Etiket arxivi: AKTUAL

Səlim Babullaoğlu – Sonuncu qeyd

MÜHÜM QEYD

(Səlim Babullaoğlu)

Uzun illər, 20 ilə yaxın bir müddət ancaq daxili sifarişlə, öz ürəyimcə olan şairlərin şeirlərini, xüsusi qonorar almadan mütəmadi tərcümə etmişəm, hesab etmişəm ki, bunları hamı, ən azı ədəbi cameə bilməli, tanımalıdır. Qısa bir müddət, təxminən 3 il bəzi sifarişli işlər görmüşəm.
Eyni zamanda, uzun müddət, 22 ildi ki, ardıcıl şəkildə milli ədəbiyyatımızın xarici dillərə tərcüməsi və nəşri ilə bağlı, əlbəttə bacardığım qədər işlər görmüşəm.
Üstəgəl, həmkarların xahişi ilə hansısa ünlü, ünsüz, cavan-qoca şairlərin, ədiblərin, onların mənalı, az mənalı, lap az mənalı əsərləri haqqında yazmış və danışmışam. Bəzən ürəklə, bəzən ürəksiz.
Bir neçə vaxtdı öz-özümlə çək-çevir edir, öz-özümə hesabat verirəm. İnşAllah, növbəti ilin avqust-sentyabr aylarına qədər, ömür vəfa qılsa, aşağıda bir azdan sadalayacağım işləri görüb, bitirib bir daha nə qonorarla, nə qonorarsız tərcümə işi ilə, o ki qala ədəbiyyatımızın xarici dillərə tərcüməsi və nəşri işi ilə bir daha məşğul olmayacam. Ola bilsin ki, vəzifə icabı hansı əsərləri hansısa tərcüməçilərə yönəltməli olacam, bəlkə “Dünya ədəbiyyatı” dərgisinin işi davam edəcək, hansısa nəşrlərin redaktoru olacam, bilmirəm. Amma bu işlər puç, mənasız işlərdir.
Və heç kim haqqında resenziya yazmayacam, yəni xahişlə.
Pis bilirsiz nədir? AYB-də olduğum illər ərzində, Bədii Tərcümə Mərkəzinə rəhbərlik etdiyim illər ərzində “Dünya ədəbiyyatı” dərgisinin mütəmadi nəşrinə nail olmaq üçün döymədiyim qapı qalmayıb: rəsmi qapılar, na-rəsmi qapılar. Gördüyüm işlərin büdcəsinin əsas hissəsini dostlarımdan xahişlə, minnətlə tapmışam.
Üzləşdiyim çətinliklər, laqeyd və saymazyana, zövqsüz, xaşalqarın münasibət haqqında heç vaxt açıq danışmamışam. Və bu əsla mənim kimdənsə, nədənsə çəkinməyimlə bağlı olmayıb. Bu mənim tərbiyəmlə bağlı olub, həyata baxışımla bağlı olub, necə deyərlər, abrıma qısılmışam.
Yalnız yüksək qonorarla hansısa işlərin təşkilatçısı, məsləhətçisi olmaq bəlkə hələ mümkündür.
Amma daha bəsdi.
Sevdiyimi misraları, sevdiyim şeirləri özüm üçün çevirmək, ancaq oxuyub içimi titrədən mətnlər haqqında yazmaq istisna olmaqla, sağ olun. O siz, o sizin dünyanız, o sizin milli ədəbiyyatınız.
Yalnız öz mətnlərimlə, öz kitablarımla məşğul olacam: Bakıda və dünyada.
Siz hamınız yaxşı adamlarsız, qocalı-cavanlı hamınız dahisiz.
Amma icazə verin, özümlə məşğul olum.

Nəşrə hazırladığım kitablar/müəlliflər

Öz çevirdiklərim:

Konstantinos Kavafis (şeirlər)
Tomas Stern, Eliot (seçmə şeirlər)
İosif Brodski (seçmə şeirlər)
Yannis Ritsos (seçmə şeirlər)
Orxan Vəli (bütün şeirləri)
Çeslav Miloş (ikinci, yenilənmiş, genişləndirilmiş nəşr/seçmə şeirlər)
Antanas Yoninas (seçmə şeirlər)
Qriqore Kiper (seçmə şeirlər)
İon Deakonesku (seçmə şeirlər)
Atilla Balaş (seçmə şeirlər)
Maxim Amelin (seçmə şeirlər)
Danimarka şeiri antologiyası
Qriqore Viyeru
Jalə İsfahani

Dünya şeirindən seçmələr (antologiya)
Ədəbi söhbətlər (ikinci genişləndirilmiş nəşr)
Ədəbi yuxular (ikinci genişləndirilmiş nəşr)

Redaktoru olduğum və şərikli kitablar:

Xorxe Luis Borxes (söhbətlər, şeirlər)
Nicolae Spetaru (roman)
Cənubi Azərbaycan şeiri antologiyası

Bu kitabların nəşri ilə bağlı ilk əvvəl öz qabağımda, sonra dostların qabağında öhdəliklərim var…

Bu mənim məlum mövzuda sonuncu qeydimdir, yəni hamının və indi bilməsini istədiyim qeydim.

08 oktyabr, 01.00, 2024-cü il…

YAZARLARIN TRİBUNASI

TRİBUNADA: SƏLİM BABULLAOĞLU


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ARAZ YAQUBOĞLU – GÜNÜN ŞEİRİ

“Bəziləri qocalanda şeir yazmağa başlayır. Ayıbdı vallah. Atalar da gözəl deyib: “Qırxında öyrənən gorunda çalar.” Belələrinə isti-isti bir şeir.” GÜNÜN ŞEİRİ ARAZ YAQUBOĞLUNDAN GƏLDİ:

OLMAZ

Min yabını daşlığa çap,

Səndən şeir yazan olmaz.

Get özünə ayrı iş tap,

Səndən şeir yazan olmaz.

***

Hirsini boğ, hikkəni boğ,

Gücənsən də, ilhamın yox!

Zora salma özünü çox,

Səndən şeir yazan olmaz.

***

Qırt toyuqsan, misrandı lax,

Qafiyən də alax-ulax.

Yaşına bax, başına bax,

Səndən şeir yazan olmaz.

***

İçin zülmət, qəlbin qara,

Sən hara, şairlik hara?

Başını qoşma başlara,

Səndən şeir yazan olmaz.

***

Şeir sevmir kin-küdurət,

Allaha bax, tanı bir hədd.

Sənin işin – giley, qiybət,

Səndən şeir yazan olmaz.

***

Şeir gözdən düşür belə,

Söz düşəndə naşı ələ.

Şairlərdən ayıb elə,

Səndən şeir yazan olmaz.

***

Kimsə almır işindən həzz,

Başqa yerdə özünü gəz.

Mən deyirəm, kimsə deməz,

Səndən şeir yazan olmaz.

***

Hapın-gopun çeşit-ceşit,

Özün kimi sözün də şit.

Arazam, deyirəm – eşit:

Səndən şeir yazan olmaz.

03.05.2024.

ARAZ YAQUBOĞLUNUN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru