Etiket arxivi: Ernest Miller Heminquey

Məmməd Məmmədlinin tərcüməsi – HEMİNQUEY

HEMİNQUEYƏ GÖRƏ HƏYAT
Aydaho ştatındakı Ketçum şəhərində sahibsiz bir evin foto şəklinə baxıram. Bu, Heminqueyin yaşadığı sonuncu evdir. İndi mənə aydın olur ki, bu ev, elə özünü öldürmək istəyənlər üçündür. Könülsüz tikilmiş bu evdə külək bir tərəfdən girib o biri tərəfindən çıxdığı kimi, eynilə son günlərini yaşayan yazıçının qəlbini də üşüdürdü və öz adını əfsanəyə çevirməzdən əvvəl içində bir boşluq hiss etdirirdi. Mən bu evi ölmək üçün mükəmməl, özü də qəribə bir yer kimi qiymətləndirirəm. Paradoksal səslənsə də, ev elə bil sahibinin tam istəyinə uyğun tikilmişdi. Bu istək, bu nəsr o qədər parlaq və aydın görünür ki, üzərində daşıdığı həyatın bütün ağırlığını kitablarda və hekayələrdə nəql edir.
Heminquey bura sonuncu dəfə 1961-ci ildə qayıtmışdı. Sanatoriyadan gəlirdi, saçları ağarmış, üzünün rəngi qaçmış, öləzimiş bir vəziyyətdə. Dörd il əvvəl Parisdə ilk və sonuncu dəfə Qarsia Markeslə üzləşəndə kövrək, uşaqlaşmış bir babanı xatırladırdı. Əsrin simvoluna çevrilmiş bu adamın cəmi 59 yaşı vardı. Nəhəng, kifayət qədər görkəmli, fəqət brutal gücə malik olduğu gözə dəymirdi, baxmayaraq ki, o hər zaman belə olmasını arzulamışdı. İndi ombası nazilmiş, ayaqları boşalmışdı.
Qəhrəmanlarını həmişə möhkəm, dözümlü və iztirablarında alicənab göstərən yazıçı terminal bir durumda, 1961-ci ildə sanatoriyadan Ketçuma qayıdırdı. Heminqueyi ruhlandırmaqdan ötrü ona bütün səlahiyyətlərə malik prezident Con Fitscerald Kennediyə bir təklif irəli sürməli olduğunu xatırlatdılar. Ancaq nə qədər fikirləşsə də ağlına heç nə gəlmədi, o, yalnız bu sözləri yaza bildi: “Artıq məndə heç nə alınmır, heç nə…” Çoxdandır özündə bu çöküşü hiss etmişdi və indi sözləri ilə təsdiqləyirdi. Tükənmişdi. O qədər tükənmişdi ki, hətta İkinci Dünya Müharibəsindən sonra Parisin “Ritz Hoteli”ndə işləyən Skott Fitscerald adlı barmen bütün dünyanın haqqında danışdığı bu misyö Fitsceraldın kim olduğunu soruşmuşdu.
Əvvəllər cazibədar, həyatsevər, əsgər və döyüşçü ruhlu boksçu, ovçu, balıqçı, içməyi sevən bu tükənmiş adamın hekayəsi 63 il əvvəl İllinois ştatındakı “Oak Parkı”ndan başlayır. Atası Klarens Edmonds Heminquey ona balıq tutmağı, silahla davranmağı, maral, yenot, dələ, vəhşi göyərçin, göl balıqlarının ətindən kabab çəkməyi öyrətmişdi. Həm də onu öyrətmişdi ki, heç vaxt öldürməkdən həzz almaq xətrinə öldürməməlidir. Bu qızıl qaydanı oğlu böyüyəndə nə vaxtsa unutmuşdu. Heminquey ömrünü heyvanları qırmaqla keçirib. Keniyada şirləri ovlayan bir brakonyerin özündən razı şəkilləri neqativ lent kimi ürəkağrıdan və gülməlidir… Əlində tüfəng Venesiyada ördək vurur…
Varqas Yosa deyirdi ki, Heminquey İspaniyaya öküz döyüşlərinə gələndə əvvəlcə respublikaçıların səngərlərini gəzirdi, fil öldürür ya da içib yerə sərələnərdi. O, macəra axtarışında olan birisi deyildi, əksinə tənha və gözü doymayan şıltaq adam təəssüratı yaradırdı: ədəbiyyatın istedadlı həşəratı. “Çünki onun üçün” – Varqas Yosa davam edir – “bütün yazıçılarda olduğu kimi, əsas, yaşamaq deyil, yazmaqdır”. Heminqueyin özü bir dəfə bunu etiraf etmişdi: “Yazmaq pis vərdişə çevriləndə ondan daha böyük həzzi yalnız ölüm verə bilər”.
Lakin Borxes Heminqueyə başqa nəzərlərlə baxırdı. O, belə düşünürdü ki, romançı həyat təcrübələrini – Yaxın Şərq və İspaniyada müxbir işləməsini, Afrikada şir ovlamasını – öz əsərlərində əks etdirəndə ədəbiyyat naminə macəra axtarmırdı, bu, sadəcə onun özünə maraqlı idi. Borxes öz yazısında bunları əlavə etdi: “1954-cü ildə İsveç Akademiyası ona insan fəzilətlərini təbliğ etdiyinə görə Ədəbiyyat üzrə Nobel Mükafatı təqdim etdi. Yazmaq bacarığını itirmiş və dəli vəziyyətinə gəlmiş yazıçı sanatoriyadan çıxanda, 1961-ci ildə, ölmək fikrinə düşür. Həyatını zehni işə deyil macəra dolu səyahətlərə xərcləməsi onu çox ağrıdırdı”.
Heminqueyin bu evdə həyatdan getməsi onun bütün o gərginlik içində yazdığı külliyyatının təcəssümü idi. Amma o yazıların üstündən illər keçmişdi və özünə qəsd edən başqası idi sanki, özünəməxsus hekayələri ilə debüt edən yazıçıdan uzaq bir Heminquey… Özünü öldürən güman ki, kədərli, istedadı çürümüş bir adam olmalı idi. O, yenilikçi deyildi, onun ədəbiyyatdakı hədəfi (Ceyms Coys kimi) Parisin “San Mişel Bulvarı”ndakı kafeləri gəzən yazıçılardan fərqli olaraq orijinallığı ilə seçilirdi.
Bir şeydə Sezar Aira ilə razılaşıram ki, sənət adamlarının peşəkarlığı tükənəndə və hər şeyi ağ vərəqdən başlanması lazım olanda novatorlar meydana çıxır. Düşünürəm ki, indi peşəkarın qələmindən çıxmış romandan üstün yazı olmayanda təhlükəli, donmuş bir vəziyyət yaranır və buna görə də kastelyano dilində yeni mətn yaratmaq üçün hər şeyi yenidən başlamalı olursan. Heminquey ilk kitabını nəşr etdirəndə, bax dünya ədəbiyyatına lazım olan bu idi: oxucunun yazıçıdan umduğunu ona vermək, hekayə janrının gözəlliyini sənətə qaytarmaq, elə etmək ki, söz əsərin məzmunu ilə səsləşsin, onda olan hissiyyatı ötürsün. Toxunduğum məqamlar indi bizə asan görünür, amma keçmişdə yaxşı ədəbiyyat dərzinin biçdiyi paltar kimi olmalıydı – ütülü və bərli-bəzəkli. O zamanın neoqotik elementləri, yazmaq üçün elitar kollec təhsili və s.
Heminqueyi xatırlamadan müasir hekayənin inkişafı barədə danışmaq olmaz. “Bir hekayə həmişə iki hadisəni nəql edir”, – Rikardo Piqliya belə deyir. Onun üçün klassik hekayə – Poe Kiroqa – hadisənin ümumi mənzərəsini nəql edir və gizlicə ikinci xəttin süjetini qurur, təəccüb effekti isə axırda sonuncunun üzə çıxması ilə baş verir. Müasir hekayədə isə (Çexov, Katrin Mansfild, Şervud Anderson, “Dublines”in müəllifi Coys və əlbəttə Heminquey) iki hadisə bir hadisə kimi nəql olunur.
Heminqueyin hekayələrində ən vacib məqam göstərilmir, gizli süjet yazılmadan qurulur. Biz bunu yazıçının təkrarolunmaz əsərlərində görə bilərik. “Yağış altında pişik”, “Qatillər” (Yeri gəlmişkən rejissor Tarantino bu əsərdən çox şeyi mənimsəyib), “Başqaları yatanda”, “Təmiz və işıqlı yer”, “Böyük ikiürəkli çay” hekayələrini yaxşı xatırlayıram. Qarsia Markesin qeyd etdiyi kimi, Heminqueyin hekayələrində ən yaxşı cəhət onlarda çatışmazlıq təəssüratın olmasıdır. Məhz bu cəhət müəllifin hekayələrinə mistik bir gözəllik qatır. “İki ürəyin böyük çayında” gizli dediyimiz süjet – müharibə dəhşətlərinin Nik Adamsda yaratdığı effekt – o qədər zərgər dəqiqliyi ilə verilib ki, hekayəni oxuyanda elə bil balıq ovuna çıxan bir nəfərin bəsit təsvirini görürsən. Heminqueyin bu hekayədə sərgilədiyi peşəkarlıq möhtəşəmdir, çünki o, çatışmayan o hadisənin yoxluğuna nail olub. Eyni şey “Yağış altında pişik”də də baş verir. Bu, onun yazdığı yazıların ən yaxşısıdır. Cütlüyün tənhalığı – Doroti Parkerin söylədiyi kimi – yenicə ailə həyatı quran bir qadının aciz vəziyyətə düşmüş pişiyə qarşı (pişiyin yerinə bal ayına çıxdığı əri də ola bilər) göstərdiyi nəvazişin sadə təsvirində gizlənir. Bu, ədəbiyyat tarixində yazılmış ən yaxşı beş hekayədən biridir.
Onun bayram ovqatlı hekayələrindən biri Parisin ən yaxşı vaxtlarında yazılmışdı. Mən 18 yaşımda həmin bu “Place de Saint Michel” kafesində oturub “Parisdə əsl bayram yaşanırdı” əsərini oxumasaydım yazıçı olmazdım. Müəllifin dediyinə görə bu kafe yazmaq üçün rahat, isti, təmiz və ürəkaçan bir yer idi, necə ki o, ən böyük əsərlərinin birində köhnə ofisiantların dili ilə “təmiz və işıqlı bir yer” ifadəsini işlədir. Dediyim bu kafedə müəllif şaxtalı bir gündə küləklə bərabər içəri daxil olan və vücudundan işıq saçan gözəl bir xanımla qarşılaşdığını təsvir edir. O qızı mən də görmüşdüm, Parisə ilk səfərimdə. Elə bu kafedə günah işlətməkdən qorxmayanlar kimi, əlində bir fincan çay kitab oxuyan bir qıza baxdığım yerdə ilk hekayəmi yazmağa çalışırdım. O, məni çox təəccübləndirmişdi, çünki indi qəribə səslənməsə də, 60-cı illərin Barselonasında bir qızın kafedə tək oturub kitab oxuması sanki bir yalana bənzəyirdi. Tüklərim biz-biz olmuşdu… Heminqueyin əsərindəki o xanım orda idi, üzərinə su çilənmiş saf şüşə kimi işığın altında bərq vururdu, üzünün dərisi də çox təravətli idi.
“Mən daha bundan artığını heç vaxt görməyəcəyəm” – Baroxa son günlərində belə deyirdi. Kimsə onların fərqli cəhətlərini demişdi. Heminqueyin Baroxanı oxuyub-oxumadığı dəqiq məlum olmasa da, Baroxanın baxışlarından, yazıçı təxəyyülündən də o yana getmək kimi niyyəti vardı. Çalışırdı çayın o biri tərəfinə adlasın, ağacların arasına girsin, Rimbaudun dediyi o xoşbəxt və ilhamverici anları tutsun. Həmin o anlar bizə gizli olanları sezdirir, yəni bu, uzaq, heç zaman ayaq basmadığımız torpaqda baş vermir, elə qəlbimizdə anidən cücərən duyğuları bizə çatdırır. Lap uzağa, yazdığı mətndən də o yana, romanın təhlükəli ərazilərinə daxil olaraq (dolğun həyatında olduğu kimi) öz limitlərini aşaraq: “Bir gün anladım ki, roman yazmalıyam. Ancaq bu mənə ilğım kimi görünürdü. Özü də qələmi əlimə alanda daha çox güc sərf etməli olurdum, çalışırdım romanda olan bütün nə varsa hamısını süzgəcdən keçirərək bir abzasın içinə dürtüm”.
“Qoca və dəniz” əsərini qırağa qoysaq Heminquey tənqidçilər tərəfindən o qədər də yaxşı qarşılanmayıb. Ədəbiyyat səviyyəsində onun pisliyə doğru getdiyi fikirləri eşidəndə Heminquey həqiqətən pis olmuşdu. Ancaq mən Roberto Bolanyonun tərəfindəyəm. Onun fikrincə “Olmaq ya olmamaq” da daxil (baxmayaraq ki, pis adla məşhurlaşıb), yazıçının əsərləri qeyri-standart təsir bağışlasa da mətnlərində valehedici və artistik bir cəhəti sezmək olar. “Zəng kimin üçün çalınır?”da da vəziyyət eyni cürədir və bu sözləri onun ən çox “tapdalanmış” – “Çayın o tayında, ağacların kölgəsində” romanı haqqında da söyləmək olar. Əsərin quruluşunda uyğunsuzluqları ilə, mətnində səliqəsizliyi ilə seçilən bu söz ustadının anomaliyalarına baxmayaraq, Heminquey bu romana özünü hopdurduğu qədər də əsərinin qayəsini – qələbənin mənasızlığı və iztirabın gözəlliyini ötürməyə nail olub.

Ən vacibi odur ki, bütün dahi yazıçılar kimi Heminquey də öz hüdudlarından kənara çıxamağa çalışıb. Və əgər nədəsə yanlışlığa yol veribsə, bağışlanandır! Onun buna haqqı çatırdı. Bu, yazı sənətində irəliləmək üçün çox vacibdir, sənətkarın keçdiyi yol kimi – büdrəyə-büdrəyə özünü düzəldərək və buraxdığın səhvlərlə böyüyərək. Yaddan çıxarmaq olmaz ki, Borxes və Kiplinqin söylədiyi kimi Heminquey özünü son dərəcə dəqiq, dürüst və incədən-incə bir sənətkar kimi görürdü. Onun üçün əsas ölümün qarşısına üzüağ çıxaraq özünə haqq qazandırmaq idi.
O, qələbənin mənasızlığını Nobel aldığı gün başa düşdü – Afrikada ard-arda iki dəfə sərt eniş edən zaman beyin silkələnməsi diaqnozunu səbəb gətirən yazıçı Stokholma gedə bilmədiyi üçün öz zəifliyindən təəssüfləndi. Fiziki və əqli cəhətdən degenerasiya olurdu. İztirabın gözəlliyinə gəldikdə isə ömrünün son günlərindən o qədər də öyünə bilmirdi. Alkoqol və tütündən asılı olan vücudu sabahların birində həyat və ədəbiyyatla vidalaşaraq “boşanma” gülləsi ilə bütün dünyanı ayağa qaldırmağa qərar verdi. Təmiz və yaxşı işıqlandırılmış yerdə qoca bir ofisiant müştərisi haqqında belə demişdi: “Ötən həftə özünə qəsd etmək istədi”. Başqa bir gənc ofisiant onun nə üçün belə dediyini soruşanda belə cavab aldı:
– Çarəsiz idi.
Heminquey ölmək üçün Kubanı Ketçumdakı evlə dəyişmişdi. Bazar günlərin birində tezdən yerindən qalxdı. Yoldaşı hələ yuxuda idi. O, silah saxlanılan otağın açarlarını tapıb, vaxtilə quş vurduğu qoşalüləni dolduraraq alnına dirədi və atəş açdı. Paradoksal səslənsə də o, özündən sonra elə bir əsər qoyub getdi ki, çətinliklərə sinə gərən bütün qəhrəmanlar ondan nümunə götürsün. O əsər Entoni Berjesin dediyi kimi, ədəbiyyatdan da o yana təsir etdi, çünki ən pis Heminquey belə, bizə onu xatırladır ki, ədəbiyyatla dostlaşmaq üçün əvvəlcə həyatla dostlaşmalısan.
ENRİKE VİLA-MATAS
Barselona, aprel 1998

İspan dilindən tərcümə etdi, M.Məmmədli

MƏMMƏD MƏMMƏDLİNİN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Ernest HEMİNQUEY – YAĞIŞ ALTINDA PİŞİK

a

İNGİLİS DİLİNDƏN TƏRCÜMƏ
AKİF ABBASOVUN TƏRCÜMƏSİNDƏ
Ernest Miller Heminquey Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində dünyaya gəlmiş, 1961-ci ildə vəfat etmişdi. O, ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə intihar etmiş atası həkim idi.
Görkəmli Amerika yazıçısı Ernest Miller Heminquey Nobel mükafatı laureatı idi.
Əsərləri:
• Yaz selləri (ing. The Torrents of Spring) (1926)
• Günəş çıxır (1926)
• Əlvida, silah! (1929)
• Olmaq ya olmamaq (1937)
• Zəng kimin üçün çalınır? (1940)
• Çayın o tayında, ağacların kölgəsində (1950)
• Qoca və dəniz (1952)

Ernest HEMİNQUEY (AMERIKA)
YAĞIŞ ALTINDA PİŞİK
(HEKAYƏ)
Mehmanxanada iki nəfər amerikalı qalırdı. Onlar otaqlarından çıxarkən və geriyə qayıdarkən pilləkənlərdə rastlaşdıqları adamları tanımırdılar. Otaqları ikinci mərtəbədə dənizlə üzbəüz idi. Buradan ictimai bağ, bir də müharibədə həlak olanların xatirəsini əbədiləşdirən abidə görünürdü.
İctimai bağda hündür palmalar və yaşıl rəngli oturacaqlar vardı. Ürəkaçan havalarda buralarda əli molbertli bir rəssam görünərdi. Rəssamlar palmaların boy atmasını və parlaq rəngli mehmanxanaların bağlarla, dənizlə üzbəüz durmasını xoşlayırdılar.
İtalyanlar uzun məsafəni qət edib buraya ona görə gəlirdilər ki, müharibə abidəsinə baxsınlar. O, bürüncdən düzəldilmişdi və yağış altında par-par yanırdı.
Yenə də yağırdı. Palma ağaclarından damcılar süzülürdü. Çınqıl döşənmiş cığırlarda gölməçələr yaranmışdı. Coşqun dal¬ğa¬lar sahilə çırpılır, sonra geri çəkilir, yenidən sahilə hücum çəkirdilər.
Müharibə abidəsinin qarşısında dayanmış maşınlar artıq getmişdi. Meydanla üzbəüz kafenin qapısı ağzında duran xörəkpaylayan kişi boş meydana baxırdı.
Amerikalı qadın isə pəncərə önündə dayanıb ətrafı seyr edirdi. Bir qədər aralıda – pəncərənin tuşunda, üzərinə yağış damcılayan yaşıl stollarının birinin altında pişik gizlənmişdi. Yağışdan islanacağından qorxub büzülmüş, yumağa dönmüşdü. Amerikalı qadın:
– Düşüb pişik balasını götürəcəyəm, – deyə dilləndi.
Çarpayıda uzanmış əri:
– Mən gedərəm, – deyə təklif etdi.
– Yox, mən özüm. Yazıq pişikciyəz hey çalışır ki, stolun altında quru qalsın.
Əri oxumağına davam etdi. O, çarpayının ayaq tərəfində iki balışa dirsəklənmişdi.
– Gözlə islanmayasan…
Qadın aşağı mərtəbəyə endi. Mehmanxana sahibinin otağı qarşısından keçəndə kişi ayağa qalxdı və qadına baş əydi. Onun yazı masası otağın qurtaracağında qoyulmuşdu. Sahib hündürboylu və qoca kişiydi.
Qadın:
– Piove , – dedi.
Mehmanxana sahibi onun xoşuna gəlmişdi.
– Si, si, Signora, brutto tempo . Çox pis.
Kişi stolun arxasında dayanmışdı. Otaq bir qədər qaranlıq idi. Mehmanxananın sahibi çox nəzakətli və hörmətcil idi.
Müsahibinin giley-güzarına təmkinlə qulaq asırdı. O, son dərəcə nəzakətli idi. Davranış və cəhdlərindən görünürdü ki, qadının xidmətində durmaq istəyir. Bir mehmanxana sahibi kimi özündə məsuliyyət hissi duyurdu. Qadın əlüstü bunu başa düşdü. Onun bütün keyfiyyətləri, üstəlik mərd kişilərə məxsus qırış kəsmiş böyük sifəti, iri əlləri qadına xoş gəldi və onu bəyənərək qapını açdı. Ətrafını nəzərdən keçirdi.
Möhkəm yağırdı. Rezin plaş geymiş bir kişi boş meydanı keçib kafeyə tələsirdi.
Pişik sağ tərəfdə olmalı idi. İslanmamaq üçün divarın dibi ilə gedə bilərdi. Qapı ağzında dayanıb tərəddüd edərkən başı üzərində çətir açıldı. Bu, onların otağına xidmət edən qulluqçu idi. Onun çöhrəsi gülümsər ifadə almışdı. O, italyan dilində:
– Çalışın islanmayasınız, sinyora… – dedi.
Hə, şübhəsiz, qulluqçunu onun ardınca mehmanxana sahibi göndərmişdi.
O, başı üzərində çətir tutmuş qulluqçu ilə birlikdə çınqıl döşənmiş cığırla addımladı. Bu minvalla pəncərələrinin tuşuna kimi getdi. Yağış altında yuyulan parlaq və yaşıl rəngli stol yerində idi. Pişiksə gözə dəymirdi. Qadının əhvalı pozuldu. Qulluqçu ona baxaraq:
– Ha perduto qualque cosa, Signora, – dedi.
– Burada pişik vardı.
– Pişik?
– Si, il gatto…
Qulluqçu gülərək:
– Pişik? – deyə təkrar xəbər aldı. – Yağış altında pişik?
Qadın:
– Bəli, – dedi. – Stolun altında idi. – Sonra isə, – Oh, yarı canım qalıb o pişiyin yanında, – deyə əlavə etdi.
O, ingiliscə danışırdı. Onun bərk narahat olduğunu, təşviş hissi keçirdiyini görən qulluqçunun sifəti haldan-hala düşürdü. O:
– Gedək, sinyora, gedək, – dedi. – İçəri keçək. İslanarsınız.
– Yaxşı.
Amerikalı qız onunla razılaşdı.
Onlar çınqıl döşənmiş cığırla geriyə qayıtdılar. Qulluqçu çətiri yığmaq üçün çöldə dayandı. Amerikalı qız sahibin otağı qarşısından keçəndə qoca stolun arxasından təzim etdi. Qız daxilində nə isə bir boşluq hiss etdi.. Sahib mehribanlığı və nəzakəti ilə məcbur edirdi ki, qadın özünün nə qədər dəyərli və kiməsə lazım olduğunu başa düşsün, həyatda sadəlövh olmasın.
O, pilləkənləri qalxıb qapını açdı. Corc hələ də çarpayıda uzanmışdı… Oxuyurdu. O, kitabı yerə qoyaraq:
– Gətirdin? – deyə xəbər aldı.
– Çıxıb getmişdi.
Corc gözlərinə dinclik verərək:
– Görəsən hara getmiş olar? – deyə xəbər aldı.
Qadın çarpayıda əyləşdi:
– Ürəyim onu yaman istəyir, – dedi. – Heç özüm də bilmirəm niyə. O yazıq pişikciyəzi istəyirəm. Pişikciyəz yağış altında qalıb.
Corc təzədən oxumağa başladı.
Qadın ayağa qalxıb bədənnüma güzgünün qarşısında əyləşdi. Bir xeyli özünə tamaşa etdi. Aynanı götürüb hər iki yandan sifətinə, daha sonra başının və boynunun ardına baxdı:
– Necə fikirdir, istəyirəm saçımı uzadım, – deyə üz-gözünə baxmaqda davam edərək xəbər aldı.
Corc qaşını qaldırıb onun boynunun ardını gördü. Oğlan saçı kimi qısa vurulmuşdu.
– Bu forma mənə daha xoş gəlir.
– Mənsə saçımı belə kəsdirməkdən yorulmuşam! Oğlana oxşamaqdan təngə gəlmişəm!
Corc çarpayıda vəziyyətini dəyişdi. Qadın danışıb qurtarana qədər baxışları onun sifətinə dikili qaldı. Sonra:
– Əzizim, sən ki mələksən! – dedi.
Qadın güzgünü stolun üzərinə qoyub pəncərəyə doğru addımladı və baxdı. Qaranlıq düşürdü.
– İstəyirəm saçlarımı geriyə darayım. Qoy onlar sıx olsun, boynumun ardında əməlli-başlı düyünlənsin. Əlimi vuranda hiss edim ki, mənim də saçım var. İstəyirəm dizim üstə pişik balası otursun və mən onu incidəndə miyoldasın…
– Hə… hə… – Corc çarpayıdan söz atdı.
– İstəyirəm gümüş qab-qacaqda yemək yeyim, çoxlu şamım olsun. İstəyirəm yaz gəlsin, saçımı güzgü qabağında darayım. Pişik balası istəyirəm. Təzə paltarlar istəyirəm!
Corc:
– Bəsdir, az çərənlə! Götür bir şey oxu, – deyə ona acıqlandı. Və oxumağından qalmadı.
Qadın çölə baxırdı. Hava lap qaralmışdı. Palma ağaclarından hələ də su süzülürdü. Qadın küskün əda ilə:
– Axı mən pişik istəyirəm, – dedi. – Pişik istəyirəm, pi…şik… Əgər saçımı uzada bilmirəmsə, onda, heç olmasa, pişiyim olsun.
Corc qulaq asmırdı. Mütaliə edirdi. Qadın həyətə baxırdı. Artıq meydançanın işıqları yandırılmışdı. Kimsə qapını tıqqıldatdı.
Corc:
– Avanti , -dedi və baxışlarını kitabdan ayırdı.
Qulluqçu qız qapı ağzında dayanmış, xallı pişiyi bərk-bərk bağrına basmışdı. Pişik onun bədəninə sığınmışdı. O:
– Bağışlayın, – dedi, – sahib mənə tapşırdı ki, bunu sinyora üçün gətirim…

İngilis dilindən tərcümə edən:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru