Əbülfəz Əhməd “Gəldim” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən hər müəllifə yalnız bir dəfə verilən “Ziyadar” Mükafatına layiq görülüb. Müəllifi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!!!
DÜYMƏSİZ ŞEİR Burda sevgilərə yer verilməyib, Burda seçilməyin adı da yoxdu. Hamı özbaşına gəzir, dolanır, Qəhərin, sevincin dad da yoxdu. * * * Ağac yarpaqlayır, çiçəklər açır, Mələksiz oyanır torpaq hər səhər. Üzünə çırpılır şər küləkləri, İçdiyin irindi, yediyin zəhər. * * * Söhbət quru nəfəs, baxış büt kimi, Özün də əriyib ruha dönürsən. Səsin yetişməyir kar qulaqlarıa, İçində səyriyib xəlvət dinirsən. * * * Yanından ötənlər görünür kifir, Özünə baxanda kafir olursan, Dəyişir əhvalın gündə neçə yol, Nə qala bilirsən, nə bir ölürsən. * * * Şükür eləməli qalmayıb heç nə, Vaxtı öldürürük əcəl xətrinə. Belə də tənhalıq olarmı, Allah, Qaçmıram həyatdan macal xətrinə. Müəllif: Bəxtiyar ABBAS İNTİZAR
Əbülfəz Əhməd kimdir? Ədəbi aləmdə o qədər də tanınmayan, nə Yazıçılar birliyinin, nə Jurnalistlər birliyinin üzvü olmayan, nə “Qızıl qələm” mükafatı, nə Məmməd Araz mükafatı, nə Rəsul Rza beynəlxalq mükafatı, nə Media mükafatı, nə beynəlxalq Andersen mükafatı, nə Nobel mükafatı almayan, lakin şeirləri olan bir şairdir. Özü də elə şairdir ki, ədəbiyyatımızın, poeziyamızın cəfasını və təəssübünü çəkməkdən yorulmur, usanmır. O mətbuatda, sosial şəbəkələrdə bar-bar bağıran, klassiklərə ləkə yaxan, palçıq atan cavan “şairciklərə” “yazar”lara ədəbi yaradıcılığın nə olduğunu sübut eləməyi bacaran şairdir. Əbülfəz kimi şairlər cavan yaşlarında mətbuata yol tapa bilmədilər. Bu yolda necə getməyin “yollarını” bilirdilər. Amma bu “relsə” düşə bilmədilər. Ona görə də tanınmaq, məşhurlaşmaq imkanları olmadı. Ədəbi orqanlarda lövbər salmış istedadsız qələm sahibləri “ştamplanmış, bədii cəhətdən zəifdir” cavabları ilə yüzlərlə istedadlı gənclərin yolunda istehkam oldular. Əbülfəz Əhməd də belələrindən idi. O, abırlı-həyalı, yerini tanıyan, özünə, sözünə qiymət qoyan adamdır. Heç vaxt redaksiyalarda qapıdan qovulub, bacadan girmədi. Özü üçün yazdı, yaratdı – himayədar axtarmaq ağlına belə gəlmirdi. Bu günə qədər də yazılarının çap olunması, kitablarının nəşr edilməsi üçün heç kimə ağız açmayıb. Əbülfəz Əhməd necə şairdir? Bu suala cavab verməzdən əvvəl deyim ki, Əbülfəz Əhməd bu günə qədər bir dəfə də olsun “mən şairəm” deməyib. O sadəcə olaraq qəlbinin səsinə qulaq asıb, arzu və istəklərinin, qanından, canından qopan duyğuları şeir dili ilə bəyan eləməyə çalışıb. Həm də bunu dizini yerə qoyub, qələmini və könlünü zorlayıb ağ vərəqlərə köçürməyib. Poeziya süfrəsinə təbii və halal məhsulunu qoyub. Ədəbi aləmdə o, sısqa həm də saf bulaqdır (elə başa düşürəm ki, bu bənzətmə onun xətrinə dəyməyəcək). Gah dumduru, göz yaşı kimi gələ bilər, gah bulanıq şəkildə. Dediklərimizi təsdiq üçün bir neçə şeirinə diqqət yetirək: İlk əlimə keçən bir şeiri “Kərəmə” adlanır.
“Bu Əsli qızların əsil xisləti, Döndü xəyanətə, a Kərəm indi. Hardasa babalar çəkən ləzzətin, Oturub altını çəkirəm indi.
…Bir tərsa qızının oduna düşüb Gəzdin obaları, gəzdin birbəbir. Indi obalara pıçha-pıç düşüb – Ellər süd puludur, dalbadal gedir.
Hansı məşhur şairin şeirindən zəifdir.
…Düymə açılmadı… cəhənnəmə ki, Yüz gözəl önündə baş əyməzdimi?
Bundan artıq Əbülfəz Əhməd nə deməliydi.
Əslilərin, Haykanuşların qucağından başladı torpaqlarımızın haylara “axını”.
Bu, Əbülfəzin dili ilə desək – tərsa gözəllərin bizə yaşatdıqları! Bəs öz gözəllərimiz şairi necə “incidir”
“Söz ki, verdin, olasan həmdərd gözəlim, Həm fərəh verdin bizə, həm dərd gözəlim. Naz eylə dedik, anla ki, məna məcazi, Sən də qoysana nazına sərhəd gözəlim!
Bu rübainin nəyi çatmır?
Əbülfəz Əhmədin şeirlərinin birinə yazdığı epiqraf bir çox şairlərinin qalaq-qalaq kitabına dəyər. Atasına həsr elədiyi şeirlərinin birində Əbülfəz belə yazır:
“Anamız yanına köç edəndən bəri başdaşı şəklində atamın üzünə təbəssüm qonub”. Budur, şair duyğusu, budur şeirin bədii, fəlsəfi yükü, budur tapıntı. Şeir deyil, amma şeir qədər bədii yükü var.
Əbülfəzin şeirlərində mövzu müxtəlifliyi, rəngarəngliyi diqqəti cəlb edir. Sevgi-məhəbbət, vətənə həsr olunmuş, təbiət mənzərələrindən bəhs edən onlarla şeiri var Əbülfəzin. Dünya haqqında hansı qələm sahibi şeir yazmayıb? Əbülfəz də yazıb:
Nizamına iradım yox, Çox sirrini aradım, çox, Fələk qarı- Əbülfəz qorx Tutar sənə toy dünyada!
“Fələyin adama toy tutmağını” şair belə təsvir edir.
Dediyim kimi Əbülfəzin şeirləri gah “durulur”, gah “bulanır”. Bəzən az sözlə çox incə mətləbləri çatdıra bilir. Məsələn:
Yetim uşaqlar kimidir
Ahıl yaşlarında Tənha yaşayan kişilər… Qulluğunda xanımı, qızı, Gəlini dayanan tay tuşlarını görəndə “kiçilər”
Daha bir konkret misal:
Heyifim gəlir Iki qadın tanışımın Birinə, O birinin də – ərinə.
Başqa bir yazısında sərrast ifadəyə fikir verin:
Sənə kar eləmir mənsizliyin. Mən də dadını yaxşı bilirəm Səninlə sənsizliyin.
Bu qısa və yığcam şeirlər mənalı və düşündürücüdür həm də kifayət qədərdir. Amma Əbülfəzin elə şeirləri var ki, uzun və darıxdırıcıdır. Bir fikri çatdırmaq üçün “dolama yollarla” getmək oxucudan çox bəlkə müəllifin özünü yorur.
Əbülfəzin şeirləri haqqında mən uzun-uzadı yazmaq istəmirəm, nə də təhlil edib, tənqidi fikirlər söyləyib “Amerika açmaq” fikrim yoxdur. Çox güman ki, heç ədəbi tənqid də ola bilsin Əbülfəzin bu kitabını görmədi. Görsə də “öz şairlərini” tərifləməkdən vaxtları olmayacaq ki, Əbülfəz Əhməd adlı şairə qiymət versinlər. Heç Əbülfəzin buna ehtiyacı da yoxdur. Tənqidçilərdən də ummur, küsmür, incimir. Heç annotasiyada “geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur” da yazılmayacaq. Çünki adlı-sanlı xalq şairlərinin, xalq yazıçılarının kitabları cəmi-cümlətanı beş yüz nüsxə çap olunursa hansı “geniş oxucu kütləsindən” danışmaq olar.
Əbülfəz Əhməd bu kitabında çap olunan şeirlərində də öz sadə, zəhmətkeş, səmimi bir insan olduğunu yaxın dostlarına, qohum-əqrəbasına, tanışlarına izhar eləmək üçün qələmə pənah gətirmişdir. Şair hər bir oxucusuna dərin minnətdarlıq hissi ilə “hələlik” deyir. Mən də Əbülfəzi yaxından tanıyan bir adam kimi ona yeni kitabının həzzini dadmağı arzulayıram və yeni-yeni kitablarını gözləyirəm.
Tanınmış yazar Əyyub Qiyas bu gün Gənc Tamaşaçılar Teatırında “Qara işıq” adlı yeni kitabını təqdim edib. Tədbirdə bir çox tanınmış yazarlar və sənət adamları, müəllifin yaxınları iştirak ediblər. Tədbirin sonunda yazara yazarlar adından “Ziyadar” mükafatı təqdim olunub. Tədbirdən fotolar:
“Cəlal və Humay” haqqında (…hər kəs öz işi ilə məşğul olsa yaxşı olar…) Sərdar Cəlaloğlu gücü çatmayan daşdan yapışıb qaldırmaq istəyir, amma bilmir ki, Allah eləməsin, gücə düşər, daha sonrası nə olar hamı yaxşı bilir. Əvvala, heç olmasa soyadından abır-həya eləsin. XX əsr Azərbaycan poeziyasının klassiki, nəhəng, azman sənət korifeyinin “Cəlal və Humay” (şərti olaraq “Komsomol” poeması adlandırmışdı) poemasında, dastanında o cürə – xalqın sevimlisinə çevrilən möhtəşəm Cəlal obrazı yaradıb ki, onun da adını götürüb Sərdarın atasına qoyublar! Adam olan dədəsinə, dədəsinin adını qoyana daş atmaz! Sonrası, o istəyir ki, Səməd Vurğunun vertolyotuna minib yuxarılara qalxsın, məşhurlaşsın!Görünür, yanılmayıb, gündəmdə adı hallanır… Amma xalqımızın bir məsəli var: “…….karvan keçər, yel qayadan nə aparar?!” Sonrası, ulu Səməd Vurğun millətimizin, xalqımızın kimlik pasportu olan “Azərbaycan” şeirində o misranı ulu Məmməd Əminin ünvanına həqiqətən işlədibdir. Amma bu barədə Məmməd Əminin özünün fikri və münasibəti hamıya cavabdır. Məmməd Əmin təxminən öz məqaləsində yazır: “Mənə söylədilər ki, bəs Səməd Vurğun şeirində səni “düşmən” adlandırıb. Səməd Vurğunun yaradıcılığına, şəxsiyyətinə, kişiliyinə yaxşı bələd olduğumdan gülümsəyərək cavab verdim: “Oralarda mənim adımın çəkilməyi qadağandır, yasaqdır! Səməd Vurğun onu bilərəkdən edib! Məni Azərbaycanda tanıyan tanıyır, amma gənc nəsil adımı eşitməyib, mən kiməm bilmir! Şeiri oxuyan gənclər, cocuqlar evlərində ata-analarında soruşacaqlar ki, bu Məmməd Əmin Rəsulzadə kimdir ki, Səməd Vurğun onun adını belə çəkir? Onda həqiqət üzə çıxacaq, Azərbaycanın hər evində, hər mənzilində mənim söhbətim düşəcək, kimliyim bilinəcək, beləliklə mən dönə-dönə yada düşəcəyəm, unudulmayacağam!” Təsadüfi deyildir ki, Məmməd Əminin ən dəyərli, yüksək elmi təhlillərlə, qiymətlərlə yazdığı ən yaxşı məqalələrdən biri də böyük Səməd Vurğun haqqındadır… O, bu məqaləsində “Vaqif” dramını ustalıqla təhlil edib, bu əsəri ədəbiyyatımızın incisi adlandırıb… Sərdar yazıq bunları hardan bilsin? Siyasi konyuktura onun gözlərini kor edib, atasına, babasına, müqəddəsliyə əl aparır, nakorluq edir, Əkrəmiyanın gününə düşür… Mən bunları – həqiqəti gənc oxuculara bildirmək üçün yazdım! Səməd Vurğun xalq arasında əbədiyyət qazanmış sənətkardır, onun heç kimin müdafiəsinə ehtiyacı yoxdur, heç kim də onun şəxsiyyətinə zərrə qədər də xələl gətirə bilməz!.. Səməd Vurğun əbədiyyət üfüqlərində parlaq bir ulduzdur…
Cənab Əyyub Qiyas “Qara işıq” adlı yeni kitabının işıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Təqdimat 15 aprel 2022-ci il tarixində saat 15:00-da Gənc Tamaşaçılar teatrında baş tutacaq. Məlumatı oxuyan hər kəs dəvətlidir. Qi Or El dəvət edir.
Ünvan: Nizami küçəsi 72. ( Milli Kitabxananın, AYB-nin arxasında)
Yazarlar olaraq, dəyərli yazarımızı bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Əyyub müəllim!
ƏLİ BƏYİN “HƏRBİ ZƏNGİLAN”INA SƏYAHƏT VƏ YA AZƏRBAYCANIN “HƏRB VƏ SÜLH”Ü
OTUZ İKİNCİ YAZI
Dəyərli oxucunu salamlayaraq, yenidən görüşmək imkanını bizə nəsib etdiyinə görə Ulu Tanrıya şükürlər edirəm.
Bugünkü söhbətimizin mövzusu müasir Azərbaycan ədəbiyyatıdır. İmzası son iyirmi ildə ciddi yazılara maraq göstərən geniş oxucu auditoriyasına yaxşı bəlli olan Əli bəy Azərinin “Hərbi Zəngilan” əsəri barədə təəssüratlarımı sizinlə bölüşməyə çalışacağam.
Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, bu sətirlərin müəllifinin qələmindən çıxmış məqalələrdən biri “Hərb mövzulu yazılar…” – on yeddinci yazı adlanır.
İndi isə keçək mətləbə. Əsəri ilə tanışlıqdan əvvəl Əli bəy Azərinin özü barəsində məlumatlara nəzər salaq.
QISA ARAYIŞ. . Əli bəy AZƏRİ (Əli Qurban oğlu Rzaquliyev) 15 iyul 1966-cı ildə Azərbaycanın füsunkar bölgələrindən olan Zəngilan rayonunun Vejnəli kəndində dünyaya göz açıb. Məhəmməd Füzuli adına fizika-riyaziyyat təmayüllü Ordubad şəhər internat məktəbi bitirib. Ali təhsilini Ukraynanın Xarkov şəhərində alıb.
O, 1984–2002-ci illərdə hərbi xidmətdə olub. Vətən torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə iştirak edib, hərbi əməliyyatların təşkilatçısı və rəhbəri olub. Tank və motoatıcı taborlara komandirlik edib, motoatıcı briqada komandirinin müavini vəzifəsinədək yüksəlib. Təqaüdə “mayor” rütbəsində çıxıb. Müharibə veteranıdır.
Yaradıcılığa çox erkən yaşlarından başlayıb. Hərbi xidmətdən sonra həyatını bütünlüklə yaradıcılığa həsr edib. Dövri mətbuatda 300-dən çox məqaləsi dərc olunub. 11 kitabı çapdan çıxıb. Əsərləri almanaxlara daxil edilib. “Hərbi Zəngilan” roman-xronikası, “Arazgersdən keçən köç”, “Qəmlibel müsibəti” adlı povestləri, onadək hekayəsi var.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktorudur. 2020-ci ildə yazıçılar üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülüb.
Biz müəllifdən tarixi mövzularda yeni-yeni dəyərli əsərlər gözləyirik.
HAŞİYƏ. Burada yazını elektron variantda, yəni saytlardan oxuyanlar üçün müəllifin ƏLİ BƏY AZƏRİ – HEKAYƏ, ƏLİ BƏY AZƏRİ – QURD AĞZI olmaqla iki hekayəsi ilə tanış olmaq imkanı ərmağan edirəm.
PARALELLƏR
Əli bəy Azərinin həyat və fəaliyyəti ilə tanış olduqda gördüm ki, biz çox az fərqlə eyni həyatı yaşamışıq. Belə ki, ikimiz də Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibənin iştirakçısı olmuşuq. Sovet ordusunun peşəkar, nümunəvi, tam hazırlıqlı zabiti Əli bəy savaş meydanına taborun qərargah rəisinin müavini vəzifəsində, baş leytenant rütbəsində atılmışdı. Mən isə döyüşlərə 18 yaşı yenicə tamam olmuş, universitet auditoriyasından çıxmış gənc əsgər kimi qatıldım…
O, özünün indi-indi nizama düşmüş həyatını, uzun illərdən sonra nəhayət ki, gerçəkləşdirməyə başladığı arzularını, qürbət eldə çətinliklə qazandıqlarını tərəddüd belə etmədən Vətən yolunda qurban verdi. Mən isə bir azərbaycanlı kimi özümdən soruşdum: “rayonu (Ağdam) müharibə meydanına çevrilmiş gənc Bakıda gün keçirə bilərmi?”
Əli bəy Azəri Füzuli–Zəngilan–Qubadlı cəbhəsində, Zaur Ustac isə Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşürdü.
Bunları “qismət”, “alın yazısı”, tale oxşarlığı adlandırmaq olar.
MƏZMUN
Beləliklə, “Hərbi Zəngilan”ın qısa məzmunu ilə tanış olaq. Bu əsər müəllifin “Könüllülər” və “Alay dövrü” adlı digər iki romanının da daxil olduğu trilogiyanın birinci hissəsidir. “Hərbi Zəngilan”da təsvir olunmuş hadisələr 1992-ci il iyun ayının birindən noyabr ayının 30-na qədərki qısa, ancaq hadisələrlə çox zəngin və ziddiyətli bir dövrü əhatə edir. Proseslər o qədər sürətlə cərəyan edir ki, zaman sanki bir çay kimi axıb gedir. Roman öz oxucusuna həmin günləri təkrar yaşadır. Bu əsər həm də gələcək nəsillərin real tarixlə tanış olmaları üçün gözəl bir imkandır.
Keçmişi bilməyənlər üçün gələcək həmişə qaranlıq olacaqdır. Kitabın 3-cü səhifəsinin 5-ci abzasında belə bir cümlə var : “…Roman-xronika, nəsrin, bəlkə də ən çətin formasıdır.” Onu da qeyd etmək istəyirəm ki, bu sətir müəllifin Müqəddimə əvəzi adlandırdığı hissədəndir. Əli bəy Azəri sözünə bədii əsər üçün müqəddimənin vacibliyi barədə qeydlərlə başlayır. İndi tanış olduğunuz bu yazı isə, əslində, əsərin kitabdan kənar müqəddiməsidir.
ƏSƏRİN DİLİ – MİLLİ BƏDİİLİK
Uzun müqəddimədən sonra əsərin dili barədə bir neçə kəlmə yazaq və bəhsimizi davam etdirək. Müəllif haqqında qısa arayışdan gördük ki, uşaqlıq vaxtından yazmaq həvəsi olsa da, taleyin hökmü onu tamam başqa bir səmtə yönəltmişdir. O, ədəbiyyat və tarix yaradan, lakin bunlarla heç bir əlaqəsi olmayan sənətə yiyələnmişdir. Filoloq deyil. Heç humanitar sahənin mütəxəssisi də deyil. Tam əksinə, dəqiq elmlərin, texniki sahənin adamı olan Əli bəy ixtisasca komandan-mühəndisdir. Görünür, məhz hərbçi olduğuna görə, Əli bəyin yazılarında ciddi sistemlilik və dəqiqlik vardır. Bir məsələni də qeyd edək – o, ədəbiyyatçı olmasa da, dilimizin incəliklərindən, xüsusi ilə hadisələrin cərəyan etdiyi bölgələrə məxsus spesfik söz və ifadələrdən böyük ustalıqla istifadə etmişdir. Əsərin dilindəki bu xüsusiyyət həm də ona görə təqdirəlayiq və əhəmiyyətlidir ki, sözügedən bölgələrin insanları uzun müddətdir şəhərdə yaşadıqlarından spesifik söz və ifadələrin itirilməsi təhlükəsi yaranmışdır. Sadə xalq dilini yazılı ədəbiyyata gətirib belə söz və ifadələrə yeni həyat bəxş etdiyinə görə Əli bəyə təşəkkür düşür.
VƏTƏNPƏRVƏRLİK, TƏƏSSÜBKEŞLİK VƏ TARİX
Əsər gənc, enerjili, ən əsası isə düşmənə nifrət, Vətənə sonsuz bir məhəbbətlə alışıb-yanan baş leytenant Əli Rzaquliyevin Uzaq Şərqdən bir vaxtlar quzu otardığı, seyrindən doymadığı, 1988-ci ildən döyüş bölgəsinə çevrilmiş doğma yurduna qayıtması ilə başlanır. İlk hadisələr zəif və xaotikdir. İkinci fəsildə dinamiklik artır. “Hərbi Zəngilan”, yəni trilogiyanın birinci hissəsinin sonunda Zəngilan böyük dəyişikliklərin astanasındadır.
Hadisələr hərbi hissədə, hərbçilər arasında cərəyan edir. Əli bəy elə incəlikləri ustalıqla qələmə alıb ki, bunu hərbçi olmayan heç bir yazar edə bilməzdi. Təkcə müxtəlif situasiyaları, subardinasiya məsələlərini, qərargah mədəniyyətinə aid spesfik elementləri deyil, həm də qondarmaları böyük peşəkarlıqla təqdim etməyi bacarmışdır. Müəllif peşəkar hərbçi olduğuna, uşaqlığı kənddə keçdiyinə, zəngin söz ehtiyatına yiyələndiyinə görə belə faydalı, əhəmiyyətli, vacib bir əsəri ərsəyə gətirə bilmişdir.
Əsərdə yerli əhalinin hərbçilərə absurd münasibəti ilə rastlaşırıq. Məsələn, ikinci fəslin “Ölüm günü” bölməsində yenicə erməni atəşinə tuş gəlmiş kəndin sakinləri – arvadlar köməyə – haraya gələn hərbçilərə qarğış edirlər: “Sizi görüm qırılasınız. Vayınıza oturaq. Siz gələnədək …”. Müəllif burada həm maraqlı ifadə vasitələri şeçmiş, həm də bir eyhamla ara qarışanadək normal qonşuluq münasibətlərinin olduğunu ortaya qoymuşdur. Yoxsa, arvadlar öz əsgərlərini niyə qarğısın ki?
“Nüvədi bölüyünün döyüş təyinatı” bölümündə təyinatla bağlı: “Lələnin öz əmridir…”.
“Altı nömrəli ehtiyat möhür” bölümündə yerlibazlıqla bağlı: “Gürcüstanlı gəlib, Zəngilanda…” və s. maraqlı misallar var.
Satqınçılıq məsələsindən söhbət açılanda məlum olur ki, hamının bir nömrəli şübhəli şəxs hesab etdiyi Sona arvadın gəlini qərargahda makinaçı işləyir… Hər zaman olduğu kimi…
Bir maraqlı misala da nəzər salaq. Bu dəfə obyekt polisdir. Yeri gəlmişkən, bir nüansı diqqətinizə çatdırım. Makulunun “Səttarxan” əsərində göstərilir ki, jandarma işə düzəlmək üçün mütləq rüşvət vermək lazımdır. Bu yüz il əvvəl Güney Azərbaycanda baş vermiş hadisədir. Qeyd etmək lazımdır ki, SSRİ-də rüşvət və korrupsiya adi bir hal idi. “Hərbi Zəngilan” əsəri cəmiyyəti içindən məhv edən bu bəlaya da toxunur: “Cəbrayıldan gələn polis” bölməsində Azərbaycanın müstəqilliyinin ilk illərində Ukraynadakı düzənini pozub Vətənə xidmətə gəlmiş polis zabitinə Cəbrayıl rayon polis bölməsində açıq-aşkar deyilir ki, iyirmi beş min verməsən xeyri yoxdur…
Yerlibazlıq, yerliçilik adlandırdığımız murdar təzahürün əksi olan bir hiss də vardır. Onun adı yurdsevərlik, vətənpərvərlikdir.
Baş leytenant Əli Rzaquliyev Sovet Ordusu sıralarında qalsaydı, bəlkə də yüksələcək və daha firavan yaşayacaqdı. Ola bilsin ki, orada onun xidmətinə, işinə qiymət veriləcəkdi. Amma tarix “elə olmasaydı, belə olardı” fikrini qəbul etmir. Beləliklə, qəhrəmanımız Zəngilanı – doğulub boya-başa çatdığı yurdun döyüşçüsü olmağı seçdi.
HAŞİYƏ. Baş leytenant Əli Rzaquliyev vətəninin, yurdunun fədakarıdır. O, əsl vətən oğullarının ümumiləşdirilmiş obrazıdır. Hər bir azərbaycanlı belə igidlərə dəyər verməyə borclu olduğunu dərk etməlidir. Çox heyiflər olsun ki, indinin özündə də bunu anlamayanlar, qiymətləndirməyənlər çoxdur.
Baş leytenant Rzaquliyev Silahlı Qüvvələrin Baş Qərargah rəisi general – leytenanat Bərşadlının qəbulunda olarkən ona başqa bölgələrdə, hətta Bakıda daha yüksək vəzifələr təklif edilir. Lakin o, Zəngilan deyib durur. Ağdamda yeni qurulacaq tank taboruna komandir vəzifəsi təklif olunur. Yenə də razılaşmır. Halbuki bu onun üçün daha perspektivli bir təyinat olardı. Yurdsevərlik onu çəkib Zəngilana gətirir.
1994-cü ilin fevralınadək “Tərtər batalyonu”, “Bərdə batalyonu”, bir neçə “Mingəçevir batalyonu”, filan saylı tabor, “Qurtuluş batalyonu”, “20 Yanvar batalyonu”, adını unutduğum başqa bölgə batalyonlarının çox vaxt koordinasiya olunmayan fəaliyyəti böyük çətinliklər yaradırdı. Amma bu hərb sahəsindəki yeganə müşkülümüz deyildi. Təəssüf ki, bugünün özündə də problemlərimiz kifayət qədərdir. Yenicə müstəqilliyini elan etmiş kiçik bir respublika üçün belə hallar bəlkə də təbii idi. Ancaq indiki dövrdə, müasir təhdidlərin fonunda onlar yolverilməzdir.
Sözsüz ki, təhsildə, səhiyyədə, orduda, idarəetmədə mövcud olan problemlərin əksəriyyətinin kökündə cılızlıq, heyvani nəfs, cəhalət və özgə maraqlar dayanır.
ƏSƏRİN ƏHƏMİYYƏTİ
Əli bəy Azəri “Hərbi Zəngilan” adını verdiyi bu romanı sanki o dövr Zəngilanını tarixdə yaşatmaq istəyi ilə qələmə almışdır. Uşaqlıqdan yadında qalan sözləri, unudulmuş ifadələri, az qala hər kolu, hər daşı xatırlatmaqla Zəngilanın bədii portretini böyük ustalıqla yaratmışdır: Zəngilan təbii sərvətləri və spesifik resursları ilə fərqlənən qəribə coğrafi məkanda yerləşir. Naxçıvan yolunun üstündəki körpünün bir sütunu Ordubaddırsa, digəri Zəngilandır. Ölkədə iki qızıl yatağından biri Zəngilandadır. Dünyadakı iki Çinar meşəsindən biri – təbii artımına görə birincisi Zəngilandadır. Bu meşənin bazasında Bəsitçay Qoruğu yaradılıb. İran İslam Respublikası ilə sonuncu sərhəd zastavaları Zəngilandadır və həmin vaxt hələ də rus sərhədçilərinin bölgədə mövcudluğu əhalidə qəribə ikrah hissi oyadırdı. Ermənistanının iki – Naxçıvanla aramıza süngü kimi sancılan Megri və böyük sənaye rayonu sayılan Qafan rayonu ilə sərhəd zolağı 157 km idi ki, bu da o vaxt ən böyük təmas xətti sayılırdı. Zəngilan üzərində cəmlənmiş maraqlar ucbatından ölkənin ictimai-siyasi-hərbi mənzərəsi buradan daha aydın müşahidə olunurdu ki, bütün bu vacib məlumatları siyasətdən uzaq, Vətəninin sonsuz məhəbətlə sevən, yurduna bağlı, adət-ənənəsinə sadiq, zəngin söz ehtiyatına malik hərbçi-yazar sözün əsl mənasında xüsusi bir məharətlə bugünkü oxucusuna çatdıra, gələcək nəsillərə ötürə bilmişdir.
Əli bəy Azəri qarşısına qoyduğu məqsədə nail olmuşdur. Onun “Hərbi Zəngilan”, “Könüllülər” və “Alay dövrü” adlı romanlardan ibarət trilogiyası Azərbaycanın “Hərb və Sülh”üdür!
Biz bu gün Makulunun “Səttarxan”ından, Məhəmməd Əsəd bəyin “Əli və Nino”sundan, Bayram Bayramovun “Karvan yolu”ndan necə faydalanırıqsa, gələcək nəsillər də Aqil Abbasın “Dolu”sundan, Fazil Güneyin “Qara qan”ından, Əli bəy Azərinin “Hərbi Zəngilan”ından, Qələndər Xaçınçaylının “Güllə işığında”n belə faydalanacaqlar. Gəlin bu siyahını zənginləşdirək. Gəlin Babək olaq, Azərbaycanımızı sevək… Nəsimi olaq, sözümüz yaşasın… Gəlin Şəhriyar olaq, səsimiz Arazın şırıltısında itib batmasın… Gəlin Vurğun olaq, gəlin Bəxtiyar olaq… Hacıbəylini, Zərdabini, Haqverdiyevi yaşadaq… Şah İsmayıldan, Nadir şahdan güc alaq… İlham kimi qətiyyətli olaq… Ziyaların, Ülvilərin əməyi boşa çıxmasın…
And olsun, Qələmə ki, ondan güclü silah yoxdur!
04.04.2021 – Bakı.
QEYD: Sonda bir ricanı nəzərinizə çatdırım. Xahiş edirəm, yeni yazılmış hərb mövzulu əsərlər barədə məlumatları Votsap: (+994) 70-390-39-93 və ya E-mail: zauryazar@mail.ru vasitəsi ilə mənə bildirin. “Hərb mövzulu yazılar və ya dünyanın bir rəngi var” yazısından xəbərdar olan qələm adamlarına bildirmək istəyirəm ki, xeyli vaxtdır “Xaki üzərindəki qırmızı və ya qara qar” adlı hərb mövzulu yazılardan bəhs edən ikinci yazı üzərində işləyirəm. Əvvəllər az-çox təqdimatlarda yeni kitablardan xəbər tutmaq olurdu. Son illərdəki məlum məhdudiyyətlər səbəbindən bu imkan da aradan qalxıb. Bunu nəzərə almağınızı xahiş edirəm. Məhdud sayda nəşr olunub rəflərdə yatan hər kitabdan vaxtında xəbər tutmaq olmur. Bəlkə də o həqiqətən də çox dəyərli bir kitabdır.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ İKİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
Məqalə eyni zamanda Əli bəy Azəri haqqında olan “Mən və Siz” adlı kitaba daxil edilib.
BAHAR TƏNHALIĞI Demişdin, alçalar çiçəkdən çıxsın, Gələcəm, ilk gələn qaranquşla mən. Deyir, heyvalar da ta çiçək açıb… Hardasan, vəfasız, bəlkə gələsən!? * * * İndicə bir foto aldım dostlardan, Bu günə, sabaha açar yasəmən… İtib bu sevdanın qibləsi, səmti… Kim azdı bu yolda, mənmi, yoxsa sən? * * * Bahar çiçəkləri arı görmədi, Arımı gecikir, gülmü tez açıb? Sənin olmadığın hər ana heyif, Sənsiz bu dünyanın ləzzəti qaçıb… * * * Sənsiz bu dünyanın ləzzəti qaçıb… 13.04.2022. – Bakı.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM), Sabitlik və İnkişaf İB-nin (SİM İB) üzvüləri Gülzar ananın dəvəti ilə Biləsuvarda şəhid baş leytenant Ramiq Mikayılovun anım günündə iştirak etmişlər. Gülzar ana oğlu haqqında fəxrlə danışır və bütün şəhid analarına səbr diləyirdi. Tədbirdə Biləsuvarın icra başçısı başda olmaqla rayonun məsul işçıləri, rayonlardan və Bakıdan gəlmiş şəhid anaları da iştirak edirdi. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. Sonra xatirə lövhəsi önünə tər çiçəklər qoyuldu.
Şəhid baş leytenant Ramiq Mikayılov haqqında
Şəhid baş leytenant Ramiq Mikayılov 1993 cü il yanvarın 25 -də Şamaxı rayonunun Ovçulu kəndində anadan olmuşdur. 1999-2007ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010cu illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə almışdır.
2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Agdam rayonunda yerləşən “N”saylı hərbi hissəsində zabit kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Ramiq Mikayılov 2020-ci il sentyabrın 27 -dən Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda aparılan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı ugrunda gedən qızğın doyüşlərdə iştirak edib.
Ramiq Mikayılov sentyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub. Dogulduğu Şamaxının Ovçulu kəndində torpağa tapşırılib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissənin qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020 ci il sərəncamına əsasən Ramiq Mikayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyinə və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il sərəncamına əsasən Ramiq Mikayılov (ölümündən sonra) “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bnərp edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Ramiq Mikayılov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021 tarıxli sərəncamına əsasən Ramiq Mikayılov (ölümündən sonra)” Azərbaycan Bayrağı”ordeni ilə təltif olundu. Ramiq Mikayılov (15.07 2014-cü ildə) “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”yubiley medalı, (26.06.2018 )” Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə də təltif edilmişdir.
Şəhidimiz Ramiq Mikayılov evli idi. Vətənə bir oğul övladı yadıgar qaldı.
Ramiqin anası Gülgəz xanım əslən Cəbrayıldandır. Şamaxıya gəlin gəlib. Hazırda Biləsuvarın Cəbrayıl qəsəbəsində oglu Ağa və şəhidin yadigar qalan körpəsi ilə yaşayır.