Əbilin son fotosu (o gündən 20 gün əvvəl)
“Əbədiyyətinlə gəldik üz-üzə”
Qanımın səsini Əbildən sonra eşitməyə başladım.
Canımın içində ağrıyan, ağlaya-ağlaya başını daşdan-daşa çırpan nədir? Ruhumun içində göynəyən kimdir? Bunu Əbildən soruşmaq istəyirəm. Ancaq onu əbədi yuxusundan ayırmaq, bu dünyanın ahəngində olan səsimlə onu səksəndirmək istəmirəm. Qoy Əbil öz əbıdi yuxusunda rahat yatsın.O bir də İsrafilin suru səslənəndə oyanacaq. Onda mən də onun torpaqdaşı olacağam. Allah bilir,nə zamandan sonra İsmillidəki məzarlarımızdan qalxıb bir yerdə kəpənəklər kimi Tanrının dərgahına uçacağıq… Bilmirəm, böyük məşhərdə adamlar bir-birini tanıyacaqmı? Milyon yaşlı aləmlər, adəmlər… adamlar… Rəbbin hüzuruna tələsəcək… Göy üzü ağ qanadlı kəpənəklərlə-ruhlarla, yaxud cisimlərlə dolu dərgaha gedən yola çevriləcək… Böyük bir yola..Tək yola.Ağ yola. Dünyada bundan başqa bir yol qalmayacaq, olmayacaq… Balaca dünya o zaman tamamlanacaq. Sözünü tamam edib sonsuzluğa yuvarlanacaq.
Amma mən Əbili tanıyırdım. Bilirdim ki, balaca canına hopdurduğu misilsiz düşüncə dalğası, böyük türklük sevdası, şahzadə ədaları, irfan işığı- narın vücuduna sirdaş qıldığı Mövlana, Nəsimi, Bəyazid Bistami ona inandırıb ki,aşiqlər ölməz. O da aşiq idi… Bakı Dövlət Universitetinin sufiməşrəb məzunu,Azərbaycan ordusunun müharibəyə lənət, türkün savaş ruhuna -Amin! söyləyən əsgəri, Şərqşünaslıq İnstitunun Əbil boyda bir mövlanəsi idi.
Və təpədən-dırnağa kimi bir intellekt burulğanı idi…
Hardasan Əbil?
Səndən soruşduğuma Tanpınar cavab verir: Yıldızların altın bahçesindeyiz,
Ebediyyetinlə geldik dizdizə.
Ulduzlarla dopdolu göyüzü…
Ulduzların qızıl baxçası… Əbilin çox sevdiyi Tanpınar “Göylər yaxınlaşdı bizə”- deyir.
Əbil də Göy Adamı olandan sonra göyləri mənə yaxınlaşdırdı …
Göylərə baxıram.Göylərə gedən oradan qayıdarmı?
…Yazıq yerüzü… Hamıdan balaca ola-ola özünü hamıdan böyük bilən yer… Bizə dağ çəkən yer…
Əbili istəyirəm. Göylər onu mənə verərmi? Göstərərmi? Yox. Bir dəfə vermişdi. Alıb apardı. İkinci dəfə verməz.Əbil göylərin aşiqi idi. Göylər də onun bu sevgi dolu sirrindən agah olub onu özünə çəkdi.
Sən əvvəllər hardaydln, Əbil? Ola bilməzdi ki,sən qəfil bu dünyaya gəlib, sonra Əbil olub,bir az böyüyüb Göy Tanrıdan, “Şahnamə”dən, Böyük Dəmirçidən,Tolstoydan yazıb, sonra bizi belə amansca tərk edib gedəydin.
Sənin üzündə iki min illik tarixin iztirabı vardı…Təbəssümündə də o iztirab gizlənmişdi. Nə idi sənə əzab verən, Əbil?
…Sən onda balacaydın, körpəydin. Mənim bu dünyada sevdiyim ən gözəl ətir sənin ətrin idi.İndi o ətirdən ötrü garıxıram, Əbil.Qeybindən qızılgül ətri gəlir .Qeybinin rayihəsində behişt havası var… Yazdıqların indi qeybin sədası kimi gəlir mənə. Ya da qeybdən əsən meh kimi: “Damardakı qan kimi burula-burula bir çay axır sehr dolu bir ölkədən. Zamanın özü qədər qədim olan bu çayın sahilində hələ də bir əfsanə anılmaqdadır- Züleyxanın Yusifə olan sevgi əfsanəsi…”
Sən də əfsanəsən artıq..
Nə yapdınsa, necə etdinsə,məni yeriyən, danışan, düşünən bir daşa çevirdin. Mənə tilsim vurub dünyanı dəyişdin. Səndən sonra mənim də dünyam dıyişdi, Əbil.
Əlimdən nə gəlir, Əbil.
Bəlkə dünyaya dünyanın tərs vaxtında gəlmişdin, ona görə iztirab nişanəsi qonmuşdu cöhrənə. Amma əmin ol, nə vaxt doğulsaydın,elə belə olacaqdın.İztirablı uşaq. Heç İsa Məsihin yaşına çatmadın. Əbil, sənin heç otuz yaşın olmadı…
Amma mən otuz il bundan əvvılki günlərimi xatırlayıram. Elə bil dünən olmuşdu.Dünya necə də balacadır … Ömür necə də qısadır? İstər 80 il olsun, istər 25 il… Bütün hallarda dünyanın vaxt qismətindın bizim payımıza düşən illər azdlr, cox azdır. Burada bir göz qırpımıdır. Orada, Sənin indi olduğun aləmdı bəlkə bu bir göz qırpımı da yoxdur… Bəlkə sən orada, oranın öz gecələrində yatıb iyirmi beş illik, səksən illik bir ömür görürsən yuxularında. Səhərlər yenə ayılırsan. Yuxuda sənə tanış olmayan adamlar gördüyünü, kim bilir, bəlkə də bərxəzdəki Azərbaycan türklərinin içərisində hamıdan çox sevdiyin Nəsimiyə danışırsan.
Gördüyün, amma sənə tanış olmayan o adamlardan biri də mənəm, Əbil.
Məni unutma, Əbil.
Ehtiramla: AZƏR TURAN
Mənbə: Etibar Əbilov
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru