Etiket arxivi: ANAR TURAN

Köhnə inamın məbədi uçacaq və həqiqətin yeni məbədi qurulacaq… Bulqakovdan qeydlər

ANAR TURANIN YAZILARI

Köhnə inamın məbədi uçacaq və həqiqətin yeni məbədi

qurulacaq… Bulqakovdan qeydlər

                   “Tanımadığınız adamdan uzaq durun”. Bəs özümüzü tanımırıqsa, necə? özünüzdən də ehtiyatlı olun. Bəzən “eləmərəm” dediyiniz şeylərin dalısınca qaçdığınızı, hətta köləsinə çevrildiyinizi görəcəksiniz. Buna görə də mütləq özünüzü də tanıyın, təlim keçin, onu kamilləşdirin. Ki özünü tanısın.

                   -Yalançıda lazımdır, həm də çox.

                   -Nəyə görə?

                   -Yalanı yayamaq üçün.

                   İndi mənə de görüm, “Xeyirxah insanlar” sözünü niyə belə çox işlədirsən? Nədir, sən hamını belə adlandırırsan?! – Dünyada pis insan yoxdur, hamı, əslində, xeyirxahdır. Sadəcə pisliyi, nəhsliyi özümüz yaradırıq. Sən nəsənsə, onu da görəcəksən, yaşayacaqsan. Nə əkəcəksən, onu da biçəcəksən. Nə atacaqsansa aşına, o da mütləq çıxacaq qaşığına… Hakimiyyətə gəldikdə isə hər bir hakimiyyət insanlar üzərində zorakılıq alətidir, vaxt gələcək nə qeysərlərin, nə də başqalarının hakimiyyəti olacaq. İnsanlar həqiqət və ədalət səltənətinə köçəcəklər, onda heç bir hakimiyyətə ehtiyac qalmayacaq.

                   İnsanın malik olduğu ən böyük istedat nədir? – İnsanın malik olduğu ən böyük istedad insan olmağı bacarmaq, insan kimi həyatını yaşayıb başa vurmaqdır. Kim ki buna nail olub, ondan istedadlısı yoxdur.

                   İnsanlar yalançı miflərlə çaş-baş salınıb, həqiqət məfumu çoxdan yaddaşlardan silinib. İndi həqiqətin də uydurulmuş, düşüncələrdə yaradılmış yeni tərifi, obrazı var. Əsl həqiqət necə? – O mu? Əsl həqiqət artıq heç kimə lazım deyil, insanlar daha ondan diksinirlər, indi həqiqət insanoğlunu yalandan çox bezar edir. Həqiqət o zaman lazım olur ki, o, virtual olaraq qalsın, sözdən əməl mərhələsinə keçməsin. Sözdən insanlıqdan dəm vuranlar, iş işə gələndə yox olurlar.

                   İnsanın dərki, onu anlamaq mühitin düşüncə tərzi ilə çərçivələnib. Sən nə qədər dahi olursansa-ol, qarşındakıların səni dərk etdiyi qədərindəsən. Sizə bir sual: Ağıllı insan yalnız dəlilərin yaşadığı bir mühitə düşübsə, dəlilər tərəfindən ona baxış necə olacaq? Və hətta dəli mühitində ağıllı olmaq özü ən böyük dəlilikdir.

                   İnsan xarakterinin və ona verilən tərifin nəticəsində üzə çıxır ki, o, asan olana, ucuz əldə edilənə meyillidir. Bəs nə asandır? Ucuz olan nədir? Əslində, şər olan hər bir şey asandır, onu ucuz əldə etmək mümkündür. İnsan bir gündə nə qədər şər əməl törədə bilər? Cavab: saysız-hesabsız. Bəs o, həmin o 24 saatda neçə yaxşılıq edə bilər? Cavab: çox az, yəqin, bir əlin barmaqlarını keçməz. Çünki yaxşılıq etmək çox çətin və bahadır. İndi gördükmü ki, yəqinliyə gəldikmi ki, şər ucuz, xeyir isə həddən artıq bahadır? Şəri törətmək üçün heç insanoğlunun çalışmaq, fəaliyyət göstərmək də bəzən ehtiyac duyulmur, o, bir çox hallarda fəaliyyətsiz olsa, kifayətdir ki, şər əməllər törətsin.

                   Dünyada nə qədər dəhşətli cinayətlər törədilib, nə qədər amansız qətllər edilib. Amma bunların hamısından daha dəhşətlisi bilirsinizmi, nədir? –Bir kitab yandırmaq. Dünyada ən dəhşətli cinayət bir kitabı məhv etmədir.

                   İnsan həyatının hər anında peşmançılıq var. İnsana ən çox əziyyət verən də artıq düzəldilməsi mümükün olmayan yanlışlıqlardır. Bax, bu çox böyük ağrıdır. İnsan üçün hər şey geridə qalanda, o, ölüm ayağında olanda bu peşmançılıq qədər ona ağrı verən başqa heç nə tapılmaz.

                   “Ölüm yoxdur… Biz həyatın dumduru axınını görəcəyik. Bəşəriyyət günəşə şəffaf kristal arxasından baxacaq… Ən böyük qüsur qorxaqlıqdır”.

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ANAR TURAN YAZIR – ƏDƏBİYYAT

ANAR TURANIN YAZILARI

İCTİMAİ ŞÜURA, CƏMİYYƏTƏ ƏDƏBİYYATIN TƏSİRİ – I YAZI

            Söz bəşəriyyətin ən böyük kəşfidir. Bu, elə-belə deyilməyib, əsası var. Gəlin bir az düşünək, söz olmasa idi, dünya, insanlıq nələrdən məhrum olardı, nələr itirərdi?! Doğrusu, mən heç düşünmək istəmirəm, sizi bilmirəm. Yəqin, tarixdən, qədim insan məişətindən, həyata baxışından, düşüncə tərzindən, əsas etibarı ilə bixəbər olardıq. Düzdür, tarixi abidələr, maddi-mədəniyyət nümunələri və sairələr insanlıq tarixinə müəyyən dərəcədə işıq salır, amma bu kifayətdirmi?! Məncə, xeyr. Əgər belə olsa idi, əşya (onun şəkli, insan təxəyyülündə yaratdığı ideya) bəs edərdi (burada yazının əşyavi, şəkli və fikri növlərini nəzərdə tuturam), hərfi (fonoqrafik) yazıya nə hacət olardı?! Məsələn, söz olmasa idi, insan necə, yaradılışı, Uca Yaradanın insanlara “çatmasını”, səmavi kitabları öyrənə bilərdi?! Nizamini, Nəsimini, Füzulini … heç tanıyardıqmı?! Dünya klassiklərindən məlumatlı olardıqmı?! Tarixi necə, bilərdikmi?! Tarixi saxtalaşdıranların bu gün dünyada meydan suladığı bir zamanda həqiqətləri müəyyən etmək necə, mümkün olardımı?!.

            Söz haqqında çox danışmaq olar. Nizamidən, Füzulidən … çoxlu nümunələr gətirmək mümkündür, amma onun mahiyyətinə, arealına, təsir dairəsinə hələ heç kim vara bilməyib, çünki söz sərhədsizdir, onun təsir dairəsi, Nəsimi demişkən, insan kimi bu dünyaya sığmazdır, iki dünyanı, hətta yerləri və göyləri əhatə etmişdir. Həkim Nizaminin elmin əhəmiyyətinə işarə etdiyi “Qüdrət elimdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”, Nəsiminin insan mərtəbəsinə verdiyi qiymətin təzahür olunduğu “Məndə sığar iki cahan, mən bu cahanə sığmazam”, Sabirin texniki tərəqqidə geri qalan millətimi oyanmağa çağıran “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz”, dahi Cavidin dünyada sülhə çağırış motivlərini əks etdirən “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”, eləcə də dəyərlərin qorunmasının əhəmiyyətini bizə çatdıran Mir Cəlalın “İtə ataram, yada satmaram”, Məmməd Arazın Vətən sevgisini, vətənpərvərlik motivini özündə cəmləşdirən “Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim” kimi müdrik deyimlərini sözün möcüzəsi kimi qiymətləndirə bilmərikmi?! Milyonlara belə nümunələr var. Çox güman ki, bu sətriləri oxuduqca hər birimizin ağlına daha neçələri gəlir…

            Sözdən, onun sehrindən bəhs edərkən “Söz sənəti” adlandırılan ƏDƏBİYYATI xüsusilə vurğulamaq lazımdır. Elmlər çoxdur, hesab haqqında, təbiət haqqında, tibb haqqında, nə bilim, hər hansı bir sənət, mühəndislik, əkinçilik, hətta sehr, cadu haqqında olan elmlər və sair. Bir çoxları bu elmlərin şahı olan(lar)ını da müəyyən etmişlər. Məsələn, bu sıradan fəlsəfəni elmlərin şahı hesab edənlər çoxluq təşkil edirlər. Məncə, elmlərin şahı ədəbiyyatdır – söz sənətidir. Axı ədəbiyyat həyatı öyrədir, həyatın özüdür. Həyatı öyrədən elmdən daha şah, daha üstün elm ola bilərmi??? Həyatın hansı anı, hansı vərəqi, insan qəlbinin ən dərin qatlarındakı hansı hisslər ədəbiyyatda öz əksini tapmayıb?! Keçmişə, bu günə və gələcəyə ədəbiyyatda rast gəlmirikmi?! Xeyiri, şəri, humanizmin əsl mahiyyətini ədəbiyyat bizə anlatmırmı?! Yaxud pis xisləti, barbarlığı biz ədəbiyyatda görmürükmü?! Keçmişin, həyatın sıfır nöqtəsinə belə gedib çatan, gələcəyi bizə göstərən ədəbi nümunələrə necə?! Siz əlavə edin, nə var ki, ədəbiyyatda ona rast gəlinməsin?! – Heç nə.

            Gəlin başqa bir nöqteyi-nəzərdən sözün əsas tutulduğu ədəbiyyata diqqət yetirək. Elə bir dövr olubmu ki, sözün dəyərinə, onun sənətinə fikir verilməsin, laqeyd münasibət bəslənilsin?! Uzağa getməyə ehtiyac yoxdur, öz ədəbiyyatımıza nəzər salaq. Qədim dövr Azərbaycan ədəbiyyatının əsas hissəsi sarayla bağlı olmamışdırmı?! Hökmdarlar söz sənətkarlarını yanlarına çəkmək üçün (bu və ya digər səbəbdən), onlardan faydalanmaq naminə nələr etməmişlər?! Nizaminin hökmdarlara əsərlər ithaf etməsi, Şirvanşah Axistanın Nizamiyə ona əsər ithaf etməsi üçün sifariş göndərməsi, Füzuliyə “Rum zərifləri” tərəfindən “Leyli və Məcnun” əsərinin yazması təklifinin göndərilməsi və Qərbin “Möhtəşəm Süleyman” adlandırdığı Sultan Süleyman Qanuniyə həsr edilməsi – bunlar hamısı ədəbiyyata göstərilən böyük inam və yanaşmanın bir neçə nümunəsidir. Bir az daha yaxın keçmişə də qayıda bilərik. Zamanında dünyanın super gücü olan (əslində isə böyük tarix səhnəsində saman çöpü kimi bir andaca yanıb-sönən) və insanları, hətta onun düşüncəsini buxovlayan Sovet imperiyası da sözün – ədəbiyyatın əhəmiyyətinə vara bilməmişdimi?! Belə olmasa idi, şair-yazıçı-dramaturqlar niyə bu qədər sıxma-boğmaya salınardılar?! Cavid, Cavad, Müşfiq kimi ülvi hisslər daşıyıcıları repressiyaya məruz qalardılarmı?! Əlbəttə, qalmazdılar, əgər ədəbiyyat ictimai şüura, cəmiyyətə bu qədər təsiretmə gücünə malik olmasa idi. Düşünün ki, bir neçə misradan ibarət olan “Göygöl” şeiri imperiyada qorxu yarada bilmişdi, hələ böyük əsərləri demirəm. Vaxtında bir çoxları tərəfindən Allah (tövbə əstəğfürullah) adlandırılan Stalin söz sənətində mədhə ehtiyac duyardımı?! Ədəbiyyat sadəcə ədəbiyyat olsa idi, bu qədər əsər (kiçikli-böyüklü) niyə istənilərdi ki, qılıncının dalı da, qabağı da kəsən “Rəhbərə” həsr edilsin?!

            Ədəbiyyat, bəli, sadəcə ədəbiyyat deyil. O həyatdır, həyatın düz özü, onu yazana, haqqında danışdığı (ithaf olunduğu) şəxsə, mövzuya əbədilik qazandıran qüdrətli “vasitədir”. Ədəbiyyat həm də mənəm, sənsən, bizik… Bu söz sənətinin çatmadığı ünvan, açmadığı qapı yoxdur. Sözün böyük sehrinin dərinliyinə varanlar da, dünyanı söz ordusu ilə fəth edənlər də bu mənada az deyil. Sözün böyük (hətta mən deyərdim dinüstü) imkanları, dahi ustadların (filosofların) sözün imkanlarından istifadəsi haqqında çox şeylər danışmaq, demək mümkündür. Bu barədə növbəti yazıda…

ƏDƏBİYYAT – SÖNMƏYƏN HUMANİZM MƏŞƏLİ – II YAZI

            İnsanlıq tarixinin ən qədim nöqtəsinə – başlanğıca qədər gedib çıxdıqda müharibəni görmək mümkündür. Dava-dalaş, xeyir və şərin mübarizəsi, deməli, insanlıq tarixi qədər qədim olub, əhali sayı artdıqca, insan dünyasının arealı böyüdükcə o da çoxalıb, miqyasına görə böyüyüb və nəticədə Birinci və İkinci Dünya müharibələri kimi dağıdıcı müharibələr meydana çıxıb. Bu müharibələrdə də tarix boyu milyonlarla insan qırılıb, mədəniyyətlər məhv edilib. Nəticədə isə millətlər və xalqlar arasındakı düşmənçilik daha da dərin kök salıb, yeni-yeni nifaq toxumları cücərməyə başlayıb (bu gün də davam edir, daha güclü, daha dəhşətli).

İnsan cəmiyyətini xoşbəxt etmək, ictimai mühitdə ədaləti bərqərar qılmaq və bu kimi müharibələrdən qorumaq üçün İlahi qüvvə bir nizam qoymalı idi. Beləliklə, səmavi dinlər – Yəhudilik, Xristianlıq və nəhayət, ən mükəmməl din kimi İslam meydana çıxıb. Hər üç dinin kökündə sülh, əmin-amanlıq və ədalətli cəmiyyət prinsipli çağırışlar dayansa da, dünya sülhə qovuşa bilmədi ki, bilmədi. Mahiyyətcə eyni olmalarına baxmayaraq (hər üç din təkallahlılığı təbliğ edir), bu üç dinə sitayiş edənlər bir çox hallarda bir-birləri ilə, hətta eyni dindaşlar özləri arasında müharibələr etdi və qanlar tökdülər (bu gün də davam edir). Hətta dinlərarası korlanan münasibətlər dünyanın bir çox regionunda fobiyaların (qorxuların) yaranmasına da gətirib çıxardı. Bu isə dinlərin dünyanı və insanlığı sülhə, əmin-amanlığa qovuşdurmaq misiyasına maneçilik törədir. Belə olan halda insanlığı birləşdirəcək, onun həyatını sönməyən humanizm məşəli ilə aydınlada biləcək yeni bir vasitəyə ehtiyac duyulurdu. Elə bir vasitə ki, bütün dünya əhalisi, müxtəlif mədəniyyətlərdə yaşayan insanlar heç bir tərəddüt olmadan onu qəbul etsin. Bu vasitə isə ədəbiyyatın düz özü idi.

            Burada bir haşiyə çıxmaq lazım gəlir. Biz ədəbiyyata dinüstü mahiyyət qazandırmırıq. Belə bir fikrimiz də yoxdur (hətta bunu qəbul da etmirik). Sadəcə olaraq bunu əminliklə deyirik ki, hər birimiz bu və ya digər ölkənin, millətin-xalqın söz sənətkarını asanlıqla mütaliə edə bilirik, fərqi yoxdur, o hansı dini, mədəniyyəti təmsil edir. Ədəbiyyatı dinlərdən fərqli qılmağımıza gəldikdə onu da deməliyik ki, söz sənətinin kökündə dayanan humanizm, ədalət prinsipi, eləcə də cəhalətə, geriliyə, ümumiyyətlə, hər cür şərə qarşı nifrət və mübarizə, bir növ, səmavi dinlərin özündə ehtiva etdiyi məsələlərin təzahürü və fəqli şəkildə (amma özündə eyni olan) meydana çıxmasıdır. Sadəcə olaraq insanlar ədəbiyyatı daha tez qəbul edə, fobiya olmadan onun çağırışlarına cavab verə bilirlər. Bəli, bu da onu fərqli qılan əsas xüsusiyyətdir.

            Gəlin bir az daha məsələnin mahiyyətinə varmağa çalışaq. İslam dininə sitayiş edənlərin 95 faizdən çox olduğu ölkəmizdə (dünyada ən tolerant ölkəsi olmağımızı bir kənara qoyuram) müsəlmanlar üstünlük təşkil etsə də, biz, məsələn, Tolstoyu, Viktor Hüqonu, nə bilim, Teodor Drayzeri, Cek Londonu, Robindranat Taqoru və sair sənətkarları oxuduqda onun hansı dinə sitayiş etdiyinə, hansı mədəniyyətin nümayəndəsi olduğuna heç fikir veririkmi?! Əlbəttə, yox. Sadəcə olaraq onların fikirləri, insanlıq qarşısındakı fəaliyyətiləri bizim üçün maraqlıdır və həmin fikir və fəaliyyətləri biz asanlıqla qəbul edə bilirik. Başqa bir deyişlə, “Tövrat”da, “İncil”də və “Quran”da söylənilənləri qeyri dinə inanan insanlar asan qəbul edir, ya qeyd etdiyim söz sənətkarlarının yazdıqlarını?! Yaxşı olardı ki, dinlərin qardaşlığına bütün dünya inansın, necə ki bizim hamımız Adəm övladıyıq, Məhəmməd Hüseyn Şəhriyar demişkən “İnsanın Vətəni yer kürəsidir”, onda süni müharibələr, lüzumsuz konfliktlər nəyə gərəkdir?! Bütün bunları nəzərə aldıqda ədəbiyyatın böyüklüyünün və birləşdiriciliyinin heç ağla gəlməyəcək qədər nəhənglikdə olduğunu qəbul etmək asanlıqla mümkün olur.

            Yuxarıda qeyd etdiklərimizə əsaslanıb deyə bilirik ki, bəli, ədəbiyyat insanları, insanlığı daha gözəl dünyaya çağırır. Elə bir dünya ki, orada insanlar xoşbəxtdir, onlar qardaşcasına yaşaya bilirlər. Söz sənətkarları yazdıqları əsərlərində bu motivlər, belə çağırışlar çoxluq təşkil edir. Dünya şeiriyyətinin ən böyük zirvələrindən olan Hüseyn Cavidin insanları həmrəyliyə çağıran, bu dəyərli varlığa ölüm yox, yaşamaq daha layiqdir anlayışını ortaya qoyduğu “Bir fəzilətsə öldürüb-ölmək, canavar bizdən əşrəf olsa gərək” və yaxud insanın içindəki şər xisləti ölüdürməyə çağırış motivinin əksini tapdığı “İblis nədir? – Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? – İblis” misralarını, eləcə də bəşər övladını bir istiqamətə – ədalət, qardaşlıq, birlik yoluna üz qoymasının vacibliyinə nəzər salan böyük demokrat Mirzə Cəlilin “…adamlar niyə hərə bir yana gedir?.. Niyə hamısı bir yerə getmir, niyə hərə bir tərəfə gedir?” ülvi hiss və düşüncələrini qiymətləndirmək lazımdır.

            Göründüyü kimi, ədəbiyyat insanlara tezçatan olması ilə misilsiz funksiyanını yerinə yetirir. Söz sənətkarları, dahi şəxsiyyətlər də tarix boyu ədəbiyyatın, geniş mənada isə sözün bu böyük gücündən lazımi səviyyədə və ölçüdə istifadə edə biliblər. Bəziləri sözün qüdrətindən sırf cəmiyyəti idarə edən hökmdarlara ibrət vermək və onları ədalətə çağırmaq məqsədilə isitifadə etmiş (Nizami Gəncəvi), bəziləri insana böyüklüyünü dərk etdirmək və beləliklə, onu ali varlıq kimi dünyanın gözəlliklərinə layiq olduğunu anlatmağa çalışmış (Nəsimi), bir digəri isə insanı, insanlığı xilasa çatdıra biləcək ülvi hisslərə, məhəbbətə olan inamını ifadə etmişdir (Füzuli). Bu və bunun kimi digər çağırışlar haqqında növbəti yazılarda…

SÖZÜN QÜDRƏTİ İLƏ DÜNYAYA NİZAM GƏTİRƏN NİZAMİ – III YAZI

            Söz mülkündən, onun qüdrətindən danışdıq. Daha sonra söz möcüzəsinin ən güclü şəkildə təzahür olunduğu ədəbiyyatın böyük mahiyyətindən bəhs edərək “Ədəbiyyat” adlı xalçamızın ikinci ilməsini də atmış olduq. Və üçüncü ilməmizi də bu yazımızla atmaq qərarına gəlirik. Beləliklə, söz sənətinin Nizami zirvəsindən danışacağıq. Çünki bu söz dünyasından danışarkən, xalçamızı toxuyarkən böyük Nizamidən danışmamaq, ilk olaraq ondan bəhs etməmək bağışlanmaz qəbahət olardı. Hətta bu böyük sənətkar haqqında söz açmamaqla sanki ədəbiyyatımızın qol-qanadını da kəsmiş olardıq. Nizami bu qədər böyük və bənzərsiz sənətkardır. Onu ədəbiyyatın “Everesti” də adlandırmaq olar… Dahiliyi “Everest” qədər yüksək, fəlsəfəsi isə “Marian” çökəkliyi kimi dərin olan Nizami sənətini ən yaxşı şəkildə əks etdirən hind şair Əmir Xosrov Dəhləvinin bu sözləri olmuşdur. Dəhləvi yazırdı ki, hər sözü birinci deyən Nizami cilasız bir incinin qalmasına imkan verməmişdir. Yəni dahi söz ustadı hər mövzuya toxunmuş, onları sözün qüdrəti ilə, necə deyərlər, cilalamışdır.

            Böyük Nizaminin sənətini anlamaq üçün, ona layiqli qiymət vermək naminə biz hələ əvvəlcə bəzi mətləblərə nəzər salmalıyıq… Əvvəlki yazılarımızda dedik, ədəbiyyat yalnız ədəbiyyat deyil, söz sənətkarı da yalnız söz sənətkarı. Ona görə də söz sənətini biz ilk yazımızdaca elm və sənətlərin ən alisi (şahı) hesab etmişik. Söz ən qüdrətli elm və sənətsə, deməli, bundan istifadə edən söz sənətkarları da eləcə qüdrətli və nəhəng şəxsiyyətlərdir. Sözün qüdrətli nümayəndəsi Nizami isə bu mənada bənzərsiz ustaddır.

            XII əsrdə yaşamış böyük Nizami ədalət axtarışına çıxmışdı desək, yanılmarıq. Bu çətin yolda dahi sənətkar ən alt təbəqədən yox, üst təbəqədən başlayaraq cəmiyyəti “tərbiyə” etməyə çalışırdı. Bu böyük söz sərrafından çox danışılıb, yazılıb. Görkəmli söz ustadı ilə bağlı onu deməliyik ki, Nizaminin ən böyük arzusu və amalı ədalətli cəmiyyətin mövcud olduğu “Xoşbəxtlər ölkəsi” hesab edilir. Bu isə ustadın poeziya axtarışlarının, mən deyərdim, yeganə ideya istiqamətini müəyyənləşdirmişdir.

            Böyük Nizaminin ədəbi görüşləri cəmiyyəti ideal mərtəbəyə yüksəltməkdən ibarət olmuşdur. Başqa bir deyişlə, Nizami nə yazmışdısa, mayasını ədalət və onun yaratdığı xoşbəxtlik və firavanlıqdan götürmüşdü. Ustad sənətkar onu da yaxşı bilir və dərk edirdi ki, cəmiyyətə ədalət və nəticə etibarı ilə xoşbəxtlik və firavanlıq gətirməyin ən əsas amili “yuxarıların” ədalətli olub-olmamasından asılıdır. Yəni dövləti idarə edən, xalqa rəhbər olan şəxslər vicdanlı və ədalətlidirlərsə, həmin cəmiyyətdə yaşayan insanlar da eləcə xoşbəxt yaşamaq imkanına malik olarlar. Cəmiyyətşünas şəxsiyyət kimi Nizami ictimai mühitin bu əsas “qanununu” çox yaxşı görür və anlayırdı. Bunun üçünsə o, hələ ilk dövrlərdə qələmə aldığı kiçikhəcmli əsərlərini hökmdarlara göndərir. Onların diqqətini ədəbiyyata çəkir və ardınca onları “tərbiyələndirməyə” başlayırdı.

            Sözün gücündən, üzünə bütün qapıların açıq olduğu ədəbiyyatın böyük imkanlarından istifadə edən Nizami “Xəmsə” adlanan 5 poemasını dövrünün  hökmdarına  həsr edərək onları, ən sadə şəkildə desək, düşünməyə sövq edirdi. Dahi sənətkar dövrünün böyük idarəçilərinin qarşısında ədalətli və zülmkar, insansevər və qaniçən hökmdar obrazlarını yaratmaqla, əslində, onlara göstərmək istəyirdi ki, baxın, görün, hansı olmaq daha yaxşıdır?! Nizaminin gözündə “Hökmdar” anlayışı “İsa peyğəmbər kimi insanı yaşadandır”, yetər ki, o, ədalətli olsun. Bəs ədalətli hökmdar (idarəçilər) necə olmalı, bu ədalətin sərhəddi haradək uzanmalı? Bu suala ustad ikinci poemasında Hörmüz obrazı vasitəsilə cavab verirdi. Rəiyyətin xeyrinə qoyulmuş qanunu pozan oğlunu cəzalandıran Hörmüz şah qanun qarşısında bərabərlik prinsipinə əməl etməklə ədalətliliyini və bu ədalətin sərhəddini müəyyən etmiş olurdu (Hanı o ədalət, o insaf hanı? Verə öz oğluna belə cəzanı!). Böyük Nizaminin dünyanı fəth etmək istəyən fateh hökmdarlara da sözü var idi. Dünyanı orduyla, qılınc gücü ilə tutmaq mümkün deyil. Dünya heç qılınc gücü ilə tutulacaq qədər qolsuz-ayaqsız da deyil. Amma bu qoca dünyanı ram etmək mümkündü. Necə? – Kim ki bu dünyanın nəbzini İsa kimi tutarsa, insafı və mürvətiylə dünyanın hakimi olar. Dünyaya zülmkarlıq, rəzalət fateh ola bilməz. Yer üzünün bir fatehi var, o da ədalət və ədalətdir. 

Böyük Nizami hökmdarlar qarşısında başqa pəncərələr də açırdı: Ölkədəki gözəlliklər kimi, xaraba vəziyyətdən də onlar cavabdehdir; ən ucqar vilayətdə belə, bir dövlət məmuru zülm etsə, bunun səbəkarı da hökmdarlardır; ölkəni əyyanlarına tapşıraraq gününü eyş-işrətdə keçirən və bunun nəticəsində əyan-əşrəfin ölkəni viran qoymasının da məsuliyyəti hökmdarların boynunadır.

            Dahi şəxsiyyət onu da yaxşı bilir və anlayırdı ki, insan (təbəqəsindən asılı olmayaraq) düşünə bilirsə, yaşayır və yaxud o düşündüyü andan etibarən yaşamağa başlayacaq. Bunun üçün dahi sənətkar yalnız “yuxarı” təbəqələri deyil, bütün insanları, hətta “aşağıları” da düşünməyə vadar edirdi. Çünki ədalətli cəmiyyət, xoşbəxt və firavan insan mühiti “yuxarılar” və “aşağıların” birgə fəaliyyəti (mübarizəsi) nəticəsində mümkün ola bilərdi. “Xoşbəxtlər ölkəsi”nin “resept”i də məhz bunlardan ibarət olmalıydı.

            Söz mülkünün şahı kimi Nizami ömrü boyu bu amal istiqamətində var gücü ilə mübarizə apardı. Həmin dövrkü tarixə nəzər saldıqda Nizaminin məqsədinə müəyyən dərəcədə çatdığını görürük. Amma ustad sənətkarın dünyadan köçməsindən sonrakı dövrlərdə zülm və ətalət yenə “meydan sulamağa” başladı. Bu dəfə isə “aşağıları” haqsızlığa qarşı mübarizəyə səsləyən Nəsimi fəlsəfəsi məsuliyyəti öhdəliyinə götürdü. Beləliklə, bəşər övladına “Sən kimsən?”, “Nəyə qadirsən?”i anladan Nəsimi poeziyası ictimai ədalət axtarışında ən öndə getməyə başladı. Bu haqda isə növbəti yazıda…

“MƏN KİMƏM?”DƏN İCTİMAİ MÜBARİZƏYƏ – IV YAZI

Ədəbiyyat tariximizə nəzər saldıqda Nizami Gəncəvi yaradıcılığı ilə söz sənətinin daha da inkişaf etdiyini və cəmiyyətin tərbiyəsi və təşkilində mühüm rol oynamağa başladığını görürük. Hətta bu səbəbdən Nizamindən sonra onun davamçıları da meydana çıxır və “Nizami ədəbi məktəbi” yaranırdı. Amma bununla belə ədəbiyyat bizim hələ XX əsrin əvvəllərində müşahidə edə bildiyimiz “Molla Nəsrəddin” və “Füyuzat” kimi ədəbi cərəyan (əslində, təşkilatlanma) səviyyəsinə yüksələ bilməmişdi. Çünki “Molla Nəsrəddin” və “Füyuzat” xalqın maariflənməsi, ictimai ədalət, haqsızlığa qarşı mübarizə sahələrində, o cümlədən milli oyanış, milli birlik istiqamətində tarixi missiya üzərlərinə götürdü və bu missiyanı bir təşkilat kimi şərəflə yerinə yetirə bildilər. Başqa bir deyişlə, Nizami Gəncəvi dövründə ədəbiyyat hələ də ədəbiyyat (söz sənəti) kimi fəaliyyət göstərirdisə, XX əsrlə birlikdə ədəbiyyat ən güclü təbliğat aləti funksiyasını yerinə yetirməyə başlamışdı. Yəni ədəbiyyat XII əsrdən XX əsrə və sonrakı dövrlərə doğru böyük təkamül prosesi yaşayaraq yeni bir ERA yarada bildi.

XX əsrin əvvəllərində böyük tənqidi realist ordu yaratmış mollanəsrəddinçilər və xalqın fikir dünyasının üfüqlərini daha da genişləndirən romantik (əslində, idealist) gücün mərkəzinə çevrilmiş füyuzatçılar bir qrup şəklində birləşmişdilər. Amma qədim və orta dövr ədəbiyyatında biz bu halı müşahidə edə bilmirdik. Bununla belə, bu dövrlərdə ayrı-ayrı söz sənətkarları öz yaradıcılığı və fəaliyyətləri ilə bütöv bir ədəbi məktəb funksiyasını yerinə yetirə bilmişdilər. Bu mənada böyük İmaddədin Nəsimi (1369-1417) şəxsiyyətinə ayrıca nəzər salmaq lazım gəlir… Bir öncəki yazımızda biz Nizamini söz sənətkarından daha çox filosof və cəmiyyətşünas şəxsiyyət hesab edirdiksə, İmadəddin Nəsimi şəxsiyyətini də ictimai haqsızlığa və ədalətsizliyə qarşı mübarizə aparan böyük ictimai xadim olaraq qeyd etməliyik.

İmadəddin Nəsiminin yaradıcılığı və sanki konsepsiya şəklində işlənib hazırlanmış fəaliyyəti Nizami ilə müqayisdə əks qütblərdə (bir-birinə təzadda) dayanır. Nizami birbaşa yuxarı təbəqəni “tərbiyə” etməyə çalışırdısa, Nəsimidə bu hal-vəziyyət mövcud deyildi. Əksinə o, əsər və fəaliyyətində “aşağılara” müraciət edir və onları mübarizəyə səsləyirdi. Bunun üçünsə Nəsimi özünə yol və üsul da seçmişdi: “aşağılara” öz böyüklüyünü anlatmaq.

İnsan o zaman onu buxovlayan ədalət və haqsızlığa qarşı çıxa bilər ki, o, öz böyüklüyünü anlaya bilir. İmadəddin Nəsimi yaradıcılığı məhz bu amala köklənmiş təbliğat və təşviqat mexanizmi idi. Biz bu görkəmli şəxsiyyətin yaradıcılığını bu cür qiymətləndirməyi düzgün hesab edirik. Ona görə ki, Nəsimi yaradıcılığının əsas hissəsini təşkil edən əsərlərində insana üz tutur, onun böyük varlıq olduğunu söyləyirdi: İnsanoğlu o qədər böyükdür ki, o hətta bu iki dünyaya sıxmır. Göy və yer, kaf və nun hamısı onda özünə yer edib, insan hətta gizli xəzinənin görünən gözüdür (“Sığmazam” qəzəli). Mən (burada ümumən insanlar nəzərdə tutulur) mülki-cahanam, Haqq məkanıyam. Göy və yerəm, kövnü məkanam. Surət və məna şəklində Haqq və onun sübutuyam. Zaman və məkanam. Gizli xəzinəyəm (“Mən mülki-cahan” qəzəli). Mən o qeybi gözəl sevgiliyəm ki, kainatın gözüyəm. O Rəbbin nitqiyəm ki, dillərdə söylənən əzbər olmuşam (“Daim ənəlhəq söylərəm…” qəzəli).

İnsana üz tutaraq ona bu qədər böyük və bənzərsiz varlıq olduğunu anlatmaqda Nəsiminin məqsəd və məramı da bəlli idi. O, insana demək istəyirdi ki, sən bu qədər böyük varlıqsan, hətta iki dünyanı içinə sığdıracaq qədər nəhəngsən. Belə olan halda sən heç bir haqsızlığa, ədalətsizliyə, zülmə məruz qalmamalısan. Bütün bu naqisliklərdən pak və təmiz ömür sürməlisən… Bunları insanlara söyləməklə Nəsimi onları haqsızlığa, ədalətsizliyə, ümumən şər əmməllərə qarşı mübariz olmağa səsləyirdi. Beləliklə, ictimai ədalətsizliyə qarşı Azərbaycan hüdudlarını da çoxdan aşmış xalqlar hərakatı meydana çıxırdı. Bu mübarizənin əsas təbliğat vasitəsi isə Nəsiminin (onun öncəsində isə ustadı Nəiminin) rəhbərlərindən olduğu Hurifilik cərəyanı idi. Bu cərəyən çox keçmir ki, zülmə, haqsızlığa, maddi və mənəvi əsarətə qarşı “aşağıları” birləşdirir və xalqa zülm edən “yuxarıların” qorxulu röyasına çevrilir. 

Nəsimi bir dərviş kimi (Hurifiliyin ən güclü rəhbərlərindən biri kimi) ömrü əl verdiyincə haqsızlığa qarşı mübarizə apardı. Gəzdi, dolaşdı, insanları mübarizəyə sələdi. Amma dünyada haqq-ədalət üçün mübarizə aparmaq çətindir, bəlkə, ən çətin işdir. Çünki qurbanlar tələb edir. Ucunda hətta diri-diri soyulmaq da var. Nəsimi də haqq-ədalət yolunun qurbanı oldu, təqib edildi, diri-diri soyuldu. Amma Nəsimi şəxsiyyətini və onun dünyanın təlatümlərinə sinə gərərək hələdə yaşayan və sonsuzadək var olacaq söz və fikir dünyasına qəsd etmək mümkün olmadı. Şair demişkən: “Günəşi örtəs də qara buludlar, yenə Günəş adlı bir həqiqət var”… Beləcə, qarşımızda böyük Nəsimi portreti dayanır. Bu portretdə onun boyu, rəngi, üz gizgiləri olmasa da (heç, bəlkə də, bu bizə lazım da deyil), onun bütöv şəxsiyyəti, əyilməzliyi, cəsarəti, haqsızlığa qarşı duruşu əks olunmuşdur… Qarşımızda daha bir portret də var. Budəfəki portretimizdə isə insanlığın xilasında sevgi gücünə inanan bir şəxsiyyət dayanmışdır. Bu haqda növbəti yazımızda…

İNSANLIĞI SEVGİ XİLAS EDƏCƏK – V YAZI

            Biz ədəbiyyatın böyük mahiyyətindən danışdıq. Danışmağa da davam edəcəyik. Çünki ədəbiyyatdan bəhs ediriksə, gərək onun şanına layiq, həm də haqqını verərək danışmaq gərək. Amma unutmaq olmaz ki, ədəbiyyat böyük ictimai mətləblərin “müalicəsini” araşdırmağın və yolunu göstərməyin yanında, həmçinin ruhu islah etmək ideyası ilə insana sevgi-məhəbbət hissləri də aşılayır. “İnsanlığın xilası sevgidədir” anlayışına sadiq qalaraq (həm də inanaraq) bu dəfə sevgi-məhəbbət dedikdə ağla ilk gələn söz ustadı Füzulidən bəhs edəcəyik. Ədəbiyyatın böyük ideallar daşıyıcısı missiyasına ara verib ruhun müalicəsindən, onun əsas dərmanı olan sevgidən və “Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var” deyən Füzulidən söz açmaq bu anda yerinə düşəcək.

            Dünya söz tarixinin nəhənglərindən olan Məhəmməd Süleyman oğlu Füzuli (1494-1556) nəinki yaradıcılıq istiqaməti, həmçinin həyat tərzi və fəlsəfəsi ilə də insanlığa örnək şəxsiyyət ola bilib. Dərin və çoxistiqamətli Füzuli yaradıcılığından danışmazdan əvvəl, onu deyək ki, bu söz sərrafı həyatını sadə, dəbdəbədən uzaq və var-dövlətin qulu olmadan yaşayaraq başa vurub. Bu gün zənginlik hərisliyinin, var-dövlət aludəçiliyinin tüğyan etdiyi bir dövrdə geriyə dönüb Füzuli həyatına nəzər saldıqda bu aza qane olan könlü tox insanın həyat fəlsəfəsinin bizə çox şeylər anlatdığını görürük. İnsanlığı uçuruma aparan pul hərisliyi, sahibi-mənsəblik istəyi dünyamıza (müştərək evimizə) hansı bnədbəxtliklər gətirdiyi göz qabağındadır. “Hər şey mənimdir, özgəyə heç nə qoymaram” anlayışı Füzuli həyatına baxdığımızda puç və viran olur. Dahi söz ustadı var-dövlətdən, dünyanın dırnaq içərisində gözəlliyindən imtina edərək sürdürdüyü həyatı da bu mənada yaradıcılığı kimi bizlərə çox sirri-gizlidən xəbər verir. Bu qədər böyük istedad sahibi saraylarda, zənginlik içərisində yaşaya bilməzdimi?! Yox, o belə həyatı istəmədi və Sultan Süleyman Qanuninin ona təyin etdiyi 9 axça təqaüdlə ömrünü başa vurdu (bu təqaüdü də heç əməlli-başlı ala bilməmişdi)… Füzulinin 60 illik həyat tərzi də əsərləri kimi öyrənilməli…

            İnsan övladı hər bir məsələdə mərkəzə özünü yerləşdirdikcə, özündən başqasını görmədikcə (eqoizm) dünyamız daha da pisləşəcək, qanlı qırğınlar, müharibələr meydanına çevriləcək. Eqoizm xəstəliyindən uzaqlaşıb insanları sevə bilsək, ən azından onları anlamağa çalışsaq, daha xoşbəxt bir dünyada yaşayarıq. Başqa bir deyişlə, bu gün dünyada xeyir üçün çalışan qüvvələrin “Humanizm” çağırışları mənbəyini sevgi dəryasından götürür. Bax Füzulinin nəhəng yaradıcılığı bizə bu mətləbləri öyrətməyə çalışıb.

            Eşq-məhəbbət şairi olan Füzuli yaradıcılığındakı bu ülvi hiss iki insanın bir-birinə olan məhəbbəti ilə çərçivələnmir. Heç Füzuli deyəndə ağla gələn “Leyli və Məcnun” poemasının ana xəttini də, əslində, bu qayə təşkil etmir. Həmin əsərdə insanların sevgisinə maneçilik törədən adət-ənənə, köhnə baxışlar və məhdud görüşlər tənqid olunur. “Leyli və Məcnun” əsəri ilə dahi söz sərrafı insanlığı kölə halına salan, mütiləşdirən hər şeyi tənqid edərək, azadlığı, bu azadlığın əsas göstəricisi olan sevgini, məhəbbəti ön plana çıxarmaq istəyib. Yəni “Leyli və Məcnun”la Füzuli bizə göstərir ki, insan hisslərini, düşüncələrini azad şəkildə ifadə edə bilmirsə, orda sevgi yoxdur, sevgi yoxdursa, cəmiyyət də viran olacaq (necə ki Leyli və Məcnunun ata-anasının həyatları viran oldu).

            “Leyli və Məcnun poemasında geniş şəkildə işlənmiş sevgi-məhəbbət motivi Füzulinin türkcə divanının da əsas mayasını və qayəsini təşkil edir. “Eşq aşiqlər üçün hidayət yolunu işıqlandırır” deyən “Mövlana” (bizim ağamız) ləqəbli Füzulinin fikrincə həqiqət yolunun yolçusu eşqə iqtida etməlidir. Eşqə iqtida edən şəxs isə nicat tapacaqdır. Dahi sənətkarın bir qəzəlini nəsrləşdirməklə nəzər salaq: Həqiqət yolunun yolçusu məqsədinə nail olmaq istəyirsə, gedəcəyi yolda ancaq eşqi rəhbər tutmalıdır. Çünki o yolu işıqlandıran da, o yolda yol göstərən də yalnız eşq nurudur. Ariflərin nəzərində aşiqi (oxu: insanı) ağıl yox, eşq idarə edər. Eşq elə bir kamil, tamamlanmış, yetkinləşmiş nəşədir ki, elə bir təsiredici qüvvədir ki, meydə hərarət göstəricisi, neydə isə sədanın təsiri həmişə və yalnız ondadır. Vəhdət vadisi həqiqətdə, əslində, eşq məqamıdır. O səhrada sultanla gəda şəxslənməz (varlı ilə yoxsul fərqlənməz, hamı birdir). Birlik tənhalığının sirrinə məhrəm olanlar aşiqi məşuqdan, məşuqu aşiqdən ayıra bilməzlər.

            Füzulinin insanlığı xilasa çatdıra biləcək, onun qurtuluşunun əsas vasitəsi olan eşq-məhəbbət anlayışına həsr etdiyi irili-xırdalı onlarla əsəri var. Biz bu yazımızda onlardan cüzi şəkildə nümunə gətirdik. Ümumiyyətlə, Füzuli yaradıcılığını biz bəsirət gözü ilə görməyə çalışsaq, onda məqsədimizə (Füzuli də öz məqsədinə) çatmış olarıq. Çünki dünyaya sevgi hisslərini aşılayan Füzuli qurtuluşu da onda görüb. Dahi sənətkarın qənaəti də bu mənada tamamilə doğrudur. Kim içərisində sevgi, eşq-məhəbbət anlayışının olmadığı bir gözəllik, yaxşı nəsnə göstərə bilər?! Elə bir anlayış varmı ki, orda sevgi olmasın, amma müsbət məqamları özündə ehtiva etsin?! Cavab, xeyr!.. Biz təkcə Füzulini yox, bütün ədəbiyyatı bəsirət gözü ilə oxumalıyıq. Söz sərrafları da bizdən bunu gözləyiblər. Belə olan halda, kim bilir, nə qədər sirli mətləblərdən agah olacağıq. Görmədiyimiz, duymadığımız neçə-neçə qapılar üzümüzə açılacaq.

            Biz, beləliklə, eşqin, məhəbbətin “Vətəni” olan Füzuli yaradıcılığına bir nəbzə də olsa, nəzər saldıq. Amma qurtuluşu arayan insanlar bu böyük söz sərrafını sətirbəsətir oxumalı, mütaliə etməli… Füzuliylə sağollaşıb yol almağa başlayırıq. Bu dəfə qurtuluşu başqa “Vətəndə” axtaran maarfçilərdən danışacağıq. O maarifçilər ki, xalqı qəflət yuxusundan oyatmaq, onu bütün şər işlərə qarşı ayıq salmaq üçün elmi-biliyi təbliğ edirlər. Bu haqda növbəti yazımızda…

HƏR CÜR ŞƏRƏ QARŞI MÜBARİZƏ – VI YAZI

Ədəbiyyatın ayrı-ayrı səhifələrini nəzərdən keçirirəm. Söz sənətkarlarını mütaliə etdikcə, onların geniş yaradıcılığını oxuduqca bir şey aydın olur: Elmlərin şahı adlandırdığımız ədəbiyyatın bir amalı var, hər cür şərə qarşı mübarizə etmək, insanlığı aydınlığa çıxarmaq. Müəllifindən, dövründən, janr və mövzusundan asılı olmayaraq, hər bir bədii nümunəninin mayasında, əslində, bu sadaladıqlarım dayanır. Bunu ötən yazılarımızdaca görmək mümkün idi… Beləliklə, dövrün hökmdarlarını, əyan-əşrəflərini ədalətli olmağa çağıran Nizami, insana böyüklüyünü anlatmağa səy göstərən Nəsimi və bəşəriyyətin xilasını sevgidə görən Füzuli dünyasından üz alırıq XIX əsrə…

Dünyanın binəsi qoyulandan şər, cəhalət daim var olmuş, amma bu XIX əsrdə özünü daha güclü şəkildə büruzə verməyə başlamışdı (ən azından Azərbaycanda bu belə idi). Yeni dünya düzəninin təməllərinin atıldığı, İngiltərənin sənaye inqilabi ilə (elmin gücü ilə) dünyada söz sahibi olmağa başladığı bir dövrün astanasında idik. Elmin, texnikanın inkişafına nail olan xalqlar, xüsusilə də Avropa xalqları sürətli dirçəliş və tərəqqi dövrünə qədəm qoymuşdu. Dünyanın bir tərəfində bunlar yaşanarkən, Azərbaycan da daxil olmaqla, digər tərəfində isə cəhalət və gerilik mövcud idi. Xalqın ağır həyat tərzi, müstəmləkə zülmü, əsarət, gerilik, cəhalət həyatın özü olan ədəbiyyatı narahat etməyə bilməzdi. Söz sənətkarları da xalqımızın bu ağır həyatına və yaşayış tərzinə biganə qalmadılar. Dövrün qabaqcıl ziyalıları bütün bu xəstəliklərin dərmanını axtarırdılar. Nəhayət, dərman tapılmışdı: Xalqın dərdinin dərmanın yolu MAARİFÇİLİKDƏN keçirdi. Yalnız maariflənmə xalqı cəhalət və gerilik məngənəsində sıxılmaqdan qurtara bilərdi. Bunun üçünsə dövrün ziyalı təbəqəsi maarifçilik hərəkatına start vermişdi.

Güclü bir ədəbiyyat bir xalqı bütünlüklə hərəkətə gətirə bilər. Cəhalət girdabına tuş gəlmiş, milli şüurunu itirmiş, hətta özünü tanımamaq xəstəliyinə düçar olmuş və əsarətinə etiraz etməyən xalqımız XIX əsrdə ədəbiyyatın böyük təkanı ilə hər cür şərə qarşı mübarizəyə başladı. Amma böyük çətinliklərlə qarşılaşan, daşlı-hamarlı yolda ədəbiyyat heç də öz məqsədinə asanlıqla nail ola bilmirdi. Çünki cəhalət qarşısında bütün “silahlar” çarəsizdi. Onun müalicəsini heç də asanlıqla davam etdirmək olmur. Bununla belə ədəbiyyat cəhalət qarşısında geri çəkilmirdi. Ona görə ki söz sənəti hər bir çətinliyin öhdəsində gəlmək iqtidarına malikdi…

XIX əsr maarifçilik ədəbiyyatının böyük güc və fəaliyyətinə toxunmazdan əvvəl həmin dövrdə ölkəmizdəki ictimai-siyasi vəziyyətə nəzər salmaq lazım gəlir. Belə olan halda biz həmin dövrkü ədəbiyyatın əhəmiyyətinə vara bilərik. Qeyd edilən yüzillikdə Azərbaycanda vahid dövlət mövcud deyildi və ölkəmiz müxtəlif xanlıqlara (ayrı-ayrı dövlətlərə) parçalanmışdı. Daha pisi isə qədim torpaqlarımız yadelli işğalçıların tapdağı altına düşmüşdü. Belə ki, ölkənin cənubu İranın, şimalı isə Çar rusiyasının nəzarətinə keçmişdi. İşğalçılıq, ağır müstəmləkə zülmü isə xalqı, ən sadə şəkildə desək, narahat etmirdi. Çünki cəhalət məngənəsi xalqı bu ağır vəziyyətə qarşı mübarizə aparmağa imkan vermirdi. Xalqa düşdüyü bu ağır vəziyyəti anlatmağa, onu milli oyanışa və nəticədə xoşbəxtliyə doğru istiqamətləndirməyə təşviq edən bir vasitəyə ehtiyac vardı. Bu isə elmlərin şahı ədəbiyyat idi. Beləliklə, söz sənəti xalqı bütün bu ağır vəziyyətə qarşı hərəkata səsləyirdi. Dövrün böyük ziyalı təbəqəsi söz sənətindən bir neçə istiqamətdə faydalanmaqla xalqı mübarizəyə ruhlandırdı.

Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə kimi XIX yüzillik nəhənglərinin lokomotivlikləri ilə xalq milli oyanış yoluna qədəm qoya bildi. Maarifçilik hərəkatının əsas nümayəndələri hesab edilən bu söz sənətkarlarının yaradıcılıq amalı və ideya istiqaməti əzilən kütlənin, xüsusilə də kəndlinin mənafeyinin müdafiəsinə yönəlmişdi. Maarifçilik hərəkatının nümayəndələrinin mühüm amallarından biri də savadsız kütləni maarifləndirmək yolu ilə hüquqlarını onlara anlatmaq idi. Bu mənada çox sayda bədii əsərlər meydana çıxırdı. Məsələn, Axundzadənin “Kəmalüddövlə məktubları” haqqında “Cəhalət və geriliyə qarşı mübarizədə bir ordudan ziyada iş gördü” bənzətməsi edilirdi.

Xalqı milli oyanış yoluna yönləndirən ədəbiyyat yalnız bədii əsərlərin yazılması istiqamətində çalışmırdı. Xalqa çatmaq, sadə insanlara, “aşağı” təbəqələrə ulaşmaq da söz sənətinin əsas amallarından idi. Axı, dövrün ideoloqları adlandıra biləcəyimiz maarifçilər yazdıqları əsərlərindəki ideyanı bütün kütləyə çatdırmaq istəyirdilər. Bunun üçün 1873-cü ildə ədəbiyyatın böyük dəstəyi ilə milli teatr meydana çıxdı. Milli dramaturgiyamızın əsasının qoyulması ilə milli teatra yol açılmış və beləliklə, tarix boyu kütlələri maarifləndirən teatr Azərbaycana yalnız XIX əsrin ikinci yarısında gəlib çıxa bilmişdi. Milli teatrın ölkəmizdə fəaliyyətə başlaması geniş xalq kütlələrinin oyanışı yolunda nəhəng addım idi. Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov kimi qabaqcıl maarifçi ziyalıların gərgin fəaliyyəti xalqımızı bu böyük teatr məktəbinə qovuşdura bilmişdi. İndi maarifçi ziyalılarımız xalqa daha asan çata bilirdilər. Amma bu bəs etmirdi. Yeni vasitələrə ehtiyac vardı. Nəhayət, dünyanın eradan əvvəl 59-cu ildə Qədim Romada tanıdığı qəzet 1875-ci ildə Azərbaycan həyatına daxil olurdu (Mədəni sahədə bu qədərmi geridə qalmışdıq, qalmışıq?!).

1875-ci ilin 22 iyulunda fəaliyyətə başlayan “Əkinçi” qəzeti Azərbaycanda maarifçilik hərəkatının geniş vüsət almasında və hər kəsə çatmasında müstəsna rol oynadı. Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşr olunan bu mətbu orqan həmin dövrdə bir çox maarifçi ziyalıları öz ətrafında birləşdirə bildi.

Ədəbiyyat tariximizin xüsusi bir mərhələsini təşkil edən XIX əsr maarifçilik hərəkatı dövrü ədəbiyyatın böyüklüyünü bir daha ortaya qoymuş oldu. Beləliklə, biz bu və ya digər əsərləri yalnız bədii əsər kimi oxumadıqca, onun nə qədər böyük amallara xidmət etdiyini, nə qədər misilsiz ideyalar daşıdığını görə bilərik. XIX əsr maarifçilik ədəbiyyatı bu baxımdan Azərbaycan ədəbiyyatının ən çox araşdırılmalı və üzərində dayanmalı olduğu bir ədəbi yaradıcılıqları özündə ehtiva edir. Onu da qeyd edək ki, bu dövrdə bütün vasitələrdən istifadə etməklə xalqı milli oyanışa səsləyən və onu cəhalət girdabından qurtarmaq istəyən söz sənəti istəyinə qarşıdakı illərdə nail ola bilir. Nəticədə, XX əsrin əvvəllərində Azərbaycan milli müstəqilliyini əldə etdi. Elə bir müstəqillik ki, Müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət modelidir, hüququn üstünlüyü bu dövlətdə əsasdır. Qadınlara ilk dəfə səs vermək hüququ tanınmışdır. Bütün bu qazancların kökündə söz sənəti olan ədəbiyyatın və onun XIX yüzillikdə yaratdığı maarifçi ədəbiyyatın rolu böyük və danılmazdı.

XIX əsr ədəbiyyatından, onun yaratdığı maarifçilk hərəkatından deyəcəklərimizi bitirməmişik. Bu dövrə qədəm qoyarkan, onun qonağı olarkən böyük maarifçi xadim Mirzə Fətəli Axundzadənin üzərindən keçmək doğru olmazdı. Bu dəfə onun “Aldanmış kəvakib” əsərinə nəzər salacağıq. Biz bu əsəri hələ kəşf edilməmiş mücəvhər, yerin altında qalmış və üzə çıxmağı gözləyən böyük xəzinə hesab edirik. Bu haqda növbəti yazıda…

ALDANMIŞ DÜŞÜNCƏLƏRİN MANEƏSİ – VII YAZI

            Povest həcmcə hekayədən böyük, romandan isə kiçik olan epik janrdır. Dünyada bu janrın ən mükəmməl nümunələri içərisində Ernest Heminqueyin “Qoca və dəniz”i, Qabriel Qarsiya Markesin “Polkovnikə məktub yoxdur”u və Çingiz Aytmatovun “Dəniz kənarı ilə qaçan alabaş”ı xüsusi yer tutur. Bu üç povesti mütaliə etmiş birisi kimi onu əminliklə deyə bilərəm ki, ədəbiyyatımızın bu janrda yazılmış ilk nümunəsi “Aldanmış kəvakib” özündə ehtiva etdiyi məqamları ilə bu üç povestdən daha güclü ədəbi nümunədir. Bunu bir azərbaycanlı kimi yox, ədəbiyyatsevər və çoxlu mütaliə edən birisi olaraq söyləmək istərdim…

            Xalq (cəmiyyət), hətta kütlə böyük qüvvədir. Ona görə də xalqa (cəmiyyətə), hətta kütləyə rəğmən hər hansı bir uğurlu addım atmaq mümkün deyil. Başqa bir deyişlə, inkişaf etmiş bir cəmiyyət qurmaq, ədaləti bərqərar etmək və insanların qanunlara, demokratik dəyərlərə tabe şəkildə yayaşıyını təmin etmək üçün, ilk növbədə, onların düşüncə tərzini, həyata baxışını da dəyişmək və həyata keçirilən dəyişikliklərə uyğunlaşdırmaq lazımdır. Böyük ədəbi xadim Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povestinin ideyasında sadə oxucu üçün gizli qalan tərəf də məhz bu söylədiklərimi ehtiva edir… Deyirlər, insanın iki cür gözü var. Bunlardan ikisi bizim bildiyimiz gözlərdir ki, insanlar onların vasitəsiylə zahiri nəsnələri görmək və müşahidə etmək imkanına malikdirlər. Bir də iki gözün bir az yuxarısında, alnın tən ortasında bir göz də var ki, ona bəsirət gözü deyirlər və o göz görünmədiyi kimi, həm də görünməyənləri görməkdən ötrüdür. Mükəmməl ədəbi əsərlərdə də belə bir hal-qəziyyə mövcuddur ki, bu sıraya daxil olan bədii nümunələrdə iki ideya əks olunur və onlardan biri zahiri şəkildə işlənir, digəri də bəsirət gözü ilə görülə bilən, ağlın gücü ilə dərk edilən ideya hesab olunur…

            1857-ci ildə qələmə alınan “Aldanmış kəvakib” povestinin bəsirət (ağıl) gözü ilə görülə bilən ideyasından danışmazdan əvvəl, onun zahirdə işlənən mövzusu və oxucuya çatdırılan ideyasına da toxunmaq yerinə düşər. Əsərdə Səfəvi hökmdarı Şah Abbasın hakimiyyəti illərində baş verən hadisələr və onun ortaya çıxardığı nəticələr əks olunur. Belə ki, ölkəni zalımlıqla və yarıtmazlıqla idarə edən Şah Abbasın yarıtmaz fəaliyyəti nəticəsində xalqın var-yoxu talanıb, hər yer xarabalığa çevrilib. Yüksək miqdardakı vergilər, günbəgün artan zülm, haqsızlıq və ədalətsizlik insanlara olmazın çiləsini çəkdirir. Xalq gələcəkdən ümidini kəsib. Şah Abbas kimi onun əyan-əşrəfi də zalım və işbilməzdirlər. Şahın vəziri, sərdarı (ordu başçısı), xəzinədarı, mollabaşısı (dövlətin din işləri üzrə cavabdeh şəxsi) yarıtmazdırlar. Onlar yarıtmaz olduqları kimi, daxildə bir-birləri ilə çəkişmə içərisindədirlər… Yazıçı bu çəkişməni təsvir etməklə həm də onu göstərir ki, dövlətin inkişafı, əhalinin rifah halının yüksəldilməsi üçün vəzifədaşların bir-birləri ilə qarşılıqlı əlaqə içində fəaliyyət göstərmələri vacibdir… Şah Abbasın və əyan-əşrəfinin bu zülmü və yarıtmaz fəaliyyətləri xalqı narahat etmir. Sadəcə üç-beş nəfər şah və digər idarəçilərin zalımlıqlarına və ədalətsizliklərinə qarşı öz etirazlarını bildirir. Əsərin davamında Yusuf Sərrac adlı ədalətli, xalqını sevən bir insan hakimiyyətə gəlir. Ölkəni ədalətlə və qanunun üstünlüyü prinspi ilə idarə etməyə başlayan Yusif şah insanların xoşbəxt və firavan yaşayışı üçün bir-birinin ardınca islahatlar həyata keçirir. O, ilk növbədə, nadan və yaltaq məmurları saraydan uzaqlaşdırır, dövlət üçün lazımsız olan mənsəbləri ləğv edir, vilayət hakimlərinə xalqa ədalətli davranmağı tapşırır. Ölkədə xalqın mənafeyinə uyğun vergi sisteminin tətbiq edilməsi, şəhər və kəndlərin, yolların abadlaşdırılması, eləcə də susuz yerlər su çəkilməsi, məktəblərin, xəstəxanaların tikilməsi və sair də Yusif şahın islahatlarına daxil olan məsələlərdən idi. Amma xalq bu islahatlara hazır deyildi. Şah Abbasın qəddarlığına adət etmiş avam xalq, Yusif şahın bu mütərəqqi addımlarını dərk etməkdən uzaqdı. Bu anda bizim “bəsirət gözü ilə görmək mümkündür” dediyimiz ikinci (zahirdə görünməyən) süjet xətti ortaya çıxır. Deməli, mütərəqqi ideyaları həyata keçirmək üçün, cəmiyyətin inkişafına nail olmaqdan ötəri xalqın da, kütlənin də buna hazır olması vacibdir. Xalq yüksək uzaqgörənliyi ilə onun üçün xeyirli olanı dərk etməlidir. Gələcəyini, müqəddəratını özü təyin etmək qabiliyyətində olmalıdır. Bunun üçünsə o, gərək hər şeyin, prosesləri dərk etmək iqtidarında olsun. Belə olan halda xalq əsl qurtuluşa vara bilər. Əgər xalq aldanarsa, aldanmış düşüncəsi də ona mane olacaq, gələcəyini qaranlığa doğru istiqamətləndirəcək…

            Beləliklə, böyük bir maarifçi şəxsiyyət kimi Axundzadə “Aldanmış kəvakib” əsərində bu ideyanı bizə çatdırmışdır: Xalq islahata hazır olmalıdır. Xalq hazır olduqdan sonra nələrəsə qadir olmaq mümkündür. Bütün bu dediklərimizə bəsirət (ağıl) gözü ilə baxdıqda, yazılanları bir-bir ələkdən keçirdikdə görə bilirik… Ədəbiyyat nə qədər böyük vasitə və mexanizmdir. Həyatı, onun enişini, yoxuşunu bizə ondan daha yaxşı anladan nə var?! Ədədbi əsərlər bizə bu kimi sirli, sehirli mətləblərdən xəbər verir. Söz sənətini oxuduqca, kim, bilir, onun daha hansı möcüzələri ilə qarşılaşacağıq… Beləliklə, Mirzə Fətəli Axundzadə “dünyasından” ayrılıb tarix boyu bizə haqq-ədalət yolunda bələdçilik edən, yaxşını, pisi bizə anladan AŞIQ YARADICILIĞI “dünyasına” üz tuturuq. Növbəti yazımızda bu haqda…

HƏYAT AYNASI, DOĞRULUQ BƏLƏDÇİSİ – VIII YAZI

            Biz bəzən yanılaraq keçmişi bu günün nöqteyi-nəzəri ilə, hazırki şəraiti əsas götürərək qiymətləndiririk. Bu, tamamilə yanlış olan yanaşma tərzidir. Çünki hər bir hadisəni, prosesi öz tarixi şəraiti və mövcud olduğu zamanla birlikdə qiymətləndirmək doğru və ədalətli olar. Bu yanaşma tərzi ədəbiyyatla da bilavasitə bağlıdır. Şair və yazıçıların, hər hansı bir ədəbi istiqamətin qiymətləndirilməsi zamanı da bu qanunauyğunluğa riayət etmək yaxşı olar… Düşünün ki, internetin olmadığı bir zamanda yaşayırsınız, bir neçə saniyə içərisində istənilən məlumatı əldə etməkdən məhrumsunuz. Bundan başqa, telefon, televizor da mövcud deyil. Yəni bu gün məlumat, informasiya əldə etdiyimiz əsas vasitələrin olmadığı bir zaman kəsimində ömür sürürsünüz. Məktəblər də, təhsil müəssisələri də indiki kimi hər yerdə yoxdur. Qəzetlər nəşr olunmur, minlərlə nüsxəli ədəbiyyatların olduğu kitabxanalara rast gəlinmir (tək-tük istisnaları çıxmaq şərti ilə). Əhalinin çox az faizi təhsil ala bilir. Onda belə bir sual doğur insan beynində: Bəs insanların digər kəsimləri necə olacaq?! Onlar bilik və bacarığı, dünyanın yaxşı və pis tərəflərini, xeyir və şəri necə öyrənəcəklər?!. Başqa bir yoldan davam edək. Əsl elm, əslində, bu gün bizim öyrəndiyimiz elm deyil, əsl elm həyatı öyrədəndir, bizə yaxşı və pisi anladandır. “Biz nə üçün yaşayırıq?!”, “Yaşamaq amalımız və məqsədimiz nədən ibarət olmalıdır?!” kimi suallar da elmin əsas obyekti olmalı deyilmi?! Buna görə də qərara gəlirik ki, ədəbiyyatın ən böyük qollarından olan və bizə qeyd etdiyimiz sualların cavabını anladan aşıq yaradıcılığından danışaq.

            Söz sənətinin bənzərsizliyindən, insanlıq qarşısında oynadığı roldan və daşıdığı funksiyadan bəhs edərkən AŞIQ YARADICILIĞINI həyatın mərkəzinə gətirmək yerinə düşər. Əvvəlcə, onu söyləyək ki, aşıq yaradıcılığı söz sənətinin ən qədim qollarından biridir. Əsas məqsədi və amalı xalqa xidmət etmək olan söz sənətinin bu qoluna ulu əcdadımız da biganə qalmayıb. Aşığı çox hallarda əcdadlarımız “dədə” adlandırılmış, onlara el ağsaqqalı, elin dədəsi funksiyasını vermişlər. Aşıq yaradıcılığının əsas janrlarından olan dastan yaradıcılığının şah əsəri olan 1300 illik “Kitabi-Dədə Qorqud” eposunda biz xalqımızın aşığa (ozana) qarşı münasibətini bu mənada aydın şəkildə görürük. Aşıq yeni doğulan körpələrə ad qoyur, elçilik edir, küsülüləri barışdırır, hər müşkül məsələni qaydasına qoyur. Kim el ağsaqqalı adlanan aşığa (ozana) qarşı çıxarsa, o ələlbət peşman olacaq. Aşıq kimi onun sazı-qopuzu da müqəddəslik mərtəbəsindədir. Hətta düşmən əlində saz-qopuz olarsa, o da bağışlanardı. Folklor yaradıcılığımızın şedevr əsəri olan “Kitabi-Dədə Qorqud” dastanından söhbət düşmüşkən aşıq sənətinin ulu babası olan Dədəm Qorqudun eposta söylədiklərinə də nəzər salaq. Amma bir şərtlə, bu dəfə yalnız sözə yox, onun daşıdığı hikmətə də diqqət yetirməklə: Allah, Allah deməyincə işlər düzəlməz. Bir igidin qara dağ yumrusunca malı olsa, yığar-toplayar, qismətindən artığını yeyə bilməz. Təkəbbürlük eyləyəni Tanrı sevməz. Qarı düşmən dost olmaz. Kişi malına qıymayınca adı çıxmaz. Qız anadan görməyincə öyüd almaz. Ata malından nə fayda, başda ağıl olmasa. Gəlimli, gedimli dünya, son ucu ölümlü dünya…

Hər bir səhifəsi hikmətlə dolu olan aşıq yaradıcılığında irəliləyək. Amma başa qayıtmaqla, sonra isə bu yolda davam edəcəyik. Aşıq yaradıcılığı əsas etibarı ilə müxtəlif məclislərdə söylənmək və bununla da insanlara “çatmaq” funksiyasını icra etmişdir. İnternetin, televizorun, hətta qəzetlərin, kütləvi şəkildə mövcud olmayan məktəblərin (kitabların) rast gəlinmədiyi bir dövrdə insanlara müxtəlif elmlərdən, dünyanın xeyir və şərindən, yaxşıdan, pisdən hali edərək onlara, bir növ, məktəb olmuşdur. Bu səbəbdən aşıqlar saz əlində, söz sinəsində və hikmət də sözlərində el-el, oba-oba gəzərək insanlara “dərs” keçmişlər. Oğuz elində xanlar, bəylər məclisində başda oturan Dədəm Qorqud da, Şah İsmayıl Xətayinin sarayında böyük nüfuz sahibi olmuş Dirili Qurbani də, Aşıq sənətinin ən böyük nümayəndəsi Aşıq Ələsgər də bu qəbildən idilər. Onlar yaşadıqları dövrdə bir el ağsaqqalı kimi fəaliyyət göstərməyin yanında, insanlara həyatın minbir sifətini, yaxşını, pisi, xeyir və şəri öyrətmiş, onları dünyan sirlərindən agah etmişlər… Yolumuza davam edək. “Qəm çəkmə bu qədər, divanə könül, həmişə ruzigar belə dar olmaz”,- deyənDirli Qurbani, “El bir olsa, dağ oynadar yerindən”,- deyən Aşıq Abbas Tufarqanlı, “Yaman addan ölüm yaxşıdır”,- deyən Xəstə Qasım, “Mən Allahdan istəmirəm, çox dövlətim, malım ola, bir balaca güzəranım, dolanmağa halım ola, min batman zərim olunca, bir misqal kamalım ola”,- deyən Aşıq Ələsgər yaradıcılıqları sözbəsöz, səhifəbəsəhifə bilik tədris edir. Təki onlar oxunsun, öyrənilsin… Söz sənətinin ən qədim dövrlərindən mövcud olmuş aşıq yaradıcılığı, aşıq sənəti son XX əsrin əvvəllərinə kimi yuxarıda qeyd edilən funksiyaları yüksək səviyyədə icra etmişdir. Xalqın maariflənməsində, onun informasiyaya çatmasında müstəsna xidməti olan söz sənətinin bu qolu haqqında geniş şəkildə araşdırmalar həm də onu göstərir ki, aşıq sənəti öz məktəb funksiyasını bu gün də oynamaqdadır. Həmçinin dünyada, bəlkə də, köhnəlməyən, “doğulduğu” gün kimi tər, təzə qalan söz öz gücünü aşıq yaradıcılığı ilə də göstərmiş olur və min il, bir əsr bundan öncə söylənmiş hikmətli sözlər insanlıq dünyasını işıqlandırmaqda davam edir.

            Beləliklə, söz dünyasının daha bir “ölkəsindən” ayrılırıq. Unutmadan onu da qeyd edək ki, söz bir neçə kəlmədə birləşməsinə və yaxud bir kitabda cəm olmasından asılı olmayaraq, bəşər övladına bir çox şeylər öyrədə bilir. Bunu biz ən yaxşı şəkildə Əbdürrəhim bəy Haqverdiyevin “Mirzə Səfər”ində də görə bilirik. Həcmcə kiçikölçülü olmasına baxmayaraq, bu hekayə bir məktəb funksiyasını yerinə yetirməkdədir. Bu haqda növbəti yazımızda…

               “MİRZƏ SƏFƏR”İN “DƏRSİ” – VIII YAZI

            İnsanlıq tarixinin əsas dönüm nöqtələrindən biri dövlət modelinin ortaya çıxması olub. Çünki dövlət modelinin ortaya çıxması və də bu modelin illər, əsrlər ötdükcə təkmilləşməsi insanlıq üçün gərəkli olan bütün hüquqi, demokratik prinsiplərin (dəyərlərin) onun təminatı altında inkişaf etməsinə imkan yaradıb, nəticədə insanların yaşayışı müəyyən qanunauyğun hal alıb. Bu gün hansı cəmiyyətdə inkişaf, tərəqqi mövcuddursa, insanlar xoşbəxtdirsə, deməli, orada dövlət var və güclü dövlətçilik sistemi qurulub. Güclü dövlətçilik sisteminin mövcudluğu isə bir çox digər kordinatların yanında, o dövlətə layiqincə xidmət edən, öz vəzifəsinin öhdəsindən gələn insanların (vətəndaşların) olmasından da xeyli dərəcədə asılıdır. Bu qədər əhəmiyyətli mövzu isə ola bilməzdi ki, söz sənətindən yan keçsin və mövzu kimi ədəbi əsərlərə gətirilməsin. Azərbaycan ədəbiyyatının ən güclü qələm sahiblərindən Əbdürrəhim bəy Haqverdiyevin “Mirzə Səfər” əsəri məhz bu mövzunu başqa çərçivədən ortaya qoyur…

            İnsanlıq tarixini daim humanizmə, aydınlıq gələcəyə doğru istiqamətləndirən söz sənəti bunun üçün bütün vasitələrə əl atıb, gərəkli bildiyi hər mövzunu bəşər övladının diqqətinə çatdırıb. Bu haqda biz ötən yazılarımızdaca danışmışıq (yazmışıq). Bu yazımızda isə çox əhəmiyyətli bildiyimiz başqa bir istiqamətdən irəliləmək qərarına gəlmişik… Dövlət canlı orqanizm deyil, amma canlı varlıqlar (orqanizmə sahib olanlar) kimi onu formalaşdıranlar mövcuddur. Bunlar biz insanlarıq, daha dəqiq desək, dövlətin bu və ya digər sahəsində çalışan onun vətəndaşlarıdır. Bu insanlar (vətəndaşlar) isə necə çalışırlarsa, Vətənə necə sədaqətlə xidmət edirlərsə, dövlət də eləcə inkişaf edir, çiçəklənir və yaxud da əksinə, tənəzzülə qərq olur, tarix səhnəsində itib-batır. Başqa bir yanaşma tərzi. Dövlətin bu və ya digər sahəsində çalışanlar öz fəaliyyətləri ilə insanların dövlətə, ölkəyə münasibətlərini formalaşdırırlar. Məsələn, bir quruma üz tutduqda o qurumda çalışanların peşəkar fəaliyyəti, bizlərlə yaxşı davranışı bizim də dövlətə olan münasibətimizi istər-istəməz yaxşı mənada formalaşdırır. Dövlətin bu və ya digər sahəsində çalışanların hansı xüsusiyyətlərə malik olmaları isə bu mənada xüsusi əhəmiyyət kəsb edir.   

            Hər hansı bir insanın (vətəndaşın) dövlətin bu və ya digər qurumunda ona tapşırılan işi və verilən öhdəliyi necə icra etməli olduğu mövzu kimi az, yaxud da çox dərəcədə ədəbi əsərlərdə işlənib. Məsələn, fransız filosof-ədib Viktor Hüqonun məşhur “Səfillər” əsərində bu mövzu insanların diqqətinə bu cür çatdırılıb. “Hər kəsin yüksək savadı ola bilməz, amma işini vicdanla yerinə yetirməklə mükəlləfdir” deyən Hüqo “Səfillər” əsərində Din (Fransada şəhər) yepiskopu vasitəsilə dövlət işində çalışan, dövlətin vətəndaşına həvalə etdiyi bir işi insanın necə məsuliyyət və qayğıkeşliklə icra etməli olduğunu göstərir. Eyni zamanda məsuliyyətli və vicdanlı bir məmurun insanı, insanlığı yaxşı mənada necə dəyişdirə biləcəyi, ona işıqlı gələcək aşılayacağı da əks etdirilir. Din şəhərinin baş yepiskopu Mirielin bir din xadimi kimi maaşının böyük bir hissəsini xeyriyyə işlərinə sərf etməsi, gərək bilmədiyi üçün böyük yepiskopluq binasından xəstəxananın xeyrinə imtina etməklə kiçik bir idarədən işini davam etdirməsi, katorqalı bir “caniyə” dərs keçməklə onun gələcəkdə vicdanlı bir insana çevrilməsinə öncüllük etməsi eyni zamanda oxucunu Mirielin timsalında dövlətinə, onun təmsil etdiyi quruma qarşı bir ehtiram yaradır.

            Azərbaycan ədəbiyyatının dövlət-vətəndaş, dövlət-məmur anlayışının ortaya qoyulduğu şedevr əsər isə “Mirzə Səfər” hekayəsidir. Əsəri mütaliə etdikdə öyrənirik ki, Mirzə Səfər 45-50 yaşlarındadır və dəftərxanada qulluqda işləyir. 25 manatlıq məvacibi az da olsa, o, iki övladına təlim-tərbiyə verməkdə qərarlıdır. Müxtəlif çətinliklərə və süni maneələrə baxmayaraq, Mirzə Səfər oğlanlarını həkim və mühəndis kimi yetişdirə bilib. Əsərdə bizim oxucunun diqqətinə çatdırmaq istədiyimiz ideyanın yanında, iki mühüm məqamı bu anda gərək qeyd edək. Birincisi, Mirzə Səfərin dostu saatsaz Usta Zeynalla münasibətidir. Övladlarını oxutdurmaqda çətinlik çəkən Mirzəyə dostu Usta Zeynalın “İndi gəl biz bir iş görək. Sənin məişətin ağır keçir. İndi bir az da ağırlaşacaq. Mən də ki saatsazlığımla səndən çox qazanmıram. Gəl sənin uşaqlarının oxumasına şərik olaq. Oğlunun birinin xərcini sən çək, o birininkini də mən çəkim. İldə həşdad manat sənin üçün ağır yükdür. Amma qırx manat döy-sındır düzəldərsən. Mənim də gücüm çatar” sözləri dostluq münasibətlərinin necəliyindən və yaxşı dostun olmasının əhəmiyyətindən xəbər verir. Digər ikinci mühüm mətləb isə Mirzə Səfərin övladlarının birinin digərinin xeyrinə etdiyi güzəştdir. Belə ki, hər iki övladına eyni vaxtda ali təhsil vermək iqtidarında olmayan Mirzənin kiçik oğlu qardaşının təhsilini davam etdirməsi üçün öz təhsilini müvəqqəti dayandırır, çalışaraq qardaşının təhsil alması üçün pul qazanaraq ona yollayır.

            “Mirzə Səfər” hekayəsinin oxucu tətqiqinə cəlb etməyimizin əsas səbəbi isə yuxarıda qeyd etdiyimiz kimi əsərin baş qəhrəmanı Mirzə Səfərin qulluqdakı vicdanlı iş fəaliyyətidir. Aylıq 25 manat məvacibi Mirzənin dolanışığını çətinləşdirir. Bununla belə o öz işinə və adına xələl gətirə biləcək işlərə heç vəchlə qol qoymur. Mirzə Səfər deyir: “Rüşvət almaq adamı qorxaq və gözükölgəli edər, rüşvət aldığın adamların hansını görsən, gərək ikiqat baş əyəsən… Nə lazım? Qulluğumda təmiz olaram, maaşıma qənaət edərəm, bir kəsə ehtiyacım olmaz, həmişə də başıuca gəzərəm, 25 manat məvacibim var, ayda bir 10 manat da evə gəlib ərizə yazdıranlardan qazanıram, bu da mənim başımdan aşıb, ayağımdan çıxar”.  Mirzə Səfərin ölüm ayağında övladlarına xitabən dedikləri də bizim üçün dərsə bərabərdir: “Balalarım, dünyada mən çox ömür etmişəm… Cəmi ömrümü işimdə təmiz olmuşam… Siz təmiz, namuslu dolanırsınızsa, həmişə müvəffəqiyyət sizi tapar”… Əbdürrəhim bəy Haqverdiyevin böyük ustalıq və uzaqgörənliklə işləyib hazırladığı “Mirzə Səfər” hekayəsi kiçikhəcmli, amma daşıdığı məna və aşıladığı mətləblər baxımından olduqca nəhəng bədii nümunədir (bunu biz hekayədən gətirdiyimiz bir-iki misalda gördük). Bu hekayəni mütaliə etdikcə insan şüur və düşüncəsində bir neçə mühüm mətləb hasil olur. İnsan gərək öz adına ləkə vuracaq iş və əməllərdən uzaq olsun. Ona tapşırılan hər bir işin öhdəsindən gəlmək üçün var gücü ilə çalışsın. Dövlətinin başını uca tutsun, onun hörmətini ziyadə etsin! İnsan, Mirzə Səfər demişkən, onda həmişə başıuca gəzər…

            “Mirzə Səfər” hekayəsindən bizim çıxardığımız nəticələrdən biri də budur ki, Vətənə, dövlətə xidmət etmək üçün gərək hərtərəfli biliyə də yiyələnəsən. Bunun üçün lazım gələrsə, xaricə də üz tutasan, dünya təcrübəsini öyrənəsən. Mühüm məqam isə xaricdə təhsil alarkən öz dəyərlərini qoruyub saxlamaqdır. Dəyərlərdən məhrum olmaq isə insanları, cəmiyyəti parçalanmağa, uçuruma aparar. Necə ki bu mətləbi bir əsr bundan öncə Mirzə Cəlil “Anamın kitabı” tragikomediyasının əsas mövzusu kimi işləyib. Bu haqda növbəti yazımızda…

MİLLİ DÜŞÜNCƏDƏN MƏHRUM OLMAQ… X YAZI

            Mütəliə etmək, kitab oxumaq, təhsil almaq – bunlar ilk baxışdan bütün məqamları ilə insanlara faydalı hesab edilir. Təbii ki də, elədir. Tarix boyu bu sadaladıqlarımız insanlığa işıq tutmuş, onun yolunu aydınlatmışdır. Buna görə də insanlar mütaliəyə, dolayısı ilə kitaba və təhsilə maraq göstərmişlər. Amma şər qüvvələr hər şeydən istifadə etdikləri kimi, təəssüf, ən ülvi istiqamət olan kitabın, təhsilin vasitəsiylə də insanlara asan çata bilmək funksiyasından maraqları naminə yararlanmışlar… Unutmaq olmaz ki, dövlətlərin dövlətlər, xalqların xalqlar üzərində maraqları daha da artmaqdadır. Belə olan halda dövlətlər (xalqlar) hədəfə çevrilən ölkədə maraqlarını bilərəkdən və kortəbii şəkildə yerli insanlar tərəfindən təbliğ edənlərin (hətta icra edənlərin) olması amilinə diqqəti gücləndirmişlər. O səbəbdən bu amildən, xüsusilə də, XIX əsrin sonlarından etibarən dünyanın müxtəlif qüvvələrin öz xeyirlərinə kompleks şəkildə istifadə etdiyini görməyə başlayırıq. Böyük demokrat, öz dövrünün minbir oyununu yaxşı görən Mirzə Cəlil “Anamın kitabı” tragikomediyasında bu mövzunu işləyərək xalqımızın diqqətini buna yönəltməyə çalışmışdır…  

            Bütövlükdə XIX əsr və XX əsrin əvvəllərindən etibarən dünyada elm, təhsil daha da həlledici amil hesab edilməyə başladı. Əvvəlki yüzilliklərdə güc, qorxmazlıq daha çox ön planda idisə, qeyd edilən dövrlərdən etibarən elmi tərəqqinin qarşısında heç bir qüvvə tab gətirə bilmirdi. Bu dövrlərdə o səbəbdən elmin, təhsilin inkişafına xüsusi diqqət göstərilmiş, gənclər təhsil almaq üçün hətta müxtəlif ölkələrə də üz tutmağa başlamışdı. Bu isə dünyada bir tərəfdən inteqrasiya prosesinin sürətlənməsinə imkan yaradırdısa, digər tərəfdən də bir sıra problemləri özündə ehtiva edirdi. Birincisi, xarici ölkələrə təhsil almaq üçün gedən gənclər həmin ölkələrdə təsir altına düşə bilir, öz milli düşüncələrinə tərs gələcək addımlar atırdılar. İkincisi, onlar təhsillərini başa vurub öz ölkələrinə qayıtdıqda bir çox hallarda milli dəyərlərindən yoxsul, dövlətçilik dəyərlərinə zidd olaraq təhsil aldıqları ölkələrin maraqlarına uyğun fəaliyyət sürdürürdülər (Əlbəttə, burada bir qisim insanlar nəzərdə tutulur). Bu istəyərək və ya bilmədən həyata keçirilən aksioma (proses) idi. Son bir-iki əsrdir ki, milli ziyalılarımızı düşündürən bu amil isə artıq XX əsrin əvvəllərində “Anamın kitabı” ilə mövzu kimi ədəbiyyatımıza gətirilmiş, insanların diqqətinə çatdırılmışdı.

            Söz sənətimizin şah əsərlərindən olan “Anamın kitabı” tragikomediyasında biz bütünlüklə milli düşüncədən məhrumolmanın hansı fəsadlar törədə biləcəyinin şahidi oluruq. Əsəri mütaliə etdikcə, onun məzmunu ilə tanış olduqca bu günümüz üçün də aktual olan məsələnin nə qədər mühüm əhəmiyyət daşıdığı bir daha öz təsdiqini tapmış olur. Tragikomediyada baş qəhrəman Zəhrabəyim ananın övladlarından Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid yüksək təhsil almaq üçün xaricə – müvafiq olaraq Rusiya, İran və Osmanlıya üz tutmuşlar. Övladların xaricədə təhsil almaları, yüksək biliyə yiyələnmə ehtimalları ailənin sevincinə səbəb olur, eyni zamanda Azərbaycanı müstəmləkədə saxlayan Çar rusiyasını da narahat edirdi. Ona görə ki, ailə övladlarının Vətənə layiqincə xidmət edəcəyinə inanır, işğalçı ölkə isə xalqın bu kimi təhsilli gənclər vasitəsilə milli oyanışından narahat olurdu. Amma gəl gör ki, Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid təhsilllərini başa vurub Vətənlərinə qayıtdıqda ailənin sevinci kədərə, işğalçı ölkənin narahatlığı isə sevincə çevrilir. Çünki qardaşlar təhsil almaq üçün getdikləri ölkələrdən öz milli düşüncələrini itirmiş, xalqımıza yad olan dünyagörüşü özləri ilə Vətənlərinə gətirmişdilər. Ayrı-ayrı ölkələrdə öz milli dəyərlərini itirmiş qardaşların bu vəziyyəti onların bir-birlərinə qarşı düşmən münasibətə sövq etmişdi.

              Müəllif bu məqamda milli düşüncədən uzaq düşmüş, “məsləkayrı qardaşların” (əslində, məsləkayrı insanların) Vətənə nəinki xeyir verə bilməyəcəyi qənaətini ortaya qoyur, hətta bu düşüncə sahiblərinin doğma yurdunu, ölkəsini uçuruma sürükləyəcəyi düşüncəsini irəli sürürdü. Qardaşların əsər boyu bir-birlərinə qarşı laqeyd, bəzən düşməncəsinə münasibətinin kökündə onların öz milli kimliyini unutması və təsir dairəsinə düşmələri göstərilirdi… Övladlarının qeyd edilən “mərəzləri” tragikomediyada Vətəni təmsil edən Zəhrabəyim ananı mənən iflic edir. Böyük ümidlərə xaricə təhsil almaq üçün göndərdiyi Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid doğma yurdlarına qayıdanda ananın gələcək üçün ümidləri puç olur. Çünki ananın (Vətənin) varlığına səbəb onun övladlarının (vətəndaşlarının) fəaliyyətidir. Əgər bu fəaliyyət qanunauyğun olarsa, onda ana (Vətən) yaşaya bilər, əks təqdirdə o, məhvə düçar olacaq.

Mirzə Cəlil tragikomediyanın sonunda dünyadan köç etmiş ata Əbdüləzim kişinin övladlarına vəsiyyətini də oxucunun diqqətinə çatdırır. “Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-ağır Günün başına dolanırlar. Çünki bunlar hamısı qədim əzəldə Gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar. Çünki ay və ulduz Şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edəcək, nə qədər canında nəfəs var, peşiman olacaq”. Ata Əbdüləzim kişinin bu vəsiyyətini oxucuya çatdıran Mirzə Cəlil insanların dövlət ətrafında birləşməsini, dövlətə, xalqa xidmət etməsini, bir növ, təbiət qanunu hesab edir. Amma “vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə…”.

Söz sənətimizin şah əsərlərindən olan “Anamın kitabı” tragikomediyasını mütaliə etdikcə dramaturqun nə qədər mühüm məqamlara toxunduğunu görmək mümkün olur. Qorunmayan, qayğısına qalınmayan, hərənin bir tərəfə çəkdiyi Vətən, millət parçalanmağa, yadlar tərəfindən işğala məhkumdur – anlayışının ideya kimi işləndiyi əsərdən çıxarılacaq nəticələr çoxdur. Ümumiyyətlə, yeni dünya formatının ortaya qoyulduğu bir dövrün astanasında dünya sürətli inkişaf yoluna qədəm qoymuşkən, “əcnəbi seyrə balonlarla çıxarkən” bizim hələ “avtomobil minməməyimiz”, hələ-hələ kiçik nəsnələrlə mübarizədə belə irəliyə doğru yön almağı bacarmamağımız “qələmimin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir”, – deyən Mirzə Cəlil kimi dövrün qabaqcıl ziyalılarını narahat etməyə bilməzdi. Mənsub olduğu xalqın işıqlı günlərə çıxması üçün Mirzə Cəlillə çiyin-çiynə mübarizə aparan Mirzə Ələkbər Sabir yaradıcılığı, yorulmaz və cəsur fəaliyyəti də bu mənada xüsusi diqqətə layiqdir. Bu haqda növbəti yazımızda…

DİNDİRİR ƏSR BİZİ, BİZ NECƏ? DİNİRİKMİ?… XI YAZI

            Biz ədəbiyyatın sadəcə ədəbiyyat kimi düşünülə bilməyəcəyini demişik. Belə olan halda bir ədəbi nümunəyə, bir kitaba sadəcə söz yığını kimi baxmaq, hətta bir əsər kimi yanaşmaq doğru deyil. Ədəbiyyat istər bir beyt, istərsə də epopeya olsun, yaxşı dərk edildiyində bir milləti, bir dövləti qurtuluşa çatdıra bilər. Söz sənətinin özündə ehtiva etdiyi bu mətləblər, xüsusilə də humanizm ideyaları yer kürəsini öz ağuşuna alsa, onun dünyamızın xilasında böyük rol oynaya biləcəyinə inamımız bu mənada tamdır. Ədəbiyyat, bəli, bütün tarixi dövrlərdə cəmiyyətlərin islahında mühüm rol oynamışdır. Bu birinci əsrdə də belə idi, iyirminci əsrdə də…

            Söhbəti XX əsrə gətirmişkən onu qeyd edək ki, bu yüzillik dünyada qırılma nöqtəsi hesab edilə bilər. Yeni dünyanın qurulduğu, düşüncələrin, fərqli-fərqli qüvvələrin qarşı-qaşıya gəldiyi bu dövrdə artıq yer kürəsi və mədəniyyətlər yolayrıcına girmişdi. Birinci və İkinci Dünya müharibələri bu yolayrıcılarının nəticəsi kimi ortaya çıxmışdı. Çünki dünya bölüşdürülür, güclülər hegomonluğunu daha da artırır, zəiflər isə yox olmaqla üz-üzə qalırdı. Bu qeyd etdiklərimizin fonunda onu deyə bilərik ki, XX əsr artıq bizləri “dindirirdi”. Yeni dünya formatına cavab verməyin, bu yüzilliyin tələbləri istiqamətində irəliləməyin vacibliyini təlqin edirdi. Dövranın bu böyük çağırışı və diqtəsi isə özünü ən güclü şəkildə ədəbiyyat vasitəsilə təzahür etdirirdi. 

            XX əsrdə “Sizi deyib gəlmişəm” deyən, “dindirir əsr bizi” kimi çağırışlar daha çox özünü göstərməyə başlamışdı. Xalqın dərdini anlayan, onun tutulduğu mərəzi yaxşıca görən söz sənətkarları bir loğman həkim və təbib kimi çalışaraq dərdlərə dərman axtarırdılar. Bunlar içərisində, heç şübhəsiz, “Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”, -deyən Mirzə Ələkbər Sabir xüsusi yer tutur.

Mirzə Ələkbər Sabir (1862-1911) bütün həyatı, fəaliyyəti və yaradıcılığı ilə xalqımızın milli oyanışı istiqamətində çalışmışdır. İnsanların maariflənməsi üçün səy göstərən, onun ayaqlarına qandal olan mənəvi geriliyə, cəhalətə və mövhumata qarşı vuruşan Sabir, ümumiyyətlə, tərəqqiyə qarşı duran hər nə varsa, onunla nəinki mübarizə edir, hətta savaş açırdı. Bu satirik şair məktəblərdə dərs deyir, qəzet və jurnallarda çalışır, milli azadlıq üçün mübarizə aparanlara öz şeirləri ilə dəstək olurdu. Bunların kökündə isə yalnız və yalnız xalqını işıqlı günlərə çıxarmaq amalı dayanırdı.

            Dövrün bütün “sifətlərini” hərtərəfli şəkildə görən, onları öz düşüncə xəlbirindən keçirən Sabir yaşadığı əsrin xalqlar qarşısındakı istək və tələblərini də yaxşıca anlayırdı. O, xalqın böyük xəstəliyə düçar olduğunu dərin ürək ağrısı ilə görür, onu bu xəstəlikdən xilas etməyə çalışırdı. Bu xəstəliyin dərmanı isə elm və maarifdə idi. Dünya isə bu dərmanın müalicəsini çoxdan görmüş, elm və maarifin faydalarından yararlanmağa başlamışdır. Xalqların elmi tərəqqi istiqamətində sürətlə irəlilədiyini görən Sabir isə xalqımızın “oxutmuram, əl çəkin” kimi nidaları ilə baş etmək qarşısında qalmışdı.

            Bütün dövrlərin ən böyük mütəfəkkirlərindən olan Sabir üzünü xalqa tutur, əsrin onları “dindirdiyini”, onların bu çağırışlara tez və sürətli şəkildə cavab verməli olduqlarını başa salmağa çalışırdı. O, əsərləri ilə xalqın qarşısında iki səhnə canlandırırdı. Bir tərəfdə inkişaf etmiş cəmiyyət, bunun səbəb və nəticələri, digər tərəfdə isə cəhalət və gerilik, onun yaratdığı acı vəziyyət bu səhnələrin iki zidd qütbünü əks etdirirdi. Sabir xalqına deyirdi ki, bax gör, əcnəbilər inkişaf edir, “seyrə balonlarla çıxır, biz isə hələ avtomobil minməyiriz”. Bunu səbəbləri nə idi? Xalqı bunu düşünməyə vadar edirdi. Xalq isə düşünmürdü. Sabir qəflət yuxusunda olan həmvətənlərin dili ilə deyirdi, əslində, onlara müraciət edirdi: “Avropalı öz millətin ihya edir, etsin. Şənü şərəfi-qövmünü ihya edir, etsin. İnsanlıq adın dəhrdə ibqa edir, etsin. Qəflətdə yatıb, ad batırıb, nam alırız biz. Başa yumuruq zolladırız, kam alırız biz”.

            Xalq hansı addımlar atılsa, oyanar, onun diqqətini bu gedişata necə yönəltmək mümkündür?! Dünya da toplar açılır, amma biz ona diskinməyirik. Bütün bunlar Sabirin ruhunu incidirdi. Belə olan halda o, yenə yazırdı: “Tərpənmə, amandır, bala, qəflətdən ayılma! Açma gözünü, xabi-cəhalətdən ayılma! Laylay, bala, laylay! Yat, qal dala, laylay!”.

            “Mən bu millətin daxilini aydınlatmaq üçün şeirlər yazdım, başa düşmədilər, fikirləşdim ki, qoy xaricləri təmiz olsun, sabun hazırladım”,- deyən Mirzə Ələkbər Sabir öz yaradıcılığı ilə xalqın XX əsrin çağırışlarına cavab verməsi üçün var gücü ilə çalışdı. Yaradcılığının, demək olar ki, bütün məqamlarında Sabirin dünyanın çağırışına bu və ya digər şəkil və ölçüdə cavab verən əsərlər yazdığını görmək mümkündür. Dahi söz ustadının köhnəlməyən, tər-təzə qalan yaradıcılığı bu baxımdan ədəbiyyatın böyük təbliğat vasitəsi olduğunu, insanları, bir xalqı tərəqqiyə çağıraraq, hər cür şərə “Yox!” dediyini söyləmək mümkündür. Bütün bunlar isə onu göstərir ki, söz sənətimizə adını qızıl hərflərlə və əbədi həkk etdirən Sabir yaradıcılığının bu gün və gələcəkdə də öz aktuallığını itirməyəcəyi öz təsdiqini çoxdan tapa bilmişdir.

            “Mən gedərsəm, var olsun amalım, yaşasın şəhriyari-hürriyyət!”,- deyən Sabir dünyasından ayrılıb üz tuturuq dünya şeiriyyətinin zirvəsi olan Hüseyn Cavidin mənəvi aləminə. Mənəvi aləm dedik ona görə ki, dahi Cavid yaradıcılığına maddi sərhəd qoymaq böyük qəbahət olar. Bənzərsiz yaradıcılığında insanlığı iki dilema qarşısında qoyan Cavid əfəndi sanki ona anlatmaq istəyirdi ki, “Sən dünyanı qurtaran dahi də ola bilərsən, cümlə xəyanətlərə bais də… Bu haqda növbəti yazımızda…

DÜNYANI QURTARAN, YOXSA CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS OLAN İNSAN?! XII YAZI

            Ədəbiyyat bütün dövrlərdə insan və cəmiyyət, onun xarakteristikasının dünyaya təsiri ilə bağlı ən güclü müşahidə və müzakirə meydanı olmuşdur. Söz sənətkarları dünyanın gözəlləşməsinə və bunun üçün insanlarda humanizm prinsiplərinin güclənməsinə çalışmışlar. Bəşər övladının yalnız özünü sevməsi, eqosu və qarşısındakıları heç düşünməməsi müştərək evimiz olan dünyamızı daha pis vəziyyətə salması aşkardır. Dünyanın hansı nöqtəsinə nəzər salsaq, harada bir ağır mənzərə mövcudsa, bunun kökündə mütləq insanın və yaxud insan amili ilə bağlı bir məsələnin dayandığını görmüş oluruq. Buna görə də ədəbiyyat bir çox dəfə insanlıq qarşısında iki seçim qoymuş və onlardan hansını seçməli olduğu haqda düşündürmüşdür: Sən dünyanı qurtaranmı, yoxsa cümlə xəyanətlərə bais olanmı olmaq istəyirsən?! Ədəbiyyatın humanizmə söykənmiş bu beynəlxalq çağırışı dünya şeiriyyətinin zirvəsi hesab etdiyimiz Hüseyn Cavid yaradıcılığının ana xəttini təşkil etmişdir…

            Dünyada insanlığa qarşı müharibədən daha qənim kəsilən nə ola bilər ki?! Məsələn, Birinci Dünya müharibəsində doqquz milyon yarım insan həlak olmuş, iyirmi milyon insan yaralanmış, onların üç milyon yarımı ömürlük şikəst qalmışdır. İkinci Dünya müharibəsində isə təkcə yetmiş beş milyon insan dünyasını dəyişmişdir. Hələ dağılmış şəhərlər, viran olmuş ailələr, məhv olmuş iqtisadiyyatlar və başqa-başqa ağır nəticələri heç qeyd etmirik… Müharibənin insanlıq və bəşəriyyət qarşısındakı bu qədər ağır nəticələri Hüseyn Cavid yaradıcılığında geniş şəkildə işlənmişdir. Bu baxımdan onun 1918-ci ildə qələmə aldığı “İblis” faciəsi xüsusi yer tutur.

            Dünyada müharibəyə qarşı yazılmış şedevr əsərlərdən olan “İblis” faciəsinin dərin qatlarına endikcə biz çox-çox mətləblərdən hali oluruq. Əsər Birinci Dünya müharibəsinin qurtardığı bir dövrdə qələmə alınmışdır. Burada İblisə uymuş bəşəriyyətin acı vəziyyəti və dağılmış insan taleləri diqqətlərə çatdırılır. “İblis” faciəsinin əvvəlində bizi İblis və Mələk obrazları qarşılayır. Bəşəriyyətdə hökm sürən ağır vəziyyətin səbəbini insanda görən İblis dünyada qanın sellər kimi axdığını, insanların isə evlər yıxdığını qeyd edir. Mələk isə üzünü Uca Yaradana tutaraq insanların İblisə uyduğundan, heç kimsədə mürvət qalmadığından şikayətlənir. Mələyin fikrincə, bunun kökündə siyasətin İblis ilə həmrəng olması dayanır.

            Mövzusu müharibədən götürülən, amma real müharibə səhnələrinin təqdim edilmədiyi “İblis” faciəsində biz Arif obrazının timsalında isə insanın İblisə uymaqla özünü faciəyə sürükləyə biləcəyini müşahidə edə bilirik. Əsərin əvvəlində Arif dünyanın yaradılmasındakı ilahi məqsədi axtarır… Bütün insanlıq dünyanın yaranması haqqındakı ilahi məqsədi Arif kimi axtarmalı deyilmi?!. Dünyadakı ağır vəziyyət Arifi narahat etməkdədir. İnsanların xəlq edilməsində hikmət olduğuna inanan Arif İblisin yaradılmasındakı hikməti isə anlamaqda çətinlik çəkir.

            “İblis” faciəsində insanın müharibə ucbatından böyük fəlakətlər qarşısında qalmışdır. Dahi Cavid bu anda insanlara üz tutaraq onları düşündürməyə sövq edir: Bir fəzilətsə öldürüb-ölmək, canavar bizdən əşfər olsa gərək… Bəs İblisə uymuş insanların müharibə törətməsinə səbəb nədir? Buna faciədə aydınlıq gətirilir. Birinci səbəb kimi öz mənliyini, əqidəsini satan insanlar göstərilir ki, onlar İblisin qarşısında mutidirlər və onun hər dediklərini şəksiz edirlər. İkinci səbəbsə bəşər övladının daş-qaş əsirinə çevrilməsi ilə əlaqələndirilir. Əsərin əvvəlində haqq-ədalət axtarışında olan Arif obrazı altının, daş-qaşın əsirinə çevilməklə nəticədə qatil olur. Qardaşını, sevdiyi qadını və ona yaxşılıq edən kəsləri öldürən Arif, beləlikə, İblisə uyur və onun köləsinə çevrilir.

            İnsanlığı uçuruma sürükləyən İblisi, iblis xarakterli insanları və şər xisləti biz necə tanıya biləcəyik?! Buna müəllif İblisin dili ilə aydınlıq gətirir. İblis özünü tanıdır, bizim onu tanımağımız isə ağıl gücü ilə mümkündür. Axı o, mən Şərqdə abid oluram, Qərbdə rahib, bir qazi olub, gah edərim fitnələr icad, bəzən olurum bir çoban, azadə bir insan, bəzən olurum zülmü fəsad aşiqi sultan…

            “İblis” faciəsinin sonunda isə böyük mütəfəkkir kimi Hüseyn Cavid İblislə iblisləşmiş insan arasında müqayisə aparır. Bütün dövrlərdə yazılmış və insanlığı düşündürən ən böyük ədəbi nümunələrdən olan bu əsərdə oxuyuruq: İblis nədir? – Cümlə xəyanətlərə bais. Bəs hər kəsə xain olan insan nədir? – İblis.

İnsanın altın-pul hərisliyi, burnunun ucundan uzağı görə bilməməsi onu iblisləşdirir. İblisləşmiş insansa İblisdən daha təhlükəli olmaqla, müharibələr törədir, insanlığı məhvə sürükləyir. İnsanların bu qədər alçala bilməsini yenə diqqətlərə çatdıran Hüseyn Cavid onlara alçalmaq əvəzinə, dahiliyə yüksəlməyi təklif edir. Bəs insan dahilik mərtəbəsinə necə yüksələ bilər? Buna da aydınlıq gətirilir: Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü… Böyük bir humanizm məktəbi olan Hüseyn Cavid yaradıcılığı, göründüyü kimi, insanlığı İblisə uymaqla dünyanı uçuruma sürükləmək əvəzinə, müştərək evimizi xoşbəxtlər diyarına çevirməyə dəvət edir. Bütün bunlar “İblis” əsərinin, ümumən, Hüseyn Cavid yaradıcılığının ana xəttini təşkil edir.

            Humanizmə söykənmiş dünya şeiriyyətinin zirvəsi olan və hər bir məqamı ilə bizi düşündürən Hüseyn Cavid aləmindən ayrılaraq bu dəfə üz tuturuq sonuncu səfər edəcəyimiz “ölkə” olan Cəfər Cabbarlı diyarına. Vətəndaşın Vətən qarşısında borcunun olduğunu bizə dərin qatları ilə aşılayan, doğma yurdun bir tikə çörəyinin yad ölkələrin verəcəyi mücəfərdən daha üstün hesab edildiyi “Oqtay Eloğlu” faciəsi gələn dəfəki müzakirə obyektimiz olacaq…

“OQTAY ELOĞLU”DAN BİR MƏQAM – XIII YAZI

            Dünyanın dünəninə, bu gününə və sabahına işıq tutan, insanlığın qaranlıq yolunu aydınladan ədəbiyyatın əhəmiyyətindən bəhs etdiyim silsilə yazıların sonuncu mərhələsinə gəlib çatıram. Söz sənəti üzərində bu müddətdə apardığım araşdırmalar, etdiyim mütaliələr və gəldiyim qənaətlər ədəbiyyatın “elmlərin şahı” olması fikrinin nə dərəcədə doğru olduğu düşüncələrimdə bir daha öz təsdiqini tapa bilir. Hətta mən buna tamamilə əmin də oluram. Buna görə də “Ədəbiyyatdan uzaq düşən insan mənən şikəstdir, natamamdır”, – fikirinin doğruluğuna yəqinliyim var. Söz sənəti elə bir həyati sahə, elə bir əhəmiyyətli mövzu yoxdur ki, onu ədəbiyyata gətirməsin, insanlığın diqqətinə çatdırmasın. Bu yazıda bir məqamını oxucularımızın diqqətinə çatdıracağım Cəfər Cabbarlının “Oqtay Eloğlu” faciəsində işlənən mövzu da geridə qalan on iki yazıda olduğu kimi diqqətlə üzərində düşünülməli olan mətləbləri özündə ehtiva edir…

            Amerikada, Nyu-York Universitetində çalışan yapon əsilli amerikalı fizik Miçio Kaku yazır: Nəyə görə ABŞ-da bu qədər çox dahi alim var? Mən onu bilirəm ki, ABŞ digər ölkələrdən ən pis təhsil sisteminə görə fərqlənir. Amerikalı məzunların biliyi hətta üçüncü dünya ölkələrindən də aşağıdır. Bəs necə olur ki, ABŞ-ın elmi elitası ən yüksək mövqeyi hələ də öz əlində saxlayır, çökmür?!. Mən bunun səbəbini sizə deyirəm. Amerikanın bir gizli silahı var – Əcnəbi alimlər üçün viza. Unudun “Google”u, Silikon Vadisini. Bütün bunları amerikalılar yox, miqrantlar yaratdı. ABŞ dünyanın – Hindistanın, Çinin, Rusiyanın, Avropanın ən yaxşı beyinlərini özünə çəkir.  

Miçio Kakunun nəzərdə tutduğu beyin köçündən başqa bir şey deyil. Görkəmli fizikin “ABŞ – da təhsil sistemi üçüncü dünya ölkələrindən də aşağıdır” fikri ilə razılaşmamaqla bərabər, ABŞ – ın, hətta bütövlükdə Qərbin beyin köçündən və dünyanın digər dövlətlərindən cəlb etdiyi dahi şəxsiyyətlər hesabına bir çox sahələrdə inqilabi nailiyyətlərə yiyələndiklərinin isə həqiqət olduğunu düşünürəm. Miçio Kaku şəxsiyyəti də bu həqiqətin mərkəzində dayanır. Beyin köçü bir tərəfdən ABŞ və Avropanın tərəqqisində müstəsna rol oynamışdırsa, digər tərəfdən də ölkəsinin qaymağı olan şəxsiyyətləri itirən xalqlarsa inkişafdan geri qalmış, elmi-texniki tərəqqidə Qərbdən asılı vəziyyətə düşmüşdür. Xalqlar və dövlətlər qarşısında üzərində dayanılası məsələ olan beyin köçü mövzu kimi XX əsrin əvvəllərində Cəfər Cabbarlı yaradıcılığı ilə ədəbiyyata gətirilərək insanların diqqətinə çatdırılmışdır.

1922-ci ildə Cəfər Cabbarlı tərəfindən qələmə alınan “Oqtay Eloğlu” faciəsi Azərbaycanda milli teatrı yaratmaq məqsədini qarşısına qoyan Oqtay Eloğlu obrazından bəhs edir. Xalqını mədəni tərəqqiyə vardırmaq və inkişaf etmiş xalqlarla bir cərgəyə yüksəltmək istəyən Oqtay ciddi çətinliklərlə üzləşir. Çünki düşüncələrdə gerilik hələ də yüksəkdir,  var-dövlət aludəçiliyinin pik nöqtədə olduğu bir zamanda “yüksək” təbəqə nümayəndələrinin əksəriyyəti yalnız mənsəb və zənginlik dalınca düşmüşlər. Xalqın mənafeyi uğrunda çarpışan insanların az, qarşılaşdıqları maneələrin isə həddən ziyadə çox olduğu bir şəraitdə Oqtay qəhrəmanlıq və fədakarlıq göstərərək əlini daşın altına qoymuşdur.

Oqtay Eloğlu mövcud dövrdə ən çətin yolu seçmişdir – milli olmaq və Vətəninə xidmət etmək. Bu yolda o, olmazın çətinlikləri ilə qarşılaşırdı. Maddi imkansızlıqlar, həmkarlarının çoxunun həqiqi sənətdən uzaq olması, köhnəfikirli adamların töhməti, təhqiri, dost-tanışın, qohum-əqrəbanın ondan üz çevirməsi bu iradəli, istedadlı aktyoru müqəddəs bildiyi yoldan döndərə bilmirdi. Axı xalqa və Vətənə xidmət insanlar üçün ən böyük amal olmalıdır. Bundan üstün heç bir qayə ola bilməz… Oqtay şəxsi həyatında da rahatlığını büsbütün unutmuşdu. Xalqın mənafeyi qarşısında hər kəsin bacardığını etməsini vacib sayan, gələcəyin tələb etdiyi inkişaf qarşısında “bu yazıq xalqı tək buraxıb qaçmağı” özünə layiq bilməyən ədəbi qəhrəman sonda sevdiyi qız Firəngizi də itirmiş, ana və bacısını tək qoymaq məcburiyyətində qalmışdır.

“Oqtay Eloğlu” faciəsində ən diqqət çəkən məqam Oqtayın məslək dostu Səməd bəylə söhbəti zamanı üzə çıxır. Səməd bəyin söhbətindən aydın olur ki, milli teatr yaratmaq istəyən, bunun üçün minbir əzab-əziyyətlə qarşılaşan Oqtaya Rusiya səhnəsindən təklif gəlmişdir. Səməd bəyin fikrincə yaxşı şərait, yüksək məvacib Oqtayı məcbur etməlidir ki, o bu təklifi qəbul etsin. Amma Oqtay yolundan dönən deyil, hətta tək qalsa da… Vətənə bağlılığa, mənsub olduğu xalqa və dövlətə xidmətin aliliyinə “Oqtay Eloğlu”dan diqqətinizə gətirdiyim bu dialoqla Cəfər Cabbarlı ən yaxşı şəkildə cavab vermiş olur:

S ə m ə d. İstirahət istəmirlər. Bir parça çörəyə nə deyirsən? Mən xalq deyə özümü şəhid edəcəyəm! Qiymət verən kimdir? Hətta doğma əmin bu gecə nişanlını özgəyə verdi ki, mən arvad tumanı geyən bir adama qız vermərəm.

O q t a y. Mən heç bir şey istəmirəm. Mən bu yola gəlirkən xalqımdan altun taclar gözləmirdim. Mən o şeyi gözləyirdim ki, onu da alıram.

 S ə m ə d. Mən də xalq üçün çalışıram. Cəmiyyət də… Upravada üzvəm, fəqət elə işdir ki, adım-sanım, güzəranım. Yoxsa xalq!.. Mən özümü unudacağam ki…

O q t a y. Xalq və “mən” – bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikincini götürdüm. Və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, el oğludur. O, böyük bir vahidin kiçik bir parçasıdır…

S ə m ə d. Oqtay, çocuq olma! Qubernatora dilmanc gərəkdir. Ayda yetmiş manat donluq verir. Amma kənardan yeddi-səkkiz yüz gəliri var. Həm də camaat içində adın, hörmətin. Düyü, yağ, minnətin də minnət. Mən səni göstərdim. Dedim, rüşdiyyəni bitirmiş. İdraklı, rusca-azərbaycanca gözəl savadı. Budur, yalvardı ki, göndər gəlsin. Axır ki, düzəltmişəm.

O q t a y. Çox razıyam, Səməd bəy!

S ə m ə d. Sənət sevirsənsə, eşitdim ki, səni böyük bir pul ilə rus səhnəsinə çağırırlar. Get, həm təqdir olunarsan, həm pulun… O vaxta qədər xalq anlarsa, işlər yoluna düşərsə, qayıdıb gələ bilərsən.

O q t a y. Ha-ha-ha! Aldanırsan, Səməd bəy, aldanırsan! Bunu bizimçin kim edəcəkmiş! Başqalarında səhnə, mədəniyyət, hər şey var. Bizdə yox. Yaşamaq istəyirsək, yaratmalıyıq. XX əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə bilsin, mən bilmirəm…

S ə m ə d. Oqtay, mən gedirəm. Ağlını topla. Həm çalışacaq, həm də ac qalacaqsan. Həm də xalq sənə güləcək. Arsız, oyunbaz deyəcəklər…

O q t a y. Səməd bəy, gedin! Mən heç bir zaman sizə dəyməyəcəm. Mən bir mübarizəm, cəbhəm bu! Yolum, görürəm, çox ağır. Qoy mənə gülsünlər. Anlamasınlar, söysünlər. Fəqət mən bu dərin uçurumları keçəcək, keçilməz dağları, sıldırım qayaları çeynəyib parçalayacaq və bu keşməkeşlər arasından bir səhnə, yoxdan bir var yaradacağam…

 S ə m ə d. Fəqət indilik anan, yazıq bacın!..

O q t a y. Bacım da xalqdan biridir. Onları da xalq özü düşünər.

S ə m ə d. Aldanırsan. Oqtay, hər halda, görüşərik. 

Azərbaycan ədəbiyyatının, ümumənsə dünya söz sənətinin bənzərsiz nümunələrindən olan Cəfər Cabbarlının “Oqtay Eloğlu” faciəsində oxuculara təqdim etdiyim bu dialoqun üzərinə söz söyləmək yersiz və artıq olar. İndi hər şey aydınlanmışdır: Vətənə və xalqa xidmət etmək bütün zənginlik və rahatlıqlardan daha üstün və alidir. Vətənə və xalqa xidmətin, xüsusilə də son yüzillikdə ölkələr və xalqlar qarşısında mühüm məsələyə çevrildiyi bir zamanda bu mövzuya toxunmaqla, insanları milli olmağa, Vətəninə və mənsub olduğu xalqa xidmətə çağıran Cəfər Cabbarlı şəxsiyyəti və yaradıcılığı, ümumən ədəbiyyatın nə qədər böyük və mühüm amallarla xidmət etdiyinə aid sadə bir nümunədir. İstər “Oqtay Eloğlu” faciəsində olsun, istərsə də ilk yazımdan onikinci yazıya kimi toxunduğum ədiblərin yaradıcılıq və əsərlərində sizlərin diqqətinizə çatdırdıqlarım da bu deyilənləri təsdiq edir. XIII yazı ilə birlikdə yekunlaşdırdığım bu araşdırma və qənaətlərin nəticəsi kimi onu demək istəyirəm ki, ədəbiyyat sərhədsiz və hüdudu olmayan bir dünyadır. Bu dünyanı isə oxumaq, araşdırmaq və nəticə çıxarmaq lazımdır, çünki o bizim yolumuzu aydınladır. Ədəbiyyat olmasa, insanlıq yolunu və istiqamətini itirər… 

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI


ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ANAR TURAN – SƏMA AYDIN, YER ÜZÜ İSƏ QARANLIQDIR…

ANAR TURANIN YAZILARI

SƏMA AYDIN, YER ÜZÜ İSƏ QARANLIQDIR…

UMBERTO EKODAN QEYDLƏR

            İnsan daim axtarışdadır. O, rahat və sakit həyat axtarır. Bəs bunu necə və hansı yolla əldə etmək mümkündür? “Mən sakitliyi hər yerdə axtardım və onu yalnız bir yerdə – küncdə kitabla birlikdə tapdım”.

            Hamı yazır. Hər kəsin əlində qələm var. Tarix boyu heç bu qədər yazan olmamışdı. Bəs nə üçün yazmaq gərək? Eko: “Dünyanı dəyişmək niyyəti ilə yazmaq lazımdır”.

            Həqiqət günəş kimidir, yalansa bulud. Bulud günəşin qarşısını bir anlığa, müəyyən bir müddətədək tuta biləcək, əbədiyən yox. Buna görə də həqiqətin yanında ol! Zaman gələr, hər şey dəyişər, amma dəyişməyən bir şey var, o da həqiqətdir.

            Bəzən sıxılırıq, nə iləsə təsəlli axtarırıq. İnsan nə ilə təsəlli tapa bilər? Maddiyyatla yox, əlbəttə. Təsəlli mənəviyyatda tapılar. Bəzən oxuduğun bir kitabda, hər hansı bir sətrdə, bir sözdə də gizlidir.

            İnsan fani olan nəsnələr dalısınca qaçmasın gərək. Torpaqda balıq tutmaq olarmı?! Yaxud suyun üzündə yerimək, necə, mümkündürmü?! Yox, qətiyyən. Bəs onda fani olan nəsnələr dalınca bu insanlar nə üçün belə qaçırlar, can-fəşanlıq edirlər?! “Payızdan qabaq çəməngülü kimi solub gedən zahiri görkəm hər şeydən fanidir”.

            Dünya necə də dəyişib, sanki ədalət sükanını itirib. Qoca dünya girdaba tuş gəlib, çıxılmazlığa sürüklənib. “Bir zamanlar adamlar gözəl idilər. İndi isə cırtdanlaşıblar. Bu qocalmaqda olan dünyanın acınacaqlı halının əlamətlərindən biridir. Gənclər qocalardan heç nə öyrənmək istəmirlər. Elm geriləyir. Bütün dünya baş-ayaq olmuş. Korlar korları idarə edir və onlar uçuruma sürüklənirlər. Quşlar uçmağı öyrənmədən yuvadan ayrılır, eşşəklər çalır, öküzlər oynayır”.

            Kainat gözəldir və “kainatın gözəlliyi yalnız müxtəlifliyin vahidliyində deyil, həm də vahidin müxtəlifliyindədir”.

            Dünya bir kitab kimi bizimlə söhbət edir. Dünyadakı bütün məxluqat bizim üçün sanki bir rəsm, kitab, yaxud da aynadır. Baxdıqca, oxuduqca və qarşısında keçdikcə hər şeyi görə bilirsən.

            Yazılmış hər şeyi hamı oxuya bilər. Bir də hələ (bəlkə də, heç vaxt) yazılmamış şeylər var. Bax əsas olan onları oxumaqdır. Onları oxumaq gərək. Bunun üçünsə bəsirət gözü olmalı, görməli.

            Şər (İblis) tək heç nə edə bilməz. Bu bədniyyət varlıq ona qul olan insanlar vasitəsilə pisliyi yayır, müharibələr törədir, güclü hala gəlir. Bəs insanlar necə olur ki, şərə uyur?! Əsas səbəb maddiyyatdır. Maddi istək insanlığı uçuruma doğru yönləndirir, azadlıqdan qul halına salır.

            İnsanın ən böyük düşməni də, dostu da, hətta onu tanıdan da dildir. Yoxdan var olan dil – söz gizlini, ürəyin ən dərin qatlarında özünə yuva qurmuş əsrarı üzə çıxarır. Qarşındakını tanımaqmı istəyirsən?! Onu danışdır, o danışdıqca özünü, içini sənin qarşına sərəcək.

            Hər şeyi hər kəsə demək doğru deyil. “Zira hər gerçək hər qulağa görə deyil və hər yalan da dindar ruh tərəfindən dərk edilməz”.

            İnsan, əslində, kor olaraq doğulub. Bizə sadəcə lazım olmayanı – maddiyyatı görmək imkanı verilib. Bu korluq hətta çox zaman yanılmağımıza da səbəb olur. Nə qədər eybəcərliklər, şər, yalan bizə zahirdə gözəl görünür. Amma kor olan insana həqiqəti-batini görmək şansı da verilib. İnsan bu məziyyəti sonradan qazana bilər. Həqiqəti, batini  (daxili, bizə lazım olanı) necə görə bilərik?! Cavab: batinini, düşüncəni təmizləməklə, səni həqiqəti görməyə qoymayan iç çirkabını yox etməklə. Əsl qurtuluş, bax, bu zaman gerçəkləşməyə başlayır.

            Hər şey göründüyü kimi deyil. “Əzabda xoşbəxtlik, eşqdə fəryadlar” var.

            Eyni dildə danışmaq deyil, eyni düşüncədə olmaq qurtuluşa varmaqda həlledicidir. Əhəmiyyətsiz şeylərdən ali nəsnələr, ali nəsnələrdən də əhəmiyyətsiz şeylər yarana bilər.

            Ədalətsizliyə qarşı yaradılmış qanunlar bəzən özü də böyük ədalətsizliyə çevrilir. İnsanın fiziki və ruhi (mental) xəstəliyinin təzahürləri bilinir. Bəs cəmiyyətin xəstəliyini necə müəyyən etmək mümkündür?! Fikirlərin bu qədər toqquşmasında. Əsas etibarı ilə vahidlik yoxdursa, pərakəndəlik mövcuddursa, insanlar, alimlər bir-birini bu qədər təkzib edirlərsə. Belə cəmiyyətdə heç kim heç kəsi bəyənmir, qəbul etmir, hamı yalançıdır fikri cəmiyyəti çulğayır.

            Şərə qarşı mübarizə aparmayan hamı günahkardır. Bəs günah nədən yaranır?! Ehtiras və qürurdan. Ehtirassa geniş anlayışdır. Vəzifəyə, pula, qadına olan ehtiras.

            İnsan nə haqda düşünməlidir?! “Ömrümün sonlarına yaxın bildim ki, düşünülməsi lazım olan yeganə şey ölümdür”.

            İnsan daim yenilik arzulayır. O, yenilik dalısınca qaçmaqdan yorulmur, usanmır. Amma yenilik dalınca qaçan və buna nail olan insan da əvvəlki dəyərlərini geridə qoyur, itirir. Bu anda qazanclı kim olur?! Yeniliyi yaradanlar. Beləliklə, onlar bu yeniliyin dalısınca qaçanları özlərinə qul edirlər.

            Cəmiyyəti biz yaradırıq. Onun yaxşı və ya pis olması bizdən asılıdır. Fəaliyyətimiz (fəaliyyətsizliyimiz)  o cəmiyyətin pis olmasına səbəb olur. Sonra da yaratdığımız cəmiyyətdən narazılıq ifadə edirik. Cəmiyyəti düzəltmək istəyiriksə, buna özümüzü düzəltməklə başlaya bilərik.

            Qurd sürüyə dalıb. Onun gözü doymur, yırtıcıdır. Çobansa sürünü bu yırtıcının əlindən xilas etmək istəyir. Axı çoban bu sürüdən nə vaxtsa öz mənfəəti üçün istifadə etməyi planlaşdırır. Yəni çobanı düşündürən sürü deyil, öz maraqlarıdır. Olanlar isə hər iki halda sürüyə olur. Hikmətli söz yadıma düşür: Yumurta daşın üstünə düşsə də, daş yumurtanın üstünə düşsə də, olan yumurtaya olacaq – o sınacaq. Aşağıda qalan kütlə məhz o yumurtadır.

            Bir də dünyamızı xilas edə biləcək eşqdən. Eşq nədir?! “Həqiqi eşq sevdiyinin xoşbəxtliyini istəməkdir”. Bu zaman yenə də üzərimizdən, həyatımızdan xətt çəkirik. Eşq, sevgi bax sənin yoxolmandır, yoxolmaqla, beləliklə, varolmağa (əbədi xoşbəxtliyə) çatmaq mümkünləşir. 

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Anar Turan – Həyat səhnəciyi

ANAR TURANIN YAZILARI

“Həyat səhnəciyi”

(Hekayə)

            Əmiraslan ömrünün son anlarını yaşayırdı. Nəfəsi sanki ağzında idi, ciyərlərinə gedib çatmırdı. Özü də, ətrafında olan yaxınları da dərk edirdilər ki, o artıq dövranını başa vurur. Bəs niyə dövranını dedim?! Axı, bu 76 yaşlı qoca əvvəllər yorğa at kimi durmaq nədi, bilməzdi. Hamı onun qoçaqlığına heyran idi. O zamanlar dövran, necə deyərlər, Əmiraslanın dövranıydı. Su durar, Əmiraslan durmazdı. Bu otuzunda da belə idi, altmışında da… İndi isə artıq o günlər geridə qalmışdı. Bir vaxtlar rəhmətlik qonşusu Əhməd kişi ona zarafatyana belə demişdi:

            -Ay Əmiraslan, altımışı çoxdan haqlayıbsan, yetmişinə də az qalır. Sən elə and içibsən ki, günün çıxmağını da, batmağını da çöldə, tarlada qarşılayıb yola salaraq bu dünyadan köç edəcəksən? Bir evinə yığış. Gəl bizlərə yovuş, bağ-bağçada köhnə tanışlarla samovar qaynadırıq, kəklikotu çayı dəmləyib içirik. Keçən günləri yada salırıq, gələndən, gedəndən danışırıq. Elə hey tutubsan, işləmək, yenə də işləmək. İşdən qeyri məşğuliyyətlər də var. Həyat yalnız çöldən, tarladan ibarət deyil.

Əmiraslan da bu sözlərin qarşılığını belə vermişdi:

-Əhməd, iş insanın cövhəridir, gözümü açandan işləmişəm, əldə-ayaqda güc olanadək də işləyəcəyəm. Bədənimdən tər çıxmasa, ölərəm. Bir də ki zalım dövrana gəlib çıxmışıq. İnsanlardan nə qədər qaçsan, yaxşıdır. Təbiətdən isə insana pislik gəlməz. Ona görə də təbiəti özümə dost seçmişəm. Anam dünyasını dəyişəndən təbiət həm də anam olub. Belə daha yaxşıdı. İndiyə qədər bir-birimizə də xəyanət etməmişik. Nə əkmişəm, yüz qatını götürmüşəm. Çətin gündə imdadıma çatıb, yoxsulluqdan qurtarıb.

            Əmiraslan qoçaq-mərd kişi idi, həm də ki köhnə qoçaq-mərdlərdən. Elə kənddə də hamı onu köhnə kişilərin son qalası kimi tanıyırdı. Onun sözünü bir eləmirdilər. Böyük də, kiçik də hörmətini saxlayırdı. Küsülülər Əmiraslanın bir sözü ilə barışığa qol qoyardılar. Kəndli arasındakı dolaşıq məsələləri də o həll edərdi. Yaxşı tərəfi isə o idi ki, onun sözünə qulaq asan, dediyinə əməl edən heç zaman peşman olmazdı. Hətta iş o yerə gəlib çatmışdı ki, kənd camaatı Əmiraslanın dediyini müqəddəs qanun hesab edirdi. Camaat bunun hikmətini də öz aralarında belə yozmuşdu: düz adamın sözü də özü kimi düz olar, yaxşı və dünyagörmüş ağsaqqal sözünü dinləmək isə heç zaman zərər verməz.

            Əmiraslanın qocaqlığı dava illərində də özünü göstərmişdi. Hələ o vaxtları gənc dəliqanlı olanda düşmənin başına bəla olmuşdu. Səngərdən düşmən üzərinə ilk atılan da o olardı, öndə gedən də. İldırım sürətilə özünü ələ verməzdi. Üzünü də heç zaman düşmən görə bilməzdi. Xışıltısını bəzən duyardılar, onda da düşünərdilək ki, qurddu-quşdu. Davadan qayıtdıqdan sonra isə yenə işlədi, işlədi. Amma yığdığını özü yemədi, yetim-yesirə payladı. Yoxsullara əl tutdu. “Yığıb neyliyəcəyəm?!”- dedi. Mən yığsam, övladlarım tənbəl olacaq, yeyib-içib bir-iki günə dağıdacaqlar. Qoy onlar da işləsinlər, bilsinlər ki, heç nə asanlıqla başa gəlmir. Həm də insana qalan bir yaxşılıqdı, varındısa, əl tutassan. Onu da eləməsək, onda insanıqdan çıxmış olarıq.

            Bizim Əmiraslanın həyatı bax belə keçmişdi. Ta ki 3 il bundan öncəyə kimi. Xəstəlik tapdı, dəmir bədənli Əmiraslan azarladı. 73 illik ömründə xəstələnmək nədi, bilməzdi. Bu yerlərin dağ-dərələrindəki otlar onu polad kimi eləmişdi. Amma neyləmək olar?! Bu dünya insanı paltar kimi istifadə edir. Köhnəlmə, köhnəldin vay halına. Atacaqlar səni. Necə ki gözəl paltar alırsan, istifadə edirsən, geynirsən. sonra köhnəlir, yırtılır və atırsan. Dünyada insanı bax beləcə istifadə edir. Əvvəlcə gözəlim olursan, sonra yavaş-yavaş köhnəlirsən və…

            Əmiraslan da bu dünyada köhnəlmişdi. Bunu o da anlayırdı. Ona görə də son anlarında bu hislər, düşüncələr burulğanına qərq olmuşdu. İndi Əmiraslan hər şeyi – qoçaqlığı, işgüzarlığı, bütün olub keçənləri geridə qoymuşdu. Neyləmək olardı. Həyat belədir, zalımdır, həm də çox zalım. Əmiraslan da son nəfəsində bu zalımlıqla baş-başa qalmışdı. Bir özü idi. Bir də ki əməlləri. Ağlından keçən son düşüncə də bu oldu: insanın bu zalım dünyadan apardığı tək şey əməlləridir. Bu sözləri deyib son dəfə nəfəs aldı və gözlərini yumdu. Beləcə daha bir həyat səhnəciyi yekunlaşdı. Pərdələr salındı…

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Anar Turan – “Özüm”

ANAR TURANIN YAZILARI

“Özüm”

(hekayə)

            Mən neçə illərdir, oxuyuram. Həm də özümü anlayandan, ətrafı dərk edəndən bəri. Klassiklərimizi bir-bir nəzərdən keçirirəm. Ədalətli cəmiyyət axtaran və bunun üçün hökmdarlara xitabən yazan Nizamini, əqidənin nə olduğunu diri-diri soyularaq bizə göstərən Nəsimini, inandığı Yaradana qul olmaqla yüksələn Füzulini və daha kimləri oxudum, onların dərinliyinə vardım. Bunlar da yetmədi mənə, bəs etmədi. Dünyanı qurtaranın müharibələrə son qoyan olacağını bizə söyləyən Cavid əfəndini, dərdimizin anlamaq dərdi olduğunu aşılayan Mirzə Cəlili də oxudum. Bunlar da yetmədi mənə. Daha üz tutdum dünya ədəbiyyatına. O yoxdan var olan sözün böyük, qüdrətli sahiblərinə. Bu dəfə Tolstoyu, Hüqonu, Drayzeri… oxudum, onların həyata baxışlarını duymaq imkanına yiyələndim. Kuperi oxuyarkən qızıl dərililəri tanıdım, bir irqin necə məhv edildiyinə şahidlik etdim, Balzakla yenə “yuxarı” təbəqələrin nə qədər içi boş, çürük olduğunu, hətta “yuxarıların” “aşağılardan” daha da aşağı olduğuna vara bildim. Oxudum, yenə oxudum, usanmadan, yorulmadan oxudum. Bir də baxdım ki, ən böyük əsərin, ən nəhəng şedevrin üstündən adlamışam, heç onu görməmişəm, düşünməmişəm haqqında. Bu əsər elə “Özüm”əmmiş, “Özüm”ü oxumamışam, heç qatını da açmamışam.

            Deməli, mən “Özüm”ü bilməmişəm. “Özüm”ü tanımamışam, oxumamışam. Baxdım, baxdım və düşündüm, dərin düşüncələrə daldım və sonra “Özüm”ü oxumağa başladım. Dedim, dedim ki, hər bir əsərin bir də sujet xətti olur. O süjet xəttinin müqəddiməsi, zavyaskası, kuliminasiya nöqtəsi, razvyazkası və nəhayət, sonluğu – finalı olur. Hər bir insan həyatı da belədir, düz belə, mən də belə bir həyatı – ardıcıl düzülmüş sujet xəttini yaşamışam, elə indi də yaşayıram, yaşamaqda davam edirəm.

            Beləliklə, başladım özümü oxumağa. Oxuduqca duydum, duydum ki, hər bir insan bir romandır, həm də çoxhissəli roman, trilogiya, hətta epopeya, Süleyman Rəhimovun “Şamo”su kimi… Bu romanda hər nə istəsən, tapa bilərmişsən. Amma biz bu haqda heç düşünməmişik. Ətrafımızı öyrənərkən özümüzü unutmuşuq. Bilməmişik ki, hər birimiz bir yazıçıyıq, hər bir insanın ən az bir əsəri var. Bu, “Özüm”dür. Bax bunu bilməmişik. Müəllifi bizik bu “Özüm”ün. Onu hekayə, novella, bəzən komediya, dram və faciəyə də çevirən bizik.

            …Mən “Özüm”ü oxumağa başladım. Oxudum, oxuduqca düşündüm ki, kaş oxumazdan öncə, yazarkən düşünərdim, necə yazacağım haqda fikri-xəyal yürüdəydim. Düşündüm ki, biz “Özüm”ü yazarkən düşünməliyik, o zaman heç oxumağa, oxuduqca da təəssüf hissi keçirməyə nə hacət olardı?! Bu bir fürsətdir ki, biz “özüm”ü yazarkən düşünək. Belə olmayan halda, aylar-aylara, illər-illərə calanır və bir də görürsən ki, “Özüm” yazılıb-bitib. Heç fərqinə varmadan bu əsəri nəşrə də vermişik, tirajlanıb, rəflərdə satışa qoyulub. O zaman “kaşkilər” düşüncələrimizə hakim kəsilir, bizi çulğalayır, öz ağuşuna alır.

            Bax indi bu təəssüf hissi, məni də çulğalayıb. Öz ağuşuna alıb. Və düşünürəm “Özüm”ü vərəqlədikcə. Sonra da deyirəm. Ay insan, sənsən “Özüm”ü yazan. Sənsən bu “Özüm”ün sujet xəttini müəyyən edən. Baş qəhrəmanın necəliyi, yaxşı və pis olması, dahi, yaxud əksinə, eyni hecaya malik cani olması sənin əlindədir. Yardımçı personajlar da, məkan da, bu məkanın necəliyi də sənin “qələminlə” müəyyən olunur. Axı onda nəyə görə peşman olasan?!

            Oxu “Özüm”ü, amma yaxşı olar ki, yazdıqca oxu, daha yaxşısı isə süjetini əvvəlcədən müəyyən edib yaz və oxu…

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ANAR TURAN – “Aktyor”

ANAR TURANIN YAZILARI

“Aktyor”

(Hekayə)

Hər bir insan, əslində, bir aktyor deyilmi?!”

            Bu gün, şükürlər olsun, aktyor yoldaşlarımla, xüsusilə də Şah Abbas rolunu ifa edən dostum Raufla Yusif Sərrac rolunda oynayan mən Axundzadənin səhnələşdirilmiş “Aldanmış kəvakib” əsərinin premyerasını yüksək səviyyədə həyata keçirə bildik. Bir aylıq hazırlığımızın bəhrəsini almaq necə də gözəl və əntiqə oldu. Sonda isə teatrsevərlərin gurultulu alqışları bu bir aylıq yorğunluğumuzu bir andaca silib sovurdu. İnsanların simasındakı o uzağazillənmə də göstərirdi ki, biz artıq bu səhnələşdirilmiş əsərlə öz istəyimizə nail ola bilmişik, burada əyləşən xalqı düşündürmüşük. Raufla mən bu barədə həmfikir idik. Öhdəliyində olan işi layiqincə yerinə yetirməkdən daha gözəl nə ola bilər?! Bax, bu da bizim üzümüzdə təzahür olunurdu.

            Premyeradan sonra Rauf məni ölkəmizə xas çaylı-şirniyyatlı, limonlu-mürəbbəli stola dəvət etdi. Əslində, illərdir, davam edən ənənəni bu dəfə də adəti üzrə icra etmiş olacaqdıq. Çünki hər tamaşadan sonra ya mən onu, ya da o məni bu cür çay qonaqlığına dəvət edərdik. Yol boyu işinə dəlicəsinə vurğun olan aktyorlar kimi Raufla mən teatrın faydasından, insanlıq üçün əhəmiyyətindən bəhs etdik, fikirlərimizi əvvəlkilərtək təkrar etdik. Bu dəfə mən həm də Axundzadənin “Aldanmış kəvakib” əsərinin nə dərəcədə ustalıqla qələmə alınmasından danışdım.

            -Rauf, bilirsən ki, mən ədəbiyyatı çox sevirəm. Axundzadənin əsərlərini də çox oxumuşam. Amma bu dəfə bir şeyi yaxşıca anladım. Anladım ki, biz ədəbiyyatı ədəbiyyat kimi, hər hansı bir əsəri əsər kimi oxuyuruq. Onun mətləbinə varmaqda çətinlik çəkirik, yaxud da heç varmaq istəmirik. Məsələn, “Aldanmış kəvakib”də müəllif əsas olaraq demək istəyib ki, bir xalqa rəğmən mütərəqqi cəmiyyət qurmaq mümkün deyil. Mütərəqqi cəmiyyət qurmaq üçün ilk öncə o xalqı maarifləndirmək, onun mədəni səviyyəsini yüksəltmək gərək. Yoxsa düşüncə tərzi geri olan, demokratiyadan anlamayan xalqa həqiqi azadlıq da bəxş etsən, o bunu anlamayacaq, həqiqi azadlıq sonda o xalqın talançılıq etməsinə səbəb olacaq. Bu dediklərimi əsəri əvvəlcə birdən çox oxumağıma baxmayaraq, doğrusu, anlaya bilməmişdim. Əsər üzərində hazırlaşdıqca bütün bunların fərqinə vara bildim…

            Rauf fikirlərimi təsdiq etdi… Biz çay süfrəsində iki saata yaxın oturduqdan sonra mən adətim üzrə tək yaşadığım mənzilimə yollandım. Deyirlər, təklik Allaha məxsusdur, amma onu deyim ki, insan da bəzən tək qalsa, daha doğrusu, özü ilə baş-başa vaxt keçirsə, söhbətləşsə pis olmazdı.

…Yorğunluq içərisində yatağıma uzanərkən bugünkü premyeradakı gurultulu alqışlar, insanların heyranlığı bircə-bircə gözümün önündən bir film lenti kimi gəlib keçirdi. Öz-özümə dedim, Həmid, sən 9 ildir, teatrda aktyorluq edirsən, müxtəlif səhnələrdə insanların qarşısına çıxırsan. İnsanlar səhnədə canlandırılan hadisələrin, əslində, uydurma, hər hansı bir müəllifin qələm məhsulu olduğunu bilirlər. Buna baxmayaraq, dramatik səhnə olarkən onların gözlərindən yaş su kimi axır. Bəzən hətta ölüm səhnəsində sanki həqiqətən baş vermişcəsinə insanlar reaksiya verirlər. Bu filmlərdə, seriallarda da bu cür olur. Bəs insanlar bunun həqiqətən baş vermədiyini bildikləri halda nə üçün bu cür reaksiya göstərirlər?! Bunun səbəbi nədədir?!

             Düşüncələrim məni məşğul edirdi. Sonra öz-özümə dedim: Əslində, həyat da bir səhnə deyilmi? Bəs biz necə, biz də bu həyatın üzvləri olaraq əsl aktyorlar deyilikmi?! Və bu həyat səhnəsi hansı insana nə rol veribsə, o da bu rolu ustalıqla ifa etmirmi?!. Elə buna görə də səhnədə baş verənləri görəndə insanlar onun təxəyyül məhsulu olduğunu duymur, heç duymaq da istəmir, gerçəkcəsinə reaksiya vermirlərmi?!…

            Bu cavabsız suallar, düşüncələr içərisində özüm özümə daha bir sual da ünvanladım. Bəs insan həyatı səhnədəki kimi bir tamaşadırsa, onun özü də aktyordusa, o hansı tamaşaya üstünlük verməlidir, hansı rolu oynamalıdır? Bax bu sualın cavabı üzərində səhərəcən düşündüm, yatmadım, arada mürgülədim, yuxu məni tutdusa da, onda yenə yarıyuxulu bu suala cavab axtardım. Oyaqlıq və kabus arasında gedib-gəlirdim.

            …Növbəti üç günü xəstələndiyimi bəhanə gətirərək işə çıxmamaq qərarına gəldim. Düşüncələr məni elə bil özümdən alıb başqa bir məkana, başqa bir zamana aparırdı. Axı insan hansı tamaşada rol almalıdır?! O bu həyatda hansı rolu üzərinə götürməlidir?! Varinatlar da ona bəllidir. İnsanlığa fayda verən tamaşalarda yer almaq, yaxud da onu fəlakətə sürükləyən bir tamaşanın əsas və ya yardımçı rolunu ifa etmək. Yaxşının tərəfində olmaq, yaxud da əksinə, şəri təmsil etmək. Bir gül əkmək, bəlkə insanlara maneçilik törədən bir daşı yoldan götürüb kənara atmaq, bunlar mümkün deyilsə də, sadəcə kiçik bir təbəssüm, çox kiçik bir təbəssümü ifadə edəcək tamaşalarda oynamaq…

            Beləliklə, 9 illik aktyorluq həyatımın ardından mən əsl həqiqətin nə olduğuna vardım. Mən, deməli, anadan olandan bəri aktyormuşam. Bunu duydum, anladım, fərqinə vardım. Tək mənmi anadangəlmə aktyormuşam? Xeyr. Bütün insanlar. Bütün insanlar dünyaya göz açan andan etibarən aktyor kimi fəaliyyət göstərməyə başlayıbmışlar. Məni çulğalayan bu sualları aydınlaşdırıb sanki dünya misli yükümü üzərimdən atdım. 3-4 günlük sarsıntılarımı geridə qoyub yenidən işə, ömürlük və müvəqqəti səhnə həyatıma qayıtdım. Bu dəfə işimin tam məğzini tutan əsl aktyor kimi həm də…

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Anar Turan – Çürük və yaxud Son insan

ANAR TURANIN YAZILARI

“Çürük və yaxud Son insan”

(fəlsəfi hekayə)

            Bir zaman yetişmişdi. Elə bir zaman ki, insan yaşamırdı, mövcud deyildi. Amma canlılar yenə var idi, onlar yaşayırdılar. Yəni dünya var idi, canlılar yaşayır, ancaq insanın izinə-tozuna rast gəlmək mümkün deyildi…

            Son insanın bu dünyadan köç etməsi üzərindən çox sular axmışdı. Və sonuncu insanın ölümündən sonra heç bir şey əvvəlki kimi deyildi artıq. Hər şey çürüməyə üz qoymuşdu. Və bu çürüməyə üz qoymuş dünyada, sonuncu insanın ölümündən sonra insanabənzər varlıqlar ortaya çıxmışdı, meydan sulayırdılar. Onlar eyni ilə insan kimi idilər, sadəcə olaraq düşünmür, düşünmək istəmir, düşünmək iqtidarını özlərindən uzaq tuturdular. Bunlar manqurtlardan daha təhlükəli bir varlıq idilər, bəlkə də, yazıq. Çünki manqurt istəsə də, düşünə bilməzdi, onda düşünmə anlayışı artıq mövcud deyildi. Bu peyda olmuş insanabənzər varlıqlar isə düşüncənin nə olduğunu bilirdilər, amma düşünmək istəmir, düşünmək iqtidarını yaxın buraxmırdılar…

            Hər bir canlı varlıq istər təhtəlşüur, istərsə də bilərəkdən özünün rahatlığını istəyir, arzulayır və buna can atır. Və bu istək, arzu və canatma hansı yolu getməyi tələb edirdisə, canlı varlıqlar da o yola qədəm qoyurdular. Beləliklə, bu gün son insanın qeyb olmasından sonra ortaya çıxmış “Çürüklər” adlanan bu canlı varlıqlar təhtəlşüur altında düşünməzliyi, dərketməzliyi və anlamazlığı özlərinə ən münasib yol seçmişdilər. Bu, bir növ, ağıl patlaması, düşüncənin “Big bang”ə məruz qalması idi…

            Çürüklərin meydana çıxması dövründə hər şey, beləcə, çürüməyə üz qoymuşdu. Axı hər bir varlıq özünəbənzər cəmiyyətdə var olur, yaşayır, yoxsa o ölər, məhv olar. İnsan irqi də belə bir cəmiyyət yarada bilmədiyi üçün məhv olmuşdu, qeybə çəkilmişdi. Bu dünyaya hakim olmuş Çürüklər də, beləcə, özlərinəbənzər bir cəmiyyət yaratmışdılar. Bu cəmiyyətdə isə nələr çürüməyə üz qoymamışdı ki…

            Çürüklərin əməllərinə nəzər yetirdikdə onların ən zərərli bakteriyalardan, viruslardan daha qorxunc və təhlükəli olduqları üzə çıxırdı. Və bu Çürüklər dünyanı dünya edən, onu yaşana bilən bir yer halına salan, yəni son insandan, insanlıqdan qalan dəyərləri çürütməsi ilə öz qorxunc və təhlükəliliklərini büruzə verirdilər…

            Bakteriyalar, viruslar necə sürətlə yayılırdısa, düşünün ki, bu Çürüklər onların on qatı, bilmədin, yüz qatı sürətlə hər bir mənəvi dəyəri çulğalayır, onları məhv edirdi. İndi artıq hər şey çürümüş və yaxud çoxdan bəri çürüməyə üz qoymuşdu.

            Və insanlığın yox olma və qeybə çəkilmə prosesinin son insanı da özünün insan olduğunu qəbul etməyərək, bunu rədd edərək Çürüklər cərgəsinə qoşulmuşdu. Çünki artıq dünyada insan olaraq yaşamaq, var olmaq mümkün deyildi, bu heç cürə alınmırdı. Son insan da, beləliklə, Çürük olmuşdu və insanlıq son nümayəndəsini də itirmişdi. Artıq o gün-bu gün cəmiyyət də gözəlləşib. Və insanoğlunun əksinə, Çürüklər hər zaman rahat yaşayır, ömür sürürlər…

            Dünyanın var oluşunun, insanların yaradılmasının necə baş verdiyi bəlli idi, amma sonu, yox oluşu bilinmirdi. Çürüklərin meydana çıxması ilə bu proses də aydınlandı, başa çatdı… 

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ANAR TURAN – HAMIMIZ QOQOLUN “ŞİNEL”İNDƏN ÇIXMIŞIQ…

Nikolay  Qoqolun “Şinel” povestinin  PDF variantı burada: Şinel Qoqol

HAMIMIZ QOQOLUN “ŞİNEL”İNDƏN ÇIXMIŞIQ…

(Qoqoldan qeydlər)

            “Mənə yazmaqdan imtina daha çətindir. Çünki həyatın verdiyi ən ləziz cazibələrdən əl çəkəndən, insanı dünyaya bağlayan bütün tellərdən imtina edəndən sonra yazıçılıq məni dünyaya bağlayan yeganə vasitə idi”.

            İnsan hər kəsdən, hər şeydən küsə bilər. Amma o özündən küsməsin, insan ki özündən küsdü, onda hər şey sonlanmışdır demək.

            Yazmaq… Nə üçün?! Qoqol: “Cəmiyyəti gözəlliyə, kamilliyə çatdırmaq üçün yazmaq lazımdır”.

            Kitablarının əksəriyyətini yandırır. Bundan sonra Qoqol üçün həyatın mənası itmişdir. Gəncliyində (o heç qocalmamışdı, bəlkə, heç cavan da olmamışdı) şən, xoş əhval-ruhiyyəli insan olan Qoqol zaman keçdikcə bədbinləşmiş, daha depressiv olmuşdur. Çünki onun gördüyü – bizim görə bilmədiyimiz – şeylər Qoqolun xarakterindəki bu kəskin dəyişikliklərin yaranmasına səbəb olmuşdu. Mövlana: “Kim daha çox bilir, o daha çox dərd çəkir”.

            Qoqol diri-diri basdırılmaqdan qorxurdu. Kimlər qorxmayır ki?!. Milyonlarla insan, müqəddəs və ülvi-pak arzular azmı diri-diri basdırılıb?!

            İndi artıq tək-tək hər adam öz simasında bütün cəmiyyəti təhqir olunmuş sayır.

            İnsana qiymət verilməməsi Qoqolu narahat edirdi, bəlkə ona əzab verirdi. İnsanın qədr-qiymətini deyil,  onun hansı vəzifə-rütbə sahibi olmasına göstəriən dəyər onun qələmində bu cür əks etdirirdi: “Rütbəsinə gəlincə – zira bizdə hər şeydən əvvəl rütbəni bildirmək lazımdır”.

            İnsanı narahat edən, onun həyatını alt-üst edən insanlar qarşısında bəzən səssiz qalmaq, onları görməzlikdən gəlmək, bütün bu xoşagəlməzliklər ən pik nöqtəyə çatdıqda isə “Məndən əl çəkin, məni niyə incidirsiniz?” sözləri olardı. Bu qədər mədəniyyət, səbr və dözüm?! Qoqolun qəhrəmanının dili ilə verilmiş bu sözlər təsirli idi, üsyan deyildi ha, bu sözün mənasını Qoqol “Mən sənin qardaşınam” kimi ifadə edirdi. İnsanlar bir-birinin qardaşları deyillərmi?! Eyni gəmidə deyilmiyik, eyni budağın üzərində oturmamışıqmı?!

             Hər şey göründüyü kimi deyil, gözəlliklər altında nə qədəq eybəcərliklər, xoşagəlməzliklər, hətta dəhşətlər özünə yer tapa bilib. “… insanda nə qədər çox insaniyyətsizlik olduğunu kübarların zahirən zərif mədənilikləri altında nə qədər sərt bir kobudluq və aman Allah, hətta hamının nəcib və namuslu saydığı adamlarda da nə qədər sərt bir kobudluq olduğunu görüb öz ömründə sonralar da çox dəfə sarsılmışdı”.

            İstənilən sahədə çalışmasından asılı olmayaraq, insanda iş əxlaqı olmalıdır. İş əxlaqımı?! Qoqol: “Yəqin ki, heç bir yerdə öz vəzifəsinə bu qədər can yandıran bir adam tapmaq olmazdı. Onun canla-başla xidmət etdiyini söyləmək azdır: yox, o, eşqlə xidmət edirdi”.

            İnsan həyatdan, onu çulğalayan ətraf aləmdən razı qalmalıdır, özünü razı salmalıdır. Artıq vəzifə, mənsəbmi?! Nəyə lazımdır? “Yox, yaxşısı budur, mənə bir şey verin, üzünü köçürüm”. Başqalarının vəziyyəti, maddi durumu, bir arif adamdan duyduğum “gecə yatarkən qonşusunun pulunu saymaq” haqda heç nə fikirləşməzdi, öz aləmində idi: “O, öz paltarı barəsində də əsla fikirləşməzdi: onun vismundiri yaşıl deyil, nəsə unlu sarı rəngə çalırdı. Yaxalığı çox dar və alçaq idi… onun vismundirinə həmişə bir şey, ya bir parça quru ot, ya da nəsə, bir sap qırığı yapışmış olardı; bundan başqa o, elə bir xüsusi məharətə malik idi ki, küçə ilə gedərkən həmişə pəncərənin altına içəridən cürbəcür zibil tullanılan vaxt yetişərdi; buna görə də onun şlyapası üstündə həmişə qovun-qarpız qabığı və buna bənzər zirzibil olardı. O, ömründə bircə dəfə də olsun küçədə baş verən hadisələrə diqqət yetirməzdi, halbuki məlum olduğu üzrə, onun tay-tuşları olan gənc məmurlar öz iti nəzərlərinin nüfuzunu o dərəcəyə çatdırırlar ki, küçənin o biri səkisində bir adamın şalvarının çəkmə altına keçən üzəngi bağının qırıldığını görür və bu həmişə onların üzündə hiyləgər bir gülüş əmələ gətirir”.

            İnsan nə qədər maaş alsa, onun aylıq gəliri nə qədər olsa, o, rahat və qayılardan uzaq ömür sürər?! 5-in yanına üç, dörd sıfır atsaq, o həyatını sığortalaya bilərmi, xoşbəxt ömür sürərmi?! Xeyr, xoşbəxtlik göz, könül toxluğuyla mümükündür: “Dörd yüz manat məvaciblə öz taleyindən razı qalmağı bacaran bir adamın dinc həyatı beləcə keçib getməkdə idi”.

            Böyük insanlar var, bir də özünü böyük göstərən insanlar. Böyük insanlara çatmaq asandır. Amma özünü böyük göstərən insanlar özlərini böyük göstərmək üçün ona çıxan yollarda maneələr yaradırlar: “Bir də ki həmin adam öz böyüklüyünü başqa vasitələrlə gözə çapdırmağa çalışırdi: o belə bir qayda qoydurmuşdu ki, işə gəldikdə aşağı rütbəli məmurlar onu hələ pillə başında qarşılamalıdırlar, onun yanına heç kəs getməyə cürət etməməlidir, hər bir şey möhkəm bir qayda üzrə olmalıdır: kollec qeydiyyatçısı quberniya katibinə məlumat verməli, quberniya katibi titulyar və ya o dərəcədə olan başqa bir katibə məlumat verməlidir, yalnız bundan sonra iş gəlib ona çıxmalıdır”.

            Ağac bar verəndə başını aşağı əyər, insan da yüksəldikcə təvazösü də buna paralel olaraq yüksəlməldir. Amma bəziləri də var ki, “o general rütbəsi aldıqdan sonra özünü itirib, yolunu azmış və nə edəcəyini əsla bilmirdi”.

            İnsanın xarakteri özündən yuxarılarla, özünə bərabər olanlarla deyil, özündən mənsəb və imkanca aşağılara münasibətində üzə çıxır: “Özünə bərabər adamlarla o, ağıllı-başlı, olduqca mərifətli, bir çox cəhətlərdən hətta ağıllı bir adam idi. Ancaq özündən, heç olmasa, bircə dərəcə də aşağı rütbəli adamlar arasına düşəndə o, tamamilə adamlıqdan çıxırdı”.

            Dünya cəhənnəmə çevrilib, insanlar qabalaşıb, mədəni olmaq, insani duyğuları daşımaq artıq işə yaramır: “Sizin başınızı boş şeylərlə doldururlar: akademiyalar da, kitablar da, əlifbalar da, fəlsəfə də cəfəngiyyatdan ibarətdir: Mən onların hamısına tüpürürəm!”.

            “Allah sənə rəhmət eləsin, Qoqol”…

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru