BƏNZƏRSİZ ÜRƏK SAFLIĞININ TƏCƏSSÜMÜ OLAN BİR İNSAN – ZƏRİFƏ XANIM ƏLİYEVA
Bu gün əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasınnın akademik, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, Müzəffər Ali Baş komandan İlham Əliyevin və Sevil xanımın anası Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür.
Zərifə xanım Əliyeva görkəmli alim-oftalmoloq olmuşdur. Təkcə oftalmoloqmu?! Xeyir, O, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Onun elmdə məqsədyönlü fəaliyyəti indi də insanı valeh edir. Axı onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənəşdirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki elmin bu sahəsi olduqca ağırdır və onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi bilgilər tələb edir. Üstəlik yüksək təşkilatçılıq bacarığının olması da vacibdir. Məhz bütün bu keyfiyyətlər Zərifə xanım Əliyevaya xas idi.
1767-ci ildə Helmolts adına institutun İxtisaslaşmış Elmi Şurasında onun tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya müdafiəsi indi də məmnuniyyətlə xatırlanır.
Zərifə xanım peşə patologiyası sahəsində görkəmli oftalmoloq, geniş profilli mütəxəssis həkim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında oxuduğu mühazirələr bunu bir daha sübut edir.
Görkəmli alim istər Oftalmoloqlar Cəmiyyətinin qurultaylarında, plenumlarında Moskva Oftalmoloqlar Cəmiyyətinin plenar iclaslarında etdiyi məruzələr, istərsə də, publisistik çıxışlarında özünün natiqlik istedadını göstərmişdir. Müxtəlif səviyyəli auditoriyalarda belə onun deontologiya məsələlərinə həsr olunmuş məruzələri necə də heyranlıqla dinlənirdi, istər-istəməz məruzəçinin fəlsəfəyə, səhiyyəyə aid ədəbiyyatı dərindən bildiyi hiss olunurdu.
Məlumdur ki, 40-50 yaş arası alim üçün daha məhsuldar fəal dövr hesab olunur. Zərifə xanım peşə patologiyasına və digər problemlərə həsr olunan əsas tədqiqatları ilə bunu bir daha sübut etdi. Məhz həmin yaş dövrünün peşə diaqnostikasına dair monoqrafiyanı nəşr etdirir. Onun elmi tədqiqatları arasında göz damarlarının anormallığı, gözün hidrodinamik sistemi məsələləri də əsas yer tutur. Elmi tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına görə haqlı olaraq Zərifə Əziz qızı Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü kimi fəxri ada layiq görüldü.
Zərifə xanımın hərtərəfli istedadı incəsənətdə də üzə çıxmışdı. O, fortepiano sinfi üzrə musiqi təhsili almışdı. Musiqi təhsili alan musiqiçilərin əksəriyyəti yalnız not üzrə çalır, əgər belə demək mümkünsə, yalnız bəstəkarın bəstələdiyi musiqini ifa edir. Zərifə Əliyeva ifasında həm klassik, həm də populyar musiqini böyük zövqlə ifa edir, həm də röyalda zəngin daxili hisslərini, bütövlükdə musiqinin mahiyyətini, məğzini dinləyiciyə çatdıra bilirdi. O, müəllifin bəstələdiyi akkord və melodiyaları “quru” şəkildə ifa etmir, musiqi əsərinin əsas məğzini şəxsi hisslərinin süzgəcindən keçirirdi.
Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti 1983-cü ildə nəşr etdirdiyi “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiyyə etikası və əxlaq məsələləri” əsərində özünü daha parlaq biruzə verir. Bu mövzuya həsr olunan çıxışlarında Zərifə xanım bilik və təcrübəsini həkim həmkarlarına çılğınlığı, inam hissi ilə aşılayırdı. Qeyd etmək lazımdır ki, onun çap etdirdiyi elmi əsər mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə səhiyyə aləmində deyil, məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə insanların qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm rol oynayır.
Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin həyati mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıca isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Yaddaşın nə zamansa ilk baxışdan kiçik, lüzumsuz görünən elə məqamları üzə çıxır ki, insan həyatdan köçəndən sonra məhz o məqamların daha önəmli, əhəmiyyət kəsb etdiyini anlayırsan. Bu isə “ölülərdən çox dirilərə lazımdır”. Nə qədər ki, bizim yaddaşımız yaşayır, deməli, həmin yaddaşdakı adam da yaşayır. Neçə ki, bizim beynimizdən qiymətli xatirələr silinib getməyib, istər-istəməz xatırlamaq anlamaq, fikirləşmək, yazmaq istəyirsən.
Zərifə xanım da yuxarıda qeyd etdiyimiz kimi təkcə görkəmli alim, istedadlı pedaqoq və tərbiyəçi, fəal ictimai xadim deyildi, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli qadın, ana, nənə idi. Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi.
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar elm xadimi, SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatı laureatı, tibb elimləri doktoru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri Zərifə Əziz qızı Əliyevanın adı həm alim, pedaqoq, həkim, ictimai xadim, həm də bənzərsiz ürək saflığının təcəssümü olan bir insan kimi onunla ünsiyyətdə olan hər bir adamın qəlbində əbədi yaşayacaqdır.
Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqaları üçün nümunə olmuşdur. İndi onunla bağlı hadisələr yaddaşın dərin qatlarında üzə çıxanda bu bənzərsiz insanın işıqlı obrazı cilalanmış almaz kimi göz önündə canlanır, bərq vurur. Görkəmli alimin yaradıcı həyatının ana xəttini, heç şübhəsiz ki, onun oftalmologiya sahəsində apardığı pedaqoji fəaliyyət təşkil edir. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra ömrünü oftalmologiyaya həsr etmişdir. Təbiətən insanın dəqiq və incə təhlilinə meyl göstərən Zərifə xanım təsadüfi deyil ki, səhiyyə ixtisasları arasında məhz incəliyi və zərgər dəqiqliyi ilə seçilən oftalmologiya sahəsinə maraq göstərmişdir. Onun yaradıcı taleyi elə gətirib ki, seçdiyi sənətdə ilk addımlarını atdığı gündən ömrünün sonunadək Moskvada yerləşən Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrası ilə sıx bağlı olub. Gənc həkim 1948-ci ildə bu kafedrada ilk ixtisas kursunu keçir, göz həkimi diplomu alır, sonradan uzun illər ardıcıl olaraq Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında dosent, professor və kafedra müdiri vəzifələrini tutur, daim bizim kafedra ilə sıx yaradıcılıq əməkdaşlığı saxlayır, Azərbaycan üçün oftalmologiya mütəxəssisləri hazırlayır. Bu illər ərzində o, gözəl diaqnostik, kilinik və cərrahoftalmoloq kimi təşəkkül tapır, əsl pedaqoq istedadı üzə çıxır.
Cazibəli şifahi nitq mədəniyyətinə malik olan Zərifə xanım həkim-oftalmoloqlar üçün Azərbaycan və rus dillərində müxtəlif ixtisaslar üzrə yüksək elmi səviyyədə mühazirələr oxuyur. Zərifə Əziz qızının pedaqoji ustalığının zirvəsi isə onun iştirakı ilə 1985-ci ildə “Meditsina” nəşriyyatı tərəfindən 40 çap vərəqi həcmində buraxılan “Trapevtik oftalmologiya” kitabıdır. Burada dünya oftolmoloji təcrübənin yenilikləri öz əksini tapmışdır. Həmin nadir nəşr Moskvada, Azərbaycanda, Novokuznetskdə və Xarkovda oftalmologiyada terepevtik problemləri araşdıran Həkimləri Təkmilləşdirmə İnstitutlarının göz xəstəlikləri kafedrasının professor-müəllim heyətinin birgə gərgin zəhmətinin məhsulu idi. Zərifə xanım həmin kitabın ən samballı bölmələrini yazarkən təbii ki, özünün zəngin klinik təcrübəsinə və elmi tədqiqatlarına əsaslanmışdır. O, eyni zamanda həmin kitabın illustrasiyalarla zəngin olan “Görmə orqanının endo krinik xəstəlikləri”, “İridosiliar distrofiyalar”, “Görmə orqanının virus xəstəlikləri” bölmələrinin hazırlanmasında da fəal iştirak etmişdir. Həmin əsərləri oxuyan həkimlər neçə illər bundan sonra da görkəmli alim və pedaqoqun ideyalarını əməli işə tətbiq edəcəklər.
Görkəmli alim dərs vəsaitləri ilə yanaşı dövrü mətbuatda çap etdirdiyi məqalələrdə elmi nöqteyi-nəzərindən həkimlərin təkmilləşdirilməsi məsələlərini də araşdırmışdır. Onun 1984-cü ildə “Oftalmologiya xəbərləri” jurnalını 5-ci nömrəsində yazdığı “Oftalmoloq kadrlarının təhsili və tərbiyəsi” sərlövhəli baş məqalə buna əyani sübutdur. Zərifə xanımın “Həkimləri təkmilləşdirmənin elmi əsasları” məqaləsində internatura, klinik ordinatura, ilkin ixtisaslaşdırma, ümumi və tematik təkmilləşdirmə, informasiya kursları, seminar və simpoziumlar vasitəsilə göz həkimlərinin təhsil sisteminin inkişafının əsas istiqamətləri müəyyənləşdirilir. Məqalə redaksiya heyətinin sifarişi ilə yazılmış və jurnalın 100 illik yubleyi münasibətilə çap edlimişdir.
Zərifə xanım fundamental elmi araşdırmaların müəllifi olan, tibb elminə nəhəng töfhələr vermiş, böyük erudisiyaya malik görkəmli alim kimi də geniş tanılırdı. Onun tədqiqatları geniş miqyası ilə seçilirdi. Alimin “Yaşla əlaqədar olaraq gözün və görmə-əsəb yollarının dəyişikliyi” adlı monoqrafiyası bunu bir daha sübut edir. Burada konkret şəraitdə görmə orqanının vəziyyətini öyrənən klinik istiqamətli elmi müddəaların bütöv bir silsiləsi öz əksini tapmışdır. Bu elmi işlər sırasında böyük yaradıcı əməklə başa gələn Ozbəkistanın “Meditsina” nəşriyyatı tərəfindən çap edilmiş “Şəkərli diabet zamanı göz xəstəlikləri” adlı monoqrafiya xüsusi əhəmiyyət kəsb edir. Bu qiymətli əsərində Zərifə xanım bir sosial mənbə kimi Orta Asiya və Qafqaz regionunu götürərək insanlar arasında teztez müşahidə olunan və kifayət qədər geniş yayılmış şəkərli diabet zamanı yaranan göz xəstəliklərinin patoloji, klinik, diaqnostik və müalicəvi xüsusiyyətlərini araşdırır. Elmi siqlətinə görə bu nəşr nadirdir və bu gün də oftalmoloqların stolüstü kitabıdır.
Görkəmli akademik, tanınmış ictimai xadim, gözəl pedaqoq və nəcib insan Zərifə xanım Əliyevanın xatirəsi unudulmazdır.
Müəllif:Kamal CAMALOV
Naxçıvan Müəllimlər İnstitutu,
Pedaqogika elmləri doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru