Etiket arxivi: EMİN PİRİ

TARİX MÜƏLLİMİNİN AÇIQ DƏRSİ, YOXSA EMİN PİRİNİN “27 OKTYABR”A ŞEİRİ.

TARİX MÜƏLLİMİNİN AÇIQ DƏRSİ,
YOXSA EMİN PİRİNİN “27 OKTYABR”A ŞEİRİ
.

Tarix müəllimi, jurnalist, Vətən müharibəsi iştirakçısı (baş leytenant), şair Emin Pirinin” 27 oktyabra ” şeiri bir şeirdən çox tarix müəlliminin növbəti açıq dərsi təəssüratını yaradır adamda.
27 oktyabr nə deməkdir?

“Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncama əsasən oktyabrın 27-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında beynəlxalq Qars müqaviləsinin 100-cü ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Qars müqaviləsinin (13 oktyabr 1921) imzalanmasından 100 il ötür.
Qars müqaviləsinə görə Naxçıvan ərazisinin Türkiyə ilə sərhədi Arazdəyən stansiyasına qədər 11 kilometr uzunluğunda müəyyən edilmiş, İranla 176 kilometrlik sərhədi isə 1828-ci il Türkmənçay müqaviləsində müəyyən olunduğu kimi saxlanmışdı.
Beləliklə, 1918-ci ildən başlayaraq naxçıvanlıların qəhrəmanlıqla, inadla, ardıcıl, cəsurluqla və ciddiyyətlə apardıqları mübarizənin, Azərbaycan və Türkiyə diplomatlarının məqsədyönlü, səbrli fəaliyyətləri, xüsusilə Behbud Ağa Şahtaxtinskinin dəmir iradə ilə apardığı diplomatik manevrlər, yazdığı məktublar, müraciətləri və təklifləri sayəsində əvvəlcə Moskva, sonra isə Qars müqavilələrində Naxçıvan vilayəti Azərbaycanın tərkibində muxtar ərazi kimi Rusiya, Türkiyə, Gürcüstan və Ermənistan tərəfindən tanındı və Naxçıvana beynəlxalq hüquqi təminat verildi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində Qars müqaviləsinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və xüsusən Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.

“Səni indi sevdim.
Gülən gözlərinin ardındakı dərdlərini-
sevdim keçmişini.
Ürəyi sözlərində döyünən körpə səslərini-
sevdim gələcəyini.”

Zənnimcə tarix müəlliminin Naxçıvan sevgisi Atamın (M. K. Atatürk) Hatay eşqi, Heydər babanın (H. Əliyev) Naxçıvan sevgisi kimi ülvidir, atanın öz körpə övladına sahib çıxdığı kimi sahib çıxmışdılar öndərlərimiz Naxçıvana, Hataya. Eləcə də şair o ülvi sevgiyə sadiq qalan Vətən sevdalısıdır.

“Sevdim
el var, oba var –
daha demirəm nəyini sevdim.”

Bu misralar nədənsə mənə Əsabu – Kəf əfsanəsini xatırlatdı. Rəvayətə görə hökmdarın zülmlərindən və özünü Allah adlandırmasından bezən bir neçə nəfər hökmdardan və el-oba qınağından baş götürüb qaçırlar və mağaraya sığınırlar.

” Səni üzənin evi yıxılsın,
yıxılsın lap belə nəyi yıxılsın…
Fitili çəkilmiş qumbarayam
at məni
dərdlərinin səngərinə.
Bakıdan Naxçıvana kimi
bir türkü olaram qulaqlarında”

Türkü nədir? Bütün müstəvilərdə mahnı ilə sinonimləşir. Xalq ədəbiyyatında çox geniş şəkildə yayılmış şeir nümunələridir. Qəhrəmanlıq, məhəbbət, təbiət gözəlliklərinin təsviri və s. mövzularda olur. Bu misralarda zabit Piriyev doğma Səngəri xatırlayır, lazım gəlsə qumbaraya, oda, alova dönərəm, yəni Bakıdan Naxçıvana qədər Türkü olaram- qəhrəmanlıq nəğməsi olaram, şücaət göstərib Sənin hər qarışını qoruyaram deyə Vətənə müraciət edir.

“… ötüb Zəngəzur səmasından:
əllərim əlinə dəydikdən sonra
sonu istər ölüm olsun,
istər ayrılıq”.

Zəngəzur dəhlizi nədir? – Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. Tarix müəllimi gələcək nəsillərə dəhlizin önəmini bir mesaj olaraq ötürür.

“Səni səhər sevdim-
Azan gözləyən müəzzin kimi.
Səni günorta sevdim-
damla olmaqdan bezib
günəşə buxar kimi qaçmaq istəyən
Su damlası kimi.
Səni axşam sevdim-
demirəm necə sevdim…”

Bu misralar yenə Əsabu-Kəf rəvayətinə götürür məni. Xüsusən də “su damlası” ifadəsi…
Əshabi-Kəhfin yaxınlığında Dəmçixana adlı bir dağ vardır. Bu mağaradakı su damcısını rəvayət belə izah edir. Təmliha və onun dostları Əshabi-Kəhfdə yatdıqları zaman mağaranın girəcəyində olan bulaq möcüzəli şəkildə Dəmçixana dağına keçmiş və müəyyən vaxtlarda bu mağaradakı su damcılarına çevrilmişdir. Yerli camaatda belə bir inam vardır ki, öz taleyini bilmək istəyən hər bir kəs Dəmçixanaya getməli və oradakı mağaraya girib su damcısının başına damcıladığı vaxtadək orada dayanmalıdır. Damcının başına düşməsi həmin şəxsin arzusunun gerçəkləşəcəyi deməkdir. Əgər bu baş verməsə, nəzərdə tutulmuş işin uğurlu nəticəsini gözləməyə dəyməz.

“Səni axşam
Səni günorta
Səni səhər sevdim,
Demirəm necə sevdim
Ay zalım sevdim səni.

Yenə rəvayətə istinad edək : “Onların altısı da dincəlmək üçün mağaraya girdilər. Bu vaxt Allahın göndərdiyi yuxu mələyi gəldi və özünün enli qanadlarını açdı, qanadları ilə onların üstünü örtdü və onları yatırtdı. Onlar mağarada dərin ölüm yuxusu ilə yatdılar. Bu arada Daqyanus padşah öyrəndi ki, Təmlihanın başçılığı altında onun altı təbəəsi ona Allah olaraq ehtiram etmək istəməyərək şəhərdən qaçıblar və indi mağarada gizlənirlər. “
Yuxuda olan qəhrəman səhər, günorta, axşam demədən Daqyanusun əslində Allah olmadığını bilir və gerçək Tanrıya – bir olan Allaha sevgisini izhar edir. Sondakı “zalım” ifadəsi isə bəndənin “uman yerdən küsərlər” deyimindəki kimidir, qəhrəman mağaradan qurtulmağını- arzusunun gerçəkləşməsini gözləməkdən usanan bəndə övlad şıltaqlığı ilə Tanrısından gileylənir, sevgisinin qarşılığını görmək istəyir.

MÜƏLLİF: TURAN NOVRUZLU

EMİN PİRİNİN YAZILARI

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


VAQİF OSMANOV. KİŞİLƏRƏ “DƏRS”.

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

EMİN PİRİNİN “SƏFİLLƏRİ” və ya EMİN PİRİ YARADICILIĞINDA UŞAQ OBRAZLARI.

EMİN PİRİNİN YAZILARI

EMİN PİRİNİN “SƏFİLLƏRİ” və ya EMİN PİRİ YARADICILIĞINDA UŞAQ OBRAZLARI.

” Tanrı heç bir uşağı pis olsun deyə yaratmaz. Onu pis edən pis təhsildir. Pis ata-ana, pis ətraf, pis idarə palçıq kimidir, yazıq balaları da çəkib udar.” 
(Viktor Hüqo)
  Tarix müəllimi, jurnalist, Vətən müharibəsi iştirakçısı (baş leytenant), şair – Emin Pirinin
haqqında  oxuduğum ilk yazı qələmyoldaşı Taleh Mənsurun imzasından olmuşdu.  Həmin məqalədən bu cümlələr yaddaşıma hopmuşdu :
” Mənim tanıdığım Emin Piri uşaqlar olan yerdə nəfəs almır. Uşaqların ciyərlərinə çatacaq havanı öz ciyərlərinə çəkməyi özünə haram bilir. Ən böyük arzusu-günahsız uşaqlara tuşlanmış güllələri bir badə şərab kimi başına çəkməkdi.”
Vətən müharibəsindən öncə cəbhəyə könüllü yollanan tarix müəllimi müsahibələrindən birində müharibə zamanı ona gələn məktəbli məktublarından birini müharibənin sonuna kimi ürəyinin üstündə gəzdirdiyi deyir və əlavə edir : “Tarix dərsini keçərkən Vətənin bütövlüyü, azadlığı uğrunda döyüşməyi, Vətəni qorumağı aşılayırsansa və bunları tövsiyyə etdikdən sonra sən yenə də sinif otağında qalırsansa buna dözmək çətin bir məsələ olardı. Təbii ki, sən bu dediklərinə özün öz əməlinlə nümunə olmalısan ki, sabah o şagirdə etdiyin tövsiyyəyə o şagird inana bilsin. “
Ucqar kəndlərdən birindəki orta məktəbdə uşaqlara tarix dərsini tədris edən müəllimin tariximizin şanlı səhifələrində birinin yazılacağı bir vaxtda qələmi partada qoyub əlinə silah alıb bu səfər tarix yazmağa getməsi təkcə Vətənə yox, həm də uşaqlara olan sevgisinin bariz nümunəsi idi. Bu cümlələri yazarkən çox sevdiyim Atamın (M. K. Atatürk) uşaqlar haqqında dediyi bu sözləri unuda bilməzdim :
“Uşaqlarımızı artıq düşüncələrini çəkinmədən açıq ifadə etməyə, daxilən inandıqlarını müdafiə etməyə, buna qarşılıq da başqalarının səmimi düşüncələrinə hörmət etməyə alışdırmalıyıq. Eyni zamanda onların təmiz ürəklərində; vətən, yurd, ailə və vətəndaş sevgisi ilə bərabər doğrunu, yaxşını və gözəl şeyləri təbliğ etməliyik. Vətəni qorumaq uşaqları qorumaqla başlayar”. Deməli, yaşadıqları zamandan və məkandan asılı olmayaraq bütün aydınlar eyni cür düşünürlər.
    Emin Pirinin yaradıcılığına nəzər salarkən ayrı – ayrı vaxtlarda və mövzularda yazılmış şeirlərdə ecazkar bir bağlılıq gördüm, sanki o obrazlar hansısa romanın hissələrindəndirlər, həm bir- birlərinə yaxın olduğu qədər uzaq, həm də yad olduqları qədər doğma idilər. Şairin şeirləri arasındakı görünməz bağlar mənə V. Hüqonun “Səfillər” romanını xatırlatdı. Emin Pirinin də şeirlərinin öz Qavroşu, Fantinası, Kozettası var idi.
Amma bir məqam da var ki, E. Pirinin səfilləri, yəni şərqin səfilləri V. Hüqonun səfillərindən yəni, qərbin səfillərindən daha şanslı idilər, çünki E. Pirinin səfillərinin anaları qavroşların (qomenlərin) anasından fərqli olaraq nə olursa olsun övladını tək qoymaz, onlara sahib çıxardı. Qavroş hərdən evlərinə gedərdi və orda qarşılaşdığı mənzərə bu cür olardı :
“Qavroşun nə sığınacaq yeri, nə yeməyi, nə də əzizləyib, himayə edəcək bir adamı var. Amma qüssələnmir, çünki sərbəst idi. Lakin atılmış olsa da, bəzən ağlına gəlirdi: “Gedim anamı görüm”. O, vərdiş etdiyi yerləri, səsli-küylü meydanları, bulvarı tərk edər, sahil küçəsinə enər, körpülərdən keçər və sonda kasıblığın, yoxsulluğun məskunlaşdığı şəhər kənarındakı daxmaların birinə gələrdi.
  Bu kasıb daxmada həmin şən uşağın ailəsi yaşayırdı. O gəlirdi və burda yoxsulluq və qəm-qüssədən başqa heç nə görmürdü.  O, burada heç bir mehriban təbəssüm görməmişdi – ən kədərlisi də məhz bu idi. Boş ocaqlar kimi, ürəklər də soyuq idi. 
  O buralarda görünəndə ondan soruşurdular: “Haradan gəlirsən?”. O cavab verirdi: “Küçədən”.
O gedən zaman isə, soruşurdular: “Haraya gedirsən?” . “Küçəyə” – deyərək o cavab verirdi.
Anası isə onun arxasınca qışqırırdı: “ Sənə burada nə lazım idi?”
   Oğlan, zirzəmidə bitən solğun, xırdaca bir ot kimi, sevgi və nəvazişdən məhrum yaşayırdı. O, bundan nə əziyyət çəkir, nədəki kimisə  günahlandırırdı. O heç lazımınca bilmirdi ki, ata-ana necə olmalıdır.”
  Emin Pirinin şeirlərində isə Ana obrazı hər zaman övladının yanındadır, müharibənin ən qızğın, amansız səhnələrində belə duasıyla, sevgisiylə, fədakarlığı ilə balasının yanındadır. E. Pirinin şeirlərindəki qavroşun anası birdən uşaqlarının ürəyi alma istəyər deyə danışdığı nağılların sonunda “göydən üç alma düşdü” demir:
”  Kişilər ağlamaz deyən anam
yerimə özü ağlayardı.
Nağıl söyləyərdi,
göydən üç alma düşməzdi nağıllarında,
deməzdi bunu anam-
birdən ürəyimiz alma istəyər…”
Emin Pirinin qavroşunun anası oğlu müharibəyə gedəndə qədim türk inancına əsasən oğlunun saçına xına yaxır, sağ – salamat qayıtsın deyə:
” Saçımda Anamın xınası
Yolların ayaqlarımçün duası… “
Bəlkə də Hüqonun qavroşunun Paris üsyanında bir gülləyə qurban olub dünyasını dəyişməsinin bir səbəbi də anasızlığı idi.
Şairin başqa bir ana obrazı müharibədə öz qolu ilə birlikdə itirdiyi körpəsinə görə özünü qınayır, balasını özündən ayrı düşən qoluna tapşırır ki, ondan muğayat olsun :
“şəhər bombalanarkən
itirmişdi
altıaylıq körpəsini
qoparmışdı
əllərindən mərmilər
bir qolu balasında
biri özündə qalmışdı ananın…

itgin qoluna yalvarıb,
itgin balasını tapşırırdı, ana:
” yaxşı bax balama… “
V. Hüqonun Qavroşu məktəbə getməyi arzulasa da heç vaxt məktəbə getməmişdi. Emin Pirinin Qavroşu məktəbə gedir, amma sosial bərabərsizliyə, kasıblığa görə məktəbin bufetinə yaxın düşə bilmir :
“Sərhəddin
tikanlı məftilləri kimi görünərdi
kasıb uşaqlarının gözündə
məktəb bufetinin qapısı.
…Hindus olmasaq da,
atamızın cibinə görə
bölmüşdülər bizi
sinif otaqlarında
Kastalara.”
Hüqonun Qavroşu bərbərin qovduğu iki oğlan uşağına çörək alır, onların qarınlarını doyurduqdan sonra köhnə fil heykəlinin içində uşaqlara yatmağa yer düzəldir. Emin Pirinin qavroşu da “Dərdin əlindən gedək kimisə sevindirək” deyib uşaqlarla qar adam düzəldir, qar adamın burnunu – yerkökünü nəvəsinə aparmaq istəyən yaşlı nənəyə verir:
” Geyimi kimi
yaşlı bir qadın
yaxınlaşıb fağır-fağır :
-olar,
bu yerkökünü
nəvəmə aparım…”

V. Hüqonun Fantinası (Kozetta nigahdankənar dünyaya gəlmiş uşaq idi) Kozettanı dünyaya gətirib qayğısına qala bilmir, müvəqqəti olaraq meyxanaçı ailəyə  əmanət edir, Kozetta orda hədsiz iztirablar çəkir, zülmlərə məruz qalır. Emin Pirinin “fantinası” isə bətnindəki balası ilə abort masasında vidalaşır :
“… qadın dözür ancaq
Və baxır…
… Alın yazısında həyat
ana bətnindən
abort stoluna kimi
uzanan yolmuş.”
Və yaxud adama elə gəlir ki, bəlkə də Emin Pirinin “kozettası”  “Boşanmış qadın” şeirindəki uşaqdır, şair misralarında boşanmış qadının vəziyyətini bu cür təsvir edir :
“Snayper kimi atar sözlərini
ac pişik kişilər.
sürüdən ayrı düşmüş ceyrandı indi,
axşam yeməyidir gözlərində.
… Sıxılarlar bir-birinə
Qadın
Körpəsi

A… yı oyuncağı… “
Bəlkə də bu həmin o  qızcığazdır ki, uşaq vaxtı ata-anası onun gözünün önündə dalaşanda bu davanı görməmək üçün oyuncağını gözünə tutur, böyüyəndə abort masasında “can qurtarır”.
Bu haqqında yazdığım obrazlar ayrı-ayrı şeirlərdəndir, amma adama elə gəlir ki, bir qızcığazın uşaqlığı bir şeirdə, sonrakı həyatı digər şeirdə təsvir olunub:

Xatırladınmı,

ata-anası savaşarkən

oyuncağının gözlərini tutan

qızcığaz

bu gün “xilaskar” kimi

“Can qurtarırdı” abort masasında.”
     Bəli, Emin Piri yaradıcılığının prioritet mövzusu humanizmdir, insan, ailə və cəmiyyətdir, o uşaqların xoşbəxt, firavan yaşayacağı bir dünya istəyir, müharibələri lənətləyir, savaşlarda körpələrin, qadınların da səngərdəki döyüşçü qədər əzab-əziyyət çəkdiklərini göz önünə gətirir.
Şairin şeirlərinin, “Müharibə gündəliyi” nin orta məktəb dərsliklərinə salınması arzusu ilə Şairə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

MÜƏLLİF: TURAN NOVRUZLU

EMİN PİRİNİN YAZILARI

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


VAQİF OSMANOV. KİŞİLƏRƏ “DƏRS”.

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN EMİN PİRİNİN DOĞUM GÜNÜDÜR!

EMİN PİRİ – ŞAİR.

Bu gün çox unikal bir insanın (əsl ziyalı, fədakar müəllim, döyüş yolu keçmiş zabit, özünə məxsus tətzi, üslubu olan yazar) – Emin Pirinin doğum günüdür! Şad günü münasibətilə onu təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Emin PİRİ!

EMİN PİRİNİN YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

EMİN PİRİNİN “EŞQ AYƏLƏRİ” NDƏKİ “BİG BANG”

EMİN PİRİNİN YAZILARI

EMİN PİRİNİN “EŞQ AYƏLƏRİ” NDƏKİ “BİG BANG”

  Orta məktəb illərində sinfimizə yoxlama gələndə müəllim iki, üç nəfər əlaçı şagirdi lövhəyə çıxarardı, dərs danışmağa. Vətən müharibəsi iştirakçısı, müəllim, jurnalist, şair Emin Piri də Azərbaycan jurnalistikasının, tarixinin və poeziyasının gələcək nəsillərə qürarla göstərə biləcəyimiz həmin o “əlaçı şagirddir”.

Emin Pirinin qələmini çox sevirəm. Şair qələmi ilə jurnalist qələminin hər birində ayrıca peşəkar dəsti-xətti var. Bu yaxınlarda şairin müsahibələrindən birində belə bir sual-cavab oxudum və sonra həmin suala xeyli güldüm :

“-Tənqidçilər deyirlər ki, siz sevə bilmədiyiniz üçün sevgi şeirləri sizdə o qədər də yaxşı alınmır. Yəni, özünə vurğunluq sevməyinizə mane olur. Bununla da razısınızmı?..

– Bir qədər haqlıdırlar. Sevəndə dəli kimi sevirəm, yəni, şeir yazmaq havasında olmuram. Məcnun durub şeir yazası deyil ki. Universitetdə tələbə yoldaşlarım mənə “Məcnun Emin” deyirdi. Sevgidə orta hədd yoxdur məndə. Amma son vaxtlar sevgi şeirlərim nəsə uğurlu alınır. Ola bilər, bu, lovğalıq çıxmasın, peşəkarlıqla əlaqədardır.”

  Mənə gülməli gələn o oldu ki, tənqidçilər bir şairin sevib-sevmədiyi qənaətinə necə gələ biliblər. Axı yaradıcılıq subyektiv yanaşmadan çox obyektiv yanaşma tələb edir. Və növbəti cümlədə şair eqosuna görə məzəmmət olunur. Axı istənilən yaradıcı adamın içində eqo var. Bu tənqidçilərin fikrindən çox keçmiş sevgililərin eyhamına oxşayır. Ona görə bu suala çox gülmüşdüm. Və sonra Emin Pirinin sevgi şeirlərini yenidən oxudum, o sualın cavabını misralarda tapmağa çalışdım, çünki şairin suala verdiyi cavabla da razılaşmamışdım.

Və nəhayət anladım ki, sevgi şeirlərinin “yaxşı alınmamasının” səbəbi o şeirləri oxuyan adamların yaxşı anlaması üçün kifayət qədər bilikli və məlumatlı olub – olmaması məsələsi imiş. Uzun sözün qısası, bu qənaətə gəldim ki, Emin Pirinin sevgi şeirlərini hər kəsin anlaması üçün xüsusi izahlı lüğət olmalıdır : “Emin Pirinin sevgi şeirlərindəki sözlərin və bəzi terminlərin izahlı lüğəti”.

  Şeirlərdə “Möbius lenti, Big Bang, maqnit qasırğası, Adəmin qabırğası, İsa Məsih, Kəbə, Vatikan, kilsə zəngi, Venesiya, Tanrı Kukulkan, Marian çökəkliyi, Poseydon, Axilles dabanı, H2O, 13cü gecə və s. bu kimi bir xeyli sözlərin hər kəs tərəfindən asanlıqla anlaşılmadığını etiraf etməliyik. Yəni o şeirləri oxuduqda anlayıb zövq almağımız üçün  Qurandan, İncildən, Tanrıçılıqdan, kimyadan, psixologiyadan, coğrafiyadan, tarixdən məlumatlı olmalıyıq.

  Şairin sevgi şeirləri Bermud üçbucağı kimidir, yəni Vətənin, ananın və sevilən qadının vəhdətidir. Məsələn, aşağıdakı nümunədə qadına olan sevgi Vətən sevgisinin timsalında görün necə də möhtəşəm səslənir :

Nə fərqi var, Bakı,

ya da ki Ərdəbil,

indi sinəm bütöv Azərbaycandı,

rahat qoy başını

Vətəninə…

Növbəti nümunədə isə bir xeyli psixoloji məqamlar var, insanın duyğu və düşüncələrinin onun cismində necə təzahür etdiyini aydın və zərif şəkildə görürük, sevdiyimiz adamın susqunluğunun hər şeydən ağır olduğunu, üzərimizdə gəzdirdiyimiz hədiyyə – əşyaların bəzən bizə necə acı verdiyini, xatirələrin boğazımızda necə yanğılı bir qəhərə çevrilib udqunmağa belə çətinlik yaratdığını dilə gətirir.

Dünyanın ən qulaqbatırıcı səsidir

sevdiyin adamın sükutu.

Barmağındakı üzük də soğan kimi

dil açar gözlərində

xatirələr boğaza dirənmiş ülgücə çevrilər.

Mənə görə insan psixologiyasını çox gözəl izah edən, dolu, dəyərli misralardan bir neçəsi də “Venesiyaya məktub” şeirindən indi çəkəcəyim nümunədədir. Bu misralar insan həyatının çox böyük bir kəsimini əhatə edir, ilk baxışdan çox sadə görünən kəlmələr bir insan ömrünün aynasıdır. T. Drayzer “Dahi” əsərində insan ömrünü şərti olaraq üç hissəyə bölür, gənclik-təcrübə, orta yaş mübarizə, qocalıq – peşmanlıqdır deyir, bu misraları oxuyanda “Dahi əsərini xatırlamışdım və düşünmüşdüm ki, qocalıq peşmanlıqdan çox yorğunluqdur, burda söhbət həm də mənəvi qocalıqdan, kamillikdən gedir :

Çox yorulmuşam, şokolad qız…

Bu həyatdan nə doydum, nə də bezdim.

Yoruldum,

yoruldum, şokolad qız.

Şairin müharibə şeirlərində düşmənin konkret olaraq adlandırılmamağı onu bəşəri, dünyəvi etdiyi kimi, sevgi şeirlərində də konkret olaraq bir dinə yox, bir neçə dinlərə və inanclara istinad etdiyi üçün sevgi şeirləri də tolerantlıq və dünyəviliklə səciyyələnir. Şairə görə sevgidə din anlayışı yoxdur, humanizm, insan – qadın və kişi anlayışı var. Sevdiyi qızın gözlərində Allahın əksini görən şair digər bir şeirində belə deyir :

Üzümü hara tutum dua edəndə

Məkkəyə, Vatikana,

yoxsa Venesiyaya?

Bədənimdən ayrı düşən ayaqlarım,

“Axilles dabanı”msan.

Kişilər qadınsız yeriyə bilməz bu həyatı.

  Etiraf etməliyəm ki, Emin Pirinin sevgi şeirlərini oxuduqca misraları yarıda kəsib bilmədiyim sözlərin izahlarına baxıb onu beynimdə öz düşüncələrimlə uzlaşdırıb yenidən və yenidən oxuduqdan sonra zövq ala bilmişdim. Bu nümunəyə nəzər salaq :

Heç gördünmü

eşqə qalxmışam desin kimsə?

Hamı düşdü,

düşdü.

  Şairin bu misraları oxuduğum andan beynimin bir köşəsində qalıb və hər dəfə xatırladıqca məni çox düşündürüb. Öz- özümə demişəm ki, doğrudan da adam eşqə düşür, daha sonra bəzən bu eşqin ucbatından başqalarının gözündən düşür, bəzən də elə özü öz gözündən düşür. Bu yaxınlarda Qurani – Kərimin 36-cı ayəsi haqqında bir məlumata rast gəldim, həmin ayənin orijinal mətnində “ihbitu” kəlməsindən istifadə  olunur ki, bəzi dilçi alimlər onu bir yerdən başqa bir yerə keçmək kimi  mənalandırsalar da, məqam sahibinin yüksək məqamdan nisbətən aşağı  məqama düşmə mənasını verdiyini də vurğulamışlar. Və biz belə bir mənanı nəzərə alaraq Adəm və Həvva üçün istifadə olunan “ihbitu” kəlməsini məkan tənəzzülü kimi deyil, mənəvi tənəzzül kimi mənalandırmalıyıq. Eyni kəlmə Bəqərə surəsinin 61-ci ayəsində İsrail övladlarına cəza olaraq şəhərə getmə (enmə) əmri verilir. Deməli “ihbitu” kəlməsi bir  məkandan başqa bir məkana keçmək mənasını verdiyi kimi məqam və rütbə baxımından daha aşağı dərəcəyə enmə mənasını da verə bilir. Şairin “Venesiyaya məktub” şeirindən olan bu misralar da “Quran” ın 36-cı ayəsi ilə səsləşir.

*  *  *

13cü gecə etüdləri

Sənin Adəmin mənəm,

inanmırsan, bax…

qabırğamdakı yerinə…

Daha sənlə yaşamaq yox,

səni yaşamaq istəyirəm

Bu şeirin adındakı rəqəm mənə çox maraqlı gəlmişdi, niyə məhz 13 rəqəmi?

Daha sonra araşdırmama istinad edərək yəqinləşdirdim ki, Ramazan ayının 13-cü, 14-cü və 15-ci günləri əyyamul-beyz, yəni bəyaz günlər adlanırmış. Ayın bədrlənməsi səbəbindən həmin gecələr daha işıqlı olurmuş. Hədis və rəvayətlərdə bu gecələri ibadətdə keçirməyin əhəmiyyəti xüsusi vurğulanır. Sevdiyin insanı yaşamağın sevgi ibadəti olduğunu, Adəmin qabırğası misalı onun bir parçası olduğunu dilə gətirən şair bu misralarda isə sevgiyə qarşı olan maneələrdən şikayətlənir, bəlkə də bununla gerçək sevgilərin hüsranla sonlandığını vurğulamış olur :

Düşmən ölkələr arasındakı

səngərə çevrilər

aramızdakı adamlar.

Atlantik və Aralıq kimi

qarışmağa qoymazlar.

Diqqətimi çəkən mövzulardan biri də insanın həyatında doğulub, boya – başa çatdığı, tərbiyə aldığı ailənin onun sevgi ilə bağlı düşüncələrində böyük iz qoyduğunu açıq – aşkar vurğulayan  misralarda öz əksini tapıb. Şair demək istəyir ki, ata-anasının savaşına şahid olan qızcığazın ruhu, qəlbi yaralanır və təəssüf ki, onun sevgisi öz təzahürünü həyat verməklə yox, can qurtardığını zənn edərək can almaqla təzahür edir, əslində isə sevgi təkcə qəlbində sevdiyini hiss etməklə bitmir, sevgi həm də yaşatmaqdır, həyatı birlikdə yaşamaqdır :

Xatırladınmı,

ata-anası savaşarkən

oyuncağının gözlərini tutan

qızcığaz

bu gün “xilaskar” kimi

“Can qurtarırdı” abort masasında.

Burda anlayırsan ki,

Sevmək – solunda qəlbin döyüntüsü yox,

hər sabah oyandığında

sağında

bir ürəyin yatdığını görməkdir

***

Mən “Big Bang” dən doğulmuş

işığına ac qalaktika,

qollarım planet

sən Günəşə dolanır.

Sən olmayanda

əllərimi unuduram,

ayaqlarım məndən xəbərsiz

həyətinizdə ayaq izlərini sığallayır.

Adam ürəkdən yox,

çiyinlərdən və dizlərdən sevir

bütün varlığınla başını qoymağa

Şairin “Eşq ayələri” şeirindən olan bu misralarda “Big Bang” dedikdə Böyük partlayış  nəzəriyyəsi – kainatın başlağıcı ilə əlaqəli ən çox qəbul edilən açıqlama nəzərdə tutulur. Bu nəzəriyyə yalnız kainatın mənşəyi ilə əlaqəli deyil, kainatın başlanğıcından sonra meydana gələn zaman anlayışı ilə yanaşı kainatın necə böyüdüyünü, necə genişləndiyini və necə göründüyünü də izah edir. Və maraqlı bir məqamın da qalaktikaların qırmızıya doğru sürüşməsi ilə kainatın genişləndiyini göstərməsidir. (Bildiyimiz kimi psixologiyada da qırmızı rəng – cazibənin, sevginin, uğurun rəmzidir.)  Keçmişə qayıtsaq, görərik ki, hər şey kiçik bir nöqtədən çıxdı. Bu kiçik nöqtədən gələn partlayışa Big Bang ( Böyük Partlayış) deyildi. Əslində elmi nöqteyi nəzərdən Big Bang nəzəriyyəsi ilə insanın yaranışında, doğuluşunda bir oxşarlıq var və şairin bu istinadı əbəs yerə deyil. Və mən bu şeirləri oxuyarkən mənalarını anlamaq üçün o qədər çox şey öyrəndim ki, bunu Brain storm (beyin fırtınası) da adlandıra bilərik.

Müəllif: Turan NOVRUZLU


TURAN NOVRUZLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR CIDIR DÜZÜNDƏ – VAQİF POEZİYA GÜNLƏRİ – 2022 – FOTOLAR

VAQİF POEZİYA GÜNLƏRİ

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.

40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb, sonra M.P. Vaqifin məqbərəsinin qarşısında və Cıdır düzündə davam edib. FOTOLAR:

BU GECƏ NATƏVAN GÜLÜMSƏYİRDİ

 Dayandur Sevgin

Mənbə: Elşad Barat


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Turan Novruzlunun yazır: – “Emin Pirinin əsərlərində ana obrazı” və ya “Bir ananın əsəri – Emin Piri”

Turan Novruzlunun yazıları

“Emin Pirinin əsərlərində ana obrazı”

                   və ya

“Bir ananın əsəri – Emin Piri”

   Şair, jurnalist, müəllim və 2-ci Vətən müharibəsi iştirakçısı Emin Piri, müasir Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən uğurlu imzalarındandır. Şairin yaradıcılığı haqqında ədəbiyyatçılar, tənqidçilər yetərincə dolğun fikir söyləmiş, məqalələr yazmışlar. Təkrarçılıq olmasın deyə onların toxunduqları mövzular haqda yazmamağa çalışdım. Bir oxucu kimi öz müşahidəmi, təəssüratımı qələmə almaq istədim.

  Emin Pirini təxminən yeddi il əvvəl bir tədbirdə görmüşdüm. Sakit təbiətli, müşahidəçi, həyalı bir görkəmi var idi. Demək olar ki, heçnə danışmadı. (hərçənd ki, dostları onun çoxdanışan, ünsiyyətcil olduğunu deyirlər) Sonuncu dəfə isə təxminən bir ay əvvəl şairlə Sumqayıtda təşkil olunmuş tədbirdə görmüşdüm. Eyni susqunluq, eyni həyalı, təmkinli sima. Müəyyən qədər geniş sosial çevrəsi olan  Emin Piri simasındakı saflığı necə qoruya bilmişdi? Axı peşələrin insanın xarakterinə və şəxsiyyətinə müəyyən qədər sirayət etdiyini bilirik. Kim idi, nə idi Emin Pirinin sirri?

Şairin qələmini “Mən qütb soyuğuyam” şeiri ilə sevmişəm.

      “Məndən baş çıxara bilmir

      Öz doğmaca anam belə

      Sənə də qəribə gəlir

      Nə təhər insanam belə”

Burada şair anasının onun haqqında olan təəssüratından söhbət açaraq  şeirdə insan xislətinin dəyişməyəcəyini vurğulayır.

  Daha sonra bir məktəblinin dilindən təbəqələşmənin ağrı – acısını söyləyən, ən böyük dəstəkçisinin anası olduğunu vurğulayan, sosial mesaj ötürən” Üç alma” şeirində şair yazır :

           Kişilər ağlamaz deyən anam

           yerimə özü ağlardı.

           Nağıl söyləyərdi,

            göydən üç alma

            düşməzdi nağıllarda

            deməzdi bunu anam –

            birdən ürəyimiz alma

            istəyər…

    Şairin 44 günlük Vətən müharibəsindən sonra  qələmə aldığı “Sən azadsan” şeirinin ilk misralarına baxaq (şair xatirələrindən birində cəbhəyə yollanmamışdan əvvəl anasının onun saçına xına qoyduğunu yazır, bu inancla ana oğlunun sağ salamat geri dönəcəyinə ümid edir) :

     Saçımda  anamın xınası,

      yolların ayaqlarımçün duası,

      gözlərimdə hələ bizim olmayan

       uzaqlıq

       deyir :

       Sən azadsan

       * * *

        Günlərdir danışmırıq

         bilirəm, narahatsan, ana.

  Vətəni uğrunda ölümlə göz gözə, nəfəs nəfəsə dayanan şair, ölümdən qorxmur, özünü yox, anasını düşünür, onun nigarançılığına üzülür.

     Bundan başqa “Mələklərə atılan mərmilər”, “Sağ qalan varmı?!. ” (maraqlıdır ki, şair burda ana obrazı olaraq əsgər anasını yox, əsgərin sevgilisinin anasını göstərir, əsgərə məktub yazan qızın anası öz balası üçün  narahat olur, gecə niyə yatmadığının səbəbini soruşur. Atalar əbəs yerə deməyib ki, ağlarsa anam ağlar, gerisi yalan ağlar.), “Ayağım özümdən qeyrətli çıxdı”, “Atəşkəs”, “Allahın zarafatı” şeirlərinin hamısında ana obrazı var.

    Şeirlərinin birində Allahı sevməyə qorxduğunu deyən şair digər bir şeirində Allahı Tanrıya əmanət edir. “Tanrı Səni qorusun, Allah! ” deyir. Burada İslam dinindən çox-çox əvvəl Türklərin sitayiş etdiyi Tanrıçılığın (Tengrinin) izlərini görürəm. Və nəzərə alsaq ki, qadın – ana İslamla müqayisədə Tengriçilikdə daha qutsaldır, yəni Tengridə matriarxal düşüncə tərzi, islamda isə patriarxal düşüncə ön plandadır. (bu islam hüququnun miras bölgüsündə daha aydın görünür)! Şairin anaya olan ülvi məhəbbətinin, sevgisinin Tanrıçılıqdan qaynaqlandığını düşünə bilərik.

    Maraqlıdır ki, ata obrazına  şairin yalnız bir şeirində və ilk, hələki həm də tək hekayəsi olan “Əyyaş ata” da rast gəlmişəm. “Dünyanın ən təmiz yalanı” şeirində şair deyir :

         Yağma qar,

          yağma

           əlcəyim olmasa da

           əllərim üşümür mənim

            atamın

             “daha yeddi yaşın var

              böyük kişisən

             heç kişi də əlcək taxar?!”

              sözləri üşüdür məni.

  (Burda yeddi rəqəmi də təsadüfi deyil, belə ki, psixoloqlar insanın formalaşmasının ilkin və əsas mərhələsini 0-7 yaş aralığında götürürlər. Və insan yeddisində nədirsə yetmişində də odur məsəli burdan qaynaqlanır.)

  Sosial problemlərin ağuşunda çarəsiz qalan atanın məsum yalanı obrazın ruhunu üşüdür. O atasını anlayır, amma anası ilə dostlaşır. Çünki ana obrazı ona heç yalanın məsum olanını da danışmır, sadəcə dəstək olur, aralarında güvəndən, inamdan yaranan möhkəm bir bağ var. Və yenə əvvəl də qeyd etdiyim kimi “Əyyaş ata” hekayəsində daha bir ata obrazı var, əyyaş ata içki ala bilmək üçün qəhrəmanın anasını döyüb, zorla nişan üzüyünü əlindən alanda qadın qayıdır ki, “heç olmasa uşaqlara da nəsə al”, biz bu səhnədə də qadınlığını analığına, övladlarına qurban vermiş fədakar, cəfakeş ana obrazı görürük.

  Şairin qadını qınaq obyektinə çevirməsini isə “Abort stolunda  yalvaran körpə” şeirində görürük, şair burada qadını ana olmaq istəmədiyi üçün, bətnindəki körpəyə qıydığı üçün qınayır. Və bundan da bir daha aydın olur ki, şairin əsas obrazlarından biri fədakar, cəfakeş ana obrazıdır.

   Daha maraqlı bir məqam da odur ki, səngərdə komandir Piriyevin hədəfi düşmən cəbhəsi, düşmən əsgəri olsa da, şair Emin Piri Allahla haqq hesab çəkir, (atalar yaxşı deyib ki, uman yerdən küsərlər) . Hərbi xidmətdə olduğu dövrdə canlı şahidi olduğu bir səhnəni qələmə aldığı “Sağ qalan varmı?!” şeirində fevral şaxtasında üşüyən güllə isinmək üçün əsgər sinəsi axtarır. 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığı “O na məktub” şeirində isə “ürəyi istidən sıxılan bir düşmən mərmisi  mayorumuzun ürəyində sərinlədi ” deyir . Bu humanizm də onun şeirlərini bəşəriləşdirir.

  Bu yaxınlarda şair sosial şəbəkələrdən birində uşaqlıq xatirələrindən birini paylaşaraq yazır : “Anam mənə toplama – çıxmanı fındıqla öyrətmişdi. Ən çox sevdiyim çıxma əməli idi. Məsələn, on fındıq qoyurdu, deyirdi birini ye, neçəsi qaldı? Mən də birini yeyirdim, qalanlarını sayırdım. Beləcə öyrənirdim. Anama deyirdim ki, üstəgəllərdən sual vermə, ancaq çıxmalardan soruş. Həyatda da çox şey belədir” yazır. Mən bu sətirləri oxuyanda həm də türkcədə oğlumun ev tapşırığını yazdırırdım. Tapşırıq Atatürk haqqında verilmiş mətnlə bağlı sualları cavablandırmaq idi. Mətndə yazılmışdı ki, balaca Mustafa (M. K. Atatürk nəzərdə tutulur) atasının ölümündən sonra anası və bacası ilə birgə dayısının fermasına köçür və orda tarlada gözətçi olur, təhsildən uzaq düşür, bu vəziyyətə anası Zübeydə xanımın ürəyi dözmür, Mustafanın təhsil alması üçün bütün çətinliklərə baxmayaraq Selanikə geri dönür və beləliklə M. K. Atatürk təhsilinə davam edir.  Elə həmin məqamda mən Emin Pirinin təmkinli görkəminin, həyalı simasının sirrini çözmüş oldum. Bu sirr kim idi? Ana idi. Şairin ilk müəllimi olmuş anası idi. Bu sirr nə idi? Zamanında verilmiş doğru, düzgün tərbiyə, təhsil idi. Emin Piri – möhtəşəm bir ananın əsəridir. Vətən anadan başlayır deyirlər. Vətən, xalq öz qeyrətli, vicdanlı, mübariz oğullarını  layiqli, gözəl analara, Zübeydə analara borcludur. Əllərinizdən öpürəm, gerçək analar, gözəl analar.

Müəllif: Turan NOVRUZLU


TURAN NOVRUZLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İmdat Avşara ağır itki

Yavuz Akçı

Azərbaycan ədəbiyyatının fədakar dostu, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, əzizimiz İmdat Avşarın ailəsinə ağır itki üz verib. Bu gün İmdat bəyin əzizi, Kırşəhir ülkü ocakları eski başqanlarından olan milli düşüncəli aydınlarımızdan Yavuz Akçı Haqq dünyasına qovuşub. 

Bu münasibətlə Azərbaycandakı dostları: Pərvin Nurəliyeva,  Xəyalə Zərrabqızı, Zərrab Əfəndiyev, Təranə Vahid, Elşən Cəfərov, Elçin İsgəndərzadə, İbrahim İlyaslı, Asif Rüstəmli, Azər Turan, Qulu Ağsəs, Emin Piri, Aqil Camal, Zaur Ustac, Şəhla Qəmbərova, Ceyran Cəfərli, Nilufər Abdulova, Şəfa Vəli, Aygün Yaşar, Sevinc Muğanna və başqaları çox hörmətli İmdat bəy Avşara və ailə üzvlərinə – mərhumun xanımı Meral xanım Akçıya, Ziya Avşara,  Canan xanım Avşara, Bekir Avşara, Hakan Avşara əzizləri Yavuz Akçının vaxtsız vəfatından kədərləndiklərini bildirir və mərhumun övladlarına, ailəsinə, doğmalarına, bütün yaxınlarına səbir diləyir, dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

İlkin mənbə: adalet.az


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru