Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirlər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında (indiki “Azərbaycan” jurnalında), “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi.
Mayın 18-də AYB-nin Natəvan klubunda ədəbiyyatşünas alim, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın publisistika mövzusunda qurultayqabağı məruzəsi dinlənildi.
Tədbiri Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli açdı. Bildirdi ki, son yeddi ilin publisitika təsnifatı ilə bağlı məruzə Azərbaycan yazıçılarının növbəti qurultayı qarşısında ayrı-ayrı ədəbi janrlar üzrə edilən məruzələrin onuncusu və sonuncusudur. “Deyim ki, edilən məruzələr ümumilikdə ötən illərin ədəbi-bədii mənzərəsini yetərli şəkildə əhatə edib, faydalı müzakirələrə səbəb olub. Hesab edirəm Azər Turanın publisistika ilə bağlı məruzəsi də maraqla qarşılanacaq, bu janrda yazılmış əsərlərin obyektiv təsnifatı veriləcək”.
Sonra ədəbiyyatşünas alim Azər Turanın əhatəli məruzəsi dinlənildi.
Məruzə ətrafında ilk sözü də Elçin Hüseynbəyli dedi: “Olduqca məntiqli, səriştəli bir məruzədir. Lüzumsuz sadalanmalara yol verilməyib. Publisistika sahəsində diqqət çəkən hər bir əsərə fundamental şəkildə nəzər yetirilib. Azər Turanın bu sahəyə yaxından, peşəkarcaçına bələdliyi məruzənin uğurunu təmin edib. Bu mövzu barədə maraqlı bir söz var ki, publisistika faktlı ədəbiyyat, ədəbiyyat faktsız publisistikadır. Həmin aforizm bu məruzədə də öz təsdiqini tapdı”.
AYB sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də E.Hüseynbəyli ilə həmrəy olduğunu bildirdi: Məruzəçi haqlı olaraq ədəbi-bədii düşüncəyə və milli məfkurəyə istiqamət verə bilən bədii publisistika nümunələri üzərində dayanıb. Bu, onun əsl sənətə, sözə olan münasibətindən, obyektiv dəyərləndirmə mövqeyindən irəli gəlir… Deyə bilərik ki, unudulan ad ümumiyyətlə olmadı. İradə Tuncay, Niyazi Mehdi, Ramilə Qurbanlı kimi adların da çəkilməsini təqdirəlayiq hesab edirəm. Məruzə ilə bağlı iki iradım var: birincisi, Azər Turanın özünə yer verməməsinin düzgün olduğunu düşünmürəm. Çünki Azər Turan adları çəkilənlərdən heç də geri qalmır və publisistikada gördüyü işlər də hər kəsə məlumdur. Əlbəttə, bu da onun təvazökarlığından irəli gələn bir haldır. İkincisi, fikrimcə, publisistika nümunələri adı altında yazılan bir çox uğursuz yazını tənqid etmək olardı. Hər bir halda çox uğurlu məruzədir, Azər Turana təşəkkür edirəm”.
Görkəmli yazıçı Xeyrəddin Qoca bildirdi ki, ədəbi həyatımızda yolu gözlənilən, istedadla qələmə alınmış əsərlər az olduğu kimi, Azər Turanın etdiyi məruzə kimi dəyərli araşdırmalara da az halda rast gəlirik: “Namuslu, əsl ədəbiyyatşünas araşdırmasıdır… Çox vaxt deyirlər kitab oxunmur. Deyirəm ki, yaxşı yazın, oxunsun. Bu mənada Azər müəllimin məruzəsi o yaxşıların sırasındadı”.
AYB-nin katibi, yazıçı-publisist İlqar Fəhmi bildirdi ki, məruzəçinin milli düşüncəyə, vətəndaş mövqeyinə stimul verən əsərlər üzərində dayanması daha çox cəlbedicidir: “Bu əhatəli məruzəyə görə mən də Azər Turana təşəkkür edirəm. Məruzədə milli düşüncə, milli təfəkkür aparıcı xətt idi və bu, onu daha çox dəyərli etmiş oldu. İndi istənilən mövzuda yazılmış yazını esse kimi qələmə vermək olar. Amma bu məruzədə toxunulan publisistika nümayəndələrinin və nümunələrin hamısı vahid xətt üzrə qruplaşdırıla bilir. Söhbət milli təfəkkür xəttindən gedi…”
Professor Qəzənfər Paşayev qeyd etdi ki, məruzədə bütün nəsillər təmsil olunub: “Məruzə olduqca məntiqli, bitkin və yanaşma tərzinə görə obyektivdir. AYB rəhbərliyinin publisistikamıza bu yöndən yer verməsi çox əlamətdardır. Deyim ki, publisistika Azər Turanın gündəlik fəaliyyətinin önəmli bir sahəsidir. Bu prosesin içindədir. Məruzəçinin peşəkarlığı diqqətə çatdırdığı bütün arqumentlərdə özünü aydın şəkildə büruzə verir. Publisistika oxucular tərəfindən ən çox sevilən janrdır. Mənəvi məzmunlu gözəl bir məruzə dinlədik. Məruzədə bütün nəsillər təmsil edilib. İlk dəfə görürəm ki, publisistika ilə bağlı məruzədə gənclərə də yer verilir. Bu məruzənin Azər Turana həvalə edilməsi də çox yerində verilmiş qərardır. Çünki o, hər gün bu işlə məşğuldur və işinin peşəkarı olan biridir”.
Tanınmış yazıçı, AYB-nin nəsr sektorunun rəhbəri Səyyad Aran bildirdi ki, adətən mükəmməl, əhəmiyyətli və bitkin iş barəsində yekdil rəy, münasibət olur. “Azər Turanın məruzəsinə də münasibət belədir və bu, haqlı münasibətdir. O, məruzəyə mükəmməl bir girişlə başlayıb və bu mükəmməllik bütün məruzə boyu davam etdirilib. Elmi-intellektual təhlil, real dəyərləndirmələr göz qabağındadır və dərin razılıq doğurur…”
Professor Tofiq Məlikli dedi: “Maraqla dinlədim. Publisistikamızın inkişaf mərhələləri gözlərim önünə gəldi. Belə bir məruzə ilə çıxış etmək sözügedən sahəyə yaxından bələdliyin və ciddi hazırlığın nəticəsidir. Ona görə ki, məruzəçi bütün hallarda faktlara əsaslanıb. Olduqca obyektiv baxışdı…”
Yazıçı-publisist Fazil Güney bildirdi ki, məruzəçi son illər publisistikamızın ümumi mənzərəsini dolğun şəkildə ifadə edə bilib. Ancaq yaxşı olardı ki, bu sahədə diqqətə çarpan, arzuolunmaz məsələlərdən də konkret misallar fonunda bəhs olunaydı.
Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Elnarə Akimova çıxışında məşhur bir fikri xatırlatdı ki, “doğrudan da üslub insandır”. Azər Turan fəaliyyətində hansı üslubla çıxış edirsə, bu məruzədəki çıxışda da biz onu görürük. Mən düşünürəm ki, məruzə çox yaxşı sistemləşdirilib. Məruzədə son illərin publisistikası dərin notlarla öz əksini tapıb. Azər Turanın məruzəsi onun sənətə baxışını, mövqeyini və özünəməxsus üslubunu bütünlüklə ehtiva edir. Məruzədə zamana tarixi-tipoloji vahid kimi deyil, daha çox milli məzmun ifadə edən düşüncə müstəvisindən nəzər salınıb. Bu da Azər Turanın özünün ədəbiyyatşünas səriştəsindən irəli gəlir. Məruzə yaxşı bir sistemləşdirmə nümunəsidir. Son yeddi ilin publisistik mənzərəsi yığcam şəkildə ümumiləşdirilib”.
Tənqidçi Bəsti Əlibəyli məruzənin əhatəli, konseptual, orijinal cəhətlərini dəyərləndirdi.
Yazıçı-publisist Zemfira Məhərrəmli bildirdi ki, publisistika həmişə inkişafda olub, düşüncə həyatımızın müəyyən sahəsini əhatə edib. A.Turan bu reallıqları yetərincə dəyərləndirib.
DOSTUMA Sevgidir məlhəmi sevən ürəyin, Sevmirsə , o ürək, daşdı, əzizim. Ayrılıq bir dərddi, olmaz gərəyin, Çarəsi gözlərdə yaşdı, əzizim. * * * Ürək geniş olsa, yerin dar olmaz, Sevən könüllərdə dərd, azar olmaz, Gözü oynayandan sənə yar olmaz, Məhəbbət ağılla xoşdu, əzizim. * * * Hər yaşın sevgisi ruha dayaqdı, Yüz insan seyr edir, baxma, oyaqdı, Bir qoca kiminsə gözünə baxdı, Dalınca dedilər, çaşdı, əzizim. * * * Məhəbbət yandıran, alovlu yoldu, Neçəsi alışdı, yarıda qaldı, Kimi dəli etdi çöllərə saldı, Dedilər həddini aşdı, əzizim. * * * Neçə canda neçə sevgi boğular, Qocalarıq, eşq, məhəbbət soğular, Sevgi də beyində, başda doğular, İnsanı var edən başdı, əzizim. * * * Ay Murad, ayıq ol ,yuxudan oyan, Naşıdı dünyanın malına uyan, Eşqdən xumarlanıb, iyini duyan, Ləzzət alan, gözlə qaşdı , əzizim.
ÖVLADLARIMA Dünya, fani dünyadır, Öz ağlınla otur, dur. Laylay çalır, oynadır, Axırda qalib odur. * * * Yıxıldınsa, çalış dur Qorunma yedəklərdə. Özünə bir koma qur, Sürünmə ətəklərdə. * * * Öz qədrini özün bil Özgəyə möhtac olma! Eşqlə yaşa, sevin, gül, Çalış, işlə, ac olma! * * * Ümid olma heç kəsə, Nəyin varsa, yiyə dur. Girmə heç kimlə bəhsə, Ağıllısı, bax budur! * * * Pisi yaxına qoyma, Sadə davran, ayıq ol. Yalana, küyə uyma, Aldanarsan, sayıq ol. * * * Yalqız olma həyatda Təklik bir həyat deyil. Yandırsalar da odda, Ancaq Allaha əyil. * * * Nəfsinə qul olma sən, Tamahında batarsan. Səbr eyləyib gözləsən, İstəyinə çatarsan. * * * Təkəbbürlü olma heç, Tanrı sevmir dikbaşı. Sən gəl günahından keç, Adam olmur hər naşı. * * * Dərdi yaxına qoyma, Həyatda pozitiv ol! Yaxşılıq elə, doyma, Pisliyə heç açma yol! * * * Həyat, mübarizədir, Sabaha yoxdur güman. Mənim sözüm sizədir, Halal olun hər zaman!
İNCƏ DƏRƏSİ Nə gözəl mənzərədi Ruhumu alıb gedir. Bəlkə, buna görədi Əhvalım göylərdədi. * * * Yaradandan bəndəyə Lütf olan gözəllikdir. Ruhum dil açır deyə Yarəb, dünya mənlikdir. * * * Ətrafımda quş səsi Burnumda gül qoxusu. Cəzb eləyir hər kəsi Cuşa gəlir çoxusu. * * * Bura cənnətin özü, Laylam oxunan yerdir. Azərbaycanın gözü, Mənə səcdəgah, pirdir. * * * Bütün dərdi-sərini Burda unutmaq olur. Könlüm məzar yerini Sonunda burda bulur. * * * Bura arxam, güvənim Mənim qibləgahımdır. Yaşadığım dünənim, Bu günüm, sabahımdır. * * * Bu yaşımda anladım, Ömrü harda bitirdim. Öz-özümü danladım Gör, nələri itirdim. * * * Bu yurdun torpağına, Daşına qurban olum! Gələcəm ayağına İncə dərəm, son yolum!
XEYİR GÖZLƏ Hər işdən bir xeyir gözlə, Şəri ancaq xain istər. Dərd ovunmaz adi sözlə, Bir istilik, qayğı göstər. * * * Alnımızda yazılanın Sahibiyik, yiyəsiyik. Bir qaranlıq gündə hamı Eyni qapı döyəsiyik. * * * İçimizdə ölüm xofu Gah ölürük, dirilirik. Canımızdan qopan ofu Ağrı, acı, dərd bilirik. * * * Bu dünyanın qonağıyıq Dünyamızda çoxu kimi. Yüz oyunun qınağıyıq Unudarıq yuxu kimi. * * * Arzuların arxasınca Hey qaçarıq, yorulmarıq. Ömür bitib can çıxınca Nəfsimizdə durulmarıq. * * * Sonda ruhla vidalaşıb, Bu dünyanı anlayırıq. Son keçilən səddi aşıb, Özümüzü danlayırıq.
MÜBARƏK OLSUN Gəldi ramazan ayı Yarəb ayın mübarək! Payla ramazan payı Hər süfrəyə! Şükr edək! * * * Qoy sevinsin insanlar Xəstələr şəfa tapsın. Nolar naşükür canlar Şükr etsin, tövbə yapsın. * * * Yaradan millətimə, Kin, küdurət verməsin! Daim gülsün ürəklər, Heç kim kədər dərməsin! * * * Küsülülər barışsın, Nifrət, nifaq olmasın. Başlar xeyrə qarışsın, Şər əməllər qalmasın. * * * Bu ay ruzi gətirsin, Hər süfrəyə, hər evə. Saf diləklər bitirsin Yaşayaq sevə sevə.
ÜRƏYİMİN SƏSİ Ruh halımı bölüşməyi sevmərəm Üç olarıq kağız, qələm, bir də mən. Dəyişmədim, dəyişmədi yan yörəm Otaq həmən, masa həmən, ruh həmən. * * * Sakit gecə, sözə bağlı bir canam Eşidirəm ürəyimin səsini. Uşaqlıqdan üzüyola insanam Nə deyir yazıram hər kəlməsini. * * * Elə gün olur ki, qapımı döymür Bəzən əzab verir ürəyim mənim. Olur ki, ruh verir xətrimə dəymir Nə bu günüm inciyir, nə də dünənim. * * * O, məni yaşadır, o, nəfəs verir Məni incitsə də, mən ona qulam. Əgər ağrımırsa boş həvəs verir Bilir ki tükənmiş , keçilmiş yolam. * * * Bu yaşa çatmışam, ona borcluyam Nə yazdım qəlbimin səsiylə yazdım. Vallah inanmıram yazmaqdan doyam Yazdıqca bu ömür yolunda azdım.
YAĞIŞ YAĞIR Yağış yağır ümidlərim yuylur Çiçək ömrüm yavaş yavaş gül açır. Bu yağışdan saf diləklər ayılır Körpə kimi gülümsəyir, dil açır. * * * Damlaların tappıltısı oyadır Neçə neçə mürgüləyən hissləri. Qəm yuyulur, sanki rəngli boyadır Tam ağardır günah görmüş kəsləri. * * * Yağış yağır, həyat sanki canlanır Elə bil ki nəfəs alır kainat. Köhnə dərdlər yaddan çıxır sonlanır Gül arzular həmən açır qol qanad. * * * Bu his pasın çevrəsində bəxtimiz Yuyulmasa kif balayar pas atar. Nə yaxşı ki, selə dönüb axdınız Yağ ey yağış, yoxsa dünya tam yatar.
ANAR Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
Bu gün Xalq yazıçısı Anarın doğum günüdür! Doğum günü münasibəti ilə Anar müəllimi təbrik edir, uzun ömür, can sağlığı, fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Bu xoş gündə, “Şuşa ili”ndə sevimli yazarımızın Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad olunması münasibətiylə yazdığı “Yaşa, Şuşa!“ şeirini (525.az) oxucularımıza təqdim edirik:
YAŞA, ŞUŞA
Otuz illik həsrətimiz Qırx dörd gündə çatdı başa, Azad edildi Qarabağ Azad oldu gözəl Şuşa, Doğma vətənin qoynunda Şuşa, sonsuzadək yaşa!
Cıdır düzü, Qırx pilləkan, “Ərim gəldi” bir tamaşa, Natəvanlı, Üzeyirli, Nəvvablı, Bülbüllü Şuşa, Xarı-bülbül güllü Şuşa!
Düşmənə ismarış etdik: Dinc yolla rədd olub getsin. Çağırdıq sülhə, barışa. Hikkəsindən, lovğalıqdan Sözümüzü eşitmədi, İş qaldı hərbə, savaşa. Şəhid verdik, zəfər çaldıq, Sahib çıxdıq yurdumuzun torpağında hər qarışa, “Sən bu gün azadsan, Şuşa!”
Məscidlərin ucalıbdır Minarələr qoşa-qoşa, Öz dininlə, öz dilinlə, öz xalqınla azad yaşa.
Cıdır düzümüzdə yenə Köhlənlər çıxsın yarışa, Yenə muğamlar səslənsin hər tərəfdə, doğma Şuşa. Daşaltı da fərəhlənsin, axıb getsin köpüklənib sevincindən daşa-daşa, Canımızsan, gözümüzsən, özümüzsən, əziz Şuşa.
Pənahəli xan dövründən Düşmənlərin hər həmləsi, hər hiyləsi axırda çıxıbdır boşa, sən bunu bilirsən, Şuşa.
İbrahim xan nəslinin faciəli taleyini “Qarabağnamələr” diliylə bizə danışa-danışa günümüzə gəldin, Şuşa
Dolayları aşa-aşa, Bir gün sivri yamaclarla Qaya dırmaşa-dırmaşa, Düşmənlərlə əlbəyaxa, Mərdcə vuruşa-vuruşa, Ölüm-dirim məqamında bəxtlə dalaşa-dalaşa neçə əsgər qazi oldu, neçə cavan şəhid oldu qocalıb dolmadan yaşa Sənin yolunda şəhərim, Şəhərlər şəhəri Şuşa
Getsin o günlər gəlməsin, Yağı özün qalib bildi, Araq içib gəldi cuşa, Cıdır düzündə rəqs etdi Sevincindən coşa-coşa, Əl qol atdı çaşa-çaşa Boş-boşuna danışdı hey Dili topuq çala-çala, Dili dolaşa-dolaşa. Belə səfeh əbləhlərə Ürəyində güldün, Şuşa
Zəfər çalan ordumuz da, Haqlı vətən davasından Dəmir yumruqtək birləşib, Qalib çıxan yurdumuz da Layiqdir min-min alqışa. Mətanət qalası Şuşa, Həmişə, hər vaxt, hər zaman Qeyrətin qalası Şuşa
Çingiz Akif oğlu Abdullayev (d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru (1991); “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən).
HƏYATI Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981)
FƏALİYYƏTİ Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir. Xidmətlərinə görə “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
31 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir.
AD VƏ MÜKAFATLARI Azərbaycan Respublikasının xalq yazıçısı — 12 iyul 2005; “Qırmızı əmək bayrağı” ordeni; “Şöhrət” ordeni — 7 aprel 2009; “Dostluq” ordeni (Rusiya) — 19 may 2020.
FİLMOQRAFİYA Əsər müəllifi kimi Dronqo (serial, 2002)(bədii serial)(Rusiya) Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)
Ssenari müəllifi kimi Dronqo (serial, 2002)(bədii serial)(Rusiya) Məhkumlar (film, 2007)(tammetrajlı bədii film) Tərsinə çevrilən dünya (film, 2011)(tammetrajlı bədii film) Xeyirlə şərin rəqsi (film, 2016)(tammetrajlı bədii film)
Məsləhətçi kimi 40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)
Prodüser kimi Adın sirri və tale. Qurban Səid (film, 2010)
ƏSƏRLƏRİ Müqəddəs olmaq istəyi. Bakı: Adiloğlu, 2004hj Alçağın üslubu. Bakı: Çıraq, 2005 Məhşər ayağında. 2 cilddə. I cild. Bakı: Çıraq, 2005 Məhşər ayağında. 2 cilddə. II cild. Bakı: Çıraq, 2005 Payız madriqalı. Bakı: Yurd, 2005 Monte-Mario təpəsində ölüm. Bakı: Çıraq, 2005 Mənim gözəl alibim. Bakı: Nurlan, 2006 Bağdadlı əlaqələndirici. Bakı: Çıraq, 2006 Unudulmuş röya. Bakı: Çıraq, 2006 Yalnız özümüzünkülər. Bakı: Çıraq, 2007 Qatil üçün Qran-Pri. Bakı: Kitab klubu, 2007 Üçüncü variant. Bakı: Nurlan, 2007 Döyüşçünün yolu. Bakı: Çıraq, 2007 Manyakın idrakı. Bakı: UniPrint, 2008 Gedər-gəlməz. Bakı: Nurlan, 2008 Quba kapriççiosu. Bakı: Nurlar, 2008 Qisasın ölçüsü. Bakı: Çıraq, 2008 Məhəbbət və nifrətin ölçüsü. Bakı: Çıraq, 2009 Etiraflar vadisi. Bakı: Çıraq, 2009 Hammurapi məcəlləsi. Bakı: UniPrint, 2009 Centlmen sövdələşməsi. Bakı: Çıraq, 2009 Manipulyator. Üç payız günü. Bakı: UniPrint, 2009 Mavi mələklər. Bakı: Çıraq, 2009 Payız madriqalı. Bakı: Nurlar, 2009 Saturnun tövbəsi. Bakı: Nurlar, 2010 Paralel həyat. Bakı: 2010 Veneranın ikinci dəfə həyata gəlməsi. Bakı: 2010 Əfsanəyə çevrilmə haqqı. Bakı: Xatun Plyus, 2010 Kandaqardan agent. Bakı: 2010 Sonuncu divarın daşları. Bakı: Nurlar, 2010 İrodun kölgəsi. Bakı: UniPrint, 2010 Tənha ürəklərin evi. Bakı: 2010 Mavi mələklər. Bakı: Qanun, 2011 İnsan ovu. Bakı: Qanun; Əli və Nino, 2011 İnsan ovu. (tərcümə M.Dadaşqızı) Bakı: Zərdabi LTD, 2011 İngilis bulvarı. Bakı: Qanun, 2011 Ölümü özün seç. Bakı: Qanun, 2011 Bakı bulvarı (roman). Bakı: Qanun, 2011 Milad bayramında açılan atəş. Bakı: Zərdabi LTD, 2011 Abırlı adam. Bakı: Qanun, 2011 Tver bulvarı. Bakı: Qanun, 2011 Məntiq qaydaları. Bakı: Qanun; Əli və Nino, 2012 Dərdimə şərik ol. Bakı: Qanun; Əli və Nino, 2012 Hammurapi qanunu. Bakı: Qanun; Əli və Nino, 2012 Prezident ovu. Bakı: Qanun; Əli və Nino, 2012 Xəzinədar. Bakı: Qanun; Əli və Nino, 2012 Yekun diaqnoz. Bakı: Qanun; Əli və Nino, 2012 Sutenyorun qəlbi. Bakı: Zərdabi LTD, 2012 Bakı bulvarı. Bakı: Qanun; Əli və Nino, 2013 Eramızın əzəlində sui-qəsd. Bakı: Zərdabi LTD, 2013 Mənim gözəl alibim. Bakı: Qanun; Əli və Nino, 2012 Yeni cəngavər qadınların qəbiləsi (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Uzun çəkən sözardı (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Soyuğu qoruyanlar. Bakı: Qanun; Əli və Nino, 2013 Qərb bürküsü (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Şərq küləyi. Bakı: Qanun; Əli və Nino, 2013 Soyuqdan dönməyən casuslar (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Əclafların qanunu. Bakı: Qanun; Əli və Nino, 2014 Əclafların kredosu. Bakı: Qanun; Əli və Nino, 2014 Balkan sindromu. Bakı: Qanun; Əli və Nino, 2014 Transilvaniya səfəri. Bakı: Qanun; Əli və Nino, 2014 Uğursuzun hekayəti .Bakı: Qanun; Əli və Nino, 2014 Namərdin üslubu (kitab). Bakı: Qanun; Əli və Nino, 2014 və digər.
Hər iki qələm dostumuzu həm Beynəlxalq Yazıçılar günü, həm də doğum günləri münasibəti ilə təbrik edir, həyatda və yaradıcılıqda yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyən yaradıcı şəxslərin nəzərinə çatdırır ki, 2022-ci ilin yanvar ayının 10-dan fevral ayının 10-a qədər üzvlük üçün tələb olunan aşağıdakı sənədləri AYB Qəbul komissyasına təqdim edə bilərlər:
– Geniş tərcümeyi hal (yaradıcı məqamlar ətraflı göstərilməklə) ; – Çap olunmuş kitablar (hərəsindən 1 nüsxə); – Mətbu nəşrləri də göstərilməklə çap olunmuş əsərlərin ümumi siyahısı; – AYB üzvü olan 3 nüfuzlu ədibin zəmanəti (bildiririk ki, zəmanət verən şəxslər AYB aparatında işləməməli, AYB-nin ictimasi statuslu şuralarında və Qəbul Komissiyasında təmsil edilməməli, eyni zamanda 10 ildən artıq AYB üzvü olmalıdırlar) ; -Üzvlüyə qəbulla bağlı ərizə ; -AYB üzvünün qeydiyyat vərəqəsi ; -Şəxsiyyət vəsiqəsinin surəti; – 3×4 ölçüdə 3 ədəd rəngli fotoşəkil;
Blidirilir ki, 30 yaşa qədər gənclər qəbul üçün 2 zəmanət təqdim edə bilərlər. Eyni zamanda, bölgələrdə yaşayan və üzv olmaq istəyən şəxslərin üzvlüyü üçün AYB-nin müvafiq filial və bölmələrindən təqdimatın olması vacibdir.
AYB-nin nəşrlərində əsərləri çap olunan şəxslərə qəbul zamanı üstünlük veriləcəkdir.
AYB üzvünün qeydiyyat vərəqəsi və ərizə forması Qəbul komissiyasından götürülməli, yaxud sənədlər təqdim edilən zaman doldurulmalıdır.
Əlavə məlumat almaq istəyən şəxslər (+99412) 493-74-81 telefonuna zəng edə, Qəbul komissiyasının katibi Məlahət Qənbərova ilə əlaqə saxlaya bilərlər.
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!! 11.10.2021.-Bakı ş.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
O GÜN (Milli Qəhrəman Polkovnok İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər…
YAZ SEVDASI VAR Bu payız bir başqa gəlir ömrümə, Güzün gümanında yaz sevdası var. Xəzana bürünüb bütün bağ, bağça Güzün gümanında yaz sevdası var. * * * Bu xəzan yelimi, ya bahar mehi? Bivaxt tumurcuqda, tər zəfər zehi, Qızılı yarpaqda zər qəhər şehi, Güzün gümanında yaz sevdası var. * * * Ustac, tac almısan Haqqın özündən, Gözəllər xoşhaldır şirin sözündən, Görməz, qəm süzülür qəmgin gözündən, Güzün gümanında yaz sevdası var. 29.08.2021 – Bakı.