsbkarlığını – Xocalı soyqırımını həyata keçirdi. Xocalı qətliamı Azərbaycan tarixinə qanla yazıldı. Qanla yazılan tarix gələcək nəsillərin qan yaddaşının ibrət dərsi olmalıdır. Yoxsa…

İyirmi beş fevral… şaxtalı gecə…
Yazım bu ağrını bilmirəm necə?!
Xocalı söyləsin qoy bircə-bircə…
Əsrin müsübəti-Xocalı səsi!

Qələmlə göz yaşım axdı kağıza,
Qəmdən uyuşmuşdu dil də ağızda,
Ləkə gətirəndə gəlinə-qiza…
Əsrin müsibəti -Xocalı səsi!

Qaralan buludlar səpər yağışı,
Ürək qübarından tökər göz yaşı…
Neçə soydaşımın kəsildi başı,
Əsrin müsibəti – Xocalı səsi!

Müdhiş bir gecədə qaniçən, zalım
Əsrin sinəsində açdı bir şırım.
Xocalı dəhşəti qanlı soyqırım,
Əsrin müsibəti – Xocalı səsi.

O dinc əhalinin yolu bağlandı,
Haray ərşə qalxdı, sinə dağladı.
Körpə naləsindən göylər ağladı…
Əsrin müsibəti – Xocalı səsi!

“Üç yüz altmış altı” qanlı bir alay,
Erməni cəlladdan umdu sərvət, pay.
Tanklar Xocalıda qopardı haray,
Əsrin müsibəti – Xocalı səsi!

Gözü qabağında balanın ana,
Ərin qarşısında qadını-sona,
Baba, ata-bala bulandı qana,
Əsrin müsibəti – Xocalı səsi!

Süngüyə keçrildi südəmər körpə,
Cəlladın əliylə boğazlar ipə…
Başsiz cəsədərdən quruldu təpə,
Əsrin müsibəti – Xocalı səsi!

Yüzlərlə soydaşim yetrildi qətlə,
Neçəsi çəkildi gözündən milə.
Bilinmir neçəsi əsirdir hələ…
Əsrin müsibəti – Xocalı səsi!

Qanlı köynəkdədir dağlar, təpələr,
Haqqın sinəsində at oynadır şər.
Eşitsin nəsillər, qoy bilsin bəşər-
Əsrin müsibəti – Xocalı səsi!

Kəsdikcə başları qansoran, cəllad,
Köməksiz Xocalı qopardı fəryad.
Zaman buna özü verəcəkmi ad?
Əsrin müsibəti – Xocalı səsi!

Qara yellər əsdi Azərbaycana,
Şimşəklər kişnədi, bulud oynadı…
Yoldu saçlarını naləylə ana,
Qucaqda çağası qana boyandı.

Qan tutdu dünyanın qan daman gözün,
Dünyanın göz yaşı – qan laxtaları.
Dünya qan içində çimdirdi özün,
Xocalıda qanın axan vaxtları.

Tırtıllı tankların barıt nəfəsi,
Boğdu Xocalını düşmən əliylə.
Xocalı yurdunun bu “qan töhfəsi”,
Yazdı tariximi axan seliylə.

İnsan gedir, insan gəlir dünyaya;
Yollartək uzanar qisas xəncəri.
Təlatümlü çaylar düşür məcraya,
Qatil qonşumuzun varmı xəbəri?..

Zahı ağrısından zülmət gecənin
Xocalı yurdumda doğuldu ölüm.
Qocanın, uşağın, gör neçə gəncin
Qətlinə qatillər verdilər  hökm…

Körpəyə tuşlanan tank lülələri,
Nədir məsumların axı günahı?..
Gözündə ananın yaş gilələri,
Dilində fəryadı açdı sabahı.

Gecəni qarğışa bürüdü nalə,
Tanklarsa susmadı, vurulan susdu.
Avtomat səsləri gələndə dilə,
Xocalı elində qırılan susdu.

Deyirlər kişilər ağlamır axı…
Ürək dillənmirsə, daş olsun gərək.
Necə sızlatmasın yananı ahı,
Gözü islatmasın yaş ilə ürək.

Kişilər ağladı kişi sayağı…
Sinəsin gülləyə sipər eylədi.
Yalanmış kişinin ağlamamağı,
Gözündəlki yaşı öz qeyrətiydi.

Bir vaxtlar köməyə gedən Xocalı,
Köməksiz qalmışdı düşmən əlində.
Azərbaycan yurdu – başı bəlalı,
Başsız başçıların əməllərində…


Titrətdi fəryadlar Qaraqayanı,
Ölüm dirigözlü açdı sabahı.
Buğlana-buğlana töküldü qanı…
Şaxtaya güc gəldi Xocalı ahı.

Anaların axan göz yaşlarından
Bulandı bulaqlar, yandı torpaq, daş.
Körpələrin nalə-qışqırığından
Dünya diksindimi, keçirdi təlaş?..

Mərmiyə hay verən Qala dərəsi
Mərmi səslərini səsinə qatdı.
Xocalı çayının bəndi-bərəsi
Qarqarla ağlayıb matəmə batdı.

Bulandı çeşmədən Əfrus bulağı,
Susdu neçə ömür yanan torpaqda.
Şəhid son nəfəsdə öpdü torpağı,
“Vətən” kəlmələri dondu dodaqda.

Qandan libas geydi o gün Xocalı;
Qırxqız, Meydan dağı göz dağı oldu.
Şəhidlərə şahid başı bəlalı
Boz dağ, Kətik dağı yaralı qaldı.

Qanlı savaşların öz qanunu var,
Pozuldu qanunu müharibənin.
Belə bir qəddarlıq görməyib bəşər,
Bədəndən ayrıldı başı körpənin.

Budur erməninin əsil xisləti,
Əzəldən susayıb Türkün qanına.
Xəbis qonşuların “böyük xidməti”-
Sahiblik xülyası Türk torpağına.

Xəmiri hiylədən yoğrulan millət
İblis xislətində, mələk donunda.
Xocalı səs cəkir: budur həqiqət,
Düşmənçilik gəzir düşmən qanında.

İgidlər sinəsi sipərə döndü,
Qoruya-qoruya dinc əhalini.
Atəşlər altında həyatı söndü,
Candan əziz tutdu doğma elini.

Təpədən – dırnağa torpaq qeyrətli
Xocalı uğrunda axıtdı qanın.
Aldı ağuşuna şəhid qüdrəti
Neçə oğul-qızın Azərbaycanın.

Ölümün gözünə şəhid dik baxdı,
Son nəfəsə qədər dayandı mətin.
Düşmən qarşısına mərdlikə çıxdı,
Qanıyla suvardı torpaq qeyrətin.

Fəsillər dəyişər, sular durular,
Kəsilər yurdumdan düşmən ayağı.
Xocalı uğrunda gedən oğullar
Qanıyla göyərdər doğma torpağı.

Yerdə qalmayacaq Xocalı ahı,
Düşməndən qisası alınacaqdır.
Yurduma tuşlanan düşmən silahı,
Özünün bağrına açılacaqdır.

Xocalı harayı qanla yazıldı,
Gərək korşalmasın qan yaddaşımız.
Damardan qanımız yerə sızıldı…
Şəhidlər şahidi torpaq -daşımız.

Ən rəzil, ən mənfur bir yol gedildi,
Xocalı qanına qəltan edldi.
Dünya nə “eşitdi”, nə də dilləndi…
Əsrin müsibəti – Xocalı səsi!

Günahsız insanlar o müdhiş gecə,
Məhkum edildilər ölümə, gücə.
Alçaldı insanlıq, ağıl, düşüncə,
Əsrin müsibəti – Xocalı səsi!

Ölümlə “ovutdu” ana körpəsin…
Boğdu, eşitməsin düşmənlər səsin.
Yadından çıxarmı görən bir kəsin?..
Əsrin müsibəti – Xocalı səsi!

Yalvarıb-yaxardı yaralı qardaş:
– Diriykən sənə yük olmayaydım kaş…
Sinəmə güllə çax, qurtul, uzaqlaş…
Əsrin müsibəti – Xocalı səsi!

Qucaqda körpəsi süd verən ana
Düşmən gülləsiylə boyandı qana.
Körpə qanı əmdi süd sana-sana…
Əsrin müsibəti- Xocalı səsi!

İntiqam hissiylə varlığım dinir,
Hopsun qanımıza qoy birər-birər.
Görk olsun deyibən o acı kədər…
Əsrin müsibəti – Xocalı səsi!

Bu qanlı olaya qol çəkənlərin,
Xocalı qətlinə yol çəkənlərin,
Cəzasını verər qanlı əllərin
Əsrin müsibəti – Xocalı səsi!

Əsgər libasında indi hər sözüm,
İntiqam hissiylə misralar düzüm,
Allah, bu millətdə nə çoxdur dözüm…
Əsrin müsibəti – Xocalı səsi!

Tarix unutqanlıq xoşlamır, qardaş,
Hələ ki bitməyib son döyüş, savaş.
Xocalı harayı zamanla çağdaş…
Əsrin müsibəti – Xocalı səsi!..

Tapdıq Əlibəyli, şair-publisist.

1992-ci il
Müəllif: Tapdıq Əlibəyli


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRANƏ ARİFQIZI – BİLMİRƏM

Təranə Arifqızı – Əliyeva.

BİLMİRƏM

Gözümdən həsrətin elə axır ki,
İnci tək dağılır,yığa bilmirəm.
Ölmüş ürəyimin daş divarını,
Sevgiylə əridib, yıxa bilmirəm.
* * *
Ovunmaq istədim, telə dolmuşam,
Mizrabı yandırıb, zilə dolmuşam,
Elə kövrəlmişəm, elə dolmuşam,
Daha yağış olub yağa bilmirəm.
* * *
Qan damır sən dolu bəbəklərimdən,
Elə ələnmişəm ələklərimdən,
Qismətim yox imiş çörəklərindən,
Küt oldum, təndirdən çıxa bilmirəm.
* * *
Misra göyərtmişəm, şeir bitibdi,
Bir pəri könlündə şair itibdi,
Tanrının əlinə əlim yetibdi,
Neyləyim, başqa əl sıxa bilmirəm.
* * *
Çıxmazda qalmışam, əlac gəzirəm,
Sevgi dəryasında mən aç gəzirəm,
Tanrı, möhtacınam, Merac gəzirəm,
Qəlbindən başqasın yuxa bilmirəm.
Müəllif: Təranə Arifqızı


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ALLAHA ƏMANƏT – NÜBAR ELDARQIZI

Nübar Eldarqızı, şair-publisist.

(Esse)

Anam iflic idi,7 il çəkdi…
7 il nə çəkdi,bir özü bildi,
Bir də Allah!
Küçədə,bazarda,toyda,hüzürdə görünməyəndə
hamı zənn etdi ki,ölüb.
-Əslində ölmüşdü,ömrü gedirdi…
Çox işləməkdəndi yəqin ki,əvvəl sağ əli dayandı,
Sonra yorulub sağ ayağı da yerimədi.
Daha sonra dili danışmaq istəmədi,sözlər yavaş-yavaş uçub getdi…
Axırıncı iki söz qalanda bildik anamın sözlərinin qurtaqdığını…
Anası rəhmətə gedəndə anamın 7 yaşı varmış.Qadın körpə qızını Allaha əmanət edib köçmüşdü.
Allah qızcığaza yaxşı baxdı,yetimlikdən çıxardı.
Könül verdi,aşiq oldu,evləndi,ev-eşik oldu…
Bu dəfə Allah yoruldu.
Gördü ki,sağlam ata,sağlam ana,uşağını atan,ata-anasını atan,hamı “Allaha əmanət ol!” deyir…
Son 7 ildə Allah anamızı bizə tapşırdı.
O da hər gün Allahı və anasını yad edirdi.
Doğma atasından,ögey anasından hələm-hələm danışmazdı.
-Bu evliliyə qarşı olan varsa,ya indi desin,ya da əbədiyyətə qədər sussun!
Anam susmağı tərcih etdi…
İtirməkdən qorxduğu üçün bütün sevdiklərindən əvvəl ölmək istəyirdi anam.
Əvvəllər itkin qardaşını həmişə deyib ağlardı:
-Gəl,ay qardaş eyyy…

Qardaş,ürəyim qardaş,
Arxam,qirəyim,qardaş,
Sən dəmi atdın məni,
Sənə nə deyim,qardaş?!

Dərd çəkən idi qadın.
Elə çəkirdi ki,heç baca elə tüstü çəkməzdi.
Qurunun oduna yanan yaşın tüstüsü də onun təpəsindən çıxırdı…
İflic olandan sonra atamdan utanmağa başlamışdı,
İşləyən əli ilə hərəkətsiz qolunu tutub atama göstərir,
və üzrxahlıq edərcəsinə ağlayırdı.Yəni,günah bunlardadı,yoxsa mən ölənəcən sənin qulluğunu edəcəkdim…
Uşaq olanda böyük oğlum bir gəfə soruşmuşdu:- Ana,sənin anan hambal işləyirdi?
O ki,varsa güldüm,sonra bir o qədər ağladım…
-Bəli,qul idi,əzik idi,ürəyi bütöv, sözü keçən,hökmü yeriyən olmamışdı anam!..
Atam da,elə biz də qədrini-qiymətini bilmədik onun.
Sonradan o ağır,azdanışan,sərt kişi:-Bədbəxtin qızı elə deyirdi!..deyirdi…
Görəcəkli günləri sonda imiş onun da…
Anamın xəstəliklərini hələ indi-indi kəşf edirik; təzyiqi yuxarı olurmuş…zobu da varmış…bəlkə də son vaxtlar gözü görmürdü…
Özümüzdəki əlamətlərlə tutuşdururuq onun hallarını…
Bir arzusu da vardı:-Sizi öz əllərimlə köçürmək istəyirəm,deyirdi…
(Altı qızdan ikisini ər evinə özü yola salmışdı.)
Olmadı…
O bizi yox,biz onu köçürdük,Allahın əmanətini onun özünə qaytardıq…
Müəllif: Nübar Eldarqızı



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru