Etiket arxivi: Cəfər Cabbarlı

Cabbarlısevərlərin sevimli tədqiqatçısı Asif Rüstəmli və yaxud elm fədaisi…

Asif Rüstəmli – görkəmli alimin 70 yaşına onun 60 yaşına yazdığım məqaləni ərməğan edirəm… 100 yaşasın…

Cabbarlısevərlərin sevimli tədqiqatçısı Asif Rüstəmli
və yaxud elm fədaisi…

Mən onu lap çoxdan tanıyıram, elmə gəldiyi ilk addımlarından onun istedadına, gələcəkli bir elm adamı olacağına inananların əvvəllincilərindən olmuşam, ümidlər bəsləmişəm və çox şükürlər ki, o, qələm dostlarının, onu istəyənlərin, dəyərli müəllimlərinin bütün ümidlərini, inamlarını doğruldaraq müasir dövrün tanınmış, məhsuldar elm adamı olmuşdur.

Həmişə düşünmüşəm ki, istedadı, bacarığı, qələmi, sənəti ilə bəşəriyyətin, mənsub olduğu xalqın bütün istiqamətlərdə həqiqətlərinin, dəyərlərinin üzə çıxmasında, aşkarlanmasında xidməti olanların haqqını qorumaq, onu dəyərincə qiymətləнdirmək vicdanlı ziyalının ən ümdə borclarından biridir. 60 yaşını haqlayan, müdriklik çağına qədəm qoyan Asif Rüstəmli bütün şüurlu həyatı və səmərəli yaradıcılığı boyu ədəbiyyatının, mədəniyyətinin həqiqətlərini, dəyərlərini üzə çıxaran ziyalı zümrəsindəndir. Bu məqamda haqlı bir sual doğur: – Sən kimsən, Asif Rüstəmli? Həyat yolunun faktları bu kimliyin, bu sualın ən dürüst cavabıdır! Fakt əlahəzrətdir və onu təkzib etmək qeyri-mümkündür! Aşqin hüsni-təvəccöhü onun aləmindən görsənir!

Onun tədqiqat siferası, ictimai fəaliyyəti əhatəlidir, coğrafi tutumu da genişdir. Amma, ədəbi-elmi ictimaiyyətdə o, öncə cabbarlışünas kimi tanınır və sevilir. Azərbaycan ədəbiyyatının XX əsr görkəmli nümayəndələrindən olan Cəfər Cabbarlının tanınmış tədqiqatçı-alim Asif Rüstəmlinin gərgin elmi axtarışlarının nəticəsində bu istiqamətdə tamamilə yeni bir mərhələ başlamışdır və bu yeni mərhələnin banisi də, yeganə hakimi mütləq yiyəsi də, şübhəsiz, filologiya elmlər doktoru, professor Asif Rüstəmlidir.

Ümumiyyətlə, qeyd etməli cəhətlərdən biri budur ki, Asif Rüstəmlinin elmi axtarışlarının hər bir nəticəsi Azərbaycan ədəbiyyatşünaslığına dəyərli töhfədir… Elə ona görə də, onunla bağlı tədbirlərdə onu sevənlərin arasında həmişə alimləri, araşdırıcıları, ali məktəb tələbələrini, müəllimləri, müğənniləri, aktyorları, ictimaiyyətin tanınmış nümayəndələrini, bir sözlə, cabbarlısevərləri görərsən…

Əslində, Asif Rüstəmli ədibin qızı, Cəfər Cabbarlı muzeyinin direktoru Gülarə Cabbarlı ilə bahəm böyük Cəfər Cabbarlının ləyaqətli, zəhmətkeş alim varisidir!.. Dəfələrlə, müxtəlif tədbirlərdə onun da şahidi olmuşuq ki, Gülarə xanım etiraf edibdir ki, atası haqqında Asif Rüstəmlinin tədqiqatlarında ədibin ailəsinə, hətta onun məşhur, ləyaqətli tədqiqatçılarına da, indiyədək məlum olmayan müxtəlif yeni faktlar və sənədlərlə ilk dəfə rastlaşırıq…

Asif Rüstəmlinin Cəfər Cabbarlı yaradıcılığı ilə bağlı qaranlıq məqamlara həmişə aydınlıq gətirmişdir. Müəllifin “Cəfər Cabbarlı: Həyatı və mühiti” (2009) monumental əsəri Asifin müxtəlif illərdə yazdığı “Çırpınırdı Qara dəniz” (1992), “Tufanlardan keçən ömür” (1995), “Susmaz duyğuların səltənətində” (2002) və “Ədəbi istiqlalımız” (2004) kitablarından sonra ədəbi-ictimaiyyətə bu yöndən yeni bir töhfəsi idi.

Sovet dönəmindən üzü bəri ədibin həyatı, yaradıcılığı, əsərlərindəki adlar və obrazlar qalereyası haqqında yazılan çoxsaylı tədqiqat əsərləri sırasında Asif Rüstəmlinin tədqiqatları, yazdığı kitabları, həmçinin bu tədqiqatların akkordu kimi ortaya gələn, illərdən bəri üzərində işlədiyi “Cəfər Cabbarlı: Həyatı və mühiti” kitabı elmi yenilikləri və ədəbi tapıntıları ilə daha zəngindir, daha qiymətlidir…

Bütün bu tədqiqlərin, axtarış və araşdırmaların ali nəticəsi kimi o, “Cəfər Cabbarlı və ədəbi-mədəni mühit” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (2011) həm özünü, həm də elmimizi şərəfləndirmişdir. Bunu ədəbi-elmi ictimaiyyətin ən görkəmli nümayəndələri – akademik Bəkir Nəbiyev, akademik İsa Həbibbəyli, professorlardan Yavuz Axundlu, Qəzənfər Paşayev, Vilayət Quliyev, Vaqif Arzumanlı, Himalay Qasımov, Vaqif Yusifli, Cabbarlının qızı Gülarə xanım və digərləri dönə-dönə qeyd etmiş, Asifin fəaliyyətini yüksək şəkildə sərgiləmiş, onu daim axtarışda olan bir alim, elmi-ictimai həqiqət uğrunda, sözün əsl mənasında, çarpışan fədakar tədqiqatçı, yorulmaz ictimaiyyətçi ziyalı kimi dəyərləndirmişlər…

Onun daima mənbəşünas bir alim kimi daima axtarışda olduğunu AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli belə səciyyəlndirir: “Təəssüf ki,son dövrlərdə arxivlərdə axtarışlar aparmaq, yeni fakt və sənədləri aşkara çıxarmaq, əlyazmaları üzərində işləmək ənənəsi zəifləmişdir. Elmi-ədəbi meydanda ədəbi-tarixi faktların böyük əksəriyyəti 30-50-ci illərdə aşkara çıxarılmışdır. Bu cəhətdən Asif Rüstəmli yeni nəsil arasında arxivlərə və kitabxanalara önəm verən mənbəşünas bir tədqiqatçı kimi diqqətimi cəlb edir. Böyük uğurla doktorluq dissertasiyası müdafiə etdikdən sonra da arxivlərin, kitabxanaların, muzeylərin qapılarını açmaqda davam edir.”

Ümumiyyətlə, Asif Rüstəmli ədəbiyyatşünaslığımızın müasir mərhələsində tədqiqatlarında açılmamış səhifələrin sirrini açan, həmişə təzə faktlar üzə çıxaran, bu faktlara obyektiv və orijinal münasibət bildirən, yeniliklərə can atan, mübhəm məsələlərin üzərindən qalın pərdələri qaldıran istedadlı, ədəbi, ictimai polemik problemlərə cəsarətlə qoşulan, deyərdim ki, yeganə ədəbiyyatşünas-mətinşünas, bunlarla yanaşı ictimaişünas, ürəyi vətəndaşlıq qeyrəti ilə çırpınan, vətənpərvər bir ziyalıdır, alimdir.

Yenə də əlahəzrət faktlara müraciət edək.

Asif Rüstəmli bacarıqlı elm təşkilatçısıdır. O böyük zəhmət hesabına Azərbaycanda ilk dəfə indiki Folklor İnstitutunun əsasını qoydu, İçərişərdə tarixi bir binanı fundamental şəkildə təmirindən tutmuş, içinin avadanlığına qədər təmin elədi, Respublikada fəaliyyət göstərən görkəmli folklorşünaslarla yanaşı, istedadlı gənc mütəxəssisləri işə cəlb etdi və 1991-1994-cü illərdə “Folklor sarayı” elmi-mədəni mərkəzini, bu mərkəzin yerlərdə (Şəkidə) filialını yaratdı, folklora aid yeni toplama işləri, nəşrlər, yadda qalan elmi məclislər, konfranslar keçirməyə müvəffəq oldu, başqa sözlə, Respublikamızda yeni bir elm sahəsinin İnstitut səviyyəsində ilkin istiqamətlərini müəyyənləşdirdi…

Asif Rüstəmli olduqca işgüzar naşirdir. 1995-1999-cu illərdə Elmi nəşrlər bölməsinin müdiri olarkən və “Ozan” nəşriyyatının rəhbəri kimi yüzlərlə elmi, bədii, publisist kitabların naşiri və redaktoru olmuş, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin nəşr tarixinə düşərək bu işə ləyaqətli töhfələrini vermişdir…

Bu işdə topladığı təcrübəni də o küləyə sovurmamış, filologiya üzrə elmlər doktoru, professor, tanınmış Cabbarlışünas alim Asif Rüstəmli universitetdə «Redaktə işinin əsasları» fənnini tədris edir, bu sahədə əldə etdiyi zəngin təcrübəni tələbələrə öyrədir…

Asif Rüstəmli vətəndaş heysiyyətli ziyalılarımızdandır. O ilk ədəbiyyatşünasdır ki, Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Azərbaycan milli ordusunun zabiti, xalqımızın cəsur oğlu, millətin qürur yeri olan Ramil Səfərovla (indi Vətənində azadlıqdadır) görüşmək üçün Macarıstana xüsusi səfər etmiş və orada müxtəlif baryerləri qıraraq bu görüşə nail olmuşdur. Bu görüş onları əbədi və ədəbi dost etmişdir.

Xatırladım ki, Ramil Səfərov bədii ədəbiyyat nümunələrini macar dilindən azərbaycancaya çevirən ilk tərcüməçidir. Onun macar dilindən tərcümə etdiyi Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitabının redaktoru və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlinin olması da təsadüfi deyildir və Asif Rüstəmlinin vətəndaş və vətənpərvər heysiyyət sahibi olduğundan xəbər verir.

Ramil Səfərov bu əsərdən əvvəl Macarıstanın tanınmış xanım yazıçısı Maqda Sabonun “Qapı” romanını müvəffəqiyyətlə orijinaldan Azərbaycan dilinə tərcümə etmiş və kitab 2011-ci ildə Bakıda çap olunaraq böyük uğur qazanmışdı.

Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitabına yazdığı “Məhbəsə sığmayan azadlıq eşqi” adlı müqəddiməsində Asif Rüstəmli Budapeştdə olarkən Ramil Səfərovla görüşündən, kitabın bədii məziyyətlərindən bəhs edib. Ön sözdə vurğulanır ki, “Pal küçəsi təkcə budapeştli məktəblilər üçün deyil, bütün dünya gəncləri üçün azadlıq uğrunda, işğalçılara qarşı mübarizədə vətənpərvərlik meydanı, həyat universitetidir”.

Asif Rüstəmli “vətənpərvərlik meydanında” bacardığı və imkanları qədər mübarizə aparmağı bacarır, Respublikada və ya ondan kənar məkanlarda mübahisəli ədəbi, elmi, ictimai məsələlərə, faktlara, hadisə və olaylara qoşulur, cəsarətli vətəndaş-ziyalı münasibətini bildirir.

Məsələn, Müstəqil Azərbaycan Respublikasının atributlarından biri olan dövlət himnimizlə bağlı mübahisələr uzun illərdir ki, davam edir, mətni və söz müəllifi barədə müxtəlif fikirlər irəli sürülür. Dövlət himninin mətninin həqiqi müəllifinin müəyyənləşməsində, Fəxri xiyabanda uyuyan məşhur bolşeviklərin məzarlığına dair mübahisələrə obyektiv qiymət və çıxışlarında, İnstitutun əməkdaşı Xalidə Xalidin başına gələn olaylara fəal, təəssübkeş münasibət və bəyanatlarında, Milli Qəhrəman Mübariz İbrahimovun adının ədəbiyyatda əbədiləşməsi və bu qəhrəmanlığın təbliği işindəki fəallığında və s. bu qəbildən işlərdə onun bu münasibəti aşkar görsənir…

Lap bu yaxınlarda, Azərbaycanın tanınmış ziyalılarının (Professorlar Nizaməddin Şəmsizadə, Asif Rüstəmli, Paşa Qəlbinur, şairlər Nəriman Həsənzadə, Musa Yaqub, Zəlimxan Yaqub, millət vəkilləri Qənirə Paşayeva, sıralarında digər millət vəkili və xalq artistləri də olmaqla) Prezident İlham Əliyevə ünvanlanan müraciətin təşəbbüskarı da Asif Rüstəmli olmuşdur. Bu müraciətdə Azərbaycan xalqının yaddaşında böyük sevgi simvolu kimi yaşayan 20 Yanvar şəhidləri İlham və Fərizənin toy günlərinin – 30 iyunun Sevgililər Günü elan olunması Prezidentdən xahiş olunur. Bütün bunlar onun xarakterini, mənəviyyatını səciyyələndirən fakt və əlamətlərdir.

Asif Rüstəmlinin Dünya Azərbaycanlıları Konqresinin tədbirində yaxından iştirakı da, AMEA Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri kimi fəaliyyəti də bu sıradan qiymətlidir…

Asif Rüstəmlinin Azərbaycan mühacirət ədəbiyyatının ilk tədqiqatçılarından biri kimi “Çırpınırdı Qara dəniz” (1992) adında bir kitabı, monoqrafiyası var. Onun bu əsərinin adını mən onun özünə şamil edirəm. Asifin qəlbi həmişə Xalqının, Vətəninin, Azərbaycanının ədəbiyyatının, mədəniyyətinin, ictimai həyatının vacib problemləri ilə çırpınır…

Filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin indi 60 (70) yaşı tamam olur. Bu 60 (70) illik ömrü o, ədəbi irsimizə, milli mentalımıza, xalqımızın bu sahələrdəki milli-mənəvi sərvətlərinə ləyaqətlə sərf etmişdir… Tanınmışdır, sevilmişdir, vətəndaş alim-ziyalı hörməti qazanmışdır…

İnanıram ki, onun fədakar elm aşiqi kimi tükənməz enerjisi hələ neçə on illiklər boyu ədəbiyyatşünaslığımıza ləyaqətlə xidmət edəcək, onu yeni-yeni elmi zirvələrə uçaldacaqdır!../kaspi.-2014.-15-17 fevral.-S.14./

Qurban BAYRAMOV.

ədəbiyyatşünas-tənqidçi.


QURBAN BAYRAMOVUN YAZILARI

ASİF RÜSTƏMLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin ideya-estetik dəyərləndirilməsi.

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin ideya-estetik dəyərləndirilməsi

(resenziya)

Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Gülzar”, “Dilarə”, “Aslan və Fərhad”, “Papaq”, “Dilbər”, “Gülər” adlı hekayələri vardır. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsi insan azadlığına, fərdin cəmiyyətdəki mövqeyinə, insan xarakterindəki ziddiyyətə toxunma baxımından müəllifin digər hekayələrinin içində ən təsirlilərindən biridir. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsi həcminin və obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və problematika baxımından çox böyük əhəmiyyətə malikdir. Bu əsər çox dərin mənaları özündə ehtiva edə bilir. Müəllif əsərində mühitin təsviri ilə bədii təzad yaratmışdır. Cəfər Cabbarlı mühitin təsiri ilə mövcud vəziyyət ilə əvvəlki vəziyyəti oxucunun gözləri önündə canlandıra bilir. Cəfər Cabbarlının əsərindəki bu təzad özünü Qara Qənbər obrazının daxili düşüncələrində, fikirlərində və nəhayət əməlində özünü əks etdirir. Cəfər Cabbarlı Qara Qənbərin bütün xarakterini əsərdə tam şəkildə əks etdirir. Hekayə Qara Qənbərin keçmişinin təsviri ilə başlayır. Müəllif əsərdə obrazın həm keçmişini, həm indisini, həm də gələcəyini müqayisəli şəkildə təsvir edir. “Qara Qənbər böyük adam idi, özü də şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı” .

Cəfər Cabbarlı “Qara Qənbər” hekayəsində mühitinə çox tez uyğunlaşan Qara Qənbərin öz qulluğundan çоx razı olmasını, geniş və işıqlı kabinetdə əyləşməsini, bir neçə cür telefоn işlətməsini, yanında qapıçının hazır durmasını, qapıda avtоmоbilinin, faytоnunun həmişə onu gözləməsini, qulluqçuların əmrinə hazır olmasını çox böyük yazıçı ustalığı ilə qələmə alır. Rahat həyata alışan Qara Qənbər gah telefоnu əlinə alıb оnunla-bununla çоx-çоx danışır, gah zəngi basıb qapıçıya əmr verir, gah da meşin pоrtfelini qоltuğuna alıb, avtоmоbilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr. Belə işləmək Qənbərə heç çətin gəlmirdi. Qəmbərin iş rejimi səhər bir neçə saat kabinetdə əyləşməkdən, həftədə də iki-üç dəfə idarə iclasında iştirak etməkdən ibarət idi. Ziddiyyətli obraz olan Qənbəri ilk vaxtlar hamı qulluqçu kimi sevər, hörmət və ehtiram edərdi. Qara Qənbər də bunun əvəzində hamının üzünə gülərdi. Qara Qənbər ilk vaxtlar о qədər qulluqda işləyərdi ki, о axırda bu işlərdən sərxоş kimi оlurdu. Az qalırdı əqli uça. Lakin zaman keçdikcə onda bir çox dəyişikliklər baş verir. Qara Qənbər vəzifənin, pulun, ad-sanın, hörmətin əsirinə çevrilir. Qara Qənbər özündə ilk dəyişikliyə öz görkəmindən başlayır. O, bığlarını bəyənməyib, qırxdırmaq xəyalına düşür. Paltarını da dəyişdirib, fasоnlaşdırır. Müəyyən bir zamandan sonra Qara Qənbəri kim görsə, tanımırdı. Cəfər Cabbarlı “Qara Qənbər” hekayəsində insan portretini olduqca olğun və canlı yaratmışdı. “Köhnə yоldaşları və tanışları daha Qara Qənbəri tanıya bilmiyоrdular. Bədəni dоlmuşdur, qarnı yavaş-yavaş şişməyə başlıyоrdu və оnu çоx təşəxxüslü edirdi”.

Əsərin əvvəlində vəzifəsindən razılıq edən Qara Qənbər artıq tanışlarına rast gələndə sir-sifətini turşudub şikayətlənərdi. “Vəzifəm çоx ağırdır. Yоldaş, yоrulmuşam, istəyirəm bu işdən çıxam, buraxmıyоrlar”…

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin baş qəhrəmanı olan Qənbər artıq ilk zamanlarından fərqli olaraq, fəhlələrlə bir dil ilə, qulluqçularla başqa dil ilə danışırdı. Bununla da işi xоd gedirdi. Güzəranı da xоş keçirdi. Qara Qənbər öz qоhumlarını da ətrafına yığmışdı. Qara Qənbərin qardaşlarını və başqa qоhumlarını yanında saxlamasının tək səbəbi o idi ki,onlar Qara Qənbərin sifarişlərini yerinə yetirməklə məşğul idilər. Bütün arzularına çatan Qənbərin fikrində bir əməl var idi. Özünü böyük mərtəbə sahibi, qanacaqlı və inteligent bir adam kimi görən Qara Qənbər yalnız arvadından narazı idi. Cəfər Cabbarlı onun arvadını belə xarakterizə edir. “Qara Qənbərin arvadı çоx sadə idi. Türkəsayaydı: gələn qоnaqlarla lazımınca rəftar edə bilməzdi. Kimi əski qayda iləydi, utanardı, gizlənərdi”…

Bu haldan Qənbər çоx utanardı, çəkinərdi. Onun arvadı yadına düşəndə sir-sifəti turşuyardı. Günlər getdikcə ər ilə arvadın arasında əmələ gələn uçurum daha da artırdı. Pullanıb, vəzifə sahibi olan Qənbər arvadını bəyənməyib, ondan ayrılmaq qərarı verir.  Cəfər Cabbarlı qonşuların sözü ilə Qara Qənbərin axır hərəkətləri analiz edir. “Qоnşular gizli-gizli bir-birinə deyirdilər: Qara Qənbər qudurmuş, xasiyyəti dəyişmiş, qulluq əqlini uçurdub, gözünü kоr eləmiş”…

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin baş qəhrəmanı olan Qənbər obrazı ilk zamanlarından çox fərqlənirdi. O artıq evi də, arvadı da təzələmiş, keçmişini unudub təzə ömür sürürdü. Ədib Qara Qənbərin yeni arvadının təsviri ilə köhnəliklə yeniliyi müqayisəli təqdim və təhlil edir. Yeni qadının geyimi, yaşam tərzi, dili, xasiyyəti ilə Qara Qənbərin birinci xanımı müqayisə olunur. Üstünlük yeni qadına verilir. “Оnun evində bir xanım əyləşmişdi ki, həm rusca danışmaq bilirdi, həm də qоnaqlarla yaxşı rəftar edirdi. Geyimi Avrоpa xanımları kimi hər fəsilli, hər dürlü idi: kiftə bоzbaşı sadə xörək bilib firəngi bilyudlar böyütdürərdi, xüsusi mоdiska parixmaxer qulluğunda hazır idilər”…

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin sonu olduqca müəmmalı və ibrətamiz bitir. Belə ki, başı  avtоmоbillərə, faytоnlara, teatrlara, qоnaqlara, bağlara qarışan Qara Qənbərə həyat olduqca şirinləşmişdi. Əsərin sonu olduqca gizli bitir. “Bir gecə gecənin yarısı idi. Qara Qənbəri Çekanın avtоmоbili nerəyə isə aparırdı. Qara Qənbər əsirdi, bütün dünya bunun başına о halda dоlanmağa başladı. Sabahı günü hamı deyоrdu ki, daha qudurqanlıq bitdi”… Ədib əsərini bu cür tamamlayır. Daha başqa fikir yazmağa gərək duymur, çünki o dövrdə gecə yoxa çıxanları heç kim gündüz axtarmırdı. Cəfər Cabbarlı əsərində olduqca ibrətli sonluq yaratmağa nail ola bilmişdir. Əsər nəfsinə qul olanların acı sonunu özündə əks etdirir. İnsanları tamahkar olmamağa çağırır.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru