Etiket arxivi: BDU-nun filologiya fakültəsinin məzunları

BDU-nun filologiya fakültəsinin məzunları – Yeganə QURBANOVA-XANLAROVA

YEGANƏ QURBANOVA-XANLAROVA

BDU-nun filologiya fakültəsinin məzunları

13 fevral, məzun olduqdan 13 il sonrakı görüş, bütün qrup əhlindən 13 nəfərin iştirak edə bilməsi…

Rəqəmlərin təsadüfliyi maraqlı və qəribədir, deyilmi?!

13 fevral 2022-ci il tarixində tələbə yoldaşlarımızla görüş keçirmək, uzun ayrılıqdan sonra, nəhayət ki, nəsibimiz oldu.

BDU-nun filologiya fakültəsinin məzunu olduğumuz vaxtdan xeyli ötmüşdü.
Bu görüşü bizim qrupun tarixinə qırmızı hərflərlə yazmaq doğru olar. Çünki dəfələrlə bir araya gəlmək üçün can atsaq da, görüş alınmırdı. İşlədikləri üçün, həmçinin ailə-məişət məsələləri qrupumuzun xanımlarına ortaq uyğun vaxt seçməkdə çətinlik törədirdi. Bu da başadüşüləndir.

Texnologiyanın inkişaf etdiyi bu dövrdə sözsüz ki, qrup yoldaşlarımızdan ibarət votsap (WhatsApp) qrupumuz var. Hər xırda sevincimiz zamanı votsap qrupumuzda nə qədər böyük canlanma olduğunu təsəvvürə gətirmək, hətta bəzən qrupa bir saatın ərzində toplanan mesajların 300-500-ə çatması, qrup üzvləri arasında istənilən mövzunun çox qızğın müzakirə olunması yoldaşlar arasında isti münasibətdən xəbər verir, qrupumuzun mehriban olduğunu, bir-birimizə hörmətlə davranmağımızı şərhsiz izah edir.

Bizim votsap qrupunda elmi polemikadan tutmuş, qrup üzvlərinin sevincli, uğurlu hər bir nəticəsinə qədər mədəni-ziyalı ortamda müzakirələr, təbriklər, şadyanalıq olur. Bu dəfəki mesajların çoxluğu yenə qrupda yeni bir hadisədən işarə verirdi: görüş vaxtı və məkan barədə qrup yoldaşlarımız müzakirələr edirlər. 13 ildən sonra tələbə yoldaşlarımızla canlı görüşmək barədə ortaya atılan müzakirə də başqa bir sevincdir. Elə buna görədir ki, araya fasilə salmış COVİD-19 pandemiyasının yaratdığı çətin vaxtlardan sonra fevral ayının soyuq havasının fərqinə varmadan çox böyük həvəs və həyəcanla görüşməyi qətiləşdirdik.

Filoloqların təxəyyülü…

Müşahidələrə əsasən qeyd etmək yerinə düşər ki, filologiya fakültəsinin tələbələrinin kitabxana günündə hədsiz növbə sıxlığı olur. Bu da filoloqların mütaliə etmək həvəsindən, kitablara böyük marağından irəli gəlir. Biz filoloqlar şifahi nitqdə cümlələri poetik fiqurlardan istifadəylə danışmağa, nitqimizi mükəmməl qurmağa, həmçinin bir sözdən ilhamlanıb onu bədiiliyə tərəf aparmağa, yadımıza hansısa əsəri salmağa alışmışıq. Elə buna əsasən də, qrupumuzun görüş sevincinə dair yazdığım cümlədəki “sevinc” sözü qrup yoldaşım Zaqayeva Sevinci yadıma saldı. Sevincin yaşayış yeri Zaqatala şəhəridir və orada müəllim işləyir. Müvəqqəti Bakıda olduğu müddətdə qrupla görüşməyi təklif etdi. Bu görüşün təşəbbüskarı bu dəfə odur. Bir neçə gün əvvəl vaxt dəqiqləşəndə Sevinc görüşü səbirsizliklə gözlədiyini, həyəcanlı olduğunu yazdı. Düzü, həmin həyəcan daha sonra mənə siraət etdi… Gözümü saatdan ayıra bilmir, vaxtın çatmasını səbirsizliklə gözləyirdim…

Budur, artıq vədə yetişib və iki-iki, üç-üç qrup yoldaşlarımız təyin olunan məkana gəlməkdədirlər. Yeni gələn hər bir qrup yoldaşımı görmək yaddaşımı təzələyir, beynimdə xatirələr oyanır, şirin tələbəlik illərim yada düşür. Hamımız xoşbəxt idik. Bir-birimizlə hal-əhval tutur, deyib-gülür, ağızdolusu xeyli söhbət edirdik.

Fakültənin dəyərli, böyük alimlərindən dərs almaq şansı…

Akademik Tofiq Hacıyev, professor Təhsin Mütəllimov, professor Tofiq Hüseynoğlu, professor Qara Namazov, professor İfrat Əliyeva, professor Məmmədəli Qıpçaq, professor Cəlil Nağıyev, professor Əbülfəz Rəcəbli, professor Elbrus Əzizov, professor Vaqif Sultanlı, professor Almaz Əliqızı-Məmmədova, professor Sənan İbrahimov, dosent Arif Məmmədov, dosent Bəxtiyar Məmmədzadə və b. Respublikanın ən tanınmış filoloq alimləri bizlərə dərin bilik aşılamaqla bərabər, həm də dünyagörüş, həyat dərsi öyrətdilər.  Biz bu görüşdə bizə bilik, savad öyrədən, geniş erudisiyalı əziz müəllimlərimizi, onlarla bağlı şirin xatirələri yada saldıq, onların üzərimizdəki zəhmətlərinin əvəzedilməzliyindən danışdıq, dünyasını dəyişən müəllimlərimizə Allahdan rəhmət dilədik.

Qrupumuzun gənc alimləriylə fəxr edirik…

Bizim qrupumuzdan hazırda müxtəlif universitet və məktəblərdə çalışan çox savadlı müəllimlər var. Qrupumuzdan filologiya üzrə fəlsəfə doktoru adını qazanan iki nəfər: BDU-nun əməkdaşı Yeganə Qurbanova-Xanlarova və ADU-nun müəllimi Mehriban Mövlamova. Hər ikimiz də magistratura və doktorantura təhsili keçmişik, gənc yaşımızda hər ikimizin monoqrafiya, dərslik, onlarla məqalə müəllifi, onlarla konfrans iştirakçısı olmağımız tələbəlik illərinin möhkəm elmi bünövrəsindən qaynaqlanır.

Bu uğurlu jest davam etməkdədir. Qrup yoldaşlarımızdan Şəhrizad Nuhova (Bakı Slavyan Universiteti), Buta Bağırova (Türkiyə Respublikası Hacettepe Universiteti), Təhsil işçisi, ibtidai siniflərin Azərbaycan dili dərsliklərinin həmmüəlliflərindən Aysel Xanalıyeva, Vüsalə Şəfiyeva (müəllim), Zəminə Orucova (müəllim), Sərinə Məhərrəmova (Azərbaycan Dillər Universiteti) bu elmi adı almaq üçün doktorantura təhsili keçib, müxtəlif mərhələlərdə fəaliyyətlərini davam etdirirlər. Görüş vaxtı onların hər birinə müvəffəqiyyətlər arzuladıq və tezliklə qrupumuzda fəlsəfə doktorlarının sayının artacağına inandıq.

Müəllimlik ən şərəfli peşədir. Bu adın, bu peşənin müqəddəsliyi barədə çox danışmaq, çox ibarəli ifadələr işlətmək olar. Ən yaxşısı, elə bu peşədə çalışmaqla məsuliyyətin nə dərəcədə olduğunu dərk etmək mümkündür. Bu gün bizim qrup xanımlarının yuxarıda qeyd etdiyim kimi, bir qismi universitetlərdə müəllim kimi fəaliyyət göstərib bu mötəbər ada sahiblənib, həmçinin elmi tədqiqat istiqamətində uğurlu nəticələr əldə edirlərsə, qrupumuzun digər qisim xanımları orta məktəblərdə müəllim kimi fəaliyyət göstərir, şagirdlərə bilik, savad verir, həmçinin onları universitetlərə qəbul olmağa düzgün istiqamətləndirib dəstək olurlar. Zəminə Orucova, Billurə Əliyeva, Aysel Məmmədova, Fəridə Məmmədova, Nərgiz Zeynalova, Afaq Quliyeva, Samirə Bağırova, Vüsalə Abbasova, Nigar Mirzəyeva , Gülnamə Nurməmmədova, Şəfa Qürbətova və b. savadından pay alan hər bir şagirdin şanslı olduğunu demək yerinə düşər.

Tələbəlik bitər, xatirələr bitməz…

Tələbəlik illərinin ən yaddaqalan hadisələrindən biri də sözləşib dərsdən qaçmaq idi. Və sözsüz ki, bizim qrup da bu cür şıltaqlığı etmədən məzun olub desəm, doğru sayılmaz. Görüş zamanı yada düşən hər yeni xatirə məclisi yenidən canlandırır, ovqatımıza xüsusi rəng qatırdı.

Bizim qrup, demək olar ki, əsas etibarilə, xanımlardan ibarət olub. Qrupumuzda Şəhrizad, Gülnamə, Buta, Sərinə və s. nadir və xoşagəlim şəxs adları bizə dərs deyən çox hörmətli filoloq müəllimlərin, böyük alimlərin diqqətini çəkər, təbəssümlə deyərdilər: “Siz əsl filoloq qrupusunuz. Müxtəlif əsərlərdəki obraz adlarının çoxu sizin qrupda cəm olub”.

Biz bu görüşdə tələbəlik illərindən ən şirin xatirələri yada salmaqla o illərə qayıtdıq. Həmin gün başa düşdüm ki, tələbə yoldaşlarımla görüşdüyüm bir neçə saatlıq vaxt hamımız üçün 17-21 yaş aralığında təhsil aldığımız universitet illərinə geri dönüş deməkdir. Onlarla söhbət etdiyimiz, şən-şaqraq deyib-güldüyümüz anlar şüurumuzu aldadaraq bizlərə tələbəlik yaşımızda olduğumuzu hiss etdirməyə inandırdı.

Tələbə yoldaşlarımızda dəyişən geyim tərzi idi, mehribanlıq, səmimiyyət, qayğıkeşlik olduğu kimiydi.

Lakin bu görüşdə iştirak edə bilməyən tələbə yoldaşlarımız – Sahilə, İradə, Şəbnəm, Sevda, A.Sevinc, İ.Vüsalə, Ə.Günay, Z.Günay, Merve, Nərmin və b. da görmək hamımızın könlündən keçirdi.

Məzunlar bu görüşdən çox məmnun halda razılıq edib ayrıldılar. Bu cür görüşlərin davamlı olmasını arzuladılar. Allah qismət etsin, Amin!

Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru