15.12.2025. Düz 10 il əvvəl bugünkü gün axşam saatlarında atamın ölüm xəbərini almışdım. İllər necə də sürətlə keçir. Atamla bağlı xoş və bədbin xatirələrim çoxdur. Düzü onun müəyyən səhvlərinə görə ailəmizə çox zərər dəymişdi. Sonuncu dəfə ona “ata” xitabını nə vaxt etmişdim yadımda deyil. Amma düşünürəm ki, indi sağ olsaydı çox maraqlı münasibətimiz olardı. Çünki 17 yaşım olandan artıq bir evdə yaşamırdıq. 26 yaşım olanda isə o həyatda yox idi. Bu 9 il ərzində arada görüşürdük. Amma bu görüşlərin demək olar ki, hamısı formal xarakter daşıdığından aramızda soyuqluq var idi. Mən gözümü açandan onu hərbi formada, çiyinlərində ay və ulduzlarla görmüşəm. Birinci Qarabağ müharibəsi illərində isə heç bir rabitə vasitələri olmadığından bir neçə aydan bir cəbhədən 1-2 saatlıq evə gələndə sağ olduğuna əmin olurdum. Həmin illərdə Gəncədə yaşayırdıq və demək olar ki, hər gün cəbhədən gələn bağlı tabutları görürdüm. Uşaqlıq illərimdə atama çox bağlı olmuşam, onu çox sevmişəm. Amma yeniyetməlik illərində bu hiss 180 dərəcə dəyişmiş oldu. Hətta zahiri görünüşüm ona bənzədiyini üçün güzgüdə özümə çox baxa bilmirdim. Çalışırdım ona oxşamayım. Atam əvvəldən ailəsinə qarşı biganə olsaydı bəlkə də, bu küskünlüyüm olmazdı. Ondan vaxtilə sevgi görüb, sonra bu sevgidən məhrum qalmağımız kinimi artırmışdı. Dünyasını dəyişdiyi gündən etibarən isə ona qarşı zərrə qədər də olsa küskünlüyüm yoxdur. Sadəcə cavabsız qalan suallarım məni hər dəfə narahat edir. Bir də onunla ata-oğul kimi yox, dost kimi vaxt keçirə bilməməyin yanğısı sol tərəfimi incidir. Məncə, çox yaxşı dost ola bilərdir. Həddindən artıq intellektli və savadlı insan iid. Öz işinin ustası idi. Birinci Qarabağ müharibəsi ilə bağlı sadəcə bir neçə xatirəsini danışmışdı. Onlar hələ də xatirimdə danışdığı kimi qalıb. Arada anam atamla bağlı xatirələrini danışır. Düşünürəm ki, bu qədər rəngarəng və gözəl günlər keçirən, bir-birini sevən iki insan necə ola bilər ki, hər şeyi xoşbəxt sonluqla bitirə bilməyiblər. Düzünü desəm atam üçün darıxıram. Onunla olan uşaqlıq dövrümüz üçün darıxırsan. Məncə, insan onu xatırlayan sonuncu yaxını dünyasını dəyişən zaman unudulur və ölür.
Atam bir dağ idi gözümdə hər an, Əlimi çiyninə qoyardım hərdən. O, mənim ömrümün işığı idi, İçində sızıltı duyardım hərdən.
Atamı ağlayan görmədim heç vaxt, Bir dəfə demədi get dərdi oyat… Qəm onu sıxdıqca, o, qəmi sıxdı, İlahi, necə də çətindi həyat!
Başım ağrıyanda tez sığal çəkdi, Qoymadı bir kərə ümidsiz qalım. Ata olmayan ev soyuq bir çöldür, Atamın iyini mən kimdən alım?
Atamı yuxuda gördüm bu gecə, Gileyli-gileyli baxırdı mənə. Elə bil yox imiş bu boyda adam, Ey həyat, ey həyat, nə deyim sənə?
Yəqin məndən küsüb, yəqin inciyib, Qəbrinin üstünə getmirəm deyə. Neynim, vaxt tapmıram iş-güc əlindən, Eləcə, əlimi açıram göyə.
Bir tikə çörəkçün əlləşir bu can, Mümkünsə qızını bağışla, ata. Sən mənim əbədi qaraçuxamsan, Qoyma bu qəm gəlib sinəmdə yata.
Hər dua edəndə kədərlə dedim: İlahi, sən mənim boynumu əymə! Əzrayıl gələndə dilim tutuldu, Deyə bilmədim ki, atama dəymə.
İndi nə atam var, nə də ki, anam, İçimdə yüz arzum butasız qalıb. Əcəl çox tez qıydı, köçüb getdilər, Sona gör nə vaxtdı anasız qalıb. Sona gör nə vaxtdı atasız qalıb…
Fırlanır dəyirman daşı Baxıram, başım fırlanır. Fırlanır dünya başıma Torpağım, daşım fırlanır. Saçı-saqqalı ağarmış Sığal çəkmə alt daşına, üst daşına. Un ələnmir üst-başına. Dənsiz dəyirman daşları qəm ələyir, Dərd üyüdür ömrün qışına. Bu çərxi-dövran daşları Dəyir, bir-birinə dəyir. Dənsiz dəyirman daşları Yeyir, bir-birini yeyir. Acıdı dəyirman daşları Dən gözləyir əvvəl-axır. Tanrı dinmir,Tanrı susub Çörəyimiz daşdan çıxır.
ATAMIN AYAQLARI
Hara getdim dara düşdüm Atamın ayaqları süründü arxamca İndi Atamın ayaqları Sibirdi Özü kimi ayaqları da yuxusuz… Üz sürtdüm ayaqlarına, Qəlpə giziltisindən Diksindi qulaqlarım. Çəliyi ayaqlarına başdaşı Atam! Səcdənə gəldim, Ayaqlarını suya qoy, Dirilik suyu kimi ayağının suyunu içim Atam oy! Əlimdən nə gəlir daha Ayaqlarımı verim, yeri, Atam! Laylay atam, ayaqlarına laylay! Ayaqları yuxusuz, əlləri oyaq, ürəyi dipdiri Pir Atam!
ALO, MƏN SƏNİ GÖRÜRƏM
Yuxarı mərtəbədən gələn mahnı Ürəyimi göynədən vaxtda əllərim qoynumda uzanmışam çarpayıda. Tavandan,divarlardan Kədərli üzlər, Dilxor maskalar asılır Səni düşündükcə, qızım! Hər oxunan nəğmə Bir doğma anı yada salar, Hər tanış səs bir doğma üzü Canlandırar gözlərimizdə… Telefon zəngi. -Alo, Bakıyla danışın. -Al-lo! Qızım, sənsənmi?! -… -Al-lo! …2400 kilometrlik həsrətin içində Qatar keçdi deyəsən. Bir zahı bulud Silkələdi telefon xətlərini. Yüz saniyəlik sükutun arxasına Sığdı bir insan ömrü. -Alo! Alo!! -A-ta! A-ta! …Üzün yadımdan çıxır, İlğım axır dalğa-dalğa Yaddaşımın dörd olmuş gözündən. Yuxu da yalanmış, fotoşəkil də yalan… -Alo! Alo! -Ata, məni eşidirsən? -Al-lo, mən səni görürəm, qızım…
UZUN AYRILIQDAN SONRA
Uzun ayrılıqdan sonra dönəndə Vətənə Kimi qucaqlasam birinci, Qarşıma çıxanların heç biri inciməz. Bir dost yazmışdı mənə: “Sən qəribəsən, biz-yol gözləyən.” Məni qarşılayanların Heç biri inciməz, anam, Səni qucaqlasam hamıdan əvvəl. Uzun ayrılıqdan sonra Yenidən sevmək Yenidən doğulmaq kimi gəlir insana, İzn ver oğluna yenidən doğulmağa, Aç qoynunu, ana! Qol-boyun gördükcə bizi Dostlar da başlayar Bir-birini qucaqlamağa.
QAN-TƏR İÇİNDƏ
Əqrəbləri itmiş saat kimiyəm, Vaxt ölür, çökür içimdə. Cin çapmış at kimiyəm, Qan-tər içindəyəm, anam, Qan-tər içində. Zaman dolaşıq nər qovğasında Şeytan-mələk davasında Ürəyim əlimdən gedir, Çırpınır qollarım qoynumda, Gecəm qan-tər içində,anam, Günüm qan-tər içində. Bu əlim,bu da lal dilim, Sözü xəmir kimi yoğuran dilim, Cadar-cadar, dilim-dilim Söz əkib-becərən dilim, Sözüm qan-tər içində,anam, Dilim qan-tər içində, Alnımın qırış yerindən Taleyin çaparı keçir. Bu yurdun süyər yerindən Bir ölüm qatarı keçir, Elim qan-tər içində, anam, Obam qan-tər içində. Toxdayıb, səbrimdən asıldım, Buğlanıb, ruhumdan asıldım, Can hamı, qəbrimə qısıldım, Söndüm qan-tər içində, anam, Öldüm qan-tər içində.
ADAŞIM, BALABANÇI KOR ƏLİSƏMİD
– Bir adaşım yaşayır Kürdəmirdə, Muradxanlı kəndində Gecəyarı ekranda gördüm Xəzər TV-də. Əvvəl-əvvəl danışmadı, dinmədi, dizləri üstə gözləri yol çəkdi barmaqlarımın. Sonra adamlar yığışıb könlünü aldılar onun, ovutdular. Çıxartdı üzə balabanı. Dedi, mənim işim balabanla, neylədi. Adaşım, balabançı kor Əlisəmid. Sonra gör neylədi adaşım, balabançı Kor Əlisəmid. Qəfil nəfəs verdi balabana, Sığalladı asta-asta, bala-bala. Asta çaldı balabanı. Hərəkəti yavaş-yavaş, bala-bala. Dağı arana daşıdı, aranı dağa. Anasının balasını ağlatdı, balasının anasını ağlatdı. Qəribi çağırdı qürbətdən, həsrətdən yolu-yolağa. Qəfil balabanı qoydu qırağa, Ürəyinin işığı üzündə, üzü nur, üzü pir Əlisəmid. Çalğı çoxdan qurtarıb, nə baxırsan? Əlləri üzündə, gözləri barmaqlarının ucunda, adaşım, balabançı Kor Əlisəmid.
AD GÜNÜ KEÇİRMİR HƏBSXANALAR
Bir qədəh zəhər, boyu uzunu ipək kəndir gətirdilər şairə ad günündə. Səslər gəldi qulağına: – İçək sənin sağlığına! İçmədi!.. – İpək kəndir ölçülübdür boynuna, Keçmədi… Pıçıldadı öz-özünə öz qanını içən şair, «Azadlıq» sözündən asılan şair: – Ad günü keçirmir həbsxanalar!
…Qismət etmə kafirə də kamerada, dar otaqda dönə saat kəfkirinə; Neçə kilometr yol gəldi şair, Yol uzanır, yol uzanır Azadlığın ad gününə burulğanlar içindən…
Səsin gəlsin, Xəlil Rza, Səsin gəlsin, Ad günü keçirmir həbsxanalar!..
AĞI
Dəli çayların axarı suların səsindən bəlli. Mən keçdim, Sən keçənmədin. Torpağım heeey!
Sirri kor quyu dibində, Dərdi üzündən bəlli. Dəlisi ağıllı kimi, ağıllısı dəli kimi Millətim heeey!
Tapdaq altda gözü qalan ocaq külündən bəlli. Qorxağı qaçmağından, İgidi ölümündən bəlli. Məmləkətim heeey!
Məni çox incitmə, Tanrım, Özün göndərən bəlayam. Mən şeytana papış tikən Sənin ərköyün balanam.
Nə Qurana əl basmışam, Nə də xaç çəkmişəm, Tanrım! Sənə qulaq asmamışam, – Sənnən çox çəkmişəm, Tanrım!
Dərdin göyçəyin yollayan Gərək bəndəsin də duya. Qoymaya tövbə etməyə, Dilində sonuncu dua.
Mən səndən küsmüşəm, Tanrım! Üzə durdum hansı haqqla? Ömrü borc vermisən, Tanrım, Al ruhumu girov saxla!
DÜNYANIN YALAN GÜNÜ Rəsul Rzaya
Ölümünlə aldatdın bizi aprelin birində – başaldatdı günü. Yüyürdüm ölümün ardınca; İnsan axını yol vermədi çiynimi verəm tabutun altına. …Ölümün utana-utana gəlmişdi Fəxri xiyabana. Çəkinə-çəkinə, qızara-qızara girmişdi məzara. Amma Sən, «özün almışdın çiyninə tabutunu». O gün köşklərdə çiçək qalmamışdı, O gün şehli göz yaşlarıyla çiçəkləmişdi tabutun da! Səndən uzaq. Səndən nigaran ölümündən xəbərsizdi Nigarın… Dilim sözə möhtac, əli gəlmirdi ölümünə nəğmə qoşmağa. «Belə olurmuş demək» dünyanın yalan günü adam aldatmaq?! Ölüm xəbəriylə adlamı aldatmazlar, ustad!
Tanrının gözünə dik baxdığımdan Xəbərim olmayıb üzümə düşən qırışdan Yaman inanmışam arvad sözünə: «- Dağa bənzəyirsən sən bu duruşda».
Güzgüdə özünə baxıb göz vuran O şux, o kür adam mən deyilmişəm. Adamlar dəyişir havalar kimi İlahi, mən niyə dəyişməmişəm?!
Dünyaya piyada gəlib-gedənlər Odu eee… yanımdan atlanıb keçir. Ürək qızdırdığım, çörək kəsdiyim Qəfildən üstümdən atdanıb keçir.
Mən koram… Sən hara baxırsan, Tanrım! Sənin də oyunun yamannan-yaman. Haqqın tərəzisi qurulan vaxtı Kiminə taxt verdin, kiminə palan.
Çəkilib uzaqdan özümə baxdım, – bir də üzə gülüb, arxamca daş atanlara… Yol üstə ilantək qıvrılanlara…
Başımın üstündə qovğalar kimi Bu yağış adamlar, külək adamlar – Bu payız oğlanlar, bu qış gözəllər, Bu külək oğlanlar, kələk oğlanlar, Bu payız gözəllər, bu xəzəl qızlar, Dayanıb yolumda qovğalar kimi, – Adamlar dəyişir havalar kimi, – Niyə dəyişmədin, Cəfərin oğlu?!
Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü. Kürəyində yük daşıyan adamlar mənə KENTAVRLARI xatırlatdı… Bir də qulaqlarıma at kişnərtisi gəldi…
Dərdin arxasınca dördnala çapan Bədəni at, başı adam, Bu yarıat, yarıadam Qaçmağa hallı adam hara gedir, Yaradan?!
Sözünün dalında dağ kimi durub, Hər gün bir sevdayla döyüşə gedir. Dalına atdığı şələyə baxmır. Xəndəyə yıxılmır, tələyə baxmır, Özüylə söyüşə-söyüşə gedir.
At kimi yeriyir qəmin üstünə Çapır, dördnala çapır, Hara gedir qəm gətirir Bir gün çörək tapır, bir gün də tapmır…
«Mersedes» gözəllər keçir yanından Vaxtı yox onlara gözucu baxa. Faytona qoşulmuş ata boylanır, Bu yarıat, yarıadama ana boylanır ata boylanır.
Kentavr şəhərdən baş aça bilmir. Dəyənək qorxusu çıxmır canından. Bu köçkün kentavr, qaçqın kentavr Polisin əlindən qaça da bilmir.
Bu qovur, o qovur, Göydə Allah qovur, yerdə bəndəsi Kəpənək yuxusu qaçıb gözündən Hələ kütə gedir onun kündəsi. – Hara gedirsən, KENTAVR? – Kimdən qaçrsan, KENTAVR? Başın bədənindən ayrı, Bədənin başından ayrı, Özün-özündən qaçırsan, Gedirsən qəmin üstünə söyüşə-söyüşə, Yaşamaqçün, ölməməkçün Atlar örüşə gedir, Kentavrlar – döyüşə!
***
Bir üzü var çörəyin – arxası təndirdə qalır.
Bir üzü var torpağın – ha şumla, çevir üstünə arxasını görməzsən; Torpağın bir üzü var kürəyini görməzsən!
Çörəyini yeməzsən yalanın Yalanın min üzü var. Mən sözü üzə şax dedim Sözümün bir üzü var – Əlisəmidin bir üzü var.
Oğlanlarım, mən sizin yerinizə olsaydım atamı çox sevərdim Adına şeir yazardım hətta. Alnı nədi, heç qoymazdım şəkilləri qırışlana
Yadıma salardım O mənim beşiyimin kəndirini tavana necə mismarlamışdı, Mən də onun baxışlarını könlümə elə yazardım.
Sizə iki şeir yazdım, oğlanlarım Birini uşaqlığınıza, Bunu da böyüklüyünüzə… Birin qucağıma alanda Birini qucağımdan düşürəndə…
Mən dəqiq bilirəm, Bütün ataları övladları öldürür Bunu bilirsinizmi, siznənəm, eyy Hə, siznən Onnan Sənnən…?
Bütün ayrılıqlar qəflətən və özü də səbəbsiz olur. Ağlınıza gəlirmi ki, bir gün atanızın ayaqqqabılarını Qapıda görməyəcəksiniz? Ən birinci qapıdan ayaqqabılar yığışdırılır, Adamı yaman yandırır ayaqqabı yeri…
Dəfn mərasimi qədər həyatda qəddar heç nə yoxdur… Sizin yerinizə olsaydım bunu həmişə yadımda saxlardım.
Yuxudan tez durardım ki, atamı çox görüm Başdaşı üçün şəkillərinə baxmazdım… Öləndən sonra şeirlərini oxumazdım
Mən sizin yerinizə olsaydım atam haqqında xatirə danişmazdım….
OĞLUM. (Oğlum Elşadın timsalında bütün balalara) Həyat bir ümmandır, üzəsən gərək, Hünərdir həyatın mənası oğlum! Hər çətin sınağa dözəsən gərək, Səbrdir dərdlərin dəvası, oğlum !.
Uca əməllərdən bir qala tik sən, Qəlblərə yaxşılıq toxumu ək sən, Qoy, hamı söyləsin afərin,əhsən, Alqışdır dillərin duası, oğlum!
Olana şükr elə, aza qane ol, Qənaətcil ol ki, ruzin olsun bol, Düşün, hara gedir qarşındakı yol, Yanlış addımın var xətası, oğlum!
Üstün tut savadı, kamalı ,ağ(ı)lı, Elmiylə yüksələr bil, insan oğlu, Vətəni candan sev, ol elə bağlı, Vətəndir igidin qalası oğlum.!
Dediyim sözləri həkk et yaddaşa, Bəxtin, tale oxun dəyməsin daşa, Arzumdur çatasan doxsan-yüz yaşa, Gənclikdir hər ömrün səfası , oğlum! Müəllif: İlham QAZAXLI
SAATIN ƏQRƏBLƏRİ… Saatın əqrəbləri firlandıqca səs edir, Günlər elə bir şeydi ömürdən ildən gedir, Boş sözlər nadan kimi, küləyə bənzər əsir, Yaşa doldum, hiss edib ümidlə geri baxdım- Fevralın otuzuna vədə verib vaxt aldım! * * * Yollar qırov bağlamış ümüdlərə qor düşmüş, Xəyallar pərən pərən arzular talan çökmüş, Doğurdanda adam tək yaşamaq böyük yükmüş, Gah gerəyə gahda ki, irəlliyə yön aldım- Fevralın otuzuna vədə verib vaxt aldım! * * * Enişidə dolandım, yoxuşuda keçmişəm, Zaman zaman dünyanın hər üzünü görmüşəm, Qəlbi nadan birinə verərkən səhv etmişəm, Çox təəssüf ki, bunu, sonunda gec anladım- Fevralın otuzuna vədə verib vaxt aldım- * * * Nə biləydim sonu yox dərk etmədim vaxtında, Dildə aciz qalibdı, danışarkən haqqında, Yuxuya dalmış idim, gördüm deyir son anda, Gözləyəcəm gələrsən, yubanmazsan həyatım- Fevralın otuzuna vədə verib vaxt aldım!
ÖZ CƏZANDIR ÇƏK, QADIN… Bu gun şəklinə baxıb Gördüm siyah tellərin Ağarıbdı qar kimi. Sən ki, belə deyildin, Bir vaxt göz oxşayırdın Hər addımda dil açan Çiçəkli bahar kimi. Bəs, niyə saçlarına Erkən dən düşdü sənin? Bəlkə bulanıq sular Bircə anda üstündən Adlayıb keçdi sənin? Bir nişanə qalmadı Əzəlki yerişindən. Bir vaxtlar məst olurdu Çoxları gülüşündən… Sən heç belə deyildin Əhdini tapdalayıb Baş götürüb gedəndə. Yəqin günahın kimi Qəlbini çəkib dara Saçlarındakı dən də… Söylə, niyə axı sən Eşqimi ağlar qoyub, Əsiri oldun yadın? Heç özüm də bilmirəm Necə əff edim səni, Öz cəzandır, çək, qadın!
SEVƏNLƏRİ VAR OLSUN… (“Sevgililər günü”nə) Gör necə də gözəlmiş Ömrün vüsal çağları. Sevgidir insanlığın Nur timsallı baharı. Tükənməyən arzular Məhəbbətdən güc alsın – Sevənləri var olsun! * * * İsinsin saf duyğular Körpə nəfəsi ilə. Vəcdə gəlsin ürəklər Gənclik həvəsi ilə. Saf eşqin təravəti Nə saralsın, nə solsun – Sevənləri var olsun! * * * Şən nəğmələr dolaşsın Hər yanı qarış-qarış. Qorxutmasın heç kimi Çovğun, şaxta, qarlı qış. Təkcə eşqin havası Həmişə qəlbə dolsun – Sevənləri var olsun! * * * Seymur mübarək deyir, Sevgililər gününə. Qoy, yamanlıq çıxmasın Qəlbən sevib-sevilən İnsanların önünə! Bu şeirim cavanlara Məndən nişanə qalsın – Sevənləri var olsun!
BU GÜN MƏNƏ TOXUNMAYIN İçimdə vulkan püskürür, Titrəyir sütünum-tağım. Üstümdən qarayel keçib, Üşüyür əlim-ayağım. Baxışlarım sanki donub – Quzeydəki qar kimiyəm! Bu gün mənə toxunmayın Simi qırıq tar kimiyəm! * * * İşığa həsrət qalmışam, Zülmət çökübdür üstümə. Bir namərdin gizli əli Yaman durubdu qəsdimə… Əlçatmayan, ünyetməyən – Bir uçuq divar kimiyəm. Bu gün mənə toxunmayın Simi qırıq tar kimiyəm! * * * Yollar üzümə bağlıdı, Yoxuşum yox, enişim yox. Məhbusam tənha adada, Doğma yurda dönüşüm yox! Əhədimi kəsib külək – Alışmayan qor kimiyəm. Bu gün mənə toxunmayın Simi qırıq tar kimiyəm! * * * Nə gücüm var, nə taqətim, Bozqurd kimi ac gəzirəm. Elə bil havalanmışam, Dərdimə əlac gəzirəm. Bu gün mənə toxunmayın – Simi qırıq tar kimiyəm. Bu gün mənə toxunmayın Simi qırıq tar kimiyəm!
ATA HƏSRƏTİ Ata, yoxluğuna necə tablaşım, Sənsiz qurumayıb hələ göz yaşım. Keçir dərd içində baharım-qışım, Heç vaxt qınamasın qoy, nadan mən – Ata həsrətidir, sızladan məni! * * * Elə bil fırlanır başıma dünya, Dönüb qar-sazaqlı qışıma dünya. Ta gəlmir nədənsə xoşuma dünya, Sıxır için-için ürək-can məni – Ata həsrətidir, sızladan məni! * * * Kaş, atam dirilib geriyə dönə, Sığınam Tanrının böyüklüyünə… Dikmişəm gözümü hər gələn günə, Nə eşq ovundurur, nə ad-san məni – Ata həsrətidir, sızladan məni! * * * Sanki suya həsrət bomboş səhrayam, İşığı qeyb olan ulduzam, ayam. Heyim qalmayıb ki, günləri sayam, Qoparıb kökümdən bir tufan məni – Ata həsrətidir, sızladan məni! * * * Dikəldə bilməyir Seymur qəddimi, Tapdamaq çətinmiş dərdin rəddini… Dinmədim, qəm-kədər aşdı həddini, Tutub elə bil ki, nahaqq qan məni – Ata həsrətidir sızladan məni!
MƏNİM ÖMÜR YOLUM (Öz doğum günümə yazdığım şeir) Boylanıb geriyə baxdım bir anlıq, Elə bil üstümü duman-çən aldı. Gözümün önündən keçdi cavanlıq, Ömrün bir ili də arxada qaldı. * * * Nə yaman tez ötdü aylar-fəsillər, Anlar tufan kimi, yel kimi keçdi. Durub arxasınca baxdığım illər, Qarşımdan bulanıq sel kimi keçdi. * * * Söykədim üzümü xatirələrə, Sevdalı çağlarım geriyə döndü. Zülmətdə qərq olan neçə bənd-bərə, Mənimlə birlikdə dil açdı, dindi. * * * Közərdim təzədən sönmüş ocaqtək, Nurlu sabahların seyrinə çıxdım. Yaratmaq eşqiylə çırpındı ürək, Keçilməz sədləri bir anda yıxdım… * * * Duruldum su kimi avazda-səsdə, Sanmayın ağlımı nəsə çaşdıdı. Bir il gəldisə də yaşımın üstə, Məni şeirlərim cavanlaşdıdı. 04.02.2022.
MƏNİ QƏRİBSƏSƏN ÜRƏYİNDƏ GƏZ Nə əlIərm çatır, nə səsim sənə, Tanışdır istəyim-həvəsim sənə. Bilirəm doğmadır nəfəsim sənə. Demirəm bir acı külək kimi əs – Qəriblik eşqimi sarsıda bilməz! * * * Keşkə xoş sorağın çataydı mənə, Çıxaydıq xəyalən çölə-çəmənə. Adını çəkirəm mən dönə-dönə, Hicranın yolunu saf eşqinlə kəs – Qəriblik eşqimi sarsıda bilməz! * * * Dönsəydin əzəlki görüş yerinə, Gül-çiçək səpərdim qədəmlərinə. Bəlkə getməyək bir də dərinə… Nisgili, kədəri gəl tapdala-əz – Qəriblik eşqimi sarsıda bilməz! * * * Seymur heç vaxt səni unudan deyil, Yalançı məhəbbət şərəf-şan deyil. Eşqimin möhləti bircə an deyil, Məni qəribsəsən ürəyində gəz – Qəriblik eşqimi sarsıda bilməz!
SƏNİ NECƏ TAPIM… (Dialoq) Oğlan Yatmışdım, telefonun zəngi oyatdı, Məst etdi, ay gözəl, xoş səsin məni. Avazın könlümə şirinlik qatdı, Yerimdən oynatdı həvəsin məni. Qız Səni soraqlayıb, aramasam da, Bənd oldum bir anda kəlmələrinə. Düşdüm elə bil ki qaynar bir oda, Danmıram, ürəkdən vuruldum sənə. Oğlan Dedim, bəs bəxtimdir üzümə gülən, Ürəyim köksümə sığmadı mənim. Sandım ki, səsindən nurdu süzülən, Dil açdı al-əlvan şehli çəmənim… Qız Sanki məhəbbətin düşdüm sehrinə, Adını soruşmaq çıxdı yadımdan. Şükr etdim Allahın böyüklüyünə, Qəlbimdə dağ kimi böyüdün hər an… Oğlan Dalğamı dəyişdi, telefonmu söndü, Elə bir andaca itirdim səni. Nömrən gizli imiş, neyləyim indi, Xəyalən könlümdə bitirdim səni…
XOCALIMIZ QƏM SELİNDƏ İSLANIR (Xocalı şəhidlərinin xatirəsinə) Göy üzünü qara bulud alıbdır, Dört tərəfi mənfur düşmən sarıbdır, Necə insan canlarından olubdur, Bu gün nisgil dolu qəlblər talanır- Xocalımız qəm selində islanır. * * * Qoca cavan baxmayaraq vurubdu, Körbə üzü, saralıbdı solubdu, Bu matəmə dünya şahid olubdu, Bu gün nisgil dolu qəlblər talanır- Xocalımız qəm selində islanır. * * * Yağı talan etdi Ana Vətənin Dağılmaz başından dumanı,çəni, Çağırır,Xocalı çağırır səni, Bu gün nisgil dolu qəlblər talanır, Xocalımız qəm selində islanır.
ATA Qəlbimdə döyünən, qəlbimdə vuran, Dağ kimi vüqarlı arxamda duran. Yolumda Fərhad tək dağları yaran, Sənə qurban olsun ürəyim, ata! * * * Çox çəkmisən məndən ötrü zəhməti, Verməmişəm layiqincə qiyməti. Dizimin taqəti qolum qüvvəti, Həmişə dayağım, gərəyim ata. * * * Ayağıma bir daş dəysin qıymadın, Bir kimsəyə möhtac olum qoymadın. Qayğı çəkdin yorulmadın, doymadın, Hər zaman ümidim, gərəyim ata.
ATALAR Atalar Yer üzündə Allahın kölgəsidir, Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir. Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… İstəyirəm gorəsən, mümkün deyil danışmaq, Belə olur atanın ətəyindən yapışmaq… Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq, Balaca yumruqlarla, allahlarla vuruşmaq … Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… 13.06.2021.- Bakı.