Etiket arxivi: AYSU TÜRKEL

Otən həftənin mədəni mənzərəsi

Salam olsun çox dəyərli oxucum! Son zamanlar dünyamızda  və təbiətdə baş verənlər dəyişikliklər ümumi həyat zəncirinin ən mühüm halqasını təşkil edən insanın da yaşam və düşüncə tərzindən yan keçmir. Sadəcə ötən həftələr ərzində baş vermis mədəni hadisələrə ötəri bir nəzər saldıqda belə biz bunun şahidi oluruq. “Tərəfsiz ədəbiyyat tarixdir!” şüarımıza sadiq qalaraq ötən günlərin mühüm mədəni (ədəbi-tarixi) hadisələrinə nəzər salaq. Bu yazımda iki mühüm hadisəyə toxunacam. Bu mühüm mədəni hadisələrdən biri gənc şair, publisist, Prezident təqaüdçüsü Tural Cəfərlinin “Elə ki darıxdın” adlı yeni şeirlər kitabının təqdimatı, digəri isə  gənc filoloq, rejissor, “Türkel Teatrı”n yaradıcısı və tamaşanın əsas ifaçılarından biri Aysu Türkelin təşəbbüskarlığı ilə antik yunan dramaturgiyasının görkəmli nümunələrindən olan Evripidin “Alkesta” əsərinin səhnə təqdimatı barədə olacaq:
-Darıxmağın fəlsəfəsi və sözün işığında yeni görüş
        Azərbaycanın mədəni həyatında ötən həftənin diqqətçəkən hadisələrindən biri gənc şair, publisist, Prezident təqaüdçüsü Tural Cəfərlinin “Elə ki darıxdın” adlı yeni şeirlər kitabının təqdimatı oldu.  “Litera” kitab mağazasında keçirilən tədbir ədəbi ictimaiyyətin, qələm adamlarının, media nümayəndələrinin və poeziyasevərlərin iştirak etdiyi əlamətdar görüşə çevrildi.
      Təqdimat mərasimində millət vəkili və yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və esseist Səlim Babullaoğlu, yazıçılar İlham Əziz və Nihat Pir, şair Vahid Əlioğlu, dosent Nəsir Xankişiyev çıxış edərək müəllifin yaradıcılığı, poeziyaya gətirdiyi fərqli baxış və yeni kitabın bədii məziyyətləri haqqında fikirlərini bölüşdülər.
Müasir Azərbaycan poeziyasında son illər müşahidə olunan əsas tendensiyalardan biri insanın daxili aləminə dönüş, fərdi duyğuların fəlsəfi təhlili və həyat hadisələrinə yeni baxış bucağının formalaşdırılmasıdır. Tural Cəfərlinin “Elə ki darıxdın” kitabı da məhz bu istiqamətin diqqətçəkən nümunələrindən biri kimi qiymətləndirilə bilər.
       Kitabın adından başlayaraq oxucu fərqli bir poetik məkanla qarşılaşır. Adətən mənfi emosional hal kimi qəbul olunan darıxmaq hissi müəllifin yaradıcılığında özünü tanımağın, daxili dünyaya qayıdışın və ruhun öz həqiqətini axtarmasının başlanğıc nöqtəsinə çevrilir:
“Elə ki darıxdın, heç kimə demə,
Bir az xəyal götür, özünlə danış.
Yığıb bir araya xatirələri,
Sahildə oturub dənizlə danış.”
Bu misralarda şair insanı təkliyə deyil, özünə qayıdışa çağırır. Müasir həyatın sürəti, informasiya bolluğu və gündəlik qayğılar fonunda insanın öz iç dünyasından uzaqlaşdığı bir dövrdə müəllif sadə, lakin dərin məna daşıyan bir yol göstərir: özünlə danışmaq.
Tural Cəfərlinin poeziyasında diqqəti çəkən əsas cəhətlərdən biri obrazların mürəkkəb metaforalarla deyil, sadə və anlaşıqlı dillə qurulmasıdır. Onun şeirlərində həyatın fəlsəfəsi gündəlik müşahidələrdən, təbiət hadisələrindən və insanın daxili təcrübəsindən doğur:
“Danış, ürəyini boşalt beləcə,
Ləpələr dərdini yuyub-aparsın.
İçində sızlayan yaralarını
Külək yarpaq kimi bir-bir qoparsın.”
Burada dəniz sadəcə təbiət obrazı deyil, insanın sirdaşına çevrilir. Külək yalnız meteoroloji hadisə deyil, ağrıları aparan mənəvi güc kimi təqdim olunur. Şair təbiətlə insan arasında görünməyən bir körpü yaradır.
      Kitabda tez-tez rast gəlinən mövzulardan biri də bağışlamaqdır. Müəllif bağışlamağı zəiflik deyil, mənəvi yüksəliş kimi təqdim edir:
“Uzaqdan əl edib özün-özünə,
Hamını bir axşam bağışla getsin.
Gözündən asılan yorğun baxışlar,
Son dəfə islanıb yağışla getsin.”
Bu misralarda həyatın yükündən qurtulmaq, keçmişlə barışmaq və ruhun azadlığına qovuşmaq arzusu hiss olunur. Şair insanı qisasın deyil, mərhəmətin və anlayışın tərəfinə dəvət edir.
     “Elə ki darıxdın” kitabında ölüm mövzusu da xüsusi yer tutur. Lakin müəllif ölümə qorxu ilə deyil, həyatın ayrılmaz hissəsi kimi yanaşır. “Mən də” şeirində bu fikir sadə, lakin təsirli şəkildə ifadə olunur:
“Gördüm ki, ağlayan yoxdur halıma,
Başladım halıma gülməyə mən də.
Əbədi deyiləm, arxayın olun,
Dünyaya gəlmişəm ölməyə mən də.”
Bu misralar oxucunu həyatın faniliyi haqqında düşünməyə vadar edir. Şair burada ümidsizlik yaratmır, əksinə, insanın yaşadığı anın dəyərini dərk etməsinin vacibliyini vurğulayır.
       Müəllifin yaradıcılığında diqqət çəkən başqa bir məqam çətinliklərə münasibətdir. Adətən maneə kimi qəbul olunan hadisələr onun poeziyasında inkişaf vasitəsinə çevrilir:
“Ay mənim yoluma daş düzən adam,
Nə gözəl etmisən, daşına şükür.
Ayağım bərkidi sənin sayəndə,
Düşünən beyninə, başına şükür.”
Bu misralar müasir insan üçün mühüm mesaj daşıyır. Şair həyatdakı əngəlləri bədbəxtlik deyil, möhkəmlənmək imkanı kimi qiymətləndirir. Çətinliklərin insanı böyütdüyünü və gücləndirdiyini xatırladır.
Şeirin davamında bu fəlsəfə daha aydın görünür:
“Sənin sağlığına, həmin daşları,
Yığıb mən özümə ev düzəltmişəm.”
Bu poetik fikir əslində bütöv bir həyat dərsidir. İnsan qarşılaşdığı problemlərdən dağıla da bilər, həmin problemlərin üzərində yeni həyat da qura bilər. Seçim onun öz əlindədir.
Tural Cəfərlinin poeziyası müasir Azərbaycan şeirində nikbin fəlsəfənin, sadə ifadə tərzinin və daxili səmimiyyətin uğurlu sintezidir. Onun şeirləri oxucunu yalnız hisslər dünyasına aparmır, eyni zamanda düşündürür, həyat hadisələrinə fərqli rakursdan baxmağa sövq edir.
     Təqdimat mərasimində müəllif yaradıcılıq prosesi, kitabın ərsəyə gəlməsi və gələcək planları haqqında danışdı, şeirləri qiraətçilər tərəfindən səsləndirildi, oxucuların sualları cavablandırıldı. Sonda müəllif kitablarını imzalayaraq oxucularla xatirə şəkilləri çəkdirdi.
On beş ildən sonra işıq üzü görən ikinci şeirlər kitabı olan “Elə ki darıxdın” göstərir ki, Tural Cəfərli zaman ərzində öz poetik dəst-xəttini qoruyub saxlamaqla yanaşı, onu daha da zənginləşdirə bilib. Kitabın səhifələrində həm həyatın ağrıları, həm insanın daxili axtarışları, həm də ümidin və inamın işığı yaşayır.
        Ötən həftənin mədəni mənzərəsinə nəzər salarkən demək olar ki, “Elə ki darıxdın” kitabının təqdimatı sadəcə yeni bir nəşrin oxucularla görüşü deyildi. Bu tədbir həm də müasir Azərbaycan poeziyasının yeni düşüncə istiqamətlərinin, insanın öz daxilinə qayıdış çağırışının və söz sənətinin yaşamaqda davam edən gücünün növbəti təzahürü idi.
-Ölümə meydan oxuyan sevgi – “Alkesta” tamaşası
       Azərbaycanın teatr həyatında ötən həftənin diqqətçəkən mədəni hadisələrindən biri antik yunan dramaturgiyasının görkəmli nümunələrindən olan Evripidin “Alkesta” əsərinin səhnə təqdimatı oldu. İyunun 2-də Şuşa Dövlət Musiqili Teatrının səhnəsində “Türkel Teatrı”n təqdim etdiyi tamaşa klassik irslə müasir teatr düşüncəsinin uğurlu vəhdəti kimi tamaşaçıların diqqətini cəlb etdi.
      Evripidin yaradıcılığında xüsusi yer tutan “Alkesta” təkcə qədim yunan dramaturgiyasının deyil, ümumilikdə dünya ədəbiyyatının ən maraqlı fəlsəfi-mənəvi nümunələrindən biri hesab edilir. Əsərin mərkəzində insan həyatının əbədi sualları dayanır: Sevgi ölümə qalib gələ bilərmi? Fədakarlığın sərhədi varmı? İnsan öz xoşbəxtliyi naminə başqasının həyatını qurban verməyə haqq qazanırmı?
      Mifoloji süjet əsasında qurulan əsərdə Fera hökmdarı Admet ölüm hökmündən yalnız o halda xilas ola bilər ki, kimsə onun yerinə ölməyə razı olsun. Nə valideynləri, nə də yaxınları bu ağır yükü üzərinə götürmək istəmir. Yalnız həyat yoldaşı Alkesta sevgisinin gücü ilə bu fədakarlığa hazır olur. Beləliklə, tamaşa sevgi, vəfa, vicdan, insanlıq və mənəvi məsuliyyət kimi anlayışları dərin fəlsəfi müstəvidə təqdim edir.
      Tamaşanın quruluşçu rejissoru Şəbnəm Xeyrullanın səhnə yozumu klassik mətnin əsas ideya yükünü qorumaqla yanaşı, onu müasir tamaşaçı üçün anlaşılan və təsirli formada təqdim etməyə imkan verib. Rejissorun əsərə yanaşmasında emosional gərginliklə fəlsəfi düşüncə arasında tarazlıq hiss olunur. Hadisələrin inkişafı boyunca tamaşaçı yalnız süjetin izləyicisi deyil, həm də qəhrəmanların mənəvi seçimlərinin şahidinə çevrilir.
     Alkesta obrazını canlandıran “Türkel Teatrı”n yaradıcısı və tamaşanın əsas ifaçılarından biri Aysu Türkel obrazın daxili aləmini uğurla nümayiş etdirə bilib. Onun ifasında Alkesta sadəcə özünü qurban verən qadın deyil, həm də sevginin, sədaqətin və mənəvi gücün simvolu kimi görünür. Aktrisanın emosional oyunu obrazın faciəvi mahiyyətini tamaşaçıya çatdırmağa kömək edir.
     Digər rolları ifa edən Əlibala Qasımov, Şövqi Əmiraslanov, Kənan Abdulov, Tural Orucov, İsa Səttarov, Allahverdi Ramazanov və Lətif Niyazov da tamaşanın ümumi bədii bütövlüyünün formalaşmasında mühüm rol oynayıblar. Aktyor ansamblının harmoniyası səhnədə kollektiv yaradıcılıq atmosferi yaradaraq əsərin ideya-estetik yükünün tamaşaçıya çatdırılmasına xidmət edib.
     “Alkesta”nın əsas uğurlarından biri onun zamandan və məkandan asılı olmayan mövzulara müraciət etməsidir. Minilliklər əvvəl yazılmış əsər bu gün də aktuallığını qoruyur. Çünki insanın sevgi, ölüm, itki və fədakarlıq qarşısında yaşadığı hisslər dəyişmir. Tamaşa bir daha göstərir ki, klassik əsərlər yalnız keçmişin yadigarı deyil, həm də müasir insanın mənəvi axtarışlarına cavab verən canlı sənət nümunələridir.
    “Türkel Teatrı”n təqdim etdiyi “Alkesta” tamaşası ötən həftənin mədəni mənzərəsində xüsusi yer tutan hadisələrdən biri kimi yadda qaldı. Bu səhnə əsəri tamaşaçıya yalnız estetik zövq bəxş etmir, həm də onu həyatın ən mühüm dəyərləri barədə düşünməyə sövq edir. Ölümün qaçılmazlığı fonunda sevginin gücünü nümayiş etdirən tamaşa insan ruhunun ən ali keyfiyyətlərini ön plana çıxararaq klassik dramaturgiyanın əbədi yaşarlığını bir daha təsdiqləyir.
     Beləliklə, “Alkesta” yalnız bir tamaşa deyil, sevginin, fədakarlığın və insanlıq idealının səhnədə təcəssümüdür. Məhz bu xüsusiyyətlərinə görə o, ötən həftənin mədəni həyatında diqqətəlayiq sənət hadisəsi kimi dəyərləndirilə bilər.  

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I
    

“Yarımçıq qalmış” tamaşa layihəsi yekunlaşıb


“Yarımçıq qalmış” tamaşa layihəsi yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan olunmuş “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Yarımçıq qalmış” tamaşa layihəsi uğurla başa çatmışdır.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış qəhrəmanların həyat hekayələrinə əsaslanan, müəllifləri Leyla Bəyim və Efim Abramov olan tamaşa layihə müddəti ərzində hazırlanaraq tamaşaçılara təqdim olunmuşdur. Layihə çərçivəsində tamaşanın premyerası Bakı şəhərində keçirilmiş, daha sonra Şəki və Lənkəran şəhərlərində nümayişləri təşkil edilmişdir.
Tamaşa ölkəmizin müstəqilliyi naminə canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla anaraq, onların yarımçıq qalmış arzularını, taleyin yarıda saxladığı hekayələri və xalqımızın yaddaşına həkk olunmuş igidlik nümunələrini poetik və simvolik bədii üslubda tamaşaçıya çatdırmışdır. Səhnə həlli və dramaturji yanaşma vasitəsilə şəhidlərin mənəvi dünyası, duyğuları və xalqla mənəvi bağlılığı təsirli formada təqdim olunmuşdur.
Layihə müddətində tamaşa geniş auditoriya tərəfindən böyük maraqla qarşılanmış, mədəniyyətin təbliği və vətəndaşların asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətli nəticələr əldə edilmişdir. Eyni zamanda, layihə milli-mənəvi dəyərlərin, müstəqillik ruhunun və qəhrəmanlıq ənənələrinin gənc nəsillərə aşılanmasına töhfə vermişdir.


“Yarımçıq qalmış” tamaşa layihəsinin uğurla yekunlaşması, Azərbaycan tarixində qəhrəmanlıq salnaməsinin incəsənət vasitəsilə yaşadılması istiqamətində mühüm və yadda qalan bir addım kimi dəyərləndirilir.

Məlumatı hazırladı: AYSU TÜRKEL

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Universitetin mədəni ruhu

Universitetin mədəni ruhu

Ali təhsil müəssisələri haqqında danışanda adətən auditoriyalar, imtahanlar və diplomlar yada düşür. Amma universitet yalnız bilik ötürən məkan deyil. O, insanın formalaşdığı, səsini tapdığı, özünü sınadığı bir mərhələdir. Bəzən isə bu formalaşma auditoriyada yox, səhnənin işıqları altında baş verir.

Universitetin mədəni ruhu məhz belə anlarda yaranır.

Biz Bakı Dövlət Universitetinin Mədəniyyət və Yaradıcılıq Mərkəzinin üzvü olan tələbələrik. Amma bu yazını sadəcə “üzv” olaraq yox, bir prosesin içindən keçmiş insanlar kimi qələmə alırıq.

Solistimiz Nuray Quliyeva MYM haqqında deyir “Həm uşaqlığımda, həm abituriyent vaxtı tələbəlik illərini gözümdə çox rəngarəng canlandırırdım. İncəsənət yönümlü bir insan olduğum üçün ixtisas seçimi zamanı xüsusi ilə universitetlərin mədəni-yaradıcılıq fəaliyyətlərini, sosial mühiti araşdırırdım. Yəni, MYM məni hələ Bakı Dövlətə gəlməzdən əvvəl cəlb etmişdi.
Qəbul oldum. Sentyabr ayının sonları idi, bir rəsm müsabiqəsinə qoşulmuşdum. İşimi təhvil vermək üçün Mədəniyyət-Yaradıcılıq Mərkəzinə gəlmişdim. Çağırıldığım otağa gedəndə akt zalın qapısından keçdim, qapı açıq idi. İçəridən piano səsi gəlirdi, gözucu baxdım, zal çox gözəl idi.. O anda düşündüm ki, kaş indi bu qapıdan girib ordakı pianoda ifa etmə ixtiyarım olardı..

Təxminən 15 dəqiqə sonra artıq səsimi yoxlayıb məni MYM üzvlüyünə daxil etmişdilər..

İlk səhnə aldığım günü xatırlayıram, kövrəlmişdim. Amma sevincdən ağlayırdım, çünki illərlə gözümdə canladırdığım səhnəni yaşayırdım.

O gündən, demək olar ki tələbəlik həyatımın ayrılmaz hissəsidir MYM. Bura sayəsində çox dəyərli dostlar qazanmışam, eyni zamanda müəllimlərimdən çox dəyərli bilgilər öyrənmişəm. Bura bir növ “incəsənət uşaqlarının” universitetdəki evidir. Dərslərin, imtahanların stressini, qayğılarımızı unutdurur. Özü isə unudulmaz xatirələr yaradır.
Təkrar seçim şansım olsaydı, hər şeyə rəğmən, yenə də Bakı Dövlət deyərdim. Çünki gənclik illərimin ən gözəl xatirələri zalda, məşqlərdə, tədbirlərdə keçib. Mərkəz olmasaydı bu 4 il ağ-qara olardı. Ümumən, həyatımızda incəsənət olmasaydı hər şey başqa cür olardı, daha sönük, daha cansız. Şəxsən mən, universitetdən öncə özünə qapalı, asosial bir insan idim. Musiqi ilə yanaşı, sosial bacarıqlarımızın formalaşmasında da Mərkəzin rolu əvəzsizdir. Həyatımıza rəng qatdığı üçün, tələbəlik illərimizin ən gözəl xatirələrinə imza atdığı üçün tələbə-solist olaraq Mədəniyyət və Yaradıcılıq Mərkəzinə minnətdarlığımı bildirirəm. O cümlədən, dəyərli MYM kollektivinə, xüsusilə də vokal müəllimim Könül xanıma, bizə olan doğma münasibətinə və hər mövzuda dəstəyinə görə təşəkkürümü bildirirəm. Hər zaman doğma olaraq qalacaqsınız.

Sevgilərlə, Nuray Quliyeva”

Tarzənimiz İmran Sabirov MYM haqqında deyir “Mən düşünürəm ki , illər sonra universitet vaxtlarını xatırlasam ilk yadıma düşən Mədəniyyət və Yaradıcılıq mərkəzində keçirtdiyim günlər olacaq. Bu o günlər ki, mənə tələbəlik həyatımın ən xoş xatirələrini bəxş etdi. Mən burda dəyərli insanlar qazanmaqla yanaşı, özümə dəyər qatan oldum. Mərkəzin hər bir əməkdaşı bizim qəlbimizdə yer edinib. Onlar hərəkətləri, sözləri, öyüdləri ilə mənə çox kömək olublar. Könlümdə onlara qarşı böyük məhəbbət və hörmət var.
Mən həyatım boyu onlara minnətdar olacam.”

Solistimiz İnci Hacızadə MYM haqqında deyir “ Mən, Hacızadə İnci, Bakı Dövlət Universitetinin Mədəniyyət və Yaradıcılıq Mərkəzinin (MYM) üzv tələbələrindən biriyəm. Digər üzvlərlə birlikdə bu yazını qələmə almaqda məqsədimiz MYM-in bizim üçün nə qədər dəyərli olduğunu, həyatımıza nə kimi töhfələr verdiyini və bu mərkəzin əslində sadəcə bir musiqi topluluğu deyil, eyni zamanda bir ailə olduğunu göstərməkdir.

Hazırda Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsiyəm. Lakin universitet həyatımın ilk günlərindən etibarən MYM-də aktiv fəaliyyət göstərirəm. Bu mərkəzin mənim üçün niyə bu qədər önəmli olduğunu daha aydın ifadə etmək üçün, fəaliyyətimdən danışmazdan əvvəl musiqinin həyatımda tutduğu yerdən bəhs etmək istərdim.

Musiqi ilə münasibətim uşaqlıq illərimə — təxminən 5–6 yaşlarıma gedib çıxır. O kiçik yaşlardan musiqi mənim üçün sadəcə bir maraq deyil, dəyər idi. Hələ dili belə tam bilmədiyim vaxtlarda xarici mahnılara qulaq asır, onları özüm üçün zümzümə edirdim. Zaman keçdikcə musiqi mənim üçün bir sığınacağa çevrildi. Yeniyetməlik dövrü mənə heç də həmişə mərhəmətli davranmırdı və ruhumu sakitləşdirən, məni ayaqda saxlayan yeganə vasitə məhz musiqi idi.

Musiqinin mənim üçün nə ifadə etdiyini sözlə anlatmaq çətindir. İnsan üçün oksigen və su necə həyati əhəmiyyət daşıyırsa, bitki üçün gün işığı nədirsə, musiqi də mənim üçün odur. Mən harmoniyalar var olduğu üçün varam. Hər not bir duyğudur, hər səs yeni bir başlanğıcdır. Musiqi varsa, mən varam; yoxdursa, sanki mən heç olmamışam.

Lakin musiqi ilə münasibətim uzun müddət professional səviyyədə olmayıb. Özüm üçün oxuyurdum, imkanlarım çərçivəsində. Çünki o balaca qızın böyük səhnələrə çıxacağına, insanlar üçün oxuyacağına, peşəkar bir mühitdə musiqi ilə məşğul olacağına dair heç bir ümidi yox idi. Hətta xatırlayıram ki, atam evə daxil olan kimi mahnı oxumağı dayandırırdım — birdən eşidər deyə. O dövrdə bunun utanılmalı bir şey olduğunu düşünürdüm. “Qız uşağı və səhnə” anlayışı ilə bağlı formalaşmış stereotiplər şüurumun dərinliklərinə hopmuşdu və mən özümə bu cəsarəti uzun müddət verə bilmirdim.

Sonra abituriyentlik dövrüm başladı. Bu mərhələ musiqi ilə arama daha böyük bir məsafə qoydu. Həmin illəri həm sağlamlıq problemləri ilə mübarizə apararaq, həm də imtahanlara hazırlaşaraq keçirdim. Zaman məhdudluğu musiqiyə yer ayırmağa imkan vermirdi. Nəhayət, Bakı Dövlət Universitetinə qəbul oldum. Bu illər məni daha güclü bir insana çevirdi. İçimdə bir səs “artıq kifayət qədər vaxt itirdik, qalanını itirməyək” deyirdi.

Birinci kursda universitetdə musiqi fəaliyyəti ilə məşğul olan dostlarım vasitəsilə MYM haqqında eşitdim və vaxt itirmədən üzv oldum. O gündən etibarən, bir ömrə dəyişməyəcəyim qədər dəyərli illər yaşadım — həm üzvlərlə, həm də pedaqoji heyətlə. MYM məndə olmadığını düşündüyüm işığı üzə çıxarmağa kömək etdi. İlk səhnə təcrübəmi universitetdə qazandım. Daha sonra isə MYM-in dəstəyi sayəsində Heydər Əliyev Mərkəzində ən böyük səhnəmə çıxdım. Bu çıxış mənə respublika universitetləri arasında “Vokal(müasir)” janrı üzrə birincilik qazandırdı.

Bəs bu uğurun səbəbi yalnız mənim bacarığım idimi? Xeyr. Mən yenə də qapalı otaqlarda oxuyan İnci ola bilərdim. Lakin MYM müəllimlərinin dəyərli məsləhətləri, verdikləri inam və aşıladıqları cəsarət sayəsində o səhnəyə çıxdım. Onların dəstəyi ilə içimdə artıq mövcud olan bacarığı nümayiş etdirməyə nail oldum.

MYM mənim üçün sadəcə bir mərkəz deyil — bu, özümə inandığım, səsimi tapdığım və kim olduğumu dərk etdiyim bir ailədir.”

Qarmon(akkordion) və piano ifaçımız Murad İsrafilov MYM haqqında deyir : “ MYM nədir? Bizə nə qatdı?

Mən Murad — İsrafilov Murad. Universitetimizin Mədəniyyət və Yaradıcılıq Mərkəzinin üzv tələbələrindənəm. Sizə musiqinin həyatımdakı yerindən və universitet təhsilimdəki rolundan danışacağam. Bu yazını mərkəzin bir-birindən dəyərli digər üzvləri ilə birlikdə yazmaqda məqsədimiz MYM-in həyatımızda nə qədər önəmli yer tutduğunu göstərmək və kollektivə bizdən mənəvi bir yadigar qoymaqdır. Yazımda instrumental ifaçılığımdan, çıxdığım səhnələrdən və görünməyən arxa plandan bəhs edəcəyəm. Bunları danışdıqca “MYM nədir?” sualına ayrıca cavab verməyə ehtiyac qalmayacaq.

Lap əvvələ — musiqi təhsilimə qayıtmaq istəyirəm. Çünki universitetlə mənim musiqi təhsilim arasında bir körpü var. Orta məktəbin 5-ci sinfində oxuyarkən ailəmin qərarı ilə 11 illik musiqi məktəbinin 5 illik qarmon sinfinə yazıldım. İlk başlarda ailəmin bu qərarını sorğulasam da, sonradan “yaxşı ki” dedim. Atamın tar təhsili var idi. Hətta getdiyim musiqi məktəbində qohumumuz qarmon müəllimi idi, amma mən onun sinfində oxumurdum.

İlk ilim çox maraqlı keçdi. Mənə Kazan qarmonu alındı. Bu, musiqi aləti ilə ilk tanışlığım deyildi — anamın işlədiyi uşaq bağçasında fortepiano ilə etdiyim “fantaziyalar” yadıma düşür. Özümü bəzən Mozart zənn edirdim. İlk il maraqlı keçsə də çox həvəsli deyildim. İmtahanlarda yaxşı nəticə göstərməyimə baxmayaraq hələ də bu sahəni sevmədiyimi düşünürdüm. İkinci il daha stabil keçdi.

Üçüncü il isə mənim üçün dönüş nöqtəsi oldu. Araşdırmağa başladım: musiqi nədir, bu alətdə mənim yerim varmı, ifa bacarığım mənə nə qazandırır? Daha həvəslə yanaşdıqca, genetik meyillərimin də təsiri ilə “slux” deyilən anlayışın məndə olduğunu dedilər. Elə o gündən notlardan qismən uzaqlaşdım və eşitmə bacarığıma güvənərək ifa etməyə başladım. Uğurlu oldummu? Çox. Hətta o qədər ki, məktəbdə müəllimlər arasında mənim üçün “atışmalar” olurdu — məni dərslərinə dəvət edirdilər. 6–7-ci sinifdə oxuyan bir şagird nə düşünə bilərdi ki?! Sadəcə gedib ifa edirdim.

Təhsilimin dördüncü ilində müsabiqələrə qatıldım və dərəcələr aldım. Müəllimlər bu “hobbini” peşəyə çevirməyimi istəyirdilər. Eyni zamanda orta məktəbdə 9-cu sinif imtahanlarına hazırlaşırdım və musiqiyə ayırdığım vaxt azalmışdı. Sonda məktəbimizin direktoru diplomumu təqdim edərək dedi ki, musiqini seçsəm çox uğurlu olacağam amma digər seçimimə də hörmət edirlər. Həmin seçim ali təhsil almaq idi. Musiqi ilə aram o dövrdə qopdu. Növbəti 4 il ərzində nə qarmonumdan xəbərim oldu, nə də onun məndən.

Uşaq bağçasında pianoya olan marağımı universitetdə 1-ci kursun sonunda yenidən reallaşdırmaq istədim. Boş vaxtlarımda kiçik bir sintezatorla başlayaraq piano öyrəndim və hələ də öyrənirəm. İnkişafım sürətli oldu — cəmi bir ay intensiv məşqdən sonra sərbəst ifalar edə bilirdim.

Universitetimizdə belə bir Yaradıcılıq Mərkəzinin olduğunu əvvəl bilmirdim. Elanlar paylaşılsa da biz bəzən dəyərli şeyləri önəmsizləşdirməyə meyilliyik və onlara ciddi yanaşmırıq. MYM ilə necə tanış olduğumu dəqiq xatırlamıram amma akt zalında pianoda ifa edərkən “kəşf olundum” desəm, yəqin ki, yanılmaram.

Mərkəz sözün əsl mənasında məni daha peşəkar etdi. İlk səhnə təcrübəm 18 sentyabr — Milli Musiqi Gününə təsadüf etdi. Pianoda Emin Sabitoğlunun bəstələdiyi “Ala gözlüm” əsərini ifa etdim. Bu təcrübə əvəzsiz idi. Səhnənin tamam fərqli bir mühit olduğunu məhz o gün hiss etdim. İlk tədbirin həyəcanı hələ üzərimdəykən pianodan əlavə əsas təhsil aldığım qarmonda da özümü sınamaq istədim. Sonrakı tədbirlərin çoxu mənə doğma olan bu alətdə keçdi.

Mədəniyyət və Yaradıcılıq Mərkəzi bizə musiqi mədəniyyəti və səhnə mədəniyyəti aşıladı. Bunları həm çətin, həm də daha rahat yollarla öyrəndik. Bu prosesdə müəllim kollektivi və üzv dostlarımın rolu böyükdür. Biz səhnədə parlayırıqsa, bu, mərkəzin müəllimlərinin əməyinin nəticəsidir. Biz bəzən bizə dəstək olanları unutmağa meyilli oluruq amma mən müəllim heyətimizə can sağlığı və uzun ömür arzulayıram. Çünki xoşbəxtlik nisbidir və bizim arzuladığımız xoşbəxtlik onlar üçün yetərli olmaya bilər.

Mərkəz mənə bir-birindən dəyərli ifaçılar və istedadlı insanlarla ünsiyyət imkanı qazandırdı. Musiqiyə geri dönməyimdə körpü rolunu oynadı. Qazandırdıqlarını saymaqla bitməz amma bunların içərisində ən əsası isə gözəl insanlar oldu. Özümü çox şanslı hesab edirəm ki, belə bir kollektivin parçası oldum.

Əgər əlimdə yenidən 4 il olsaydı və məndən soruşsaydılar ki, musiqi ilə bağlı bir mərkəz necə qurulmalıdır, sözsüz ki, üzvü olduğum, böyük hörmət bəslədiyim müəllim və tələbə kollektivinə sahib bu mərkəzi nümunə göstərərdim.

Yaxşı ki, MYM.”

Səhnəyə çıxmaq kənardan asan görünə bilər. Beş dəqiqəlik ifa, bir neçə alqış və bitən proqram. Amma səhnənin arxasında başqa bir dünya var. Orada həyəcan var, xaos var, təkrar-təkrar məşq var, səhvlər var və o səhvləri sakitliklə düzəltməyi öyrədən müəllimlər var.

Pərdə açılır və işıqlar yanır. Tamaşaçı alqışlayır. Amma pərdənin arxasında görünməyən bir zəhmət dayanır. Uğur ön planda olur, amma uğura gedən yol çox vaxt görünmür. Biz bunu burada öyrəndik.

Mərkəz bizə təkcə musiqi və ya səhnə mədəniyyəti öyrətmədi. Bizə “çaşsan da dayanma” prinsipini öyrətdi. Səhnədə səhv etmək son deyil — davam etməyi bacarmaq əsasdır. Bu qayda təkcə ifada yox, həyatda da keçərlidir.

Səhnənin qəribə bir xüsusiyyəti var: beş yüz nəfərlik zalın səsi ifa zamanı qulağa çatmır. Sanki dünya susur və insan öz daxili fokusuna qapanır. Orada yalnız sən, ifa və məsuliyyət qalır. Bu hissi bir dəfə yaşayan artıq əvvəlki kimi olmur.

Səhnə arxası isə çox zaman xaotik mühitdir. Amma həmin xaosun içində sakit qalmağı bizə öyrədən bir kollektiv var. Zərb alətlərində ritmin nizamı, xorda səslərin birliyi, rəqsdə addımların intizamı, instrumental ifada məsuliyyət və diqqət — bunların hər birinin arxasında görünməyən bir sistem dayanır. O sistem isə müəllimlərin səbrindən və zəhmətindən qurulur.

Biz alqışları eşidirik. Amma bilirik ki, o alqışların bir hissəsi səhnədə görünməyən insanlara məxsusdur.

Bu mərkəz bizə harmoniya anlayışını praktikada göstərdi. Harmoniya yalnız musiqidə deyil — münasibətlərdə, əməkdaşlıqda, kollektiv ruhunda da var. Fərqli bacarıqlar, fərqli xarakterlər və fərqli səslər bir araya gələndə bir bütöv yaranır.

Biz burada təkcə ifa etmədik. Böyüdük. Səhv etdik, öyrəndik, yenidən sınadıq. Hədəflərimizi genişləndirdik və universitet daxilindən kənara da addım atdıq. Amma harada çıxış etməyimizdən asılı olmayaraq, ilk böyük məktəbimiz bu mərkəz oldu.

Universitetin mədəni ruhu məhz belə məkanlarda formalaşır — auditoriyadan kənarda, amma təhsilin özündən uzaqlaşmadan. Çünki sənət də təhsilin bir hissəsidir. Bəlkə də onun ən insani tərəfi.

Bu yazı bir hesabat deyil. Bir təşəkkür də deyil. Bu, sadəcə olaraq bir kollektivin yaddaşına qoyulan səmimi bir qeyddir.

Universitet divarlardan ibarət deyil. Onu ruhlandıran insanlar var. Biz isə həmin ruhun bir parçası olduğumuz üçün özümüzü şanslı hesab edirik.

Məlumatı hazırladı: AYSU TÜRKEL

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Yarımçıq Qalmış” tamaşasının premyerası baş tutub

“Yarımçıq Qalmış” tamaşasının premyerası baş tutub

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış qəhrəmanların həyat hekayələrinə əsaslanan, müəllifləri Leyla Bəyim və Efim Abramov olan “Yarımçıq Qalmış” tamaşasının premyerası 2026-cı il 23 fevral tarixində Şuşa Dövlət Musiqili Dram Teatrında təqdim edilib.

Layihənin rəhbəri Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov, quruluşçu rejissoru isə Yaqut Bədəlovadır.

Tamaşa, ölkəmizin müstəqilliyi naminə canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edərək, onların yarımçıq qalmış arzularını, geridə qoyduqları duyğuları və əbədi olaraq xalqın yaddaşına həkk olunmuş igidliyini poetik bir dillə tamaşaçıya çatdırır. Tamaşada şəhidlərin sanki “o dünyadan bu dünyaya baxışları”, taleyin dayandırdığı anlar, yarımçıq qalmış hekayələrin davam etmək istəyən səsi simvolik və bədii üslubla təqdim olunur.

Tamaşa bitdikdən sonra layihənin rəhbəri Fərid Bağırov səhnəyə çıxaraq, öz fikirlərini bölüşüb. Fərid Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti barədə danışaraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin ümummilli lider Heydər Əliyevin “Biz Şuşaya, Ağdama, Cəbrayıla qayıdacağıq” sözlərini xatırlayaraq, bu gün Azərbaycanın güclü, müstəqil və suveren dövlət kimi mövqeyinin nə qədər möhkəm olduğunu qeyd edib.

Sonra quruluşçu rejissor Yaqut Bədəlova da öz fikirlərini bölüşərək, tamaşanın gedişatına, qəhrəmanların həyat hekayələrinə olan yanaşmalarına dair bir neçə söz söyləyib.

Tamaşanın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Məlumatı hazırladı: AYSU TÜRKEL

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Özünü ifadə et!” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub

“Özünü ifadə et!” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub

Layihə çərçivəsində məktəbdən seçilmiş 40 nəfər şagird üçün dram klub yaradılacaq. Daha sonra klub iştirakçıları ilə dram məşqləri və tətbiqyönlü təlimlər həyata keçirilərək onların stress və emosiyaların idarə edilməsi, effektiv ünsiyyət, nitq, komanda ilə iş, çevik uyğunlaşma və özünəinam kimi bacarıqlarının inkişafına dəstək veriləcək.

Xatırladırıq ki, “Özünü ifadə et!” qrant layihəsi Mehriban Alşanova Sadıx qızı tərəfindən Bakı şəhəri 133 nömrəli tam orta məktəbdə, tərəfdaş kimi Azərbaycan İncəsənət Məktəbi ilə birgə həyata keçirilir.

Məlumatı hazırladı: AYSU TÜRKEL

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“İncəsənət Körpüsü” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub

“İncəsənət Körpüsü” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub

Layihə çərçivəsində 13–15 yaşlı şagirdlər üçün gitara kurslarının təşkili nəzərdə tutulur. Bu məqsədlə 32 şagird gitara dərslərinə cəlb olunacaq, təlimlər vasitəsilə onların musiqi bacarıqları ilə yanaşı diqqət və fokuslanma, özünəinam, özünüifadə, zaman idarəetmə, əməkdaşlıq və komanda işi kimi həyati bacarıqlarından ən azı 3-nün inkişafına yönəlmiş praktiki fəaliyyətlər həyata keçiriləcək.

Xatırladırıq ki, “İncəsənət Körpüsü” qrant layihəsi Dürdane Əsgərova Talıb qızı tərəfindən 150 nömrəli tam orta məktəbdə, tərəfdaş kimi Azərbaycan İncəsənət Məktəbi ilə birgə həyata keçirilir.

Layihənin məqsədi gitara kursları vasitəsilə şagirdlərdə həyati bacarıqları inkişaf etdirərək onların təhsil mühitinə adaptasiya olmasına dəstək olmaqdır.

Məlumatı hazırladı: AYSU TÜRKEL

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Təhsildə incəsənət” layihəsinin ilk tədbirinin açılışı baş tutub

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən “Təhsildə incəsənət” layihəsinin ilk tədbirinin açılışı baş tutub.

Layihənin açılışı 150 nömrəli tam orta məktəbin direktoru Pərvanə Qorxmazlının çıxışı ilə başlayıb. Daha sonra çıxış üçün söz Azərbaycan İncəsənət Məktəbinin müəllimi, gənc aktyor və rejissor Məmməd Rəfiyevə, 150 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dürdanə Əsgərovaya, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Sonaxanım Bayramovaya və məktəbin psixoloqu Türfə Səlimovaya verilib. Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.

İcra müddəti 6 ayı əhatə edən layihənin əsas məqsədi şagirdlərin dram dərnəyində iştirakını təmin etməklə onların təhsil üçün mühüm olan həyati bacarıqlarının inkişaf etdirilməsidir.

Layihə çərçivəsində 150 nömrəli tam orta məktəbdə 9–12 yaş arası 15 nəfər, 13–16 yaş arası isə 15 nəfər olmaqla ümumilikdə 30 şagird 4 ay müddətində yaradılacaq “İncəsənət Dərnəyi”nin məşğələlərində iştirak edəcək. Sözügedən dərnək şagirdlərdə aktyorluq və nitq bacarıqlarının inkişafına, eləcə də tamaşaların hazırlanmasına şərait yaradacaq.

Dərnək iştirakçıları tərəfindən Abdulla Şaiqin “Tıq-tıq xanım” və Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” əsərləri əsasında hazırlanan tamaşaların 3 dəfə səhnələşdirilməsi və bununla da 300 təhsilalanın yaradıcı mühitdə iştirakının təmin edilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, ictimaiyyətin layihənin icrası və nəticələri ilə bağlı məlumatları yaxından izləməsi məqsədilə layihənin “Facebook” və “Instagram” sosial platformalarında rəsmi səhifələri yaradılıb.

Məlumatı hazırladı: AYSU TÜRKEL

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Dağlara qar yağanda alma ağacım çiçək açmışdı…”

“Dağlara qar yağanda alma ağacım çiçək açmışdı…”
Tamaşada sual doğuran məqamlar var… Cavabı tapmaq isə bizim-tamaşaçıların öhdəsinə buraxılıb sanki…
Daxili təlatüm, insan laqeydliyi, mənəvi saflaşma, ilahi əmanət, nemətlərə qarşı nəfsin mübarizəsi… Təranə Vahidin müəllifi olduğu mətnin sirli-sehrli səhnə həlli tamaşaçı diqqətini çəkir, bəzi məqamlar sual doğurur… Bəs bu sualların cavabını tapa bilirikmi?… Bilmirəm… Amma buna cəhd edirik… Düşünürük… Bəzən səhnənin sehrinə düşüb düşünməyi belə unuduruq… Sadəcə ruhi təmizlənmə yaşayırıq… Bu halı katarsis adlandırmaq olarmı?… Deməzdim… Çünki klassik tamaşa həllində tamaşaçı ağlayır, konkret bir hiss yaşayır niyə ağladığını, nəyə ağladığını bilir… Amma bu tamaşada hansı hala düşdüyünü özün də dərk etmirsən… Sadəcə orada, daxilində nələrinsə baş verdiyini hiss edirsən… Bu nələrsə daxili xaus, təlatüm, bəlkə də sakitlikdir… Qəribədir, çox qəribədir…
Qəribəliyin özü də qəribədir…
“Sənin qəlbində bir səs var, Allahın sirri…” Həmin sirri öyrənmək üçün istəklərini, arzularını söndürməyə çalışmalısan, bu əlbəttə ki, öz nəfsinlə mübarizə idi… Çünki insan nəfsi, daim hansısa arzuların ardınca qaçır, nələrsə istəməklə məşğuldur… Amma bütün bunlardan qurtulmağı bacarsa, özünü dinləməyə başlayacaq, MƏNini dinləməyə, içində var olan həmin o MƏNi…
Yunus Əmrə demişkən “Bir mən vardır məndə məndən içəri…”

Quruluşçu rejissor Əbdülqəni Əliyev

Mətnin müəllifi
Təranə Vahid

Aktyorlar:
Qasim Nagi
Nata Qeybani
Tarana Ocaqverdieva
Elgun Hemidov
Elşən Əskərov
Ləman Mərrih
AYSU TÜRKEL


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Dekabrın 2-də YUĞ Dövlət Teatrında “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası keçirilib

Dekabrın 2-də YUĞ Dövlət Teatrında “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası keçirilib
Tamaşa “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında səhnələşdirilib.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında nümayiş olunan tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, xoreoqrafı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Anar Mikayılov, rejissor assistenti Günel Səfərovadır. Səhnə əsərinin musiqi tərtibatı İffət Əskərova məxsusdur.
Tamaşada rolları Yuğ Teatrının aktyorları Əməkdar artist Qasım Nağı (Dədə Qorqud) və aktyorlar Mətanət Abbaslı (Ozan Ana), Vüqar Hacıyev (Ozan Ata) və Amid Qasımov (Ozan Oğul) ifa edirlər.
“Mən-Dədə Qorqud” layihəsi YUĞ Teatrının yaradıcısı Vaqif İbrahimoğlunun 75 illiyinə həsr edilir. Bu layihədə “Kitabi-Dədə Qorqud” dastanının 12 boyu əsasında tamaşalar hazırlanacaq. Tamaşalara Vaqif İbrahimoğlunun teatr məktəbini keçmiş rejissor tələbələri quruluş verəcək.

Qeyd edək ki, “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilk dəfə oktyabrın 16-da Meksikanın Metepek şəhərində təşkil edilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında nümayiş edilib.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yarımçıq qalmış” tamaşası təqdim olunacaq

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yarımçıq qalmış” tamaşası təqdim olunacaq

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış qəhrəmanların həyat hekayələrinə əsaslanan, müəllifləri Leyla Bəyim və Efim Abramov olan “Yarımçıq Qalmış” tamaşasının Azərbaycan İncəsənət Məktəbinin dəstəyi ilə hazırlanmasına başlanılıb. Layihənin rəhbəri Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov, quruluşçu rejissoru isə Yaqut Bədəlovadır.
Layihə rəhbəri Fərid Bağırovun verdiyi məlumata görə, Layihə ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli”nin keçirilməsi ilə bağlı 28 dekabr 2024-cü il tarixli 432 nömrəli Sərəncamından irəli gəlir. Layihənin məqsədi gənclər arasında Azərbaycan dövlətçiliyinin əsaslarını, konstitusion dəyərləri və suverenlik anlayışını daha geniş təbliğ etməkdir. Bununla yanaşı, gənc nəslin milli kimlik, vətənpərvərlik və dövlətçilik prinsipləri barədə məlumatlılığının artırılması nəzərdə tutulur.
Layihə çərçivəsində gənclərin konstitusion norma və prinsiplərə, dövlətçilik tarixi və suverenlik anlayışının kompleks aspektlərinə dair nəzəri biliklərinin həm dərinləşdirilməsi, həm də praktiki tətbiq imkanlarının əhatəli şəkildə təqdim olunması məqsədilə strukturlaşdırılmış, çoxşaxəli və sistemli hazırlıq proqramının həyata keçirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində layihə rəhbəri Fərid Bağırov tərəfindən gənclər üçün maarifləndirici görüşlər, ustad dərsləri və praktik məşğələlər təşkil olunacaq. Bu fəaliyyətlər gənclərin yaradıcı düşüncəsinin, səhnə mədəniyyətinin və mövzu ilə bağlı məlumatlılığının artırılmasına xidmət edəcək.
Eyni zamanda, seçilmiş istedadlı gənclərlə birlikdə “Yarımçıq Qalmış” tamaşası hazırlanacaq. Bu tədbirin əsas məqsədi “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlətçilik dəyərlərinin gənclər arasında daha geniş təbliğini təmin etməkdir.
Məlumat üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Foundu tərəfindən elan edilmiş “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsinin qalibidir.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI

I>>>>>>ƏN ÇOX OXUNAN HEKAYƏ<<<<<<I

Mustafa Müseyiboğlu adına kitabxana