AZƏRTAC xəbər verir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Azərbaycan uşaq mətbuatında rus ədəbiyyatı məsələləri (1906-1920)” kitabı çap olunub. Monoqrafiya mərhum görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Xeyrulla Məmmədovun xatirəsinə ithaf olunub.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, monoqrafiyanın elmi redaktoru institutun direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri isə filologiya elmləri doktoru, professor Gülər Abdullabəyli və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli nəşrə “Azərbaycan-rus ədəbi əlaqələrinin araşdırılmasına həsr olunmuş dəyərli tədqiqat əsəri” sərlövhəli “Ön söz” yazıb.
“AFPoliqrAF” nəşriyyatında çap olunan kitabda XX əsrin əvvəllərində uşaq ədəbiyyatı materialları əsasında Azərbaycan-rus ədəbi əlaqələrinin inkişafı və bədii tərcümə, eləcə də rus uşaq ədəbiyyatının Azərbaycan dilində ifadəsi məsələləri tədqiq olunub.
Tanınmış şair Elnur Uğur Abdiyev “Təkcə sən bilirsən” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatına layiq görülüb.
ZİYADAR MÜKAFATI – ELNUR UĞUR ABDİYEV N:057 16.02.2021. – BAKI.
Bu münasibətlə Elnur müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!
Dəyərli oxucum, bu yazını yazmaqda yeganə məqsədim bizə faydalı olanı göstərməkdir. Odur ki, qarşımda nə heç kimi tərifləmək, nə də pisləmək kimi bir məqsədim yoxdur. Bu yazdıqlarım sadəcə mənim düşündüklərimdir və səni qane etməyə də bilər. Yazı necə yarandı? – Əlbəttə, bütün mövcudiyyatın bir yaranış səbəbi və məqsədi mütləq vardır. Əvvəlcə ən yaxın ətrafda, sonra isə nisbətən geniş çevrədə araşdırma apararkən məlum oldu ki, xüsusən də gənclərimizin çoxu, (əsasən 17-25 yaş arası- demək olar ki, kitab aləminin dərinliklərinə baş vurduqları lap erkən dövrlərdə, mütaliənin ən şirin çağlarında), deyərdim ki, müəllifinə görə kitab oxuyanların adlarını çəkdiyi on müəllifdən biri Erich Maria Remarque oldu. Deyəcəksiz, burda qəribə nə var ki, belə də olmalıdır. Təbii haldır. Yuxarıda qeyd etdiyim kimi mənim bu yazıda heç kimin yazdıqlarına qiymət vermək fikrim və ya nəyin yaxşı, nəyin pis olduğunu açıqlamaq deyə bir məqsədim yoxdur. Onu da qeyd edim ki, nisbilik baxımından bunun elə bir əhəmiyyəti də yoxdur. Ancaq, belə bir sual meydana çıxır: – Niyə bəs on müəllifdən biri Erich Maria Remarque olur? Bu suala kəsədən bəs gənclər nə oxusun, özümüzdəkilərin çoxu cəfəngiyyat və ya zamanla ayaqlaşmayan yazılar, digərlərinə üz tutanda da əbədiyaşar Erich Maria Remarque ilk onluğa düşməyə həqiqətən layiq bir yazardır, deyə cavab verib, söhbəti buradaca tamamlamaq olardı. Ancaq, Sizi inandırım ki, bu heç də belə deyil. Xüsusən də yuxarıda qeyd olunan oxucu kütləsi – araşdırmaçılar (hamı oxumaqdan, mütaliədən danışır mən nə oxuyum?) qrupu, yəni, hələ özünün bir istiqaməti, dünyaya baxışı formalaşmamış gənc oxucuların böyük bir qismi Sizə deyim ki, Erich Maria Remarque nin hələ öz sağlığından bu günə ağızdan-ağıza dolaşan adının hesabına onu seçir. Yəni müəllifə görə əlinə düşən, ilkin variantda qrup yoldaşının, dostun, tanışın hər hansı bir kitabını oxumağa başlayır və təbii prosesin davamı olaraq o da öz növbəsində dostuna, qrup yoldaşına tövsiyyə edir və hazır oxuduğu kitabı verir. Söhbətin bu yerinə qarşıda qayıtmaq şərti ilə burada kiçik bir haşiyəyə çıxaq və Erich Maria Remarque nin yazıb-yaratdığı və məşhurlaşdığı dövrə qısa bir nəzər salaq. Demək olar ki, bu dövrdə – söz, məlumat aclığı zamanı- qəzet, jurnal və kitabdan başqa bu boşluğu doldurmağa elə bir vasitə yox idi. Məhz bu zamanda da hamıya məlum və doğma olan, – “kişi düz deyir də”- konteksində yazılarla ortaya çıxan Erich Maria Remarque tezliklə şöhrət qazandı və bir-birinin ardınca yüksək tirajlarla nəşr olunmağa başladı. Çox keçmədən dünyanın əksər ölkələrinə yayıldı. O vaxtdan dünyada çox hadisələr baş versə də, qayələr, ideyalar, fikirlər, yayım yol və üsulları dəyişsə də Erich Maria Remarque məşhurluğuna zərrə qədər də olsa xələl gəlmədi. Əksinə “kişi düz deyir də”- konteksində düşünənlər həmişə çox olduğuna və bu nisbət daim artığına görə, tam təbii prosesin nəticəsi, eyni zamanda məntiqi olaraq onun şöhrəti də artdı. Sözün əsl mənasında nə qədər gözəl bir haldır ki, illər sonra Erich Maria Remarque üçün olduqca ucqar bir məmləkətdə (bəlkə də sağlığında onun heç tanımadığı, adını belə eşitmədiyi bir ölkədə) onun haqqında danışır, onun yazdıqlarından söhbət açırıq.
Ramil Səfərov, yoxsa Erich Maria Remarque?
Bu çox xoşdur. Ancaq indi görək bizim sevimli yazarımızın yazdıqlarını oxumaq bizə nə dərəcə də vacibdir. Ümumiyyətlə oxumalıyıqmı? Mən deyərdim ki, elə əsərlər vardır ki, xüsusən də yuxarıda qeyd olunmuş kateqoriyasında olan oğlanların oxuması heç də məqsədəuyğun deyil. Bir daha qeyd edirəm bunun Erich Maria Remarque nin necə yazar olmasına heç bir aidiyyatı yoxdur. Sadəcə elə yazılar var ki, çox gözəl alternativ variantlar olduğu halda gənclərin, xüsusən də yeniyetmə oğlanların bizim hal-hazırki dövrümüzdə onları oxuması məqsədəuyğun deyil. Mənim burada heç bir təhlil aparmaq fikrim yoxdur. Sadəcə iki nümunə adını qeyd edib oxuyub nəticə çıxarmağı Sizin öz öhdənizə buraxa bilərəm. Birinci götürək sevimli yazarımız Erich Maria Remarque nin “Qərb cəbhəsində yenilik yoxdur” (Ana dilimizdə) kitabını, onu qeyd edim ki, gənclərimizin çoxu rus dilində, son illər ingilis, alman, fransız dilində də olan kitablarını böyük həvəslə oxuyurlar.
Alternativ olaraq isə elə bir əsər seçdim ki, iynənin ucu qədər də olsa heç kimdə narazılq doğurmasın və ya bu yazıda nəsə bir başqa marağın olduğu barədə şübhə oyanmasına imkan verməsin. Bu kitab olsun, Ramil Səfərovun Budapeşt, Kozma həbsxanasında Macar dilindən doğma Ana dilimizə tərcümə etdiyi (başqa dillərdə də tapıb oxumaq olar) Ferenc Molnarın (Ferens Molnar) “Pal küçəsinin oğlanları” (“A Pal utcai fiuk”) əsəri. Sonda lap səmimi bir qeyd etmək istəyirəm: – “Vallahi əmimiz oğlu deyil, dayımız oğlu deyil, biri Alman, biri Macar , üçdə alacağımız, beşdə verəcəyimiz yoxdur, ruhları şad olsun…” – indi nə vaxt imkanınız olsa, rast düşsə bu kitabların ikisini də oxuyun. Sonra özünüz qərar verin bunlardan hansını oxumaq, Azərbaycan yeniyetməsi, gənci, sabahın Əsgəri, Vətən müdafiəçisi üçün daha vacibdir??? Yaxud da Ramil Səfərov niyə məhz “Pal küçəsinin oğlaları” əsərini seçdi??? Siz seçim qarşısında qalsaz, Ramil Səfərovun seçimini təkrarlayardınızmı yoxsa???
11.10.2016. Bakı.
QEYD:
Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.
Bu gün tanınmış şair – publisist Qılman İMANnın anadan olduğu gündür. Ad günü münasibəti ilə şairi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Qılman müəllim!
Həyatı Qılman İman 15 fevral 1986-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində tanınmış şair Aqil İmanın ailəsində dünyaya gəlmişdir. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. (Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, “Nurlan nəşriyyatı”, 2006. səh.185.)
1992-ci ildə Bərdə rayоnu Yеni Daşkənd kənd оrta məktəbinin I sinifinə qəbul оlmuş və 2003-cü ildə Bərdə rayоnu Yasif Kərimоv adına Yеni Daşkənd kənd оrta məktəbinin ХI sinifini əla qiymətlərlə bitirmişdir.
2003-cü ildə Azərbaycan Bеynəlхalq Univеrsitеtinin Jurnalistika fakültəsinə qəbul оlub və 2007-ci ildə həmin iхtisası bitirmişdir.
2004-cü ildə “İslahat” qəzеtində pоеziya şöbəsinin müdiri, 2005-ci ildə “Еtiraf” qəzеtində baş rеdaktоrun müavini vəzifəsində çalışmışdır. (Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, “Nurlan nəşriyyatı”, 2008.)
2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıхış еdir. “Durnа qаtаrı-II”, (tоplаyıb tərtib еdəni: Məhəmməd Ələkbərli), Bаkı, “Nurlаn”, 2006. səh. 89–94. Əli Vəkil, “Ot kökü üstə bitər”. Ekspress qəzeti. № 225(2403). 8 dekabr 2007-ci il.
İran, Türkiyə mətbuatında şеirləri çap оlunub. Haqqında tanınmış şair və yazıçıların rəy və rеsеnziyaları çap оlunmuşdur.
2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Televiziyasında çalışmışdır.
2008–2010-cu illərdə Gənc Ədiblər Məktəbinin üzvü olmuşdur. 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü və prezident təqaüdçüsüdür.
17 mart 2011-ci ildə “Qızıl qələm” mükafatı ilə təltif olunmuşdur. Əsərləri bir sıra dillərə tərcümə olunmuşdur.
Azərbaycan radiosunda redaktor vəzifəsində çalışır. “Söz-sözü çəkər” adlı ədəbi-bədii verilişin aparıcısı və müəllifidir.
“Ulduz” jurnalının redaksiya heyətinin üzvü;
23 dekabr 2017-ci ildən “goyce.az” saytının təsisçisidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib olunmuş “MƏKTƏBƏ HAZIRLAŞIRIQ” adlı metodik vəsaitə (I və II hissələr üzrə – Bakı – 2019) daxil olunmuş şeirlərdən ibarət Zaur Ustacın “GÜLÜZƏNİN ŞEİRLƏRİ” (“Gülünün şeirləri”, “Güllünün şeirləri”) KİTABI yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın redaktəsi və tərtibatında ən yeni təkmilləşdirilmiş təkrar nəşrinin (Bakı – 2021, SONUNCU NƏŞR) PDF variantı:
Biri var idi, biri yox idi. Qırmızı sehirli saray var idi. Bu sarayda heç vaxt işıq yanmazdı. Yalnız geniş qapıları açılanda günəş içərini işıqlandırar, divarlar al qırmızı rənglə bərq vurardı. Saraya qırmızı əjdaha gecə-gündüz keşik çəkərdi. Onun başı, gözü, ağzı, əl-ayağı yox idi. Lakin çox güclü idi və saraya bir milçəyi belə uçmağa qoymazdı. Qırmızı divarlardan həmişə şəlalələr axar, əjdahanın sağında, solunda çaylar əmələ gətirərdi. Çaylar axıb sarayın dərinliklərində yerləşən qaranlıq sehirli mağaraya tökülərdi. İnsanlar bu mağaraya üç saatdan bir süd, su tökməli idilər. Vaxtından bir dəqiqə belə keçsə mağaradan elə bir nərilti səsi gəlirdi ki, insanlar qorxudan təşvişə düşürdülər.
Mağaradan sevincli səslər gələndə sarayın qapıları açılır və bacılar işıqlı dünyanı görürdülər. Burada gözəl bir qadın gülümsəyərək bacılara baxırdı. Əlindəki yabanı bacılara tərəf uzadanda qorxdular. Elə bildilər ki, yaba ilə onları öldürəcək. Qışqırıb əjdahanı köməyə çağırdılar. Əjdaha əzələli bədəni ilə yabanı itələməyə başladı. Yabanın üstündəki qarışığın ətrini hiss edib duruxdu. Qarışıq saraya tökülən kimi yaba geri şəkildi. Sarayın qapıları bağlandı. Bu ləzzətli yemək idi. Bacılar bu yeməkdən daddıqdan sonra əjdaha onu şəlalənin suyuna qatıb mağaraya yönəltdi. Beləcə gündə bir neçə dəfə baş verən bu maraqlı və dadlı hadisə Ağqızların xoşuna gəlirdi.
Artıq döşəmədə peyda olan ağartılar sarayda heç kimi təəccübləndirmir, əksinə “Bir bacımız da olacaq!” deyə sevindirirdi. Bacılar fırça ilə tanış olmuşdular. İlk dəfə fırça saraya daxil olanda aralarına vəlvələ düşdü. Fırça onlara yaxınlaşıb bədənlərini sürtməyə başlayanda bunun heç də qorxulu olmadığını, əksinə əyləncəli olduğunu anladılar. Fırça səhər , axşam gəlib bacıları parıldayana qədər təmizləyirdi.
Günlər, aylar bir-birini əvəz etdi. Bacıların sayı iyirmi dörd oldu. Onlar artıq böyüyüb işləməyə başlamışdılar. Gündə bir neçə dəfə mağaraya gələn yeməkləri yaxşıca əzirdilər. Lakin onların düşməni peyda olmuşdu. Bu vahiməli, öldürücü Şəkərxox idi. Şəkərxox bütün sirin yeməklərin tərkibində mağaraya daxil olurdu. Bacılar bu şirniyyatları əzəndən sonra xəstələnirdilər. Şəkərxox qızlara yapışır, fırça təmizləməyə gələnə qədər onları xəstəliyə yoluxdururdu. Ağqızlardan biri bu xəstəliyə düçar oldu. Üstünə qəhvəyi ləkə düşdü. Fırça nə qədər sürtsə də bu ləkə təmizlənmədi. Ləkə günü-gündən böyüyür, ağqızı ağrıdır, dözülməz işgəncələr verirdi. Bir neçə aydan sonra Ağqız rəngini dəyişib qaraqız oldu və bir gün bacılar onu əbədi olaraq itirdilər.
Sarayda hamı qəm dəryasına qərq olmuşdu. İtirilmiş bacının xiffətini çəkirdilər. Şənliyə, işləməyə həvəs qalmamışdı. Əjdaha nə qədər çalışsa da bacıların üzünü güldürə bilmirdi. Ağqızların Şəkərxoxa olan nifrəti artırdı. Bacılar müşavirə keçirib qərara aldılar ki, bir daha düşməni saraya yaxın qoymasınlar. Elə ki, yeməkdə şirin dad hiss edirdilər, əjdaha ilə birləşib onu saraydan kənara atıb, “Sən bizi daha xəstələndirə bilməyəcəksən” deyirdilər. Amma bir gün maraqlı hadisə onların əhvalını düzəltdi. Boş qalmış yerdə ağartı göründü. Bu ağartı onlara tanış idi. Yeni bacıları dünyaya gəlirdi. Bu xəbər hamıya yayıldı. Sarayda bayram oldu. Bacılar bir-birini təbrik edir, əjdaha sevindiyindən rəqs edirdi.
İllər ötdü. Ağqızların sayı otuz iki oldu. Hamısı bir boyda, cərgə ilə düzülmüş bacılar mirvari kimi bərq vururdular. Ağqızlar qatı düşmənləri olan Şəkərxoxa qalib gəlmişdilər. Saraya girişinə qadağa qoyulan gündən bacılar sağlam və çox güclü olmuşdular. Ən yaxın dostları isə su və təmizlik idi.
14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan 14 fevral – Azərbaycanın Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub. Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər. Hərbi Hava Qüvvələri günü münasibəti ilə bu sahədə təmsil olunan bütün hərbçilərimizi təbrik edir, onlara aydın fəza arzulayırıq.
Şair-publisist Zaur Ustac M. Hadi adına Şamaxı şəhər 9 saylı tam orta məktəbin ” I b” sinif şagirdləri ilə birlikdə “Məzəli Hərflər” müsabiqəsindən sonra.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib olunmuş “MƏKTƏBƏ HAZIRLAŞIRIQ” adlı metodik vəsaitə (I və II hissələr üzrə – Bakı – 2019) daxil olunmuş şeirlərdən ibarət Zaur Ustacın “GÜLÜZƏNİN ŞEİRLƏRİ” (“Gülünün şeirləri”, “Güllünün şeirləri”) KİTABI yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın redaktəsi və tərtibatında ən yeni təkmilləşdirilmiş təkrar nəşrinin (Bakı – 2021, SONUNCU NƏŞR) PDF variantı:
Məhəmməd HADİ adına Şamaxı şəhər 9 saylı tam orta məktəbinin birinci “b” sinif şagirdləri Zaur Ustacın şeirlərindən ibarət “MƏZƏLİ HƏRFLƏR” müsabiqəsində iştirak ediblər. Şair birinciləri sevindirib. Şamaxı – 2017.
Məhəmməd HADİ adına Şamaxı şəhər 9 saylı tam orta məktəbinin birinci “b” sinif şagirdi, Leyla EYVAZOVA (müsabiqənin qalibi) “L” hərfinin şeiri, “MƏZƏLİ HƏRFLƏR” müsabiqəsində, müəllif: Zaur USTAC “GÜLÜNÜN ŞEİRLƏRİ” kitabından.
“Mütərcim” nəşriyyatında professor Akif Abbasov, pedaqogika üzrə fəlsəfə doktorları Rəhiməxanım Məmmədzadə və Lalə Məmmədəlinin müəllif-tərtibçiliyi ilə ali təhsil müəssisələri üçün “Pedaqogika: Müntəxəbat” dərs vəsaiti işıq üzü görmüşdür.
Dərs vəsaitinin elmi redaktoru professor Fərrux Rüstəmov, rəyçiləri professorlar Fərahim Sadıqov, Hümeyir Əhmədov və İntiqam Cəbrayılovdur.
Ali təhsil müəssisələri üçün müxtəlif alimlər tərəfindən yazılmış pedaqogika dərslikləri vardır. İstər müəllimlər, istərsə də tələbələr həmin dərsliklərdən lazımımi şəkildə faydalanırlar. Təqdim olunan dərs vəsaiti pedaqogika üzrə mühazirə və seminar məşğələlərinin səmərəli təşkilinə kömək etmək məqsədi ilə hazırlanmışdır. Dərs vəsaiti tərtib olunarkən “Pedaqogika” dərsliklərinin materiallarından və pedaqoji mövzuda yazılmış elmi məqalələrdən istifadə edilmişdir.
Müntəxəbata Yan Amos Komenskinin, Azərbaycanın görkəmli pedaqoq və psixoloqlarından Mehdi Mehdizadənin, Əhməd Seyidovun, Mərdan Muradxanovun, Zahid Qaralovun, Hüseyn Əhmədovun, Abdulla Mehrabovun, Əbdül Əlizadənin, Nurəddin Kazımovun, Əliheydər Həşimovun, Yəhya Kərimovun, Əjdər Ağayevin, Yusif Talıbovun, Akif Abbasovun, Oruc Həsənlinin, Fərrux Rüstəmovun, Fərahim Sadıqovun, Ənvər Abbasovun, Rəfiqə Mustafayevanın, Sərdar Quliyevin, Müseyib İlyasovun, Firədun İbrahimovun, Ləzifə Qasımovanın, Vidadi Xəlilovun, Hümeyir Əhmədovun, Piralı Əliyevin, Şahin Tağıyevin, Rüfət Hüseynzadənin, Məcid İsmixanovun, İramin İsayevin, Allahverdi Eminovun, İntiqam Cəbrayılovun, İlham Cavadovun, Vidadi Bəşirovun və b. pedaqogikanın ümumi məsələlərinə, təhsil, təlim və tərbiyə nəzəriyyəsinə, məktəbə rəhbərlik və onun idarə olunmasına, kurikulum, təhsil standartları, taksonomiya, pedaqoji diaqnostika və ekspertiza, monitorinq və qiymətləndirmə, pedaqoji fikir tarixi və s. bu kimi məsələlərə həsr olunmuş materialları daxil edilmişdir.
Dərs vəsaitindən ali məktəb tələbələri, müəllimlər, dissertant və doktorantlar, magistrantlar, magistrlər, valideynlər, həmçinin geniş oxucu kütləsi də faydalana bilərlər.