Etiket arxivi: ƏSƏD CAHANGİRİN LAYİHƏSİ

Tural Cəfərli – 44 NÖMRƏLİ PALATA

44 NÖMRƏLİ PALATA

Həkim Güləliyevin üzündə donub qalan təbəssümün ağrıya çevrilməsindən bir az ötmüşdü. Cərahiyyə masasındakı əsgərin sol qolunu qəlpələrdən təmizlədikcə damarları soxulcan kimi tərpənir, təzədən yerinə qayıdırdı. Yarım saat bundan qabaq palataya köçürülən polkovnik Paşayevin yaxınları üstündən barıt qoxusu hələ getməyən zabiti görüb sakitləşdilər.
Xəstəxana dəhlizində labirtinə düşən qohumlar, boz dəsmalla gözünün suyunu silən qocalar, əlində telefon qurdalanan cavanlar olub-bitənlərdən hələ xəbərsiz idilər.
Əsgər Ağayevin ürəyi kəfkirli saat kimi işləsə də, əzaları sanki ətçəkən maşınından keçmişdi… Qara xəbərlərin içində ağ xalatlıların hər gəlişi bir dünyanın varlığı və ya yoxluğu haqqında məlumat demək idi.

– Cek London, Drayzer, Tven…- Əsgər Ağayevin xırıltılı səsi bir andaca palatadakı sükutu pozdu. Ağrıdan dodaqlarını gəmirən Ağayev gözünü tavanda hörümçək toruna zilləyib sayıqlamağa başladı.

– Su, su, su verin… Ağayevin səhra çölünü xatırladan dili ilan kimi qıvrılır, davamında söyüş və qışqırıqlar eşidilirdi… Tibb bacısı dəmir stəkandakı suyu Ağayevə sarı uzatdı. Bir qurtum içib, dayandı. Ətrafa göz gəzdirdi. Hər tərəf ağ pambıq kimi görünürdü…
Ağayev Filologiya fakültəsini keçən il bitirmişdi. Elə Aytacı da fakültədə görüb sevmişdi. Magistraturaya qəbul olsa da, maddi çətinliklərdən dolayı təhsilini davam etdirə bilməmiş, ancaq ümidini də üzməyib hərbi xidmətə yollanmışdı. Beləliklə hərbi xidmət və taleyinə yazılan qanlı müharibə…
Əsgər yoldaşlarını soyadlarına görə yox, sevdiyi yazıçıların adları ilə çağırardı. Məsələn, əsgər Məmmədova Mark Tven, əsgər Dadaşova Drayzer, əsgər Cəfərova Cek London deyə müraciət edirdi. Bunu bölük komandiri kapitan İsayev də sezmişdi. Belə müraciət xoşuna gəlsə də, əsgər Ağayevə bunu ümumi vəziyyət üçün qadağan etmişdi…
Bir dəfə hərbi hissəyə yoxlama gəldi. Əsgər Ağayev yaraşıqlı, qamətli olduğu üçün həmişə ön cərgədə dururdu. Yoxlama rəisi polkovnik Paşayev qəfil Ağayevə yaxınlaşıb soruşdu:
-Əsgər, kitab oxuyursan?
-Bəli, cənab polkovnik- əsgər Ağayev özünü itirmədi.
-Kimləri oxuyursan?
-Əsasən klassikləri. Tolstoyu, Drayzeri, Çexovu… Ağayev başını daha da dikəltdi.
Polkovnik bığaltı gülümsəyib, razılıq əlaməti olaraq əlini Ağayevin çiyninə vuraraq onu təbrik etdi. Bu hadisə bütün alaya yayıldı. Hərbi hissənin kitabxanasını əsgər Ağayevə tapşırdılar. Deyilənə görə bunu şəxsən polkovnik Paşayev əmr etmişdi…

27 sentyabr… Səhər “Qalx” komandası bu dəfə daha həyəcanlı və vahiməli səsləndi. Alay döyüş hazırlığı vəziyyətinə gətirildi. Əsgər Ağayev kitabxanaya baş çəkib dərhal geri qayıtdı. Əlində Tolstoyun kitabını görən kapitan İsayev əsəbləşdi:

-Ağayev, kitab oxumağa getmirik. Silahını götür, kaskanı da unutma!
Əsgər Ağayevin qaşları çatıldı. Cəld yaxasını açıb, kitabı sinəsinə qoydu. Silahını götürüb, dəmir kaskanı başına keçirdi.
– İrəli, addımla marş!-Kapitan İsayev var gücü ilə bağırdı. Səsinin vahiməsi müharibənin sərt üzündən xəbər verirdi…
– “Birinci” mən “Şahinəm” necə başa düşdün qəbul….
-………………..
– Birinci, birinci!!!
-Birinci qəbulda!
-Biz kəndi aldıq, kənd bizdədi…. Necə başa düşdün qəbul!
-……..

Xəstəxana həyətində skamyanın yanında bardaş qurub oturan yaşlı kişi siqaret tüstüsündən saralmış bığına sığal çəkib zikr edirdi. Halından belə məlum olurdu ki, özünü tamamən unutmuşcasına soyuq və halsız idi. Pencəyinin yaxası qədimi orden və medallarla dolu olan bu adamın elə bil üstündə dəmirdən çiçəklər açmışdı… Heç kim ona fikir vermir, yanından yel kimi ötüb keçirdi, heç kim bu pərişanlığın fərqinə varmırdı…
Yaralı əsgərlərin yaxınları əllərini boş ciblərinə salıb çıxarır, baxışlarında közərən ümidlərini dən kimi ətrafa səpirdilər. Palatada zarıltı səsləri artırdı, əl-ayağa dolaşan xadimələr acığını pol dəsmalını döşəməni bərk-bərk silməklə çıxmağa çalışırdı…

Tibb bacısı həyəcanla səsləndi:

– Aaa, işə bax, Mark Tven topa güllə qoyandı. Hələ Drayzerə bax, snayperçidi. Əsgər Ağayev dəli kimi gülməyə başladı. Kapitan İsayev bunu görüb Ağayevə tərəf qaçdı.
– Özünə gəl, Ağayev, pusquya düşmüşük. Cəld ol!!!-Ağayev özünə gəldi. Tez silahını götürüb irəli atıldı.
Mark Tvenin ayağını qoparan qəlpə əsgər Ağayevin qoluna girmişdi. Ağayev qolundan həmin qəlpənin bir hissəsini çıxarıb cibinə qoymuşdu. Bundan sonra qanaxması dayanmadı. Sanitarın üzündəki dəhşət ifadəsi böyüməyə başladı…
Aytacın telefonuna gələn sonuncu mesajdan sonra halı xarab olmuşdu. Kirpiklərinə şeh düşmüş, ala gözləri dan yeri kimi qızarmışdı. O nişanlısının yaralı bədəninə toxunduqca titrəyir, aya bənzər bənizi qəmin xəzanında saralırdı. Hərbi xidmətinin bitməsinə cəmi bir ay qalmışdı. Cəmi otuz gün. Otuz gecə. Həsrətin, ayrılığın bitməyən otuz təqvim günü- sanki sonsuzluq kimi görünürdü.
İndi isə o nişanlısının soyuq bədəninə duyğularını, hisslərini, sevgisini ötürmək istəyir, sızıldayan ağrılarına məlhəm olmağa çalışırdı…
Palata qırx dörd… Tibb bacısının üzünə qonan kədərin iki adı vardı: “Olum və ölüm”… İkincini heç kim eşitmək istəmir, o yan bu yana var-gəl edir, addımlarını sürətləndirib bunu sanki özlərindən uzaqlaşdırmağa çalışırdılar .
Cərahiyyə otağından qara bulud kimi dolub çıxan baş həkimin ağ xalatında ağ nöqtələr güclə sezilirdi. Həmin gün baş həkim Abbasov rəsm emalatxanasından çıxan rəssam kimi üstü al-qırmızı rəngə boyanmışdı, soyuq tərin içində buza dönən üzünü hamıdan gizlətməyə çalışırdı…

Əsgər Ağayevin nişanlısı Aytacın söyüd salxımı kimi çiyninə düşən saçları bir ayın içində ağardı. Əlində Ağayevin cibindən çıxan qəlpəni saxlayır, onunla yatıb, onunla durur, hamıya qəlpənin tarixçəsindən danışırdı. Bir ara qohum-əqrəba qəlpəni gizlətmək istədi, ancaq Aytac qəlpəni qoynuna basıb bütün varlığı ilə onu özündə saxlayırdı…
Həkimlərin bütün səylərinə baxmayaraq əsgər Ağayevin yaşamaq eşqi ilə vuran ürəyinin döyüntüsü kilidlənmişdi. 1 saylı uşaq evində böyüsə də, yetimliyini bildirməz, özünü hamıdan çox atalı-analı kimi göstərərdi…
Nə Aytacın büllür kimi göz yaşları, nə də yaxınların duaları kömək olmadı. Dəfn günü güclü qar yağdı. Hər yan ağ pambıq kimi idi… Aytacın göz yaşları kirpiklərində buzlayıb, donmuş şəlaləni xatırladırdı…


“Bir azdan öləcəm. Lap az vaxtım qalıb… Kimə nə deyim, kimi çağırım bu son anımda?” Dəftərin axırıncı vərəqindəki yazı bu sualla başlayır…
Mərmi yağış kimi yağırdı. Birdən uzaqdan ayağı qucağında uzanan Mark Tven göründü, arxasında sağ qoluna sarı uzanan Drayzer də orda idi… Cek London üzü səmaya sarı gülümsəyirdi. Sanki buludları izləyir, nəsə xəyal edirdi…
Bitdi… Post bizdədi. Qələbə! Eşidirsən Drayzer, eşidirsən Mark, eşidirsən Cek London? Eşidirsiz? Post bizdədi… Qə-lə-bə…!!!


Müəllif: Tural Cəfərli

TURAL CƏFƏRLİNİN YAZILARI

ƏSƏD CAHANGİRİN LAYİHƏSİ

HEKAYƏ MÜZAKİRƏSİ

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

NARINGÜL NADİR – PROFESSOR

NARINGÜL NADİR – YAZIÇI.

PROFESSOR

(Hekayə)

Professor 50-55 yaşlarında, ağbənizli, mavi gözlü, arıq bədənli, balacaboy qadındır. Son dəblə olmasa da, zövqlə geyinməyi xoşlayır. Ayağında həmişə hündürdaban ayaqqabı olur. Üz-gözündən ətrafda hər kəsə meydan oxuyan hökmranlıq iddiası boylanır. Professor öz çəkisini, yerini, dəyərini bilən adamdır. Ətrafdakı adamlarla mümkün qədər məsafə saxlayır. Yaxından tanıyanlar deyirlər ki, çox qürurlu olduğundan adamlarla dil tapa bilmir. Tanıyanlar bunu da deyirlər ki, professor acıdildir, ünsiyyəti sevmir, amma ürəyi təmizdir.

Əlbəttə, onu yaxından tanıyanların sayı çox deyil. Professor yol gedərkən başını dik tutub ətrafa baxmadan, şəstlə yeriyir, salam verib yanından ötən tanış–bilişlərini də çox vaxt görmür. Buna görə ondan inciyənlərdə olur. Amma inciməyə dəyməz! Durub adamlara hesabat verməyəcək ki, niyə belə şəstlə yeriyirəm, niyə adamlardan bir pillə yuxarıda görünürəm? Hesabatı yalnız özünə verir. İçində ciddi bir qadın gizlənib, onu öz zəhmi, zabitəsi ilə daim yuxarıda saxlayır, artıq hərəkət etməyə, aşağı enməyə qoymur. Professor divarlarına  yasəmən çiçəkli divar örtüyü çəkilmiş otağında tək yaşayır. Bir də “Zəvzək” adlı pişiyi var ki, evin içində quyruğunu dik tutaraq onunla o baş-bu başa gəzişir.

Pişik demişkən, professorun çalışdığı institutda bəzi xoşagəlməyən dedi- qodular gəzir. Guya professor tək yaşadığı evində pişiyi ilə adam kimi rəftar edir, onunla danışıb-gülür, məsləhətləşir, hətta ona mühazirələr oxuyur. Pişik də guya qeyri-adi pişikdir, dil açıb adam kimi onunla danışır. Guya professor pişiyinə sevgili tapıb, onları evdə görüşdürür, hətta toy da edib onlara.

Dedi-qoduçular ardınca da əlavə edirlər ki, yazıq neyləsin axı?.. Tək adamdır, özünü vaxtında sevən, alan olmayıb, o da azarını belə öldürür. Bu tipli bir çox dedi-qodular eşidilir və bəziləri gəlib professorun qulağına da çatır. Dedi-qoduçular bütün bunlardan sonra qulaqlarını şəkləyib gözləyirlər ki, görək professor nə cavab verəcək, nələri açıqlayacaq, nələri öyrənəcəklər? Amma boş yerə… Bütün bunlar professorun heç vecinə də deyil, baş qoşmur onlara. Bilir ki, şöhrətli adamın arxasınca həmişə belə dedi- qodular gəzir. Düşünür ki, hələ axtarsan, bəlkə, paxıllıq da var bunun içərisində. Bir sözlə, professor bağlı boğçadır, qıfıllı sandıqdır ətrafdakılar üçün. Bəzən adama elə gəlir ki, o, elə doğdubitdi, anadangəlmə,hazırca professordur. Ara-sıra qulağına dəyən ”Qarımış qız!”, “Evdə qalmış!”, “Ürəksiz müqəvva!” sözləri də professoru sındıra bilmir. Amma evindəki yasəmən çiçəkli divar kağızları yaxşı bilirlər ki, professorun gizlində, özüylə tək qaldığı vaxtlarda, geriyə baxıb qəhərləndiyi, köks ötürdüyü vaxtlar da az olmayıb. Divar örtüyündəki çiçəklər professorun sirdaşıdır. Professorun o çiçəklərlə danışdığı vaxtlar da çox olub. Hətta tək qaldığı uzun gecələrdə özü üçün bayatılar da deyib. O yasəmən çiçəkləri şahiddir ki, professorun geridə bir keçmişi var və bu keçmişin içərisində Qədir adlı bir oğlan da var. Bir vaxtlar tələbə yoldaşı olmuş bu oğlan onun zəif tərəfidir, xatırlamalı olduğu ən işıqlı yerdir. Həm də, Qədir onun keçmişindən boylanan yeganə kişidir.  Çiçəklər də, professor da yaxşı bilir ki, bir vaxtlar Qədir adlı oğlan ölürdü onunçün. Məcnun kimi, Kərəm kimi, daha nə bilim, nə kimi dərdindən çöllərə düşmüşdü. Az qalmışdı sevgisi dastana çevrilsin. O vaxt professor da cavan, yaraşıqlı qızdı. Göz qoyanı, söz deyəni də az deyildi. Amma eşq, sevgi söhbəti heç vecinə də deyildi. Yüz dənə işi, qayğısı, planları vardı. Gecə-gündüz kitabxanalardan çıxmır, az qala yol gedə gedə kitab oxuyurdu. Elə tələbələr də, müəllimlər də savadına, çalışqanlığına görə onu “Professor” deyə çağırırdılar. Bu ad onu çox fərəhləndirirdi. Şöhrət özü gəlib onu tapmışdı, elmi iş də vermişdilər. O vaxtdan da ətrafdakı yaşıdları ilə arasında bir sədd yaranmışdı. Özünü yuxarıda hiss etdiyindən, nə qədər edirdi o uşaqların yanına enə bilmirdi. Belə bir məqamda Qədir də düşmüşdü onun dalınca. Hara gedirdisə, kölgə kimi izləyirdi. İnstituta gedirdi orda görürdü, kitabxanaya gedirdi orda qarşısına çıxırdı, dayanacağa gəlirdi Qədir ordaydı. Amma Qədir nə qədər cəhd edirdisə də qız yumşalmırdı ki, yumşalmırdı. Hər dəfə Qədirin sevgi dolu ismarıclarına qısa və sərt cavab verirdi. O zaman tələbələrin içərisindən Qədiri danlayanlar da çox idi: Bunun nəyini sevirsən? Qupquru odun kimi bir şeydir, hissi, duyğusu da yoxdur. Amma xeyri olmamışdı. Görünür, oğlan öz ürəyiylə bacarmırdı. Qədirlə sonuncu görüş isə professorun gün kimi yadındadır.

Diplom işi ərəfəsiydi. Tələbə yoldaşları ondan diplom işiylə bağlı məsləhətlər alırdı. Qədir də məsləhət almaq onun yaşadığı tələbə yataqxanasındakı köhnə, balaca otağına gəlmişdi. Masanın ətrafında üz-üzə oturmuşdular. “Professor” mövzunu bir müəllim kimi həvəslə başa salır, Qədiri tələbə kimi suala tutaraq bilmədiyini izah edirdi. Amma hiss edirdi ki, oğlanın fikri dağınıqdır, qonur rəngli gözlərini tez-tez ondan qaçırır. Sonra masaya çay gəldi. Oğlan çaydan bir qurtum alıb ürəyini boşaltdı. Bu çay da, qulpu düşmüş güllü fincan da professorun indiki kimi yadındadır. Hətta, bir az dərinə getsə, o çayın qurtumunun səsi də yadına düşər. Oğlan aramla danışırdı. Səsində əlacsızlıqdan doğan bir titrəyiş vardı, rəngi ağarmışdı, elə bil məhkəmədə ömürlük həbs cəzası alan birisi son nitqini söyləyirdi:

-Mənim sənə olan münasibətimi özün bilirsən. Bu gün sabah institutu bitirib hərəmiz bir tərəfə gedəcəyik. Səni uzaqdan da olsa görə bilməyəcəyimi fikirləşəndə dəli oluram. Səni görməsəm ölərəm! Sənsiz mümkün deyil! İnan ki, ölərəm!

O zaman Qədirin səsi onlarla tələbəni yola vermiş o köhnə otağın divarlarına dəyib ordan geri qayıdırdı. Otağın, saysız-hesabsız tələbələri o tərəf-bu tərəfə ötürmüş, üstünün rəngi qopmuş taxta qapısı belə, oğlanın ürəyindəki alovu- odu duyur, cırıltısını boğub susurdu.

Doğrudur, sonralar professor özünə hesabat verirdi ki, onu o vaxt içindəki bir dəli şeytan yoldan çıxartdı. Yoxsa, razılaşacaqdı Qədirin təklifiylə. Guya o gün az qalıb desin ki, razıyam səninlə getməyə, gəl evlənək! Amma deyə bilməyib, tamamilə əksini söyləyibmiş.

O gün “professor” ciddi görkəm alıb Qədiri qapıya ötürmüşdü:

– Əlvida! Get xoşbəxt ol! Mənim başqa planlarım var! Məni bir də narahat eləmə!

Qapının ağzında üzbəüz dayanmışdılar. Birdən- birə Qədir nə fikirləşmişdisə, qızı özünə tərəf çəkib sinəsinə sıxmış, dodaqlarını dodaqlarına yapışdırıb bərk- bərk öpmüşdü. “Professor” onun güclü qollarının arasından çıxmağa çalışsa, çabalasa da, çıxa bilməmişdi. Sonra sakitləşib qeyri -ixtiyari oğlana təslim olmuşdu. Bu eşq səhnəsi bir qədər çəkmiş və nəhayət ki, oğlanın qolları arasından qurtularaq özünü çarpayıya atmış, əlini hələ də göynəyən dodaqlarına sıxıb xeyli ağlamışdı. Qədirdən bunu gözləmirdi. Ona elə gəlmişdi ki, qüruru parçalanıb tökülüb, yerlə yeksan olub. Bərk qəzəblənmişdi.

Aradan illər keçmiş və professor bir daha Qədiri görməmişdi. Bu illər ərzində çoxlu uğurları olmuş, ad-san qazanmışdı. Bir vaxt müəllimlərinin ona verdiyi “professor” adını doğrultmuşdu. Artıq dünyanın çox yerində tanınırdı. Əlbəttə, bütün bunlar asan qazanılmamışdı. Geçə-gündüz çalışmış, zamanını, əməyini sərf etmişdi. Başı o qədər qarışmışdı ki, illərin necə keçdiyindən xəbəri olmamışdı. Amma tək qaldığı vaxtlarda Qədirlə olan son görüşünü də dəfələrlə xatırlamışdı professor. Daha əvvəlki kimi qəzəblə deyil, həyəcanla, həsrətlə xatırlayırdı. Hər dəfə də xatırlayanda dodaqları göynəyir, bədəninə həyəcan gəlirdi. Ürəyi xoşbəxlikdən çırpınırdı. Yenə də o sevgini, o həyəcanı istəyirdi. O sonuncu görüşü, rəngi tökülmüş qapının ağzında oğlanın qolları arasında sıxılıb qaldığı dəqiqələri heç unutmamışdı. Hətta professor belə güman edir ki, o vaxt oğlan onu qollarının arasından buraxmasaydı, tamamilə ona təslim də ola bilərdi… Sonralar bir neçə dəfə Qədirə zəng etmək də istəmişdi professor. Amma müxtəlif səbəblərdən fikrindən daşınmışdı. Sevdasını qüruruyla, şöhrətiylə birlikdə özüylə uzun illərin sonuna daşımışdı. Bütün bunları divar örtüyündəki yasəmən çiçəkləri də bilirdi. Yasəmən çiçəkləri sirr saxlamağı yaxşı bacarır…Tanış-bilişlərdən öyrənmişdi ki, Qədir evlənib, iki qızı da var. Qədir haqqında son məlumatı isə 5 il əvvəl almışdı: Qədirin yoldaşı rəhmətə gedib, qızlarını ərə verib, özü də evində tək yaşayır.

Bir gün professor yenidən Qədiri xatırladı. Özü də elə xatırladı ki, bu əvvəlki xatırlamalara bənzəmədi. Birdən–birə ürəyi Qədiri istədi. Bu gün sanki ona nəsə olmuşdu… Əslində, bu gün o biri günlərdən elə də fərqlənmirdi. Professor bu gün də həmişəki kimi institutda mühazirəsini oxumuş, dərslərə gəlməyən tələbələrə ciddi şəkildə xəbərdarlıq etmiş, xarici ölkədə keçiriləcək konfransa cavab məktubu yazmışdı. Mühazirəsini birtəhər, candərdi yola

verən müəllimləri danlamağı da unutmamışdı. Sonra institutun geniş dəhlizində xeyli gəzişmiş, tələbələrin, eləcə də gənc müəllimlərin onu görərkən özlərini necə yığışdırmasına

gizlincə göz qoymuş, ürəyində qürurlanmışdı. Yenə də küçədə şəstlə addımlamış, tanışlara başıyla salam verib keçmişdi. Evə həmişəki kimi yorğun qayıtmışdı. Amma bu dəfə

həmişəkindən fərqli olaraq elə dəhlizdəcə ayaqqabısını soyunarkən ürəyinə bir darıxmaq havası gəlmiş, onun ardınca da Qədiri xatırlamışdı. Görəsən, Qədir indi hardadır? Bu an nə edir? Yəqin ki, yatmış olar. Tək adamdır. Özlüyündə etiraf etdi ki, son günlər Qədiri yaman tez-tez xatırlayır, həm də həmişəkindən çox arzulayır. Görəsən, Qədir yenə də onu sevirmi? Aradan nə qədər illər keçib, sular axıb. Yox, unuda bilməz! Düz beş il “professor”la nəfəs alıb, arxasınca gəzib, zarafat deyil. Yağış bilmirdi, qar bilmirdi yataqxananın qarşısında dayanırdı. Professor köksünü ötürdü, yenidən ürəyinin başı odlandı.

Pəncərənin qarşısına gəldi. Küçəyə tamaşa edən professora elə gəldi ki, hamı qeybə çəkilib, bu şəhərdə bircə o mövcuddur, bircə o təkdir. Bu şəhər də, adamlar da harasa köçüb. Az qaldı dəli olsun. Onsuz da gecədən xoşu gəlmirdi. Gecə, adəti üzrə, küçədəki adamları sakitcə udurdu…

Professor ünsiyyət qurmağı sevməsə də, uzaqdan adamlara tamaşa etməyi sevirdi. Həmişə təkliyə meydan oxuyan professor əməlli-başlı darıxdı, az qaldı hönkürüb ağlasın, canavar kimi ulasın…

Divar örtüyündəki yasəmən çiçəkləri də ləçəklərini sallamışdı.

“Qədir də mənim kimi təkdir, bəlkə o da darıxır. Bəlkə, o da indi pəncərənin qarşısında dayanıb darıxmağını boğur”. Ruhlar haqqında yazılan  kitablardan oxumuşdu ki, müxtəlif insanlar eyni anda eyni şeyi hiss edə, eyni şeyi düşünə bilirlər. Qədirə görə də ürəyi sıxıldı, ürəyinə sevgi qarışıq bir mərhəmət hissi də doldu. Amma bir az keçmiş ağlına bir fikir də gəldi. Bu dəfə bir az da bəd tərəfini düşündü… “Nə bilirsən, bəlkə heç tək deyil, kimisə tapıb

baş-başa verib, günü də xoşdur”. Bax, bu fikir az qaldı professoru dəli eləsin. “Bu axmaq fikir hardan ağlıma gəldi?!”

Evin ortasında o tərəf-bu tərəfə gəzişməyə başladı. Özünü danladı: “gərək elə harda pis şeylər var ağlıma gətirim. Yox, bu hamısı o şeytanın işidir…”

Professor əli ilə divar örtüyündəki çiçəkləri sığalladı. Çiçəklər sakitcə ləçəklərini şəklədi. Çiçəklərin professora kömək etməyə güçü çatmadı. Professor əməlli-başlı narahat

oldu, təlaşlandı. İçində həyəcan qarışıq bir qorxu baş qaldırdı. Yox, bu gün nə isə qəribə gündü. Bir az keçmiş içində bir işıq yandı, bu işıqdan ürəyi istiləndi. “Sabah Qədirə zəng edəcəm, açıq danışacam. Deyəcəm, gəl birlikdə yaşayaq! Baş-başa verək!” Ürəkləndi. Qəti qərara gəldi: bu dəfə alınsa da, alınmasa da sözünü deyəcək! Bu dəfə hər şey başqa cür olacaq! Necə də ağlına gəlməyib bu vaxta kimi… “Açıb deyəcəm ki, mən də səni sevirəm. Mən də sənə biganə deyiləm. Bunu sonralar başa düşmüşəm. Sadəcə açıb deyə bilmirəm”. Görəsən, alınarmı?

Divar kağızındakı yasəmən gülləri gülümsündü. Çiçəklər canlandı. Ləçəkər razılıqla başını yellədi. Professor daha heç nə düşünmədən yatmağa çalışdı, yatanda vaxt keçib gedirdi. “Birtəhər sabahı açmaq lazımdı. Kim nə deyir-desin, gündüzün öz hökmü var. Elə ki, sabah açıldı hər şey düzələcək. Sabah hər şey gözəl olacaq!” Amma nə qədər cəhd etdisə, yata bilmədi. Qədir söhbəti beynindən çıxmadı. “Görəsən, indi neyləyir, yatıbmı? Yatmış olar. Bəlkə elə indi zəng edim?..”

Vərəqləri saralmış dəftərçədə Qədirin, bir vaxtlar hər ehtimala qarşı köhnə tələbə yoldaşından götürdüyü və heç vaxt zəng etmədiyi, telefon nömrəsini tapdı. Əlləri titrəyə-titrəyə nömrəni yığdı. Ürəyi az qaldı həyəcandan yerindən çıxsın.

Dəstəyin o başından səs gəldi. Qədirin səsi heç dəyişməmişdi. Həm də səs aydın idi. Demək yatmayıbmış hələ…

Qədir dərhal onun səsini tanıdı. Səsində çaşqınlıq qarışıq sevinc hiss olunurdu. Bir-birini uzun müddət görməyən adamlar necə əhvallaşırlarsa, eləcə hal-əhval tutdular.

-Səni görmək istəyirəm,- söylədi- işim var.

Qədir yenə əvvəlki aydın səslə:

-Sabah iş yerimə gəl,- dedi. Sonra işin ünvanını başa saldı, sağollaşdılar.

Vəssəlam! Xoşbəxtliyin bu qədər yaxında olacağı, həm də belə asan başa gələcəyi heç ağlına da gəlməzdi. Çiçəklər baş-başa verdilər, ləcəklər alışıb yandılar. Sonra çiçəklər divarda yallı getdilər. Ev işığa büründü. Aman allah, xoşbəxt olmaq olurmuş! Hər şey adamın öz əlindəymş! Bu başqa cür xoşbəxtlik idi. Seminarlarda alqışlanmaq, institutun rəhbərinin əlindən diplomlar almaq, gözqamaşdıran titiullar, filan deyildi bu! Nə idisə, başqa şeydi

və çox gözəldi… “Görəsən, Qədir bura gələrmi yaşamağa? Bəlkə də, onun öz evində qalarıq. Nə fərqi var?.. Amma yox, bu evə öyrəşmişəm. O bura gəlsə yaxşı olar. Yataq otağının mebelini də dəyişərəm. İki adamlıq çarpayı almaq lazımdır”.

Birdən -birə bədəni istiləndi. Qədirin nəfəsini hiss elədi. Həyəcanlandı. Ürəyi sevinclə döyündü.

Səhər işdən icazə aldı. İşlədiyi müddət ərzində ilk dəfə işə getmədi.

Evdən çıxmazdan əvvəl xeyli güzgünün qarşısında dayandı. Fərəhlə üz-gözünə əl gəzdirdi, bacardığı kimi bəzəndi. Hiss etdi ki, bəzənməyə əli yatmır. Belə şeyləri çoxdandı yadırğamışdı. Amma rəngi xeyli açılmışdı. Güzgüdən sanki başqa bir qadın boylanırdı. Bu qadın xeyli cavan görünürdü.

Tələsmədən, Qədirin söylədiyi kimi, 4-cü mərtəbəyə qalxdı. Qapının ağzında xeyli tərəddüd elədi. Nəhayət qapını döydü. İçəridən səs gəldi. Ağ xalat geyinmiş 40-45 yaşlarında xoşsifətli, gülərüz bir qadın qapıda göründü. Professorun düşündüyünə görə qapını Qədir açmalıydı. Hələ qapının ağzında bir xeyli donub qalmalıydı da… sonra qucaqlaşıb görüşməliydilər.

-Buyurun, professor! Qədir demişdi gələcəksiz. Bir iş üçün çıxdı, 10 dəqiqəyə qayıdacaq. Siz allah, əyləşin, çay verim sizə.

Küncdəki kolbalardan və başqa cihazlardan anladı ki, bu qadın Qədirin laborantıdır. Qadın mehribanlıq göstərdi, çay süzdü.

-Qədir sizdən danışıb. Bilirəm, birlikdə oxumusunuz. Ən yaxşı oxuyan, şöhrət qazanan da siz olmusunuz tələbələrin arasında.

Professor istədi soruşsun ki, daha nələri danışıb Qədir, üzü gəlmədi. Qadının Qədir müəllim yox, eləcə Qədir deməsi professoru açmadı. Nəsə narahatlıq yarandı ürəyində. Bu niyə Qədir müəllim demir?! Həm də, bu qadının yanında Qədirlə necə açıq danışacaq? “Yəqin ki, bu qadın çölə çıxar, ya da biz başqa bir yerdə oturarıq”. Gözəyarı qadını süzdü, ürəyində onu özüylə müqayisə etdi. Üstünlüyü özünə verdi və anladı ki, bu yerdə çığallıq edir. Çox keçmədən Qədir qayıtdı. Qapıdan içəri girən kimi professorun üstünə gəldi, professorun ürəyi titrədi. O qədər də dəyişməmişdi. Şux qaməti, qonur gözləri, gülümsəməyi əvvəlkiydi elə. Doğma adamlar kimi qucaqlaşdılar. Professor onun ürəyinin döyüntüsünü də hiss elədi. Ona elə gəldi ki, neçə il əvvəlki kimi, yataqxanada, qapının ağzında qucaqlaşıblar. Ürəyi sevinclə çırpındı. Adətinə xilaf olsa da, birinci özü hal-əhvl tutdu, həm də dil-dil

ötdü.

Qadın ayaq üstə dayanıb onlara tamaşa edirdi. Birdən Qədir qadına tərəf döndü, ona işarə edib dilləndi:

– Yəqin ki, artıq tanışsınız, bu da mənim köməkçi laborantım, dostum, iş yoldaşımdır. Həm də…həm də, həyat yoldaşımdır – bir sözlə, hər şeyimdir… 3 ildir evlənmişik. Yəqin xəbərin oldu, həyat yoldaşım 5 il bundan əvvəl vəfat edib. Mən də təkliyin daşını bu gözəl xanımla atdım.

Professorun ürəyinə sanki ox sancıldı. Bir anda əli yerdən-göydən üzüldü. Qüruru çilk-çilik olub yerə səpə ləndi. İmkanı olsa, özünü gizlədib yoxa çıxardı. Nə edəcəyəni, nə söyləyəcəyini bilmədi. Sanki halalca əri öz evində üstünə başqa arvad gətirmişdi. Az qaldı müvazinətini itirsin. Dizləri titrədi. Bayaqkı gülərüz, mehriban qadın gözünə

ifritə kimi göründü. Birtəhər özünü ələ aldı. Şeytanı köməyə çağırdı, şeytanla köməkləşib rol oynadılar.

–Hə, nə gözəl! Sevindim, əladır! Xoşbəxt olun! Təklik bir şey deyil… Doğrudur, mənim üçün elə də fərqi yoxdur. Başım qarışır, elə tək olmaq sərf edir.  Elmi işlərim, məqalələr…

Ürəyindən qara qanlar axsa da, professor şöhrətindən, uğurlarından söz açdı, bir az da qadının acığına qazandıqlarını dönə-dönə sadaladı. Özü də hiss etdi ki, danışdıqları sabun köpüyü kimi uçub getdi. Qədir maraqla onu dinlədi, qadına üzünü tutdu:

– Sənə danışmışdım axı, professor bizim tələbələrin gözü   idi. Çox istedadlıdır. Hətta bir müddət dəlicəsinə vurulmuşdum da ona. Az qalırdım dərdindən intihar edəm. Gənclik idi də, hisslərimiz coşub daşırdı. Dəlilikdi…

Şeytan professorun yadına saldı ki, bura gəlməyinin məqsədini deməlidir, nəsə uydurmalıdır.

-Mən də sizin mərkəzlə bağlı bir elmi məqalə yazmaq üçün gəlmişdim. Amma işə qayıtmalı oldum. Qalsın gələn dəfəyə.

-Hə… Necə istəyirsən. Amma nə vaxtdır görüşmürük. Aşağı düşək, üçümüz birlikdə nahar edək, həm də söhbətləşək.

-Yox, sağ ol! Çox tələsirəm! İşdən zəng ediblər, təcili qayıtmalıyam!

Aşağı düşdü. Qədir onu küçəyə kimi ötürdü. Dərhal taksiyə əyləşib oradan uzaqlaşdı.

Taksidən düşüb ayağını sürüyə -sürüyə gəlib oturacaqda əyləşdi. Ürəyində, beynində bir boşluq hökm sürürdü. Daha nə Qədir vardı, nə də illərlə ürəyində gəzdirdiyi xəyalları! Belini oturacağa söykədi. Uzaqdan çalışdığı institutun ağappaq divarları görünürdü. Ağappaq, boyasız, rəngsiz divarları…

Müəllif: Narıngül NADİR

NARINGÜL NADİRİN DİGƏR YAZILARI


HEKAYƏ ƏSƏD CAHANGİRİN LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ YAYIMLANIR. MARAQLI ŞƏXSLƏR Esad Cahangir SƏHİFƏSİNƏ KEÇİD ETMƏKLƏ MÜZAKİRƏDƏ İŞTİRAK EDƏ BİLƏRLƏR.


ƏSƏD CAHANGİRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aslan Quliyev – Rusiyadan gələn qardaş

ASLAN QULİYEV – YAZIÇI.

Rusiyadan gələn qardaş

hekayə

Yatmış oğlunu silkələyir, oyatmağa çalışırdı. Səsə oyanan böyük qardaş həyacanlanmış halda anasını səslədi. “Neyneyirsən, ay ana? Bu yatanda da tapançasını başının altına qoyur. Kim olduğunu bilməz, güllələr səni! Haçan özü oyanar, onda sözünü deyərsən. Nə vacibdi bunu belə tezdən oyatmaq?” Ana isə   hirslənmişdi,   oğlanlarını məzəmmətləyirdi. “Səhər açılır, heç nə yoxdu, uşağı bağlayıblar. Bunlar isə yatırlar,   elə bil bağlanan bunların  qardaşı deyil!”. “Ay ana, – gecə toyda çox içdiyinidən gicgahları zoqquldayan böyük qardaş dilxor halda deyinirdi.- Bu durub onu açacaq? Əbləh fərsizdi, ad batırandı, buna qardaş  neynəsin? Günah məndən getdi, bunlara bələdəm, yuxudan vaxtsız oyandılarmı,  sağı-solu gülləyə tuturlar. İndi qalıb bəxtinə”. Sözünü deyən kimi də sürünüb yatağının yanındakı qab yeşiyinin arxasında gizləndi.

 Kara  oyandı, otaq yarıqaranlıq olduğundan üzərinə əyilmiş anasını bir anlığa tanıya bilmədi. Əl atıb balıncının altından tapançasını götürdü, maneəni geri verdi, yalnız tətiyi çəkmək istəyəndə əl saxladı. Dikəlib oturdu, tapançanı  gizlətdi. Qardaşı da qab yeşiyinin arxasından oğrun-oğrun boylanırdı.

– Bəxtin çəkdi, ana, – dedi, təhlükənin keçdiyinə əmin olduğundan kefi kökəldi, xısın-xısın güldü.

        Ana hansı təhlükənin sovuşduğunun fərqində deyildi, qıçlarına döyürdü. Karaya tutmuşdu üzünü və bu oğluna daha çox güvəndiyi açıq hiss olunurdu.

– Sağ ol, gəldin, qardaşının toyunu elədin. İndi iş düyünə  düşüb, uşağı bağlayıblar. Səhər açılır, hələ gəlinin  otağına girə bilmir.

– Niyə girə bilmir?- Kara başını silkələyir, eşitdiklərini anlaya bilmirdi.

– Bu belə şeyləri başa düşə bilməz!- böyük qardaş hər ehtimala qarşı yeşiyin arxasından çıxmamışdı, gülüşünü boğmağa çalışdığından səsi boğuq çıxırdı, o danışdıqca   Kara boylanır, qardaşının harda  olduğunu görə bilmirdi.- İş belədir. Qorxur! Gəlinin otağına girəndə  qıçları əsir. Zorla içəri salırıq, o isə rəngi saralmış halda çölə sıçrayır.

– Sən qarışdırdın,- Kara ehtiyatla böyük qardaşına irad tutdu, – anam deyir, bağlayıblar, sənsə deyirsən qorxur.  Hardan  danışırsan, səsin gəlir, özün görünmürsən.

– O zəhrimar evdə sənin nəyinə lazımdır?- böyük qardaş Karanın tapançasını gizlətdiyini görmüşdü, ürəkli danışırdı. – Hamımızı gözü qıpıq eləyibsən.

Kara nəsə demək istədi, boğazını arıtladı, ancaq böyük qardaşa cavab verməkdən çəkindi. Anasına dedi, çöldə gözlə,   geyinim, üzümə soyuq su vurum, yoxsa indi heç nə başa düşmürəm. Kimi bağlayıblar, qorxan kimdir,   kimdən qorxur?  

Geyinib çıxdı, həyətə düşüb buz kimi soyuq bulaq suyuyla üz-gözünü yudu, başını islatdı. Artırmaya keçəndə artıq anası stəkanlara süd süzür, buğlanan süd kasasını masanın üstünə qoyurdu. Oğlunun səhər tezdən süd içməyi  xoşladığını bilirdi, haçan durub çay dəmləmiş, süd qaynatmışdı, bəlkə də, heç yatmamışdı.

– Hə, ana, nə olub?- isti süddən ləzzətlə içən Kara soruşdu.

– Qardaşını bağlayıblar, – ana vaysınırdı.

– Ay ana!- Kara yenə başını silkələdi. – Mən çoxdandı buralarda olmuram. Sizləri başa düşməkdə çətinlik çəkirəm. Aydın danış. Niyə bağlayıblar, hara, nəylə? Kimin işidir? Sən adını de, qalanı mənlikdir!

Ana əllərin dizinin üstünə qoymüşdu,  oğlunu başa salmağa cəhd eləyirdi.

– Girə  bilmir gəlinin otağına, qorxur. Tilsimə salıblar, bağlayıblar. Nə bilim hansı mərdiməzarın işidir. Mollanın yanına getmək lazımdır, qoy dua yazsın, tilsimi qırsın, açsın bunu. Yoxsa rüsvay olarıq.

Karaya   yalnız indi   nə baş verdiyi və ondan nə tələb olunduğu aydın olmağa başlayırdı. 

– Mən getməliyəm? 

– Sən yaxşısan.

–  Sən bunu hara göndərirsən? – Böyük qardaşın səsində inciklik var idi.   Anasının işi korlayacağından ehtiyat eləyirdi.- O mollaya bələdəm, bir kitablıq söz danışırsan qanmır, bu gedib onu necə başa salacaq?

– Mən neyləməliyim?- Kara hirslə dilləndi, bu uzun nitq onu hövsələdən çıxartdı.

 Kara  dua  yazdırmaq üçün pul verməli olduğunu eşidəndə hirsləndi, dərhal demək lazımdı, deyə əl çantasını onun qabağına qoydu. Karanın yaxşı bir cəhəti var idisə, o da pul məsələsində vasvası olmamasıydı, hesab aparmazdı. İstəyirsən pullarını qəpiyinəcən götür, bir söz deyən deyildi, heç soruşmayacaqdı da, hara, niyə veribsən. Özünə lazım olan qədər götürdü. Ayaq üstəcə iki tikə çörək yeyb həyətə düşdü. Köhnə “UAZ”-ı işə salmaq bir qədər vaxt apardı, tərsliyi tutmuşdu, bu dəmir yığını da belə namünasib iş üçün mollanın qapısına getmək istəmirdi.

Molla evdə deyildi, biçənəklərə baxmağa getmişdi. Günortaya yaxın gəlib çıxdı. Üst başında keçib gəldiyi yolların tozunu gətirmişdi. Həyətə çatıb əbasının ətəklərini çırpdı, sanki uçmağa hazırlaşan nəhəng quş qanad çaldı, bir toz qalxdı ki, toz dumanı içində o görünməz oldu.  Molla   toz duman arxasından boylanıb onu axtarırdı, tapdı, salamlaşıb nə üçün gəldiyi ilə maraqlanmadan, namaz qılıb-qılmadığını soruşdu. Qıldığını dedi,  əyər qılmadığını desəydi, söhbət bununla da bitəcəkdi. Molla da “Lap yaxşı, – dedi – vaxtdır, namazımızı qılaq, sonra söhbət edərik». İşləri korlamışdı, ancaq geriyə yol yox idi, sözündən qaça bilməzdi, nədən bilsin molla hansı məqsədlə soruşur. Diqqətlə fikir verir, mollanın necə dəstəmaz aldığına baxır, molla neyləyirdisə, o da təkrar eləyirdi. Namaza da beləcə başladılar, yanaşı durmuşdular, bir gözü mollada idi. Molla əyiləndə əyilir, oturanda oturur, qalxanda qalxırdı. Sonda molla başını möhürün üstünə qoyub mayallaq aşdı, gedib otağın o biri başına düşdü. Bu onu çaşdırdı, anasının namaz qıldığını çox görmüşdü,  ancaq arvadın bircə dəfə də   mayallaq aşmasını xatırlamırdı. Elə isə bu niyə aşdı? Mollaydı, oxumuş adamdı, boş yerə dəli deyildi ki, mayallaq aşa. Allaha təvəkkül, deyib mayallaq aşdı, gedib molladan   o tərəfdə düşdü, belə şeyin ustasıydı. Molla əllərini bir-birinə vurub şaqqanaq çəkdi, gülməkdən uğunub gedirdi. “Ay-hay, elə bildin məni aldadacaqsan? Namaz qıldığını  decək, ya da  məni yamsılacaq, sənə inanacağam? Namazda mayallaq aşma var?”

     Mətləbi uzatmadı, molla fikirləşib yeni bir əmma tapmamış niyə gəldiyini dedi və mollanı od götürdü: “Mən adam açanam? Bəlkə mən onu aparım salım arvadının otağına? Necə olur, sən Allahdan qorxmursan, namaz qılmaq əvəzinə mayallaq aşırsan, qardaşınsa arvadının yanına getməyə qorxur?” Molla çox danışdı, boşboğazlıq elədi, axır onu hövsələdən çıxartdı. Keçib yerdən bardaş quraraq molla ilə üzbəüz oturdu. Əllərini oynadırdı: “A  kişi, cəfəngiyyat danışmağı boşla! Allahına şükür elə ki,   mən gəlmişəm. Kara gəlsəydi, bu dilləri oxumazdın. İndi söykəmişdi səni divara, tapançanı da dirəmişdi gicgahına, sən də sarını udmuşdun, dilin tutulmuşdu. Deyim də sənə, bunun necə hörməti var. Bir dəfə Moskvada girmişik bazara. Bazar da nə bazar, sahəsi bizim kəndin ərazisindən böyükdür. Mən arxada gedirəm, Kara ilə sürücüsü qabaqda. Biri dalında kisə gəlirdi, yanımızdan keçəndə kisəsi yüngülcə Karaya toxundu. Kara bir söz demədi, sürücüsü isə qaçıb kisə aparana çatdı, saldı onu yumruq altına. “Ay əbləh!- deyir.- Bildinmi kisəylə kimi vurdun? Karanı!”

O qədər keçmədi, gördüm bazarda çaxnaşmadır, o ora qaçır, bu bura qaçır. Birini saxlayıb soruşdum,   bu vurnuxma nədir, hara belə qaçırsız?   Deyir: “Xəbərin yoxdur, Kara gəlib bazara!” Deyirəm, görəsən bu Kara kimdir? Bir də baxam görəm  bazarın bütün böyükləri tökülüşüb gəldilər, buna təzim eləyirlər,  hədiyyələr gətirir, qulluq göstərmək istəyirlər. Sən demə Kara bu imiş. Çıxmışıq çölə, maşında deyirəm, bir  halda sənin bu qədər hörmətin var, bunlardan birinə de, balaca işarə vur, qoy mənə puldan-filandan versinlər, yaşayım özümçün. Yoxsa sənin kimi qardaşım olduğu halda, qəsəbənin bazarında şor, yumurta satmaqla dolanıram. Bu isə qaşqabağını tökür. Deyir, mən dilənçi deyiləm. Sonrası da hər şey zakonla olmalıdır. Nəyə görə kimsə sənə pul verməlidir? Baxdım gördüm dərinə getsəm, qoyacaq zakona, özümü vinovni çıxaracaq, daha səsimi çıxarmadım. İndi bildin Kara kimdi?”

Çox çək-çevirdən, xüsusilə də pulunu artıqlaması ilə alandan sonra molla dua yazmağa razılıq verdi.Yazdı və neyləyəcəyini də ona başa saldı. “Qardaşın axşam şiri nərə dönəcək!- əminliklə dedi. – Açdım bütün düyünləri, qırdım ipləri, qovdum cin-şəyatinləri. Sənin o Karandan da qorxub eləyən yoxdur. Müsəlmançılıq borcuna görə  yazdım. Çətinə düşən müsəlmana kömək eləmək  borcumuzdur”.

   Mollanın yadına düşməyən bircə şey varsa, o da məhz müsəlmançılıq borcuydu.   Müsəlmançılıq borcuna görə yazdınsa, pulu niyə alırsan? Burda əsas rolu pul,  bir də bunun Karadan qorxması oynamışdı. Bələddi, bunlar qədər canını  heç kim istəmir, dünyadan beş əlli yapışırlar. Duaları cibinə qoydu, maşına minəndə arxada dayanmış sifətindən hiyləgərlik yağan mollaya baxır, şübhəsi bir az da artırdı. Bu zəhər tuluğu nəyə desən oxşayırdı, bircə cin-şəyatin qovana yox. «Qulaq atdı mənə! – deyinirdi.- Pulu küləyə verdim, vəssəlam!»

Evə gəlib həyətdə,  ağacların kölgəsində oturub süd içən Karanı görəndə möhkəm hirsləndi. “Nəyinə lazım, oturub sərin yerdə, süd içir, tapança oynadır. Mən isə orda mayallaq aşıram, mollanı əyləndirirəm. İlan dili çıxarıb əbləhin yekəsinə  yalvarıram”

İşə başladı, duaların birini mollanın dediyi kimi bağda basdırdı.  Dualardan birini də yandırıb tüstüsünü yarpaq kimi əsən qardaşına verdi. Qardaşı boğulur, gözlərindən yaş süzülürdü.  Üçüncü duanı da qardaşının tüküylə birlikdə yandırıb külünü küləyə verməli idi, ancaq qayçıyla  saçından kəsəndə qulağından da bir az kəsdi və onsuz da əsən qardaşı sapsarı saraldı. Qulağının   qanı dayanmırdı, üz-gözünü qan basmışdı. Ana vaysınır, əllərini dizlərinə döyürdü.  “Bundan adam olmaz! Oldu heç nə. Birdəfəlik elədin,  saldın bunu adamlıqdan”.

Böyük qardaş yanıb yaxılırdı, xəta olsun qulağını azacıq kəsib, arvad elə danışır, sanki bunun qulağını yox, başını kəsibsən. Belə çıxırdı  günahkar oymuş, bunu adamlıqdan salmasaymış, heç bilirsən neyləyəcəkmiş?  

Səhər tezdən yenə də ana Karanı silkələyir, oyatmağa çalışırdı. Ayıl, a bala! Fil yuxusuna gedibsən? Rüsvay olmuşuq, başımıza iş gəlib, bunlar isə yatırlar.

Yuxudan hövlnak oyanmış böyük qardaş həyacanlanmış halda anasını səsləyirdi: “Ay arvad, nə oyun çıxarırsan? Qoy oturmuşuq! Ay ana, bir dayan! Əşşi, sən özün bilərsən, qoy mən yeşiyin arxasına girim, sonra. Ay arvad, bir dəqiqə gözlə də! Yanğındı?”

Kara oyandı, alt paltardaca ayağa sıçradı, tapançanı söykədi anasının sinəsinə. Qəzəbli səsi yarıqaranlq otaqda boğuq gurultu qopartdı.

– Kimsən?

– Məni tanımadın? – ana heyrətlə səsləndi.

– Sənə bu da azdı! – böyük qardaşın səsi yeşiyin arxasından dilləndi. – Elə öz bildiyini eləyir. Əbləh öldürəcək arvadı!

Yaxşı ki, Kara  tez ayıldı, başını silkələdi, işin nə yerdə olduğunu bilib yerinə uzandı, yorğanı üstünə çəkib, özünə haqq qazandırmağa çalışdı. “Ay ana, otaq qaranlıq, göz-gözü görmür, sən də kəsdiribsən başımın üstünü. Qoy geyinim, sonra danışarıq”.

Kara geyindi, üzünə soyuq su vurdu və nə baş verdiyini soruşdu.

– Açılmadı,- ana qıçlarına döyürdü.- Səhərə kimi yatmamışıq, bunu itələmişik gəlinin otağına. Girməyib, verib ayaqlarını yerə, getməyib. Əldən-dildən düşmüşük.

– Onu niyə itələyirsiz? – Kara başını əsdirdi.

– Bəs necə olsun, bağlı qalsın? Camaat bizə gülsün? Qardaşın dua yazdırmağa könülsüz getdi, iş də düzəlmədi. Heç yerə  uşağın qulağını  kəsdi, yazıq yarım saat pırtıldayıb, elə bil toyuğun başını kəsib buraxıbsan. Qonşu kənddə bir ovsunçu var, özün get onun yanına.

 Kara isti süddən ləzzətlə içdi və inamla dedi ki, gedər, işi də həll elər. Böyük qardaşın isə qanı qaralmışdı. Demək, molla  ona qulaq atdı, başına papaq qoydu! Neyləsin, gedib pulunu istəsinmi, yox əşşi, cəhənnəm olsun. Əbləh canını verər, aldığı pulu qaytarmaz. Bu dəyyus da açılmadı,   uşağı çətin işə buyururlar. Birdən-birə dursun, getsin. Ürək istəyir. Rüsvay olacağıq, itin yanında da hörmətimiz olmayacaq!

Kara südünü içən kimi ayağa qalxdı, əl çantasını da  götürüb onun köhnə «UAZ»-na mindi və qonşu kəndə yola düşdü. Kəndə çatıb, soraqlaşaraq ovsunçunun evini tapdı, ovsunçu evdəydi,  sübhdən gələn qonağı aşkar sevinclə qarşıladı. Kara söhbəti uzatmadı, qısaca niyə gəldiyini dedi. Ovsunçu bir kasa su qoydu masanın üstünə, kasanın içinə iki-üç xırda mis pul, iynə, qıyıq atdı. Çırtma  ilə vurub suyu ləpələndirdi və vaysınmağa başladı. “İşlər şuluqdur! Cinlər  bağlayıblar onu! Yeddi düyün vurublar, yeddi tilsimə salıblar. Yeddi …”

Kara bozarmışdı:

– Bunları mənə niyə danışırsan?

– Bəs kimə danışım? – ovsunçu özünü itirdi.

– Yetər naqqallıq elədiyin! İşi bacararsan? Hə, yox?

Ovsunçu bu adamıın boşboğazlığı sevmədiyini sevmədiyini başa düşdü, sadəlövh üsullarla buna təsir eləmək mümkün deyildi, bununla qısa danışmaq yaxşıydı.

– Hə, – dedi.

– Nə qədər verməliyəm?

– Min dollar! – ovsunçu onu da hiss eləmişdi ki, belə qətiyyətlə, özünə inamla danışan adamdan pul qopartmaq olar. Bununla belə müştərisinin onunla qiymət üstə çənə döyəcəyini zənn eləyirdi, ancaq onun stolun üstünə pul saydığını görəndə qəlbində təəssüf hissi baş qaldırdı, çox da istəyə bilərdi

Kara pulu verib ayağa qalxdı, etinasız halda:- Qiymətini dedin, haqqını aldın!- dedi- İkisindən biri olmalıdır, ya o açılmalıdır, ya  sən ölməlisən!

Ovsunçu  and-aman eləyir, dəridən, qabıqdan çıxaraq onu arxayınlaşdırmağa çalışırdı, narahat olma, uzağı iki-üç saata tilsimləri qıracaq, bağlı düyünləri açacağam. Kara ona qulaq asmadan çıxdı, adamları tanımaqda səriştəsi var idi. Bu adamdan  gözü su içmədi. Fırıldaqçıya oxşayırdı, səsi saxta çıxır, göz-başı qaynayırdı. Bununla belə ovsunçunun necə adam olması Karanı  narahat eləmirdi, təki işini görsün. 

Onun belə tez qayıtması böyük qardaşı təəcübləndirdi, səsindəki istehzanı gizləməyə çalışıraq:

– Nə oldu? – soruşdu.

Kara başdan sovdu cavab verdi:

– Mənə açılacağını dedilər

– Birdən açılmadı.

– Onda o öləcək!

   Böyük qardaş başını yırğalayırdı, gedib, işi düzəldib, yəqin ovsunçunun zəhrini yarıb. İndi o bədbəxt əsməcəyə düşüb, onun özünü açan lazımdır.

Evdə narahatçılıq idi, ana havalı adamlar kimi gəzirdi, hətta sevimli oğluna da az diqqət yetirirdi. Toy ola, aləmə səs düşə, sonda isə bəy bağlı qala, əlbət ki, ana özündə olmazdı. Ananın halına yanan, ancaq işi yoluna qoymaq üçün əlindən heç bir iş gəlməyən böyük qardaş da dilxor idi, kiçik qardaşın qarasınca deyinirdi. “Ay əbləh, arvadın bağrını çatladacaqsan! Atamız yeddi il yataq xəstəsi oldu, düz yeddi il kişini ayaqyoluna arxamda aparıb  gətirdim. Arada hirslənir, elə arxamdaca məni əl ağacı ilə döyürdü. Arvad sifətini   turşutmadan yeddi il kişinin qulluğunda durdu. Heyf, zəhmətimiz hədər getdi, kişi yataqdan qalxmadan dünyasını dəyişdi. Arvad da qocaldı, ömründən illər kəsildi, indi də sən əbləh kəsirsən!»

Kara həyətdə oturmuşdu, sifəti hissiz-duyğusuz idi, elə bil daşdan yonulmuş heykəldi, gözlərini bir nöqtəyə dikib harasa baxırdı. Birdən baxışları canlandı, əlini uzadıb çəpərin dibindəki enli yarpaqları, qızılı rəngdə zəngvari çiçəkləri olan gülü göstərdi.

– Uşaqlıqda mən onun çiçəyini yeyib zəhərləndim. Sən də məni döydün.

– Olub hə,  – böyük qardaş mızıldandı, başsız adamdı, beyni də qurumuşdu, ancaq yaddaşına bax, – sənə azı yüz dəfə deyilmişdi ki, zəhərlidir. Sənsə yeyirsən! Bəs səncə mən neyləməliydim?

– Sən qatıq gətirməliydin.

Lənət şeytana, bu nə demək istəyirdi, fikri nəydi? Onlarla başkəsəni əmrə müntəzir dayanan bir adamın döyülməsini, başlıcası isə onu kimin döyməsini unutmaması yaxşı əlamət deyildi. Belə bir adam səndən yanıqlı ola, necə arxayın gəzə, yata bilərsən? Lakin o hadisəni xatırladıqca qardaşına yazığı gəlirdi. Uşaq zəhərli çiçək yeyib, zəhərlənib, göyərir, havasızlıqdan boğulur, o isə  qatıq gətirmək əvəzinə, ağrılar içində qovrulan uşağı salıb yumruq altına. Qardaşına qarşı haqsızlıq eləmişdi, əlbəttə Kara belə şeyləri unutmazdı. Tərslikdən bəy də açılmır,   nə qədər bağlıydı, Kara məsələyə əncam çəkməyincə heç yerə gedən deyildi. Vəssəlam, otur gözlə bu haçan uşaqlıqda döyülməsinin  qisasını almaq fikrinə düşəcək.

Gecə yenə də Kara ilə böyük qardaş bir otaqda yatdılar, bu gələni beləcə yatırdılar, daha Karanı tək qoyub gedib öz otağında yata bilməzdi ki. Bir Allah bilir, böyük qardaş səhərə kimi necə yatırdı, gecənin  çoxunu səksəkə  içində oyaq qalırdı. Birdən  Kara yuxusunu  qarışdırdı, ya da səs eşitdi, durdu, otağı tutdu gülləyə. Neyləyəcəkdi?

Aylı-ulduzlu gecəydi, pəncərənn qabağını kəsən söyüdün budaqları arasından süzülən ay işığı döşəmənin üzərində oynaşırdı və belə aylı gecədə böyük qardaşın yuxusu gəlmirdi. Kara üçünsə fərqi yox idi, aylı gecə olsun, ya qaranlıq, zülmət gecə, çöldə bülbüllər oxusun, ya çaqqallar ulaşsın. Qəlb deyilən şey yox idi bunda. Böyük qardaş beləcə fikirləşirdi ki, Karanın səsi onu xəyaldan ayırdı.

-Məni çox döyübsən.

-Olub hə. Arada…- ehtiyatla dedi. Bu nə demək istəyirdi, Allah bilir başına nə fikirlər gəlirdi . Qəlb yox, baş yox, necə olsa Karadır, gözü qızdı, nə bilir qardaş kimdi. Tərslikdən uşaqlıqda döyülməsini də tez-tez yadına salırdı.

– Arada yox! – Kara bədənə üşütmə salan soyuq səslə etiraz elədi.- Həmişə!

– Hə, döymüşəm! – Qan özünü göstərirdi, Karanın damarlarıyla axan qandan onun da damarlarıyla axırdı. Əsəbləşib özündən çıxmışdı, təhlükə-filanı unutmuşdu.- Dəcəllik eləməyəydin, sözə baxaydın, döyülməyəydin! Yığmışdın məni boğaza!

– Onu da döymək lazım idi.

Gözlədiyinin əksinə olaraq Kara tapançaya əl atmadı,  əsəbləşmədi də. Yeddi qardaş idilər, atası xəstə oldu, sonra da dünyasını dəyişdi, böyük qardaş kimi evin bütün ağırlığı onun çiyinlərinə düşdü. Ev işlərini bölür, kimin   nə iş görəcəyini tapşırırdı, yaşamaq, dolanmaq üçün hamı işləməliydi. Kimsə odun, su gətirməli, bostanda-bağda işləməli, mal-qoyunu otarmalı, kimsə dəyirmana buğda aparmalıydı.  Hamısından razıydı, bircə Kara mütləq nəsə bir hoqqa çıxartmalıydı və məlum işdir, heç bir hoqqası da cəzasız qalmırdı.

Əskəriliklərini çəkəndən sonra beş qardaş çıxıb Rusiyətə getdilər, kiçik qardaşla o isə qaldılar. Kiçik qardaşın toyuna yalnız Kara gələ bilmişdi, o birilərin gəlməyinə mən razı olmadım, deyirdi, Rusiyətdə bu ara  çaxnaşma var, qoy bir müddət arvad-uşaqlarının yanında olsunlar. Sonra hamısını birdən göndərəcəyəm, təzədən toy elərsiz.

Bu gecə böyük qardaşın bir gözü oyaq oldu, ay otağı süd kimi bəyaz işığa qərq eləmişdi, o yan-bu yan olsaydı çarpayının, yeşiyin arxasında gizlənb canını qurtara bilərdi. Bir tərəfdən də anası yatmağa qoymurdu, hər saatdan bir onu çağırırdı,   sən də gəl, görək neyləyirik.

Sübhdən anası Karanı silkələyən kimi oyandı, anasının nə deyəcəyini gözləmədən:

-Açılmayıb?- soruşdu.

-Yox, -anası vaysındı, bu neçə günü  gecə-gündüzü yox idi, danışmaqdan səsi batmışdı. –  Səhərə kmi bir çimir belə gözümüzü yummamışıq. Bunu itələmişik, qapıya qədər gətirmişik, verib ayaqlarını yerə getməyib. Dincimizi alıb yenə itələmişik, xeyri olmayıb.

– Hə, elədir, – işin tapançaya kimi gedb çıxmadığına əmin olan böyük qardaş yeşiyin arxasına keçməyi lazım bilməmişdi, yatağından danışırdı.- Sən yuxu bişirəndə bu lələşin o əbləhi itələyirdi. Güc verməkdən ürək-göbəyim düşüb. Dəyyusda fil gücü var, gəl, arvaddan qorxur. Sonrası da ay ana, kəndin çoxu bizim qohum-əqrəbadı. Təkcə əmimin altı gəlini var, dayım qızları, bibim uşaqları. Hansı gündə kara gələcəklər, çağır, qoy gəlib kömək eləsinlər.

Kara geyiniib yuyundu, südünü içdi, tələsmədən ləzzətlə içirdi,  anadan təzə doğulan buzov kimi gündə üç dəfə süd ver, içəcəkdi. 

Gecə hava rütubətli olmuş, otlara, çiçəklərə şeh qonmuşdu, ayaqyoluna gedən cığırın hər iki tərəfi qurşağa qədər ot-alaq idi. Ordan qayıdan Karaya baxanda böyük qardaş özünü gülməkdən güclə saxladı, şehdən islanıb qıçlarına yapışmış şalvarını çiçəklər boyayıb alabəzək rəngə salmışdı.

– Salafandan ayaqyolu tikərlər?- dilxor halda dedi, neçə gündü gedirdi ora, yalnız bu gün  nədən tikilməsi diqqətini cəlb eləmişd.

– İranındı, – o da söz tapa bilməyib mızıldandı.- Adamın yan-başını göstərir. Rusiyətkin axtarıram.

– Hökməndi salafandan tikəsən? Guya Rusiyət salafanı göstərməyəcək?

Kara başını yırğalayıb  maşına oturanda böyük qardaş həyacanlandı, bu lənətə gəlmişin tərsliyi var idi,  vacib bir iş oldumu, başına daş düşürdü. Fikrləşdiyi kimiydi, Kara neylədisə, mator işə düşmədi. Hirslə  maşından yerə sıçradı, qapını var gücü ilə çırpdı, təkərə bir- iki təpik vurdu.

– Bu maşındı?- rus ləhcəsiylə soruşdu, həm də elə soruşurdu ki, sanki maşının işə düşməməsinin, lap elə bu metal yığınının maşın olmamasının səbəbkarı böyük qardaş idi.

– Bə nədir? – böyük qardaş incik tərzdə dilləndi.

– Heç nə! Zibil!

  Böyük qardaş etiraz eləmədi, bununla söz güləşdirməsəydi yaxşıydı, elektrik şamlarını açdı, ikisi islanmışdı, özündə təzəsi vardi, şamları dəyişdi, matoru işə salıb düşdü. Kara maşına oturub getdi.

Karanı görəndə ovsunçunun rəngi ağardı, yerindəcə donub qaldı, dili tutulmuşdu, nəsə demək istəyir, ancaq udqunur, sözünü deyə blmirdi. Sifətində buz kimi soyuq, kinayəli təbəssüm oynayan Kara astadan:

– Üzünü divara çevir! – dedi.

– Ne…cə?- ovsunçunun dili açıldı, kəkələyirdi.

– Tələs!

Ovsunçu hansı təhlükəylə üzləşdiyini hiss eləmişdi, qarşısındakı aman verənə oxşamırdı, ancaq suda boğulan saman çöpündən yapışan kimi, ovsunçu da  dilinə ümid edir, canını qurtarmaq üçün dil tökürdü.

– Olmaya açılmayıb? Axı mən…

– Çərənlədin, yetər! – Kara tapançanı üzünə götürdü.

– A kişi, dayan! Bir əl saxla, qaçıram?   Sən müsəlmanı o dünyaya necə göndərmək  istəyirsən? Allahdan qorxmursan? Qoy bir kəlmeyi şəhadətimi deyim, Allahıma dua eləyim, yalvarım ki, günahlarımdan keçin, ailəmi, balalarımı tapşırım.

Kara bunu gözləmirdi, doğrudan  hə,  yaxşı çıxmırdı, müsəlman kimi ölmək istəyənə son nəfəsdə aman verməyəsən, qoymayasan Allahına dua eləsin. Gözləmək lazım gəlirdi, qoy duasını eləsin, sonra  işini qəlb rahatlığı ilə görərdi. Bununla belə  şübhə içindəydi, bu başda-gözdə adamın çətin ki, son nəfəsdə Allah yadına düşəydi.

-Yaxşı, – dedi və stul çəkib oturdu.- Çalış, qısa olsun.

– Qoy pulunu  da qaytarım.

– Lazım deyil, – Kara əlini yellədi,- ehsan verərlər sənin üçün.

– Bir iş də var,- ovsunçu ürəklənmşdi, bir halda ona vaxt vermişdilər, bu vaxtdan özünü xilas eləmək üçün istifadə eləməliydi.- Mən ölsəm qardaşın ömürlük bağlı qalacaq. Bu işi məndən başqa bacaran ikinci bir adam Azərbaycanda yoxdur.

– Bu prinsip məsələsidir! –  Kara bu fırıldaqçıya vaxt verdiyinə görə heyfislənirdi, işini görüb getmir, bunun nazıyla oynayır. – Sən aldadıbsan, ölməlisən. Qardaşımın bağlı qalması, ya açılması, sonranın işidir. Mənimlə qurtardın.  Allahınla da qurtar!

Ovsunçu əsl həqiqəti yalnız indi dərk elədi. Bu adam daş, dəmir parçası id. Buna nəyləsə təsir eləmək mümkün deyildi. Diz çöküb əllərini göyə açdı, Allaha yalvarır, günahlarından keçməsini, bağışlanmasını xahiş eləyirdi. Kara isə sanki köz üstündə oturmuşdu, qurcuxur, yerində otura bilmirdi. Pəncərədən yaz şəfəqlərinin süzüldüyü bir vaxtda diz çöküb əllərin göyə açan ovsunçuya baxdıqca qəlbində anlaşılmaz duyğular baş qaldırırdı. Görəsən orda, o soyuq və boz rus şəhərində onun son nəfəsdə beləcə Allaha dua edib bağışlanmasını diləməyə vaxtı, macalı olacaqdımı?

– Sən kimə yalvarırsan? – hirslə soruşdu.

– Allahıma!

– Onda qibləyə tut üzünü! İtin birisi, əllərin mənə açıb, Allaha yalvarır! Yoxsa mən keçməliyəm sənin günahlarından?   Tez ol, qurtar!

Ovsunçu Allaha yalvarsa da, ona da deyirdi sözünü. Sən çox demirəm, mənə bir gün də möhlət ver. Qoy sonuncu üsulumu da işə salım, əyər açılmasa, gəl, gülləni çax təpəmə. Mən qalıram, sən qalırsan. Mən bir gün artıq yaşamaqla, sənin qardaşın bu boyda bəladan xilas olacaq. O danışdıqca, Karanın qəlbində ikili duyğular baş qaldırırdı. Bəlkə elə doğrudan da bu işi bacaran yeganə adam buydu. Onda necə olsun? Bunu öldürsün, qardaşı da ömürlük bağlı qalsın. Eşidib-bilən nə deyərdi? Anasının, böyük qardaşının dincliyi olmayacaqdı, dost-tanış içində rüsvay olacaqdılar. Bəlkə elə buna bir gün möhlət versin, bunun bir gün artıq yaşaması ilə nə olacaqdı? Düşünüb qərarını verdi.

-Yaxşı, -dedi, – sabah elə bu vaxt gələcəyəm. Qaçmağı, gizlənməyi ağlına da gətirmə. Yerin dibində də olsan taparam və belədə sən əzabla ölərsən. Qardaşım açılmış olsa da, yaşayacağına qarantiya vermirəm. Gecə yatma, sübhə kimi Allaha dua elə, qoy qəlbimə rəhm salsın.

Ovsunçu ilanın ağzından qurtaran qurbağa kmi ağzını açıb-yumur, işartısı sönmüş gözləri canlanırdı. Kara  sözünü deyən kimi də ayağa qalxıb həyətə düşdü. Doqqaza tərəf gedəndə arxadan ovsunçunun səsini eşitdi. Özü görünmürdü, ancaq artırmadan, şalbanın yanından  qoşalülə tüfəngi ona tuşlayıb söyürdü.  “Cəhənnəm ol, çıx ged burdan. Bir də gəlmə, gəlsən,  it kimi gəbərəcəksən! Təpənə     donuz gülləsi ilə vuracağam! Leşini isə basdırmayacağam, qurda-quşa yem olacaqsan!”   

Kara  kinayə ilə gülümsədi, demək, iş beləymiş, ovsunçu onu tüfənglə qorxudurdu. Açıq həyətdə etibarlı yerdə gizlənmiş əli silahlının üstünə getmək mənasız risq idi, ancaq bu Kara idi. Nə vaxtsa ölümdən, silahdan qorxub kiminsə qabağından qaçmamışdı, onu qorxutmaq cəfəng işdi, ölər, ancaq qaçmazdı. Geri dönən kimi də tapançanı çıxarıb, səs gələn tərəfə atəş açdı və evə doğru qaçmağa başladı. Ovsunçu bunu gözləmirdi, bir anlığa özünü itirdi, atəş açdı, ancaq tələsdiyindən, həyacanlandığından atəşi sərrast olmadı, aralıdan keçdi. Tüfəngi yenidən doldurmağa gecikərdi, yaxşısı bu Allahın bəlasından qaçıb qurtarmaq idi, bu insan deyildi, ürəyində xof, qorxu yox idi.

Kara artırmaya qalxıb orda heç kimi görmədi, otaqları axtardı və yalnız indi küncdəki otağın bağa açılan pəncərəsinin açıq olması diqqətini cəlb elədi. Ovsunçu pəncərədən bağa tullanıb qaçmışdı, bir qədər də baxıb onu görə  bildi, ağacların arasıyla aşağıdakı dərəyə tərəf qaçırdı. Bu itə sabaha kimi möhlət vermişdi, qardaşı açılsaydı,  bəlkə də öldürməyəcəkdi, istəmədi, özü bilər.

Kəndə qayıdanda ürəyincə işləməyən mator, boğuq, qarışıq səslər çıxaran maşın onu əsəbləşdirirdi. At arabasıydı bu, maşın adına ləkəydi. Kəndə çatmağa az qalmış, yol yoxuşa dirənəndə isə maşın Karanı tamam hövsələdən çıxartdı. Addım-addım irəliləyir, yoxuşu qarışqa sürəti ilə qalxırdı. İlbizdi, göstəbydi, nəydi bu lənətə gəlmiş? Əsəbləri tab gətirmədi, çantasını götürüb yerə sıçradı, hətta maşının geri qayıdıb, yolun aşağısındakı uçuruma necə yuvarlanmasına da baxmadı.

Evə yorğun, üst-başı tozdan bozarmış halda qayıtdı. Saçlarına, kipriklərinə  toz qonmuşdu, gözləri tozlu kirpiklərinin arasından qəzəblə işıldayırdı. Köynəyini çıxarıb tozunu çırpdı, qurşaqdan yuxarısını soyuq suyla yudu. Gəlin dəsmal, təzə köynək gətirdi, yalnız Kara geyinəndən sonra böyük qardaşı maşının harda qaldığını  soruşdu.

– Uçurumun dibində desəm, acığın gələr?

– Allaha şükür, özün salamatsan, – böyük qardaş səmimi deyirdi, hələ bir inciyirdi də.   Bununla belə dilxor olmuşdu, gördüyü iş belə olacaq, ovsunçunu o dünyalıq elədi, maşını uçuruma yuvarlatdı, qardaşı da bağlı qaldı.

– Neçəyə olur onun təzəsi?- Kara soruşdu.

– Uzağı beş-altı min dollara.

– Gedib alarsan,- Kara əl çantasını qabağına çəkib açdı, stolun üstünə on min dollar saydı. O, etiraz eləyir, götürmək istəmirdi. Kara isə baxışlarını bir nöqtəyə dikmişdi, heç ona tərəf baxmırdı da. Sözü bir dəfə deyirdi, pulu vermişdisə, söhbətə yekun vurmuşdu, daha bu mövzuya qayıtmayacaqdı.

– Bəs o necə olacaq?- söz arası soruşdu.

– Kim? – Kara duruxdu.

– Bəy. Bağlı qalacaq?

– Hardadı o? – sanki Kara yuxudan  oyandı, hövlang soruşdu.

Böyük qardaş ikinci mərtəbədə olduğunu deyib yuxarını göstərdi və Kara evə qaçdı, pilləkəni iki-üç sıçrayışla qalxdı. Bəy artırmadakı divanda oturmuşdu, baxışlarından alov saçılan Karanı görəndə qorxmuş halda ayağa qalxdı. Kara öz doğma qardaşına baxır, bir şey başa düşə bilmirdi. Hardan gəlib düşmüşdü bu ailəyə? Onlarda belə ölüvay, fərsiz yox idi,  kimə oxşamışdı? Damarlarından hansı tayfanın, hansı nəslin qanı axırdı? Kara gəlinin otağını qardaşına göstərib hiddətlə soruşdu:

– Niyə getmirsən?!

– Qorxuram, –  qardaşı titrəyirdi.

– Nədən?! – Kara vəhşi səslə bağırdı, qardaşı olsa belə əsməcəyə düşmüş bu adamın görkəmi onda  ikrah doğururdu.

– Qo…qorxuram,- qardaşının dili söz tutmurdu.

– Gedəcəksən, yoxsa beynini havaya sovuraram!

Tapançanı çıxarıb nişan almadan  iki dəfə atəş açdı, güllələr qardaşının saçını yalayıb keçdi, divara dəyib suvağını qopartdı. Qardaşı döyükdü, özünü itirmiş halda sağa-sola boylandı və gəlinin otağına cumdu, sanki yel götürüb apardı onu. Kara arxayınçılıqla köks ötürdü, nə yaxşı, bu alçağı öldürmədi. İş-peşə tapıblar, itələyirlər, bu da getmir. Başının üstündən güllələr çovuyan kimi itələməyə ehtiyac qalmadı, uça-uça getdi.

Kara aşağı düşəndə böyük qardaş canı höyüllü pilləkənlə üzü yuxarı qalxırdı. Tüstülənən tapançanı cibinə qoyan Karaya vahimə içində baxırdı, gözləri alacalanmışdı.

– Öldürdün?

– Açdım,- Kara istehza ilə  dedi.

– Tapançayla?

– Əsas  açılmağıdır, ya mənim onu nəylə açmağım?

Hər şeyin salamatçılıqla qurtardığını öyrənən böyuk qardaş sevindi, bağlı qalan qardaşına rəhmi gəlmirdi, rüsvayçılıqdan qorxurdu. Bəs qardaş gəldi Rusyətdən, vurdu qardaşını öldürdü, özü də nəyin üstündə, bağlı qaldığı üçün. Ölənə kim sərkisindən çıxmaq olmazdı.

Bəyin nəhayət    gəlinin otağına girdiyini eşidən ana Allaha yalvarır, dua eləyrdi. Bircə açılsaydı, iş bununla qurtarsaydı, nəzir verərdim, qurban kəsərdim.

– Ana, o hardan gəlib?- Kara gözlənilmədən soruşdu.

Anası ayaq üstəcə donub qaldı, Kara rus ləhcəsiylə anlaşılmayan sual versə də, arvad söhbətin nədən getdiyini başa düşmüşdü.

– Dayısına oxşayıb, hit-mit dayısıdır.  

– Hardan gəldiyi də məlum oldu!- böyük qardaş ürəkdən güldü- Oğulun dayısını  düz bir ay arvad-uşaq gəlinin otağına itələyiblər. Düz bir ay oğlan qalıb. Onda qohumçuluq var idi, bütün qohumlar gələr, növbə ilə kömək eləyərdilər,  bizim kimi əldən-dildən düşən olmazdı.

Həyətdə böyük qardaşın uşaqları  söhbət eləyirdilər, oğlu əmisi ilə aşkar fəxr eləyirdi. “Gördün necə atırdı? Part! Part! Mən də böyüyəndə əmim kimi olacağam!” “Allah eləməsin!” –   yaxınlıqda paltar yuyan anaları qorxmuş halda səsləndi, həm də elə ucadan ki, Kara da eşitdi.

– Gəlin, uşaqların bizə oxşamasını istəmirsən?- soruşdu.

– İstəmirəm!- gəlin cəsarətlə dedi.

– Niyə? Bizə nə olub?

– Sizdə rəhm, insaf  yoxdur.

Böyük qardaşı od götürmüşdü, ay it qızı, görürsən  handa bir cahil bununla danışanda əlhəmi çaşır, əsməcəyə düşür, sən kimə meydan oxuyursan? Təpənə ik güllə vuranda elə bilirsən ürəyim yanacaq sənə? Demək, istəmirsən uşaq əmisinə oxşasın, onda  elə ölməyin  yaxşıdı. Gəbərdəcək səni! Özü də haqqına.

– Bizim ocağa layiq gəlinsən!- böyük qardaşın gözlədyinin əksinə olaraq Kara tapançaya əl atmaq əvəzinə təriflədi.- Həmişə belə ol. Sözü adamın gözünün içinə de. Hər kim olsa belə.

Böyük qardaşın sanki çiyinlərindən ağır yük götürüldü, bu təhlükənin də beləcə sovuşması onu sevindirirdi. Lakin arvadına da möhkəm hirslənmişdi, neynək, Kara öldürmədi, mən öldürərəm. Göstərərəm sənə rəhmi, insafı, belə əməllicə göstərərəm.  Bu da Kara, sözünə bax, arvad məxluqun  başımıza çıxardır. Nə olar, sözün deyər gözümün içinə,   mən də ilişdirərəm düz alnının ortasına, birdəfəlik olar! Daha bir də ağzını açıb söz deyə bilməz, nə alnımın ortasına, nə də gözümün içinə!

   Günortaya yaxın Karanın dost-tanışları öz maşınlarıyla gəldilər. Tozlu kənd yolu indiyə kimi belə təmtərağın şahidi olmamışdı, cürbəcür, bir-birindən yaraşıqlı xarici   maşınlar toz qaldıraraq gəlirdilər. Tamaşaya çıxan kənd camaatının ağzı açıla qalmışdı, vah, bə,  Karanın necə hörməti, şöhrəti var imiş! Belə maşınların kəndə gəlişi ilk dəfəydi. Maşınlardan son dəblə bahalı paltarlar geymiş, baxışlarından qəddarlıq yağan adamlar düşür, Karayla iki əlli görüşürdülər. Belə qonaqları ilə böyük qardaş aşkar fəxr eləyirdi, heyf  köpəy uşağı arvad kimi qızıl içində itmişdlər. Boyunlarında, qollarında qızıl zəncirlər, qolbaqlar bərq vururdu və buna görə  necə olsa xəcalət çəkirdi.

   Həyətdəki ağacların kölgəsinə stolları düzüb süfrə açdılar. Gəlinlər təndiri yandırdılar, sac qoydular, yuxa, göy qutabı bişirmək, təndirdə çolpa qızartmaq üçün hazırlıq görməyə başladılar. Böyük qardaş  tövlədə bağladığı qoçu çölə çıxartdı, kəsmək istəyəndə Kara gəldi.

       – Neyləyirsən?- elə soruşurdu, sanki onun neyləmək istədiyini görmürdü.

       – Kəsirəm də! Yəni bu heyvanın boğazını üzürəm!- hirslənmişdi, oğula bax, soruşmağa söz tapa bilmir. Qoçu yerə yıxıbsa, deməli, kəsmək istəyir, başqa neyləyə bilər?

       – Sən keç otur, – Kara onu heyrətləndirməkdə davam edirdi.

       – Bəs kim kəssin?

       – Bir nəfər çağır, pulunu ver, kəssin, bişirsin,- Kara çıxarıb ona yüz dollar verdi.

  Pulu götürdü, mübahisə eləmək mənasızdı, necə istəyir, elə də olsun. Elə belə  yaxşıydı, otur, bişirib gətirsinlər. Qonşunun cavan oğlunu çağırdı, toyda da kababı o bişirmişdi, neyləməli olduğunu başa saldı, kömürün, manqalın harda olduğunu göstərdi və keçib qonaqlarla oturdu. Qonaqlar Karaya pərəstiş edirlər, Kara danışanda hamı susur, ona qorxa-qorxa, çəkinə-çəkinə baxırdılar. Kara isə özünü ağır, təmkinli aparırdı, böyük qardaşı ağırlayır, burda böyük onun olduğunu hər vasitə ilə  hiss elətdirirdi. Boşqabına kabab qoyur, cücəni özü onun üçün doğrayır, o, qədəhini götürməyincə qədəhinə toxunmur, danışanda belə ondan icazə alırdı və qonaqlar da məclisdə kimin əsas  sima  olduğunu başa düşüb, onunla hörmətlə danışır, ona yarınmağa çalışırdılar. Karanın dostları nəçi olacaqdılar,   soyğunçu, adam öldürən və bu başkəsənlərin ona qulluq göstərməsi böyük qardaşa ləzzət eləyirdi. Qonaqlardan fərqli olaraq Karanın nazıyla oynamırdı, sözünü də kəsirdi,   hələ bir məsləhət də verirdi. Ən qəribəsi buydu ki, Kara zərrəcə əsəbləşmir, bunu böyük qardaşın halalca haqqı kimi qəbul eləyir, bu haqdan qardaşının geninə-boluna istifadə eləməsinə darılmır, əksinə, özü ona şərait yaradırdı.

     Qonaqlar gedəndə içərilərində nisbətən yaşlısı Karanı kənara çəkib soruşdu:

   – Brat, eşitdik nəsə  probleminiz var.

   – Var idi, – Kara qısaca dedi, – məşğul oldum. Artıq yoxdur.

Böyük qardaş   toydan qalan pivələrdən beş-altı şüşə gətirib masanın üstünə düzdü, ancaq Kara noxudsuz pivə içmək istəmirdi. Bunu eşidən kimi dedi ki, bu dəqiqə həll elərəm, bazardan bir qazan almışam, satıcının deməyinə görə noxudu yarım saata qaynadır. Əla qazandı, qapağı burulub bağlanır, bir damcı da hava buraxmır. Bir sözlə texnkanın son uğurudu. Qazanı gətirdi, içinə noxud, su töküb, qapağını bağladı, qoydu həyətdəki ocağın üstünə. Kara texnikanın son uğuruna inamsızlıqla baxır,  qardaşının dediklərinə  şübhə elədiyi hiss olunurdu, ancaq dinmir, münasibət bildirmrdi. Adəti beləydi, ürəyindəkini demir, nəticəni gözləyirdi, tərslikdən də nəticə bir qayda olaraq onun şübhələrini təsdiqləyirdi. Böyük qardaş isə qazana inanırdı, alanda satıcı bir saat tərifləmşdi,   sınaqdan da keçirmişdilər, mal ətini deyilən vaxtdan da tez qaynatmışdı.

     Bir az keçmişdi ki, Kara özünə məxsus etnasızlıqla:

    – Partlayacaq,- dedi.

    – Nə?- böyük qardaş həyacanlandı, Karanın elə belə söz demədiyini bilirdi, nəyinsə partlayacağını deyirdisə, narahatçılıq üçün əsas vardı. Bu dəyyus belə işlərdə uzman idi, gözdə-qulaqda olmaq lazım idi, bir də gördün nəsə partladı, başını apardı.

   – Qazan. Sən ona uğur da deyirsən. Yəni texnikanın son məhsulu.

   – Vah, söz danışdın!- Böyük qardaşın narahatçılığı keçdi,  ağlına, dərrakəsinə bax,   qazan niyə partlamalıdır, içinə qumbara qoyublar olmaya?

   – Partlayacaq,- Kara sanki özü üçün danışırdı, sifəti hissiz, duyğusuz idi və böyük qardaş bu qənaətdəydi ki, Kara nə danışdığının fərqində deyl. Əyər qazan partlayacaqdısa,   ocağın beş-altı addımlığında Kara belə həyəcansız, sakit otura bilməzdi.

   Əvvəlcə fısıltı eşdildi, qazan havaya qalxdı, qulaq batıran partlayış səsi böyük qardaşı yerə yatmağa məcbur elədi. Ağzı üstə çayırlığa uzandı, başının üstüylə qazanın qəlpələri uçuşurdu. Qəlpələr stolun üstündəki pivə şüşələrinə  dəydi, sınan şüşələr, cingilti adamın ətini ürpəşdirirdi. Yalnız həyətə sükut çökəndən sonra böyük qardaş qorxa-qorxa başını yuxarı qaldırıb ətrafa boylandı. Nə qazan, nə də ocaq yox idi, partlayış dalğası hər şeyi havaya sovurmuşdu. Üst-başına xeyli noxud səpələnmişdi, noxudlar bişmişdi, yupyumşaqdılar, satıcı onu aldatmamışdı, qazan deyilən kimiydi, bəs zəhrimar niyə partladı? Kara isə stolun arxasında necə oturmuşdusa, eləcə də qalmışdı, sanki baş verənlər, partlayış başqa yerdə olmuşdu, ona dəxli yox idi. Lənət şeytana, bəlkə qazanın qəlpələri  qarnını yarmışdı? Ayağa qalxıb Karanın yanına qaçdı,  heç nə olmamışdı, sağsalamatdı, hələ br istehza ilə gülümsəyirdi də. Bilir qazan partlayacaq, elə oturub, elə bil konsertə baxır. Sən adamı əməlli başlı başa sal da, denən qaç, canını qurtar, yerə yat, yoxsa qazan başını aparar. Karaya  bir şey olmadığına əmin olduqdan sonra sevindi.

    – Pivə gətirim, hələ orda var, – pərt halda dedi.

    – Sən hələ də pivə içmək həvəsindəsən?- Kara dodaqaltı qımışdı,   dodağının qaçması, gülməsi təsadüfü olan işdi, indi isə kefi kökəlmişdi, qazanın partlaması buna ləzzət eləmişdi.

   – Mən sənə görə…

   – Məncə bu günlük bir partlayış bəsdi.

    Böyük qardaş daha bir söz demədi, baxanda Kara haqlıydı, hələ yaxşı ki, qonaqlardan kimsə noxudla pivə içmək istəmədi, yoxsa indi həyətdə leş-leşəydi.

   İş-güc adamıydı, bekar qalmağı xoşlamırdı, dırmıq, yaba götürüb köhnə tayanın yerini təmizləməyə getdi. Ot yetişirdi, tezlklə ot  biçini başlayacaqdı, tayanı harda qoymaq haqda düşünmək lazım idi. Tayanın yerində köhnədən qalan ot, küləş çürümüş, çürüntünün arasından qalxan qanqal, vələmir, sümürgən adama boy vermirdi. Otu, alağı, çürüntünü təmzləyib kənara atırdı. Kara da köməyə gəldi, can-başla işləyirdi, tayanın yerini təmzlədilər, su töküb ağacla döydülər. Sonra isə yenicə çiçəkləmiş çöl yoncası çəmənliyində oturub dinclərini aldılar.

   – Məni burda döyübsən, – Kara dedi.

   – Niyə?- böyük qardaş udqundu, nəsə yadına sala blmirdi.

   – Qonşunun itini qırxmışdım.

     Yadına düşdü, qonşunun bir iti var idi ki, əli ağaclılar belə ona yaxın düşməyə cürət eləmirdilər, vəhşi kimiydi, itdən çox canavara oxşayırdı. Bu isə iti tutmuş, tayanın dibinə yıxmış, qıçlarını, ağzını bağlayıb qırxmışdı.

   – Hə, döymüşəm! Bəs sən nə bilmişdin? Birdən-ikiyə it qırxan dəyyusu harda görübsən? Qırxıb neyləyəcəkdin? İt tükü sənin nəyinə lazım idi? Qonşu ilə də aramız dəydi, hirsləndiyindən vurub itini öldürdü…

   – Məni də sən öldürdün.

   Lənət şeytana, bu heç nəyi yaddan çıxarmamışdı. Bayaq özünü  ağıllı, təmkinli aparırdı, indisə yenə də döyülməyini xatırlamağa başlamışdı. Kara əlbəttə səfehlik eləmişdi, ancaq uşağı elə döymək lazım deyldi. Ot tayasının dibinə yıxıb əzişdirir, gücünə xəsislik eləmirdi. Arvadı haqlı idi, bu dili çürümüş düz deyirdi. Rəhm, insaf deyilən şey yox idi bu ailənin kişilərində. “Döymüşəm!- yana-yana dedi. –   Ciyərimi yandırmışdın! Əməlli başlı yandırmışdın, cızdığımı çıxartmışdın. Səni  yandırmasaydım bağrım çatlardı.   Bəs gölün sahilində necə, döyülməyini unutmayıbsan? Qazı diri-diri yolub gölə buraxmışdın. Görəsən üzəcək, ya yox?”

  – Unutmamışam, -Karanın səsi uzaqdan gəlirdi.- Qaz üzdü.

  Elə bil yuxudan ayıldı. Lənət şeytana, oğrunun yadına daş salırdı. Oturub kimə nədən danışır. Buna uşaqlıqda əzab-işgəncə verib, hələ bir yadına da salır. Ayağa qalxdı, beli, yabanı, dırmığı aparıb tövləyə qoydular. Burda böyük qardaşın dili yenə də dinc durmadı.

   – Səni burda döyməmişəm ki?- soruşdu.

   – Döyübsən,- gözləyirdi ki, Kara heç olmaya burda döyülmədiyini deyəcək, ancaq sən demə  Karanı burda da döyübmüş.

   – Niyə?

   – Cöngənin buynuzunu mişarlamışdım.

   – Kara, bütün bunlardan sonra səni öldürməmişəmsə, demək alnıma qardaş qatili olmaq yazılmayıbmış!- dedi və artıq neçənci dəfə təəssüf hissi ilə dərk elədi ki, lazımsız sözlər danışır, yaranın gözünü qopardır.

   -Yazılıq bir iş yoxdu, – Kara sakitcə etiraz elədi. – Canım bərkdi.

    Ana həyətdən onları səslədi, sevincdən arvadın gözləri işıldayırdı, bəy açılmışdı. Ana yenə də Karanı tərfləyirdi. Qurban olum sənə, axır işi yoluna qoydun. Qardaşının ümidinə qalsaydı rüsvay olacaqdıq. Nə yaxşı  sən varmışsan!

    Axşamüstü gün qüruba əyiləndə yenə də həyətdə oturmuşdular. Kara süd içirdi, böyük qardaş isə çay içir, fikrirli halda  qızaran üfüqlərə baxırdı. Sabah günəşli gün olacaqdı, istilər düşürdü, ot vaxtından tez yetişəcəkdi. Bərkiyib kobudlaşmamış çalıb yığmaq lazım  idi. Ancaq o tək idi, köməyi yox idi, Karaya desəydi, yəqin qalardı. O, isə bunu istəmirdi, yaxşısı buydu çıxıb getsin, xatircəmlik olardı.

Birdən çəpərin dibini eşən xoruz banladı, Kara sərt halda geri döndü. Banlayanın hansı xoruz olduğunu gördükdə barmağını xoruza tuşladı.

    – Bunu kəsərsən!- dedi.

     – Niyə?-  Kara onun üçün cöngə də kəsilməsini istəsəydi, tərəddüdsüz kəsərdi, ancaq bilirdi ki, Kara xoruzun kəsilməsini, heç də xoruz əti yemək istədiyinə görə tələb eləmir,  zakonnikin xoruzla nə isə haqq-hesabı var idi və böyük qardaş da bu haqq-hesabın nədən ibarət olduğunu öyrənmək istəyirdi.

     – Batan günəşin arxasınca banlayır. Petux…xoruz doğan günəşi salamlamalıdır, batan günəşi yox!- bir qayda olaraq sözə xəsislik edən Kara qısaca izahat verdi.

    – Qurban olum sənin ağlına!- söhbəti eşidən ana Karanı tərifləyirdi. -Neçə illərdir rusların içində yaşayır, adətlərimizi bilir, heç nəyi unutmayıb. Bu isə burdadı, bütün günü eşidir, ancaq bildiyi bir şey yoxdu.

Bir qayda olaraq Kara təriflənir, onun adı isə pisliyə çəkilirdi. Böyük qardaş hirslənmişdi. Qardaşım,  bu xoruzdu, yəni quşdu, sənin quşla nə işin? Xətri nə vaxt istər, onda banlar. Yoxsa, bunun üçün səndən icazə almalıdır?

Bununla belə xoruzu kəsəsi oldu. Karanın gözünün qabağındaca, qoy görsün,   yoxsa bir də gördün yenə başladı, kəsdinmi, dərhal kəsmək lazım idi. Xoruzu gəlinlərə verdi, dedi ki, cızığından çıxan xoruzdu, neto banladı, cəzasını da aldı. Təndirdə qızardın, axşama hazır olsun. Bax, bu yaxşıdı, deyirdi, ölkədəki bütün yersiz banlayanlar bilsələr ki, bunun cəzası nədir, qələt elərlər, vaxtsız banlamazlar. Ona sifətini turşutmuş halda qulaq asan Kara isə dedi ki, özümüz yeyə bilmərik, qonum-qonşuya verməlisiz.

    – Va…ah! – böyük qardaş heyrətlə səsləndi. – Necə yəni yeyə bilmərik? Qarnımızı yırtar? Xarab elər qonşunu! Sizin işiniz olmasın, özüm yeyəcəyəm! Belə zəhmət çəkib yeyəcəyəm! Qoy nə olacaqsa, mənə olsun!

    – Sənə deyildi ki, olmaz! – anası xoruzu siniyə qoyub nəvəsinə verdi, tapşırdı ki, aparıb Gülsənəm qarıya versin.

      Böyük qardaş yanıb yaxılırdı, belə də iş olar? Xoruzu kəs, apar ver qonşuya, bəs buyur ye! Nöşün ki, biz yeyə bilmərik, banlayıb, ona görə. Qonşu da ləzzətlə yeyəcək, əlbəttə, yeyəcək. Niyə də yeməsin, bizdən fərqli olaraq qonşularımızdan ağlını itirən olmayıb. 

İndi anası  başqa adamdı. Fikirli gəzən, gözləri arayıb-axtaran, qıçlarına döyüb vaysınan dünənki arvaddan əsər qalmamışdı. Həyətdə quş kimi səkir, axşama hazırlıq görürdü. Arvad bekar qala bilmirdi,  bəyn arxasınca deyinirdi. «Girib otağa çıxmır, demir qardaşım Rusyətdən gəlib, sabah-birisi gün çıxıb gedəcək. Gedim onunla da bir az oturum. Mən neyləyim, molla yanına adam göndərim dua yazsın, bunu otaqdan çıxarsın». «Ay ana, nə işinə!- böyük qardaş həyəcanlanmış halda səsləndi. – Onun otaqdan çıxması sənə çoxmu lazımdı? Birdən otaqdan çıxdı, yenə də bağlandı, onda necə olsun? Bu dəfə də bağlansa, onu pulemyot gücünə də otağa sala blmərik. O mollaya qalanda isə, onun duası milçək, çəyirtkə qovmağa da yaramaz, nəinki otaqdan adam çıxartmağa. Bir onu bilir, adamı mayallaq aşırsın».

Karanın xoruza irad tutması böyük qardaşı hirsləndirmişdi, kişinin oğlu xoruzla razborka aparır.  İt hürəndə özünü saxlaya bilməyb dedi:

 – Bu necə?

 – Nəydi?- Kara heyrətlə ona baxırdı.

 – Vaxtındamı hürür, qarışdırmır ki?

 – Nə demək istəyirsən?- Karanın səsində təhdid var idi.

 – Əşşi, heç nə! Yəni  artıq-əskik hürürsə, təpəsinə bir güllə vurum! Nəyə görə  xaric hürməlidir? Zəhmət çəksin qayda-qanunla hürsün. Yoxsa bizə nə gəlib, xoşbəxtlikdən belə işlərdən baş çıxaran adamımız  da var.

  Kara heç nə demədi, ancaq daha həyətdə oturmayıb evə keçdi. Böyük qardaş isə razı qalmışdı, bax belə, aldı payını, zəhmət çəkər, bir də toyuq-cücə işinə qarışmaz. Birdən qonşu kənddən olan ovsunçunun ona işarə eldədiyini gördü. Artıq ölmüş hesab elədiyi adamı diri görəndə üşəndi, nə əcəb Kara bunu öldürməmişdi? Çəpərə yaxınlaşdı, ovsunçu başını çəpərdən yuxarı qaldırmağa cürət eləmədiyindən o, çəpərin üstündən aşağı əyilməli oldu. “Başıma oyun açmışam!- ovsunçu pıçıltı ilə deyirdi.- Dedim əlimə qaz düşüb, yolum.  . Sonradan öyrənirəm ki, könüllü surətdə aparıb başımı divin ağzına soxmuşam.  Deyirlər öldürəcək, ətimi kəlbətinlə buracaq, dırnağımın altına iynə yeridəcək”.

– Bəs nə bilmişdin? – böyük qardaşın  dərisini xilas eləmək hayına qalan bu dərə tülküsünə zərrəcə də ürəyi yanmırdı. Qorxuya düşmüşdü, daş qayaya rast gəlmişdi. Qoyunda ağlına bax, gör kimi qaz kmi yolmaq istəyirmiş. –  Hələ şişi də qızdırıb adamın qarnına soxurlar. Küt bıçaqla adamın qıçını da kəsirlər. Verirlər  diri əqrəbi, deyirlər, ye.

– Allah sənin evini yıxsın! Gör köməyə  kimin yanına gəlmşəm! – ovsunçu zarıdı.

Yalnız indi böyük qardaşın ona yazığı gəldi. Dedi ki, qorxmasın, öldürməyəcək, bəy açılıb.

– Dəxli yoxdur, – ovsunçu özündə, sözündə deyildi, dili söz tutmurdu, – ağlımı itrmişəm, durub bunun  üstünə tüfəng çəkmşəm. Mən nə bilim? Köməy elə, qurtar məni!

– Neyləyibsən?- böyük qardaş inamsızlıqla səsləndi- Bəs onda bura niyə gəlibsən? Qaçıb dərədə, təpədə gizlənmirsən, duza gəlirsən? Ay başsız adam, mənim sənə nə köməyim dəyə bilər? Mən desəm buna toxunma, əksini eləyəcək. Məndən yanıqlıdı, bunu uşaqlıqda çox döymüşəm.

Səsə gəlib çıxan və söhbətin nədən getdiyini öyrənən ananı od götürdü.  Mənim oğlum gəlib öz elində, obasında adam öldürəcək? El-obanı mənə düşmən eləyəcək? Gedək, mən ona göstərim!

Anası yun çırpdığı ağacı götürmüşdü, ovsunçu da körpə uşaq kimi arvadın tumanının ətəyindən yapışmışdı. Böyük qardaş arvadı fikrindən daşındırmağa çalışırdı. Ay ana, neyneyirsən? Onun beyni çoxdan quruyub, əl atacaq tapançaya. Yoxsa sən onu ağacla döymək istəyirsən? Mənə ağlın gedir? Qocalmışam, ancaq haçan xətrinə düşdü, salırsan ağac altına. O başqadır! Əşşi, beləsinə toxunmaq olmaz! Heç çırtma  da vurmaq olmaz! Eləmə!

 Kimə deyirsən, Karanın anasıydı, söz eşidərdi? Elə bilir Kara neçə illər bundan əvvəlki uşaqdır, bu vuracaq, Kara da əllərini yanına salıb duracaq.

 Yanına ovsunçunu salmış ana artırmaya çıxan kimi də,  ağzını açmağa imkan vermədən Karanı saldı ağac altına. Harası gəldi vururdu və   adı belə gələndə çoxunun ürək-göbəyi düşən  Kara nəinki ağacı anasının əlindən alır, heç müqavimət də göstərmirdi. Yalnız zərbələrdən qorunmağa çalışır, neçə illər bundan əvvəl döyüləndə olduğu kimi səsini belə çıxarmırdı. Bu beləydi, nə qədər döyülsə də, gözündən bircə damcı da göz yaşı çıxmaz,  cıqqırını da çıxartmazdı.

Ana vurur, qışqırırdı: “Demək sən adam öldürmək istəyirmişsən? Ananın başını uca eləmək əvəzinə, başını yerə soxmaq istəyirmişsən? Gəlib hampa-havar içində qan tökmək istəyirmişsən! Südümü haram elərəm sənə! Qardaşın da durub baxırmış!”  Bir ağac da böyük qardaşa vurdu, ağac dirsəyinə dəydi, yanıb töküldü, qolunu tutub ufuldadı, vəssəlam, işi görən Kara, ancaq onu döyürlər. Uşaqlıqda da beləydi, Kara işi görüb aradan çıxır, onu cəzalandırırdılar.

 Kara birdən: – Bağışla, ana!- günahkar halda dedi.- Bir qələtdi eləmişəm.

  Ana da döyməkdən əl çəkdi, çıxıb getdi, ən yaxşısı isə ağacını da apardı və böyük qardaş arxayınlaşdı, hələ uşaqlıqdan bu ağac  gözünün odunu almışdı. Baş verənlər onu heyrətə salmışdı, ayaq üstəcə donub qalmış, əl-ayağı yerdən də üzülmüşdü, göydən də. Kara, ana dilində əməlli başlı danışmağı yadırğamış bu adam üzr istədi, bağışlanmasını xahiş elədi. Hələ qələt də elədiyini dedi.

      Kara ovsunçudan pulu alıb ona verdi, bu pula da inək almağı tapşırdı. Ovsunçuya da dedi ki, cəhənnəm ol get, səni mənim əlimdən yalnız bir adam ala bilərdi, o da aldı.   Sonra isə pıçıltı ilə deyindi: “Heç nə adamı bu ağac kimi ağrıtmır”.  “Ağrıdır da sözdü! -böyük qardaşın dərdi təzələndi. – Adamı göynədir, lap belə ciyərin yandırır!”

     Şamdan sonra Kara sabah getmək istədiyini dedi, burda daha  bir işi yoxdu, orda isə onu gözləyirdilər. Çıxarıb anasına pul vermək istəyəndə ana:

    – Böyük qardaşına ver! – hirslə dedi.-  Ailənin başçısı odur. Belə söhbətləri öz aranızda eləyin, arvad-uşaq içində yox.

    – Haqlısan, ana, -Kara dedi və onu o biri otağa aparadı. Əvvəlcə iki min dollar verdi, dedi ki,  bir daha bazara şor, yumurta satmağa getmə. Neçə illər bundan əvvəl bir söz demişdi, bunun isə yadından çıxmayıbmış. Min dollar da inək almaq üçün  verdi. Min dollar da verdi, ot biçinində tək olacaqsan, dedi, özünü çətinə salmazsan, fəhlə tutarsan. Ot az olsa, hazırın alarsan.

    İnsafən pulu verəndə həmişə hansı məqsədlə verdiyini desə də, heç vaxt nə alınması ilə maraqlanmazdı. Bunun iş-peşəsi qurtarmışdı, inək ferması yaratmaq istəyirdi, nəydi. İnək də var idi, süd də. Kara Rusyətdən qayıdanda evdə  içməyə süd tapılacaqdı.

    Gecə yenə də bir otaqda yatdılar,    Kara yata bilmir, yerində qurcuxurdu. Birdən sanki özü ilə danışırmış kimi fikirli halda:

  – Qocalırsan,- dedi, səsində Karaya xas olmayan qayğıkeşlik, canıyananlıq var idi. -Əziyyətin çox olub. Yadındamı, atamı dalında gəzdirirdin. Kişi də hirslənir, səni çəliylə döyürdü.

  -Yadımdadır, – tutqun səslə dedi.

  – Qoymarıq daha çətinliyn olsun.  İstədiyin vaxt bizləri çağır. Əmr elə, səni arxamızda gəzdirək. Buna haqqın çatır.

 Boğazını qəhər tutdu, qardaşının ona can yandırması, çəkdiyi əziyyətlərin əvəzini qaytarmaq haqda fikirləşməsi  onu gövrəltdi. Bu gecə hansısa təhlükə haqda düşünmədən dərin yuxuya getdi.

  Sübhdən səsə oyandı, Kara pəncərənin qabağında oturub, əllərini göyə açmışdı. Bədənə üşütmə salan boğuq səslə:

   – Allahım, ailəmi  qoru! – deyirdi.

   Sarsıldı. Atası da sübhdən oyanar, namazını qılar, eyni ilə beləcə əllərini göyə açıb  Allaha dua elər, balalarına, qonşulara, qohumlara, əmin-amanlıq, xoş yaşayış dilərdi.

    -Amin! – Böyük qardaş dedi.

Müəllif: Aslan QULİYEV

ASLAN QULİYEVİN DİGƏR YAZILARI

HEKAYƏ ƏSƏD CAHANGİRİN LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ YAYIMLANIR. MARAQLI ŞƏXSLƏR Esad Cahangir SƏHİFƏSİNƏ KEÇİD ETMƏKLƏ MÜZAKİRƏDƏ İŞTİRAK EDƏ BİLƏRLƏR.


ƏSƏD CAHANGİRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru