Əjdər Əlizadə XXI əsr Azərbaycan ədəbi irsini öz möhtəşəm, mükəmməl qəzəlləri ilə zənginləşdirmiş Azərbaycanın ustad qəzəlxanıdır. Xalqın Şairidir, titullarsız, ordenlərsiz, medallarsız, fəxri adlarsız olsa da belə. O, Mühəmməd Füzulidən bəri Azərbaycan qəzəl sənətində parlayan nadir ulduzlardan biridir. Qəzəllərini daha da möhtəşəm və ürəkoxşayan edən mükəmməl qəzəl qanunlarının əksi ilə bərabər – beytlərdə, misralarda parlayan sevgidir, insana və dünyamıza yönəli ilahi bir sevgi. Əzizimiz Ustad Qəzəlxan Əjdər Əlizadəyə dərin hörmət və sayğılarla.
SÖZÜN GƏLİŞİ Şair Əjdər Əlizadə haqqında bir neçə söz Klassik Şərq ədəbiyyatının şeir növü sayılan qəzəl yazılı ədəbiyyatın ən çətin janrlarından biridir. Əruz vəzninin müxtəlif bəhrlərində yazılan bu janr tarixən poeziyamızda ən çox işlənən bir formadır. Klassik Azərbaycan şairləri Xəqani, Nizami, Nəsimi, Füzuli, Saib Təbrizi, Seyid Əzim Şirvani, Mir Möhsün Nəvvab, Natəvan, Xətai… qəzəlin klassik nümunələrini yaradıblar. Sovet dönəmində, daha sonra isə müasir ədəbiyyatımızda da Əliağa Vahid, Mirmehdi Seyidzadə, Bəxtiyar Vahabzadə, Zeynal Cabbarzadə, Hacı Mail, Ələkbər Şahid, Həkim Qəni, Bakir və s. kimi ustad qəzəlxanlar klassik şeir ənənələrini davam etdirib, bu janrın müxtəlif bəhrlərində gözəl əsərlər ortaya qoyublar. Son illər bu sahədə, daha doğrusu, əruzun zənginliyinə görə həzəcdən sonra ikinci çətin bəhri sayılan rəməldə yazıb-yaradan istedadlı şairimiz Əjdər Əlizadənin adını çəkə bilərəm. Bu yaxınlarda Əjdər müəllim mənə nəşrə hazırladığı yeni qəzəllər toplusunu göndərmişdi və mən, düzü, bu qəzəllərin əksəriyyətini dostumun facebook səhifəsində oxumuşdum, amma bir o qədər də mahiyyətinə varmamışdım. Axı qəzəli və onun xüsusiyyətlərini nəzəri cəhətdən bilmirəm, sadəcə, məna və məzmunu ruhuma yatanda oxuyuram, dinləyirəm və dincəlirəm. Hərçənd çox cavan yaşlarımda mən də bir neçə qəzəl uydurmuşdum və mərhum xanəndəmiz Məmmədbağır mənim bir neçə qəzəlimi məclislərdə oxumuşdu. Sonralar anladım ki, bu “kola” başımı soxa bilmərəm, bunu bacara bilmək üçün İlahi Qüdrət lazımdı. Doğurdan da son otuz ildə gördüm ki, bu sahədə ilahi vergili müəlliflərimiz yetişib, onların bir çoxu ilə ünsiyyətdə oldum, bir çoxunu böyük fəxarət hissilə oxudum, dinlədim və sevdim. Bu müəlliflərdən biri də istedadlı qələm sahibi, şəxsiyyəti də yaradıcılığı qədər pak və səmimi olan Əjdər Əlizadədir. Əjdər müəllimin qəzəllərini bir daha diqqətlə oxudum, sözün düzü, zövq aldım və ruhum təzələndi. Onun yaradıcılığında rəməlin təfilələri sanki Əkrəm Cəfərin bizə miras qoyduğu modellərlə tənzimlənir, bu “ağayana və ləngərli“, həm də əlvan sətirlərin harayı gah Qarabağdan, onun kədərli taleyindən, gah Böyük Zəfərimizdən, anamız Azərbaycanın ətirli torpaqlarından gəlir, gah da gözəlliyyə, sənətə, sözə, musiqiyə, insanlığa can verən sevgidən qaynaqlanır. Onun rəməlin müxtəlif variantlarında ustalıqla ərsəyə gətirdiyi qəzəllərin hər birinin özəl xüsusiyyəti barədə danışmağı, onları təhlil etməyi mütəxəssislərin öhdəsinə buraxıram. Amma bir cəhəti əminliklə qeyd edə bilərəm ki, Əjdər müəllimin oxudğum bütün qəzəlləri sənətkarlıq baxımından da, məzmun və forma baxımından da yenidir, ürəyə yatır, təqdir edilməlidir. Dil, üslub yerində, dəqiq struktur və təfilələr üzərində qurulan bütün növlər və variantlar demək olar ki, Əkrəm Cəfərin modellərinə uyğun gəlir. Əjdərin qəzəlləri mövzu baxımından da zəngindir, onun bu günə kimi oxuduğum qəzəllərində təbiət, sevgi, əxlaq-tərbiyə, fəlsəfi və ictimai-siyasi motivlər öz bədii həllini taparaq xüsusi bir estetika da yaradır. Əsl sənətin məqsədi elə budur. Qələm dostum, müasir Azərbaycan qəzəlində fərdi dəst-xəttiylə seçilən istedadlı şairimiz Əjdər Əlizadənin növbəti kitabının da uğur qazanacağına əminəm. Və inanıram ki, Azərbaycan ədəbiyyatı tarixinə daha bir qəzəlxan ustadımız düşəcək. Bakı, 8 avqust 2025-ci il
AĞDAMIM, SALAM! (Bu gün Ağdamımızın düşmən işğalından qurtulduğu gündür) Çin oldu millətin dilək, arzusu, Qələbə – xalqımın alın yazısı. Şəhidi qəhrəman, igid qazisi, Müzəffər Ordumun qadasın alam, Salam Qarabağım, Ağdamım, salam! * * * Otuz il yolunda qalmışdı gözüm, Titrəyir ağzımda Qarabağ sözüm. İnanın, cismimdə yox idi dözüm, Nə qədər həsrətlə qürbətdə qalam, Salam Qarabağım, Ağdamım, salam! * * * Bilməzdim o yerə dönəcəm bir də, Yurdsuz yaşayırdım sanki, sibirdə… Cismim rahət olar indi qəbirdə, Torpağım anamdır, öz evim balam, Salam Qarabağım, Ağdamım, salam! * * * Əjdərəm, mən köçkün deyiləm daha, Ümid bağlamışıq gələn sabaha. Şükürlər dilərik Uca Allaha, Alındı illərlə alınmaz qalam, Salam qarabağım, Ağdamım, salam! 20.11.2021. Müəllif:Əjdər ƏLİZADƏ
Müstəqil ölkəmizin memarı və rəhbəri, Uşaqdan böyüyədək dilimizin əzbəri, Əlli milyonluq Xalqın Dahi Ulu Öndəri Sən idin, Heydər Baba! * * * Ruhu vətənə bağlı mənliyimiz, özümüz, Daim qayğıkeşliklə xalqa baxan gözümüz, Ali tribunalarda cəsarətli sözümüz Sən idin, Heydər Baba! * * * Bəşərin beş yüz ildə bir dəfə yetirdiyi, Bir ananın qəhrəman doğduğu, bitirdiyi, Allahımın o şəxsi dövrümə gətirdiyi Sən idin, Heydər Baba!