Etiket arxivi: AKİF ƏLİ

İSTEDADLI ŞAİR, CƏSARƏTLİ REDAKTOR

İSTEDADLI ŞAİR, CƏSARƏTLİ REDAKTOR

95 illik yubileyi münasibətilə “Heydər Əliyev” ordeni ilə təltif edilən Xalq şairi Nəriman Həsənzadə müasir dövr milli ədəbiyyatımızın inkişafında, mənəvi dəyərlərin qorunmasında xüsusi xidmətləri olan görkəmli yaradıcı ziyalı kimi xalqın sevgisini qazanıb.
Mətbuatda, sosial şəbəkələrdə Xalq şairinin yubileyi münasibətilə ziyalıların, söz və qələm adamlarının silsilə yazıları bu sevginin əlamətidir. Müasir mədəniyyətə mühüm töhfələr verən Nəriman müəllim yaradıcı gənclərin inkişafında da əhəmiyyətli rol oynayıb. O cümlədən, vaxtilə mənim də yaradıcılıq yollarımda bu xeyirxah insanın izi olub. Ötən əsrin 80-ci illərinə qısa ekskurs etməklə, onun xeyirxahlığı barədə fikirlərimi hörmətli oxucularla bölüşmək istərdim.
Məlumdur ki, Nəriman Həsənzadə 1976–1990-cı illərdə dövrün ən məşhur mətbu orqanlardan olan “Ədəbiyyat və incəsənət” qəzetinin Baş redaktoru işləyib. Mən onun rəhbərlik etdiyi redaksiyanın tapşırığı ilə, populyar vokal ustası Fidan Qasımova haqqında yazdığım “Nəğməli Fidan” oçerki 1977-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olundu. Bu – mənim çap mətbuatında çıxan ilk yazım idi.
“Azərbaycanfilm”dən ayrılıb AzTeleRadio Komitəsində daimi işə keçəndən sonra, həm efir üçün, həm də mətbuat üçün müxtəlif janrlarda yazılar yazırdım. Əsasən bədii-publisitik məqalələrlə yanaşı, ən çox sevdiyim ədəbi növ satira və yumor idi. Belə ki, o dövrün bəzən məcburi konyuktur passajlarından uzaqlaşmaq üçün ən yaxşı dayanacaq yeri elə satira və yumor idi. İnsafən, sovet mətbuatında nə qədər ciddi senzura olsa da, yenə müəlliflər satirik-yumoristik yazılar yazırdı və cəsarətli redaktorlar sayəsində həm də çap etdirə bilirdi.
Beləcə, Nəriman müəllimin baş redaktor olduğu 1976-1990-cı illər arasında mən Azərbaycan Radiosu ilə yanaşı, “Ədəbiyyat və incəsənət” qəzetində də publisitik yazılar, oçerk və məqalələr, kiçik həcmli satirik-yumoristik miniatürlər, monoloqlar, parodyalar, felyetonlar, hekayələr dərc etdirirdim (Sonradan o yazıların əksəriyyətini kitablarıma daxil etdim). Bu yazıların işıq üzü görməsi üçün Radioda Mailə xanım Muradxanlıya, qəzetdə isə Nəriman Həsənzadəyə minnətdaram.
Nəriman müəllim ən azı 15-20 yazımı “Ədəbiyyat və incəsənət” qəzetində çapa imzalayıb (o dövrdə gənclərin qəzet-jurnallarda çap olunması indiki kimi asan deyildi). Yadımdadır, 1981-ci ildə mən gənclik maksimalizmi ilə qələmə aldığım çox ciddi tənqidi məqalə olan “Gülünc komediya” adlı yazımı Nəriman müəllim cəsarətlə çapa imzaladı və yazı yaradıcı insanlar, xüsusən teatrallar arasında böyük rezonansa səbəb oldu. Baş redaktor kimi bəyəndiyi yazılarımdan biri də 1983-cü ildə fenomenal hüquqşünas İkram Kərimovun fəaliyyəti barədə Mərkəzi (Moskva) mətbuatında çıxan “Xalq etibar edib, qanun ixtiyar verib” başlıqlı oçerkin tərcüməsi idi.
Bu kiçik xatirədə bütün yazılarım haqqında danışıb adlarını uzun-uzadı sadalamağa ehtiyac görmürəm. Ancaq onun özünün də ən çox xoşuna gələn bir yazım barədə xatirəmi bölüşmək istərdim.

…Bir dəfə istirahət-müalicə məkanlarından birində mən həkimlərlə söhbət edəndə, onlardan birinin şəffaf ağ xalatının döş cibinə pul basıdlığına fikir verdim. Adətən pulu belə açıq-açığına döş cibdə gəzdirməzlər və düşündüm ki, yəqin adam pulu ordan götütüb gizlətməyi unudub. Və həmin məqamda beynimdə bir süjet parladı. Axşam bu mövzuda satirik miniatür yazıb “Ədəbiyyat və İncəsənət” qəzetinə apardım. Nəriman Həsənzadə yazını götürdü və sonra oxuyub firkirni deyəcəyini bildirdi.
Aradan bir-neçə gün keçmiş dedilər yazın çıxıb qəzetdə. Təşəkkür üçün redaksiyaya getdim. Nəriman müəllim çox böyük mehribanlıqla məni qarşıladı, özünəməxsus mülayim səsilə səmimi təbrik etdi və mənim təşəkkürümə imkan vermədən, özü o yazı haqqında, onun ideyası, aktuallığı, reallığı barədə danışmağa başladı. Yazı çox xoşuna gəlmişdi. Və dediyi təriflərdən bir cümlə hələ də qulaqlarımı və zövqümü oxşamadadır; təxminən belə:
“Ay Akif, dədəmin goru haqqı, lap Mirzə Cəlil sayağı demisən e… Sözü belə deyərlər…” və s.
Biz səmimi sağollaşıb ayrıldıq.
Uzaq 1985-ci ildə Nəriman Həsənzadənin bəyənib cəsarətlə çapa verdiyi “Ağ xalat” adlı həmin satirik yazını burda hörmətli oxuculara təqdim edirəm. Və ustad qələm adamı, görkəmli şair, dramaturq, hörmətli Nəriman müəllimə Tanrıdan möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram.
***
Akif ƏLİ
AĞ XALAT
(Məzhəkə)
Bu ağ xalatı geyən yox idi.
Tərtəmiz, ağappaq, nişastalı-ütülü halda xəstəxana anbarından asılıb qalmışdı. Yırtığı-yamağı da yox idi ki, deyəsən ayıbdır deyə geymirlər.
Bu xalatı təsərrüfat müdiri xəstəxanaya təzə işə girən cavanlı-qocalı çox həkimə təklif eləmişdi. Yaxın duran yox idi. Nə təcrübəli, nə təcrübəsiz bir həkim ona sahib olmaq istəmirdi. Özləri evdən başqasını tikib gətirirdilər, amma bu hazır mala yiyə durmurdular.
Allahu-Əkbər!
Təkcə bağbanın o xalatda gözü vardı. Çünki o da bu fani dünyada bir dəfə ağ xalat geyib həkimlərə qoşulmaq istəyirdi.

Təsərrüfat müdiri bir dəfə xalatı bir yaşlı həkimə göstərdi. Həkim alıb o üz-bu üzünə baxdı və başını bulayıb geri qaytardı.
Bir ortayaşlı həkim isə bir az fikirləşəndən sonra xalatı geyinib səhər-səhər palataları gəzdi və sonra da xəstəxanada bir dövrə vurub gətirdi dinməz-söyləməz asdı yerinə. Səhərisi özünə evdən başqa xalat gətirdi.
Bir gün institutu təzə qurtarıb gəlmiş bir gənc həkim tapıldı ki, xalatı alıb dinməzcə geydi, getdi işinin dalınca. Təsərrüfat müdiri rahatca nəfəs aldı ki, şükr, bu da belə getdi. Bağbana da dedi ki, odur, axırıncısı qalmışdı, onu da verdim getdi. Bağban bikeflədi ki, bəs mənim təmiz ağ xalat geymək arzum, filan-beşməkan…
Təsərrüfat müdiri qayıtdı cavabında düşdü bunun üstünə ki, a kişi, sən ağ xalatı neynirsən? Sən hara, təmiz xalat hara? Köhnə plaşdan-zaddan tap keçirt əyninə. Ağ xalat həkimlərçündür. Həkimin nişanəsidir, adıdır, şanıdır, şərəfidir ağ xalat… Sən iki dəqiqənin içində onu ləkələyərsən, bihörmət eləyərsən…
Amma üç gündən sonra, cəmi üçcə gündən sonra, gənc həkim də gətirib dinməz-söyləməz xalatı təhvil verdi təsərrüfat müdirinə və gülümsəyə-gülümsəyə çəkilib getdi.
Paho!
– A kişi, gəl, gəl apar geyin bu xalatı, heç kim istəmir. Deyəsən sənin gözün arxasınca qalıb deyə baxtı açılmır. Apar istəyirsən ləkələ, istəyirsən çirkləndir, istəyirsən lap…
Bağban sevinə-sevinə təptəzə, ağappaq, nişastalı-ütülü xalatı əyninə keçirib yaxasını bərk-bərk düymələdi və birdən-birə mənsəbə çatmış görməmiş adamlar kimi vüqarlı görkəm alıb şəst ilə bağçada atıb gəldiyi qara şlanqa tərəf addımladı. Kişi həyəcandan əllərini də qoymağa yer tapmırdı. Çünki xalatın cibi yox idi.
Cibsiz idi bu xalat, ay səni yaradana qurban olum… Cibsiz!
Bu da belə!
(“Ədəbiyyat və İncəsənət” qəzeti, 1985)

***
Zəruri qeyd: Sonralar həmin miniatür əsasında kinossenari yazıb “Azərfbaycanfilm” kinostudiyasında “Mozalan” satirik kino-jurnalının redaksiyasına apardım. Ustad kino xadimləri Ziyafət Abbasov, Ceyhun Mirzəyev, Vaqif Mustafayev oxuyub bəyəndilər, çəkilişinə razılıq verdilər. Və görkəmli kinorejissor Vaqif Mustafayev xalatın cibləri haqqında olan o ssenari əsasında “Tərsinə” adlı çox populyar olan süjet çəkdi (bax: “Mozalan” kinojurnalı, № 121, 1987-ci il).

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

Akif Əli – “Salam, cənab Baş nazir…”

“Salam, cənab Baş nazir…” Artur Rasi-zadə. Portret cizgiləri
(kitabdan fraqmentlər)

Mən bu kitabı 2019-da Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən könüllü şəkildə ərizə yazaraq ayrıldıqdan sonra yazmışam. NK-da birgə işlədiyimiz illər ərzində Artur Rasi-zadəyə dəfələrlə haqqında yazmaq təklif olunsa da, son dərəcə təvazökar təbiətli bu alicənab insan özü barəsində nəinki kitabın, hətta kiçik bir məqalənin belə yazılıb dərc olunmasına razılıq verməyib.
Yalnız o, vəzifədən getdikdən və bir müddət sonra mən də öz istəyimlə dövlət qulluğundan ayrılıb yenidən yaradıcılıq sahəsinə qayıtdıqdan sonra, belə bir məsuliyyəti öz üzərimə götürdüm. Çünki milli dövlətçilik tariximizin mühüm səhifəsinə çevrilmiş sabiq Baş nazirin fəaliyyətindən yazmaq üçün daha izn almaq lazım deyildi. O artıq tarixi şəxsiyyət olaraq xalqa məxsusdur

Kitabda Azərbaycan Respublikasının sabiq Baş naziri A.Rasi-zadənin həyat və fəaliyyətinə dair bir sıra ilginc məqamlar, xarakterinin özəllikləri, çoxşaxəli fəaliyyətindəki müəyyən epizodlar, həmçinin NK Aparatının fəaliyyəti barədə maraqlı faktlar, sənədlər, şəxsi müşahidə və mülahizələr yer alıb.
Onu deyim ki, kitab 2020-ci ildə A.Rasi-zadənin 85 illik yubileyinə hədiyyə kimi yazılsa da, dünyanı bürüyən koronavirus pandemiyası dövründə tətbiq olunan qlobal karantin rejimi səbəbindən çapı ləngidi və yalnız ötən il, – 2025-ci ilin yayında çapı mümkün oldu.

Bu gün Artur müəllimin doğum günüdür. Kənd təsərrüfatı mütəxəssisi, pedaqoq və şair Tahir Rasizadənin oğlu Artur Rasi-zadə 1935-ci il fevralın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim Gəncədə anadan olub.
Ancaq Xocalı faciəsindən sonra o heç vaxt özünə ad günü keçirməyib.
Mən “Salam, cənab Baş nazir…” kitabından bu günlə səsləşən kiçik bir fraqmenti yada salmaqla, həm də hörmətli Artur müəllimi təbrik etmək, ona ən xoş arzularımı bildirmək istərdim.
***
“YADDAN ÇIXMAZ QARABAĞ”
…Hər bir namuslu Azərbaycan vətəndaşı üçün şərəf göstəricisi olan Qarabağ probleminin həllində Vətənin, Dövlətin və Xalqın mövqeyi təbii ki, Baş nazir Artur Rasi-zadə üçün prioritet məsələ idi. Apardığı bütün rəsmi danışıqların mərkəzində bu məsələ dayanırdı. NK-da işlədiyi bütün müddət ərzində iqtisadi-sosial sahələrlə yanaşı, ən çox diqqət ayırdığı qondarma “Dağlıq Qarabağ münaqişəsinin” həlli istiqamətində idi.

…Baş nazirin kabinetindəki kitab rəfində bir dəstə A-4 formatında kiçik ölçülü Azərbaycan xəritəsi və Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən rəngli foto-bukletlər yığılmışdı. Onun tapşırığı ilə köməkçinin əvvəlcədən danışıqlar masasına gətirdiyi həmin kiçik xəritə və buklet əsasında Baş nazir “Dağlıq Qarabağ” probleminin mahiyyətini detallarınadək gələnlərə izah edir, sanki bu məsələ ilə bağlı onlardakı “savadsızlığın ləğvi” ilə məşğul olurdu. Pedaqoq səbri ilə Azərbaycanın geopolitik mövqeyinin özəlliklərini başa salır, əraziləri işğal etmiş Ermənistanın Qarabağın nə dağı, nə də aranı ilə heç bir əlaqəsi olmadığını xəritədə göstərirdi. Həmçinin qaçqın və məcburi köçkünlərin məskunlaşdığı çoxsaylı çadır şəhərciklərinin səpələndiyi bölgələri göstərib konfliktin miqyasını anladırdı.
Müzakirələrin sonunda həmin materialların bir nüsxəsini qonaqlara hədiyyə verirdi.

Yüksək səviyyəli belə danışıqlar adətən çox gərgin keçirdi. İri dövlətlərin pərdə arxasından ermənilərə dəstək verdiklərini, öz mənafeləri naminə təcavüzkar forpostdan maşa kimi istifadə etdiklərini yaxşı bilən A.Rasi-zadənin əsəbləri gərilir, hirslənir, ən kəskin ifadələrlə işğalçılıq siyasətini pisləyir, təcavüzkarın cəzasız qalmayacağını əminliklə bəyan edirdi.
Dünyadakı mövcud ikili standartlardan daim acı təəssüflə söz açan Baş nazir, bu münaqişənin yaranma səbəbləri və onun uzanmasında maraqlı olan tərəflərin kimliyi, məqsədi, məramı, ikibaşlı oyun niyyətləri barədə həqiqətləri son dərəcə kəskin, bəzən tam çılpaqlığı ilə üzlərinə deyirdi. Aparılan bu qaydasız siyasi oyunların müasir dünyada bəyan edilən sivil münasibətlərə, beynəlxalq hüquqa zidd olduğunu vurğulayırdı.
Qlobal “oyunlar və oyunçular” barədə Azərbaycan rəhbərliyində müfəssəl məlumatın olduğunu göstərən sənəd-sübutlar əsasında düşmənin məkrli planlarını ifşa edən A.Rasi-zadə erməni torpaqlarımızdan çıxmayana qədər “Sülh sazişi” adı altında heç bir sənədə heç vaxt qol çəkilməyəcəyini və xalqın mənafeyini ifadə edən bu mövqeyin gələcəkdə də dəyişməyəcəyini birmənalı şəkildə bildirirdi.

…O hər dəfə düşmənə könüllü elçilik edənləri başa salmağa çalışırdı ki, özlərini nahaq yormasınlar. “Azərbaycanda heç kim heç vaxt “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun müstəqilliyinə razı olmayacaq. Eləcə də bir qarış torpağı da Ermənistana verməyəcək. Heç kim və heç vaxt!” Və əlavə edirdi: “Bir halda ki məsələ dinc yolla həllini tapmır, vaxt gələr biz özümüz güc toplayıb savaşla torpaqlarımızı azad edərik. Sağlıq olsun!”
Təbii ki, Qarabağ məsələsinə dair Hökumətdən davamlı olaraq sərgilənən belə kəskin və prinsipial mövqe beynəlxalq müstəvidə təsirsiz ötüşmürdü.

Qarabağ danışıqlarında “qədim, mədəni xalqın” qocalara, qadınlara, uşaqlara etdiyi əzazillik, işgəncə, törətdikləri vəhşiliklər barədə Baş nazirin məlumatlarını eşidən, foto-sənədlərə baxan elə ölkələrin nümayəndələri də vardı ki, bu dəhşətli faktlardan xəbərsiz olduqlarını, ermənilərin belə qeyri-insani, vandal əməllərini ilk dəfədir eşidib gördüklərini deyirdilər (bu hal ölkəmizi xaricdə təmsil edən rahat səfirliklərimiz üçün də ciddi qınaq idi). Onlar erməni millətçilərinin günahsız insanlara qarşı törətdiyi vəhşi əməlləri əks etdirən fotoşəkillərə çox baxa bilmir, dərhal səhifəni çevirirdilər.

Xocalı soyqırımına dair hazırlatdığı bukleti səhifə-səhifə açıb ordakı tükürpədici fotoları israrla qonaqlara göstərən A.Rasi-zadə isə soyuqqanlı şəkildə ifşaedici çıxışını davam etdirirdi: “Baxın, baxın, dünyadan gizlədilən həqiqət bundan ibarətdir! Ermənilər bütün dünyaya yayırlar ki, guya keçən əsrdə türklər onlara qarşı nəsə törədib. Əllərində isə heç bir konkret sübut yoxdur. Yüz il bundan qabaq nələr olub, necə olub – heç kim bilmir. Ancaq bu şəkillərdə gördüyünüz Xocalı soyqırımı lap bu yaxınlarda, dünyanın gözü qarşısında baş verib. Onu törədənlər isə indiki Ermənistanın rəhbərləridir… Baxın və bilin ki, həqiqət budur!”

Bir dəfə xanım qonaqlardan biri Xocalı bukletini vərəqlədikdən sonra halı pisləşdi, həyəcanla kitabçanı örtdü: “Yox, yox,- dedi. – Bu şəkillərə baxmaq mümkün deyil… Dəhşətdir! Onları gördükdən sonra, adamın boğazından yemək keçməz…”

Danışıqlar masası arxasında Azərbaycanın Baş naziri yüksək ziyalı mədəniyyəti ilə, centlmensayağı etiket normaları daxilində Qarabağın “qara baxtına” dair həqiqətlərin mahiyyətini əcnəbi nümayəndələrin nəzərinə təfərrüatı ilə çatdırdıqca, xaricilər susub diqqətlə və gizlin bir maraqla altdan-altdan ona baxırdılar. Azərbaycanın qətiyyətli Hökumət başçısını yerli, regional və beynəlxalq problemlər okeanında ən uzaq sahillərə qədər “intellekt sınağına” çəksələr də, bütün müstəvilərdə qarşılarında yüksək səviyyəli, təcrübəli, prinsipial dövlət xadimini, geniş erudisiyaya malik vətənpərvər rəhbər işçini və çox mədəni, savadlı, nəzakətli, kübar bir şəxsiyyəti, təvazökar ziyalını görüb az qala təəccüb edirdilər.
Aramsız olaraq Nazirlər Kabinetinin qədim binasındakı 5-ci mərtəbədə yerləşən bu geniş kabinetdən axın-axın gəlib-keçən beynəlxalq güc təmsilçilərinin “bədən dilinə” əsasən hiss edilirdi ki, onlar ənənəvi “qonaqpərvər günəşli Azərbaycanda” həqiqəti bu qədər çılpaqlığı ilə eşidəcəklərini təsəvvürlərinə belə gətirmirlərmiş.

Çünki xalqdan ayrı düşən çeşidli iqtidarların fərasətsizliyi üzündən bir-bir pozisiyaların əldən verildiyi ilk müstəqillik dövrlərindən fərqli olaraq, indi necə deyərlər, daş qayaya rast gəlmişdi…

Yeni iqtidara nə qədər təzyiq etsələr də, hətta ölkəmizin aqibəti üçün “qorxulu nağıllar” danışsalar da, onu təmtəraqlı “Öz müqəddəratını təyinetmə” tələsinə salıb “Dağlıq Qarabağ”ın müstəqilliyinə, torpaqlarımızda ikinci erməni dövləti yaratmaq istəklərinə nail ola bilmirdilər. Odur ki, üzbə-üz əyləşdikləri Baş nazirin timsalında yeni Azərbaycan hakimiyyətinə üstün gəlməyin mümkün olmadığını gördükdə, özləri çıxılmaza düşərək, növbəti həmləyə qədər yığışdanıb gedirdilər.

Münaqişənin həlli yenə uzanırdı…

(Bax: Akif ƏLİ. “Salam, cənab Baş nazir…” Artur Rasi-zadə. Portret cizgiləri – Bakı, CBS , 2020, 124 səh.)

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

10 Noyabr – Atatürkü Anma Günüdür

10 Noyabr – Atatürkü Anma Günüdür
57 illik ömrünü Vətənə, Millətə fəda edən, cəbhədən-cəbhəyə keçərək qatıldığı heç bir savaşı uduzmayan,
“Ey Türk Milləti, möhtac olduğun qüdrət damarlarındakı əsil qanda mövcuddur” – deyən,
“Hakimyyət, hökmranlıq qeydsiz-şərtsiz Millətindir” deyib Böyük Millət Məclisini quran, 1923-cü ildə yeni tarix yazaraq çağdaş, dünyəvi, demokratik Türkiyə Cümhuriyyətini quran,
“Yurdda sülh, cahanda sülh” deyən, “Dövlət dili Türkçədir” deyən, “Həyatda əsil həqiqi mürşid elmdir” deyən, “Qadınlarla kişilər bərabər hüquqa malikdir” deyən, “İnsan azadlıq və haqqları hər şeydən üstündür” deyən Mustafa Kamal Paşa Atatürkü indi bütün tərəqqipərvər türk xalqı minnətlə, sayğı ilə, ehtiramla anır.
O, Vətən torpaqlarının azadlığı uğrunda mübarizə illərində ağır cəbhələrdə vuruşdu, sürgünə göndərildi, həbsə atıldı, ölümünə fərman verildi, sui-qəsdlə, şərlə, iftira ilə qarşılaşdı…
Ancaq onun milli iradəsini heç nə sarsıda bilmədi. Hətta ağır mübarizələrdə, vuruşmalarda, döyüş meydanlarında, yağışda-qarda, çöllərdə, dağlarda daim ona “yol yoldaşlığı” edən mübtəla olduğu ağır xəstəlik də!
Yalnız ölkəsi, xalqı üçün böyük işlər naminə dözdüyü tarixi fədakarlıqlardan sonra, dahi Mustafa Kamal uzun sürən ağır xəstəliklə çarpışma yatağında – 1938-ci il noyabrın 10-da səhər saatlarında cismani həyata vida edərək əbədi istirahətgahına köçdü…
Ruhu şad olsun!
***
Dünyanın hər yerində azadlq, özgürlük, ədalət sevən insanlar onun xatirəsini daim hörmətlə yad edirlər.
İtaliya mətbuatı dünya savaş tarixinin ən böyük Sərkərdəsi olduğunu nəzərdə tutaraq, Atatürkün vəfatı xəbərini bu sözlərlə yaymışdı: “Sezar, İskəndər, Napoleon, ayağa qalxın, böyüyünüz gəlir! ”
ABŞ ordusunun generalı Uesli Klark: “Mən bir hərbçi olaraq, Atatürkün böyük heyranıyam. O, inanılmaz bir lider idi… Atatürk fikir adamı, strategiya mütəxəssisi olmaqla yanaşı, güclü iradəyə sahib bir komandir idi. Çörçillin 1914-cü ildə başlatdığı işğal planını dayandıran nadir şəxs idi. Təsəvvür edin, bunu yalnız bir adam dayandırdı – Atatürk. O, əsgərlərinə döyüşməyi, ölməyi əmr etdi və özü də onlarla birlikdə cəbhədə qaldı. Bütün bunlar çox cəsarətli addımlar idi. Belə liderlər dünyaya bir-iki dəfə gəlir. Bəlkə də bir də Yer üzünə Atatürk kimi lider gəlməyəcək…”
Kuba xalqının lideri Fidel Kastro isə belə demişdir: “Atatürk ölümündən sonra ölkəsini yönətən tək kişidir!”

…57 illik ömrünə 11 savaş, 24 ordan-medal, 7 nişan, 13 kitab, bir ölkə, bir dövlət və milyonlarca azad insan sığdıran böyük sərkərdə, dahi M.K.Atatürk: “Məni görmək heç də mütləqa üzümü görmək demək deyildir. Mənim fikirlərimi, mənim duyğularımı anlayarsınızsa və hiss edərsinizsə – bu yetərlidir.”

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

Akif Əli Günay Firudinqızının qonağıdır – “Geriyə baxanda”

Akif ƏLİ Günay Firudinqızının qonağıdır – “Geriyə baxanda”

Məlumatı hazıladı: Amina

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Alen Delon – Həyatımın sükanı öz əlimdədir!

DÜNYA… DÜNYA…
Dünya Kinosunda ən uğurlu sənət karyerası qazanan məşhur kinoaktyor Alen Delon 86 yaşında İsveçrədə yaşamına son vermək üçün həkim müdaxiləsini istəyib.
Alen Delon: “…Bu dünyanı heç bir şey hiss etmədən tərk edəcəyəm. Həyatın mənə təklif edə biləcəyi bir şey qalmadı, hər şeyi gördüm, hər şeyi yaşadım. Ama indi!.. Yaşadığım indiki dövrə nifrət edirəm. Baxdıqça ürəyim bulanır. Hər şey saxtadır, hər şey dəyişdirildi. Verilən sözə sayğı yox. İndi önəmli olan tək bir şey – pul və sərvətdir. İndi ölsəm, dünyadan üzülmədən ayrılmış olacağam.”


O deyib:
“…Yaşlanmaq bərbad bir şey imiş. Görünüşümüz dəyişir, görmə duyğumuzu itiririk və bunun qarşısını almaq üçün heç bir şey edə bilmirik… Xəstəxanalar və iynələr olmadan həyatdan səssizcə getmək haqqım var.”

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Akif Əli – Salam, əziz Şuşa!

Salam, əziz Şuşa!
 

Xoş gördük, doğma şəhərim! Axır ki, sən azadsan! Sənə doğru gedən yollar açıqdır.
 

Və mən 35 ildən sonra ilk dəfə sənin ziyarətinə gələ bildim.
 

Mən sənin hüzuruna turist kimi gəlməyə qıymırdım. Dəstələrə qoşulmadan, küyə düşüb selfi çəkdirməyə tələsmədən, qonaq kimi İsa bulağında yeyib-içməyi pak adına sığışdırmadan səbrlə gözlədim…
 

Və Böyük Qələbədən sonra yollar açılanda, gediş-gəliş icazəli olanda, səhhətim və sərvətim imkan verəndə öz arzumla, öz istəyimlə yola çıxdım.
 

Doğulduğum şəhərə salam verməyə, doğulduğum evi görməyə, doğulduğum havanı udmağa gəldim…
 

Müqəddəs şəhidlərin, igid qazilərin, qəhrəman sərkərdələrin min bir əziyyətlə keçib getdiyi dağlar üstündən, şanlı Zəfər yolu ilə keçib getdim…
 

İnsanlıqdan xəbəri olmayan vəhşi ermənilərin darmadağın etdiyi şəhərlərin, kəndlərin içindən qəzəblə keçdim. Tam yenidən qurulan, təzədən tikilən, od-alovdan dirçəldilən yurdumuza fərəhlə baxa-baxa getdim…
 

Böyükdür təəssüratlar, əlbəttə! Çoxdur deyiləsi sözlər, yazılası fikirlər, düşüncələr…

Amma mən Şuşaya yazı yazmağa gəlmədim…
 

Sağlıq olsun, əziz Şuşa!
 

Təki sən yaşa!

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Akif Əli. ULU SƏRKƏRDƏ BABƏK.

AKİF ƏLİNİN YAZILARI

ULU SƏRKƏRDƏ BABƏK

1185 il öncə bugünkü gün Samirə şəhərində Ərəb Xilafəti böyük Azərbaycan sərkərdəsi ulu Babəki edam etmişdir. Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşayıb ölməyi üstün tutan cəsur sərkərdənin mübarizəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir.

2013-cü ildə yazıb çap etdirdiyim “Azman” kitabında yeni din tətbiqi adı altında Azərbaycana qarşı işğalçılıq yürüşləri aparan Ərəb Xilafəti ilə mübarizədə xalqı səfərbər etmiş və güclü Azərbaycan dövləti yaradaraq, 22 il yadelli işğalçılara müqavimət göstərmiş qüdrətli hökmdar, yenilməz sərkərdə Babək Hürrəminin edam səhnəsi ətraflı əks olunur.

“…838-ci il martın 14-də Ərəb Xilafətinin mərkəzində, Xəlifənin hüzurunda, ali ruhani şəxslərin və mömin müsəlmanların gözü qarşısında günahı yalnız öz vətənini azad görmək olan Azərbaycanın qəhrəman sərkərdəsi Babək dinə, imana, insanlığa yaraşmayan vəhşi bir üsulla qətlə yetirildi. Azərbaycanlı Azman igidin vahiməsi o dərəcədə böyük idi ki, ürəyi onu sadəcə öldürməklə soyumayan düşmən Babəkin qollarını, ayaqlarını, başını kəsdi, qarnını doğradı və bədənini çarmıxa çəkib od vurdu. Amma yenə də vahimədən qurtula bilməyən cahillər zaman-zaman onun parlaq obrazına da ləkə yaxmaq üçün qələm çaldılar…

Babəklə bağlı mənbələrin əksəriyyəti ərəb-fars tarixçilərinin yazdıqlarıdır. Bu mənbələrdə qərəz, böhtan, saxtalaşdırma açıq-aydın hiss olunur. Odur ki, “orta əsrlər mənbələrinə” istinad edərkən, o “faktları” yazan qələmin kimin əlində olduğunu unutmamaq lazım. Məntiqli oxucu dərhal bilir: ərəb yazarı Ərəb Xilafətini 22 il lərzəyə salmış bir qəhrəman haqqında təbii ki mədhiyyə qoşmayacaq, əksinə, onun haqqında hikkə dolu hərzə-hədyanlar uyduracaqdı. Xəlifənin sarayında oturan ərəb səlnaməçisi dövrün hadisələri barədə, xüsusən qatı düşmənləri haqqında həqiqəti yaza bilməzdi… “

Əgər ərəb-fars mənbələrində göstərildiyi kimi Babəkin şəxsiyyəti və mübarizəsi “əhəmiyyətsiz” olsaydı, o zaman nədən Xəlifə Mötəsimbillah Babəki tora salıb ərəblərə təhvil verən satqın Səhl Sumbata bu xidməti müqabilində fəxri xələt, patrik tacı verib onu xəracdan azad edirdi? Üstəlik Səhlin özünə “min dəfə min kşir gümüş, bir də yüz min” qızıl pul – yəni milyon dirhəm, oğluna isə yüz min dirhəm pul mükafatı verirdi?!

Əlbəttə, “Babək öz zəmanəsinin qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir qəhrəman idi…” – Tarix Babəki yadında belə saxladı.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında Sərəncam imzalamışdır.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalqımızın çoxəsrlik zəngin tarixinə adları qəhrəmanlıq rəmzi kimi həkk olunmuş görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində böyük Azərbaycan sərkərdəsi Babəkin abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Babəkin abidəsinin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bakı şəhəri, 6 sentyabr 2011-ci il.

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ƏLİ – AZMAN AZƏRBAYCANLI

AKİF ƏLİ Azərbaycan yazıçısı, filoloq alim.

AKİF ƏLİ HAQQINDA

Akif Əli Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). 2-ci dərəcə Dövlət müşaviri.

HƏYATI
Akif Əli 1952-ci il fevralın 22-də Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib (Bakı Slavyan Universiteti) (1974).

YARADICILIĞI
Azərbaycanfilm, Tacikfilm, Lenfilm kinostudiyalarında filmlərə çəkilib (1974-1978). “Uzun müharibədə qısa görüşlər” (Tacikfilm) filmində Rüstəm, “Tütək səsi” filmində (Azərbaycanfilm) Tapdıq və başqa obrazları yaradıb. 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri vəzifələrində işləyərkən bir neçə populyar radio verilişinin (“Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Gülüş axşamı” (1981-1983)), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışarkən isə televiziya proqramlarının (“Zəriflik”, “Aygün”, “7 sual, 7 cavab” televiktorinası, “İdrak”, “Tələbə dünyası”, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay!”, “Mənəvi dünyamız”) yaradıcısı, müəllifi, yaxud redaktoru olub. Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, “Mozalan” kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir.

Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), dosent, Qızıl qələm mükafatı laureatıdır.

SİYASİ FƏALİYYƏTİ
1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib. 1990-cı ildə “Vətən səsi” qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin baş redaktoru vəzifəsində çalışıb. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib (1992-1994).

1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. 2-ci dərəcə Dövlət müşaviridir.

ƏSƏRLƏRİ
“Gözəlliyin qədrini bilək” (1984), “Azərbaycanın müasir kinoaktyorları” (1984), “Unudulmaz yollar” (1985), “Məhəbbət təranələri” (1989), “Qaragöz oyunu” (1999), “M.Ə.Sabirin satira sənətkarlığı” (1999), “Öncə – vətəndir” (2003), “Böyük ömrün anları” (2004), “İdrak” (2007), “Azman” (2013) kitabları çap olunub. Bunlardan başqa tərcümələri var (A.Hertsen “Olmuşlar, düşüncələr”, V.Mayakovski “Taxtabiti”, M.Zoşşenko “Nəhs günü”, J.B.Molyer “Meşşanın zadəganlığı”, A.Soljenitsin “Matryonanın ocağı”, A. Çexov “Hekayələr”, Qrimm qardaşları “Bremen musiqiçiləri”).

VƏZİFƏLƏRİ
1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-83), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-87) olub.

1991-1993-cü illərdə “Vətən səsi” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-1994) işləyib.

Ailəlidir, iki övladı var.

FİLMOQRAFİYA
Uzun müharibədə qısa görüşlər (1974-75)
Tütək səsi (film, 1975)
Əgər bir yerdəyiksə (film, 1975)
Arxadan vurulan zərbə (film, 1977)

Bu gün Akif Əlinin 70 yaşı tamam olur. YAZARLAR cameəsi adından doğum günü, yubileyi münasibəti ilə Akif müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Akif müəllim!!! Doğum gününüz mübarək olsun!!!

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru