
Ürəyi Əyyubdur, gözü Şəkərdir
Azərbaycanın dünyaca tanınmış alimi Əyyub İskəndərovun və dahi şairimiz Şəkər Aslanın
əziz xatirəsinə
İstisi tükənməz bu ana yurdun,
Ocağı Əyyubdur, közü Şəkərdir.
Vətən bizim üçün bir süfrə açıb,
Çörəyi Əyyubdur, duzu Şəkərdir.
Hopublar canına qayanın, daşın,
Adları yadında qalıb yaddaşın.
Soyuğu düşməni donduran qışın,
Şaxtası Əyyubdur, buzu Şəkərdir.
Polad dayağıdır kəramət pirin,
Alımdir, şairdir zirvəsi yerin.
Şöhrətdən yazılan gözəl şeirin
Məntiqi Əyubdur, sözü Şəkərdir.
Dahilər hamıya qəlbini açıb,
Dağlar məskənidir yalın, yamacın.
Talış meşəsində dəmirağacın
Kökləri Əyyubdur, özü Şəkərdir.
Səhər amalıdır sökülən danın,
Tarixə bağlıdır ömrün hər anı.
O taylı, bu taylı Azərbaycanın
Ürəyi Əyyubdur, gözü Şəkərdir.
Müəllif: Şahin Həmidi
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru