12 iyun 2025 – ci il tarixində Ağdam rayonu, Yusifcanlı kəndinin sakinləri 12 iyun 1993-cu ildə təxminən elə bu saatlarda (~səhər 9:00-10:00)
qəfil, ayaqyalın-başaçıq tərk etməyə məcbur olduqları (həmin gün kəndin evləri yandırılmış, dinc sakinlər şəhid edilmiş və əsir götürülmüşdü) doğma kəndlərini ziyarət ediblər. Yeni çəkilən Ağdam – Füzuli magistral yolunun hərəkət istiqamətində sol tərəfində Yusifcanlı kəhrizinin gözündən təxminən 150-200 m məsafədə kəndə gedən əsas yolun sağ tərəfində üzərində “Yusifcanlı” yazılmış bildiriş və kəndin girəcəyində “Yusifcanlı şəhidləri” məlumat lövhələri quraşdırılmışdır. Sonra kənd camaatı ötən günlər və gələcək planlarından söhbət açıblar. 32 ildən sonra öz torpaqlarında, öz kəhrizlərinin suyundan çay süfrəsi arxasında söhbətə davam ediblər. Fotolar:
Xeyirli -uğurlu olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Bu da bir tarixdir.
Vətən uğrunda apardığı savaşda qalib gəlsə də, yaşamaq uğrunda savaşda məğlub olan Baş Leytenant….
Ağdam Şəhidi Baş Leytenant Səfərov Hikmət İldırım oğlu 11.07.1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Hikmət 1979-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndi orta məktəbinin birinci sinfində orta təhsilinə başlayıb və 1989-cu ildə elə həmin məktəbi bitirərək 1990-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub və 1995-ci ildə “İnformasiya ölçmə texnikası” ixtisasını bitirdikdən sonra “Leytenant” rütbəsi almışdır. Hikmət Səfərov 2001-ci ildən etibarən Yazıçılar birliyinin “Ulduz” jurnalında işləməyə başlayıb və elə həmin il ailə həyatı qurub. Daha sonra 2002-ci ilin oktyabrında həqiqi hərbi xidmətdə “Leytenant” olaraq xidmətə başlayıb və 2004-cü ilin yayında Baş Leytenant olaraq ehtiyyata buraxıldı. 12.11.2004-cü il tarixində “Qaya” mətbuat yayımında işə başlayan Hikmət Səfərov 30.08.2016-cı il tarixində həmin işdən ayrılıb və 04.01.2018-ci il tarixində “Dokta MMC” şirkətində Xəzinadar kimi fəaliyyət göstərməyə başlayıb. 20.09.2020-ci il tarixində ehtiyyatda olan Baş Leytenant olaraq hərbi təlimlərə çağırılan Hikmət Səfərov Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq ordu sıralarına qoşulur və Baş Leytenant 04.10.2020-ci il tarixində Suqovuşan ərazisinin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq 17.10.2020-ci il tarixində “koma”-ya düşdü və 52 günlük komadan sonra 08.12.2020-ci il tarixində (48 yaşında) Şəhid oldu.. Və Baş Leytenant Səfərov Hikmət 09.12.2020-ci il tarixində yüksək rütbəli ordu məmurlarının, müvafiq icra hakimiyyəti nümayəndələrinin, ailə üzvlərinin və xeyli sayda insanların iştirakı ilə 2-ci Fəxri xiyabanda dəfn olunub. Ailəli idi. Ondan yadigar 2 oğul övladı – Azər və Anar qaldı.. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Baş Leytenant Səfərov Hikmət İldırım oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. Ruhun qarşısında baş əyirik, cənab Baş Leytenant! Ruhun şad olsun!