“Ədəbiyyat Qəzeti”ndə hörmətli Akif Abbasov un 4 hekayəsi verilib. Hekayələrin qısa təhlilini təqdim edirəm:
CƏMİ BİR İRAD
Hekayədə məktəb mühitindəki bürokratiya, formalizm və mənasız iradlar tənqid olunur. Direktor və inspektorun “cami bir irad” tapmaq üçün süni şəkildə qüsur axtarması müəllifin ironiyasını gücləndirir. Müəllimin işi ilə deyil, “protokol” və “kağız üzərindəki qayda” ilə ölçülən sistemin absurdluğu göstərilir. Hekayə həm təhsil sistemindəki mexaniki yanaşmanı, həm də insan amilinin itib getməsini tənqid edir. Sonda müəllimin “bir iradın tapılması” uğrunda yaşanan gülünc səylər satirik effekt yaradır.
DƏRMAN
Hekayədə iki gəncin Tofiqi aldatmaq üçün qurduqları ucuz, amma effektli yalan təsvir edilir. Onlardan biri “anam ağır xəstədir, bu dərmanı indi almalıyam, sən ver, pulunu gətirəcəyəm” kimi emosional bəhanə ilə Tofiqin mərhəmət hissini oyadır və ondan 20 manatı “qoparır”. Tofiqin sadəlövhlüyü, başqasının dərdinə inanmağa həmişə hazır olması onu aldadılmağa aparır. Hekayə insanın mərhəmətindən sui-istifadə edənlərin psixologiyasını və məişət fırıldaqçılığını realist şəkildə göstərir.
ƏTİN SÜMÜYÜ
Hekayənin mərkəzində İslam – savadlı, elmi işlərlə məşğul olan, fəlsəfə doktoru bir adam dayanır. Dostu Mansur ondan tanışının dissertasiyasını redaktə etməyi xahiş edir və qarşılığında 500 manat söz verir. İş bitəndə Mansur yalnız 400 manat verir, qalan 100 manatı isə “ətin sümüyü də olur” kimi yarızarafat, yarıciddiliklə əsaslandırır – yəni, guya hər işin “sümüyü”, yəni itməli hissəsi olur. Müəllif bu ifadəni metafora kimi quraraq cəmiyyətdə xidmətin dəyərinin kiçildilməsini, intellektual əməyin gözdən salınmasını yumoristik, amma acı ironiya ilə göstərir. Hekayə həm də dostluq münasibətlərindəki hörmət çatışmazlığını və “haqqı kəsmək” kimi sosial vərdişlərin tənqidini daşıyır.
HAZIR YEMƏK
Hekayədə Xudayarın hiyləgərliyi və gündəlik məişətdəki xırda fırıldaqlar yumorla təqdim olunur. O, qonşusu Məmmədağını özünə araq aldırmaq üçün “hazır yemək var, araq al, gəl yeyək” deyə aldadır. Məmmədağa arağı alıb gələndə isə süfrədə yalnız şor, göyərti kimi adi məhsulların olduğunu görür — yəni Xudayar heç bir “hazır yemək” hazırlamamış, sadəcə arağı “havayı” əldə etməyə çalışmışdır. Bu detal cəmiyyətdə yayılmış “qonaqlıq adı ilə nəsə qoparmaq” davranışının satirik tənqididir. Hekayə həm də Məmmədağanın sadəlövhlüyünü, Xudayarın isə mətbəx yox, məqsədini hazır saxladığını göstərir.
Müəllif: ADİLƏ NƏZƏR Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
Mahirə Nağıqızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur, Prezident təqaüdçüsüdür. Filologiya elmləri sahəsində səriştəli tədqiqatçıdır. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusunda (2012); elmlər doktoru elmi dərəcə almaq üçün isə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzularında (2017) dissertasiyalar müdafiə edib. Mahirə Nağıqızı tanınmış alim olmaqla yanaşı istedadlı şairdir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gözəl şeirləri vardır. Qələmindən neçə-neçə şeir kitabı çıxmışdır. Diqqət yetirək: “Mənim anam” (2006), “Su at dalımca, ana” (2006), “Ana sevgisindən doğan nəğmələr” (2008), “Yaşadacaq anam məni” (2009), “Ana kəndim Xalxalım” (2010), “Ömrün çıraqdır sənin” (2010), Sözün hikməti” (2012), “Analı dünyam” (2015), “Haqqa çağıran səs” (2015), “Dilimiz – varlığımızdır” (2021), “Salam Olsun (vətənpərvərlik şeirləri)” (2021) və s.
Azərbaycan bəstəkarları tərəfindən Mahirə xanımın sözlərinə 30-dan artıq mahnı bəstələnib, aşıqların ifasında 70 mahnı səslənib. Bəzi mahnıları diqqətə çatdıraq: Sevinc Mansurovanın bəstəsində “Azərbaycan” və “Layla çal, yatım ana; “Ata Heydər, oğul İlham”, Arif Səlimovun bəstəsində “Ay ana”, “Ana”, “Balam”; Tahir Mahiroğlunun bəstəsində “Ata”; Tahir Əkbərin bəstəsində “Qısqanıram və s.
Mahirə Nağıqızının şeirləri mövzu müxtəlifliyi, mövzu rəngarəngliyi, məzmun dolğunluğu baxımından diqqəti cəlb edir. İlk növbədə, qeyd etməliyik ki, o, vətənpərvər şairdir. Əsərlərində milli ruhun təbliği, milli özünüdərkə xidmət özünəməxsus yer tutur. Vətən sevgisini, onun bütövlüyünü, toxunulmazlığını, müstəqilliyini, azadlığını dönə-dönə vurğulayaraq doğma yurdu vəsf edir. Torpaqlarımızın işğal altında olduğundan yana-yana danışır, lakin inanır ki, gec-tez tutulmuş ərazilərimizə sahib olacağıq. Erməni faşist işğalçılarına qarşı sonsuz nifrətlə mübarizəmizdən, müharibəmizdən söz açır, erməni ordusunu 44 gün ərzində darmadağın etməyimizi, zabit və əsgərlərimizin fədakarlığını, şəhidlərimizin, qazilərimizin böyük hünərini parlaq boyalarla işıqlandırır. “Salam olsun” şeirini yada salaq:
Rəzil oldu bizi qüvvə saymayanlar,
Qanda batdı qan içməkdən doymayanlar.
Bu milləti yıxılmağa qoymayanlar,
Dünyada hər anınıza salam olsun!
Bu tarixi qələbədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rolu xüsusi vurğulanır, Vətən müharibəsində ölkəmizə dəstək duran Rəcəb Tayyib Ərdoğan böyük məhəbbətlə vəsf edilir:
Adı qalar zaman-zaman Sər doğanın,
İzi qalmaz hər olanın, hər doğanın.
İlham, sənin, Rəcəb Təyyub Ərdoğanın,
Həmişə var canınıza salam olsun!
Əldə silah, fədakarlıqla, hünərlə döyüşənlər, Vətənin azadlığı, ərazi bütövlüyü, müstəqilliyi uğrunda müharibə meydanında həlak olanlar da unudulmur:
Şəhidlərim, haqqınız var çiynimizdə,
Kəfən geydik, qalacaqdır əynimizdə,
Çıxmayacaq, yaşayacaq eynimizdə,
Tökülən al qanınıza salam olsun!
Azərbaycanımız yüz illər, min illər ərzində Vətənimizin müstəqilliyi, azadlığı uğrunda yüz minlərlə oğlunu, qızını itirib. İkinci Dünya müharibəsində cəbhəyə 600 mindən çox azərbaycanlı yola düşüb, onların yarısı geri qayıtmayıb, həlak olub. Birinci və ikinci Qarabağ müharibələrində nə qədər şəhid vermişik. Bir də 20 Yanvar şəhidləri vardır. SSRİ rəhbərliyi öz vətəndaşlarının üzərinə tanklar yeridib, dinc sakinləri avtomat güllələrinə tuş edib. Mahirə xanımın “Şəhidlər” şeiri sovet ordusunun xalqımıza tutduğu divanı yada salır:
Doğulub düşmənə daş atmaq üçün,
Ürəyi qorxudan boşaltmaq üçün.
Ölərlər vətəni yaşatmaq üçün,
Hər qəlbdə bir qala tikər şəhidlər.
Vətən Mahirə xanımın ən çox sevdiyi və yüksək dəyər verdiyi mövzulardandır. Əslində burada bir qəribəlik də yoxdur. Bütün şairlər, ilk növbədə, ana adlandırdığımız Vətəni tərənnüm edən şeir yazıb. Biz hamımız Vətəni, doğma diyarı sevirik. Bunu hərəmiz fərqli şəkildə mənalandırırıq. Birimiz şeirlərilə, digəri nəsr əsəri ilə, başqası memarlıq işi ilə, kimisi onun müdafiəsinə atılmaqla, qeyriləri Azərbaycanı dünya miqyasında tanıtmaqla. Mahirə Nağıqızı da həm özünün Vətənə məhəbbəti, həm də “Qar havası var” və başqa şeirləri ilə öz mövqeyini bildirir. Diqqət yetirək:
Haraya getsəm də, Vətən, ay Vətən,
Könlümdə ruhunun var, havası var.
Ayrılıqdı bilməm, xiffətdi – bilməm,
Sənsiz hər tərəfdə qar havası var.
Köksündə dondurmaz ayazı qışın
İstisi bəsimdi bircə qarışın.
Qürbətdə küləyin, yağan yağışın,
Səsində bir ahu-zar havası var.
Mahirə xanım – anadır. Ananın insan həyatında nə demək olduğunu çox gözəl bilir və ailədə analıq vəzifələrini uğurla, yüksək səviyyədə yerinə yetirir. Şeirlərinin bir çoxunu analara, xüsusən özünün dünyalar qədər bağlandığı sevimli anasına həsr edib.
Mahirə xanım 2020-ci ildə işıq üzü görmüş “Onun daş nağılı” kitabına ana ilə bağlı üç şeir daxil edib. Qəribə burasındadır ki, hər üç şeirini “Anama” adlandırıb. Əslində burada qəribəlik də yoxdur. Bu şeirlər şairin anaya, anasına böyük, dərin məhəbbətinin timsalı kimi meydana gəlib.
Şairin Anaya həsr etdiyi şeirlər arasında “Saçların balladası” şeiri səmimiliyi, təbiiliyi ilə diqqəti cəlb edir. Mahirə xanım ana qayğısının, ana nəvazişinin, ana sevgisinin hamımıza tanış olan aşağıdakı notları ilə bir daha bizi tanış edir:
Hər dəfə başımı dizinin üstə –
Çəkərdi, saçımı oxşardı anam.
Bir onu, bir də ki, qulac saçıma
Dəyən nəfəsini unudammıram.
“Anama” adlanan digər şeirdə ana nikbin əhvali-ruhiyyədədir. Həmişə belə olub, onu heç kim bu həyatdan gileyli görməyib:
Bir nəfər görmədi, səni bir nəfər,
Həyatdan gileyli, bəxtdən narazı.
Analar zəhmətə qatlaşan olurlar. Evin bütün ağırlıqları onların üzərinə düşür. Evdə görüləsi iş-güc çoxdur. Şeirin qəhrəmanı da hər şeyi çatdırır. Buna səhər ertə yuxudan oyanmaq, işə başlamaqla, özü də kiminsə şirin yuxusuna haram qatmamaqla nail olur:
Yadımdan çıxmaz ki, hər səhər erkən,
Elə gəzinərdin evdə yavaşdan.
Nə cür çatdırırdın, deyə bilmərəm,
O boyda işləri durub o başdan…
Şair çox düşünüb-daşınır, dağı Arana, Aranı dağa aparır. Fəqət dünyada anadan qiymətli heç nə tapa bilmir. Bunu yəqin etdikdən sonra qələmə sarılır:
Ay ana, bilirəm bu kainatda,
Qiymətli nə varsa oyun-oyuncaq
Hər şeyin qiyməti olur həyatda,
Sənin qiymətini tapmadım ancaq.
Mahirə xanım şeirlərinin birində ananın fikir çəkdiyini, narahat olduğunu, hətta göz yaşı tökdüyünü görüb qayğılanır. Bu, onu varından yox edir. Anaya təsəlli verməyə, onun dərdini, kədərini yüngülləşdirməyə çalışır:
Yenə qəlbim göynətməsin qəlbini,
Ağ saçını suya sərib ağlama.
Kim böləcək bölünməyən dərdini,
Fəqan çəkib qərib-qərib ağlama.
İstəyir ki, ana özünü ələ alsın, qayğılanmasın, göz yaşı tökməsin. Axı göz yaşı təsəlli ola bilər, dərdi, kədəri bir azca, azacıq yüngülləşdirə bilər, fəqət “bölünməyən dərdini heç kim bölə bilməyəcək” (“Kim böləcək bölünməyən dərdini”). Əbədi heç nə olmur, gələn – gedir, dolan – boşalır, olan – olmur. Hər şey də, şeirdə deyildiyi kimi, “gəldi-gedərdir”. Diqqət yetirək:
Ah eləmə, ahu-zarın hədərdi,
Bu dünyada hər şey gəldi-gedərdi,
Göz yaşımnan göyətmişəm bu dərdi,
Təsəlli ver, durub-durub ağlama.
Mahirə Nağıqızının qadına, anaya xüsusi dəyər verməsi təbiidir. Professor T.Novruzovun aşağıdakı fikrini mən də təsdiqləyirəm: “Mahirə Nağıqızının poeziyasının baş obrazı ANAdır”.
Mahirə xanımın bədii yaradıcılığının bir istiqamətini də Azərbaycanımızın adlı-sanlı insanlarına, məşhur elm adamlarına ünvanlanmış şeirləri təşkil edir. Bu baxımdan professor Həsən Mirzəyevə həsr etdiyi şeir səciyyəvidir:
El oğluydu, el adamı, – dedilər,
Tək qoymayıb bir adamı, – dedilər.
Ata, qardaş, əmi, dayı, – dedilər,
Dağda, düzdə Həsən Mirzə yaşayır.
Şeirdən göründüyü kimi, Həsən Mirzəyev təkcə adlı-sanlı alim, millət vəkili olmaqla öz fəaliyyətini məhdudlaşdırmayıb, el oğlu, el adamı olub, camaatın xeyrinə, şərinə yarayıb. Belələri həyatda həqiqi şəxsiyyət statusu alırlar.
Məhəbbət əbədi ehtiyacdır. Nazim Hikmətin dediyi kimi, “İnsanın ən böyük kəşfi məhəbbətdir”. Elə şair tapılmaz ki, eşq, sevgi, məhəbbətə aid şeirləri olmasın. Hətta bəzi məşhurlar məhəbbət şeirləri ilə yaradıcılığa başlamışlar. Bu mənada Mahirə xanımın şeirlərini arayıb-axtardım, görüm ki, onun məhəbbətə aid hansı şeiri var. Tapdım. Yalnız birini – “Sənsiz” şeirini diqqət mərkəzinə gətirmək istəyirəm. Onun da bir bəndini:
Bu səhra dünyamın yuxularının,
Hər gecə gəzdiyi ormanı sənsən.
Yaralı qəlbimin, xəstə canımın,
Yeganə davası, dərmanı sənsən.
Eşq ilə dikələn dərd – sarayıymış,
Başqa cür deyilən hay- harayıymış.
Sənsiz yaşadığım gün – haramıymış,
Ömrümün-günümün hər anı sənsən.
Mahirə xanımdan ötrü məhəbbət ümiddir, imandır, inam və nəhayət, həyatdır. Eşqə mübtəla olan şəxs əxlaqını saflaşdırır, mənəviyyatını zənginləşdirir, pak, kindən-küdurətdən azad olar.
“Sənsiz” şeirindən göründüyü kimi, şair eşqi “yaralı qəlbin, xəstə canın davası-dərmanı” adlandırır. Aşiqi “ömrümün-günümün hər anı” hesab edir. Uğurlu bənzətmələrdir.
Mahirə xanımın şeirləri arasında bir şeiri (“Köhnədi”) xüsusilə məni valeh etdi. Mənalandırma son dərəcə gözəldir. Yalnız iki bəndini nümunə gətirirəm:
Zaman gedər, zaman gələr,
Dünyanın çarxı köhnədi.
Buluddan yağış ələnər,
Aparan arxı köhnədi.
Danış, dərdin mənə gəlsin,
Təki sənin üzün gülsün.
Taxda çıxan hardan bilsin,
Çıxdığı taxtı köhnədi.
Münasibət bildirək: Yağış yağır. Hamının ürəyincədir ki, yağış olsun, əkin-biçin suvarıla bilsin. Suyu arx aparır, arx isə köhnədir, yağış suyunu ünvana çatdıra bilmir (“Buluddan yağış ələnər, Aparan arxı köhnədi”).
Qeyd etdiyimiz kimi, Mahirə Nağıqızının bədii yaradıcılığı əhatəlidir. Biz bu yaradıcılıqdan bəzi nümunələri diqqət mərkəzinə gətirə bildik. Təbii ki, bütün şeirlərinin üzərində dayanmaq mümkünsüzdür.
Bu yazını bitirərək bir daha vurğulayırıq: Mahirə Nağıqızı çağdaş poeziyamızın sayılıb-seçilən nümayəndələrindəndir! Qoy bundan sonra da belə olsun!
Mahirə xanımın şeirləri sevilə-sevilə oxunur! Şair sevilirsə, demək, o, əbədilik qazanıb.
Əbədilik qazanan şairlər var olsunlar!!! Mahirə xanıma uğurlar diləyirik!
Mahal yorğun-arğın evə gəlib özünü divana yıxdı. Şəfəq qaş-qabaqlı:
-Mahal…
Mahal əlini qaldırıb onu danışmağa qoymadı. Dikəlib bir qutunu ona uzatdı. Şəfəq tez gözəl tərtibatlı qutunu açdı. Üzük, sırğa komplekti idi. Brilliantla işlənmişdi.
Şəfəqin sevincinin həddi-hüdudu olmadı. Qızıl üzüyü, qızıl sırğaları vardı. Brilliant dəsti isə yox. O, Mahala sarıldı. Mahal:
-Ürəyin gedirdi, – dedi. Axır ki, ala bildım.
Şəfəq
-Canım, ürəyim, çox sağ ol. Bir dənəsən.
Şəfəq bir daha öz təşəkkürünü bildirmək, onu öpmək üçün irəli yeridi. Mahal yatırdı. Onu oyatmadı. Ləl-cəvahir dəstini götürüb otağına çəkildi.
Aradan bir ay keçdi. Mahal əlində daha bir qutu evə gəldi. Şəfəq özünü yetirdi:
-Qutudakı nədir? Mənimçin almısan?
-Əlbəttə, səninçin.
Şəfəq maraq içərisində tez qutunu açdı. Bahalı bilərzik idi.
-Mənim həyat yoldaşımdan yoxdur! Var ol!
Mahal yorğun nəzərlərlə ona baxdı:
-Sənin zövqünə, sənin arzuna uyğun hədiyyə!!!
Başqa bir gün həyat yoldaşına bahalı boyunbağı gətirdi.
Həmin gündən bir müddət keçdi. Mahal işşən gəlmişdi. O, əlindəki açarı Şəfəqə uzadaraq:
-Daha bir arzunu da yerinə yetirdim, – dedi. -Pəncərədən bax.
Həyətdə yağın içində bahalı bir maşın dayanmışdı. Şəfəq sevindiyindən yerində atılıb düşdü. Mahalı qucaqlayıb öpmək üçün ona sarı getdi. Mahalı yuxu aparmışdı. Onu oyatmayıb həyətə düşdü, maşının sükanı arxasına keçdi. Maşınla bir-iki dövrə vurub qayıtdı.
Mahal oyanıb özünə çay süzmüşdü. Şəfəq onun boynuna sarıldı:
-Sağ ol, əzizim. Bir dənəsən. Köhnə maşının ümidinə qalmışdım.
Mahal dedi:
-Amma maşın sən deyən köhnə deyildi. Sənin gözünə elə görünürdü. Sadəcə rəfiqələrinlə, işdəki xanımlarla bəhsə girmişdin. Ona görə də maşın gözündən düşmüşdü.
Şəfəq mətbəxə keçib hazırlıq işləri görməyə başladı. Köməyə bacısı Şəhlanı da çağırdı. Eşidən-bilən təbrikə gələcəkdi. Qonaq otağına keçdi. Mahal yox idi. Şəfəq mobil telefonla ona zəng etdi. Vəziyyəti anlatdı. Mahal üzrxahlıq elədi:
-Siz yeyin-için, nuş olsun. Əylənin. Məni də orada hiss etdin. Mənin işim çoxdur. Yox, yox, gələ bilməyəcəyəm. Ola bişin ofisdə gecələdim. Mahal evə bir də ertəsi gün gəldi. Şəfəq yatmışdı. Onu oyatmadı: “Yəqin axşam gec yatıb. Ev qonaqlı-qaralı olub”.
O, qazı yandırıb çayniki qazın üstünə qoydu. Soyuducudan yağ, pendir, kəsmik, bal, qaymaq çıxardı, çörək doğrayıb süfrəyə qoydu. Bir dənə də yumurta qaynatdı. Üzünü qırxınca yumurta da bişdi. Oturub səhər yeməyini yedi. Şəfəq hələ yatırdı. Onu oyatmamaq üçün asta tərpənirdi. Qapıdan çıxmaq istəyəndə Şəfəq yuxudan oyanıb özünü onun üstünə atdı:
-Əzizim, gözümün işığı!
Şəfəq elə bil əvvəlki hikkəli, dilxor, qaşqabaqlı adam deyildi. Mahala can deyib, can eşidirdi.
-Mahal, Allah səni mənə çox görməsin. Hara tələsirsən. Əyləş, çay-çörək verim, südlü aş hazırlayım. Ayaq saxla, bir as söhbət edək, dərdləşək.
Mahal cavabında dedi:
-Səhər yeməyi yedim. Şirin çay da içdim. Narahat olma. Gedim, iş başdan aşır.
Mahal getdi. Bir də gecədən xeyli keçmiş qayıtdı. Yorğun olduğundan divanda uzandı və dərhal yuxuya getdi.
Yenə bir neçə gün keçdi.
Mahal indi noutbukun qarşısında idi. Şəfəq onun yanına gələrək:
-Əzizim, özünü yorma, gedək yataq, – dedi.
Mahal:
-Sən get, yat. Mən işləməliyəm. Vacib tapşırıq almışam.
Şəfəq gedib yatdı. Ertəsi gün Mahal səhər yeməyindən sonra işə getmək istəyəndə Şəfəq onun qarşısını kəsdi:
-Üzünə həsrət qalmışam. Bir kəlmə kəsə bilmirəm. Gec gəlib, tez gedirsən. Qarşına yemək də qoya bilmirəm. Özün hazırlayırsan. Elə bil məndən qaçırsan. Evdən qaçaq düşmüsən. Nə baş verir? Bütün günü işdəsən. Evdə olanda da noutbukdan əl çəkmirsən. Bir anlığa ayaq saxla, oturub söhbət edək. Ər-arvadıq. Mənə vaxtın çatmır? Niyə mənə vaxt ayırmırsan?
Mahal ah çəkdi:
– Yadındamı? Bir neçə ay əvvəl işdən ac və yorğun gəlmişdim Yemək istədim. Dedin hazır yeməyimiz yoxdur. Özün hazırla. Dedim çay gətir. Dedin, dur süz. Hələ üstəlik əlavə etdin ki, məhəbbət ləl-cəvahir dəsti, bilərzik, boyunbağı, maşın alıb gətirmir. Bunlar pul ilədir. Sonra arzuladığın alınası şeylərin siyahısını mənə verdin ki, onları hər şeydən çox istəyirsən. Məhəbbət gəldi-gedər şeydir. Sən dedin bunları. Sənin arzularını yerinə yetirmək üçün məcbur olub gecəmi gündüzümə qatdım. Bu işdən, o biri işə qaçdım. Pul qazanmaq lazım idi.
Şəfəq başını aşağı saldı. Mahalın gözlərinə dik baxa bilmirdi. Mahal sözünə davam etdi:
-Sənin istəklərini yerinə yetirmək üçün altı aydır əlləşirəm. İndi sənin brilliant sırğa-üzük dəstin, üzəri briliyantla işlənmiş qızıl saatın, bahalı boyunbağın və bilərziyin, yağın içində maşının var. Tezliklə yeni mənzilimiz də olar. Bu mənzilə sığmırsan. Bağ evidə alarıq. Amma bir şeyə təəssüflənirəm.
Şəfəq gözlərini ona zillədi:
-Nəyə?
-Sənin yazdığın siyahıda sənə olan məhəbbətimə dair bir söz də yoxdur.
Şəfəqin gözləri doldu. Siyahını ərindən alıb cırdı:
-Yazdıqlarımın heç biri mənə lazım deyil. Bağışla. Sənə istəyirəm. Səni yanımda görmək istəyirəm.
ÜZEYİR HACIBƏYLİNİN “SEÇİLMİŞ PEDAQOJİ ƏSƏRLƏRİ” ADLI KİTABI İŞIQ ÜZÜ GÖRDÜ
“Mütərcim” nəşriyyatı Üzeyir Hacıbəylinin “ Seçilmiş pedaqoji əsərləri”ini nəşr etmişdir.Üzeyir Hacıbəylinin pedaqoji əsəırləri ilk dəfə olaraq ayrıca kitab halında işıq üzü görür. “Seçilmiş pedaqoji əsərlər”də dahi bəstəkarın məktəb, təhsil, tərbiyə, təlim, təhsilin idarə olunması və müəllim şəxsiyyətinə aid fikirləri öz əksini tapmışdır. Mənbə kimi 1985-ci ildə “Yazıçı” nəşriyyatında çap olunmuş “Üzeyir Hacıbəyov. “Seçilmiş əsərlər”i, 2005-ci ildə Şərq-Qərb nəşriyyatında işıq üzü görmüş “Üzeyir Hacıbəyli. Seçilmiş əsərlər”i iki cildliyinin 2-ci cildinin materialları əsas götürülmüşdür.
Materialların bir qismi Üzeyir Hacıbəylinin məqalələri, bir qismi felyetonları, satirik hekayələri, səhnəcikləridir.
Tədqiqatçılar materiallardan istifadə edərkən mənbə kimi ya bu kitabı və onun səhifələrini göstərə, yaxud dahi bəstəkarın 1985 və 2005-ci il nəşrlərinə əsaslana bilərlər.
“Seçilmiş pedaqoji əsərlər”in hazırlanmasının təşəbbüskarı, ön sözün müəllifi və elmi redaktoru pedaqogika elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi Akif Nurağa oğlu Abbasovdur.
Tərtib edənlər:
Akif Nurağa oğlu Abbasov,
pedaqogika elmləri doktoru, professor,
İradə Böyükağa qızı Əmirəliyeva,
pedaqogika üzrə fəlsəfə doktoru,
Lalə Akif qızı Məmmədli,
pedaqogika üzrə fəlsəfə doktoru
Bu kitab Üzeyir Hacıbəyli sevərlər, müəllimlər, gənc tədqiqatçılar, doktorantlar, magistrant və magistlər üçün nəzərdə tutulmuşdur.
ÜZEYİR HACIBƏYLİ YARADICILIĞINDA TƏHSİL, TƏLİM VƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİNİN QOYULUŞU
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 03 fevral 2025-ci il tarixdə görkəmli bəstəkar, ictimai xadim, yazıçı, dramaturq, mütərcim, jurnalist Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir”.
Hələ 23 yaşında ikən Üzeyir bəyin “Leyli və Məcnun” operası tamaşaya qoyulmuşdu. Həmin operadan sonra o, qısa müddətdə 5 opera və 3 operetta yazmışdır. Üzeyir Hacıbəylinin yaradıcılığı bununla məhdudlaşmır. O, çoxsaylı mahnıların, satirik hekayələrin, məqalələrin, səhnəciklərini, felyetonların müəllifidir. “Yeni iqbal” və “Azərbaycan” qəzetlərinin redaktoru, SSRİ xalq artisti, Azərbaycan Konservatoriyasının rektoru, Azərbaycan Bəstəkarlar İttifaqına sədri olmuşdu, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü idi.
Xalq yazıçısı Mirzə İbrahimov Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən söz açarkən yazırdı ki, o, “Azərbaycan mədəniyyətinin tarixində böyük bəstəkar, opera sənətinin banisi və klassik yaradıcı kimi tanınmışdır. Azərbaycan, rus, dünya klassik ədəbiyyatı və incəsənətinin mütərəqqi ənənələrini dərindən qavramış, doğma xalqının mədəniyyətini yüksəltmək eşqi ilə yaşayıb-yaratmış, ömrünün təqribən 45 ilini bu işə vermiş və Azərbaycan musiqisini inkişaf etdirmək, onu yeni keyfiyyətlərlə zənginləşdirmək üçün böyük qeyrət və zəhmət sərf etmişdir. Onun arasıkəsilməz ilhamlı əməyinin son dərəcə gözəl səmərəsi bizə məlumdur. Ancaq öz sənətini hədsiz məhəbbətlə sevən, onun xalq üçün böyük əhəmiyyətini başa düşə bir adam bu qədər gərgin və belə tükənməz ilhamla çalışa bilərdi”.
Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli Allah-taalanın nəinki Azərbaycan, həmçinin dünya mədəniyyət tarixinə bəxş etdiyi böyük və qiymətli, son dərəcə dəyərli töhfədir. Bu dahi sənətkar Şərqdə, ümumilikdə isə, İslam dünyasında ilk operanın müəllifi idi. Özü də bu operanı 23 yaşında yaratmışdı. Üzeyir Hacıbəyli bəstəkar olmaqdan qabaq təcrübəli, qabaqcıl müəllim idi. 1904-cü ildə Cəbrayıl qəzasında müəllim işləmişdi (1904). Müəllimlik fəaliyyətinə başlayarkən Qori Müəllimlər Seminariyasında təhsil alaraq (1890-1904) müəllimlik peşəsinə yiyələnmişdi. O zamanlar Müslüm Maqomayev də burada təhsil alırdı. Gələcəyin dahi bəstəkarları seminariyada tanış olmuşdular. İlk təhsil illəri isə, Şuşanın ikiillik rus-türk məktəbində keçmişdir.
Üzeyir Hacıbəyli indi ən mötəbər və möhtəşəm məclislərdə əzəmətlə səslənən Azərbaycan Respublikasının dövlət himnini bəstələmişdir. Həmin himn 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə meydana gəlmişdi.
Azərbaycanın görkəmli bəstəkarları Asəf Zeynallı, Səir Rüstəmov, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Şəfiqə Axundova, Cahangir Cahangirov və b. Üzeyir bəyin tələbələri olmuşlar.
Üzeyir Hacıbəyli Ağcabədidə doğulsa da sonralar Şuşada yaşamı, 1905-ci ildən Bakıda əmək fəaliyyətini davam etdirmişdir.
Bəstəkarın fəaliyyəti çoxcəhətlidir. Biz onu müəllim, yazıçı, dramaturq, drijor, jurnalist, fövqəladə istedada malik musiqişünas, publisist, ictimai xadim, alim, dərsliklər müəllifi kimi tanıyırıq. Professor, akademik idi, Azərbaycan Dövlət Konservatoriyasının (hazırda Bakı Musiqi Akademiyası), respublika Bəstəkarlar İttifaqının sədri, deputat olmuşdu.
Üzeyir Hacıbəyli “Leyli və Məcnun”, “Koroğlu”, “Əsli və Kərəm”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşid banu”, “Harun və Leyla” operalarının; “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad” musiqili komediyaların; çoxsaylı felyetonların və hekayələrin müəllifidir.
“Leyli və Məcnun”, “Koroğlu”, “Əsli və Kərəm” operaları, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları bir əsrdən artıqdır ki, dəfələrlə səhnə həyatı yaşamışdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının motivləri əsasında bədii filmlər çəkilmişdir.
Musiqili komediyaları ilə yanaşı satirik hekayələri də (Bazar söhbəti”, Təhsil”, Söhbət”, “Keçmişdə və indi”, “Müəllimə”, Dinmə, ver pulu” və s. ) maraqla oxunur.
Ədibin çoxsaylı səhnəcikləri də vardır. Onlardan bəzilərini diqqət mərkəzinə gətirək: “Ordan-burdan”, “Qalmaqal”, “Ata və oğul”, “Yuxuda”, “Dumanın halı”, Kələkbazlar”, İran işləri” və s.
Üzeyir Hacıbəyli yaradıcılığıson dərəcə zəngindir. Çox müxtəlif elm sahələri (psixologiya, pedaqogika, fəlsəfə, filologiya və s.)üzrə onun yaradıcılığına müraciət etmək olar.
Bu kitabda bəstəkarın yaradıcılığını təhsilalanlarda müsbət mənəvi keyfiyyətlərin inkişaf edirilməsinin baxımdan nəzərdən keçirməyi qarşımıza məqsəd qoymuşuq.
Dahi Üzeyir hər bir insanın şəxsiyyət statusu almasından ötrü onun davranışı və rəftarına bir çox mühüm tələblər verirdi. Bütün bunları onun əsərlərindən görmək mümkündür. Üzeyir bəy yaradıcı insan olmaqla yanaşı bir şəxsiyyət kimi kamil idi. Ən yaxşı mənəvi keyfiyyətləri özündə cəmləşdirmişdi. Məhz nəcib sifətlərə, müsbət mənəvi keyfiyyətlərə, nümunəvi davranış və rəftara yiyələnmiş, şəxsiyyətlərarası münasibətləri düzgün quran insanların başqalarına öyüd-nəsihət verməyə ixtiyarı var. Bu baxımdan Üzeyir bəy nümunə idi. Bir insan, bir tərbiyəçi, bir yaradıcı şəxs kimi.
Üzeyir bəyin yaradıcılığından görünür ki, o, vəzifə sahiblərinin, o cümlədən çiynində rütbə gəzdirən şəxslərin insanları incitməsini, onların rüşvətxorluğunu pisləyirdi. “Pristav ağa” hekayəsində İran sərbazına simsarlıq edən bir strajnikin özbaşınalığı, rəhmsizliyi tənqid edilir. Hekayədə bu strajnik M… kəndinə gələrək köməksiz bəzi kənd camaatını, ağsaqqalı, qarasaqqalı, təqsiri, günahı olmadan, şallağa tutması təsvir olunur. Bu strajnik əxlaqca, mənəviyyatca nə qədər yoxsul, kasıbdır ki, döyüb təhqir etdiyi həmin ağsaqqalın evində, qonaq üçün hazırladığı yatağında gecələyir, axşam da ailənin xanımının bişirdiyi yeməkdən yeyir. Buna yemək yox, zəhərlənmək deyərlər.
Üzeyir bəy pristavın gəlişini xəbər vermək üçün “cibində siçanlar oynayan” strajnikin kənddən cibi dolu qayıtdığını, kənd əhlini çalıb-çapıb getdiyini aşağıdakı sözlərlə bildirir: “Strajnik kəndə gələndə cibində beş-altı qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı manata “istihalə” etmişdi. Bu “möcüzənin” sirri ev sahibi ilə cib sahibinə məlum idi”.
Pristav nə zaman gələcək, nə üçün gələcək? – sualı kəndliləri çox düşündürür. Lakin bu suala cavab tapa bilmirlər. Fərziyyələr irəli sürülür. Cənnətquluya görə, “pristav Əliqulunun oğurluğunu eşidib gəlir”; Əliqulunun fikrincə, “pristav ağa Cənnətqulunun Məmmədcəfərlə savaşdığını eşidib gəlir”. Çoxunun qənaətincə, “Pristav ağanın işi kəndləri gəzib adam döydürməkdir!”.
Nəhayət, pristav başının dəstəsi ilə at belində özünü kəndə çatdırır. Məlum olur ki, onun məqsədi camaatın dolanışığı, vəziyyəti ilə maraqlanıb onlara nə isə bir kömək göstərmək, onların dərdinə əlac qılmaq, oğurluq-doğurluq, dava-dalaş səbəbin araşdırmaq deyil. Həmişə olduğu kimi, yuxarıda diqqət mərkəzinə gətirdiyimiz sonuncu variantı (“Pristav ağanın işi kəndləri gəzib adam döydürməkdir!”) reallaşdırıb, özünün hökmündən, səlahiyyətlərindən həzz almaqdır. Strajnikin özbaşınalığı bunun yanında heç nə imiş.
Üzeyir bəy bu xüsusda yazır: “Həyətdə sayanı-tamaşa bir drama vaqe olurdu. Pristav başıaçıq və əlləri ciblərində “özünü dartmış turac kimi” qapının ağzında durub, keçmiş padşahlara mənsub bir hökumət ilə cərgə ilə düzülmüş kəndliləri bir-bir və hərəsini bir növ döydürürdü. Birisini libasdan xali edib, lüt əndamına qamçı vurdururdu, digərini saqqalından tutdurub, üzünə, başına şillələr çəkdirirdi, bir qeyrisini əlibağlı ora-bura çapdırırdı. Bəzisini yerə yıxıb, təpik altına saldırdı və sairə…”.
Sual olunur? Bu yazıqların, bu binəvaların günahı nə idi? Şiddətə, təhqirə məruz qalırdı? Səbəb yox idi. Pristav onların gözünü qorxudurdu. İkincisi, bu cəza növləri, günahsız insanların əzab çəkmələri, qışqırıqları onu əyləndirirdi. O, bu zülmə əl atmaqla istirahət edirdi.
Bu hekayə, təbii ki, Azərbaycanda Xalq Cümhuriyyətindən əvvəlki dövrün hadisələrini təsvir edir. Çarizmin hökm sürdüyü illərdə insanların ağır həyatını, məhrumiyyətlərini, çəkdikləri əzab-əziyyəti, bir əlcə çörəyə möhtac olduqları zamanı özündə ehtiva edir.
Üzeyir Hacıbəylinin musiqili komediyalarında təhsil, təlim və tərbiyə məsələləri. Üzeyir Hacıbəylinin şah əsəri olan “Koroğlu” operasının librettosu ilə tanış olduq. Librettoda Alı kişi xana sədaqətlə xidmət edən, öz işinin ustası olan, yalan-palan bilməyən bir şəxsdir. Həsən xanın buyruğu ilə ilxıdan İbrahim xan üçün layiqli bir at (Qıratı) seçir. Atın görkəmi İbrahim xana və Həsən xana xoş gəlmir. Alı kişinin:
Mən xana bir xidmət etmək istədim,
Nə qədər cins at var seçdim, saxladım, – sözlərinə məhəl qoymurlar.
Alı kisinin qonaq üçün seçdiyi bir cüt ad həqiqətən tərifə və mükəmməlliyə malik atlar idi. Sonralar onlara Qırat və Dürat adları verilir. Onlar Koroğlunun sevimli atları idilər, ona müharibələrdə qələbə qazandırardılar. Çeviklikləri, dərrakələri, sürətləri, sədaqətləri ilə.
Həsən xan isə, atları bəyənmədiyindən Alı kişini cəzalandırıb onun gözlərini çıxartdırır. O vaxtdan Ali kişinin oğlu Rövşəni kor kişinin oğlu – Koroğlu çağırırlar.
Liberettoda Alı kişi, Nigar, Koroğlu müsbət obrazlar kimi diqqət mərkəzindədirlər. Həsən xan mənfi obrazdır. Xan bir əyalətin hökmdarıdır. Xalqın, camaatın günü-güzəranı ilə maraqlanmalıdır. Öz əyalətində sülhü, xoşbəxtliyi təmin etməlidir. Həsən xan isə, bəd əməlləri, zülmkarlığı, qəddarlığı ilə seçilir. Öz rəiyyət barədə görün nə fikirləşir:
Qamçıdır saxlayan bu rəiyyəti,
Qamçısız yaşamaz xanın dövləti.
Onun yanını kəsdirən Həmzə bəy də xanla eyni fikirdədir:
Döyməsən, söyməsən, malın almasan,
Dara çəkdirməsən, dama salmasan
Rəiyyət bir daha xanı dinləməz.
Nigar gözüaçıq, öz məhəbbətində dönməz, xeyirxah, səmimi, əxlaqi saflığa yiyələnmiş bir xanımdır. Diqqət yetirək:
Şərir Həsən xan, zalım Həsən xan
Cəllada verdi fərman:
Fağır, günahsız, dilsiz,
ağızsız Alını etsin qurban.
Kor etdilər yazıq Alını.
Dağıtdılar bütün malını.
Bu hadisədən necə təsirləndiyini Nigar aşağıdakı sözlərlə bildirir:
Həsən xan zülmkarlara qarşı mübarizəyə başlayan Koroğlunu aradan götürmək üçün tədbirlər tökür:
Tezliklə biz gərək çarə eyləyək,
Koroğlunu öldürmək, məhv etdirmək!..
Fəqət Həsən xan istəyinə çata bilmir, Koroğlu zəfər qazanır, zülmün, məhrumiyyətin belini qırır. Bu zaman xalqa arxalanır.
Məni yaşatdı, məni böyütdü
Bu qəhrəman xalqım mənim! Yaşa!..
Deyilənlərdən görünür ki, şəxsiyyət, təhsilalanlar mənfi keyfiyyətlərdən uzaq olmalı, müsbət keyfiyyətlərə yiyələnməlidirlər.
Üzeyir Hacıbəylinin musiqili komediyalarında təhsil, təlim və tərbiyə məsələləri. Məlum olduğu kimi, Üzeyir bəy “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ar və arvad” kimi dünya şöhrətli musiqili komediyalar qələmə almışdır.
Həmin musiqili komediyalarda bir sıra mənəviyyatca zəngin və mənəviyyatca kasıb, yaşadığı dövrdə müasir düşüncəli və eyni zamanda dar düşüncəli, məhəbbətə, nikaha və ailəyə ciddi yanaşan və həm də qadına “baqqal dükanında satılan mal kimi” baxan insanların bitkin obrazlarını yaradılmışdır. Ciddi, ədəbli, dərrakəli, ailəyə, həyat yoldaşına, nikaha ciddi münasibət bəsləyən şəxslər, təbii ki, təqdir edilir, qadına hüquqsuz varlıq, kölə kimi yanaşanlar, mənəviyyatsız insanlar tənqid olunur. “Ər və arvad” musiqili komediyasında Mərcan bəy ər-arvad münasibətlərini qura bilmir, həyat yoldaşı ilə tez-tez ixtilaflara girir, şəxsiyyətlərarası münasibətlərdə öz rolunu aydın təsəvvür edə, ailədə qarşılıqlı anlama, qarşılıqlı güzəştəgetmə, mənəvi və psixoloji atmosfer olmadığından Mərcan bəy arvadı Minnət xanımı boşamaq istəyir. Minnət xanım da ona tor qurur. Qondarma bir məktub yazdırıb Mərcan bəyə göndərir ki, guya 23 yaşında bir qız onun dərdindən ölür, ona ərə getmək istəyir. Məktubda yazılmış aşağıdakı sözlər Mərcan bəyin ağlını başından alır: “Ey mənim ruhi-rəvanım Mərcan bəy. Bir dəfə səni gördüm, aşiq oldum. İkinci dəfə gördüm, dəli oldum. Üçüncü dəfə gördüm, tab gətirə bilmədim və bu kağızı sənə yazdım. Əgər sən mənə iltifat edib məni almasan və məni özünə arvad etməsən, dəli-divanə olub, çöllərə düşəcəm”.
Mərcan bəy avam adam kimi hərəkət edir. Bu məktubu ona öz qulluqçusu verir. Minnət xanımın tapşırığına əsasən. Mərcan bəy soruşanda ki, məktubu sənə kim verdi, deyir ki, tanımadığım bir şəxs. İkincisi, bu kişi qondarma məktuba elə inanır ki, tez-tələsik görmədiyi, bilmədiyi qıza vurulur. Tez arvadı boşamaq istəyir: “Sən ki, mənim dərdimdən dəlisən, mən də sənin dərdindən dəli olacağam”.
Kərbəlayi Qubad isə kənddə arvad-uşağı ola-ola şəhərdə də arvad almaq fikrindədir. Hətta Mərcan bəy öz arvadını ona təklif edir. Yəni mən boşayım, sən al. O da razı olur. Mənəviyyatsızlıqdır. Qarşılıqlı məhəbbət, sevgi yoxdur, ağıl da yoxdur. Biri görmədiyi, həqiqətdə mövcud olmayan 23 yaşlı qızla, digəri dostunun arvadı ilə evlənmək istəyir. Kərbəlayi Qubad qulluqçu Gülpərini Minnət xanım bilib ona: “Sənin ərin nə adamdır ki, sənin qədrini bilsin. Sənin qədrini bu qara lələşin bilər”.
Axırda Minnət xanım onların hər ikisinə yaxşı dərs verir.
“O olmasın, bu olsun” musiqili komediyasında Məşədi İbad da Gülnazı görmədən onu özünə arvad etmək istəyir. Gülnazla aralarında xeyli yaş fərqi var. Həm də Gülnaz Sərvəri sevir, ona ərə getmək istəyir. Gülnazın atası Rüstəm bəy var-yoxunu itirib, “quru bəy” olub, borcu var, Məşədi İbaddan pul alıb qızını ona ərə vermək istəyir. Nə Rüstəm bəyi, nə də Məşədi İbadı maraqlandırmır ki, qızdan soruşsunlar: o, izdivaca razıdırmı?
Məşədi İbad tacirdir, varı-dövləti var. Varına arxayın olub cavan qız almaq istəyir. Onunçun fərqi yoxdur arvadı kim olacaq, təki gözəl olsun. Arada Rüstəm bəyə deyir: “Qızı mənə verməzsən, gedib bir başqasını alaram. Deyərəm o olmasın, bu olsun”.
Musiqili komediyadan götürülmüş aşağıdakı dialoqa fikir verək:
”Məşədi İbad. İndi mən istəyirəm ki, bir qızı görüm, danışdırım, nə deyirsən?
Rüstəm bəy. Heç sözüm yoxdur, əyləş, bu saat qızı göndərərəm (Gedir)
Məşədi İbad. Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım, görüm, mal nə cür maldır, verdiyim pula dəyirmi?”
Göründüyü kimi, bu izdivac nikahın bağlanması üçün başlıca rol oynayan məhəbbətə əsaslanmır. Nikah münasibətinə girənlər bir-birini tanımırlar. Qızın rəyi soruşulmur. Bu nikahın maddi mülahizələr əsasında bağlanılacağı gözlənilir.
Təbii ki, ailə qurularkən bu hallara yol verilməməlidir.
Üzeyir Hacıbəylinin məqalələrində təhsil, təlim və tərbiyə məsələləri
Üzeyir Hacıbəylinin fəaliyyəti geniş, yaradıcılığı zəngindir. Onun əsərləri ilə tanışlıq adamı çox maarifləndirir, Azərbaycanın Oktyabr çevrilişinə qədərki və sonrakı – ötən əsrin 50-ci illərinə qədərki həyatı ilə bizi tanış edir. Üzeyir Hacıbəylini bir dahi bəstəkar, görkəmli musiqi nəzəriyyəçisi və yazıçı kimi dünyada şöhrətləndirən onun heyrətamiz istedada malik olması idi. Musiqi yaradıcılığında da, ədəbi yaradıcılığında da yüksəklərdə dayanırdı.
Hazırda bütün təntənəli tədbirlərdə, dünya, Avropa və olimpiya oyunlarında idmançılarımız zəfər qazanarkən səslənən Azərbaycanın Dövlət Himninin müəllifi məhz Üzeyir bəydir.
Onun əsərlərində bir millət olaraq özəlliklərimiz, böyüklüyümüz, mədəniyyətimizin zənginlikləri diqqət mərkəzinə gətirilməklə yanaşı, məişətdə, gündəlik həyata özünü göstərən bəzi çatışmazlıqlar da tənqid olunur.
Ötən yüzilliyin əvvəllərində ziyalılarımız dünyəvi təhsilin məktəblərdə tətbiqi ilə bağlı çağırışlar edirdilər. Necə deyərlər “döymədikləri qapı” qalmamışdı. Ali təhsil almaq son dərəcə çətin idi. Hökmən xarici ölkələrə üz tutmaq lazım gəlirdi.
Fikir verək”: “Binəva cavanlarımız yeddi-səkkiz il realnı və gimnaziyalarda çalışıb ikmal edib, şəhadətnamələr almağa müvəffəq olurlar. Ali məktəblərə getməyə haqq və ixtiyar qazanırlar. Amma pulları olmadığına görə, illərlə qazanmış olduqları haqdan əl çəkməyə məcbur olurlar və ya nə olur-olsun deyə ali məktəbləri olan şəhərlərə rəvan olub, orada da pulsuzluq cəhətdən min cürə əziyyət və bəlalara düçar olurlar və yaxud məktəb haqqı vermədiyinə görə ixrac olurlar.
Eyni zamanda Üzeyir bəy göstərirdi ki, ali təhsilə yiyələnib millətin dərd-sərinə əlac etmək istəyən şəxslərlə maraqlanan, onlara kömək göstərmək istəyənlər yox idi. Bu xüsusda məqalədə deyilir: “Bu tələbələrin qeydinə qalan yoxdur və heç kəs bunu nəzərə almır ki, bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır. Əks surətdə, camaatımızın halı yaman olar, ayaqlar altında qalarıq, məhv və nabud olarıq.
Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə az-çox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur. Tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Müsəlman tələbələrindən Hacinski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib camaatı ianəyə təklif eləyir. Lakin belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz”.
Həmin vaxtlarda “Tələbələr sandığı” adlı bir xeyriyyə sandığı mövcud imiş. Həmin sandıqdan bəhs edən Üzeyir bəy yazırdı: “Tələbələr sandığı” barəsində danışıqlar olmuşdu. “Tələbələr sandığı” çox gözəl bir şeydir. Əgər camaatımızın maddi və mənəvi iştirakı ilə belə bir sandıq təşkil olunub, doğru əllərə verilsə və o sandığın mədaxil və mənbələri təmin edilsə, tələbələrimizin də ikmali-təhsil işləri təmin edilmiş olar. İkmali-təhsil etmiş tələbələrimizin hamısı da olmasa, bir çoxu doktor, injiner və sair olmaqla, yaxşı maaş sahibi olarlar. Ona binaən, haman tələbələr özlərinə “sandıq” tərəfindən sərf olunan məbləği qism-qism sandığa iadə edə bilərlər və bununla “sandığın” pulu azalmaz, sandıqdan sərf edilən pullar itib-batmaz, yenə haman sandığa qayıdar”.
Üzeyir Hacıbəylinin öz məqalələrində diqqət yetirdiyi məsələlərdən biri də tədris ocaqlarında təlimin ana dilində aparılması idi. Çar üsuli-idarəsi milli dilləri sıxışdırdığından təlimin Azərbaycan dilində olmasına da maneələr yaradırdı. Amma buna baxmayaraq ziyalılarımız, o cümlədən Üzeyir bəy bu məsələni hər an diqqətdə saxlayırdılar.
Üzeyir Hacıbəyli “Əhəmiyyətli bir məsələ” məqaləsində yazırdı: “Ümumi məktəblərimizdə əvvəl illəri ana dilində müəllimlərə ehtiyac göründü. Müəllimlərimizin də əksəri Qori seminariyasında ikmali-təhsil etmiş cavanlar olduğu məlumumuzdur. Lakin Qori seminariyasını qurtarmış müəllimlərin əksəri ana dilində savadlı olmurlar, ondan ötəri ki, haman seminariyada ana dili oxunmur. Oranın proqramı bu dil üçün yol vermir, orada ancaq həftədə iki dəfə şərait dərsin oxunur. Seminariya qurtarmış müəllimlər ana dilində savadlı olurlarsa da, əksərən ya pedaqogika elmindən xəbərləri olmadıqlarına görə, tədris və təlimdə bilaixtiyar səhv və xətadan xali olmurlar.
Dahi bəstəkar və yazıçının məqalələrində tərbiyə məsələləri də geniş şəkildə nəzərdən keçirilir. Təbii ki, bəzi məsələləri nümunə gətirəcəyik. Belə ki, “Bəyani-Məslək” məqaləsində “Məslək” məsələsinə münasibət bildirilir. Üzeyir bəy məsləklsizliyi yoxsulluq, əxlaqın pozğunluğu adlandırır. Onun nöqteyi-nəzərincə, məsləki olmayan şəxs yaman məsləkli insandan çox zərərlidir. Bunun səbəbi məqalədə belə aydınlaşdırılır: “Çünki yaman məslək müəyyən olduğu halda, onun zərərini də dəf etməyə çarə tapmaq asandır”.
Üzeyir bəy “məslək” anlayışına tərif verir. Göstərir ki: “Məslək hər kəsin etiqad etdiyi bir yoldur. “Ümuminin xoşbəxtliyinin, asayiş və aramını, rifah-halını, tərəqqi və təkamülünü təqib edən hər bir məslək onun sahibi üçün müqəddəs ədd olunmalıdır. Belə bir məsləkə xəyanət edən şəxs haman məsləkə xəyanət etməməlidir. Bizim məsləkimiz odur ki, millətimizin tərəqqisinə bais olan hər bir həqiqi vasitə və nəsillərə yol verməli və millətimizin cəhalətə və yaxud tərəqqeyi-məkusə sövq edən şeyləri dəf və izalə etməlidir”.
“Təzə il, təzə meydan” məqaləsi də tərbiyə məsələlərini özündə əks etdirir. Üzeyir bəyin düzgün qənaətinə görə, insan ildən-ilə böyüyür, fəqət bu böyümə təkcə onun bədəninin cismani böyüməsi deyildir. Yəni söhbət heç də onun bədəninin irilənməsindən getmir, daha vacib məsələlər vardır ki, həmin məsələlərə onun təhsili, təlimi, tərbiyəsi və inkişafı aiddir. Bu mənada valideynin vəzifəsi, ilk növbədə övladlarına düzgün tərbiyə verməkdir. Üzeyir bəyə, onun “Təzə il, təzə meydan” məqaləsinə müraciət edək: “Allah-təala birisinə bir övlad kəramət etdikdə onun qəlbinə övladına qarşı bir hissi-məhəbbət qoyur ki, o məhəbbət onun üçün balanı baldan şirin edir. Lakin balaya yalnız məhəbbət qalsa, onda bala öz valideynindən heç bir mənfəət görməz. Halbuki valid haman hissi-məhəbbətdən ruhani bu ləzzət almağa başlar. Balanın canını sevən ata-ana onun qeydinə də qalmalıdırlar ki, bu şirin bala dünyada sərbəst yaşamağa qədəm qoyduqda məişətinin tikanlı yollarından qorxmasın, mübarizeyi-həyatiyyə meydanında qorxudan bağrıya qalmasın. Mübarizıyə girişməyə məcbur olduqda həvadisin birinci zərbəsi altında tələf olmasın”.
Çar üsuli-idarəsi milli dilləri sıxışdırdığından təlimin Azərbaycan dilində olmasına çox maneələr yaradılərdı.
Üzeyir Hacıbəylinin yaradıcılığı son dərəcə zəngin, dolğun, maraqlı və diqqətəlayiqdir. O, möhtəşəm operalar, musiqili komediyalar, səhnəciklər yaratmaqla, felyetonlar, məqalələr yazmaqla insanların mənəvi saflaşmalarında, əxlaqca gözəlləşmələrində, geniş dünyagörüşə malik olmalarında, nümunəvi davranışa yiyələnmələrində böyük rol oynamışdır. Üzeyir bəy eyni zamanda cəmiyyətdə əl-ayağa dolaşan, kasıb əxlaqa və mənəviyyata malik, insanları da tənqid etmiş, ailə münasibətlərinin düzgün qurulmasının vacibliyini əsaslandırmış, həyat yoldaşına dükanda satılan mal, pal-paltar kimi yanaşan, onların hüquqlarını pozan şəxsləri tənqid atəşinə tutmuşdur. Üzeyir bəy “Koroğlu” kimi qərhəmanlıq, “Leli və Məcnun” kimi məhəbbət operaları yatarmış, Şərq aləmində opera sənətinin əsasını qoymuşdur.
Üzeyir bəy Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətləri göstərmişdir. O, ölkəmizdə musiqi təhsilinin təməlini qoymuşdur.
Müəllim kadrlarının hazırlanması, Azərbaycanda dünyəvi məktəblərin fəaliyyət göstərməsinin, təlimin ana dilində aparılmasının zəruriliyi Üzeyir Hacıbəylinin diqqət yetirdiyi mühüm məsələlərdən idi. Üzeyir bəyin qənaətidir: “Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir. Bu arzunun hasilə gəlməsi üçün biz var qüvvətimizlə çalışmalıyız, zira nəşri -maarif və təmimi-mədəniyyət (maarif və mədəniyyətin yayılması) üçün yeganə vasitəmiz bir bu təriqdir (yoldur)…” .
Üzeyir bəy hələ ötən yüzilliyin əvvəllərində təlimin ana dilində aparılması ilə bağlı aşağıdakı fikri irəli sürürdü: “Bizim türk lisanımız (Azərbaycan türkcəsi) Avropa üləma (alim) və filosoflarının rəyinə nəzərən, ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fkirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir… …İnsan öz dilini bilməyəndə din də gedir, dil də gedir, millət də gedir… Hər bir millətin ki, bəşqasına (varlığına) baş səbəb onun dilidir və dilinin tərəqqisidir. Bir millətin ki, dili batdı, onda o millətin özü də batar”.
Üzeyir bəy müəllim şəxsiyyətinə mühüm tələblər verir, onun təhsilalanların təlim və tərbiyəsindəki böyük rolunu vurğulayırdı. Diqqət yetirək: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adamı müəllim bilib uşağı ona tapşırmaq böyük xətadır … Təlimdən başqa, uşağın tərbiyəsi də müəllimin öhdəsindədir…”
Üzeyir Hacıbəyli ötər əsrin 40-cı illərində dünyasını dəyişmişdir. Fəqət onun yaradıcılığı artıq ikinci əsrdir ki, gənc nəslə təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici təsir göstərməkdədir.
Son qənaətimiz nədir? Üzeyir Hacıbəyli sənəti, Üzeyir bəy yaradıcılığı əbədiyaşardır. Onun pedaqojiyönlü bir çox hekayəsi vardır ki, gənc nəslin təhsillənməsi, tərbiyələndirilməsi və inkişaf etdirilməsi baxımından təhsil müəssisələri faydalana bilərlər.
BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINDA ANA MÖVZUSU ŞAGİRDLƏRİN TƏRBİYƏSİ VASİTƏSİ KİMİ
Bəxtiyar Vahabzadə xalqımızın Azərbaycana, dünya mədəniyyətinə, türk aləminə bəxş etdiyi çox qüdrətli şəxslərdən, şəxsiyyətlərdəndir. O, görkəmli ədəbiyyatşünas alim (AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor) olmaqla yanaşı misli bərabəri olmayan söz ustası, şairdir. İstedadlı alim olsa da, şeirə çox bağlı idi. Şairlyini hətta alimliyindən üstün tutardı. Bu barədə yazıb da: “Qoyar dizinin altına, alim Bəxtiyarı şair Bəxtiyar”.
Şeirə, şeiriyyətə vurğunluğun dərəcəsinə bir baxın! Hamamıza məlumdur ki, Bəxtiyar Vahabzadə çox yaxşı alim idi, 1947-ci ildən müəllim kimi fəaliyyət göstərirdi. Başqa işlə məşğul olmanmışdı. Ömrünün sonuna kimi Bakı Dövlət Universitetinin professoru idi. Gözəl nitqə sahiblənmişdi, mühazirılərindən doymaq olmurdu. Amma şairliyə böyük dəyər verirdi.
Bəxtiyar Vahabzadə sözün qüdrətindən çox faydalanmağı, nəzərdən keçirdiyi məsələləri ustalıqla, böyük sənətkarlıqla mənalandırmağı çox yaxşı bacarırdı.
Şair çox möhtəşəm uğurlara ona görə nail olurdu ki, onda məsuliyyət hissi son dərəcə qüvvətli idi, özünə qarşı olduqca tələbkar idi, əlinə qələım alanda məntiqə söykənirdi. Odur ki, qəlbləri fəth edir, oxucunu düşündürürdü, ona yol göstərirdi. Bəxtiyarın qənaətlərindən çoxları yararlanırdı. Yazıb yaradır, sözlə dünyanı fəth edirdi. Dünya ondan razı idi, oxucular da onu sevirdi, o isə özündən razı deyildi:
Narahatam, narazıyam,
Ömrüm boyu özümdən.
Bizim sənət dünyasının,
Qırıq telli sazıyam.
Bircə ondab razıyam ki,
Özümdən narazıyam.
Dahi şairdəki təvazökarlığa bax! Belə etirafı Bəxtiyar qayəli, Bəxtiyar hünərli şəxsiyyətlər edə bilərlər.
Bəxtiyar Vahabzadənin bədii yaradıcılığı son dərəcə çoxşaxəlidir. Çoxsaylı poemaları, pyesləri, saysız-hesabsız şeirləri var. Hamısı uğurlu, bitkin, heyratamiz, tərbiyələndirici, təhsilləndirici, düşündürücü. Əsərləri müxtəlif mövzulara həsr olunub. Hər biri xüsusi tədqiqatın, araşdırmanın mövzusudur.
Biz bu məqalədə qürdətli şairin öz anasına, ümumiyyətlə, analara həsr etdiyi şeirləri üzərində dayanmaq istəyirik. Ana mövzusu ananın özü kimi müqəddəsdir. Ana bizə həyat, döşündən süd verib. Bizi böyüdüb, boya-başa çatdırıb, çinar boy edib. Təhsilimiz, sağlamlığımız, təhlükəsizliyimiz qayğısına qalıb.
Anaların fədakarlığı tükənməz və əvəzedilməzdir. Hər birimiz anaya səcdə qılmağa borcluyuq. Bəxtiyar Vahabzadə demişkən, “Ana həyat verir, öz övladına, Həm də öz ömründən ömür bağışlayır”. Şairin “Ana hədiyyəsi” şeirində ana namaz qılan vəziyyətdə təsvir olunub. O, əlini göylərə qaldırır Allaha yalvararaq xahiş edir:
“Ya rəbbim! – deyə:
-Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Ana öz ömrünü balasına hədiyyə verir. Şair ananın sözlərini, arzularını yüksək sənətkarlıqla mənalandırır. Onun istəyinin, diləyinin nə qədər önəmli olduğunu diqqətə çatdırır. Bildirir ki:
”Çoxdur bu dünyada hədiyyə… ancaq
Ömürdən hədiyyə görməmişəm mən.
İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.
Bəxtiyar Vahabzadənin başqa şeiri “Məmin anam” adlanır. Şair anansının savadsız olduğunu, lakin mənəviyyatca çox zəngin, nümunəvi olduğunu bildirir. Şeirlə ntanışlıqdan görünür ki (bu, təbii ki, Bəxtiyarın öz qənaətidir) savadsız olmaq hələ heç nə demək deyildir. Əsas cəhət yüksək insani keyfiyyətlərə sahiblənmək, namusli, ismətli, sədaqətli, qayğıkeş, mehriban, doğruçul, humanist, vəfalı, nümunəvi davranışlı olmaqdır.
Ana təhsil gtörməyib, heç adını da yaza bilmir. Nə olsun? Elə savadlılar var ki, başabəladırlar. Əsas odur ki, insan öz hərəkəti, duruşu, davranışı, qarşılıqlı münasibətləri, ünsiyyət tərzi ilə nümunə göstərsin, hörmət və nüfuz qazansın.
Bəxtiyar Vahabzadı demişkən:
Savadsızdır,
Adını da yaza bilmir
Mənim anam…
Ancaq mənə,
Say öyrədib,
Ay öyrədib,
İl öyrədib;
Ən vacibi:
Dil öyrədib
Mənim anam…
Bu dil ilə tanımışam
Həm sevinci,
Həm də qəmi…
Bu dil ilə yaratmışam
Hər şeirimi,
Hər nəğməmi.
Yox, mən heçəm,
Mən yalanam,
Kitab-kitab sözlərimin
Müəllifi – mənim anam!..
Bizim hər birimiz ömrümüz boyu anamızı yanımızda görmək istəyirik (anaya,ataya vəfasız çıxan, xəyanətkar mövqe tutan şəxslərdə var). Vaxtlı-vaxtsız ananı itirmək insan üçün böyük itki, böyük dərd olur. Belə deyim var: “İnsan atadan deyil, anadan yetim qalır”. Həmin sözlərdə dərin həqiqət vardır. Hər bir şəxsin həyatında hər iki valideynin böyükm rolu var. İnsan neçə müəyyən yaşda olmasına baxmayaraq həmişə yaşında olmasından asılı olmayaraq onun ataya da, anaya da eyni dərəcədə ehtiyacı var. Fəqət, gəlin etiraf edək, övlada münasibətdə ananın fədakarlığı ölçüyəgəlməzdir.
Odur ki, anasının dünyadan köçməsi şairi yandırıb-yaxır. Hisslərini, dərdini şeirin dililə bildirir:
Anam öldü!
Bizə dedi əlvida!
bir duyan, hiss eləyən insan
Yatağında daş oldu.
Heçliyə doğru axan
Bir axına qoşuldu.
Anamın əvəzi başdaşı oldu,
Kölgəsi özüylə yanaşı oldu…
Bir ay tamam oldu,
düz bir ay, bir gün
Gəldim qəbiristana… anamla deyil,
Onun başdaşıyla görüşmək üçün.
Yuxun şirin olsun” – deyərd”in mənə,
“Yuxun şirin olsun” – deyimmi sənə?
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.
İllər keçsə də ana unudulmur, ana yaddan çıxmır. Həmişə hörmətlə, məhəbbətlə yad olunur, xatirələrdə canlandırılır, yaddaşlarda qalır.
Bəxtiyar Vahabzadənin “Atılmışlae” poeması da diqqətəlayiqdir. Qız isməti, qadın namusu, şəxsi ləyaqət və şərəf hissi ön plana çıxır. Sevgidə aldanılan, ailə qurmadan ismətini ləkələyəın qız hamilə qalır. Oğlan onu atır. Doğduğu körpə ilə qalan qızın (qadının) ağlı başına gəlir. Nə qədər böyük səhvə yoil verdiyini anlayır, xəcalətindən yerə girməyə hazırdır. Təhsil almaq üçün şəhərə gəlib. Valideynlərinin gümanı ondadır. Qızlarının yaxşı mütəxəssis olub el-obasına qayıtmağını səbirsizliklə gözləyirlər. Qız isə onların ümidlərini mdoğrultmayıb. Nikah münasibətinə girməmiş, ailə qurmamış artıq uşaq sahibidir. Düşdüyü vəziyyəti nata-anasına necə başa salacaq. Qonşular, qohumlar nonun bgarəsində nə düşünəcək, onu ismətsiz sanacaqlar. Şair bütün bunları fikirləçən qızın hiss-həyəcanlarını, düşüncələrini, planlarını aşağıdakı şəkildə nəzmə çəkir:
Körpəni aramla bükdü qundağa,
Basdı sinəsinə qalxdı ayağa…
Ümidə yas tutub, ağlayır güman,
Xeyiri şərləyir, şərə “dost” deyir.
Sevilib, sonra da atıldığından
O da balasını atmaq istəyir.
Ancaq… durdu yenə, duruxdu yenə,
Körpəni astaca qoydu yatağa.
Sıxdı döşlərini süd şüşəsinə,
Əmziklə bir yerdə bükdü qundağa.
O, qalxmaq istədi, yenə döyükdü.
O, bir də düşündü son niyyətini.
Bildi ki, şüşəylə birgə o, bükdü
Sonuncu analıq məhəbbətini.
Poemada təsvir olunan qız ana olub. Lakin övladından yaxa qurtarmaq istəyir. İstəməsə də, buna borcludur. Vəziyyət bunu tələb edir (“Sevilib, sonra da atıldığından o da balasını atmaq istəyir”).
Qız övladı üçün qida tədarükü görür, döşündən süd sağır və şüşəni qundağa, körpənin yanına qoyur. Başa düşür ki, (şair demişkən,) “şüşəylə birgə o, sonuncu analıq məhəbbətini də bükür”.
Müxtəlif sinif şagirdləri ilə ümumtəhsil məktəblərində tərbiyəvi işlərin həyata keçirilir. Həm təlim prosesində, həm də sinifdənxaric tədbirlər zamanı. Təlim prosesində ayrı-ayrı fənlərin tədrisi prosesində, sinifdənxaric tədbirlərdə – söhbətlər, müzakirə və disputlar, tematik axşamlar gedişində.
Sinifdənxaric tədbirlərdə Səməd Vurğunun, Cəfər Cabbarlının “Ana” şeirləri ilə yanaşı Bəxtiyar Vahabzadənin anaya həsr edilmiş şeirləri də nəzərdən keçirilir. Bəxtiyar Vahabzadənin ana şeiri ilə Səməd Vurğunun “Ana” şeiri həmahəng səslənir. Səməd Vurğun da Bəxtiyar kimi anasına yas turur:
Sən bir günəş idin, doğdum da, batdın,
Yazıq evladını qəmlərə atdın.
Bir cavab ver, hanki murada çatdın
Torpaqlarda neçə zamandır, ana!
Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
Əzizim anacan, gözüm anacan!
Yumuq gözlərini aç da bir oyan,
Şimdi zaman başqa zamandır, ana!
Yıxılıb payinə öpmək istərəm,
Analıq mehrini görmək istərəm,
Səni görmək üçün ölmək istərəm,
Təsəlim ah ilə fəğandır, ana!
“Atılmışlar” poeması isə ayrıca müzakirə mövzusudur. Bu mövzu gənc nəslin ailə həyatına və gələcək övladlarının tərbiyəsi işinə hazırlanması problem ilə sıx surətdə bağlıdır.
Aparılmış sistemli, məqsədyönlü iş nəticəsində şagirdlərdə anaya, analığa dərin hörmət və məhəbbət hissləri qüvvətlənir.
Akif Nurağa oğlu Abbasov
Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi,
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim
Şura hökumətinin vaxtları idi. Xəlil baş mühəndis işləyirdi. Çalışdığı müəssisənin işi ilə bağlı ara-sıra Moskvaya, Leninqrada gedib-gəlirdi. Getməyinə gedirdi, amma rus dilini heç babat da bilmədiyindən çətinliyi olurdu. Rəis ona:
-Bəlkə sənin əvəzinə müavinini göndərək? -deyəndə Xəlil daş atıb başını tuturdu:
-Yox, ay rəis. Qudurtma uşaq-muşağı. O hara, Moskva, Leninqrad, Kiyev hara? Qudurar. Özüm əlinlə, ayağımla başa salacağam. Bir də niyə narahat olursunuz. Gedib-gələndə sizi ki yarıdıram ki. Yarıtmasam, siz deyəndir.
Ezamiyyət bir bəhanə idi. Gəzməkdən, yol getməkdən, Moskvanı, Leninqradı, Kiyevi gəzib dolaşmaqdan, əylənməkdən ötrü Xəlilin ürəyi gedirdi. Həm də rus qızarı ilə oturub-durur, gün keçirirdi. Çoxlu tanışları vardı.
İndi Moskvada idi. Neft Nazirliyinə gəlmişdi. Müəssisənin hesabatını təhvil verib tapşırıqlarını almışdı.
Tanya ilə danışmışdılar ki, “Bakı” restoranında görüşüb istirahət etsinlər. Görüş saat 18-də olacaqdı. Bir neçə saat vaxtı vardı. Xəlil mehmanxanaya qayıdıb duş qəbul elədi. Çay içib uzandı ki, bir az dincini alsın.
O uzanan bir də telefon zənginin səsinə oyandı. Tanya idi:
-Xalil, tı qde?
Xəlil saata baxdı.18.32 idi.
-Vay, – deyib ayağa sıçradı və cəld şalvarını geydi:
-Tanya, Tanyacan, tı mne bağışla, yəni izvini. Yatıb qalmışam, yəni spal qalmlşam. Ostalsa.
Tanyanı gülmək tutdu. Rusca:
-Səni gözləyim, yoxsa çıxıb gedim? – deyə soruşdu.
Xəlil tez:
-Kuda idyoş, ya idu. Tam sidi ki, ya idu…
Xəlil taksi çağırıb tez restorana sürdürdü.
Tatyana bəzənib-düzənib ətirlənmişdi. Onu görən Xəlilin az qala ürəyi gedə. Öz-özünə: “Ə, bu rus qızları özlərinə baxa, özləırini istədə bilirlər də…”
Tatyana ayağa qalxıb irəli yeridi. Özünü Xəlilin üstünə atdı:
-Xalilçik, doroqay…
Xəlil də öz növbəsində:
-Can Xalilçik, – dedi. – Loblu tebya, ay Tanya.
Gülməkdən Tatyananın gözləri yaşardı, rusca:
-Xalilçik, – dedi. -Bilirsən səni niyə çox istəyirəm?!
Xəlil soruşdu:
-Niyə, ay Tanya?
Tatyana:
-Rus dilində danışığına görə, -dedi. -Təzə dil açan uşaq var ha… sən rusca onun kimi danışırsan. Çox xoşuma gəlir.
Bunu eşidən Xəlili də gülmək tutdu. Öz-özünə: “Nə edim, çulumu sudan çıxarır, işlərimi yoluna qoturam ki…”
Tofiq köhnə maşınının dalından dəyib, dəyərinə-dəyməzinə satmışdı. Neçə illərdi onu sürürdü. Ayağını yerdən götürsə də, axır zamanlar maşın onu yaman incidirdi. Tez-tez usta yanına gedirdi. Maşın xarab olub gah yolda qalırdı, gah da bir yeri xarab olanda onu düzəldincə əldən düşürdü. Bəzən də əlindən bir iş gəlmədiyindən maşını evinin həyətində qoyub taksi, yaxud avtobusla işə gedirdi. Lap təngə gəlmişdi.
Əlqərəz, canı o köhnə maşından qurtardı.
İndi maşınsız qalmışdı. Satışdan aldığı pulun üstünü düzəldib maşın soraqlaşırdı. Amma “Maşın bazarı”na tək getmək istəmirdi. Dəllallar bir göz qırpımında onu aldada bilərdilər: həm pulda, həm də maşında. Yağışdan çıxıb yağmura düşmək istəmirdi. Odur ki, dostu Vaqifə zəng etdi. Vaqif maşın ustası idi. Ona kələk gələ bilməzdilər. Uzaqdan baxanda maşının əyər-əskiyini görürdü. Gözü öyrəşmişdi. 20-30 ilin ustası idi.
“Maşın bazarı”nda idilər. Hamı yaxşı maşın arzusundadır. Amma yaxşı maşına yaxşı da pul lazım olur. Tofiq ayağını yorğanına görə uzatmaq istəyirdi. Gücü nəyə çatır? Bunu Vaqifə demişdi.
Dəllallar, maşın yiyələri onların yan-yörələrindən əl çəkmirdilər. Vaqif axtarmaqda idi.
Axır ki, bir “Mersedesi”in yanını kəsdirdilər. Vaqif maşını diqqətlə gözdən keçirdi. Hər tərəfinə baxdı. Ayrı-ayrı hissələrindən tutmuş təkərlərinə qədər yoxladı, maşını minib sürdü. On bir min manata razılaşdılar. Maşın yiyəsi:
-Xeyirli olsun! – dedi. -Şadlıqlara sürəsən!
Tofiq də öz növbəsində:
-Sağ ol, -dedi. -Allah sizin də köməyinizdə dursun!
“Maşın bazarı”ndan çıxdılar. Maşını Tofiq özü sürürdü:
-Səni aparım evə!
Vaqif dinmədi.
-Deyirəm, əvvəlcə səni düşürüm.
Vaqif mızıldadı:
-Hə, hə, düşüm, işlərim var.
Tofiq:
-Bizim arvad maraqlansa, deyəcəm maşını 11 min 500 manata almışam. Birdən səndən xəbər alsa, sən də təsdiq edərsən.
Vaqif bir söz demədi, susub getdi. Nədənsə qanı qaralmışdı…
…Həmin vaxtdan bir-iki ay ötmüşdü. Zəng gəldi. Vaqif baxdı. Tofiq idi. Vaqif cavab verdi:
-Eşidirəm.
Tofiq:
-Maşına elə bil çər dəyib…- dedi.
-Yaxşı, gəlib baxaram. Hardasan?
-Yasamalda. “Qədim Qəbələ” restoranının yanında dayanıb durmuşam.
Vaqif özünü çatdırdı. Maşının o yanına, bu yanına baxandan sonra gülməkdən uğundu:
-Birinci dəfədir maşın sürürsən? – deyə soruşdu.
Tofiq:
-Nə olub ki?
-A kişi, bundan ötrü usta çağırarlar?! Şamlardır. Ərp bağlayıb. Əsgi gətir təmizləyim.
Az sonra:
-Hə düzəldi. Süz getsin!
Tofiq qulaqlarına inanmadı: “Bu nə deyir? Süz getsin???”
Üzünü Vaqifə tutaraq:
-Deyirsən sürüm gedim?
Vaqif ciddi:
-Hə, qardaş,- dedi. – süz getsin.
Tofiq çaşıb qalmışdı:
-Yəni deyirsən düzəlmədi?!
-Yox, düzəlib, ona görə “Süz getsin” deyirəm.
Tofiq çiyinlərini çəkdi:
-Bəs niyə süz?
Vaqif aydınlıq gətirdi:
-Bura bax, sən maşın alanda mən can qoydum. Hərtərəfli yoxladım. Sürüb baxdım. Maşın verdiyin pulun üstünə 500 manat da qoyub arvadına həmin qiyməti dedin. 500 manat qabağa düşdün. Elədir?
-Elədir.
-Məni isə nə evinə dəvət etdin, nə də restorana aparıb, maşını yumadın. Nə az, nə çox məni, iki tikə kababa, 50-100 qram arağa qonaq edəcəkdin də. Adət var, ənənə var. Belə işləri yuyarlar. Elə bildin onunla iş bitdi? Görürsənmi yenə işin düşdü və düzəldi. İndi özün necə başa düşürsənsə, başa düş: maşın işlək haldadır. İstəyirsən sür get, istəyirsən süz get!
Tofiq dostuna baxdı. Axır ki, səhvini başa düşdü. Xəcalətindən onu tər basmışdı.
Zakir dərsi danışıb qurtardı. Sonra Cavanşir müəllimin və yoldaşlarının suallarına cavab verdi. Müəllim:
-Sağ ol, Zakir! Həmişə olduğu kimi, bu gün də dərsə hazırlıqlı gəlmisən. Əla qiymət alırsan.
Zakir özündən razı halda keçib əyləşdi. Müəllim sinfə göz gəzdirib Şəfiqəni çağırdı:
-Şəfiqə, sən gəl.
Şəfiqə ayağa qalxıb yazı taxtasına doğru addımladı. Müəllim:
-Danış görək.
Şəfiqə dərsin mövzusunu elan etdi. Cavanşir müəllim qarşısındakı qəzeti gözdən keçirməyə başladı. O, qaşlarını çatıb diqqətlə hansısa məqaləni oxuyurdu.
Cavanşir müəllimin qəribə xasiyyəti vardı. Qarşısında qəzet görən kimi gözlərini ona dikirdi. Şagirdlər müəllimin ölkədəki, xaricdəki xəbərlərə, baş verən hadisələrə aludəçiliyini bildiklərindən köşkdən təzə qəzet alıb stolun üstünə salardılar.
Şəfiqə yazı taxtasının qarşısında, Cavanşir müəllim qəzet oxumaqda idi. Dərsin mövzusu bir yana qalmışdı, Şəfiqə yoldaşlarına oradan-buradan, olub keçənlərdən, bir sözlə, ağlına nə gəldi danışırdı. Uşaqlar özlərini gülməkdən güclə saxlayırdılar.
Şəfiqə susdu. Dayanıb gözlədi. Sinifdə kimsə öskürdü, kimsə asqırdı. Cavanşir müəllim başını qaldırdı. Bir Şəfiqəyə baxdı, bir də şagirdlərə. Şagirdlər onun nə deyəcəyini, Şəfiqəyə hansı qiyməti yazacağını gözlətirdilər. Cavanşir müəllim aram-aram:
-Şəfiqə, danışdın? – deyə soruşdu.
Şəfiqə tez dilləndi:
-Bəli, müəllim, danışdım.
Cavanşir müəllim:
-Şəfiqə, – dedi.
Şəfiqə cavab verdi:
-Bəli, müəllim!
Cavanşir müəllim:
-Şəfiqə, indi də dərsi danış…
Şəfiqə dayanıb durdu. Sən demə, Cavanşir müəllim qəzetə baxsa da, fikri Şəfiqədə imiş!
Əbülfəz Qədirli neçə illərin kolxoz sədri idi. İşinin öhdəsindən yaxşı gəlirdi. Rəhbərlik etdiyi kolxoz planı da, öhdəliyi də vaxtında artıqlaması ilə yerinə yetirirdi. Odur ki, rayonda hörmətini şaxlar, kənddə sözünün üstünə söz deyən tapılmırdı.
Əbülfəz neçə gün idi ki, Kənd Təsərrüfatı Nazirliyindən cavab gözləyirdi. Məktub yazmışdı ki, kolxoza bir injiner lazımdır. Hələ ki, xəbər-ətər yox idi.
Əbülfəz telefonu götürüb nazirliyi yığdı. Zəng etdiyi məsul şəxsin telefonu məşğul idi. Dəstəyi yerinə təzəcə qoymuşdu ki, katibədən xəbər gəldi:
– Əbülfəz müəllim, sizi gözləyən var. Bakıdandır.
Əbülfəz Qədirli özünü tarazlayıb dik oturdu:
-Buyurub gəlsin.
Orta boylu cavab oğlan idi. Yayın cırhacırında kostyum geyib qalstuk taxmışdı.
Əbülfəz öz-özünə: “Mərifətli, qanacaqlı oğlana oxşayır. Bilir ki, kolxoz sədrinin yanına necə getmək lazımdır. Daha bəziləri kimi yaxası açıq qısa qol köynəkdə, cinsi şalvarda yox.
Oğlan qovluğundan bir kağız çıxarıb irəli gəldi. Əbülfəz Qədirli məktubu alıb gözdən keçirdi. Nazirin əmri idi Əbülfəz oxudu: “Maarif Səlim oğlu Nəzərli “Şərəf” kolxozuna mühəndis təyin edilsin”.
Əbülfəz qaşlarını çatdı. Başını qaldırıb Maarif Nəzərliyə baxdı. Maarif kolxoz sədrinin ona “Xoş gəldin”, deməsini, oturmaq üçün yer göstərməsini istəyirdi. Bunun əvəzində Əbülfəz Qədirli nazirliyin məktubunu geri qaytararaq:
-Ay bala, ay oğul, əziyyət çəkib gəlmisən, – dedi.
Maarif Nəzərli qulaqlarına inanmadı. Özü-özünə: “Bu kişi nə danışır?“ – dedi.
Əbülfəz Qədirli sözünə davam etdi:
-Məndə mühəndis yeri yoxdur. Mən injiner istəmişəm. Gedə bilərsən.
Maarif key-key kolxoz sədrinin üzünə baxıb özünü çölə atdı. O, kolxozda mühəndis yerinin olmamasına az qala inanmışdı. Tər onu basmışdı. Boyun-boğazının tərini silib fikrə getdi:
-Necə yəni mühəndis yeri yoxdur. İnjiner yeri ki var…
Kolxoz sədrinin sadəlövhlüyünə gülməyi tutdu. Nazirliyin məktubu əlində təzədən kolxoz sədrinin otağına girdi.