Kateqoriya arxivləri: ZƏRÖVŞƏN BABAYEVA

Zərövşən BABAYEVA – XXI ƏSR BACARIQLARININ FORMALAŞDIRILMASI

dr.zarifbabayeva@yahoo.com

XXI ƏSR BACARIQLARININ FORMALAŞDIRILMASI

Hazırda ölkəmizdə də geniş start götürmüş STEAM təlim metoduna keçid təhsil müəssisələrini dərindən düşündürən məsələlərdəndir. Məlumdur ki, bütün yenilik­lə­rin tətbiqi və nailiyyəti onun düzgün istifadəsindən, ixtisaslı kadr potensialın­dan birbaşa asılıdır. Bunun üçün aktuallıq qazan­mış yeni metodun səmərəli öyrədilməsi, müsbət nəticələrin alınması, nəhayət yeni məhsul yaradıl­ma­sına qədərki inkişaf yolunu düzgün müəyyənləşdirmək zəruridir. Ali və orta təhsil müəssisələri bunun üçün potensiallı kadrların yetişdirilməsi, tədris üçün uyğun kabinə və mər­kəz­lə­rin yaradıl­masını qarşıya məqsəd kimi qoymuş və bu istiqamətdə işlər davam etdiril­mək­­dədir. İndi əsas məqsəd STEAM metodundan istifadəni cəlb­e­dici hala keçirmək üçün uyğun avadan­lıq­larla kabinə və mərkəzləri zəngin­ləşdirmək, öyrənən­lə­rin marağını bu sahəyə çəkmək üçün maraqlı təcrübələrin təqdimatının keçiril­mə­sidir.

STEAM müəllimi – müasir müəllim simasıdır. Məşhur bir kəlamda deyilir:“Gələcək çoxdan gəlib. Sadəcə o, düzgün payla­şıl­ma­yıb”.  Bu­nu belə də açıqlamaq olar: gələcəyi vaxtında görən­lər üçün gələ­cək bu gün­­dən qurulur. Yeni texniki vasi­tə­lər, internet dövründə yaşayan, fəaliyyət göstərən mütəxəssis, təhsilalanlar bu gün aldıqları biliklərin inteq­ra­si­yası ilə dizayn, mühən­dislik bacarıqlarının inkişaf etdi­ril­məsini ma­raq­la qəbul edir. Həmyaşıdla­rı­nın etdikləri maraqlı işləri, “ENACTUS” “Start-UP”, “STEM Azərbaycanda” və s. layihələri rəğbətlə qarşıla­yan bu gün­kü gənc­lik – Niyə bu mənim ağlıma gəlmədi? – Mən ondan daha yaxşısını edə bilə­rəm­mi? – ideyalarının ardınca getməklə yeni layihələrə doğru hədəf götürməli­dir­lər. Bu günün öyrənənindən başlıca tələblər: İdeya verə bilən şagird yetiş­dirməli, İs­teh­sal düşüncəli şa­gird­lərə şərait yaradılmalı, İdeyanı şagird, tələbə sinfə gətir­mə­li­dir. Ən sadə məh­sulun yaradılması STEAM təhsilinin əsas prin­sip­lərindəndir. Bü­tün bunlarla yanaşı, öyrədən və öyrənənlərdən gözlənilən tələblər və bacarıqlar da vardır:

STEAM şagird bacarıqlarına – qarşıya çıxan problemli istiqamətlərin müəyyən edilməsi, təyin edilmiş problemin həlli üçün yeni biliklərin öyrənilməsindən daha çox, araşdırma, tədqiqatçılıq, fərqli xəyalların məhsulu olan təkliflər irəli sürmək və s. daxildir.

STEAM müəllim bacarıqlarına – istiqamətverici olmaq, STEAM ilə əlaqədar seminar və layihələrdə iştirak etmək, dünyada gedən yenilikləri izləyib fəaliyyətinə daxil etmək, ən müasir texnologiya və təlim proqramlarından istifadə bacarıqlarına sahib olmaq, STEAM tədbir və layihələri təşkil etmək və s. ibarətdir. Bütün fənlərin tədrisində STEAM metodundan yararlanmaq təd­risdə, öyrənəndə yaradıcılıq, tədqi­qatcılıq bacarığı, problem həlletmə bacarıqları formalaşdı­ra­caqdır. Elmi bilik­lə­ri, anlayışlarla ilk dəfə tanış olduqda və yuxarı siniflərə qalxdıqca şagirdlər çətinlik çəkməsin deyə təlim prosesini həm intellektual, həm də əyləncəli hala gətirmək üçün STEAM metodunun imkanlarından istifadənin əhəmiyyəti dərsin daha maraqlı və cəlbedici edir.

STEM nədir? – sualına müxtəlif izahlar onun hərtərəfli mahiyyətini ortaya çıxarır. STEM (Elm, Tex­nologiya, Mühəndislik, İncəəsənət, Riyaziyyat) Təhsili – Dünyanın bir çox öl­kə­sinin kurikulumlarına daxil olan, nəzəri bilikləri praktikaya, məh­sula və innovativ ixtiralara çevirməyi hədəfləyən, tələbələrin elm, tex­nologiya, mühəndislik və riyaziyyat kurslarında öyrəndikləri mə­lu­matları görmələrini təmin edən təhsil yanaşmasıdır. STEM təhsili istehsal və ixtira, fərqlilik və yaradıcılıq, bilik və bacarıqları təmin etməyi hədəf­lə­yir. STEM təhsili almış şəxslərin iş dünyasına daxil olduqları zaman bu baca­rıq­lar sayəsində iş həyatının tələb etdiyi keyfiyyətlərə asan­lıqla uyğun­laşa və ölkənin iqtisadi inkişafına töhfə verə biləcəkləri gözlənilir.

STEM Təhsili dünyada məktəbəqədər təhsildən ali təhsilə qə­dər bütün təhsil prosesini əhatə edən fənlərarası yanaşma kimi qəbul edilir. STEM Təhsilə keçid üçün nümunəvi təkliflər irəli sürülür: STEM Təhsil Mərkəzlərinin yaradılması, tədqiqatların aparılması, müəllimlərin hazırlan­ması, STEM üzrə kurikulumların yenilənməsi, məktəblərdə lazımi mühitin yaradılması üçün kurs materiallarının təmin edilməsi kimi mövzular diqqətdə saxlanılmalıdır. STEAM təhsili şagirdlərin araşdırma, müzakirə və tənqidi düşün­cələrini inkişaf etdirmək üçün elm, texnologiya, mühən­dis­lik, incəsənət və riyaziyyatı birləşdirən bir tədris və öyrənmə yanaşması olub, şagirdlərə real dünya problemlərinə yaradıcı həll yolları axtaran maraq dolu öyrənənlər olmağa imkan yaradır. STEAM şagirdlərə universitet təhsilində, karyerala­rın­da və həyatlarında uğur qazanmaq üçün la­zım olan bacarıq­ları inkişaf etdirməyə kömək edir. Araşdırmalar göstərir ki, yaradıcı proqramlara qatılan şagirdlər qabaqcıl düşüncəyə, stresslə mübarizə bacarıqlarına, özünü dərkə sahib olur, komanda işində, ünsiyyətdə, liderlikdə, mo­ti­va­siya və sosial münasibət­lər­də, yaşadıqları cəmiyyətlə əlaqələr qurmaqda güclü bacarıqlar formalaşdırırlar. STEM təhsil metodu – düşünülənin əksinə şagirdlərdə sadəcə akademik bacarıqları möhkəmləndirmir, onların hərtərəfli inkişafına kömək edir. Məsələn:

  • Toxunaraq öyrənmə – STEM tədris metodunda məlumatlar  vizual, audio üsulla yanaşı, kinestatik (toxunaraq öyrənmə) və sosial öyrənmə vasitələri ilə də ötürülür;
  • Yaradıcılıq – Yaradıcılıq insanı di­gər canlılardan fərqləndirən ən asas bacarıq hesab edilir və STEM təhsil modeli tədris zamanı şagirdlərdə yaradıcılıq bacarığını inkişaf etdirməyə şərait yaradır. «Biz övladlarımıza onlardan daha ağıllı olan maşınlarla (robot) rəqabət aparmağı öyrədə bilmərik, onları maşınlardan fərqləndirəcək nəsə öyrət­mə­liyik. Yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qal­ma şansları olacaq» – kimi düşünək.
  • Səhvlərdən öyrənmə – Tədris zamanı şagirdlərin kiçik miq­yas­lı təcrübələr zamanı əldə edilən nəticələri müşahidə edib, ortaya çıxan səhvləri araşdırma və təcrübələrin düzgün aparılmasına şərait yaranır.
  • Tənqidi təfəkkür – STEM tədrisi zamanı dərslər qruplar for­ma­sında müzakirə üzərinə qurulduğundan şagirdlər komanda işinə münasibət bildirir, öz arqumentlərini əsaslandırır, öyrəndikləri bilikləri müzakirə, analiz-sintez etmə imkanı qazanırlar.
  • Ünsiyyət bacarığı – Dərslər adətən eksperimentin və ya layi­hənin nəticəsi ilə bağlı hesabat və ya təqdimat ilə yekunlaşır.
  • Liderlik – STEM dərsləri daha çox layihə əsaslı və qrup işləri formatında təşkil edildiyindən qrup üzvləri liderlik funksi­yasını da yerinə yetirir, qrupa/ la­yihəyə rəhbərlik edir, qərarlar alır,  liderlik bacarıqları inkişaf edir.
  • İş mühitinə hazırlıq – STEM təhsil metodunun əsas məqsədi şagirdləri gələcək iş mühitinə hazırlamaqdır və bütün bu bacarıqlar şagirdləri səmərəli insan resursu ola­raq tutacaqları mövqelərə hazırlayır.

Hər sahədə olduğu kimi, təhsil sahəsinə gətirilən yeniliklərin tətbiqi də müəyyən prob­lem­lər­lə üzləşir. STEAM metodunun təhsil sahəsində tətbiqinin aşmalı olduğu baryerlər də var­dır: Məsə­lən, maddi resursların baha olması və insan resursu çatışmazlığını qeyd etmək olar. STEM dərs­lərinin tədrisi yüksək araşdırma, müşahidə, sinif idarəsi bacarığına sahib peşəkarlar tələb edir.

İnformativ Məlumatlar – xeyriyyə tədbirləri

  • Uşaqlar üçün protez əllər minlərlə dollara başa gəlir və istifadə müddəti azdır. 3D çap sayəsində 40$-dan da aşağı büdcə ilə protez hazırlamaq mümkündür! www.enablingthefuture.org kimi təşkilatlar protezləri  hazırlayır və pulsuz  paylayırlar.
  • Müxtəlif əlillik növləri olan uşaqların digər uşaqlarla eyni səviyyədə oynaya bilmələri üçün Microsoft, X-Box üçün, xüsusi coystik yaratdı. “Makers Making Change” əlilliyi olan insanlar üçün xüsusi qurğular hazırlayan beynəlxalq könüllülər təşkilatıdır.
  • Star Wars və Avengers kimi filmlərdə istifadə olunan rekvizitlərin əksəriyyəti 3D çap olunmuşdur.
  • 3D Systems Amerika Kulinariya İnstitutu ilə əməkdaşlıq edərək, şirniyyatları və yeməkləri 3D çap edən, ChefJet Pro 3D printerinin hazırlanmasında iştirak etmişdir.

Dizayn əsaslı öyrənmənin əsasında dizayn düşüncəsi dayanır. Dizayn düşüncəsi konsepsiyası lik dəfə XX əsrin ikinci yarısında Amerikalı iqtisadçı Herbert Simon tərəfindən hazırlanmışdır. Dizayn düşüncəsi hazırda müxtəlif problem və məsələlərin həllində istifadə olunan kifayət qədər  təsirli bir metodologiya kimi geniş yayılmışdır. Dizayn düşüncəsi optimal axtarılan zaman analitik və texniki vasitələrlə yanaşı, yaradıcı vasitələrin istifadəsini zəruri edən metodologiyadır.

Bəs dizayn düşüncəsini necə formalaşdırmalı? Buraya aşağıdakı fəaliyyətlər daxildir:

  • Tinkering fəaliyyəti; Maker fəaliyyətləri; Konstruksiya; Dekonstruksiya fəaliyyətləri.

STEAM kabinə və mərkəzlərinin qurulub istifadəyə veril­məsi üçün praktik təlim mühitlərinin yaradılması da mühüm şərtlərdəndir:

  • Planlaşdırma mühiti – şagirdlərin STEAM öyrənmə layihəsini və iş planlaşdır­masını düzgün tərtib etmələri üçün otaq;
  • İnteqrasiya mühiti – şagirdlərin üzərində işlədikləri layihənin inkişafı üçün ehti­yac olan məlumat bazasının olduğu və texnologiyalardan rahat istifadə edə biləcəkləri otaq;
  • Təqdimat mühiti – şagirdlərin STEAM layihələrini kollektivə təqdim etmək üçün, layihə ətrafında müzakirə və yeni qərarlar qəbul etmələri üçün mübadilə otağı;
  • Tədqiqat mühiti – şagirdlərin kəşf edərək öyrəndiklərinin təşviq edildiyi, STEAM layihələri ilə əlaqədar gözləntilərin artırıldığının izləndiyi, laboratoriya işlərinin həyata keçirildiyi, müəllimlərin öyrənənləri düzgün istiqamətləndirə biləcəyi, avadanlıqlarla təmin olunmuş otaqlar;
  • Əməkdaşlıq mühiti – şagirdlərin STEAM layihələri, layihənin nəticələri ətrafın­da şagirdlər­a­ra­sı müzakirəyə imkan yaradan, hesablamaların aparıldığı, çatış­maz­lıqların müəyyənləşdirilib həlli yollarının dəqiqləşdirilə biləcəyi otaq;
  • Yaradıcılıq mühiti – şagirdlərin təhsil müəssisələrində həyata keçirdikləri  STEAM layihələri çərçivəsində araşdıraraq əldə edə biləcəkləri, yeni məhsul­ların yaradılmasına imkan verən tasarım və ya kəşf otağı.

Artıq məktəbə­qə­dər təhsil yaş qrupundan yuxarı siniflərə qədər STEAM-ə uygun təhsil verilməsi zərurətə çevrilmişdir. Artıq dünyanın inkişaf etmiş bir çox təhsil müəssisələrində NASA-da STEAM tə­lim­çi­si təhsili almış təcrübəli, kreativ yaradıcılıq potensialına malik təh­sil çalışanları və bu istiqamətdə uzman­laş­mış və təcrübəli müəllim, alim, metodist, texnologiyalardan üstün istifadə imkan­la­rına malik mü­təxəssislər çoxluq təşkil edir. Bundan başqa, bəzi ölkələrdə STEAM ilə əlaqədar olaraq elm, kodlama, robo­totexnika və avtomat­laş­­dırma təlimini özündə birləşdirən təhsil də verilmək­də­dir. Müasir dunya energetika sahəsində də müxtəlif kəşflər, yeni­lik­lər, fərqli üsul­lardan, alternativ enerji resurslarından istifadənin müxtəlif sahələrini işlənməkdədir. Hazırda energetikanın qarşısında duran ən vacib problem­lər­dən biri enerji ehtiyatla­rın­dan səmərəli isti­fadə etməklə, iqtisadiy­ya­tın bütün sahələrinin və əhalinin həm indi, həm də gələcəkdə enerjiyə olan tələbatını lazımi səviyyədə ödə­mə­sini təmin et­məkdən ibarətdir. Bunun üçün də yenilklərdən faydalanmaq, dünya təcrübəsindən müqayisəli istifadə, tənqidi-məntiqi təfəkkürün inkişafı, təh­sil­alanların sərbəstliyi nəzərdən qaçırılmamalıdır. STEM təhsili istehsal və ixtira, bilik və bacarıqları təmin etməyi hədəf­lə­yir. STEM təhsili almış şəxslərin iş dünyasına daxil olduqları zaman bu baca­rıq­lar sayəsində iş həyatının tələb etdiyi keyfiyyətlərə asan­lıqla uyğun­laşa və ölkənin iqtisadi inkişafına töhfə verə biləcəkləri gözlənilir. Komputer Dəstəkli Dizayn: komputer texnologiyalarını tətbiq etməklə obyektlərin dizaynıdır. Mühəndislyin dizayn mərhələləri: Mühəndislərin hər hansı məhsulun istehsalı mərhələsində istifadə etdiyi 6 addımlıq proses: Sual, Müzakirə, Dizayn, Qur­maq, Test və Təkmilləşdirmə. Ümumiyyətlə, STEAM metodu və perspek­tivləri haqda danışdıqda, xəyal, ideya, dizayn üçün də sərbəstliyə yer verilməlidir.

Naxçıvan Muxtar Respublikası ali məktəbləri arasında Naxçıvan Dövlət Universiteti hər zamankı kimi bir ilkə daha imza atdı. Universitet rəhbərliyinin xüsusi təşəbbüsü və qayğısı ilə bu ildən  ilk olaraq Təbiətşünaslıq fakültəsinin III kurs “Biologiya müəllimliyi” ixtisasında STEAM fənninin tədrisinə başladıq. Yeni metodun tədrisi tələbələr tərəfindən xüsusi həvəslə qarşılanmış və müvəffəqiyyətlə davam etir. Tələbələrə xəyal qurmağı, ideya irəli sürüb onları məhsula çevir­mək vərdişləri aşılamağa göstərdiyim cəylər ilk bəhrələrini göstərdi: Sərbəst iş kimi tələbələrə verdiyim praktik tapşırıqlar içərisində çox maraqlı işlər diqqətimizi çəkdi. Bu işlər STEAM metodu sayəsində həm biologiyanın tədrisində, eləcə də müxtəlif sahələrdə yaradıcılığa, kreativliyə şərait yaradılacağını, yeni kəşflərə yol açılacağını vəd edir.

       Artıq əksər ixtisaslarda STEAM fənninin tədrisinə başlamaq zərurət təşkil edir. Digər ixtisas tələbələri hətta özləri yaxınlaşıb bu metodun tədris fənni kimi salınmasını xahiş etməyə başlamış­lar. Lakin fənnin tədrisi üçün yetərincə kadr potensialı məsələsi də problemlər sırasındadır. Oturub uyğun təlimlərə dəvət gözləməkdənsə fənn müəllimləri özləri maraqlanıb müxtəlif Vebinar, konfrans və təlimlərə qoşulmaq, təcrübə mübadiləsi etməklə potensiallarını artıra bilərlər. 2 ildən artıq müddətdə şəxsi səylərimlə bir çox layihələrə, təlimlərə qoşularaq, internetdə müxtəlif ölkələrin təcrübəsini öyrənərək bu semestr tələbələrdə STEAM metoduna xüsusi həvəs, sevgi yarada bildim. Yeniliklərdən xəbərdar olaq ki, gənc nəslin dünya standartları səviyyəsində yetişdirməyə imkanlarımız yüksəlsin.

       Güman edilir ki, gələcəyin peşələrini STEAM metodu və onun nailiyyətləri formalaş­dıra­caq­dır. Çünki artıq hazırda yaşadığımız Dünya yenilik, fərqlilik, kreativ və sürətli təfəkkürlərin məhsulları ilə inkişafa qədəm qoymuşdur.

Müəllif: Zərövşən BABAYEVA

Naxçıvan Dövlət Universitetinin professoru, Əməkdar müəllim.

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

STEAM YANAŞMASI – VAHİD ELEKTRON SİSTEM (VES)

Zərövşən Babayeva
Naxçıvan Dövlət Universitetinin dosenti
dr.zarifbabayeva@yahoo.com
 

STEAM YANAŞMASI – VAHİD ELEKTRON SİSTEM (VES)

XXI əsr ilə birlikdə istehsalat  toplumundan elm toplumuna keçid sürətlənmişdir. Artıq fiziki gücə əsaslanan istehsal modelinden elmə və yüksək texnologiyaya dayanan məhsullar və xidmətlərin istehsalı öncəlik qazanmışdır. Kompüter və sistem (yazılım) texnologiyası, kosmik biliklər, süni zəka, gen mühəndisliyi kimi bir çox sahə bu yüzilin önə çıxardığı örnəklərdir. Bu sahələrdə elm və mühəndislik təməlli çalışmalara və bunları edə biləcək intellektə, işçi gücünə ehtiyac artmışdır. STEM təhsili ilə bu sahələrdə maraqlı, əlaqəli və gələcəktə bu sahələrdə çalışmağa istəkli olacaq gənc nəsil yetişdirmək faydalıdır. STEAM Yanaşması: Sual yarat;  Məhsul/yenisini tasarla; Məhsulu test et; Nəticələndir; Dəyərləndir; Paylaş; Yenidən düşün. Bu yanaşmanın, addımların  mütəmadi olaraq həyata keçirilməsi ilə öyrənən­lərin müvəffəqiyyətli məhsullar/nəticələr ortaya qoyabilən fərdlər kimi formalaş­dırılması hədəflənməktədir. STEAM təhsili təhsilə interaktiv təlimlə gətirilən canlı­lığı, yaradıcılığa, kreatif fəaliyyətə, məntiqi-tənqidi düşüncənin inkişafına, istehsala yönəltmişdir. Ümimi­likdə, STEAM tədris prosesinə cəlb olunmuş müəllim və şagird fəaliy­yə­tinin izlən­məsi, tədris materiallarının həmçinin bu istiqamətdə istifadə edilə bilinəcək müxtəlif resursların toplandığı Vahid Elektron Sistem (VES) vasitəsilə həyata keçiriləcəkdir. XXI əsr yaradıcı-məntiqi düşünən, tənqidi təfəkkürü yüksək inkişaf etmiş, öyrəndiyi biliklər bazasından istifadə edərək yeni biliklərin kəşfinə yönəlmiş, analiz-sintez qabiliyyəti, fərqli fəaliyyət poten­sialına sahib olan, xəyal qurmağı bacaran və ona çatmağa çalı­şan mütəxəssislərlə ciddi rəqabətə davam gətirəcəkdir. Lakin bütün sə­viy­yə­lər­də istənilən inkişafı təmin etmək üçün təkcə ən müasir, yeni texnologiya­la­rın tətbiqi kifayət et­mir. Təhsildə, cəmiyyət­də keyfiyyət dəyişikliyinə nail olmaq üçün İnsan amilini yüksək qiymət­lən­dirmək, təhsil taksono­miya­larından düzgün is­tifa­də etmək vacibdir. Təhsil işçilə­rinə, öyrədən­lərə sərbəst fəaliyyət im­kan­la­rının veril­məsi, lazımi maddi-texniki bazanın təmin edilməsi də nəzərdən qaçırılmama­mlıdır.

Amerika kosmos yarışında zirvəyə çıxmaq üzrə 1958-ci ilde NASA’nı quraraq bu sahəyə olan marağı artırdı. NASA-nın Aya gedişi ilə kommunikasiya sahəsində dəyişikliklər yarandı. Bu sahədə çalışacaq potensiala malik insan qaynağı ehtiyacı zərurətə çevrilincə 1990-cı illərdə elm və texnolo­giya ilə əlaqəli təh­sil sahələrinin, tədris fənlərinin məktəblərdə yayılmasına qərar veril­di. Bu sahəni əhatə edən qısalt­ma ad olaraq ilk SMET olarak qısal­tıl­mış, zaman içərisində STEM, sonradan isə STEAM şəklində işlədil­məyə başlandı. Hesb edilir ki, STEM təhsili ölkələrin, regi­o­nun və övladların gələcəyi üçün çox vacibdir. Bundan əlavə olaraq, STEAM hər yerdədir, o bizim gündəlik fəaliyyətimizin bütün sahələrin əhatə edir. Texnologiya komputer və smartfonlar demək­dir, lakin bu həm də geriyə baxdıqda televiziya, radio, mikroskop, teleqraf, teleskoplar, kompas və hətta ilk təkərin istehsalı demək­dir. Mühəndislik binaların, yolların, körpülərin dizaynı, günü­müz­də rastlaşdığımız nəqliyyat, qlobal istiləşmə və ətraf mühitə ziyan vurmayan maşın, texnika və sistemlərə dair problemlərin həlli deməkdir. Biz riyaziyyatla ərzaq dükanında, bank­da, vergi formalarında, investisiya və ailə büdcəsi ilə bağlı məsələri həll edərkən qarşılaşırıq. STEAM hər bir adam üçün vacibdir, çünki o bizim həyatımızın hər sahəsini əhatə edir. STEAM gənc nəslin ya­şa­yacağı texnoloji dövrdə ən yaxşı karyera imkanı və müdrik qərarlar, kreativ bacarıqlar üçün açardır.

         Müəllim­lərin bir-biri ilə işbirliyi edərək STEAM mövzusunda təhsil-tədris materiali hazırla­ma­sı və mü­əllimlərin savad, bilgi və bacarıqlarının artırılması hədəf­lən­məkdə, müx­təlif festivallar, təhsilə aid fərqli təşkilolunmuş tədbir­lər və yarışmalar keçirilmək­dədir. Azərbay­can da son illər öz nailiyyətini təsdiqləyən STEAM təhsil metodunun geniş yayılmasında maraqlı ölkələr sırasına daxildir. Yaxın gələcəkdə istər təh­sil, iş sahələri, istərsə də məişətdə layihə əsaslı öyrənmənin töhfələri görüləcəkdir. STEAM-in təməl məqsədlərindən biri olan həll edib həyata keçirmək prinsipinə uygun şəkildə layihə yarış­ma­larına qatılmaqla öyrənənlər bu ölkədaxili və beynəlxalq yarışmalarda təcrübələr və nailiy­yətlər qazanacaqlar. Bütün bunların fonunda hazırda tələb olunan XXI əsr bacarıq və vərdişlərinə malik olan yeni gəncliyin formalaşdırılmasına nail ola bilərik:

Bütün dövrlərdə əlverişli yeniliklər cəmiyyətlərin marağını çəkmişdir.  XX əsrin 90-cı illərində Mark Tilden BEAM robotlar konsep­si­yasını ixtira etmişdir. BEAM Biology, Electronics, Aesthetics, Mechanics ingilis sözlərinin abreviaturasıdır. Bu dörd, ilk baxışdan əlaqəsi olmayan anlayışları nə əlaqələndirir?

  • Biologiya – BEAM robotlarının  dizayn və funksiya aspekt­lə­ri­nin bir çoxu canlı təbiətdən götürülür, bu robotlarda adətən vallar və çarxlar kimi mexaniki ixtiralar istifadə olunmur.
  • Elektronika – robotlarda hərəkətlərinin müəyyən olunmasına imkan verən sadə analoq sxemlər istifadə olunurlar.
  • Estetika – robotlar nümayiş olunmaq üçün cəlbedici xarici görünüşə malik olmalıdır.
  • Mexanika – robotun hərəkət etməsi üçün zəruridir.

Mark Tilden tərəfindən təklif olunmuş konsepsiyanın əsas fərqli xüsusiyyəti insandan asılı olmayan, “müstəqil yaşayan” robot­ların hazırlanması idi. 30 il öncə Mark Tilden hazırkı dövrdə süni zəka, süni inttellektin zərurətə çevriləcəyini görmüş, tədqiqatlarını bu istiqamətdə aparmışdır.

STEAM metodu ilə müxtəlif layihələrin həyata keçirilməsi məhz Yeni Dünya Düzəninə uymaqda, gələcək nəsilləri qarşıya çıxan çətinliklərin həlli istiqamətində hazırlamaqda səmərəli təhsil metodudur. Məsələn, şagirdlərə müxtəlif növ robotları necə düzəltmək, yeriyən, şəkil çəkə bilən, insanlara yardım edən intellektual maşın­lardan istifadəni öyrətmək onların intellektual inkişafında mühüm rol oynayacaqdır. Bu robotlara Bristol robotu, Cizgi çəkən robot, Kəpənək robot, Böcək robot, Spiro robot, Avatar, Scuttle robot, Katapult robot, Bağ gözətçisi, Yeriyən robot, Döyüşçü robot, CNC yazıcı, Marsda hərəkət edən və s. aiddir.

Beləliklə, Müasir dövrdə STEAM müəllimi, STEAM şagirdi, STEAM əsaslı dərsin quruluşu, STEAM təhsilinin mahiyyətinə nəzər salaq:

STEAM müəllimi – inteqrasiya olunmuş layihə əsaslı öyrən­mədən istifadə edən, çevik uyğun­laşan, lider, ünsiyyətcil, tənqidi düşünən, fasiləsiz təhsil alan və komanda işini təşkil edəndir.

STEAM şagirdi – sərbəst və məqsədyönlü şəkildə məlumat toplayır, öyrəndik­lə­rini yoldaşları ilə bölüşür, özünün və yoldaş­larının fəaliyyətlərini qiymətləndirir, yazılı və şifahi effektiv ünsiyyət vasitələrindən istifadə edir, müxtəlif yarışlarda və layihələrdə iştirak edir.

STEAM əsaslı dərsin quruluşu –  STEAM dərslərində: elm, texnologiya, mü­hən­dis­lik, incəsə­nət və riyaziyyat sahələrində əldə olunan biliklər gündəlik həyatda qarşıya çıxan problemlərin həllində fənlərarası inteqrasiya və layihə əsaslı öyrənmə vasitəsilə reallaş­dı­rırlır.

STEAM təhsili – şagirdlərə hansı peşə seçmələrindən asılı olmayaraq, onları həyata hazırlayır. Nəticədə şagirdlər rastlaşa biləcəkləri çətinliklərin həlli üçün lazım olan tənqidi düşüncə və problem həlli vərdişlərini öyrədir.

      Son beş ildə təhsil sisteminə, təlim prosesinə tamamilə yeni texnologiyalar, avadanlıqların daxil olması müasir təhsil prosesi iştirakçılarından əvvəllər malik olmadıqları bilik və bacarıqları tələb edir. Səmərəli tədris prosesinin təşkili üçün innovativ tevnologiyaların iş prinsipini mənimsəmək, təcrübə mübadilələrindən yararlanmaq faydalıdır. Məsələn: Mimiotech lövhəsi, Promethcan lövhəsi, Labdisk-phyusio rəqəmsal laboratoriya avadanlığı, Dyumo-phyusio aləti, Phywe- laboratoriya avadanlığı və s.

Beynəlxalq təcrübədə texnologiyanı tədrisə inteqrasiya etmək üçün müxtəlif modellərdən istifadə olunur. Bunlardan biri də SAMR modelidir.

Cədvəldən göründüyü kimi texnologiyanı tədrisdə müxtəlif formada tətbiq etmək olar. SAMR modeli texnologiyanı hansı səviyyədə dərslərə inteqrasiya etdiyimizi başa düşməkdə bizə kömək edir.

       STEAM təhsilinin əsas məqsədləri sırasında – Təhsilalanların təlim tap­şırıq­la­rının həlli prosesində innovativ yaradıcılığının inkişaf etdirilməsi; Elmi və texnoloji tərəqqinin sosial və etik aspektləri haqqında təsəvvürlərin formalaşdırıl­ma­sı; Təlim prosesində tədqiqat apara bilmək və layihə icraetmə bacarıqlarının artırılması; İdeyaların reallaşdırılmasında, problem­lə­rin həllində uyğun texnologiya, proqram təminatının seçilməsi və tətbiq edilməsi; Elmi təd­qi­qat və layihə fəaliy­yətlə­rinin metodlarını mənimsəmək, məhsulların modelləşdiril­məsi, di­zay­nı, əmək məhsul­la­rının təhlükəsizliyinin təmin edilməsi; Qarşıya qoyulan texnoloji tapşırıq və problemlərin həllin­də müxtəlif fənlər üzrə əldə olunan biliklərin əlaqəsini yaratmaq ba­ca­rıqlarının formalaş­dıırılması; İnformasiyanın araşdırılması, analizi, arqu­ment­ləş­dirilməsi, əldə olunan məlumatların təqdim edilməsi, uyğun texnolo­giya­ların tətbiqi, İKT vasitələri alətl­ər­inin müasir istehsalat və ya xidmət sektorunda tətbiq imkanlarını qiymətləndirmə bacarıq­la­rının for­ma­laşdırılması; Müasir texnolo­gi­yalar haqqında təməl biliklər formalaşdırıl­ması, öyrənilən texnologiyalarla əlaqəli peşələr, onların əmək bazarın­dakı yeri və bu sahələrə olan tələbatın mövcud durumu haqqında təsəvvürlərin formalaşdırılması və həyata keçirilməsi dayanır.

İnkişaf etməkdə olan və getdikcə mürəkkəbləşən dünyada informasiya da sürətlə artır. Bilik ilə birlik sayəsində cəmiyyətlərin inkişafını müsbət istiqamətə yönləndirmək mümkün olacaqdır. Aydındır ki, indiki şəraitdə uğurlu iş görmək üçün tək bir sahədə ixtisaslaşmaq kifayət deyil, biliyi/intizamı müxtəlif biliklərlə/fənlərlə dəstəkləmək lazımdır.   XIX-XX əsrlərdə torpaq və xammal çox vacib olduğu halda, XXI əsrdə – dəyişiklik nəticəsində istehsal və savadlı insan resursları ön plana çıxdı. Hazırda qlobal rəqabət, inkişaf və rifah da bununla bağlıdır. Bu gün keyfiyyətli insan resurslarına əsaslanan innovasiya və sahibkarlıq yarışı başlayıb. Sənayedə islahat hərəkatı da təhsil siyasətində sürətli və nəticəyönümlü dəyişikliklər tələb edir. Sürətlə artan təlabatların öhdəsindən gəlmək isə uzaqgörənlik, zəhmətkeşlik, inadlı və dayanmadan inkişafa bağlıdır. İnkişaf, dəyişmək, yaradıcılıq olduğun mühiti düzgün qiymətləndirib, digərləri ilə müqayisə apara bilmək bacarığından asılıdır.

    Məsələn belə bir deyim var: Kiçik balıq Böyük Balıqdan soruşur:

            – Okeana necə gedə bilərik?

            Böyük balıq:   – Biz okeandayıq…. – deyə cavab verir.

Yəni – olduğumuz məkana, yaşadığımız həyata, fəaliyyətimizə kənardan baxıl­dıq­la olub-bitənlərin  fərqinə vara bilərik. Nəzərə alınmalıdır ki, təhsil sahəsində son illər baş verən dəyişikliklər, islahatlar, təlim texnologiyalarının tədrisə tətbiqi, müasir təlimlər, fərqli metod, üsul və vasitələr yerində və səviyyəsində tətbiq olu­narsa səmərə verəcəkdir. Hər bir işdə qazanmaq üçün mütləq risk, motivasiya, məqsədə çatmaq üçün israrla çalışmaq, dəyişikliklərə rtalon kimi yanaşmayaraq maraqlı, yaradıcı təfəkkürə malik olmaq vacibdir.

    Hazırda STEAM metodu vasitəsilə əldə olunan nailiyyətlərdən bəzilərinə nəzər salaq:

  • Autodesk, altı xüsusi uşağa öz super güclü 3D çap protezləri vermək üçün, qeyri-kommersiya şirkəti olan KIDmob ilə tərəfdaşlıq etdi! 
  • Hər hansı bir mağazada tapılması mümkün olmayan bir oyuncağı yeni bir dizaynla özünüz düzəldə bilərsiniz. STEAM derslərində yeni Tinkercad hərəkətlərini öyrənmək və əvvəlki dərsdən olanları tətbiq etmək üçün yeni məhsullar düzəldə bilərik.

Əyləncəli Faktlar

  • Transformerlərvə “Ulduz Döyüşlərioyuncaqlarını yaradan Amerika şirkəti  Hasbro, məhsul istehsal etməzdən əvvəl yeni 3D çap modellərini yaradır.
  • GeorgiaTech tədqiqatları tamamilə 3D çap edilmiş mikrorobot yaratdı. Ölçüsü cəmi 3 mm-dir və onun mühərrikləri və ya elektrik hissələri yoxdur. Yüksək tezlikli səslərdən istifadə edərək hərəkət edir!
  • Çin, Rusiya və ABŞ-da real ölçülü evlər və digər quruluşları 3D çap etmək üçün nəhəng qolları olan 3D çap robotlarından istifadə olunur.
  • 3D printerlərin və CAD (Komputer əsaslı dizayn)-ın ən böyük üstünlüyü məhz özümüzə məxsus dizaynda vasitələr yaratmağın mümkünlüyüdür. Hətta bəzi mexaniki hissələri də çap etmək mümkündür.

           Maraqlı faktlar

  • Artıq Michelin şirkəti 3D çap olunmuş təkərlər istehsal etməyə hazırlaşır. Bu təkərlər ənənəvi təkərlərdən fərqli olaraq ekoloji təmizdir, daha dayanıqlıdır və dairəvi formasını saxlamaq üçün şişmə şin mexanizminə ehtiyac duymur.
  • Ferrari isə öz yarış maşınlarının mühərriklərində 3D çap olunmuş hissəciklərdən-pistonlar­dan istifadə edir.
  • 3D printerlər yeganə komputer əsaslı dizayn vasitəsi deyil! Müasir zavodlarda CAM yəni digər komputer əsaslı manufaktura cihazları geniş tətbiq olunur. Plazma kəsicilər, CNC dəzgahları bunlara nümunədir. Hətta Waterjet adlı cihaz  su vasitəsi ilə titanium kimi bərk metalları kəsə bilir.
  • Təbii yuyucu vasitələrin hazırlanması, qalıqlardan gübrələrin alınması və s. bu layihələrdə nəzərə alına bilər.

Müəllif: Zərövşən BABAYEVA

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zərövşən Babayeva – TƏHSİLDƏ STEAM METODUNUN TƏTBİQİ PERSPEKTİVLƏRİ

Zərövşən Babayeva, Naxçıvan Dövlət Universitetinin dosenti, dr.zarifbabayeva@yahoo.com

TƏHSİLDƏ STEAM METODUNUN TƏTBİQİ PERSPEKTİVLƏRİ

Rəqəmsal həyat tərzinin üstünlük təşkil etdiyi bu günlərdə artıq baza bilikləri ilə dünyaya çıxa bilmərik. Həyatın bütün sahələrində işlər: maddi-texniki baza, banklar, təhsil sahəsi, tibbi qurumlar, iqtisadi münasibətlərdə yeni dünya düzəninə uyğun qurulmalıdır. Bunun üçün əsas yük orta və ali məktəblərin üzərinə düşür. Çünki cəmiyyəti idarə edənlər və edəcək insan potensialı, mütəxəssis kadrları məhz təhsil sahəsinin nailiyyətləri kimi qiymətləndirilməlidir. Son illər yaşadığımız gözlənilməz hadisələr, fəlakətlər insan və cəmiyyət həyatında uzaqgörən dəyişikliklər edilməsini zərurətə çevirmişdir.

Yeni dövr artıq hazır bilikləri əzbərləməklə inkişafa nail olmağın qeyri-mümkünlüyünü göstərir. İndi cəmiyyət –

  • coğrafi xəritədə ölkələrin əhali sayını bilən, yerləşməsini göstərən;
  • bioloji bilikləri, canlıların anatomik-morfoloji quruluşunu sadəcə öyrənən;
  • ədəbiyyatdan yazıçı, şairlərin həyatını, əsərlərini oxuyan gəncliklə: şagird, tələbə, magistr, doktorantla yeni həyata ayaq uydura bilməyəcək.

XXI əsr yaradıcı-məntiqi düşünən, tənqidi təfəkkürü yüksək inkişaf etmiş, öyrəndiyi biliklər bazasından istifadə edərək yeni biliklərin kəşfinə yönəlmiş, analiz-sintez qabiliyyəti, fərqli fəaliyyət potensialına sahib olan, xəyal qurmağı bacaran və ona çatmağa çalışan mütəxəssislərlə ciddi rəqabətə davam gətirərək Ayda və Marsda yeni həyat qurmağı düşünürlər. Lakin bütün səviyyələrdə istənilən inkişafı təmin etmək üçün təkcə ən müasir, yeni texnologiyaların tətbiqi kifayət etmir. Təhsildə, cəmiyyətdə keyfiyyət dəyişikliyinə nail olmaq üçün İnsan amilini yüksək qiymətləndirmək, təhsil taksonomiyalarından düzgün istifadə etmək vacibdir. Təhsil işçilərinə, öyrədənlərə sərbəst fəaliyyət imkanlarının verilməsi, lazımi maddi-texniki bazanın təmin edilməsi də nəzərdən qaçırılmamamlıdır.

 Əsas məsələlərdən biri bütün sahələrdən olan aparıcı mütəxəssislərin işini qiymətləndirmək, gənc nəsli daha yaradıcı olmağa istiqamətləndirmək, bunun üçün münbit şərait yaratmaq, öyrənənlərin öyrəndiklərinə tənqidi yanaşma bacarığı formalaşdırmaqdır. Bu işdə öyrədən-öyrənən münasibətlərindən çox şey asılıdır. Müəllim öz peşəsini sevərək, gələcəyin yaradıcı insanını yetişdirməyə maraqlı olmalıdır. Analitik düşünməli, idrak fəallığını artırmaq üçün bütün yollardan istifadə etməlidir. Bilik dediyimiz məfhum sorğulanarsa inkişaf edəcəkdir. Belə olmasaydı qədim dövrlərdən əsası qoyulan biologiya elmi günümüzdəki inkişafına çata bilməz, həmçinin tibb elmi özünün pik səviyyəsinə çatmaz, qədim, orta və intibah dövrlərində müxtəlif bioloq və həkimlərin əməyi boşa çıxardı. Təkcə insan orqanizminin anatomik-morfoloji quruluşunun öyrənilməsi, daxili orqanlarının həcmi və formasının öyrənilməsi üçün biologiya elmi ən çətin, qanlı, keşməkeşli yollardan keçmişdir. Vaxtilə bu sahəyə maraq göstərən o zamankı araşdırmaçılar həyatları bahasına biologiya elminə, tibb sahəsinə möhtəşəm töhfələr vermişlər. Qan köçürmənin tarixi isə özünəməxsus çətinliklərlə, etaplarla indiki 4 qan qrupunun kəşfinə qədər uzun yol keçmişdir. Ölməkdə olan insana quzu qanı köçürüb ölümdən xilas edən də, sonrakı cəhdlərin uğursuz alınmasına görə qanköçürməni qanunla qadağan edən də indi sahib olduğimuz dünyanın o zamankı hər şeyə maraqlı, xəyalpərəst, tənqidi-yaradıcı düşünən insanları olmuşdur. Məlumdur ki, bütün elm sahələrində müxtəlif maraqlı faktlar vardır. Bu faktlar İnsan oğlunun bitib tükənməyən marağının qarşısında durula bilinməyəcəyini göstərir.

Son illər həyatımızda, bütün fəaliyyət sahəsində baş verən yeniliklər (texnologiyalar, müasir metodlar və s.) həyatın sirlərini öyrənməklə məhdudlaşmayıb, öyrənməni daha cazib hala gətirmişdir. Bu layihələrdən biri də STEAM layihəsidir. STEM ingilis dilində Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyat (Math) sözlərinin qısaltmasıdır. Termin ilk dəfə ABŞ Milli Elm Qurumu (U.S. National Science Foundation) tərəfindən 2001-ci ildə SMET olaraq bir neçə fənn və bacarığın inteqrasiyasından ibarət olan peşələri ifadə etmək üçün istifadə olunub. Daha sonra bioloq Cudit Ramili (Judith Ramaley) tərəfindən STEM olaraq dəyişdirilib (Hallinen, 2016). Qısaltmaya daha sonra incəsənət/sənət ənasına gələn “Art”-da əlavə olundu (STEAM və ya STEM+A). STEM və STEAM arasındakı əsas fərq, STEM elmi anlayışlara daha çox diqqət yetirir. STEAM -də elmi anlayışları araşdırır, lakin bunu yaradıcılıq prosesində istifadə edilən sorğu və problemə-həll etməyə əsaslanan təlim metodları vasitəsilə edir (Wade-Leeuwen, 2018).

STEM tədris metodu ad olaraq yeni olsa da, təhsil sahəsində yeni bir yanaşma deyil və tədris-təlim məşğələlərinə yaradıcı yanaşan yenilikçi metodistlər tərəfindən  müxtəlif platformalarda təbliğ edilmiş, hazırda təkmilləşdirmə mərhələsindədir. İnteqrasiyalı təhsil yüksək peşəkarlıq tələb etdiyindən yalnız  XX əsrin 80-ci illərində qabaqcıl ölkələrdə tətbiq edilməyə başlandı. STEM-i əsas populyarlaşdıran isə 2009-cu ildə ABŞ-ın STEM təhsil formasını strategiya kimi qəbul edib bu sahəyə böyük investisiya qoyması ilə başladı. Nəticədə qeyd olunan sahə üzrə elmi tətqiqatların və məhsulların sayı artdı və böyük kütlələr üçün əlçatan oldu. Əksər peşələr birdən artıq fənn/sahə üzrə bilik tələb etdiyindən orta əsrlərdən etibarən ali təhsil verən müəssisələrdə fənlər əlaqəli olaraq tədris edilməyə çalışılırdı. 2000-ci illərin başlanğıcından Naxçıvan Dövlət Universitetində elmi tədqiqatlarımızın bu istiqamətdə  – biologiyanın tədrisində fənlərarası, fənndaxili, nəntiqi-tənqidi təfəkkürün inkişafı, yaradıcı tətbiqetməyə üstünlük verilmişdir (Babayeva Z). 2017-ci ildə Fəlsəfə doktorluğu, 2017-ci ildə elmlər doktorluğu dissertasiyasında bioloji təhsildə, ümumiyyətlə təhsil sahəsində baş verən keyfiyyət dəyişikliklərinin düzgün istiqamətdə tətbiqi imkanlarını işləyib hazırlamış, dərslik, dərs vəsaiti, monoqrafiyalar hazırlamışıq. Bu illər ərzində Naxçıvan Dövlət Universitetində yaradılmış yüksək keyfiyyətli təhsil təminatı sayəsində əvvəllər çətinlik çəkdiyimiz sahələrdə geniş imkanlar qazanaraq XXI əsr təhsil sferasına uyğun fəaliyyət planına sahib olmuşuq.

STEAM metodu – Layihə əsaslı öyrənmə – PBL (Project Based Learning), Fənlərarası inteqrasiya və fənlərararası öyrənmə (Interdisciplinary&Cross-dissplinary), Araşdırma əsaslı öyrənmə (Inquiry Based Learning),  Oyun əsaslı öyrənmə (Gamification), Analogiyaya əsaslanan öyrənmə (Learning by Analogies), Mobil əsaslı öyrənmə (Mobile learning), Tinkering- kiçik dəyişikliklər etməklə, düzəltməyə əsaslanan öyrənmə metodları ilə təhsil sahəsində öyrətmə-öyrənmə prosesini durğunluqdan çıxarıb yaradıcılıq fəaliyyətinə çevirməyə xidmət göstərir. 2019-2020-ci tədris ilinin əvvəlindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə tətbiqinə başlanılan “STEAM” layihəsinin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşüncə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir: “STEAM metadologiyalarının əsasında duran Layihə əsaslı öyrənmə (PBL), təhsilalanların müasir cəmiyyətin problemlərini araşdıraraq müxtəlif  həll yollarını müəyyənləşdirmək xüsusiyyətini artırır.

Artıq Yeni Dünya Düzənində baza təhsili ilə gözlənilməz sürprizlərdən sığortalanmaq üçün cəmiyyətlərə hər vəziyyətdən çıxma yollarını düşünüb tapa bilən, aldığı nəzəri bilikləri düzgün, insanlıq naminə tətbiq edə bilən mütəxəssislər hazırlamağa məhkumuq. Dünyada baş verən son hadisələr bunu sübut edir.

Hazırkı təhsil sistemində STEAM fənlərin ayrı-ayrılıqda deyil, inteqrasiyalı tədrisini nəzərdə tutan təhsil sisteminə/metoduna verilən addır. STEAM təhsil metodu 5 əsas meyarın birgə təşkilidir: Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyat (Math). STEAM məhz bu meyarların birgə və inteqrasiya olunmuş formada tədrisi ideyası üzərində qurulub.

            STEM təhsil metodunun müsbət cəhətləri – STEM təhsil metodu/sistemi düşünülənin əksinə şagirdlərdə sadəcə akademik bacarıqları möhkəmləndirmir, onların hərtərəfli inkişafına kömək edir:

  • Toxunaraq öyrənmə – STEM tədris metodunda məlumatlar  vizual, audio üsulla yanaşı, kinestatik (toxunaraq öyrənmə) və sosial öyrənmə vasitələri ilə də ötürülür (Leite, Walter L.; Svinicki, Marilla; Shi, Yuying (April 2010).
  • Yaradıcılıq – «Biz övladlarımıza onlardan daha ağıllı olan maşınlarla (robot) rəqabət aparmağı öyrədə bilmərik, biz övladlarımıza onları maşınlardan fərqləndirəcək nəsə öyrətməliyik. Yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qalma şansları olacaq» (Whiting, 2019). Yaradıcılıq insanı digər canlılardan fərqləndirən ən asas bacarıq hesab edilir və STEM təhsil modeli tədris zamanı şagirdlərdə yaradıcılıq bacarığını inkişaf etdirməyə şərait yaradır.
  • Səhvlərdən öyrənmə – Tədris zamanı şagirdlərin kiçik miqyaslı təcrübələr zamanı əldə edilən nəticələri müşahidə edib, ortaya çıxan səhvləri araşdırma və təcrübələrin düzgün aparılmasına şərait yaranır.
  • Tənqidi təfəkkür – STEM tədrisi zamanı dərslər qruplar formasında müzakirə üzərinə qurulduğundan şagirdlər komanda yoldaşlarının işinə münasibət bildirir, öz arqumentlərini əsaslandırırlar. Bundan başqa, öyrəndikləri bilikləri müzakirə, analiz-sintez etmə imkanı qazanırlar.
  • Ünsiyyət bacarığı – Dərslər adətən eksperimentin və ya layihənin nəticəsi ilə bağlı hesabat və ya prezentasiya (təqdimat) ilə yekunlaşır.
  • Liderlik – STEM dərsləri daha çox layihə əsaslı və qrup işləri formatında təşkil edildiyindən qrup üzvləri liderlik funksiyasını da yerinə yetirir, qrupa/layihəyə rəhbərlik edir, qərarlar alırlar. Nəticədə şagirdlərdə liderlik bacarıqları inkişaf edir.
  • İş mühitinə hazırlıq – STEM təhsil metodunun əsas məqsədi şagirdləri gələcək iş mühitinə hazırlamaqdır. Yuxarıda qeyd edilən bütün bacarıqlar şagirləri səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlamış olur.

Hər sahədə olduğu kimi, təhsil sahəsinə gətiirilən yeniliklərin tətbiqi də müəyyən problemlərlə üzləşir. STEAM metodunun təhsil sahəsində tətbiqinin aşmalı olduğu baryerlər də vardır:

  • Sahə üzrə önə çıxan çətinliklərdən, əsasən, maddi resursların baha olması və insan resursu çatışmazlığını qeyd etmək olar.
  • STEM dərslərinin tədrisi yüksək araşdırma, müşahidə, sinif idarəsi bacarığına sahib peşəkarlar tələb edir. Təəssüf ki, nəinki Azərbaycanda, hətta bir çox qabaqcıl ölkələrdə belə qeyd olunan problem var. Nəticədə STEM tədris metodunu bütün yaş qrupları üzrə tədris proqramına cəlb edən dövlət yoxdur.

Əlavə olaraq, STEM tədris metodu şagirlərlə yanaşı, valideyinlərin də prosesə aktiv iştirakını tələb edir. Dərslər sinif otaqlarında yekunlaşmır. Məsələn, valideynin şagirdin evdə tapşırıq olaraq həyata keçirdiyi müşahidə və ya təcrübəyə qoşulması, onunla müzakirə aparması tələb oluna bilir. Valideyn olaraq təhsil və iş sahəsində baş verən IV sənaye inqilabına biganə qalmaq olmaz. Şagirdlərin, xüsusi ilə də, azyaşlıların qazanacağı bacarıqlar onlara iş həyatında daha sağlam mövqe tutmağa imkan verəcək. Bəs valideynlər bu istiqamətdə hansı işləri görməli:

  1. peşəkar STEM dərsləri tədris edən müəssisələrdən dəstək ala bilər;
  2. sahə ilə bağlı araşdırmalar edib müəyyən qədər övladı ilə fərdi məşğul ola bilər.

Müasir dövrdə məktəb-ailə işbirliyi qaçılmaz olmuşdur. Dəyişən Dünya düzəninə ayaq uydurmaq üçün məktəblə şagird arasındakı ünsiyyət azlıq edir, bu zəncirə ailəni, ətraf mühiti də əlavə etməklə kompleks yaradıcı əlaqə əldə etməliyik. Bunun üçün də hərtərəfli bilik-bacarığa, yaradıcılığa malik insan potensialının yetişdirilməsi üçün hər gün dəyişən texnologiyaları, metod və üsulları tətbiq edə bilən mütəxəssislər hazırlanmalıdır. STEAM təhsili də bütün bunları özündə cəmləyərək təhsilə interaktiv təlimlə gətirilən canlılığı, yaradıcılığa, kreatif fəaliyyətə, məntiqi-tənqidi düşüncənin inkişafına yönəltmişdir.

Artıq öyrənilən hər hansı bilik, bacarıq və metoda etalon kimi baxılmamalıdır – deyə düşünür və daim audi­to­­­riyalarda təkrarlayıram. Hər bir var olana məntiqi-tənqidi yanaşma bacarığı həm öyrəni­lə­nin mahiyyətinə varmağa, həm də yaradıcı tətbiqetməyə imkan yaradacaqdır. Həm­çinin təlim fəaliyyət prosesi olduğu üçün bu prosesdə öyrədən və öyrənən arasında xü­susi ünsiyyət modelləri yaranmalıdır. Buraya 3 A texnikasını aid etmək olar:

  •  Anlamaq; Anlatmaq; Anlaşmaq.

Yəni hər bir fəaliyyət prosesində anlaşmaq üçün ilk növbədə anlatmaq istədiklərimizi özümüzün anlaması əsas şərtdir. Bunun üçün  -Təhsil; Tərbiyə – nəticədir; İnkişaf.

Yəni – təlim – təhsil – tərbiyə = inkişafdır.

Konfusinin fikrinə görə: “oxumaq, oxumaq və tərəddüd etmədən təkrar etmək” daha verimli təlim hesab edilirdi. Hazırda isə o təlim səmərəli hesab olunur ki, nəinki elmi bilikləri öyrənmək, həmçinin öyrədilənlərin yaradıcı tətbiqi vacib sayılır. Müasir dövr öyrənənləri biliklərin saxlanıldığı papka formatından çıxarıb tədris prosesinin fəal iştirakçılarına çevirmək, biliklərin həyata tətbiqində perspektivli hesab edilir. Xüsusilə də “Canlı müşahidədən mücərrd təfəkkürə, sonra təcrübədə tətbiqetmə” biologiyanın tədrisində xüsusi əhəmiyyət kəsb edir. Təhsilalma və təhsilvermə elə bir prosesdir ki, burada bir neçə komponent bir­lik­də iştirak etməlidir: bilik, bacarıq, vərdiş. Bunların bir-biri ilə əlaqəsi isə nəti­cə­də arzuolunan təhsili formalaşdırır.

        STEAM təhsili 2021-2022-ci tədris ilində ölkə üzrə 302 ümumtəhsil məktəbi və  15 STEAM Mərkəzindən ümumilikdə 100 minə yaxın şagirdi əhatə edəcəkdir: “Qeyd olunan ümumtəhsil məktəblərindən 6-cı siniflər üzrə 37087, 7-ci siniflər üzrə 18468, 8-ci siniflər üzrə 6995 şagird olmaqla ümumilikdə 62550 şagird “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş  aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə STEAM dərslərinin tədrisinə cəlb olunacaqlar.

            STEAM metodunun geniş yayılıb səmərəliliyinin artırılması üçün beynəlxalq və respublikadaxili treyninqlərin keçirilməsi, müəllimlərin bu layihədə iştirakı həm təcrübə mübadiləsi üçün şərait yaradır, həm də dünyagörüşün zənginləşməsi, təhsil müəssisələri işçilərinin müzakirələrdə fikirlərinin alınması təhsil sahəsinə öz töhfəsini verir. Bu sahədə işlər davam etməkdədir. Perspektiv plan kimi “STEAM Mərkəzlərinin yerləşdiyi ərazi, həmçinin ətraf regionlarda sıxlıq nəzərə alınmaqla hər bir mərkəz üzrə 1000-3000, ümumilikdə il ərzində 34000 şagirdin prosesə cəlbi nəzərdə tutulmuşdur. Ümimilikdə, STEAM tədris prosesinə cəlb olunmuş müəllim və şagird fəaliyyətinin izlənməsi, tədris materiallarının həmçinin bu istiqamətdə istifadə edilə bilinəcək müxtəlif resursların toplandığı Vahid Elektron Sistem (VES) vasitəsilə həyata keçiriləcəkdir. STEAM layihəsinin fəaliyyəti steam.edu.az portalı, eləcədə layihənin rəsmi  sosial şəbəkə səhifələri vasitəsilə izləyicilərlə əlaqə yaradır.

            Naxçıvan Dövlət Universiteti ilklərə imza atması ilə, yeniliklərə hər zaman açıq olması ilə hər zaman fərqlənmiş, bu sahədə işlərini davam etdirir. Bu ildən STEAM metodu seçmə fənn kimi tədris yükünə daxil edilmiş, universitetdə STARTAP, ENACTUS kimi layihələrin davamı olaraq sınaqdan keçirilərək tələbələrin böyük marağına səbəb olmuşdur. STEAM metodunun ali məktəbdə tədrisi, düşünürük ki, istər müəllimlik ixtisası tələbələri, istərsə də digər ixtisasda təhsil alanlar üçün gələcək işlərində yeni layihələr üzərində işləmək üçün stimul, motivasiya rolunu oynayacaq. Universitetin nəzdində dövlətimizin xüsusi qayğısı ilə STEAM mərkəzinin tikilişi və bu sahədə aparılan işlər, universitet rəhbərliyinin universitetdəki yenidənqurma, təhsil-tədris prosesinin keyfiyyətinin qaldırılmasındakı səyləri də xüsusi qeyd edilməlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 7 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu tədris metodunun məqsədi şagirdlərin bacarıqlarını düzgün istiqamətə yönəltmək, fənlər arasındakı fərqi aradan qaldırmaq və bu təhsil yanaşması ilə araşdırma, istehsal və ixtiraçı nəsil yetişdirməkdən ibarətdir. Dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilən STEAM təlim metodu 2020-2021-ci tədris ilindən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində də tətbiq olunur. Bu məqsədlə STEAM kabinələri yaradılır, müəllimlər STEAM təlimlərinə cəlb olunur. Təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb və mərkəzin təqdimatı keçirilib.

Mərkəz müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, 10 ədəd kompüter, 1 ədəd 3D printer və müxtəlif rəngdə çap materialı, Makeblock, mBot, Arduino BT robotlar, Mindstorms və education lego dəstləri, 3D qələmlər, Arduino və BBC Micro:bit proqramlama və inkişaf dəstləri, servo mühərriklər, LCD ekranlar, micro idarəetmə modulları, RGB led və naqillər, müxtəlif ölçüdə mikro mexanizmlər, kiçik elektronik komponentlər, təlim dəstləri, müxtəlif fiqurların hazırlanması üçün lazım olan alətlər, tədris üçün ofis ləvazimatları və digər materiallarla tam təmin olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalayıb, NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrini genişləndirilərək dünyanın 130-dan çox universiteti ilə həmçinin, Türkiyənin 80-dək ali təhsil ocağı ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaradılmışdır. Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlığın təşkili öz müsbət bəhrələrini verir. Naxçıvan Dövlət Universitetində yeniliklərdən biri də ingilis dilində İqtisadiyyat ixtisasının tədrisi uğurla nəticələnmiş, ingilis dilində yeni yaradılacaq Tibb ixtisası üçün də ikili diplom proqramının təşkil edilməsi isə müzakirə olunan məsələlərdəndir.

Naxçıvan Dövlət Universitetinin bu yaxınlarda dünyanın ən yaxşı universitetləri sırasında yer alması da təsadüfi deyildir. Azərbaycan Respublikası rəhbərliyinin, Naxçıvan Ali Məclisi Sədrinin birbaşa qayğısını öz üzərində daim hiss edən universitet kollektivi Qarabağ Zəfərimizin 1-ci ildönümündə öz işlərini bundan sonra da layiqincə yerinə yetirmək əzmindədir. Yaxın gələcəkdə Şuşada, Ağdamda konfranslarda, simposimlarda yeni layihələrlə iştirak etmək üçün dünya standartları səviyyəsində təhsil mühiti yaratmağa çalışan Naxçıvan ziyalıları gündən-günə inkişaf edən Azərbaycanın cənnət diyarında hələ Azərbaycan elminə, təhsilinə, dövlətçiliyinə çox töhfələr verəcəkdir.

Müəllif: Zərövşən BABAYEVA

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru