Bu gün gözəl insan, əsl ziyalı, həkim, şair “İGİD ƏSGƏR MÖHKƏM DAYAN”, “CƏNAB LEYTENANT” və dəgir vətənpərvərlik ruhunda olub, könüllərdə taxt qurmuş onlarla məşhur bəstənin müəllifi Şahin Musaoğlunun doğum günüdür! Ad günü münasibəti ilə Şahin müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Şahin müəllim!!!
– Gecəyarı qapıları döyməyin – Ata var ki, yuxu bilməz həsrəti, – Ana var ki, namaz üstə yaşayır, – Oğul var ki, başa çatıb xidməti…
Bu gün, Əsgər Səfərovun xidmətinin başa çatdığı, Azərbaycan Milli Ordu sıralarından tərxis olunduğu gündür.
Qəribədir, əsgərlikdə olduğun anlarda hərdən elə bilirsən ki, bu günlər heç keçməyəcək, bu çilə heç vaxt bitməyəcək. Amma sonra, sonda görürsən ki, əslində, hər şey bir göz qırpımındaca ötüb keçirmiş. Buna isə çox yox, elə əsgər yoldaşlarım, prizivlərimlə koridordan ayaqla düşüb Laçın dağlarına hələlik son dəfə baxanda anladıq ki, buranın udduğumuz sonuncu toz-tozanağı, gördüyümüz sonuncu gül-çiçəyi, dağlarıdır.
Şair demiş, duman salamat qal, dağ salamat qal.
İndi getməyə tələsdiyimiz bu yerlər yurd yeridir, vətəndir.
Bura Laçındır, bura Vətəndir!
Geriyə isə sadəcə, çox danışan bir zabitin, maxe-gizirin sıranı düzüb saatlarca danışacağı qədər xatirə qalır.
Yaşadığın bütün çətinliklər səndən nələrsə alıb, saya gəlməz şeylər də qatır.
*** Əsgəri dillə desək, əvvəldən sonadək xidməti yandırmadıq, ümumi danışsaq, kişi kimi gəldik, kişi kimi də gedirik.
Xidmətimi Laçında, Zəngəzur mahalında başa vurdum. Burada əsgərlik sözün əsl mənasında mənim həyatımın dönüş nöqtəsi oldu, Laçın məni bu qoca əsgər yaşımda bir az da böyütdü, Laçın məni tamamilə başqa adam elədi. Dolayısı ilə Laçın günlərim Laçında keçdi, olduq Laçın əsgəri, post əsgəri, dağ-dərə adamı.
Vətənə olan borcumu Laçında ödəsəm də, mənə qatdığı mənəvi məsələlərə görə Laçına yenidən borclandım.
Sağ ol, Laçın!
Var ol, Laçın!
Təşəkkürlər, Vətən!
Aydın məsələdir ki, Vətən haqqında söz-söhbətlər pafossuz olmur. İndi fərq etmir, pafoslu ya pafossuz, buralar həm də ona görə gözəldir ki, 30 illik bir həsrətin yaşantısıdır. Buranı görə bilməyib həsrəti ilə dünyadan köçənlərin həsrətini də üstünə gəlsək, adamın danışanda boğazı quruyur.
Məmməd Araz demiş;
-Bircə sağ olunda bəsimdi, Vətən.
İndi sözün əsl mənasında burada xidmət elədiyim üçün özümlə fəxr edirəm. Buralar üçün o qədər darıxacam ki. Nə olsun əsgərlikdə olanda ancaq mülki həyat arzulayır, buralara daş qoyanları söyürsən? Adam sonra pis darıxır. Özü də, nələrdən ötrü? Ən əziyyətli anlarından, günlərdən, özünə, həyatına söydüyün dəqiqələrdən ötrü.
Mən heç, mən Allahın darıxan bəndəsi darıxmadığım şey yoxdur. Yaxşı yadımdadır, qışda anamız bizi doğduğu üçün peşman idik. Aylarla dizdən, göbəkdən qarın içində xəstəhal hərəkətlər, yeməyin, içməyin, çimməyin qar suyu, post-patrulun sızıltıyla keçdiyi şaxtalar, daha nələr-nələr. Onların çoxunu nə ifadə etmək olar, nə başqa şey. Ancaq hiss etməli, yaşamalısan.
Məsələn, mən istəmərəm o günləri bir doğma, bir tanış yaşasın. Düşmənə arzu edirəm amma. Onların yaşamağından ziyan gəlməz.
Nə bilim…
Həkərisindən, Minkənd çayından tutmuş, Hoçaz yalına, Rövşən Cavadovun evinə qədər. Pircahandan tutmuş, Zəngəzur mahalının, erməni ilə 15 metr məsafədə durduğum postlarına qədər…
Hər şeydən, hər şeydən ötrü darıxıram, darıxacam. Deyib, deyə bilmədiyim hər şeydən ötrü.
İlahi, nələr olmadı, nələr yaşanmadı buralarda? Əzabı, əziyyəti, səfası ilə gözəl Laçın.
(Ölməz şəhidimiz Abdullayev İntiqamın əziz xatirəsinə)
Tarix yazan qəhrəmanım Tarixini yazıb gəlir. “Köçkün” adın, “qaçqın” adın Adımızdan pozub gəlir. * * * Milyonların sevgisindən, inamından güc alıb o. Ucalardan uca olan Pak məqama ucalıb o. * * * O can verib, O qan verib Qoy yaşasın ana torpaq. Ana torpaq yaşadıqca Öz oğlun da yaşadacaq! * * * Yox, İntiqam ölməmisən Ürəklərdə adın sağdır. Şəhidliyə ucalanlar Daima sağ qalacaqdır!
QÜRURLA OXU
(Ölməz qəhrəman şəhidimiz Xudayar Yusifzadənin doğma vətən torpağında oxuduğu nəğmədən təsirlənərək)
Oxu, mərd döyüşçüm, qürurla oxu! Ana vətən gur səsini eşitsin. Vətənin yol çəkən aranı, dağı Qoy Xudayar nəğməsini eşitsin. * * * Bitsin bu gün həsrət adlı dünənin. Yadın deyil, bu mənimdir, bu sənin. Xəbər yayın hər yanına vətənin Öz oğlunun gəlməsini eşitsin. * * * Yağı düşmən qaça bilməz əlindən. Hamımıza əziz olan bu vətən Sizin kimi oğulların dilindən “Sən azadsan! ” kəlməsini eşitsin.
QƏHRƏMAN OĞLUM
(Ana vətənin dilindən qəhraman şəhidimiz Qənbərli Vüsal İlkin oğlunun əziz xatirəsinə)
Uyu məzarında nurlar içində Ey vətən sevdalı qəhrəman oğlum. Xalqın ürəyində, xalqın dilində Adın yaşayacaq hər zaman, oğlum. * * * Tarix oxumadın, yazdın bir başa. Yeni həyat verdin torpağa, daşa. Dedin:- Azərbaycan müstəqil yaşa! Ey vətən eşqindən yaranan oğlum. * * * Düşmənin başına odlar ələdin. Məhv etdin yağını, qana bələdin. Yalandan vətənə canım demədin, Sən onun yolunda verdin can, oğlum.
EŞQ OLSUN! (Yenilməz ordumuzun şanlı Zəfərinə) Ön cəbhədə tarix yazır durmadan Ordumuzun zəfərinə eşq olsun! Düşmənini hər addımda qorxudan Azərbaycan əsgərinə eşq olsun! * * * Ver komandir daim müjdə xəbəri, Səndə qalıb milyonların nəzəri. Hər gün yeni kənddə açır səhəri Ordumuzun zəfərinə eşq olsun! * * * Keç Arazın sahilindən sırayla. Zəngilandan qardaşları harayla. Dəstək verir bax Arazdan o tayda Qardaş deyən dillərinə eşq olsun! * * * İrəli get, səninlədir qayıdış. Ata – baba torpağıdır hər qarış. Bu millətin ordusuna min alqış, Yenilməyən rəhbərinə eşq olsun!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
O GÜN (Milli Qəhrəman Polkovnok İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər…
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun böyük Allaha! Daha bir vəsilə ilə sizlərlə görüşmək qismət oldu. Ötən günlərdə televiziya kanallarının birindən ötəri olaraq “Dəstəgül” kəlməsini eşitməyim və son günlər baş verən hadisələr bu yazının yaranmasına, sonucda görüşümüzə səbəb oldu.
“Dəstəgül”lə bağlı eşitdiyim cümlə tam olaraq belə idi:- “…onun son döyüş yeri Dəstəgül olub…” Dəstəgül, Dəstəgül… Dəstəgül sözün əsl mənasında neçə-neçə igid -ər oğullarımızın son döyüş yeri, son mənzili, son ünvanı olub və uzun illərdir bu belə qalmaqdadır. . . Məlumunuz olsun ki, son günlər hələ I Qarabağ müharibəsində itkin düşmüş və o vaxt tanınmadığı üçün “Naməlum” adı ilə dəfn olunmuş döyüşçülərimizin siyahısının bir daha dəqiqləşdirilməsi, “naməlum”ların tanınması yolunda mühüm işlər görülür. Mənim qulaq müsafiri olduğum söhbət də məhz bu məsələ ilə bağlı idi.
Dəstəgül (40°19′14″ şm. e. 46°41′29″ ş. u.) istər 2016 –cı il Aprel döyüşləri, istərsə də II Qarbağ – Vətən müharibəsi zamanı adı daha çox hallanan Çaylı, Talış, Suqovuşan istiqamətində, onlardan sonra Təpəkəndə deyil, Gülüstan, Ballıqaya – Murova tərəf, yəni Suqovuşandan sonra çayqırağı getdikdə sağ (Goranboy) tərəfdə sıx meşə örtüklü dağlıq ərazidə yerləşmiş kiçik bir yaşayış məntəqəsidir. Daha çox yaylaq yerinə oxşayır. Buna baxmayaraq bir neçə qəbirdən ibarət olan qəbirstanlığı da var. Evlər əsasən “finski” dediyimiz taxta evlərdən ibarətdir. (Bəlkə də bu məlumatlar artıq keçmiş zamanda qəbul edilməlidir.) Tale elə gətirib ki, bu yerləri həm yayda (iyul 1993), həm də qışın oğlan çağında (fevral 1994) ziyarət etmək mənə qismət olub. 1994-cü ilin fevral ayında bu kiçik yaşayış məntəqəsini (Dəstəgül və ya Dəstəgir) kəşfiyyatçılardan təhvil alıb, motoatıcı bölmələr gələnə qədər qoruyub saxlamış bölmənin tərkibində qulluq etmişəm. Olduqca keşməkeşli həyatımın bu hissəsinin müəyyən məqamları yaradıcılığımda həm nəsrdə, həm də nəzmdə özünü zaman-zaman göstərib və yəqin ki, hələ çox göstərəcək. Məsələn elə bu yazı…
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında olan (son günlərdə bədxahlar tərəfindən məqaləsi vikipediyadan silinmiş) “Oriyentir Ulduzu” kitabından bir hissəni sizlərə təqdim edib, sonra söhbətimizə davam etmək istəyirəm: – “Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq??? Düşünə- düşünə dərə boyu dağlara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü… Halbukio, heç Çaylıda da olmamışdı, amma postdakı bütün əsgərlər kimi o, da bilirdi ki, dərədə, daşı daş üstə qalmayan, bukənd Çaylıdı. Adından da göründüyü kimi vaxtında çox səfalı, axarlı-baxarlı kənd olub. Dərə boyunca dağlara – Talışa tətəf – qalxanda, Gülüstan, birinci görünən dağı aşdıqdan sonra Madagiz, sonra hər yerdə gölqırağı, çayqırağı üzü Günbatana sağ tayla, dağ cığırı ilə gedib çıxırsan yol ayrıcına, ayrıc dərədədi, köhnə ferma binası da var dərədə. Fermanın yanında dağ yolu ilə təxminən iki saat dolama yollarla sağ tərəfə qalxsan, Dəstəgüldü. Dəstəgüldə qışda qar dizdən olsa da dərədəki bulağın başında artıq Fevral ayının ortalarında qarın, buzun içində bənövşələr açır. O, bənövşələrin qurusu indi də postdakı köhnə dəftər- kitabların arasında durur, təzələrini dərməyincə uşaqlar atmaq istəmirlər.”
Sonra yenə Mübarizə həsr olunmuş “Şəhid haqqı” adlı bir şeirdə;
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019. Bakı.
Daha sonra isə ümumilikdə bütün məzarsız şəhidlərimizə ithaf etdiyim “Müqəddəslər” şeirində;
MÜQƏDDƏSLƏR
(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)
Səngəri məzarı olan qardaşım,
Hələ də bilinmir əhvalın sənin…
Dəfndən Məada Bərzəx deyirlər,
Məchuldur durumun, məqamın sənin…
* * *
Silahın pas tutub, daha heç atmaz,
Dəbilqən gəzsə də, çəkmən köç etməz,
Kəmər yox olsa da, toqqan heç itməz,
Qumquman olubdu kimliyin sənin…
* * *
Üç rəngli bayrağım süsləyən dağlar,
Hər zirvə minlərlə şəhidi ağlar,
Bənövşə çiçəyi qəlbimi dağlar,
Dağların ağ qarı kəfənin sənin…
* * *
Zaur buz bulaqdan içəmməz daha,
Bənövşə müqəddəs, dərəmməz daha,
Ağ qarı tapdayıb, gəzəmməz daha,
Bu yurdun nəyi var, ünvanın sənin…
09.05.2021. – Bakı.
Dəstəgüldə gördüklərim zaman-zaman özünü xatırlatmış, müxtəlif təzahürlər şəklində biruzə verərək, kağız üzərinə köçmüşdür. Bütün bunlardan əlavə həmin dövrdə baş verənlər “Bir parça taxta və ya ağ mələfə səfası” əsərində ətraflı öz əksini tapıb.
Yuxarıda təqdim etdiyim nümunələrin yaranmasında əsas bir epizodun rolu olub ki, o da bugünkü vəziyyətlə səsləşdiyinə görə bu yazını yazmağı özümə borc bildim. Deməli, necə deyərlər quşbaşı qar yağa-yağa gecədən xeyli keçmiş təyin olunmuş yerə çatıb mövqeyi kəşfiyyatçılardan təhvil aldıq. Komandir hamını düzüb postları, kimin harada duracağını, istirahət növbəsinin harada dincələcəyini, postda dayanma müddətini elan etdikdən sonra hamı təyin olunmuş yerlərə getdi. Mən istirahət edən heyətə düşmüşdüm. Tez istirahət edən növbə üçün təyin olunmuş evə (Kiçik girişdən və iki pəncərəli bir otaqdan ibarət olan taxta ev idi, pəncərələr Goranboy tərəfə, sıldırım dərəyə baxırdı.) daxil olduq. Pəncərələri özümüzlə gətirdiyimiz odeyallarla tutduq. Bir odun sobası tapıb qurduq və turbanın başına vedrə keçirdik ki, yananda qığılcımlar çıxmasın. Seçdiyimiz ev dağın düşmən tərəfindən görünməyən sıldırım yamacında yerləşməsinə rəğmən bildiyimiz bütün maskalanmak və gizlilik tələblərinə riayət etməyə çalışırdıq. Artıq zaman olaraq, gecədən xeyli keçsə də hər yan dümağappaq qar olduğuna və qara buludluq olmadığına görə görünüş demək olar ki, gündüz kimi idi. İstirahət otağı tam hazır idi. Hətta çaydan da qaynadıb, həm posta gedənlər, həm də postdan gələnlər üçün isti şirin su hazırlamışdıq. Biz elə posta çıxmağa hazırlaşırdıq ki, uşaqlardan (əsgər R.E.-ni) birini halı pisləşmiş vəziyyətdə içəri gətirdilər. Nə baş verdiyi ilə marqalandıqda məlum oldu ki, əsgər digər post -növbə yoldaşları ilə təyin olunduqları səngəri qardan təmizləyən zaman lapatkası nəyəsə ilişir və bu da lapatkanı qaldıranda gördüyü mənzərədən sarsılır… Halı pisləşir… Səngəri təmizləyən əsgərin lapatkası bizdən əvvəl o mövqedə olub, şəhid olmuş digər Azərbaycan əsgərinin kəmərinə ilişibmiş. Lapatkanı qaldıran zaman isə bədən ortadan bükülmüş vəziyyətdə yuxarı qalxmışdı. O vaxtlar, bizim əsgərlərə verilən yaşıl rəngli, ay ulduzlu aliminium toqqa və dəriəvəzedicidən olan qəhvəyi kəmər aydın bilinirdi. Bundan əlavə bayraqlı “bakinski” forma və çəkmələr də bizim əsgər olduğunu təsdiqləyirdi…
Biz əvəz olunana qədər itkisiz-filansız nizam-intizamla, bütün qayda-qanunlara əməl edərək (Hələ bu müddətdə xüsusi tapşırıqla bir-neçə dəfə kəşfiyyata ketmək, bundan əlavə bənövşələri dərdiyim – maraqlıdır ki, fevral ayında buzun içində bənövşələr açmışdı – bulağa suya getmək, ərzaq gətirməyə gedən uşaqların (əsgərlərin) qarşısına çıxmaq üçün aşağı düşmək kimi tapşırıqları da yerinə yetirirdik) sağ-salamat demək olar ki, Dəstəgüldə əməllibaşlı dincəldik. Vaxtı çatanda gəlib bizi əvəz etdilər…
GÜNDƏLİKDƏN SƏTİRLƏR:
08.02.1994 – axşam saat 11-də(23:00) komandir məni postdan çağırtdırdı. 6 nəfərlə Təpəkəndə kəşfiyyata getdik. Tapşırığı yerinə yetirib,( 09.02. 1994) səhər saat 4 –də Dəstəgülə qayıtdıq.
Biz əvəz olunduqdan 3-4 gün sonra (bu hadisənin öz obyektiv və subyektiv səbəbləri olub) qəfil hücumla demək olar ki, bir-iki yaralı olaraq min-bir müsibətlə qurtulan və qaçanlardan başqa bizi əvəz edən bölmənin bütün şəxsi heyətinin hamısını öldürmüşdülər…
Deməli, təkcə bu balaca (heç yanda adı, xəritələrdə izi-tozu olmayan) Dəstəgüldə həm ikinci dəfə biz alana qədər 90-cı illərdə şəhid olmuş əsgərlərimizin, həm də 1994-cü ilin fevral ayında qısa bir müddət ərzində bizdə olan vaxt şəhid olanlarla birlikdə xeyli şəhidimizin nəşi qalmaqdadır…
Görün indi nə qədər belə Dəstəgüllər var…
Xidmət müddətimdə sözün əsl mənasında başıma gəlməyən iş qalmasa da Dəstəgül mənim də yaddaşıma xüsusi olaraq yazılıb. Gözümün önündən getməyən altında gizlətdikləri məlum olan qarla dolu səngərlər və bir də istədiyim zaman baxıb, toxuna bildiyim, hətta yeri gələndə söhbət etdiyim gündəliklərin vərəqlərinə qopub itmək qorxusu ilə bərk-bərk yapışmış 1994 – cü ilin fevral ayında Dəstəgüldə Gülüstan, Ballıqaya istiqamətində dərədəki bulqdan qarın- buzun içindən yığdığım bənövşələrin qurusu mənim üçün istənilən zaman astral səyahətlə reallıq arasında mövcud olan bir dünya qurur. Həmişə bir istək olub, qəlbimin dərinliyində. Bir gün mütləq qışın oğlan çağında dincəldiyim bu səfalı məkanı may ayının sonlarında görmək, əsrlərdir şəhidlərimizn qanını ilə qidalanıb, Babəkin azadlıq sancağı kimi zühur edən alqırmızı lalərdən dərib, igid-ər oğullarımızın məzarı olmuş səngərlərin üzərinə sərmək, dərədə hüzünlü bir səslə zümzümə edən “Bənövşəli bulağ”a baş çəkmək istəmişəm. İnanıram ki, bütün digər arzularım kimi bu istəyim də vaxtı gələndə gerçəkləşəcək!
Allah bütün məzarlı və məzarsız şəhidlərimizə rəhmət eləsin. Siz də sona qədər həmsöhbət olduğunuz üçün çox sağ olun.
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (…şəhid İlqar Mirzəyev in xatirəsinə…)
Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)
VARMIŞ
Nə deyim, Allahım sən bilən haqqdır, Görəcək günləri görmək də varmış… Elçini, İlqarı alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Gözün biri gülür, biri ağlayır, Ağlaya-ağlaya gülmək də varmış… Poladı, Şükürü alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Şükür yazdığına, şükür qismətə, Dərdin acısını sevmək də varmış… Həmdəmi, Rəşadı alıb yanına, Zaura sən gözlə, demək də varmış… 31.10.2020. Bakı.
DAHA TƏK DEYİLSİNİZ (Şəhid İlqar Mirzəyevin ziyarətində) Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… * * * Qəribə bir hüzur çuğlayır məni, Yanında hər nəfəs ruha töhfədir. Vətən kitabını vərəqləyirəm, Burada hər məzar bir səhifədir… * * * İgid, ər oğullar toplanıb bura, Bütün çöhrələrdə, təbəssüm, qürur… Tək-tək sıralanan bu baxışların, Hər biri özünə bir dastan qurur… * * * Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… 29.12.2020. – Bakı ş. II FX.
SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR Xoşbəxtlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! Ölməzlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! * * * Bu gün doğum günü, yaşar əbədi, Eliynən bir ünü, yaşar əbədi, Sonsuzluğa yönü, yaşar əbədi, Təqvimin bu günü İlqar günüdür! * * * Zaur tək yüzləri bir çətən oldu, Çoxu arzuladı, o yetən oldu, Vətən torpağında o, bitən oldu, Təqvimin bu günü İlqar günüdür! 08.05.2021 – Bakı.
Azərbaycanın Milli Qəhrəmanı, Şəhid polkovnik İlqar Mirzəyev.
İLQAR
(İlqar Mirzəyevin əziz xatirəsinə)
Qəhrəman olmaq üçün Gəlmişdi Yer üzünə. Silahı sevgi idi, Qonmuşdu nur üzünə. * * * Verdilər İlqar adın, Böyüdü üzdə vüraq. Fəxriydi dostun, yadın, Əhdinə düzdü İlqar. * * * Ananın sevinciydi, Obanın şan-şöhrəti. Ziyası oldu xalqın, Əritdi zin-zülməti. * * * Gətirdi gedişiylə Şərəfi, şanı bizə. Qollara qüvvət oldu, Təpəri yetdi dizə. * * * Məzara düşən gün o, And içdi mərd oğullar: -“Bu qanı alacağıq, Sən rahat uyu, İlqar!” * * * İgidlər tutdu sözün, Bir gündə döndü zaman. Göstəriş verildi ki, Düşmənə yoxdur aman! * * * Çin oldu arzuları, Qarabağ oldu azad. Uyuyur rahat indi, Şəhidim indi rahat… 21.06.2021. Bakı ş.