SƏN BU XALQIN DAYAĞI (Ulu Öndər Heydər Əliyevə) Sən bu xalqın dayağı, Sən tarix yazan insan. Qəmi taleyimizdən Əbədi pozan insan. * * * Millətə hami oldun, Qorudun dilimizi. Adımızı dünyaya Tanıtdı sənin izin. * * * Sahib çıxdın bu elin Aliminə, elminə. Cavid ruhu sevindi Cavid məqbərəsinə. * * * Duymusan hər şairin Şeirinin qüdrətini. Göstərmisən Müşfiqin, Sabirin hikmətini. * * * Sən bu xalqa qaytardın Türkçülüyün ruhunu, Qüdrətini, əzmini, Azadlıq – göz nurunu. * * * Cənnət oldu bu vətən, Çiçək açdı hər qaya. Şahinin ucalığı Dərd yaşatdı qarğaya. * * * Bayrağımız göründü Bayraqlar sırasında. Sözün dağı da yardı Liderlər masasında. * * * Üç tərəfdə quzğunlar Yandı alovumuzdan. Kimsə ötə bilmədi Yel olub yanımızdan. * * * Biz özgüvən qazandıq, Sənsə Ata adını. Kama çatdırdın xalqın Eşqini, muradını. * * * Dərin siyasətinlə Məhv oldu yad tapdağı. Sənin əsərin oldu Azərbaycan torpağı.
İndi 2023-cü ilin, demək olar ki, son aylarını yaşayırıq. Bizi təzə ildən sadəcə 4 aydan da az bir vaxt ayırır. Bu il hər insan üçün müxtəlif, bəziləri üçün maraqlı, bəziləri üçün gözlənilməz, bəziləri üçün isə sürprizlərlə dolu bir il oldu. Lakin əminliklə deyə bilərəm ki, bu il hamı üçün, ələlxüsus da 50 milyonluq Azərbaycan xalqı üçün ən xüsusi, ən önəmli və ən gözəl illərdən biri oldu. Ona görə ki, bu il Azərbaycanda Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev” ili qeyd edilir. Bu il Ulu Öndərimizin anadan olmasının 100 illiyi olduğu üçün böyük tarixi əhəmiyyət daşıyır və mən inanıram ki, bundan sonrakı yüzilliklər ərzində bu ilin tarixi önəmi daha da qabarıqlaşacaq, daha da artacaq.
Mən də 15 yaşı bu il taman olan 10-cu sinif şagirdi kimi özümdə cəsarət taparaq Ulu Öndərimizin 100 illik yubileyinə onun dühasının ümmanında bir zərrə belə olmayacaq qədər kiçik bir yazını qələmə alaraq Öndərimizin yubileyinə hədiyyə etdim. Sayca 7-ci kitabım olacaq bu kitabımı – “Ulu Öndərin işığında” nı Ulu Öndərimizin işıqlı xatirəsinə və 100 illik yubileyinə həsr etmişəm.
Ümumiyyətlə, yazı yazmağa başladığım və kitablarımı çap etdirdiyim zamanlardan başlayaraq bu günə qədər həmişə Ulu Öndərimiz haqqında kitab yazıb çap etdirmək mənim üçün böyük arzulardan, amallardan biri olub. Elə buna görə də zaman-zaman Ulu Öndərimiz haqqında bir çox şeir və məqalələr qələmə almışam. Bu şeir və məqalələri bu kitabdan oxuya və onlarla daha yaxından tanış ola bilərsiniz. Hətta “Ulu Öndərimiz” adlı şeirimə mahnı da bəstələnmişdir. Gələcəkdə Ulu Öndərimizin xatirəsinə həsr edəcəyim kitabımda yer alması üçün bu şeir və məqalələri toplayır, onları xüsusilə qoruyur və saxlayırdım. Bunlarla işimi yekunlaşdırmır, Heydər Əliyev dühası irsinin daha da dərindən öyrənilməsi yolunda yorulmadan çalışır və özümü Ulu Öndərimizin adına və ucalığına layiq əməllərə daim həsr edirdim. Bunun sübutu kitabda oxuyacağınız şeir və məqalələrin “Hərdən uçmaq istəyirəm”, “Ulu Naxçıvanım” və digər şeir və publisistik səciyyəli kitablarımda çap edilməsidir. Mən hər bir kitabımın Ulu Öndərimizdən, onun irsindən bir hissə daşımasına çalışmışam və buna az da olsa, nail olmuşamsa, özümü xoşbəxtlərin xoşbəxti hiss edirəm.
2023-cü il Azərbaycanımızın və xalqımızın üzünə bir Günəş kimi doğduğu zaman mən öz beynimdə həyəcan təbillərinin çalındığını hiss edirdim. Sanki 2023-cü ilin başladığı o günlərdə özümü zamanla, axıb-gedən həftələrlə, günlərlə, saatlarla, dəqiqələrlə yarışan görürdüm. O vaxtdan Ulu Öndərimizin 100 illiyi münasibətilə daha səmərəli və daha çox işlər görməyi qərarlaşdırdım və artıq zamanla yarışa başladım. Kitabın yazılma prosesi belə başladı.
Dərslərimin və ictimai tədbirlərdə iştirakımın yorğunluğu nəticəsində mən ən çox vaxtı yay aylarında tapa bilmişdim. Ona görə də yay günlərində işimi daha da sürətləndirdim və Ulu Öndərimizin irsinin axtarışına çıxdım. Gənc araşdırmaçı kimi Ulu Öndərimiz və onun gördüyü işlər haqqında, bir sıra insanlara məlum olan təşəbbüsləri haqqında, ailəsi və sevimli ömür-gün yoldaşı Zərifə xanım haqqında araşdırmalar aparmağa başladım. Bu zaman özümə məlum olmayan bir sıra detalları gün üzünə çıxartdım. Ulu Öndərimizin gəncliyindən başlamış hətta sovetlər birliyi dövründə türk xalqlarına olan yüksək diqqəti, xüsusilə də altaylıların dərdini bir qardaş kimi dinləməsi və onlara işlərində kömək etməsi, hətta onlara türk olduqlarını, qardaş olduqlarını xatırlatması və bir sıra bunun kimi təşəbbüslər araşdırmalarım əsasında yenidən oxucuların nəzərinə çatdırdım. Hesab edirəm ki, bu məqalələrin işığında Ulu Öndərimizin türk birliyinə olan sədaqəti və bu yöndə olan təşəbbüsləri bundan sonra da araşdırılacaq və neçə-neçə yeni məqalələr yazılacaqdır.
Ulu Öndərimizin qardaş Türkiyə ilə olan əlaqələri xüsusilə diqqətə və təqdirə layiqdir. Uzaqgörən liderimizin böyük türk siyasətçiləri Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalıyla olan görüşləri dünənimizdən bu günümüzə işıq tutur, qəlblərdən-qəlblərə çəkilən Ümid körpüsünü nura boyayır.
Oxucularıma əminliklə deyə bilərəm ki, araşdırmalarımda toxunduğum mövzular və hadisələr tamamilə realdır, Ulu Öndərimizin zaman-zaman çıxışlarında dilə gətirdiyi kəlamlardır və istinadları da tam yerindədir.
Kitabımın Ulu Öndərimizin 100 illik yubileyi və Qarabağda keçirilən lokal antiterror əməliyyatı zamanı Qarabağımızın erməni terrorçularından tamamilə azad olunması, onların təslim olması fonunda da oxucular tərəfindən dəyərləndiriləcəyinə, sevilərək oxunacağına ümid edirəm və bundan əminəm.
Kitabım Ulu Öndərimizin müqəddəs ruhuna, böyük irsinə və göylər qədər əbədi olan ucalığına ərməğan olsun!
Ruhun şad olsun, Ulu Öndərimiz! 50 milyonluq böyük Azərbaycan xalqının və bir ucu Qərbə, bir ucu Şərqə uzanan böyük türk millətinin qəlbində dünya durduqca yaşayacaqsan!
Ümummilli lider Heydər Əliyev dövlətimizə başçılıq etdiyi illərdə Azərbaycan təhsilinin inkişaf etməsi, dünya təhsil sisteminə özünə layiqli yer tutması üçün bir sıra sərəncam və fərmanlar imzalamış, öz məruzə və çıxışlarında təhsilin önəmli məsələlərini, eyni zamanda çatışmayan cəhətlərini diqqət mərkəzinə gətirmiş, təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı qiymətli fikirlərini irəli sürmüşdür. Azərbaycan müəllimlərinin XII qurultayının iştirakçılarına müraciətlə söylədiyi aşağıdakı fikirlər Ulu öndərin təhsilə qayğısının bariz nümunəsi sayıla bilər: “Azərbaycan Respublikasının prezidenti kimi, sizi əmin etmək istəyirəm ki, təhsil sahəsi, təhsil islahatları hər zaman mənim diqqət və qayğım altındadır”.
Təbii ki, Ulu öndər təhsildə aparıcı mövqeyə malik, cəmiyyətdə şərəfli yer tutan müəllim amilini də xüsusi qeyd edir, müəllim şəxsiyyətini, onun şəxsi və peşə keyfiyyətlərini təhsilin, təlim və tərbiyə prosesinin səmərəli qurulmasında vacib hesab edirdi.
Ümummilli lider Heydər Əliyev belə bir qənaətə gəlir ki, hər bir xalq, millət, insan yaratdıqları ilə vətən torpağına şərəf gətirir, onun adını uca edir. Ulu öndər tərəfindən gərəkli və məsuliyyətli müəllim əməyi belə dəyərli insanlar arasında yüksək dəyərləndirilirdi.
Ümummilli lider şəxsiyyətin, təhsilalanların formalaşmasında müəllimin roluna yüksək qiymət verməklə yanaşı, onlardan öz peşələrinə həmişə hörmətlə yanaşmağı, öz elmi-nəzəri və metodik hazırlıqlarını, pedaqoji ustalıqlarını müntəzəm şəkildə artırmağı tələb edirdi. Bu xüsusda deyirdi: “Müəllimlərə müraciət edirəm ki, onlar nəinki bu gün üçün, gələcək üçün də öz vəzifələrini, məsuliyyətlərini həmişə düşünsünlər”.
Müəllimin şəxsiyyətini yüksək dəyərləndirən Ulu öndər cəmiyyətimizə, ölkə vətəndaşlarına xitabən deyirdi: “Hər bir vicdanlı adam, Vətəninə, xalqına bağlı olan hər bir adam, qədirbilən adam müəllimini həmişə qəlbində saxlayır, onu daim hörmətlə yad edir. Müəllim adı şərəfli addır, müəllim adı yüksək addır. İndi biz nə qədər çətin bir dövrdə yaşasaq da, müəllim adını daha yüksəklərə qaldırmalıyıq”.
Ümummilli liderimiz məruzə və çıxışlarında, nitqlərində hər dəfə “müəllim” kəlməsini iftixar hissi ilə səsləndirirdi. Deyirdi ki, “Müəllim” sözü o qədər güclü, müəllim adı o qədər yüksək, sözün əsl mənasında o dərəcədə müqəddəsdir ki, müəllimlər gərək bu çətinliklərə dözsünlər, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olsunlar”.
Ümummilli lider özü müəllimlərin hörmətini saxlamaqla, onlara ehtiramını gözləməklə bərabər başqalarının da öz müəllimlərinə, o cümlədən hörmət bəsləməyi, cəmiyyətin həyatında müəllimin oynadığı rolu daim qiymətləndirməyi tövsiyə edirdi. Ulu öndərə görə, sənə dərs deyən, uşaq vaxtlarından, gənclik çağlarından səni tərbiyə edən müəllimləri unutmaq olmaz. Ümummilli lider də hər zaman onları xatırlamış, minnətdarlıqla yad etmişdi. Bunun səbəbini həm də belə bir cəhətlə izah edərdi: “Mən bunu həm cəmiyyətdə müəllimlərə hörməti daha da artırmaq üçün, həm də böyük bir həyat yolu keçmiş insan kimi, müəllimin cəmiyyətdə nə qədər mühüm rol oynadığını qeyd etmək üçün deyirəm. Müəllim olmasa, heç birimiz cəmiyyətdə indi tutduğumuz yeri tuta bilməzdik və bugünkü kimi fəaliyyət göstərə bilməzdik. …1990-cı ildə çox böyük təzyiq altında idim. Vaxtilə mənimlə çiyin-çiyinə işləmiş adamlardan bir çoxu da mənimlə görüşməkdən çəkinirdi. Lakin sevib hörmət bəslədiyim müəllimlər mənə olan ehtiramlarını saxlamışdılar”.
Ulu öndər məktəb işini, müəllimlik sənətini özü üçün ən doğma iş hesab edərdi (“Cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”)..
Ulu öndər təhsildən, təhsil sisteminin səmərəli təşkili, təhsildə yüksək nəticələrə nail olmağın vacibliyindən söz açarkən müəllimlərin üzərlərinə düşən vəzifələrə diqqəti yönəldirdi. Bildirirdi ki, müəllimin birinci dərəcəli vəzifəsi təhsilalanları biliklər sisteminə, dünyagörüşünə, biliklərə yiyələndirmək, onlara həyati bacarıqlar aşılamaqdırsa, həm də, bu vəzifədən heç də az əhəmiyyət daşımayan, onları tərbiyələndirməkdir. Bu işlə ardıcıl məşğul olmaq lazımdır.
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində – ikinci dəfə müstəqilliyimizə qovuşduğumuz ilk illərdə ölkəmizdə bir ara qeyri-sabitlik mövcud idi. Ölkəmizdə bir tərəfdən, milli azadlıq, müstəqillik, suverenlik uğrunda mübarizə gedirdi, digər tərəfdən, erməni qəsbkarları havadarlarının dəstəyi ilə ərazi bütövlüyümüzə qəsd etmişdilər, başqa bir tərəfdən, daxildə müəyyən qüvvələr, hakimiyyət iddiasında olan bəzi şəxslər sabitliyi pozmağa çalışırdılar. Ulu öndərin qətiyyəti, iradəsi və böyük uzaqgörənliyi nəticəsində Azərbaycanda sabitlik yarandı. Lakin bu sabitliyin pozulmamasına, ölkəmizin əbədi müstəqilliyinə nail olmaq üçün hər bir ölkə vətəndaşından öz qüvvə və bacarığını sərf etmək lazım idi. Təhsil işçiləri, müəllimlərlə görüşlərində Ümummilli liderimiz bu məsələyə toxunur, müəllimlərdən, məktəblərdən təhsilalanlar arasında bu istiqamətdə də işlərin aparılmasını onlara məsləhət görürdü. Ulu öndərin fikirlərinə diqqət yetirək: “Ziyalılarımızın, ümumtəhsil məktəblərində çalışan müəllimlərimizin vəzifəsi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməklə bərabər, respublikada ictimai-siyasi vəziyyətin sabitliyinə çalışmaqdan ibarətdir. Çünki daxildə sabitliyin pozulması həmişə cəbhədə böyük gərginliyə gətirib çıxarmışdır. Təlim-tərbiyə işləri ilə məşğul olarkən bir məsələni də diqqət mərkəzində saxlamalısınız”.
Cəmiyyətdə sağlam mənəvi-psixoloji iqlimin hökm sürməsi – ölkənin möhkəm dayaqlar üzərində inkişaf etməsi deməkdir. Ona görə də Ümummilli liderimiz Heydər Əliyev böyüyən nəsildə vətənpərvərlik hisslərinin inkişaf etdirilməsini, onları milli-mənəvi dəyərlərə yiyələndirməyi müəllimlərə tövsiyə edərdi. Ulu öndər istəyirdi ki, gənclərimizdə fəal vətəndaşlıq mövqeyi formalaşdırılsın: “Ali məktəblərdə, ümumiyyətlə, təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır. Mən bütün müəllimlərimizdən rica edirəm ki, bu prinsipi özlərinin fəaliyyətində, öz həyatında da əsas tutsunlar, gənclərimizi də yüksək mənəvi ruhda tərbiyələndirməyə, hazırlamağa çalışsınlar. Çünki cəmiyyətimiz həm zəngin bilikli, ali təhsilli mütəxəssislərə, həm də yüksək mənəviyyata malik insanlara ehtiyac duyur”.
Ulu öndər milli adət-ənənələrimizə və milli dəyərlərə xor baxan, milli əxlaqımıza ləkə gətirən şəxslərə qarşı idi. Qudurğan, harınlaşmış insanların cəmiyyətimizə, insanlığa zidd hərəkət və əməllərinin qarşısının qətiyyətlə alınacağını diqqət mərkəzinə gətirirdi. Ulu öndərin bəyanatında həmin məsləyə aşağıdakı kimi münasibət bildirirdi: “Bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, harınlaşmış insanlar və onların övladları eyş-işrət içərisindədir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyətlər çəkirlər… Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır və qanun çərçivəsində lazımı ölçülər götürüləcəkdir”.
Ümummilli liderimiz cəmiyyətimizdə saf mənəviyyatı bərqərar və inkişaf etdirmək, hər hansı mənfi hallara, cinayətkarlığa, o cümlədən gənclər arasında cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirməyi mühüm vəzifə kimi irəli sürürdü. Bu xüsusda deyirdi: “Biz çalışmalıyıq ki, cəmiyyətimizdə bu mənfi halların kökü kəsilsin. Təəssüf ki, bəzi gənclər özləri də bilmədən hərdən pis yollara gedir, cinayət törədir, yaxud da bələd olmadıqları ayrı-ayrı qruplara qoşulur və cəmiyyətimizdəki sabitliyi pozmağa cəhd göstərirlər. Bütün bunlar milli mənafeyimizə zidd hallardır” .
Ulu öndər mənfi halların aradan qaldırılmasında, gənclərin yenidəntərbiyəsində məktəbin, müəllimlərin, valideynlərin rolunu qeyd edərək deyirdi: “Gənclərimiz arasında mənfi meyllərin qarşısı alınmalı, belə meyllərə qarşı ciddi tədbirlər görülməlidir. Ən əsas vəzifə isə təhsil ocaqlarımızın, valideynlərin gəncləri elə tərbiyə etməsindən ibarətdir ki, belə mənfi meyllər ümumiyyətlə, meydana çıxmasın”.
Ümummilli liderimiz həmin sahədə gənclərin üzərinə də mühüm vəzifələr düşdüyünü qeyd edir, bu kimi mənfi hallardan uzaq durmağı, cəmiyyətdə mövcud olan etik qaydalar çərçivəsində öz davranışlarını qurmağı onlara məsləhət görürdü. Diqqət yetirək: “Ümidvaram ki, ali məktəblərə daxil olan gənclərin hamısı öz gələcək həyatlarını xalqımızın əsrlərdən-əsrlərə ötürülən milli-mənəvi dəyərləri əsasında quracaq və özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlayacaqlar”.
Hər birimizin müəllimi olmuşdur. Bu gün yaşayan adamlar – yaşlı nəsil, orta nəsil, gənc nəsil – heç kəs müəllimsiz bu səviyyəyə gəlib çatmayıb.
Ümummilli liderimizin ibrətamiz fikirləri, tələbləri, öyüd-nəsihətləri, məsləhətləri Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və nəzərə alınır.