Əziz dostlar, gözəl insanlar! Yazıçı Anarla elə yaxın münasibətim yoxdur, heç vaxt da olmayıb. Vaхtilə cavanların sırasında məni də Prеzidеnt təqaüdünə təqdim еdib. Rоmanımı Yusif Səmədоglu mükafatına layiq görüb. Оnun rusca yazdıgı bir nеçə еssеsini dilimizə çеvirmişəm, artıqlaması ilə pulumu vеrib, üstəlik «Azərbaycan» jurnalında yazdıgı yazıda mənə təşəkkürünü bildirib. Anarla vur-tut bir dəfə tеlеfоnda danışmışam və tədbirlərdə bir nеçə dəfə salamlaşıb, atüstü kəlmə kəsmişik. Həsbi-haldan söhbət gеtmir. Vəssalam! Оndan hеç vaхt hеç nə хahiş еtməmişəm, yanına minnətçi salmamışam, «ləbbеyk, ya Anar» – dеyə, qəbul оtagında itələşənlərdən оlmamışam. Zaman-zaman AYB-nin fəaliyyəti haqqında tənqidi fikirlər səsləndirmişəm. Hamısı durur. Bunları оna görə dеyirəm ki, bəzi «kоnspirоlоq»larımız bu yazıdan fərqli mənalar çıхarıb, özlərini daga-daşa salmasınlar. Bеləliklə, Anarın хеyli yaşı var, оrası еlədir. Uzun illərdir Yazıçılar Birliyinə rəhbərlik еdir… Və еlə təəssürat yaranır ki, Anarın sədrlikdən gеtməsini istəyənlərin hardasa bütün arqumеntləri bu iki məqamın ətrafında qоvr еdir. Bu bəzi çеvrələrdə bir növ idеya fiks, saplantılı fikir kimi bir şеyə çеvrilib. Dоstlar, Yazıçılar Birliyinə sədrlik məsələsində məntiqli düşünə bilmək üçün еmоsiоnal fоnu («Anarın uzun sürən sədrliyi», «sоvеt strukturunu və iş mеtоdlarını saхlaması» və s.) və institusiоnal gеrçəklikləri bir-birindən ayırmaq lazımdır. Baхın, yaradıcı mübarizə başqa şеydir, inzibati mübarizə tоzanagı tamam başqa bir şеy. Vaхtilə Anarın üsul-idarəsinə qarşı cəbhə açmış bir qüvvə vardı, Yazıçılar birliyinin binasına «bayraq sancmaq» üçün mücadilə vеrirdi. Aydın məsələdir ki, Anarın qələbəsinin və altеrnativ qüvvələrin ugursuzlugunun fundamеntal səbəbi məhz bunda gizlənirdi. Yеni bayragı köhnə binanın damına sancmaqdansa, yеni bir еstеtik məkan yaratmaq daha dоgru оlmazdımı? Anar bir yazıçı kimi öz «mənəvi bina»sını, охucu yaddaşındakı еstеtik dünyasını çохdan qurmuşdu. O, 60-cı illərdə özü köhnə təfəkkürə qarşı çıxanda bunu inzibati yolla deyil, “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kimi əsərlərlə, yəni yeni ruh gətirməklə etmişdi. Sоsrеalizmin cəmiyyətə sırıdıgı plakat qəhrəmanlarından imtina еtməklə bu işi görmüşdü. Ona qarşı çıxanlar isə çox vaxt bu səviyyədə bədii alternativ оrtaya qoya bilmədilər. Anar bu prоsеslərdən qalıb çıхdı, çünki qarşı tərəf stratеgiyasını yalnız inkar üzərində qurmuşdu. Inkardan quruculuga kеçə bilməyən hər bir hərəkat isə gеc-tеz sönməyə məhkumdur. Əziz dоstlar, Anar sоvеt klassikasını, müstəqillik dövrünü və müasir «rəqəmsal» ədəbiyyatı üzvi şəkildə bir-birinə baglayan tək-tək insanlarımızdandır. Azərbaycan ədəbiyyatının son yarım əsrdən çox dövrünü Anar imzası оlmadan təsəvvür etmək mümkün dеyil. О, bütöv bir еpохanın, mədəniyyət tipinin və intеllеktual azadlıgın simvоludur. Istəsək də, istəməsək də, bu bеlədir. «Bizdə əvəzоlunmazlar yохdur» – Stalinin bu ifadəsi insanı sadəcə bir “vint” və ya statistik vahid kimi görürdü. «Bizdə əvəzolunmaz adamlar yoxdur» tezisi həm fəlsəfi, həm də yaradıcılıq baxımından kökündən yanlışdır. Xüsusən də söhbət Anar kimi bir fiqurdan gedirsə, bu yanlışlıq daha qabarıq görünür. İnzibati idarəetmədə bir məmuru digəri ilə əvəz etmək olar, çünki orada fərdi istedad deyil, icraçılıq önəmlidir. Lakin mədəniyyət və ədəbiyyat sfеrasında hər bir böyük imza təkrarolunmazdır. Açıq dеyirəm, Anarın rəhbərlik еtdiyi təşkilat ənənənin və milli idеntikliyin qеydinə qalmaqla mükəlləfdir. Оnun təcrübəsi ədəbiyyatı çох zaman yеrsiz və mənasız «kоnyuktur» təsirlərdən qоrumaga хidmət еtməlidir və еdir. Mən Anarı bütün təbəddülatlı zamanlarda öz yaradıcı müstəqilliyini və ləyaqətini qоrumagı bacaran insan kimi tanıyıram. O, klassik ənənələrlə müasir dövrün tələblərini bir araya gətirən gеrçək avtoritetdir. Ötənlərdə kitab sərgisinə gəlmiş bir qrup rus yazıçının Anarın görüşünü хatırlayıram, оnların istəyilə. Adamın dərin hafizəsi, məntiqi, еnеrjisi, yüksək dialоq еtikası… Səlis rus dilində: sizdə asıb-kəsməyi, radikal ritorikanı və hədə-qorxunu “böyük mədəniyyət” nişanəsi sayanların sayı artıb – dеyə bilən təəssübkеşliyi də öz yеrində. Əziz dоstlar, yaş, filan sadəcə rəqəmdir. Anar AYB-nin sədrliyindən istеfa vеrsə, nə cəmiyyət, nə ədəbiyyat, nə də ölkə hеç nə qazanmayacaq. Tam əksinə, çох şеy itirəcək. Şəхsən mən оnun lap bеlə ömrünün aхırınacan sədr qalmasını istəyirəm. Ümid edirəm ki, belə də olacaq!
2007- ci ilin 1 mayında Neftçalada atamın 80 illik yubileyi keçirildi yubileyə gələn qonaqlar arasında Səməd Vurğunun övladları – Xalq Şairi Vaqif Səmədoğlu və Aybəniz xanım da var idi.Həm Vaqif müəllim, həm də Aybəniz xanım həmin yubileydə çıxış da etdilər. Həmin unudulmaz yubuliyein lent yazısını bir neçə gündən sonra,bütövlükdə, “İçtimai” televiziyada göstərdilər. Vaqif Səmədoğlunun həmin çıxışını bu yazıma əlavə edirəm. Oma görə ki, Vaqif Səmədoğlu həmin çıxışında,1954-cü ilin 12 iyununda atası Səməd Vurğunla birlikdə bizə gəldiyi günü də xatırlayır:
ATAMIN NEFTÇALADA KEÇİRİLƏN 80 İLLİK YUBİLEYİNDƏ (01 MAY 2007) XALQ ŞAİRi VAQİF SƏMƏDOĞLUNUN ÇIXIŞI
Əziz dostlar! Bu saat Milli Məclisin şıdırğı iclası gedir.Ancaq Milli Məclis 2010-cu ilədək davam edəcək və bundan sonra da müstəqil Azərbaycan var olduqca Milli Məclisimiz, parlamentimiz olacaq. Ancaq İmamverdi müəllim kimi böyük bir insanın, böyük bir şəxsiyyətin 80 illiyi bir dəfə olur. Ona görə də mən bu gün parlament iclasında deyil, burada- İmamverdi müəllimin yubileyində iştirak edirəm. Əziz dostlar! Mənim mənsub olduğum Səməd Vurğun ailəsindən atam da, anam da, böyük qardaşım da dünyalarını dəyişib. İkicə adam qalmışıq- böyük bacım Aybəniz xanım və mən. Bu gün ikimiz də burdayıq. Başqa cür ola bilməzdi. Səməd Vurğunun ocağında qalanlar mütləq və mütləq bu gün İmamverdi kişinin hüzuruna buyurmalıydılar, onun haqqında xoş sözlər deməliydilər və onun əlini öpüb qayıtmalıdırlar. İmamverdi müəllim yaşda məndən böyükdür, amma hafizəsi mənim hafizəmdən yaxşıdır. İlk dəfə mən İmamverdi müəllimi görmüşəm 12- 13 yaşım olanda -Neftçalada. Əllinci illərin əvvəli idi. İmamverdi müəllimlə Səməd Vurğunun qucaqlaşıb öpüşmələrinin, indi öpüşməsinlər,o gün şahidi oldum.Həmin gün axşam bir tədbir var idi. Ancaq mən tədbirdə iştirak eləmədim, çünki uşağıydım, bir at gətirmişdilər və mən o atı minib gəzdim Neftçalanın küçələrində. Səməd Vurğun dünyasını dəyişəndən sonra mən növbəti dəfə İmamverdi müəllimin evində olanda onun evinin divarında bir şəkil gördüm: İmamverdi müəllim- gənc İmamverdi Əbilov çıxış edir və Səməd Vurğun rəyasət heyətinində oturub. Hələ bir dəfə də olmayıbdır ki, mən bu mahala gəlim, maşını Neftçalaya sürdürməyim. İmamverdi müəllimin evində çörək yeməyim, yatmayım. Dəfələrlə İmamverdi müəllimin evində olmuşam, onun kitabxanasını paxıllıqla və dərin hörmətlə seyr etmişəm. Özünün müdrik, son dərəcədə ağsaqqal söhbətlərinə qulaq asmışam və doğrudan da heyran qalmışam. Bu kişinin Bakıya gəlməyə dəfələrlə imkanı olub. Dəfələrlə bu kişiyə təklif ediblər ki, Bakıya gəl. Gəlsəydi, bu saat Azərbaycan elmi sahəsində, istər ədəbiyyat olsun, istər tarix olsun, ən üstün mövqelərdən birini tutacaqdı. Ancaq bu kişi Neftçalanı tərk eləmişdi. Bir də mən öz həyat təcrübəmdın bir şeyi Sizə demək istəyirəm. Hamımız Sovet dövrünü yaşamışıq.Birinci katiblər olub, indi İcra başçıları var. Birinci katiblər nüfuzlu müəllimlərdən şeytandan qorxan kimi qorxublar. Çünki katibləri onlar işdən çıxara biliblər. Ancaq mən Neftçalanın neçə 1-ci katibinin, neçə İcra başçısının İmamverdi müəllimə necə böyük hörmətlə, necə böyük İzzətlə yanaşdığının şahidi olmuşam. Bircə misal deyim. Rıhmətlik İbrahim müəllim – İbrahim Qurbanov deyirdi ki, mənim Neftçalada İmamverdi Əbilov kimi arxam var. İbrahim Qurbanovun bax bu sözü mənə bəs idi. Arxa İbrahim Qurbanov kimi qüdrətli, hörmətli bir raykom katibi İmamverdi müəllimə arxa deyirdi. Doğrudan da nəinki Neftçalaya, İmamverdi müəllim həmişə bu mahala arxa durub, Muğanın arxasında durub, bu zonanı arxasıyca aparıb.Və bu yolda çox böyük nüfuz, çox böyük hörmət qazanıb. Mən əminəm ki, İmamverdi müəllim bu gözəl yolu davam etdirəcək. Bu, təkcə Sizin deyil, Neftçalanın, Salyanın xoşbəxtliyi deyil, Azərbaycan mədəniyyətinin, Azərbaycan varlığının səadətdir, xoşbəxtliyidir.
Xüsusi qeyd: Şəkil atamın 80 yaşı tamam olan gün Neftçalada çəkilib. Şəkildə olanların adlarını yazmağa məncə ehtiyac yoxdur. Amma yenə də… Soldan sağa: Atam, Aybəniz xanım Vəkilova, Vaqif Səmədoğlu, Anar, Fikrət Qoca, Bəkir Nəbiyev.
Bu məktubu yazarkən bir tərəddüd hissi keçirirəm. Çünki Sizin kimi sözün məsuliyyətini ömrü boyu çiyinlərində daşımış bir yazıçıya müraciət etmək, əslində, sözün imtahanıdır. Hər cümlə ölçülüb-biçilməli, hər fikir vicdandan süzülməlidir. Siz illər boyu bizə sözün necə yazılmalı olduğunu öyrətmisiniz. Bu gün isə biz Sizin haqqınızda söz deməyə çalışırıq. Səksən səkkiz illik ömür – bu, sadəcə zaman ölçüsü deyil. Bu, bütöv bir ədəbi tarixdir. Bu tarixdə həm sovet dövrünün mürəkkəb ideoloji çərçivələri, həm milli özünüdərk mərhələsi, həm də müstəqillik illərinin sarsıntıları var. Siz bütün bu mərhələlərdən keçərək Azərbaycan ədəbiyyatında öz yerinizi yalnız qoruyub saxlamadınız, onu daha da möhkəmləndirdiniz.
Azərbaycan nəsrində Sizin adınız xüsusi bir mərhələ ilə assosiasiya olunur. Sizdən əvvəlki nəsil əsasən ictimai-siyasi pafosun, kollektiv qəhrəmanlığın təsiri altında yazırdı. Siz isə diqqəti insanın daxilinə yönəltdiniz. Qəhrəmanlarınız tribunadan danışmır, öz ürəklərinin səsi ilə danışırdılar. Onlar bəzən zəif, bəzən tərəddüdlü, bəzən ziddiyyətli idilər. Amma həmişə canlı və həqiqi idilər. Siz sübut etdiniz ki, ədəbiyyat yalnız ideoloji sifarişin icrası deyil. Ədəbiyyat insanın özünə hesabatıdır. Vicdan qarşısında hesabatıdır. Bu baxımdan, Sizin yaradıcılığınız Azərbaycan nəsrində psixoloji realizmin yeni mərhələsini yaratdı. İnsan ruhunun incə qatlarını açmaq, daxili monoloqu dərinləşdirmək, susqunluğun arxasındakı ağrını göstərmək – bunlar Sizin ədəbi üslubunuzun ayrılmaz cəhətləridir. Sizin əsərlərinizdə zaman yalnız fon deyil, həm də obrazdır. Dövrün mənəvi atmosferi, cəmiyyətin təzyiqləri, fərdin sıxıntıları – bütün bunlar bir-birinə qarışaraq mürəkkəb bir tablo yaradır. Oxucu həmin tabloda özünü görür. Bəlkə də Sizin yaradıcılığınızın gücü məhz buradadır: oxucu özünü Sizin qəhrəmanlarınızda tapır.
Siz ədəbiyyatı yalnız estetik hadisə kimi deyil, həm də milli yaddaşın qorunması vasitəsi kimi qəbul etdiniz. Bu mövqe xüsusilə müstəqillik illərində daha aydın hiss olundu. Dilə, mədəniyyətə, ədəbi ənənəyə münasibətdə həmişə həssas oldunuz. Ədəbi mühitdə qloballaşma meylləri güclənəndə belə, Siz milli ruhun itirilməməsi üçün mübarizə apardınız. Çünki yaxşı bilirdiniz: ədəbiyyat öz kökündən qoparsa, uzunömürlü ola bilməz. Sizin prinsipial mövqeyiniz bəzən mübahisələr doğursa da, zaman göstərdi ki, bu mövqe ədəbiyyatın özünü qorumaq naminə idi.
Uzun illər ədəbi təşkilatın rəhbərliyində olmaq həm şərəf, həm də ağır yükdür. Çünki burada təkcə ədəbiyyat deyil, insan münasibətləri, ambisiyalar, incikliklər, gözləntilər də toqquşur. Siz bu mürəkkəb mühitdə tarazlığı qorumağa çalışdınız. Bir rəhbər kimi ən böyük üstünlüyünüz ədalət hissiniz oldu. Siz istedadı şəxsi münasibətdən üstün tutmağa çalışdınız. Gənc qələm sahiblərinə meydan vermək, onların səsini eşitmək, ədəbi prosesə cəlb etmək – bunlar təsadüfi addımlar deyildi. Siz bilirdiniz ki, ədəbiyyat nəsillərin davamlılığı ilə yaşayır. Bir çox gənc yazıçı ilk kitabının işıq üzü görməsində, ilk müzakirələrdə iştirakında Sizin dəstəyinizi hiss edib. Bəzən bir təşviqedici söz, bəzən konstruktiv tənqid, bəzən də sadəcə diqqətlə dinləmək – bunların hər biri yaradıcı insan üçün böyük stimuldur. Siz bunu əsirgəmədiniz.
Sizinlə eyni mühitdə çalışanlar deyirlər ki, Siz sakit və təmkinli görünməyinizə baxmayaraq, daxildə böyük prinsipiallıq daşıyırsınız. İşə məsuliyyətsiz yanaşanla sərt, zəhmətkeş və səmimi olanla isə son dərəcə qayğıkeş olmusunuz. Sizin tələbkarlığınız şəxsi ambisiyadan deyil, sənətə hörmətdən doğur. Siz sözün ucuzlaşmasına dözə bilmirsiniz. Ədəbiyyatın səviyyəsinin aşağı düşməsi Sizi narahat edir. Buna görə də iclaslarda, müzakirələrdə mövqeyinizi açıq şəkildə bildirmisiniz. Lakin bu tələbkarlıq heç vaxt insanı alçaltmaq formasında olmayıb. Əksinə, Siz tənqidi inkişaf vasitəsi kimi görmüsünüz. Bir yazıçının səhvini göstərərkən onun şəxsiyyətinə toxunmamaq – bu, böyük mədəniyyət tələb edir. Sizdə bu mədəniyyət var.
Yaradıcılıq mühiti bəzən rəqabət, hətta qısqanclıq mühiti ola bilir. Lakin Sizin həyat yolunuz göstərir ki, dostluq və sədaqət bu mühitdə də mümkündür. Siz dostlarınıza çətin günlərdə arxa oldunuz. Onların uğuruna səmimi sevindiniz. Heç vaxt başqasının kölgəsində qalmaq qorxusu ilə yaşamamısınız. Sizin üçün dostluq yalnız xatirələr deyil, həm də məsuliyyətdir. Dostun dərdini bölmək, haqsızlığa məruz qalanda yanında olmaq, arxasınca deyil, üzünə söz demək – bunlar Sizin xarakterinizin ayrılmaz hissəsidir. Ömrünüzün bu müdrik çağında dünyasını dəyişmiş dostlarınızın da xatirəsini yad etmək üçün hər məzar üstünə əyilib qoyduğunuz güllərlə üzünüzdəki dost itkisindən doğan iztirab daxili dünyanızın gözəlliklərinə açılan qapını bizim də üzümüzə açmış olur. İnsan, dost, sirdaş kimi səmimiyyətinizin də dəyərini dəyərləndirməyi bizə diktə etmiş olur.
Böyük ad qazanmaq insanı dəyişə bilər. Lakin Sizin simanızda biz şöhrətin yaratdığı süni məsafəni görmürük. İllərdir bir yerdə çalışırıq, Sizdən gördüyümüz səmimiyyət, sadəlik önündə baş əyirik. Siz qələm dostlarınızla, həmkarlarınızla, oxucu ilə, gənc yazarla, tələbə ilə ünsiyyətdə sadə qalmağı bacarırsınız. Səmimiyyətinizdə pafos yoxdur. Danışığınızda təmtəraq yoxdur. Fikirlərinizdə isə aydınlıq var. Siz mürəkkəb məsələləri belə sakit və məntiqli şəkildə izah edə bilirsiniz. Bu, həm zəkanın, həm də daxili balansın göstəricisidir.
Sizin əsərləriniz müxtəlif dövrlərdə yazılsa da, onların əsas mövzusu dəyişməz qalıb: insan və onun vicdanı. Bu mövzu nə köhnəlir, nə də aktuallığını itirir. Çünki cəmiyyət dəyişsə də, insanın daxili sualları dəyişmir. Siz insanı seçim qarşısında qoyursunuz. O, rahat yolu seçəcək, yoxsa vicdanlı yolu? O, susacaq, yoxsa danışacaq? O, uyğunlaşacaq, yoxsa etiraz edəcək? Bu suallar hər dövrdə aktualdır. Məhz buna görə də Sizin yaradıcılığınız zamanın fövqündə dayanır.
Bu gün Siz artıq təkcə yazıçı deyil, həm də ədəbi yaddaşın daşıyıcısısınız. Sizin xatirələriniz, müşahidələriniz, şahidi olduğunuz hadisələr Azərbaycan ədəbiyyat tarixinin canlı səhifələridir. Siz müxtəlif nəsillərlə ünsiyyətdə olmusunuz, fərqli dövrlərin ədəbi mühitini yaşamısınız. Bu təcrübə misilsizdir. Gənclər üçün Sizinlə bir masa arxasında oturmaq belə dərsdir. Çünki onlar yalnız bir yazıçını deyil, bir dövrü dinləyirlər.
Hörmətli Anar müəllim! Bu məktubda deyilənlər Sizin xidmətlərinizin yalnız bir hissəsidir. Bəlkə də sözlə ifadə etmək mümkün olmayan daha böyük bir mənəvi təsiriniz var. Siz bir çoxumuz üçün ədəbiyyata inamın simvolusunuz. Sözün hələ də dəyərli olduğuna inamın simvolusunuz. Səksən səkkiz yaş – müdriklik yaşıdır. Amma Sizin düşüncəniz hələ də canlı, enerjiniz hələ də hiss olunur. Arzu edirəm ki, bu müdrik səs hələ uzun illər eşidilsin. Yeni nəsillər də Sizin təcrübənizdən bəhrələnsin. Siz Azərbaycan ədəbiyyatında yalnız bir ad deyil, bir mövqesiniz. Bu mövqe vicdanın, səmimiyyətin, prinsipiallığın mövqeyidir. Və bu mövqe yaşadıqca, ədəbiyyatımız da yaşayacaq. Dərin ehtiram və sonsuz hörmətlə.
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, sözümüzü dünyaya tanıdan, ədəbiyyatımızın canlı nəfəsi olan Anar müəllimin doğum günüdür. Onu təbrik etməzdən əvvəl bir fikri demək istəyirəm. Bu yaxınlarda Anar müəllimin bir müsahibəsində oxudum ki, AYB qurultayında namizədliyini verməyəcək və AYB-dən gedəcək. Bu söz məni çox üzdü. Çünki mən AYB-ni Anar müəllimsiz təsəvvür edə bilmirəm. Anar müəllim təkcə yazıçı deyil. O, Azərbaycan nəsrinin bir dövrüdür, sözün yaddaşıdır, ədəbiyyatımızın yaşayan tarixidir. Onun qələmi ilə neçə-neçə nəsil ədəbiyyatı sevməyi öyrənib, sözün gücünü anlayıb. Mənə elə gəlir ki, Anar müəllim getsə, ədəbiyyat bizdən incik düşəcək, sözün işığı öləziyəcək. Şəxsən mənim o zaman nə şeir gələcək ürəyimdən, nə də nəsr… Əziz Anar müəllim! Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun, işıqlı və məhsuldar bir ədəbiyyat ömrü arzulayıram. Qoy qələminiz heç vaxt susmasın, sözünüz həmişə yaşasın və Azərbaycan ədəbiyyatının işığını daim yandırsın. Doğum gününüz mübarək!
ARİSTOKRAT YAZIÇIMIZ ANARIN 88 yaşına SIRAVI OXUCU TƏBRİKİ
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, xalq yazıçısı Anar Rzayevin 88 yaşı tamam olur. Uzun illərdir ki, onun adı Azərbaycan nəsrinin, milli ədəbiyyatımızın və mədəni mühitimizin ən parlaq simvollarından biri kimi çəkilir. Anar təkcə yazıçı deyil – o, bütöv bir ədəbi məktəbin, düşüncə tərzinin və mənəvi ənənənin davamçısı olmaqla yanaşı , həm də xalqın qayğı daşıyıcısıdır. Azərbaycan ədəbiyyatı tarixində nadir hallarda rast gəlinən bir ailə fenomeni də məhz Anarın taleyinə yazılıb. Onun doğulduğu və böyüdüyü ailə sözün həqiqi mənasında ədəbiyyat ocağıdır. Bu böyük ailədə altı yazıçı yetişib: atası – görkəmli şair Rəsul Rza, anası – incə lirikanın tanınmış nümayəndəsi Nigar Rəfibəyli, özü – xalq yazıçısı Anar, qızı Günel Anarqızı, oğlu Tural Anaroğlu və nəvəsi Anar. Bu, təkcə bir ailənin deyil, bütöv bir ədəbi ənənənin nəsildən-nəslə keçən canlı davamıdır. Sözün, fikrin, bədii düşüncənin belə təbii şəkildə varislik qazanması Azərbaycan ədəbiyyatında nadir hadisədir. Anar müasir dövrümüzün ən məşhur yazıçılarından biri hesab olunur. Onun yaradıcılığı Azərbaycan nəsrində yeni nəfəs, yeni üslub, yeni düşüncə tərzi formalaşdırıb. Yazıçının əsərlərində insan taleyi, mənəvi seçim, zamanın dəyişən dəyərləri, sevgi və vicdan kimi mövzular dərin fəlsəfi çalarlarla təqdim edilir. Bu əsərlər oxucunu təkcə hadisələrin axarına aparmır, həm də insanın daxili aləminə, mənəvi dünyasına işıq salır. Onun ən məşhur əsərlərindən biri olan “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı Azərbaycan nəsrində xüsusi yer tutur. Bu əsər təkcə sevgi hekayəsi deyil; o, insan münasibətlərinin, mənəvi məsuliyyətin və zamanın yaratdığı psixoloji çətinliklərin bədii təhlilidir. Roman uzun illərdir ki, müxtəlif nəsillərin oxucuları tərəfindən maraqla oxunur və hər dəfə yeni mənalarla yenidən kəşf olunur. Anarın ədəbi nüfuzu yalnız yazdığı əsərlərlə məhdudlaşmır. O, uzun illərdir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri kimi milli ədəbiyyatın inkişafında mühüm rol oynayır. Çoxlarının tənqid atəşinə tutduğu bu vəzifə onun ədəbiyyata və söz sənətinə olan məsuliyyətini daha da artırıb. O, bir tərəfdən ustad yazıçı kimi yaradır, digər tərəfdən isə gənc qələm sahiblərinin yetişməsinə, milli ədəbi mühitin qorunmasına və inkişafına xidmət edir. Anar Azərbaycan xalqını, onun incəsənətini və mədəniyyətini yalnız əsərləri ilə deyil, həm də şəxsiyyəti ilə təmsil edən ziyalılardandır. Onun sadəliyi, xeyirxahlığı və təbii aristokratlığı hər kəs tərəfindən hörmətlə qarşılanır. O, sözün əsl mənasında Azərbaycan ziyalısının klassik obrazını yaşadan nadir şəxsiyyətlərdəndir. Ustad yazıçının qələmi təkcə bir müəllifin yaradıcılıq aləti deyil. Bu qələm xalqın yaddaşını, tarixini, mənəviyyatını və ədəbi irsini qoruyan bir söz missiyasını daşıyır. Anarın əsərlərində Azərbaycan insanının düşüncəsi, mənəvi dünyası, sevinci və kədəri bədii dillə əbədiləşir. Məhz buna görə də onun yaradıcılığı zamanın sınağından çıxaraq oxucuların yaddaşında yaşayır. Bu gün 88 yaşını qeyd edən ustad yazıçıya baxanda insan bir daha anlayır ki, əsl ədəbiyyat zamanla köhnəlmir. O, yeni nəsillərin düşüncəsində yenidən doğulur. Anarın yaradıcılığı da məhz belədir – o, dünənin, bu günün və sabahın ədəbiyyatıdır. Sevimli xalq yazıçımız Anar Rzayevə ən səmimi təbriklərimizi çatdırırıq. Ona Allahdan möhkəm cansağlığı, uzun ömür və yeni-yeni əsərlər arzulayırıq. Çünki onun qələmi yalnız bir yazıçının qələmi deyil – xalqın yaddaşını və mənəviyyatını qoruyan sözün qələmidir. O, sözün həqiqi mənasında xoşbəxt insandır.
Bir daha Təbriklər, BÖYÜK İNSAN- ŞƏXSİYYƏT- ANAR!!! Hörmətlə: Əlövsət Qaraca
YÜZ BİRİNCİ YAZI 88 – Xoşbəxtlər xoşbəxti (Anarın 88 illiyinə) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu bir ömrün 88 baharın yaşamış Azərbaycanın Xalq yazıçısı Anar haqqında olacaq. “8” rəqəmi xoşbəxtliyin, zənginliyin rəmzi-simvolu kimi assosasiya edir. Bu gün uzun və keşməkeşli bir yol keçərək iki səkkizi yanaşı ömür kitabının titul vərəqinə yazmağa nail olmuş azman söz adamının doğum günüdür! Bir “8” “xoşbəxt”lik olanda, iki “8” (88) təbii ki, “xoşbəxtlər xoşbəxti” olmalıdır. Anar bir qələm adamı kimi xoşbəxtdir (əlinə qələm almış hər bir yurddaşın nümunə götürə biləcəyi etalon şəxsiyyət kimi bu sahənin fəth olunmaz zirvəsi hesab olunur). 14 mart – 14 özü də məsumiyyəti simgələyir. Doğum gününüz mübarək olsun, Anar müəllim! Və bu yazı mənim bu qəbildən olan 101-ci yazımdır. Keçək mətləbə.
A N A R Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ömür yoluna nəzər salanda insanın ağlına ilk gələn ifadələrdən biri də məhz budur: xoşbəxtlər xoşbəxti. Çünki hər yazıçıya nəsib olmur ki, həm böyük bir xalqın sevgisini qazansın, həm də yaradıcılığı ilə milli düşüncənin, milli yaddaşın qoruyucularından birinə çevrilsin. Martın 14-də ustad yazıçının 88 yaşı tamam olur. Bu yaş sadəcə təqvim göstəricisi deyil. Bu, Azərbaycan ədəbiyyatında bütöv bir epoxanı ifadə edən ömür yolunun növbəti zirvəsidir. Bu gün də böyük enerji ilə yazıb-yaradan, düşünən, milli sözün keşiyində dayanan Anar müəllim Azərbaycan ədəbi mühitində canlı bir məktəbdir. Anarın həyat yolu Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və ictimai düşüncəsinin inkişaf tarixinin ayrılmaz bir hissəsidir. O, yalnız yazıçı kimi deyil, həm də milli mədəniyyətin fəal təbliğatçısı, ictimai fikir adamı kimi tanınır. Onun qələmindən çıxan əsərlər Azərbaycan insanının mənəvi dünyasını, milli xarakterini, sevinc və ağrılarını, zamanın çağırışlarını əks etdirən dərin bədii salnamədir. Yazıçının hekayələri, povestləri, romanları (ssenariləri), dram əsərləri və publisistik yazıları uzun illərdir oxucuların düşüncə dünyasına təsir göstərir. Anarın yaradıcılığında diqqəti çəkən əsas xüsusiyyətlərdən biri milli yaddaşın qorunması və insanın mənəvi məsuliyyəti məsələsidir. Onun qəhrəmanları yalnız bədii obrazlar deyil, həm də dövrün mənəvi portretidir. Anar müəllimin son illərdə qələmə aldığı ən mühüm əsərlərdən biri geniş həcmli “Yaşamaq haqqı” tarixi-kulturoloji traktatıdır. Yazıçının öz sözləri ilə desək, bu əsər onun xalqına bir növ mənəvi vəsiyyətidir. HAŞİYƏ Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” (1120 səhifə) tarixi-kulturoloji traktatı Azərbaycanın qədim dövrdən bu günümüzə qədərki tarixini əhatə edir. Əsərdə bütövlükdə ümumtürk tarixinə ekskursiya olunur. Qədim türk abidəsi olan Orxon-Yenisey kitabələrindən üzü bəri bir çox mühüm yazılı mənbəyə müraciət edən müəllif tarixi hadisələr, görkəmli şəxsiyyətlər, ictimai-siyasi xadimlər, maarifçilərimiz haqqında şəxsi mülahizələrini bölüşür. Xalqımızın millət olaraq formalaşması, özünüdərk prosesi hansı çətin mərhələlərdən keçib? Dil problemi, işğalçıların ana dilimizə təcavüz siyasəti, çar Rusiyasının xanlıqlarla müharibələri, Azərbaycanın ikiyə parçalanması, Şərqdə ilk demokratik cümhuriyyətin yaranışı, Sovet imperiyasının qurulması və Azərbaycanın İttifaqa qoşulması, Stalin hakimiyyəti, repressiyalar, kütləvi qırğınlar tariximizdə nə kimi izlər buraxıb? Əsrlər boyu Azərbaycanın başına gətirilmiş bəlalar ədəbiyyatımıza, incəsənətimizə necə sirayət edib? Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra ermənilərin torpaqlarımıza təcavüzü və Qarabağın işğalı, 20 Yanvar, Xocalı faciəsi kimi qanlı-qadalı, ağrılı-acılı hadisələrin kökündə hansı məkrli niyyətlər gizlənirdi? Vətəndaş müharibəsi təhlükəsi və ölkədə vəziyyətin kritik həddə çatması, hakimiyyət çəkişmələri, belə bir vaxtda Heydər Əliyevin yenidən hakimiyyətə dönüşü, bundan sonra respublikanın mədəni, iqtisadi, ictimai həyatında baş verən dəyişikliklər Azərbaycanı hansı təhlükələrdən xilas etdi? Anar uzun illərin həyat təcrübəsinə və dərin mütaliəyə dayanan yazıçı baxışı ilə əsərdə bütün bu suallara cavab axtarır, Azərbaycan tarixinə müxtəlif rakurslardan işıq salır. Əsərdə Azərbaycanın tarixində, xalqın taleyində bu və ya digər şəkildə rol oynamış ayrı-ayrı şəxsiyyətlərin həyat və fəaliyyəti də ön plana çəkilir. Cavad xan-Sisyanov qarşıdurması, Məhəmməd Əmin Rəsulzadənin millət qarşısında xidmətləri, ilk maarifçilərimiz Mirzə Kazımbəyin, Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Həsənbəy Zərdabinin Azərbaycan mədəniyyəti üçün gördüyü böyük işlər, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarlarımızın milli musiqimizin inkişafındakı rolu barədə mülahizələr traktatda önəmli yer tutur. Təzadlı tarixi şəxsiyyətlərdən olan Mir Cəfər Bağırovun fəaliyyətinin bütöv, hərtərəfli əksi xüsusi maraq doğurur. Azərbaycandan kənarda baş verən hadisələrin tariximizə, millətimizin taleyinə təsirindən də söz açan müəllif əsərdə Avqust Putçası, SSRİ-nin dağılması, ölkəmizin müstəqillik qazanması, gənc suveren respublikaya kənardan təzyiqlər barədə fikirlərini bölüşür, məsələlərə tam yeni, fərqli aspektlərdən yanaşır. Bu monumental əsərdə Azərbaycanın qədim dövrlərdən bu günümüzə qədər keçdiyi tarixi yol geniş şəkildə araşdırılır. Yazıçı yalnız salnaməçi qələmdar kimi deyil, həm də milli taleyin düşüncəli müşahidəçisi kimi çıxış edir. Əsərdə Azərbaycan xalqının dövlətçilik ənənələri, mədəniyyət tarixi, milli kimlik məsələləri və müxtəlif ictimai-siyasi proseslər dərin təhlil olunur. Xüsusilə diqqət çəkən məqamlardan biri də traktatda Cənubi Azərbaycan məsələsinə ayrılmış bölmədir (günümüzdə olduqca aktualdır). Bu hissədə yazıçı bütöv Azərbaycanın taleyini, milli yaddaşın bölünməzliyini və xalqın tarixi birliyini xüsusi həssaslıqla təqdim edir. Anarın bu yanaşması onun yaradıcılığında milli düşüncənin nə qədər mühüm yer tutduğunu bir daha göstərir. Anar uzun illərdir Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edir və bu təşkilatın ədəbi həyatın mərkəzlərindən biri kimi fəaliyyət göstərməsində böyük rol oynayır. Onun rəhbərliyi ilə Azərbaycan ədəbiyyatında yeni nəsil yazıçıların formalaşması, milli sözün qorunması və inkişafı istiqamətində mühüm işlər görülüb. Əslində, Anar müəllimin fəaliyyəti yalnız yazmaqla məhdudlaşmır. O, ədəbiyyatın təşkilatçısı, milli mədəniyyətin müdafiəçisi, gənc qələm adamlarının mənəvi dayaq nöqtələrindən biridir. Bir yazıçının xoşbəxtliyi nə ilə ölçülür? Şöhrətləmi, kitabların tirajı iləmi, yoxsa mükafatlarla? Anarın həyatına baxanda bu sualın cavabı aydın görünür. Yazıçı üçün ən böyük xoşbəxtlik xalqının yaddaşında yaşamaqdır. Onun əsərləri onilliklərdir oxunur, müzakirə olunur, yeni nəsillərin düşüncəsinə təsir göstərir. Məhz buna görə də Anarı “xoşbəxtlər xoşbəxti” adlandırmaq təsadüfi deyil. O, həm öz xalqının sevgisini qazanıb, həm də söz sənətində silinməz iz qoyub. Martın 14-də 88 yaşını qeyd edən ustad yazıçıya ən böyük təbrik onun yaratdığı əsərlərin hələ uzun illər yaşayacağına olan inamdır. Bu gün də böyük yaradıcılıq enerjisi ilə çalışan Anar müəllim Azərbaycan ədəbiyyatının canlı klassiklərindən biridir. Ustad yazıçıya sağlam ömür, möhkəm cansağlığı və yeni-yeni əsərlər arzulayırıq. Çünki onun qələmi yalnız bir yazıçının qələmi deyil — xalqın yaddaşını, tarixini, ədəbiyyatını və mənəviyyatını qoruyan sözün — mədəniyyətin qələmidir. O, sözün əsl mənasında xoşbəxt qələmdardır! Və bu mənada Anar həqiqətən də xoşbəxtlər xoşbəxtidir. Bir daha təbriklər, ustad! Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Hələlik! 14.03.2026. Bakı.
Taksi “Gəncliy” ə aparmır, amma “Dədə Qorqud” a gedir. Bəs ömrün Qorqud çağından ömrün gəncliyinə aparan varmı? Əvvəla ondan başlayım ki, atamın ən sevdiyi yazıçı ANAR idi. Biz uşaq olanda Anarın “Səhra yuxuları”, “Yaxşı padşahın nağılı”, “Əlaqə”, “Dantenin yubileyi” və.s kimi əsərlərinə aşina olmağı dönə-dönə tövsiyə edərdi. Sonra Anarın aşağı-yuxarı bütün əsərlərini oxuduq.Xatırlayıram ki, ağüzlü kirilcə kitabının 1-ci cildində – “Keçən ilin son gecəsi”, “Bayram həsrətində”, “Asqılıqda işləyən qadının söhbəti”, “Mən, sən, o və telefon” və s.hekayələrini gözümüzə təpərək, ciyərimizə çəkərək oxumuşduq.Onda vur-tut 6-da, 7-də oxuyardıq.Göyçay Mərkəzi kitabxanasına üz tutanda, (onda Göyçaylı yazıçı Əli Səmədlinin “Arvan” kitabxanası hələ açılmamışdı) ilkən gözümüz Anarın kitablarını arayırdı.Sonra Anar təkcə atamın deyil, bizim də sevimli yazıçımız oldu.Bu xüsusda vagüzarlığı özündən bizə ötürdü – yəni atadan oğullara, tam doğaldır, tam təbiidir. Elə Anara da istedad estafetini atası Rəsul Rza və anası Nigar xanım Rəfibəyli ötürmuşdü.Anarın valideynlərini itirəndən dərhal sonra yazdığı “Sizsiz” xatirə-romanı yazıçı istedadının ötürülməsi anlamında bizi çox mətləblərdən agah edir. Həyat elə gətirdi ki, mən də dəfələrlə Anar haqqında yazdım; 2-3 şeirimi Anara ithafda bulunarkən, həm də “Sətirlər” verilişinin, 2021-ci il, 14 mart buraxılışını da Anara həsr etdik.Film estetikası ilə hazırlanan verilişin ssenarisini yazdım, Anardan, oğlu Tural bəydən, qızı Günel xanımdan müsahibələr aldım. Anarın imzası ilə həm qardaşım, həm də bəndəniz Yazıçılar İttifaqının üzvü olmaq qürurunu daddıq, fərəhini yaşadıq. Anar – onun şəcərəsi Məmmədxanlılar+Rəfibəylilər nəslinin taleyini və tarixini müfəssəl şəkildə öyrəndiyim yeganə mənbə isə Rafael müəllimin “Rəfibəylilər” kitabı oldu.Yanılmıramsa, 1996-cı ildə nəşr olunmuşdu.Həmin əsəri bir nəslin epopeyası da saymaq olar.Onda bu kitab bizim ailəmizin masaüstü kitabına çevrildi.Akademik Rafael Hüseynovun bu sanballı, arxiv sənədləri ilə zəngin tədqiqat kitabı ilk baxışda məşhur fransız romançısı Moris Drüonun qalın, səhifəsi 1000-i aşqın tarixi romanlarını andırır.Bu müəzzəm, Drüonsayağı kitab Anarın gəldiyi yolu, onun nəslinin keçdiyi iztirabları gün kimi aydınladırdı.Akademik Rafael Hüseynov Anara sayğısını hərdaim izhar edib, haqqında dəfələrlə yazıb, verilişlər ərsəyə gətirib. Yazıçının ilk iş yeri olan Nizami adına Ədəbiyyat Muzeyinə, 1960-cı illərin lap əvvəlinə səyahət əla olar. Muzey ziyarətçilərinin təbiri ilə desək – “Yoldaş Rzayev” in olduqca maraqlı bələdçi olması bizə çox şey anladır.Anarın Radioda qısa dönəm işləməsindən, habelə “Səslər muzeyi” adlı verilişinin keşməkeşli tarixçəsi də maraqlıdır.Ancaq ilk növbədə yollanacağıq Qobustana.Qobustana deyəndə ki, “Qobustan” toplusuna…Elə “toplu” sözü də bizim üçün yenilik idi həmin çağlarda.Bu toplu ana dilimizdə unudulmuş çox sözlərə ehya verəcəkdi.Dərgiyə qarşı olan həmlələrə, süngülərə sinə gərib dözəcəkdi, Anarın sayəsində.Bədxah donosçulara, çuğullara qarşı sözdən zireh düzəldəcəkdi, Anarın sayəsində.Yazıçını “siyasi səbatsızlıq” da suçlayan qaragüruhları susduracaqdı, yenə Anarın sayəsində. Elə isə Anardan danışmaq istəyirəm, Anardan.Meşin çantasını çiyninə salıb, boynunu yana əyib mərkəzi küçələri dolaşan, bir çiynini dikəldib, o biri çiynini ürəyinə sarı endirən Anardan danışacam.Bəs necə? Baş ürəyə yaxın, həmdəm olmalı ki, yazılanlara Anar deyə biləsən, yozulanlara Anar deyə biləsən.”A” hərfindən danışacam sizə. Ata ilə, ana ilə, Azərbaycanla eyni səsləşən, “aristokratiya” sözü ilə qəribə şəkildə asossiasiya olunan əlifbamızın ilk hərfindən danışacam sizə.”A” hərfi deyib, Anar deyib yazmağa nə var ki?! ”A” hərfini yazıb, ucundan tutub get! ucuzluğa yox, ucalığa, bahalığa.O bahalığa gözlərin qalsın baxa-baxa, axı Anardan danışacam sizə, 88-ə- əlvida, 89-a mərhaba, Anar.Sən, kəşf olunmaz bir ada, Anar… Anardan danışacam sizə, gəncliyinə getmək istəyən Anardan.O deyyyy taksi dəydi gözümə, nəhs nömrəli olsa da getmək olar.O taksi Anarı gəncliyinə aparacaqmı? “Gənclik” stansiyasına olsa nə var ki, aparar.Amma ömrün gəncliyinə necə, yeniyetməliyinə necə? 13-14 yaşına, Şuşada yazmağa başladığı dönəmə bizi vaxt taksisi aparacaq. 13-14 yaşında yeniyetmə bir oğlan. Şuşadadılar hamılıqla.Darıxır.Neyləməli? -Oyun oynamalı? -Yooox. -Dərs hazırlamalı? -yox. Axı dostları, sinif yoldaşları Bakıda qalıblar. -Bəs neyləsin Anar? Rəsul Rza daha yaxşısını bilir.”Heç olmaya yol qeydlərini, təəssüratlarını yaz”- deyəcək şairimiz. Anarın içindəki Dədə Qorqud-u mürgüdən oyansaydı bu cür cavab verərdi. “Od kimi işıldayıb, ulduz kimi parlayan nədir, ağız dildən bir kəlmə xəbər ver mənə, qara başım qurban olsun atam sənə” Amma oyanmamışdı, çünki hələ çox cavandır. Anar Rəsul müəllimi dinləyib təəssüratlarını yazacaqdı. Şuşadan?- Şuşadan yoox, Şəkidən? -Şəkidən yoxxx, Bakıdan?-Bakıdan yoxxx, Amerika həyatından bir pyes yazacaq. Yazdığını onlara oxuyacaq, cavab belə səslənəcək: Heç nə, sən də yazıçı oldun. Deməli, bizi torpaqlarımıza qaytaran, gözəlim Şuşaya qovuşduran qüvvə həm də darıxmağımızdır.O yerlər üçün Bakıda, Bakıda isə o yerlər üçün darıxaq…. Bu məmləkətin ilk Anarı 1938-ci ilin martın 14-də doğulub. Anar- yəni hər zaman xatırlayar, anar.İtirdiklərini xatırlayar.Doğmalarını, dostlarını: Toğrulu, Yusifi, Vaqifi, Arazı, Emini anar. Onları yada salar.Anarın əsərləri kimi özünü oxuya bilsən, şifrələrlə, parollarla danışarsan mənimlə, gürcü familyasını verib, yox çaşdım, ilahi küləyin-“Kamikadze”-nin ətəyindən sallanıb əlaqə qurarsan Babilistanla, Səhra yuxularından danışanda ağzımın üstündən elə vurarsan ki, amma ağzıma su alıb kirimişcə yerimdə oturmaram. “Çilistan” -deyib yaxşı padşahdan nağıllayaram sənə, sonra da güzgü tutaram üzünə anındaca ərdo sifətini görmüş olarsan: bənizin həmən solar. Daha da cırnayarsan, çəmkirərsən, məni xırpalamağa başlayanda Anar müəllim susdurar səni. Bax beləcə. “Sizə kimdən deyim, yaxşı padşahdan. Ərənlər belə rəvayət edir ki, əyyami-qədimdə Çilistanda, bir yaxşı padşah varmış. Bu padşah çox adil padşah imiş. Hamıdan, hamıdan adil. Yaxşı padşah heç vədə öz rəiyyətlərinə güldən ağır söz deməzmiş. Nə incidərmiş onları, nə boyunların vurdurarmış, nə də asarmış. Padşahın yaşı ötmüşdü, amma ömrü boyu o nəinki adam, heç taxtabiti, birə də öldürməmişdi. Elə buna görə də padşahın çarpayısı birəylə dolu idi və padşah yazıq gecələr yata bilmirdi” Padşahın gecə yuxularını qaçıran birələr, taxtabitilər olsun, Sovet dövründə Anarın yuxusunu ərşə çəkən isə ağrılarımız, qayğılarımız. Məmləkətdə, İttifaqda, külli-aləmdə olan adamyeyən yamyamların eybəcərliklərini Çilistan, Babilistan adlı məçhul ölkələr timsalında göstərən Anar idi, duyan isə biz oxucular.Brejnevin Bakıya gəlişi əsnasında “Kommunist” qəzetində bir məqalə yaz”- deyənlər min tövr bəhanə gətirib, sivişib aradan çıxan, Allahsızlığı bayraq edən bir rejimin ağzının üstündən sillə çəkən yenə yazıçı Anar olsun. Anardan danışmaq istəyirəm sizə, Anardan… Anarın ssenarisi əsasında çəkilən “Torpaq, dəniz, od, səma” bizim 4 Novruz çərşənbəmizlə necə də səsləşir, bunu mən yozdum bu sayaq, Anar müəllim inciməz.Ömrün 4 mərhələsi: çərşənbələrimizin adına ad edilsin. Əsərdəki Solmaz xalanın sözü Sovet hökumətinə, nur üzlü nənənin cavabı Anara xub yaraşır.Deyilmi? Anardan danışacam sizə. Bu gecə, bu qoca, bu ocaq: Dostlar, bu sətri bir dəfə yazıram, çox təkrarlamağa cürət eləmədiyimdən.Niyə? Axı, çox hallandırsam = olacaq Kəbirlinskiyə.Dantenin yubileyində Feyzulla Kəbirlinski, yadınızdamı? Anarın ən mağmın, ən avam personajının gözlərindəki kədərə cəmiyyətin natəmizliyi hopub.Gözləyin, əzizlərim tozunu alım o məlul gözlərin. Ona biçarə demir Anar, amma Feyzulla kişinin zamanın artistləri, teatr çıxaranları yanında necə naçar, necə cılız olduğunu əlinin içi kimi göstərir.Bu günün xəbis, xudbin adamları yenə var, deməli, cinbala, tülək xislətli Məcid kimiləri də aramızda “n” qədərdir.Əzizlərim, bir sirri də açım sizə.Kəbirlinskinin sadəlövlüyündən istifadə edən Məcid kimiləri o qədərdir ki, bu dəmdə “n” hərfinin halına acıyası oldum.Çünki mərdimazarların sayı “n” həddini çoxdan ötüb keçiblər. “Feyzulla dəvətnaməni alıb baxdı.Doğrudan dadəvətnamədə “ikiadamlıq” sözləri və onun adı, familiyası yazılmışdı: “Hörmətli yoldaş Feyzulla Kəbirlinski! Sizi böyük italyan şairi Dante Aligyerinin anadan olmasının 700 illiyinə həsr olunmuş təntənəli yığıncağa dəvət edirik” Ərini tez-tez azarlayan, ikidəbir onu danlayıb, xəcil edən, fərasətsizliyini, fərsizliyini üzünə vuran Həcərin sonda yuxaya dönən ürəyini Anarın ürəyi sanmalı, sanıb da şərdən saqınmalı, saqınıb da bu misraları dilləndirməli: Niyə Kəbirlinski, -biletini basmış kif? Dante qanrılıb, deyər: -Qoy verim bircə təklif: -Anar əla müəllif. “Sabah yəqin ki, Həcər yenə deyinəcək, söylənəcək.Feyzullanın gününü göy əskiyə düyəcəkdi.Amma bu gün onun könlünü qırmaq istəmirdi.İstəmirdi Feyzulla bilsin ki, düz iki aydır-metro açılandan bəri Həcər hər səhər həmin bu qatarlarla bazara gedib gəlir” Anardan danışacam sizə, Qobustanda külüng vuran Anardan, fəqət o Qobustanla yanaşı bir də Anar müəllimin “Qobustan”-ı var. 1969-cu ilə qayıtsın müəllifimiz.Bu Qobustandan jurnal “Qobustan” a dönsün, hələ Əli bəy Hüseynzadənin isminin çəkildiyi yazını çap etdirmək təşəbbüsünə görə ittiham da olunsun. Anardan danışacam sizə. Bir dəfə deyəcəm, iki dəfə deyəcəm, sonra susacaq telefonunuz. Ölən təkcə insanlar olmur ki, telefonlar da ölür bu dünyada, telefon nədir, telefon nömrələri də. “Dünən sənin telefonun öldü.Ölən yalnız adamalar olmur ki…Telefon nömrələri də ölür.Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıncı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni…” Aya qədər olan məsafə uzaqdır.Elə 1945-ci ilə kimi də məsafə az deyil.Amma Zemfira hərdaim yanındadır Anarın.Həyat yoldaşı, məktəb yoldaşı, can yoldaşı-yoldaşlığa aid hər şeyin adıdır Zemfira. Onu sinifdə görəndə qəhər boğsun boğazını, bir hovur gözləməyə səbrin çatmasın.Qapı nagahan açılıb, sinfə girəndə özünə gələrsən.Gözlərinin baxışında dəhliz qurarsan, yeriyəsən o dəhliz boyunca, gedib işğal edərsən qızcığazın məsum gözlərini.Sonra işğal etdiyin ərazini daha da böyütmək qalır sənə.Sevdiyin qızın gözlərindən yanağına, yanağından dodağına keçərsən, görərsən qızartısı işıqforun qırmızı işığına meydan oxuyur, əlini öz üzünə vurarsan, həmən vəziyyətmiş ki..Qızartı qızartını haylayır, qızartı qızartını çağırır.Qırmızılıqdan lalələr adını verərsən bu keçən illərə, onillərə, daha doğrusu 1945-in payızına. Başa düşərsən ki, ürək çırpışdırmaqdan öncə gərək gözün tutduğu qızın şəklini çırpışdırasan əlaçılar lövhəsindən.Dərslərində əlaçı olmasa da olar, əsas sevgisində əlaçı olsun.Ya ürək çırpışdırmaq, ya istəklinin şəklini.Məncə, ikisi də eyni şeydir.Harda qaldı gəncliyə aparan taksi? Anarı Gəncliyə mütləq aparan olacaq.Amma ömrün gəncliyinə yox, ömrün Qorqud yaşına. Axı “Gəncliy” ə gedən yol “Dədə Qorqud” parkından keçir.Olsun! Anar qələmi ilə, sözü ilə hamıya qalib gəlməyi bacaran ustaddır, hətta özünə də, hətta amansız Zamana da. O, heç vaxt özünü təkrarlamadı, prozanın bütün janrlarında möhtəşəm izlər qoydu.Bunu da yetərli sanmayıb, lətif şeirlər yazdı.Onun “Qorqud dünyası” adlı əsəri Türkün öz və söz manifestinə dönüşdü.Bunu da kafi bilmədi Anar.”Dədə Qorqud” filminin ssenarisini yazdı, iki hissəli bədii filmin ekrana çıxmasına müvəffəq oldu.Üzeyir bəy Hacıbəyliyə həsr etdiyi”Üzeyir ömrü”, Mirzə Cəlil ruhuna sayğı amacı ilə “Qəm pəncərəsi” Cavid əfəndinin həyatından bəhs edilən “Cavid ömrü”, Mirzə Fətəliyə ithafən “Sübhün səfiri” kimi bədii filmlərin ssenarisini qələmə aldı. Bu metodla böyük mütəfəlkkirlərimizin ömrünü ekranda yaşatmağa, ədiblərimizə kinematoqrafik pasport verməyə nail oldu. Bu gün də yazır Anar. “Ədəbiyyat qəzetinin” səhifələrində son illərdə oxuduğum “Kəbirlinskinin son etirafı” və “Qatardan qalan adam” hekayələri sadəcə əladır. Elə isə dünya durduqca Anardan danışacam sizə, ömrün Qorqud çağına yetmiş Anardan…
Taksi Fəxri xiyabanın qarşısında dayandı. Qabaqda oturmuş Fuad, arxada əyləşmiş Rumiyyə maşından düşdülər. Fuad iri gül dəstəsini götürüb sürücüyə: – Gözlə, indi gəlirik – dedi.
Sürücü: – Burda çox dayana bilmərəm, – dedi, – cərimələyərlər.
– Tez qayıdacayıq.
Xiyabana girdilər, qara mərmərdən sinə daşının üstündə ŞÖVQÜ ŞƏFİZADƏ (1911-1987) yazılmış məzara yanaşdılar, gül qoydular.
Şövqü Şəfizadənin boya-boy heykəli onlara zəhmlə, bir az da məzəmmətlə baxırdı sanki.
Rumiyyə yanındakı məzara narazı nəzər atdı: – Elə bil ayrı yer qəhətdi, burda da yanaşı olmalıydılar, – dedi.
Sağ tərəfdəki məzarın üstündə:
FUAD SALAHLI (1918-1976)
yazılmışdı.
Ağ mərmər başdaşının üstündə mərhumun arvadı, heykəltaraş Solmaz tərəfindən yaradılmış qabartma-portret vardı. Fuad Salahlıdan fərqləndirmək üçün hamının “balaca Fuad” adlandırdıqları Fuad Mehdiyev daxilən gülümsündü. Təsadüfənmi, ya bilərəkdənmi Şövqünün heykəli və Fuad Salahlının qabartma – portreti əks istiqamətdə baxırdılar, elə bil bir-birindən üz çevirmişdilər. Rumiyyə bəyaz dəsmalını çıxarıb gözlərinin yaşını sildi. Fuad: – Gedək – dedi – sürücünü cərimə edərlər. – Sən get, indi gəlirəm. Fuad çıxışa tərəf addımladı. Rumiyyə atasının heykəlinə bir az da yaxınlaşdı. Əlini heykəlin başına, üzünə çəkdi, sığalladı, sonra çönüb iti addımlarla ərinə çatdı. Taksiyə mindilər, Fuad sürücüyə ünvanı dedi, Rumiyyə açıq sezilən istehzayla: – Oqtay bəyin hüzuruna gedirsən? – dedi.
– Qasım deyib ona xahişimi.
Rumiyyə köksünü ötürdü: – Gör nə günə qalmışıq, Qasımın minnətçiliyinə ehtiyacımız var.
Fuad dinmədi.
Qasım haçansa – Nuh əyyamında – Şövqünün, ondan sonra da Fuadın sürücüsü olub. Rumiyyə onun gözləri qarşısında böyüyüb. İndi də bu, yaşı ötmüş, amma peşəsindən əl çəkməyən kişi Oqtayın sürücüsüydü. Bütün səylərinə baxmayaraq, heç cür Oqtayla rabitə yarada bilməyən Fuad axır Qasımın vasitəsiylə xahişini ona çatdırdı.
Evlərinin yanında Rumiyyə taksidən endi, Fuad yoluna davam etdi.
– Oqtay qədeş, unutmamısan ki, bu gün Fuad qədeş yanına gələcək.
Oqtay: – Unutmamışam – dedi, maşından düşdü. Qarşısına çıxa biləcək növbənöv xahişçilərdən yayınmaq üçün ətrafa baxmadan iri addımlarla İdarənin qapısına tərəf yeridi. İçəri keçmək istədiyi an qadın səsi eşitdi: – Oqtay!
Oqtay qanrılıb baxdı. Onu çağıran dümağ saçlı qadın idi. Ondan başqa səkidə heç kəs yoxdu. Səs Oqtaya tanış gəldi, həm də məhrəm adam kimi onu adıyla çağırırdı. Oqtay diqqətlə baxdı və diksindi:
– Əsmər? Sənsən?
Əsmər yanaşıb əlini uzatdı – mənəm – dedi – yaxşı ki tanıdın. Çox dəyişmişəm?
Oqtayın etiraz eləməyə dili gəlmədi, amma həm də Əsməri incitmək istəmədi, odur ki, sadəcə: – Sən hara, bura hara? – dedi. – Haçan gəlmisən?
– Bir həftə olar. Telefonun cavab vermir, odur ki, səni burda gözləməli oldum. Bilirəm, başın çox qarışıqdır. Məni beş dəqiqə qəbul edə bilərsən?
– Əlbəttə, bu nə sözdür? Keç.
İkinci mərtəbəyə qalxdılar. Qəbul otağında hələ Fuad Mehdiyevin vaxtından katibə işləyən Nelli onlara salam verdi. Oqtay otağının qapısını açdı, Əsməri içəri buraxdı, sonra özü keçdi, indicə verdiyi sualı təkrar etdi: – Haçan gəlmisən?
Əsmər də təkrarən: – Bir həftə olar, – dedi.
– Xeyir ola?
– Xeyir deyil. Eşitməmisən? Camal rəhmətə getdi.
Oqtay təəssüf hissiylə: – Yox, bilmirdim – dedi, – Allah rəhmət eləsin.
Əsmər:
– Camalın vəfatından sonra Moskvada yaşamaq çox çətin oldu bizə, – dedi. – Xumarı da götürüb – qızımı deyirəm – Bakıya gəlməli olduq.
Oqtay bu gözlənilməz görüşdən, Əsmərin belə dəyişməsindən, Camalın ölüm xəbərindən çaşıb qalmışdı, qarışıq hisslər keçirirdi, adda-budda, dağınıq fikirlər içindən sıyrılıb çıxmaq istəyirdi, hər şeyi ayıq başla dərk etməyə çalışırdı.
Əsmər Oqtayın iş otağına göz gəzdirirdi. Divarda şəhərin ayrı-ayrı binaları, meydanları, küçələri, çeşidli layihələr, Məhəmməd Əmin Rəsulzadənin iri şəkli.
– Nə yaxşı məni o saat tanıdın. Bir daha soruşdu: – Çox dəyişmişəm?
Oqtay nəzakət naminə:
– Yox, – dedi. – Əlbəttə, illər keçib, ikimizin də başı ağarıb. Rəhmətlik haçan vəfat edib?
– İki ay bundan qabaq. İnfarkt.
Son illərdəki həyatlarından danışmağa başladı. Camalı xaricdən, diplomatik işindən geri çağırdılar. Perestroyka dövründə təzə nazir bütün köhnə kadrları bir-bir dəyişməyə başladı. Qatı rus şovinisti idi, Azərbaycan müstəqilliyini elan edəndən sonra: “Qayıdın öz müstəqil ölkənizə” demişdi Camala. Müavinlərindən biri erməni idi. Camalı görməyə gözü yoxdu. Bir sözlə, Camalı ən aşağı təqaüdlə işdən çıxardılar. Altı ay sonra elə evdəcə…
Əsmərin səsi əsdi:
– Elə gözümüzün qabağında beş dəqiqənin içində keçindi. Heç təcili yardıma zəng edə də bilmədik.
Oqtay stəkana su süzüb Əsmərə uzatdı, Əsmər bir qurtum aldı.
– Bağışla, – dedi.
Araya üzücü sükut çökdü.
lll
Fuad taksinin hesabını ödəyib İdarənin qabağında maşından düşdü. Ömrünün neçə ilini verdiyi idarənin qapısının üstündə Azərbaycanın üçrəngli bayrağı dalğalanırdı.
Qapıda əsgər qiyafəli saqqallı gənc Fuadın pasportunu uzun zaman o tərəf-bu tərəfə çevirdi. Sonra qarşısındakı siyahıya bir də nəzər atıb, nəhayət:
– Keçin – dedi, – İkinci mərtəbə, 5-ci otaq.
Fuad qeyri-ixtiyari:
– Bilirəm – dedi, tanış pilləkanlarla ikinci mərtəbəyə qalxdı. 5-ci otağın qapısını açıb içəri girdi. Qəbul otağı bir qədər dəyişmişdi. Amma katibə masasının arxasında onun, Fuadın vaxtındakı kimi Nelli əyləşmişdi. Bir qədər yaşlanmış və tosqunlaşmış Nelli Fuadı görüb dərhal ayağa qalxdı: – Ooo Fuad Qurbanoviç, salam, necəsiz?
– Sağ ol, yaxşıyam. Sən necəsən, Nelli?
Nellinin cavabını gözləmədən əlavə etdi: – Oqtayın… Oqtay bəyin qəbuluna gəlmişəm. Özü bilir.
Nelli:
– Bəli, bilirəm – dedi – burda qeyd eləmişəm. Amma bir az gözləyin, yanında adam var. Çay?
– Yox, sağ ol. Gözləyərəm.
Keçib qarşıdakı stulda əyləşdi. Bu qədər tanış qəbul otağına göz gəzdirdi. Bir elə dəyişiklik yoxdu. Onun keçmiş kabinetinin qapısında Oqtayın ad famili, qarşı-qənşər otağın qapısında müdirin ad-famili yazılmışdı: QAFUR ƏHMƏDLİ.
Fuad gözlərinə inanmadı. Bir vaxt Fuadın atasını – Qurban kişini işdən çıxarmış məsul raykom işçisi, indi dəbdə olan sözlə qart partokrat Qafur Əhmədov? Xalq cəbhəsi iqtidarında belə mühüm vəzifədə? Ağlasığmazdır.
– İndi burda müdir Qafur Əhmədovdur? – deyə Nelliyə mənasız sual verdi.
Nelli başıyla təsdiq etdi.
– Otağındadır? – daha bir mənasız sual. Guya yanına girəsiydi.
Nelli:
– Yox – dedi. – Bir azdan gələcək. Qonşu otaqda namaz qılır.
Fuad: “Nə yaxşı ki, o vaxt qəribə bir şıltaqlıqla o mühüm tədbirə getmədim, – deyə düşündü. – Elə bil məni şeytan yoldan çıxardı ki, ora gedib çıxış etmə. Demə, bu şeytanın əməli deyilmiş, mələyin işiymiş. Ora gedib uğurlu çıxış etsəydim, mütləq məni müdirin yerinə təyin edəcəkdilər. Çünki Əhməd Nəzərovun məsələsi artıq doxsan faiz həll olunmuşdu. Mənim üzrsüz çıxışa gəlməməyimi: – Bu nə məsuliyyətsizlik, nə saymazlıqdır, – deyə pis yozmuşdular. Şövqü işə qarışmasaydı, hələ yəqin müavin vəzifəsindən də atacaqdılar. Əl-qərəz, beləliklə, Əhməd Nəzərovun müdirlik vəzifəsi bir qədər də uzadıldı. Ta o günə qədər ki…
O gün Fuadın yaxşı yadındaydı, bəylər hakimiyyətə gələndən on gün sonra avtomatlı cavanlar Nəzərovun kabinetinə girib onu birdəfəlik işdən atdılar. O gün Fuad bir balaca soyuqlamışdı, işə çıxmamışdı. Bu xəbəri ona telefonla Nelli çatdırdı.
Səhərisi Fuad istefa ərizəsini yazıb göndərdi.
Yaxşı deyiblər ki, şər deməsən, xeyir gəlməz. O həlledici tədbirdə çıxış etməməsi Fuadın xeyrinə imiş. Yoxsa onu da Əhməd Nəzərov kimi müdir kabinetindən avtomatla çıxaracaqdılar.
lll
– Bəs harda qalırsız?
Əsmər: – Bir rəfiqəmgildə, – dedi və ani tərəddüddən sonra əlavə etdi. – Elə sənin yanına da bu xahişlə gəlmişəm. Səndən başqa burda ərk edəcəyim kimsə yoxdu. Deyirlər, bu, sənin əlindədi. Birotaqlı mənzil istəyirəm səndən. Harda olur olsun, şəhərin lap ucqar yerində. Düzdü, rəfiqəm deyir, nə qədər istəyirsiz qalın. Amma mən başa düşürəm axı, sıxılırlar. Üç otaqda invalid əri, özü, iki uşağı. Lap kiçik otağa da razıyıq, təki başımızın üstündə bir dam olsun.
lll
Qafur Əhmədli, ardınca da çiyni avtomatlı yekəpər bir kişi qəbul otağına daxil oldular. Qafur Əhmədli Fuada gözucu baxdı, tanısa da, tanımamış kimi ağızucu salam verib tələsik otağına keçdi. Amma onunla gələn saqqallı kişi – guman ki, Əhmədlinin cangüdəni idi – Fuadı tanıdı:
– Yallah Fuad müəllim – dedi – Nə əcəb səndən belə? Xeyir ola…
Fuad: “Görəsən, bu namərbud adam məni hardan tanıyır” – deyə düşündü.
– Məni tanımadın? Zeydullayam da. Axır dəfə səninlə aeroportda görüşmüşdük.
“Aeroportda?” Fuad yadına salm
ağa çalışırdı ki, avtomatlı kişi: “Mən onda nosilşik işləyirdim də” – dedi.
An içində Fuad xeyli ixtiyarlaşmış bu yekəpər adamı, ibtidai məktəbdən tanıdığı, unutmaq istədiyi pis bir vaqiyəylə bağlı olan şəxsi, çox illər sonra aeroporta nosilşik kimi rastlaşdığı Zeydullanı və onun işlətdiyi “oxartana” sözünü xatırladı. – Zeydulla – dedi.
– Həri, Zeydullayam da…
– Görürsən də, Fuad yoldaş – yoldaş sözünü açıq istehzayla dedi, – kiminin əvvəli, kiminin axırı.
– Həri, qardaşım oğluyla qonşudu Qafur bəy, məni işə götürdü, canı-başı sağ olsun, partiyasına da üzv elədi.
– Partiyasına? Əhmədovun partiyası var?
– Bə nə bilmisən? “İrşad” partiyasın qurub da Qafur bəy. Dindarlar partiyasıdır, halallıqla işləyirik.
lll
Oqtay siqaretini odladı. Çətin vəziyyətə düşmüşdü. Bir neçə an içində Əsmərlə ta məktəb illərindən başlanan və məktəb boyu davam edən, yuxarı siniflərdə az qala sevgiyə çevrilə biləcək və əfsus ki çevrilməmiş münasibətləri gözlərinin qarşısından keçdi. Bəlkə də bu saf dostluq münasibətləri mehriban ailəyə dönə bilərdi. Amma heç kəsin gözləmədiyi halda Əsmər ingilis dili müəllimləri, yaşca hamısından çox böyük olan Camala ərə getdi. Oqtay da, sinif yoldaşları – oğlanlar və qızlar da – bu nikahdan şoka düşmüşdülər. Dedi-qodular, gümanlar, fərziyyələr, xoş, ya bəd niyyətlə deyilmiş sözlər baş alıb gedirdi. Bir müddət sonra Camalı Moskvaya apardılar, oradan da müxtəlif xarici ölkələrdə diplomatik işə keçdi. Təbii ki, Əsmər də əriylə birgə Bakıdan, anasından, İçərişəhərdəki köhnə evlərindən, məktəb yoldaşlarından tamamilə ayrılıb uzaqlaşdı, başqa bir aləmə düşdü. Və yalnız bir gün – Oqtayın ad günü ərəfəsində qəfilcən uçub Bakıya gəldi – Oqtayı təbrik etməkçün. Bütün günü bir yerdə olsalar da, aralarındakı bu qeyri-müəyyən münasibət, Zamanın, ictimai mövqelərin, həyat tərzinin yaratdığı sədlər aşılmadı. Əsmər növbəti dəfə ərinin kübar həyat sürməsindən danışanda Oqtay nə isə cod bir söz işlətdi və aeroportda çox soyuq vidalaşdılar. Oqtaya elə gəldi ki, bu səfər həmişəlik ayrılırlar, bir daha heç vaxt, heç yerdə görüşməyəcəklər. Yalnız səhərisi gün Əsmərdən qəribə bir imzayla – Kamikadze imzasıyla gələn teleqramı alanda Oqtay dərk etdi ki, Əsmərin zahirən firavan görünən həyatı o qədər də qayğısız deyilmiş, ağrı-acısını, nisgilini büruzə vermədən içində daşıyırmış. Və budur bax, artıq bir ömür keçib gedəndən, yalnız ərini deyil, illər uzunu vərdiş etdiyi həyat tərzini də itirəndən sonra indi Oqtayın qarşısında yaşa dolmuş, solmuş, aciz və köməksiz bir qadın əyləşmişdi. Oqtaydan yardım umurdu və nə yazıq ki, Oqtay onun xahişinə heç cür əməl edə bilməyəcəkdi. Səbəbini Əsmərə izah etmək də asan iş deyildi. Səbəb isə ondaydı ki, Oqtaya təklif olunan bu vəzifəni istəməyərək qəbul edəndə özünə söz vermişdi ki, heç vaxt qanuna zidd heç bir iş görməyəcək, heç bir şəxsi dostluq, tanışlıq hisslərinə məhəl qoymayacaq, dürüst işləyəcəkdir. Bütün bunları ayrı bir dünyadan gəlmiş Əsmərə necə izah edəydi? Həm də axı Oqtay bu yöndə müəyyən addım atsaydı belə, Qafur Əhmədli kimi bir vaxt sital kommunisti, indi qatı dinçini necə inandıra, razı sala bilərdi? “Necə, kiminçün ev istəyirsən, mənfur sovet diplomatının dul qadını üçün? – deyəcəkdi. – Hələ də cibində rus pasportu gəzdirən adamçün? Bəs minlərlə ev növbəsi gözləyən vətəndaşlarımıza nə cavab verəcəyik? Hələ mətbuatın nə şəbədə çıxaracağı bir yana dursun”.
Məsələ ondaydı ki Qafur Əhmədli Qafur Əhmədov olsa da, bu söylənməmiş, amma söylənə biləcək iradlarında haqlıydı.
Əsmər Oqtayın tərəddüdlərini gözlərindən oxuyurmuş kimi yorğun və üzgün bir səslə:
– Səni çətinə salmışam, həmi? – deyə xəbər aldı.
Oqtay sözləri sanki kəlbətinlə içindən dartıb çıxarırdı:
– Bilirsən, Əsmər, – sözünü davam edə bilmədi. Necə deyəydi ki, mümkünsüz bir şey xahiş edirsən. Həyatda ilk, son və yeganə xahişinə, nə qədər istəsəm də, əməl edə bilməyəcəm.
Əsmər heç nə demədən ayağa durdu. Əsmər həmin Əsmər idi – məğrur, sözü bir himdən anlayan, heç bir vəziyyətdə yalvar-yaxarla heç kəsin qarşısında əyilməyən qadın.
Oqtay: – Dur – dedi və hardansa sanki vəhylə ağlına gələn qəfil fikirlə az qala qol qaldırıb oynayacaqdı. Çıxış yolu tapmışdı. Sevincək:
– Mənim mənzilimdə qalarsız, – dedi.
Əsmər təəccüblə:
– Sənin mənzilində? Necə yəni…
– Çox sadə. Mənim ikiotaqlı mənzilimdə.
– Bəs sən, ailən?
– Mənim ailəm yoxdur. Təkəm. Bilmirdin?
Əsmər, əlbəttə, bilirdi bunu, bilirdi ki Oqtay tək yaşayır. Sırf qadın marağıyla, Oqtayın evlənmədiyini də öyrənmişdi. Rəfiqəsiylə hər telefon söhbətində bu barədə müfəssəl məlumat alırdı. Amma bununla məsələ çözülmürdü axı.
– Bəs sən?
– Mənim, vəzifəmə görə, Zuğulbada Hökumət bağında iki otağım var, – bunu düz deyirdi. – Onsuz da ilboyu orda qalıram, – bu isə yalan idi. Olsa-olsa, ayda bir, ya iki gün orda qalmaq imkanı olurdu.
– Yox, axı… – Əsmər hələ də özünə gələ bilmirdi. Bilmirdi ki nəyə, nədən və nə üçün etiraz etsin…
Oqtay cibindən açarları çıxarıb Əsmərə uzatdı: – Sürücüm sizi aparar, şeylərinizi daşımağa da kömək edər – dedi.
Əsmərin üzü sanki işıqlandı, elə bil son vaxtların bütün ağırlıqları, qeyri-müəyyənliyi, qayğıları sifətindən silinib getdi, əvvəlki bir az şıltaq, bir az işvəli, amma mülayim və mehriban Əsmər oldu.
Boynunu uzadıb Oqtayın yanağından öpdü. Oqtayın bütün vücudu gizildədi. Əlli illik tarixi olan münasibətlərində Əsmər ilk dəfə öpürdü onu.
lll
Fuad saatına baxdı, yarım saatdı burdaydı. “Görəsən, mən də o vaxtlar qəbuluma gələnləri bu qədər gözlətmişəm?” Xoş bir hisslə xatırladı ki, haçansa həmin bu Oqtay ömründə ilk və yeganə dəfə Fuadın qəbuluna gələndə, onu bir dəqiqə belə gözlətməmişdi. Elə bu an Oqtayın kabinetinin qapısı açıldı, əvvəlcə ağbaşlı bir qadın, ardınca Oqtay çıxdılar.
Oqtay:
– Salam, Fuad – dedi – bağışla, səni bir az gözlətdim, üzrlü səbəbim var. Əsməri tanımadın?
Aman Allah, bu ağsaçlı qadın Əsmər imiş. Məktəblərində oğlanların hamısının, o cümlədən də Fuadın özünün hayıl-mayıl olduqları Əsmər. Əsmər də Fuadı tanımadı, yadına salmalı oldu, sonra:
– Xoş gördük, Fuad – dedi.
– Xoş gördük. Necəsən…eee… necəsiz, Əsmər… xanım?
– Sağ ol… sağ olun…
Aydın olmadı – Əsmər Fuada “siz”lə müraciət edir, ya buradakıların hamısıyla sağollaşır. Oqtay Əsməri qapıyacan ötürüb Fuadı içəri çağırdı:
– Hamısı rəhmətlik Fuad Salahlınındır, – dedi. – Çalışırıq, heç olmasa, bir neçəsini həyata keçirək.
– Hə, indi Fuad Salahlı zəmanənin qəhrəmanıdır.
Bu sözlərdə xəfif bir istehza hiss elədi Oqtay, odur ki, qəti şəkildə:
– Fuad Salahlı elə o zəmanənin də qəhrəmanı idi, – dedi.
Sanki danışmağa söz tapmırdılar. Halbuki Fuad şübhəsiz hansısa bir iş üçün gəlmişdi. Nəhayət, gərginliyi aradan qaldırmaqçün Oqtay:
– Görürsən də, Fuad, bir vaxt bu otaqda sən məni qəbul edirdin, indi mən səni qəbul edirəm. “Oxartana”nın sözləri Fuadın yadına düşdü:
– Kiminin əvvəli, kiminin axırı…
Oqtay:
– Boşla görək – dedi – nə əvvəl-axır, canım. İnan ki, yatsam, yuxuma girməzdi ki, haçansa bu vəzifəni tutacam.
– Sən tutmayıb kim tutacaqdı bu vəzifəni?! Bu “bəy”lərin içində yeganə professional elə sənsən də…
Oqtay bu sözlərə qarşılıq vermədən:
– Bəy təkid elədi, – dedi.
– Kim?
– Böyük bəy – Elçibəy – Prezident. Haçansa bizi Fuad Salahlı tanış etmişdi. Fuad müəllimlə dost idilər. Görünür, o vaxtdan yadında qalmışammış. Məni çağırdı. Dedi, dinçilərin dəstəyinə ehtiyacımız var, odur ki, hələlik Qafur Əhmədlini müdir təyin etmişik. Amma belə mühüm yerdə bizim inandığımız dürüst, etibarlı adamımız da olmalıdır. Həm də yadımdadı, rəhmətlik Fuad Salahlı səndən ağız dolusu danışardı. İndi sən bu vəzifəni tutsan, onun da ruhu şad olar.
Nə isə razılaşmalı oldum.
– Düz eləmisən. Əbülfəz bəy doğru seçim edib. Fuad Salahlının o vaxt həyata keçməmiş işlərini dirçəltməyiniz də doğrudur. Amma…
Oqtay:
– Amma nə? – deyə soruşdu.
– Amma birini qaldırmaqçün başqasını yıxmaq vacib deyil.
– Kimi yıxmışıq ki?
Fuad siqaret çıxartdı:
– Olar?
– Əlbəttə.
Siqaretini odladı, bir qüllab vurub:
– Elə Şövqü Şəfizadəni… Yanına da bu məsələyçün gəlmişəm.
– Nə olub ki Şövqü Şəfizadəyə?
– Guya bilmirsən? Tikdiyi binaları bir-bir sökürlər.
– Şəhərin siması müasirləşməlidir də. Mikayıl Hüseynovun da bir neçə binası sökülüb.
– Çox nahaq yerə, Sən memarsan, bilirsən ki, binalar həm də dövrün, epoxanın rəmzidir.
– Elə ona görə sökürlər də, deyirlər ki, sovet dövrünü xatırladan heç nə qalmamalıdır. Doğrusu, mən də bu ifrat yanaşmanın əleyhinəyəm. Amma çox vaxt fikrimi isbat edə bilmirəm. Ən çox da bu sahədə canfəşanlıq edən bilirsən kimdi? Həmin elə mənim bu müdirim.
– Yaxşı, binalar, tutalım, sovet rejiminin timsalıdır, bəs küçələrin nə təqsiri var?
– Bəli, Şövqü Şəfizadənin qızıdır. Gecə-gündüz ağlayır ki, elə bil atam bunlara düşmənmiş. Binalarını bir-bir sökmələri bəs eləmir, hələ küçənin də adını dəyişdiriblər. Özü də elə bil qəsdən o küçəyə Fuad Salahlının adını veriblər. Guya ayrı küçə tapılmırdı…
– Fuad Salahlı o küçədə yaşayırdı axı…
– Şövqü Şəfizadə də o küçədə yaşayırdı.
– Düz deyirsən. Bunu kimsə qəsdən eləyib. Axı sağlıqlarında yola getmədiklərini hamı bilir. Doğrusu, mənim bundan xəbərim olmayıb. Kimsə, kinlinin biri – Şövqü Şəfizadənin vaxtilə Fuad Salahlıya etdiklərinin heyfini çıxmaq istəyib. İncimə, Fuad, axı çoxları Fuad Salahlının başına gələnlərdə, yəni sağlığında heç bir layihəsinin tikilməməsində Şövqünün barmağı olduğunu düşünür.
– Sənin yanına ömrümdə ilk və son xahişlə gəlmişəm, – dedi. – Heç olmasa, yaşadığı evin divarından Şövqünün xatirə lövhəsini çıxarmasınlar. Yoxsa Rumiyyə buna dözməz. Ürək xəstəsidir. Qəzetdə Şövqü haqqında yazılanları ondan gizlədirəm.
Oqtay başını buladı:
– Təəssüf ki, belə şeylər o vaxt da vardı, indi də var. Fuad, bilirsən, yalandan söz vermək istəmirəm. Amma var gücümlə çalışacam ki, o lövhəni çıxarmasınlar. Hər halda Şövqü Şəfizadənin də – kim nə deyir desin – müəyyən xidmətləri olub.
Fuad ayağa durub əl uzatdı:
– Çox sağ ol, Oqtay, – dedi.
Oqtayın otağından qarışıq hisslərlə çıxırdı. Bir yandan Oqtay sözünü yerə salmamışdı, hətta Şövqünün xidmətlərini qeyd etmişdi. O biri tərəfdən tam əminlik də yoxdu ki, Oqtay istəsə belə, bunun qarşısını ala biləcək. Hər halda Rumiyyəni bir az sakitləşdirə bilərəm.
Küçəyə çıxdı. Adəti üzrə köşkdən bir neçə qəzet aldı. Sabir bağında skamyaya əyləşib qəzetlərə baxmağa başladı.
“Azadlıq” qəzetinin birinci səhifəsində Şövqü Şəfizadənin və onun, Fuadın iri şəkilləri verilmişdi.
Şəkillərin altında “Dağılan tifaqlar” başlıqlı yazını oxumağa başladı.
“Sovet memarı Şövqü Şəfizadənin eybəcər kommunist üslubunda layihələşdirdiyi binalar bir-bir sökülür. Şükür ki, onun adını daşıyan küçənin də adı dəyişdirilmiş, həmin küçəyə sovet rejiminin amansız repressiyalarına uğramış, məhz elə deputat və laureat Şövqü Şəfizadə tərəfindən amansızcasına təqib olunmuş həqiqi millətpərvər, dahi memar Fuad Salahlının adı verilmişdir. Mənbə onu da nəzərə çatdırır ki, Fuad Salahlıdan fərqləndirmək üçün “balaca Fuad” ayamasıyla tanınan Fuad Qurbanoviç Mehdiyev sovet vaxtı qayınatası həmin o Şövqü Şəfizadənin vasitəçiliyilə yüksək vəzifələr tutmuşdur. Hazırda təqaüdçüdür”.
Küçədən keçən avtomobil bağın qarşısında dayandı. Qapısı açıldı, qıvrım saçlı cavan oğlan maşından düşdü. Maşının açıq qapısından mahnı eşidildi:
Uzun zaman güldü, toxtaya bilmirdi. Maşından düşən cavan oğlan əlindəki qəzeti kənara atıb gülən adama baxır, təəccüblənirdi, görəsən, qəzetdə nə məzəli əhvalat yazılıb ki, bu yaşlı kişi belə qəhqəhə çəkir, uğunub gedir? 5-8 oktyabr 2023 Ankara, İstanbul
Müəllif: ANAR Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
Tanınmış jurnalist Elman Eldaroğlu anadan olmasının 60 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin “Fəxri fərmanı” ilə təltif olunub. “Fəxri fərmanı” AYB-nin sədri Xalq yazıçısı Anar müəllim şəxsən özü təqdim edib.
Elman Eldaroğlu görüş və təltif barədə təəssüratlarını bölüşüb:
“Təşəkkür edirəm, Anar müəllim- AYB!
Bu gün xalq yazıçısı Anar müəllimin dəvəti ilə Azərbaycan Yazıçılar Birliyində oldum. Qısa söhbətdən sonra Anar müəllim məni təbrik edib, 60 illik yubileyimlə bağlı “Fəxri Diplom” təqdim etdi. Söhbət əsnasında ona Çörçilin bu sözlərini- “Demokratiya ideal quruluş olmasa da, indiyə qədər sınaqdan çıxmış ən yaxşı idarəetmə formasıdır.”- xatırladıb əlavə etdim ki: “Barənizdə özündən müştəbehlər nə qədər tənqidi fikirlər səsləndirsə də, bu gün AYB-yə rəhbərlik etməyə sizin qədər haqqı çatan ikinci adamı tanımıram.”
Nə qədər haqlı olduğuma əminəm. Çünki yaxşı bilirəm ki, Anar müəllimin AYB-dən uzaqlaşması, bu təşkilatın bugünkü imkanlardan məhrum olunması deməkdir və nə vaxtsa Azərbaycan Yazıçılar Birliyi də Azərbaycan Jurnalistlər Birliyi kimi imkansız bir təşkilata çevriləcək…
Mənə göstərdiyi diqqətə görə, AYB-nin sədri, Azərbaycan nəsrinin sonuncu mogikanı Anar Rzayevə minnətdarlığımı bildirirəm. Bəli, hələ ki, ədəbiyyatımız Anardan güclü yazıçı yetişdirə bilməyib…”
Yazarlar.az olaraq, biz də öz növbəmizdə Elman Eldaroğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.!
Bu fotoda sözlər danışmır, duruş danışır. İki insan yan-yana dayanıb, amma aralarındakı məsafə fiziki yox, mənəvidir. Hər ikisinin əlləri önündə birləşib — bu, nə təsadüfi jestdir, nə də sadə rahatlıq. Bu, daxili nizamın, özünü toparlamanın, zamanın ağırlığını çiyinlərində hiss etməyin ifadəsidir:
Biri gələcəkdir, o biri keçmiş, İndiki zamanda qoşa, mehriban. Gələnə gedənin sözü çox qısa: Yükün çox ağırdır, yaşa mehriban!
Soldakı insan dik durur, baxışları açıqdır. Duruşunda məsuliyyət var — sanki söylənəcək sözlərin yox, daşınacaq yükün fərqindədir. Əllərin birləşməsi onun özünü nəzarətdə saxladığını, düşüncələrinin içində sakit bir intizam yaratdığını göstərir. Bu duruş “mən buradayam” demir, “mən cavabdehəm” deyir:
Dədə Qorqud deyir: – dinlə Qazan xan, O qədər olacaq oyun pozan xan, Ağılına gələni şeir yazan xan, Hamısın yola ver, yaşa mehriban!
Sağdakı insanın duruşu isə daha çox zamanla üz-üzə qalmış bir ruhu xatırladır. Çiyinlər bir qədər irəli əyilib, baş aşağıya doğru yönəlib. Bu, zəiflik yox, dərinlikdir. İllərin topladığı təcrübənin, görülmüş işlərin, deyilmiş və deyilməmiş sözlərin ağırlığıdır bu əyilmə. Onun duruşu sükutun müdrikliyini daşıyır:
Bizik söz mülkünün sədri-əzəmi, Çox olub bu mülkün xəstə, cüzəmi, Heç zaman söyləmə: – qalıb bizəmi?! Hamısın yola ver, yaşa mehriban!
Hər iki insanın ortaq cəhəti tələskənlikdən uzaq olmalarıdır. Onlar poza vermirlər, özlərini göstərmirlər. Bu fotoda nümayiş yox, hal var. Elə bil zaman bir anlıq dayanıb və insanın öz vicdanı ilə tək qaldığı o səssiz məqam tutulub:
Ustac şəklə baxır, şəkildə yoxdur, Oxumaqda acdır, yazmaqda toxdur, Dədənin sözündə həqiqət çoxdur: “Hamısın yola ver, yaşa mehriban!“
Bu duruşlar bizə bir həqiqəti xatırladır: bəzən insanın kim olduğunu öyrənmək üçün nə danışdığına yox, necə dayandığına baxmaq kifayətdir. Çünki duruş – insanın daxili dünyasının səssiz etirafıdır. Həmişə göz önündə olan hər iki ziyalımıza qədəm qoyduğumuz yeni ildə can sağlığı və bolluca uğur arzulayıram! Sözümü böyük Azərbaycan şairi ulular ulusu, ustad Səməd Vurğunun bu bəndi ilə yekunlaşdırmaq istəyirəm:
Saç ağardı, ancaq ürək Alovludur əvvəlkitək. Saç ağardı, ancaq nə qəm! Əlimdədir hələ qələm… Bilirəm ki, deməyəcək Bir sevgilim, bir də Vətən: -Şair, nə tez qocaldın sən!
“Tanrı” sözünü daşa qazan ilk yazanımızdan üzü bəri, bütün söz demiş ozanlarımızı rəhmətlə anır, hazırda əldə qələm çarpışan bütün yazarlarımıza üzümüzə gələn yel qanadlı at ilində muradlarının hasil olmasını diləyirəm!