Etiket arxivi: Adil İrşadoğlu

Adil İrşadoğlu ilə səmimi söhbət – Təranə Məmməd

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı  Adil İrşadoğlu ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış jurnalist  Adil İrşadoğludur. Bizimlə söhbətə qoşulanların hamısına əvvəlcədən təşəkkür edirəm.
Sual 1:
– Adil müəllim, hər şeydən əvvəl sizi doğum gününz münasibətilə təbrik edir, sizə uzun ömür və can sağlığı arzu edirəm. Arxada nə az, nə çox 68 il var. Ömür karvanında özünüzü necə hiss edirsiniz?
Cavab:
– Bu keşməkeşli dünyamızda diqqət göstərib məni yada saldığınıza görə, doğum günüm münasibətilə məni təbrik etdiyinizə görə çox sağolun. Sizə və oxucularınıza minnətdaram. Ömür karvanımda özümü ruhən cavan, cismən yaşlı, qəlbiqırıq, müqəddəs arzularından çoxuna çata bilməyən bir insan kimi hiss edirəm. Ancaq buna baxmayaraq Tanrıya – Allaha daim şükür edirəm. Ümidlə yaşayıram. Allah heç kimi ümidsiz buraxmasın.
Sual 2:
– Siz Ağdamda sayılan seçilən ailələrdən birində anadan olmusunuz. Valideynlərinizdən aldığınız tərbiyəni öz övladlarınıza ötürə bildinizmi?
Cavab:
– Valideynlərimdən aldığım tərbiyəni öz övladlarıma ötürməyə çalışdım, ancaq onlar başqa bir zamanda yaşayırlar, həmin tərbiyəni qismən qavradılar. Hər bir ailə, hər bir xalq özünün xoşbəxt gələcəyi naminə ümidlərini ilk növbədə, gənc nəslə bağlayır. Gənc nəslin bilikli, vətənpərvər, diqqətli, məsuliyyətli, xeyirxah, halal və haramı başa düşən kimi yetişdirilməsi hər bir ailə üçün, hər bir ölkə üçün ən başlıca məsələdir.
Sual 3:
– Dostumuz və sevimli şairimiz Adil Cəmilin bir şeiri var “Mən yaşamaq istədim, mən yaşaya bilmədim”… Bu sözlər sizə nə dərəcədə aiddir?
Cavab:
– Allah tələbə yoldaşım, dostum və Azərbaycan xalqının sevimli şairi Adil Cəmilə cansağlığı, uzun ömür versin. Onun rəhmətlik oğlu Orxanla da dost idim. Orxan mənim oğlum Elşadla universitetdə birlikdə təhsil almışdılar. Onlar da dost idi. Ancaq heyf ki, indi Orxan bu dünyadan köçüb… Qaldı ki, Adil Cəmilin “Mən yaşamaq istədim” şeirinə, bu şeir qismən mənə aiddir. Mənə aid olan Adil Cəmilin bax, bu şeiridir :

MƏN DÜNYANI DUYAN GÜNDƏN
Mən dünyanı duyan gündən
Taleyimə biçilmədim.
Böyük-kiçik şahiddir ki,
Böyümədim, kiçilmədim.
Yenə qaldım mənliyimdə –
Yeyilmədim, içilmədim.
Nə yaxşı ki, “pay verilən
Qismətimlə” ölçülmədim.
Özgə qismət qismətimmiş –
Bu fürsəti keçirmədim.
Ürəyimin yanğısını
Boş günlərə içirmədim.
Dünya mənə çox yalvardı,
Ürəyimə köçürmədim…

Sual 4:
– Gəlin həyatımızın ən gözəl anlarına, uşaqlığa qayıdaq. Ağdam şəhəri, armudlu həyət, qonaqlı-qaralı baba evi… Nələr düşür yadınıza?
Cavab:
– Həmin həyətin ağdamlıların və Ağdama gəlib-gedənlərin dilindən səslənən məşhur bir adı var idi, “Armudun dibi”. Bu barlı-bəhərli həyətin, evin bünövrəsini mənim rəhmətlik babalarım, …Məhəmmədəli bəy, Mikayıl bəy, Məhəmməd bəy qoymuşdur. Soruşursunuz ki, nələr düşür yadınıza? Yadıma çox şey düşür. “Armudun dibi”ndə Əsgərana, Xankəndinə, Şuşaya gedən avtobusların stansiyası var idi. Rəhmətlik Əmir kişi avtobus stansiyasında çayxana açmışdı. Çayxanaya yaxın əkilmiş armud ağacının hacalanmış gövdəsində oturub armud yeyərdim və armudun qalığını erməninin başına atardım. İndi fikirləşirəm ki, o vaxt lap düz etmişəm… Valideynlərim ailə quranda həmin ünvanda yaşayıblar. Mən doğulandan 6 yaşıma qədər valideynlərimlə bu evdə yaşamışam. Bu məkanla bağlı xatirəm çoxdur. Sonra ailəmiz baba yurdundan başqa bir evə köçdü.
Sual 5:
– Siz jurnalistsiniz. 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüsünüz. Nə vaxt və harada başladınız, bu işə?
Cavab:
– Bəli, mən Azərbaycan Respublikasının ahıl jurnalistlərindən biriyəm. Jurnalistikaya uşaqlıqdan böyük həvəsim olub. Hələ Ağdam şəhər 1 saylı orta məktəbdə 5-6-cı siniflərdə oxuyanda məktəbimizin ictimai həyatından yazılar yazar və fotolar çəkib rayon qəzetimizdə çap etdirərdim. Çapdan çıxan qəzeti səhər tezdən köşkdən alıb evimizə gətirərdim. Atam, anam, bacım və qardaşım mənim uğuruma sevinərdilər. Bu da məni çox ruhlandırırdı. Orta məktəbi əla qiymətlərlə bitirdim. Fikirləşirdim ki, ya şərqşünas olacam, ya da jurnalist. Jurnalist olmaq qismətimdəymiş. Azərbaycan Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin telejurnalist bölməsini əla qiymətlərlə bitirdim. Məni Azərbaycan Respublikası Nazirlər Sovetinin yanında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə redaktor işləməyə göndərdilər. 25 il (5 il ştatdankənar, 20 il ştatda) bu məbədgahda, əsl həyat məktəbində nöqsansız, şərəflə çalışdım. Sonra digər mətbuat orqanlarında fəaliyyətimi uğurla davam etdirdim. Bu vaxtadək sevimli peşəmdən ayrılmamışam.
Sual 6:
– Birinci Qarabağ müharibəsinin iştirakçısısınız. O vaxtlar səngərdə döyüşcülərimizin yanında olur, cəbhə xəbərlərini mütəmadi olaraq xalqa çatdırırdınız. Qəhrəman əsgər və zabitlərimizdən verilişlər hazırlayırdınız. Həmin günləri necə xatırlayırsınız?
Cavab:
– Bu barədə danışmaq üçün gərək dərinə gedəm. Ancaq bu, sizin ‎layihənizə uyğun gəlmir. Qısaca deyim ki, ölkədə müharibə gedirdi, ancaq o boyda Dövlət Televiziyasıının hərblə bağlı bircə proqramı – “Hünər” verilişləri proqramı var idi. Mən Şöbə müdirliyini buraxdım, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlimdən gələni əsirgəmədim. Fikrim-zikrim Qarabağda qalmışdı, Bakıda dözə bilmədim, yenə könüllü cəbhəyə yollandım. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldum və tamaşaçıların intizarla gözlədikləri maraqlı verilişlər hazırlayıb efirdə göstərdim. Həmin verilişlər mənim və çəkiliş qrupumun canı və qanı bahasına başa gəlmişdir. Kim idi çəkiliş qrupumun üzvləri? Jurnalist Adil İrşadoğlu, kinooperatorlar Tahir Qarayev, Fikrət Hüseynov, Ramiz Rüstəmov, Əlövsət Aslanov və Şakir Məmmədov, rejissorlar Taleh İsmayılov, Tofiq Gülməmmədov və Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Çəkiliş qrupumun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşuq. Allah şəhidlərimizə rəhmət eyləsin. Allah qazilərimizə ağrısız- acısız uzun ömür qismət eyləsin.
Sual 7:
– Adil müəllim, qardaşınız – təhlükəsizlik mayoru Oqtay İrşad oğlu Əliyevin vaxtsız ölümü sizə çox pis təsir etmişdi. Hətta “mən qanadlarımı itirdim” demişdiniz, o vaxt. Oqtay müəllim sizinçün kim idi?
Cavab:
– Oqtay mənim kiçik qardaşım idi. Oqtay mənim döyüş yoldaşım idi. Oqtay mənim dostum idi. Bu dünyanı cavan ikən, 45 yaşında tərk etdi. Bizi ağlar qoydu… Oqtay çox ağıllı, təmkinli, vətənpərvər, diqqətli, məsuliyyətli, istiqanlı və ailəcanlı bir insan, bir zabit idi. Heyf Oqtaydan. Arzularını həyata keçirə bilmədi, onları özü ilə apardı.
Sual 8:
– 30 ilə yaxın Azərbaycan xalqı Qarabağ həsrəti yaşadı. Siz bir ağdamlı olaraq o illəri necə yaşadınız?
Cavab:
– Mən bu 30 il heç yaşamadım ki… Ah-nalə içərisində üzüldüm. Ruhum Qarabağda, Ağdamda idi, cismim isə Bakıda. Dostum, Qarabağ Azadlıq Təşkilatı İdarə Heyyətinin sədri Akif Nağı vaxtilə mənə belə tərif vermişdi:
“Ağdam şəhəri ayrıca planet idi, ağdamlıların balaca bir planeti. Mən kənd uşağı idim, şəhəri yaxşı tanımırdım, kənddə məktəbi bitirəndən sonra Bakıya çıxıb gəlmişəm. İndi də Ağdam şəhərini o qədər də tanımıram. Yanımda Ağdamdan danışanda çox yerini, çox adamlarını tanımıram. Amma Ağdam şəhərlilərinin Ağdamın hər xırda detalından, döngəsindən, tinindən, məhəlləsindən, adamlarından necə danışdıqlarına heyranlıqla qulaq asıram. Heç kəsin xətrinə dəyməsin, amma bu, ağdamlılardan başqa heç kimdə yoxdur. Ağdam bəlkə də dövlət içərisində bir şəhər-dövlət, Azərbaycan içərisində Azərbaycanın özündən böyük bir meqapolis idi. “İdi” deməyə də adamın dili gəlmir.
Xeyli ağdamlı tanıyıram ki, onların sözü-söhbəti, hərəkəti və ruhi vəziyyətinə baxanda məndə elə təsəvvür yaranır ki, onlar Ağdamdan çıxmayıb, çıxmaq istəmirlər, hələ də Ağdamdadırlar, orda yaşayırlar.
Belə insanlardan biri də dostum, tanınmış jurnalist Adil İrşadoğludur. O, Bakıya qaçqınlıq vaxtı gəlməyib, universitet təhsilindən sonra burda çalışıb, amma sovet dövrünün assimilyasiya maşını Adilin də ağdamlılığını əlindən ala bilməmişdir. Onunla oturub söhbət eyləyəndə, daim hiss edirsən ki, o, burda deyil, Ağdamdadır. Onun Ağdama belə bir təmənnasız, sözlə deyilə bilməyən bir sevgisi var”.
Sual 9:
– Adil müəllim, bilirəm ki, çox kövrək ürəkli insansınız, Şuşa alınan günü göz yaşlarınızı saxlaya bildiniz?
Cavab:
– Ulu babalarımızdan bizə miras qalan qədim mədəniyyət mərkəzimiz Şuşa erməni və rus işğalından azad edilən gün az qaldı ki, sevincdən ürəyim partlasın. O qədər ağladım ki… Təzyiqim yüksəldi, evdəkilər təcili müdaxilə etməsəydilər mən bu gün sizə müsahibə verə bilməzdim. Hələ ki, yaşayıram. Bütün günü yazıram, çalışıram. Görəcəyim çox işlər var. Allah bunları həyata keçirməyimə imkan versin, yardımçım olsun.
Sual 10:
– Şuşa demiş, Sizin Şuşayla bağlı çöxlu xatirələriniz olmalıdır. Bu gün Şuşada olsaydınız ən birinci hara gedərdiniz?
Cavab:
– Bir gün Şuşanı yenidən görmək mənə nəsib olsa birinci məscidə gedib dualar oxuyardım, doyunca ürəyimi boşaldardım. Sonra hər il yay fəslində 3 ay qonağı olduğumuz evə gedərdim. Həmin ev Molla Pənah Vaqifin məqbərəsi ilə üzbə-üz dayananda məqbərənin sol tərəfində yerləşirdi. Həmin evdə ailəmizin bütün üzvlərinin xatirələri yaşayır. O evin, o ailənin başçısı Muxtar əmiyə, onun həyat yoldaşı Mehri xalaya və bu unudulmaz ailənin dünyasını dəyişmiş digər üzvlərinə dualar oxuyardım, rəhmətlər diləyərdim. Qonşumuz Gülbuta xalanı, görkəmli sənətçimiz Flora Kərimovanın əmisigili xatırlayardım. Öz ailə üzvlərimin, uşaqlıq dostlarım Zahid Tağıyevin, Fikrət Xudatzadənin, Təranə Məmmədin, Habil Qurbanovun, İlham Qurbanovun, Nurəddin Süleymanovun, Çingiz Tağıyevin, İbrahim Rüstəmovun, Kamil Hüseynovun, Əli İsmayılovun, Şaiq Bəşirovun, Nizami Aslanovun, Tahir Qarayevin, Malik həkimin (İsmayılov), Zahid Qarayevin yanımda olmasını istəyərdim.
Sual 11:
– Adil müəllim, Zəfərimiz möhtəşəmdir. İndi biz ancaq irəli addımlayırıq. Siz Ağdama həmişəlik yaşamağa gedəcəksiniz? Bu qayıdışı necə təsəvvür edirsiniz?
Cavab:
– Mən, 1972-ci ildə ali təhsil ocağı olan Azərbaycan Dövlət Unuversitetinə daxil olduğum və 1977-ci ildə ali təhsili başa vurub təyinatla Nazirlər Soveti yanında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işləməyə göndərildiyim üçün o vaxtdan Bakı şəhərində yaşayıram, məcburi köçkün deyiləm. Ancaq dünyasını Bakı şəhərində dəyişən rəhmətlik atam, rəhmətlik anam, rəhmətlik qardaşım ailəsilə birlikdə məcburi köçkün idilər…
Mən məcburi köçkün olmasam da, Bakıda atamın evlənib ailə qurduğum zaman mənə aldığı darısqal mənzilimi oğullarımdan birinə verib Ağdam şəhərində məskunlaşmağı arzu edirəm. Soruşursunuz ki, Qarabağa qayıdacaqsınızmı? Əlbəttə qayıdacam! Ömrümün qalan hissəsini dünyaya gəldiyim, gözümü açdığım doğma Ağdamda ləzzətlə yaşamaq istəyirəm. Dövlətimiz məni 6 sot torpaq sahəsində evlə təmin etsə elə sevinərəm ki… Keçmiş köçkünləri də bu qayıdışa qoşulmağa dəvət edirəm. Biz hamımız uzun illərdir ki, ata-baba yurdumuza, əzizlərimizin doğulduğu, yaşadığı, uyuduğu yerlərə həsrətik. Şərait yaradılan və təhlükəsizliyimiz təmin edilən zaman dövlətimizin “geri qayıt” əmrini canla-başla yerinə yetirməyə hazıram. Siz də hazır olun. Qayıtmaq istəməyənləri isə məcbur qaytaqmaq lazımdır. Biz işğal altındakı torpaqlarımızı geri qaytarmaq üçün müharibə aparmışıq. Bu qədər şəhid vermişik. Biz o torpaqları azad edib ərazi bütövlüyümüzü təmin etmişik. Bəs, torpaqlarımız nə üçün azad olunub?
Sual 12:
– Deyirəm, kaş burda bir piano, ya da tar olaydı. Sizin musiqi duyumunuz, bir neçə alətdə ifa edə bildiyiniz mənə məlumdur. Nə ifa edərdiniz indi burda?
Cavab:
– 1993-cü ildən bu yana nə tarda, nə pianoda, nə də gigər alətdə heç bir ifa etmədim. Yalnız ürəyim oxuyurdu, ağlayırdı, ancaq musiqi alətinə yaxın dura bilmirdim. Elə həmişə ürəyimdə bunu ifa etmişəm:
Azad bir quşdum,
Yuvamdan uçdum,
Bir bağa düşdüm
Bu gənc yaşımda.
Bir ovçu gördüm,
Köksümdən vurdu,
Torpağa düşdüm
Bu gənc yaşımda.
Azad bir quşdum,
Yuvamdan uçdum,
Bir bağa düşdüm
Bu gənc yaşımda.

Sözlər: Cəfər Cabbarlı.
Nota köçürən: Əfrasiyab Bədəlbəyli.
İfaçısı: Səxavət Məmmədov.

Sual 13:
– Musiqi insanın ruhunun qidasıdır, deyirlər. Ruhunuzu daha nə qidalandırır?
Cavab:
– Mənim ruhumu birinci qidalandıran dünya şöhrətli sənətçi professor Arif İmran oğlu Babayevin, Əbülfət Əliyevin, Əhsən Dadaşovun, Habil Əliyevin, Mənsum İbrahimovun ifalarıdır. Məni həm də sevdiyim işlərlə məşğul olmaq, ailəmin və övladlarımın xoşbəxtliyi, məni sevən, hörmət edən səmimi dostlarımla görüşmək, onlarla birlikdə məclis qurub yeyib-içib şənlənmək, keçmişi xatırlayıb gələcəyin planlarını qurmaq qidalandırır.
Sual 14:
– Siz indi də internetdə, Facebookdakı səhifələrinizdə jurnalist işinizi davam etdirirsiniz, maraqlı məlumatlar, yazılar və videolar hazırlayıb paylaşırsınız. Müasir jurnalistlərə nə tövsiyyə edərdiniz?
Cavab:
– Onlara heç nə tövsiyyə etmirəm. Çünki onlar bizim tövsiyyəmizi bəyənmirlər. Bizi keçmişin qalığı hesab edirlər. Kinayə ilə bizə Sovetdən qalma insan olduğumuzu xatırladırlar. Ancaq bu, belə deyil. Düşündüyümə görə jurnalistika çoxplanlı, çoxmənalı, çoxüzlü kütləvi informasiya vasitəsi olub, “dördüncü hakimiyyət”, cəmiyyətin güzgüsüdür.
Əfsuslar olsun ki, bizi keçmişin qalığı hesab edib yalan yazanlar azlıq təşkil etsələr də, sadəcə reytinq xətrinə, “filankəsi filankəslə filan yerdə gördülər” kimi sensasiyalı “hekayə”lər yazanlar, evinə “çörək pulu” aparmaq üçün insanları şantaj eləyib “hörmət” qazananlar da var. Amma fəxrlə deyə bilərik ki, ömrünü bu sahəyə həsr edən, həqiqi, vicdanlı, obyektiv, qərəzsiz qərarlar verən qələm sahiblərimiz reket jurnalistlərə qarşı uğurla mübarizə aparmaq, onlara qalib gəlmək və cəmiyyətimizi parlaq ayna kimi əks etdirmək əzmindədirlər.
Əsl Jurnalistlər dövlətin sütunlarıdır. Onları böyük bir okeanda üzən gəminin kapitanları adlandırmaq olar: hansı istiqamətə getsələr, nə yazsalar, xalq da onlarla gedəcək, həmin məlumatı oxuyacaq. Ona görə də, jurnalistlər çalışmalıdırlar ki, öz şərəfli vəzifələrinin öhdəsindən ləyaqətlə gəlsinlər, Azərbaycan həqiqətlərini dünyaya tanıtsınlar. Çox sevindiricidir ki, Azərbaycan jurnalistləri bunu böyük əzmkarlıqla həyata keçirməyə çalışırlar.
Sual 15:
– Adil müəllim, bu gün 68 yaşınız tamam olur. Arzulardan doğan arzunuz varmı?
Cavab:
– Əlbəttə var. İnsan ölənədək nələri isə arzulayır və arzulardan arzular doğur. Çox arzulayıram ki, xalqımızın və millətimizin düşmənlərindən başqa bütün insanların, eləcə də mənim xoş niyyətli arzularım çin olsun. Yaxşı arzular həyata, yaşamağa və insanlara sevgidən yaranır. Ürəyində sevgi hissi olmayan insan heç vaxt xoş niyyətli arzu arzulaya bilməz. Çünki bunu yalnız sevgi bacarır.
Sual 16:
– Bir Qarabağ atı olsaydı və onu saxlamaq imkanınız olsaydı neyləyərdiniz? Heç özünüzü at belində Qarabağda təsəvvür etmisinizmi?
Cavab:
– Bir Qarabağ atını saxlamaq imkanım olsaydı onu saxlayardım. Həmişə özümü Qarabağ atının yanında və tərkində hiss etmişəm. Ata məhəbbət mənə gen yaddaşımdan miras qalıb. Ulu babam Allahverən oğlu Mehdi bəyin Qarabağ cinsli böyük milli at ilxısı olub. Bu ilxı ona ulu babalarından yadigar qalıbmış. Azərbaycanda Sovet Hakimiyyəti qurulanda bolşeviklər digər bəylər kimi babam Mehdi bəyi də çox sıxışdırıblar. Onun bütün varidatını əlindən almaq istəyiblər. Mehdi bəy yaşadığı kəndini və kəndinin əhalisini qorumaq üçün Qarabağ cinsli böyük milli at ilxısını və xeyli qızılını Sovet hökumətinə bağışlayıb. Bir müddətdən sonra həmin hökumət babamın bütün varidatını müsadirə edib…
Sual 17:
– Adil müəllim, jurnalist olaraq çox söz demisiniz. Nələri deməmisiniz? Nədən yazmamısınız və yazmaq istəyərdiniz?
Cavab:
– Hörmətli jurnalist, yazıçı Seymur Baycan deyir ki, “yazılanlara inansaq, belə bir əhvalat olub. Bir gənc qız gəlir Dostoyevskinin yanına. Əsər yazmaq firkirində olduğunu bildirir, məsləhət istəyir. Dostoyevski deyir ki, get öz həyatını yaz. Heç nə uydurma. Sən öz həyatından maraqlı heç nə uydura bilməzsən…İlk baxışdan sadə görünən bu sözdə böyük bir həqiqət, böyük bir hikmət var.
Bütövlükdə həyat təcrübəm sayəsində deyə bilərəm ki, bu, çox faydalı bir məsləhətdir. Bizim jurnalistikamızın, ədəbiyyatımızın ən böyük problemlərindən biri də odur ki, yazarlarımız öz həyatlarını, qəhrəmanlarının həyatlarını dəqiq və açıq yazmaqdan utanırlar. Ola bilsin, buna cəsarətləri çatmır. Mentalitetdən, arvad-uşaqdan, qohumlardan utanırlar və ola bilsin, həm də qorxurlar.
…İkinci böyük problem odur ki, yazarlarımız sadə görünməkdən qorxurlar. Taqor deyirdi ki, sənətdə öz gücünü dəqiq hesablamaq çox böyük şərtdir. Təəssüf ki, bizim jurnalistlər, yazarlar öz güclərini dəqiq hesablaya bilmirlər.
…Bizim yazıçılar yazıçı kimi yox, tacir kimi, bankir kimi, müdir kimi danışırlar. Zatən elə sifətdən də çoxu müdirə oxşayır. Onların müsahibələri çox quru olur”.
Hörmətli Seymur Baycanın bu fikirləri ilə tam şərikəm. Təranə xnım, siz həyatda və öz yaradıcılığınızda tam səmimisiniz. Mən də həyatda və yaradıcılığımda tam səmimi olmağa çalşmışam və çalışıram. Bugünədək demədiklərimi indi sizə dedim. Hazırda ilk kitabımı çox məsuliyyətlə çapa hazırlayıram. İnşallah tezliklə kitabsevərlərə təqdim edəcəm.
Sual 18:
– Sizi bir daha təbrik edib, ailə səadəti və sağlam uzun ömür arzu edirəm. Ümid edirəm ki, bir zaman atalarımızın dostcasına yaşadığı Ağdamda görüşəcəyik sizinlə. Şuşanın dumanlı dağlarını seyr edəcəyik. Dəvətimi qəbul edib mənimlə səmimi söhbət etdiyinizə görə təşəkkürümü bildirirəm.
Cavab:
– İnşallah. Allah qismət eyləsin. Təranə xanım, siz sağ olun ki, diqqət göstərmisiniz, məni yada salmısınız, müraciət etmisiniz, “Səmimi söhbət”in qonağı olmuşam. Sizinlə təmasda olmaqdan, bu layihənin – rubrikanın qonağı olmaqdan qürur duydum. Sizə yeni yaradıcılıq uğurları arzulayıram. Çox sağolun.
Sual 19:
– Sonda mənə və “Səmimi söhbət”in oxucularına deyəsi sözünüz varmı?
Cavab:
– Bəli, sizə və oxucularınıza deyəsi sözüm var. Hamının xəyalı, arzuları var və bunlar gizlidir. Çox vaxt bu xəyal və arzular gerçəkləşmir. Buna görə ruhdan düşmək olmaz. İrəliyə baxmaq, çalışmaq, səbrli olmaq, Allaha dua etmək lazımdır. Vətəni sevmək hamımızın müqəddəs borcudur. Vətənin bütövlüyünü qorumaq üçün xalqın birliyi çox vacibdir. Qüdrətli və bütöv Azərbaycan naminə hamımız öz işimizdə məsuliyyətlə çalışmalı, bir-birimizə qarşı diqqətli və qayğıkeş olmalı, canımızı fəda etməyi bacarmalıyıq.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ADİL İRŞADOĞLUNUN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏN ONA HEYRAN QALMIŞDIM

Lətif Niftəli oğlu Vəlizadə

Adil İrşadoğlu ilə tanışlığımız və dostluğumuz hardasa 30 ildən çox bir dövrü əhatə edir. O vaxtlar Adil deyib-gülən, yeyib-içən, çevik insan idi. O, İş yerimizdə, bekar vaxtlarımızda, otaqda kənar adamlar olmayanda zarafatlaşar, musiqidən söz salar, haqqında danışdığı musiqini zümzümə edər və həmin musiqinin ritminə uyğun stolun kənarında çırtıq çalardı. Bu da mənim olduqca xoşuma gələrdi, çünki musiqini dərindən bilən adam belə ritmlə zümzümə edər və çırtıq çala bilərdi. Ancaq o vaxt mən hələ bilmirdim ki, Adil Ağdam Musiqi Texnikumunun Tar şöbəsini fərqlənmə diplomu ilə bitirib. Mayestro Niyazinin rəhbərlik etdiyi komissiyaya dövlət imtahanı verib. Dövlət imtahanını uğurla başa vurduğuna görə müəllimi rəhmətlik Məşədi Nəriman öz qiymətli tarını ona hədiyyə edib.

… 80-ci illərin axırı idi. Həyat kəskin surətdə dəyişmişdi. Birbaşa Moskvanın havadarlıq etdiyi nankor ermənilər yenə baş qaldırmışdılar. Onlar Qərbi Azərbaycandakı soydaşlarımıza hücum edərək günahsız insanlara işgəncələr verməyə və qədim məskənlərindən didərgin salmağa başlamışdılar. Qarabağda da eyniylə həmin hadisələr ardıcıllıqla davam etdirilirdi. Şəhərlərimiz, kəndlərimiz ağır silahlardan mütəmadi atəşə tutulur, günahsız insanlarımız həlak olur, evlər, idarə və müəssisələr yerlə yeksan edilirdi. Əsrlərlə yaşadıqları dədə-baba yurdlarından qovulan, var-dövləti  əlindən alınan, dilənçi vəziyyətinə salınan və öldürülən soydaşlarımızın ah-naləsinə məhəl qoyan yox idi. Dünyanın qabaqcıl demokratik ölkələri bu cinayətlərə göz yumurdu. Sanki onların görən gözü kor olmuşdu. Üstəlik sapı özümüzdən olan baltalar da əl-ayağa dolaşır, başımıza gətirilən bu müsibətləri açıq danışmağa maneçilik törədirdilər. 

Yadımdadır, Xankəndində yaşadığı evindən bir çöp belə götürmədən çıxarılan jurnalist Cahid Quliyev yana-yana ermənilərin özbaşınalığından danışırdı. Qoltuğunda faktlarla dolu iri bir papka var idi. Deyirdi ki, “neçə dəfə yazmışam, göstərmişəm ki, ermənilər bizim əleyhimizə necə qorxulu işlər görürlər. Ancaq sözümü heç kəs eşitmir. Üstəlik mənim özümü günühlandırırlar ki, “provakasiya” ilə məşğul olma, get işinin-gücünün dalınca. Sənin o fakt dolu yazılarından zibil yeşiyində yüzlərlədir”.

… Moskva Azərbaycana açıq-aşkar qoşun yeritmişdi. Azərbaycanlılar Ermənistandan it günündə qovulduqları halda rus əsgərləri hər bir erməni kəndinin girəcəyində post qurmuşdu, zirehli maşınları da ki, öz yerində. Bir nəfər də olsun erməni kəndlərinə yaxınlaşa bilməzdi.

Bu, elə bir dövr idi ki, ölkəmiz qaynar qazan kimi çalxalanırdı. Sapı özümüzdən olan baltaların isə səsi çıxmırdı. Əksinə, öz kommunist əqidələrinə sadiq qalaraq Moskvaya nökərçilik edirdilər. Xalqımızın qanına yerikləyən Zori Balayan kimi cəllada bir kəlmə belə deyilmədiyi halda Xəlil Rza kimi vətənpərvər şairi həbs etmişdilər.

… 89-cu ilin sonları idi. AzTv-nin rəhbərliyi məni də çəkiliş qrupum ilə Şuşaya ezam etmişdi. Şuşa istirahət evinin otaqları isə yüksək rütbəli rus zabitləri ilə dolu idi. Həmin günlərdə gözləmədiyimiz halda Azərbaycan Respublikasının xalq şairi (1992) Xəlil Rza Ulitürk və Xalq artisti Mikayıl Mirzə də gəlib Şuşaya çıxdılar. Açığını deyim ki, elə bil mənə dünyanı bağışladılar. Axşam bizə ayrılan efir vaxtında verilişə başladım. Qonaqlarımı tamaşaçılara təqdim etdim. Xəlil Rza elə bir odlu-alovlu çıxış etdi ki, tayı, bərabəri yox idi. Bakıdan bizə ayrılan vaxt sona çatmaq üzrə idi. Həmin anlarda Azərbaycan Dövlət Televiziyasının rəhbərliyindən telefon zəngi gəldi ki, verilişi yarımçıq kəsməyin, qoyun Xəlil Rza Ulitürk odlu-alovlu çıxışını sonadək davam etsin. Xəlil Rzanın bu çıxışı respublikamızda böyük əks-səda doğurdu. Aradan bir az keçmişdi ki. Xəlil Rzanı sapı özümüzdən olan baltalar həbs etdilər. O vaxt məni və Mİkayıl Mİrzəni sorğu-sual üçün keçmiş “Cənub mehmanxanası”na çağırmışdılar. Ancaq yadımda qalmayıb, sorğu-sual edən rus idi, yoxsa azərbaycanlı. Məndən soruşdular ki, Xəlil Rzanı sən dəvət etmişdin, yoxsa o özü gəlmişdi? Dedim ki, mən heç kəsi dəvət etməmişəm, o təsadüfi bir iş idi. Bununla da sorğu-suala son qoyuldu.

Həmin o gərgin günlərdə, aylarda Adil İrşadoğlu heç nədən qorxub çəkinmədən Azərbaycan Dövlət Televiziyasının Şuşa şəhərində yerləşən ötürücü stansiyasının nəzdindəki balaca bir otaqda yaratdıqları studiyadan daşnaqların təbliğatına qarşı əks təbliğatla məşğul idi. Adil İrşadoğlu öz komandası ilə 1989-cu ilin oktyabr ayının əvvəlindən Şuşada fəaliyyət göstərirdi. Komanda çox çətin şəraitdə işləyirdi. Mən Şuşaya yaradıcılıq ezamiyyətinə gedəndə 1989-cu ilin dekabr ayının axırları idi. Təxminən 15 gün Şuşada canlı efirə çıxdım. Montaj etməyə texniki qurğu olmadığından mən canlı yayıma üstünlük verirdim. Ancaq Adil özünə zülm edirdi. Gecə yatmayıb verilişinin ssenarisini əvvəlcədən yazırdı və səhərisi gün həmin ssenariylə çəkiliş edirdi. Yəni, daha montaja ehtiyac qalmırdı. Bu adam yorulmaq nədir, bilmirdi. Mən ona heyran qalmışdım. O, həm çəkilişə gedirdi, həm ssenari yazırdı, həm redaktor idi, başqalarının yazısını oxuyub redaktə edirdi, həm də öz verilişlərinin aparıcısı idi. 

Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri (1988) rəhmətlik Mikayıl Gözəlov Adilin xətrini çox istəyirdi. Onun fəaliyyətindən olduqca məmnun idi. Mikayıl müəllim daşnak tör-töküntülərinin iç üzünün açılmasında əlindən gələni əsirgəməyən jurnalist Adil İrşadoğlunun normal fəaliyyəti üçün ona hər cür şərait yaratmışdı. Ancaq gecələr işıq sönəndə Adilin əhvalı xarab olurdu, ssenarisini oturub yaza bilmirdi. Mikayıl müəllimdən xahiş edirdi ki, “Ağdama gedən olanda tapşırın ki, mənə bir qutu şam alıb gətirsin”. Yeri gəlmişkən, bildirim ki, Mikayıl Gözəlov Şuşa şəhərinin və Dağlıq Qarabağ ərazisindəki digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik etmiş, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. 1989-cu ilin dekabr ayının 30-da Adil İrşadoğlunu evə, ailəsilə görüşməyə buraxdılar. Mən də 1990-cı il yanvarın 10-da Bakıya qayıtdım. Sonra isə Sovet rəhbərliyinin himayədarlığı ilə sovet dövlətinin hərb maşını tariximizin qanlı 20 yanvar faciəsini törətdi. 20 yanvar həm də xalqımızın şanlı səhifəsidir…

Xalqımızın fəxri, vüqarı sayılan Pənahəli xan Cavanşirin nəslindən olan jurnalist Adil İrşadoğlu Şuşadan qayıtdıqdan sonra bir müddət televiziyanın “Sənaye şöbəsi”nin müdiri işlədi. Ölkədə müharibə gedirdi, ancaq o boyda Dövlət Televiziyasıının hərblə bağlı bircə proqramı – “Hünər” verilişləri proqramı var idi. Adil Şöbə müdirliyini buraxdı, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlindən gələni əsirgəmədi. Fikri-zikri Qarabağda qalmışdı, Bakıda dözmədi, yenə könüllü cəbhəyə yollandı. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldu və tamaşaçıların intizarla gözlədikləri maraqlı verilişlər hazırlayıb efirdə göstərdi. Həmin verilişlər Adilin və onun çəkiliş qrupunun canı və qanı bahasına başa gəlmişdir. Onlar – Adil İrşadoğlu, Tahir Qarayev, Fikrət Hüseynov, Tofiq Ataxanoğlu, Ramiz Rüstəmov, Əlövsət Aslanov, Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Adil İrşadoğlu çəkiliş qrupunun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşdur. Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində düşmənlə üz-üzə döyüş səhnələrini çəkib veriliş hazırlayan və efirdə göstərən fərqli jurnalistdir. 

AzTv-də əhval-ruhiyyə dəyişdikcə, insanların da üzü dəyişirdi. Adil İrşadoğluna və digər milli vətənpərvər işçilərə qarşı haqsızlıq baş alıb gedirdi. Daxili gizli qüvvələr belə insanların normal fəaliyyətinə mane olurdular. Gah ön cəbhəyə getmək üçün icazə sənədini ləngidirdilər, gah videokamera çatışmırdı, gah ezamiyyət pulu vermirdilər, gah verilişi hazırlamaq üçün montaj stolu ayırmırdılar, gah da verilişin efirə getməyinə az qalmış onu efirdən çıxardırdılar… Mən özüm də teleşirkətdə çox təzyiqlərlə, haqsızlıqlarla üzləşmişəm. Adilə isə işləməyə heç imkan vermirdilər. O da məcbur olub 25 il (5 il ştatdankənar, 20 il ştatda) can qoyduğu, qəlbən seçdiyi və sevdiyi televiziyadan, Azərbaycanın yeganə televiziyasından ayrıldı, müstəqil jurnalist olaraq fəaliyyətini davam etdirdi.

Adil İrşadoğlu “Yeni dünya” qəzetinin baş redaktorunun birinci müavini, zamanında populyarlıq qazanmış “De Fakto” qəzetinin qurucusu və ilk baş redaktoru, “Çempion” adlı rəngli, 24 səhifəli, həftəlik idman qəzetinin baş məsləhətçisi, “Sara – ekspress” qəzetinin məsul katibi, “Olaylar” qəzetinin baş direktoru, “Şans” qəzetinin baş direktoru, “Novıy mir” qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan “Əlillər” qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan “Azad Qarabağ” qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse – prezidenti işlədi. 17 saylı Yasamal 3-cü seçki dairəsi üzrə 29 saylı seçki məntəqəsində 4 dəfə seçki komissiyasının katibi oldu. O, Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvü  seçildi.

Adil İrşadoğlu hazırda Azərbaycan Respublikasında Vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyanın – “İRŞAD – Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru, Jurnalist – Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavinidir. İctimai əsaslarla işlədiyinə görə əmək pensiyasından başqa heç bir yerdən gəliri yoxdur. 50 ilə yaxındır ki, jurnalistlik fəaliyyətilə məşğuldur.

Bu gün onun 100 mindən çox oxucusu var. İnternetdə 1 saytı, sosial şəbəkələrdə rəngarəng və çox maraqlı səhifələri, 7 bloku, “YouTube”də 5 kanalı, “Facebook”da 10 səhifəsi və 7 qrupu, “Web.tv”də 1 kanalı fəaliyyətdədir. O, deyir ki, “Əlimdən alınan meydanı burada tapmışam”. 

Ahıl jurnalist Adil İrşadoğlu İnternetin imkanlarından çox məharətlə istifadə edir. Yeni media platformasında, sahibi olduğu sayt, kanal və bloqlarında davamlı şəkildə Azərbaycan həqiqətlərini yayır. Bütün bunların sayəsində virtual aləmdə yüz mindən çox oxucu toplaya bilib. Buna görə də “Google” şirkəti onu “1 nömrəli bloqçu” adlandırıb.

Adil İrşadoğlu deyir ki, “Mən peşəkarlıq zirvəsinə vətənpərvərliyimlə, seçdiyim yola sədaqət, xarakterimdəki yorulmazlıq, məqsədyönlülük, topladığım böyük təcrübə sayəsində nail olmuşam. Hərəkətlərimdə ancaq humanizmə, ədalətə, obyektivliyə söykənmişəm. Hesab edirəm ki, Google da, Facebook da, Twitter də ciddi bir platformadır. Bu işə ciddi yanaşmaq lazımdır. İndi xəbərləşmək, xəbər paylaşmaq, məlumat almaq, ötürmək internetsiz çox çətindir. Bu, artıq cəmiyyəti məlumatlandırmanın yeni bir mərhələsidir”. 

Adil İrşadoğlu bəzi yalançı, “işbaz” kabinet jurnalistləri kimi deyil. O, heç bir təmənna ummadan, Allahdan başqa heç kimdən qorxub-çəkinmədən vətənpərvərliyini öz işi ilə sübuta yetirən professional jurnalistdir. Açıq-aşkar deyə bilərəm ki, Vətən uğrunda könüllü heç bir fəaliyyəti olmayan, bir dəfə də olsun cəbhə bölgəsinə addım atmayan, yeri gəldikdə yüz cür cildə girərək dövlətdən nə gəldi qopartmağı bacaran, fəxri ad və ev alan əldəqayırma “jurnalist”lərdən fərqli olaraq Adilin səsinə səs verməyiblər. Əksinə, ona dövlətdən iş, fəxri ad və ev verilməsinə əngəl törədiblər. Onun ailəsinin çətin vəziyyətdə yaşamasına etinasız yanaşıblar. Halbuki elə adamlar qaranlıq karyera yüksəlişinə çatıblar ki, təəcüblənməyə bilmirsən. 

Adil İrşadoğlu deyir ki, “Dəfələrlə müraciətimə baxmayaraq dövlətimiz tərəfindən diqqət və qayğı görməmişəm. Yanımda həyat və iş təcribəsi keçib öyrənən, atalıq qayğısı göstərdiyim işçilərimdən fərqli olaraq fəxri ad almamışam, geniş mənzillə təmin olunmamışam. Nə bağım var, nə bostanım, bu darısqal evimdən başqa nə əlavə evim var, nə də avtomobilim, nə fəxri adım var, nə də medalım-ordenim. Prezident təqaüdü də almıram. Jurnalistlər üçün tikilib təhvil verilən 1-ci, 2-ci binadan mənə mənzil vermədilər. Çalışıram ki, tikilib hazır olan 3-cü binadan mənə də bir mənzil düşsün. Buna ehtiyacım böyükdür”. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli və sevimli Mehriban xanım, jurnalistikaya, ədəbiyyata, yaradıcı insanlara xüsusi diqqətinizi, onların problemlərinə hər zaman dəstək olduğunuzu nəzərə alaraq, Sizə ərkiyanə müraciət edirəm. Veteran televiziya və qəzet jurnalisti, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), 1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996), ahıl jurnalist Adil İrşadoğlu çətin şəraitdə, ağır sosial durumda yaşayır, səhhətində problemlər var. Onun bu durumu həmkarı və dostu kimi məni də ciddi narahat edir. Tanınmış jurnalist Adil İrşadoğlunun xidmətlərini nəzərə alaraq onun problemlərinə diqqət göstərməyinizi və həmin problemlərin aradan qaldırılmasını nəzarətə götürməyinizi xahiş edirəm. Sizə öncədən minnətdarlığımı bildirirəm.

Müəllif: Lətif VƏLİZADƏ,

Şair, yazıçı-publisist. 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), 

Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985).

24.08.2021. / 13-15.

LƏTİF VƏLİZADƏNİN YAZILARI


ADİL İRŞADOĞLUNUN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ONUNLA AĞDAMDAN TANIŞIQ

HACI ƏKBƏR

“BU GÜN ŞƏHİD VERƏN AZƏRBAYCANIN 

BİR GÜN AMANSIZCA İNTİQAMI VAR”! 

Onunla Ağdamdan tanışıq… 

1988-ci ildən başlayan əvvəl ixtişaş, sonra isə dəhşətli müharibənin əngəlləri görüşməyimizə mane olurdu. Nəhayət ki, 27 oktyabr 1993-cü il tarixində, Ağdam şəhəri və şəhərin ətrafındakı kəndlərin xeyli hissəsi işğal olunandan 5 ay sonra Ağdamın Cəvahirli kəndində səngərdə görüşdük. O, çox mərd, hazırcavab, cəsarətli insandır. Səngərdə görüşəndə həm sevindik, həm də kövrəldik. Müxtəlif vaxtlarda onun videoçəkilişlərinə, televiziya verilişlərinə həvəslə baxırdım, qəzetlərdə yazdığı məqalələri oxuyurdum. İndi isə səngərdə oturub üzbə-üz söhbət edirdik… 

O, verilişlərini həmişə yurdsevərlik, vətənsevərlik ruhunda hazırlayırdı. Bu da çox effektli alınırdı. Onun sərrast sualları, suallarda sual doğuran məqamları tərəf müqabilini daha yaxşı danışmağa sövq edirdi. O, həm də əsgər və zabitlərimizlə çiyin-çiyinə səngər həyatı yaşamaqdan zövq alırdı. Onların döyüş və səngər həyatından aktual verilişlər hazırlamaq bacarığına malik bir şəxsiyyət idi. 

Mən jurnalist və kinooperatorlardan Seyidağa Mövsümovla, Babək Quliyevlə, Ağasəf bəylə, Rəhbər Bəşiroğlu ilə, Türkiyənin “Zaman”qəzetinin müxbiri İrfan Sapmazla, Sarvan Şamiloğlu ilə, Salman Alıoğlu ilə, Allahverdi Əsədovla, İsa Dadaşoğlu ilə də səngərlərdə görüşüb dərdləşmişəm, söhbətləşmişəm. Ancaq onunla dərdləşib, söhbətləşməyin ayrı bir aləmi var. O, neçə-neçə döyüşçüdən, onların səngər həyatından, şəhidlərimizdən maraqlı, yaddaqalan veriliş hazırlamışdı və bu işini həvəslə davam etdirirdi. O, həm də yeri gələndə əlindəki qalın dəftərini, kamerasını səliqə ilə bir küncə qoyurdu və əsgərin avtomatını əlindən alıb düşmənlə özü vuruşurdu. Onun bu hərəkəti qəlbindən gəlirdi, bir əsgər kimi Vətənə vəfa borcu idi. Bütün bunları təmənnasız edirdi, Vətənə vətəndaş borcu bilirdi. O, təkcə jurnalist-operator deyil, o, həm də Vətənin hər qarışını sevib qoruyan şəxsiyyətli vətəndaşdır. Mən bu yazımı çox sonralar gündəliyimin içərisindən tapdım və yazını köçürüb təqdim etdim ki, siz də qürurlanasınız. Arzu edirəm ki, belə vətənpərvər, belə xalqsevər, millətsevər insanları unutmayasınız. Gələcək nəsillərə tanıtmaq üçün belə insanları axtarıb tapasınız, onların qayğıları ilə ilgilənəsiniz, onların haqqında maraqlı yazılar yazasınız, öz fikirlərinizi bildirəsiniz.  Bağışla Adil İrşadoğlu. Gec də olsa gündəliyimdən bu yazını tapdım və onu sənə indi – Qarabağın, Ağdamın işğaldan azad edilməsindən sonra hədiyyə etdim. Var olasan səni gözəl insan !

Qarabağda baş verən olaylar, amansız qətllər və işğallar Adil İrşadoğlunun da həyat yolunu səngərlərdən keçirdi. O, cəbhədə baş verən hadisələri izləmək, məlumat toplamaq, öyrənmək, hadisələrin operativ videoçəkilişini etmək üçün ömrünün gənclik çağını cəbhənin müxtəlif bölgələrində keçirdi. Jurnalist Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində səngərlərə gəlir, döyüşən əsgərlərlə görüşür, bizə mənəvi dəstək və ruh verirdi. O, cəbhənin qaynar nöqtələrindən çəkdiyi süjetləri dövlətin televiziyasında göstərir, qəzetlərdə cəbhə ilə bağlı məqalələrlə çıxış edirdi. Döyüşən hərbi hissələrimizə, əsgər və zabitlərimizə, onların ailələrinə ehtiyac olduğu zaman yardımlar təşkil edirdi, heç vaxt cəbhəyə köməyini əsirgəmirdi…

Adil İrşadoğlunun fədakarlığını tək mən yox, çəkdiyi videokadrlar və verilişlər də sübut edir. Adil İrşadoğlu yorulmaz, son dərəcə çevik, dinamik, təhsil görmüş siyasətçi və jurnalistliyini bütün diplomatik istedadı ilə nümayiş etdirən, müsbət keyfiyyətlərə malik insandır.O, qaydalara sistemli riayət etməkdə bütün jurnalistlərə nümunədir. 

Haşiyə: Son illərin birində 20 yanvar metrosunun yanında mərhum şair Fazil Fəxrinin yubiley gecəsini qeyd etməyə toplaşmışdıq. Adil İrşadoğlu ilə Mustafa Çəmənli də burada idilər. Vaxtilə Fazil Fəxrinin mənə yazdığı şeirdən 2 misranı Adil İrşadoğlu böyük hərflərlə vatman kağızına yazaraq məclisin baş tərəfində asmışdı :

ADİL İRŞADOĞLU

<< Bu gün şəhid verən Azərbaycanın 

     Bir gün amansızca intiqamı var >>!

Sözüm həm də ondadır ki, Azərbaycan amansız intiqamını aldı ! 

Sağ ol, Adil İrşadoğlu ! Allah sənə sağlam uzun ömür versin, qardaşım !

Hacı ƏKBƏR ,

Həmişə əsgər.

27 oktyabr 1993-cü il, Ağdamın Cəvahirli kəndi.

ADİL İRŞADOĞLUNUN YAZILARI

HACI ƏKBƏRİN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru