
“Avtobus”
(tragikomik şeir)
Ən gözəl xəyalları avtobusda qururam,
Buradakı arzular şəkər dadır, bal dadır.
Bir az məni güldürür, sonra da sevindirir,
Yaxşıca inandırıb axırda da aldadır.
Gözüm dalır yollara, milyonluq maşınlara,
Hər on metrdən də bir göz qamaşdıran villa.
Nə durmusan sən də qur xəyalında cah-cəlal,
Çox da fikir eyləmə, qaşqabağını sallama.
Maşın gedir arzular keçir gözüm önündən,
Qurduğum xəyalların yoxdur tayı, bənzəri.
Ya direktor oluram, ya müdir müavini
Ya şirkətin rəhbəri, ya nəyinsə naziri.
Var on beş telefonum zənglərim də dayanmır,
Dayanmayan zəngləri görən necə qapadım?
Pəncərin tozuna yaxından boylananda
Gördüm ki, vardır mənim üç nobel mükafatım.
Verdi tormoz avtobus yıxılmışdım az qala,
Ürəyimdə düşündüm yaxşı yerdən tutmuşam.
Həmən qayıtdım ora – gözəl Floridaya
Dəniz kənarındayam yanakı uzanmışam.
Şəxsi təyyarəm də var beş-on metr kənarda,
Yanımda köməkçilər, əlimdə kitablarım.
Müavinim söylədi: “Bəlkə, gedək Londona ?”
Söylədim ki, kofemi gözlə içim qurtarım.
Mühafizəçilərim ötürdü təyyarəyə
Bu dəmdə də gözlərim dalmışdı buludlara.
Kim isə pilotlara saxla dedi düşən var,
Az keçmədi məni də itələdi kənara.
Toz bürüdü buranı daşlıdır kəndin yolu,
Pəncərə də açıqdır, üst-başım da qapqara,
Cibimdən də çıxardım qalan bir manatımı,
Qurduğum milyona bax, onlar hara bu hara ?
Çatıram ünvanıma son on metrlikdəyəm,
Fikirlər sevinərkən qəm tərəfə sürüşdü.
Avtobusdan enəndə xəyallar da mənimlə,
Bu palçıqlı çalaya, palçıqlı suya düşdü.
Müəllif : Elşən Təhməzov
Qiraətçi, şair Azərbaycan ədəbiyyatı üzrə tədqiqatçı.
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru