Bu dünyaya gəlmədən bir ssenari canlanır, Hərənin taleyinə bir hekayə yazılır. Zamanın əlindəki çarx astaca fırlanır , Yazılan hər insanın öz çiynində daşınır.
Həyatın səhnəsində hər insan bir rol alır, Kimi uzun ömürlü öz obrazın yaradır, Kiminin hekayədə ömrü yarımçıq qalır, Hekayə davamına səmadan asta baxır.
Bu fani səhnəninsə baş rolunda bizlərik, Yaxşı oynayanı da, pisi də var burada. Bu ağlı-qaralı geniş dünyada, Müxtəlif obrazlar oynayır burda.
Əvvəldən bir tale yazılsa belə, Şəxsiyyət seçimi bəndəyə qalar. İstəsə nur saçar zülmət gecəyə, İstəsə ömrünü zülmətə salar.
Müsbət obrazsan sən, yoxsa bir mənfi? Bu sənin ağlının dərin seçimi. Həyat səhnəsində itirmə sərfi, Gözəl yaz və bitir öz hekayəni. 18.06.2026
Qızlar oxusun!
Ey atalar, analar! Qızlar Tanrıdan gələn müqəddəs əmanətdir. Onların bu həyatda böyük bir amalı var. Məsələn, həkim, müəllim, ya da mühəndis olmaq, Elm oxuyub şərəflə parlaq gələcək qurmaq.
Gəlin dəstək olaq biz, onların addımına, Arxa duraq, güc verək müqəddəs arzusuna. Cəmiyyət güclü olar, savadlı qızlar ilə, İşıqlı sabahları daşıyaq gələcəyə.
Bu gün yüzlərlə qızın həyatına toxunaq, Bu şərəfli yolda biz onlarla addımlayaq. Uğur hekayəsinin içində biz də olaq, “Qızlar oxusun!” deyib, birlikdə imza ataq.
Kainata məktub (Kainat bu şeirdə həyatın və sonsuzluğun poetik rəmzidir)
İyulun on beşi… Günəş zirvədə, Kainat ruhuma sanki məlhəmdir. Əlli altı yaşın ağ rənglərində, Həyatın bu günü mənə həmdəmdir.
Əlvida deyirəm keçmiş günlərə, Gedirəm uğurlu xoş gələcəyə. Hər yeni sətiri öz düşüncəmlə, Yazaram daha da min bir həvəslə.
Ey sonsuz kainat, eşit sən məni… Açıram qapımı bir möcüzəylə. Sağlığı, hüzuru,sevgi selini, Dəvət eləyirəm bu yeni ilə!
Bundan sonrası da işıq, bərəkət, Hər doğan səhərim bir şans, bir paydır. Gülürəm, kainat, sən də mənə gül, Mənim əlli altı yaşım gözəl bir çağdır!
Məktəbin kölgəli həyətində dayanan Dilarənin baxışları qeyri-ixtiyari yuxarıya zilləndi. İkinci mərtəbənin pəncərəsində iki qız kölgəsi bir anlıq görünüb yox oldu. Günəş şüaları şüşəyə düşsə də, o kölgələrin təlaşlı hərəkəti Dilarənin daxilindəki narahatlığı bir az da qatılaşdırdı. Sanki o pəncərənin arxasında bir fırtına qopmaq üzrə idi… Əslində gözəl bir yaz səhəri idi. Dilarə hər zamankı kimi qızlarını məktəbə ötürürdü. Böyük qızı Əsma bütün gecəni coğrafiya dərsi üçün hazırladığı təqdimata həsr etmişdi. Böyük ölçülü vərəqdə divar qəzeti hazırlayarkən çox yorulmuşdu, amma nəticə möhtəşəm idi. Kiçik qızı Nəsrin isə bacısından cəmi bir yaş kiçik olsa da, dərsləri daha tez bitirdi. Evləri məktəbə yaxın olsa da, Dilarə uşaqları özü aparıb-gətirirdi. Həmin gün Nəsrin dərsdən tez çıxmalı idi. Dilarə nədənsə evdən 30 dəqiqə tez çıxdı; sanki ana ürəyini nə isə narahat edirdi. Həyətdə gözləyərkən yuxarı baxanda Əsmagilin sinif pəncərəsində nümayəndə Məleykəni və sakitliyi ilə seçilən Aytəni gördü. Əllərində nə isə tutmuşdular. Dilarəni həyətdə görən kimi hər ikisi diksindi və cəld pəncərədən uzaqlaşdılar. Zəng çalındı, Nəsrin gəldi. Amma Əsmanın hələ bir dərsi — coğrafiyası qalmışdı. Şagirdlər idman dərsindən çıxıb sonuncu dərsə girməli idilər. Dilarə uzaqlaşmaq istəyəndə, birdən məktəbin qapısında Əsmanı gördü. O, sinif yoldaşları ilə birlikdə hönkürtü ilə ağlayaraq həyətə qaçırdı. Valideynlər çaşqınlıq içində idi. Dilarə cəld qızına tərəf qaçdı:— Əsma, sakitləş, qızım! Nə olub?— Ana… idmandan qayıdanda gördük ki, bütün sinfin hazırladığı divar qəzetlərini tikə-tikə edib yerə töküblər. Mənim zəhmətim… hər şey məhv oldu! — deyə Əsma hıçqırdı. Dilarə soruşdu:— Bəs idmana gedəndə qapını niyə bağlamamısınız?— Aytənlə Məleykə özlərini pis hiss edirdilər deyə müəllimdən icazə alıb sinifdə qalmışdılar. Qayıdanda gördük ki, artıq hadisə baş verib. Onlar da çox pis haldaydılar… Həmin an Aytən hönkürtü ilə ağlayaraq qaçıb Əsmanı möhkəm qucaqladı. O qədər səmimi ağlayırdı ki, heç kimin ağlına da gəlməzdi ki, bu qızın kədəri saxtadır. Amma Dilarə pəncərədə gördüyü o gizli hərəkətləri unutmamışdı. Tezliklə sinif rəhbəri gəldi. Səs-küy içində valideynlər hadisəni başqa siniflərin üstünə atırdılar. Aytənin anası isə “bir parça kağıza görə uşaqların danlanmasına” əsəbləşirdi. Dilarə isə sakitcə müəlliməyə yaxınlaşdı:— Hadisəni Aytənlə Məleykə törədib. Onları dindirib deyin ki, “Əsmanın anası hər şeyi görüb”. Kameralar yoxlanıldı, sinfə kənar şəxsin girmədiyi təsdiqləndi. Məleykə daxili qorxusuna tab gətirməyib hər şeyi etiraf etdi:”Səhər hamı Əsmanın işini bəyənəndə, Aytən qısqandı. Dedi ki, tək Əsmanın qəzetini cırsaq, bizdən şübhələnərlər, gəlin hamısını məhv edək ki, iz itsin. Hətta pəncərədən gül dibçəyini də həyətə atıb günahı başqasının üstünə yıxacaqdıq, amma Əsmanın anası bizi pəncərədən gördü deyə planımız pozuldu…” Hadisədən sonra Məleykənin ailəsi regiona köçməli oldu. Aytən məktəbdə qalsa da, artıq heç kim onunla dostluq etmirdi; o, tənha şəkildə “oxumağa” davam etdi. Əsma isə bütün bu çətinliklərə baxmayaraq, zəhmətinin bəhrəsini gördü — imtahan verib nüfuzlu bir liseyə qəbul oldu. Dilarə isə qızını yeni məktəbinə yola salarkən anladı: Həqiqət pəncərənin o tərəfində gizlənsə də, ana ürəyindən qaça bilməz.Dilarə qızını yeni məktəbinə yola salarkən pəncərədən süzülən işığa baxıb gülümsədi. O anladı ki, həqiqət bəzən pəncərənin o tərəfində, kölgələrin arasında gizlənsə də, ana ürəyinin nurundan heç vaxt qaça bilməz.
ANA ÖMRÜ “Bu həyat mənimdir” – deyirdim əvvəl, Amma görürəm ki, ömrün yarısın Yaşadım həyatı övladlarımçün. Bilmirəm, nə qaldı ömür yolumdan, Razıyam, yaşayım mən onlar üçün.
“Bu həyat bizimdir” – deyirəm indi, Onların gülüşü bəsimdir mənim. Özümü onlarda tapdığım gündən, Hər sevinc, hər uğur fəxrimdir mənim.
Nə qaldı ömürdən, bilmirəm, amma Onların yolunda şam tək yanaram. Mən öz həyatımı onlarda görüb, Dünyanın xoşbəxti tək oyanaram.
BİZİM QONŞULAR
Zamanın çarxını elə quraq ki, Ağ saçım qaralsın, qırışım itsin. Uşaqlıq illəri yenə qayıtsın, Həyətdə uşaqlar oyun bitirsin.
Atamız yenə də işindən gəlsin, Anamız bizlərə yemək bişirsin. Köhnə məhəlləmiz yenə canlansın, Dizimiz qanasın, ürəyimiz yox…
Voleybol toruyla bölünsün meydan, Tennis masasında qızışsın oyun. Hər kəs bir-birinə eləsin hörmət, Süfrədə bir olsun bolluca nemət.
Novruzun şip-şirin sovqatı gəlsin, Papaqlar yığılsın masa üstünə. Samovar qaynasın,tonqal qalansın, Hamının evinə sevinc yayılsın.
İndi paylanmışıq biz hər tərəfə, Şəhərin içində itmişik bir az. Dönmək istəyirik eyni hədəfə, O köhnə qonşuluq bizə bəs edər…
Gəlin görüşək ki, zaman dayansın, Mehriban qonşular yenə yığışsın. Yenidən uşaqlıq ruhu oyansın, Qonşuluq ölməsin,heç vaxt itməsin.
HƏYATIN SƏDASI Həyat bir dənizdir, durmadan axır, Bəzən alovlanıb şimşək tək çaxır. İnsan qocaldıqca illəri alır, Görür ki, bir ömur xatirə qalır.
Əvvəl uşaq olur, sonra qocalır, Həyatın içində xəyala dalır. Sanki bir yuxudan yaddaşda qalır, Zaman saatını kim saxlar görən?
Varlık bir nöqtədir, zaman bir xəyal, Hər keçən saniyə cavabsız qalır. Cismin bu axında gəzib dolaşır, Bəlkə sonsuzluqda cavabın tapır.
Demək istəyirəm qəlbdən keçəni, Gəl sağkən isidək soyuq ürəyi, Gözəl yaşamaqdır bəxtin töhfəsi. Gecikmiş hörmətin faydası yoxdur, Sağ ikən duyulsun sevginin səsi.
XOŞBƏXTLİK MASKASI
Bir qadın tanıyıram. Tanımaq istəyərsən? Hamıyla şən danışıb, Gözünün hər damlasın Gizlədib danışanın Həyat hekayəsinə qulaq asa bilərsən? “Xoşbəxtlik” maskasını taxib qəmli üzünə, Gülüşləri sədd çəkib qəlbini göy üzünə. Kimsə bilmədi evdə sükut necə bağırır, Allaha sığınaraq, necə onu çağırır . Oğul payı yox deyə, qınadılar hər sabah, Sanki “qız anasıdır” – ən böyük ağır günah. Atası kasıb deyə, əzdilər qürurunu, Zülmün içində boğub, söndürdülər nurunu. Həyat yoldaşı yoxdu, yolları “duman” idi, Amma evdəki duman daha çox aman idi. Qızının tellərinə ağ duvaq istədilər, Məktəbliykən ömründən qoy kəsilsin dedilər. Bax, o gün fırtınanın mərkəzində durdu o, Zülmün qala divarın təkbaşına vurdu o. Onun əllərindəydi iki qızın taleyi, Böyük ümidlərlə o, tərk etdi zülm evini. İndi böhtanlar yağır, “ana” tək qaldı deyə, Vicdanın qapısını döymür heç kim, nə deyə? O isə susur yenə, susqunluğu dağ boyda, Qızları çiçək açıb bu yad, başqa “sarayda”. O qadın bir dənizdir, sahili sükut olan, Dalğası fəryad dolu, dərini sükut olan…
Xoşbəxt ola bilərsən Xoşbəxtliyin nə olduğun bilirsən? Rənginin gözəlliyin, ruhunu hiss edirsən? Hər açılan səhərdə bir məna, bir hikmət var, Bu rəngli dünyada sən, xoşbəxt ola bilərsən.
Göy üzü bir ümiddir, torpaqsa yaşıl həyat, Al rəngli sevinclərsə, ruhuna qonmuş qanad. Gözəllik baxışında, duyğunda gizlənibdir, Sevməyi bacarsan sən, xoşbəxt ola bilərsən.
Könül bil ki aynadır, sevgi onda görünər, Nur saçan hər bir zərrə min bir rəngə bürünər. Xoşbəxtlik bir mənzildir, yolu qəlbindən keçər, O yolu addımlasan, xoşbəxt ola bilərsən.
1 may 2026
Arzum
Qızılı günəşdən bir nur istərəm, Mavi səmadan mən, hüzur istərəm. İnsan gözlərində sevgi, təbəssüm, Könüldən könülə körpü istərəm.
Ağ rəngli saflığı, yaşıl həyatı, Rənglərə bürüsün ömür saatı. Dillərdən düşməsin şirin bayatı, Hər kəs gülümsəsin, artsın büsatı.
Bəşər övladının bir sevinc payı, Dünyanı bəzəsin günəşi, ayı. Xoşbəxtliklə dolsun sevgi sarayı, Qovuşsun qəlblərdə eşqin harayı.
Kədər buludları dağılsın, getsin, Könül ağrıları dincəlsin, bitsin. Mənim qəlbimdəki, bu saf arzumla, Dünya cənnət olub murada yetsin.
3 may 2026
Bu qatarın yoluna bax!
Bu qatarın yoluna bax, Ümid gəlir o qatarda. Dərdi-qəmi uzaq burax, Xoşbəxtlik var o qatarda.
Gözlərindən kədəri sil, Bunu son yox, başlanğıc bil. Gələndir o,gedən deyil, Xoşbəxtlik var o qatarda.
Yollar daha yormaz səni, Duman, çiskin sarmaz səni. Yalnız qoyub getməz səni, Vüsal gəlir o qatarda.
Daha parlaq bir sabaha, İnan, ehtiyac yox aha. Ayrılmarıq bir də daha, Xoşbəxtlik var o qatarda.
6 may 2026
İlk sevincim, Cəmiləm
Evimizin ilk növrağı, baharı, Atamın, anamın ilk bəxtiyarı. Ömrümün mənası, gözümün nuru, Xalanın bir dənə, tək yadigarı.
Sən mənim balamsan, həm böyük qızım, Səmada parlayan sönməz ulduzum. Sənə “ilkim” dedim, əzizim dedim, Sənlə şirin oldu çörəyim, duzum.
Oxudun, ucaldın, boy atdı boyun, Dillərə dastan oldu sənin şən toyun. Adına oxunan mahnılar kimi, Gözəl keçsin ömrün, hər günün, ayın. Xoşbəxt ol,ay mənim könül bəzəyim, Sənlə qürur duyur xala ürəyim.
25 oktyabr 2025
Gümüşü ox
Zaman qabaqlanır, ötür sürətlə, Yollar salam verir böyük hörmətlə. Mənzillər qovuşur şirin xəyalla, Gümüşü bir ox tək süzülür yolla.
Relslər üstündə bir polad qanad, Heç yorğunluq bilmir, hamıya inad. Şəhərlər boylanır pəncərəsindən, Dağlar da səs alır qatar səsindən.
Küləklə yarışır, dumanı yarır, Mənzillər qısalır, yollar daralır. Uzaq da gözündə tez yaxınlaşır, Həsrətli qəlbləri tez qovuşdurur, Gümüşü bir ox tək sürətlə çatır.
Sevgi bir sınaqdır, hər kəs bilməyir, Hər yetən bu yolu düzgün gəlməyir. Kimi nümayişlə ömür bəzəyir, Kimi sükutunda sevgi bəsləyir.
Güzgü tək qırıldı gizli dünyalar, Ekrana sığışdı böyük röyalar. Ruhun ac qalanda bitməz qayğılar, İradə mülküdür əsl sevdalar.
Kənar baxışlardan qoru qəlbini, Sözlə yox, hörmətlə bildir rəngini. Kim tapıb dünyada öz həmdəmini, O kəs loğman bilər özü-özünü.
Dildə yox, ürəkdə yaşat sirrini, Kimsəyə bildirmə sevgi rəngini. Sakitcə qoru sən öz həmdəmini, Gizli dünyandakı o saf sevgini
GÜNƏŞƏ TOXUN
Şüşə kimi insan qəlbi zərifdir. Çox doğru və dərin bir bənzətmədir. Diqqətsizlik edərsən, parçalanar, dağılar, Yenidən yapışdırsan, silinməz izi qalar.
Qırdığın o saf qəlbin bərpası çətin olar, Xoş dediyin sözlərin dadı da acı olar. Bu qırılan qəlbi də qazanmaq çətin olar, Günəşə toxunsan sən, bəlkə izi yox olar. Mart 2026