
Zamanın imtahanı
Uşaq idik, dərdi-qəmi bilməyirdik
At oynadır biz zamanı görməyirdik.
Yığışırdıq qız-oğlanlar küçələrdə
Oynayırdıq evimizə girməyirdik.
Zaman bizə oynayırdı hiyləsini
Addım-addım yaşımıza yaş verərək
Bir də baxdıq məktəbliyik, məktəbə biz
Sevinərək qaça-qaça tələsirdik.
Evə gəlib yenə çölə qaçacaqdıq
Biz yenə də həyata toy tutacaqdıq.
Bir də baxdıq yaş artaraq
Biz böyüyüb boy atmışıq
Gənc həyata ulaşmışıq.
Qız-oğlanlar ayrılaraq
Öz qınına çəkilibdir.
Artıq zaman muradına yetişibdir.
Küçələrdən uşaq səsi gəlməz olub.
Qızlar evdən küçələrə çıxmaz olub.
Zaman yenə önümüzə sədd ataraq
Öz hökmünü atdı yenə.
Qadağalar qarşımıza çıxdı bir-bir.
Zamanınmı köləsinə çevrilmişik?
Yoxsa, ona qarşı qoyan
Oz nəfsinə qurban verib
Dünyamıza düşman çıxan
İnsanların hiyləsinə düşmüşük biz?
Ümid dolu çıraqlarla yaşayırıq
İnam dolu həyatımız bir gün bizə
Bəxş edəcək xoşbəxtliyi.
Verəcəkdir o xoşbəxtlik badəsini,
Alacaqdır qarşısına haqqın səsin
O zaman da ədalətin carçıları,
Susmayacaq yetirərək o bizlərə
Ağ bayrağın.
İgid əsgər
Haydı, mənim igidlərim.
Tələsməyin, igidlərim
Önünüzdə təhlükə var.
Addımları iri atıb
Vurdurmayın kəndinizi
Düşmən tülkü qanı içib.
O, hər yerdə qurub saysız
Təhlükəli hiyləsini.
Sən diqqət et ayağına
Düşmə düşmən tuzağına
Öncə önün tuzaqlardan təmizlə ki,
Düşmən üzü sevinməsin
Mərd oğulun yarasına.
Sən önünü təmizlə ki,
İrəlidə kol dalında duran düşmən
Məhv edilsin türk əlilə
Açılmış o silahlarla.
Ey əsgərim, heç tələsmə.
Yaradanın duasilə get irəli
Vur duşməni, əz başını o mənfurun,
Sən qorurkən torpağının sərhədini
Sipər edib sən sinəni xalqın üçün
Tələsərək tez atılma, mərd əsgərim,
Ehtiyatla get irəli.
Vətən oğlu, döyüş, döyüş
Düşmənləri torpaqlardan
Sən qovaraq, yetir bizə sən zəfəri
Sonun bəlli, vətən oğlu.
Ya şəhidlik zirvəsinə yüksələcək
Ya qəhrəman igid kimi dönəcəksən.
Amma bil ki, bu qəlblərdə
Sən ömürlük zirvə taxtı
Quracaqsan.
Döyüşlərdə yağılardan vətənini
Qorumaqçün sipər olan,igid əsgər!
Əsgər adın ilk addımın
Sevgi xalqdan sənə yardım
Güvənc artıq yeni adın
Əbədilik zirvəsidir artıq adın
Rəbbim səni bu minvalda hey yaşatsın!
Müəllif: Ayşən Allahverdiqızı (Məmmədrzayeva)
Filologiya üzrə fəlsəfə doktoru
zeyd.mammadov.11@mail.ru