Bir şəklin tarixçəsi 1981-ci il idi. Azərbaycan Radiosunun Ədəbi-dram verilişləri Baş redaksiyasında “Satira və yumor” şöbəsində redaktor işləyirdim. Sovet dövrünün sərt senzurasına baxmayaraq, bəzi nöqsanları satirik dillə tənqid etmək çətin və riskli olsa da, mümkün olurdu. Ruhuma yatan Mirzə Cəli, Sabiranə üslubunda yeni veriliş açmaq arzusunda idim. Düşünüb “Molla Nəsrəddin” adlı satirik proqram hazırlamaq qərarına gəldim. İlk buraxılışın ssenarisini yazıb Baş redaktorumuz Mailə Muradxanlıya təqdim etdim. Hər zaman gəncliyin mütərəqqi addımlarını dəstəkləyən və geniş meydan verən istedadlı, cəsarətli, yüksək zövqlü peşəkar jurnalist Mailə xanım ssenarini oxudu və bəzi qeydlərlə verilişin efirə çıxmasına etiraz etmədi. Mən bundan əvvəl çalışdığım Kinodakı dostlarımı proqramın hazırlannması üçün Radioya dəvət etdim. Ssenariyə uyğun olaraq Şahmar Ələkbərova – “Molla Nəsrəddin”, Səfurə İbrahimovaya – “Mətanət xanım”, Hamlet Xanızadəyə – “Pəjmürdə” və Yaşar Nuriyə – “Hərdəmxəyal” obrazlarının mətnini təqdim etdim. Proqramın ideyası, məqsəd və məramı barədə qısa müzakirədən sonra, səsyazma studiyasına getik. Rejissor Nazim Yüzbaşov böyük məharətlə aktyorların ifasını lentə yazdırıb montaj etdi. Mailə xanımla biz Radio üzrə sədrin müavini Tahir Paşazadənin yanında ilk buraxılışı dinlədik. Tahir müəllim də proqramı bəyəndi və aprelin 7-də ilk verilişimiz efirə getdi. Sonralar bir neçə il davam edən verilişdə hər dəfə ssenarini məhz bu obrazlar ətrafında qururdum və bu istedadalı aktyorlar öz mətnlərini böyük ustalıqla ifa edirdilər. Onların hər biri yüksək peşəkar, geniş ampluaya malik bənzərsiz sənətkar idi. “Molla Nəsrəddin” satirik Radio jurnalının tezliklə geniş dinləyici audiotoriyasının rəğbətini qazanmasında onların da xidməti danılmazdır. Xüsusən dərin elmi diliyə malik hazırcavab, müdrik Molla Nəsrəddin obrazını canlandıran Şahmar Ələkbərovun məxməri səsini dinlədikcə doymaq olmurdu…
Fotonun orijinaı
Bu foto həmin dövrün yadigarıdır. Məndə onun ağ-qara çəkilmiş orijinalı var. Ancaq indi jurnalist Anar Tağıyevin səhifəsində həmin fotonun yeni texnologiya ilə rənglənmiş variantını gördüm və sənətsevər dostlar üçün maraqlı olacağını düşünərək, mən də fotonu paylaşmaq qərarına gəldim. Böyük sənətkarların ruhu şad olsun! 13.08.2026
Xalq şairi Səməd Vurğun, skripkaçı Azad Əliyev, vokalist, pedaqoq Rauf Atakişiyev, operanın solisti Firəngiz Əhmədova, professor Əziz Şərif, Xalq yazıçısı Süleyman Rəhimov, Xalq şairi Süleyman Rüstəm, pianoçu Çingiz Sadıqov və gənc şair Nəbi Xəzri 1950-ci illərin əvvəllərində Moskvada Azərbaycan ədəbiyyatı dekadası zamanı “Ukrayna” mehmanxanasının qarşısında.
Bəzən dilsiz, ağızsız bir kağız parçası, hətta saralmış bir foto belə illərin içində itən izlərə yol göstərir… Hansı bədii proqramı hazırladığımı xatırlamıram, ilin hansı fəsli olduğunu da bilmirəm. Amma bir həqiqət dəyişməz qalır: o xatirənin ünvanı Xəzər studiyası idi.Yanımda isəl bədii qiraətin ustadı – ömrünü çəkiliş meydançalarına, radio dalğalarına, dublyaj otaqlarının səssiz sehrinə həsr etmiş Həsən Əbluç əyləşmişdi. Onun səsi sanki zamanın dərin qatlarından süzülüb gələn bir nəfəs idi. Hər kəlməsi yaddaşlara toxunan, hər pauzası ürəklərdə iz buraxan ecazkar və doğma səs.1942-ci ilin bu günündə dünyaya göz açan, kökü Güneyə bağlı olan Həsən müəllimin baxışlarında qəribə bir nisgil, bir də tükənməz həyat eşqi vardı. İndi o anları xatırlayanda, saralmış xatirələr yenidən boy verir. Kağız susur, foto danışır… və bir səs – uzaqlardan gələn o doğma, kövrək səs – yaddaşın dərinliyində təzədən səslənir. Ruhu şad, məkanı cənnət olsun…
“Bu şəkildən nəsə çox xoşum gəlir. Ona görə ki, necə, kim tərəfindən çəkildiyindən nə mənim,nə də Azərin xəbəri olmayıb. Səhv etmirəmsə 2017- ci ilin may ayıdır. İsmayıllıda,”Qız qalası” istirahət mərkəzində, cənnətmisallı təbiətin qoynunda Musa Yadubun 80 illik yubileyidir. Məclisi Sabir Rüstəmxanlı aparırdı. “Ədəbiyyat qəzeti”nin baş redaktoru olan Azərə söz verməmişdən əvvəl, Sabir müəllim mənim haqqımda da bir neçə xoş söz dedi. Azər danışmamışdan əvvəl rəhmətlik Musa Yaqub atamı da xatırladı. Şəkildə Azər “Ədəbiyyat qəzeti”nin Musa müəllimə ünvanladığı təbriki oxuyur. Musa müəllimin sol tərəfində Sabir Rüstəmxanlı əyləşib. Sağ-görünməyən tərəfində isə Anar müəllim idi. Azər danışanda Anar müəllim məndən nəsə soruşdu… Bu şəkil də məhz həmin vaxt çəkilib… Yubileydən bir müddət sonra Neftçaladan Musa Yaquba zəng etmişdim,söhbət əsnasında Musa müəllimdən yubiley kasetini istədin. Musa müəllim mənə: -Yaxşı yadıma saldın – dedi- Həmin kaseti televiziyada göstərmək üçün (çox məşhur bir jurnalistin adını çəkdi) məndən aldı. Hələ də göstərməyiblər… Üstəlik həmin kaseti geri də ala bilmirəm. Sən Azərə de, gör o kaseti həmin jurnalistdən ala bilər… Az sonra Musa müəllim xəstələndi… Kasetin taleyindən də xəbərim olmadı…”
Şəkildə: Süleyman Rüstəm, Qarold Reğistan, Atam və mən. 1964-cü il. Neftçala.
SÜLEYMAN RÜSTƏM HAQQINDA MARAQLI BİR XATİRƏ
Bu gün Süleyman Rüstəmin doğum günüdür. Atam rəhmətlik onun cənub şeirlərini əzbərdən söyləməyi çox xoşlayırdı. Süleyman Rüstəmin həmin mövzuda bir şeiri var idi. Atan həmin şeiri hər deyəndə kövrələrdi. Uzum şeir idi. O şeiri mən də əzbərdən bilirdim.Amma bu səhər nə qədər cəhd etsəm də, həmin şeirdən yalnız dörd misranı xatırlaya bildim: Ömür keçdi, hicran quşu can evimdən köçmədi, İki qardaş Arazımdan yan-yana su İçmədi. Heç özüm də bilmirəm ki, nədən oldu qardaşım, Ayrılıqdan, dərd əlindən ürəyimiz şişmədi… Süleyman Rüstəm bizim evdə çox olub. Heç vaxt da tək gəlməyib. Ayrı-ayrı vaxtlarda Mirmehdi Seyidzadə, Qılman Musayev (İlkin), İslam Səfərli, Nəbi Xəzri, Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, Hüseyn Abbaszadə, Vladimir Qafarov, Moskvalı dostu, SSRİ Dövlət Himninin müəllifi Reğistan, Moskvada yaşayan rus ədəbiyyatşünası Koçişkin.. ilə birlikdə evimizə gəldiyi günləri mən həmişə xoş bir duyğu ilə xatırlayıram. Söhbətləri yadımdadır Birlikdə dəniz kənarına, Kürün sahilinə (atamın dostunun komandiri olduğu çay gəmisində Kürü gəzməyiniz), Binələrə getdiyiniz günlər unudulmazdır. Atam onun haqqında xatirələrini yazıb çap etdirib. Amma həmin xatirələrin bəzisini atam yazmayıb.Tanıyanlar bilirdi. Süleyman Rüstəmin duzlu, məzəli söhbətlərindən doymaq olmurdu. Bir də Süleyman müəllimin özünün çox maraqlı xatirələri var idi. Mirzə Cəlil, Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Nazim Hikmət… kimi böyük yazıçılarla dostluq etmişdi. Maksim Qorkini, Mayakovskini, Fransız yazıçısı Anri Barbüsü Bakıda o qarşılamışdı… Onunla bağlı bir maraqlı xatirəmi danışmaq istəyirəm. Və bu xatirəni ilk dəfə bu yazımda xatırlayıram. Bu xatirəni əvvəllər yazmağa, danışmağa nəsə ürək eləmirdim. Amma indi üstündən neçə illər keçir və bu hadisənin iştirakçılarının heç biri artıq həyatda yoxdur.. 1969-cu ildə Süleyman Rüstəm, məşhur tərcüməçi, əslən Salyandan olan Vladimir Qafarovla bizə gəldi. Atam həmin gün Bakıda idi və təbii ki, onların gəlməsindən xəbərsizdi. Payız ayı idi. Telefonumuza zəng gəldi. Məndən 18 yaş böyük olan, bizimlə birlikdə yaşayan və biz uşaqların “əmi” dediyimiz Zakir telefonu götürdü. Zəng edən Süleyman Rüstəm idi və zəngi Neftçalanın girəcəyində yerləşən milis idarəsindən etmişdi. Bibim oğluna təcili idarəyə gəlməsini tapşırdi. O vaxt Neftçala Salyanın tərkibində, qəsəbə statusunda olan yaşayış məntəqəsi idi. Kiçik, əhalisinin bəlkə də yarısı rus olan qəsəbəmizdə hamı bir- birini tanıyırdı. Milis idarəsin rəisi II Dünya müharibəsinin məşhur qəhrəmanı Partizan Babaş idi. Partizan Babaşa müharibə illərində Səməd Vurğun bir şeir də həsr etmişdi. Bu məşhur şeir Partizan Babaşın özünü də məşhurlaşdırməşdi. Partizan Babaş Dadaşov atamla da yaxın dost idi və biz uşaqlar, əsl qəhrəman görkəmli, eşmə bığli əfsanəvi adamı çox istəyirdik. Biz uşaqlar üçün hədiyyələr alırdı. Öz xidməti maşını (“Villis”) ilə yay aylarında bizi dənizə aparırdı. Dəniz kənarında bizimlə (Bibim oğlu Zakir, qardaşlarım Şahin,Azər) futbol oynayırdı. Zəhimli adam olsa da, uşaqla uşaq,böyüklə böyük idi… Nə isə, bir saat keçmiş Süleyman Rüstəm Vladimir Qafarovla (Qaz 21 Volqa ilə) evimizə gəldilər. Süfrə açıldı. Süleyman Rüstəm həyəcanlı idi… Həyacanının səbəbini bizə bibim oğlu danışdı. Demək Süleyman Rüstəm maşını qəsəbənin girəcəyindəki milis idarəsinin qarşısında saxlatdırıb milis idarəsinə gedir. Məqsədi də bu olur ki, ordan bir bələdçi götürüb bizə gəlsin. O vaxt qəsəbə milis idarəsində cəmi 3- 4 milis işçisi işləyirdi. Süleyman Rüstəm milis idarəsinin həyətinə daxil olurr,görür ki, idarənin həyətində iki nəfər nərd oynayır. Nərd oynayanlardan biri Partizan Babaş imiş. Süleyman Rüstəm Partizan Babaşı tanımır. Kefi yuxarı olan Partizan Babaş onlara tərəf gələn adamı kiməsə oxşatsa da kim olduğunu xatırlaya bilmir. Qonağın yaxasındakı deputat nişanından və SSRİ Dövlət mükafatı medalından bilir ki, bu adam kimdirsə, tanınmış, məşhur adamdır. Ayağa qalxıb Süleyman Rüstəmlə görüşür. Süleyman Rüstəm atamın qonağı olduğunu deyir. Partizan Babaş da qonağın kimliyini soruşur. Partızan Babaş biləndə ki qarşısında dayanan şəxs Süleyman Rüstəmdir… Burda bir mərəkə qopur ki… Partizan Babaş belindəki tapançanı qoburundan çıxarıb- Süleyman Rüstəmə eşq olsun!!!-deyir və bu sevincdən məmnunluğunu tam ifadə etmək üçün göyə iki güllə atır… Özünü itirmiş Süleyman Rüstəm bizim dildə deyildiyi kimi, bişim-bişim Partizan Babaşı sakitləşdirir, tapançanı qoburuna qoydurur və Partizan Babaşla birlikdə rəisin (Partizan Babaşın) otağına keçib bizə zəng edir və bibim oğluna təcili milis şöbəsinə gəlməyini tapşırır. …Süleyman Rüstəm və Vladimir Qafarov gecəni bizdə qaldılar. Səhər atam da Bakıdan gəldi. Həmin gün Neftçaladakı Mədəniyyət evində Süleyman Rüstəmlə görüş öldü. Axşam evimizdəki ziyafətdə Partizan Babaş da qonaqlar arasında idi… Deyib gülürdülər. Elə bil dünənki hadisə heç olmamışdı.
İşdən çıxarıldığından bir müddət maddi ehtiyac içində yaşayan Bəxtiyar Vahabzadə sıxıntılarla üzləşir. Bir gün şairin evinin qapısı döyülür. Qapını açan Bəxtiyar Vahabzadə qarşısında içi ərzaqla dolu bağlama görür. Bu hadisə tez-tez təkrarlanır. Kimsə şairin qapısının qarşısına ərzaqla dolu bağlama qoyub gedir. Bir gün qonşular onun evinin qarşısında Xəlil Rza Ulutürkü bağlama qoyub gedən görürlər. Lakin Ulutürk bunu ömrünün sonuna qədər boynuna almır.
Qarabağ, Cəmilli kəndi, 29 oktyabr 1990-cı il. Sağdan; kapitan Gülarə Musayeva, QXYK-nın sürücüsü Vahid, Ağcabədi polis şöbəsinin əməkdaşları, QXYK-nın xəzinədarı Ağa, Cəmilli kəndinin qəhrəman qızı Bəsti və “Azərbaycan ” qəzetinin müxbiri Fəridə Ləman.