Etiket arxivi: Adilə Aslanova

VAQİF OSMANLI – “ÜŞÜYƏN ŞEİRLƏR”İN İSTİSİ

RƏFAİL TAĞIZADƏ, ADİLƏ ASLANOVAVAQİF OSMANOV


“ÜŞÜYƏN ŞEİRLƏR”İN İSTİSİ

Onun yenicə işıq üzü görmüş “Üşüyən şeirlər,…” kitabındakı poetik duyğularını ələk-vələk eləməyə başlayandan az sonra məşhur rus ədəbi tənqidçisi V.Q.Belinskinin bir fikrini xatırladım. Onun yeni kitabında nəzmə çəkilən mətləblər Belinskinin fikirləşdiyi kimidir: “Poeziya həyatı bir imkan kimi yaradıcı surətdə yenidən yaratmaqdır”…
O da yaradır. Bu yaradıcı insanın lirik düşüşüncələrini, həyata, ömrə, mənəvi dəyərlərə münasibətini cilalayan məqamlardan, bəlkə də birincisi doğulduğu, yetkinləşdiyi, fəaliyyətdə olduğu mühitdir.
Şair, yazıçı, pedaqoq, dövlət idarəetmə orqanlarında müxtəlif vəzifələrdə işləyən Adilə xanım Aslanova Azərbaycanın ecazkar – Yaradanın ovqatının ən xoş vaxtında yaratdığı bir guşəsində – axarlı-baxarlı, qızılgül ətirli, qoca Qafqazla qol-boyun dayanan, müxtəlif etnoslara qucaq açan vüqarlı, məğrur, Adilə xanımın təbiriylə desək, “kiçik Paris”də – Zaqatalada dünyaya göz açıb. Onun Zaqatalası da bir obrazdır, “dağa söykənən şəhərdi, bir əzəmət heykəli”dir.
Həmişə düşünmüşəm ki, Vətənimizin ən mərhəmətli, qayğıkeş, tolerant insanlarının yaşadığı ərazilərindən öndə gedəni Şimal-Qərb bölgəsidir. Orada yaşayanların insansevərliyi buna əyani sübutdur. Çoxları dünyanın cənnət yerlərini Alp dağlarının ətəklərində, Balkan yarımadasında axtarır. Zaqatalanı görənlərin gözündə Alp dağlarında gördükləri mənzərələr adiləşir. Zaqatala elit şəhərdi – insanları, təmizliyi, saf havası və suyu, həyatverici təbiəti, min nemət yetirən torpaq-bitki örtüyü ilə.
Sadaladığım bu dəyərlər Adilə xanımın şəxsiyyətinin və poetik dünyasının mükəmməlliyində özünü bariz göstərir. O, duyğularını özününküləşdirməyi bacarır, sözlərdən özünəxas, təkrarsız nümunələr yaradır. Səmimilik hər misranın yükünü artırır, sözə can verir, sözsevərləri sözün sehrinə salır. Ayrı-ayrı şeirlərdən ayrıntılara diqqət edək:

Gecə tərin tökür nəm şüşəmizdə…
Küçə ayağına dar olmadı ki?!.
Məzar daşı kimi soyuq əllərim…
Yuxular gecənin dəm qonağıdır…
Ürək dönüb indi qəbir qazana…
Ağlayan daşlardan yer atlaz olur…

Belə nümunələri çox seçmək mümkündür. Lirik düşüncələri orijinaldı. Hiss olunur ki, həmişə axtarışdadı. Uğurlu sözü tapanda ağuşuna alır, sevinir, özü olur, mənəvi övladıdır axı.
“Üşüyən şeirlər,…”in redaktoru və ön sözün müəllifi qazi zabit, şair, esseist, publisist Rəfail Tağızadə yazır: “Adilə xanımın şeirlərində elə məqamlar var ki, ordan sakitcə keçə bilmirsən, şeir, fikir səni tutub saxlayır. Adilə Aslanova hansı mövzuya əl atırsa, orda özünəməxsus nümunə yarada bilir. Oxucu onun şeirlərindəki sadəlikdən həzz alır. Darıxmır, yorulmur”.
Adilə Aslanovaya görə “Vətən çəhrayı bələkdən başlayr!”. Uğurlu bənzətmə, tapıntıdır. O, vətəndaşdı, vətənsevər söz adamıdı. Vətən dar gündə olanda kədərlənən, ona hayan olmağa çalışan, şad günündə uğuruna sevinən el, oba, yurd Vətən qızıdı. “Azərbaycan, Zəfər Günün mübarək”, “Azərbaycan əsgəri”, “Yaşayan şəhid”, “Xocalıya açılacaq bu sabah”, “Torpağım şəhid-şəhid”, “Şuşa” və digər şeirlərində onun bir gözü gülür, o birisi göz yaşı tökür. Sevinir ki,Vətən oğlu “qələbəylə ibrət verdi düşmənə”. Sevinir ki:

Öz halal torpağına
Yad quş da səkə bilməz!
Sən varsan, azadlıq var,
Bu yurdun qeyrətini
Heç vaxt yad çəkə bilməz!
Sən mənim torpağımın
Şanı, fəxri, hünəri,
Azərbaycan əsgəri!

Kədərlənir ki:

Sağ qalan şəhidlərin,
Ayaqları, qolları,
Görən gözü asılıb
Şəhid məzarlarından!
Dil açmamış körpəmin,
Müəmmalı baxışı,
Gələcək sualları,
Donub, asılı qalıb,
Şəhid məzarlarından!

Həyat başdan-başa müəmmadı, sirdi, sehirdi, labirintdi. Bu burulğanların, keçilməzliklərin caynağında kimsə bu gününü alqışlayır, kimsə də qarğış atəşinə tutur. Bu təzadların içində yaşamaq, əlbbəttə, asan deyil. Kimi şükranlıqla yaşayır, kimi də ömrünə, gününə, ömür-gün yoldaşına lənət oxuyur. Adilə xanım lirik qəhrəmanı qadının hər halını duyur, anlayır. Çünki həyatın sınaqlarından halıdır, anadı, nənədi, ləyaqətli Türk xanımıdı. Ona görə də həmcisinin durumunu başa düşür, sözlə ifadə edir:

Yaxında qonşu qadın
Ərini qarğıyırdı.
Tənha qalan bir qərib –
Dul gəlin ağlayırdı.

Küçədə “xoşbəxt” itlər
Kimə gəldi hürürdü.
Kif basmış boz ümidlər,
Küçələrdə ölürdü.

Onun lirik qəhrəmanlarından çoxu qadındı – “solğun tellərinin boyası gedən, əyilə bilməyən, sına bilməyən, küskün taleyilə abır həyasına, soyuq kədərinə qısılan qadın, ötmüş qatarından sarsılan qadın”. Bu hissləri fenimizm kimi, qadın təəssübkeşliyi, gender bərabərliyi axtarışı kimi anlamayın. Adilə xanım daha geniş əhatəli, daha bəşəri düşünür. O, harda zorakılıq, zülm, ədalətsizlik varsa ordadır, hansı cinsin nümayəndəsinə qarşı qeyri-humanist münasibət görsə, sakit dayana bilməz. Söz adamı həm də haqq-ədalət tərəfdarı, zamanın, insanın nəbzini tuta bilən, dəqiq ölçən barometr olmalıdır. Adilə xanımın bir qanunu var: sözə könül verən kəs nə “yazırsa, yaxşı yazmalıdır”. O, “qüruru məhbəsdə həbs olan qadının” daxili dünyasındakı təlatümləri görür:

Içindən qaynaıb, içindən daşan,
Payız gözlərindən selə qarışan,
Ruhuyla ağılı qoşa yarışan,
Özünün oduyla qarsılan qadın.

Adilə Aslanova söz adamı kimi qarşısına bir məqsəd qoyub – “ömrün çətin düyünlərini açmaq”. Ona görə də “qanqalı da tər bənövşə qoxuyan” ömrün “zəhərini də şərbət bilib içmək” cəsarətindədi. Həm də mərhəmətlidi, “körpü salır” ömrün “həsrətindən, acısından”. Ancaq o körpü “Sirat deyil, tez ol, yüyür, keç görüm” düşüncəsi ilə bəşər övladını qorumaq istəyindədi. Bu qayğının, yanğının, humanistliyin vəhdətində bir ömür boyu “mən” axtarır. O aliliyi, əzəməti, mükəmməliyi tapır və sözə çevirir. Uğurlu söz axtarışları zamanı həmişə özüylədöyüşdədir, hər an özünə hesabat verir:

Möhtəşəm olurmuş sevilən kədər,
Varlığı təsəlli, yoxluğu əzab.
Fəsillər dövr edib dəyişən qədər,
Ürəyim ağlımla çəkir haqq-hesab.

Bəli, o təkcə sevincə aşiq olmur, kədərini də sevir, müqəddəsləşdirir. Dərin düşüncələr içində üzüağ ömrünü ələk-vələk edir, adilikdən uzaq sevgisinə, yəqin ki, özü də təəccüblənir:

Sevdirir insanı ruhu, nəşəsi,
Mən öz kədərimi sevdim, İlahi.

Onun sevdiyi kədər işıqlıdır, doğmadır, həyatvericidir, həniri heç vaxt azalmır.
İgid odur ki, kədərini də sevsin, özü də:

Dərdi qoyub cibinə,
Xərcləməyə gedəsən.
Gərək dərd sevəndə də,
Ən gözəlin sevəsən…

Adilə xanımın sevgi hissləri də möhtəşəmdi. “Qara oğlan” şeiri ilə özəl həyatının acısını, şirinini, həsrətini, vüsalını, xoşbəxtliyini, səmimi, şirin xatirələrlə limhəlim dolu ömrünün anlarını qələmə alır. “Sarışın qızın poetik düşüncələri həm həzindi, həm də hay-haraylı. Oxuyanı düşünürük ki, lap bizim ömrümüzün müxtəlif ovqatlı anlarıdır. “Qaşın altdan baxıb, sevgilisinin ruhunu özüylə aparan, sarışın qızın qaranquş qəlbini söküb talayan, gözəllər dalınca dönüb axmayan” qara oğlandan nigaran sarışın qız o qara oğlanla birgə ömrünün qırx ilini arxada qoyub. Məmməd Arazın bir misrası yadıma düşdü: “Bu da belə bir ömürdü, yaşadım”. Adilə xanım da ərkyana: “məni qınamağa nə var ki, ömrüm, bilmirəm bu necə, necə ömürdü” pıçıldayır. O da, o qara oğlan da yaşadılar, bir ömrü çiçəkləndirdilər, bəhərləndirdilər, nəvələrlə varlandırdılar. “Etiraf” şeirinin lirik qəhrəmanları da həmin sarışın qızdı, həmin qara oğlan, sarıbənizin “sevdiyi, seçdiyi cavan oğlan”. Onlar bir isti ailə ocağının qurucularıdır.

Söz aldı, söz verdi dədə babamız,
İsindi evimiz, güldü yuvamız,
Bizləri yaşatdı üçcə balamız,
Nəvələr dırmanır divara, oğlan!

Lap bir gün əcəl gəlsə,
Qorxma!
Yan-yörənə buraxma!
Məni özünlə saxla!
Səni mənsiz aparsa,
Görəcəksən ordayam!

Adilə Aslanova lirik qəhrəmanının doğum gününəgöndərdiyi ən dəyərli hədiyyəsinə həsəd aparmamaq olmur: “qədəhinə şeir süzüm”. Şairin sözdən qiymətli bəxşişi olmaz ki?! Başqa bir hədiyyəsi “kriminal” olsa da çox orijinaldı: “hər şeirimdən bircə sətir oğurladım”. Belə unikal oğurluğu söz qədrini bilənlər edər. Bir də şairin poçtxanası çox oprativ işləyir, “sovqatımı göyərçinin ayağına bağladım”. Belə baratı hamı gözləyib – qanıqaynar vaxtı.
Doğrudan da şair olanın ürəyi adi deyil. Belə qeyri-adiliklərdən ədəbiyyat yaratmaq isə qat-qat qeyri-adilikdir. Bunun üçün çırpınıb coşan, çarpışan ürək gərəkdir. Əbu Turxana gərə, ədəbiyyat – əbədiyyəti ana, anı əbədiyyətə çevirir. Adilə xanım da lirik qəhrəmanının doğum gününü əbədiyyətə çevirir. Lirik qəhrəmanına ən ümdə mənəvi varlıq – ümid də göndərir:

Süfrənizdə bir yeri boş qoyarsan,
Üzbəüzə, səninlə tuş qoyarsan,
Boşqabıma bir az da aş qoyarsan,
Bir də gördün, gəldim özüm, bağışla.

O, məsuliyyətlidir, yazdığı hər misraya cavabdehdi, etiraf edir ki, şair olmaq asan deyil. Şair olmaq üçün gərək “tay olasan bənövşəyə”. Dürlü-dürlü fikirlər onun təxəyyül süzgəcindən keçib sız incilərinə çevrilir. Bununla belə özünə qarşı çox qəddardır: “Mənə şair deyirlər, deyiləm, Allah haqqı!”
Adilə Aslanova inamlıdır:

Mən içib Arazın suyunu bir qurtuma,
Ayaqyalın qaçacam, o mübarək yurduma!

O, əqidə sahibidir, amalı, məsləki birdi. Qəlbi yad hisslərin, üsyan yeridi. Bu qəlbin “qapısında gecələyir, şanı hörüb beçələyir, öldürmür ey çiçəkləyir ağrılar”. Ağrılar əlahəzrət sözün qidasıdır.

Sevdiyim! Gəl incimə,
Hər nə istəyirsən, de,
Bircə mənə “Ay” demə.
Mən ona
tay olmaq istəmirəm!
Hər gecə bir şəkil alan
Ay olmaq istəmirəm.

“Şagird dəftərində qalan şeirlər”, “Görüş yeri”, “Kəndçi qız”, “Şəkillər”, “Sənə şeir yazıram”, “Səndən nigaranam”, “Bu gecə” və digər bədii nümunələrdə lirika ilə nostalgiya bir-biri ilə elə ülfət yaradıb ki, bu iki şirin duyğunun dadından doymaq olmur, bu şirinliyə düşənlər ordan çıxmaq istəmir, körpələşir, xatirələr qucağında süd qoxulu körpəliyinə dönür. “Çit donlu, xəyalları aşıb-daşan tələbə, incə, sarıbəniz kəndçi qız”ın obrazı nəinki Adilə xanımın, artıq mənim də gözümün qarşısından çəkilmir, Adilə xanım onu mənə də doğmalaşdırıb. “Qoynunda qolları çarpaz, bükülü” qız uzaq-uzaq illərdən boylanır, bizi də o günlərə səsləyir. İndi o qız da, biz də sarışın qızın qarşısında lal-dinməz dayanıb suala dönürük. Belə saflığa baş əyməmək olmur.
Adilə Aslanova başdan ayağa şeir adamdı:

Hardasa bir ulduz uçur,
Qonur qərib şeirlərə.
Yapışmışam ətəyindən,
Görüm nə vaxt çırpır yerə…

“Nağıl bilək dünyanı” şeiri gerçəliklə xəyalların gerçək nağılıdı. Şair xanım arzularının, xəyallarının quşqonmaz sərhədlərini aşıb real dünyasına qayıtmaq üçün mücadilədədi. Narazıdır ki, “düşüncəmiz Cırtdan olub, kiçilib, nənəmizin arpa aşı bişmir, “siçan bəylər” xan evində kefdədi”. Acgöz məmurlar (divlər) “çevirib dünyamızı zindana, tələsirik işıq gələn tərəfə”. Ancaq işığın qarşısını kəsən Təpəgözlərə gücümüz çatmır. Elə bu an nəhayət Adilə xanımın mübariz təxəyyülü dadımaza çatır. Doğrudan da dünyanı, insanı mübariz ruh xilas edəcək:

Koroğlular qılınc beldə gələcək,
Keçəl Həmzə yad atından enəcək,
Div deyilən əməlində yenəcək,
Qarşılayın!.. Atlarımız kişnədi.

Onun “şeirləri ürək kimidir” – həssas çırpıntıları, yaşantıları ilə, onun “şeirləri pətək kimidir” – sözə vurğunların zövqünü balladır. Onun şeirləri nazlıdı, kövrəkdi – bənövşə kimi, kükrəkdi – şəlalə kimi, hürkəkdi – həsrətdən bağrı yanan lalə kimi. Onun “sevgi dünyası bir tilsimdi, pünhandı – sevgi dünyası kimi, onun şeirləri “uşaq kimidir – sakitcə ağlayır”, qəhqəhə çəkib gülür. Onun şeirləri özünün özüylə haqq-divanıdır – “burda qırğını var ruhla ağılın”. Onun şeirləri “təpədən dırnağa özü kimidir – həmişə özü özünü varaqlayır”. “Qəlbində dil açmış sözləri qaldığından Simurğun qanadlarına qonub ruhunu göylərdə gəzmək, şeir heykəli qurmaq istəyir”. Şeir heykəli qurmaq istəyənlərə sözə dəyər verənlər ürəklərində əbədi və əzəmətli heykəl ucaldırlar. Ancaq Adilə xanım yenə “narazı”dı. Onu şair doğmadığı üçün anasını “qınayır”. Bəli, əsl şair odur ki, həqiqi şair olduğunu boynuna almır. Bu da söz adamının aliliyidir. “Niyə məni şair doğmadın, ana” şeiri Adilə xanımın həyat manifestidir, fəlsəfəsidir:

Niyə məni şair doğmadın, ana?!
Şairlər bir az da kədərdən yazır.
Mən də azdırardım qəm, kədərimi,
Yaxına qoymazdım heç qədərimi.
Iblisə, şeytana qəbir qazardım,
Yolundan didərgin salardım, ana!

Məni niyə şair doğmadın, ana?!
Şairlər dünyanın söz qılıncıdır.
Qılınc götürərdim, sipər çəkərdim,
Dünyanın qəlbinə ümid əkərdim,
Pisliyi, nifrəti xeyrə yozardım,
Sonra kürəyimə alardım, ana!
Bəlkə də, lap şair olardım, ana!

Adilə Aslanovanın şeirləri Vətənin “boynuna taxılan göz muncuğudur”…
Onun lirik dünyası gözəlliklər məskənidir – ilahi sözün sehrindən yaranıb…
Onun “ümidi kainatı qucan sevgi qədərdi”…
Özü də hələ böyüməkdədi – təzə doğulan şeirləriylə. Hələlik “yarımçıq şeir”inin şah misrası boydadı”. Şah misralar çoxaldıqca mənəvi anasını da böyüdəcək…
“Kənddən gələn və kəndinə qayıdan (hər iki anlamda) sarışın qız “arxalı köpəkləri” lirik dili və duyğularıyla susdurmaqdadır…
Onun “üşüyən şeirlər”inin istisində qızındım, yeni şeir-insan tapdım…
02.06.2024

ADİLƏ ASLANOVANIN YAZILARI

RƏFAİL TAĞIZADƏNIN YAZILARI

VAQİF OSMANOVUN YAZILARI

Hörmətlə: VAQİF OSMANOV

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ADİLƏ ASLANOVA – XATİRƏLƏRİM.

ADİLƏ ASLANOVANIN YAZILARI

SAHİLİMDƏ
Elə çırpılmısan, dəli dalğatək,
Qoparıb atmısan, öz sahilimdən.
Didib – parçalayıb qayalıqları,
Ümman yaratmısan, söz sahilimdə.
* * *
Səsinin rəngi var qulaqlarımda,
Dəniz suyu axır damarlarımda,
Bir sənsən, bir dəniz, yoxum, varım da,
Məşəl yandırmısan buz sahilimdə.
* * *
Çox uzaqlıqların addımındayam,
Hazıram gözümü ovcumda yuyam,
Hərdən əllərini oğurlayıram,
Bir az isindirim, köz sahilimdə.
* * *
Ruhların şıltağı, dəlisi olur,
Gahdan buz bağlayır, ağrısı olur,
Bütün dənizlərin gəmisi olur,
Batmaq istəmirsən, üz sahilimdə…

XƏYAL YOLUM
Bir ömür xəyal yolum
Uzandı sənə sarı.
Dəfn etdim qəlbimdəki,
Ən pünhan arzuları.
* * *
Ürəyim daşa döndü,
Oldu gözəl başdaşı.
Gəl indi bütün ömrü,
Gözlərində yaş daşı.
* * *
Cavabsız sualların,
Yoxdur başqa çözümü!
Tapmadım dar ağacı,
Səndən asdım özümü!

XOŞBƏXT
Bilirsən , kimdir xoşbəxt?!
Layla üstə doğulub,
Boylananda arxaya-
Soy- kökünü bilən kəs!
* * *
Bilirsən, kimdir xoşbəxt?!
Zamanı qucaq- qucaq,
Gözlərində güldürüb –
Dolusunca görən kəs!
* * *
Bilirsən, kimdir xoşbəxt?!
Tapmadığı sevginin,
Hər ağrısı, acısı –
Ürəyində sönən kəs!
* * *
Bilirsən, kimdir xoxbəxt?!
Ürəyi çırpınanda,
Tövşüyüb evə qaçan,
Dönüşünün sevinci –
Gözlərinə dolan kəs!
* * *
Bilirsən,kimdir xoşbəxt?!
Yalançı xoşbəxtliyi,
Heç kəsə göstərməyib,
Ancaq özü olan kəs!
* * *
Bilirsən, kimdir xoşbəxt?!
Əlin halal ruzisi,
Süfrəsində gül açan,
Oturub şirin- şirin,
Tikəsini bölən kəs!
* * *
Daha sual vermirəm.
Tanıyıb Allahını ,
Anası namaz üstə,
Əli göydə qalan kəs!
* * *
Azlı – çoxlu ömrünün
Bitmiş məzar daşında,
“Ailəsindən xatirə”,
Yazısına çevrilib,
Məzarı da gülən kəs!
* * *
Əsir düşmüş Vətəni,
Al – qırmızı qanıyla,
Parçalanmış canıyla,
Yağısından alan kəs!
Bağrımızın başında,
Tunc heykələ dönən kəs!
* * *
Bir də.. bir də…qoy deyim!
Bu həyata gəlişi ,
toy- bayrama çevrilən,
Mələk kimi doğulub-
İnsan kimi ölən kəs!

SEVİNC ÜÇÜN
Bir damla sevinc üçün,
Yuxum oldu bir çimir.
Sənin həsrət yağışın,
Gözlərimdə dincəlir.
* * *
Düşmə gözümdən barı ,
Kipriyimdə qalarsan.
Qarışıb yağışıma,
Ürəyimə dolarsan.
* * *
Bir yaşıl yuxu kimi,
Qəlbim açıq qalıbdı.
Həyatın sarı simi,
Öz ritmini çalıbdı.
* * *
Cüt atılıb tək düşən,
Bir sapandın daşıyıq.
Ovucumda gizlənən,
Kədər adlı daşı, yığ!
* * *
Mən “Həyat bilgisi” ni,
Beşə bilib, üç aldım.
Gözümü biləyimlə,
Silə – silə qocaldım!
Gözümü biləyimlə,
Silə -silə qocaldım!

XATİRƏLƏR
Dolan bulud olub xatirələrim,
Külək qova bilmir, yağış yağdıra.
Tanrı dərgahında qalıb əllərim,
Tək onun gücüdür , məni qaldıra.
* * *
Zaman üstümüzdən çəkib əlini,
Yoxluğu özümdən soyuda bilim.
Xəzəl arzuları , ümid selini,
Kövrək duyğularla ovuda bilim.
* * *
Payız ümidlərin əlindən qaçıb,
Sabaha açılan dünənmişəm mən.
Hərənin sözünü boyuna biçib,
Dünyanın heçinə güvənmişəm mən.
* * *
Mən hardan biləydim, payız əllərim,
Yayda qara dönüb, üşüyə bilər.
Mən hardan biləydim Kürü, Xəzəri,
Sərçə dimdiyində daşıya bilər.
* * *
Dolan bulud olub xatirələrim,
Külək qova bilmir, yağış yağdıra.
Tanrı dərgahında qalıb əllərim,
Tək onun gücüdür, məni qaldıra..

Müəllif: Adilə ASLANOVA

ADİLƏ ASLANOVANIN YAZILARI 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏBRİK EDİRİK!

Adilə Aslanova– yazar.

Bu gün Zaqatalada yaşayıb-yaradan əsl ziyalı, gözəl xanım, şair Adilə Aslanovanın doğum günüdür! Şad günü münasibəti ilə yazarlar adından onu təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Adilə xanım!!!

ADİLƏ ASLANOVANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Adilə Aslanovanın şeirləri

Adilə Aslanova – yazar.

PAYIZ
Gözəllik, təntənə, qızıl taxt, saray,
Çıxmısan taxtına, şahmısan, payız?!
Mən ki, sevməmişəm səni heç zaman,
Bəs niyə ruhuma hopmusan, payız?!
* * *
Sevən könüllərin toyu, büsatı,
Qızıla döndərib vaxtı, saatı,
“Murad” dediyimiz o köhlən atı,
Səyirdib arxamca çapmısan, payız!
* * *
Bahardan uzaqsan, yaydan uzaqsan,
Bir az nisgillisən, bir az sazaqsan,
Öz qızıl taxtından düşmə uzaq sən,
“Fil qulağında”mı yatmısan, payız!?
* * *
O dağ zirvəsindən əzəmət gətir,
Sevən urəklərə mərhəmət gətir,
Təzə meyvələrdən yığ, səbət gətir,
Yoxsa köhnələri atmısan, payız!?
* * *
Durub qabağından qaça bilmirəm,
Durna qatarıyla uça bilmirəm,
Nə sirrdir, sehirdir aça bilmirəm,
Məni qabağına qatmısan, payız!
Deyəsən ruhuma hopmusan, payız!

QARDAŞ
Zaman qəlpə- qəlpə sökür hamını,
Dizi üstə çökmək, yamandı qardaş!
Hərlədib, fırladıb elə yıxır ki,
Sanırsan gözündə dumandı, qardaş!
* * *
Dünən yığışardıq hamı bir evə,
Daha ələ düşməz belə girəvə,
İndi canımıza düşüb vəlvələ,
Böyük saraylar da zindandı, qardaş!
* * *
Təndirin iyinə kənd bürünərdi,
Nənəm nehrə töküb, yağ əridərdi ,
Süfrəyə şor qoysaq,bal görünərdi,
İndi çörəyimiz yavandı, qardaş!
* * *
Qonşunun dərdini qonşu bilərdi,
Tapıb dərmanını , əlac edərdi,
Qonşu biri gəlib, biri gedərdi,
İndi qonşular da düşmandı, qardaş!
* * *
Yığılıb oynayan şirin oyunlar ,
İndi oyunçunu özü aldadar,
Qovula-qovula mərd namərd olar,
Həqiqət nə yaman yubandı, qardaş!
* * *
Nə qədər uzatsan, uzanar dünən,
Sözdən də bezməsin oxuyan, bilən,
Bir az dodaq büzüb, bir az da gülən,
O dünya qorxulu yalandı, qardaş!

GƏLMƏ OLDUĞUN YERƏ
Səni elə aradım, kitabın varağında,
Açılan çiçək idim, kəpənək sorağında…
Daha gəlməz o fəsil, bir gəlin duvağında,
Xəyallar uydururam, hər gecə cürbəcürə,
Gəlmə ki, aldanarsan, gəlmə olduğun yerə…
* * *
Hər aydınlıq gecədən bir zərrə işıq düşdü,
Payız qəhqəhə çəkdi, nə uğursuz gedişdi,
Fikrim durna köçünə qoşulubdu nə işdi?
Yenə öz havanı çal, nəhs gətirmə ömürə,
Qoşul, külək səmtinə, gəlmə olduğun yerə…
* * *
Zamana ölçü olmur, qurulmayan saatda,
Hey qaçdım arxasınca, mən piyada, o atda,
Çox aldatdım özümü, cəhənnəmlə, ” sırat” la,
Günahı çidarlayıb, bağlamışam zəncirə,
Batarsan günahıma, gəlmə olduğun yerə…
* * *
Çəkə bilsən yükümü, dəyişək yerimizi,
Ətəyindən uzunsa, tutmayaq əlimizi,
Qay Allah bağışlasın, ən böyük səhvimizi!
Axtarma bundan belə, yalvarıram min kərə,
Axı özün burdasan, gəlmə olduğun yerə…

YAŞAYAN ŞƏHİD
(…bütün qazilərimizə ithaf edirəm…)
Sənə nəğmə qoşuram, gücü çatmır qələmin,
Ölümə həyat qatıb, canda daşıyan şəhid!
Qanı da, vətən olub axır damarlarında,
Ölümün pəncəsindən, qopub yaşayan şəhid!
* * *
Bəlkə də, əl – ayağı harda qalıb, bilməyir,
Bəlkə itən gözünü yolda salıb, gülməyir,
Ruhu sağ qalanların, itirdiyi ölməyir,
Məkkəyə, Mədinəyə, Pirə oxşayan şəhid!
* * *
Qəlpəli sinəsinə çəkilmişdı yaman dağ,
Şəhidimiz baş tacı, qazimiz zirvəli dağ,
Bizə ərməğan etdiz, bağrıyanıq Qarabağ,
Dar gündə , vətən deyib elə qoşulan şəhid!
Ölümün pəncəsindən, qopub yaşayan şəhid!

ŞEİRLƏR
Ruhumdan süzülüb gələn harayım!
Kədərim, nisgilim, sevgi, eşq payım!
Kərpic- kərpic hörüb, quran sarayım!
Şagird dəftərində qalan şeirlər!
* * *
Üzünə baxmağa utanır üzüm,
Siz mənim ilk nəğməm, ilk ürək sözüm!
Qürura sığınıb bükülü, büzüm,
İçindən dağılıb, solan şeirlər!
* * *
Kəlməsi zamantək məsum misralar,
Baxdıqca qəlbimi min hala salar,
Ağlımı, huşumu, başımdan alar,
Həzin bir xatirə olan şeirlər!
* * *
Gizlində yazılıb ünvan tapmayan,
Həyatın dadını heç çıxartmayan,
Üzülü əlləri kama çatmayan,
Həyası içinə dolan şeirlər!
* * *
Hər sətir içindən bir tənə baxır,
Kövrək hislərimi yandırır, yaxır,
Dəyişən zamantək süzülüb axır,
Gerçəyə dönərmi, yalan şeirlər?!
Gerçəyə dönərmi, yalan şeirlər?!

GƏLİM
Xatirə soraqlı izdi dönüşüm,
Gözümü yollara, qoy asım gəlim!
O vaxt bizi sevən bağça- bağların,
Qəhər kəndirini , qoy kəsim gəlim!
* * *
Hanı xan çinarlar, salxım söyüdlər!?
Qara kölgəsində, ağ düşüncələr,
Yollar havalanıb, ayaqdan düşər,
Görməsin izimi, qoy qısım gəlim!
* * *
Bəlkə son sevincim, son həyəcanım,
Ümidsiz səhərim, dolan axşamım,
Qorxuram, bu yollar qaraldar qanım,
Tozunu bağrıma, qoy basım gəlim!
* * *
Göyərir içimdə səssiz hıçqırıq,
Bulud, gözlərimdən düş, qırıq -qırıq,
Bəlkə durnalardan gəldi muştuluq,
Bir əsim yel kimi, qoy əsim gəlim!
* * *
Bir qatar fitinə açılsın səhər,
Çəkilsin ağlımdan boz düşüncələr,
Çətin ki, biryolluq gedənlər gələr,
Qorxuram özümdən, qoy susum gəlim!

“NAĞIL BİLƏK DÜNYANI”
(…qarışıq dünya fonunda düşüncələr…)
Şair dedin, “nağıl bilək dünyanı”,
Nağıl bildik, göydən alma düşmədi.
Düşüncəmiz “Cırtdan” olub, kiçildi,
Nənəmizin arpa aşı bişmədi.
* * *
Məlikməmməd qartal kimi şığıyır,
Tıq-tıq xanım özünə dost arıyır,
Göyçək Fatma saçlarını darıyır,
“Siçan bəylər” xan evində kefdədi.
* * *
Div çevirib dünyamızı zindana,
Ha deyirsən, nə anlaya , nə qana,
Qadir Allah qoyma bizi yamana,
Bilməsin ki, özü şeşi-beşdədi.
* * *
Tələsirik işıq gələn tərəfə,
Çatacağıq div oturan hədəfə,
Tanrı qoymaz haqq olanı tələfə,
O divlər də, nağıl kimi heç nədi.
* * *
Yaz gəlsə də ellərimə qar yağır,
Göydən gələn pislikləri qar yığır,
Təbiət də bədəmələ qarğıyır,
Qulağımız bircə sözə təşnədi.
* * *
Koroğlular qılınc beldə gələcək,
Keçəl Həmzə yad atından enəcək,
Div deyilən əməlində yenəcək,
Qarşılayın!… Atlarımız kişnədi!

YARIMÇIQ MƏKTUBLAR
Qorxuram bir gecə Əzrayıl gələ,
Qonub sinəm üstə, evimi yıxa.
Qorxuram balışın altından sənə,
Yazdığım yarımçıq məktublar çıxa.
* * *
Hələ kəlmələri sətirlənməyib,
Gül, bənövşə düzüb ətirlənməyib,
Hələ göz yaşıma çətirlənməyib,
Qorxuram üstündən göz yaşım axa.
* * *
Üstündə nə möhür, nə ünvanı var,
Qapımı qış döydü, görmədi bahar,
Hüzünlü, həsrətli, qəmli misralar,
Qaldı kürəyimi yandıra, yaxa.
* * *
Zaman üstümüzdən adlayıb keçir,
Əcəl badəsini bilməyən içir.
Haqqın dərgahını kim özü seçir?
Bir gözü arxaya hey baxa-baxa.
* * *
Qorxuram bir gecə Əzrayıl gələ,
Qonub sinəm üstə, evimi yıxa.
Qorxuram balışın altından sənə,
Yazdığım yarımçıq məktublar çıxa.

ARZULARIM DƏNİZ İDİ
Qolu- budağı qırılmış,
Bir azca da unudulmuş,
Ağacların sırasıyla
Yolum gedir sənsizliyə
Aram- aram!
Bütün itmiş xəyalları,
Şələləyib kürəyimə,
İnadıma dirəşirəm!
Qarşımdakı tənha qalan
Bir çinarla dərdləşirəm!
Təzələnir yenə yaram!
Bu yolun da üzü bozdu!
Mənə gələn ağır gələr!
Kökü yanmış ağacların
Dibində olmaz pöhrələr!
Yol üzümə yorulduqca,
Ümidlərim çilik- çilik!
Tikan cırır əllərimi
Əynim- başım didik- didik.
Kola – kosa ilişirəm,
Öz- özümlə didişirəm.
Yollar yorğun, yollar ağrın!
Qəlbimdəki suallarım
Bir az dəli , bir az çılğın!
Onsuz cavab gözləmirəm!
Cavabsız qalan suallar,
Bəzən bizdən müdrik olur!
Gəlişi gözəl olmayan,
Hikmət olur, böyük olur!
Böyüklüyün arxasınca boylandıqca,
Mənim kiçik arzularım
Ya hüzursuz, ya puç olur.
Yavaş – yavaş sonuc olur.
Anladığım bircə budur!
Arzularım dəniz idi!
Sənsizliklə aramızda,
Dərya durdu, dəniz durdu.
” Dəli qız” ın ürəyini
Çox sevdiyi dəniz qırdı.

KAŞ Kİ…
Sən mənim nisgilli yazdığım şeir,
Mən sənin nəyinəm, hələ bilmirəm.
Payızın rənginə oxşat bəxtimi,
Neyləyim, satılmır, ala bilmirəm.
* * *
Bəxtəvər söyləyir, tanıyan, bilən,
Tərsimlə, düzümlə, bağlanmış setəm.
Nə sən yaşayansan, nə də mən ölən,
Bəlkə orbitində yad planetəm?
* * *
Bütün bənd- bərələr bağlı qalıbsa,
Günahı deyildir bu dünənimin.
Qorum tüstülənib yanğın olubsa,
Necə üzü gülsün şeirlərimin?
* * *
Möhtəşəm olurmuş sevilən kədər,
Varlığı təsəlli, yoxluğu əzab.
Fəsillər dövr edib dəyişən qədər,
Ürəyim ağlımla çəkir haqq-hesab.
* * *
Zamana oxşayır, xəyalımız da,
Bağlısı mürəkkəb, açığı müşkül.
Fələyin yazısı var alnımızda,
Qələmlər təzədən yonula kaş ki…

Müəllif: Adilə ASLANOVA

ADİLƏ ASLANOVANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru