Etiket arxivi: Əhməd Haqsevər

Əhməd Haqsevər. Uşaq şeirləri

ƏHMƏD HAQSEVƏRİN YAZILARI

UŞAQ ŞEİRLƏRİ
QÜDRƏTİN BAŞI
Dünən gecə maraqla
Gedirdi evdə söhbət.
Kimsə dedi itirib
Başını qonşu Qüdrət.
* * *
İşə bax, bu gün səhər
Gördüm həmin qonşunu.
Başı yerindəydi ki,-
Hardan tapıb başını?

CİNASLI DEYİMLƏR
Gözəldir görkəmi ?–
Yaxşı bax, gör kəmi.
* * *
Yaxşını yaxşı san,
Deyərəm yaxşısan.
* * *
Nəfsə ram olmaram,
Sən də gəl olma ram.
* * *
Layiqsə, təriflə,
Məhv etmə təriflə.
* * *
Dünyada ölkə min,
Oğluyam ölkəmin.
* * *
Yalandan əl çalır,
Doğrudan alçalır.
* * *
Paxıllıq–yaradır,
Xəstəlik yaradır.
* * *
Div gördüm yuxuda,
Eh… qaçdı yuxu da.
* * *
Doğulan hər çağa
Sevincdir hər çağa.
* * *
Bu palto qızındı,
Geyindi, qızındı.
* * *
İstəyir yara maz,
Başqa şey yaramaz.
* * *
Bədə xoş deyildi,
Yox, belə deyildi.
* * *
Düzəltdi saatsaz,
İşləyir saat saz.
* * *
Yol kimin?–Böyüyün.
Eləysə böyüyün.
* * *
Düşmən ki buyurdu,
Gəl qoru bu yurdu.

AZADIN KONFETLƏRİ
Öz iki konfetini
Çoxdan yemişdi Həsən.
Qardaşının payına
Göz dikmişdi deyəsən…
* * *
Yaxınlaşıb Azadı
Aldatmağa çalışdı.
,,Birini ver də mənə.”-
Şirin-şirin danışdı.
* * *
Başladı axtarmağa,
Tapmadı heç birini.
Harda gizlətmişdisə
Biləmmədi yerini.
* * *
Azad bir xeyli güldü,
Dedi:-İşlətmişəm çəm.
Mən öz konfetlərimı
Qarnımda gizlətmişəm.

GİLAS BUDAĞI
Gülçöhrə tez qaçaraq
Əlində kiçik budaq
Evə girdi sevincək,
Gülüşü açdı çiçək.
Budaqda vardı xeyli
Meyvə iri, şirəli.
Dedi:-Ata, bura bax,
Cənnət imiş bizim bağ.
Mən budağı qırmışam,
Sənə pay gətirmişəm.
Gör nə qədər gilas var,
Yesən, necə xoş olar!
Ata görcək bu halı,
Tam dəyişdi əhvalı.
Dedi:-Ay gözəl qızım,
Yadında qalsın sözüm.
Ağac canlıdır axı,
Qırmaq ilə budağı
Əzab vermisən ona,
Ağrısı yetməz sona.
Bizə dostdur ağacllar ,
Onların çox xeyri var,-
Bol-bol verirlər meyvə,
Hələ bundan əlavə
Təmizləyirlər hava,
İşmi görürlər yava?
Yayın isti vaxtında
Dincəlirik altında.
Bir də belə şey etmə,
Ağacları incitmə.

HAMIDAN ƏVVƏL
Hamıdan əvvəl Bakı
Qarşılayır səhəri.
Günəş Xəzərdən çıxıb
Salamlayır şəhəri.

OĞURLUĞUN NƏTİCƏSİ
Elnur baxıb ağaca
Dərindən köks ötürdü.
Gördü ki, yoxdur görən,
Yerdən bir daş götürdü.
* * *
Qonşunun ağacına
Həmin o daşı atdı.
Daş bir anda qayıdıb
Öz başını qanatdı.
* * *
Ancaq o nahaq yerə
Axıtdı göz yaşını,-
Oğurluq etməsəydi,
Qanatmazdı başını.

ÜMİD VƏ TELEVİZOR
Qucağımdan kənara
Hey dartınırdı Ümid.
Başa düşmürdüm niyə
Bu körpə qalmır sakit.
* * *
Birdən gördüm boylanır
Ümid televizora.
Mən də bircə anlığa
Nəzər yetirdim ora.
* * *
Ekranda görünürdü
Beş-altı kiçik uşaq.
Səpələnib ətrafa
Bir xeyli də oyuncaq.
* * *
Demə, Ümid əl atıb
Televizora sarı,
İstəyirmiş götürsün
Ordan oyuncaqları.

ALİYƏNİN ŞEİRİ
Hər kəsə yazdın-
Dedi Aliyə,-
Bəs mənə şeir
Yazmırsan niyə
* * *
O ki çiçəkdir,
Gözəl-göyçəkdir.
Şeir gərəkdir
Şəkər dilliyə?
* * *
Gördüm layiqdir,
Etməsin fikir.
Yazıb bir şeir,
Etdim hədiyyə.

ƏN BÖYÜK DƏRS
Düşündü müəllimi
Səməndər aldatmağı,
Dünən dərsi danışıb
Qiymət almışdı axı.
* * *
Bütün günü oynayıb
Dərs öyrənmədi daha.
Amma bu fikri ona
Başa gəldi çox baha.
* * *
Çevrildi həqiqətə
Düşündüyünün tərsi.
Müəllimi çağırdı
Danışmaq üçün dərsi.
* * *
Səməndərin boğazı
Tamam qurudu qaldı.
Dünən ,,beş” almışdısa,
Bu gün də ,,iki” aldı.
* * *
Bu da dərs oldu ona,
Bir də belə etmədi.
Dərsi hazırlamamış
O məktəbə getmədi.

CAVANŞİRİN YUXUSU
Gecənin bir yarısı
Evdə hamı yatmışdı.
Cavanşir səs-küy salıb
Oğuzu oyatmışdı.
* * *
Səhər Oğuz elədi
Qardaşından şikayət.
Anası da soruşdu
Cavanşirdən nəhayət:
* * *
-Gecənin yarısında
De,qalxmısan ayağa,
Qardaşın Oğuzu da
Qoymamısan yatmağa?
* * *
Cavanşir dedi:-Ana,
Nədənsə qaçdı yuxum.
Daha yuxum gəlmədi,
Ha gözlərimi yumdum.
* * *
Oğuz dedi:-Yalandır,
Qapını da açmayıb,
Cavanşirin yuxusu
Heç bir yana qaçmayıb.

VƏTƏN NƏDİR ?
Ümid soruşdu:- Baba,
Ay baba, Vətən nədir?
Baba öz nəvəsinə
İzah elədi bir-bir.
* * *
Sən də, mən də, anan da-
Ailəmiz Vətəndir.
Bax, bu həyət, bu küçə,
Məhəlləmiz Vətəndir.
* * *
Xoşbəxt yaşadığımız
Şəhərimiz Vətəndir.
Üzümüzə xoş gələn
Səhərimiz Vətəndir.
* * *
Dərin-dərin dərələr,
O dağlar da Vətəndir.
Görmədiyimiz uzaq
Torpaqlar da Vətəndir.
* * *
Deyib anladığımız
Bu şirin dil Vətəndir.
Bizim dildə danışan
Bu xalq, bu el Vətəndir.
* * *
Bax, binların hamısı
Birləşib bir can olur.
Hamımızın anası
Azəribaycan olur.
* * *
Buna görə Vətəni
Qorumalıdır hər kəs.
Ana kimi Vətən də
Sayılır çox müqəddəs.
* * *
Ana Vətəni sevmək
Borcudur hər bir kəsin.
Bizdən başqa kimi var
Axı, bu müqəddəsin?!
* * *
Biz bilməsək qədrini
Nə qalacaq Vətəndən?
Düşmənlər qırar bizi,
Nə sən olarsan, nə mən.
MÜƏLLİF:ƏHMƏD HAQSEVƏR
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

ƏHMƏD HAQSEVƏRİN YAZILARI



ZAUR USTACIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru