Etiket arxivi: ANIM GÜNÜ

Türkün dili – Ustad Şəhriyarı rəhmətlə anırıq.

Esmira Fuad: – “Türkün dili deyib öydüyü ana dilini zirvələrə qaldıran ustad Şəhriyarın ölümündən 36 il keçir… Ruhu şad olsun…

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.

Pişmiş kimi, şerin də gərək dad-duzu olsun,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.

Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.

Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.

İnsan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.

Hərçənd Sərabın südü çox, yağ-balı çoxdur
Baş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.

Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.

Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.

Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.

Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

Azər qoşunu qeysəri-Rumi əsir etmiş,
Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.
1969

Esmira Fuadın yazıları

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“ONA YANIRAM Kİ, YANA BİLMİRİK…”

“ONA YANIRAM Kİ, YANA BİLMİRİK…”

deyən tanınmış Azərbaycan şairi, Müəllimim qədər çox sevdiyim
ŞAHMAR ƏKBƏRZADƏnin xatirə günüdür.
Məkanınız cənnət olsun, Şahmar müəllim!
Ehtiramla xatırlayaq.
Ruhu şad olsun.

Bu gün Azərbaycan ədəbiyyatında, publisistikasında, poeziyasında öz yeri, öz sözü, öz nəfəsi, fərqli yaradıcılıq üslubu olan şair-publisist Şahmar Əkbərzadəni qəfil itirdiyimiz gündən 24 il keçir.
O bu dünyada öz ömrünü, öz qismətin
yaşadı. Cəmi 59 baharın içində yazdı, yaratdı, sevdi, sevildi, ucaldı, duydu, düşündü, kövrəldi, yandı…

Ona yanıram ki, xeyiri şərdən
Ayıra bilmirik, qana bilmirik.
Mən ona yanıram, ona yanıram,
Ona yanıram ki, yana bilmirik…

“ONA YANIRAM Kİ, YANA BİLMİRİK…”
Tələbəlik illərində ən çox oxuduğum şairlərdən biri. Yanar ürəkli gözəl İnsan.
“Azərbaycan gəncləri”nin ŞAHMAR ƏKBƏRZADƏSİ…
Məğrur boy-buxunlu görkəminin arxasında tərtəmiz, məsum bir uşaq gizlənmişdi sanki. İşıqlı gözləri, gülər siması vardı. Elə bil həmişə nə haqqındasa düşünürdü. Hətta səninlə danışanda da. Yəni əsil Şair idi!…
Gur səsi, şimşirin ləhcəsi, özünəməxsus danışıq tərzi hələ də qulaqlarımdadır.
O vaxtlar “Azərbaycan gəncləri” qəzetində publisistika şöbəsinin müdiriydi. Mən də təcrübəçi tələbə kimi hər həftənin ikinci günü həmin qəzetin redaksiyasında olurdum. Xətrimi çox istəyirdi. Niyəsə, adımı deməzdi. Görən kimi zarafatla soruşurdu: “Telmanqızı, necəsən?”
Bir neçə ildən sonra indiki “AZƏRTAC”ın binasında yerləşən “Kommunist” qəzetində şöbə müdiri işləyirdi. Yenə görüşdük. 2-ci mərtəbədən məni görən kimi eyni sualı verdi…
Sonrakı illərdə, “Mədəniyyət” qəzetinin redaktor olduğu vaxtlarda “Azərbaycan” nəşriyyatında rastlaşardıq. Yenə də üzündə eyni təbəssüm, eyni şirinlik…
Qəribə, heç kəsə bənzəməyən adam idi Şahmar müəllim! Özünəməxsus müraciətləri vardı: dədə, nənə… Lap çox istədiklərinə, ürəyinə yatanlara belə deyirdi…

Onun şeirlərində də həmin şirinlik, təmizlik, uşaq saflığı, kövrəklik vardı.
Anasını erkən itirmişdi Şahmar müəllim. Bu ağrı onu yaman təsirləndirmişdi:

Geyimlər görəndə Ana hər dönə
48 ölçüdə qalar gözlərim,
Cibim pullarımın qəbrinə dönər
Titrəyər dizlərim, ağlar gözlərim.

Ana sevgisini, itkinin ağrısını bundan yanğılı daha necə ifadə etmək olardı ki?!…
Və ya:
Tufandım, bir əsim yelə dönmüşəm,
Suları səngiyən selə dönmüşəm,
Sonası perikən gölə dönmüşəm,
Sonam ol, sonam ol, ay Bəyim xala!…

Dilimdən var gəlmir dil acib dinəm.
Əcəlin əliylə dağlanib sinəm.
Anasi ölmüşün biri də mənəm,
Anam ol, anam ol, ay Bəyim xala!…

Qısa arayış:
Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 30 dekabrda Azərbaycan Respublikası Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur.
1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə texnikumu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb “Azərbaycan gəncləri” qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. “Kommunist” qəzetində müxbir və şöbə müdiri olmuşdur.
1990-cı ildə “Mədəniyyət” qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.
10 fevral 2014-cü ildə adını daşıyan “Şahmar Ədəbi Məclisi” (ŞƏM) təsis olunmuşdur.
“Anama layla” (Yazıçı, Bakı 1978), “Sevgi borc verilməz” (Yazıçı, Bakı 1982), “Ona yanıram ki” (Yazışı, Bakı 1988), “Haqqa pəncərə” (Dünya, Bakı 1998) kitablarının müəllifidir.

“Şahmarlardan secən olsa Şahmarı
Bu dünyanin qara daşi göyərər…”

Dəyərli publisist, vaxtilə “Azərbaycan gəncləri” qəzetində Şahmar müəllimlə çiyin-çiyinə çalışmış HİDAYƏT ELVÜSALın bir sözünü xatırlayıram: “Biz həmişə közdə isinməyə adət etmişik. Közü öz qabağımıza çəkmişik. Və ağlımıza gəlməyib ki, bu köz nə vaxtsa bizi üşüdə bilər. Bəlkə elə buna görədir ki, Şahmarın ruhu qarşısında titim-titim titrəyirik” – Hidayət müəllimin dediyi bu sözlərin istisi elə məni də üşütdü. Və Şahmar müəllimin gerçəkdən yoxluğu içimi ağrıtdı…
Şahmar Əkbərzadə cəmi 59 il ömür yaşadı… Amma ona verilən bu ömür qismətində həm ədəbiyyatda, publisistikada, həm də poeziyada bacardığını əsirgəmədi.

Qızıl zəmilərin həzin səsini,
Şirin laylasını öpüb gedirəm.
Yerlərin, göylərin rayihəsini,
Gözümə, könlümə təpib gedirəm,-

dedi və getdi…
O, məşhur “Dağdağan” adlı məşhur bir şeirində yazırdı:

Sərhəd kənarında cavan yaşımda,
Həsədim utanıb yerə girirdi.
İki quş dimdiyi ağac başında,
Vətəni Vətənə birləşdirirdi.

Bu, Şahmar Əkbərzadə yanğısı idi və bu yanğı ömrünün sonunacan səngimədi. Şairin bu mövzuda “Tüstümüz”, “Eşmə”, “Bu sənsən?”, “Tikan, gəl öpüşək”, “Salam de”, “Dayanın”, “Əlvida” və başqa şeirlərində qəlb titrədən, düşündürən poetik sualları, nidaları var. Elə bu həyəcan və üzüntülər də Şahmar Əkbərzadə ömrünü yarımçıq qırdı…
Onun “Mərkəzi poçtxana”, “Göyərər”, “48 ölçülü qadın paltarı” kimi şeirlərini xatırlayıram. Bu şeirlər zamanında dillər əzbəri idi.

Dərin-dərin dəryalardan dərd dərin,
Bükə bilər dizlərini dərd nərin.
Kəsə bilsək yollarınl dərdlərin,
Bu dünyanin qara daşı göyərər…

Dağ başinda arxa bilib qar qarı,
Zirvələrə yaxın qoymaz baharı,
Şahmarlardan secən olsa Şahmarı
Bu dünyanin qara daşi göyərər..

Bir məsələni də qeyd edim ki, Şahmar müəllimin öz səsi, ifası çox gözəl idi. Bu baxımdan onun öz səsində həmin şeirləri özü qədər heç kəs bu qədər yanıqlı, səmimi, təbii deyə bilməzdi.
Özü Bakıda yaşasa da, fikri-zikri ana yurdu Qarabağda, dağlarda qalmışdı Şahmar müəllimin. Şeirlərinin çoxunda da bu nisgilin həzinliyini duyulurdu:

Ovut bircə hovur məni,
Əcəl yaman qovur məni.
Mən öləndə çevir məni,
Üzü dağlara-dağlara.

Vətən həsrəti onu didib-parçalayırdı və öz kövrək hisslərini belə ifadə edirdi:

Bu payız küsəcək məndən Qarabağ,
Yollarda qalacaq gözü yolların,
Payım budaqlardan özün asacaq,
Bağrı çatlayacaq gülöyşə narın.

Yana-yana söyləyərdi:

Öləni torpağa gömərlər,Allah
Bəs ölmüş torpağı harda basdıraq?!

Çəkdiyi əzablar, Vətən həsrəti Şahmar Əkbərzadənin şair ömrünü elə atəşlərə tuşladı ki, sözü yaşadı, özü kül oldu…
Sanki hər şeyi əvvəlcədən bilirmiş, “Anam Azərbaycana” adlı bir bəndlik şeirində görün nə yazıb:

Ölüm ayağının altında,
İtim ayağının altında.
Bir qom bənövşə olum –
Bitim ayağının altında.

Şahmar Əkbərzadə sanki özü yandığı kimi geridə qalanlarını da öz qəfil ölümü ilə yandırıb yaxıb gedəcəyini bilirdi.
Amma əzizlərinə, yaxınlarına, onu sevənlərə bir təsəlli də verirdi:

Qorxum yoxdur
Ömrün son nöqtəsindən!
Nöqtələşib torpaq içrə
İtəcəyəm.
Yer altından
Göy ot kimi baş qaldırıb
Vergül-vergül bitəcəyəm-
deyirdi…

Oğlu Elşən Əkbərzadənin xatirələrindən:
“Atam şair olduğuna görə, digər atalardan bir qədər fərqlənirdi. Düzdü, evdə çox olmurdu, amma imkan daxilində tərbiyəmizlə, təhsilimizlə məşğul olurdu.
Olduqca mehriban insan idi.
Ailəsini, bizi çox sevirdi. Anam Mələk xanımla böyük məhəbbətlə ailə qurmuşdular. “Bitməsin”, “Kipyimi qədəminə sərim qoy” şeirlərini anama həsr edib…
Ən yaxını dostları Məmməd Araz, Bəxtiyar Vahabzadə, Məmməd Aslan idi. Mənim görüb, tanıdığım şairlərin, demək olar ki, hamısında bu xüsusiyyət vardı. Onlar yazdıqları yeni şeiri çapdan əvvəl bir-birinə oxuyurdular. Atam da istisna deyildi. Yeni şeir yazanda mütləq qələm dostları ilə məsləhət edirdi. Məmməd Arazın “Dünya sənin. dünya mənim…” şeirinin ilk oxucusu atam olub. Bir gün evə gəldi, dedi, uşaqlar, Məmməd əminiz qeyri-adi bir şeir yazıb. Görüm hansınız onu tez öyrənəcəksiniz. Yadıma gəlir, mən beşinci sinifdə oxuyanda “Dünya sənin, dünya mənim…” şeirini əzbərlədiyimə görə, atam mənə ən xoşuma gələn idman ayaqqabısını almışdı…
Məmməd Arazla o qədər doğma münasibəti var idi ki, ona həmişə “dədə” deyirdi. Türk dünyasının məşhurları ilə atamın çox yaxın münasibətləri vardı. Oljas Süleymanovla həddindən artıq yaxın dost olublar. Qazaxıstanın Xalq yazıçısı Muxtar Şaxanovla, Rəsul Həmzatovla, 20-ci əsrin ən məşhur şairlərindən olan Yevgeni Yevtşenka ilə dostluq edirdi.
Çingiz Aytmatovla çox yaxın dostluqları olub. Çingiz Aytmatovla atamın dostluq münasibətlərinin təməli Moskvada qoyulub. O illərdə Moskvada, səhv etmirəmsə, kitab müsabiqəsi keçirilirmiş. Atam həmin müsabiqədə iştirak edib. Həmin müsabiqədə tanış olublar. Bu tanışlıq sonralar çox böyük dostluğa çevrildi. Bu gün bəzi ziyalılar Çingiz Aytmatovla yaxın münasibətlərinin olduğunu deyirlər. Bunu qısqanclıq kimi qəbul etməyin, sadəcə olaraq, bu, bir həqiqətdir ki, Azərbaycanın bütün üzdə olan yazıçılarının çoxu Çingiz Aytmatovla atamın vasitəsiylə tanış olub. Çingiz Aytmatovu 1985-ci ildə ilk dəfə Azərbaycana atam gətirib. Bunu bütün yaşlı ziyalılar bilir. Bəxtiyar Vahabzadənin yubileyində iştirak üçün atam şəxsən özü gedib Çingiz Aytmatovu gətirmişdi.
Bu münasibət dostluqdan keçib qardaşlığa çevrilmişdi”.
O, atası ilə bağlı son günləri belə xatırlayır:

  • Atam məclis adamı idi. Amma içki sevməzdi. Bizim evdə Bəxtiyar Vahabzadənin, Xudu Məmmədovun evində tez-tez şair məclisləri olardı. Dərdləşirdilər, şeir oxuyurdular.
    Amma həddindən artıq siqaret çəkirdi. Hətta deyərdim ki, onu ölümə yaxınlaşdıran amillərdən biri də siqaret oldu. Çünki infarktdan sonra çəkməməli idi. Elə bir dövr idi ki, özünə yer tapa bilmirdi. Qarabağ hadisələri ona çox pis təsir etmişdi.
    Elə-obaya çox bağlı insan idi. Hər il avqust ayında məzuniyyətə çıxırdı. İstirahət üçün ilk getdiyimiz yer Ağdamın Çəmənli kəndi olurdu. Orda ən az bir həftə qaldıqdan sonra ailəvi yığışıb Şuşada məşhur istirahət evinə gedərdik. Laçında Şəlvə dərəsi adlanan bir yer var idi, ora aparardı bizi. Atamın Laçına həsr etdiyi “Laçın dağlarına məktub”, “Mərkəzi poçtxana” şeirləri var.
    1988-ci il mitinqləri zamanı atam infarkt keçirtdi. Böyük qardaşım Tibb İnstitutunda oxuyurdu, orda aktiv tələbələrdən olduğu üçün iki günlük həbsə salmışdılar. O zaman infarkt keçirtdi. 1992-ci ildə Xocalı faciəsi baş verəndə ürəyi dözmədi, ikinci infarktı də onda keçirtdi.
    Atam dünyasını dəyişən günü mən Bakıda deyildim. Həmin gün qardaşımın böyük qızının ad günü idi. Uzun müddət idi uşaq velosiped istəyirdi. Atam almağa qoymurdu ki, özüm alacam. Həmin gün, avqustun 30-da atam gedib velosiped alıb gətirib qardaşımın qızına verib. Bir stəkan çay içib, anamı da qardaşımgildə qoyub evə qayıdıb. Dəhlizə girər-girməz ürəyi tutub və yıxılıb. Elə dəhlizdəcə keçinib…

Xarıbülbülü baş daşında gəzdirən şair, məkanın cənnət olsun.

P.S: Şahmar Əkbərzadə gözəl şair idi. Amma nədənsə çox təsirli, məzmunlu və bitkin poeziyası, eləcə də publisistikası ilə seçilən Şahmar Əkbərzadənin yaradıcılığı nə sağlığında, nə də ölümündən sonra yetərincə dəyərləndirilmədi. Amma xalq, onun yetirmələri, poeziyasevərlər Şahmar Əkbərzadə imzasını heç unutmadı.
Şahmar Əkbərzadə söz adamı idi.
Gözəl şair idi, jurnalist idi, kamil publisist idi.
Zaman dəyişsə də, neçə on illər, 20 illər keçsə də, Şahmar Əkbərzadə poeziyası yaşayacaq, özü demiş vergül-vergül bitəcək, ürəklərdə, könüllərdə özünə yuva quracaq, həmişə yaşayacaqdır…

Müəllif: Nurlana Telmanqızı

Nurlana Telmanqızının yazıları

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Mənbə: Sultan Əhmədova

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mustafa Müseyiboğlunun anım günüdür

Mustafa Müseyiboğlu adına kitabxana

Bu gün Mustafa Müseyiboğlunun anım günüdür! Allah rəhmət eləsin, ruhu şad olsun. (01.12.1952, Ağdam – 29.12.2018, Bakı) Amin.

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Tuncay Şəhrili “Mustafa Müseyiboğlu-1”

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

12  DEKABR – ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR!!!

          ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

           MÜƏLLİMİN PEDAQOJİ ƏMƏYİ HAQQINDA

Ümummilli lider Heydər Əliyev dövlətimizə başçılıq etdiyi illərdə Azərbaycan təhsilinin inkişaf etməsi, dünya təhsil sisteminə özünə layiqli yer tutması üçün bir sıra sərəncam və fərmanlar imzalamış, öz məruzə və çıxışlarında təhsilin önəmli məsələlərini, eyni zamanda   çatışmayan cəhətlərini diqqət mərkəzinə gətirmiş, təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı qiymətli fikirlərini irəli sürmüşdür. Azərbaycan müəllimlərinin XII qurultayının iştirakçılarına müraciətlə söylədiyi aşağıdakı fikirlər Ulu öndərin təhsilə qayğısının bariz nümunəsi sayıla bilər: “Azərbaycan Respublikasının prezidenti kimi, sizi əmin etmək istəyirəm ki, təhsil sahəsi, təhsil islahatları hər zaman mənim diqqət və qayğım altındadır”. 

Təbii ki, Ulu öndər təhsildə   aparıcı mövqeyə malik, cəmiyyətdə şərəfli yer tutan müəllim amilini də xüsusi qeyd edir, müəllim şəxsiyyətini, onun şəxsi və peşə keyfiyyətlərini təhsilin, təlim və tərbiyə prosesinin səmərəli qurulmasında vacib hesab edirdi.

Ümummilli lider Heydər Əliyev belə bir qənaətə gəlir ki, hər bir xalq, millət, insan yaratdıqları ilə vətən torpağına şərəf gətirir, onun adını uca edir. Ulu öndər tərəfindən gərəkli və məsuliyyətli müəllim əməyi belə dəyərli insanlar arasında yüksək dəyərləndirilirdi.

Ümummilli lider şəxsiyyətin, təhsilalanların formalaşmasında müəllimin roluna yüksək qiymət verməklə yanaşı, onlardan öz peşələrinə həmişə hörmətlə yanaşmağı, öz elmi-nəzəri və metodik hazırlıqlarını, pedaqoji ustalıqlarını müntəzəm şəkildə artırmağı tələb edirdi. Bu xüsusda deyirdi: “Müəllimlərə müraciət edirəm ki, onlar nəinki bu gün üçün, gələcək üçün də öz vəzifələrini, məsuliyyətlərini həmişə düşünsünlər”.

Müəllimin şəxsiyyətini yüksək dəyərləndirən Ulu öndər cəmiyyətimizə, ölkə vətəndaşlarına xitabən deyirdi: “Hər bir vicdanlı adam, Vətəninə, xalqına bağlı olan hər bir adam, qədirbilən adam müəllimini həmişə qəlbində saxlayır, onu daim hörmətlə yad edir. Müəllim adı şərəfli addır, müəllim adı yüksək addır. İndi biz nə qədər çətin bir dövrdə yaşasaq da, müəllim adını daha yüksəklərə qaldırmalıyıq”.  

Ümummilli liderimiz məruzə və çıxışlarında, nitqlərində hər dəfə “müəllim” kəlməsini iftixar hissi ilə səsləndirirdi. Deyirdi ki, “Müəllim” sözü o qədər güclü, müəllim adı o qədər yüksək, sözün əsl mənasında o dərəcədə müqəddəsdir ki, müəllimlər gərək bu çətinliklərə dözsünlər, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olsunlar”.  

Ümummilli lider özü müəllimlərin hörmətini saxlamaqla, onlara ehtiramını gözləməklə bərabər başqalarının da öz müəllimlərinə, o cümlədən  hörmət bəsləməyi, cəmiyyətin həyatında müəllimin oynadığı rolu daim qiymətləndirməyi tövsiyə edirdi. Ulu öndərə görə,  sənə dərs deyən, uşaq vaxtlarından, gənclik çağlarından səni tərbiyə edən müəllimləri   unutmaq olmaz.  Ümummilli lider də hər zaman onları xatırlamış, minnətdarlıqla yad etmişdi. Bunun səbəbini həm də belə bir cəhətlə izah edərdi: “Mən bunu həm cəmiyyətdə müəllimlərə hörməti daha da artırmaq üçün, həm də böyük bir həyat yolu keçmiş insan kimi, müəllimin cəmiyyətdə nə qədər mühüm rol oynadığını qeyd etmək üçün deyirəm. Müəllim olmasa, heç birimiz cəmiyyətdə indi tutduğumuz yeri tuta bilməzdik və bugünkü kimi fəaliyyət göstərə bilməzdik.   …1990-cı ildə çox böyük təzyiq altında idim. Vaxtilə mənimlə çiyin-çiyinə işləmiş adamlardan bir çoxu da mənimlə görüşməkdən çəkinirdi. Lakin sevib hörmət bəslədiyim müəllimlər mənə olan ehtiramlarını saxlamışdılar”.

Ulu öndər məktəb işini, müəllimlik sənətini özü üçün ən doğma iş hesab edərdi (“Cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”)..

Ulu öndər təhsildən, təhsil sisteminin səmərəli təşkili, təhsildə yüksək nəticələrə nail olmağın vacibliyindən söz açarkən müəllimlərin üzərlərinə düşən vəzifələrə diqqəti yönəldirdi. Bildirirdi ki, müəllimin birinci dərəcəli vəzifəsi təhsilalanları biliklər sisteminə, dünyagörüşünə, biliklərə yiyələndirmək, onlara həyati bacarıqlar aşılamaqdırsa, həm də,  bu vəzifədən heç də az əhəmiyyət daşımayan, onları tərbiyələndirməkdir. Bu işlə ardıcıl məşğul olmaq lazımdır.

Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində – ikinci dəfə müstəqilliyimizə qovuşduğumuz ilk illərdə ölkəmizdə bir ara qeyri-sabitlik mövcud idi. Ölkəmizdə bir tərəfdən, milli azadlıq, müstəqillik, suverenlik uğrunda mübarizə gedirdi, digər tərəfdən, erməni qəsbkarları havadarlarının dəstəyi ilə ərazi bütövlüyümüzə qəsd etmişdilər, başqa bir tərəfdən, daxildə müəyyən qüvvələr, hakimiyyət iddiasında olan bəzi şəxslər sabitliyi pozmağa çalışırdılar. Ulu öndərin qətiyyəti, iradəsi və böyük uzaqgörənliyi nəticəsində Azərbaycanda sabitlik yarandı. Lakin  bu sabitliyin pozulmamasına, ölkəmizin əbədi müstəqilliyinə nail olmaq üçün hər bir ölkə vətəndaşından öz qüvvə və bacarığını sərf etmək lazım idi. Təhsil işçiləri, müəllimlərlə görüşlərində Ümummilli liderimiz bu məsələyə toxunur, müəllimlərdən, məktəblərdən təhsilalanlar arasında bu istiqamətdə də işlərin aparılmasını onlara məsləhət görürdü. Ulu öndərin fikirlərinə diqqət yetirək: “Ziyalılarımızın, ümumtəhsil məktəblərində çalışan müəllimlərimizin vəzifəsi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməklə bərabər, respublikada ictimai-siyasi vəziyyətin sabitliyinə çalışmaqdan ibarətdir. Çünki daxildə sabitliyin pozulması həmişə cəbhədə böyük gərginliyə gətirib çıxarmışdır. Təlim-tərbiyə işləri ilə məşğul olarkən bir məsələni də diqqət mərkəzində saxlamalısınız”.

Cəmiyyətdə sağlam mənəvi-psixoloji iqlimin hökm sürməsi – ölkənin möhkəm dayaqlar üzərində inkişaf etməsi deməkdir. Ona görə də  Ümummilli liderimiz Heydər Əliyev böyüyən nəsildə  vətənpərvərlik hisslərinin inkişaf etdirilməsini, onları milli-mənəvi dəyərlərə yiyələndirməyi müəllimlərə tövsiyə edərdi. Ulu öndər istəyirdi ki, gənclərimizdə fəal vətəndaşlıq mövqeyi formalaşdırılsın: “Ali məktəblərdə, ümumiyyətlə, təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır. Mən bütün müəllimlərimizdən rica edirəm ki, bu prinsipi özlərinin fəaliyyətində, öz həyatında da əsas tutsunlar, gənclərimizi də yüksək mənəvi ruhda tərbiyələndirməyə, hazırlamağa çalışsınlar. Çünki cəmiyyətimiz həm zəngin bilikli, ali təhsilli mütəxəssislərə, həm də yüksək mənəviyyata malik insanlara ehtiyac duyur”.

Ulu öndər milli adət-ənənələrimizə və milli dəyərlərə xor baxan, milli əxlaqımıza ləkə gətirən şəxslərə qarşı idi.  Qudurğan, harınlaşmış insanların cəmiyyətimizə, insanlığa zidd hərəkət və əməllərinin qarşısının qətiyyətlə alınacağını diqqət mərkəzinə gətirirdi. Ulu öndərin bəyanatında həmin məsləyə aşağıdakı kimi münasibət bildirirdi: “Bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, harınlaşmış insanlar və onların övladları eyş-işrət içərisindədir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyətlər çəkirlər… Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır və qanun çərçivəsində lazımı ölçülər götürüləcəkdir”.

Ümummilli liderimiz cəmiyyətimizdə saf mənəviyyatı bərqərar və inkişaf etdirmək, hər hansı mənfi hallara, cinayətkarlığa, o cümlədən gənclər arasında cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirməyi mühüm vəzifə kimi irəli sürürdü. Bu xüsusda deyirdi: “Biz çalışmalıyıq ki, cəmiyyətimizdə bu mənfi halların kökü kəsilsin. Təəssüf ki, bəzi gənclər özləri də bilmədən hərdən pis yollara gedir, cinayət törədir, yaxud da bələd olmadıqları ayrı-ayrı qruplara qoşulur və cəmiyyətimizdəki sabitliyi pozmağa cəhd göstərirlər. Bütün bunlar milli mənafeyimizə zidd hallardır” .

Ulu öndər mənfi halların aradan qaldırılmasında, gənclərin yenidəntərbiyəsində məktəbin, müəllimlərin, valideynlərin rolunu qeyd edərək deyirdi: “Gənclərimiz arasında mənfi meyllərin qarşısı alınmalı, belə meyllərə qarşı ciddi tədbirlər görülməlidir. Ən əsas vəzifə isə təhsil ocaqlarımızın, valideynlərin gəncləri elə tərbiyə etməsindən ibarətdir ki, belə mənfi meyllər ümumiyyətlə, meydana çıxmasın”.

Ümummilli liderimiz həmin sahədə gənclərin üzərinə də mühüm vəzifələr düşdüyünü qeyd edir, bu kimi mənfi hallardan uzaq durmağı, cəmiyyətdə mövcud olan etik qaydalar çərçivəsində öz davranışlarını qurmağı onlara məsləhət görürdü. Diqqət yetirək: “Ümidvaram ki, ali məktəblərə daxil olan gənclərin hamısı öz gələcək həyatlarını xalqımızın əsrlərdən-əsrlərə ötürülən milli-mənəvi dəyərləri   əsasında quracaq və özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlayacaqlar”.

Hər birimizin müəllimi olmuşdur. Bu gün yaşayan adamlar – yaşlı nəsil, orta nəsil, gənc nəsil – heç kəs müəllimsiz bu səviyyəyə gəlib çatmayıb.

        Ümummilli liderimizin ibrətamiz fikirləri, tələbləri, öyüd-nəsihətləri, məsləhətləri Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və nəzərə alınır.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəhid İsmayıl Mehdiyevin anım günü

İkin mənbə : >>> gundelik-baku.com

Bu gün Zəngilan Rayon və Abşeron Rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə Zəngilan şəhidi İsmayıl Mehdiyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir Abşeron rayonunda Xırdalan mərasim evində baş tutub. Şəhidin xatirəsinə ehsan süfrəsi açılıb. Zəngilan rayonundan olan ağır Seyid Həsən Ağa ocağının yadigarlarlndan şəhid İsmayıl Mehdiyevin anım mərasimində Zəngilan rayonunun ziyalıları, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri, Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, müharibə qaziləri və veteranları, şəhid ailələri, şəhidin ailə üzvləri iştirak etmişlər. Anım mərasimində şəhidin ruhuna dualar oxunaraq yad edildi.     
Allah bütün şəhidlərimizə rəhmət eləsin!



YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə – Famil Mehdi

FAMİL MEHDİ

26 SENTYABR FAMİL MEHDİNİN ANIM GÜNÜDÜR.

Yаdigаr аçаr

(Fаmil Mehdiyə ithаf)
İzi itmiş хəyаl evin,
möhkəm-möhkəm bаğlаdığın dаrvаzаnın
pаslı, sınıq qıfılınımı ахtаrаcаqsаn
təzə kоlluqdа
əzizlənən yаlqız аçаr?…

Dərdin dərdimdən betər,
burdа хаtirələr itər.
Yurdumu, yuvаmı ахtаrırаm,
dоğmа hаvаmı ахtаrırаm,
məhləni, evimi ахtаrırаm,
tаpа bilmirəm.
Sən, tək sınıq qıfılı hаrdаn tаpаcаqsаn,
mənim kimi nаçаr,
yаlqız аçаr.

Gəl birlikdə
dərdlərin qıfılını ахtаrаq-
pаs yedi bizi…

11.09.2002.

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FİKRƏT QOCA – AĞRI

FİKRƏT QOCANIN YAZILARI

5 MAY FİKRƏT QOCANIN ANIM GÜNÜDÜR. RUHUNA FATİHƏ:

AĞRI
Qatarı yola salmaq,
Səkidə təkcə qalmaq,
Ötən ömür, gün kimi
Gedənlərin dalınca
Gözlərin qaralınca
Baxmaq, yaman ağırdır.
Gözüm yaşarmasa da,
Ürəyimi ağrıdır.
* * *
Kiçik dayanacaqlar
Görəsən, nə vaxtacan
Belə dayanacaqlar
Şəhərlər arasında?
Nə ordadır, nə burda
Yolların yarısında.
Qurbağa qurultusu,
Çəyirtkə səsi altda,
Bir də ki, ulduzların
Səssiz nəğməsi altda.
Sübhə kimi boğulur.
* * *
Gəlib keçən qatarlar
Sinəsinə dağ olur.
Kiçik dayanacaqlar
Qatarına gecikmiş
Sərnişinə bənzəyir.
Bir az sənə bənzəyir,
Bir az mənə bənzəyir.
Qatarı yola salmaq.
Səkidə təkcə qalmaq
* * *
Ağırdır, çox ağırdır,
Ürəyimi ağrıdır.
* * *
Gedənlərin dalınca
Baxıb göz qaralınca
Şüşə kimi sınıram.
Qatar pəncərəsindən
Atılmış kağız kimi
Arxada çırpınıram.
* * *
Qatarı yola salmaq,
Səkidə təkcə qalmaq
Ağırdır, çox ağırdır.
Gözüm yaşarmasa da
Ürəyimi ağrıdır.
1966.
Müəllif:Fikrət QOCA

Mənbə: Fikrət Qoca – Seçilmiş əsərləri – PDF

FİKRƏT QOCANIN YAZILARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif Şahverdiyev – anım günü

Akif Şahverdiyev – gözəl insan.

Vəsiyyət:

“Başdaşıma yaşadığım illəri qoyub, doğulub-öldüyüm illəri yazmayın. Bilirəm, deyəcəksiniz: Yazıq, gəldi, yaşamadı, getdi.” (Akif Şahverdiyev)

 “Hərənin qəlbində bir nisgil var. Hərənin könlündə kiminsə yeri görünən boşluğu var. Ayrılığına dözə bilmədiyimiz adamlar yadımıza düşdükcə ürəyimizdən kövrək bir istək keçir – onunla görüşmək istəyi. Lakin bu mümkünsüzlüyü bildiyimizdən həsrətini çəkdiyimiz kəsin surətini xəyalımızda canlandırıb onun özünə yanıqlı-yanıqlı bir şikayət edirik: Sənsiz yaman darıxmışam…” (Akif Şahverdiyev. 8 may 1997-ci il)

 Bəli, doğrudan da belədir. İnsan, ona əziz və doğma olan bir kimsəni həmişə xatırlayır, yoxluğuna dözə bilmir. Onunla keçirdiyi xoş günlər, saatlar bir-bir gəlib göz önündən keçir. Yaxşı insan isə heç vaxt unudulmur. Əbədi ürəklərə köçür.

 İyun ayının 13-ü peşəkar jurnalist, pedaqoq, yazıçı, eyni zamanda gözəl insan, böyük ürək sahibi Akif Bəşir oğlu Şahverdiyevin vəfatından iki il ötür. Yoxluğu, ailəsi, dostları, həmkarları və tələbələrini sarsıdır. Onun yeri elm ocaqlarının auiditoriyalarında, Nəşriyyat binasının redaksiyalarında, qohum-qonşu içində, ən əsası ziyalı bir ailəsinin yanında görünür.

 Akif Şahverdiyev uzun illər Azərbaycan Milli Mətbuatında müxtəlif vəzifələrdə çalışmış, ömrünün demək olar ki, çox hissəsini bu sahəyə həsr etmişdir. Belə ki, Müdafiə Nazirliyinin əmri ilə “Azərbaycan Ordusu” qəzetində, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Xəzərin keşiyində” qəzetində, “Azdövyerqurlayihə” İnsitutunun “Yer” qəzetində, “Ana Vətən” qəzetində, “Press Əks-Səda” qəzetində, “And” qəzetində, “Ədəbiyyat” qəzetində, “Nyu-Media” qəzetində, “Sabah” qəzetində çalışıb. Müxtəlif mətbuat orqanlarında 159-dan çox publisist məqaləsi, 110-a yaxın hərbi vətənpərvərlik və vətənpərvərlik mövzusunda məqaləsi, kitablar haqqında 32 rəy və resenziyası, jurnalistikaya aid 25-dən artıq məqaləsi çap edilib. Haqqında 110 məqalə işıq üzü görüb. Bədii yaradıcılığı 17 mətbuat orqanında işıqlandırılıb. 7 qəzetdə hazırlanmış xüsusi buraxılışın redaktoru olub.

 Pedoqoji fəaliyyətinə gəlincə, bir neçə universitetdə – Naxçıvan Universitetində (1 oktyabr 1999-30 iyul 2001, fakultə: jurnalistika), Cənubi Rusiya Humanitar İnstitutunda (5 oktyabr 1999, baş müəllim, fakultə: hüquq, iqtisadiyyat və tərcümə (linqvistika)), Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (2 sentyabr 2002, fakultə: jurnalistika), Odlar Yurdu Universitetində (1 sentyabr 2003, fakultə: hüquq və beynəlxalq münasibətlər (jurnalistika ixtisası üzrə)), Bakı Avrasiya Universitetində (15 sentyabr 2006, fakultə: jurnalistika), Qərb Universitetində (1 sentyabr 2001-17 avqust 2015, fakultə: jurnalistika) dərs deyib.

 1991-ci ilin fevralında 63 saylı seçki dairəsi üzrə XIX çağırış Sumqayıt şəhər Xalq Deputatları Sovetinə deputatlığa namizəd kimi qeydə alınıb.

 Sentyabr 1992-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

 1994-cü ildə Jurnalistlərin ümumrespublika yaradıcılıq müsabiqəsinin qalibi olub.

 31 may 1999-cu ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunda  “1990-2000-ci İllərdə Azərbaycanda Ali Təhsilin İnkişaf Yollarının Pedaqoji Mətbuatda Əksi ” mövzusunda dissertasiya müdafiə edib.

 18 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 353/RM saylı əmri ilə ona “baş leytenant” hərbi rütbəsi verilib.

 Qarabağ Müharibəsi Veteranıdır. (4 may 1999-cu il. Nəsimi Rayon Hərbi Komissarlığı. Vəsiqə M/V N:030019)

 Mart 2003-cü il Mətbuat Şurasının təsis qurultayının, 24 aprel 2004-cü il Mətbuat Şurasının II Qurultayının, 21 may 2005-ci ildə isə Azərbaycan jurnalistlərinin (Mətbuat Şurasının) III Qurultayının iştirakçısı olub.

 25 mart 2005-ci ildə Rusiya Federasiyasının Cənubi Rusiya Humanitar İnstitunun sosial-humanitar intizam kaferdasının dosenti elmi adına layıq görülüb.

 1 noyabr 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyində mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin maddi-mənəvi irs bölməsinin müdiri vəzifəsinə təyin edilib.

  2006-cı ildə”Odlar Yurdu” universitetinin Elmi Şurasının qərarı ilə (Elmi Şuranın sədri professor Əhməd Vəliyev) “Azərbaycan Mətbuat Tarixi” kitabının tərtibi bu universitetin jurnalistika, dil və ədəbiyyat kafedrasının müəllimi Akif Şahverdiyevə həvalə olunub. Akif Şahverdiyevin böyük zəhməti sayəsində ərsəyə gələn kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.03.2006 tarixli 181 saylı əmri ilə təsdiq edilib. Kitab 2006-cı ildə “Təhsil” nəşriyyatında çap olunub. Giriş ön söz və beş fəsil hissədən ibarət olan kitab jurnalistika fakültəsində təhsil alan tələbələr, bu sahədə çalışan jurnalistlər və Azərbaycan mətbuat tarixi ilə maraqlananlar üçün faydalı mənbədir. Kitabın elmi məsləhətçisi Əhməd Vəliyev, rəyçilər Nizami Cəfərov və Əjdər Ağayevdir.

 Eyni zamanda A.Şahverdiyev 2009-2010 və 2011-ci illərdə Bakı Avrasiya Universiteti tələbələrinin bakalavr hazırlığı üçün müxtəlif fənlər üzrə dərs proqramları – “Hərbi Mətbuat Tarixi”, “İxtisaslaşma-Radio və Televiziya”, “Jurnalist sənətkarlığı və tələbələrin praktik yaradıcılığı”, “Azərbaycan Mətbuat Tarixi”, “Jurnalistikaya giriş”, “Radio və Televiziyada ədəbi iş”, “Ədəbi redaktə”, “Kütləvi informasiya vasitələrinin dili və üslubu”, “Nəşriyyat işinin əsasları”, “Azərbaycanda müasir KİV sistemləri”, “Tələbələrin tədris təcrübəsi”, “İnformasiyalı cəmiyyət”, “Qlobal İnformasiya Cəmiyyəti və Milli Təhlükəsizlik”, “Tələbənin istehsalat və diplomqabağı təcrübəsi” və s. hazırlayıb.

 Akif Şahverdiyev jurnalist və pedoqoji fəaliyyətilə paralel olaraq bədii yaradıcılıqla da məşğul olmuş, həm nəsr, həm də nəzmdə qələmini sinaqdan keçirmişdir. Onun ilk müəllifi olduğu kitab “Ömrə sığmayan həyat” adlı sənədli-bədii povestdir. Ön söz, yeddi fəsil və son söz əvəzi hissədən ibarət olan əsər metodist müəllim, jurnalist, tərcüməçi Natiq Yusif oğlu Səfiyevin həyat və yaradıcılığına həsr olunub. Kitabin elmi məsləhətçisi Vaqif Arzumanlı, elmi redaktoru Əjdər Ağayev, redaktoru Təranə Yaşarqızıdır. 170 səhifədən ibarət kitab 1988-ci ildə “Əbilov, Zeynalov və oğulları” mətbəsində çap olunub.

  Müəllifi olduğu “Ruhun harayı” kitabı Qazax rayonunda “Balaxanım ocağı” deyilən müqəddəs bir ailənin üzvü – Novruzova İmamirə Qədim qızına həsr olunub. 96 səhifədən ibarət olan bu kitab 2000-ci ildə “Təbib” nəşriyyatında çap olunub.

 2004-cü ildə “Təhsil” nəşriyyatında çap olunan, 154 səhifəlik “Vüsala doğru” (povest, hekayə və şeirlər) kitabında müəllif adət-ənənə və mənəviyyatla bağlı bir sıra problemlərə toxunmuşdur. Kitabın redaktoru yazıçı-ilahiyyatçı Oqtay Salamzadədir.

 Eyni zamanda Akif Şahverdiyev deyimlər və aforizmlərlə zəngin olan “Söz qalası” (“Təknur” nəşriyyatı, 2013. 122 səh. Redaktor Şahlar Göytürk (Məmmmədli)) və “Güzgü” (“Təknur” nəşriyyatı, 2016. 140 səh. Redaktor İsmayıl Kazımov. Bədii redaktor Gülər Eldarqızı) kitablarının müəllifidir. Sosial şəbəkələrdə paylaşdığı deyimlər toplanan hər iki kitabda müəllif dilimizin zənginliyini qorumaqla milli-mənəvi sərvətlərimizi qiymətləndirməyə çalışmış, gənclərə əxlaqi dəyərləri təlqin etməyə cəhd etmişdir. Kövrək hisslərlə onu da qeyd edim ki, “Güzgü” kitabı ədibin yaradıcılığının son məhsuludur.

 2018-ci ilin qış aylarında Azərbaycan cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq tədqiqat işi aparan Akif Şahverdiyev Azərbaycan Cümhuriyyətinin qurucuları, eləcə də həmin ərəfədə (1918) – AXC dövründə xidmət etmiş 21 general haqqında, Azərbaycan parlamentinin işçiləri haqqqında, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 11-ci Qızıl Ordu tərəfindən işğal edilərək böyük terror dalğasının başlanması və nəticədə yüzlərlə azərbaycanlı hərbçinin qətlə yetirilməsi, (onların böyük hissəsi AXC ordusunda xidmət edən yüksək rütbəli şəxslər idi) güllələnən 8 azərbaycanlı general haqqında Facebook səhifəsində ardıcıllıqla oxucuları məlumatlandırıb. Təəssüf ki, Bakının Türk ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi münasibətilə şəhərdə keçirilən möhtəşəm bayram tədbirlərini və hərbi paradı görmək ona qismət olmadı. O, öz Facebook səhifəsində, eləcə də müxtəlif sahələri əhatə edən yaradıcılığında tariximizi, ədəbiyyatımızı yaşadan materiallar ərməğan etdi, miras qoydu.

 A.Şahverdiyevin ədəbi-bədii, publisist yaradıcılığını, eləcə də pedaqoji fəaliyyətindəki nəaliyyətlərini onun şəxsiyyətindən kənarda təsəvvür etmək olmaz. O, özünün intellektual səviyyəsi ilə həmişə sayılıb, seçilənlərdən olub. Qürur, vətəndaşlıq, humanizm, müdriklik və insanilik onun şəxsiyyətini səciyələndirən əsas amillərdir. Tərifdən, şan-şöhrətən daim uzaq qaçan təvazökar, təmənnasız bir insan idi Akif Şahverdiyev.

“Deyiln söz ömürdən qısadırsa –cahilliyin, ömür qədərsə– adilliyin, sahibindən sonra yaşayacaqsa – aqilliyin nişanəsidir” deyən ədib bu gün “aqil insan” adına layıq görülür. Bəli, onun qələmindən çıxan hər bir söz indi, öz sahibindən sonra yaşayır, aqilliyin dərəcəsinə çatır. İllər ötsə də onun adı  xələflərinin, eləcə də hər bir vətənpərvər insanın qəlbində yaşayacaq.

 Akif Şahverdiyevin müəllifi olduğu məqalələrdə, bədii əsərlərdə vətənə misilsiz sevgisi, ləyaqəti, əzimliyi duyulur. İnsan qəlbinin ən kövrək, incə notlarına toxunur. Şeirlərindən və sosial şəbəkədə paylaşdığı yazılarından onun dərdlə dost, yoldaş olduğu, öz şəxsi həyatındakı çətinliklərlə yanaşı doğulduğu, yaşadığı vətən torpağının da iztirabı var. O, ictimai haqsızlıqlarla, ədalətsizliklə barışa bilməyən bir ruh sahibi idi. Həyatı ilə yaradıcılığı arasında düz mütənasiblik olan müdrik ustadın silahı ancaq və ancaq mübariz qələmi idi.

Çilikləndi ürəyim,

Əl görmədi kürəyim,

Daşdan çıxdı çörəyim,

Yaşadım…

Yolum dirəndi daşa,

Dərdimlə doldum yaşa,

Ümidlə qaldım qoşa,

Yaşadım…

Əyri yola getmədim,

Arzu etdim, yetmədim,

Nəsə, ölüb-itmədim,

Yaşadım…

 “Daşdan çıxdı çörəyim, yaşadım” – deməklə əziyyətli, dərdli-kədərli bir həyat yolu keçsə də ümidi isə heç vaxt itmir, “Ümidlə qaldım qoşa, yaşadım…”söyləyir. “İnam itər, ümid itməz” düşünərək, inamını itirsə də ümidini heç vaxt itirmir.

 “İnsan ilk dəfə gözüyumulu doğulur, gözü sonra açılır. İkinci dəfə sevəndə doğulur – açıq gözü bağlanır.

İnsan ilk dəfə sevdiyini itirəndə ölür və gözü açılır. Gözü açıq və bağlı, fərqi yoxdur, ümidini itirəndə isə, birdəfəlik ölür.” (Akif Şahverdiyev)

 Ölümündən sonra müxtəlif mətbu orqanlarda və saytlarda Akif Şahverdiyevin əziz xatirəsini uca tutan, haqqında yazılmış neçə-neçə məqalələr çap olunmuşdur.

 Şair-publisist Əbülfət Mədətoğlu Akif Şahverdiyevlə bağlı xatirələrindən yazır:

  “Akiflə ilk tanışlığım 1989-cu ildə Beyləqanda olub. O zaman mən Xankəndində Dağlıq Qarabağ Təşkilat Komitəsində çalışırdım. Beyləqana mətbuat nümayəndəsi kimi gəlmişdim. Müəyyən işlərlə bağlı informasiya toplamalı idim. Bir gün Beyləqanda bir çayxanada dostlarla çay içib söhbət edirdik. Bu zaman Akif bizə yaxınlaşıb görüşdü. Dostlarım bizi tanış etdi. Dedilər ki, yerli jurnalistdir, Bakıda çalışır. Rayona qonaq gəlib. Beləcə Akiflə tanış olduq.

 1991-ci ilin oktyabrın 30-dan 31-ə keçən kecə bizim kənd işğal olandan sonra ailəliklə Füzuli rayonuna gəldik. Qısa bir zamandan sonra isə Beyləqana köçərək uşaq baxçasında məskunlaşdıq. Həmin uşaq baxçası Akif gilin evindən hardasa 600-700 metr məsafədə idi. Artıq onda mən hərbi jurnalist idim. “Xalq Ordusu” (indiki “Azərbaycan Ordusu”) qəzetində cəbhə müxbiri kimi fəaliyyət göstərirdim. Beyləqan rayonuna – batalyona tez-tez gedirdim.

 Akif müəllimgilin evinin yanında Xocavənd rayonunun polis şöbəsi yerləşirdi. İkinci görüşümüz elə orda- evlərinin yaxınlığında oldu. Məni evlərinə dəvət etdi. Oturub çay içdik. Ailəsi ilə tanış etdi. Dedi ki, nə lazım olsa, nəyə ehtiyacın olsa, biz burdayıq. Anası rəhmətlik çox mehriban qadın idi. Beləcə, münasibətlər davamlı oldu. Tez-tez qarşılaşırdıq.

 1994-cü ilin fevral ayında ordudan təxris olundum və Bakıya gələrək Azərbaycan Nəşriyyatında- “Ədalət” qəzetində çalışmalı oldum. Akif də səhv etmirəmsə 3-cü mərtəbədə otururdu. Bir gün koridorda rastlaşıb görüşdük. Beləcə, münasibətlər daha da şirinləşdi. Müəllifi olduğu kitabları aftoqrofla mənə verdi. Bir neçə yazılarını göndərdi, qəzetimizdə çap etdim.

 Axırıncı görüşümüz isə Bakıda – Hava Limanında oldu. Bakıdan Naxçıvana uçan təyyarədə. Təyyarəyə qalxanda gördüm ki, Akif ortada dayanıb, yanında oturanları yerləşdirir. Salamlaşdıq. Əllərində şirinliklər, xonçalar var idi. Dedim xeyirdimi? Dedi xeyirdi inşallah, dostum İlhamın oğlu üçün elçiliyə gedirik. Çox sevindim, təbrik etdim. Naxçıvanda limana enəndə xeyli söhbət etdik. Məni təzə qohumlarla tanış etdi. Vədələşdik ki, Bakıya qayıdanda görüşüb, söhbət edərik. Təəssüf ki, bu bizim son görüşümüz oldu.

 O, mənim yaddaşımda dəyərli jurnalist, gözəl insan, ən əsası isə sözə xidmət edən bir insan kimi qaldı. O, sözə xidmət edirdi, qələmə qulluq edirdi. Allah rəhmət eləsin!”

 AMEA Dilçilik İnstitunun elmi işçisi Şahlar Göytürk “Ölümün çiçək açsın” məqaləsində ustadla bağlı xatirələrindən belə yazır:

“İnsanlar yuxudadır, öldükləri zaman ayılacaqlar.” Bəlkə elə buna görə bu əbədi ayrılıq mənə yuxu kimi gəlir, axirət dostum Akif müəllim! Ruhun şad olsun!

 Səninlə bir yerdə işləməyi çox arzulayırdım, çünki vaxtilə BAAU-da iş yoldaşı olmuşduq. Sənin necə dəyərli bir ziyalı, səmimi və ləyəqətli şəxsiyyət olduğunu yaxşı bilirdim. Sonra Monitorinq şöbəsi təzə-təzə yarananda iki ay təmənnasız şöbəmizə yardımçı oldun…

 İki il idi ki, işsiz idin. Direktora işlə bağlı xahiş etdim. O da razılaşdı, işə götürəcəyinə söz verdi. Sevincimiz yerə-göyə sığmırdı… Dedin ki, eşidən, bilən bütün qohum-əqrabam Dilçilik İnstitutunda işə düzəlməyim münasibətilə zəng edib məni təbrik edir. Ailəmizdə toy-bayramdır.

İşlə bağlı əmrin veriləcəyi gün gözləmədiyimiz bir cavab aldıq: “İxtisasınız uyğun deyil. Sənədləriniz burada qalsın, əlaqə saxlayarıq”.

 Ayrılanda mənə xeyirxahlıq üçün dönə-dönə təşəkkür elədin. “Bu mənim son şansım idi” – dedin…

 Direktor iki gün bundan qabaq “dostunu işə götürəcəyəm” deyəndə sevinmədim. Artıq gec idi.

Ayrılıq xəbərin məni bərk sarsıtdı. Haqq dərgahında məqamın uca olsun, Akif müəllim!

 Ölümü xatırlayan insan Tanrının sevimli bəndəsidir…

Bu Sənin sonuncu şeirin idi…

Elegiya

Daxma qışımdan çıxıb
Üzü yaza gedirəm…
Tək-tənhaca bürünüb
Bir palaza, gedirəm…

Bir yurd var ürəyimdə
Di gəl yolu uzaqdı.
Çölüm bahar ətirli,
İçim qardı, sazaqdı.

Heybəm-dolu kədərdi,
Tutub yolu gedirəm.
Ölümə tunel qazıb
Üzüsulu gedirəm.

Öz uca ölümümü
Öyə-öyə gedirəm.
Məndən qaçan əcəli
Söyə-söyə gedirəm.

Gedirəm ki, dünyanın
Qoy yeri geniş olsun.
Burda mənə iş qəhət,
Bəlkə orda iş olsun.

“Ölümün çiçək açsın”
Deməyir bircə bəndə.
Ruh da qalmaq istəmir
Bu lazımsız bədəndə.”

“Açıq səma” qəzetinin baş redaktoru Şamo Nərimanoğlu yazır:

“İs­lam dün­ya­sı­nın par­laq bir si­ma­sı olan Həz­rət Əli bu­yur­muş­dur: «Mə­nə bir hərf öy­rə­də­nin kö­lə­si ola­ram». Bu ib­ra­ta­miz cüm­lə mi­nil­lik­lə­rin süz­gə­cin­dən ke­çib bu gü­nü­mü­zə gə­lib ça­tıb. Bu gün də öz də­yə­ri ilə çox­la­rı­na ör­nək­dir bu kə­lam. Bun­dan mə­nə­vi qi­da alan çox­say­lı in­san­lar­dan biri də Akif Şahverdiyev idi. «Azərbaycan» nəşriyyatında bu səmimi insanı tanımayan tapılmazdı. Səmimiliyi, istedadı ilə çoxlarına örnək olan bu insanın ömür yolu heç də hamar olmayıb. Məşəqqətli bir həyat yolu keçib gəlmişdi. Jurnalistika sahəsi ilə ülfət bağlayan bu insan həm də təcrübəli bir müəllim idi. Onun yetirdiyi məzunlar saysız-hesabsızdır. Bu şərəfli və məsuliyyətli peşənin sirlərini gənc nəslə öyrədən Akif müəllim həmişə kimliyindən asılı olmayaraq, hamıya düzlüyü, reallığı dönə-dönə vurğulayardı. Bu sahədə əldə etdiyi uğurlardan heç vaxt arxayınlaşmazdı, daim axtarışda idi. Azərbaycan jurnalistikasının dinamik inkişafı naminə əlindən gələnləri əsirgəmirdi. Bu peşənin ululuğundan, aliliyindən bəhs edən Akif müəllim bir neçə kitabın da müəllifi idi. Dəfələrlə yazarlar arasında keçirilən müsabiqələrdə qalib kimi tanınır, xüsusi bir istedad sahibi idi. Uzun illər idi ki, onu əsl jurnalist kimi tanıyırdım. Harada işləməsindən asılı olmayaraq, çoxlarının dərin hörmətini qazanmışdı. Akif müəllim həmişə deyərdi: “Bu gün oxucu çeynənmiş yazı istəmir. Yeni bir ideya axtarışındadır. Bunun üçün də jurnalistlər işlərini günün tələbləri səviyyəsində qurmalıdırlar. İnformasiya bolluğu junralistika sahəsini bitib-tükənməyən uğurlara inamla aparır.” Bu gün də bir çox universitetlərdə bu təcrübəli jurnalisti ehtiramla anırlar. Çox təəssüflər olsun ki, Akif müəllim 59 yaş yaşadı, amma çox mənalı bir həyat yolu keçdi. Onun ölüm xəbərinə çoxları inanmadı. Həmişə gülərüzlülüyü, səmimliyi ilə seçilən bu insanın bu fani dünyaya əlvida deyib getməsi bizləri çox sarsıtdı.

Akif müəllim eyni zamanda qayğıkeş bir ata idi, 3 övlad böyüdüb tərbiyə etdi – 2 oğlan, 1 qız. Bu gün bir oğlu hüquqşünas kimi, digəri isə Fövqəladə Hallar İdarəsində zabit kimi çalışır. Qızı isə ali təhsilli müəllimdir. Həmişə nəvələri ilə fəxr edən, qürur duyan Akif müəllim iki ildir ki, axirət dünyasındadır. Nəvələri otaqları bir-bir açıb sevimli babalarını səsləsələr də, artıq onlara cavab verə bilmir Akif müəllim. Əzizlərinə, doğmalarına qara çərçivədən boylanır.

Allah rəhmət eləsin, qəbri nurla dolsun. Amin!”

Daşdəmir Əjdəroğlu yazır:

 “Akif müəllimi uzun illərdir ki, tanıyırdım. Tanıyırdım dedikdə, bu böyük qəlbli peşəkar və eyni zamanda, fədakar insanın imzası ilə tanışlığımı nəzərdə tuturam.”

  “Vaxtilə çalışdığı müxtəlif mətbuat orqanlarında axtarışlarının, iti müşahidələrinin və yorulmaq bilmədən apardığı araşdırmaların nəticəsində ortaya çıxan məqalələrini maraqla oxuyurdum. O, həmişə ölkənin iqtisadi, qaynar istehsalat həyatından bəhs edən məqalələr, oçerklər, reportajlar qələmə almışdı.”

 “İstər mətbuat sahəsində, istərsə də ali məktəb auditoiyalarında özünə dost tapdığı insanlar Akif müəllimin yaradıcılığını həmişə yüksək qiymətləndirib, onu digərlərinə nümunə göstəriblər. Həqiqətən də nümunəvi jurnalist, nümunəvi insan, vicdanlı pedaqoq, saf, təmiz müəllim olmaq onun həyatının bir parçasına çevrilmişdi.

  “Hər dəfə Akif Şahverdiyevlə həmsöhbət olanda Mövlananın bir məşhur düsturunu xatılayırdım. “Comərdlikdə “axar su”, əsəbdə “ölü”, təvazökarlıqda “torpaq”, ünsiyyətdə “dəniz” kimi ol və nəhayət, “ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Akif müəllim də “olduğu kimi görünən, göründüyü kimi olan adam” idi…

 ‘‘Olduqca təmkinli, az danışıb çox iş görən və öz işini görən A.Şahverdiyev təmənnasız, iddiasız, halal, sadə, zəhmətkeş bir jurnalist ömrü yaşayıb, çətin bir dövrün ağır sahələrindən olan pedaqogikanın cəfakeşlərindən olub.”

“2018-ci il iyunun 14-dən Xırdalan qəbiristanlığında bir insan uyuyur… Bu, uzun illərin dostu olmuş, ömrünün aqillik dövrünə qədəm qoymağa hazırlaşmış, ziyalı ömrünü yaşamış, hər gününü axtarışlara, yaradıcılığa həsr etmiş zəngin insan olan Akif Bəşir oğlu Şahverdiyevin məzarıdır.”

 “Akif müəllim Tanrının məsləhətinə əməl elədi, taleyin son əmrini yerinə yetirdi. Özü getdi, xoş xatiələri, qiymətli əsərləri qaldı. Yaradıcı insan taleyinin qanunu budur. Lakin bir həqiqət də var ki, Akif Şahvedriyevin insan kimi ömrü və ömrünü əks etdirən yaradıcılığı taleyindən çox-çox ucadır!”

(Daşdəmir Əjdəroğlu. “Ədalət və Həqiqət” qəzeti. 19 iyul- 5 avqust 2018-ci il. Səh-13)

Hərbi-jurnalistikanın yaranması və formalaşmasında Akif Şahverdiyevin əməyi böyükdür. O, Azərbaycan ordusu sıralarında xidmətdə olduğu dövrlərdə dəfələrlə cəbhə bölgələrində olmuş, saysız-hesabsız məqalə, reportaj, oçerklər yazmışdır. “Asiman” qəzetinin 2005-ci il 24 fevral sayında dərc olunan “Siz kimsiniz” sərlövhəli müsahibədə Bakı Ali Pedaqoji Qızlar Seminariyasının magistrı Asimə Rasimqızı ilə Akif Şahverdiyev arasında maraqlı bir polemika yaranır. Vətənpərvərlik mövzusu ilə bağlı yazdığı məqalələrindən söhbət açan A. Şahverdiyevin fikirləri maraqlı olub: “1992-ci ilin Xocalı soyqırımından bir neçə ay sonra, yəni iyun ayında 3 körpə uşağımı analarına tapşırıb Respublika Müdafiə Nazirliyinə gəldim. Cəbhəyə getmək üçün ərizə yazdım. O vaxt general-mayor Nurəddin Sadıxov bir neçə gənc zabitlə birlikdə mənim də döyüş bölgəsinə – Laçına göndərilməyim üçün əmri imzalasa da, bir neçə saat sonra yanına çağırdırıb soruşdu: -Tank sürə bilirsən? -Yox. -Topdan atmısan? -Yox. -Xəritələrdən, döyüş xəritələrindən başın çıxır? -Yox. -Oğlum, onda sənin Laçında nə işin var? Yaxşısı budur, qələmini silaha çevir. O, əmri dəyişərək məni əsası 11 fevral 1992-ci ildə qoyulmuş “Xalq ordusu” qəzetinin informasiya şöbəsinin rəisi təyin etdi…” (“Asiman” qəzeti, 24 fevral, 2005-ci il. Asimə Rasimqızı)

 “ATRİBUT” qəzetinin redaktoru Mahir Nemətoğlu Akif Şahverdiyevin əziz xatirəsinə həsr etdiyi “Yaxşılardan biri də getdi” adlı xatirəsində ustadla bağlı təəssüratlarından söhbət açır:

  “Akiflə bir vaxtlar “And” qəzetində tanış olmuşduq. Heç kimə bənzəməyən bir xarakteri vardı. Yəni, sanki bu dünyanın adamı deyildi. Həddən artıq sadə, inanılmaz dərəcədə iddiasız, qərəz bilməyən, dedi-qodudan uzaq bir insan idi. Ətrafdakılara ancaq müsbət enerji paylamaqla məşğul olardu. Çoxları ona ürəyini açar, dərdini deyərdi. Heç 10-15 dəqiqə çəkməzdi ki, Akifin həmsöhbəti xoş ovqatla ayrılardı. Özünün də üzündən təbəssüm əskik olmazdı. Onu incidərdilər, di gəl özü kimsənin xətrinə dəyməzdi. Çox nikbin idi. Hətta canı ağrıyanda, xəstə olanda belə zarafatlarından, yumoristik söhbətlərindən qalmazdı.

 Çoxlarına yol göstərməyi, məsləhət verməyi bacarırdı. Pislik onluq deyildi, daim yaxşılığa can atardı. Ara-sıra badalaq vuranlar, nankorluq edənlər də tapılırdı. Heç ürəyinə salmazdı, “canı sağ olsun” deyib köks ötürməklə kifayətlənərdi.”

  “Akif müəllim həyatda çox məşəqqətlər gördü, amma heç kimin qabağında sınmadı, heç kimə əyilmədi. Vüqarlı bir ömür yaşadı. Onun ən böyük var-dövləti ailəsi, övladları idi. Bütün varlığıyla onlara bağlı idi.”

(Mahir Nemətoğlu. “ATRİBUT” qəzeti. 07-13 iyul 2018. Səh-3) 

 Atasının qəfil ölümündən sarsılan Qorqud Şahverdiyev sosial şəbəkədə (Facebook) paylaşdığı “Mən jurnalistin qazandığı halal çörəklə böyümüşəm” adlı məqaləsində ustadla bağlı xatirələrdən və onun keçdiyi vüqarlı həyat yolundan yazır:

 “Mənim həyatımda mətbuat, jurnalistika, publisistika, nəşriyyat, məqalələr, informasiyalar xüsusi rol oynayıb. Çünki mən qəzetlərin, jurnalların, kitabların arasında böyümüşəm. Bizim evdə, köhnə masamızın ətrafında tez-tez ziyalı insanlar yığışar, elmi, ədəbi müzakirələr aparardılar. Atam məni uşaqlıqdan öz yanında Azərbaycan Dövlət Nəşriyyatının dar koridorlarında gəzdirib. Mətnin yığımı zamanı yazı makinası ilə sürətli yazmağı, orfoqrafik səhvlər etməməyi, korrektə edərkən üslubiyyətin diqqətlə analizini, qəzet və kitabın dizayn edilmə qaydalarını, mətbəələrin səs-küylü iş prossesini atam həvəslə öyrədib mənə. “Kütləvi informasiya vasitələri” haqqında, “İnformasiya əldə etmək” haqqında, “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikasının qanununlarını orta məktəb şagirdi olanda bir neçə dəfə oxumuşdum. İndi mən ixtisasca hüquqşünas olsam da jurnalistikanı həmişə özüm üçün doğma saymışam. Mən jurnalistin qazandığı halal çörəklə böyümüşəm.

 22 iyul tarixi həmişə bizim evimizdə bayram kimi qeyd edilib. Atam Milli Mətbuat günü münasibəti ilə hər il öz müəllimi Şirməmməd Hüseynova zəng edərək təbrik edər, həmçinin öz tələbələrindən saysız-hesabsız təbrikləri qəbul edərdi.

 O, öz həyatını milli mətbuatımızın inkişafına həsr etmiş, xalqımızın maariflənməsində, vətənpərvərlik hislərinin aşılanmasında, milli və bəşəri dəyərlərin təbliğində mühüm işlər görmüşdür. Vətən sevgisi ilə yaşamış, milli şüurun oyanışında, milli ruhun formalaşmasında əvəzsiz xidmətlər göstərmişdi.

 Akif Şahvediyev millətin inkişafını insanların maariflənməsində görürdü. Təsadüfi deyil ki, onun yaradıcılığında bədii ədəbiyyatla bərabər həm də qalaq-qalaq elmi tədqiqat əsərləri mövcud olmuşdur. Onun elmi-publisistik yaradıcılığı çoxşaxəli idi. Yaradıcı dühası və əməli fəaliyyəti bir çox sahələri əhatə edirdi. Misal olaraq maarif, jurnalistika, ictimai-siyasi və fəlsəfi fikirlər, nitq mədəniyyəti, kitabşünaslıq, nəşriyyat işi və s. göstərmək olar. Şübhəsiz ki, xalqının dərdini, problemini qələmə almaq onun vətəninə olan sonsuz məhəbbətindən irəli gəlirdi.

 Qayğıkeş, ailəcanlı, qonaqpərvər, dəqiq, sözündə bütöv və bir çox başqa müsbət keyfiyyətlərə malik idi. Milli olduğu qədər bəşəri olan, güldürməyi bacardığı kimi düşündürə bilən atam dünyadakı yenilikləri duyan, soy tarixinə bağlı bir ustad olmuşdur.

 Öz ömrünü elmə, təhsilə, mədəniyyətə həsr etdi. Onun Azərbaycanın müasir mətbuatında əvəzedilməz xidmətləri olub, tariximizi bütün qəlbi ilə sevirdi, ömrünün son illərində pedaqoji fəaliyyətlə məşğul olub.

 Ziyalı, dərin düşüncə sahibi olan, böyüklə-böyük, uşaqla-uşaq kimi rəftar edən atam el ağsaqqalı, and yerimiz idi. Müdrikliyi, sadəlövhlüyü, sədaqətliyi ilə hamının sevgisini qazanmışdı. 
 Mərd yaşadı, həmişə sözün düzünü dedi, ləyaqətini uca saxladı.

 Atam, öz imzası və üslubu ilə çox fərqlənirdi. Yazıb-yaratmaqdan usanmırdı. Onun lirik şeirləri, satirik yazıları, deyimləri hələ uzun illər dillərdə yaşayacaq, kitabları əl-əl gəzəcək.

 Qələmi kəskin idi. Mənə qələm tutmağı da, qərar qəbul etməyi də, ağı qaradan ayırmağı da atam öyrədib. Tez-tez siyasətlə, peşə fəaliyyətimizlə, dinlə bağlı uzun-uzadı söhbətlər edərdik. Gecə yarısına qədər çəkərdi bu diskusiyalar. Xatirələrini dilə gətirməklə tərbiyələndirərdi biz övladlarını. İndi sağlığında toxunulmaz saxladığı əlyazmalarını vərəqlədikcə öz xatirələrini kağız üzərində əbədiləşdirdiyinə şahid oluram. Bu gün o xatirələri oxuduqca sanki atamla danışıram. Sağlığında yorulmadan öyrətdiyi kimi vəfatından sonra da yazılı xatirələri bu əməlini davam etdirir. O qədər uzaqgörən olub ki, hətta ölümündən sonranı da fikirləşib.

 Akif Şahverdiyevin həyat yoluna nəzər saldıqca insan onun yaradıcılığının əzəmətinə, istedadının nəhayətsizliyinə, şəxsiyyətinin dönməzliyinə və bütövlüyünə heyran qalır.

 Həyatının mənasını xeyirxah işlərdə görən, ürəyində insanlara qarşı daim məhəbbət və şəfqət şamı yanan, hər sözü, kəlməsi ilə haqqı, ədaləti, düzgünlüyü təbliğ edən müdrik bir insan idi Akif Şahverdiyev. Onun müdrüklüyü ilk növbədə, sözləri ilə əməllərinin birliyində əks olunurdu. Dünya malında gözü yox idi. O, məhz “söz-əməl” bütövlüyü sayəsində onu tanıyanlar arasında hörmət və ehtiram sahibi olmuşdu.

 Bu fikirləri yazarkən gözlərim önündə mənalı və şərəfli həyat yolu keçmiş, yüksək mənəviyyat sahibi, ömrü boyu haqqın, düzgünlüyün, mənəvi idealların carçısı olmuş atamın işıqlı siması canlanır. Nahaq yerə demirlər ki, xalqın gözü tərəzidir. Adamlar onunla görüşməyə daim mənəvi ehtiyac hiss edirdilər. Onunla həmsöhbət olmaq adi məişət hadisəsi deyildi, hər şeydən əvvəl saf, duyğulu mənəvi aləmlə əhatə olunmaq demək idi. Şəxsiyyətinin yaratdığı aura o qədər ülvi idi ki, onun yanında insan problemlərdən, çətinliklərdən uzaqlaşaraq özünü qeyri-adi məkanda hiss edir, potensial imkanlarına, güc və qüdrətinə, həyata, insanlara inamı daha da artırdı.

 Çətinliyə düşən, problemi olan, mübahisəli məsələsi meydana çıxan adamlar böyük əminliklə Akif Şahverdiyevə üz tutardılar. Həmişə ölçülü, məntiqli və tutarlı deyimləri, müddəaları ilə xeyirli məsləhətlər verər, ona inam bəsləyənləri heç vaxt naümid qoymazdı.

 Atam ömrünün 59-cu ilində dünyasını dəyişdi, Haqq dərgahına qovuşdu. O, heç kimə əziyyət vermədən köçdü bu dünyadan. Vəfatı məni və onu sevənləri dərindən sarsıtsa da əminəm ki, onun əbədiyyətə qovuşmuş pak ruhu daim ailəsinin üzərində, onu tanıyanların arasındadır.

 Ruhu şad olsun! Sağlığında həmişə haqqın, düzgünlüyün, ədalətin tərəfdarı oldu. Bu gün də başımız üstündə dolaşan ruhu günah işləri, nahaq əməlləri, mənəviyyatsızlığı lənətləməklə xeyirxahlıq adlanan insanlıq yoluna işıq saçmaqdadır.

 İndi mən qələminə və sətir-sətir yazdıqlarına and içərək bəyan edirəm ki, övladı olaraq onun adını daim uca tutacaq, müqəddəs hesab etdiyi haqq yolunda addımlayacaq, vətənpərvərlik, sosial ədalət və milli-mənəvi dəyərlərin qorunması ilə bağlı gördüyü işləri layiqincə davam etdirəcəyəm.”

(Qorqud Akif oğlu Şahverdiyev)

 “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin” (Ə.H.Bəhmənyar). Bəli, Akif Şahverdiyevlə söhbət bir kitaba, müəllifi olduğu kitabların mütaliəsi isə filosofla söhbətə bərabərdir. Bu gün ömrünün 59-cu ilində bizləri qəfil tərk edən ustadın anım günündə, vüqarla yada salır, Ulu Tanrıdan rəhmət diləyirik. Ruhun şad olsun, ustad! Xatirən əbədi olaraq könüllərdə yaşayacaq!

Müəllif: Gülər ELDARQIZI

GÜLƏR ELDARQIZININ DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru