Etiket arxivi: Azadə Novruzova

Azadə Novruzova – 20 Yanvar – qaranlıqdan aydınlığa açılan səhər…

20 Yanvar – qaranlıqdan aydınlığa açılan səhər…

34 ildir ki, bu müqəddəs Xiyabanı ziyarət edirəm. İlk illərdə məktəbli idim. Ömrümdən nə qalıbsa, o tarixdən bəri yaşadığım illər kimi yenə də bura bağlı olacaq. Şəhidlərimizin dəfn gününü heç unutmaram… Sinif yoldaşlarımızla Əhmədlidən piyada dizəcən qara bata-bata gəlib çıxmışdıq dəfnə. İnsan izdihamı göz qaraldırdı. Səması tutulmuşdu küləklər şəhərinin. Qar, boran az görən Bakıda şaxtalı bir gün idi. Al qərənfil yağışı yağmışdı Azadlıq tələb edən xalqımızın ana qucağına – Bakıya.
Uzaq dağ kəndindən sənə sarı çox boylanmışdım, Bakı! Poçt maşınını kəndimizin asfalt yoluna burulan görən kimi məhlə uşaqları ilə birlikdə poçtumuza qaçardıq. Əmidən, bibidən, dayıdan, xaladan, qohum-əqrabadan məktub, bayram açıqcalarını nə qədər səbirsizliklə gözləyərdik. Poçtdan birimiz sevincək, beşimiz məyus (məktub almayanlar) qayıtsaq da, bu hal həmişə belə təkrarlanardı. Həm sevinənlər, həm də məyus olanlar poçta bir yerdə gedib gələrdik. O məktubları qaranəfəs evə çatdırınca necə sevinc yaşamışam, İlahi! Məktubu birinci nənəmə oxuyardım, həyacanlı-həyəcanlı. Sonra atam oxutdurardı, sonra da anam. Özüm isə yeni məktub alana qədər dönə-dönə oxuyurdum. Sanki sehirli idilər bu məktublar. Özləri ilə nə qədər ümid, sevinc gətirirdilər. İçindəki xəbərlərdən belə asılı olmazdı bu sevinclər. Bəzən acı xəbərlər gətirsələr də…
“Sizə Bakıdan məktub gəlib” bu cümlənin sevinci ayrı idi. Qohum uşaqları yazırdılar ki, Bakının işıqları o qədər al-əlvandır zülməti aydınladır. Gecələri ecazlı, gündüzləri füsunkar Bakı… Bir uçqar dağ kəndindən necə möhtəşəm görünürdün, doğma Bakı, əziz Bakı!
Bu gün də Dağüstü park yüksəkliyindən seyr edib qürurlandım səninlə, gözəl Bakım, mehriban Bakım. Adətən belə başlayardı məktublar:
-Salam. Biz sağ və salamat olub, sizin də sağ və salamat olmağınızı o bir Allahdan arzu edirik. Yazın görək, necəsiniz? Burda, bizdə havalar yaxşı (soyuq, sərin, isti və s.) keçir, bəs orda, sizdə havalar necə keçir?
Burda – bizdə… Orda – sizdə… Havaların necəliyi sanki, bütövlükdə növbəti məktubu yazana kimi adamı toxtaq saxlayırdı. Bu məktublar ümumilikdə əhval-ruhiyyəni özündə cəm edib, məktub yazılana ötürürdü. Artıq 36 ildir ki, Bakıya məktub yazmıram. Poçt maşını yalnız xəyalımda kəndimizə burulur…
Bakıya ilk gəlişim 1988-ci ilin sentyabr ayında Zəngəzur mahalındakı Qarakilsə rayonunun Şəki kəndindən qaçqın uşaq statusunda olub. O ildən Bakı əlimdən bərk tutub. Bakının sakini olmuşam. O illərin uşaqlarının çoxunun uşaqlığı Azadlıq Meydanında keçirilən mitinqlərdə keçib. Məktəbdə dərslərimizi yarımçıq qoyub, qaçıb meydana gələrdik. Azadlıq mübarizəmizə qoşulardıq. “Lenin baba”, deyə-deyə böyüyən biz – sovet uşaqları Sovet İmperiyasının necə süqut etdiyini öz gözlərimizlə gördük, ağrı-acılardan keçib, müstəqilliyin dadını ilk dadanlardan olduq. Biz uşaqlar da elə birdən böyüdük…
Mən də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə böyüdüm. O dəhşətli yanvar gecəsində qaldı doğum günü sevincim. Günahsız məktəbli Larisanı, İlqarı qətl edən “bizim sovet ordumuz “un əsgərləri o sevinci də güllələdilər. Gecəni vahimə içində keçirdik. Nə baş verdiyi barədə hər hansı bir rəsmi məlumat əldə etmək mümkün deyildi. Azərbaycan Televiziyasının enerji blokunu partlatmışdılar. Radio da susmuşdu. O zaman mobil əlaqə yox idi. Yalnız şəhər telefonları ilə əlaqə saxlamaq olurdu. O da təhlükəli idi. Çünki dinlənilirdi. Qanlı Yanvar şənbəsinə açıldı sabahımız. Heç kim bir-birindən xəbər tuta bilmirdi. Əslində nə baş verdiyini anlamaq çətin deyildi. Gözlə gördüklərimiz bunu diqtə edirdi. Bakıya Sovet Ordusu hücum etmişdi. Dinc əhalimiz amansızlıqla qətlə yetirilmişdi. Sovet ordusunun tankları Bakını hər tərəfdən əhatəyə almışdılar. Binamızın (Əhmədli qəs. Nəsirəddin Tusi küç.43) başında, yolun ortasındakı tank hansı eyvandan boylanan olurdusa oranı atəşə tuturdu. Axşamlar işığı gələn pəncərələrə də atəş açılırdı. Bakı buxtasındakı gəmilərin qulaqlarımdan heç vaxt getməyən fit səsləri… Eyvanlardan 40 gün asılan qara bayraqlar… Nə tankdan, nə qandan qorxmayan xalqımızın əzmi, iradəsi, mübarizliyi… Dağüstü parka doğru irəliləyən insan seli… İndi Bakının 20 Yanvar Meydanına çevrilən bu yerdə bir vaxt XI Qızıl Ordu meydanında heykəli ucalan, Qızıl Ordunun, əslində Qanlı ordunun törətdiyi faciəyə qarşı Bakının qəzəbi, nifrəti, sonsuz kədəri yaddaşımdan silinməyib, silinməz də. Heç Sovetlər Birliyini yaradanların özlərinin də inanmadığı, uydurduqları sovet xalqı məfhumu və bu xüsusda yaratdıqları bu beynəlmiləl xalqa qarşı faşist münasibətləri təkcə Bakıdakı 20 Yanvar faciəsi ilə məhdudlaşmamışdı. Alma-Ata, Tbilisi, Oş, Düşənbə, Vilnüs, Riqada da bu Qızıl yox, Qırmızı ordu xalqları qanlarına qəltan etmişdi. Uşaq ikən qulağım çox eşitmişdi. Bala, Allah bu Şura hökumətini dağıtsın. Bizi quru yurdda qoydu. Sürgünlər, güllələmələr, yağmalamalar… Ağ günümüzü qara günə çevirdilər. Heç pis gündən gözümüz açılmadı… Evini yıxanlara qulluqçu olmaqdan ağır nə ola bilərdi? Sovet vətəndaşı, sovet ordusu və s. zor gücünə hamını sovetləşdirmişdi. Müharibə, qan-qada, ölüm, itim… Çox şeyimizi itirdik. Ərazi bütövlüyümüzü, əzizlərimizi, dostlarımızı… Dağıdılan varımızı-halımızı demirəm… Bircə ümidimizi itirmədik. Ümid ölmədi, bizi diri saxladı!
2020-ci ildə 44 Günlük Şanlı Zəfər salnaməsi yazıldı tariximizə. 2023-cü ildə ərazi bütövlüyümüz bərpa olundu. Bu zaman kəsimində Müstəqil dövlətimiz möhkəmləndi, ordumuz gücləndirildi və nəhayətdə Böyük Qələbə qazanıldı. Zəfər çaldıq!
2024-cü il 20 yanvar tarixində Bakıdan – Bakıya yazılan bu məktubda – “Bu gün Bakıda hava şaxtalıdı. Gün işarsa da, soyuq adamın iliyinə işləyir” yazıldı. Əlimdəki qərənfillər isə əvvəlki illərdən fərqli olaraq, üşümədilər… 34 ildir ki, bu sevinc, sevgi, şadlıq çiçəkləri soyuq məzarlara düzülür. Şəhidlərimizin tökülən günahsız qanlarının simvoluna dönüblər, bu al qərənfillər…
Bu il qərənfilləri şəhid məzarlarına düzəndə həm şəkillərdən boylanan baxışlar, həm də qərənfillər gülümsəyirdi üzümə. Onlar sanki birləşib ərazi bütövlüyümüzün sevincini əks etdirdilər bu gün bizə, ziyarətçilərinə.
Bu gün, gözümüzdən yaşları, kədəri, qüssəni sildi AZADLIQ uğrunda əziz canlarını fəda edən, ŞƏHİDLƏRİMİZ! Amalı azadlıq olan şəhid şairimiz Ülvi Bünyadzadənin anası bir dəfə söhbətimizdə söylədi ki, Ülvi gənc ikən şəhid oldu, yandım, kül oldum. Amma sonra gördüm ki, oğlum xalqımızın qəlbində yaşayır, o diridir! Əbədi ömür qazanıb. Məni bu toxtatdı. Ülvini və azadlığımız uğrunda canını qurban verən bütün şəhidlərimizi qoynuna alan Vətən sağ olsun! Allah hər bir Şəhidimizin əziz ruhunu şad etsin!
20 Yanvar, sən qaranlıqdan aydınlığa açılan səhər oldun. Qürur Günümüzsən!
Şura deyilən hökumət qurulan gündən qəlbimizə gizli-gizli əkilən Azadlıq toxumları bu gün al qırmızı qərənfillər gözəlliyində göyərdi!
Mən də yenidən doğuldum bu gün, hürr və azad! Bakı, xoş vaxtın xeyir!

Azadə NOVRUZOVA,

Prezident mükafatçısı, şair-publisist,
Qərbi Azərbaycan, Zəngəzur, Qarakilsə rayonu, Şəki kənd sakini.

AZADƏ NOVRUZOVANIN YAZILARI

XALİQ RƏHİMLİNİN YAZILARI


ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xaliq Rəhimli – Qırmızı yuxular

XALİQ RƏHİMLİNİN YAZILARI

Qırmızı yuxular

(Azadə Novruzovanın “Sən mənim ağ kitabım” şeirlər,esselər kitabı ətrafında düşüncələr)

Azadə Novruzovanın şeirləri uzun ,intəhasız  yola bənzəyir.Bu yolun başlanğıcı və sonu yoxdur.Yalnız əvvəli və sonu olmayan yolları poeziya yoluna bənzətmək olar.Məhz başlanğıcı və sonu bilinməyən yollar poeziya üçündür.Ünvanı məlum olan,mənzil başına çatan yollarda poeziya qurtarır.Bu ünvansız yollar öz mənbəyini xəyallardan ,xatirələrdən başlayır,yağışda islanır,yuxularda azır,kədər dumanını yarıb keçir,həsrətə əlvida deyir,sevincin üzünə gülür və son nöqtəyə doğru” şütüyür”.Son nöqtədən isə qürbətdə qalan vətən qoxusu gəlir:

Ümid doğur o uzaq nöqtə,

Dözülməz sancı çəkir o uzaq nöqtə…

Məndən məni doğur…

O uzaq nöqtə…

Bu misralar son nöqtəyə çatarsa ,oradan yeni yollar başlayar.Sevinci,şadlığı  dünyaya ,aya günəşə ,ulduzlara daşıyan poeziya yolu…Azadə Novruzovanın poetik “marşrutu” dəqiq belədir.Yol onun şeirlərinin boyuna biçilib.Hər şeiri yeni bir yoldur ,-yolçu yolda gərək –deyib atalar:

Uzaq yollara çıxdım

Bəlkə azdıram dərdi…

***

Yolda bir yürüyənlər

Nədən olsunlar yoldaş?

Yoldan ayrılar yollar…

 Bunu düşünmədin heç?

Poeziya gah daş kimi möhkəmdir ,gah da qu tükü kimi yumşaqdır. Sözün daş üzü daha sərt olur. Amma şairənin şeirlərində  ipək yumşaqlığı, meh həzinliyi var.Xüsusən lirik hisslər ,duyğular şairənin ürəyindən  sözə, sözdən isə şeirə çox rahat süzülür. Kədərli ,hirsli ,qəmgin notlar  şeirə çevriləndə belə ,misralar sevinclə qolboyun olur,ümidə, insafa qucaq açır.Şairiən  mövzuları ənənəvidir amma ifadə tərzi özünə görə fərqlidir.Şeirləri poetk ruhludur.Hansı ki ,o poetik ruh,poetik qatqı ilk oxunuşdan özünü biruzə verir.Azadə Novruzova yaradıcılığında iddiasızdır.Gücü çatan qədər yazır.Necə deyərlər sözə su qatmır,ona görə də ifadə elədiyi bədii nümunələr təbii alınır;

Köçəri quş kimi gəldin ömrümə

Dimdiyində gətirdin xoşbəxtliyi.

Bu günümə dadızdırıb,

Tamarzı qoydun sabahımı.

Quşlar bəlli zamanlarda köç edər,

 Sənsə qəfil etdin bunu

Solmamışkən çiçəklər…

***

Şairənin şeirlərində nifrətin imkanları sevgidən qat-qat aşağıdır.Ayrılığın  əli sevginin ətəyindədir. Nə qədər uzaqlaşmaq istəsə da sevginin cazibə qüvvəsindən kənara çıxa bilmir. Belə ayrılıqlar elə də güclü nifrət püskürmür.Sevgililər arasında çəkişib bərkişməyə xidmət edir. Kədər isti əllərə qonan qar kimi tez əriyib yoxa çıxır… Azadə xanımın həyata baxışında qəribəlik, həm də anlaşıqlı bir mücərrədlik var.Bəzən obrazın elə yerindən vurur, deyirsən – əşşi burda nə var ki…Bir az keçməmiş obraz özü heç bir izaha ehtiyac olmadan düşüncənə yerləşir.Belə olan halda şairin poetik fəndi ilə razılaşmalı olursan.

Deyirəm ay olum, il olum ,saralım, solum.

 Bir şirin yuxuda qonağın olum

 Yar, sənin dilində gileyin olum.

***

uyusun qırmızı məzarında,

qırmızı yuxularımın qırmızı sonu…

***

Saçların ayrılıq rəngində, gözlərin dəniz.

 Ayrılıq olmasın adın…

Yandım ayrılıqlar alovunda,

Kül oldum, gülüm…

***

Azadənin şeirlərində vətən dərdi fərdi dərddən seçilmir.Əslində vətən dərdi insan dərdlərinin toplumudur.Vətənin ağrılarını şair özündə hiss eləməsə təsirli şeir yarana bilməz .Zatən də şairənin qəlbində hələ kiçik yaşlarından yurd ağrısı ,Zəngəzur nisgili özünə yuva qurub.Sonralar bu ağrı acıların üstünə Qarabağ ağrısı ,Xocalı faciəsi əlavə olunub.Şairə ürəyində meydan sulayan ,taleyinin qəsdinə duran bu ağrılara sözlə məlhəm eləyib.Misralara yüklənən ağrı -acılar Vətənin harayına qoşularaq haqqın dərgahına üz tutublar .Bəndələr eşitməyən səsi gec də olsa Tanrı eşidib.Qarabağ işğaldan azad olunub,şairənin nisgili azalıb.Amma əcdadlarının uyuduğu torpaqda ruhların harayı göyün yeddinci qatını çoxdan ötüb keçib.Ola bilməz ki ,Tanrı  uzun sürən bu möhtəşəm harayı da eşitməsin.İnşallah:

Allah qapın hardadı

Yolumu ordan salım…

***

Əzizim kəsə gəlləm,

 Çay üstdən kəsə gəlləm.

Dərdim Vətən həsrəti,

Hay verib, səsə gəlləm…

Müəllif: Xaliq RƏHİMLİ

XALİQ RƏHİMLİNİN YAZILARI

AZADƏ NOVRUZOVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru