Hazırda yaradıcılıqla məşğul olan yazıçıların təxmini S İ Y A H I S I XAÇMAZ – QUSAR – QUBA – Qvami Məhəbbətoğlu, Murad Muradov ŞABRAN – SİYƏZƏN – XIZI – SUMQAYIT – Varis, Akşin Xəyal, Rəna Təbəssüm SUMQAYIT, ABŞERON, BAKI, ŞİRVAN – burda yaşayanları öz bölgələ-ri ilə qeyd edirəm. SALYAN – Naibə Yusif NEFTÇALA – Eluca Atalı, Səhər Əhməd, Xuraman Zakirqızı BİLƏSUVAR – CƏLİLABAD – Meyxoş Abdullah, Əzizağa Elsevər, Camal Zeynaloğlu, Ziya Alar, Sülhiyyə Musaqızı MASALLI – Nurəddin Ədiloğlu, Damət Salmanoğlu (daha çox şair kimi tanınır), Əli Rzazadə (daha çox şair kimi tanınır) YARDIMLI – Aslan Quliyev LƏNKƏRAN – Qafar Cəfərli, Hafiz Mirzə, Səyavuş Süleymanlı, Eldar Tahirov, Salman Məmmədoğlu, Eldar İlqaroğlu, Gülər Eldarqızı LERİK – Etibar Muradxanlı, Elbrus Kəlbiyev ASTARA – İlham İlhami, Kamran Nazirli ŞİRVAN – HACIQABUL – SABİRABAD – Rəqibə Qəvvas, Azər Qismət SAATLI – İMİŞLİ – Səyyad Aran BEYLƏQAN – Mübariz Örən FÜZULİ – Elçin Əfəndiyev, Seyran Səxavət (bir vaxtlar şair kimi tanı-nıb), Almaz Ərgünəş CƏBRAYIL – Elçin Hüseynbəyli, Əlisahib Əroğul, Ataqam, Fazil Gü-ney, Nəriman Mahmud, Qorxmaz Abdulla, Əlibala Zalov ZƏNGİLAN – İmamverdi İsmayılov (daha çox Millət Vəkili kimi tanı-nır), Azad Qaradərəli, Alı Rəhimoğlu, Ayaz İmranoğlu (daha çox şair kimi tanınıb), Teyfur Çələbi (daha çox şair kimi tanınıb), Vahid Məhərrəmov (hərbi jurnalist kimi tanınır), Tarverdi Abbasov, Eynulla Mütəllimov, Əli bəy Azəri QUBADLI – Rəşid Bərgüşadlı, Dostəli Nərimanoğlu, Hacı Nərimanoğ-lu, Şəfaqət Cavanşirzadə LAÇIN – Fəxri Uğurlu, Şərif Ağayar, Təranə Vahid Bayraq hekayələr toplusu 246 KƏLBƏCƏR – ŞUŞA – AĞDAM – Aqil Abbas, Mustafa Çəmənli, Eyvaz Zeynalov, Nizami Ko-lanılı, Zaur Ustac, Sultan Mərzili AĞCABƏDİ – Yaşar Süleymanlı, Eldar Qarqarçay ZƏRDAB – KÜRDƏMİR – GÖYÇAY – Anar, Pərviz Yəhyalı, Ülviyyə Tahir, Əfşan Yusifqızı (daha çox şair kimi tanınır) AĞSU – AĞDAŞ – Xeyrəddin Qoca UCAR – YEVLAX – BƏRDƏ – TƏRTƏR – NAFTALAN – GORANBOY – GƏNCƏ – Nüşabə Əsəd Məmmədli, Şəfa Vəli, GÖYGÖL – Tofiq Əmrahov SAMUX – DAŞKƏSƏN – ŞƏMKİR – GƏDƏBƏY – Süleyman Abdulla (daha çox şair kimi tanınır), Qalib Şəfahət, Pərvanə Bayramqızı, Ramiz İsmayıl (daha çox şair kimi tanınıb), Xaliq Azadi (daha çox şair kimi tanınıb), Sabir Hüseynov, Hüseyn Məm-mədov, Zəka Vilayətoğlu QAZAX – Natəvan Dəmirçioğlu TOVUZ – AĞSTAFA – ŞAMAXI – Elxan Elatlı, Yaşar Bünyad, Şiringül Musayeva İSMAYILLI – Məmməd Mirzə, Hacıməmməd Məmmədov, Əvəz Küs-gün, Ülviyyə Niyazqızı, Zarina Əliyeva, Turac Hilal (daha çox şair kimi tanınıb) QƏBƏLƏ – OĞUZ – Cəlil, Cavanşir, Vüsal Oğuz (daha çox şair kimi tanınır), Na-rıngül Nadir ŞƏKİ – Ələsgər Davudoğlu, Vüqar Əmrah QAX – ZAQATALA – BALAKƏN – Vaqif Osmanov, Aygün Sadiq (daha çox şair kimi tanınıb) MİNGƏÇEVİR – Svetlana Sultan Məcid, Zahid Qasımlı NAXÇIVAN – Əlabbas Bağırov, Sadıq Qarayev, Aləm Kəngərli, Arif Ağalar, Akif İmanlı, Hüseyn Əsgərov, Asif Kəngərli, Səfər Alışarlı, Güllü Məmmədova, Həcər Paşayeva, Arzu Kazımqızı Nehrəmli, Mətanət Duyğu-lu (daha çox şair kimi tanınıb) BAKI – Çingiz Abdullayev, İlqar Fəhmi, Nəriman Əbdülrəhmanlı, Ma-hir Qabiloğlu, Fərhad Əsgərov, Təranə Məmməd, Nazilə Gültac, Aysel Əli-zadə, Sevinc Nuriqızı, Gülnaz Abdullayeva, Kənan Hacı, Həmid Piriyev, Ağasəf İmran, Elvin Rizvangil, Nemət Mətin, Nazlı Çələbi, İlahə İmanova.
Aygün Fəxrəddin qızı Məmmədhəsənova 19 oktyabr 1986-cı ildə Rusiya Federasiyası, Novokuznetski şəhərində anadan olub. Hazırda ata yurdu Balakən rayonu Katex kəndində yaşayır.
CƏHƏNNƏM KİMİ ALTMIŞ DƏQİQƏ
Orda türk olmağın rəngi qaradır,
Orda həyat hər gün cəhənnəm dadır…
Kərkük genosidinə həsr olunur
Gecə yarısı qapı döyüldü. Səsə ayılan Türkan şamı yandırmaqçün kibrit axtarmalı oldu; elektriki qəsdən kəsmişdilər. Saniyələr sonra yataq otağının kiçik pəncərəsi işıqlandı, qapıya çıxan Yavuz qonşusunu görəndə heyrətlənməyə macal tapmadı, çiyninə salınmış şala bərk-bərk bürünən qonşu Aybikə ağlayırdı, sözləri həyəcanla, kəsik-kəsik, tələm-tələsik deyirdi:
-Qonşu, Bəkturu apardılar… Getmək lazımdı burdan…
-Hara? Kim???
-Onlar… Bilmirəm, iki saat əvvəl gəlmiş əli silahlı adamlar… Ərəblər… Gəldi, çağırdı, apardı. Bəktur dedi qorxma, qayıdıram indi, amma gəlib çıxmır. Yavuz qardaş, gedin burdan, Türkan yazıqdı, uşaqlar yazıqdı… Vaxtında getməsəniz pis olacaq.
Türkan əlində şamla ərinin yanında səssiz dayanmışdı. Qonşusunu içəri dəvət etməyi unutmuşdu, bunu fərq edən kimi dedi:
-Aybikə bacı, gəlin, keçin içəri. Bir az toxtayın.
Yavuz fikirli halda həyətə düşdü. Uzaqdan baxanda onların həyətində iki işıq nöqtəsi sezilirdi; işıqlardan biri indi evin qonaq otağında həyəcanla söhbətləşən iki qonşu qadının narahat simasına şahidlik edən şam, digəri həyətdə gəzinən Yavuzun siqareti idi.
Yavuz Bəkturun niyə aparıldığını bilirdi. “Axı nə etmişik, niyə əl çəkmirlər, – deyə düşündü, – birdən bura da gəlsələr, Türkan, uşaqlar necə olsun, onları gərək vaxtında Azərbaycana. – əmimgilə göndərəydim”.
Könüllü dəstədəkilərin ailəsini tapıb cəzalandırırdılar…
Yavuz iki ay idi ki, türkmənlərin könüllü üsyançı dəstəsinə qoşulmuşdu. Gündüzlər müəyyən təlimlərdə, yerlərdə olur, gecə qayıdırdı, Türkan bu haqda çox az şey bilirdi, Yavuz onun suallarından qəsdən, hərbi sirr bəhanəsiylə yayınır, arvadını narahatlıqdan uzaq tuturdu. Əslində, Yavuzu çoxdan işdən çıxartmışdılar, milliyyətinə görə. Yavuz artıq hərbçi deyildi. Aprel gecəsi qarışıq fikirlərlə dolu on beş dəqiqə belə keçdi. Üşüdüyünü hiss edib evə doğru addımlayırdı ki, Türkanın evdən çıxıb ona tərəf gəldiyini gördü.
-Telefonun çalır.
-Sən get içəri.
Nəsə ürəyinə damdı. Çünki zəng edən dəstə yoldaşı idi:
-Evdə şam, işıq yandırmayın, Yavuz. Təhlükəlidi. Eşidirsən? Uşaqların hamısına tək-tək tapşırmışıq. -Hə… Durum nədir?
-Pisdi, Yavuz. Səlimi vurdular. Bizdən altı nəfəri girov götürdülər. Mən qapadıram. Allaha əmanət. -Səlimi?! İlahi…
Arxadan gələn maşının işıqları arxaya çevrilib baxan Yavuzun gözlərini qamaşdırdı. Maşından dörd nəfər düşdü. Evin işıqlı pəncərəsini sezdilər. Üç nəfər evə sarı yeridi. Adamlardan biri digərlərindən ayrılıb ona yaxınlaşdı, ərəbcə amiranə:
-Burda nə sülənirsən, it oğlu türk?!
-Vəhşi ərəb, nə ixtiyarla mənim həyətimdə məni söyürsən? – deyib Yavuz adama yaxşı bir yumruq ilişdirdi. Əvvəlki üç nəfər yaxınlaşdı, tərəddüdsüz açılan güllə Yavuzu bir andaca həyatdan ayırdı…
Maşın dərəli yollarla şütüyür, sərnişinlər hara aparıldığını anlamırdılar. Sürücünün yanında, ön oturacaqda əyləşən adam telefonla naməlum ünvana zəng vurub “daha dörd qurban”la tezliklə “orda olacağını” dedi.
Uşaqlardan Duru hələ doqquz yaşındaydı və baş verənləri anlamırdı, körpə Ərbak isə anasının isti qucağında uyuyurdu. Arada maşın silkələndikcə səksənib gözünü açır, anasının nəvazişiylə tez də xumarlanıb uyuyurdu.
Türkan artıq bəlaya düşdüklərini anlamışdı, qadın ürəyində fəryad edir, körpəsini bərk sinəsinə sıxaraq üzdə qürurlu, sakit görünməyə çalışırdı, sanki az öncə əri öldürülən o deyildi. Müəyyənləşdirilmiş ərazidə onlara əmr verildi ki, maşından düşsünlər.
Qəribə yer idi. Köhnə xarabalıq idimi, ya qədim, sahibsiz, dağılmış malikanəmi, məlum deyildi. Duru sakitcə soruşdu:
-Ana, bura haradı? Niyə gəldik bura?
-Susdur o qızı. Səs salmayın.
Naməlum adamlardan biri fanar yandırdı. Tikiliyə yaxınlaşdıqca Türkanın qorxuları artdı. Silahlılardan biri irəli yeriyib işığı qapıya tutdu, qıfılı açdı, mühafizədə dayananlara da yavaşca nəsə pıçıldadı, Türkangilə içəri girmək əmri verildi. Gənc qadın doqquz yaşlı qızı Duru, körpə oğlu Ərbak və qorxudan titrəyən qonşu Aybikə ilə birlikdə içəri keçdilər. İçəridə – fənərlə müvəqqəti işıqlanmış qaranlıq otaqda xeyli qadın, uşaq göründü. Torpaq döşəmənin üstünə çöküb səssiz ağlayan kim, fikrə gedən kim, dua edən kim. Qadınların arasında hər yaşda olanı vardı. Hiss olunurdu ki, onları da xəbərsiz və məcburən gətiriblər bura.
Qapı arxadan bağlandı və kilidləndi….
Türkan içəridən durub bağlı qapını döydü, suallara cavab ala bilmədi, onlardan nə istədiklərini, niyə bura gətirildiklərini soruşdu, sükuta dözməyib hiddətləndi:
-Axı günahımız nədi? Neyləmişik sizə?!
Silahlılardan birinin səsi qapının çöl tərəfindən lap yaxından eşidildi:
-Türk köpək qızı! Günahın elə adındır. Milliyyətindir!
Türkan qaranlıqda kürəyini qapıya söykəyib susdu. Hər şey aydın idi. Yavuzun evdən gündüzlər sirli çıxmaları, arada ehtiyatlı olmaqla bağlı verdiyi tapşırıqlar – hamısı məlum oldu. Ayaqları onu saxlamadı. Yerə çöməldi. Qucağındakı körpə oyanmışdı. Türkan yalnız indi onun ac olduğunun fərqinə vardı. Körpəsinə süd vermək üçün sinəsini azca açdı.
…Qaranlıqda zarıltı eşidildi. Demə, əsir qadınlar arasında hamilə olanı varmış. Biçarənin doğum sancısı tutmuşdu, yalvarıcı səslə yanındakılardan kömək istəyirdi. Türkan qalxdı. Alatoranlıqda vaxtı, zamanı itirmişdi. Səhər açılmamışdı hələ, buna əmin idi. Qadınlar ağrıdan sızlayan gəlini sakitləşdirməyə çalışdılar. Nə etməli? Nəzarətçi xəbər tutsa, rəhm edərmi? Necə olar? Aybikə dedi ki, bəlkə, qadınlar birləşib onun doğuşuna yardım etsinlər. Bu vaxt qapının çöldəki qıfılı tərpəndi. Ağrılardan çırpınan gənc qadın qorxusundan canını dişinə tutub susdu. Hiddətli sual:
-Nə var, nə səs-küydür?!
Türkan cəsarətləndi:
-Qadın xəstələnib. Uşağı olacaq. Kömək lazımdı. Xahiş edirəm…
-Sus, ləçər. Xəstələnib? Çox pis. Burda xəstə saxlamaq olmaz, – dedi, çöldəki silahlılardan birini çağırıb tapşırdı:
-Apar, bunu göndər cəhənnəmə, – Sonra yaxınlaşıb ehmalca əlavə etdi, – gülləyə qənaət et ha. Bir dənə ilə yekunlaşdır.
Ağrıdan və qorxudan titrəyən gənc qadını iki nəfər tutub sürüyərək apararkən birinin dodaqaltı mızıldanmasını Türkan eşitdi:
-Hələ soyunu artırmaq istəyir, bitirərik, bitər!
Qadının hara aparıldığı naməlum qaldı. Dəqiqələr sonra açılan güllə səsi içəridəkilərin ürəyini titrətdi…
…Hava işıqlaşırdı. Uzaqlardan azad quşların səsi eşidilirdi. Qadınların ümidsizliyi anbaan artırdı.
Yenə qapı açıldı.
Cəlladlardan biri yaxınlaşıb qadınları diqqətlə süzdü, müştəri nəzərlər birindən adlayıb başqasında qərarlaşdı, nəzərlər yerini dəyişdikcə əvvəlkinin ürəyində “şükür” nidası səslənirdi.
Nəhayət, alıcı baxış birini seçdi və qadına ardınca gəlməyi əmr etdi. Qadın israr etdikdə silahli ərəb əlini cibinə aparıb tapancasını göstərdi və saçından tutub çəkə-çəkə apardı. Bu dəfə güllə səsi gəlmədi. Kaş gələydi, kaş öləydi o zavallı, – deyə nalə edən səs eşidildi.
Türkan qadınların nə vaxtdan burda olduqlarını soruşdu. Məlum oldu ki, ondan az əvvəl, dünən axşamdan gətiriliblər.
Türkan körpəsini ehmalca yerə qoyub arxadan bağlı qapıya yaxınlaşdı. Qadınlara işarə ilə səssiz olmağı tapşırıb çöldəki söhbətə qulaq verdi. İki nəfərin ərəbcə söhbətini duydu:
-Bizə bir saat vaxt verdi. Altmış dəqiqə. Vaxt gedir. Bu qədər adam. Hamısını birdən…
Söhbət pıçıltıya keçəndə Türkan qulağını qapıya yapışdırdı.
-Əşi, versin də. Bizi də lap hanbal edib. Əlimizin altında bu qədər qadın varkən… Qoymur dünyadan həzz alaq, – qımışdı, – aralarında iki dənə gözəli var ha.
-Sənin köhnə xasiyyətlərin! A kişi, vaxt gedir, həzz nədi!
-Bu, elə də çox vaxt aparmır axı. Nə vaxtadək buyruq qulu olacağıq? Adam kimi yaşayaq da beş-on dəqiqəni, – güldü.
-Sən dəyişməmisən heç, əvvəlki arvadbazsan.
Türkan qapıdan aralanıb tez qadınlara doğru yüyürdü:
-Tez, saçınızı, üzünüzü dağıdın, ay qız, sən, tez ol, üzünə torpaq-zad sürt, dağıt saçlarını, tez ol, tələsin! Qadınlar duyuq düşdülər. Deyiləni etməyə isə zaman yetmədi.Türkan arxasında silahlı ərəbi görüb hiddətləndi: -Nə istəyirsiniz axı, əl çəkin! Bu qadınların, mənim, körpələrin suçu yoxdu! Gücünüz bizə çatır? -Kişilərə də çatır. Çatmayanda köməkçimiz sağ olsun, – deyib tapancasını göstərdiyi an, gecə Yavuzun ona ilişdirdiyi yumruğunu da xatırladı.
-Biz sizdən qorxmuruq. Ona görə silahla susdurursunuz.
-Kəs səsini, ləçər. Sən lap ağ elədin, – deyib ona sillə çəkdi. Türkan sillədən diksindi, amma qürurunu endirmədi:
-Bir gün məğlub olacaqsınız. Türk həmişə qalibdir! Çünki ədalət savaşçısıdır! Bunu babam deyib və əzbərlədib!
-Bu, sənə qalmayıb.Heç mənə də qalmayıb. Sonranın işidir. Mənə altmış dəqiqə vaxt verilib, işimi bitirməliyəm. -Amma o altmış dəqiqənin içində qadının ləyaqətini alçaltmaq yer almamalıydı! Öldürürsən, elə burdaca güllələ, öldür. Amma şərəfimizə toxunma!
İkinci sillə onu səndələməyə məcbur etdi. Müvazinətini güclə saxladı.
Qızlar arasından növbəti qurban seçilib aparılanda qadınlar mane olmaqçün çalışdılar, gənc və qənirsiz gözəl olan qızı qorumaq üçün onu dartan kim, cəllada ağır sözlər yağdıran kim: -Allah bəlanızı versin!
-Ay binamus, sənin bacın yoxmu?!
“Qurban” dinmirdi. Qapıdan çölə çıxanda bütün qüvvəsini səfərbər edib, silahlının əlindən balıq kimi sürüşüb çıxdı, qaçmağa başladığı an açılan güllə ayağını yaraladı. Qız səndələyib yıxıldı, dəhşətli ağrıdan qıvrılsa da, nifrətini aşkar elan etdi, cəllada lənət yağdırır, özünün türkman olduğunu, ərəblərin və kürdlərin mütləq cəzalandırılacağını söyləyirdi. Qızın yaralı halda bu qədər zəhlətökən olacağını ağlına gətirməyən kürd növbəti gülləni sərf etməli oldu və növbəti həyat söndü. Qadınların qışqırığı, bir ananınsa naləsi ərşə dayandı.
Kişiləri daha dəhşətli işgəncə ilə qətlə yetirirdilər. Onları başqa yerlərdə gizli saxlayır, ağlasığmaz ssenarilərlə – kiminin əl-qolunu kəsir, kimini elektrik dirəyinə bağlayır, kimini şərəfini alçaldaraq mənən öldürürdülər. Hətta ailəsinin, uşağının gözü qarşısında dəmir qəfəsdə yandırılaraq öldürülənlər olmuşdu…
…Qapı açıldıqca həyəcan artırdı. Hər qapı səsi bir ölüm demək idi. Burda türk olmaq günahın özü olmaq demək idi, burda hər dəqiqə cəhənnəm rəngində, zəhər dadında idi!
Gənc qızlarsa mümkün qədər eybəcər görünməkçün əllərindən gələni edirdilər, üz-gözünə döşəmənin torpağını sürtür, saçını eybəcər görkəmə salırdı, mənzərə adamı heyrətə gətirirdi. Türk qızının, qadınının dəyanəti, mərdanəliyi düşməni heyrətləndirir, qıcıqlandırır və tədbirləri sərtləşdirməyə sövq edirdi.
Altmış dəqiqənin saniyələri su kimi axır, gedirdi…
Sonra yenə qapı açıldı və cəllad Türkana qısılmış Durunu sezdi. Duru yad adamın baxışlarını oxuya bilməsə də qorxudan anasına qısıldı. Türkanın sanki dünyasını başına dar etdilər, yalvarırcasına dedi:
-Balam uşaqdır. Etmə!
Cəlladın daş qəlbi ananın fəryadını hardan anlasın? Alıcı baxışlar doqquz yaşlı qızcığazın uşaq məsumluğu ilə parlayan, günahsız simasını nə tez sezdi?!
-Amma gözəldi.
Vəssalam. Çıxış yolu qalmamışdı. Bıçaq sümüyə dirənmiş, yolun sonu çatmışdı! Duru nə baş verdiyini, ona duran yerdə niyə gözəl deyildiyini anlamadı.
-Bu qız səni xilas edə bilər, – baxışlar ətrafdakı qadınlara yönəldi – elə sizi də. Bax, sizi buraxa bilərəm. İndi hamınızın həyatı bu qızdan asılıdır, o, isə qərar vermək üçün kiçikdir, qərarı anası verəcək.
Uca səslə, qarşısındakının məğlubiyyətinin verdiyi həzdən məmnun qalıb qalibanə güldü. Ərəb, əlbəttə, yalan deyirdi. Ona əsirləri buraxmaq yox, öldürmək tapşırılmışdı. Zamanı xatırlatdı: -Otuz dəqiqə qalıb.
Yavuzdan sonra Türkan üçün dünyada cəmi iki yaşama səbəbi vardı – Duru və körpə oğlu Ərbak. “Ona verməkdənsə, öz əlimlə öldürüm” – insan üçün mümkünsüz görünən, dəhşət saçan bu fikir, bu anlarda Türkan üçün ən əvəzsiz çıxış yolu sayıldı.
-Yaxşı. Qızımı verirəm. Amma imkan ver, onunla sağollaşım, qucaqlayım. Sən çöldə gözlə. -Qucaqlamasan da olar. Qayıdacaq.
-Ana, məni hara göndərirsən?
-Dedim ki, çöldə gözlə, razıyam.
-Ana?! -Yaxşı, tez ol, vaxtım azdır.
Cəllad çıxan kimi Türkan balasını bağrına basdı, duz kimi yaladı, əsim-əsim əsən əllər saniyələr sonra xilaskar qatil əllərinə çevriləcəkdi, Duru bütün bunlardan – anasının beynindən ildırım kimi keçən fikirlərdən xəbərsiz idi. Vaxtın hər saniyəsi isə onların əleyhinə işləyirdi.
Anidən sifəti ciddiləşdi. İndi analıq hisləri başqalaşırdı, qoruyucu qatilə çevrilmə baş verirdi. Uşağın üzünə baxdı, gözlərindən öpdü, titrək, tərəddüdlü əllər qızcığazın simasında gəzindi və boğazında durdu. Sıxdı….
Qız çabaladı, anasının əlindən xilas olmaq istədi, bacarmadı. Qadınlar dəhşət içərisində bu kədərli mənzərəni izləyir, ananın balasını qorumaqçün öldürməsini görür, heç nə edə bilmirdilər. Ana əllərini övladının boğazında get-gedə daha kip sıxır, özü də nalə çəkir, sankı Durunun əzablarını onunla birgə yaşayırdı.
Durunun müqavimətsiz və itaətli bədəni artıq, cəsəd oldu, ağır yük kimi Türkanın əlindən düşüb qaldı. Qeyrətli türk qadını balasının cəsədini qatil əlləri ilə dərdli sinəsinə sıxıb dəhşətli nalə çəkdi….
Hiyləni anlayan, şikarın əldən çıxdığlnı görən qatil yüyürüb gəldi, əsəbdən qadınların birini yerindəcə güllələdi, Türkana da bərk təpik vurdu. Çıxıb getdi. Qatil ana bu zərbəni sanki hiss etmədi. bir az aralıda ağlayan Ərbakı digər bir qadın sakitləşdirirdi. Qalxdı. Oğlunu axtardı. Tapmadı. Əvvəl elə bildi, öldürülən oğlu imiş, dağınıq düşüncələr gözünü tutmuş kimi idi, bu anda qadın uşağı Türkana gətirdi. Körpə acmışdı.
Türkan oğlunu qorumalıydı. Tələsik qatil əllərini donunun ətəyinə silib körpəyə süd verməyə tələsdi. Körpə anasının qucağında sakitləşdiyi vaxt yenə qapı səsi gəldi. Bu dəfə iki qatil! Türkanın daha kimisə qorumağa taqəti qalmamışdı.
Dörd qadını apardılar.
Beş dəqiqə sonra Aybikəni apardılar, qadın fəryad etdi, onu burda, indi öldürmələri üçün qatillərə yalvardı. -Ölümü belə arzulayırsan? Tələsmə, çöldə öldürəcəyik.
Zavallı Aybikənin, otaqda qalan qadınların ruh halını təsvir etməkdə qələm acizdir.
Hər güllədən səksənib dik atılan balaca Ərbak tez də yuxulayırdı.
İndi otaqdakı hər kəs özünə ölüm arzulayırdı, heç kim ləyaqətini ərəbin və kürdün ayaqları altına sərməyi istəmirdi.
O qapı ölüm saçırdı. O qapıdan ölüm asta, məmnun addımlarla girir, əminliklə, qalibanə tərzdə və qurbanla oranı tərk edirdi. Hər getmənin də dönüşü mütləq olurdu və yeni ölümlər gətirirdi.
Çöldə telefon səsləndi. Qatillərdən hansısa biri müsahibinə vəd verir, üzrxahlıq edirdi, tezliklə işi başa çatdıracağını deyib israrla inandırırdı. Bu, o demək idi ki, qapı yenə açılacaqdı!
Cəllad son dəfə içəri girəndə çarəsi hər yerdən üzülən qadınlar onun simasında məmnun bir təbəssüm sezdilər. Sonra simadakı məmnuniyyəti ciddilik əvəz etdi.
-Uşaqları bir tərəfə! Cəld!
İlahi! Kim uşağını verər? Qadınlar susurdu. Hərə öz ciyərparasını qucağına sıxıb titrəyir, bir an sonra nə baş verəcəyini, uşağını verməzsə, nələr olacağını, nə kimi bədəl ödəyəcəyini düşünüb tapmağa çalışırdı. Heç kimdən səs çıxmadığını görən qatil prosesi təkbaşına həyata keçirməkdən ehtiyat edib çöldəki silahlıları köməyə səslədi. Beş nəfər gəldi, uşaqları analardan zorla ayırdılar. Türkan ideyasını gerçəkləşdirməkçün fürsət gözlədi. İndi hər saniyənin öz həyati hökmü vardı. Qarışıqlıqda fürsət tapıb balaca Ərbakı otağın küncünə qoydu, başının yaylığlnı açıb bələyin üstünə sərdi.
İndi Türkanın əlində süni bələk vardı, bələk həqiqiyə oxşayırdı, içi isə bükülmüş paltarlardan ibarət idi. Bələyi qəsdən nəvazişlə sinəsinə sıxır, süni mehribanlıq göstərib ağlayır, qucaqlayır, ehmalca yelləyirdi. Düşmən Türkanın qucağında həqiqi uşağın olmasına inanmalı idi. Növbə ona çatanda Türkan saxta nalə ilə bələyi könülsüzcə silahlıya uzatdı:
-Asta ol, oyanar.
Uşaqları da apardılar. Səkkiz ana nalə çəkdi…
Uşaqlardan bir-neçəsi ağladı. Analar həssas olur. Ağlamalarına ara verib həyəcanla çölə qulaq verən gənc qadınlar heç bir güllə səsi eşitmədikdə sevinir, uşaqlarının hara, nə məqsədlə aparıldığını bilməmələrinə rəğmən, analıq instinkti ilə daxilən rahatlaşırdılar.
(Gizli deyil ki, kürdlər və İŞİDçilər əsir alınan türkman uşaqlarını analarından alıb təlimlərə, kamikadze hazırlığına, cihada göndərir. İnsan alveri və orqan ticarəti də bu göndərişin tərkibinə daxildir).
Altmış dəqiqənin tamam olmasına dörd dəqiqə qalırdı.
Türkan ürəyində Ərbakın hələ oyanmaması üçün dua edirdi.
Bu dəfə ölüm qapısı sonuncu dəfə açıldı.
Könüllülərdən ibarət türkman özünümüdafiə dəstəsinin hər bir üzvünü ailəsi bu bəlanı yaşamalı olurdu. İndi ölüm növbəsi yerdə qalan qadınların idi.
Ərbak, yaxşı ki, oyanmırdı.
Türkan da, digər qadınlar da artıq burdan sağ çıxa bilməyəcəklərini anlayır, özlərinə mərdanə ölüm arzulayırdılar.
Qatil qapıdaca dayanıb otaqdakılara çölə çıxmaq əmri verdi. Qadınlar səssizcə ölümə doğru ağır addımlarla, fəqət qürurla yaxınlaşırdılar.
Hamı çıxarıldı. Türkan fürsət edib otağın Ərbak olan küncünə nəzər etdi. Uşaq tərpənmirdi. Otaq sabahkı yeni əsirlərçün boşaldılmışdı. Divarlar yenə, yeni ölümlərə şahidlik edəcəkdi…. Amma Ərbakın sağ qalacağına ümid sönməmişdi.
Silahlılar ən sonda çıxan Türkandan sonra qapını örtmədilər. Onları həyətdə cərgəyə düzdülər. Heç kim fəryad etmirdi, axı onlar Türk idilər!
Onuncu güllə Türkanın qisməti oldu…
Hər saniyədə açılan on bir atəşdən sonra əvvəlki sükut bərqərar oldu.
Gözlənilmədən uzaqdan bir maşın göründü. Könüllülər idi.
Silahlı atışma başladı. Türkmanlar maşından cəld düşüb öldürdükləri ərəb və kürd qatillərinə yaxınlaşdılar, bir az öncə qanına qəltan olmuş mərd türkman qadınlarının cansız cəsədləri önündə diz çökdülər. Onlar gecikdiklərinə, yol boyu üzləşdikləri silahlı maneələrə görə təəssüf etdilər.
İyirmi metr aralıda qalmış evin içərisindən bir TÜRK uşağının ağlamaq səsi gəlirdi. Bu, Ərbak idi!
Zaur Mustafa oğlu Mustafayev 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonu, Yusifcanlı kəndindəndir. Hazırda Bakı şəhərində yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
BB
20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9:00, mən artıq işdəyəm. Düzü, telefondakı vaxt barədə nəticə məni qane etmədiyinə görə tələsik dəhlizə çıxıb divardakı saata da baxası oldum. Heç məndən çıxmaz iş, bəlkə də, ömrümdə birinci dəfə işə vaxtında gəlmişəm. “Tez oyananla tez evlənən uduzmaz” məsəlini beynimdə çək-çevir edə-edə iş masamın arxasında əyləşdim. Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı. Ofisdə orta yaşlı xadimə xanımla məndən başqa heç kim yox idi. Dəstəyi xanım götürdü:
-Bəli. Buyurun. Bəli. Yaxşı, – telefona cavab verdikdən sonra, – Əli müəllim, zəhmət omasa 14-ü qaldırın.
-Məni soruşurlar? – Bir az da heyrətlə soruşdum. Düzü məəttəl qalmışdım. Səhərin gözü açılmamış kim idi, görəsən? Nə istəyirdi? “Adbaad elə məni soruşdular, ay xanım?” – deyə bir də xanımdan soruşdum.
-Xeyr. Soruşdular işçilərdən orada kim var?
-Oldu, – deyib dəstəyi götürməkdən başqa çarəm qalmadı, – Bəli. Buyurun. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim. Eşidirəm sizi, – Xəttin o başından incə, ancaq amiranə xanım səsi eşidildi:
-Olar, sizə elə kəsədən Əli müəllim deyim?
-Bəli. Olar. Buyurun. Eşidirəm sizi.
-Sizi “BB”-dən İlahə xanım narahat edir.
-Buyurun, İlahə xanım, – Məşhur “BB”-şirkətinin adını eşidən kimi gözlərimə işıq gəldi. Ani olaraq ataların ruhuna bir rəhmət göndərib, – Buyurun. Narahat etmirsiniz, xoşdur. – davam etdim.
-Bilirsiniz, qarşıdan həm bizim bosun, həm də şirkətimizin yaranmasının yubileyi gəlir. Bu münasibətlə Bəy Bala müəllim jurnalistləri çağırıb müsahibə verir. Bu gün səhər saat 10:00 üçün gələ bilərsiniz, sizi görüşə yazım?
-Bəli. Yaza bilərsiniz. Yazın. Ancaq gəlin ünvanı dəqiqləşdirək. Mən sizin ofisin yerini təxmini bilirəm. Yenə də dəqiqləşdirsək yaxşı olar. Deyə bilərsinizmi?
-Bəli. Zəhmət olmasa, qeyd edin.
-Deməli, – Çingiz Mustafayev 104, həyətə girən kimi sağdakı boz qapı, üstündə iri hərflərlə “BB” yazılıb. Oldu. Düz vaxtında orada olacam.
Xanım dedikcə qeyd edirmiş kimi, qələmi qeyd dəftərçəsinin üzərində gəzdirsəm də əslində heç nə yazmırdım. Çünki o dedikcə hara gedəcəyim gözlərimin önündə canlandığından buna ehtiyac duymadım. Söhbət bitəndə sadəcə bugünkü tarixə görüş vaxtını qeyd etdim. Sonra redaksiyanın çıxış kitabına çıxdığım vaxtı və gedəcəyim ünvanı yazdım. İçərisində müxtəlif vəziyyətlər üçün hazır suallarım və gündəlik iş üçün vacib digər sənədlər olan qovluğumu qoltuğuma vurub ofisdən çıxdım. “BB”nin ofisi bizdən bir neçə küçə Qış Parkına tərəf aralı idi. Bizim ofis Həzi Aslanov küçəsində yerləşirdi. Vaxta 15 dəqiqə qaldığına görə “BB”nin ofisi olan küçədən keçib Qış Parkına gəldim. 10:00-a 5 dəqiqə qalana qədər düz iki siqaret çəkdim. 5 dəqiqə qalanda ağzıma bir saqqız atıb, üstümə ətir vurub təyin olunmuş ünvana doğru yönəldim. “Çingiz Mustafayev 104”-ə çatan kimi bazubənd əvəzi qoluma keçirtdiyim maskamı çıxardaraq üzümə taxdım və üzərində böyük boz rəngli hərflərlə “BB” yazılmış boz qapını açıb içəri daxil oldum. İlahə xanımı soruşdum. Elə girişdəcə telefonların yanında oturmuş xanım gülərüzlə məni qarşıladı:
-Buyurun. Sizə necə kömək edə bilərəm? İlahə xanım mənəm.
-Mən Əli Mülayim. Saat 10 tamama görüş təyin etmişdik.
-Bəli. Buyurun keçin. Bəy Bala müəllim sizi gözləyir. Ancaq zəhmət olmasa, üst geyiminizi və telefonunuzu verin, mən saxlayım. Bu qalstuklardan birini bağlasanız, lap əla olar. Bax, bu sizin köynəyə lap uyğun gəlir. Buyurun, – deyə üzərində sarı ay-ulduz olan tünd göy rəngli qalstuku mənə uzatdı. Çar-naçar qalstuku alıb girişdəki böyük güzgünün qabağına keçdim. Qalstuku səliqə ilə bağladıqdan sonra, suallar və sənədlər olan qovluğumu da götürüb:
-Mən hazır, – dedim.
Xanım əvvəlcə qovluğumu da əlimdən almaq istədi. Birtəhər göz-qaşla başa saldım ki, iş üçün lazım olacaq. Nəhayət:
-Buyurun. Keçin, – deyə-deyə qapını açıb məni otağa saldı. Bəy Bala müəllim sanki məni görmürmüş kimi öz işində idi. “T” şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan notbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözləri ilə görməsə, sözlə ifadə etmək çox çətindir. Bəy Bala müəllim başını qaldırmadan bir az yorğun səslə:
-Xoş gəlmisiniz. Əyləşin, – dedi və sağ tərəfdə olan yeganə boş kürsünü əli ilə mənə işarə etdi. 5-10 dəqiqə oturandan sonra mənə məlum oldu ki, o da açıq notbuklarda digər ofislərdəki işçilərinin davranışlarını müşahidə edir. Nəhayət, sanki bu məşğuliyyətdən bezərək, – üzr istəyirəm, sizin adınız necə oldu? – deyə düz gözlərimin içinə baxdı.
-Əli Mülayim.
-Çox gözəl, Əli müəllim. Vallah, indi elə zamanada yaşayırıq ki, mülayim olmayıb neynəyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun.
-Elədir.
-Əli müəllim. Deməli, vəziyyət belədir. Bu üzümüzə gələn dekabrın 25-i həm mənim 55 yaşım tamam olur, həm də şirkətimin 20 illiyi olacaq. Düzdür, mənim buna ehtiyacım yoxdur, ancaq yenə istəyirəm ki, mətbuatda, televiziyada bu barədə məlumatlar getsin.
-Lap yaxşı. Aydındır, Bəy Bala müəllim.
-Bir də xahiş edirəm o maskanı çıxardasınız ki, sizin nə dediyinizi anlaya bilim. Yoxsa, heç nə başa düşə bilmirəm. Burada kim var ki? Bir də inanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Canı verən də, alan da bax o kişidir! – Dedi və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı.
-Doğrudur. Doğrudur. – deyə-deyə maskamı çıxardıb əziz matah bir aksesuar kimi köynəyimin döş cibinə qoydum.
-İndi deyin görüm, hazır gəlmisiniz, yoxsa, hər işi mən görəcəm?
-Nə mənada?
-Yəni suallarınız, ya nə bilim bir proqramınız varmı belə hallar üçün?
-Əlbəttə.
-Onda başlayaq.
-Başlayaq. Özünüz, ailəniz və işiniz barədə ürəyinizdən keçənləri, bizim oxucularla bölüşmək istədiklərinizin hamısını anladın. Söhbət əsnasında yarana biləcək vəziyyətlərə uyğun köməkçi suallarla mən sizə kömək edəcəm. – deyib, qovluğumdan bu hal üçün nəzərdə tutulmuş suallar qeyd olunan vərəqi və qeydlər aparacağım ağ A4 kağızları çıxardıb masanın üstünə qoydum.
-Deməli belə. Mən Xanlar rayonunun Bəyoğlular kəndindənəm. Atamın adı Böyük Bəy, onun da atasının adı Bəy Bura, onun da atasının adı Böyük Bəy, onun da atasının adı Bəy Bala, onun da atasının adı Bala Bəy… Nə başını ağrıdım. Bax beləcə gedir. Adam var, atasın tanımır. Maşallah olsun. Biz yeddi arxa dönənimizi tanıyırıq. Adətdəndi. Kişi gərək yeddi babasının adını bilə. Siz cavanlar da öyrənin və uşaqlarınıza öyrədin. Bu çox vacib məsələdir. Çox yerdə görürsən mənim adımı səhvən “Bəybala” kimi bitişik yazırlar. Bu səhvdir bizim adlarımız ayrı yazılır. Məsələn, Bəy Bala, və ya Böyük Bəy. Bax, belə. Siz də düzgün yazın. Siz inanırsınız mən neçə dəfə belə səhvlərə görə bir qəzetin bütün nömrələrini köşklərdən toplatmışam. Nəsə sözüm onda deyil. Biz ailədə, Böyük Bəyin ocağında iki qardaş və iki bacı, dörd uşaq olmuşuq. Mən ailənin ilki, böyük uşaq olmuşam. Sonra bacılarım, Böyük Bəyim, Balaca Bəyim və sonbeşiyimiz, balaca qardaşım Bala Bəy. Deməli, ötən əsrin 90-cı illərində köhnə hökumət dağılanda mənim olardı 25 yaşım. Cavan, sütül oğlan idim. Atam məni oxutmaq istəsə də, düzü, mənim elə bir fikrim yox idi. Rusun əsgərliyinə də gedib gəlmişdim. Bizdə də ara yavaş-yavaş qarışırdı. Nəsə axır ki, kişi saqqızımı oğurladı. 1991-ci ildə nə az, nə çox düz 60.000 manat pul verib məni qoydu Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə. İndi hər yan universitetdir e. Onda bircə dənə universitet var idi. Kişi deyirdi oxu qurtar, səni raykom katibi qoyacam. Onu deyim ki, o vaxt elə oxumaq, filan da yox idi. İnanın bir torba alçaya qiymət yazan müəllimlər var idi. Onları da qınamalı deyil. O vaxtlar vəziyyət çox pis idi. Bu oxumağın mənə xeyri o oldu ki, o vaxtlar müharibəyə getmədim. Bir də günüm Bakının “talkuçka”larında, bazarlarında keçdi. Ticarətin bütün sirlərinə yiyələndim. Bir şənbə-bazarın alverinə bir semestri yola verirdim. Oxumaq, imtahan belə idi. Mən tarixi qurtarana qədər nə raykom qaldı, nə də katiblik. Ta kişinin də o vaxtları deyildi. Mənimlə oxuyan uşaqlardan bir-iki nəfər indi universitetlərdə müəllim işləyir. Çoxu mənim kimi biznesdədir.
-Biznesiniz konkret olaraq hansı sahəni əhatə edir? Zəhmət olmasa, bu barədə danışın.
-Tələsməyin. İndi ora gəlirəm. Hamısını yerli-yataqlı danışacam. Deməli, mən Bakıda alverdə, ailəmiz də qalmışdı rayonda. Universiteti bitirdim. Müharibə dayandı. Amma ölkədə vəziyyət daha da çətinləşmişdi. Alverdən başqa heç bir işdə pul yox idi. Atam nə qədər dedi ki, gəl müəllim işlə. Lap səni məktəb direktoru qoyum. Maarifə işə düzəldim. Dedim ki, yox e, bunlar mənlik deyil, mənimki alverdi. Biznes. Onu da deyim ki, ta mənim satmadığım şey qalmayıb ha. Elə axtarışdayam. Nə olsun? Necə olsun? Nə yenilik edim? Nə iş qurum? Bax belə fikirləşirəm. Xarici biznesmenlərin həyatından filmlərə baxıram, kitablar, məqalələr oxuyuram. Bərk axtarışdayam. Allah deyir səndən hərəkət, məndən bərəkət. Bir dəfə bir xarici kinoya baxıram. Lap o qədim Amerika filmlərindəndir. Bəlkə, siz də baxmısınız. Bir əczaçı qadın əlində bir şüşə öz hazırladığı dərmanı kino boyu hərləyir, fırlayır, nə qədər edir bu dərmanı sata bilmir. Axırda necə olursa bir kişi ilə vuruşmalı olur. Kişini yaralayır və kişi infeksiya qorxusundan məcbur olub dərmanı qızıl pulla qadından alır. Üstəlik qadından xahiş də edir ki, bu məhlulla onun yarasını təmiz-təmiz yuyub sarısın. Filmdəki bu fraqment mənə ideya vermişdi, ancaq bu ideyanı harada necə tətbiq edəcəyimi heç cür dəqiqləşdirə bilmirdim. Artıq evlənmişdim. Üzr istəyirəm, arvad da pul istəməkdən başqa heç nə bacarmırdı. Xırda alver ta mənim ehtiyaclarımı ödəmirdi. Ata-anam da rəhmətə getdi. Dost-tanış da hərə bir yandan deyirdi ki, kənddə bacı-qardaşın vəziyyəti pisdir. Onları da yığ gətir Bakıya. Bu kimi hallar məni lap bezdirmişdi. Elə bu vaxtlar qızımın ad gününə hazırlaşırdıq. Böyük uşağım qızdır. Adını da Böyük Bacı qoymuşam. 1 yaşı tamam olurdu. Uşağı ilk dəfə aparmışam bərbərxanaya. Öz dəlləyimin yanına getmişik. Bakıya gələndən bəlkə necə ola, bir-iki dəfə başqa usta yanına gedəm, həmişə bu dəlləyin yanınına getmişəm. İndi də sağ olsun, gəlir elə bax burda, bu ofisdə bütün işini görüb gedir. Nəsə, orda işimiz bitəndən sonra dəllək yavaşca qulağıma deyəsən ki, bəs uşağın başında bit var. Düzü, bu sözü eşidəndə orda sakit qalsam da cin vurdu təpəmə. Gəldim evə arvadla yenə qırdıq bir-birimizi. Baldızım da bizdə idi. O dedi ki, bəs yeznə narahat olma, Türkiyədə olanda bizim də saçımıza düşmüşdü. Orda apteklərdə yaxşı dərman satılır. Dərman deyəndə şampun kimi bir şeydir. Ballı indi oradadır. Ad gününə gələcək, deyərəm alıb gətirər. Narahat olma, ikisin alıb gətirsə, bəsdir. Ballı da mənim balaca baldızımdır. Üç bacıdırlar. Ballı ən kiçiyidir. Alverdə o da yaxşıdır. Dubaydan vurur, İslambuldan çıxır. Bax, mənim bütün həyatım bu Ballı baldızımın hesabına dəyişdi. Yəqin, şəhərdə görmüsünüz “Bala Baldız” gözəllik salonları, “Bal Baldız” kosmetika mağazaları hamısı onundur. Yəni, mənimdir. O idarə edir. Nəsə, baldız gəldi, iki qab bit dərmanı da gətirdi. Dərman işə yaradı. Bu məsələ yüngülvari dalağımı sancsa da, hələ elə bir ciddi dönüş etməmişdim. Hələ qadın koftası mağazası işlədirdim. Arvadla da elə orda, ona kofta satanda tanış olmuşam. Nəsə, bu başqa söhbətin mövzusudur. Yadınızda olar yəqin ki, bir ara quş qripi yayılmışdı?
-Bəli. Bəli. Yaxşı yadımdadır.
-Bax, o vaxtlar söz gəzirdi ki, guya xaricdə bloklara girib qapı dəstəklərinə, avtobus və metroda tutacaqlara nəsə püskürdürlər, camaat da xəstələnir. Əslində bu xəstəliyin göydə uçan quşlarla heç bir əlaqəsi yoxdur. Yerdəki bayquşların işidir. Bu məsələnin bizə heç bir aidiyyəti olmasa da ideyanı bir az yerindən tərpətmişdi. Və nəhayət, bir gün təsadüfən televizorda gördüm ki, bir kişi bizim Tərtər rayonunun bir kəndində soxulcan yetişdirib, fermerlərə, balıq tutanlara satır. Bu xəbəri görən kimi, “Böyük Biznes” ideyası işə düşdü və avtomatik olaraq anındaca “Biq Boss”a çevrildim. İnan ki, o gecəni evdə yatmadım. O saat hava limanına, oradan da birbaşa İslambula uçdum. Ora çatdım, heç otelə də getmədim. Elə hava limanında gözlədim, səhər açılan kimi apteklərə baş çəkməyə başladım. Gördüm, maşallah olsun bit dərmanının çeşidləri lap çoxdur. Bir gün aradım-araşdırdım. Ən tanınmış firmaların üçü ilə danışıb, razılaşıb elə həmin gecə qayıtdım Bakıya. Və başladım burada da apteklərlə, kosmetika mağazaları ilə danışıb, razılaşmağa. Hər şey tam hazır olandan sonra kofta mağazasını mal qarışıq satdım. Başladım Türkiyədən mal vurmağa. Mallar gəldi payladım “toçka”lara. Gördüm, yox e… mal getmir. İdeyanı saldım işə. Daha doğrusu öz-özünə düşdü işə. Birinci rayonda olan qardaşım Bala Bəy xəbər göndərdi ki, uşaqları bit basıb. O dərmandan bizə də göndər. Mən də ona xəbər elədim ki, bəs dərmanı neynirsən evi-eşiyi də sat, külfəti də götür gəl Bakıya. Sağ olsun, sözümü yerə salmadı. Heç bir həftə keçmədi gördüm yığışıb gəlib. Gələn kimi Sovetskidə hamam-tualetsiz evlərindən bir dənə 3 otaqlı ev kirayə tutdum onlara.
-Üzr istəyirəm, niyə məhz belə?
-Hövsələniz olsun. İndi deyəcəm. Deməli, qardaşımın maşallah 7 uşağı var. 2 nəfər özləri, bir də qaynanası. Düz 10 nəfərdirlər.
-Mən onu soruşmurdum. Həqiqətən evin hamam-tualeti yox idi. Bəs necə yaşayırdılar orada?
-Əlbəttə. O evlərdə hamam-tualet olmur. Sadəcə həyətdə bir ümumi ayaqyolu olur, vəssalam. Bizə də elə belə evlər lazım olur. Çünki onlar saçlarını yumurlar. Əksinə çirkli saxlayırlar ki, bitlər üçün münbit mühit olsun.
-Bəs onlar nə iş görürdülər?
-“Görürdülər” yox, “görürlər”? Onlar bu saat da elə orada yaşayır və işləyirlər.
-Bəs sökməyiblər oranı?
-Xeyr. Neçə illərdir deyirlər, hələ bir şey yoxdur. Bir də qardaşımın indi lap şəhərin mərkəzində yeni tikilən binalarada bir yox, bir neçə mənzili var. Ora sadəcə bizim iş yerimiz, çörək ağacımızdır. Deməli, bunları ora yerləşdirib, tapşırdım ki, siz ancaq əlinizdə olanı yemək-içməyə bir də yol puluna xərcləycəksiniz, hər ayın 5-i həm xərcliyinizi, həm də qazancınızı mən verəcəm. Sizin işiniz o olsun ki, yeyin-için, bitləri çoxaldın. Səhər-axşam şəhərin insanlar gur olan yerlərdə, ticarət mərkəzlərində, avtobuslarda, metroda basabas vaxtı girin camaatın içinə, ürəyiniz istəyən qədər gəzin.
-Üzr istəyirəm, belə niyə?
-Eh, dostum. Bitlərin yayılması üçün. Bu bit təmiz başı, yəni xam yeri elə tanıyır, elə tanıyır… Bir bilsən. Bu barədə yazsam indi elmlər doktoru idim. Deməli, birinin saçında bit varsa, 25-30 nəfər sərnişin tutumu olan avtobusda bircə dövrə vuranda ən azı 100 adama bit salır. Gör indi maşallah 50-60 nəfərlik avtobusda bu nə qədər olur ha… Özü də onlara tapşırmışam ki, avtobusa bir dəfə mindin sürücü tanıyıb zorla düşürənə qədər düşməsinlər. Belə həm də “rasxod” azalır. Onların özlərinə xeyirdir. Qazancları artır. Nə başını ağrıdım. Birinci ayın sonunda apteklərə mal çatdıra bilmədim. Allah bərəkət verdi. Mal vur, pul götür… Mal vur, pul götür… Bacılarımı da gətirdim Bakıya. İndi maşallah olsun. Təkcə qardaş-bacılar deyil, qardaşuşaqları, bacıuşaqları, hələ canım sənə desin, sinifyoldaşlarımdan da bir neçəsinin çalışdığı belə ocaqlarımız var. Şəhərdə təxminən 100-ə yaxın obyektdə bit yetişdirib yayırıq. Daha doğrusu, bitlərin çoxalıb, yayıla biləcəkləri münbit mühit formalaşdırırıq. Dünyanın müxtəlif təbiəti, canlı aləmi sevən təşkilatlarından bilirsiniz nə qədər mükafatlarımız var? – deyə mənə işarə edərək yana qanrılıb rəfdəki müxtəlif formada və dillərdə olan diplomları, prizləri göstərdi.
-Bu işlə yalnız Bakıda məşğulsunuz?
-Bəli. Hələlik ancaq Bakıda. Bilirsiniz bu biznes sırf inkişafla bağlı, inkişaf göstəricisi olan sahədir. Gərək yaşayış ola, insan ola ki, bit də olsun. Bakıdan başqa sıx yaşayış olan yer yoxdur. Gəncə və Sumqayıtda bir-iki dəfə eksperiment aparmışıq nəticə “0”. Hələlik ancaq Bakıda fəaliyyət göstəririk.
-Üzr istəyirəm, Bəy Bala müəllim, sizin qohumlar kimi həyat yoldaşınızın qohumları da belə canla-başla bu ailə şirkətində çalışırlarmı?
-Bayaq sizə dedim, şəhərdə gördüyünüz bütün “Bala Baldız”, “Bal Baldız” obyektlərin hamısı mənim balaca baldızım Ballı xanıma aiddir. Yəni, o, işlədir. Sağ olsun. Doğmaca arvadımdan görmədiyimin hamısını ondan gördüm. Həm mənəvi, həm maddi. Mən də onu yaşadıram. Hələ indiyə qədər bir sözünü iki eləməmişəm.
-Bəs Ballı xanımdan başqa?
-Başqa heç nə. Siz elə düşünürsünüz ki, onlar da bitli saçla metro, avtobus gəzib bit yayırlar. Yox, dostum. Nəinki, onlar heç doğmaca var-yox bircə oğlum Bic Bala buraxdı bit yaymağı, “toçka”lardan pul yığmağa getməyə belə ərinir. Bu işi sinifyoldaşlarımdan birinin oğluna tapşırmışam. Sağ olsun, halal uşaqdır. Demişəm, əgər qanunu yolla adını dəyişib, Bəy Bura qoysa, qızım Böyük Bacını ona ərə verib, şirkəti də bağışlayacam onlara. Oğul, arvad tərəf zaydır. Oğlum olanda nə qədər elədim babalarımdan birinin adını qoya bilmədim ona. Arvadla qaynənəm birləşdilər. Mən də dirəşdim ki, necə olur olsun 2 “B” mütləq olmalıdır. Onlar da dedilər, “nə şiş yansın nə kabab” adını qoydular Bic Bala. Uşaq da oldu cüvəllağı, avara. Oxumaq, zad nədi. 15 yaşı olan kimi də evlənib. Yəni arvad “padruqa”larından birinin qızı ilə baş-göz edib. 1 oğul nəvəm var, adını da yenə arvad tərəf 2 “B”-ni gözləmək şərti ilə Biq Boss qoyublar. İndi onun da ad günü yaxınlaşır. 1 yaşı tamam olacaq. Bir sözlə, qızm Böyük Bacıyla baldızım Ballını çıxmaq şərti ilə arvad tərəf ancaq xərcləməklə, dağıtmaqla məşğuldur. Düzü, bu ötən müddət ərzində arvadın hələ zəng vurmamasına narahat olmağa başlamışam… – Bəy Bala müəllimin sözü ağzında qaldı. Şəhər telefonunun cingiltili səsi kabineti başına götürdü. Dəstəyini qaldıraraq qaş-gözlə mənə “görürsən?” – deyib davam etdi: – Bəli, buyur, başımın tacı, evimin yaraşığı, şirkətimin loqosu, buyur. Votsapla? Baş üstə. Görüntülü? Baş üstə. – deyib dəstəyi asdı. Və mobil telefondan görüntülü yığdı. Nə billah etsə də həyat yoldaşı öz görüntüsünü açmadı. Əksinə Bəy Bala müəllimi məcbur etdi ki, kabinetin bütün künc bucağını mən də daxil olmaqla ona göstərsin. Görüntü olmasa da arada xırç-nırç, şap-şup kimi səslər qarışıq kişi səsinin eşidilməsi mənim də diqqətimi çəkdi. Elə bu vaxt Bəy Bala müəllim bir az da əsəbi kimi: – Hardasan, bu nə səs-küydü? – deyə sual verdi. Cavab özünü çox gözlətmədi: – Qəssab Mehralının yanındayam, bilirsən də onda həmişə “üçbacılıq” yaxşı ət olur. Eşidirsən, Mehralı sənə salam deyir. Deyir, çox sağ olsun. Yaxşı kişidir. Bəy Bala müəllim bu dəfə yenə də mənə qaş-göz eləsə də mən bu işarələrə bir anlam verə bilmədim. Nəhayət: – Yaxşı canım, öpdüm. Sən də salam de. Di, hələlik. Əlimdə işim var. – dedi və cavab gözləmədən zəngi sonlandırdı. Dilxor halda mənə tərəf çevrilərək:
-Evlisiniz, subay?
-Subay.
-Kifayətdir. İndi bu yazının adını nə qoyacaqsınız?
Fikrimdən“Bit Biznesi” keçsə də, “Böyük Biznes” dedim.
-Bəlkə, bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız? Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq. Siz də, xahiş edirəm bunu götürüb, o məşhur tamaşada deyildiyi kimi… – deyərək əlində tutduğu şax “200”lüyü zorla maskanın yanına yerləşdirdi.
-Çox sağ olun. Heç yaxşı olmadı, Bəy Bala müəllim. Əgər fikriniz dəyişsə, qoy İlahə xanım sadəcə mənə xəbər eləsin. Yazını hazırlayıb, hazır saxlayacam.
-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil. Qalstuku da açma, sənə yaraşır. Bizdən hədiyyə olsun. Subay oğlansan, get dincəl! Ye, iç, kef elə! Qarşıdan gələn Yeni İlin də mübarək!
-Çox sağ olun, – sağollaşıb ofisə qayıtdım.
İndi oturub yeni zəng gözləyirəm. Ancaq bu dəfə tək deyiləm. Ac və qoca qurdlar hamısı buradadır.
Namiq Zaman oğlu Zamanov 20 noyabr 1971-ci ildə Laçın rayonu, Zağaltı kəndində anadan olub. Hazırda Ağdaş rayonunda yaşayır.
XƏYANƏT
“Qoca ulas”ın* yanında qaraltı göründü. Bundan xəbər tutan camaat kəndin yuxarısındakı “Xırman yeri”nə axışdı. Gecə yağan qardan sonra hər yer ağappaq olduğundan, qaraltı daha yaxşı seçilir, diqqəti tez cəlb edirdi. Hava tərtəmiz, buludsuz və günəşli idi. Hamının nəzəri qarşı tərəfə – çayın o tayına, meşə talasındakı qaraltıya yönəlmişdi. Tezliklə hər şey məlum oldu: “Qoca ulas”la qabaq-qənşər balaca bir mağara vardı. Nə vaxtsa gəlib burada “qış yuxusu”na getmiş qonur ayı mağaranı tərk edərək, yavaş-yavaş ordan uzaqlaşırdı. Sinəsi və ayaqları ilə qarı yara-yara “Poçt yolu”nu keçən ayı “Həsənağa”nın düzünə çıxdı. Geriyə çevrildi, çöməlib bir müddət hərəkətsiz qaldı. Ətrafı gözdən keçirib havanı iylədikdən sonra, qollarını yuxarı qaldırıb bir az dikəldi. Boğuq, amma uca səslə nərə çəkdi. “Moruqlunun dərəsi” vəhşi bağırtıya əks-səda verdi. Bu vahiməli səs yeri-göyü silkələdi, ağacların, kolların üstündəki qar yerə töküldü. Kəndin qənşərindəki “Dəmirçi dağı”nın döşündən qopan nəhəng qar topaları diyirlənib “Meşənin başı”nda təpəcik əmələ gətirdi. Bir anda ətrafda civildəşən quşların səsi kəsildi. Qəribə bir səssizlik yarandı. Hamı heyrətlə biri-birinin üzünə baxırdı. Baş verənləri anlamaq çətin idi…
Qaraltı “Dikyurd”un sinəsilə ilan kimi qıvrılıb-gedən qar basmış yolla üzüyuxarı sürünürdü. Obanın yaşlı sakinləri bu vaxta kimi belə bir hadisəyə rast gəlmədiklərini deyirdilər. Uzun illərdən bəri boş qalmış mağaraya bu heyvan haradan, necə gəlib girmişdi? Birdən-birə, “qışın oğlan çağı”nda, yuxusundan yarımçıq oyanıb bu vəziyyətdə – gecələrin birində deyil, səhərin açılan vaxtı oranı niyə tərk edirdi? O niyə öldürüləcəyindən qorxmur, özünü hamıya göstərirdi? Bəs bu hikkəli qışqırığın, baş alıb getməyin səbəbi nə idi?.. Cavabsız suallar beyinlərə, düşüncələrə hakim kəsilmişdi.
Artıq “Çalbayır”ın aşırımında görünən kainatın bu sirli varlığı qürub etməkdə olan günəşin son şəfəqləri içərisində əriyib yox oldu. Heyrətdən donmuş insanlar axşamın ala-toranlığında çəkilib öz evlərinə getdilər. O gecə heç kimin gözünə yuxu getmədi.
Səhər açılar-açılmaz ayının izinə düşən adamlar dünən onun “Sarısərçəli meşəsi”nə getdiyini güman etsələr də, az müddətdən sonra yanıldıqlarını gördülər: İz onları aparıb “Qızıl-qaya”nın başına çıxartdı. Atlılar üzü kəndə sarı oturmuş halda donub qalan ayını görüb təəccübləndilər. Yenicə doğan günəşin qızılı şüaları onun üz-gözünü və enli sinəsini dünənki kimi parıldadırdı. Sifətindəki qəzəb və nifrət aydın sezilirdi. Sanki yenə də var gücü ilə bağırmağa, nəyi isə anlatmağa hazırlaşırdı…
Bu söz-söhbət uzun müddət danışıldı. Kəndin ağsaqqal, dünyagörmüş adamları ayının intihar etdiyini və bununla hansısa gizli bir mətləbdən xəbər vermək istədiyini söyləyirdilər. Bu, həm də yaxın zamanda baş verəcək xoşagəlməz hadisənin ola biləcəyindən və buna hər an hazır olmağın vacibliyindən xəbər verirdi.
Əslində, camaat hər şeyə çoxdan hazır idi: aşağı bölgələrdən məmləkətə soxulmuş yadelli quldurları yiyələndikləri ərazilərdən çıxarmaq üçün kəndin əli silah tutanlarının əksəriyyəti, xüsusən cavanlar oraya getmişdilər. Onlar gecə-gündüz səngərdə idi. Döyüşlərdə həlak olanlar, itkin düşənlər vardı, torpaq bir daha şəhid qanı da dadmışdı. Amma bütün bunlara baxmayaraq, heç kəs qorxmur, ruhdan düşmürdü. Elin-obanın qeyrətli, cəsur oğulları öz ata-babalarının vaxtilə tutduğu yolla gedərək, silaha sarılmış, bu dəfə nə olur-olsun, azğınlaşmış düşməni tamamilə süpürüb vətənin hüdudlarından kənarlaşdırmağı, zaman-zaman baş qaldıran bu dava-dalaşa, qan-qadaya birdəfəlik son qoymağı qət etmişdilər. Yenidən öz dönüklüyünü, qaniçənliyini ortaya qoyan bu xain “qonşu” vaxtilə uzaq məmləkətlərdən gəlib buralarda məskən salmış, sonralar ətraf bölgələri də ələ keçirmək məqsədilə bir-neçə dəfə hücuma keçərək, xeyli dağıntı, tələfat törətmiş, hər dəfə də istəklərinə nail olmuşdular. Ayrı-ayrı vaxtlarda yerli əhali onlara qarşı mübarizə aparsa da, son anda, məmləkəti işğal etmiş daha böyük düşmənin havadarlığı sayəsində burada özlərinə yer eləmiş, zəli kimi əyalətin ortasına sancılmışdılar. İndi isə yenə də baş qaldıraraq, buranın qədim sakinlərini öz məskənlərindən qovmaq istəyirdilər.
Budəfəki ağır döyüşlərdə mühasirədə qalmış, aclıq və itkilərlə üzləşmiş düşmənlər qarşılaşdığı müqavimətdən sarsılaraq, savaşı dayandırmaq, tezliklə buraları tərk etmək fikrindəydilər. Canıyla, qanıyla vətənə bağlı olan igidlərsə, onların başına od ələməkdə davam edirdi. Ölümün üstünə atılan bu ərənlər yaxın günlərdə hər şeyi alt-üst edəcək xain hiyləsindən hələ xəbərsiz idilər…
Kənddə narahatlıq get-gedə artırdı. İllərdən bəri hər cür çətinliyə sinə gərmiş bu insanlar qorxmurdular, onları qarlı qışın bu vədəsi, ailə-uşağın vəziyyəti düşündürürdü. Bir yandan da, əvvəlki kimi sərbəst deyildilər və istədikləri şəkildə mübarizəyə qoşula, öz güclərindən faydalana bilmirdilər. Bunun da səbəbləri vardı: artıq “nizami” ordu yaradılmışdı, könüllü döyüşçülər də ordu ilə birlikdə komandanlığın istəyinə uyğun hərəkət etməyə məcbur idi.
Hadisələrin axarı xeyli dəyişmişdi. Döyüşə rəhbərlik edənlərin ikibaşlı hərəkəti hamını çaş-baş qoymuşdu. Bəzən könüllü döyüşçülər yersiz əmrlərə tabe olmur, buna görə cəza alırdılar. Təxribatlar güclənir, əsgərlər arasındakı pərakəndəlik get-gedə dərinləşirdi. Onlar sahib olduqları yerlərdən xeyli geriyə çəkilmişdilər, hücumlar çoxlu itki və məğlubiyyətlə nəticələnirdi. Əlverişli yerlərdən uzaqlaşdırılmış əsgərlər aşağı bölgələrdən xəbərsiz idi, aşağılarla əlaqə kəsilmişdi. Döyüşçülərə hər gün geri çəkilmək əmri verilir, düşmənlərsə, bundan istifadə edərək, öz ərazilərini genişləndirirdilər.
* * *
Bu səhəri camaat yenə acı xəbərlə açdı: əsgərlər döyüş meydanından tamamilə arxaya çəkilərək, qonşu obalara qədər gəlib çatmışdılar! Çöhrələrdə hüznlü bir təlaş vardı. Mal-qoyunun mələşməsi, toyuq-cücənin, itlərin səsi biri-birinə qarışmışdı. İnsanların ağzında söz də donmuşdu, kimsədən səs çıxmırdı…
Bu vaxtlar torpağın oyanan, quşların bala çıxaran vaxtı idi. Bahar qoxusu, yaz ətri hər tərəfi bürümüşdü. Axşam-səhər əsən ilıq meh dağlara, düzlərə sığal çəkib, dərələrin bal kimi süzülüb gedən dum-duru, ilıq sularında yuyunurdu. Hərdən nərildəyən ildırımın havanı, dağı-dərəni titrədən gurultusu, göz qamaşdıran şimşəyin göy üzündə damarlanan parlaq işığı, bir anda sellənən yağışın torpağı döyəcləyən iri damcıları möhtəşəm oyanışın əzəmətli təntənəsi kimi, yenə də hər yanı canlandırırdı. Dumanlı-çiskinli yaz yağışından sonra səmanı bəzəyən al-əlvan göy qurşağı bu bakirə gözəlliyə yeni bir naxış artırırdı. Kənd camaatının hərilki kimi, qoruyub saxladığı toxumları, tumları səpdiyi şumlar da göyərmişdi. Evlərin yaşıllığa, gülə-çiçəyə qərq olmuş geniş həyətlərindəki toyuq-cücə günəşin mehriban gülüşündən xumarlanıb, öz həzin nəğmələrini oxuyurdu. İlk baharda çiçəkləyən alça ağacları meşəni saçı yenicə çallamış, müdriklik yaşına qədəm qoyan nurani insana bənzədirdi. Talalarda nərgiz, bənövşə, pəşəməngül, inciçiçəyi, sanki biri-birilə bəhsə girib, öz zərif görkəmi, təkrarolunmaz ətirlərilə ətrafdakılara naz satırdı. Bulaqların, dərələrin, çayların yanından keçəndə, suların zümzüməsi kəkotunun, yarpızın, mustafaçiçəyinin, lilparın, zəncirotunun xoş qoxusu, rəngbərəng kəpənəklərin asudə uçuşu, arıların çiçəkdən-çiçəyə qonaraq, onları “əzizləməsi”, “öpüb-oxşaması”, bu füsunkar mənzərədən ilhamlanan quşların şövqlə oxuduğu şux nəğmələr adamı ovsunlayırdı. Bir sözlə, təbiətin ən gözəl, ən təravətli, “torpağın gül, daşların dil açan” çağıydı. Amma bunların heç biri insanların gözünə görünmür, onların ruhunu oxşaya bilmirdi. Çarəsizlik əzabı yaşanırdı…
Heç kəsin ağlına belə gəlməzdi ki, uzaqlarda gedən savaş nə vaxtsa buralara – “Araz”la “Kür”ün suayrıcına, hər daşı, qayası, keçilməz bənd-bərəsi ilə təbii səngər, alınmaz qala olan bu yerlərə, bu uca dağlara gəlib çata bilər, ölümə belə meydan oxuyan aslan cüssəli igidlər iyrənc oyunların qurbanına çevrilib, yağı qarşısından geri çəkilər. Amma budur, düşmən günbəgün boş qalmış əraziləri ələ keçirir, get-gedə yuxarılara sarı yol alırdı.
Məmləkətin başı üzərindəki qara buludlar getdikcə çoxalır, uğursuzluq küləyi sinəsini didim-didim didirdi: hazırlanmış döyüş planları boşa çıxır, öndə gedən say-seçmə oğullar müəmmalı şəkildə qətlə yetrilir, yaxud “itkin düşürdü”. Obalardakı şəhid məzarlıqlarında savaşda həlak olmuş əsgərlərlə yanaşı uyuyan, düşmən gülləsinə tuş gəlmiş günahsız sakinlərin, qarı-qocanın, gənc və körpənin məzarı da az deyildi.
Ehtiyatı əldən vermək olmazdı. Qadınları, yaşlıları və uşaqları kənddən bir mənzil uzaq olsun deyə, obaların yaylaq yerinə – “Qızılqaya”nın qonşusu, “Mıxtökən”ə, “Murov”a, “Dəlidağ”a “sirdaş” olan “Sarıyoxuş”a aparıb, orada hazırladıqları dəyələrdə yerləşdirdilər. Başının dumanı-çəni çox vaxt əskik olmayan bu dağın zirvəsindən hər yan; “Çilgəz”, “Alaqaya”, “Cinli gədik”, üzüaşağı uzanıb gedən “Qırxqız” silsiləsi və onun aşağı zirvə hüdudu sayılan “Sarıbaba”, “Keşik(çi) dağı”, “Dəmirçidağ”, “Qaragöl”, “İşıqlı” dağı, “Qabaqtəpə” tərəflər, ucsuz-bucaqsız yaylalar… göz işlədikcə görünürdü. Hava aydın və sakit olsa da, arabir əsən sazaq adamın iliyinə işləyirdi. Elə bil baharın nəfəsi buralara gəlib çatmamışdı. Dağlar öz qonaqlarının bu vaxtsız-vədəsiz gəlişini, ağrısını, müsibətini əvvəlcədən duymuş, ciyərinin yanğısını söndürmək üçün başında qar da saxlamışdı. Bulaqlar da əvvəlki kimi bəxtəvərcəsinə çağlamır, sakitcə göz yaşı axıdırdı…
İndi “Qızılqaya” camaatın gözündə daşlaşmış nəhəng ayını xatırladırdı. O ayını ki, o, hələ üç-dörd ay bundan əvvəl, şaxtalı bir qış günündə özünü qurban etməklə, bütün bu olanları camaata xəbər verməyə, onları ayıq-sayıqlığa çağırmağa çalışırdı. Son və əbədi mənzil kimi hər kəsin görə biləcəyi, bəlkə də özünün hamını, hər yeri və hər şeyi müşahidə edə biləcəyi bu məkanı seçmişdi. Yəqin ki, daşlaşıb “Qızılqaya” boyda əzəmətli bir dağa çevrilmiş ayının narahat ruhu bu faciəni kənardan – həmin o uca zirvədən izləyirdi. O artıq cismən torpağa çevrilsə də, indi daha çox “danışa bilirdi”. Onun nə demək istədiyini camaat indi daha aydın başa düşürdü. Lakin gec idi…
Artıq hava qaralırdı. Kəndin üstünü qorxunc bir kabus almışdı. Hökm sürən cansıxıcı sükutu arabir hürən, ulayan itlərin səsi pozurdu. Kənd sakinləri yenə də həyatlarının ən çətin anlarını yaşayırdılar, doğma dam-daş sıxırdı onları. Sümükləri sızıldadan qərib duyğular tüğyan edirdi. İnsanlar sanki bu anda onlardan xeyli uzaqda – məmləkətin güney-gündoğanında satqın əməlinin güdazına getmiş, torpağı, od-ocağı, malı-mülkü talan edilərək ağır işgəncələrə düçar olunan soydaşlarının dəhşətli iniltisini hiss edir, “Araz”ın daşqın sularının gecənin qaranlığında amansızlıqla udub əbədi susqunluğa qərq etdiyi talesiz yurddaşlarının fəryadını eşidirdilər…
Gecəyarısı aşağı obalardakı yanğınların alovu havanı işıqlandırdı. Atışma səsləri, qulaqbatıran uğultu getdikcə yaxınlaşırdı. Müqavimət göstərməkdə aciz qalan döyüşçülər də geri çəkilməkdə davam edirdilər.
Danışmaq, hətta düşünmək belə mənasız idi, vaxt itirmək bundan da ağır faciəyə yol aça bilərdi. Əlləri hər yerdən üzülmüş insanlar evlərini tərk edib dağlara üz tutdular…
***
“Sarıyoxuş”da yaşadığı əzabdan və soyuqdan titrəyən insanlar şaqqıltıyla alovlara qərq olub tüstüsü ərşə qalxan kəndləri “seyr edirdilər”. Ürəkdağlayan ah-nalə nidaları gecənin zülmətini param-parça edirdi. “Buzxana”da, “Yelliyurd”da, “Cəhənnəmdərə”də ulayan qurdların səsi haylı-haraylı bir həyatın yetişməkdə olan qəmli sonluğundan xəbər verirdi. Bu müdhiş mənzərə iti bıçaq kimi dağın-daşın sinəsini dəlir, onların sirli yaddaşına hopurdu.
Gecənin dəhşətində vurnuxan insanlar sanki öz doğma məskənini heç zaman tərk etməyən, axır məqamda isə yurdunun daşına, torpağına çevrilib onunla əbədiyyətə qovuşan ayının nəfəsini hiss edir, hənirtisini eşidirdilər. Onun qaranlıqları ilğımtək yarıb-keçən qəzəbli baxışları adamların üzünə, gözlərinə dikilib onlara bir an rahatlıq vermir, üstlərinə nifrət dolu suallar yağdırırdı…
Səhərin açılmağına az qalırdı. Daha ləngimək olmazdı, hava işıqlaşmamış onlar dağın arxa üzünə, – “Qaragöl” tərəfə keçməli idilər. Xəyanət qurbanı olan bu zavallı insanlar ürəklərini, ruhlarını orada qoyub, acı göz yaşlarıyla əbədi sirdaşları olan dağdan-daşdan, yurd-yuvalarından aralanaraq, sonu görünməyən, ünvanı bilinməyən yolçuluğa qədəm qoydular.
Qarşıda onları məşəqqətli didərginlik həyatı gözləyirdi…
Nazilə Xəlil qızı Hüseynzadə 01 yanvar 1969-cu ildə Bakı şəhəri, Binəqədi rayonunda anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
EŞQDƏN ŞƏRQİ DEMƏYİN
Ayrılanda vidalaşmamışdılar…
Şəhidlər Xiyabanında sıralanan qəbirlər əmr gözləyən əsgərlərə bənzəyirdi, elə bil indicə yürüş edib yenidən cəbhəyə gedəcəkdilər. Qara mərmərlərə həkk olunan şəkillər sanki indicə dil açıb danışıcaqdı. Nəzrinin qəlbi göynədi. Minlərlə şəhid versək də, Qarabağ hələ də düşmən tapdağında idi. Balaca Elsevər qaşlarını çatıb, iti nəzərlərlə daşların üstündəki adları oxuyur, sonra əlindəki qərənfilləri bir-bir qəbirlərin üstünə düzürdü. Oğluna demişdi ki, bu xiyabanda qəhrəmanlar uyuyur. Demişdi ki, Vətənsiz insan, yuvasız quşa bənzəyir. Bütün bunları fikrində dolaşdıran Elsevər qəfil dilləndi:
-Ana, mən də, vətənimi qoruyacam!
Nəzrin fəxrlə oğluna baxdı, əyilib onun sarışın, qıvırcıq telləri tökülən ağappaq alnından öpdü. Elsevərin ağıllı, gülümsər baxışları onun ürəyini riqqətə gətirdi:
-Mənim ağıllı balam!!!
O, əlindəki qərənfilləri öğlu ilə bərabər qəbirlərin üstünə düzə-düzə irəlilədi. Qəhərlənmişdi. Birdən gözləri mərmər lövhə üstündə bir şəklə sataşdı.
İlahi, bu, doğrudanmı o idi?!
Sarsıntı içində şəkilə bir də, bir də baxdı. Şəkilin altındakı adı dönə-dönə oxudu. Yox, nə qədər acı da olsa, zənni onu aldatmırdı! Bu o idi! Xəyallarının bəzəyi, neçə illik həsrətinin əlçatmaz ünvanı! Nəcəf!!! Deməli, o da şəhid olubmuş! İçindən qopan inilti bütün bədənini titrətdi! Nəsə demək istəsə də, sözlər yumrulanıb boğazına tıxandı. Bir anlığa sanki yer ayağı altından qaçdı, dərindən dərin bir quyu açıldı və o, sürətlə quyunun dibinə enməyə başladı. Bir də onu hiss etdi ki, quyunun dibinə çatıb və taqətsiz halda, asta-asta yerə çökdü…
Nə qədər vaxt keçməsindən xəbəri yox idi. Yerində donmuş halda başdaşındakı şəklə baxırdı. İxtiyarsız göz yaşları yanağında cığır açmışdı, səssiz, yana-yana ağlayırdı.
***
Universitetin üçüncü kursunda oxuyurdu. Sonuncu imtahanı bu gün səhər vermiş, bir ay çəkən imtahanların yorğunluğu hələ canından çıxmamışdı. Axşamüstü olsa da, hava bürkü idi. Şəhərin cansıxıcı bürküsündən tez üzaqlaşmaq üçün kirayə qaldığı evdə bir az yır-yığış edib, dəmiryol vağzalına gəldi və axşam qatarına bilet aldı. Qatarın vaxtına hələ bir saat qalırdı. Bileti ümumi vaqona, üst qata almışdı. Dispetçerin deməsinə görə, aşağı yerlər bir neçə gün öncədən satılıb qurtarmışdı.
Vaqonun pəncərəsini açıq qoysalar da, içəridə hava elə ağır idi ki, nəfəs almaq olmurdu. O, içəridəkilərə salam verərək, keçib boş bir yerdə əyləşdi. Orta yaşlı, qarayanız bir qadınla yorğun sifətli, ağ saçlı bir kişi küncdə oturub, nə barədəsə söhbət edirdilər. Qadın astadan danışır, kimdənsə narazılıq edir, kişi ona dinməzcə qulaq asır, hərdən razılıq əlaməti olaraq başını yelləyirdi. Onların ər-arvad olduqlarını sonradan bildi. Vaxt keçsin deyə vağzal köşkündən aldığı qəzetləri açıb xala-xətrin qalmasın vərəqləməyə başlamışdı ki, bir neçə gənc oğlan hay-küylə vaqona girib, qarşıdakı arakəsməyə keçdilər…
Axır ki, qatar yırğalana-yırğalana, ləngər vura-vura yerindən tərpəndi. Təkərlər öz aramsız səs-küyü ilə elə bil ki, uzun, bitib-tükənmək bilməyən bir nağıl danışır, getdikcə sürəti artan qatarın gözqamaşdıran işıqları qaranlığa meydan oxuyur, qabağına çıxan nə varsa, açılacaq sabaha doğru qovurdu.
Ər-arvad çox söhbətcil, canayaxın adamlar idi. Qərbi Azərbaycandan – öz dədə-baba yurdlarından didərgin düşmüş bu adamların üzündə dərin bir iztirab, sarsıntı izləri görünürdü. Yanlarında oturmuş bir kişiylə dərdləşməyə başlamışdılar. Əsəbi danışan qadın qəfildən kövrəldi. Göyçə həsrəti qadını göynətmişdi. O, ermənilərə lənətlər yağdırmağa başladı…
…Nəzrinin gözləri önündə gözəl, axarlı-baxarlı kəndləri canlanmışdı. Axı, onun da əsli Göyçə mahalından idi. Uşaqlığının qayğılı-qayğısız illəri o səfalı yaylaqlar, geniş düzlərdə keçmişdi. Novlu bulağın həzin nəğməsi gəldi qulaqlarına. Qəhərləndi. Düşündü ki, bax, yay tətilidir, gedib kəndimizdə dincələr, şəhərin tozlu havasından bir az uzaq olardım. Amma hanı? El-obasının başına gətirilən amansızlıq qızı sarsıtmışdı…
Onu xiffət dolu bu kövrək duyğulardan ayıran arakəsmənin o üzündə nəsə qızğın söhbət edən gənclərin hay-küyü oldu. Azərbaycanın başıbəlalı taleyindən, torpaqlarımızın erməni vəhşilərinin hücumuna məruz qalmasından qəzəblə danışan gənclər necə oldusa, arakəsmənin arxasından çıxıb, yandakı boş yerlərdə oturdular. Nəzrin indi onların üzlərini də görə bilirdi. Gənclərdən biri daha çılğın idi. Nəzrin istər-istəməz bu alagöz gəncin dediklərinə qulaq asmağa başladı. O, ermənilərin Azərbaycan torpaqlarına rus imperiyası tərəfindən köçürülməsindən danışır, deyirdi ki, dünyada, bəlkə, yeganə xalqıq ki, heç bir millətin torpağında gözümüz olmayıb, öz torpaqlarımız bizə bəs edib. Göyçəni, Zəngəzuru, İrəvanı himayədarlarının əliylə mənimsəyən ermənilərin dişində şirə qalıb, indi də vətənimizin ürəyi olan Qarabağa diş qıcayırlar. Biz Vətənə onun bu günündə lazımıq! Əl-ələ verməli, unutmamalıyıq ki, ulu bir xalqın övladlarıyıq!
Birdən gəncin iti nəzərləri Nəzrinin üzünə sancıldı və baxışları anidən toqquşdu. Qızın ürəyi bərk çırpındı!!! Tez gözlərini oğlandan yayındırdı. Siqaret çəkmək üçün çıxan kişinin boş qalmış yerinə kecdi ki, bir də oğlanla göz-gözə gəlməsin. ..
Bayaqdan səs-küylə dolu vaqona qəfil sükut çökdü. Oğlanlar söhbəti dayandırmışdılar. Alagöz oğlan yerindən qalxıb, o tərəf-bu tərəfə gəzişməyə başlamışdı. O, hər dəfə Nəzringilin oturduğu yerdən keçəndə gözaltı qızı süzürdü. Nəzrin özünü məşğul kimi göstərməyə nə qədər çalışsa da, bütün fikri bu yaraşıqlı, dilli-dilavər oğlanda qalmışdı. Hər dəfə oğlanı qarşısında görəndə həyəcanlanır, nə qədər eləsə də, ona gözucu baxmaqdan özünü saxlaya bilmirdi. Oğlanın baxışlarındakı qeyri-adi qətiyyət iradəsi əleyhinə olaraq, onu bir maqnit kimi özünə çəkirdi.
Nəhayət, hər kəs yerini rahatlayıb yatmağa hazırlaşdı. Nəzrin də yerinə uzanıb gözlərini yumdu. ..
-Deyəsən, yeriniz yuxarıdadır, mənim yerim aşağıdadır, istəsəz, dəyişə bilərik. Sizə əziyyət olar, yıxılarsınız!
Bu səs necə mehriban, necə mülayim idi! İlk dəfə gördüyü qızla əziz, məhrəm bir adamı kimi davranırdı. Başını qaldıranda gördü ki, ucaboy, ağbəniz, alagöz, qıvrım saçlı həmin gənc xoş nəzərlərlə ona baxır. Özünü nə qədər ciddi tutmağa çalışa da, qeyri-ixtiyari gülümsəyərək, – “Sağ olun, yuxarı xoşuma gəlir!” – dedi və öz səsi özünə yad gəldi.
-Nə deyirəm ki, – deyə oğlan məyus halda yerinə qayıtdı.
Xala aşağıdan pıçıldadı:
-Sabahdan fikir verirəm, a bala, deyəsən, o dilli-dilavər oğlanın yaman xoşuna gəlirsən. Amma, insafən, heç pis oğlana oxşamır.
Nəzrin dinmədi, utanıb başını aşağı saldı.
Artıq hamı öz yerində rahatlanmışdı, Nəzrinsə, əksinə, çox narahat idi. Öz yerini yandakı sərnişinlə dəyişən oğlan gözlərini ondan bir an belə çəkmir, bu gözlərdən yağan ulduz-ulduz iynələr qızın bədəninə min yerdən sancılırdı. Yaxşı ki, açıq pəncərədən sərin hava gəlirdi, yoxsa, istidən, həyəcandan az qala boğulacaqdı! Əllərini bayıra çıxardı, sanki sərin havanı ovuclayıb içəri dolduracaqdı. Hiss edirdi ki, oğlan sözlü adama oxşayır, ona nəsə demək istəyir, nigarançılıq içində vurnuxur. Guya yatmaq istəyirmiş kimi gözlərini yumdu və şirin xəyallar içində nə vaxt yuxuya getməsindən xəbəri olmadı…
-Bura nə yaxşı sərin imiş.
Gözlərini bu qəfil pıçıltıya açdı. O idi! Əllərini açıq pəncərədən bayıra uzadaraq, üzünü qıza tutub danışır, danışdıqca da bütün bədəni titrəyirdi:
-Gəlin, tanış olaq! Mənim adım Nəcəfdir!
Təəccübdən, həyəcandan dili tutulan qız susurdu. Nəcəf ondan harda oxumasını soruşur, kim olması ilə maraqlanır, bir cavab almadıqda özü haqda danışırdı. O, Universitetin tarix fakültəsində oxuyur, həm də radiozavodda işləyirdi. Atasının vəfatından sonra evin bütün ağırlığı onun üstünə düşmüşdü. Anasıgilə hər ay pul göndərirdi. Çünki onların başqa güman yerləri yox idi, anası xəstə olduğuna görə işləyə bilmirdi.
Oğlanın üzündəki ciddi və qətiyyətli ifadə Nəzrində ona qarşı rəğbət oyatmışdı. Qız onun qaygılı üzünə baxaraq, tez mövzunu dəyişdirmiş, soruşmuşdu ki, tarixi yenə köhnə dərsliklərdənmi oxuyurlar? Sonra da demişdi ki, yazıq tarix, sən necə varsan, o cür də yaşayıb gedirsən, lakin hərə səni öz bildiyi kimi yazır.
Nəcəf isə heyrət dolu baxışları ilə ona baxaraq, – “Sən nə sevimli qızsan!”, – deyə pıçıldamışdı. Demişdi ki, xalqımızın keçmişini varaq-varaq öyrənib, yeni tarix kitabı yazmaq arzusundadır. Bunları deyəndə üzü elə nurlanmışdı ki!
Bu fikrinə görə qızın ona rəğbəti bir az da çoxalmış, bayaq erməni faşistlərindən, onların xalqımızın başına açdığı oyunlardan nifrətlə danışanda onun gözlərinin qəzəbdən necə alışıb yandığını xatırlamışdı. Belə oğullarımız olduğuna görə düşmən üzərində qələbəyə inamı güclənən qız əmin olmuşdu ki, o çox ləyaqətli və nəcib insandır…
***
İndi, neçə il sonra Nəzrin qara mərmərdən boylanan oğlanın tanış çöhrəsinə baxa-baxa özünü qınayırdı:
-Mən niyə sənin cəbhəyə gedəcəyini düşünmədim? Axı, sən vətənin dar günündə kənarda qala bilməzdin! İlahi, niyə tamaşa olan bu həyatda faciələr daha çoxdur, axı?
***
…Gecənin bir aləmi, hansısa bir stansiyada nəfəsini içinə çəkən qatar qəfil dayandı, hardasa itlər bərkdən hürüşdülər. Uzaqda qatı qaranlığın qoynunda ara-sıra közərən işıqlar yaxınlıqdakı hansısa kiçik bir dağ kəndinin varlığından xəbər verir, bu işıqlar ayrı-ayrı evlərdən boylanıb, sanki bir-biri ilə danışırdılar. O işıqların hər biri bir ailə, neçə-neçə ömür, arzu, istək demək idi. Bax, görəsən, o bir kənarda işığı gələn evdə kimlər yaşayır, bir-biriylə necə yola gedirlər? Bax, indi bu dəqiqə, bu an neyləyrilər? Yatıblarmı, oyaqdırlarmı? Kaş, bir quş olub o işıq gələn pəncərəyə qonaydım, o evdəki həyatı heç kəsin xəbəri olmadan kənardan seyr edəydim. Niyə, axı, insanlar bir-birinə belə yad, belə uzaqdır?!
Onu bu ani fikirlərdən Nəcəfin sualı ayırdı:
-Nə fikirləşirsən?
Tamam fərqli cavab verdi:
-Nədənsə axşamlar itlər hürüşəndə içimə bir qəriblik dolur, sanki əziz bir adamımın yoxluğunu hiss edirəm. Elə bil ki, uzaq bir obada dəyədə oturub, ovdan qayıdacaq əzizimi gözləyirəm. O isə gəlmək bilmir ki, bilmir.
Nəcəf astadan güldü. Ay allah, elə şirin-şirin güldü ki, qaygıkeş baxışları qızın bütün vücudunu dolaşdı. O, həyatında özünə qarşı bu cür doğma baxışlar görməmişdi. Nəcəf:
-Aşağı düşə bilərsən? Sənə sözüm var, – deyə pıçıldadı.
Qız mat-məəttəl qalmışdı. Əvvəl istədi getməyə. Xala da deyəsən, yatmamışdı. Amma özü də fərqinə varmadan, hansısa bir hiss onu uzandığı yerdən qalxmağa sövq etdi, aşağı enib Nəcəfin dediyi yerə gəldi. Oğlan gözə dəymirdi. Pəncərədən bayıra boylandı. Bütün gücünü yığmış qatar irəli şütüdükcə amansız bir inadkarlıqla işıqları da oğurlayıb özü ilə aparırdı. Birdən hiss etdi ki, Nəcəf arxasında dayanıb, ona baxır. Geri dönüb oğlanla üz-üzə dayandı. Nəcəfin sinəsi həyəcandan qalxıb enir, bütün bədəni titrəyir, bu həyəcan qıza təsir eləyirdi.
Özünü ələ alıb sakit səslə soruşdu:
Nə deyəcəkdin mənə?
Oğlan bir anlığa susdu. Elə bil ki, bayaqdan dil-dil ötən o deyilmiş. Qısaqol köynəyinin qolunu qatlayıb, qolundakı qız şəklini ona göstərdi.
-Bax, sənin rəsmindi.
Nəzrin özünün tuşla çəkilmiş rəsmini oğlanın qolunda görəndə öncə heyrətdən dili tutuldu, nə deyəcəyini bilmədi! Sonra elə bil ki, bu alagöz oğlan bir andaca həm doğma, həm də sirli, əsrarəngiz görünməyə başladı. Bu, nə sirr idi?! İlk dəfə cəmi bir-iki saat qabaq gördüyü bu oğlan niyə ona bu qədər doğma gəlirdi?! Elə bil ki, onu lap uşaqlıqdan, bəlkə, hələ dünyaya gəlməmiş tanıyırmış!
Mənim şəklimi sənin qoluna kim çəkib?!
Nəcəf rəsmin onun qoluna bir əsgər yoldaşı tərəfindən döyüldüyünü dedi. Sən demə, nağıllar röyalar aləmindən gəlmiş bu oğlanın səkkiz il qabaq qoluna döydürdüyü qız rəsmindən elə xoşu gəlib ki, bu illər ərzində gözləri hər yerdə rəsmdəki qızı axtarırımış və budur, axır ki, axtardığını tapmışdı!..
*** Nəzrin onun soyuq başdaşını qucaqladı:
-Nəcəf, illərlə, ömür boyu mən səni axtarmışam. Heç bilməmişəm ki, sən burda, lap yaxınımdasan! Müharibə çıxaranın evi yıxılsın! Axı, sənin nə qədər işıqlı arzuların vardı, Nəcəf! Nəcəf! – qadının ürəyindən qopan ah bütün vücudunu yandırdı…
*** Nəcəf az qalırdı qızı bağrına bassın.Titrəyə-titrəyə adını soruşdu.
-Nəzrin?! Nə gözəl adın var? Mən səni hec vaxt itirmək istəməzdim. Sən ağıllı qıza bənzəyirsən. Xahiş edirəm, unutma məni, sən mənim xəyallarımın pərisisən, mənim tale payımsan! Nə uğurlu oldu bu səfər! Şəmkirə dostumgilə qonaq gedirəm!
Dəqiqələr bir-birini əvəz edir, qatar bir an belə nəfəsini dərmədən irəli cumur, onlar bir- birləri ilə söhbət etməkdən doymurdular. Ikisinin də ürəyindən idi ki, bu aylı-ulduzlu yay gecəsi uzandıqca uzansın, bu tale qatarı dayanmadan yüz il beləcə yol getsin və onları arzuların hansısa əlçatmaz, naməlum, məchul ünvanına aparsın…
Hər şey elə anidən, qəfil oldu ki, qız əvvəlcə nə baş verdiyini anlamadı. İsti yağış damlaları boyun-boğazı, yanaqları, üz-gözünə tökülürdü. Ağlı başından çıxmış, bu qatarı da, gecəni də, oğlanı da, özünü də unutmuşdu! Nə qədər belə çəkdiyini billmədi! Zaman durmuşdu sanki! Qatar yuxudan ayılmış adam kimi anidən nəfəsini çəkib qəfil dayandı və dayanmasıyla da hər şeyi öz axarına qaytardı. Bu nə idi? Bu nə vaxt baş vermiş, niyə buna razı olmuşdu?! Dəmir kimi güclü, əzələli qollarını qızın belinə dolayan oğlan onu öpüşlərə qərq eləyirdi! Burax!, – deyə çabalayıb, oğlanın qolları arasından çıxdı və yerinə sarı qaçdı…
Yerinə uzanıb gözlərini yummuşdu. Quş kimi çırpınan ürəyi elə bil indicə sinəsini yarıb çıxacaqdı! Bütün olanları bir-bir yada salır, hadisəni anbaan yenidən yaşayır, gözlənilmədən baş verənlərə izah tapmağa çalışır, özünü danlayırdı. Necə oldu ki, belə zəiflik göstərdi? Yol yoldaşları, alt qatda yatan mehriban, çoxdanışan qadın bilsə, onun haqqında nə düşünəcək? Yəqin deyəcək ki, qıza bax, bir-iki saat bundan qabaq tanıdığı oğlanla gör nə oyunlardan çıxır?! Zavallı qadın hardan bilsin ki, bu gənc onu səkkiz ildir ki, tanıyır, qız da onu xəyallarında yaşatdığı ən əziz adamı sanır!
Xəyaldan ayrılıb gözünü açanda Nəcəfi yenə öz yerində oturmuş gördü. Göz qırpmadan qıza baxırdı. Onun baxışları qızı bu dəfə daha çox həyəcanlandırır, kövrəldirdi, az qalırdı yalvara, deyə ki, nə olar, mənə belə baxma! Yuxusu ərşə çəkilmişdi, yaman istilənirdi. Dəsmalıyla üzünü yelləməyə başladı. Nəcəf qalxıb ona qəzet verdi.
-Al, Nəzrin – necə də nəvazişlə çəkdi adını. Evdə atasının, qardaşlarının onu necə kobudluqla çağırmaları yadına düşdü. Bu nə idi, nə baş verirdi? Heç biri yata bilmirdi, sanki nağıllar aləmindəydilər…
Qız boyun-boğazında, sir-sifətində ilk öpüşlərin hərarəti nə vaxt yuxuya getməsindən xəbəri olmadı. Yuxuda özünü lələk kimi yüngülləşib havada süzən gördü. Süzür, süzür, amma heç bir yerə gedib çıxa bilmirdi. Elə bil ki, onu ağuşuna almış mələklər göy üzündə yırğalayır, səssiz ninni deyirdilər. Birdən yerin dərinliyindənmi, yoxsa göylərin doqquzuncu qatındanmı gələn bir səslə kimsə onu çağırmağa başladı: Nəzriiin! Nəzriiin! Öz adını eşidib, gözlərini açdı: – Nəzrin, – bir azdan mənim stansiyamdır, düşürəm, – deyən Nəcəf onun qolunu sığallayırdı.
Əlinin hərarəti qızın bütün bədənini yandırdı. Qolunu yavaşca çəkdi.
-Yat-yat, – deyə Nəcəf mehribanlıqla gülümsədi. Elə bil körpə uşağa laylay çalırdı. Sakitcə ah çəkdi. – Mənə təəccüblənmə. Axı, əslində, mən səni çoxdan tanıyıram. Sən mənim ürəyimin bir parçasısan, yarımsan!
Qatar Gəncəyə çatdı. Nəcəfin düşməsinə az qalmışdı. Oğlan ondan qələm istədi, bir vərəq parçası çıxarıb, ora nəsə yazdı, qıza uzatdı. Telefon nömrəsi idi.
Dostum Tahirin ev nömrəsidir. Xahiş edirəm, ona zəng elə, nə vaxt gələcəyini xəbər ver, şəhərdə səni qarşılayaram. Nəsə göruşə bilməyəcəyimizdən yaman narahatam. Mənə bir telefon nömrəsi ver. Çox xahiş edirəm, gəl, görüşək. Əgər səni itirsəm, bunu hec vaxt özümə bağışlamayacam. Görəsən, bu bir ayı sənsiz necə dayanacam?
Nəhayət, Nəcəfin enəcəyi stansiyanın yaxınlaşdığını elan etdilər. Nəzrin ev telefonlarının nömrəsini, evlərinin ünvanını qardaşlarının qorxusundan oğlana verə bilməsə də, telefon edib, onu tapacağına söz verdi.
Nəcəf ani tərəddüddən sonra sanki ürəyində ağır yük ayağa qalxdı. Əlindəki qəzeti ona uzatdı.
Burda bir şeir var, oxuyarsan.
Qızı başdan ayağa elə süzdü ki, sanki onun bütün vücudunu gözlərinə köçürüb özüylə aparacaqdı. Qızın əlini hərarətli bir nəvazişlə sıxıb ayrıldı…
Oğlan qızın ürəyini də özüylə götürüb getmişdi. Qız fikrini dağıtmaq üçün guya ki, qəzet oxumağa başladı. Gözünə bir şeir sataşdı. Müəllifi yadından çıxsa da, şeirin axırıncı misraları indiyə qədər yadındaydı. Nəcəf bu iki misranın altındasn göy rəngli qələmlə qoşa xətt çəkmişdi:
Eşqdən şərqi deməyin.
Eşq şərqisi məndə.
***
Yayın son ayını böyük səbirsizliklə başa vurdu. Amma anası bərk xəstələndiyindən rayonda bir həftə artıq qalası oldu. İşin tərsliyindən Nəcəfin verdiyi telefon nömrəsi də dəftərin arasından yoxa çıxdı.
Bakıya qayıdanda düz bir həftə vədələşdikləri yerə baş çəkdi, amma o yox idi. Nəzrin özünü vədinə xilaf adam kimi hiss elədiyi üçün üzüntüdən xəstələndi. Dəfələrlə Nəcəfin iş yerinə və oxuduğu universitetetə getsə də, utandığından heç kəsdən onu soruşa bilmədi. Ümidini təsadüfə bağladı…
*** Bir ovuc işıq hardansa süzülüb, Nəzrinin qəlbinə dolur, ona elə gəlirdi ki, bu, Nəcəfin dinclik tapan ruhudur. Başını qaldırıb əlçatmaz göylərə baxdı. Gömgöy səmada iki ağappaq bulud sevgililər kimi qucaqlaşmışdı. Nəzrin əminiydi ki, bu onların əbədi vüsala çatan ruhlarıdır… Nəzrini özünə qaytaran “Ana, Ana!”, – deyə ona sığınan oğlunun ilıq nəfəsi oldu.
ƏLİ BƏY AZƏRİ-Əli Qurban oğlu Rzaquliyev 15 iyul 1966-cı ildə Zəngilan rayonu, Vejnəli kəndində anadan olub. Hazırda Xırdalan şəhərində yaşayır.
“NAR ÇUBUĞU”
Həmid əsgərlikdəydi, ölkənin qərb bölgəsində, özü də Sərhəd Qoşunlarının əlahiddə zastavasında qulluq edirdi. Taleyindən də çox razıydı, xidmətindən də. Həddi-buluğa çatmış kişi cinsindən olan vətəndaş kimi vətən qarşısında hərbi xidməti borcunu yerinə yetirməliydi, yetirirdi. Xidməti də normadaydı, heç nədən giley-güzarı yoxuydu. Yatmağa evdəki kimi hər bir şəraiti olan kazarmaları, hər zaman ətrafa ərzaq təamlarının xoş ətrini yayan yeməkxanaları, bir də on beş-iyirmi addımlıqdan sabun iyi ilə özünü bəlli edən hamamları vardı. Məşq keçmək üçün yaxşı idman şəhərciyi, voleybol meydançası ilə lap ürəklərindəndi. Ölkənin ucqarında yerləşən əlahiddə sərhəd zastavasında daha nə olmalıydı ki?
Əlahiddə zastavanın üç sərhəd məntəqəsi fəaliyyət göstərirdi. Onun ikisində sutkalıq naryad xidmət çəkirdi. Məntəqəyə naryada gedəndə özləri ilə ərzaq, bəzən quru ərzaq ehtiyatı da götürürdülər. Hava şəraitinə uyğun hərdən üç günlük getdikləri də olurdu. Amma bir məntəqə mərkəzdə yerləşirdi, naryad birbaşa zastavanın özündən təyin olunur, özündən də dəyişdirilirdi.
Hərbi xidmətə gələnə qədər Həmidin sərhəd haqqında baxışı başqaydı. O, sərhəd deyəndə başına tikanlı məftillər dolaşdırılmış hündür dirəklərdən ibarət bir hasar canlandırırdı. Həm də boş-boşuna dolaşdırılmış deyil, bir-birinə yaxın, nizamlı şəkildə, paralel və çarpaz olaraq tarım çəkilmiş tikanlı məftillərin arasından yumruq boyda bir canlı da keçə bilməzdi, mütləq ilişib qalmalıydı.
Nəhayət, hərbi xidmətdə karantini keçib sərhəd zastavasına gələndə göz işlədikcə uzanıb gedən açıq çöllərdə də ölkə sərhədlərinin müəyyənləşdirildiyinin şahidi oldu. Bu ərazilərdə sərhəd zolaqları alçaq dağların zirvəsi, kiçik təpələrin beli, dərin dərələrin dibi ilə müəyyənləşirdi. Bəzi yerlərdə isə sərhəd düzənliklərdən keçirdi. Burada sərhəddi qorumaq üçün növbətçi sərhədçilər təyin olunurdu. Onlar müşahidə ilə sərhəddi qoruyur, hava şəraitinin müxtəlifliyinə, şıdırğı yağışlara, qızmar günəşə, şiddətli küləyə baxmayaraq təyin olunmuş marşrutdan kənara çıxa bilməzdilər. Leysan yağışında, qasırğada belə vətən sərhəddində “bitib” qalmalıydılar. Belələrinə sərhədçi dilində “canlı dirək” deyirlər.
Həmid zastava rəisindən öyrənmişdi ki, düzənlik ərazilərdə sərhədləri müəyyənləşdirmək üçün hər yüz metrdən bir kömürlə dolu kisə basdırılıb, özü də indi yox, tifağı dağılmamış Sovetlər vaxtı. Amma nə vaxt və kim tərəfindən basdırıldığını deməmişdi, görünür bunu zastava rəisi özü də bilmirdi. Zastava rəisi onu da deyirdi ki, dənizdə, göldə, havada sərhəddi cihazlar vasitəsilə müəyyənləşdirirlər. Hər yerdə dirək basdırıb tikanlı məftillər çəkmək mümkün olmur.
Həmid sərhəd haqqında çox şey öyrənmişdi burda. Odur ki, o, Sərhəd Qoşunlarının bir əlahiddə zastavasında xidmət keçdiyinə görə sevinir, qürur duyur, fərəh hissi keçirirdi.
Tapşırığına, işinə hələ uşaqlıqdan məsuliyyətlə yanaşmağı özünə vərdiş eləmişdi Həmid. Dərslərini hazırlayanda, ya həyətlərində hansısa işlə məşğul olanda kimsə yaxınlaşıb fikrini yayındırsa, ya nə isə mane olsa tez qışqırıb özündən çıxar, həmin adamı acılayıb özündən uzaqlaşdırardı. Nənəsi onun adını “nar çubuğu” qoymuşdu, “yaxın getməyin, tikanları batar” deyirdi. Əvvəllər bu ada öyrəşə, uyğunlaşa bilmirdi Həmid. Zaman keçdikcə bu ləqəbi qəbul etdi, özünə doğmalaşdırdı, hətta ləqəbi ilə fəxr edirdi.
Sərhəd zastavasının radisti əsgərlərə şifrəli adlar müəyyənləşdirəndə özü demişdi ki, onun adının qabağında “nar çubuğu” yazsın.
Burada Həmidlə bərabər ölkənin müxtəlif bölgələrindən gələn əsgərlər də xidmət keçirdi, onunla bərabər gələnlər də vardı, ondan əvvəl gələnlər də. Xidmətin qaydası beləydi, müxtəlif çağırışlı əsgərlər xidməti bir-birinə öyrədə-öyrədə ötürməliydilər.
Həsən də həmin zastavada xidmət edən əsgərlərdən biriydi. Əsgər yoldaşları arasında öz fağırlığı, sakitliyi ilə seçilirdi. Bəxti gətirmişdi ki, Sərhəd Qoşunlarına düşmüşdü, yoxsa intizamsız bir yerə düşsəydi çoxdan qapazaltı eləmişdilər. Həsəni öz çağırışından olan əsgər yoldaşları sevmir, onunla yoldaşlıq etmirdilər, hətta gündəlik cüt naryada, patrula yazılmağa heç kim razılıq vermirdi. Adını “uğursuz” qoymuşdular.
Zastavanın radisti gülə-gülə Həsənə “uğursuz” şifrəsini təkrar müəyyənləşdirəndə Həmid də onların yanında idi. Həsən Həmiddən üç ay tez xidmətə başlamışdı. Zastavada da hər üç aydan bir bütün döyüş hesabatları, şifrələr, yuxarıdan verilən siqnalların yerinə yetirilmə qaydaları yenilənir, şəxsi heyətə öyrədilirdi. Çünki hər üç aydan bir kimlərsə ordu sıralarından tərxis olur, onların yerinə yeniləri gəlirdi.
-Həsən, onsuz da zastavada hamı səni uğursuz kimi tanıyır. Mən burda nə yazsam belə səni “uğursuz” çağıracaqlar. Gəl, məni çaşdırma, qoy dəftərdə də belə yazım.
Radistin təklifinə Həmid dərhal etiraz elədi:
-Mən Həsənlə birlikdə naryada getməyə razıyam. Ona “uğursuz” yazmayın.
Həmid ali təhsilli əsgər idi, bir il xidmət çəkəcəkdi. Özü də psixologiyanı bitirmişdi, insanlarla belə rəftarın nəyə gətirib çıxaracağını yaxşı bilirdi. Gələn gündən də Həsənə, onun hərəkətlərinə diqqət yetirmişdi. Kim nə deyirdi desin, Həsən bir ayrı Həsən idi, onu nahaqdan seçib Sərhəd Qoşunlarına xidmətə göndərməmişdilər. Boylu-buxunlu, canlı-cüssəliydi, ünsiyyətciliydi, amma di gəl ki, danışqanın biriydi, adamın lap zəhləsini tökənə kimi danışar, yaxasından əl çəkməzdi. Bir mənfi cəhəti də vardı, gündə yüz dəfə əlini yuyardı. Çox xudpəsənd idi, hər şeydən çimçəşərdi. Çöpəgüləyənliyi də vardı, kim nə deyirdi, irişirdi. Yataqdan qalxandan yuxuya gedənə kimi dodağı dodağının üstünə gəlməzdi. Hamıya qarşı diqqətli olmağa cəhd göstərsə də ondan gen qaçmağa çalışırdılar.
Həmid onu görən kimi nənəsini xatırladı. Nənəsi belə adamlara “tut ağacı” deyərdi. Tut ağacı meyvəsini kim istəsə verər, hətta meyvəsini ayaqlar altına səpərdi. Heç kim də bu, min bir dərdin dərmanı olan tutun qədir-qiymətini bilməz. Oğulsan, get nar ağacının meyvəsini dər, gör tikanları qollarında şıram açır, ya yox. Meyvəsini budaqda qurudar, qaxac edər, amma ayaqlar altına tökməz. Bütün bunları nənəsindən öyrənmişdi Həmid. Madam ki, o, Həsənlə bundan sonra birlikdə naryada çıxmağa razılıq verirdi, elə özü də ona xoşagələn şifrə deməliydi.
-Həsənə “tut ağacı” yazın.
-Nə? “Tut ağacı”? – Radist xüsusi qəribəliklə onu süzdü.
Elə Həsən özü qarışıq orda olan bütün əsgərlər gülüşdülər, day Həmid bilmədi ki, Həsən sevincindən gülür, yoxsa, dərk etməyib çöpəgüləyənliyindən… Əsgərlərdən bəziləri bir az da qabağa gedərək dodaqaltı zümzümə etməyə başladılar: “Tut ağacııı… tut ağacı…”
Beləliklə, bir müddət keçdi. İndi Həsənlə xidmətə çıxanlar olurdu. Daha az-az hallarda Həsənlə Həmid birlikdə xidmətə düşürdülər.
Bir gün necə oldusa, yenə də onlar naryada birlikdə çıxası oldular. Həmid üçüncü posta, Həsən isə dördüncü posta təyin olundu, hər ikisi eyni növbəyə düşdü. Onların qoruduğu sərhəd zolağı adsız təpələrin beli ilə müəyyənləşirdi. Bircə kəsişmə dağının adı bəlliydi: Keşikçidağ.
Keşikçidağ deyilən çox da hündür olmayan silsilə dağlıq ərazidə ən hündür zirvə sayılırdı, orada durub durbinlə böyük bir ərazini müşahidə etmək mümkündü.
Həmin gün naryad bölgüsü, nədənsə, Həmidə çox qəribə göründü. Əslində, qəribəlik naryadda yox, zastava növbətçisinin hərəkətlərində idi. Hamı nizamla öz yerində düzülmüşdü, növbətçi isə əsəbi hərəkətlər edirdi.
-Gündəlik naryad, düzlən.
Hamı nizamnamə üzrə düzlənsə də növbətçinin xoşuna gəlmədi.
-Olmadı.
Bu komandalar bir neçə dəfə təkrarlandı. Nəhayət ki:
-Farağat!
Hamı “farağat” vəziyyətində donub qaldı, elə bil döyüş bayrağının qabağında fəxri qarovulda durublar. Kapitan sağa-sola göz gəzdirib bir müddət naryada gedən şəxsi heyətin “əsəb dayanıqlığı”nı yoxladıqdan sonra növbəti komandasını səsləndirdi:
-Azərbaycan Respublikası adından əmr edirəm: Dövlət sərhədlərinin Ceyrançöl zastavası üzrə zolağını postların tabellərinə müvafiq müdafiəyə və mühafizəyə qəbul edin.
-Oldu. Vətənə xidmət edirik. – Bir ağızdan səsləndirdilər.
Kapitanın yenə xoşuna gəlmədi, deyəsən…
-Bir də… – kapitan daha ucadan səsləndi.
-Vətənim Azərbaycana xidmət edirik!
“Bax, bu, başqa məsələ!” – Öz-özünə danışan kapitan ani olaraq gülümsündü, tez də özünü yığışdırdı. Cərgədəkilər onun reaksiyasını gözləyirdilər.
-Azad. – Kapitan bu komandanı verib dərindən nəfəs aldı. – Xəbəriniz olsun ki, mehriban qonşu bildiyimiz gürcülər erməni terrorçusu, Xocalıda bir sıra vəhşiliklər törədən Mixail Avakyana abidə ucaldıblar. Biz başa düşürük ki, bu iş Gürcüstanda yaşayan ermənilərin əməlidir. Onların əli lap yuxarılara da çata bilər. Gürcüstanda çoxlu erməni yaşayır, gürcüləşmiş, yəni sənəddə gürcü, əslində isə erməni olanlar da az deyil. Onlar çalışacaqlar ki, hazırda mehriban qonşuluq münasibətində olduğumuz gürcülərlə də araya nifaq salsınlar. Tam ayıq-sayıq olmalıyıq. Qarşı tərəfdə hər hansı bir xoşagəlməz hadisə – yəqin başa düşürsünüz də sərhədçi üçün xoşagəlməz hadisə nə deməkdir – müşahidə edən kimi mərkəzə məlumat verin.
Kapitan cibindən dəsmal çıxardıb alnının tərini sildi – aprel ayı olmasına baxmayaraq buralarda istilər tez düşmüşdü – sonra özünü cəmləşdirib komanda verdi:
-Sağaa… dönn! Xidmət yerinə… addımlaa… marş!
Ertəsi gün səhər obaşdan günəş qaranlıq pərdəni yer üzərindən qaldırıb ətrafı işıqlandırdı. Bu yerlərdə yazın havası bir başqa cür olur. Adam istəyir ki, elə göy otların üzərinə uzanıb yatsın.
Həmidlə Həsən postlarını qəbul edəndən sonra durbinlə ərazini müşahidə etdilər.
-“Naar…” – Həsən səsləndi.
-Sənə deməmişəm mənə “nar” demə?
-Noolsun e… demisən?! İndi bütün dünya ixtisarla işləyir. Bir də bizi dinləyənlər qoy dolaşıq düşsünlər.
-Bizi özümüzünkülər dinləyir, ilk növbədə. Bir rabitə mədəniyyətimiz olmalıdı, ona riayət eləməliyik.
-Oldu, cənab rəis.
-Yaxşı, söylə görüm, nə demək istəyirdin?
-Sən gürcülərdən ərazidə kimisə gördün?
-Sən gördünsə, mən də gördüm.
-Alə, bunlar nə kefqomdular. Sərhəd-zad qoruyub eləmirlər e…
-Sənə-mənə arxayındılar, ona görə. Yeri get, postunu dolaş. Diqqətli ol. Sənə gürcü lazımdır?
-Yox e… elə-belə dedim…
Həsən üzüyuxarı getdi. Onun postu üzüyuxarı təpələrin belindən keçirdi. Yarım saatdan sonra bir də görüşdülər. Bu vaxta qədər Həmid də aşağı təpələri fırlanıb müşahidəsini aparmışdı.
-Həmid…
-İndi nədi, Həsən?
-Deyirəm ki, ali təhsilliləri, adətən, kiçik komandir kursuna göndərirdilər. Sən çavuş kursuna da gedə bilərdin. Ağlın olardı, gedərdin, indi də mənimlə bərabər gözətçi kimi postda durmazdın.
-Həsəənnn… Dəstə Qərargahında mənə təklif elədilər, özüm razılaşmadım.
-Nahaq.
-Özüm belə istədim. Mən sizdən fərqli olaraq cəmisi bir il qulluq edəcəyəm. Onun da iki ayı karantinə, andiçmə vaxtına getdi. Üç ay da kiçik komandir – çavuş kursuna getsəydim, daha sərhədçi kimi xidmət etməyə nə qalacaqdı?
-Sən mütləq sıravi əsgər kimi xidmət etmək istəyirsən?
-Bəli! Mən canlı dirək olub vətəni qorumaq, vətəni qorumağın necə şərəfli bir peşə olduğunu duymaq, dadmaq istəyirəm. Yağışlı, qarlı, çovğunlu günlərdə belə dirək olub vətən sərhəddində dikəlmək istəyirəm ki, qoy heç kim mənim vətənimə gəc baxmasın, baxmağa cəsarət eləməsin.
-Deyir avazın yaxşı gəlir, Alim Qasımov kimi oxuya bilsəydin…
-Sən lağ elə…
-Ciddi sözümdür, çox maraqlı danışırsan. Bəlkə orden, medal da almaq keçir könlündən? Fikrin elə idisə Milli Orduya xidmətə gedərdin. Hər gecə snayperlə bir erməni gəbərdərdin, ordenini də alardın, medalını da…
-Mənə nə orden, nə də medal lazımdır. Mən özümə, vicdanıma sübut etmək istəyirəm ki, vətənə necə xidmət etmək lazımdır. Qoy, vicdanla yerinə yetirilən xidmət mənim qanıma, canıma hopsun, məndən sonra gələcək nəsil şəcərəmə bir vətənpərvərlik, vətənsevərlik yadigarı olsun.
-Day sənə sözüm yoxdur.
-Nə sözün ola bilər? Yeri get, postunu hərlən…
Həmid bir də baxdı ki, gürcülər tərəfdə, çox da uzaqda olmayan çılpaq təpənin başında başdan ayağa qapqara geyinmiş bir nəfər var, özü də hərəkət edir, deyəsən, onlara tərəf gəlir.
-Nədi? Həm deyirsən get postu hərlən, həm də iki addım aralanmamış çağırırsan…
Həsən o tərəflərə göz gəzdirdi.
-O təpənin başındakı qara kişini görürsənmi?
-Qara kişilər biz tərəflərdə olur. O tərəflərdə qara kişi olmaz.
-Zarafatı burax, qara paltarlını deyirəm…
-Qara paltarlı keşişə oxşayır.
-Nə bildin?
-Onlarda keşişlər, kilsə xadimləri belə geyinirlər. Heç keşiş görməmisənmi?
-Diqqətli ol, gör sən tərəfə gəlir, yoxsa mən tərəfə?
-Əlbəttə ki, sən tərəfə gələcək, birinci dəfə deyil. Əvvəllər də bir-iki dəfə olub. Keşiş gəlib deyib ki, icazə verin kilsəni ziyarət eliyim.
-Siz də buraxmısınız?
-Yooxxx! Yuxarıya demişik, icazə verməyiblər. Keşiş də gözləyib, gözləyib, sonra donquldana-donquldana çıxıb gedib.
-Ara! – Bu zaman keşişin səsi Həmidi fikrindən ayırdı, Həsən də gəlib yaxınlaşmışdı, on beş-iyirmi addımlıqdaydı. – Ara, buraxın, gedim kilsəni ziyarət edim. İbadətim var, bu gün bizim əziz gündür.
-Dur! – Həmid komanda verdi.
-Ara, məndən sizə ziyan gəlməz. – Keşiş bunu deyib yoluna davam etmək, yaxınlaşmaq istədi.
-Dur, sənə deyirəm! – Həmid cəld bir hərəkətlə avtomatın qoruyucusunu açaraq zatvoru şaqqıltı ilə geri çəkdi, patronu öz yuvasına ötürdü, avtomatı atəş vəziyyətinə gətirdi.
-Əsgər, sən dəlisən? Sənin başın xarab olub? Allahın evinin yanında Allahın adamına atəş açacaqsan? Bunu etsən, cəhənnəmin odunda çıtır-çıtır yanacaqsan.
Keşiş bunu deyib əllərini göyə açdı, gürcü dilində nə isə dedi, dua edənə oxşayırdı. Sonra əli ilə göydə nə isə işarə elədi, deyəsən, üzü biz tərəfə xaç da vurdu. Öz dilində donquldana-donquldana çıxıb getdi.
-Bax, belə! – Həmid rahatlıqla dərindən nəfəs alıb avtomatın qoruyucusunu bağladı. Silahı çiyninə salıb üzüyuxarı – Həsən dayanan yerə tərəf getdi. – Bu kopoyoğlunu yola saldıq getdi, amma sonrasını bilmək olmaz, ehtiyatlı olmaq lazımdır.
-Sən ona elə bir dərs verdin ki, o, bir də qayıtmaz. – Həsən tam arxayınlıqla dilləndi.
-Bilmək olmaz. Sən öz postunu nəzarətdə saxla. İndi bizimkilər tökülüşüb gələcəklər.
-Sən demədin, mən demədim. Hardan biləcəklər?
-Sənin xəbərin yoxdurmu? Bizdə elə aparatlar var ki, sərhəd boyu bütün hərəkətlər o aparatın vasitəsilə izlənir.
-Hardadır o aparat?
-Hər yerdə – Dəstə qərargahında, Baş idarədə…
-Həsən öz postu ərazisində müşahidə yolu ilə patrulluğunu davam etdi. Həmid də aşağılar yaxşı izlənirdi deyə Keşikçidağın ətrafına fırlanır, buradan durbinlə aşağıları müşahidə edir, daha çox monastr deyilən ərazinin yaxınlığında olurdu. Keşişin bir anda bayaqkı çılpaq təpənin arxasına keçdiyinin də fərqində olmadı.
Qəflətən həmin keşiş yenidən təpənin başında peyda oldu, yanında da çoxlu adam görünürdü. Həmid onları görən kimi cəld yerə uzanıb durbinlə baxdı – dəstədə iyirmidən çox adam vardı, əksəriyyəti də yaşlı, qoca görünürdü. Cəld dinləyici qurğunun düyməsini basdı.
-“Tut ağacı”, “tut ağacı”…
-Eşidirəm. – Həsən dərhal onu cavablandırdı.
-“Mərkəz”ə xəbər ver, onlar gəlirlər…
-Kimlər?
-Görmürsənmi? Bayaqkı keşişdir, yanında da iyirmidən çox adam, gəlirlər. Təcili “mərkəz”ə xəbər ver və Keşikçidağa tərəf gəl. Bunlar, deyəsən, bir xata eləyəcəklər.
Dəstə, doğrudan da onlara yaxınlaşmaqdaydı, özü də çox sürətlə gəlirdilər, hirsli olduqları yerişlərindən görünürdü. Arada qara paltarlı keşiş nə isə deyir, dəstə xorla təkrarlayırdı, səsləri ərazini başına götürmüşdü, vahimə yaradırdılar.
-Qorxmursan ki? – Həmid Həsəndən soruşdu.
-Yooxxx! Niyə qorxmalıyam? Onlar silahsızdılar.
-Bilmək olmaz. Onların mütləq silahları ola bilər. Sən, bax o qabaqkı sivri daşın böyründə mövqe tut. Mümkün qədər dəstənin selavdan bəri keçməyinə imkan vermə. Keçsələr, mən atəş açacağam.
-Qıracaqsan onları? – Həsən həyəcanla, bir az da vahiməli soruşdu. – Bəs qorxmursan ki, sonra bizi tutarlar?
-Ağciyər olma. Biz vətənimizi qoruyuruq…
-Axı…
-Nə axı..? Tez elə, mövqeyini tut, onlar yaxınlaşırlar.
Həsən qaçaraq gedib Həmid göstərdiyi daşın yanında özünə mövqe tutdu. Gürcülər lap yaxınlıqda idilər, qışqıra-qışqıra gəlirdilər.
-Dayanın! – Həsən ucadan səsləndi. – Ordan bəri keçə bilməzsiniz. Sizi xəbərdarlıq edirəm, bura dövlət sərhəddidir.
-Ara, sən nə deyirsən? Bizi bütün Avropa ölkələrinə buraxırlar. Sən indi bu əziz gündə bizi doğma monastrımıza, ziyarət etməyə buraxmayacaqsan?
-Siz Avropaya qaçaq getmirsiniz ki. Azərbaycana da o qaydada gəlib-gedirsiniz. Monastrı ziyarət etmək üçün mütləq dövlətin sərhəd-keçid məntəqəsindən keçməlisiniz. Bura isə qorunan sərhəd zolağıdır, burdan keçmək olmaz.
-Ara, biz tez ziyarətimizi edib qayıdacağıq. – Gürcülərdən kimsə dedi və qabağa keçib bir az da yaxınlaşmaq istədi.
-Dayanın deyirəm sizə! – Həsən çaşqınlıq içində bir də səsləndi, onun səsindəki həyəcanı Həmid hiss elədi.
Eyni vaxtda təhlükənin qaçılmazlığını hiss edib hər ikisi avtomatlarını atəşə hazır vəziyyətə gətirdilər.
Gürcülər dərəni keçməkdəydilər, Həsənin lap yaxınlığındaydılar.
-Ara, sən buralarda nə qoruyursan? Bu monastr kimindir? Əlbəttə ki, bizim. Siz bizim monastrı bizdən niyə qoruyursunuz?
-Bu monastr sizin deyil, alban monastrıdır.
-Sən alban görmüsən?
-Yoox.
-Atan, baban, dədən görübmü?
-Bilmirəm, heç vaxt soruşmamışam.
-Soruşmasan da, görsəydilər, özləri deyərdi. Sizin bir nəsil görmədiyiniz hansısa albanın abidəsini qorumağınız, özü də bizdən qorumağınız faciədir. Biz, sadəcə ibadət edib qayıdacağıq.
-Dedim ki, icazə verə bilmərik. – Həsən daha uca səslə qışqırdı.
-Niyə?
-Bura icazə verilən məntəqə deyil. Gedin, icazə verilən məntəqədən icazə istəyin. Sonra da nə qədər ibadət edirsiniz, edin. Bizim ölkə dünyada yeganə ölkədir ki, dinlər, təriqətlər həqiqətən azaddır. Kim hansı dinə, təriqətə qulluq edirsə, etsin. Dövlət heç bir vətəndaşının işinə qarışmır.
-Ara, sənə deyirik ki, siz pis ölkəsiniz? Sənə deyirik ki, Allah icazə verəndi, siz də, biz də nə karəyik ki, icazə verməyək. – Bunu keşiş deyirdi. – Bunlar – yanındakıları göstərirdi – Allahın sadiq qullarıdı, dindar adamlardı, ibadət etmək istəyirlər.
Həsən lap çaşıb qalmışdı, bilmirdi nə etsin.
Keşiş ucadan nə isə dua oxudu, əllərini göyə açdı, sonra sol əli ilə göydə işarələr verdi, xorla duasını təkrarladılar.
-Ara, sən çəkil, biz gedib ziyarətimizi eliyək. Sənin üçün də dua edərik, Allah günahlarını bağışlayar.
Keşiş irəlilədi, o birilər də arxasınca. Onlar Həsənin on beş-iyirmi addımlığındaydılar, bəlkə bir az da yaxınlığında.
-Durun sizə deyirəm! – Həsən cingiltili səslə komanda verib ayağa qalxdı. – Yoxsa atəş açacağam.
İndi gürcülər onu aydın görürdülər.
-Tutaq ki, atəş açmaqla bizim bir-ikimizi öldürəcəksən. Bu adamlar da səni öldürəcəklər, qanına qəltan eləyəcəklər, dişləri ilə səni didəcəklər. – Bunları keşiş deyirdi, deyəsən, o da özündən çıxmışdı, əsəbləşmişdi. – Ay qanmaz, çəkil yolumuzdan!
-Biz öz torpaqlarımızı qoruyuruq. Heç kimi ərazimizə buraxa bilmərik.
-Ay qanmaz! Siz nə qanırsınız torpaq qorumaq nədir. – Keşiş nə isə demək istəyirdi, sözünün davamını gətirmədi.
-Danışığına fikir ver, məni özümdən çıxartma.
-Buralar sizin deyil, bizim torpaqlardı. – Gürcülərdən başqa biri də söhbətə qoşuldu. Bu monastrı Gürcü çarı David Qarace tikdirib. Monastr bizimdir, ərazilər də bizimdir.
-Siz çəkilib o tərəfləri – başqa bir gürcü əli ilə Qarayazı çöllərini göstərdi, – oraları qorumalısınız.
-Gedin, Qarabağda torpaqlarınızı qoruyun! – Gürcülərdən daha ucaboylu, dolubədənli, dəstənin içində ən böyük gövdəlisi gülərək atmaca atdı və hamısı ona qoşulub gülüşdülər, sanki, bu iki əsgəri və bu iki əsgərlə bərabər hamını məsxərəyə qoydular.
Həmid bir geriyə boylandı ki, görsün zastavadan köməyə gələn varmı. Baxdı ki, Keşikçidağın arxasındakı Keçəltəpənin yaştanasında on-on beş nəfər yeniyetmə bir bayraqla onlara tərəf gəlir.
Bayrağı görcək qanı cuşa gəldi. Bu haradan çıxdı? Gələnlər kimdir, bizə niyə xəbər eləməyiblər? Bəlkə heç “Mərkəz”in də xəbəri yoxdur? Bəlkə heç olanlar barədə Həsən çatdırıb “mərkəz”ə xəbər ötürə bilməyib? Ötürübsə də, yəqin radist ciddi qəbul etməyib, fikirləşib ki, “tut ağacı”dır də, zarafatlaşır…
Radioqəbuledicinin düyməsini basdı.
-“Mərkəz”, “mərkəz”, mən “nar çubuğu”yam, qəbul…
-“Nar çubuğu”, mən “mərkəz”əm, qəbul…
-Təcili kömək lazımdır.
-Nə olub ki?
-Qarşı tərəfdən bir dəstə gürcü keşişlərinin rəhbərliyi ilə sərhəddi keçib monastra gəlmək istəyirlər. Bir dəstə yeniyetmə də əllərində bayraq öz tərəfimizdən gəlirlər.
-Oldu, qəbul.
Həsənin səsi kallaşmışdı artıq, bəlkə də hirslənməkdən, qışqırmaqdan boğazı qovuşmuşdu.
-Buralar bizim torpaqlar olub. Qaytarın torpaqlarımızı. – Gürcülərdən biri qışqırdı.
-İmkan verin, rahat gəlib öz torpaqlarımızda gəzək, ibadətimizi eləyək.
-Özünüz deyirsiniz ki, başbilənləriniz də bu monastrı qəbul etmir, deyirlər alban kilsəsi olub. Deməli monastrın sizə heç bir dəxli yoxdur.
-Bəli! Bu monastr alban kilsəsidir, sizə də heç bir dəxli yoxdur. – Həsən özünü cəmləşdirib gürcüləri cavablandırdı.
-Bir vaxtlar sizinkilər kefinən Ermənistana gedib-gəlirdilər. Eşitmisənmi?
-Eşitmişəm.
-İndi də Gürcüstana gəlib-gedirlər. Bilirsənmi?
-Bilirəm.
-Ermənistanda, ya Gürcüstanda bir alban kilsəsi olduğunu eşitmisənmi?
-Eşitməmişəm.
-Heç eşitməyəcəksən də. – Keşiş sözünə azca ara verdi. – Əgər bu köpəkuşağı albanlar bütün Qafqazboyu səpələnib yaşayıblarsa, niyə nə Ermənistanda, nə də Gürcüstanda onların bircə dənə də olsun kilsəsi-monastrı qalmayıb?
-Bilmirəm.
-Heç vaxt bilməyəcəksən də.
Bunu eşitcək gürcülərin hamısı qəhqəhə çəkdilər, qarınlarını tutub uğundular.
-Ay qanmaz! – Keşiş dilləndi. – Görürsənmi sizi necə aldadıblar. Buralarda heç vaxt, heç bir alban olmayıb.
-Olub. – Həsən hirslə cavab verdi. – Albanlar burda yaşayıblar. Kilsə də onlarındı. Biz bunu tarixin mədəniyyət abidəsi kimi qoruyuruq.
-Axx… gör sizi necə də aldadıblar və siz gör necə də avamsınız. – Keşiş başını buladı. – Biz sizin gor qonşularınızıq. Siz bizim vasitəmizlə neftinizi, qazınızı beynəlxalq bazara çıxardıb satır, varlanırsınız. Bizsiz siz heç nəsiniz, blokadada qalıb acından ölərsiniz. Siz isə heç vaxt olmayan, heç vaxt münasibət qurmadığınız, tanımadığınız albanların monastrını bizdən niyə qorumalısınız. – Dərindən köks ötürdü, “lənət sənə” dedi. – Bəs yaxşı, sizin o albanlar sonra hara yoxa çıxıblar? Göyəmi çəkiliblər, yer yarılıb yerəmi giriblər, yoxsa harasa köçüb gediblər?
Həsən çaşdı, bilmədi nə cavab versin. Biz niyə alban kilsəsini iki gözümüz kimi qorumalıyıq? Albanlarla bizim nə əlaqəmiz? Doğrudan da, əgər burada albanlar yaşayıblarsa, özü də bütün Qafqaza yayılıblarsa, bəs sonra necolublar? Ola bilməz ki, bu boyda ərazidə onların tör-töküntülərindən qalmasın… Bəs onda hardadırlar? Niyə üzə çıxmırlar? Heç olmasa ildə bir dəfə turist kimi Qafqazın bu başından düşüb o başınadək gəzmir, kilsəmi deyim, monastrmı deyim, qoruduğumuz abidələrini ziyarət etmirlər..? Gürcü olanda nə olar, bəlkə düzünü o deyir?
-Onların nəsli kəsilib. – Qəflətən ağzından çıxdı, heç özü də bilmədi ki, hardan ağlına gəldi bunu demək.
Gürcülər bir də qəhqəhə çəkib gülüşdülər, elə bil onların da qanı cuşa gəlmişdi, bu dəqiqə qan-qan deyəcəkdilər.
-Ay tarixindən bixəbərlər! – Keşiş ucadan səsləndi. – Siz Qarabağdakı kilsələrinizi də səhv salmışdınız. Sahib çıxmaq əvəzinə albanların adına yazmışdınız. Onsuz da qoruyursunuz, öz tarixi abidəniz, xristianlığınızın xoş xatirəsi kimi qoruyardınız. Bu hərəkətiniz Allaha da xoş getmədi, sizdən alıb ermənilərə verdi.
Həsənin əli boşaldı, daha deməyə sözü qalmadı. Sən demə, ağızla əl arasında güclü bir əlaqə var, ağız danışanda, komanda verəndə əl də mükəmməl işləyir.
Həmid baxdı ki, gürcülər Həsəni lap dalana dirəyiblər. Bir az da səbrli olmağa çalışdı. Hələ ki, atəş açmağa vadar olmamışdılar. Bir də qanrılıb öz tərəflərinə baxdı ki, görsün gələnlər necoldu. Elə bu dəm zastavadan köməyə gələn yeddi nəfərlik əməliyyat qrupu gizir Nağıyevin komandası ilə üzüqoylu yerə uzanıb silahlarını atəş hazırlığı vəziyyətinə gətirdilər. Bunu görən gürcülər də özlərini yığışdırdılar, Həsəndən bir az aralanıb geridə dayandılar. Deyəsən, onlar həm də yeniyetmələrin gəldiyini, monastr qabağında toplaşdıqlarını gördülər.
Monastrın qabağına diqqətlə baxan Həmid məktəblilərin arasında olan müəllimi dərhal tanıdı – bəli, o idi, Saqif müəllim özüydü, məktəbin yeganə tarix müəllimi. Həmid Saqif müəllimlə dünən tanış olmuşdu, özü də sırf təsadüfdən. Həm də tələsik, necə deyərlər, iki daşın arasında atüstü söhbət edə, bəzi incə mətləblərə toxuna bilmişdilər.
Həmidi zastava rəisi poçtalyonun əvəzinə poçta göndərmişdi, məktubları gətirməyə. Nahar fasiləsinə düşdüyündən poçtun qabağında bir az gözləməli olmuşdu. Saqif müəllim də orada durub poçtun açılmasını gözləyən adamların arasında idi. Nədənsə Keşikçidağdan söhbət düşdü, Saqif müəllim də elə-belə, sözgəlişi məlumat verdi. Onun danışığı və danışdıqları Həmidin diqqətini çəkdi. Söhbətə müdaxilə etdi, soruşdu:
-Orada qırxadək mağara var, içində nə vaxtsa insanın yaşaması mümkün olub. Çox güman ki, ibtidai insan həmin mağaralarda yaşayıb. Deyək ki, Sovet dövründə tədqiqat işləri aparılmayıb, öyrənilməyib. Bəs indi? İndi ki, müstəqilik! İndi ki, tədqiqat aparmağa, məktəbliləri məlumatlandırmağa maneçilik törədən yoxdur…
Saqif müəllim haqlı iradların qarşısında heç nə demədi, eləcə sağollaşıb ayrıldı. İndi Saqif müəllim bunu əməli işində göstərirdi, yuxarı sinif uşaqlarından on beş nəfəri bir yerə toplayıb buraya – ekskursiyaya gətirmişdi.
Keşikçidağ monast-məbəd kompleksi barədə məlumat verirdi:
-Bu, bizim xristian tariximizin abidəsidir. Baxmayaraq ki, dördüncü əsrdən xristianlıq ləğv olunub və yeddinci əsrdən müsəlmanlığı qəbul etmişik, on birinci əsrədək insanlar olub ki, xəlvətdə gəlib bu abidə kompleksini ziyarət ediblər. Nəhayət, Atabəylər dövləti dövründə abidənin ziyarətinə qəti qadağa qoyulub. Müvəqqəti ondan istifadə edən gürcü qonşularımız öz çarları David Qurucunun rəvayətini uydurub monastrı ələ keçirməyə çalışıblar. Hətta belə bir əfsanə də quraşdırıblar. Deyirlər, guya Qafqaz dağlarının ətəyində Keşiş dağı deyilən bir dağ var. Keşiş dağının həndəvərində gürcü rahiblər və rahibələrin yaşaması üçün hücrələr qazılıb tikilibmiş. Aşağı obadan olan bir azərbaycanlı bu ərazilərdə çobanlıq edirmiş. Qoyun otaran sevdalı çoban ürəkləri yerindən oynadan tütək havaları çalarmış. Və quş yuvasını xatırladan kiçicik bir hücrədə möhnətin əlində əsir olan gözəl rahibə gürcü qızı qarğı tütəyin əfsununda çırpınarmış. Aylar, illər ötüb keçsə də həyat eşqilə alışıb yanan çöllər nəğməkarı çobanla, tərki-dünyalıq həbsxanasının məsum əsiri olan rahibə qız arasında sevgi macərası başlanmışdır. Çoban aylı gecələrdə qoyun sürüsünü örüşə aparanda tütəyini dilə gətirər, gürcü qızı isə öz dilində sevdalı çoban üçün həzin mahnılar oxuyarmış. Günlərin birində rahibə qız kiçicik bir daşa bağladığı ağ yaylığı hücrədən aşağı atmış və çoban quş lələyi kimi fırlanan dəsmalı havada tutub açıq sinəsinə basmışdır. Sonra o, qaya aşağı sallanan kəndiri görmüş və həyat eşqi, gənclik və sevgi duyğuları amansız monastr həyatına, tərki-dünyalığa üsyan etmişdir. On dörd gecəlik Ay bədirlənən zaman ölümü göz altına alan gənc çoban kəndirdən tutaraq sıldırımlı qayanı dırmaşır. Gürcü qızının əli çobanın əlinə toxunur. Bir-birinin dilini bilməyən sevdalı aşiqlər baş-başa verib sakitcə ətir qoxuyan nəfəslərini dinləyirlər. Vüsal sevinci ilə qorxu hissi bir-birinə qarışır. Ay qüruba yaxınlaşır. Kilsə zənginin həzin səsləri eşidilir. Birdən hücrənin qapısı döyülür, baş rahibə gəlib gecə yoxlaması keçirir. Sevdalı gənclər bir-birinə sıxılırlar. Günəş sevgililəri salamlayan zaman hücrənin qapısı sındırılır və cəllad sifətli rahibə qarı içəri girir. Qəribədir, içəridə heç kəs yox idi, aşağılara açılan kiçicik pəncərənin ağzında iki göyərçin əyləşmişdi; baş rahibəni görən kimi göyərçinlər sevinclə uçub uzaqlaşırlar. Yerli adamlar deyirdilər ki, Keşiş dağının qayalıqlarında uçan göyərçin sürüləri azərbaycanlı çobanla rahibə gürcü qızının övladlarıdır.
…Həsən gürcülərin getmək üçün hazırlaşdıqlarını görəndə Həmidi səslədi:
-Deyəsən, gedirlər. Mən də yuxarı qalxımmı?
Bu zaman gürcü keşişinin yenə də bəri tərəfə baxaraq nə isə dua oxuduğunu və əli ilə göydə xaç işarələdiyinin şahidi oldular.
-Biz gecikdik, özü də çox gecikdik. – Keşiş ucadan özününkülərə deyirdi. – Sən demə, onlardan da həqiqi tarixlərini bilənlər varmış. Gedək, daha burda durub monastra həsrət-həsrət baxmağın heç faydası yoxdur.
Həsən Həmidin yanına qalxanda gizir Nağıyev onların yerinə yeni postaçılar qoymuşdu. Əslində onların dəyişilmə vaxtıydı, hələ bir az da artıq xidmət çəkmişdilər.
-Yalan deyir, Həmid olmasaydı, mən onların qabağında dura bilməzdim. Ya atəş açıb qıracaydım, ya da məni öldürüb keçib gedəcəkdilər, rəzil olacaydıq. Ona görə yaxşı deyiblər; əsgərin yaxşı döyüşçü olması üçün komandiri yaxşı olmalıdır. Həmid kiçik komandir kursuna getməsə də, bu gün mənə yaxşı komandirlik elədi.
-Yaxşı, indi zastavaya gedərik. – gizir Nağıyev mübahisəyə son qoymaq istədi. – Baş idarədən vertolyotla nümayəndə gəlir, bəlkə də bir azdan çatar. Hadisəni onlara olduğu kimi danışmalısınız. Komandan həqiqəti bilməlidir.
Onlar zastavaya tərəf yol alanda məktəblilərin yanından ötüb keçəsi oldular. Bu zaman Saqif müəllim əsgərlərə nəzər salıb dedi:
-Uşaqlar, siz də bir müddətdən sonra əsgər olacaqsınız, vətənin keşiyində duracaqsınız. – Əli ilə Həmidi göstərdi. – Baxın, bu əsgər mənim min illik qan yaddaşımı oyatdı. Dünən cəmisi beş-on dəqiqə söhbət elədik. Bilmədim heç ölkənin hansı bölgəsindəndir. Ancaq buralarla bağlı, Qarayazı, Keşikçidağ monastr-məbəd kompleksi, Qatardağ silsiləsi, Atabəylər dövləti, Gürcü çarlığı barədə elə danışdı ki, elə bildim bu kənddə o, doğulub boya-başa çatıb, mən isə lap uzaqdan buraya müəllim işləməyə gəlmişəm.
Həmid heç nə demədi, başını aşağı saldı.
-“Nar çubuğu” ki, “nar çubuğu”… – bütün əsgər yoldaşlarının dilində bu ifadə astadan eyni vaxtda səsləndi.
-Müəllim, buyurun, danışın. İcazənizlə, biz də beş-on dəqiqə sizi dinləyək. – Gizir Nağıyevi də maraq götürdü.
Saqif müəllim əlini çoxdan çallaşmış saçına çəkib dərindən bir köks ötürdü. Bu, arxada qalmış illərin görülməmiş işlərinin köksü idi, amma bu köksü özündən başqa heç kim hiss etmədi, çünki hamının diqqəti bir anlıq zastavaya enməkdə olan vertolyotdaydı.
Sülhiyyə Musa qızı Nəsirova 27 iyul 1963-cü ildə Cəlilabad rayonu, Günəşli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
HƏYAT
Fikirləri qarmaqarışıq dolanbaclarda itmişdi sanki. Düşüncələri elə bil o dolanbaclarda özünü axtarışdaydı. Başının içi keçmişlə və bu günlə ləbələb doluydu. Bu sağ dalan, bu da sol yola keçid. Fikirlər beyninin sağ yarımkürəsini zəbt etmiş şəkildə sola cərəyan edirdi. Ağlı öz qənaətlərini pıçıldayırmış kimiydi:
“Evlilik bir yastığı paylaşmaq deyil, bir ürəyi, ürəkdəki arzuları, istəkləri və xəyalları paylaşmaqdır”. Bu kimin kəlamıydı bilmirdin, ancaq tez-tez onu təkrarlayırdın. Hər təkrarlaman məni daha artıq səndən uzaqlaşdırırdı. O “sevib” təkrarladığın fikir qədər ömür-gün yoldaşına “sevirəm” – desəydin, belə tez ayrılıq olmazdı.
Hər kiçik söz-söhbətdə belə özünü haqlı bilmək üçün dəridən-qabıqdan çıxmağı fitili atəşləyən sonuncu qor idi. Bəlkə də, daha irəlisi… Çırtaçırtla yanan ocaqdı. Arada bir ətrafı öz alovuna bürüyəcək gücdə olan ocaq.
….Günlərlə kiçik bir incikliyi şişirtməklə, küsməklə dustaq həyatı yaşatdın həm özünə, həm mənə.
Ən çox da uşaqları əhatə etdi bu anormallıqların.
Qəlblərini qırdın, psixologiyalarına zərbə vurdun. Heç eyninə də olmadı.
Eqoların “təkcə mənəm, mən varam” atmosferində ildırım çaxışıydı hər dəfə. Kəsən, doğrayan…
Bu hallar ən çox məni ikiqat ağır zərbə altında əzirdi. Ölümə aparırdı.
Həm onları üzdüyünə görə əzab çəkirdim, həm də məni onların qarşısında qeyri-insani davranışlarınla əzdiyinə görə. Özümə yer tapmırdım, bu fikirlərin ağırlıqları altında hər an parçalanıb qırılıb öz içimə tökülürdüm. Heç kimsə ilə də bölüşmək olmurdu.
Böyüklərin “ailə sirrini özündə saxlayan gizli xəzinədir”, sözlərini də heç kimə aça bilməməkdən qırılırdı adam. Bəlkə də, adam dərdini kiməsə söyləsə, həm yüngülləşər, həm də bir çıxış yolu arayardı vaxtında.
Böyüklərin adət-ənənə-mentalitet deyib, bizə sırıdıqları da heç normal aqillik deyilmiş. İnanıram ki, bütün ailələrin həyat gedişatında bu “mentalitet”müəyyən mənada mənfiyə doğru rol oynayıb?!
Yenə təsəllimiz, çarəsizcə “həyat bu” deyib, yola davam etməklə, yeni-yeni problemləri ardınca gətirən gələcəyin yollarında səfil olmaqdı.
Daha kəskin, daha çıxılmazlıqları ilə…
İnsan çox zaman yaşa görə qocalmır. Haqlı, haqsız çəkdiklrinə və zorla ona sırınan adətlərə görə qocalır, deyə düşünürəm. Sonra da adına tale, qədər, qismət, yazı adını qoyub, mübarizəmizi “mentalitet” müstəvisində bitirməklə qocalığa sürüklənirik. Ona görə də indi: “neçə yaşın var?” -sualına ixtiyarların yaşını gizlədib vermədiyi: “80 yaşım var” cavabını verməklə elə bil boşa xərclədiyim ömür sərvətimin acığını özümdən çıxıram…
Sən içimdəki gözəllikləri az məhvə məruz qoymuş kimi,indi də öz-özümü hədəfə götürmüşəm. Sən almadığın canımı alıram canımdan. Yəqin, bu da sənin xarakterinin ahəngiydi, məndə toplanıb “ahəngə”düşürdü beləcə?! Bilmirdim!
…İndi də olduğu kimi xatırlayıram. Bir rəfiqəmin qızının toyuna getmişdik – səninlə. Xeyli məşhur və əsil ziyalı insanlarla bir yerdə əyləşmişdik. Onların yanında özünü elə apardın ki, sanki məni tanımırsan. Təsadüfən yanaşı oturmuşuq və yad olan mənimlə burda heç maraqlı deyil sənə “imici” təlqin edirdin ətrafa. Şənlik boyu, bir dəfə də olsun, nə məndən oturduğumuz masada nə istədiyimi, hansı yeməyi və nə şirəsi içmək arzumu soruşmadın. Mən tərəfə göz ucu da olsa baxmamağın belə düşünməyə əsas verirdi. Hər bir diqqətsiz insan belə: “bunlar niyə özlərini belə aparırlar?” – sözlərini deməmiş olmazdılar ürəklərində.
Bu da, bir diqqətdən əlavə, məni tanıyanların yanında qəsdən məni kiçiltməyə hesablanmış “jestlər” etdiyinin kiçik bir nümunəsi idi.
Özlüyündə, orda – sənin hərəkətlərin bəlkə də sənətcə aşağı olmağının hikkəsinin hamılıqla o stolda əyləşənlərin cəminə atdığın top atəşiydi. Ən çox da məni mənən əzməyə hesablanmış top atəşi…
Səni çox yaxşı tanıdığımdan, bütün bu sözsüz və səssiz hikkən təkcə mənə bəlli olduğu üçün, elə mənə də ünvanlanmışdı:
“Görürsən, sənin harada və kimlərlə işləməyindən asılı olmayaraq səni necə şəkildə istəsəm pərt edərəm, aşağılayaram və kiçildərəm” – təsiri açıq-aydın sezilirdi.
Qonaqlardan fərqli olaraq, axı, mən sənə illərin o tayından üzü bəri yaxşı bələd idim. Hədəfində olan mənim bütün bunlara alınmağım və incə ruhumla üzülməyim də təbii idi.
Bu azmış kimi, əyilib qulağıma: “Bax, indidən deyirəm, heç kimlə oynamayacaqsan – heç kimlə” xüsusi vurğulu sözlərin yanaqlarıma ürək qanımı gətirəcək qədər ağır zərbə idi… Udqunmaqla və gözlərimə dolan yaşları kipriklərimi çırpmaqla içimə daşıyıb, vəziyyəti nizamlamağa çalışsam da, naşılığım ariflərin gözlərindən yayınmadı.
(Duyurdum ki, hamı kıprıklərinin altından bizə-ən çox da mənə baxırlar)
Elə bu an da başqa bir dostumuzun, orta məktəbin sonuncu sinfində oxuyan və rəqs dərnəyinə getdiyini söylədiyi oğlu ilə oynamağımı xahiş etməsi məni daha bir çıxılmaz vəziyyətə saldı:
-Bəlkə, əzizim, sən Babəklə rəqs edəsən. Bu toyda elə gözəl para, çütlük olarsız ki? – deməyi ağlıma ilk əvvəl onun bayaqdan bəri sənin mənə diqqət göstərmədiyinə acıması hissini gətirdi. İkincisi də sənin qulağıma pıçıldadığın “oynamayacaqsan!” – “əmrini” eşitməsi kimi içimdə bir sarsıntı yaratdı.
Aramızda vəziyyətin normal olduğunu göstərmək üçün aktyorluq etməyə sövqü-təbii can atmaq istəyim isə məni tam alt-üst etdi. Mən çevrilib səndən: “Oynamağa icazə verirsənmi?” – deməyim həm toyu, həm stol ətrafında oturanları və həm də mənim “oyunumu” şok vəziyyətinə gətirmək oldu. Qalırdı şahın mat olması… Bu da oynamaq arzusunun mat halı – mat!
…Və sən oturduğun stolda nümayişkəranə şəkildə çönüb arxanı mənə çevirməyin əsil “mat effekti” oldu. Ən dəhşətlisi də bunu hamının görməsi idi… Bu da şahın mat vəziyyəti…
Daha burdan o yana yol yoxdu. Bu çoxtərəfli şoku adlatmaq üçün məcburdum Babəklə həzin mahnının təranələri altında əməllərini həm özümə, həm də şahidlərə unutdurmağa…
…Və sənin icazəni gözləmədən Babəkin əlindən tutub məclisin oyun yerinə tərəf addımladım. Elə həyəcanlıydım ki… Ancaq, içimdə Allaha yalvarırdım ki, ayaqlarım bir-birinə dolaşıb məni minlərlə gözün qarşısında yıxmasın. Daha böyük mərkəzəqaçma təcilinə uğramayım, deyə, baxışlarım sanki ayaqlarıma dolaşmış haldaydı…
Bu da oyun çevrəsi…
Bu da cani-ürəklə çalan musiqiçilər dəstəsi. Bu aralıqda çalğıçıların kimisinin qaşqabaqlı, kimisinin də gülərüz olduğu gözümdən qaçmadı. Bu, yəqin ki, mənim öz halıma bənzər birini axtarmaq və bundan təsəlli tapmaq instinktim idi…
Hamının gözü bizdəydi. Operatorların çəkiliş bucağı – fotoobyektivi də bizə tərəf çevrilmişdi. Bütün diqqətlər üzərimizdə cəmləşmişdi. Televiziyanın da ekran obyektivindəydik. Fotoaparatlar ancaq bizi çəkirdi. İndi də mənə aydın deyil bu xüsusi diqqətin mənbəyi hardan başlanğıc götürmüşdü. Bəlkə, İlahi nəzm-nizamdı, bəlkə onun məni ağır vəziyyətdən, çıxılmazdan çıxarmaq lütfüydü? Bilmirəm…
…Bu oyun minlərlə ssenari qurmaq üçün sərf edilən cəhd və əməkdən təkcə biriydi, sanıram.
Milyon dəfələrlə qırdığın ürəyimin öz yerinə düşməyən parçalarından biriydi bəlkə də?!
İllərlə mənasız və məzmunsuz yaşamımın çarəsizcə bir ömürə sığdırmaq istəyimin yanlışlığından biriydi özlüyündə?!.
Mən indi taleyin və qədərin sənin əməlinlə barışmayan sevgisinin mənə aid olan parçasını götürüb gedirəm. Səni (o ağılda olmadığını bilə-bilə) özün-özünü məhkum etdiyin gerçəkliklərinlə baş-başa qoyub çəkilirəm itirdiklərim gözəl və təkrarsız illərin yanına (Geri qayıtmaq mümkün olmasa da, irəlidə yolumun olduğu-qənaəti ilə belə düşünürdüm).
Görəsən, indi sən, qalan o yarımçıq sevgi hissəsi və bütöv olmayan xarakterlə necə yaşayacaqsan? – fikrinə qoşulub gedirəm tək nəfərlik yuvama.
Kiminsə dilindən götürüb əzbərlədiyin: “İndi də ayrılıq ölüm deyil ki”, “peyəmbərlər də ayrılıb”, fikri ilə növbəti təsəlli arayarsan özünə. (Çünki, bu uzun birgə həyat savaşı verdiyim illərdə heç vaxt sənin əlinə kitab aldığını görmədim – tutuquşu təkrarçılığından savayı).
Bütün bunları, sənə yüklənməyim və olub-keçən səbəbləri sənin boynuna cəmləməyim kimi alınmasın. Xeyir!
Güya “bir ürəkdə” olduğumuz dövrdə: “Sevgin mənə çatmır, məni qane etmir, onu xəsisliklə göstərirsən, qram-qram, misqal-misqal verirsən”, – dediklərini təkrar-təkrar xatırlayanda bu addımımı dahiyanə “kəşf”sanıram. Çox gec də olsa.
Nobel mükafatına layiq “kəşf” kimi az qala özümü mükafatlandırmağım gəlir indi.
…Təklikdə yaxşı-yaxşı təhlil edərsən mənə yaşatdıqlarını və min çalarlı hərəkətlərini. Sən fikir və duyğularını hara qoyacağını düşünmədən bu ayrılığı sürətləndirdin… Özünü günahsız hesab etməklə işini bitmiş sandın. Sevgimizin və ailəmizin yaşaması uğrunda mübarizədə bulunmadın heç vaxt…
…Söylədiyin kimi,bu sevginin ayrılıq həddinə çatmasına, getmə kulminasiyasına yetməsinə təkcə mənəmmi səbəbkar və günahkar, yoxsa sənmi bais oldun bir yuvanın dağılmasına?! – sualı sənə sonuncu dərsimizdən bir parçadı. Cavabın nə olacaq, bilmirəm. İstəsən, düşünərsən.
Çünki, mənsiz – təklikdə vaxtın çox olacaq araşdırma aparmağa (Bəlkə də, yanılıram, sən ağılda olanlar nə çoxdu həyatda. Özün kimi biri ilə birləşib “ağıl kəmliyinizi” tamamlayarsız?! Nə deyim?!)
Bilmədiklərimi də götürüb gedirəm daha…
Mənsiz yuva olmaqdan çıxan yuvamıza və onun tək sakininə “özünə yaxşı bax” – sözünə gücüm çatır indiki məqamda.
İllərin üz-gözümü öyrəşdirdiyi gerçəkliyi ilə indi də yoxluğa və təkliyə öyrəşməyə gedirəm.
Təkcə bunu bil ki, yuvanı tək dişi quş qurmur. İki quş birləşib qurur. Yuvanın əsil yuva olması üçün sevgi və sayqı gərəkdiyi də unudulmamalıdı… Hələ fədakarlığ ucalığını demirəm. Bu danılmaz bir faktdır və aksioma olaraq da sübuta ehtiyacı yoxdur, deyə düşünürəm.
Bəlkə də dağılan bütün ailələrin mənbəyində bu həqiqət dayanır.
Yaşanan həyat dərslərindən qəti qənaətim isə budur – sevgi ilə gedilən yol yarımçıq qalmaz.
Birliyimiz ərzində üz-üzə heç bir söhbətimiz və müzakirəmiz olmamışdı. Bu müzakirəni özüm özümə son olaraq və sənə məktub olaraq ünvanlayıram.
Salamat qal, dustaq həyatım.
Barmaqlıqlar arasından çıxdım daha – ürəkdəki təkcə mənli olan yuvama gedirəm…
Xaliq Timur oğlu Məmmədov 13 aprel 1964-cü ildə Gədəbəy rayonu, Çayrəsullu kəndində anadan olub. Hazırda Rusiya Federasiyası, Krasnoyarsk şəhərində yaşayır.
Rusiya Yazıçılar Birliyinin üzvüdür.
AİDƏ
1
May ayı gələndə kəndə, sanki, vəlvələ düşürdü: yaylaqlara köçmək vaxtı yetib. Kolxozun sahələri “qoruq” elan olunurdu. Bu o demək idi ki, “filan gündən, filan tarixdən şəxsi həyətlərə məxsus mal-qara, qoyun-quzu nəzarət altında olmalıdırlar”. Əgər, kiminsə inəyi, danası kolxozun qoruq elan olunan sahəsinə girsə üç manat, qoyun-quzu bir manat cərimə olunurdu.
Hər bölgənin öz briqadiri düşürdü yollara, hamını xəbərdarlıq edirdi:
-Filan gündən dağa köç başlayır. Hazır olun!
Hamı mal-qarasını yaylağa çıxarmalıydı. Əsasən, nənələr-babalar köçərdilər. Kimin nənə-babası yoxuydusa, gərək mal-qarasını qoşaydılar kimlərəsə. Adətən, çətinlik çəkən olmurdu. Bərk axtarış edən olsaydı, kənd-kəsək hamısı kökdən bir-birinə qohum çıxacaqdı. Ona görə də, mal-qarası kənddə sahibsiz qalan olmurdu.
Bizdə isə lap asan idi. Gözümü açandan rəhmətlik babam ferma müdiri olub. Rəhmətlik nənəm də yanında, ömür-günü yaylaqlarda, ya da qış otlaqları sayılan örüşlərdə keçib. Qış otlaqları bizim kolxoz üçün Kür çayının sağ sahillərində, “Ceyrancöl” deyilən ərazidə ayrılmışdı. Babamın hər mövsümün sonunda evdə olduğu vaxtlar mənə nağıl kimi danışdığı əhvalatlarda tez-tez, “Girzan”, “Qışlaq” kimi adlar eşidərdim.
Ona görə də, dediyim kimi, bizdə mal-qaramızın yaylağa aparılması heç bir sual doğurmurdu. Kolxozun fermasına müdirlik edən babam hayımıza çatardı. Kolxozun köçü yaylaqlara gedəndə bizim heyvanları da qoşub aparardı. Heyvanlar dəstələnərdi, kolxoz köç aparmağa bir-iki yük maşını ayırardı. Nənə-babalar yaylaq dəm-dəsgahlarını yükləyərdilər kolxozun maşınlarına, düşərdilər yola.
May ayından payızın ortalarınadək Keçəl Dağının yamacları binələrin çadırları ilə bəzənərdi. Dərslər qurtarantək mən də olardım yaylaqlı.
Əsas yaylaq yerimiz indi sahibsiz qalan Əvəlikli və Mahmudlu yaylağının yuxarı “döşü”, düz ermənilərin sərhədi idi. Vəzifəm nənəmin ocaqda köz altında bişirdiyi “kömbəni” qaymaqla-yağla yeyib gəzmək, həm də buzovlara nəzarət etmək idi. Düz zirvədə, erməni sərhədinə yüz-iki yüz metr qalmış Soyuqdərə deyilən yer vardı. Gün qızanda qaçardım ora, qar yeməyə. Avqust ayında da qar olardı orada. Üstünün tozunu silərdim, ovuclayıb ləzzətlə təbii dondurmanı yeyərdim. Orada hərdən erməniyə rast gəlmək olardı. Hərdən soruşardılar, “hansı köçdənsən?” Heç vaxt onlardan qorxmazdım, diri cavab verərdim.
Palıdlı, İsə bulağı, Soyuqdərə, Köç yeri, Mahmudlu, Bərə – uşaqlıq dünyamın, nənəli-babalı xoşbəxtliyin şirin xatirəsi, ermənilərə qalmış xatirəsi…
2
Qonşu kəndin köçü üzbəüz dağın əks döşündə yerləşirdi. İri malları həmişə nəzarət altında otarırdılar. Amma buzovlarımız çox vaxt özbaşına buraxılmış olduqları üçün, bəzən, dağın döşünü aşıb keçərdilər qonşu kəndlərin binələrinin örüşlərinə.
Günlərin birində itmiş buzovu gəzəndə həmin dağın yamacında, “Qayalıq” deyilən bir yerdə çiyələk yığan bir qıza rast gəldim. İlk baxışdan, mənimlə yaşıd görünürdü. Bir-iki həftə dostluğumuzdan sonra bildim ki, məndən bir yaş kiçikdir.
-Olar, mən də yığım çiyələk? – dedim.
-Mənim deyil ki, bu dağ! – cavabını erdi. – Ürəyin nə qədər istəyir, yığ
Soruşdum, Aidə idi adı. Çiyinləri bərabərində kəsilmiş gözəl sarışın saçları vardı. Gözəl üzü sanki, ay parçası idi. Özümü saxlaya bilməyib:
-Sən necə gözəlsən, Aidə! – dedim.
-Bilirəm, hamı deyir mənə bu sözləri! – nazla cavab verdi.
Yığdığımız çiyələyi bir yerdə yedik. Xeyli oturduq, ayrılanda sabah görüşməyi şərtləşdik. “Bizim çadır odur ey, filanıncı. Bax bu qayanın yuxarısından məni səslə, nə vaxt gəlsən. Gələcəm”.
Səhərisi gün Qayalığa gələndə gözümə görünən çiçəklərdən bir dəstə topladım. Haradan bilirdim ki, vurulduğun qıza gül bağışlamaq lazımdır, bilmirəm. Yəqin, oxuduğum kitabçalardan… Aidə gül dəstəsinə sevindi, alıb iyləyərək:
-Atam anama hərdən gül bağışlayır, anam çox sevinir belə olanda, – dedi.
O gündən yaylaq həyatım şirin duyğulu, şirin-şəkər arzulu bir dövrə çevrildi. Əgər nənəmin – babamın qadağası olmasaydı, gecələri də oturardım Aidə ilə Qayalıqda. Aidə özü də etiraz etməzdi, belə imkanımız olsaydı. Amma Aidənin də nənəsi vardı, gecikəndə Aidədən sorğu edirdi.
Artıq, onların şəhərdə yaşadıqlarını bilirdim. Atasının böyük vəzifədə işlədiyini dedi. “Hər gün papamı işə maşınla aparıb gətirirlər!” – dedi Aidə qürurla.
Aidə ilə tanışlığımın ikinci həftəsində nənəmdən: “Nənə, uşaq üçün elçi getmək olarmı?” -soruşdum. “Bıy, sənə qurban olum! Evlənməkmi istəyirsən?” – öpdü nənəm məni. “Yox, nişanlanardım ki, heç kim məndən almasın Aidəni!” “Əgər, sən Aidənin xoşuna gəlirsənsə, narahat olma. Heç kim sizi ayıra bilməz!” – dedi nənəm.
Nənəmin sözlərini Aidəyə çatdırdım. Həmin gün, ilk dəfə dilimizə söz gəldi: “səni sevirəm!” ifadəsi. Mənasını başa düşürdükmü bu ifadənin, sevməyin – oğlan-qız sevgisinin nə olduğunu anlaya bilirdikmi o günləri? Əlbəttə, yox, uşaqlıq ağılı, düşüncəsi.
Nənələrimiz ləzzətli nə hazırlasaydılar, hökmən bir-birimizə pay gətirərdik. Bir dəfə isə, Aidəylə görüşə xüsusi hədiyyə ilə getmək istədim.
Soyuqdərəyə qalxdım. Çoxdan idi buraya qalxmırdım, Aidə ilə tanış olandan. Papağımı soyuq və təmiz qarla doldurdum. Aidəmə verəcəkdim təmiz qarı. Mən Qayalığa gəlib çıxanacan qar yoxa çıxdı, əridi. Qayanın başından səslədim Aidəni. İkicə dəfə “Aidə!” deyən tək çıxdı bayıra. On dəqiqəyə yanımdaydı. Gün əyilənəcən bir yerdə olduq.
-Tezdən oyana bilərsən?” – soruşdum.
-Sənə lazımsa, oyanaram! Nə olub?
-Sənə təmiz qar gətirəcəm. Günorta o dağdan bu dağa gələnəcən qar əriyir. – Papağımı göstərdim. – Səhərlər bir elə isti olmur.
Səhərisi tezdən durub qalxdım zirvəyə. Soyuq qarı papağıma yığıb götürüldüm üzü aşağı. Elə o dəqiqə də ayağım dolaşıb yıxıldım. Kəllə-mayallaq getsəm də, papağı elə sıxmışdım ki, qar yerə dağılmadı. Zirvədən ətəyə, ətəkdən başqa dağın zirvəsinə çıxanacan qar …əridi! Aidəmlə görüşə hədiyyəsiz gəldim! Bərk dilxor olmuşdum. Aidə qəşəng əlləri ilə əllərimi tutaraq incə səslə:
-Alınmır, alınmasın. Canın sağ olsun! – dedi. – Bikef olma, biz ki, bir yerdəyik!
Bir neçə gün belə keçdi. Artıq, avqustun ortaları olardı. İki ay idi Aidə ilə tanışlığım. İlahi, necə də tez keçərmiş günlər! Hələ də Aidəyə qar çatdırmağı unuda bilmirdim. Axşamların birində dərdimi nənəmə söylədim. “Canım canına qurban, ay balam!” – dedi nənəm. Səhər duranda nənəm mənə bir 4-5 litrlik bidon(qab) və bir dəsmal verdi. “Şahzadə balam, igid balam! Qabı doldur qarla. Bu dəsmalı da yaxşıca bürü qaba, apar sevgilinə!” Elə də etdim. Qarla dolu bidon əlimdə Qayalığa çatdım! Nə qədər sevinirdim! Qalxdım adət etdiyimiz qayanın başına: “Aidə! Aidə!” – səslədim sevinclə. Aidə çıxmadı bayıra. Handan-hana nənəsi çıxıb cavab verdi: “Yorma özünü, bala, sakitləş, və çıx get! Aidə getdi şəhərə, evlərinə! Atası apardı”. “Necə evlərinə, bəs mənə demədi!” “Get, bala, gələn il görüşərsiniz!” Yastı daşın üstündə həmişəki yerimizdə oturdum, nə qədər – bilmirəm. Dünyamı itirmişdim! Məni boşluq əhatəsinə almışdı…
Qarı yeyə bilməzdim, Aidəm üçün gətirmişdim. Atmağa da əlim gəlmirdi. Həmişə yan-yana oturduğumuz Yastı daşın arxasından qayanın altını eşdim. Çiçəklərdən yığıb döşəkcə düzəltdim. Qarı ehtiyatla boşaltdım çiçəklərin üstünə. Yenidən çiçək yığıb qarın üstünü bağladım. Daha sonra isə bir qaya parçasını sürüyüb saldım yuvanın ağzına. Niyə belə etdim, bilmirəm. Yəqin, ümid edirdim ki, qarı saxlayacam gələn iləcən. Ya da, sevgimin, uşaqlıq məhəbbətimin nişanəsini əbədiləşdirmək istəyirdim, bilmirəm.
Fərhad Ramiz oğlu Əsgərov 24 dekabr 1960-cı ildə Bakı şəhəri, Mərdəkan qəsəbəsində anadan olub. Hazırda Mərdəkan qəsəbəsində yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
VİCDAN VƏ NƏFS
Sentyabr ayında bütün qonşu uşaqları hamısı məktəbə getdi. Fazilin isə yeddi yaşı tamam olmadığı üçün onu məktəbə yazmamışdılar. Ağlamaqdan özünü saxlaya bilmirdi. Gözləri şişib almaya dönmüşdü. Dəli kimi olmuşdu. Necə ola bilər ki, bapbalaca Natiq məktəbə gedir, məni isə götürmürlər. Ürəyi partlayırdı.
Bir dəfə beş yaşı olanda qonşunun oğlu onu özü ilə məktəbə aparmışdı. Zəngin səsindən elə xoşu gəlmişdi ki, düz bir ay ərzində kimi görürdüsə, o haqda danışırdı.
Fazil həyətin ortasında, tozun-torpağın üstündə oturub ağlayırdı. Səsinə qonşu Səmayə və Ballı xala da gəldi. Onların ikisinin də oğulları məktəbə gedirdilər. Fazil də məktəbə getməyi, zəng vurulan kimi sinfə girməyi, müəllimin qarşısında oturmağı, suala cavab vermək və dərsi danışmaq üçün uça-uça əl qaldırmağı elə istəyirdi ki! Məktəb onun üçün müqəddəs bir yer idi, müəllimə isə, əstəğfürullah, Allah kimi baxırdı. Buna görə də, məktəbə getmək bəlkə də, qonşu uşaqlardan çox Fazilə lazım idi.
Səsini nənəsinə, babasına çatdırmaq üçün daha ucadan ağlamağa başladı. Daha effektli alınsın deyə, oturduğu yerdə iki-üç dəfə özünü qaldırıb yerə çırpdı. Bəlkə bir saatdan çox idi ki, beləcə davam eləyirdi. Nəhayət, qonşu arvadların da təkidi ilə nənəsi onu məktəbə aparmağa razı oldu. Nə qələmi vardı, nə kitabı, nə də dəftəri. Heç məktəbə geyməyə bir düz-əməlli paltarı da yox idi. Nə tapdısa əyninə geyinib, düşdü nənəsinin önünə. O, yerimirdi, sanki uçurdu. Məktəb yolunda qarşısına çıxan məhlə uşaqları biri ona qələm, biri dəftər verdi. Məktəbin qarşısında onları ilk qarşılayan Ağamalı müəllim oldu. Nənəsi məsələni müəllimə danışdı. O da Fazili öz sinfinə götürdü. Beləcə, Fazilin məktəb həyatı başladı. Fazil də bütün birincilər kimi elə bilirdi ki, müəllim çörək yemir, müəllim…
Fazil bir anlıq xəyala daldı. Xəyalı onu məktəb illərinə apardı. O, düşündü: “Onda biz məktəbə təhsil almağa gedirdik. Məktəb təhsillə bərabər təlim-tərbiyə, əxlaq da aşılayırdı. Həyatımızda məktəbin böyük rolu var idi. Məktəbin son siniflərində təhsil alırdım. Ədəbiyyat müəllimimiz Əhməd müəllim idi. Yaxşı yadımda deyil, mövzu nə idi, amma o yadımdadır ki, hansısa əsər haqqında danışırdı. Burada əsərin qəhrəmanını bir vicdanlı, ədalətli insan kimi xarakterizə edirdi. O zaman müəllimə sual vermişdim:
– Müəllim, bu vicdan nə olan şeydi?
Arxadakı partadan başqa bir şagird də əlavə etdi ki, heç onu görən də olmayıb.
Qocaman müəllim bir az susub dedi:
– Oğlum, onu görmək lazım deyil, o hər kəsin içində olmalıdır. Vicdan kiminsə kənardan bizə baxdığını, göz qoyduğunu deyən daxili səsdir. Sən bu daxilindəki səsi eşidə bilirsənsə, sənin içində demək bir ədalət hissi var. Və bu səsi eşidib nəfsinə qalib gələ bilirsən, halalla haramı ayıra bilirsən. Acgözlük, artıq nəfslik heç bir insana başıucalığı gətirməz. Vicdan insanın şərəfi, ləyaqətidir. O insanlarda məncə, bu şəkildə təzahür eləyir. Şərəfli, ləyaqətli insanlar da həmişə insan cəmiyyətində sayılan-seçilən olublar. Bu mənim şəxsi qənaətimdir”.
…Fazilin artıq əlli yaşı var idi. O, rayonun ən gözəl restoranlarından birində iyirmi il idi ki, inzibatçı işləyirdi. Rayonun başqa restoranlarından fərqli olaraq, bu restorana çox imkanlı adamlar gələrdi. Restorandakı yeməklər dadlı, ləziz bişirilərdi. Fazilin burada böyük hörməti var idi. Restorana gələnlər həmişə onunla səmimi görüşür, hal-əhval tuturdular. Hətta onu öz stollarına dəvət edənlər də olurdu.
Restorana ayda bir dəfə, eləcə də bayramlarda altı nəfər məktəb direktoru yeyib-içməyə gələrdilər. Onlardan beş nəfər orta məktəb direktoru, bir nəfər isə internat-məktəbin direktoru idi. Necə deyərlər: taylı-tayını tapmışdı. Möhkəm dost idilər. Aralarından su keçməzdi. Ad günlərində, bayramlarda, müəllim günündə bir yerə yığışıb yeyib-içir, şənlənərdilər. Üçü qadın idi, üçü kişi. Yeyib-içib beyinləri xumarlandıqdan sonra öz “qəhrəmanlıqlarından” ağızdolusu danışmağa başlayırdılar.
Belə xoş günlərdən biri idi. Məktəb direktorlarından biri Fazili də onlarla birlikdə oturmağa dəvət etdi. Fazil bir neçə saat ərzində burada nələr görmədi, nələr eşitmədi. Məktəb direktorlarının içkinin təsirindən kefləri durulmuşdu. Birinin masanın o başından səsi eşidildi: “Bu ay beş min manat qazanmışam”. O biri isə başqa həmkarına deyirdi: “Gəlib-gedənlərə bu ay altı yüz manat vermişəm”. Bir başqası isə gileylənirdi: “Heç “yuxarıdan” gələn kuratoru demirsən? Ən böyük “rasxod” elə ona gedir”.
515 nömrəli orta məktəb rayonun ən böyük tədris ocaqlarından biri idi. Məktəbdə üç mindən çox şagird təhsil alırdı. Burada çox savadlı müəllimlər çalışırdı. Müəllimlər şagirdlərə bilik və bacarıqların mənimsədilməsi üçün var qüvvələrini sərf edirdilər. Müəllimlərin təşəbbüsü ilə məktəbdə rəngarəng tədbirlərin keçirilməsi də ənənə halını almışdı. Düzdür, şagirdlərin əksəriyyəti dərs oxumasalar da, məktəbin az sayda savadlı şagirdləri olimpiadalarda, yarışlarda qalib olur, bununla da məktəbin adı yaxşı məktəblər sırasında çəkilirdi. Hər il məktəbin məzunlarının bir neçəsi ali məktəblərə qəbul olunmaqdan ötrü yüksək bal toplayırdı. Bu isə müəllimlərin və valideynlərin böyük əziyyəti hesabına başa gəlirdi. Tədris ocağında əsas idarəçilik işlərini direktor müavinləri aparırdı. Məktəbin direktoru Marat müəllim isə kollektivə nəzarət edirdi. Savadlı müəllimlərin və şagirdlərin nailiyyətlərinə görə Marat müəllim dəfələrlə fəxri fərmanlara layiq görülmüşdü. Onun rəhbərlik metodu yuxarılarda başqalarına nümunə kimi göstərilirdi. Yaşı əllini haqlamışdı.
515 nömrəli orta məktəbin direktoru Marat müəllim lap xumarlanmışdı. Bəs necə? Dost məclisi idi axı. Sol əlini ağ örtüklü masanın kənarına dayaq verib ayağa qalxdı:
– Dostlar, – dedi. – Allahdan gizlin deyil, sizdən niyə gizlin olsun. Sevgilimin ad günü yaxınlaşırdı. Onu da deyim ki, onu çox sevirəm. Direktoru olduğum məktəbdə müəllimə işləyir.
Bunu eşidəndə qadın direktorlar bic-bic gülümsəyərək bir-birilərinə göz vurdular. Marat müəllim onların bu hərəkətini görüb şit-şit hırıldadı və sözünə davam elədi:
– Hər ad günündə ona üç dənə yüzlük verirəm. Düzdür, pulum vardı, amma onu bu işə xərcləmək istəmirdim. Götür-qoy eləyirdim ki, bu pulu haradan çıxarım. Səhər kabinetdə oturmuşdum. Bir valideyn əsəbi halda içəri girdi və hay-küylə dedi ki, dünən oğlum fizika dərsində dəcəllik eləyib deyə, müəllim onu vurub. Valideyn fizika müəlliminin dalınca asıb-kəsirdi. Mən isə öz aləmimdə idim, plan qururdum. Valideyni birtəhər sakitləşdirib stula əyləşdirdim. Dedim ki, oturub bütün bunları şikayət ərizəsində yazsın. Ərizəni yazdırıb valideynə təsəlli verib dedim ki, siz arxayın olun, o, mütləq cəzasını alacaq. Valideyn getdikdən sonra tez fizika müəllimini yanıma çağırdım, ərizəni qarşısına qoydum. Oxudu, az qaldı dili-dodağı qurusun. Hədə-qorxu gəlib dedim ki, sən neyləmisən? Valideynin ağzından od püskürürdü, səndən yuxarılara şikayət edəcək. Yazıq bir hala düşdü ki, görməsən inanmazsan. Başladı yalvarmağa. Başa saldım ki, ay yazıq, işdən çıxarılmağın cəhənnəm, hələ o biri tərəfini düşün. Şagirdi vurduğuna görə hüquq-mühafizə orqanları səndən bilirsən nə qədər pul alacaq? Bunu eşidəndə az qaldı bədbəxti infarkt vursun.
Marat müəllim danışır, danışdıqca da lap coşur, gözləri pələng gözləri kimi parıldayırdı. Amma heç düşünmürdü ki, bu yazıq müəllim alacağı cüzi əməkhaqqını səbirsizliklə gözləyir və əməkhaqqı ilə düz bir ay ailəsini dolandıracaq. “Toxun acdan nə xəbəri”. İndi müəllim odla su arasında qalmışdı. Müəllim haradan biləydi ki, qarşısındakı İblis ona tələ qurub. İşini itirəcəyi qorxusu onu vahimələndirirdi. Öz-özünə düşünürdü ki, gərək o uşağa əl qaldırmayaydım. Axı, bu dəcəl və yaramaz uşaq onu ələ salmışdı, qüruru ilə oynamışdı. Yenə də özünə haqq qazandırmırdı, çox peşman olmuşdu. Amma…
Marat müəllim bayaqdan tüstülənib külü masanın üzərinə tökülən siqaretinə bir qullab vurub, tüstünü tavana tərəf filədi: – Təsəvvürünüzə gətirin, – dedi. – Müəllim qorxusundanmı, hirsindənmi tir-tir əsirdi. Yazıq yalvara-yalvara dedi ki, xahiş edirəm bu işi yoluna qoyun. Mənə də elə bu lazım idi də. Dedim get, iki min manat gətir, işi yoluna qoyum. İki-üç gündən sonra pul stolumun üstündə idi. “Dəcəlin” valideynini çağırıb onu təqsirkar çıxartdım. Dedim ki, bu nə uşaqdır tərbiyə eləmisiniz. Əgər bir də nadinclik eləsə, onu məktəbdən qovacam. İşi yoluna qoyduqdan sonra həmin pulu dostlarla yedik-içdik, sevgilimə üç dənə yüzlük verdim, arvadıma da bahalı paltarlar, ayaqqabı aldım. Hə, bəylər, pulu belə qazanarlar eee… Ha, ha, ha…
Marat müəllim doyunca güldükdən sonra badəsini qaldırıb dedi:
– Gəlin bu badələri içək yuxarılarda bizi müdafiə edən, nöqsanlarımızı bilib göz yuman insanların sağlığına.
Badələr qaldırılır və hamı bir ağızdan:
– Gözəl sağlıqdır, içək deyilən sağlığa.
Bunu deyib, badələri qaldırdılar.
Hamı badəsini boşaltdıqdan sonra iştah onlara güc gəldiyinə görə yeməyə başladılar. Araya bir müddət sükut çökdü. Marat müəllim yenidən sözə başladı:
– Məktəbdə elə qanunlar yaratmışam ki, bu qanunlar vasitəsilə də ancaq qazanıram. 8 Mart Qadınlar günü münasibətilə bütün müəllimlər ayrı-ayrılıqda kabinetimə girir, evdə oturan həyat yoldaşımı da təbrik edirlər. Hər bir müəllim 50 manat pul və hədiyyə verir. Təsəvvürünüzə gətirin, keçən il 8 Martda mənə 49 ədəd bahalı ətir verdilər. Onlardan 8 ədədini bacılarıma, arvadıma, əmim qızına, bibim qızına hədiyyə verdim. Qalan ətirləri isə dostumun vasitəsilə mağazada satdırdım. Beləliklə, də bayramda xeyli pul qazandım.
Həmkarının danışığından 528 nömrəli orta məktəbin direktoru Mütalik müəllim də ruhlandı. Bu həmin Mütalik müəllim idi ki, ixtisasca fizika müəllimi idi və atasının yerinə məktəbə direktor təyin olunmuşdu. Atası uzun illər bu məktəbə rəhbərlik etmişdi. Tanıyanlar onu bir zalım, eqoist, təkəbbürlü insan kimi xatırlayırlar. Qocaldığından müəllimlər tezliklə onun işdən çıxacağını və yerinə daha yaxşı direktor təyin olunacağını düşünürdülər. Lakin belə olmadı. Ata öz oğlunu 528 nömrəli məktəbə direktor təyin etdirə bildi. Mütalik müəllimin rəhbərliyini görən müəllimlər öz aralarında danışırdılar ki, “yağışdan çıxdıq, yağmura düşdük”. Mütalik müəllim rəhbərlik etdiyi tədris ocağına müqəddəs bir yer kimi münasibət bəsləmirdi. O, məktəbə qazanc mənbəyi kimi baxır, hardan və kimdən nə qədər çırpışdırmaq barədə fikirləşirdi. İnsan nə qədər tamahkar olar? Gözləri müəllimlərin və valideynlərin əlində idi. Zahirən ətrafdakılarda mədəni, sakit təbiətli bir insan təəssüratı yaratsa da, daxilən eqoist, təkəbbürlü, simic, öz işində hər cür alçaqlıqlara əl atan bir adam idi. Müəllimlərlə danışanda heç başını da qaldırmazdı. Müsahibini dinləmək qabiliyyəti də yox idi. Bu səbəbdən kollektiv arasında hörməti də yox idi. Hamı vicdan və ədalət hissini itirmiş bu adamın nə zaman vəzifədən uzaqlaşdırılacağı günü səbirsizliklə gözləyirdilər. Savadlı, peşəsini sevən, elmin sirlərini şagirdlərə vicdanla öyrətmək istəyən müəllimlər bu talançının əlindən bezmişdilər. Onlar ləyaqətli bir adamın direktor təyin olunmasını arzulayırdılar. Lakin, sən saydığını say, gör, fələk nə sayır. Mütalik müəllim badəsini əlinə götürüb öz nitqinə başladı:
– A kişi, ay kişi sən nə danışırsan? Mən müəllimlərə göz verirəm, işıq vermirəm. Necə deyərlər onları bərk incidirəm. Bəs nə? İncitməsəm çox pul qazana bilmərəm axı. Qardaş, nə başını ağrıdım, hər cür işə əl atıram. Mənə elə gəlir ki, elə hamınızdan çox pul qazanan mənəm. İstəyirsiniz bəzi şeyləri sizə də agah edim? Tədris ilinin əvvəlində hər müəllimə “kak palojna” 18 saat dərs verirəm. Artıq dərs demək istəyən müəllim yanıma gəlir. Könlü balıq istəyən quyruğunu gərək soyuq suya qoya. Atam-qardaşım, bu başdan 200-300 manat alıram, 5-6 saat dərsini çoxaldıram. Gözəl üsuldur, deyilmi? Beləcə tədris ili başlayan kimi beş-altı min manat irəli düşürəm. Pul qazanmağın başqa bir yolunu da sizə izah edim. Bəzi müəllimlərə ayrı-ayrılıqda tapşırmışam ki, varlı ailələrdən gələn yuxarı sinif şagirdlərinin qiymətlərini kəssinlər. Belə ki, beşə cavab verənə dörd qiymət yazsınlar. Belə olduqda şagirdin valideyni yanıma gəlir, övladının qiymətini yüksəltməyi xahiş edir. Bu işə görə də valideyndən pul alıram. Bəzən elə valideyn yanıma gəlir ki, vicdandan danışır. Beləsi ilə ehtiyatla davranıram və müəllimlərə tapşırıram ki, həmin şagirdin qiymətini daha kəsməsinlər. Başqa bir məsələ də var: mühasib öz adamımdır. Hər ay müəllimlərin əməkhaqqı hesabından, hər birindən on-on beş manat sürüşdürür bizim “hesaba”. Onun da haqqını verirəm. Yəqin bilməmiş deyilsiniz. Müəllimlərin məzuniyyət pulundan da 30-50 manat həmin hesaba köçürülür. Bir dəfə qadın müəllimlərdən biri pedaqoji şurada bunların hamısını düz üzümə dedi ki, 30 ildir müəllim işləyirəm, amma sənin kimi əclafa, vicdansıza, şərəfsizə rast gəlməmişəm. Sənin analoqun yoxdur, sən insanlıq hissini, ləyaqətini itirmisən. Səndən hara şikayət eləyim, heç özüm də bilmirəm. Allah bəlanı versin. Bilirəm, hara şikayət etsəm də yenə pul verib şikayəti bağlatdıracaqsan, məni də təqsirkar çıxartdıracaqsan. Müəllim pedaqoji şuranı tərk eləyib getdi. Heç ağlıma da gəlməzdi ki, məni belə zibilə salar. Məndən yuxarılara, bir neçə yerə şikayət etdi. Durduğum yerdə işə düşdüm, apar-gətir, get-gəl başladı. Aləm qarışdı bir-birinə. Ora ver, bura ver. Nə başınızı ağrıdım. Hamının “ağzını yuma bildim”. Diaqnoz qoydurdum ki, guya müəllimə son bir ildə ruhi sarsıntı keçirib və əsəb xəstəsidir. Nə isə, buna da bir xeyli xərcim çıxdı. Amma məsuliyyətdən kənarda qaldım. Baxmayaraq ki, mən müəllimləri, kollektivi çox incidənəm, amma hamı qorxusundan mənim tərəfimdə durdu. Hərçənd ki, mən onların qədrini bilmirdim… Xahiş edirəm, gəlin bu badələri bizim müəllim kollektivinin sağlığına içək, çünki, onlar olmasaydılar və məni müdafiə etməsəydilər, bəlkə də mən indi “içəridə” olardım.
632 nömrəli orta məktəbin direktoru Sona xanım qədəhini həmkarları ilə toqquşdurdu və gülümsəyərək masanın üstünə qoydu. Həmkarının pessimist notlar üzərində qurduğu söhbəti ona heç ləzzət eləmədi. Qəddini düzəldərək, iki dirsəyini də masaya dirəyib əlləri ilə sifətini qucaqladı.
Marat müəllim onun bu hərəkətini nəzərdən qaçırmadı. “Sona xanım, sözlü adama oxşayırsınız”, – dedi.
Qollarını yemək masasının üzərində çarpazlayaraq bir-birinin üstünə qoyan Sona xanım: – Vallah, sizin özünüzü belə çətinə salmağınız mənə bir az qəribə görünür – dedi. – Mənim işlərim sizə baxanda çox əladır. Yəqin bizdə olan şərait sizdə də var. Amma baxır necə istifadə eləyirsən? Hər tədris ilində iki sinif “onbirlərim” olur. Özünüz yaxşı bilirsiniz ki, onların çoxu müəllim yanına getdiyi üçün dərsə gəlmir, ali məktəbə hazırlaşırlar. Doqquz ay dərsə gəlməməyə görə tədris ilinin əvvəlindən onların hər birinin valideynindən 1000 manat alıram. Kim birdəfəlik verə bilmir, aybaay verir. Necədir? Çox gözəl gəlir mənbəyidirmi? Doğrudur, hərdən yoxlama-filan olur, amma onun da “tədbirini” görürük. Təlim-tərbiyə işləri üzrə direktor müavininə tapşırmışam, belə hallar olanda onuncu sinifləri otuzdururuq onbirincilərin yerində. Yoxlama gəlir-gedir, hər şey də öz yerində. Hər şeyin özünün “qanun-qaydası” var da! Guya yuxarıdan gələn kosmosdan enib? Bilmirlər ki, son sinif şagirdləri dərsə gəlmirlər?! Amma hər halda elə görüntü yaratmaq lazımdır ki, “nə şiş yansın, nə də kabab”. Yoxlamanı elə yola salıram ki, razılıq eləyib gedirlər. Bizim məktəb sizinkilərə bənzəmir. Özünüz bilirsiniz ki, məktəb yaxşı yerdə yerləşir, böyük də ərazisi var. Baxdım ki, fürsətdir. Bunu mən etməsəm, bir başqası eləyəcək. Hələ neçə illər bundan əvvəl əlaltından dörd nəfər tapıb hərəsinə yüksək qiymətə dörd sot torpaq satdım. Bu adamlar ərazimizə köçmək istəyən imkanlı adamlar idilər. Qısa bir zamanda onlar hərəsi özü üçün iki-üç mərtəbəli villalar tikdirdilər. İndi pəncərədən baxanda adamın ürəyi açılır. Mən işimi ehtiyatlı tutan adamam. İşin üstü açılmasın deyə, bütün lazımi sənədləri hazırlatdırdım, bir neçə vacib bildiyim adamın haqqını da verdim. Torpağı alan adamlar özləri də elə-belə adamlar deyillər. Onların da köməkliyi ilə işlər yoluna qoyulub sənədləşdirildi. Onlar torpaq alıb villa tikdirdilər. Mən də o pula mərkəzdə “novostoyka”da özümə üç otaqlı mənzil, oğluma isə bahalı avtomobil aldım. İndi hal-hazırda şəhərin müxtəlif yerlərində iki evim və iki obyektim var. Qaldı ki, xırda-xuruş, sizdə olan o işlərdən məndə də olur. Bunlar “krupnı” olduğu üçün danışdım. Amma xahiş eləyirəm bu söhbət burda qalsın, yəni öz aramızda.
Bu çıxışdan sonra Sona xanım badəsini qaldırıb dedi:
– Mən bu sağlığı rayon rəhbərliyində çalışan və bizim üçün şərait yaradan dostların sağlığına içmək istəyirəm. Onların “səxavətləri” nəticəsində bu il məktəbimizin cari təmirinə ayrılan vəsaitdən xeyli yararlandım. – Sona xanım bic-bic gülümsəyərək: – İstəyirsiniz bunun yolunu sizə də öyrədim. Belə ki, iyun ayında hələ müəllimlər məzuniyyətə getməmişdən əvvəl hamısına tapşırıq verdim ki, öz vəsaitləri hesabına hər biri öz sinfində divarları ağartsın və döşəməyə lak çəkdirsin. Müəllimlər də bu işi gördülər. Məktəbdə “cari təmir” işləri aparıldı, buna ayrılan pul isə mənə qaldı. Siz də belə edə bilərsiniz, – deyərək badəsini içdi.
– Narahat olmayın, Sona xanım. Biz də elə bu cür edirik. Bu işdə siz tək deyilsiniz, – deyə masanın o başından Mütalik müəllim göz vuraraq onun sözünə qüvvət verdi.
Bayaqdan həmkarlarının söhbətlərinə heç bir müdaxilə etmədən fısıldaya-fısıldaya diqqətlə dinləyən 599 nömrəli orta məktəbin direktoru Kamran müəllim Sona xanım sözünü bitirib arxaya söykənən kimi yerində qurcalanmağa başladı. Öz-özünə fikirləşdi ki, “eh, bunlar mənim yanımda toya-bayrama getməlidirlər ki”. Kamran müəllim qanunsuz əməlləri və hərəkətləri ilə rayonda çox məşhur idi, ərazidə ad çıxarmışdı. İstənilən oyunlardan çıxırdı. Təki pul gəlsin. Əlləri ilə saçlarını daraqlayaraq, peysərinə qədər aparıb sığalladı. Sol qaşını qaldıraraq xüsusi görkəm aldı. Sanki, istəyirdi ki, həmkarları onun onlardan daha sanballı olduğunu hiss eləsinlər. Bir-iki dəfə boğazını arıtlayıb sözə başladı:
– Altı il bundan öncə direktor təyin olunan gündən məktəbdə öz qayda-qanunlarımı yaratdım. O vaxtdan indiyə kimi məktəbdə mənim qanunlarım işləyir. Məktəbdə 1200 şagird təhsil alır. Əvvəlcə başladım müəllimləri bir-bir müşahidə eləməyə. Hiss elədim ki, 60 müəllimdən on-on beşi özünü çox qürurlu aparır, o birilər kimi mənə yaltaqlanmırlar. Dedim: “yaxşı, siz siz olun, mən də mən. Görün, sizin başınıza nə oyun açacağam”. Müəllimlərin əlli nəfəri qadın, on nəfəri isə kişi idi. Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini kişi müəllimləri idi. Əvvəlcədən direktor müavinlərini çıxaracağım haqda yuxarılarla məsləhətləşdim. Onların “dabrosunu” aldım. Elə sevinirdim ki. İkinci dəfə keçirdiyim pedaqoji şurada mənə yaltaqlanan iki qadın müəllimi yüksək səviyyəli müəllim kimi müəllimlərin diqqətinə çatdırdım və qeyd etdim ki, direktor müavinləri onlar olacaqlar. Onlar elə sabahdan vəzifələrini icra etməyə başlasınlar. İşdən çıxarılan kişi müavinlər narazılıqlarını bildirdilər və şikayət edəcəklərini söylədilər. Onlara dedim ki, qardaş, burda direktor mənəm, kiminlə istəsəm onunla işləyəcəm. Dedilər ki, adamda vicdan yaxşı şeydir. Cavabında dedim ki, eybi yox, qoy mən vicdansız olum, siz vicdanlı. İndi gedin, vicdanla sinfə girib dərsinizi deyin. Birmənalı olaraq fakültətiv məşğələlərin, seçmə fənlərə ayrılan saatların, dərnəklərin pulu mənə çatır. “Müəllim günü” üçün xüsusi “stavka” təyin eləmişəm. Direktor təyin ediləndən sonra araşdırıb bütün şagirdlərin valideynlərinin kim olduğunu öyrəndim. Bilirsiniz də, “lyuboy” məktəbdə pis oxuyan, nadinc uşaqlar var. Otuz nəfər imkanlı ailənin uşaqlarına məqsədli şəkildə “iki” qiymət yazdırtdım. Hər birinə bildirdim ki, bu səbəbdən payız imtahanına qalırsınız. Əgər avqust ayının sonunda müəllimlərin suallarına cavab verə bilməsəniz, sinifdə qalacaqsınız. Ertəsi gün valideynlər bir-bir yanıma gəldilər. Hərəsindən min manat aldım. İmkanlı adamlardır. Min manat onlar üçün tum puludur. Sonra müəllimlərə tapşırdım ki, hərəsinə bir “üç” yazın, sinifdən-sinfə keçirin. Beş uşağın valideyni “görüşə” gəlmədiyi üçün uşaqlarını sinifdə saxladım. Sonra bir valideyn gəldi, hay-küy saldı. “Sizdə vicdan yoxdu, insaf yoxdu, insanlıq hissini itirmisiniz”, – deyə qışqırıb, bağırdı. Heç əhvalımı da pozmadım. Nə vicdan, adə. Vicdanlı olmaq mənə qalıb? Şagirdlərin onuncu sinfə keçirilmələrinə də məhdudiyyət qoymuşam. Belə ki, doqquzuncu sinif şagirdlərinin valideyn iclasında belə bir şərt qoydum ki, üç qiyməti olan şagirdi onuncu sinfə keçirməyəcəyəm, zəif şagird zəhmət çəkib başqa məktəbdə oxusun. Mənim bu şərtim valideynləri hərəkətə gətirdi: nisbətən zəif oxuyan şagirdlərin valideynləri uşaqlarının onuncu sinifdə oxumaları üçün mənə “hörmət” etməyə başladılar.
Amma hörmətli kolleqalar, gəlin etiraf eləyək ki, məktəblərimizdə şagirdlərin savadlılıq səviyyəsi çox aşağıdır. Yetmiş faizi demək olar ki, məktəbə elə-belə gəlib-gedirlər. Məktəbin faizi aşağı düşməsin deyə, “üç” qiymət yazıb növbəti sinfə keçiririk.
Həmkarları onun bu sözünü eşidən kimi yerlərində qurcalanaraq, – “elədir, elədir” ,-dedilər. Kamran müəllim sözünü bitirib badəsini qaldırıb bic-bic gülümsünərək dönüb qadın direktorlardan birinə göz vurdu:
– Gəlin bu badələrimizi içək müəllim və şagird kollektivlərimizin, bəzi valideynlərin şərəfinə. Onlar olmasalar biz rahat-rahat kurortlara gedə bilmərik, yaxşı geyinə bilmərik, istədiyimiz kimi yeyib-içə bilmərik. İçək hər il müəllim yanına gedib ali məktəblərə daxil olan, üzümüzü ağ eləyən şagirdlərimizin, məzunlarımızın sağlığına. Heç olmasa onların hesabına məktəblərimizin adı yaxşılar arasında çəkilir.
Qədəhlər toqquşur, içilir, yenidən isti-isti kabablar gətirilirdi. Mütalik müəllim yenə söz demək üçün badəsini doldurub ayağa qalxdı:
– Hörmətli həmkarlarım, hamının sağlığına içirsiniz, bəs qalanlar var axı. İnsaf da yaxşı şeydir. Mən bu badələri şəxsən psixoloqun, uşaq birliyi rəhbərinin, laborantların, bəzi süpürgəçilərin sağlığına qaldırıram. Onların adları bizdə işdədir, özləri isə başqa yerlərdə işləyirlər. Maaş kartları məndədir. Nigar müəllimənin sağlığını xüsusi qeyd edirəm. Bu xanım müəllimə işə gəlmir. O, həm də biznes ilə məşğuldur. Yazıq Türkiyənin, Dubayın, Rusiyanın yollarında qalıb. Maaşı mənlikdir, hələ arabir mənə hədiyyələr də gətirir.
Bayaqdan gözlərini də qırpmadan Mütalik müəllimi dinləyən 642 nömrəli orta məktəbin direktoru Rüxsarə xanım gözlərini xüsusi əda ilə süzərək sözə başladı:
– Əziz həmkarlarım. Sizin danışdıqlarınız bizim məktəbdə də mövcuddur. Amma mənim iş prinsipimdə başqa bir cəhət də var. Məktəbdə əlimin altında altı nəfər müəllim və iki nəfər süpürgəçi var ki, onlarla yaxşı münasibət saxlayıram. Bu dost münasibətini elə saxlayıram ki, digərləri hiss etməsinlər. Kollektivdə nə söhbət gedir, nə narazılıq var, dost münasibəti saxladığım adamlar hamısını gəlib mənə çatdırırlar. Bu da mənə “kadr siyasətində” lazım olur. Sonra dalımca danışan, iş prinsipimi bəyənməyən müəllimləri gözümçıxdıya salıram. Bu yaxınlarda elə birini şərləyib işdən çıxartdım, yerinə haqqımı alıb başqa birini götürdüm. Hər bir sinifdə də ayrı-ayrı şagirdlər var ki, siniflərdə baş verən hadisələr, aparılan söhbətlər bu xəbərçi şagirdlər vasitəsilə mənə çatdırılır. Bu işdə həmin şagirdlər mənim dostluq etdiyim müəllimlərlə əməkdaşlıq edirlər. Belə ki, dostluq etdiyim müəllimlər həmin şagirdlərə “xəbərçiliyin sirlərini” öyrədir, onları gələcəkdə yaxşı “işverən” kimi yetişdirirlər.
Rüxsarə müəllimə badəni qaldırıb yenidən sözə başladı:
– Bu badəni də içək elə hamımızı müdafiə edən Arif müəllimin sağlığına. Hamımızın nöqsanı var, kişi bizi incitmir ki, gəlir, haqqını alıb gedir. Elə hamımıza sərf edən adamdır.
Direktorlar hamı bir ağızdan:
– İçək, içək deyilən sağlığa, Arif müəllim həqiqətən də gözəl insandır.
Hamı əlindəki badəni içir.
Marat müəllim bayaqdan hamını gülümsəyə-gülümsəyə səbrlə dinləyən internat məktəbin direktoru Həlimə xanıma dedi:
-Həlimə xanım, siz də bir söz deyin.
-Bayaqdan sizə qulaq asıram. Bizdə vəziyyət bir qədər başqadır. Rəhbərlik etdiyim internat məktəbdə cəmi iki yüz şagird vardır. Amma mən də yaxşı qazanıram. Belə ki, uşaqlar üçün ayrılan ərzağın altmış faizini satıram. Hər il bizə xeyli quru və yumşaq inventar verilir. Köhnə inventarları hesabdan silsəm də, onları tullamıram. Köhnələri işlədirəm, yenilərini isə satıram. İyirmi nəfər “ölücan” işçim vardır. Onların da əmək haqqı mənə çatır. Hələ bu harasıdır? İmkanlı adamlar hər həftə bir neçə qoyun kəsdirir və uşaqlar üçün rəhbərlik etdiyim internata göndərirlər. Həmin cəmdəkləri isə tez bir zamanda qonşumun sahibi olduğu ət mağazasına göndərirəm. Ət satışından olan pulun yetmiş faizi də mənə çatır. Əladır, çox gözəl dolanıram. Artıq altı ildir ki, ailəliklə yeni il bayramını ya Dubayda, ya da Türkiyədə, məzuniyyətimi isə Truskovesdəki və Moskva ətrafındakı sanatoriyalarda keçiririk.
Şərabın təsirindən beyinləri dumanlanmışdı. Hansısa bərkdən qışqırdı: “Tak derjat”. Qıraqdan baxan, qulaq asan olsaydı, bunlara bir ad qoya bilərdi: “Vicdansız, ədalətsiz, insanlıq hissini itirmişlər”.
Bəzən belə adamlara qiymət vermək də çətin olur. Fazil öz-özünə düşünürdü: “Görəsən, bu insanlar nəyə görə nəfslərinə qalib gələ bilmirlər? Nəyə görə nəfs bunlara güc gəlir? Bu talamaq, qamarlamaq hissi sanki, bunların qanına hopub. Nə halal qalıb, nə də ki, haram. Ələlxüsus, da bütün bunlar məktəbdə baş verəndə adamı da çox yandırır”. Bütün bu gördükləri, eşitdikləri Fazilin uşaqlığında, gəncliyində məktəb haqqında xəyalında formalaşdırdığı müqəddəs hissləri zədələdi.
Amma Fazil yenə də nikbindir. Məktəb ona görə müqəddəsdir ki, millətin gələcəyi, inkişafı, mədəniyyəti, mənəviyyatı buradan başlayır, burada formalaşır. O, inanırdı ki, nəfsləri onlara hakim kəsilmiş belə direktorlar haçansa tədricən çıxarılacaq, onları vicdanlı, nəfsinə uymayan saf, sağlam düşüncəli insanlar əvəz edəcək…
Zəhra Səfəralı qızı Məmmədova 4 iyul 1960-cı ildə Zəngilan şəhərində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
GÖYÜN GÖZ YAŞLARI
Azanın ecazkar, ürəyi riqqətə gətirən səsi aram-aram ətrafa yayılırdı. Üzündəki qırışlarda yaşadığı məşəqqətli, acılı, nisgilli günlərinin izi qalmış, gözlərindən qorxu və nigarançılıq tökülən qadın namazını qurtarıb salavat çevirdi. Sonra əllərini göyə açıb sızıltılı səslə dua etməyə başladı:
-Allahım! Yerin-göyün sahibi, sənə sığınmışam! Səndən başqa dayaq duracaq bir kimsəm yoxdu. Səni and verirəm böyüklüyünə, mənim balamı düşmən gülləsindən qoru!.. Allahım, onların qəlbinə rəhm sal, bu müvəqqəti dünyada bizim günümüzü qara etməsinlər! Camaatın min bir əziyyətlə böyüdüb ərsəyə çatdırdığı balalarının nahaq qanına bais olmasınlar. Sən yardım et, Allahım! Otuz ildir balalarımız qırılır…
Duasını qurtarandan sonra qadın qapının ağzında çıxardığı nimdaş ayaqqabısını geyinib məsciddən çıxdı. Ağır-ağır kəndin başındakı evinə tərəf yön aldı. Uzaqdan evinin odun sobasının bacasından çıxıb göylərə tərəf qalxan tüstüsü görünürdü…
***
Bu kənddən bir necə kilometr məsafədə, çox da böyük olmayan təpənin arxasındakı evlərin arasında, ilk baxışdan nəzərə çarpan kilsənin də zəng səsi eşidilirdi. Kilsənin içində yun çubuğuna oxşar arıq, saçı ağappaq, görünüşündən yaşadığı kənddə təsərrüfatla məşğul olduğu açıq-aşkar bilinən bir qadın qabarlı əllərində tutduğu şamı çarmıxa çəkilən İsa Peyğəmbərin büstünün qarşısında yandırıb dua edirdi:
-Göydə olan atamız! Sən mənim oğlumu hifz et! Düşmənin gülləsinə tuş gəlməsin, gənc yaşında puç olmasın. Atası ilə mən onu çox əziyyətlə böyütmüşük. Onu bizə sağ-salamat qaytar. Bizim ucsuz-bucaqsız torpaqlarımızı da özümüzə qaytarmağa yardım et…
O, duasını qurtarandan sonra kilsədən çıxdı. Hava çox soyuq olduğundan bağın ətrafında otlayan inəyin ipini bağladığı ağacdan açıb darta-darta tövləyə tərəf apardı…
***
Lap uzaqlarda isə möhtəşəm sarayın, çölün qılınckəsən şaxtasından fərqli olaraq isti, xoş hərarətli içində büllur badələrin qışqırdıcı cingiltili səsi, xanımların bahalı, gözqamaşdıran ,zərif libaslarının xışıltısına qarışmışdı. Hər paltarın qiymətinə bir kəndin camaatının illik yemək, içmək, geyinmək ehtiyacını ödəmək olardı.
Rəsmi görüşdən sonra bura toplaşanların sakit və işvəli danışıqları, saxta təbəssümləri sanki yarışa girmişdi. Şəhvət dolu baxışlar öz şikarlarını süzürdü. Bahalı qadın, kişi ətirlərinin bihuşedici qoxusu əyinlərinə geyindikləri kostuyumların, ayaqqabıların qiymətinə bərabər şərabın qoxusuna qarışıb ehtiraslı bir aura yaratmışdı. Musiqiçilərin zalın bir küncündə oturub zövqlə çaldıqları Çaykovskinin “Autumin” əsərinin həzin melodiyası, deyəsən, ancaq böyük pəncərələrə asılan zərif, incə tül pərdələri ahəstə-ahəstə tərpədirdi. Kimsə musiqini nə dinləyir, nə də zövq alırdı. Çünki hərənin başı necə hərəkət etmək planı ilə məşğul idi…
***
Neçə gün idi ki, aramsız yağan yağış kəsmirdi. Elə silahlardan atılan güllələr də yağış kimi əsgərlərin başına yağırdı. Ölən əsgərlərin meyidləri çölün düzündə qalmışdı. Snayperçilərin əlindən meyidləri çıxarmaq mümkün deyildi. Göz açmağa qoymurdular. O tərəf də, bu tərəf də nifrətlə, qəzəblə bir-birini məhv edirdi.
Meyidlərin bəziləri parça-parça olub tanınmaz hala düşmüşdü. Çoxu da palçığa bulaşdığından hansı tərəfdən olduğu belə bilinmirdi…
Yuxarıdan bir neçə saata meyidləri götürmək üçün atəşkəs əmri verilmişdi. İki tərəf də eyni vaxtda hərəkətə keçdi, hər şeyi unudub çölün düzündəki bir-birinə qarışan meyidləri daşımağa başladılar. Meyid daşıyan əsgərlərin çəkmələri yağışın suyundan islanan torpağı o qədər ayaqlamışdı ki, yoğrulmuş palçıqdan yerimək çətinləşmişdi. Hər iki tərəfin əsgərləri avtomatları çiynində meyidləri palçığın içindən sürüyüb çıxartmağa çalışırdılar. Palçığa və öz qanlarına bulanan meyidləri ayırd etmək üçün paltarlarının qollarındakı bayraq işarəsinə baxırdılar. Çünki çoxunu üzlərindən ayırd etmək olmurdu. Hamısının açıq qalan gözləri və qaşları qara idi. Dəfələrlə həm o tətəf, həm bu tərəf meyidlərin onlardan olmadığını görüb bir-birini səslənirdilər. Özləri də bilmədən bir-birlərinə yardım edirdilər.
Atəşkəsin vaxtı azaldıqca əsgərlər qaranəfəs qaça-qaça, tələsə-tələsə meyidləri axtarıb tapıb çıxardırdılar. Hər dəfə tapıb çıxartdıqlarına görə sevinir, az qala bir-birini təbrik edirdilər. Sevinirdilər , həm də ağlayırdılar və dərk edə bilmirdilər ki, hansı duyğunu yaşayırlar…
Yağış isə göydən dayanmadan yağırdı…
Yağdıqca tapşırığı yerinə yetirə bildiklərinə görə sevinə-sevinə ağlayan əsgərlərin, qara gözləri açıq qalan meyidlərin üzərinə səpələnirdi…